Press "Enter" to skip to content

Dovlet Dili – Wikipedia

Azərbaycan Respublikasında dövlət dili haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Dövlət dili

Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2003, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 2)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

Azərbaycan Respublikasında dövlət dili haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Maddə 1. Dövlət dilinin hüquqi statusu

1.1. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vatəndaşının borcudur.

1.2. Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir.

1.3. Azərbaycan Respublikası dövlət dilinin işlənməsini, qorunmasını və inkişafını təmin edir.

1.4. Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu Qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır.

1.5. Dövlət dilinin tətbiqinin normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

1.6. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla (və ya onların nümayəndəlikləri ilə) və xarici dövlətlərin diplomatik nümayəndəlikləri ilə yazışmalar Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq xarici dildə Azərbaycan dilinə tərcümə olunmaq şərtilə aparıla bilər.

Maddə 2. Azərbaycan Respublikasında dövlət dili haqqında qanunvericilik

Azərbaycan Respublikasında dövlət dili haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 3. Dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri

3.0. Dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:

3.0.1. Azərbaycan Respublikası Konstitusiyasının və bu Qanunun taləblərinə uyğun olaraq dövlət dili ilə bağlı hüquq qaydalarının müəyyənləşdirilməsi;

3.0.2. dövlət dilinin tətbiqi işinə, bu dilin işlənməsi və qorunması ilə bağlı qanunvericiliyin müddəalarına riayət olunmasının təmin edilməsi;

3.0.3. dövlət dilinin inkişaf proqramının hazırlanması və dövlət büdcəsinin vәsaiti hesabına maliyyələşdirilməsinin təmin edilməsi;

3.0.4. dövlət dilinin saflığının qorunması, dilçilik elminin nәzәriyyәsi və praktikasının inkişafı üçün müvafiq şəraitin yaradılması və tədbirlərin həyata keçirilməsi;

3.0.5. dövlət dilinin işlənməsi üçün zəruri olan maddi bazanın yaradılması;

3.0.6. xarici ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan dilində təhsil almalarına, bu dildən sərbəst istifadə etmələrinə köməklik göstərilməsi.

Dövlət dİlİnİn İşlənməsİ, qorunması və İnkİşafı

Maddə 4. Dövlət dilinin rəsmi mərasimlərdə işlənməsi

4.1. Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, dövlət qurumlarının keçirdiyi bütün rəsmi mərasim və tədbirlər Azərbaycan Respublikasının dövlət dilində aparılır.

4.2. Bu Qanunun 4.1-ci maddəsinin tələbləri Azərbaycan Respublikasının təşkil etdiyi beynəlxalq səviyyəli rəsmi mərasimlərə və tədbirlərə, habelə müvafiq icra hakimiyyəti orqanları tərəfindən digər ölkələrdə keçirilən hər hansı rəsmi mərasim və tədbirə şamil olunmur.

Maddə 5. Dövlət dilinin təhsil sahəsində işlənməsi

5.1. Azərbaycan Respublikasında təhsil dövlət dilində aparılır.

5.2. Azərbaycan Respublikasında başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Belə müəssisələrdə dövlət dilinin tədrisi məcburidir.

5.3. Azərbaycan Respublikasında ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir.

Maddə 6. Dövlət dilinin televiziya və radio yayımlarında işlənməsi [1]

Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən, dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və səlis danışıq qabiliyyətinə malik olmalıdırlar. Televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır.

Maddə 7. Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi

7.1. Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. [2]

7.1-1. Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır. Mətndə digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydə alındığı formada göstərilməlidir. [3]

7.2. Azərbaycan Respublikasının ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir.

7.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır.

7.4. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.

Maddə 8. Dövlət dilinin xüsusi adlarda işlənməsi

Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir.

Maddə 9. İnzibati ərazi bölgüsü ilə əlaqədar dövlət dilindən istifadə

“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünü təşkil edən inzibati ərazi vahidlərinin – şəhər, rayon, inzibati ərazi dairəsi, qəsəbə və kəndlərin adları dövlət dilində yazılmalıdır, onların dövlət dilinin normalarına uyğun olaraq yazılışı müvafiq qurum tərəfindən müəyyənləşdirilir. Bu maddədə göstərilən inzibati ərazi vahidlərinin adları dövlət dili ilə yanaşı xarici dillərdə də yazıla bilər. Belə olan halda inzibati ərazi vahidinin adı əvvəlcə dövlət dilində və ondan sonra xarici dildə verilməlidir.

Maddə 10. Coğrafi obyektlərin adlarında dövlət dilinin işlədilməsi

10.1. Azərbaycan Respublikasında coğrafi obyektlərin adlarının dövlət dilinin normalarına uyğun olaraq yazılışı müvafiq qurum tərəfindən müəyyənləşdirilir.

10.2. Azərbaycan coğrafi adlarının xarici dillərdə verilməsi Azərbaycan dilində səslənməsinə, coğrafi adların beynəlxalq yazılış qaydalarına uyğun olaraq müəyyən edilir.

Maddə 11. Dövlət dilinin hüquq mühafizə orqanlarında, Silahlı Qüvvələrdə, notariat fəaliyyətində, inzibati icraatda, məhkəmə icraatında və inzibati xətalar üzrə icraatda işlənməsi [4]

11.1. Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarında Azərbaycan Respublikasının dövlət dili işlənir. Dövlət dilini bilməyən şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada tərcüməçidən istifadə edə bilərlər.

11.2. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, sərhəd qoşunlarında və daxili qoşunlarda, qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, dövlət dili işlənir. [5]

11.3. Azərbaycan Respublikasının notariat fəaliyyəti üzrə kargüzarlıq dövlət dilində aparılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə və ya notariat hərəkətinin hər hansı başqa dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edə bilər və ya mətn tərcüməçi tәrәfindәn ona tərcümə edilə bilər.

11.4. Konstitusiya Məhkəməsində icraat dövlət dilində aparılır. Konstitusiya Məhkəməsində baxılan işin iştirakçısı olan və icraatın aparıldığı dili bilməyən şəxslərə işin bütün materiallarının onların bildiyi dilə tərcüməsi və Konstitusiya Məhkəməsinin iclaslarında ana dilində çıxış etməsi təmin olunur.

11.5. Azərbaycan Respublikası məhkəmələrində cinayət mühakimə icraatı dövlət dilində aparılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada bütün növ məhkəmə icraatları digər dillərdə aparıla bilər.

11.6. Azərbaycan Respublikası məhkəmələrində mülki işlər, kommersiya və inzibati mübahisələr üzrə məhkəmə icraatı dövlət dilində aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada bütün növ məhkəmə icraatları digər dillərdə aparıla bilər. [6]

11.7. Azərbaycan Respublikasında İnzibati xətalar üzrə icraat dövlət dilində aparılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati xətalar üzrə icraat digər dillərdə aparıla bilər. [7]

11.8. İnzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən inzibati icraat dövlət dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır. İnzibati icraatda iştirak edən və icraatın aparıldığı dili bilməyən şəxslərə tərcüməçinin xidmətindən istifadə etmək hüququ izah və təmin edilir. [8]

Maddə 12. Dövlət dilinin beynəlxalq yazışmalarda işlənməsi

12.1. Azərbaycan Respublikasının beynəlxalq yazışmaları dövlət dilində aparılır. Belə yazışmalar zəruri hallarda dövlət dili ilə yanaşı, müvafiq xarici dillərdən birində də aparıla bilər.

12.2. Azərbaycan Respublikasının ikitərəfli beynəlxalq müqavilələri dövlət dilində də, çoxtərəfli beynəlxalq müqavilələr isə müqavilə bağlayan tərəflərin razılığı ilə müəyyən edilən dildə (dillərdə) tərtib olunmalıdır.

12.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr (sazişlər və s.) və qoşulduğu beynəlxalq konvensiyalar (protokollar və s.) dövlət dilində nəşr edilməlidir.

Maddə 13. Dövlət dilinin normaları

13.1. Dövlət dilinin normaları özündə Azərbaycan ədəbi dilinin orfoqrafiya və orfoepiya normalarını ehtiva edir. Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Hüquqi, fiziki və vəzifəli şəxslər bu normalara əməl etməlidirlər. [9]

13.2. Müvafiq icra hakimiyyəti orqanı 5 ildə bir dəfədən az olmayaraq yazı dili normalarını təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr olunmasını təmin edir.

Maddə 14. Dövlət dilinin əlifbası

Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır.

Maddə 15. Dövlət dilinin nəşriyyat işində işlənməsi

15.1. Dövlət dilinin nəşriyyat işində işlənməsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həyata keçirilir.

15.2. Azərbaycan Respublikasında dövlət dilində nəşr olunan çap məhsulları latın qrafikalı Azərbaycan əlifbasında buraxılmalıdır.

15.3. Azərbaycan yazı mədəniyyətinin tarixində mühüm rol oynamış ərəb və kiril əlifbalarından xüsusi hallarda (lüğətlərdə, elmi nəşrlərdə ədəbiyyat göstəricisi və s.) istifadə edilə bilər.

Maddə 16. Dövlət dilinin vətəndaşların şəxsiyyətini təsdiq edən rəsmi və vahid nümunəli sənədlərdə işlədilməsi

16.1. Azərbaycan Respublikası vətəndaşlarının doğum və nikah haqqında şəhadətnamələri, şəxsiyyət vəsiqəsi, əmək kitabçası, hərbi bileti və yalnız, ölkə daxilində etibarlı sayılan digər rəsmi və vahid nümunəli sənədlər dövlət dilində tərtib edilir.

16.2. Azərbaycan Respublikası vətəndaşlarının pasport və təhsil haqqında sənədləri, zəruri hallarda digər sənədləri dövlət dili ilə yanaşı xarici dillərdə də tərtib edilir.

Maddə 17. Dövlət dilinin dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adında işlədilməsi

Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, möhürlər və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib olunur.

Maddə 18. Dövlət dilinin qorunması və inkişafı

18.1. Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır.

18.2. Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər.

Maddə 19. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanun pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 20. Qanunun qüvvəyə minməsi

20.1. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.

20.2. Bu Qanun qüvvəyə mindiyi gündən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının 22 dekabr 1992-ci il tarixli 413 nömrəli Qanunu qüvvədən düşmüş hesab edilir.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2002-ci il

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 10 iyun 2003-cü il tarixli 471-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 415)

2. 11 iyun 2004-cü il tarixli 688-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 598)

3. 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053)

4. 10 iyun 2011-ci il tarixli 150-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 30 iyun 2011-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 483)

5. 29 noyabr 2016-cı il tarixli 417-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 yanvar 2017-ci il, № 18 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 5 )

6. 1 fevral 2019-cu il tarixli 1460-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 24 fevral 2019-cu il, № 45 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 180)

7. 19 fevral 2019-cu il tarixli 1518-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 7 aprel 2019-cu il, № 74 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 578 )

8. 8 may 2020-ci il tarixli 96-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 19 iyun 2020-ci il, № 116 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 674 )

9. 8 may 2020-ci il tarixli 93-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 25 iyun 2020-ci il, № 121 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 671 )

10. 29 iyun 2020-ci il tarixli 150-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 856 )

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 10 iyun 2003-cü il tarixli 471-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 415) ilə 6-cı maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 6. Dövlət dilinin televiziya və radio yayımlarında işlənməsi

6.1. Azərbaycan Respublikasının ərazisində təsis edilən və fəaliyyət göstərən mülkiyyət formasından asılı olmayaraq bütün televiziya və radio yayımları dövlət dilində aparılır.

6.2. Azərbaycan Respublikasının ərazisində təsis edilən və fəaliyyət göstərən mülkiyyət formasından asılı olmayaraq dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməlidirlər və onların səlis danışıq qabiliyyəti olmalıdır. Televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır.

[2] 29 noyabr 2016-cı il tarixli 417-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 yanvar 2017-ci il, № 18 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 5 ) ilə 7.1-ci maddənin üçüncü cümləsindən “reklam və” sözləri çıxarılmışdır.

[3] 29 noyabr 2016-cı il tarixli 417-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 yanvar 2017-ci il, № 18 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 5 ) ilə yeni məzmunda 7.1-1-ci maddə əlavə edilmişdir.

19 fevral 2019-cu il tarixli 1518-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 7 aprel 2019-cu il, № 74 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 578 ) ilə 7.1-1-ci maddəsinin üçüncü cümləsində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilmişdir.

8 may 2020-ci il tarixli 96-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 19 iyun 2020-ci il, № 116 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 674 ) ilə 7.1-1-ci maddəsinin ikinci cümləsində “kiçik olmalı və reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox” sözləri “böyük” sözü ilə əvəz edilmişdir.

[4] 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053) ilə 11-ci maddənin adında “məhkəmə icraatında” sözlərindən əvvəl “inzibati icraatda,” sözləri əlavə edilmişdir.

[5] 1 fevral 2019-cu il tarixli 1460-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“ Azərbaycan ” qəzeti, 24 fevral 2019-cu il, № 45 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №2, maddə 180) ilə 11.2-ci maddədən “sərhəd qoşunlarında və daxili qoşunlarda,” sözləri çıxarılmışdır.

[6] 10 iyun 2011-ci il tarixli 150-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 30 iyun 2011-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 483) ilə 11.6-cı maddəsinin birinci cümləsində “mülki işlər” sözlərindən sonra “, inzibati” sözü əlavə edilmişdir.

29 iyun 2020-ci il tarixli 150-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 856 ) ilə 11.6-cı maddəsinin birinci cümləsində “inzibati və iqtisadi” sözləri “kommersiya və inzibati” sözləri ilə əvəz edilmişdir.

[7] 11 iyun 2004-cü il tarixli 688-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 598) ilə 11.4-cü maddə əlavə edilmiş, 11.4-11.6-cı maddələr müvafiq olaraq 11.5-11.7-ci maddələr hesab edilmişdir.

[8] 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053) ilə 11.8-ci maddə əlavə edilmişdir.

[9] 8 may 2020-ci il tarixli 93-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 25 iyun 2020-ci il, № 121 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 671 ) ilə 13.1-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

13.1. Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Hüquqi, fiziki və vəzifəli şəxslər həmin normalara əməl etməlidirlər.

Dovlet Dili – Wikipedia

Dövlət dili və ya Rəsmi dil – Konstitusiya ilə ölkənin, vilayətin xüsusi statusa malik olan dil. Bir qayda olaraq ölkə administrasiyası, parlament və məhkəmələrində işlədən dil rəsmi dil sayılır. [1] Az işlənsə də yerli xalqın dili də dövlət dili elan edilə bilər. Məsələn, Yeni Zelandiyada maori xalqı ölkə əhalisinin beş faizini təşkil etsə də, onun dili dövlət dilidir. [2]

Mündəricat

  • 1 Dövlət dili
  • 2 Dövlət dili ilə rəsmi dil arasında fərq
  • 3 Azərbaycan Respublikasının Dövlət dili
  • 4 Həmçinin bax
  • 5 İstinadlar

Dövlət dili

Dövlət dili dövlət ərazisində digər dillərə nisbətən daha üstün statusa malik olan dildir. Bir qayda olaraq dövlət dili kimi ərazidəki çoxsaylı etnosun dili qəbul edilir. Digər tərəfdən dövlət sənədlərinin digər dillərdə də nəşri nəzərdə tutula bilər.

Dövlət dili ilə rəsmi dil arasında fərq

UNESCO ekspertləri 1953-cü ildə “dövlət dili” ilə “rəsmi dil” arasında aşağıdakı fərqi təklif etdi:

  • Dövlət dili dövlət çərçivəsində siyasi, sosial və mədəni sahədə inteqrasiya rolu oynayır və dövlətin simvolu hesab edilir.
  • Rəsmi dil — dövlət idarəçiliyində, qanunvericiliyində, məhkəmə prosesində işlənən işçi dildir.

Azərbaycan Respublikasının Dövlət dili

Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir.

Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır.

Dövlət dili

Azərbaycan Respublikasının əhalisinin gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir.

Azərbaycan dili İran İslam Respublikasında yaşayan 30 milyondan artıq azərbaycanlının da ana dilidir. Rusiyada, ABŞ-da, Türkiyədə və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, azərbaycanlılar bir-birilərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 50 milyondan çox adam yaşayır.

Azərbaycan dili geneoloji təsnifata görə türk dillərindən biri olub, həmin dil ailəsinin oğuz qrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupunu təşkil edirlər.

Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ)* dillər qrupuna daxildir. Bu qrupa daxil olan bütün dillər kimi, Azərbaycan dilində də insirafi (flektiv) dillərdən fərqli olaraq bütün söz kökləri özümlü leksik və qrammatik mənası olan müstəqil sözlərdir; qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və kökdən sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə olunur.

Azərbaycan xalqının etnik əsasını təşkil edən türklər indiki Azərbaycan ərazisində eramızdan əvvəl görünməyə başlamış, birinci minilliyin əvvəlindən isə başqa mənşədən olan çoxsaylı tayfalarla birlikdə bu torpağın qədim sakinləri olmuşlar. Türk mənşəli Azərbaycan dilinin və həmin dildə danışan xalqın yaranması, başqa sözlə, bu dilin ümumi ünsiyyət vasitəsinə çevrilməsi uzun sürən, bir neçə əsr davam edən bir proses olmuşdur. Əhalinin etnik tərkibində türk tayfalarının sayı, habelə iqtisadi, siyasi, mədəni təsiri artdıqca dilin fəaliyyət dairəsi də genişlənmiş və beləliklə, bəzi etnik və antropoloji xüsusiyyətlərini bu gün də qoruyub saxlaya bilən çeşidli etnik qruplar ümumi mədəni, mənəvi və dini birliyi olan bir xalq halında birləşmişlər.

Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. “Kitabi-Dədə Qorqud” dastanlarının dili ədəbi dilimizin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çox sayıla bilər. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə XIII əsrdən başlayır.

Azərbaycan ədəbi dili öz 800 ilə yaxın inkişafı müddətində iki böyük dövrü əhatə edir. Əski dövr adlandırılan birinci dövr XIII əsrdən XVIII, yeni adlandırıla bilən ikinci dövr isə XVIII əsrdən yaşadığımız günlərə qədər olan bir dövrü əhatə edir.

Birinci dövr Azərbaycan ədəbi dilinin xidmət göstərdiyi areal öz iriliyi ilə fəqlənir. Həmin dövrün Cəlayirlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi Azərbaycan dövlətlərinin saray və ordu dili olan bu dil bütün Ön Asiyada ədəbi dil kimi xidmət etmişdir. Bu dövr Azərbaycan ədəbi dili yeni dövr Azərbaycan dilindən öz dilxarici (ekstralinqvistik) xüsusiyyəti ilə yanaşı dildaxili (linqvistik) özümlükləri ilə də seçilir.

Leksik cəhətdən mövcud olan fərqlərdən birincisi budur ki, birinci dövr Azərbaycan dilində ərəb və fars sözləri çoxdur. O dövrün dil üslubları, xüsusən aparıcı poetik janr və vasitələr ədəbi dilimizə külli miqdarda alınma sözlərin axıb gəlməsinə səbəb olmuşdu. İkinci dövrdə isə realist şeir məktəbinin, realizm ədəbi metodunun bir yaradıcılıq metodu kimi yaranması və aparıcı yaradıcılıq metodu kimi formalaşması dilimizin əsas lüğət fonduna keçə bilməyən alınma sözlərin ədəbi dili tərk etməsinə səbəb olmuşdu.

İkincisi, əski Azərbaycan ədəbi dilinin osmanlı dili ilə müştərək olan bir sıra sözləri (şimdi, şöylə, şu, kəndi və s.) yeni dövrdə artıq işləkliklərini tamamilə itirmişdilər. Bu türk ədəbi dilləri sahəsində ayrılma (differensiyasiya) hadisəsinin tam başa çatmasının nəticəsi idi.

Dövrlər arasındakı fərqlər fonetik səviyyədə də güclüdür. Belə ki, yeni dövr Azərbaycan ədəbi dili, eyni zamanda fonem tərkibinin sabitləşməsi ilə də səciyyələnir. Birinci dövrə xas olan o//a sait, h//q//x samit müvaziliyi artıq birincilərin (o və h) qələbəsi ilə nəticələnir.

Oxşar vəziyyət qrammatika sahəsində də özünü göstərir. İsmin birinci dövrə məxsus təsirlik hal şəkilçilərinin -yi,-yı,-yu,-yü//-ni,-nı,-nu,-nü müvaziliyi ikinci dövrdə artıq aradan çıxır. Felin -isər qəti gələcək zaman şəkilçisi öz vəzifəsini tamamilə -acaq//-əcək şəkilçisinə verir.

Əski Azərbaycan dilində söz birləşmələrinin quruluşu daha çox ərəb və fars dillərinin sintaktik modelində olmuşdur: fəsli-gül (gül fəsli), tərki-təriqi-eşq (eşq təriqinin (yolunun) tərki), daxili-əhli-kamal (kamal əhlinə daxil)… Yəni təyin edən söz təyin olunan sözdən sonra işlənmişdir. İkinci dövr Azərbaycan dilində tamamilə əksinədir: təyin edən söz təyin olunan sözdən mütləq və həmişə əvvəl işlənir.

Digər sintaktik fərq kimi, birinci dövrdə budaq cümlənin baş cümlənin içərisində yerləşdiyi tabeli mürəkkəb cümlələr daha çox işləndiyi halda (kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm), yeni dövrdə bu tipdən olanların əvəzinə daha çox feli sifət tərkiblərinin işləndiyini görürük.

Hər iki dövrün ədəbi dili öz növbəsində müxtəlif mərhələləri əhatə edir.

Birinci dövr Azərbaycan dili öz inkişafında iki mərhələdən keçmişdir:

1) Ədəbi dilin təşəkkül mərhələsi (XIII-XIV əsrlər),

2) Klassik şeir dili mərhələsi (XV-XVII əsrlər).

İkinci dövr Azərbaycan dili isə üç mərhələni əhatə edir:

1) Ədəbi dilin xəlqiləşməsi mərhələsi (XVIII əsr),

2) Milli dilin yaranması və inkişafı mərhələsi (XIX-XX əsrin əvvəli),

3) Müasir mərhələ (XX-XXI əsrin əvvəli).

Yeni dövr. Azərbaycan dili böyük inkişaf yoluna özünün ikinci inkişaf mərhələsində (Milli ədəbi dilin təşəkkülü və inkişafı mərhələsində) çıxır. Bu dildə şeirlə yanaşı, nəsr və dram əsərləri yazılır, qəzet və jurnallar nəşr edilir, o bəzi rəsmi sənədlərdə, elmi tədqiqatlarda da işlənməyə başlayır. O dövrdə Azərbaycana gələn xaricilər, ruslar və almanlar da ona maraq göstərir, bəziləri bu dili öyrənməyə başlayır. Məsələn, rus şairləri Lermontov, Bestujev-Marlinski, alman şərqşünası Bodonştedt. Sonuncusu XIX əsr Azərbaycan şairi Mirzə Şəfidən Azərbaycan dilini öyrənir və onun şeirlərini almancaya tərcümə edərək Berlində ayrıca kitab şəklində nəşr etdirmişdir. Orta əsrlərdə əski Azərbaycan dilinə aid tərcümə lüğətləri və qrammatik tədqiqatlar aparılmış olsa da, Azərbaycan dilinə aid elmi əsərlər və dərsliklər XIX əsrdən etibarən yazılmağa başlayır. Mirzə Kazımbəyin rusca yazdığı “Türk-tatar dilinin ümumi qrammatikası” əsəri məşhurdur. M.Vəzirovun, L.Budaqovun, Q.Makarovun, N.Nərimanovun, M.L.Məmmədovun, S.M.Qəniyevin Azərbaycan dilinə aid dərslikləri də rus dilində yazılmışdır. L.Budaqovun ikicildlik lüğəti də (“Сравнительный словарь турецко-татарских языков”) var. M.Əfşarın Azərbaycan dilinə aid “Fənni-sərfi-türki” (“Türk dilinin qrammatikası”) adlı dəyərli əsəri isə azərbaycancadır.

Azərbaycan dilinin inkişafı da, problemləri də daha çox XX əsrlə bağlıdır. Məhz bu dövrdə Azərbaycan ədəbi dili bənzərsiz bir problemlə qarşılaşır. Əsrin əvvəllərindən başlayaraq, ədəbi dildə üç meyil, üç istiqamət özünü göstərir. Təbiidir ki, bu ən çox bədii əsərlərin dilinə və mətbuata aiddir.

1. Birinci meyil, ədəbi dili bacardıqca xalq dili ilə eyniləşdirmək meyli. Bu özünü “Molla Nəsrəddin” jurnalının və bu jurnalın əməkdaşlarının (C.Məmmədquluzadə, Ə.Haqverdiyev və b.) əsərlərində göstərir. Burada ədəbi dil ilə danışıq dili, dialektlər arasındakı fərq götürülür. Xalq bu dili asan başa düşür.

2. Daha çox osmanlı (indiki türk) və əski Azərbaycan dilinin ənənəsinə söykənən ədəbi dil yaratmaq meyli. Bu “Füyuzat” və “Həyat” kimi bir çox jurnalların, qəzetlərin və əksərən bu redaksiyada işləyənlərin (Ə.Hüseynzadə, Səbribəyzadə və b.) əsərlərinin dilində özünü göstərir. Xalq bu ədəbi dili çətin anlayır. Bu dil o vaxtkı türk ədəbi dilindən, demək olar ki, seçilmirdi.

3. Hamı tərəfindən anlaşılan, ədəbi dil normalarına əsaslanan ədəbi dil yaratmaq meyli. Bu dil heç bir dialekt təsirini qəbul etməyən bir dil idi. Bu dili A.Şaiq, C.Cabbarlı, S.Hüseyn, A.Səhhət kimi şair və yazıçılar yaradırdılar. Ədəbi dil sahəsindəki bu vəziyyət əsrin əvvəllərindən 1930-cu illərədək davam etdi.

Yeni dövr Azərbaycan ədəbi dilinin üçüncü, yəni müasir mərhələsində dil həyatının mühüm hadisələrindən biri Azərbaycan ədəbi dilinin dövlət dili statusu almasıdır.

Azərbaycan dilinin ölkənin dövlət dili kimi elan edilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Bəlli olduğu kimi, dövlət dili sahəsindəki fəaliyyətə Heydər Əliyev ölkəyə rəhbərliyə gəldiyi ilin (1969) ilk günlərindən başlamışdır.

Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, məsələn BDU-nun 50 illiyinə həsr olunmuş yubiley toplantısında, yenə həmin ali məktəbin partiya konfransında yüksək dövlət səviyyəsində aparılan başqa müşavirələrdə ana dilində parlaq çıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazandı. O çox yaxşı bilirdi ki, onun qazandığı bu böyük hörmət və məhəbbət eyni zamanda onun istifadə etdiyi, danışdığı dilə — Azərbaycan dövlət dilinə çox böyük hörmət və məhəbbət yaradır. Bütün bunlar təbii olaraq, ölkədə aşağıdan yuxarıya və eyni zamanda yuxarıdan aşağıya güclü bir dövlət dili ab-havası yaratmağa xidmət edirdi.

1977-1978-ci illər respublika rəhbərini çətinliklər qarşısında qoydu. Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edildi. Həmin konstitusiya bütün respublikalarda hazırlanan yeni konstitusiyalar üçün bir nümunə rolunu oynamalı idi və faktik olaraq oynayırdı. Həmin konstitusiyada isə elə əvvəldən dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmadı.

Azərbaycanda isə vəziyyət başqa cür idi. Heydər Əliyev ana dilinin dövlət dili olması uğrundakı mübarizəsini davam etdirirdi. De-fakto dövlət dili uğrunda ardıcıl mübarizə aparan respublika rəhbəri həmin dilin konstitusiyada qeyd olunmamasına dözə bilməzdi. Respublikanın rəhbəri ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə apardı və bütün çətinliklərə və maneələrə böyük hünərlə sinə gərdi.

1978-ci il aprel ayının 21-də Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (əsas qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.

Azərbaycan SSR Dövlət orqanlarında və ictimai orqanlarında və maarif idarələrində və başqa idarələrdə Azərbaycan dilinin işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qayğısı göstərir.

1978-ci il Konstitusiyası, həqiqətən, Heydər Əliyevin öz dövləti, öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi.

Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş yeni Konstitusiyada Azərbaycan dili dövlət dili kimi öz layiqli yerini tutur. Konstitusiyanın 21-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır.

Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir.

Bu yolların bəziləri artıq uğurla başa çatmaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”kı sərəncamı, şübhə yoxdur ki, ölkədə əlifba ilə bağlı problemləri həll etdi.

İkinci dövr ədəbi dilimizin bütün üç inkişaf mərhələsi üzrə bəzi özümlüklər var. Əvvəldə göstərildiyi kimi, Azərbaycan dili hazırda Azərbaycan Respublikası ilə yanaşı, İran İslam Respublikasında və İraqda da işlənməkdədir. Folklor əsərləri də aydın göstərir ki, həmin ölkələrdə yaşayan azərbaycanlıların dilləri arasında elə bir fərq yoxdur. Lakin ədəbi dil baxımından çoxlu fərqlər mövcuddur və bu fərqlər özünü çap olunmuş əsərlərin, qəzet və jurnalların, radio və televiziya verilişlərinin dilləri arasında aydın göstərir. Təbii ki, bunun tarixi, sosial səbəbləri var.

İran və Rusiya arasında gedən müharibələrin nəticəsində bu iki dövlət arasında Gülüstan (1813), Türkmənçay (1828) müqavilələri bağlandı və həmin müqavilələrə əsasən Azərbaycan iki yerə bölündü. Beləliklə, 200 ilə yaxındır ki, eyni bir xalq bir-birindən aralı, tamamilə fərqli bir mühitdə və şəraitdə yaşayır. İstər İran, istərsə də Rusiya iki hissəyə ayrılmış bu xalqın heç bir iqtisadi əlaqəsinə imkan vermədi. Azərbaycan 1991-ci ildən müstəqillik əldə etdikdən sonra bu sahədə müəyyən əlaqələr qurulmağa başlanılmışdır.

İraq azərbaycanlılarının Azərbaycandan köçmələrinin 3-4 əsrlik müddəti, ərazi uzaqlığı, əlaqəsizlik onların ədəbi dillərinin başqa istiqamətdə getməsinə səbəb olmuşdur. İraq azərbaycanlılarının ədəbi dilinə müasir türk dilinin təsiri güclüdür.

Türk dillərindən biri kimi müasir Azərbaycan dili özünəməxsus xüsusiyyətləri ilə fərqlənən, fonetik və qrammatik quruluşu olan bir dildir. Öz fonetik qanunauyğunluqlarına görə, bu dildə əmələgəlmə yerinə görə fərqlənən saitlər, yəni ön sıra (i,ü,e,ə,ö) və arxa sıra (ı,u,a,o) saitlər eyni bir söz və ya sözforma daxilində işlənə bilməz (işıq, ildırım kimi i saiti ilə başlayan bir neçə söz istisnadır): eyni zamanda bu dildə dilortası samitlərin (g, k) arxa sıra, dilarxası saitlərin (k,q,ğ,x) ön sıra saitlərlə bir hecada işlənməsi də mümkünsüzdür.

Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.

Azərbaycan dilində 9 qısa (i,ü,e,ö,ə,a,o,u,ı), 6 uzun (i:, e:, ö:, ə:, a:, u:) saitlər vardır. Uzun saitlər bu dil üçün səciyyəvi deyil, onlar demək olar ki, yalnız alınma sözlərdə çox az hallarda işlənir. Fonetik vurğu, bir qayda olaraq, sonuncu hecaya düşür. Fonematik vurğunun yeri sözün mənasından asılı olaraq dəyişmir: alma’ – ‘alma.

Azərbaycan dilində söz əvvəlində işlənməyən 2 fonem var: ı saiti və ğ samiti.

Azərbaycan dilinin morfoloji quruluşuna əsas (isim, sifət, say, əvəzlik, zərf, feil) və köməkçi (qoşma, bağlayıcı, ədat, modal sözlər, nida) nitq hissələri daxildir.

İsimlərin kəmiyyət, mənsubiyyət, hal, xəbərlik kateqoriyaları var. Bu kateqoriyalar isimləşən (substantivləşən) digər nitq hissələrinə də aiddir. Azərbaycan dilində ismin 6 halı (adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq), feilin 5 (şühudi keçmiş, nəqli keçmiş, indiki, qəti gələcək, qeyri-qəti gələcək) zamanı var.

Feilin şəkil kateqoriyası 6 formanı (əmr, arzu, şərt, vacib, lazım, xəbər) əhatə edir. Feillər subyekt, obyekt, hərəkətin münasibətinə görə müxtəlif 5 qrammatik növdə (məlum, məchul, qayıdış, qarşılıqlı-müştərək, icbar) işlənə bilir.

Azərbaycan dilinin sintaktik qanununa görə, bir qayda olaraq, mübtəda cümlənin əvvəlində, xəbər sonda, təyin təyin etdiyi sözdən əvvəl gəlir. Azərbaycan dilində söz yaradıcılığında əsasən morfoloji (dəmirçi, üzümçü, təbliğatçı; dəmirçilik, üzümçülük, təbliğatçılıq; dolça, qazança, otluq, meşəlik; qaldırıcı, endirici; sevinc, gülünc; yavaşca, indicə və s.) və sintaktik (otbiçən, vaxtamuzd, boyunbağı, gündoğan, sarıköynək, əlidolu, adlı-sanlı, qırxayaq, beşaçılan və s.) üsullardan istifadə edilir.

Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir.

İşləndiyi sahələrlə bağlı olaraq, Azərbaycan ədəbi dili dörd əsas üslubu özündə birləşdirir: işgüzar, mətbuat, bədii, elmi üslublar. Azərbaycan ədəbi dilinin müasir mərhələsində bu üslubların hamısı yüksək dərəcədə inkişaf etmişdir.

Ölkənin siyasi, iqtisadi, elmi, mədəni həyatında baş verən böyük dəyişikliklər müasir Azərbaycan dilinin lüğət tərkibində terminlərin sürətlə artmasına səbəb olmuşdur. Bu proses ədəbi dilin bütün üslublarında, özəlliklə, işgüzar və elmi üslublarda, müəyyən dərəcədə mətbuat üslubunda aydın müşahidə olunur.

Azərbaycan dilinin dialekt və şivələri dörd qrupdan ibarətdir: 1) şərq qrupu (Bakı, Quba, Şamaxı dialektləri və Lənkəran, Muğan şivələri); 2) qərb qrupu (Gəncə, Qazax, Qarabağ dialektləri və Ayrım şivəsi); 3) şimal qrupu (Şəki dialekti, Zaqatala-Qax şivəsi); 4) cənub qrupu (Naxçıvan, Ordubad dialektləri).

Comments are closed, but trackbacks and pingbacks are open.