Press "Enter" to skip to content

Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

Ümumi təhsilin idarə olunması

FƏNN KURİKULUMLARININ STRUKTURU VƏ MƏZMUNU

Kurikulum islahatını zəruri edən səbəblər • Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması • Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid • Dünya təhsil sisteminə inteqrasiya • İnformasiya əsrinin tələbləri • Təhsilin məqsəd və vəzifələrinə yeni baxış və yanaşmaların formalaşması • Mövcud ümumi təhsil proqramlarının müasir tələblərə cavab verməməsi “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” sənədinin əsas xüsusiyyətləri Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir. Azərbaycan Respublikasında ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları) (bundan sonra – dövlət standartları) aşağıdakıları müəyyən edir: ümumi təhsilin məzmununu; ümumi təhsilin idarə olunmasını; ümumi təhsilin maddi-texniki və tədris bazasını; ümumi təhsilin infrastrukturunu; ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəricilərini; ümumi təhsil sistemində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini. Ümumi təhsil pilləsinin dövlət standartları 5 il müddətinə qüvvədədir.

Ümumi təhsilin məzmunu

Ümumi təhsilin məzmunu fərdin, cəmiyyətin,dövlətin maraq və tələbatlarını, milli və ümumbəşəri dəyərləri əks etdirməklə, humanistlik, dünyəvilik, varislik, inteqrativlik prinsipləri əsasında müəyyən edilir. Ümumi təhsilin məzmunu təhsilalanların yaş, fizioloji, psixoloji xüsusiyyətləri nəzərə alınmaqla, onların dünyagörüşünün və şəxsiyyətinin formalaşmasını, bazar münasibətlərinin tələblərinə uyğun zəruri bilik və bacarıqlara yiyələnməsini, əqli, fiziki, mənəvi, estetik inkişafını, müstəqil əmək və təhsil həyatına hazırlanmasını, cəmiyyətin faydalı və məhsuldar üzvünə çevrilməsini təmin edir. Ümumi təhsilin məzmununa dair ümumi tələblər aşağıdakılardır: təhsilin məzmununu təhsilalanın və cəmiyyətin tələbatına, dövlətin təhsil siyasətinə uyğunlaşdırmaq; məzmunu nəticəyönümlülük, şəxsiyyətyönümlülük, şagirdyönümlülük, inteqrativlik prinsipləri əsasında müəyyənləşdirmək; təhsilalanların təlim marağını, potensial imkanlarını, sağlamlığının təhlükəsizliyini nəzərə almaqla onlara davamlı inkişaflarını təmin edən, müstəqil həyatda lazım olan zəruri biliklərin və əqli, informativ-kommunikativ, psixomotor bacarıqların aşılanmasını təmin etmək;
təhsilin məzmununa şagirdlərin ümumi inkişafına xidmət etməyən, tətbiqi xarakterdə olmayan, məzmunu ağırlaşdıran məlumatyönümlü məsələlərin daxil edilməsinə yol verməmək.

Ümumi təhsilin idarə olunması

Ümumi təhsilin idarə olunması hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında həyata keçirilir. Ümumi təhsilin idarə olunması dövlət-ictimai xarakter daşıyır.

Ümumi təhsilin infrastrukturu

Müəyyən edilmiş dövlət standartlarına uyğun keyfiyyətli ümumi təhsil almaq üçün müvafiq infrastrukturun yaradılması mühüm şərt hesab edilir. Ümumi təhsilin infrastrukturuna təhlükəsiz təhsil şəraiti, pedaqoji kadrlarla təminat, təhsil fəaliyyəti üçün zəruri imkanlara malik binalar, yardımçı bina və qurğular, sadə idman meydançası və qurğuları, müvafiq kadrlarla təmin olunmuş tibb, iaşə obyektləri, kitabxana, rabitə, su, istilik, elektrik sistemləri, internet xidməti daxildir.

Ümumi təhsilin maddi-texniki və tədris bazası

Ümumi təhsil üzrə dövlət təhsil proqramlarının (kurikulumların) yerinə yetirilməsinə əlverişli şərait yaratmaq məqsədi ilə ümumi təhsil müəssisələri zəruri maddi-texniki və tədris bazasına malik olmalıdır. Ümumi təhsil müəssisəsinin maddi-texniki və tədris bazasına təchiz olunmuş tədris laboratoriyaları, emalatxanalar, idman və akt zalları, təhsilalan və təhsilverənlər üçün mebel avadanlığı, informasiyakommunikasiya texnologiyaları, audio-vizual avadanlıqlar, tədris-əyani vəsaitləri, təlimin texniki vəsaitləri, dərslik və elmi-bədii ədəbiyyat fondu daxildir.

Ümumi təhsil pilləsində təhsilverənlərin keyfiyyət göstəriciləri

Ümumi təhsilin həyata keçirildiyi müəssisələrə, bir qayda olaraq, pedaqoji ali təhsilli mütəxəssislər qəbul edilirlər. Ümumi təhsil sistemində çalışan təhsilverənlər, əsasən, aşağıdakı keyfiyyət göstəricilərinə malik olmalıdırlar: ixtisası üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklərə; uşaqlarla həssas ünsiyyətqurma və iş bacarığına; əxlaqi-mənəvi keyfiyyətlərə, pedaqoji etika və mədəniyyətə; əməkdaşlıq, tədqiqatçılıq, özünütəhsil və idarəçilik bacarıqlarına; yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə, müsabiqə və innovativ proqramlarda iştirak etmək qabiliyyətinə; öz fəaliyyətini təqdim etmək və qabaqcıl pedaqoji təcrübələrdən bəhrələnmək bacarığına; ədalətlilik, məsuliyyətlilik, cavabdehlik keyfiyyətlərinə; işlədiyi məktəbdə və ictimaiyyətdə hörmətə və nüfuza. Təhsilverənlərin keyfiyyət göstəriciləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən attestasiya qaydalarına əsasən müəyyən edilir.

Ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi

Ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi ümumi təhsilin hər bir səviyyəsi üzrə təsdiq olunmuş təlim nəticələri və fənlər üzrə məzmun standartları ilə müəyyən edilir. Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyən edən təlim nəticələri və məzmun standartları aşağıdakı tələbləri ehtiva edir: fərdin, dövlətin, cəmiyyətin maraq və tələbatının ödənilməsi; təhsilin nəticəyönümlülük, şagirdyönümlülük, inteqrativlik prinsipləri əsasında qurulmasına didaktik zəmin yaradılması; təhsilalanların həyati bacarıqlara yiyələnməsinin prioritet hesab edilməsi; keyfiyyətli təhsil almaq üçün hamıya bərabər imkanların yaradılması; təhsil səviyyələri üzrə təhsil proqramlarında (kurikulumlarda) varisliyin təmin olunması; şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə müvafiq standartların müəyyən edilməsi üçün etibarlı əsas yaradılması; təhsilalanların sağlamlığının qorunması məqsədi ilə ağırlaşdırıcı tədris materiallarının təlim prosesinə gətirilməsinin qarşısının alınması.

Təhsil proqramı (kurikulum)

Ümumi təhsil üzrə təhsil proqramında (kurikulumda) aşağıdakılar əhatəli şəkildə göstərilir: – ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri və məzmun standartları; – ümumi təhsilin hər bir səviyyəsində tədris olunan fənlər; – ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarı; – ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri; – təlim nailiyyətlərinin (nəticələrinin) qiymətləndirilməsi və monitorinqi.

Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

şagirdlərin təhsil alarkən,bilikləri qiymətləndirilərkən,savadı artırılarkən müasir texnalogiyalardan istifadə edilməsini nəzərdə tutur; uyğun təlim resurslarına və inzibati yardıma malik olur.

1.Fənn kurikulumları nəticəyönümlü xarakterə malikdir.Bu xüsusiyyət onu əvvəlki proqramlardan kəskin şəkildə fərqləndirir.Nəticəyönümlülük müasir kurikulumların hazırlanmasında nəzərə alınan mühüm didaktik prinsiplərdən biri hesab edilir. Təlim prosesində əldə olunacaq nəticələrin əvvəlcədən müəyyən edilməsi və onun məzmuna gətirilməsi bu prinsipin başlıca cəhətlərindən biri kimi dəyərləndirilir. Nəticəyönümlülüyün olması, ilk növbədə,təlim fəaliyyətlərinə əsaslanır, bütövlükdə təlim prosesinin mahiyyətini təşkil edən son nəticəni görməyə imkan verir.

Fənn kurikulumlarında təlim nəticələri müxtəlifdir: ümumi nəticələr, xüsusi nəticələr.

Bunlar həm məzmunu müəyyənləşdirmək, həm də qiymətləndirmə aparmaq baxımından əhəmiyyət daşıyır. İlk növbədə, məzmunu ifadə edən belə ümumi nəticələr hökumət tərəfindən təsdiq olunur. Onlar respublikada bütün fənlər üzrə ümumi təhsilin məzmununu ifadə edir. Məzmun xətləri və siniflər üzrə hazırlanmış nəticələr isə ümumi nəticələrə uyğun xüsusi nəticələr kimi təsdiq olunur.

2. Fənn kurikulumları şagirdyönümlülüyü ilə seçilən sənəddir. Fənn kurikulumlarında öz əksini tapan bütün nəticələr şagirdlərə, onların inkişafının izlənməsinə yönəldilmişdir. Fənnin ümumi məsələlərindən biri kimi məqsəd və vəzifələrin belə müəyyənləşdirilməsində şagird şəxsiyyətinin formalaşması və inkişafı diqqət mərkəzində saxlanılmışdır. Onların sinifdən-sinfə, bir təhsil pilləsindən digərinə keçməsinin tənzimlənməsi, inkişafının istiqamətləndirilməsi ön planda saxlanılmışdır. Şagirdin idrakı, hissi və psixomotor bacarıqlarının müəyyən olunmuş həddə çatması üçün humanist və demokratik prinsiplərə söykənən iş üsulları və formalarının seçiləcəyi, ən müasir texnologiyalardan istifadə olunacağı göstərilmişdir. Fənn kurikulumlarında şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə işin məzmunu bilavasitə bir subyekt kimi təlim alanlara yönəldilmişdir.

Qiymətləndirmə standartlarında şagirdlərin fəaliyyəti, üzərində işlədikləri məzmun və şərait elementləri ilə yanaşı, onların əldə edəcəkləri minimum nailiyyətlər də ifadə edilmişdir. Şagird şəxsiyyətinin bütün parametrlərdə inkişaf istiqamətləri diqqət mər-kəzində saxlanılmışdır.

3. Fənn kurikulumları konseptual sənəddir. “Azərbaycan respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)” sənədindəki müddəalar respublikada hər hansı fənn üzrə fəaliyyətlər sistemini ümumiləşdirmək baxımından konseptual xarakter daşıyır. Ona görə də fənn kurikulumları öz növbələrində həm də çərçivə sənədi hesab edilir. Ondan sonra hazırlanacaq məktəb

və sinif kurikulumlarının ümumi prinsiplərini əks etdirir. Fənn kurikulumları hər bir fənn üzrə məqsəd, vəzifə, məzmun, texnologiya və qiymətləndirmə məsələlərini əhatə etməklə çoxçeşidli iş parametrlərini əlaqəli şəkildə ümumiləşdirir. Nəticələr şəklində olan məzmun təhsil pillələri və siniflərə aid məzmun xətləri üzrə kurikuluma daxil edilir. Standartlar səviyyəsində təqdim olunmuş siniflər üzrə nəticələrin sərhəddi standartlar və altstandartların (bençmarkların) hüdudunda müəyyənləşdirilir.

4. Fənn kurikulumları inteqrativ xarakter daşıyır. Bu, ilk növbədə, onun ümumtəhsil məktəbləri üçün hazırlanması və şagird şəxsiyyətinin formalaşmasına imkan yaratması, şagirdlərdə həyati bacarıqların formalaşdırılması, onların davamlı

fəaliyyət üçün hazırlanması ilə bağlıdır. Ona görə də kurikulumlarda əks olunmuş təlim nəticələri (təlim standartları) biri digərini tamamlamaq, möhkəmləndirmək,davam etdirmək baxımından elə ardıcıllıqla verilir ki, onların vasitəsilə şagird şəxsiyyətinin formalaşmasını və inkişafını izləmək mümkün olur. Bu əlaqələr məzmun və istiqamətinə görə iki yerə ayrılır: şaquli inteqrasiya, üfüqi inteqrasiya.

Şaquli inteqrasiya daha çox fənnin siniflər və mərhələlər arasındakı əlaqəsini,üfüqi isə müxtəlif, lakin uyğun gələn fənlərin əlaqəsini ehtiva edir. Bütün hallarda şagirdlərin inteqrativ standartlar əsasında ölçülə bilən bacarıqlara yiyələnmələri

diqqət mərkəzində saxlanılır.

5. Fənn kurikulumları qabaqlayıcı xarakter daşıyır. Bu, onun konseptuallığından irəli gəlir. Kurikulumlar bütün təlim nəticələrini əks etdirməklə sonrakı nailiyyətləri fərz etməyə imkan yaradır. Öyrənmə prosesində əldə edilən nailiyyətin hansı səviyyədə olmasını müəyyənləşdirmək üçün şərait əmələ gəlir. Bəzən yeni kurikulumların izahedici xarakterə malik olduğu göstərilir. Təbii ki, belə bir yanaşma yeni kurikulumların nəticəyönümlü xarakterini, onun qabaqlayıcı funksiyasını zəiflədir.

Bütün bunlarla yanaşı, fənn kurikulumları həm də:

– müxtəlif bacarıqların öyrənilməsini nəzərdə tutan balanslaşdırılmış və əhatəli yanaşmanı özündə saxlayır;

– təlimin fəal üsullarından istifadə olunmaqla məzmun standartlarının səviyyəsinə çatmağa imkan yaradır;

– şagirdlərin bilik və anlayışlarının daim qiymətləndirilməsini, tədris ili ərzində düzəlişlərin edilməsini nəzərdə tutur;

– şagirdlərin təlimə cəlb olunmasını, davamlı təhsilə hazırlanmasını və həvəsləndirilməsini təmin edir;

– şagirdlərin təhsil alarkən, bilikləri qiymətləndirilərkən, savadı artırılarkən müasir texnologiyalardan istifadə edilməsini nəzərdə tutur;

Coğrafiya fnn kurikulumu

Təhsil İnstitutunda mütəxəssislərinin və müəllimlərin iştirakı ilə təkmilləşdirilməkdə olan coğrafiya fənn kurikulumunun müzakirəsi keçirilib.

İnstitutdan “Tehsil.biz”ə bildirilib ki, Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov müxtəlif fənlər üzrə kurikulumların təkmilləşdirilməsi prosesi haqqında ümumi məlumat verib. Kurikulum işçi qrupunun üzvü Famil Ələkbərov isə coğrafiya fənni üzrə məzmunun təkmilləşdirilməsini zəruri edən əsas amillər barədə auditoriyanı məlumatlandırıb və müzakirə açıq elan olunub. Müzakirədə onlayn iştirak edən türkiyəli konsultant Sərvət Karabağ da görülən işlərə münasibət bildirib və bəzi sualları cavablandırıb. Sonda müzakirə iştirakçılarının rəy və təklifləri dinlənilib və müvafiq qeydlər götürülüb.

Qeyd edək ki, təkmilləşdirmədə coğrafiya fənn kurikulumunun coğrafi əsaslı hazırlanması, məzmunun dəyər və davranışa çevrilməsinin hədəflənməsi, həmçinin məzmunun beynəlxalq kurikulumlara uyğunlaşdırılması və məzmun xətlərində edilən yeniliklər müəllimlər tərəfindən rəğbətlə qarşılanıb.

Comments are closed, but trackbacks and pingbacks are open.