Press "Enter" to skip to content

Ovdarlıqda uçurumdan qoruyan

Mən dəli bir uçurumun kənarında dayanmışam. Nə etməliyəm, hamını uçurumun üstündən keçməyə başlasa, tutmalıyam – yəni qaçırlarsa və hara getdiklərini görmürlərsə, mən bir yerdən çıxıb onları tutmalıyam. Bütün günü edəcəyim şey budur .

Çovdarlıqda uçurumdan qoruyan | Selincer

Bu gün haqqında yazacağım roman, böyük ümid və gözləntilərlə oxumağa başladığım Cerom Devid Selincerin yeganə romanı “Çovdarlıqda uçurumdan qoruyan” əsəridi. Əsərdən çox maraqlı olmasını gözləməmin əsas səbəbi onun haqqında oxuduğum fikirlər və bir neçə fakt olmuşdu. İndi o faktları qeyd edim, sonra görün mənə haqq verəcəksiniz, ya yox.

Amerikalı yazıçı Cerom Devid Selincer bu romanı 1951-ci ildə qələmə almış və roman üzərində 9 il işləmişdir. Roman yazıçıya dünya şöhrəti qazandıraraq qısa müddətdə 60 mln. nüsxə ilə satılmışdır.
Roman nəşr edildiyi gündən əksər amerikan gənclərinin sevimli kitabına çevrilmişdir. Əsərin təsirindən intihar edən gənclər belə olub.
Roman vulqar ifadələrinə və bir çox səbələrə görə bir müddət qadağan edilmişdir.
Ən maraqlısı isə odur ki, ABŞ prezidenti Ronald Reyqana sui-qəsd etmiş Con Hinklin sui-qəsddən əvvəl bu romanı oxumuşdur.
Con Lennonun qatili Mark Çepmenin də üzərindən Devid Selincerin bu romanı tapılmışdır.

Yuxarıdakı fikirlərdən sonra bu romanı qısa müddətdə əldə edib oxumağa başladım. Əsər dilimizə Tehran Vəliyev tərəfindən tərcümə edilmişdir və əminliklə onu deyə bilərəm ki, «Qanun» nəşriyyatının bu günə qədərki ən yaxşı tərcüməsidi, mənə görə. Ən əsası ona görə ki, romanın tərcüməsi zamanı bədiiliyə diqqət edilib və hərfi tərcümələr yox dərəcəsindədi. Təkcə kitabın üz qabığını bəyənmədim, ona görə də topikdəki şəkili özüm milliləşdirmişəm.

Romanın baş qəhrəmanı 16 yaşlı yeniyetmə Holden Koperfilddir. Müəllif bu obraz vasitəsilə öz dövrünün çatışmamazlıqlarını dilə gətirir və müasir dövrün ümumi qayda və əxlaq normalarını qəbul etmir.

Hər şeydən narazı, demək olar ki, heç nəyi bəyənməyən, sadəcə səmimiliyi və gözəlliyi sevən Holden. İlk baxışda avara təsiri bağışlayır bu obraz, amma onun fikirləri ilə tanış olduqca əslində onun bu avara obrazının altında gizləndiyini görürsən. Holden bütün mənfilərini bilir, amma düzəltmək istəmir: «Yaman yalançıyam. Ömrümdə mənim kimisinə rast gəlməzsiniz. Təhərsiz yalançı. Məsələn, qəzet köşkünə qəzet-zad almağa gedəndə soruşsalar ki, hara gedirsən, bir də gördün, qayıtdım ki, operaya.»

Əsər boyu məni ən çox maraqlandıran əsas məsələ romanın adı ilə məzmunu arasındakı əlaqə idi. Səbirsizlikə gözlədiyim məna əlaqəsi nəhayət əsərin sonlarında üzə çıxır. O da Holdenin sevimli bacısı Fibinin ona «Axı sən nə olmaq istəyirsən?» sualını verdikdə məlum olur:

Bütün körpə uşaqlar axşamçağı yığışıb intəhasız bir çovdar çölündə qaçdı-tutdu oynayardılar. milyon-milyon körpə uşaq, ətrafda bircə nəfər də, yəni böyükləri deyirəm, yoxdur, tək mənəm. Mən də uca, sərt qayanın lap qırağında dayanmışam. Və mənim işim, bu tayanın kənarındakı uçuruma yaxınlaşan uşaqları tutmaqdır. Axı onlar qaçdı-tutdu oynayanda gözləri ayaqlarının altını görmür, hara qaçdıqlarını veclərinə də almırlar. Ona görə də uçuruma yaxınlaşanları o dəqiqə qaçıb tutaram ki, ora düşməsinlər. Bütün günü ancaq işim bu olur: çovdar düzündə uşaqları yıxılmaqdan qorumaq!
Bilirəm bu da bir cür sarsaqlıqdır, ancaq ürəyimə yatan yeganə bir peşə varsa, o da budur.

Əsər boyu Holden oxucunu güldürür və düşündürür. (evdəkilər mənə dəli kimi baxmağa başlamışdılar hətta)
“Çovdarlıqda uçurumdan qoruyan” haqqında son olaraq onu deyim ki, axıcı roman idi, amma gözlədiyim qədər möhtəşəm deyildi. İntihar etmək istəmədim, məsələn 🙂
Sadəcə bir yeniyetmə oğlanın həyata özünəməxsus baxışı, vəssalam. Əsərin sonuna qədər nəsə gözlədim, amma elə gözləməklə də qaldım. Amma yenə də peşman deyiləm.

Romandan seçdiklərim:
– Həyat, həqiqətən də, bir oyundur, oğul. Elə bir oyundur ki, gərək, onun qaydalarına tabe olasan.
– Bəli, ser. Mən də bilirəm. Bilirəm ki, belədir. Söz tapıblar da. Oyundur. Yox bir… Yenə güclü olan tərəfə düşsən, bir təhri var, onda, doğrudan da, deyərsən ki, oyundur, mən razı. Bəlkə, o biri, zəif tərəfə düşdün, bəs onda necə olsun? Onda it də getdi, ip də.

Mənə ən çox təsir edən kitab o kitabdır ki, onu oxuyub qurtarandan sonra ürəyində deyəsən ki, kaş bunu yazan mənim çox yaxın dostum olaydı, kefim istəyəndə telefonu götürüb ona zəng vura biləydim.

Gədə elə bir adam idi, şayət dənizdə boğulsaydı və sən də bir qayıq götürüb onu sudan çıxarmaq istəsəydin, yenə də yanındakı qayıqçının kim olduğunu soruşub bilməmiş o qayığa qalxmazdı.

Hətta bir dəfə az qalmışdı qısametrajlı filmə də çəkiləm, amma son anda razılıq vermədim. Fikirləşdim ki, əgər mənim qədər kinoya nifrət eləyən bir adam da kinoya çəkilməyə razılıq verərsə, dünyada bundan eybəcər ikiüzlülük olmaz.

Elə şeylər var ki, onlar necə var, elə qalsa, yaxşıdır. Onları da iri bir şüşə vitrinə qoyub birdəfəlik olduğu kimi saxlasaydılar, çox yaxşı olardı. Özüm də bilirəm, bu mümkün olan iş deyil, amma elə bədbəxtçilik də bundadı.

Ancaq hələ də ümidvaram ki, mən öləndə, ağıllı bir adam tapılacaq və mənim cəsədimi götürüb, çaya-zada tullayacaq. Hara olur-olsun, yalnız bu andıra qalmış qəbiristanlıqdan başqa. Yoxsa, sənin qarnının üstünə gül-çiçək qoymaq üçün hər bazar tökülüb bura gələcəklər. Cəfəng-cəfəng şeylər danışacaqlar. Öləndən sonra gül-çiçək kimin nəyinə lazımdır? Heç kimin.

– Alli ölüb, sən elə həmişə belə eləyirsən! Əgər biri ölübsə və onun ruhu indi orada, göylərdədirsə, onu necə sevmək olar?
– Mən də bilirəm ki, ölüb. Elə bilirsən bilmirəm? Nə olsun, mən yenə onu sevirəm! Demək, biri ölübsə, daha onu sevmək lazım deyil, hə? Axı, lənət şeytana, əgər bu ölən sən tanıyan sağlardan min qat yaxşı olubsa, onda necə, hə?

Belə bir qayda qoyacaqdım: mənim evimdə heç kəs saxta, qəlp işlə məşğul ola bilməz. Kim ki azacıq da olsa riyakarlıq, saxtakarlıq eləməyə başladı, ona dərhal qapını göstərəcəkdim.

Məndən sizə məsləhət, heç kimdən heç kimə heç nə danışmayın.Yoxsa, sonra siz də mənim kimi o, adamlar üçün darıxacaqsınız.

Hazırladı: Axundova Təhminə

  • Teqlər:
  • kitablar
  • , mütaliə
  • , romanlar
  • , Selincer
  • , Çovdarlıqda uçurumdan qoruyan

Çovdarlıqda uçurumdan qoruyan

Mən dəli bir uçurumun kənarında dayanmışam. Nə etməliyəm, hamını uçurumun üstündən keçməyə başlasa, tutmalıyam – yəni qaçırlarsa və hara getdiklərini görmürlərsə, mən bir yerdən çıxıb onları tutmalıyam. Bütün günü edəcəyim şey budur .

Çovdarlıqda uçurumdan qoruyan – Cerom Selincerin əsəri.

Əsərdən sitatlar [ redaktə ]

B [ redaktə ]

  • Bu, mənim qaydalarıma zidd idi, amma o qədər depressiyaya düşmüşdüm ki, bu barədə düşünmürdüm. Bu sadəcə ən pisdir. İnsan çox depressiyaya düşəndə ​​düşünə bilmir.
  • Bütün axmaqlar axmaq adlandırılmağa nifrət edirlər.

Ə [ redaktə ]

  • Əgər gözəl bir qız görüşə razılıq veribsə, onun gecikməsinə kim əsəbiləşər? Heç kim!.

H [ redaktə ]

  • Heç kimə heç nə deməmək daha yaxşıdır. Çünki desən – darıxmağa başlayacaqsan.
  • Həmişə heç məmnun olmayanda “tanışdığım üçün çox xoş oldum” deyirəm. Amma insanlarla yaşamaq istəyirsənsə, hər şeyi deməlisən.
  • Hər halda, mən bütün bu kiçik uşaqları, bu böyük çovdar tarlasında oyun oynayanları təsəvvür edirəm. Minlərlə balaca uşaq və məndən başqa heç kim yoxdur – böyük heç kim, demək istəyirəm ki,. Və mən dəli bir uçurumun kənarında dayanmışam. Nə etməliyəm, hamını uçurumdan keçməyə başlasa, tutmalıyam – yəni qaçırlarsa və hara getdiklərinə baxmırlarsa, mən hardansa çıxıb onları tutmalıyam. Bütün günü etdiyim şey budur. Mən sadəcə çovdarda və hər şeydə tutucu olardım. Bilirəm ki, bu dəlilikdir, amma bu, həqiqətən olmaq istədiyim yeganə şeydir.

M [ redaktə ]

  • Mən dəli bir uçurumun kənarında dayanmışam. Nə etməliyəm, hamını uçurumun üstündən keçməyə başlasa, tutmalıyam – yəni qaçırlarsa və hara getdiklərini görmürlərsə, mən bir yerdən çıxıb onları tutmalıyam. Bütün günü edəcəyim şey budur .
  • Mən min dollara mərc edərdim ki, İsa heç vaxt qoca Yəhudanı Cəhənnəmə göndərmədi. Hələ min dollarım olsaydı, mən də edərdim. Düşünürəm ki, şagirdlərindən hər hansı biri onu Cəhənnəmə və hamıya göndərərdi – həm də oruc tutardı – amma İsanın bunu etmədiyinə mərc edirəm.

N [ redaktə ]

  • Nifrət etdiyim söz varsa, o, güclüdür! Necə də saxta səslənir!

Ü [ redaktə ]

  • Ümumiyyətlə, düzünü desəm, teatra getməyi çox sevmirəm. Təbii ki, kino daha pisdir, amma teatrda da yaxşı heç nə yoxdur. Əvvəla, mən aktyorlara nifrət edirəm. Səhnədə heç özlərini insan kimi aparmırlar. Onlar yalnız oxşar olduqlarını təsəvvür edirlər. Yaxşı aktyorlar bəzən kifayət qədər oxşardırlar, lakin baxmaq üçün o qədər də maraqlı deyil. Üstəlik, aktyor yaxşıdırsa, bunu dərk etdiyi dərhal göz qabağındadır və bu, dərhal hər şeyi korlayır.
  • Ümumiyyətlə, mən pasifistəm Düzü, müharibə olsa, məni aparıb güllələsinlər. müqavimət göstərməyəcəyəm. . Bir sözlə, atom bombasını icad etdikləri üçün xoşbəxtəm. Əgər nə vaxtsa müharibə başlasa, mən o bombanın üstündə oturacağam. Könüllü olaraq oturacağam, düz, səmimi söz.

Selincerin özü – «Çovdarlıqda uçurumdan qoruyan»

Yanvarda doğulub, yanvarda da vəfat etdi – 91 yaşında. Onu məşhur edən romanından çox danışdığım iş yoldaşımız Aliyəyə dəfələrlə söz vermişdim ki, oxuması üçün o kitabı mütləq gətirəcəyəm. Hər dəfə vədimə xilaf çıxanda, növbəti günü “sabah mütləq kitab səndədir” nidamın Aliyənin də yadına düşməməsinə çalışıram. Və budur, otağımızın qapısı soyuq qış günündə açılır və onun günahlandırıcı sözlərini eşidirəm. “Selincer də öldü, amma hələ də onun kitabını gətirib çıxarmırsan”. Bu sözlərdən sonra qapının örtüldüyü bir dəqiqəlik «kadr» fonunda 12 yaşımda həmin əsəri oxuduğum vaxtdan kitabı nə üçün Aliyəyə verməməyimin elə Selincersayağı səbəbinə qədər, sürətlə sayrışan, bir filmə sığacaq kadrları yaşayıram.

Bu kitabı 12 yaşımda Bakıda – indi mövcudluğuna rast gəlmədiyim böyük bir kitab mağazasından almışdım.
Kitablarıma hətta kimsənin toxunmasına belə qadağa qoymuşdum. Həmin vaxt isə “Çovdarlıqda uçurumdan qoruyan” romanı kitablarımın şahına çevrildi.
Bir gün qardaşım başımdakı papağa işarə edib, lağla “guya sən Holdensən?!” deyəndə başa düşdüm ki, kitablarımla bağlı qoyduğum qadağa pozulub. Onu da başa düşdüm ki, Selincerin qəhrəmanını ideallaşdırmaq bir yana, onun özünə çevrilmişəm. Əsərdə bir dollarını papağa verən gənc Holden onu başına necə qoyursa, mən də elə edir, üstəlik hətta orta məktəbdə də, evdə də davranışlarım tam ona bənzəyirdi. Elə də mənim Holdenə çevrildiyimi görməyə nə var – özümdən başqa bunu hamı görürmüş. Bu gün də qardaşımla söhbətimiz Selincerdən keçə bilir və illərdir aydınlaşdıra bilmirəm, onun gizlicə oxuduğu bu əsərin qəhrəmanına mənim daha çox oxşadığıma o vaxt paxıllıq edibmi? Axı, hansısa yeniyetmənin Selincerin məşhur romanını oxuyub da əsərin qəhrəmanı Holdenə oxşamaq istəyi qarşısıalınmazdır.
Holden məni məktəbdə ən yaxşı inşa yazarına çevirdi. Əsərdə inşa yazmalı olan oğlan qos-qoca mövzuları qoyub qəribə bir mövzu seçir. Qardaşının boks əlcəyindən yazır. Onun təsirli inşası əslində hər şeyə tam fərqli baxmağı öyrədir. Fərqli baxa biləcəksənsə, deməli, fərqli yazacaqsan. Selincer bu əsərinin şöhrətindən qaçaraq təkliyə çəkilmişdi. Amma onun qəhrəmanı mənə o qədər doğma idi ki, fikirləşirdim yazıçıyla görüşmək nədir, hətta o, məni çox yaxşı tanıyacaq, bəlkə də gəlməyimi gözləyir. Selincerli kadrlarımı bir filmə sığışdıra bilərəm – bir yazıya yox. Əslində mən əsəri elə yalnız bir dəfə oxumuşam. Amma yaddaşıma sətir-sətir köçüb. Kitabı saxlamaq isə mənə lazım olmadı. 3 aydı bu kitabı Aliyəyə verə bilmirəm ki, əslində 12 yaşımdan sonra o məndə yoxdur. Amma əsər haqqında, bəlkə də, minlərlə adama danışmışam və tam əminəm; kim ki, harda ki, o kitabı görüb dərhal oxumağa başlayıb.
O vaxt əsəri rahatlıqla həzm etməyimdə yüksək tərcümənin rolunu bilmirdim, eləcə tərcüməçinin adını – Tehran Vəliyev imzasının olduğuna fikir də vermirdim. Əslində, kitabın üzərindəki yazıçı adının Selincer olduğu da mənə lazım olmamışdı. Mənim üçün yalnız Holden vardı. İllərdir Tehran müəllimdən bu əsərin tərcüməsi ilə bağlı soruşmaq istədiklərimi – onu tez-tez görməyimə baxmayaraq – soruşa bilmirəm. Necə ki, illərdir “Çovdarlıqda uçurumdan qoruyan” əsəri haqqında yazmaq istəyimi həmişə nədənsiz təxirə salıram. Bu yazı isə artıq əbədi təkliyinə köçmüş yazıçı haqqında sadəcə məlumat xarakterlidir. Bəlkə də, Selincer qəhrəmanının arzuladığı bir yerdə bir işlə məşğuldur. O arzunu insanlar öz cəmiyyətlərində onu arzulamırlar ki, buna gülərlər. Arzunun nədən ibarət olduğunu bilmək üçünsə özünüz əsəri oxusanız, yaxşıdır.

Qəhrəmanına xəyanət etməyən yazıçı

Selincer yəhudi atanın ailəsində Nyu-Yorkda dünyaya göz açıb. Anası isə irlandiyalı katolik idi. Karyerasına Nyu-York jurnallarına kiçik hekayələr yazmaqla başlamış yazıçı, “Banan ovu üçün mükəmməl gün” hekayəsi ilə məşhurlaşır. Təhsilini isə ona şöhrət gətirmiş “Çovdarlıqda uçurumdan qoruyan” əsərində Pencey kolleci kimi təsvir etdiyi Milli Hərbi Akademiyada alır. Ümumiyyətlə, Selincer təhsildə həmişə müəllimləri tərəfindən ən müvəffəqiyyətsiz tələbə kimi qiymətləndirilib. İkinci Dünya müharibəsində hərbi rütbə ilə ABŞ-ın 4-cü piyada diviziyasının tərkibində xidmət edir. Həmin vaxt Heminqueylə rastlaşır. Xəsarət almasa da, müharibə ona psixoloji zərbəsini vurur. Müharibə bitdikdən sonra xəstəxanaya düşməsinin səbəbinin bununla bağlı olduğunu Heminqueyə məktubunda yazır.
Nəhayət, 1951-ci ildə “Çovdarlıqda uçurumdan qoruyan” romanı nəşr edilir. Hələlik sakitlikdir. Tənqidçilər romana tərəf diqqətlərini belə çevirmirlər. Tufan qəfildən qopur. Oxucu sayı sürətlə artır, tənqidçilərin analitik yazıları mətbuatı bürüyür. Bir sözlə, Martin İdeni sarsıdan, Selincerin özünü isə cəmiyyətdən təcridə aparan şöhrət qapını açır. Roman, mühakimə qabiliyyəti cəmiyyətin ümumi fikrindən fərqli inkişaf etmiş bir uşağın – Holden Kolfieldin dilindən yazılıb. Romanda bəzi jarqon sözlərindən istifadə edildiyindən əsər müəyyən ölkələrdə qadağan edilib. Hətta indinin özündə də demokratiyanın məbədi adına iddialı ABŞ-ın bir çox kitabxanalarına bu kitab götürülmür. Hələ də xüsusilə orta məktəb və liseylərdə bu əsəri oxumağa icazə verilmir. Amma məsələ burasındadır ki, ən çox qadağan edilən bu əsər hələ də ən çox oxunan bir roman olaraq qalır.
Selincer sonralar nə qədər əksini isbatlamağa çalışsa da, tənqidçilər əslində Holdenin insana baxışının məhz yazıçının öz dünyagörüşü olduğunu qəti şəkildə yazırdılar. Eyni zamanda bu, əsərin qəhrəmanının yaşadığı hadisələrə də şamil edilirdi. Qərar qəti idi, Holden Selincerin özüdür ki var.
Bu romandan sonra yazıçının daha bir neçə kitabı nəşr edilir. Lakin söz açdığımız romanın şöhrəti onu hər yerdə təqib edir. Selincer məhz cəmiyyətin onun şəxsiyyətinə olan maraq və diqqətindən qaçmağı qət edir. Nyu-Yorkdan Hampshireyə köçür və öz ətrafında informasiya blokadası yaradır. Bu isə onun şöhrətini artırmaqla bərabər, xüsusi maraq dairəsində saxlayır.
1965-ci ildən bu yana heç bir əsərini çap etdirməyən yazıçı, hansısa əsərinin yenidən nəşrini də hüquqi yollarla əngəlləməyə çalışır. İş o yerə çatır ki, birgə xatirələri ictimaiyyətin diqqətinə çatdırdıqları üçün sevgilisini və doğma qızını ətrafından təcrid edir. Selincerin hamıdan qaçmasının səbəbini isə məhz Holdenin düşüncələrində axtarmaqdan başqa yol qalmır. Əsərdə piano çalan qıza baxaraq düşünən Holdenin fikrindəki budur:
«Əgər mən də bir pianoçu və ya aktyor olsaydım və bu giclər mənim də fövqəladə birisi olduğumu düşünsəydi, bu vəziyyətimə nifrət edərdim. Məni alqışlamalarını belə istəməzdim». Holden belə düşünürdü, Selincer isə məşhurluğunda bu addımı atır, cəmiyyətdən uzaqlaşır. 2000-ci ildə ikinci arvadından olan qızı Klaranın memuarında atasının qəribə hərəkətlərindən söhbət açılır. Memuar Selincerin hələ də yeniyetmə Holden olaraq qaldığını göstərir.

Boks əlcəyi. Hollivud ssenarisi

Əsər yeniyetmə Holdenin həyatının cəmi 3 günündən bəhs edir. Hadisələr onun oxuduğu kollecdən qovulmasıyla başlayır. Buna qədər isə daha bir neçə məktəbdən qovulmuş yeniyetmə ailəsi ilə üz-üzə gəlməmək üçün bu dəfə faktı gizlədir. Əvvəlcə keçmiş müəllimi Spenserin yanına gedir, amma müəllimin danışıqlarından bezib kollec yataqxanasına qayıdır. Burada isə qızların sevimlisi olan Stradlaterlə mübahisəsi düşdüyündən yataqxananı da tərk edir.
Nyu-York küçələrini sərxoş halda dolaşan Holden tanışları ilə rastlaşır. Hər kəsin süni səmimiyyətini görüb nifrət edən yeniyetmə hoteldə otaq tutur və bir qadını bura dəvət edir. Lakin son anda əlavə pul ödəyərək qadınla əlaqədən imtina edir. Holden əsər boyu nə isə axtarır, hətta zen-buddizm fəlsəfəsinə yön çevirir. Öz cəmiyyətinin ideologiyası ilə bu fəlsəfəni qarşılaşdırır, Şərq-Qərb dəyərlərinin sintezində nicat axtarır. Sonra köhnə qız dostu Sallini konki sürməyə dəvət edən oğlan axırda onu da təhqir edir. Holden Yeni il gecəsi ona pul vermiş kiçik bacısını görmək üçün gizlicə evə yollanır. Müəllimi olmuş Antolinin evinə böyük ümidlərlə yollanan yeniyetmə onunla görüşdən sarsılaraq gecəyarısı buranı tərk edir və qərara alır ki, ümumiyyətlə insanlarla əlaqə saxlanıla bilinməyən bir məkanda yaşamaq lazımdır. Bu planı yerinə yetirməzdən əvvəl isə o, tək səmimi gördüyü insana – kiçik bacısına borclu olduğu pulu verməlidir. Bacısına tez-tez əsəbiləşsə də, məsumluğuna görə yeganə hörmət etdiyi adam da elə odur. Bacısı isə Holdenlə birgə getməyə – cəmiyyətdən uzaqlaşmağa hazırlaşır. Holden bacısına pis nümunə olduğunu düşünərək heç yerə getməyəcəyini söyləyib onu əyləncəli parka aparır. Bacısının burada necə əyləndiyinə tamaşa edən Holden, özünü o qədər xoşbəxt hiss edir ki, hətta sevincdən ağlamaq istəyir.
Roman payızda Holdenin yenidən məktəbə gedəcəyi proqnozu ilə bitir.
Əsərdə adıçəkilən Alli isə Holdenin kiçik yaşlarında ölən qardaşıdır və bu ölümün yeniyetməyə necə təsir etdiyi üzə çıxır. Holdenin qardaşının boks əlcəyinə yazdığı inşa əslində həzin bir xatirə mövzusudur. Böyük qardaşına isə Hollivuda ssenarilər yazdığına görə nifrət edir. Onun fikrincə, pul qarşılığında yazı, yalandan ibarət ola bilər. Elə gözəl pianino ifaçısı olan qıza da bu baxımdan yanaşır. Əsər boyu yeniyetmə oğlanın qarşılaşdığı adamlara qəribə münasibəti və mülahizələri ilə tanış oluruq. Məsələn, təsadüfən məktəb yoldaşı Ernestin anası ilə qatarda rastlaşır. Oğlundan zəhləsi getsə də, var gücü ilə Ernestin necə yaxşı adam olduğunu sübut etməyə çalışır. Taksi sürücüsüylə qışda ördəklərin hara uçduqları haqqında uzun-uzadı söhbət edir. Onun kollec, ailə, insanlar haqqında yanaşmaları yeniyetmə fəlsəfəsi ilə yanaşı, əslində həm də real mənzərədən doğur – insanlar səmimi deyil.

Bu əsərdən sonra Selincerin başqa əsərləri də kitab şəklində nəşr olunur və bu kitablar da satışına görə fərqlənir. Fikrimcə, həmin əsərlərin də bazasında əslində Holdenin daha da inkişaf edən baxışlarıdır. Bir də, Holden hardasa cəmiyyətə yenicə boylanan 14-16 yaşlı yeniyetmələrin psixoloji və mənəvi böhrana daha həssas olduğunu obraz kimi nümayiş etdirir. Cəmiyyəti müşahidə etmək və özünəqapanmaq illəri. Bax, buna görə də yeniyetmələrlə səmimi olun, onların hər biri potensial Holdendir.

Comments are closed, but trackbacks and pingbacks are open.