Yevski – “Bədbəxt İnsanlar” əsəri ilə tanışlıq və qısa məzmunu
Sevilmək üçün insan özünü göstərməməlidir. Üzünü göstərəndə sevgi itir. – Karamazov Qardaşları
Dostoyevski bədbəxt insanlar
Dünya ədəbiyyatının ən böyük yazıçılarından biri olan Feodor Mixayloviç Dostoyevskinin ən gözəl fikirlərini bir yerə toplamışıq. Onları sizə təqdim edirik.
1. Yanlış insandan səmimiyyət gözlədiyin an üzülürsən.
2. Güc ancaq əyilib onu almaq cəsarəti göstərənlərə verilir.
3. Ayaqları altındakı səki daşları kimi, hər şey kar və cansızdır onun üçün. – Cinayət və Cəza
4. Bizim kimi sadə və fani insanlar ən sonda uduzurdu. – Qumarbaz
5. Deyirlər, tox acın halından anlamır, amma bəzən ac da acın halından anlamır.
Düşmənlərin var? Nə gözəl. Deməli, bu həyatda bəzi məsələlərdə sərt bir mövqe sərgiləmisən.
Səmimi və gözəl olan hər şey həmişə özünü bağışlayır.
Yaxşı adamlar tənhalıqdan ölürlər, yaxşı qadınlar isə pis adamların eyvanlarından göyə baxarkən.
Hər kəs hər kəsin qarşısında hər şeyə cavabdehdir.
Zamana güvənin, hər şey unudulur.
Yetkinləşmək heç bir şeyə təəccüblənməməkdir.
Qapılarını bağlamamağa sövq edən, heç nəyi olmayan insanlar necə də xoşbəxtdirlər.
İnsanlar bədbəxt olmadıqca başqalarının bədbəxtliyini başa düşmürlər. Bədbəxt bir insanın həssaslığı daha güclü olur.
Sevilmək üçün insan özünü göstərməməlidir. Üzünü göstərəndə sevgi itir. – Karamazov Qardaşları
Rahatlıqla xoşbəxtlik olmaz. Xoşbəxtlik əzabla əldə edilər, insanoğlu həyata xoşbəxt olmaq üçün gəlməyib.
Məncə, şeytan deyə bir şey gerçəkdə yoxsa, insanoğlu onu uydurubsa, özünə baxaraq,özünü nümunə götürərək uydurub.
Əslində insanı ən çox incidən şey məyusluq deyil, yaşanması mümkün olan və yaşanmayan xoşbəxtliklərdir.
İnsanların bir-birlərini tanıması üçün ən yaxşı vaxt ayrılmalarına yaxın vaxtdır.
Ürəyi olan, amma ağlı olmayan bir qadın ağlı olan, amma ürəyi olmayan bir qadın qədər bədbəxtdir.
İnsan məqsədə çatmaq üçün çalışmağı sevir, lakin ona çox da nail olmaq istəmir; bu, şübhəsiz ki, gülüncdür.
Tanrı olmasaydı, hər şey daha yaxşı olardı.
Qarşına heç vaxt doğru insan çıxmır. Ya vaxt yanlış olur, ya da insan.
Gözəl ürəkli, ağılsız bir axmaq pis ürəkli ağıllı axmaqlar qədər bədbəxtdir. Bu məlum həqiqətdir. Mən gözəl ürəkli, ağılsız axmağam. Sənsə ağıllı, pis ürəkli axmaqsan. İkimiz də bədbəxtik, ikimiz də əziyyət çəkirik.
Bu dünyada ən çətin şey özünə sadiq qalmaqdır.
Səni məndən qoparırlar. Yox, yox! Səni yox, ürəyimi qoparırlar. Həm ağlayırsan, həm gedirsən.
Hamının səhv etdiyi şeyi sən düz edirsən, hər kəsin düz etdiyi şeyi sən səhv edirsən.
İndi mən nəyəm? Sıfıram. Sabah nə ola bilərəm? Sabah dirilib yenidən yaşaya bilərəm! Tamamilə məhv edilmədən içimdəki adamı tapa bilərəm.
Sevgi! Sevgi hər şeydir. Sevgi bir qızın dəyəri biçilməyəcək sərvətidir. Belə sevgi üçün ölümü gözə alan kişilər var. Bəs sənin sevginin dəyəri nədir?
Günahla, haqsızlıqla, müxtəlif hiylələrlə qapalıyıq, amma dünyanın bir guşəsində müqəddəs, böyük biri var. O haqq yolundadır, haqqı tapıb, deməli, dünyada haqq var. Bizə də çatacağını gözləyə bilərik. Kitabların vəd etdiyi kimi, bir gün bütün dünyada hökmranlığa başlayacaq.
Olaylar əllə tutulur, olaylar özünü bəlli edir, olaylar hər şeyi ortaya qoyur, amma duyğular başqa bir şeydir.
Cənablar, and içirəm, hər şeyi həddindən artıq doğru anlamaq bir xəstəlikdir. Normal bir insanın anlayış gücü çox olmamalıdır. – Yeraltıdan qeydlər
Qardaşlar və bacılar, sevgi bir tərbiyəedici qüvvədir, amma əldə etmək çox zəhmət tələb edir. Çünki müəyyən bir anlıq deyil, sona qədər sevməyi bacarmaq lazımdır.
Bəzən insanlar kiminsə “heyvan kimi” hərəkət etməyindən danışırlar. Ancaq bu, heyvanlara haqsızlıq və həqarətdir. Bir heyvan insan qədər usta, peşəkar zülmkar ola bilməz.
Böyük düşüncələr böyük zəkadan daha çox böyük ürəyin məhsuludur.
Xeyr, ləyaqətsiz hərəkət etməyi heç vaxt istəmərəm.
İnsan özünə olan hörmətini, ləyaqətini və inamını itirdisə, işi bitib.
Hər şeyi danışdılar, yoxsa danışmağa gərək qalmadan razılaşdılar? Çox vaxt belə olur, sözlər heç nəyə yaramır. İnsanlar bir-birilərinin fikirlərini gözlərindən oxuyurlar. – Cinayət və Cəza
“Çox kiçik şeylər”. Amma bu kiçik şeylər vacibdir. Bu kiçik şeylər həmişə hər şeyi məhv edir. – Cinayət və Cəza
Məqsədinə çatmaq üçün heç nəyə xor baxma. Hamımızın güvəndiyimiz bu “bəlkə” heç də az bir ümid deyil.
Təriflənməyi sevməyən bütün təmiz, cəsur, ürəkli insanlar kimi sözlərimdən bezmişdi: “Çay istəyirsiniz?” deyib sözü dəyişdirdi.
Bir sehr və ya möcüzəvi bir qüvvə son illərdə yaşadıqlarımı unutdura bilsəydi, sakit başla, yeni iradəylə hər şeyə təzədən başlayardım.
Real həyat da çətin, ağrılı idi. Gözlərimdən yaş töküldü. Düşünürəm ki, bu, həyatımda ilk dəfə baş verirdi. Göz yaşlarımı saxlaya bilmirdim.
. amma heç vaxt ərlə arvad arasında və ya iki sevgilinin arasında olan hadisələr barədə qətiyyətlə danışmayın. Bu işdə heç kimin bilmədiyi, təkcə ikisinin bildiyi gizli bir məqam olur.
Böyük zəka və dərin bir ürək üçün ağrı və əzab həmişə qaçılmazdır. Həqiqətən də böyük insanlar yer üzündə ən böyük kədərə sahibdirlər.
Bəlkə də öz yalanınız başqalarının həqiqətini təkrarlamaqdan daha yaxşıdır. – Cinayət və Cəza
Zəka, zənnimcə, parlaq bir varlıq, təbiəti gözəlləşdirən bir bəzək, həyatın təsəllisidir.
Yalan sevimli bir şeydir, çünki bizi həqiqətə aparır. Pis olan isə danışdığın yalanlara özünün də inanmağındır.
İnsan nə qədər çox hiyləgər olsa, sadə şeylərin tələsinə düşəcəyinə bir o qədər az şübhə edər.
Bəzən həyatda heç görmədiyimiz insanlarla elə qarşılaşmalar olur ki, onlarla bir kəlmə də danışmadan əvvəl ilk baxışdan onlarla münasibət qurmağa başlayırıq.
Başqalarının səfalətinə baxıb öz hallarına şükür edənlərdən diksinirəm.
Burada axmaqlıq hesab edilən bir şey sabah ağıllılıq hesab olunacaq. Burada indi təbii olmayan bir şey orada tamamilə təbii sayılacaq.
Ağrı və kədər vicdan və geniş ürək üçün həmişə vacibdir.
F.M.Dostoyevski – “Bədbəxt İnsanlar” əsəri ilə tanışlıq və qısa məzmunu
1846-cı il, gənc Fyodor, ilk romanı “Bədbəxt İnsanlar”-ı (org. Бедные люди) tamamlayar-tamamlamaz ev yoldaşı Grigoroviçə oxudur. Grigoroviç əsəri mütaliə edərkən o qədər həyəcanlanır ki, bir neçə dəfə qalxıb Fyodoru qucaqlamaq istəyir. Lakin, bu hərəkətinin Fyodor tərəfindən bəyənilməyəcəyini bildiyi üçün sakit şəkildə oturur. Grigoroviç, səhəri gün romanı yazaraq Nekrasova aparır. Kitabın təsiri altına düşən Nekrasov da öz növbəsində Belinskiyə “Yeni Qoqol dünyaya gəldi” deyərək, əsərə onun da göz gəzdirməsini istəyir. Nekrasov axşam yenidən Belinskiyə baş çəkdikdə onu həyəcan içində görür; “Harada qaldınız? Dostoyevski indi haradadır? Gəncdir? Neçə yaşı var? Yubanmadan onu mənim yanıma gətirin!”
Belinskinin evinə gətirilən 23 yaşında olan gənc yazar daha sonralar olanları belə xatırlayır: “Budur, məni onun yanına apardılar. Belinskinin əsərini bir neçə il öncə həyəcanla oxumuşdum, amma mənə sərt və ürküdücü bir əsər təsiri bağışlamışdı. Mənim “Bədbəxt İnsanlar”-mı məsxərəyə qoyacaq deyə düşünürdüm. Məni çox hörmətli və başı aşağı şəkildə qarşıladı, amma daha bir dəqiqə belə keçməmiş hər şey tamamən başqa şəkil aldı. Alovlu gözləri ilə danışaraq mənə təkrar-təkrar ”Siz özünüz başa düşürsünüzmü?” deyə müraciət edirdi. Sonra yenidən səsinin tonunu yüksəldərək “ Nə yazdığınızı özünüz başa düşürsünüz?” deyə təkrarlayırdı. Ola bilməz, sizin kimi bir gəncin bunları başa düşməsi qeyri-mümkündür. Həqiqəti kəşf etmiş və bir sənətçi olaraq elan etmisiniz. Sizə bir istedad bəxş olunmuşdur. İstedadınızın dəyərini bilin və əmin olun ki, siz böyük bir yazar olacaqsınız.”
Belinskinin sözlərindən 171 il keçməsinə baxmayaraq, bu gün də Dostoyevskinin yaradıcılığı oxucu auditoriyası tərəfindən oxunur və sevilir. O, öz sözlərində yanılmamışdı. “Bədbəxt İnsanlar”, gənc Fyodorun dünya ədəbiyyatına bağışladığı ilk mirasıdır.
Bədbəxt İnsanlar : F.M.Dostoyevskinin “Bədbəxt İnsanlar” romanı, bu gün də sevilə-sevilə oxunan “Oxşar”,”Bəyaz Gecələr”, ”Qumarbaz”, ”Cinayət və Cəza”, ”İdiot” və.s kimi şedevrlərinin cücərməsinə zəmin yaradan toxumdur. Hər nə qədər kütlənin və insanların kirli ruhlarıyla kirləndirilmiş olsa belə, bu eyniylə belədir.
Bir qisim nəşriyyatçı gənc yaşında ən yaxşı əsərini qələmə aldığını söyləsə də, başqa bir qismi irəlidə daha böyük bir yazıçıya çevriləcəyini dedi. Xüsusi təriflərə və ciddi tənqidlərə məruz qalan bu əsər qələmə alınmasından artıq 171 il ötür.
“Bədbəxt İnsanlar”, Varvara Alekseyevna və Makar Alekseyevin arasında keçən məktub yazışmaları ilə oxucuları öz təsiri altına almağı bacarır. Alekseyeviçin kiçik otaqlarda və orada yaşayan insanlarla dolu olan mətbəxin yanındaki pərdə ilə ayrılmış otağına, pəncərənin yanında olduğunu düşündüyü bir siluetə olan sevgisi bu məktubların və həyat eşqinin tək səbəbidir.
Alekseyeviçin Nuhun gəmisinə bənzətdiyi bu kiçik pansionda pərdənin xəfifcə tərpənməsi ilə göyərçini Varvara Alekseyevanı görmək ümidi onu xoşbəxt etməkdədir. Varvaranın həyatı isə ölümlərlə zəngin olan bir dramdan ibarətdir. Məktublar intensiv şəkildə gəldikcə daha çox cəsədin sirrini gizlətdiyi bu tozlu kağızlardan ayırararaq Makar ilə bölüşür. Artıq həyatda olmayan bu cəsədlərin kimisində bir tanışlığı, kimisində xəyalları, kimisində də ümidləri uçub gedərək həyata vida etmişdir. Varvara üçün kədər bəxş edən günlər yenidən başlayır.
Varvara, atasını itirməsindən sonra anası ilə birliktə keçindiyi günlərdə yaxasını buraxmayan və qol-qanad açan etibarlı əllərin, əslində bir leşlə qidalanan qanadlı canlının pəncəsi olduğunu hər addımında hiss edir. Yoxsulluq və gücsüzlük taleyin zülmünü daima ona yükləyir.
Məktublar ardı-arası kəsilmədən gedib-gələrkən, Makar xarakteriylə Varvara xarakterinin görüşdüyünü də başa düşməyə başlayırıq. Makar ilə yaxınlaşmağa başladıqca, həyatının gənclik illərindən bu yana ölümlə örtülü olan qara taleyinin içərisində daha da səmimi məktublaşmalar başlayır. Səmimiyyətləri və dostluqları artdıqca Varvaranın kədərlərini də daxilən hiss edir ,ona ortaq oluruq.
Kitabın süjet xətti Varvara obrazının həyatına və keçmişinə köklənmiş şəkildə irəliləyir. Əsərdə olan bəzi gizlin simvollar və işarələr o zamanlar dahi Dostoyevskinin nə qədər güclü bir qələm sahibi olduğunu göstərir. ”Bədbəxt İnsanlar” adlı əsərdə Varvaranın anasının atasına ”Göyərçin” deməsi ilə Makar obrazının davamlı olaraq Varvaraya eyni xitabla müraciət etməsi Elektra kompleksini güclü bir şəkildə ifadə edir. (Elektra kompleksi qız uşaqlarının atasını anasından qısqanaraq onu bir düşmən olaraq görməsi kimi izah oluna bilər. Ziqmund Freydin psixoanalizində yer alan bu yanaşmanın köklərin Yunan mifologiyasına dayandığı fərz edilir.)
Əsəri mütailə edərkən F.M.Dostoyevskinin “Bədbəxt İnsanlar” əsərinin digər əsərlərindən fəqrli olaraq, pul qazanmaq məqsədi ilə qələmə alınmadığını özünüz də hiss edə bilərsiniz. Başa düşülməsi çətin deyil ki, bu əsər bizi, qumar və miras indeksli bir hekayə ilə qarşılaşdırmır. Makar adlı obrazın ətrafındaki hamını pisləyib, yoxsul olaraq önəm vermədiyi bir toplumda sürətli olaraq hədiyyələr aldığı Varvaranın getdikcə hüzurlanmasını, insanların özləri ilə gəzdirdikləri keçmişləri ilə get-gəl etməsini də hər səhifədə maraqla oxuyuruq.
“Bədbəxt İnsanlar” əsəri ədəbiyyat dünyasını yerindən oynatsa da, Dostoyevski küliyyatının ilk olması səbəbi ilə onun ən önəmli əsərlərindən biri hesab olunur. Amma, kim bilir bəlkə də həmin gün orada Belinskinin yerinə ölkəmizdən hər hansı bir nəşriyyatçı olsa idi, indi bəlkə də Dostoyevski, partlamış türk ədəbiyyatı nümunələrinin hökm sürdüyü mühitimizdə xatırlanmazdı belə. Hər dövrdə qərəzli tənqidçilərin və nəşriyyatçıların olduğunu var saysaq, bəllkə də bu günə qədər neçə-neçə “Dostoyevskilərin” ulduzlarının parlamamış söndürüldüyünü anlamaqda çətinlik çəkmərik.
Текст книги “Yosxul insanlar”
Ah, bu hekayəçilər! Bu qədər xeyirli, xoş, gözəl şeylər qala-qala, harda gizli şeylər varsa tapıb çıxartırlar. İmkanım olsaydı onlara yazmağı qadağan edərdim! Bu nədir axı: oxuyursan, istəmədən düşünürsən, – axırda hamısı beyninə hopur; doğrudan da, qadağan etmək lazımdır; sadəcə qadağan etmək.
Knyaz V.F.Odoyevski
1-ci məktub – 8 aprel
Çox dəyərli Varvara Alekseyevna!
Dünən xoşbəxt idim, çox xoşbəxt idim, hədsiz dərəcədə xoşbəxt idim! Həyatınızda bircə dəfə də olsa, mənə qulaq asdınız. Axşam saat səkkizdə oyandım (işdən sonra bir-iki saat yatdığımı bilirsiniz), şamı yandırdım, kağız hazırladım, qələmi götürəndə birdən gözlərimi qaldırdım və ürəyim atlandı! Mənim nə istədiyimi, qoca ürəyimin nəyi arzuladığını başa düşmüşdünüz! Pəncərənizdəki pərdənin bir ucu qatlanıb dibçəyin dalına sıxışdırılmışdı, eynən o dəfə eyham vuruğum kimi; elə bil ordan sizin simanızı da gördüm, siz də otağınızdan mənə baxırdınız, mənim haqqımda düşünürdünüz. Amma xoş çöhrənizi yaxşı görə bilmədiyim üçün elə kədərləndim ki! Vaxtikən mənim də gözlərim yaxşı görürdü. Qocalıq sevinc gətirmir, əzizim! Elə indi də gözlərim bulanıq görür, gecə bir az işləyirəm, yazı-pozuyla məşğul oluram, səhərsə gözlərim qızarır, elə sulanır ki, adam içinə çıxmağa utanıram. Amma sizin təbəssümünüz nəzərimdən qaçmadı, mələyim mənim, gülümsədiyinizi görərkən sizi öpəndə hiss etdiyim duyğuları yenə hiss etdim, Varenka, – o öpüş yadınızdadırmı? Bilirsiniz, hətta mənə barmaq silkələdiyinizi də gördüm. Elədir, şıltaq qız? Əlbəttə ki, bütün bunlar haqda məktubunuzda yazacaqsınız.
Bəs sizin pəncərəniz haqda düşündüyümüz oyun necədir, Varenka? Çox hiyləgərcəsinədir, elə deyil? İşləyəndə də, yatanda da, duranda da bilirəm ki, siz mənim haqqımda düşünürsünüz, məni xatırlayırsınız və özünüz də gümrah və şənsiniz. Pərdəni saldınızsa, demək bu – Yatmaq vaxtıdır, Makar Alekseyeviç, gecəniz xeyrə qalsın! – deməkdir. Açsanız – sabahınız xeyir, Makar Alekseyeviç, necə yatdınız; və ya özünüzü necə hiss edirsiniz? Mənə gəlincə, şükür yaradana, yaxşıyam, sağlamam! Görürsünüz, incəqəlblim, necə də ustalıqla düşünülüb; məktub da lazım deyil. Bunu axı mən düşünüb tapmışam. Çox kələkbazam, hə, Varvara Alekseyevna?
Sizə deyim ki, anam, Varvara Alekseyevna, bu gecə çox rahat yatmışam. Düzdür, çox vaxt təzə mənzillərdə rahat yatmaq olmur. Amma mən bu gün çox şən oyandım. Nə gözəl səhərdir, anam! Pəncərəm aydınlanmışdı, günəş nur saçır, quşlar cikkildəyir, havadan bahar təravəti duyulur, təbiət oyanır – qalan hər şey də öz qaydasındadır, baharda olduğu kimi. Mən hətta xoş xəyallara da daldım, Varenka, mənim xəyallarım sizin haqqınızda idi. Sizi insanlara təsəlli və təbiətə gözəllik vermək üçün yaradılan səmavi quşla müqayisə etdim. Düşündüm ki, Varenka, işlər və həyəcanlarla yaşayan biz insanlar, səmavi quşların səbəbsiz və günahsız xoşbəxtliyinə qibtə etməliyik. Məndə balaca kitabça var, Varenka, bütün bunlar orda ətraflı yazılıb. Fikirlər cürbəcür olur, Varenka, ona görə bütün bunları yazıram. İndi bahardır, fikirlər də elə xoşdur ki, incə arzular gətirir – çəhrayı rəngli incə arzular! Buna görədə bütün bunları yazdım; əslinə qalsa, hamısını o kitabçadan götürmüşəm. Yazıçı eynən belə arzular diləyir və yazır: Nə üçün mən quş deyiləm, vəhşi quş deyiləm!
Və s. və i. a. Orda müxtəlif fikirlər var.
Bu səhər hara gedirdiniz, Varvara Alekseyevna? Mən hələ heç işə də hazırlaşmırdım, sizsə bahar ağacdələni kimi otağınızdan çıxıb sevincək halda həyətdən keçdiniz. Sizi görəndə elə sevindim ki! Ah, Varenka, Varenka! Qüssələnməyin. Göz yaşlarıyla əzabı yüngülləşdirmək olmur; bunu təcrübəmdən bilirəm, anam, yaxşı bilirəm. İndi siz çox rahatsınız, səhhətiniz də yaxşıdır. Bəs sizin Fedoranız necədir? Ah, nə mehriban qadındır! Varenka, siz mənə necə yaşadığınızı yazın, hər şeydən razısınızmı? Fedora bir az deyingəndir. Siz ona baxmayın. Varenka, tanrı sizi qorusun! O çox mehriban qadındır!
Keçən dəfə sizə burdakı Tereza haqqında yazmışdım, – o da çox mehriban və etibarlı qadındır. Məktublarımızdan ötrü necə də narahat idim! Onları necə göndərəcəyik? Bir də bu Tereza! Onu bizə tanrı özü göndərib. O mehriban, dinməz qadındır. Amma sahibəmiz çox vicdansız qadındır. Terezanı nökər kimi işlədir, boş dayanmağa qoymur.
Heç təsəvvür etməzsiniz ki, necə oyuna düşmüşəm, Varvara Alekseyevna! Əcəb evdir! Əvvəllər elə sakit yaşayırdım ki… Özünüz bilirsiniz, sakit və tənha; hərdən olurdu ki, milçək uçurdu, səsini eşidirdim. Burda isə səs-küy, qarışıqlıq! Sizin axı buranın necə olduğu haqda təsəvvürünüz yoxdur. Gözünüzün önünə uzun, tamamilə qaranlıq və çirkli koridor gətirin. Sağ əldə boş divardır, sol əldəsə qapılar, ancaq qapılar, nömrələnmiş qapılar. Hər nömrə cəmisi bir otaqdır. Həmin bu nömrələri kirayələyirlər. Buralarda tək, ikilikdə və ya üçlükdə yaşayırlar. Səliqə-səhmanı heç soruşmayın! Ümumiyyətlə, deyəsən yaxşı adamlardır, hamısı oxumuş, savadlı. Bir müfəttiş var (nəsə ədəbiyyat sahəsindədir), oxumuş adamdır; Homerdən də danışır, Brambeusdan[1] 1
Brambeus və ya Baron Brambeus – jurnalist, tənqidçi və belletrist O.İ. Senkovskinin təxəllüsü.
[Закрыть] da, başqalarından da, hər şeydən danışır, – ağıllı adamdır! İki zabit var, bütün günü kart oynayırlar. Miçman var, ingilis müəllim var. Dayanın, anam; növbəti məktublarda onlar haqqında satirik şeylər yazaram, yəni necə adamdırlar, nəylə məşğuldurlar. Sahibəmiz balaca və pinti qarıdır, bütün günü gəzir və Terezanın üstünə qışqırır. Mən mətbəxdə yaşayıram, ya da daha dəqiq deməli olsam, mətbəxdən sonra balaca bir otaq var (burasını da qeyd edim ki, mətbəximiz təmiz və işıqlıdır, çox yaxşıdır), balaca və səliqəli otaqdır. Rahatdır, pəncərəsi də var, bir sözlə, yaxşı otaqdır. Bura mənim guşəmdir. Sizcə, anam, gəlib bura düşməyimdə nəsə sirrli və sehirli bir şey yoxdur ki, – birdən-birə mətbəxin yanı! – amma sizə deyim ki, bu daha yaxşıdır, sakitcə yaşayıram özüm üçün. Bura çarpayı, stol, komod, iki stul qoymuşam, ikona asmışam. Düzdür, bundan yaxşı evlər var, hətta çox yaxşıları var, amma əsas rahatlıqdır; mən axı bütün bunları rahatlıq üçün edirəm, ağlınıza başqa şey gəlməsin. Sizin pəncərəniz qarşı tərəfdədir, aramızdakı həyət də balacadır, hər şey aydın görünür, – bu mənim xoşuma gəlir, həm də ucuzdur. Burdakı ən ucuz otaq otuz beş rubladır. Cibimə görə deyil! Bu otaq üçünsə cəmisi yeddi rubl verirəm. Əvvəllər otuz rublluq evdə yaşayırdım, buna görə də çox şeyi özümə rəva görmürdüm; məsəlçün, çayı həmişə içə bilmirdim, amma indi çayım da var, qəndim də. Bilirsiniz, əzizim, çay içməyəndə də olmur. Burda adam doludur, hamısı da içir. Onu çox vaxt başqalarına görə içirəm, görüntü üçün; əslində, mənim üçün fərqi yoxdur, çay var, yoxsa yox. Təsəvvür edin ki, mənə cibxərcliyi də lazımdır, – bir də görürsən çəkmə almalı oldun, ya da paltar – nə qədər pul lazımdır. Bu da mənim maaşım! Düzdür, şikayətlənmirəm və maaşımdan razıyam. Mənə çatır; artıq neçə ildir ki, çatır, hərdən mükafat da olur.
Hələlik bu qədər bəsdir, mələyim mənim. Mən iki dibçək gülü almışam, çox da baha deyil. Bəlkə bunları bəyənmədiniz, bəlkə başqasından xoşunuz gəlir, onu yazın. Siz bacardığınız qədər ətraflı yazın, hər şeyi yazın. Siz, anam, bu otağı kirayələdiyim üçün pis fikrə düşməyin və heç nədə tərəddüd etməyin. Bütün bunlar rahatlıq üçündür, rahatlığı xoşuma gəlib. Mən axı pul yığıram, anam, qənaət edirəm. Mənim belə sakit olmağıma baxmayın. Mən iradəli adamam və nə etdiyimi bilirəm. Sağ olun, mələyim mənim. Artıq iki vərəq yazmışam, işə getmək vaxtı çatıb. Barmaqlarınızdan öpürəm, anam.
Sizin sadiq nökəriniz və dostunuz Makar Devuşkin.
P.S. Bircə şey xahiş edim: bacardığınız qədər ətraflı cavab yazın. Sizə, Varenka, konfet də göndərirəm; nuşcanlıqla yeyin. Bir də, tanrı xətrinə, məndən ötrü narahat olmayın. Sağ olun, anam.
2-ci məktub – 8 aprel
Çox hörmətli Makar Alekseyeviç!
Deyəsən sizinlə dava etməli olacağıq. Əziz Makar Alekseyeviç, sizin hədiyyələrinizi qəbul etməyə utanıram. Onları hansı məhrumiyyətlərə dözərək aldığınız mənə məlumdur. Neçə dəfə demişəm ki, mənə heç nə lazım deyil, heç nə istəmirəm; etdiklərinizin əvəzini qaytarmaq iqtidarında deyiləm. Bu dibçəklər nəyə lazımdır? Ehtiyatsızlıq edib bircə söz desəm, o saat gedib başqa gül alacaqsınız. Bahadır axı. Nəyimə lazımdır bu güllər? Dibçəyin birini pəncərəyə qoymuşam, görünən yerə. Yenə də alacağam, amma öz pulum olanda! Otağımız indi cənnət kimidir – təmiz, işıqlı! Bəs konfetlər nə üçündür? Bir də, məktubunuzu oxuyanda mənə elə gəldi ki, sizdə heç də hər şey yolunda deyil – cənnət, bahar, cikkildəyən quşlar. Düşünürəm ki, bu nədir? Yoxsa bu da şeirdir? Elə sizin məktublarınızda təkcə şeir əksikdir, Makar Alekseyeviç! İncə hisslər, çəhrayı arzular – burda hər şey var! Pərdə haqqındasa heç düşünməmişdim də, ola bilsin dibçəyi qoyanda ilişib.
Ah, Makar Alekseyeviç! Gəlirinizə arxalanıb məni aldatmağa çalışmayın, elə bilməyin ki, maaşınızın sizə çatdığına inanıram, məndən heç nə gizlətməyin. Mənə görə bəzi vacibatlarınızdan məhrum olduğunuz bəllidir. Belə bir otaq kirayələmək hardan ağlınıza gəlib? Orda sizi narahat edirlər, həm də səs-küylüdür, rahat deyil. Siz təkliyi xoşlayırsınız, burasa çox qarışıqlıqdır. Siz axı bu maaşla daha yaxşı mənzil tuta bilərdiniz. Fedora deyir ki, siz əvvəllər də belə yaşamısınız. Bütün həyatınızı bu cür, tək-tənha, məhrumiyyətlərlə baş-başa, sevincsiz, dostsuz, başqalarının evində necə yaşaya bilmisiniz? Ah, əziz dostum, sizə elə yazığım gəlir ki! Heç olmasa sağlamlığınıza fikir verin, Makar Alekseyeviç! Gözlərinizin zəiflədiyini deyirsiniz, elədirsə şam işığında məktub yazmayın, nə vacibdir? İşinizə də necə münasibət bəslədiyiniz, necə vicdanlı olduğunuz hamımıza bəllidir onsuz da. Yalvarıram sizə, mənim üçün bu qədər pul xərcləməyin! Məni sevdiyinizi bilirəm, amma varlı deyilsiniz axı… Bu gün səhərdən mən də şənəm. Fyodora çoxdan işləyirdi, indi mənim üçün də iş tapıb. Elə sevindim ki; gedib parça aldım və o saat işə başladım. Bütün səhəri sevinclə keçirtmişəm! İndisə yenə də qara fikirlər, kədər; ürəyim sızıldadı.
Ah, mənim başıma nə gələcək, taleyim necə olacaq! İndi qeyri-müəyyənlik içindəyəm, gələcəkdə nələr ola biləcəyi haqda təsəvvürüm də yoxdur. Keçmişi xatırlamağa da qorxuram. Orda hər şey kədərlidir, yadıma düşəndə ürəyim parçalanır. Məni məhv edən pis adamları heç vaxt bağışlamayacağam… Yaxşı, işləmək lazımdır. Sizə çox yazmaq istəyərdim, amma vaxtım azdır. Tələsmək lazımdır. Əlbəttə, məktub yaxşı şeydir, adam darıxmır. Bəs siz özünüz nə üçün bizə gəlmirsiniz? Səbəbi nədir, Makar Alekseyeviç? Axı indi yaxında yaşayırsınız, boş vaxtınız da var. Gəlin, xahiş edirəm. Sizin Terezanızı gördüm. O elə bil xəstədir, yazığım gəldi, ona iyirmi qəpik verdim. Hə, az qala unutmuşdum, hər şeyi mənə yazın, bacardığınız qədər ətraflı yazın görüm necə yaşayırsınız, nə edirsiniz? Bunları bilmək istəyirəm. Mütləq yazın! Bu gün pərdəni tez salacağam. Tez yatın; dünən gecəyarısına qədər otağınızda işıq yanıb.
Sağ olun. Bu gün çox kədərli gün oldu, darıxdım! Belə olmalı imiş. Sağ olun!
Sizin Varvara Dobroselova.
3-cü məktub – 8 aprel
Çox hörmətli xanım, Varvara Alekseyevna!
Hə, anam, hə, əzizim, mənim də bəxtimə mirzə maaşı düşüb. Hə, mən qocanı ələ saldınız, Varvara Alekseyevna! Belə baxanda özüm günahkaram, hər şeyin günahı məndədir! Qoca vaxtında özünü məhəbbətə salıb gülüş hədəfi olmamalısan. Hə, anam, sizə hirslənmirəm, amma bunları xatırlamaq ağrıdır məni, eynən sizə yazdığım bütün sarsaq şeylər kimi. Bu gün işə elə sevincək getdim ki, üzüm parıldayırdı. Səbəbsiz yerə ürəyim atlanırdı, sevinirdim, elə bil bayramdır; xoş idi! Xoş ovqatla da işə başladım, – sonra nə oldu? Bir də baxdım ki, hər şey əvvəlki vəziyyətinə qayıdıb – bozarıb, tutqunlaşıb. Eyni mürəkkəb ləkələri, eyni stollar və kağızlar, mən də həmişəki mən, əvvəl necə olmuşamsa, elə də qalmışam. Bəs həyətimizdə duyulan bu ətir nəydi? Bunların hamısı mənə görünmüşdü. Hərdən elə olur ki, adam öz hisslərini çaş-baş salır. Bu ürəyin ani axmaqlığından olur, başqa heç nədən. Evə də sürünə-sürünə qayıtmışam. Birdən-birə başım ağrıdı, baharın gəlişinə sevinib işə nazik şinellə getmişdim. Hisslərim də yanılıb, əzizim! Atalıq hissi güc gəlmişdi mənə, Varvara Alekseyevna, atalıq hissi; sizin yetimliyinizi atalıq hissiylə doldururam; bunu təmiz qəlblə, ancaq və ancaq qohumluq bağlarına arxalanan ən ülvi hisslərlə deyirəm! Nə də olmasa sizin qohumunuzam, düzdür, uzaq qohumam, atalar sözüylə desək, kiselin yeddinci suyu kimi, amma qohumam; indisə yaxın qohum və hamiyəm; siz himayədar və müdafiəçi axtarmalı olduğunuz yerdə satqınlıq və ağrı tapdınız. Şeirlərə gəlincə bunu deyim ki, anam, bu yaşımda şeir yazmaq mənə yaraşmaz. İndi məktəbdə şeir yazan uşaqları döyürlər. Bu işlər belədir.
Bəs o rahatlıq, sakitlik və başqa-başqa şeylər haqqında yazdıqlarınız nədir, Varvara Alekseyevna? Anam, mən şıltaq və tələbkar deyiləm, heç vaxt da indiki kimi rahat yaşamamışam; indi deyirsiniz bu qoca yaşımda durub şıltaqlıq edim? Yeməyim var, paltarım var, çəkməm var – daha nə lazımdır? Qraf deyiləm ki! Atam zadəgan deyildi və mənim indi qazandığımdan daha az qazanırdı. Hər şeyi açıq danışmalı olsaq, deməliyəm ki, keçmiş mənzilim üçün darıxıram. Əlbəttə, bu mənzilim də yaxşıdır, hətta belə baxanda daha şəndir; burası düzdür, amma köhnə mənzilim üçün də darıxıram. Biz qocalar, daha doğrusu yaşlılar, köhnə əşyalara doğma adamlar kimi bağlanırıq. Bilirsiniz, belə, balaca mənzil idi, divarları… – nə danışasan axı! – divarları elə bütün divarlar kimi idi. İş onda deyil, amma xatirələr məni qüssələndirir… Qəribədir – xatirələr ağrıtsa da, elə bil onlarda xoşagələn nəsə də var. Biz sakit yaşayırdıq, Varenka; mən və mərhum ev sahibəsi. Həmin qarını da qüssəylə xatırlayıram indi! Yaxşı qadın idi, ev üçün də çox pul almırdı. Bir də görürdün nəsə toxumağa başladı. Bircə dənə şam yandırırdıq, eyni stolda oturub işləyirdik. Onun nəvəsi də vardı, Maşa – onu körpə vaxtı görmüşdüm – indi on üç yaşı olmalıdır. Elə şıltaq, şən idi ki, həmişə bizi güldürürdü, beləcə üçlükdə yaşayırdıq. Hərdən uzun qış gecələrində dairəvi stolun ətrafında oturub çay içirdik, sonra işə başlayırdıq. Qarı isə, Maşa darıxıb dəcəllik etməsin deyə, nağıl danışırdı. Necə nağıllar idi! Tək uşaqları deyil, böyük və ağıllı adamları da maraqlandırardı! Olurdu ki, elə mən özüm də sakit oturub çubuq çəkə-çəkə qulaq asırdım, işi də unudurdum. Maşa da sakit oturub qulaq asırdı, hərdən qorxulu nağıl olanda balaca ağzını büzüb nənəsinə qısılırdı. Ona baxmaq xoşumuza gəlirdi; şamın yanıb əriməyinə, bayırdakı tufanın səsinə də fikir vermirdik. Yaxşı yaşayırdıq, Varenka; və beləcə, az qala iyirmi il bir yerdə yaşamışdıq. Yaman çox danışdım. Ola bilsin bu sizin xoşunuza gəlməyəcək, elə mənə də xatırlamaq çətindir.
Tereza nəsə iş görür, mənim başım ağrıyır, kürəyim də sızıldayır, fikirlərim də qarışıqdır, elə bil onlar da ağrıyır. Bu gün kədərliyəm, Varenka! O nədir yazmısınız, əzizim, sizə necə gələ bilərəm axı? Camaat nə deyər? Gəlsəm gərək həyətdən keçim, elə olsa evdəkilər görəcəklər, maraqlanacaqlar, qeybətə çevirəcəklər, başqa yerə yozacaqlar. Yox, mələyim mənim, yaxşısı mən sizi sabah kilsədə görərəm. Belə daha yaxşı və daha təhlükəsiz olar. Bir də, belə məktub yazdığım üçün məni qınamayın. İndi özüm oxuyuram və əlaqəsiz şeylər yazdığımı görürəm. Mən, Varenka, qoca, savadsız adamam; cavanlıqda oxumamışam, indisə oxumaq istəsəm də, başıma heç nə girməz. Boynuma alıram ki, yaxşı yazmağı bacarmıram və kiminsə diqtəsi olmadan nəsə yazmağa çətinlik çəkirəm. Bu gün sizi pəncərədən gördüm, pərdəni necə saldığınızı da gördüm. Sağ olun, Sağ olun, tanrı sizi qorusun! Sağ olun, Varvara Alekseyevna!
Dostunuz Makar Devuşkin.
P.S. Əzizim, mən artıq heç kimin haqqında satira yazmıram. Qocalmışam, Varvara Alekseyevna, gülərlər mənə; atalar sözündə necə deyilir: kim ki başqasına quyu qazır, elə özü də… ora düşür.
4-cü məktub – 9 aprel
Xeyirxah cənab Makar Alekseyeviç!
Əziz dostum və xeyirxahım Makar Alekseyeviç, özünüzü naza qoymağa heç utanmırsınız? Doğrudan xətrinizə dəydim? Ah, mən tez-tez ehtiyatsızlıq edirəm, amma sözlərimi ciddi qəbul edəcəyinizi gözləmirdim. Əmin olun, mən heç vaxt sizə, sizin xasiyyətinizə lağ etməyə cəsarət etmərəm. Hamısı yelbeyinliyimin və darıxmağımın ucbatından oldu, adam darıxanda nələr etməz ki! Mənə elə gəldi ki, siz öz məktubunuzda zarafat etmək istəyinizi dilə gətirmisiniz. İndi məndən incidiyinizi anlayanda çox kədərləndim. Yox, əziz dostum, əgər məni nankorluqda və hissiyyatsızlıqda günahlandırsanız, səhv etmiş olacaqsınız. Mənim üçün etdiyiniz hər şeyi, pis adamlardan necə müdafiə etdiyinizi, nifrətdən, kindən qoruduğunuzu xatırlayıram və qiymətləndirirəm. Ömrüm boyu sizə duaçı olacağam və əgər dualarım qəbul olunsa, siz xoşbəxt olacaqsınız.
Bu gün bir az xəstəyəm. Qızdırmam var, titrədirəm. Fedora çox narahatdır. Nahaq yerə bizə gəlməyə utanırsınız, Makar Alekseyeviç. Başqalarının nəyinə lazım? Biz tanışıq, bu qədər. Sağ olun, Makar Alekseyeviç. Daha çox yaza bilməyəcəyəm, kefim yoxdur; həm də başqa nə yazasan? Bir də xahiş edirəm, mənə hirslənməyin və sizə bəslədiyim hisslərin ülviliyindən əmin olun.
Sizin Varvara Dobroselova.
5-ci məktub – 12 aprel
Çox hörmətli xanım Varvara Alekseyevna!
Ah, anam, sizə nə olub? Hər dəfə məni qorxudursunuz. Hər dəfə sizə yazıram ki, ehtiyatlı olun, özünüzü qoruyun, pis havalarda bayıra çıxmayın, – amma, mələyim mənim, mənə qulaq asmırsınız. Özünüzü uşaq kimi aparırsınız, mələyim mənim! Siz axı saman çöpü qədər incəsiniz. Xəfif meh əsən kimi titrəyirsiniz. Buna görə də özünüzü qorumalı və sizi sevən dostlarınızı kədərləndirməməlisiniz.
Necə yaşadığım və ətrafımda olanlar haqda hər şeyi bilmək istəyirsiniz. İstəyinizi məmnuniyyətlə yerinə yetirirəm. Əvvəldən başlayım, anam: belə daha səliqəli olar. Əvvəla bunu deyim ki, binamızın girişi çox təmizdir, böyükdür, işıqlıdır, pilləkanlar da yaxşıdır; burda hər şey çuqundan və qırmızı ağacdan düzəldilib. Amma arxa girişi heç soruşmayın: nəmişlik və çirk içindədir, pilləkanlar sınıq-sınıq, divarlar yağ içindədir, əlinizi qoysanız yapışar. Hər meydançada sandıqlar, sınıq stullar və şkaflar yığılıb, pəncərə şüşələri sınıq-sınıqdır, zibil vedrələri dolub-daşır, yumurta qabığından tutmuş balıq tıxınacan hər şeylə doludur; pis iy gəlir… bir sözlə, pis vəziyyətdədir.
Keçən dəfə otaqlar haqqında yazmışdım; düzdür, evin quruluşu rahatdır, amma içəri havasızlıqdır, necə deyim, bir az turşumuş və qaxsımış iy gəlir. Birinci dəfədən adama xoş gəlmir, amma iki dəqiqədən sonra öyrəşirsən, çünki iy sənə də hopur, özündən də iy gəlir, əllərindən də, paltarından da, – öyrəşirsən. Amma quşlar bu havaya öyrəşə bilmir. Miçman artıq beşinci quşu alıb, – bizim havamızda yaşaya bilmirlər, ölürlər. Mətbəximiz böyükdür, genişdir, işıqlıdır. Düzdür, səhərlər balıq və ət qızartdıqları üçün bir az duman olur, həm də hər yerə su sıçradırlar, amma axşamlar cənnət kimidir. Mətbəxdəki zivədə həmişə alt paltarları asırlar; otağım mətbəxin yanında olduğu üçün paltarların iyi məni bir az narahat edir; amma yaşaya-yaşaya öyrəşmişəm artıq.
Səhər açılan kimi, Varenka, səs-küy aləmi bürüyür, hamı durur, gəzir, nəyisə tıqqıldadır, – hamı birdən oyanır, işə gedənlər və ya başqa işi olanlar, elə yerdə qalanlar da; hamı çay içməyə gəlir. Samovarların çoxusu ev sahibəsinindir, həm də azdır, çay dəmləmək üçün növbəyə dayanırıq; kimsə növbəni pozmağa çalışsa başını əzərlər. Bura birinci dəfə gələndə, hə… ya da bunda yazmalı nə var ki? Burda hamı ilə tanış oldum. Ən birinci miçmanla tanış oldum; səmimi adamdır, mənə hər şeyi danışdı: atasından, anasından, Tulada ərdə olan bacısından, Kronştadt şəhərindən. Çətinliyim olanda kömək edəcəyini bildirdi və məni çaya dəvət etdi. Burda bir otaq var, kartı burda oynayırlar, miçmanı orda tapdım. Mənə çay verdilər və birlikdə qumar oynamağı təklif etdilər. Mənə güldülər, ya gülmədilər – burasını bilmirəm, amma özləri bütün günü oynamışdılar, gecəni də oynadılar. Otaqdakı tüstüdən gözlərim acışdı. Mən oynamadım, sonrasa fəlsəfədən danışdığımın fərqinə vardım. Daha sonra heç kim mənimlə danışmadı və mən buna şad idim. Daha onların yanına getməyəcəyəm; onlar qumar ehtirasına qapılıblar, əsl ehtirasa! Ədəbiyyat sahəsindəki müfəttiş də hərdən yığıncaqlar düzəldir. Qonaqları sadə və yaxşı adamlardır.
Hə, Varenka, ev sahibəmizdən də danışım, əsl küpəgirən qarıdır. Siz Terezanı görmüsünüz. Sizdə nə təəssürat yaratdı? Ütülmüş toyuq kimidir, elədir? Bu boyda evdə cəmisi iki qulluqçu var: Tereza və Faldoni, Faldoni ev sahibəsinin nökəridir. Bilmirəm, bəlkə də onun başqa adı da var, amma evdə hamı onu belə çağırır. O sarışın, donqar, yekəburun, kobud adamdır. Bütün günü Terezayla deyişir, az qala dava edəcəklər. Açığına qalsa, burda həyatım elə də xoş keçmir… Bir dəfə də olsun, gecə hamı eyni vaxtda yatıb sakitləşməyib. Həmişə hardasa oturub qumar oynayırlar, ya da elə şeylər edirlər ki, deməyə də utanıram. Düzdür, mən artıq öyrəşmişəm, amma hərdən fikirləşirəm ki, görəsən evli adamlar burda necə yaşayır? Burda bir yoxsul ailə yaşayır, amma başqa otaqların yanında yox, küncdə, ayrıca otaq tutublar. Sakit adamlardır! Heç kim onların səsini eşitməz. Bircə otağı pərdəylə bölüb yaşamağa çalışırlar. Kişi müfəttişdir, yeddi il qabaq nə üçünsə işdən qovulub. Soyadı Qorşkovdur; balacaboy, çalsaç kişidir, köhnə, süzülmüş paltarda gəzir; mənimkindən də pisdir! Hərdən koridorda rastlaşırıq, dizləri, əlləri, başı titrəyir, yəqin hansısa xəstəliyə tutulub, kim bilir. Hamıdan qorxur, hamıdan çəkinir. Gəzəndə də divara qısıla-qısıla gəzir. Mən də utancağam, amma o məndən daha utancaqdır. Bir özüdür, bir arvadı, bir də üç uşağı. Böyüyü oğlandır, eynən atasıdır dayanıb. Arvadı haçansa gözəl olub, indi də simasından bilinir; o da tör-töküntü geyinir. Eşitdiyimə görə, evə görə borcları yığılıb; sahibə onlarla çox da yola getmir. Bunu da eşitmişəm ki, Qorşkovun özünün də başı bəladadır, elə o səbəbdən də işdən qovulubmuş… İşi nə yerdədir, məhkəmədədir, yoxsa yox – burasını bilmirəm. Bədbəxtdirlər onlar, bədbəxt – aman tanrım! Həmişə otaqlarında sakitlikdir, elə bil burda adam yaşamır. Heç uşaqların da səsi çıxmır. Bir dəfə də olsun uşaqların qışqırdığını, oynadığını eşitməmişəm, bu isə pis əlamətdir. Bir dəfə gecə vaxtı onların otağının qabağından keçməli oldum; içəridən hıçqırıq səsi gəldi, sonra pıçıldaşdılar, sonra yenə hıçqırıq, hə, dəqiq kimsə ağlayırdı. Elə bil ürəyimi parçaladılar, bütün gecəni o bədbəxtlər ağlımdan çıxmadı, heç yaxşı yata da bilmədim.
Hə, sağ olun, çox dəyərli dostum Varenka! Bacardığım qədər hər şeyi yazmağa çalışdım. Bu gün bütün günü sizi düşünmüşəm. Sizə görə ürəyim sızıldayıb. Əzizim, axı sizin paltonuzun olmadığını bilirəm. Peterburq baharı soyuq olur, Varenka, küləkli, sulu qarlı olur. Bizi bu havalardan tanrı özü qorusun! Yazdıqlarımı mənə irad tutmayın, bacardığım bu qədərdir, Varenka. Əlimdən başqa bir şey gəlməsə də, heç olmasa məktublarımla sizi bir az şənləndirim. Əgər təhsil ala bilsəydim, o olardı başqa məsələ; amma oxumamışam, neyləyim?
Sizin əbədi və sadiq dostunuz Makar Devuşkin.
Comments are closed, but trackbacks and pingbacks are open.