Onlinemediaschool s Blog
Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov, rəssamı Mustafa Mustafayev, musiqi tərtibatı isə Şamxal Novruzludur.
“Cəfər Cabbarlı həftəsi”nin növbəti qonağı “Oqtay Eloğlu” oldu
“Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” ölkə başçısının müvafiq Sərəncamının icrası ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən “Cəfər Cabbarlı həftəsi” davam edir.
“Cəfər Cabbarlı həftəsi”nin növbəti təqdimatı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında olub. Belə ki, noyabrın 29-da teatrsevərlər C. Cabbarlının “Oqtay Eloğlu” pyesi əsasında hazırlanan eyniadlı tamaşaya baxıblar.
Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov, rəssamı Mustafa Mustafayev, musiqi tərtibatı isə Şamxal Novruzludur.
Tamaşada Xalq artistləri Qurban İsmayılov, Yasin Qarayev, Əməkdar artistlər Elşən Rüstəmov, Şövqi Hüseynov, Elnur Kərimov, Qəmər Məmmədova, Elnur Hüseynov, Elşən Çarhanlı, aktyorlar Kərəm Hadızadə, Manaf Dadaşov, Sevinc Mehrəliyeva, Günel Məmmədova, Səbinə Məmmədova, Asya Atakişiyeva, Elşən Hacıbabayev, Anar Seyfullayev, Xaliq Bəkirov, Vüqar Məmmədəliyev, Ceyhun Məmmədov, Ramil Məmmədov, Rəşad Səfərov, Vahid Orucoğlu, Elgün Yəhyayev, Elşən Şıxəliyev, Eyvaz İbrahimov, Aydın Dəmirov, Mirzəağa Mirzəyev, Könül Əbilova, Aygün Fətullayeva, İlahə Əmirxanova, Hilal Dəmirov, Nəzrin İsmayılzadə və İmran Qurbanov rol alıblar.
Qeyd edək ki, Cəfərə Cabbarlı ən yaxşı əsərlərindən olan “Oqtay Eloğlu”nu 1922-ci ildə qələmə alıb. Əsərdə ədib cəhalət içində boğulan, pulun, səltənətin hakim olduğu cəmiyyətdə vətəndaş – ziyalı təəssübkeşliyini ön plana çəkib. Əsərin əsas qəhrəmanı xalqını, Vətənini bütün varlığı ilə sevən bir gəncdir. O özünü el oğlu, böyük bir vahidin kiçik parçası sayır. Millətinin cəhalət içində yaşaması Oqtayı ağrıdır. O, rahatlıq tapa bilmir, həyatını, xalqını gerilikdən qurtarmaq, inkişafa qoşmaq uğrunda mübarizəyə həsr edir.
Oqtay xalqına xidmət yolunda milli teatr yaratmağı ən yaxşı vasitə sanır və bunu qarşısına məqsəd qoyur. O, dostu Səməd bəyə qətiyyətlə bildirir: “Səhnəmiz yox. Fəqət olmalıdır. Onu da mən yaradacağam”.
Müəllif Oqtayı teatr fədaisi kimi təqdim edir. O, xalqının maariflənməsi, cəhalətdən qurtulması, Avropa dəyərlərinə yaxınlaşması yolunun milli teatrdan keçdiyini düşünür. Buna görə də milli teatr yaratmaq Oqtay üçün bir ideala, həyat amalına çevrilir. Mövhumatın, geriliyin hakim kəsildiyi cəmiyyətdə bu heç də asan iş deyil. İnsanlar teatrı qiymətləndirmir, aktyora oyunbaz kimi baxırlar. Müsəlman qadınları çadra altında gəzirlər, səhnəyə çıxmağa cürət etmirlər. Daha acınacaqlı cəhət isə odur ki, Oqtay çalışdığı teatr truppasında da Mazandaranski, Şalıqulu, Şəkinski, Xaspolad kimi əslində teatrdan və milli təəssübkeşlik hissindən uzaq adamlarla əhatə olunur. Onlar milli teatr yaratmaqda Oqtaya kömək etmək əvəzinə, işləri pozub onu gülüş hədəfinə çevirməyə çalışırlar. Lakin bütün bunlar Oqtayı tutduğu yoldan geri döndərə bilmir. O, milli teatr yaratmaq uğrunda hər çətinliyə dözməyə, məhrumiyyətlərə qatlaşmağa hazırdır.
Oqtay müəyyən mənada müəllifin prototipidir. Məlumdur ki, C.Cabbarlı cəmiyyətin tərəqqisində teatrın rolunu yüksək qiymətləndirirdi. Beləliklə, dramaturq teatrla bağlı düşüncələrini sevə-sevə yaratdığı səhnə fədaisi Oqtayın dilindən ifadə edib.
Gənc Tamaşaçılar Teatrının təqdimatında “Cəfər Cabbarlı həftəsi”nə növbəti töhfə olan bu sənə əsəri də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
C. Cabbarlının “Oqtay Eloğlu” əsəri
Yaradıcılığı metodlar müxtəlifliyi ilə seçilən Cəfər Cabbarlı hər zaman yenilik axtarışında idi. Yazıb-yaratdıqları ilə xalqa nəyisə çatdırmağa çalışırdı. “Oqtay Eloğlu” əsərinin də məhz teatr mövzusunda olması heç də təsadüfi deyildi. “Hər kəs bacardığını. Buradan kimsə geriyə qaça bilməz. Səhnəmiz yox. Fəqət olmalıdır. Onu da mən yaradacağam” ,- deyən Oqtayı müəllif səhnədə təsvir etməklə, əslində 20-ci əsrdə hələ də davam edən sosial problemləri göstərməyə çalışırdı. Teatr burada sadəcə bir vasitə idi. Əslində fərqində olmasa belə, insan hərəkətləri teatr formalaşdırır. Hiss, həyəcan, bədən dili, səs tonları və s. ilə. Səhnə isə bunun daha geniş formada əks olunduğum məkandır. C. Cabbarlı Oqtayın səhnədə və həyatda davam edən faciələrini təsvir edib. Əslində Oqtayın həyatı elə səhnədir. O, özünü səhnəyə adamış bir fədai idi. Özünün adlandırdığı kimi-böyük bir vahidin kiçik bir parçası. Maddi cəhətlər sıxıntılar yaşaması da onun qarşısında əngəllər yaradırdı. Amma bundan da betəri o idi ki, bu qədər çətinliyə rəğmən hər şeyə sinə gərib teatr uğrunda mübarizə aparan insanı kənardakılar ciddi qəbul etmirdilər. Heç kim Oqtaya qız vermək istəmirdi. Hətta öz doğma əmisi nişanlısını özgəyə verir ki, mən arvad paltarı geyinən birinə qız vermərəm. Oqtayın səhnə üçün etdiklərinin qarşılığında isə gördüyü rəftar belə idi. Cəmiyyətdəki boşluqların qarşısında aciz qalan Oqtay, kirayə pulunu verə bilmək üçün heç düşünmədən üzüyündən belə keçmişdi. Səhnəyə çıxmağa yaxın yaşanan problemlər onu yolundan döndərə bilmirdi, o teatrı ləğv eləməyi ağlından belə keçirmirdi. Onsuz da teatrdan qaçan xalqı, yalvararaq bilet satdıqları 3-4 zavallını da qaçırtmaq istəmirdi. Səhnə yaratmaq arzusunda olan, bu yolda hər şeyindən keçən Oqtay, hətta anası və bacısının çətin dolanışığını görəndə deyir: “ O zavallılar da…fəqət edə bilmirəm. Çünki Səməd bəy, mən qocaman bir xalqı, onun səadətini, gələcəyini iki nəfər qadının istirahətinə fəda edə bilmərəm”. Səmədin ona təklif elədiyi adlı-sanlı işi rədd edir ki, mənim məqsədim pul qazanmaq deyil. Bu yazıq xalqı tək buraxıb qaçmağı özünə layiq bilmir: “ Mən heç nə istəmirəm. Mən bu yolda gəlirkən, xalqımdan altun taclar gözləmirdim. Mən o şeyi gözləyirdim ki, onu da alıram”.
Oqtayın həyatı doğurdan da mübarizə idi. Tale onu müxtəlif cür sınaqlara çəkirdi. Vəziyyət gün keçdikcə düzəlmir, daha da pisləşirdi. Bəs bu qədər mübarizələrin səbəbi nə idi? Onun tək istəyi xalqını oyatmaq, bu mübarizədə qalib gəlmək idi.
Səhnəmizdə olan problemlərdən biri qadın aktrisaların olmaması idi. Buna görə də sadəcə Azərbaycan dilini bildiyi üçün rus aktrisalara rol verilirdi. Oqtayın idealı səhnədə azərbaycanlı qızlarını görmək idi. O, ümid edirdi ki, xalq özü bir gün təkamül yolunu tapacaq: “O yaradacaq. O xariqələr yaratmağa müstəiddir. Gələr bir zaman ki, sən Tamara öz gözlərinlə həmin bu səhnədə səni aradan sıxışdırıb, çəkil, bu zavallı ananın doğma yavrusu mənəm” ,- deyə sərt yürüşlərilə səhnəmizi şənləndirən bir azərbaycanlı qızı görəcəksən. O gün mənim üçün idaldır”. Oqtay bir sənət dəllalı deyildi, pul, ad-san üçün çalışmırdı. Onun sayəsində səhnəyə gəlmiş Şəkinski, Tamara kimi şəxslər isə pula aldanıb Oqtayı yarı yolda qoymağı seçirlər.
“Oqtay Eloğlu” əsərində Hacı Zaman və Aslan bəyin mübahisəsində dövrün qadınlara qarşı olan münasibəti aydın olur. Atası Firəngizi teatra göndərdiyinə görə peşmandır: “Deməli oradakı oyunbazlar ki, hətta deyirlər arvad tumanı geyirlər, o namussuzlar yetmiş il Allah kəlamı oxumuş axundlardan yaxşıdır, hə? Qız xeylağı gedib o namussuz kişilərin rəngli üzlərinə baxsın…”
Oqtayın məhv olmasında az-çox rol oynayan bir insan da Firəngiz idi. Oqtayı sevməsinə baxmayaraq, o, ailəsinin, cəmiyyətin qınaqlarından qorxduğu üçün sevgisini inkar etməli olur. Bir zərbəni də o vurur Oqtaya. Budur Oqtayın növbəti faciəsi. Onu səfilə, həm də sadə səfilə yox, səfillər padşahına çevirən. Oqtay bu yolda çox çalışır, anasını itirir. Acınacaqlı tale onları qarabaqara izləyir. Özü Sibirə sürgün olunarkən bacısı küçələrə düşür. 10 ildən sonra sürgündən qayıdarkən isə yeganə varlığı bacısından xəbəri yox idi. Təsadüfən tapdığı bacısı Sevərin xətrinə səhnəyə dönməyə razılıq verir. Firəngiz artıq bir dəfə Oqtayın məhvinə səbəb olmuşdu. Bu dəfə isə onu göz görə-görə məhv olmasına izin vermək istəmirdi. O da səhnəyə atılır. Səhnədə Firəngizi görən Oqtay, Şillerin “Qaçaqlar” ındakı Karl kimi yox, əsl Oqtay kimi çıxış edir. Sünilikdən, bər-bəzəkdən uzaq. Onun Firəngizi öldürməsi öz daxilindəki Firəngizi əbədi yaşatmaq istəməsi idi. Onun üçün artıq Firəngiz yox idi. Onun çöhrəsində başqa üfüqləri görünürdü. Çünki Oqtay öz mənəviyyatında bir ideal olaraq yaradıb gizlətdiyi bir məxluqu qara torpaqlar altında görmək istəmirdi. Oqtay istəyirdi ki, elə bir həyat qurulsun ki, orada hər söz bir qanun, hər şey bir həqiqət olsun. Hər şey göründüyü kimi deyil, olduğu kim görünsün. Oqtay ədalət olmadığını yaxşı bilirdi. Ona görə də o yalnız xalqa təslim olur : “Kimdir müqəssir? Yaşadaraq öldürən, öldürərək yaşadan, sevərək parçalayan, parçalayaraq sevən əliqanlı səfillər padşahı Oqtay Eloğlumu? Bu zavallı, günahsız yavrumu? Əski mühitin bu gülünc heykəlimi? Və yaxud alman dahisi böyük Şiller özümü?”.
Beləliklə, C. Cabbarlı “Oqtay Eloğlu” əsəri ilə fərdi şüurun faciəsini, ictimai quruluşun faciəsinə çevirməyi bacarır.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı
Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri
Elnurə AĞAZADƏ.”Cəfər Cabbarlının “Oqtay eloğlu” əsəri haqqında”
Mən inanmıram ki, Azərbaycanda dahi dramaturq Cəfər Cabbarlını tanımayan olsun. Ömrü qısa olmasına baxmayaraq, mərhum şairimiz incəsənətin bir çox sahəsində özünü sınamış və ölkəmizə öz töhfəsini bəxş etmişdir. O, nəinki şair, nasir, tərcüməçi, kinossenarist eləcə də kinosünas və teatrşünas idi. Cəfər Cabbarlı yaradıcılığı Azərbaycan kino və teatr sahəsinə misilsiz xidmət etmişdir. O, yaşadığı zaman çərçivəsində gördüklərini keçmiş və gələcək əhatəsinə salaraq real əsərlər yaratmışdır. Çox yaxşı bilirik ki, Cabbarlı realizm banisidir. Bu səbəbdən onun əsərləri hər zamana uyğun olmasına baxmayaraq, bu gün və əminəm ki, gələcək hər ildə öz aktuallığını qoruyacaqdır. Çünki daima xeyir şərlə mübarizə aparır. Nahaq çox zaman haqqı əzir. Arzular bəzən həyata keçməyərək xəyallarda yaşanır. Məhz bu səbəbdən “Aydın”, “Od gəlini”, “Aygün”, “Oqtay Eloğlu” və s. əsərlərə müraciət edərək səbrlə həyatımızı davam etməliyik. Cabbarlı əsərləri içərisində “Oqtay Eloğlu” əsəri xüsusi yer tutur. Cəfər Cabbarlının “Oqtay Eloğlu” əsərini yazmasında məqsəd Azərbaycanda milli teatr yaratmaq arzusu idi. O, Oqtay obrazıyla öz arzularını həyata keçirmək istəyirdi. Oqtay pərəstiş etdiyi xalq səhnəsini yüksəltmək istəyir. Milli teatr yaratmaq üçün çalışır. Səhnəni bütün varlığı ilə sevir. Səhnədəki əsərləri tamaşaçıya canlı çatdırmaq üçün əməyini əsirgəmir. Başqa ölkələrdə teatrın inkişafı, yüksəlişini öz ölkəsindəki səhnəsində görmək istəyir. Səhnədə yad ölkələrdə olan qadınlar deyil vətən qızlarının da çalışmasını istəyir. Məhz bu səbəbdən Oqtay Tamaraya: – Bir qız yaratmaq üçün xalqın bütün ruhunu hissiyatını, tarixi adət və ənənəni görünməz incəliklərinə qədər bilməli, onun dərinliklərindən onun mühitindən çıxmalı, bəlkə bir azərbaycanlı olmalıdır. – dedikdə bu sözlərdə ürək yanğısı hiss olunur. Teatr səhnəsində aktyor və aktrisa səhnəni elə canlandırmalıdır ki, tamaşaçı komediyada içdən gülməli, traqediyada ürəkdən ağlamalıdır. Oqtay məhz dahi gözündə belə aktyor idi. Oqtay əsərdə yarandığı gündən bu günə kimi və hətta gələcək illərdə belə səhnə insanları üçün qəhrəman örnək olmalıdır. Bu gün texnikanın sürətli inkişafı sahəsində insanların teatra marağı azalmaqdadır. Bəzən isə teatra getdikdə aktyor obrazı bizi qane etmir. Əsərdəki qəhrəman səhnədəki obrazı tamamlamır. Sanki bu günki səhnəni görərək dramaturq Oqtayın dilindən Muğana səslənir: – Qara qaşlar, qara gözlər, al dodaqlar qızarmış yanaqlar, görmüsüzmü nə qədər gözəllik görünür. Fəqət o göründüyü kimi deyildir. Təbiət baqqalar kimi bizi aldadır. Sən onu olduğu kimi görmək istəmirsən. Bilirik ki, Azərbaycan şairlər, yazarlar yurdudur. Ədəbiyyatımız zəngindir. Lakin bəzən əsər kino və teatrda canlanmaq üçün elə bir insan əlinə düşür ki. Əsər öz dahiliyni itirir. Bu zaman Oqtay Eloğlu əsərində Tabarasanski kimi kefli rejissorlar İlyas Həsən kimi qumarbazlar yada düşür. Oqtay aktyor obrazıyla bərabər ürək yanğısıyla onların işini belə öz öhdəsinə götürmək istəyir. Oqtay: -Yaşamaq istəyirik yaratmalıyıq. İyirminci əsrin təkamülünə qarşı bu yazıq xalqı tək buraxıb qaçmağı kim özünə layiq bilərsə bilsin. Mən bilmirəm.Yaşadığımız mübariz meydanlarının müxtəlif qazmaları var – deyərək səslənir. Əsərdə təkcə teatrı səhnəni yaşatmaq deyil, eyni zamanda bir sənətin vurğunu olan sənətkarı yaşatmaq amalı da vardır. Firəngiz Oqtayı bir sevgili kimi yox, bir sənətkar kimi yaşatmaq istəyirdi. Adətən incəsənət sahəsində bəzi insanları şöhrətə yüksəlmə, ulduz olmaq arzusu məhv edir. Mən deyərdim ki, Oqtay Eloğlu əsərində bu amac yoxdur. Bəs Oqtayın məhv olmasına səbəb nədir? Oqtayın saf, təmiz sənətinə, sevdiyinə olan sevgisi. Həqiqətin boğulmsı. Arzuların həyata keçməməsi. Yalanı həqiqət kimi qəbul etməyə məcbur olması. Bu səbəbdən o səhnə sonunda əli qanlı hayqırır: – Mən dünyada ədalət divanı adına bir şey tanımıram.Hamısı yalandır. Yalan deyir Şiller. Mən yenə ancaq bu zavallı xalqı tanıyır. Ona müraciət edirəm. Ona təslim oluram. Kimdir müqəssir? Yaşadaraq öldürən. Öldürərək yaşadan. Sevərək parçalayan parçalayaraq sevən. Əliqanlı səfillər padşahı Oqtay Eloğlumu? Laki Cabbarlı əsərdə öz qəhrəmanını məğlub etsə də, real həyat üçün qalib etdi, yaşatdı Oqtayı. Onun milli dəyərlərimizə verdiyi dəyərli arzular həyata keçdi. Bu gün Azərbaycanın bir çox şəhər və rayonlarında teatr ocaqlarımız var. Oqtay obrazı nəinki Azərbaycan səhnəsində xarici ölkələrdə belə sevilərək tamaşaçı sevgisini qazanır. Oqtayı hər an öz simasında yaşadan aktyorlarımız var. Nə qədər Azərbaycan səhnəsi yaşayır Oqtay və onun arzuları yaşayacaq.
Son Yazılar
- “Hece Taşları” dergisinin 97. sayısı yayında
- “Hece Taşları” dergisinin 96. sayısı yayında
- Çindən Azərbaycana qrup turist səfərləri bərpa olunur
- “Wikipediya”da Şah İsmayıl Səfəvi haqqında özbək dilində bölmə istifadəyə verilib
- Uşaq Filarmoniyasında konsert
Arxivlər
Blogroll
Kateqoriyalar
- “Açık Kara” dergisi
- “Alkış” dergisi
- “Ədəbi Körpü” dərgisi
- “Güzlek”
- “Güzlek” dərgisi
- “Hece Taşları” dergisi
- “Kümbet” dergisi
- “Mevsimler” dergisi
- “Türkay” dərgisi
- “Usare” dergisi
- “Yarpuz” dergisi
- “Yeni nəşrlər”
- “Zərif kölgələr”
- “Zərrələr”
- “Kardelen” dergisi
- AJB Sumqayıt şəhər təşkilatı
- Ana səhifə
- Azərbaycan Dövlət Aqrar Universiteti
- Azərbaycan ədəbiyyatı
- Azərbaycan Prezidenti
- Dilçilik İnsitutu
- Ədəbiyyatşünaslıq
- Haqqımızda
- Mədəniyyət
- Müsabiqə
- Müsahibə
- Pakistan ədəbiyaytı
- Prezident Mükafatçıları 2022
- Publisistika
- Ruskaya literatura
- SOCAR «Azərikimya» İB
- Sumqayıt RMTİ
- Türk xalqları ədəbiyyatı
- Türkiyə Cümhuriyyəti
- Türkiyə ədəbiyyatı
Comments are closed, but trackbacks and pingbacks are open.