Press "Enter" to skip to content

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə elmi-tarixi və fəlsəfi müstəvidə baxış

Azərbaycanın müstəqillik illərində yürütdüyü tarazlaşdırılmış xarici siyasət, neft-qaz ehtiyatlarından praqmatik şəkildə istifadə edilməsi, sosialyönümlü daxili siyasət onu haqlı olaraq bütün dünyada hörmət qazanmış müasir sabit dövlətə çevirib. Lakin Azərbaycan dövlətinin xarici siyasətinin ən mühüm prioriteti olan, keçmiş Sovet İttifaqından miras qalmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hələ də özünün qəti və ədalətli həllini gözləyir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: ötən 20 il

20 ildən artıqdır, Ermənistanın destruktiv mövqeyi səbəbindən həllini tapmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunda sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün başlıca maneə olaraq qalır. Amma mövcud “status-kvo” vəziyyəti daha çox Ermənistanın özü üçün ağır nəticələrə səbəb olub. Belə ki, bu gün işğalçı ölkə üçün ən böyük strateji təhlükə onun təcrid olunması və regional mahiyyətini itirməsi riskidir ki, bu da Ermənistanın Dağlıq Qarabağ münaqişəsilə bağlı 20 ildir ki, davam etdirdiyi destruktiv mövqeyi ilə bağlıdır. Faktiki olaraq işğal siyasəti Ermənistanı regional enerji layihələrindən kənarda qoyub və iqtisadi inkişafının önündə böyük maneələr yaradıb. Təbii ki, iqtisadi iflasla yanaşı, ölkə daxilində mövcud sosial böhran fonunda miqrasiya da geniş vüsət alıb. Bu gün Ermənistanda 3.1 milyonluq əhalinin 300 mini ölkəni tərk edib. Son 3 ildə isə ölkəni tərk edən vətəndaşlar ümumi əhalinin 5%-nə (160 min nəfər) bərabərdir.

Məsələnin daha ciddi tərəfi hakimiyyət daxilində müşahidə edilən toqquşmalardır. Radikal millətçilər ermənilərin Dağlıq Qarabağa bağlılıqlarını əldə bayraq edərək demokratiyanın genişlənməsinə əngəl törədir və Ermənistanı Rusiyadan asılı durumda saxlamaqda davam edirlər. Amma iş o yerə çatıb ki, bu gün təcavüzkar ölkənin əsas reallığı, əsas müzakirə mövzusu Dağlıq Qarabağ yox, ölkədəki sosial və iqtisadi böhran vəziyyətidir. Mövcud vəziyyət onu deməyə əsas verir ki, işğal siyasətini davam etdirmək Ermənistanın milli maraqlarına xidmət etmir və indiki iqtidar üçün ölkəni durğunluqdan çıxarmaq çox vacibdir.

1994-cü ildən bəri münaqişənin həllində vasitəçiliyi öz üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyilə davam edən sülh danışıqlarında nizamlanma üçün açılan imkanlar dəfələrlə təcavüzkar ölkə tərəfindən pozulub. Burada vasitəçi ölkələrin Ermənistanın məsuliyyətsizliyinə göz yumaraq, prosesə laqeyd yanaşma sərgiləməsi təəssüf doğurur. Azərbaycan böyük sülh sazişi üzərində işə başlamağı təklif etsə də, İrəvan bu sənədin bəzi bəndlər üzrə razılığı olmadığını əsas gətirərək (?) konstruktiv mövqe sərgiləməkdən yayınır. Məsələ burasındadır ki. Ermənistanın bu mövqeyi hazırki erməni cəmiyyətinin daxili ehtiyatlarını da heçə endirir. Nəticədə Ermənistan asılı dövlət kimi yenə də asılılığını davam etdirməkdədir. Zəif hakimiyyət isə nə iqtisadi – siyasi islahatlar aparmaq, nə də müasir dövlət qurmaq iqtidarında deyil. Bu səbəbdən təcavüzkar ölkənin kənar qüvvələrin diktəsilə hərəkətə davam edəcəyi qaçılmaz olacaq.

Son seçkilərin nəticələri də onu deməyə əsas verir ki, Ermənistanın iqtisadi vəziyyəti qarşıdakı 5 ildə daha da pisləşəcək. Mühacir ermənilərin, fəaliyyətinin dayandımağa məcbur olan kiçik və orta biznes obyektlərinin sayınin artması fonunda 3-də 1 hissəsi yoxsul hesab edilən əhali üçün ümidsizlik faktiki olaraq dominanta çevrilib. Əhalinin adambaşına düşən Ümumi Daxili Məhsulun (ÜDM) səviyyəsi kritik həddə aşağı, idxal isə dar struktura malik ixracatdan az qala 4 dəfə çoxdur. Ötən il Ermənistanın ümumi xarici borcu ölkənin nominal ÜDM-z faiz nisbəti 72%-ə bərabər olub. Ermənistanın Nəzarət Palatasının dövlət büdcəsi ilə bağlı rəyində “əgər bu cür davam edərsə, ölkədə borc böhranının baş verəcəyi” qeyd edilir. Son bir neçə ildə regional miqyaslı heç bir proqram həyata keçirilməyib. Ermənistan-İran dəmiryolunun çəkilməsi proqramı, Şimal-Cənub avtomobil yolu, ümumerməni bankı və ya Gümrü texnoparkı kimi layihələr haqqında yalnız danışılıb. Daha ciddi problemlərdən biri iqtisadi inkişafın təbii mexanizmlərindən biri – kapital bazarının inkişafının dayanması, inhisarçılığın, texnoloji geriliyin artmasıdır.

Ermənistan iqtisadiyyatının borcları vaxtında ödəmək üzrə qabiliyyətinin şübhə doğurduğunu nəzərə alaraq, tamamilə aydındır ki, tezliklə vəziyyət daha dözülməz həddə çatacaq. Nəticə olaraq, işğalçı ölkə uzun illər, hətta onilliklə ərzində tənəzzülə uğramış, rəqabət qabiliyyətini itirmiş iqtisadiyyat olaraq qalacaq.

Ən maraqlı və diqqətçəkən məqamlardan biri, Dağlıq Qarabağ ermənilərinin vəziyyətidir. Dağlıq Qarabağ ermənilərinin İrəvandakı hakimiyyətə nifrətinin ilbəil artdığını müşahidə edirik. Misal olaraq, bu il 26 yaşlı Xankəndi sakininin Ermənistanın dövlət atributlarına hücum edərək, Ermənistan bayrağının təsvir olunduğu plakatı cırmasını göstərmək kifayətdir. Son illər tez-tez rast gəlinən analoji hadisələr göstərir ki, Dağlıq Qarabağ erməniləri də özgə torpağında sosial böhran içində yaşamaqdan usanıblar. Dünya dövlətləri tərəfindən tanınmayan və separat imicindən qurtula bilməyən, diaspor ianələri hesabına yarıac, yarıtox vəziyyətdə yaşayan Qarabağ erməniləri də “status-kvo”nun dəyişdirilməsini istəyir.

İşğal olunmuş ərazilərdə xüsusilə demoqrafik vəziyyəti dəyişdirmək imkanlarına əlavə kimi, siyasi İrəvanın kuluarlarında Suriyadan olan qaçqınların Azərbaycan ərazilərinə, Dağlıq Qarabağa köçürmək siyasəti işğalçı ölkənin “status-kvo”nun saxlanmasında maraqlı olduğunu və Xankəndidəki marionet qrupun məhz İrəvan tərəfindən idarə olunduğunu deməyə əsas verir.

İşğal altındakı ərazilərdə demoqrafik böhranı tənzimləməyə çalışan Suriya erməniləri belə işğal altındakı ərazilərdə mövcud böhran vəziyyətilə barışmayaraq, burada məskunlaşmaqdan imtina edir, xarici ölkələrə üz tuturlar. Çünki suriyalı ermənilər də yaxşı başa düşürlər ki, İrəvanın süni getto yaratmaq üçün çalışdığı, lakin yaxın gələcəkdə Azərbaycanın yurisdiksiyası altına qayıdacaq özgə torpaqda yaşamaq tamamilə ağılsız bir ideyadır. Odur ki, suriyalı ermənilərdən olan qaçqınların məskunlaşdırılması da Ermənistanda demoqrafiyanın yaxşılaşmasına təkan verə bilmədi.

Ermənistan rəhbərliyini isə indiki məqamda xalqın rifahından daha çox öz maraqları düşündürür. Bu mənada 2013-cü il fevralın 18-də keçirilən seçki şousunu xatırlamaq kifayətdir. Məhz son seçki prezident Serj Sarqsyanın əsl simasını bir daha üzə çıxardı. Sadə ermənilər də anladı ki, Sarqsyan kürsüsünü əldən verməmək naminə ən ucuz variantlara əl ataraq, xalqı aldadır və ən azı yaxın 5 ildə də əhali Ermənistan tarixində “ən pis prezident”in siyasi, iqtisadi və sosial uğursuzluqlarının şahidi olacaq.

Əslində, Ermənistan vətəndaşları və bu gün Azərbaycanın işğal altındakı ərazilərində yaşayan ermənilər də anlamalıdırlar ki, İrəvandakı hakim rejim sadəcə, gənc nəslin gələcəyini oğurlayır. Artıq bu gün demək olar ki, onların ölkəsi iflasa uğrayıb. İşğala məruz qalan Azərbaycan isə münaqişə dövründə milli maraqlara söykənən, balanslaşdırılmış daxili və xarici siyasət nəticəsində iqtisadi və siyasi gücünü artırmaqla regionun lider dövlətinə çevrilib. Istər regional, istərsə də beynəlxalq əhəmiyyətli layihələrin əsas iştirakçısına çevrilərək, bölgənin vəziyyətini öz xeyrinə dəyişməyə nail olub. Və dünya xəritəsində layiq olduğu vacib yeri tutub. Və ən əsası, bu gün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardır. Azərbaycan isə öz ərazisi üzərində suverenliyini bərpa etmək üçün tam qanuni hüquqa malikdir. Ölkəmizin mövcud resursları təkmil dövlət siyasəti, ratifikasiya olunmuş beynəlxalq hüquqi aktlar, milli qanunvericilik, müasir diplomatik şərait, ölkəmizin real hərbi-iqtisadi gücü Ermənistanın işğal siyasətinə görə beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsinə əsas və imkan yaradır.

Münaqişənin hərbi yolla həllinə gəlincə, Azərbaycan Qarabağ müharibəsi başlayacağı təqdirdə tam hərbi üstünlüyə malikdir. Bu üstünlük tək hərbi texnika ilə tamamlanmır. Artilleriya və raket sistemlərinin də müasirliyi və sayı ölkəmizin xeyrinədir. Və torpaqlarının 20 faizi işğal altında olan ölkə olaraq Azərbaycan hərbi gücünü ilbəil artırmaqda davam edir. Bu gün Azərbaycan ordusu Cənubi Qafqaz regionunun ən qüdrətli ordusudur. Ermənilər özləri də etiraf edir ki, “erməni hərbi birləşmələri Azərbaycanın aldığı supermüasir silahlar qarşısında acizdir və nə qədər ki, qanlı klan (Sarqsyan hakimiyyəti) hakimiyyətdədir, Ermənistan hələ başlamamış müharibədə məğlubiyyətə addım-addım yaxınlaşır”.

Görünən budur ki, Ermənistandakı sosial-iqtisadi böhran və onun nəticələri yalnız sülh, sabitlik və təhlükəsizlik şəraitində aradan qaldırıla bilər. Münaqişənin həll olunmaması və İrəvanın bu münaqişənin dinc yolla nizamlanması üzrə danışıqlar prosesini süni şəkildə uzatması regional inkişafı əngəlləyir, təcavüzkar ölkənin özünün inkişafını iflic edir. Belə olan halda Ermənistanın münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə razılıq verməsindən başqa yolu yoxdur. Yalnız konstruktiv mövqe sərgiləməklə münaqişənin həllinə zəmin yaradacağı halda Ermənistan regional layihələrə qoşula bilər. Iqtisadi layihələrin iştirakçısına çevrilməklə təbii ki, İrəvan öz iqtisadiyyatını tənəzzüldən xilas edə bilər. Digər tərəfdən, işğal siyasətindən əl çəkməklə Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına da nail ola bilər. Bu da bu ölkənin uzun illərdən bəri iqtisadi böhranın əsas səbəblərindən biri olan blokada vəziyyətindən çıxması deməkdir.

Azərbaycanın təklifi isə ondan ibarətdir ki, işğal olunmuş ərazilər azad edildikdən sonra Dağlıq Qarabağın hüquqi statusu hazırlana, gələcəkdə Azərbaycan və erməni icmalarının dinc, birgə yaşayışı, regionun iqtisadi, sosial, mədəni inkişafının mexanizmləri hazırlana bilər.

Ətayə Ələmdarqızı (Abbasova)

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə elmi-tarixi və fəlsəfi müstəvidə baxış

Akademik Ramiz Mehdiyevin “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” kitabı çapdan çıxıb.

Azərbaycanın müstəqillik illərində yürütdüyü tarazlaşdırılmış xarici siyasət, neft-qaz ehtiyatlarından praqmatik şəkildə istifadə edilməsi, sosialyönümlü daxili siyasət onu haqlı olaraq bütün dünyada hörmət qazanmış müasir sabit dövlətə çevirib. Lakin Azərbaycan dövlətinin xarici siyasətinin ən mühüm prioriteti olan, keçmiş Sovet İttifaqından miras qalmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hələ də özünün qəti və ədalətli həllini gözləyir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Azərbaycan və rus dillərində yenicə çapdan çıxmış “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” kitabında yer alıb.

Mötəbər tarixi mənbələrə əsaslanan dəyərli nəşr

Akademik Ramiz Mehdiyev yeni əsərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin köklərinə nüfuz edərək hadisənin nədən başladığını ən mötəbər mənbələr əsasında, sistemli şəkildə və mərhələlər üzrə təhlil edir. Alimin fikrincə, bu münaqişənin mahiyyətini, səbəblərini və indiki konyunkturunu anlamaq üçün onu, ilk növbədə, Rusiya imperiyasının və sovet hakimiyyətinin Cənubi Qafqazda köçürmə siyasəti kontekstində araşdırmaq lazımdır.

Əsərdə I Pyotrun Qafqaza yürüşü və Xəzəryanı sahillərin Rusiyaya birləşdirilməsi, XIX əsrdə rus-İran müharibələri, Türkmənçay müqaviləsi və ermənilərin əzəli Azərbaycan torpaqlarına – keçmiş Qarabağ, Naxçıvan və İrəvan xanlıqları ərazisinə köçürülməsinin birinci dalğası, habelə Rusiya ilə Osmanlı İmperiyası arasında Adrianopol sülh müqaviləsindən sonra ermənilərin köçürülməsinin ikinci dalğası məntiqi ardıcıllıqla diqqətə çatdırılır. Bütün bunları müəllif hadisələrin cərəyan etdiyi dövrün mənbələri, o cümlədən Rusiyanın İranda səfiri olmuş Aleksandr Qriboyedovun “Ermənilərin İrandan bizim vilayətlərə köçürülməsi haqqında” (1828) qeydləri, Sergey Qlinkanın “Azərbaycan ermənilərinin Rusiya hüdudlarına köçürülməsinin təsviri və Ermənistanın tarixi dövrlərinin ilkin qısa şərhi” (1831), Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları (1878) və digər mənbələr əsasında təqdim edir. Məsələn, kitabda istinad edilən Nikolay Şavrovun 1911-ci ilə aid qeydlərindən aydın olur ki, hələ o zaman Zaqafqaziyada 1 milyon 300 min ermənidən 1 milyondan çoxu yerli əhali deyil, Rusiya tərəfindən köçürülənlər olub. Bu və digər mənbələr regionda ermənilərin yerli müsəlman əhaliyə faiz nisbətinin süni şəkildə dəyişdirildiyini təsdiqləyir. Akademik təkzibedilməz faktları ümumiləşdirərək yazır: “Monofizit erməni kilsəsinin milli dövlət yaratmaq səyləri Rusiya imperiyasının müstəmləkəçilik maraqları ilə üst-üstə düşürdü: Rusiya ermənilərin İrandan və Türkiyədən Cənubi Qafqaza köçürülməsinə və gələcəkdə orada Türkiyə və İranla həmsərhəd olan ayrıca erməni vilayəti yaradılmasına kömək edir və öz növbəsində, ermənilərin üzərinə bu regionda çar Rusiyasının sədaqətli müttəfiqləri, yəni, Rusiyanın forpostu olmaq vəzifəsi qoyurdu”.

Çar Rusiyasının ermənipərəst siyasətinin sovet Rusiyası tərəfindən də davam etdirildiyini əsaslandıran akademik Dağlıq Qarabağ Muxtar Vilayətinin süni şəkildə yaradılmasını, habelə Zəngəzur, Göyçə və Azərbaycanın digər əzəli torpaqlarının Ermənistanın tərkibinə qatılmasını, Naxçıvanın anklava çevrilməsini buna misal olaraq göstərir. Müəllif, həmçinin sovet dövlətinin Türkiyə ilə bağlı təşvişindən qaynaqlanan fəaliyyətini, Moskvadakı ermənipərəst dairələrin məqsədyönlü fəaliyyətini diqqətə çatdırır: “Gizli deyil ki, erməni şovinizminin ideoloqları ənənəvi olaraq Türkiyəyə və Azərbaycana açıq iddialar irəli sürür, Şərqi Anadolunun, Naxçıvanın, Qarabağın və Zəngəzurun vaxtilə “dənizdən-dənizə uzanan böyük Ermənistan”ın vilayətləri olduğunu deyirdilər. Sovet hakimiyyəti dövründə ermənilər Zəngəzur ərazisini özlərinə birləşdirmək və Qarabağ erməniləri üçün muxtariyyətə nail olmaq, bununla da gələcəkdə Dağlıq Qarabağın Azərbaycandan qoparılmasının təməlini qoymaq imkanı əldə etdilər”.

Akademik Ramiz Mehdiyevin vurğuladığı məqamlardan biri də ermənilərin köçürüldükləri ərazidə etnik tərkibin dəyişdirilməsinə yönəldilən siyasətdir. Kitaba azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistan SSR-dən kütləvi deportasiyası, 1946-1949-cu illərdə Ermənistan ərazisinə ermənilərin köçürülməsinə dair faktlar daxil edilib. Görkəmli alim bu qənaətə gəlir ki, çar Rusiyası və sovet hakimiyyəti tərəfindən iki əsr ərzində həyata keçirilmiş köçürmə siyasəti regionun demoqrafik mənzərəsini əhəmiyyətli dərəcədə dəyişib. 1988-1993-cü illərdə azərbaycanlıların Ermənistandan, Dağlıq Qarabağdan və Azərbaycanın işğal edilmiş yeddi rayonundan qovulması bu prosesin son akkordu olub. Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, ilk növbədə, etnik azərbaycanlılara qarşı həyata keçirilən deportasiya, zor gücünə qovma və soyqırımı siyasətinin məntiqi nəticəsi və növbəti mərhələsi kimi baxmaq lazımdır.

Müəllif ötən əsrin 80-ci illərində baş vermiş hadisələrə toxunaraq yazır ki, SSRİ-nin ali rəhbərlərindən biri olan Heydər Əliyevin hakimiyyətdən kənarlaşdırılması nəticəsində Ermənistanın ultramillətçi dairələri, onların Kremldəki və xarici ölkələrdəki havadarları tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılması və onun Ermənistana birləşdirilməsi üçün əlverişli siyasi zəmin yaradıldı. Mixail Qorbaçov başqa olmaqla SSRİ-nin ovaxtkı rəhbərliyinin millətçilərin separatçılıq səylərinə himayədarlıq yolunu seçməsi vəziyyəti daha da kəskinləşdirdi və 1988-ci ilin fevralında Sumqayıt şəhərində törədilmiş təxribata məhz bu kontekstdə yanaşmaq lazımdır.

Akademik Dağlıq Qarabağda faciəli hadisələrin başlanğıcında Azərbaycanın ovaxtkı kommunist rəhbərlərinin və Xalq Cəbhəsi liderlərinin mövqesizliyinin, məsuliyyətsizliyinin və qeyri-peşəkarlığının da Azərbaycan ərazilərinin işğalına şərait yaratdığını təəssüflə qeyd edir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi dövlətlərarası münaqişə kontekstində

Münaqişənin sonradan SSRİ-ni dağılmasında katalizatorlardan birinə çevrildiyi fikri ilə razılaşan müəllif problemi, həmçinin dövlətlərarası münaqişə kontekstində araşdıraraq yazır: “Bu münaqişə beynəlxalq problemə, regional və dünya miqyaslı müxtəlif aktorların və onların mənafelərinin toqquşduğu nöqtəyə çevrilməklə bərabər, həm də qarşıdurma vəziyyətindəki tərəflərə təsir və təzyiq mexanizmi oldu”.

Kitabda problemin nizamlanmasının hüquqi əsası olan və bu gün də hüquqi qüvvəsini saxlayan beynəlxalq sənədlər nəzərdən keçirilir. Məsələn, SSRİ dağılandan sonra Azərbaycanın beynəlxalq sərhədləri (digər müttəfiq respublikaların sərhədləri kimi) dünya birliyi tərəfindən “uti possidetis juris” prinsipi əsasında, yəni, müstəqillik əldə edildiyi anda mövcud olan keçmiş inzibati sərhədlər çərçivəsində tanındı. Bu müddəa Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında 1991-ci il 8 dekabr tarixli Sazişdə də öz əksini tapdı. Saziş dekabrın 21-də Azərbaycan və Ermənistan da daxil olmaqla, on bir keçmiş müttəfiq respublika tərəfindən Alma-Atada imzalanmış protokol ilə təsdiqlənib. Müəllif buna misal olaraq bir sıra beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in, BMT-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərar və qətnamələrini xatırladır.

Bununla yanaşı, əsərdə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın yürütdüyü uğurlu xarici siyasət, o cümlədən Budapeşt, Lissabon samitlərində münaqişənin həlli istiqamətində irəliləyişlər də diqqətə çatdırılır. Eyni zamanda, Qərb dövlətlərinin ikili standartları problemin həllinə mane olan amillərdən biri kimi göstərilir və konkret faktlarla əsaslandırılır.

Ermənistan fürsəti əldən verərək sülhü uduzub

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanma perspektivləri barədə fikir yürüdən müəllif problemin həll edilməməsinin Ermənistana mənfi təsirlərinə dair yeni misallar gətirir. Məsələn, sabiq prezident Levon Ter-Petrosyanın “Müharibə, yoxsa sülh: düşünmək vaxtıdır” məqaləsindən götürülən tezislər bu gün də aktuallığını saxlayır. Yaxud “BE Berlin Economics GmbH” konsaltinq şirkətinin Berlin qərargahının bu ilin əvvəllərində apardığı “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının Ermənistana və Azərbaycana iqtisadi təsiri” adlı araşdırmada sülhün qonşu dövlət üçün faydaları göstərilir.

Eləcə də siyasi kontekstdə, qondarma “ikinci erməni dövləti”nin beynəlxalq miqyasda tanınması haqqında məsələnin heç vaxt praktik müstəvidə qoyulmadığını bildirən akademik Ramiz Mehdiyev Ermənistanın baş naziri N.Paşinyanın danışıqlar formatını birtərəfli qaydada dəyişdirmək cəhdinin beynəlxalq vasitəçilər tərəfindən rədd edildiyini və martın 29-da Vyanada iki dövlətin rəhbərlərinin görüşünün formatının dəyişmədiyini vurğulayır. Həmçinin Prezident İlham Əliyevin görüşdən sonra TASS agentliyinə müsahibəsində səsləndirdiyi bu fikri xatırladır: “Danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır”.

Akademik yazır: “Bütün bu illər ərzində erməni cəmiyyəti döyüş meydanında qazanılan “qələbə”ni tezliklə diplomatik sahədə möhkəmləndirmək ümidi ilə yaşayıb. Lakin Ermənistan rəhbərliyi bir məsələni başa düşə bilməyib ki, qonşu dövlətə təcavüz etməklə, onun ərazisini işğal etməklə, etnik təmizləmələr aparmaqla, şəhər və kəndlərini viran qoymaqla, Ermənistan, əslində, qalib gəlməyib, uduzub! O, bu qədər fürsəti əldən verərək, sülhü uduzub. Bunu başa düşmək üçün bugünkü Azərbaycanı Ermənistanla müqayisə etmək, onların sosial-iqtisadi inkişafında fərqi qiymətləndirmək kifayətdir və bu fərq ildən-ilə daha da artacaq”.

Əsərdə Dağlıq Qarabağda Ermənistan tərəfindən qurulmuş işğalçı rejimin cinayətkar mahiyyəti bir çox mənbələrə, o cümlədən britaniyalı Harrold Keynin “Narko-Qarabağ” kitabına istinadla açılıb göstərilir.

Amerikalı ilahiyyatçı Ceyms Friman Klarkın (1810-1888) bir çoxlarına yaxşı tanış olan “Siyasətçi növbəti seçkilər haqqında düşünən insandır, halbuki, dövlət xadimi gələcək nəsillər haqqında düşünür!” sözlərini xatırladan akademik Ramiz Mehdiyev vurğulayır ki, münaqişə ədalətli şəkildə nizamlanmayana qədər Ermənistanın sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verməyəcək.

Akademik Ramiz Mehdiyevin yeni kitabı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mənbələri və nizamlanma perspektivləri barədə aydın və bitkin təsəvvür yaradır. Problemin mahiyyətini ictimaiyyətə, xüsusən rusdilli oxuculara çatdırmaq baxımından böyük əhəmiyyətə malik olan bu əsər politoloji tədqiqatlar, siyasi araşdırmalar üçün də mötəbər mənbədir.

Comments are closed, but trackbacks and pingbacks are open.