Press "Enter" to skip to content

Dəbi növlər və janrlar

3. Romanda əsas süjetlə bərabər başqa əhvalatlar – süjetlər də danışılır.

Ədəbiyyat nəzəriyyəsi hədəf

01-10-2019 15:22

Təsadüfi deyil ki, qədim yunan filosofu Aristotel ədəbiyyatı təqlidi sənət , yəni həyatı və insanları yamsılama sənəti adlandirmışdır.

Həyatı əks etdirmək ədəbiyyatı elmə yaxinlaşdırır. Ədəbiyyat dedikdə müxtəlif elm sahələrinə dair mənbələrin cəmi nəzərdə tutulur:siyasi ədəbiyyat, texniki ədəbiyyat, tibbə dair ədəbiyyat ve .s. Amma elmdən fərqli olaraq , ədəbiyyat həyatı bədii təxəyyül əsasında əks etdirir. Həyatı və insanları bədii təxəyyüllə, yeni obrazlı şəkildə əks etdirmək ədəbiyyatı elmdən fərqləndirirsə , incəsənətin digər sahələrinə yaxınlaşdırır. Bu mənada ədəbiyyat bir növ incəsənətin qoludur. Ədəbiyyat sözu ədəb (mərifət) sözündən götürülmüşdür. Ədəbiyyatın vəzifələrindən biri insanlara zövq verməkdirse , biri də insanları tərbiyə etmək, onları mənəvi cəhətdən zənginləşdirməkdir. Ədəbiyyatı öyrənən elmə ƏDƏBİYYATŞÜNASLIQ deyilir. Ədəbiyyatşünaslıq elminin 3 əsas sahəsi var: 1.Ədəbiyyat tarixi 2.Ədəbiyyat nəzəriyyəsi 3.Ədəbi tənqid. Azərbaycan ədəbiyyatı tarixi bu dövrlərə bölünür: 1.Qədim dövr-(13 cü əsrə qədər) 2.Orta dövr-(13-17 əsr) 3.Yeni dövr-(17- 20 əsr) 4.Ən yeni dövr-(20 əsrdən sonrakı) Azərbaycan ədəbiyyatının ümumi ideya-bədii istiqaməti və aparıcı prinsipləri türkçülük, islamçılıq, müasirliklə bağlıdır. Həmin ideya-bədii istiqamətlər bu və ya digər dərəcədə ədəbiyyatımızın tarixi dövrlərinin hər biri üçün səciyyəvi olmuşdur. Bədii ədəbiyyatin iki qolu var: 1.Şifahi xalq ədəbiyyatı (folklor) 2.Yazılı ədəbiyyat.

Dalidag.az

Kateqoriya: Karusel

Tarix: 01-10-2019 15:22

Ədəbi növlər və janrlar

Bədii ədəbiyyat həyat hadisələrini, insanın istək və arzularını əks etdirir. Həyat hadisələrini əks etdirmək baxımından ədəbi növlər üç növə bölünür:epik, lirik,dramatik növ. Epik növdə olan əsərlər təhkiyə və yaxud təsvir əsasında, lirik növ tərənnüm, dramatik növ isə əyani göstərmə əsasında yazılır. Bu ədəbi növlər həm şifahi xalq ədəbiyyatında, həm də yazılı ədəbiyyatda var.(Şifahi xalq ədəbiyyatına aid janrlar haqqında əvvəlki səhifələrdə tanış olmusunuz.)Yazılı ədəbiyyat Yeni dövr ədəbiyyatı ikinci mərhələyə qədər yalnız lirik və epik növdə inkişaf edib. Yazılı ədəbiyyatımızda dramatik növün əsasını M. F. Axundzadə 1850-ci ildə “Hekayəti -molla İbrahimxəlil kimyagər” komediyası ilə qoyub.

EPİK NÖV

Epik sözü epos sözündən götürülüb, söz, hekayə, mahnı deməkdir. Epos sözü ədəbiyyatımızda dastan sözünü də əvəz edə bilir (“Koroğlu” eposu). Epik növ təhkiyə, nağıl etmək yolu ilə yazılır. Epik növün janrları yazıçıya həyat hadisələrini oxucuya hərtərəfli çatdırmağa imkan yaradır. Belə əsərlərdə yazıçı kiçik bir həyat hadisəsini obyekt kimi götürərək onu qurub təhkiyə yolu ilə oxucuya çatdırır. Epik əsərlərdə həm müəllifin, həm də qəhrəmanların-obrazların dilindən təhkiyə deyilə bilər. Təhkiyə iki formada özünü göstərir: təhkiyə söyləyən ya eşitdiyi hadisəni danışır, ya da şahidi olduğu hadisəni danışır. Təhkiyəçi eşitdiyi hadisələri danışanda rəvayət formasından istifadə edir. Nağıl və dastanlarda rəvayət şəklində olan təhkiyə əsas təşkil edir. Qəhrəmanların-obrazların təhkiyəçi kimi iştirak etdiyi əsərlərdə hadisələr I şəxsin dilindən danışılır. Təhkiyə bədii əsərlərdə müxtəlif obrazların dilindən deyilə bilər. Əsərin həcmindən asılı olmayaraq epik əsərlər hadisəni mükəmməl təsvir etməyə, təfsilatı ilə söyləməyə şərait yaradır. Buna görə də epik janrlara təsviri janr da deyilir. Bədii əsərlərdə nəzərə çatdırılacaq hadisənin və yaxud əşyanın əlamətlərinin sözlə ifadəsi təsvir adlanır. Təhkiyə və təsvir epik əsərlərin ən səciyyəvi cəhətidir. Epik əsərlərdə hadisənin başlanğıcı və sonu aydın təsəvvür edilir. Danışılan hadisənin həcmindən, obrazlarının sayından, həmçinin, əhatə etdiyi zaman müddəti baxımından epik əsərlər müxtəlif janrlara bölünür. Bəzi epik əsərlərdə lirik növə məxsus olan tərənnümdən də istifadə oluna bilər.

Təmsil. Epik növün həcmcə kiçik, ancaq dərin məna ifadə edən qədim janrıdır. Təmsildə heyvanlar, bitkilər, əşyalar və s. şəxsləndirilir. Təmsildə alleqoriya üstündür və dili sadə, konkret olmaqla bərabər, dərin satirik məzmun ifadə edir. Bu janrın mühüm xüsusiyyətləri var:

1. Alleqoriya təmsilin əsasını təşkil edir, lakin alleqoriyanın olduğu bütün əsərlər təmsil hesab edilmir.

2. Bədii gülüşdən istifadə olunur.

3. Nəsihətamiz fikirlər ifadə olunur.

4. Təmsilin ya əvvəli, ya da sonu kiçik əxlaqi-didaktik fikir ifadə edən hissədən ibarət olur.

5. Təmsil, əsasən, nəzmlə olur.(Bəzən nəsrlə də ola bilər.)

6. Nəzmlə olan təmsillər, adətən, məsnəvi şəklində qafiyələnir.

Alleqorik əsər anlayışı digər janrlara da aid edilə bilər. Ədəbiyyatımızda Məhəmməd Füzulinin “Həft cam”, “Söhbətül-əsmar”, “Bəngü Badə”, “Səhhət və Mərəz” əsərləri alleqorik əsərlər olsa da, təmsil deyil. Alleqorik olub təmsil hesab edilməyən əsərlər ədəbiyyatımızda çoxdur. Alleqorik əsərlərdə verilən xüsusiyyət müşahidə olunmalıdır. Tənqid, satira təmsilin canını, ruhunu təşkil edir. Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasında təmsil nümunələri var. Ədəbiyyatımızda A. Bakıxanov, Q. Zakir, S. Ə. Şirvani, M. Ə. Sabir, A. Səhhət, H. Ziya və başqa sənətkarlar təmsil janrından məharətlə istifadə ediblər.

Hekayə. Epik növün yazılı ədəbiyyatda həcm etibarilə kiçik janrıdır. Belə əsərlərdə əhvalatın geniş təsvirinə ehtiyac duyulmur. Yazıçı, əsasən, bir surətin həyatı və taleyindən, konkret bir hadisədən danışır. Hekayədə obrazların sayı elə də çox olmur. Azərbaycan ədəbiyyatında hekayə janrı XIX əsrdə formalaşmış XX əsrdə inkişaf etmişdir. Hekayə janrı həm nəsrlə, həm nəzmlə ola bilər. Ədəbiyyatımızda nəsrlə yazılmış ilk müstəqil hekayə janrının banisi A. Bakıxanov hesab edilir. Həmin hekayə “Kitabi-Əsgəriyyə” adlanır və 1837-ci ildə yazılıb. C. Məmməd­quluzadənin “Poçt qutusu”, Ə. Haqverdiyevin “Mirzə Səfər” əsərləri nəsrlə yazılmış hekayə janrına ən gözəl nümunələr kimi göstərilə bilər. Hekayə janrının gözlənilməz sonluqla bitən formasına novella deyilir. Novellanı hekayənin digər şəkillərindən fərqləndirən ən əsas cəhət ondakı məzəlilik, hadisənin qeyri-adi sonluqla bitməsidir. Bəzən əsərin adı oxucuda hadisəni təsəvvür etmək düşüncəsi yaratsa da, sonradan həmin əsərdə tamam fərqli süjetlə qarşılaşır. C.Məm­mədquluzadənin “Qurbanəli bəy”, Ə. Haqverdiyevin “Bomba”, M. Cəlalın “Badamın ləzzəti” hekayələri novella nümunəsi sayıla bilər. Dünya ədəbiyyatında hekayəni bəzən sadəcə novella da adlandırırlar. Ədəbiyyatımızda nəzmlə yazılmış hekayələr də var. Nəzmlə yazılan hekayələrə mənzum hekayə deyilir. Ən qədim mənzum hekayələr Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasındakı heka­yələrdir. Həmin hekayələr müstəqil işlənməmişdir. Poema janrında yazılmış əsərin tərkib hissəsidir. Sonrakı dövrlərdə A. Bakıxanov, Q. Zakir, S.Ə. Şirvani, M.Ə.Sabir və başqaları mənzum hekayələr yazıblar. Ədəbiyyatımızda nəsrlə yazılmış hekayələr mənzum hekayələrdən daha çox yayılıb.

  1. Povest rus sözüdür. “Povestvovanie” sözündən yaranıb nəql etmə, danışıq, təhkiyə deməkdir. Hadisələrin təsvir üsulu və həcmi baxımından romandan kiçik, hekayədən böyük janrdır. Povest ilə hekayə arasında yaxınlıq – bənzərlik var. Bəzən bu bənzərliyə görə povestə böyük hekayə də deyilir. Buna baxmayaraq, povesti hekayə ilə qarışdırmaq olmaz. Povestlə hekayənin fərqi:

1. Povestdə obrazların sayı hekayə ilə müqayisədə çoxdur.

2. Povestdə hadisələrin əhatə dairəsi daha genişdir.

3. Surətlərin təsviri daha dolğun və təfsilatlıdır.

4. Hekayədən fərqli olaraq, povest, demək olar ki, nəsrlə olur.

5. Povestdə hekayədən fərqli olaraq, süjet xətti iki, bəzən də daha çox ola bilər.

Povestdə əhvalatların əsas iştirakçısının – baş qəhrəmanın həyatının bütov bir dövrü və yaxud bir çox dövrü təsvir olunur. Baş qəhrəmanın ətrafında cəmləşən, yaxud ona zidd cəbhədə dayanan bir sıra şəxslər olur. Ədəbiyyatımızda yeni tipli bədii nəsrin – povestin əsasını M. F. Axundzadə “Aldanmış kəvakib” əsəri ilə qoymuşdur. Ana dilində olan bu əsər 1857-ci ildə yazılıb. Cəlil Məmməd­quluzadənin “Poçt qutusu” hekayəsi ilə “Aldanmış kəvakib” povestini müqayisə etsək, birinci əsərdə iki-üç obrazın olduğunu müşahidə edərik. “Aldanmış kəvakib” əsərində isə surətlərin sayı daha çoxdur. “Poçt qutusu” hekayəsində hadisələr bir xətt üzərində inkişaf etsə də, “Aldanmış kəvakib” əsərində isə iki süjet xətti var. Bunlardan biri Şah Abbasla bağlı, digəri isə Yusif Sərracla bağlıdır. Ədəbiy­yatımızda povest janrından M. Hüseyn, S. Rəhimov, İ. Əfəndiyev, Elçin Əfəndiyev və başqaları istifadə etmişlər.

Roman. Roman sözü Avropa mənşəli sözdür. Roman dillərinə daxil olan xalqların dilinə aid sözdür. Avropada XII-XIII əsrlərdə roman dillərinə məxsus xalqların (fransız, ispan, italyan və s.) təhkiyə üsulu ilə yazılan bütün əsərlər roman adlanırdı. Sonradan isə roman sözü daha geniş miqyas qazanmış və özünəməxsus xüsusiyyətləri olan janr kimi qəbul edilmişdir. Ədəbiyyatşünaslıqda roman epik əsərlərin ən əhatəlisi və mürəkkəb süjetə malik olan janrı kimi başa düşülür. Romanda hadisələrin təsviri hekayə və povestdən fərqli olaraq daha genişdir. Bu janrda baş qəhrəmanın dinamik inkişafı, onun bütün ömür yolunun təsviri imkanları daha əhatəlidir. Ədəbiyyatımızda ana dilində yazılmış ilk roman Nəriman Nərimanovun 1896-1899-cu illərdə yazdığı “Bahadır və Sona” əsəridir. Roman janrına aid mühüm əlamətlər:

1. Həm nəsrlə, həm nəzmlə olur.

2. Həcm etibarilə epik növün ən böyük həcmli janrıdır.

3. Romanda əsas süjetlə bərabər başqa əhvalatlar – süjetlər də danışılır.

4. Silsilə təşkil edən iki hissəli roman dilogiya, üçhissəli roman trilogiya adlanır.

Ədəbiyyatşünaslıq haqqında

Ədəbiyyatın özünəməxsus qanunauyğunluqları, prinsipləri vardır ki, onları öyrənən elmə ədəbiyyatşünaslıq deyilir. Ədəbiyyat haqqındaki elmin-ədəbiyyatşünaslığın aşağıdakı sahələri mövcuddur: ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid.

Ədəbiyyat tarixi bu və ya digər xalqın ədəbiyyatının, yaxud ümumən dünya xalqları ədəbiyyatının keçdiyi inkişaf dövrlərini, mərhələlərini öyrənir. Ədəbiyyatın tarixi onu yaradan xalqın tarixi ilə sıx bağlı olduğundan ədəbiyyat tarixçiləri xalqın ədəbi-bəii yaradıcılıq tarixini onun ümumi tarixinin tərkib hissəsi kimi araşdırırlar. Ədəbiyyat tarixində ayrı-ayrı söz sənətkarlarının həyatı, yaradıcılığı da tədqiq edilir.

Ədəbiyyat nəzəriyyəsi ədəbiyyatın mahiyyətini, incəsənətin başqa sahələri ilə uyğun və fərqli cəhətlərini, yaradıcılığın metod və üsullarını, ədəbi növləri, janrları, bədii əsərin quruluşunu, dil-üslub xüsusiyyətlərini və s. öyrənir. Ədəbiyyat tarixçisindən fərqli olaraq ədəbiyyət nəzəriyyəçisi yalnız tarixin təcrübələrinə müraciət etməklə kifayətlənməyib müasir dövrün ədəbi uğurları, gələcəyin yaradıcılıq imkanları üzərində də düşünür.

Ədəbi tənqid müasir ədəbi proseslə məşğul olur. Tənqidçi yaranmaqda olan ədəbiyyatın dəyərini müəyyən edir, ayrı-ayrı ədəi-bədii nümunələrə, yazıçıların yaradıcılığına qiymət verir, ümumiləşdirmələr aparır, müasir ədəbi prosesin dərk edilməsində oxucuya kömək edir. Azərbaycan ədəbi tənqidinin banisi Mirzə Fətəli Axundov sayılır.
Ədəbi tənqid bütün dövrlərdə ədəbiyyatın inkişafınına bilavasitə təsir göstərmiş və bu inkişafda mühüm rol oynamışdır. İstənilən ədəbi növün, istənilən bədii yaradıcılıq məhsulunun təhlilə ehtiyacı var və bu dediklərimiz ədəbi tənqidin işidir. Obyektiv ədəbi tənqidin ədəbi yaradıcılıq prosesində müstəsna əhəmiyyəti var. Tənqidçi – yüksək ixtisaslı oxucudur. Tənqidi fikir, ədəbi təhlil ümumiyyətlə, ədəbi zövqün formalaşmasına xidmət etməklə bərabər, bədii əsərlərin qiymətləndirmə kriteriyasını müəyyənləşdirir.
Ədəbiyyat tarixçisindən, nəzəriyyəçisindən fərqli olaraq tənqidçi elmlə yaradıcılıq təcrübəsini əlaqələndirir, yazıçı ilə oxucu arasmda anlaşma, ünsiyyət yaradır.
F. Köçərli, S. Mümtaz, F. Qasımzadə, H. Araslı, M. Təhmasib, C. Xəndan, B. Nəbiyev, Y. Qarayev və s. kimi görkəmli alimlər Azərbaycan ədəbiyyatşünaslığının inkişafında böyük rol oynamışlar.

Comments are closed, but trackbacks and pingbacks are open.