Press "Enter" to skip to content

Dövlət qulluğu və kadrlar şöbəsinin Əsasnaməsi

− Dövlət Qulluğu Məcəlləsinin layihəsinin hazırlanması işinin müəyyən hissəsinin yerinə yetirilməsi;

Dövlət qulluğu və kadr siyasəti

“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında

RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ

Xalq Qəzeti (Dərc olunma tarixi: 24-11-2018, Nəşr Nömrəsi: 265), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2018, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 2395)

QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201811230739
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX

“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın həyata keçirilməsi və icrasının monitorinqi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın icrası üzrə fəaliyyət planlarında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə hesabat versin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın 2022−2025-ci illərdə icrası üzrə fəaliyyət planının layihəsini hazırlayaraq 2021-ci il iyulun 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 noyabr 2018-ci il

Azərbaycan Respublikası Prezidentinin

2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə

Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya

Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 53 nömrəli Fərmanına əsasən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında yaradılmış Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyasının fəaliyyəti nəticəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və 2001-ci il 1 sentyabr tarixində qüvvəyə minmişdir, bununla da Azərbaycanda dövlət qulluğu islahatlarının təməli qoyulmuşdur. Dövlət qulluğu sahəsində həyata keçirilmiş mühüm islahatlar sayəsində Azərbaycan Respublikasında özünəməxsus dövlət qulluğu sistemi formalaşmış və bu sistemdə qabaqcıl beynəlxalq təcrübədən istifadə edilmişdir. İctimai həyatın müxtəlif sahələrində dövlət siyasətini həyata keçirən, vətəndaşların və cəmiyyətin xidmətində olan dövlət orqanlarının səmərəli fəaliyyət göstərməsi, ilk növbədə, bu orqanlarda çalışan dövlət qulluqçularının yüksək peşəkarlığından və vəzifə borcunu məsuliyyətlə yerinə yetirməsindən asılıdır. Bu istiqamətdə Azərbaycan Respublikası müxtəlif beynəlxalq və regional təşkilatlarla, habelə bir sıra beynəlxalq şəbəkələrin üzvü kimi digər dövlətlərin müvafiq qurumları ilə fəal əməkdaşlıq etmiş, müxtəlif beynəlxalq təşkilatların dövlət qulluğu sahəsində tövsiyələrinin icrasını təmin etmişdir.

Bununla yanaşı, Azərbaycan Respublikasının hərtərəfli inkişafı dövlət qulluğunda daha genişmiqyaslı və strukturlu islahatlar yolu ilə dövlət orqanlarının effektivliyinin artırılmasını və dövlət qulluğu sisteminin müəyyən sahələrinin təkmilləşdirilməsini nəzərdə tutan yeni sənədin – dövlət qulluğunun inkişafına dair strategiyanın hazırlanmasını zəruri etmişdir.

“Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” (bundan sonra – Strategiya) dövlət idarəetməsinin ən mühüm institutlarından biri olan dövlət qulluğu sisteminin inkişaf etdirilməsi məqsədilə əsas hədəfləri və bu hədəflərə çatmaq üçün orta və uzun müddəti əhatə edən çoxşaxəli, ardıcıl, mərhələli tədbirləri müəyyən edən sənəddir.

2. Strategiyanın əsas məqsədi

Strategiyanın əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır.

Strategiya dövlət qulluğu sisteminin inkişafı məqsədilə institusional quruculuq, kadr siyasəti, dövlət qulluqçularının rotasiyası, onların peşəkarlığının və fəaliyyətinin səmərəliliyinin artırılması, dövlət qulluğunda səriştə (kompetensiya) və mütərəqqi motivasiya (həvəsləndirmə) modellərinin tətbiqi, dövlət qulluğunun informasiya təminatının yaxşılaşdırılması sahəsində və bir sıra əlaqəli sahələrdə əsaslı islahatlar aparılmasını nəzərdə tutur.

3. Dövlət qulluğu sahəsində mövcud vəziyyətin təhlili

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsindən sonrakı dövrdə dövlət qulluğu sisteminin formalaşdırılması aşağıdakı uğurların əldə edilməsi ilə nəticələnmişdir:

− dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən normativ hüquqi baza yaradılmış;

− status və funksiyalarına uyğun olaraq dövlət orqanlarının kateqoriyaları müəyyən edilmiş, dövlət qulluğu vəzifələrinin təsnifatlar üzrə bölgüsü aparılmış;

− dövlət qulluğuna qəbulun və dövlət qulluğu vəzifələrinin tutulmasının şəffaf həyata keçirilməsi üçün prosedurlar müəyyən edilmiş;

− dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi, mükafatlandırılması, intizam məsuliyyətinə cəlb edilməsi və sair prosedurlar qanunvericiliklə tənzimlənmiş;

− dövlət qulluqçularının əməyinin ödənilməsi və sosial təminatı sistemləri yaradılmış;

− dövlət qulluqçularının etik davranış qaydaları müəyyən edilmiş;

− dövlət qulluğu sahəsində qanunvericiliyin tətbiqinə nəzarəti, dövlət qulluğunun normativ metodiki təminatını həyata keçirən Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası (bundan sonra – Şura) və həmin sahədə tənzimləməni həyata keçirən qurum yaradılmış;

− dövlət idarəçiliyi sahəsində mütəxəssislərin hazırlanması və peşəkarlıq səviyyələrinin artırılması, həmin sahədə elmi tədqiqatlar aparılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası yaradılmış;

− dövlət qulluqçuları haqqında mərkəzləşdirilmiş məlumat bazası olan Dövlət Qulluqçularının Reyestri formalaşdırılmış;

− dövlət qulluğu, insan resurslarının idarə edilməsi, etik davranış, korrupsiyaya qarşı mübarizə və digər mövzularda təlim modulları hazırlanmış və mütəmadi təlimlər təşkil edilmiş;

− bir sıra dövlətlərlə və beynəlxalq təşkilatlarla dövlət qulluğunun inkişafına xidmət edən əməkdaşlıq qurulmuşdur.

Dövlət qulluğuna qəbul və dövlət qulluğu vəzifələrinin tutulması sahəsində Azərbaycanın təcrübəsini beynəlxalq təşkilatlar mütərəqqi təcrübə kimi qəbul edir və müxtəlif beynəlxalq platformalar vasitəsilə digər dövlətlərə nümunə göstərirlər.

Dövlət qulluğu sahəsində əldə edilmiş uğurlara baxmayaraq, günümüzün tələbi islahatların yeni mərhələsinin başlanmasını və müasir idarəetmə prinsiplərinə cavab verən, daha peşəkar və səmərəli dövlət qulluğunun formalaşdırılmasını zəruri edir. Həyata keçirilməsi nəzərdə tutulan islahatların əsas istiqamətlərinin və strateji prioritetlərinin düzgün seçilməsi məqsədilə mövcud dövlət qulluğu sisteminin güclü və zəif cəhətləri, onun inkişaf etdirilməsi ilə bağlı imkanlar və təhdidlər müəyyən edilmişdir.

Dövlət qulluğu sisteminin güclü cəhətləri aşağıdakılardır:

− dövlət qulluğu sahəsində geniş qanunvericilik bazasının mövcudluğu;

− Şuranın və dövlət qulluğu sahəsində tənzimləməni həyata keçirən qurumun fəaliyyət göstərməsi;

− vətəndaşların dövlət qulluğuna marağının yüksək olması;

− dövlət qulluğuna qəbulun və dövlət qulluğu vəzifələrinin tutulmasının yüksək standartlara uyğun həyata keçirilməsi;

− dövlət orqanlarında şəffaf prosedurlarla seçilmiş, təhsil səviyyəsi yüksək olan kifayət qədər dövlət qulluqçusunun çalışması.

Dövlət qulluğu sisteminin zəif cəhətləri aşağıdakılardır:

− dövlət qulluğu ilə bağlı qanunvericilikdə bəzi tənzimlənməyən məsələlərin mövcudluğu;

− dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri ilə dövlət qulluğunun digər elementləri arasında qarşılıqlı əlaqənin olmaması;

− dövlət qulluğu və onun xüsusi növləri arasında qarşılıqlı əlaqənin olmaması;

− dövlət orqanlarında dövlət qulluğu və insan resurslarının idarə edilməsi üzrə peşəkarlıq səviyyəsinin aşağı olması;

− şəffaf prosedurların tətbiq edilmədiyi vəzifələrə işə qəbulda neqativ hallara yol verilməsi;

− həm vəzifə, həm də karyera modellərinə əsaslanan dövlət qulluğu sistemi elementlərinin mövcudluğu.

Dövlət qulluğu sisteminin inkişaf etdirilməsi ilə bağlı imkanlar aşağıdakılardır:

− dövlət qulluğu sahəsində islahatların həyata keçirilməsi üzrə təcrübənin, nailiyyətlərin və peşəkarların olması;

− dövlət qulluğu sahəsində həyata keçirilmiş beynəlxalq layihələrin və onların nəticələrinin ölkəmizin dövlət qulluğu sistemində tətbiqi mexanizmlərinin mövcudluğu;

− Dövlət Qulluğu Məcəlləsinin layihəsinin hazırlanması işinin müəyyən hissəsinin yerinə yetirilməsi;

− Dövlət Qulluqçularının Reyestrinin digər qurumların informasiya sistemlərinə inteqrasiyası nəticəsində dövlət qulluğunun idarəetmə aləti kimi perspektivlərinin genişliyi.

Dövlət qulluğu sisteminin inkişaf etdirilməsi ilə bağlı təhdidlər aşağıdakılardır:

− dövlət orqanları rəhbərlərinin dövlət qulluğuna, bu sahədə qanunvericiliyin düzgün tətbiq edilməsinə, habelə insan resurslarının idarə edilməsinə lazımi səviyyədə diqqət yetirməməsi;

− dövlət qulluğu ilə bağlı bir sıra yeniliklərin tətbiq edilməsi üçün dövlət orqanlarının müvafiq struktur bölmələrinin potensialının aşağı səviyyədə olması;

− dövlət qulluğu haqqında qanunvericiliyin bəzi normalarının tam şəkildə tətbiq edilməməsi.

Strategiyanın hazırlanması zamanı dövlət qulluğunun güclü və zəif cəhətləri, mövcud vəziyyətdə onun inkişafı üçün imkanlar yaradan və təhdid hesab edilə biləcək faktorlar nəzərə alınmışdır.

4. Dövlət qulluğunun inkişaf prinsipləri

Dövlət qulluğu sahəsində həyata keçiriləcək islahatların ümumilikdə ölkəmizdə dövlət idarəetməsinin inkişafı konsepsiyası ilə uzlaşmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafının aşağıdakı əsas prinsipləri müəyyən edilir:

− meritokratiya: dövlət qulluqçularının seçilməsində, qulluqda yüksəlişində və dövlət qulluğu keçməsində bilik, bacarıq, dünyagörüşü və şəxsi keyfiyyətlərin əsas amil kimi rəhbər tutulduğu sistemin qurulması;

− şəffaflıq və hesabatlılıq: dövlət qulluğu sahəsində islahatlar şəffaf həyata keçirilir, bütün tədbirlər barədə ictimaiyyət məlumatlandırılır;

− sistemlilik və planlılıq: dövlət qulluğunun inkişafı üzrə tədbirlər yekun nəticəyə xidmət edən ardıcıl, məqsədyönlü və kompleks islahatlar formasında planlı şəkildə həyata keçirilir;

− innovasiyaların tətbiqi: dövlət qulluğu sahəsində fəaliyyət dövlət idarəetməsində ən son yeniliklərin tətbiqi və innovativ yanaşma ilə həyata keçirilir;

− səmərəlilik: dövlət qulluğunun inkişafı ilə əlaqədar tədbirlərə sərf edilən resurslar əldə edilməsi gözlənilən nəticələrə mütənasib olmalıdır;

− istisnalara yol verilməməsi: dövlət qulluğunun inkişafına dair islahatların həyata keçirilməsi zamanı dövlət qulluqçularına subyektiv amillərdən çıxış edərək üstünlük verilməsi və ya onların hüquqlarının məhdudlaşdırılması yolverilməzdir.

5. Dövlət qulluğunun inkişaf istiqamətləri

5.1. Dövlət qulluğunda institusional islahatların həyata keçirilməsi

Hazırda Azərbaycan Respublikasının dövlət qulluğu sistemində həm karyera, həm də vəzifə modellərinə əsaslanan dövlət qulluğu sistemlərinin elementləri yer alır. Son dövrlərdə aparılan islahatlar vəzifə modelinə əsaslanan dövlət qulluğu sisteminin gücləndirilməsinə xidmət etmişdir və bu dəyişikliklər öz müsbət nəticəsini göstərməkdədir. Ümumiyyətlə, dövlət qulluğunda meritokratiyanın daha da gücləndirilməsi, dövlət qulluğunun qeyri-dövlət sektoru ilə rəqabət qabiliyyətinin artırılması, habelə dövlət qulluğu sisteminin sadələşdirilməsi və şəffaflığının artırılması məqsədilə vəzifə modelinə əsaslanan dövlət qulluğu sisteminin inkişafına təkan verən tədbirlər həyata keçirilməlidir.

Dövlət qulluğunda institusional islahatlar aparılması məqsədilə dövlət qulluğu və onun xüsusi növləri, dövlət orqanlarının kateqoriya və iyerarxiyası, struktur bölmələrinin növləri və yaradılması qaydası, dövlət qulluğu vəzifələrinin növləri, təsnifatları, vəzifə adları ilə bağlı bir sıra anlayışlar təhlil edilməli, mütərəqqi sistemin qurulması üçün kompleks təkliflər hazırlanmalıdır.

Dövlət qulluğunun inkişafında, bu sahədə kadr siyasətinin formalaşdırılmasında, dövlət qulluğunun vəziyyətinin və səmərəliliyinin təhlilində, normativ metodiki təminatının həyata keçirilməsində xüsusi rolu olan Şuranın fəaliyyəti gücləndirilməlidir.

Dövlət qulluğunun inkişafına təkan verən əsas amillərdən biri bu sahədə tənzimləməni həyata keçirən qurumun peşəkarlığı və effektivliyidir. Dövlət qulluğu sahəsində idarəetmənin səmərəliliyini artırmaq məqsədilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (bundan sonra – Mərkəz) fəaliyyəti təhlil edilməli, təkmilləşdirilməsi üçün təkliflər hazırlanmalıdır.

5.2. Dövlət qulluğunda kadr siyasətinin inkişafı

Dövlət orqanlarında kadr siyasətinin müasir tələblərə uyğun həyata keçirilməsi məqsədilə həmin orqanların rəhbərləri kadr siyasətini fəaliyyətin prioritet sahəsi kimi qəbul etməli, tabeliklərində olan rəhbər vəzifəli şəxslərin insan resursları ilə işə daha çox diqqət yetirmələrini təmin etməli, özlərinin və tabeliklərində olan rəhbər vəzifəli şəxslərin bu sahədə biliklərinin artırılması üçün zəruri tədbirlər görməlidirlər.

Dövlət orqanlarında kadr siyasəti planlı şəkildə həyata keçirilməli və insan resurslarının idarə edilməsi sahəsində şəffaflıq təmin olunmalıdır. Şura və Mərkəz dövlət orqanlarına kadr siyasətinin formalaşdırılması və həyata keçirilməsi ilə bağlı zəruri təşkilati və metodiki kömək göstərməli, rəhbər vəzifəli dövlət qulluqçuları üçün müvafiq sahədə təlimlər təşkil etməlidirlər.

Kadr qurumu aparıcı struktur bölmə olmaqla, dövlət orqanının kadr siyasətinin formalaşdırılmasında fəal iştirak etməli, onun həyata keçirilməsini təmin etməli və insan resurslarının idarə edilməsi ilə həmin orqanın qanunvericiliklə müəyyən edilmiş sahələrdə fəaliyyətinin səmərəliliyinin artırılmasına nail olmalıdır.

Dövlət orqanlarının kadr qurumlarının fəaliyyətini təkmilləşdirmək məqsədilə kadr qurumlarının fəaliyyətini tənzimləyən nümunəvi sənəd – “Dövlət orqanlarının kadr qurumları haqqında Nümunəvi Əsasnamə” hazırlanmalıdır.

5.3. Dövlət qulluğunda rotasiya

Dövlət qulluqçularının potensialından səmərəli istifadə, xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə və dövlət orqanlarının tələbatına uyğun olaraq dövlət qulluqçularının rotasiyası həyata keçirilməlidir. Rotasiyanın səmərə verdiyi sahələr və vəzifələr, onun tətbiqi mexanizmləri qanunvericiliklə müəyyən edilməlidir.

Dövlət orqanlarının rəhbərləri tabeliklərində olan dövlət qulluqçularının, o cümlədən rəhbər vəzifəli dövlət qulluqçularının rotasiyasında maraqlı olmalı, dövlət orqanının fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə bu alətdən qanunvericiliklə müəyyən edilmiş qaydada mütəmadi istifadə etməlidirlər.

Rotasiya zamanı dövlət qulluqçularının və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi və dövlət qulluqçularının regionlarda işləməyə həvəsləndirilməsi məqsədilə kompensasiya və birdəfəlik ödənişlər qanunvericilikdə nəzərdə tutulmalıdır.

5.4. Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi

Dövlət qulluqçularının peşəkarlığını və işinin səmərəliliyini artırmaq məqsədilə dövlət qulluğunda beynəlxalq təcrübəyə əsaslanan səriştə (kompetensiya) modeli tətbiq edilməlidir. Tətbiq ediləcək model dövlət qulluğu vəzifələri üzrə yalnız formal tələbləri deyil, bu vəzifələrin tutulması üçün zəruri səriştələri, onların ölçülməsi və qiymətləndirilməsi mexanizmlərini də müəyyən etməlidir. Səriştə modelinin tətbiqi dövlət qulluğu vəzifələrinin onların fəaliyyət sahələri üzrə qruplaşdırılması və qruplar daxilində vəzifə profillərinin yaradılması ilə müşayiət olunmalıdır.

Səriştə (kompetensiya) modeli bütün dövlət qulluğu vəzifələrini əhatə etməli və ictimaiyyətə açıq olmalıdır. Səriştə (kompetensiya) modeli dövlət qulluğuna qəbul və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi zamanı əsas meyar kimi tətbiq edilməlidir. Dövlət qulluğu vəzifəsi iddiasında olan vətəndaşların zəruri səriştələrinin qiymətləndirilməsi məqsədilə test, praktiki tapşırıq, müsahibə və digər qiymətləndirmə alətləri kompleksi hazırlanmalıdır.

5.5. Dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin edilməsi

Dövlət qulluqçularının peşəkar səviyyəsinin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (bundan sonra – Akademiya) dövlət qulluqçularının əlavə təhsili sahəsində fəaliyyəti daha da təkmilləşdirilməlidir. Akademiyada qısamüddətli yenidənhazırlanma və ixtisasartırma proqramlarının sayı və çeşidi artırılmalı, təhsilin müasir metodlarından, elmi-texniki yeniliklərdən istifadə genişləndirilməlidir. Akademiyanın pedaqoji heyətinin nəzəri və praktiki bilikləri, habelə pedaqoji bacarıqları artırılmalıdır. Akademiya dövlət qulluğunda əlavə təhsil sisteminin səmərəliliyinin artırılması məqsədilə Şura və Mərkəz ilə qarşılıqlı fəaliyyət göstərməlidir.

Dövlət orqanlarının nəzdində fəaliyyət göstərən tədris mərkəzlərinin fəaliyyətinin dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə tədbirlər planı hazırlanmalı, dövlət orqanlarının tədris mərkəzlərinin təcrübəsi öyrənilməli və onların gələcək fəaliyyəti ilə bağlı təkliflər hazırlanmalı, tədris mərkəzlərinin fəaliyyətinin əlaqələndirilməsi üçün koordinasiya qurumu yaradılmalıdır.

Dövlət qulluqçularının əlavə təhsilinin maliyyə təminatı sistemi formalaşdırılmalı, o cümlədən dövlət orqanlarının büdcəsində əlavə təhsilin maliyyə mənbələri ayrıca bənddə nəzərdə tutulmalıdır.

Dövlət qulluqçularının peşəkar inkişafının keyfiyyətini artırmaq məqsədilə onların təlimə tələbatının öyrənilməsi mütəmadi qaydada həyata keçirilməli və dövlət qulluqçuları üçün təlim strategiyası hazırlanmalıdır.

5.6. Dövlət qulluğunun informasiya təminatı və elektron dövlət qulluğunun inkişaf etdirilməsi

İnformasiya texnologiyalarının nailiyyətləri idarəetmənin bütün sahələrində olduğu kimi, dövlət qulluğunun idarə edilməsində də geniş tətbiq olunmalıdır. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları” təkmilləşdirilməlidir.

Dövlət qulluğunu idarəetmə aləti kimi Reyestrin funksionallığının artırılması məqsədilə onunla digər dövlət orqanlarının (qurumlarının) müvafiq məlumat bazaları arasında qarşılıqlı informasiya mübadiləsi təmin edilməlidir.

Dövlət qulluğunda insan resurslarının daha səmərəli idarə edilməsində əhəmiyyəti olan statistik məlumatların toplanılması qaydası və bu məlumatların məzmunu təkmilləşdirilməli, mütəmadi olaraq statistik toplular hazırlanmalıdır.

Dövlət qulluğu sahəsində dövlət orqanlarının göstərdiyi xidmətlərdən internet vasitəsilə istifadə, habelə bu sahədə kağız sənəd dövriyyəsinin aradan qaldırılması və şəxsi işlərin vahid yanaşma əsasında elektron formada aparılması məqsədilə elektron dövlət qulluğunun inkişafı təmin edilməlidir.

5.7. Dövlət qulluğunda mütərəqqi motivasiya (həvəsləndirmə) sisteminin yaradılması

Dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsi, onlar arasında sağlam rəqabətin formalaşdırılması, dövlət qulluğunun qeyri-dövlət sektoru ilə rəqabət qabiliyyətinin artırılması, digər sahələrdə çalışan mütəxəssislərin dövlət qulluğuna cəlb edilməsi və ümumilikdə dövlət qulluğunun iş yeri kimi cəlbediciliyinin artırılması məqsədilə dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi təkmilləşdirilməlidir. Əməkhaqqı sistemi, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələrindən asılı olaraq, pilləli şəkildə dövlət məvacibinin artırılması imkanlarını nəzərdə tutmalıdır.

Əməkhaqqı sistemi dövlət qulluğunda insan resurslarının mobilliyini, rotasiyasını, daha səmərəli və uzunmüddətli fəaliyyətini stimullaşdırmalıdır. Dövlət qulluqçularının əməkhaqları ölkə iqtisadiyyatının inkişaf səviyyəsinə uyğun olaraq optimal məbləğdə müəyyən edilməlidir.

5.8. Dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və icrasına nəzarət

Dövlət orqanlarında dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinin vəziyyəti mütəmadi olaraq öyrənilməli, dövlət qulluğuna dair qanunvericiliyin icrasına nəzarət mexanizmləri müəyyən edilməli, aşkarlanmış pozuntu və çatışmazlıqların təhlili əsasında dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər hazırlanmalıdır.

Hazırda dövlət qulluğuna dair normativ hüquqi aktların çoxluğu və müəyyən pərakəndəliyi onların düzgün tətbiq edilməsində çətinlik törədir, qanunvericilikdə mütəmadi dəyişiklik edilməsi zərurəti yaradır. Bu səbəbdən dövlət qulluğu sahəsində vahid qanunvericilik aktının – Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin qəbul edilməsi zəruridir.

5.9. Dövlət orqanlarının struktur bölmələrinin və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi

Dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə struktur bölmələrinin fəaliyyətinin qiymətləndirilməsi sistemi formalaşdırılmalı, qiymətləndirmənin nəticələri həmin bölmələrin rəhbərlərinin və əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi nəticələri ilə müqayisə edilməli və bu yolla qiymətləndirmənin obyektivliyinin və peşəkarlığının təmin edilməsi mexanizmləri yaradılmalıdır.

Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinin əhəmiyyətini artırmaq məqsədilə qiymətləndirmə nəticələrinin əməkhaqqı, qulluqda yüksəliş, rotasiya, əlavə təhsil və dövlət qulluğunun digər elementləri ilə əlaqələndirilməsi həyata keçirilməlidir.

Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi zamanı müasir metodlardan geniş istifadə edilməli, qiymətləndirməni həyata keçirən şəxslərin bu sahədə bilik və bacarıqlarının artırılması üçün mütəmadi təlimlər təşkil edilməlidir.

5.10. Dövlət qulluqçularının etik davranış qaydalarının tətbiqinin təkmilləşdirilməsi

Dövlət qulluqçularının etik davranışı korrupsiyaya qarşı mübarizədə əsas alətlərdən biri olmaqla, dövlət qulluğuna ictimai etimadın və vətəndaş məmnunluğunun artırılmasında mühüm rol oynayır. Dövlət qulluqçuları vəzifə funksiyalarının icrası zamanı bu qaydaları və bu sahədə müəyyən edilmiş dəyərləri rəhbər tutmalı, dövlət orqanlarının rəhbərləri davranışları ilə tabeliyindəki dövlət qulluqçularına nümunə olmalı, etik qaydaların tələblərinə onların əməl etməsini təmin etməlidirlər.

Etik qaydalar üzrə mütəmadi və davamlı təlimlər keçirilməlidir. Bu təlimlərə xüsusilə rəhbər vəzifəli dövlət qulluqçuları və dövlət qulluğuna yeni qəbul olunan şəxslər cəlb edilməlidirlər.

Dövlət orqanlarında etik davranış qaydalarının tətbiqi, bu sahədə maarifləndirmə və mübahisələrin həllinə məsul olan etik müvəkkil vəzifəsi təsis edilməlidir.

6. Strategiyanın həyata keçirilməsi və icrasının monitorinqi

Strategiyanın icrası 2019−2021-ci və 2022−2025-ci illəri əhatə edən iki fəaliyyət planının həyata keçirilməsi ilə təmin edilir.

Fəaliyyət planları Strategiyada nəzərdə tutulan əsas inkişaf istiqamətləri üzrə müvafiq hədəfləri, həmin hədəflərə çatmaq üçün həyata keçirilməsi tələb olunan konkret tədbirləri, icraçıları və müddətləri əks etdirir.

Bu Strategiyanın icrasının monitorinqini Mərkəz aparır. Monitorinqin keyfiyyətinin təmin edilməsi məqsədilə Mərkəz fəaliyyət planlarında nəzərdə tutulan tədbirlər üzrə indikativ göstəricilər, hesabat formaları hazırlayır və tədbirlərin nəticələri müvafiq indikativ göstəricilər vasitəsilə qiymətləndirilir.

Fəaliyyət planlarında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə məlumatlar ildə bir dəfə ümumiləşdirilmiş hesabat formasında Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

7. Strategiyanın maliyyələşdirilməsi

Bu Strategiyanın icrası ilə bağlı tədbirlər Azərbaycan Respublikasının dövlət büdcəsindən və qanuna zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

8. “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2019−2021-ci illərdə icrası üzrə Fəaliyyət Planı

Dövlət qulluğu və kadrlar şöbəsinin Əsasnaməsi

1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Energetika Nazirliyinin (bundan sonra – Nazirlik) Dövlət qulluğu və kadrlar şöbəsinin (bundan sonra – şöbə) fəaliyyət istiqamətlərini, funksiyalarını, vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.

1.2. Şöbə Nazirliyin aparatının müstəqil struktur bölməsidir və bilavasitə Azərbaycan Respublikasının Energetika nazirinə (bundan sonra – nazir) tabedir. Şöbə bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirliyin aparatının şöbələri və sektorlarının (bundan sonra – Nazirliyin struktur bölmələri), tabeliyində olan qurumun fəaliyyəti ilə bağlı əmək qanunvericiliyi sahəsində qəbul edilmiş aktların tətbiqini, dövlət qulluğuna qəbul və dövlət qulluğu vəzifələrinin tutulmasını, həmçinin dövlət qulluqçularının və dövlət qulluqçusu olmayan əməkdaşların etik davranış qaydalarına əməl edilməsini, əlavə təhsilini, peşə hazırlığının artırılmasını, qiymətləndirilməsini, təlimini və kadrların idarəedilməsi istiqamətində fəaliyyətinin təşkilini həyata keçirir.

1.3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunları, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”ni, Nazirliyin Kollegiyasının qərarlarını və nazirin əmr və sərəncamlarını (bundan sonra – Nazirliyin hüquqi aktları) və bu Əsasnaməni rəhbər tutur.

1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin struktur bölmələri və tabeliyində olan qurumları, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Şöbə üzərində adı həkk olunmuş dairəvi möhürə malikdir.

2. Şöbənin fəaliyyət istiqamətləri

2.0. Şöbənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.0.1. Nazirliyin dövlət qulluğu və kadr işinin, əmək münasibətlərinin tənzimlənməsinin təşkilini və təkmilləşdirilməsini təmin edir;

2.0.2. Nazirliyin insan resursları ilə təminatını, ehtiyat kadrların formalaşdırılmasını, həmçinin insan resurslarının idarəedilməsi sahəsində işlərin təşkilini həyata keçirir;

2.0.3. dövlət qulluqçularının əlavə təhsilə, təlimə ehtiyac meyarının müəyyən edilməsi və bu istiqamətdə tədbirlərin həyata keçirilməsini təmin edir;

2.0.4. insan kapitalının inkişafı sahəsində tədbirlər hazırlayır və həyata keçirir;

2.0.5. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

3. Şöbənin vəzifələri

3.0. Şöbənin bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ümumi vəzifələri aşağıdakılardır:

3.0.1. fəaliyyət istiqamətləri çərçivəsində kadrların idarəedilməsinə dair strategiya, proqram və digər sənədlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir;

3.0.2. kadrların idarəedilməsi texnologiyalarının təkmilləşdirilməsinə dair beynəlxalq təcrübəni öyrənmək və bu təcrübənin tətbiqi ilə əlaqədar rəhbərliyə təkliflər verir;

3.0.3. Nazirliyin struktur bölmələri və tabeliyində olan qurumun yüksək ixtisaslı mütəxəssislərlə təmin edilməsi, kadrların seçilməsi, yerləşdirilməsi istiqamətində şöbənin səlahiyyətləri daxilində dövlət kadr strategiyasını həyata keçirir;

3.0.4. Nazirliyin struktur bölmələrində inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin həyata keçirilməsində iştirak edir və onların qanunvericiliyə uyğun aparılmasına nəzarət edir, illik yekun hesabatlarını hazırlayır və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir;

3.0.5. Nazirliyin struktur bölmələrinin dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi nəticələrini təhlil edir və təkliflər verir;

3.0.6. dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün tələb olunan məlumatların aidiyyəti üzrə vaxtında təqdim edilməsi və yardımçı vəzifələrin, dövlət qulluğu hesab edilməyən vəzifələrin tutulması üçün zəruri tədbirlər görür;

3.0.7. daimi dövlət qulluğuna qəbul olunacaq dövlət qulluqçularının qanunverciliyə uyğun təntənəli surətdə andiçməsini təmin edir;

3.0.8. Nazirliyin ştat vahidlərinin ixtisaslı kadrlarla təmin edilməsi, kadrların rotasiyası, vəzifəyə təyin və ya vəzifədən azad edilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və mükafatlandırılması haqqında rəhbərliyə təkliflər verir;

3.0.9. Nazirliyin əməkdaşlarının əlavə təhsil, təlim ehtiyaclarını müəyyən edir, peşə hazırlığının artırılması, etik davranış və korrupsiyaya qarşı mübarizə istiqamətində tədbirlər həyata keçirir;

3.0.10. dövlət qulluqçularına tutduqları vəzifəyə və qulluq stajına uyğun olaraq ilkin və növbəti ixtisas dərəcələrinin verilməsini təmin edir;

3.0.11. staj müddətinə təyin olunmuş dövlət qulluqçularının kuratorunun müəyyən edilməsi və onlarla işin aparılmasını təşkil edir;

3.0.12. dövlət qulluğu vəzifələrinə qanunvericiliyə uyğun tələbləri müəyyən edir və qulluq funksiyalarının hazırlanması işini həyata keçirir;

3.0.13. rəhbər vəzifələr üzrə ehtiyat kadrlar siyahısını formalaşdırır və ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslər barədə illik fəaliyyət planını hazırlayır, bu barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim edir, ehtiyat kadrlarla bağlı olan digər mənbələrlə iş aparır, perspektivli kadrların peşəkarlığının artırılmasına dair təkliflər hazırlayır;

3.0.14. Nazirliyin müəyyən olunmuş qulluq reqlamentinə və daxili intizam qaydalarına əməl olumasına nəzarətin həyata keçirilməsində iştirak edir;

3.0.15. Nazirliyin əməkdaşlarının mükafatlandırılması və ya intizam məsuliyyətinə cəlb olunması barədə sənədləşmə işlərini aparır;

3.0.16. kadrların idarəedilməsi sahəsində ölkədaxili və beynəlxalq təcrübəni öyrənərək, onları ümumiləşdirir və tətbiq edilməsi istiqamətində təkliflər verir;

3.0.17. Nazirlikdə baş verən kadr axınının səbəblərini öyrənir, onun aradan qaldırılması üçün tədbirlər hazırlayır və rəhbərliyə təqdim edir;

3.0.18. Nazirliyin struktur bölmələrinin və tabeliyində olan qurumun əməkdaşlarının təlim ehtiyaclarını öyrənir və bu istiqamətdə tədbirlər həyata keçirir;

3.0.19. yeni təyin olunmuş işçilərlə uyğunlaşma işinin aparılmasını həyata keçirir;

3.0.20. Nazirliyin aparatının və strukturuna daxil olan qurumun əməkdaşlarının komanda quruculuğu işinin təşkilini həyata keçirir, korporativ, sosial-mədəni və motivasiya tədbirlərini təşkil edir;

3.0.21. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə, ümumi müsahibə və daxili müsahibəyə çıxarılması nəzərdə tutulan vəzifələri müəyyən edir və rəhbərliyin bu barədə qəbul etdiyi qərarı müvafiq icra hakimiyyəti orqanına təqdim edir;

3.0.22. dövlət qulluğuna kadrların seçilməsi məqsədi ilə qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə və ya müsahibələrdə nümayəndə qismində iştirak edir, müsahibə və ya müsabiqə əsasında təyinat aparıldıqda, təşkilati və metodiki tədbirləri həyata keçirir;

3.0.23. dövlət qulluqçularının reyestrinin və dövlət qulluğu ilə əlaqədar yaradılan digər məlumat bazalarının aparılması üçün zəruri tədbirlər görür və reyestrə daxil edilmiş məlumatlarda baş vermiş dəyişikliklər haqqında məlumatların müvafiq dövlət orqanına hər ay verilməsini təmin edir;

3.0.24. qanunvericiliyə müvafiq olaraq iş vaxtından istifadənin uçot cədvəli (tabel), iş stajları barədə arayış və məzuniyyət qrafiklərinin hazırlanması, əməkdaşlara məzuniyyət, ixtisas dərəcələrinin və müavinətlərin verilməsi, məzuniyyətlərin qeydiyyatının aparılması, ezamiyyətə göndərilmənin rəsmiləşdirilməsi işlərini həyata keçirir;

3.0.25. Nazirliyin əməkdaşlarının şəxsi, arxiv işlərinin, həmçinin digər sənədlərin müəyyən olunmuş qaydada uçotunu, qeydiyyatını həyata keçirir, saxlanmasını və məlumatların konfidensiallığını təmin edir;

3.0.26. əməkdaşlara xidməti vəsiqələrin və əmək kitabçalarının verilməsi, onların doldurulması, qeydiyyatının aparılması və saxlanılmasını təmin edir;

3.0.27. fəaliyyət istiqamətləri üzrə Nazirliyin hüquqi akt layihələrini hazırlayır və onların hazırlanmasında iştirak edir;

3.0.28. səlahiyyətləri çərçivəsində işçilərə müvafiq arayışlar və çıxarışlar verir;

3.0.29. rəhbərliyin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;

3.0.30. şöbənin iş planını və fəaliyyəti ilə bağlı dövrlər üzrə hesabatları hazırlayır və rəhbərliyə təqdim edir;

3.0.31. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.

4. Şöbənin hüquqları

4.0. Şöbə öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.0.1. kadr məsələləri və digər sahələr üzrə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

4.0.2. əlverişli iş şəraiti yaratmaq və onun effektivliyini artırmaq məqsədi ilə Nazirliyin aparatının və strukturuna daxil olan qurumun əməkdaşlarının əmək fəaliyyətinə təsir göstərən psixoloji, iqtisadi və digər faktorların öyrənilməsi üçün tədqiqatlar aparmaq;

4.0.3. Nazirliyin tabeliyində olan quruma sorğular ünvanlamaq və müvafiq məlumatlar almaq;

4.0.4. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, Nazirliyin strukturlarının rəhbərlərinə insan resurslarının idarəedilməsi üzrə əməli və metodiki tövsiyyələr vermək;

4.0.5. Nazirin tapşırığına əsasən şöbənin fəaliyyəti ilə bağlı sahələrin inkişafına yönəlmiş dövlət və beynəlxalq proqramların həyata keçirilməsində iştirak etmək;

4.0.6. fəaliyyət istiqamətləri üzrə yerli və beynəlxalq təcrübəni öyrənmək və uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflər vermək;

4.0.7. kadrların idarəedilməsi sahəsində təcrübə mübadiləsi məqsədi ilə digər dövlət orqanlarının kadr siyasətini həyata keçirən qurumları ilə əməkdaşlıq etmək;

4.0.8. fəaliyyət istiqamətləri üzrə normativ və təşkilat-sərəncamverici sənədlərin ilkin layihələrini hazırlamaq və ya hazırlanmış layihələrə dair təkliflər vermək;

4.0.9. Nazirliyin, şöbənin və tabeliyində olan qurumun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

4.0.10. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

5. Şöbənin fəaliyyətinin təşkili

5.1. Şöbənin strukturu və işçilərinin say həddi nazir tərəfindən müəyyən və təsdiq edilir. Nazir tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz. Şöbənin strukturuna Kadr siyasəti sektoru və Dövlət qulluğu sektoru daxildir.

5.2. Şöbənin fəaliyyətinə nazir tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3. Şöbə müdirinin nazir tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilən müavini (şöbə müdirinin müavini-sektor müdiri) vardır. Şöbə müdirinin müavini-sektor müdiri şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbə müdirinin müavini-sektor müdiri həyata keçirir.

5.4. Şöbənin digər əməkdaşları nazir tərəfindən qanunvericiliyə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.

5.5.1. şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. tabeliyində olan sektorlar və əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir;

5.5.3. şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə müvafiq sənədləri imzalayır, həmçinin iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir;

5.5.4. şöbə üzrə Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim edir;

5.5.5. şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Nazirliyin digər struktur bölmələrindən zəruri məlumat və sənədləri alır;

5.5.6. şöbənin maddi-texniki ləvazimatla, rabitə və nəqliyyatla təminatı, habelə işçilərinin sosial-məişət təminatı üçün müəyyən edilmiş qaydada nazirliyin aidiyyəti struktur bölmələri qarşısında məsələ qaldırır;

5.5.7. şöbəyə daxil olan məktub və müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

5.5.8. şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

5.5.9. şöbəni təmsil edir.

5.6. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

6. Şöbənin strukturuna daxil olan sektorların vəzifələri

6.1. Kadr siyasəti sektorunun vəzifələri aşağıdakılardır:

6.1.1. Nazirliyin struktur bölmələri və tabeliyində olan qurumun yüksək ixtisaslı mütəxəssislərlə təmin edilməsi, kadrların seçilməsi, yerləşdirilməsi istiqamətində şöbənin səlahiyyətləri daxilində dövlət kadr strategiyasını həyata keçirir;

6.1.2. Nazirliyin struktur bölmələrində inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin həyata keçirilməsində iştirak edir və onların qanunvericiliyə uyğun aparılmasına nəzarət edir, illik yekun hesabatlarını hazırlayır və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir;

6.1.3. Nazirliyin struktur bölmələrinin dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi nəticələrini təhlil edir və təkliflər verir;

6.1.4. dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün tələb olunan məlumatların aidiyyəti üzrə vaxtında təqdim edilməsi və yardımçı vəzifələrin, dövlət qulluğu hesab edilməyən vəzifələrin tutulması üçün zəruri tədbirlər görür;

6.1.5. daimi dövlət qulluğuna qəbul olunacaq dövlət qulluqçularının qanunverciliyə uyğun təntənəli surətdə andiçməsini təmin edir;

6.1.6. Nazirliyin ştat vahidlərinin ixtisaslı kadrlarla təmin edilməsi, kadrların rotasiyası, vəzifəyə təyin və ya vəzifədən azad edilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və mükafatlandırılması haqqında rəhbərliyə təkliflər verir;

6.1.7. Nazirliyin əməkdaşlarının əlavə təhsil, təlim ehtiyaclarını aidiyyəti struktur bölmələri ilə birlikdə müəyyən edir, peşə hazırlığının artırılması, etik davranış və korrupsiyaya qarşı mübarizə istiqamətində tədbirlər həyata keçirir;

6.1.8. dövlət qulluqçularına tutduqları vəzifəyə və qulluq stajına uyğun olaraq ilkin və növbəti ixtisas dərəcələrinin verilməsini təmin edir;

6.1.9. staj müddətinə təyin olunmuş dövlət qulluqçularının kuratorunun müəyyən edilməsi və onlarla işin aparılmasını təşkil edir;

6.1.10. dövlət qulluğu vəzifələrinə qanunvericiliyə uyğun tələbləri müəyyən edir və qulluq funksiyalarının hazırlanması işini həyata keçirir;

6.1.11. rəhbər vəzifələr üzrə ehtiyat kadrlar siyahısını formalaşdırır və ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslər barədə illik fəaliyyət planını hazırlayır, bu barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim edir, ehtiyat kadrlarla bağlı olan digər mənbələrlə iş aparır, perspektivli kadrların peşəkarlığının artırılmasına dair təkliflər hazırlayır;

6.1.12. Nazirliyin müəyyən olunmuş qulluq reqlamentinə və daxili intizam qaydalarına əməl olumasına nəzarətin həyata keçirilməsində iştirak edir;

6.1.13. fəaliyyət istiqamətləri üzrə Nazirliyin hüquqi akt layihələrini hazırlayır və onların hazırlanmasında iştirak edir;

6.1.14. Nazirliyin əməkdaşlarının mükafatlandırılması və ya intizam məsuliyyətinə cəlb olunması barədə sənədləşmə işlərini aparır;

6.1.15. kadrların idarəedilməsi sahəsində ölkədaxili və beynəlxalq təcrübəni öyrənərək, onları ümumiləşdirir və tətbiq edilməsi istiqamətində təkliflər verir;

6.1.16. Nazirlikdə baş verən kadr axınının səbəblərini öyrənir, onun aradan qaldırılması üçün tədbirlər hazırlayır və rəhbərliyə təqdim edir;

6.1.17. Nazirliyin struktur bölmələrinin və tabeliyində olan qurumun əməkdaşlarının təlim ehtiyaclarını öyrənir və bu istiqamətdə tədbirlər həyata keçirir;

6.1.18. yeni təyin olunmuş işçilərlə uyğunlaşma işinin aparılmasını həyata keçirir;

6.1.19. Nazirliyin aparatının və strukturuna daxil olan qurumun əməkdaşlarının komanda quruculuğu işinin təşkilini həyata keçirir, korporativ, sosial-mədəni və motivasiya tədbirlərini təşkil edir;

6.1.20. illik, rüblük hesabatlar, arayışlar və məlumatlar hazırlayır;

6.1.21. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

6.2. Dövlət qulluğu sektorunun vəzifələri aşağıdakılardır:

6.2.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə, ümumi müsahibə və daxili müsahibəyə çıxarılması nəzərdə tutulan vəzifələri müəyyən edir və rəhbərliyin bu barədə qəbul etdiyi qərarı müvafiq icra hakimiyyəti orqanına təqdim edir;

6.2.2. dövlət qulluğuna kadrların seçilməsi məqsədi ilə qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə və ya müsahibələrdə nümayəndə qismində iştirak edir, eyni zamanda digər əməkdaşların iştirakını təmin edir, müsahibə və ya müsabiqə əsasında təyinat aparıldıqda, bu istiqamətdə təşkilati və metodiki tədbirləri həyata keçirir;

6.2.3. dövlət qulluqçularının reyestrinin və dövlət qulluğu ilə əlaqədar yaradılan digər məlumat bazalarının aparılması üçün zəruri tədbirlər görür və reyestrə daxil edilmiş məlumatlarda baş vermiş dəyişikliklər haqqında məlumatların müvafiq dövlət orqanına hər ay verilməsini təmin edir;

6.2.4. qanunvericiliyə müvafiq olaraq iş vaxtından istifadənin uçot cədvəli (tabel), iş stajları barədə arayış və məzuniyyət qrafiklərinin hazırlanması, əməkdaşlara məzuniyyət, ixtisas dərəcələrinin və müavinətlərin verilməsi, məzuniyyətlərin qeydiyyatının aparılması, ezamiyyətə göndərilmənin rəsmiləşdirilməsi işlərini həyata keçirir;

6.2.5. Nazirliyin əməkdaşlarının şəxsi, arxiv işlərinin, həmçinin digər sənədlərin müəyyən olunmuş qaydada uçotunu, qeydiyyatını həyata keçirir, onların saxlanılmasını və məlumatların konfidensiallığını təmin edir;

6.2.6. əməkdaşlara xidməti vəsiqələrin və əmək kitabçalarının verilməsi, onların doldurulması, qeydiyyatının aparılması və saxlanılmasını təmin edir;

6.2.7. fəaliyyət istiqamətləri üzrə Nazirliyin hüquqi akt layihələrini hazırlayır və onların hazırlanmasında iştirak edir;

6.2.8. səlahiyyətləri çərçivəsində işçilərə müvafiq arayışlar, çıxarışlar verir;

6.2.9. hesabatlar, arayışlar və məlumatlar hazırlayır;

6.2.10. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

Dövlət qulluğu və kadr məsələləri şöbəsi

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin (bundan sonra – Nazirlik) Aparatının struktur bölməsi olan Dövlət qulluğu və kadr məsələləri şöbəsi (bundan sonra – Şöbə) bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirliyin Aparatının digər struktur bölmələrinin, strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların (bundan sonra – Nazirliyin struktur bölmələri) fəaliyyəti ilə bağlı dövlət qulluğu və əmək qanunvericiliyi sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiqi, dövlət qulluğu üçün kadrların müsabiqə və ya müsahibə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi, işçilərin təlimi və inkişafı, dövlət qulluqçularının və Nazirliyin dövlət qulluqçusu olmayan əməkdaşlarının (bundan sonra – əməkdaşlar) etik davranış qaydalarına əməl olunmasına nəzarət edilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının artırılması, əlavə təhsili, sosial müdafiəsi, tabe qurumlara əməkdaşların müvafiq vəzifələrə təyin olunması, xitam verilməsi və keçirilməsi ilə bağlı razılaşdırma məsələlərini, əməkdaşların qiymətləndirilməsi (attestasiyası), kadr məlumatlarının təhlilini, həmçinin dövlət qulluğu və əmək münasibətləri ilə bağlı digər məsələlər üzrə işlərin təşkilini və tənzimlənməsini həyata keçirir.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununu və digər qanunları, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi haqqında Əsasnamə”ni və Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin Kollegiya qərarlarını, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin (bundan sonra – Nazir) əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin struktur bölmələri, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

NAZİRLİK
  • Tarixi
  • Rəhbərlik
  • Struktur
  • Əsasnamə
  • Kollegiya
  • İllik hesabatlar
  • Vakansiyalar
  • Etik məsələlər
  • Apellyasiya Şurası
  • İctimai şura
QANUNVERİCİLİK
  • Konstitusiya
  • Qanunlar
  • Əmək Məcəlləsi
  • Fərmanlar
  • Sərəncamlar
  • Nazirlər Kabinetinin Qərar və Sərəncamları
  • Nazirliyin Kollegiya Qərarları və Əmrləri
  • Təlimatlar və qaydalar
  • Strategiya
  • Etik məsələlər
  • Qanunvericilik layihələri
  • Digər sənədlər
  • Qanunvericilik (ingiliscə)
  • İstehsalat təqvimləri
ƏSAS SAHƏLƏR
  • Məşğulluq Marafonu
  • Övladlığagötürmə
  • İctimai işlər
  • DOST mərkəzləri
  • Ünvanlı dövlət sosial yardımı
  • Sosial təminat
  • Əmək münasibətləri
  • İşsiz və işaxtaranlar
  • Özünüməşğulluq
  • Əlilliyi olan şəxslər
  • Pensiyaçılar
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR
  • Xəbərlər arxivi
  • Tədbirlər
  • Elanlar
  • Nəşrlər
  • Fotoqalereya
  • İnfoqrafikalar
  • Videoqalereya
  • Faydalı videoçarxlar
  • İnformasiya məsələləri üzrə məsul şəxs
  • Nazirlik mətbuatda
MÜRACİƏT
  • Ünvan və telefonlar
  • Karantin dövründə müraciət
  • Çağrı Mərkəzi
  • Qəbul günləri
  • Məktub yazmaq
  • Apellyasiya Şurasına müraciət
  • Vətəndaşların qəbulu qaydaları
  • Onlayn əlaqə – Canlı Çat
  • Əlaqə nömrələri
  • Ünvan və telefonlar
FAYDALI
  • İstehsalat Təqvimi
  • Dövlət rəmzləri
  • Ən çox verilən suallar
  • Beynəlxalq əməkdaşlıq
  • Dövlət qulluğu
  • Üç illik hesabat
  • “Əmək veteranı” adı və vəsiqəsi necə verilir
  • Akkreditasiya olunmuş qeyri-dövlət mərkəzləri
  • Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası ilə bağlı Parlament üzvləri üçün Stolüstü kitab
  • DOST Agentliyinin bülleteni
  • Sosial partnyorlar
  • Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya
  • Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası ilə bağlı Parlament üzvləri üçün Stolüstü kitab
  • Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya
  • DƏMX-in antikorrupsiya siyasətləri
  • Digər dövlət saytlarına keçid
  • Bir prosedurla hüquqi şəxslərin onlayn dövlət qeydiyyatı
  • Bank rekvizitləri
  • Sorğular
  • Peşə standartları
  • Açıq məlumatlar

Səhifəmizdəki yeniliklərdən xəbərdar olmaq üçün E-poçtunuzu daxil edin

© 2020 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu. Müəllif hüquqları qorunur.

Comments are closed, but trackbacks and pingbacks are open.