Press "Enter" to skip to content

Elçin Hüseynbəyli

1997-ci ildə Varşavada “İnsan haqları yay məktəbi”nin məzunu olub. 1999-cu ildən müxtəlif KİV-də, o cümlədən “Azadlıq” radiosunda işləyib, radionun Bakı bürosunu yaradıb. Azərbaycanda yeni informasiya modelini ilk təqdim edənlərdəndir.

Məstan Günərin “Seçilmiş əsərləri”nin təqdimatı olub

Aprelin 18-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şair Məstan Günərin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr edilmiş “Seçilmiş əsərləri”nin ikicildliyinin təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, filologiya elmləri doktoru professor Məhərrəm Qasımlı milli poeziyamızın parlaq simalarından olan M.Günərin həyat və yaradıcılığından danışıb. O, unudulmaz şairin şeirlərinin pafosdan uzaq, qeyri-adiliklərlə, poetik axtarışlarla zəngin olduğunu, onun yaradıcılığına Azərbaycanın milli mənəvi dəyərlərinin hopduğunu vurğulayıb. M.Qasımlı bildirib ki, M.Günərin “Seçilmiş əsərləri”nin birinci cildi onun müxtəlif illərdə qələmə aldığı şeir və poemalardan, ikinci cildi isə ancaq qoşmalardan ibarətdir. Bu cilddə məhəbbət lirikası mühüm yer tutur. Müəllif şeirlərinə məhəbbətin ülviliyi ilə yanaşı, iztirablarını, könül ağrılarını da gətirir və bunları sevginin müqəddəsliyindən doğan bəşəri və təbii bəlalar kimi xarakterizə edir.

Qeyd olunub ki, M.Günərin əksər şeirlərində xalqın adət-ənənələri, mərifət dünyası, əxlaqi görüşləri öz əksini tapır. O, müasir şeirimizdə qoşma ustası kimi özünü sevdirə bilib. Onun qoşmaları XX əsr insanının, daha doğrusu, sevən aşiqin könül çırpıntılarını əks etdirir. Bu qoşmalarda Vaqif şeirinə məxsus nikbinlik sanki yenidən üzə çıxır. Gözəllikdən zövq almaq, sevdiyi gözəlin həm daxili, həm də zahiri portretini yaratmaq, məhəbbətin, sevginin ötəri hiss olmadığını sübut eləmək bu qoşmaların mahiyyətini təşkil edir.

Tədbirdə M.Günərin həm də tanınmış uşaq şairi olduğu, uşaq ədəbiyyatı sahəsində uğurlarına görə Azərbaycanın Dövlət mükafatına layiq görüldüyü diqqətə çatdırılıb.

M.Günərlə bağlı xatirələrini bölüşən Xalq Şairi Nəriman Həsənzadə onun şeirlərinin sazdan, haqdan və xalqın ruhundan gəldiyini deyib və təqdimatı keçirilən kitabın nəşrinə göstərdiyi köməyə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib.

Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov M.Günərin ötən əsrin 70-ci illərinin şairləri arasında seçildiyini qeyd edib. Bildirib ki, M.Günərin əsasən xalq ruhunda şeirlər yazması onun poeziyasının dəyərini şərtləndirir. M.Günərin yaradıcılığındakı hər sözün etnoqrafik enerji daşıdığını deyən akademik onun ictimai-siyası məzmunlu şeirlər yazdığını da diqqətə çatdırıb.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov M.Günərin “Seçilmiş əsərləri”nin ikicildliyinin nəşrini dövlətimizin ədəbiyyatımıza qayğı və diqqətinin bariz nümunəsi kimi dəyərləndirib. O, Azərbaycan ədəbi irsinə töhfə olan bu ikicildliyin kitabxanalara paylanılacağını söyləyib.

Digər çıxış edənlər də ikicildlikdə toplanmış şeir və poemaların bədii xüsusiyyətlərindən söz açıb, M.Günərlə bağlı ürək sözlərini bölüşüblər

Tədbirdə aktrisa Şəhla Əliqızı şair M.Günərin şeirlərini səsləndirib.

Elçin Hüseynbəyli

Elçin Hüseynbəyli — nasir, yazıçı-dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ulduz” jurnalının baş redaktoru (2004-2014), “Ədəbiyyat qəzeti”nin baş redaktoru (2014).

Həyatı

Elçin Hüseynbəyli (ədəbi təxəllüsü: Qaraçuxa) 1961-ci il dekabrın 24-də Cəbrayıl rayonunda anadan olub. 1979-cu ildə həmin rayonun Şükürbəyli kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1980-1982-ci illərdə keçmiş Sovet ordusunda piyada qoşunlarda uğurlu hərbi xidmət keçib, “əlaçı əsgər” döş nişanına layiq görülüb.

1989-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1997-ci ildə Varşavada “İnsan haqları yay məktəbi”nin məzunu olub. 1999-cu ildən müxtəlif KİV-də, o cümlədən “Azadlıq” radiosunda işləyib, radionun Bakı bürosunu yaradıb. Azərbaycanda yeni informasiya modelini ilk təqdim edənlərdəndir.

2004-cü ilin mayında AYB sədri Anarın təqdimatı ilə “Ulduz” jurnalının baş redaktoru seçilmiş, 27 mart 2014-cü ilədək bu vəzifədə çalışmışdır. Həmin tarixdən “Ədəbiyyat qəzeti”nin baş redaktorudur. O, həm də AYB Katibliyinin yeddi üzvündən biridir. Xalq yazıçısı Anar onu yeni nəsil ədəbiyyatının layiqli təmsilçisi və sintetik janrlarda yazan qələm adamı kimi dəyərləndirib: “Elçinin timsalında ədəbiyyatımızda çox istedadlı, maraqlı, bənzərsiz, orjinal bir nasir yetişmişdir. Onun əsərlərində sürrealizm, əfsunlu realizm elementləri də var, mifik təfəkkür də, folklora bağlılıq da və bunların sintezi süni deyil, yazıçının daxili dünyasından keçirilmiş bir sintezdir”.

E.Hüseynbəyli haqqında ölkənin ən tanınmış ədəbiyyat adamları 100-ə yaxın məqalə yazıblar. O, Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin baş katibi, rus dilində nəşr olunan “Güney Qafqaz” dərgisinin Azərbaycan üzrə koordinatoru və redaktorudur.

Ümumdünya azərbaycanlıları qurultaylarının nümayəndəsidir.

2000-ci ildə istedadlı gənc yazar kimi Prezident təqaüdünə, 2008-ci ildə isə Prezidentin xüsusi mükafatına layiq görülüb.

2001-ci ildə “Yusif Səmədoğlu adına ən yaxşı nəsr əsəri”, 2007-ci ildə “Humay”, 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” (nəsr üzrə ilk nominant kimi), eləcə də bir sıra ədəbi ödüllərə layiq görülüb.

Hekayə və romanları ali və orta məktəblərdə tədris olunur.

“Rəqs edən oğlan”, “Balıq adam”, “İki nəfər üçün oyun”, “Cənab 21-ci əsr”, “Yovşan qağayılar”, “Tut ağacı boyunca”, “On üçüncü həvari, 141-ci Don Juan”, “Şah Abbas”, “Metro vadisi”, “Yolayrıcında qaçış”, “Azıx”, “Şimallı gəlin”, “Kopelhausda bir axşam”, “İki Od arasında” kitablarının, səkkiz romanın, yüzdən çox hekayə, esse və bədii məqalənin müəllifidir.

Onun roman və dram əsərləri əsasən sintetik janrlardadır: dünən, bu gün və gələcək. Təhkiyəsi axıcı, üslubu fərdidir. Əsasən milli problemləri qabardır, amma dünyanı bütöv qavrayır. Roman və dramları konkret ideyaya əsaslanır, süjet xətti kəskin intriqa üstündə qurulur. Əsərləri ingilis, rus, alman, fransız, polyak, ukrayna, litva, koreya, fars və s. dillərə tərcümə olunub, türkdilli xalqların dillərinə uyğunlaşdırılıb.

Kitablari Türkiyə, Rusiya, Litva, Özbəkistan və Gürcüstanda nəşr olunub.

Avropa Birliyinin regionda münaqişə tərəflərilə bağlı müxtəlif layihələrin iştirakçısı və əlaqələndiricisidir.

Doqquz pyesi dövlət teatrlarında oynanılıb.

Evlidir. İki övladı var, siyasi mənsubiyyəti yoxdur. Mərkəzçidir.O kiçik hekayələrin böyük romanlarında ustasıdır .Bu əsərlərin maraqla oxunmasının 1-ci səbəbi isə dil zənginliyi üslub aydınlığıdır.Elçin Hüseyinbəylinin dil-üslub tərzində yenilikçi olduğunu bütun əsərlərində müşahidə etmək olar.

Əsərləri

  1. Gözünə gün düşür (2010)
  2. “Firuzə qaşlı xəncər”
  3. “Nəvə hekayəsi”
  4. “Rəqs edən oğlan”
  5. “Cənab XXI əsr”
  6. “Yovşan qağayılar”
  7. “On üçüncü həvari-141-ci Don Juan”
  8. “Yolayrıcında qaçış”
  9. “Şah Abbas”
  10. “Balıq Adam”
  11. “Aişə”
  12. “Azıx”
  13. “Metro vadisi”
  14. “Ağ-Qara
  15. “Sular günəşə nəğmə oxuyanda”
  16. “Qız və sevgi”
  17. “sex yapmak (roman)

Comments are closed, but trackbacks and pingbacks are open.