Press "Enter" to skip to content

Fikrət qoca şeirləri

– Onda SSRİ üzrə Həmrəylik Komitəsi vardı. O komitəyə yazırdım. Bir də Moskvada Yazıçılar Birliyinin nəzdində xarici komissiya vardı. Ora yazmışdım ki, Ernesto Çe Gevara haqqında əsər yazmaq istəyirəm. SSRİ Yazıçılar Birliyi ilə Kuba Yazıçılar Birliyi arasında danışıqlar gedirdi. Rəsmi heyət Kubaya yollananda deyirdilər, bax Fikrət Qoca da bizə ərizə yazıb, Kubaya getmək istəyir. Yaxşı mövzudur, çağırırdılar məni, yaxşı komandirovka verirdilər.

Fikrət Qoca: “O vaxt qızlar da yeməli idilər” – FOTO

Milli.Az kulis.az-a istinadən Fikrət Qoca ilə müsahibəni təqdim edir.

– Fikrət müəllim, necəsiz, səhhətiniz yaxşıdırmı?

– Belə şükür. Mənim yaşımda adam səhər-səhər gün işığına gözünü açırsa, deməli, hər şey yaxşıdır.

– Hər gün işə gəlirsiz?

– Hər gün. Çünki bu vərdişdir. Yaşamaq kimi bir vərdişdir.

– Neçə illik vərdişdir?

– Gözümü açandan. Çünki uşaq vaxtı da adamın müəyyən vəzifələri, işləri olur. Uşaq üçün bu ciddi vəzifədir; səhər durub çörək yemək, məktəb vaxtı dərsə getmək. Bir də uşaq olmağa mən qorxaram. Belə bir şeirim də var: “Uşaq olmaq istəmirəm”.

– Bir dəfə demişdiniz ki, bundan sonra bir qırx il də yaşayaram, amma cavanlığıma qayıtmaq istəmərəm.

– Hə. Mənim üçün çox ağırdır. Ümumiyyətlə, indi də uşaqlara baxanda birdən nəfəsim çatışmır. Səhər tezdən durub qaranlıqda dərsə gedirlər. Müəllimləri dinləmək, tərbiyəli uşaq olmaq, hətta öskürməmək.

– Sizin uşaqlığınız ağır olub, yoxsa indiki uşaqların?

– İndi böyüklər ağıllanıb uşaqlara bir qədər sərbəstlik veriblər. Əvvəllər uşaqlar elə bil gestapo qarşısında idi. Hətta bəzi müəllimlər uşaqları döyürdülər.

– Sizi də döyüblər?

– Yox, məndə bir az başqa cür idi.

– Oxuyan idiniz ona görə?

– Yox oxuyan olduğum üçün deyildi. Atam həkim idi, hamının da ona işi düşürdü (gülür).

– Dəcəl uşaq olmusuz?

– O qədər də yox. Dəcəlliyim içimdə idi.

– Amma eşitdiyimə görə, coşanda sizi saxlamaq çətindir.

– O bir az yuxarı yaşlarda olub.

– Yəqin, indi elə olmazsız?

– İndi qoca kişiyəm. Bilirsən, insanin bir müddətə kimi yaşıdları, zamanı ilə rəqabət dövrü olur. Məndə vəzifə rəqabəti olmayıb. Mənim işim elədir ki, vəzifə rəqabəti kömək eləmir. Hər kəs qazanında nə varsa onu çıxarıb qoyur. Ona görə bu sarıdan arxayın olmuşam. Amma gənclik vaxtında bir qızdan xoşun gəlir, qıza özünü göstərmək üçün bir az dalaşırsan.

– Qız üstündə çox dalaşmısız?

– Bizdən əvvəlki yazıçılar, şairlər haqqında elə təsəvvür yaradırlar ki, guya onlar dalaşmayıb, qız sevməyib, içib sərxoş olmayıb. Rus mətbuatına baxırsan, öz ədəbi keçmişləri haqqında çox səmimi, rahat danışırlar. Blokun qadını ilə rəftarı, Yeseninin içib günlərlə “zapoy” olması kimi məsələləri yazıb səmimi şəkildə bildirilər. Amma bu xüsusiyyətlər onların istedadına kölgə salmır. Bizdə isə adamlar gizlətməyə çalışırlar. Fikrət Qoca özü yox, ətrafı gizlətməyə çalışır. Halbuki həyat odur.

– O da Fikrət Qocadır. Bu onun bir dövrüdür. Onu keçməsə adam olmaz ki.

– İstəyirəm söhbətimizdə bu kimi mövzulara da toxunaq. Qorki adına Ədəbiyyat İnstitutunda da oxumusuz. O mühit necə idi?

– O mühit belə idi. Təsəvvür edin, Sovet dövrü. Bu quruluş böyük bir sosialist lageri idi, türmə kimi. Belə bir dövrdə bu institut elə bir məkan idi ki, burada tələbə özünü düşünən insan hiss edirdi. Azadlıq vardı. Bir institutdakı ki, rektor öz tələbəsini – məni – yoldaşlıq məhkəməsinə vermişdi. Özü də kim qalib çıxsa, yaxşıdır? Məni qalib çıxartdılar. Rektor deyinə-deyinə getdi.

– Nə baş vermişdi?

– Heç nə. Elə o azadlığın güdazına getmişdim.

– Kiminləsə dalaşmışdız?

– Yox. Bilirsən o institutda yaradıcılığa ciddi qiymət verilirdi. Birinci imtahan da yaradıcılıqdan olurdu. Əgər yaradıcılıqdan keçmirdinsə o biri imtahanlara buraxılmırdın. Orada əsas yaradıcılıq idi. Təzə nə yazmısan, sətri tərcümə edib müzakirəyə qoyurdular. Sətri tərcümə ilə bilirdik ki, nə şeir elementidir, nə yox. Ona münasib də qiymət alırdıq. Daha sonra da dərslərdən imtahana gedirdik. Dərslərdən kəsiləndə də kömək edirdilər.

– Deməli, əsas istedad idi.

– Fikrət müəllim, tələbə yoldaşlarınızla içki məclisləri, davalar olurdu?

– Olurdu. Bu gündəlik iş kimi bir şey idi. Moskvada adamlar ev tapmayanda bizim hərəmizə bir otaq vermişdilər. Ciddi nəzarət yox idi. Yığışırdıq, yeyib-içirdik.

– Çox içirdiz?

– Cavanlıq idi də. Çox deyəndə, bilirsən, yüz qram içirdik, beş yüz də üstünə qoyurdular.

– İndi də elədir. Yüz qram içirsən, deyirlər, bir butulka içmişdi.

– Mənim üzümə danışıblar. Moskvadan gəlmişdim. Əmim oğlu məni qarşılamışdı, qatarda Ağdaşa gedirdik. Kupedə oturmuşduq, bir oğlan gəldi. Şən adam idi, hiss olunurdu ki, boşboğazdır. Xeyli danışdı. Sarı rəngə çalan bir araq vardı, nöyüt arağı deyirdik, bir manata, ya iki manata idi. Ondan da birini qoydu ortalığa. Səhər tezdən idi. Xəstəlik keçirənə qədər ömrüm boyu içmişəm, amma bu yaşıma kimi heç vaxt səhər içməmişəm. Yadıma gəlmir, içsəm də ürəyim ağzıma gələrdi.

– Xaşa da getmirdiz?

– Yox. O qədər həvəskarı deyildim. Xaşa gedəndə də yeyirdim, amma içmirdim.

– Hə, o şən oğlan nə elədi?

– Oturduq, vurduq. Dedi, mən şairəm. Əmim oğlu istədi desin ki, mən də şairəm, ayağını dümsüklədim ki, dinmə. Yenə əmim oğlunun dili dinc durmadı, soruşdu, Fikrət Qocanı tanıyırsan? Pah. Dostumdur dedi, başladı gopa basmağa (gülür). O ta yuxu onu aparanacan Fikrət Qocadan danışdı, mən onunla nə qədər içmişəm, nələr eləmişəm. O danışdıqca mənim ürəyim bulanırdı.

– İndi də o cür şayiələr olur. Kimisə qaralamaq üçün deyirlər içki düşkünüdür.

– Yazıçını-şairi vurmağın ən asan yoludur. Əli Kərim haqqında nə qədər danışıblar. Siz dost olmusuz, bilərsiz.

– Əli Kərim içibdi, amma Əli Kərimin yazdığı kimi yazan hanı?

– Yaxın dost olmusuz.

– Yaxın olmuşuq, bəli.

– Mütaliəsi necə idi, oxuyurdu?

– Çox, çox ciddi oxuyurdu. Öz tay-tuşları arasında birinci idi. Cavan vaxtı artıq hamı onu çox yüksək qiymətləndirirdi. Əli Kərim mənim üçün müəllim kimi idi.

– Sizi bəyənirdi?

– Bəyənməsə, bir yerdə olmazdıq.

– Sizdən başqa kimi bəyənirdi?

– Çox adamı bəyənirdi. Xaraktercə də çox ciddi adam idi.

– Bəs ona qarşı niyə belə kampaniya başlanıldı? Siz, dostları görmədizmi Əli Kərim itib gedir, məhv olur?

– Rəsul Rza çox çalışdı. Əli Kərimin məhv olmağına səbəb içki deyildi, onu işsiz qoydular.

– Bəlkə, sözünü üzə deyən imiş deyə.

– Heç nəyi deyən deyildi. Deyənlərdən qorxurlar. Sakit idi. Qısqanırdılar onu. O vaxt məşhur bir şair vardı, Əli öləndən sonra hər il onun qəbri üstə gedirdi. Özü də bilirdik ki, Əli Kərimin əleyhinə danışanlardandır. Bir dəfə dedi ki, Əli, necəsən? Əli də cavab verdi ki, hər halda yaxşıyam.

– Deyəsən, söhbət belə olub axı: Əliyə salam verib, Əli salamı almayanda həmin şair soruşub ki, niyə məni salamımı almadın. Əli Kərim də deyib ki, bir salamım var, onu da sənə vermərəm.

– Yox. O başqası idi. Bir deyildi ki, a bala. Bir neçə adam idi.

– Fikrət müəllim, dünyanın bir çox inqilabçıları Ernesto Çe Gevara, Amilkar Kabral, Xose Risal, Li Vi Tom və başqaları haqqında poemalar yazmısız. Bunlar tapşırıq idi, yoxsa öz içinizdən gəlirdi?

– Xeyr. Bu ürəyimin tapşırığı idi. Bilirsən, mən nə deyəydim, deyəydim, durun qalxaq Sovetə qarşı üsyan edək, azad xalq olaq? Bu başını divara vurmaq kimi idi. Amma Çe Gevara haqqında yazırdım. Kuba elə bizim ölkə boydadır, əhalisi də bizim qədərdir. Amma Amerikanın əlində idi. Doqquz adam inqilab elədi, Kubanı azad elədi. Mən də onu demək istəyirdim ki, bunu eləmək olar, yoxsa başıma hava gəlməmişdi ki.

– Fikrət müəllim, daha heç kəsi belə yaradıcı ezamiyyətlərə göndərmirlər.

– Kimləri göndərirdilər, necə göndərirdilər, özünüz müraciət edirdizmi?

– Onda SSRİ üzrə Həmrəylik Komitəsi vardı. O komitəyə yazırdım. Bir də Moskvada Yazıçılar Birliyinin nəzdində xarici komissiya vardı. Ora yazmışdım ki, Ernesto Çe Gevara haqqında əsər yazmaq istəyirəm. SSRİ Yazıçılar Birliyi ilə Kuba Yazıçılar Birliyi arasında danışıqlar gedirdi. Rəsmi heyət Kubaya yollananda deyirdilər, bax Fikrət Qoca da bizə ərizə yazıb, Kubaya getmək istəyir. Yaxşı mövzudur, çağırırdılar məni, yaxşı komandirovka verirdilər.

– Nə qədər qalmısız Kubada?

– İki dəfə olmuşam Kubada. Birinci dəfə on gün qalmışam. Kubada Azərbaycan Mədəniyyət günləri keçirildi, 1968-ci ildə. Amma ikinci dəfə Çe Gevaraya görə getmişəm. Bir ay qalmışam. Maşın, tərcüməçi vermişdilər ki, Kubanı gəzdim. Çe Gevaranın olduğu yerləri gəzdim, onun dostları ilə görüşdüm. Bacısını gizlədirdilər məndən, deyirdilər, başqa ölkədə yaşayır. Tərcüməçi vasitəsilə bacısını tapdım, gizlicə görüşdüm. O, görüşə oğlunu da gətirmişdi. Fidelin əleyhinə xeyli danışdı. Dedi, onlar quldurdular.

– Fidel Kastro ilə şəxsən görüşmüşdüz?

– Şəxsən görüşməmişdim. Mitinq idi, biz də onunla gəlmişdik. Fidel orada çıxış eləməli idi. Xose-Martin meydanına bir milyona yaxın adam yığışmışdı. Gün də şaxıyır. Fidel orada dörd saat danışdı. Bir də görürdün adamların arası ilə xərək gəzir. İstidən ürəyi gedənləri xərəklə aparıb ayıldırdılar, onlar təzədən mitinqə gəlirdilər. Bunu mən gələndən sonra yazmışdım.

– Nə əcəb Kuba əleyhinə olan bu nüansı yazmağa imkan vermişdilər?

– Elə yazmışdım ki, guya Fideli çox istəyirlər ( gülür).

– Yəqin, Fideli sevənlər də var.

– Bilirsən onlar haqqında anekdot da vardı. Qardaşı ondan qəddardır.

– Orada olanda dissidentlər sizə məlumat ötürürdülər?

– Onları bizimlə görüşə qoymurdular. Amma yazıçılar danışdılar. Hətta bir dəfə bir yazıçı mənə anekdot danışdı. Fidel Raulu çağırıb deyib ki, bir də qardaş qanı tökmə. Bunlar bizim qardaşlarımızdır. Üç gün keçməyib xəbər veriblər ki, Raul altı nəfəri asdırıb. Qəzəblənmiş Fidel qardaşını çağırıb ki, mən sənə demədim qardaş qanı tökmə? Raul da cavab verib: “Qan tökmədim, asdırmışam”.

– Çe Gevara haqqında “Ünvansız məktublar” poemasını yazanda gündəliyini oxumuşduz?

– Yox, oxumamışdım. Amma dəqiq faktlardan istifadə etmişdim, bircə Fidelə məktubunu əsərə salmadım.

– O dövrdən danışdıq, yadıma düşdü. Əkrəm Əylisli ilə münasibətiniz necə idi?

– Biz dost olmuşuq. Beş il bir yerdə oxuyasan, qonşu otaqlarda qalasan, yeməyin-içməyin bir yerdə ola, ta dost olmayıb nə edəsən. Amma sonra ayrıldıq.

– Təəssüflənirsiz?

– Çox təəssüflənirəm. Əkrəm hər şeyə dözə bildi, şöhrətə dözə bilmədi.

– O da sizi və Anarı ittiham edir.

– Onun nə deməyi mənə maraqlı deyil. Əkrəm məni məndən yaxşı tanımır. Özüm özümü tanıyıram. Kimsə mənə dahi deyir, ona da inanmıram. Çünki özüm bilirəm nə boydayam.

– Azərbaycan poeziyasında özünüzü harada görürsüz?

– Öz evimdə, burada (gülür). O da sərgi deyil ki, özümüzə yer müəyyən edək. Hər kəsin öz yeri var.

– Fikrət müəllim, cavan vaxtı yazdığınız bir şeir var. Bu yaxında sosial şəbəkədə də paylaşdılar, tənqid elədilər ki, şair də belə şeir yazar?

Bahar gəlir,
Yarpaqlar dolmalıq olur,
Qızlar yeməli.
Evdə nə oturmusan, ay dəli!

– Cavan vaxtı yazmışam. Məndə həmişə yumoristik şeirlər olub. Hələ biri də var:

Deyirlər, qocalanda
adamın ağlı çaşır.
Yalandır, lap ağ yalan.
Ağıllı yaşa dolub
bir az da ağıllaşır,
yaş ötdükcə axmaqlar
bir az da axmaqlaşır.

Yəni bu zarafatın içində həqiqəti deyirəm. Baharda adam girib evə oturar? Çıx, bax yarpaq o qədər gözəldir, yeməlidir.

– Qız da.

– Qız da yarpaq kimi.

– Deyirdilər, xalq şairinin yazdığı şeirə bax.

– Əvvəla, 65-ci ildə mən xalq şairi deyildim, qızların da yeməli vaxtı idi (gülür).

– Fikrət müəllim, bəs son şeirlərinizə münasibət necədir?

– Vallah, maraqlanmıram. Şeir mənim üçün ağrı kimidir. Mən şeiri ağrını çıxarmaq üçün yazıram, yazıb qurtarandan sonra da görürəm normaldırsa çap edirəm. “Oxqay” deyib çəkilirəm qırağa. Sonra kim nə deyir, desin, vecimə də deyil. Şeir övladlarım kimidir də, öz həyatını yaşayır, gedib ona deməliyəm o qızı istə?

– Övladlarınız demişkən, Yalçın Qocanın şeirlərini bəyənirsiz?

– Nə bilim. Şairi bəyənmək düz deyil, şeiri bəyənmək lazımdır.

– Bəyəndiyiniz şeirləri var?

– Bəzən xoşuma gəlir.

– Gənc şairləri oxuyursuz?

– Kimlərin adını çəkə bilərsiz?

– Vallah, əksəriyyətini oxumuşam, əksəriyyətinə kömək etmişəm, şeirlərini çap etmişəm, haqqında uğurlu yol yazmışam. Ona görə adlarını çəkmək istəmirəm.

– Bir dəfə demişdiniz ki, Anar işdən çıxsa ondan qabaq özüm gedəcəm. Heç hərdən fikirləşirmisiz ki, yaş o yaş deyil, 80 yaşınız var, hər gün işə gəlib-getmək olmur. Anara nə əcəb demirsiz ki, bir əsrə yaxın ömür yaşamışıq, bəlkə, bu vəzifəni də, AYB-i də cavanlara buraxaq gedək, xatirələrimizi yazaq, dincələk. Anara belə təklif eləmisizmi?

– Anara belə təklif eləməmişəm. 2014-cü ildə qurultayda fikirləşirdim, Anara da demişdim, sən olmasan, sədr başqası olsa, çıxacam. Özü də mən cavanlığımda rəhbər işdə olmamışam. Həvəsim də olmayıb. Qurultayda Anar yenidən seçildi, mənə də dedi mütləq qal. Getsəydim, onu qoyub qaçmaq olardı. İkincisi, mən getdim, Anar da getdi, kim oturacaq? O boyda Rusiyada Yazıçılar Birliyi parçalandı.

– Başa düşürəm, Yazıçılar Birliyinin təəssübünü çəkirsiz. Amma heç nə əbədi deyil. Sizin misal çəkdiyiniz Rusiyada Yevtuşenko gedib oturub Amerikada dincəlir özü üçün.

– Hərə bir cür yaşayır. Anara da deməyəcəm ki, gəl gedək.

– Anar nə qədər qalsa, siz də qalacaqsız?

– Yox. Onu Allah verir, bax keçən il az qala işdən çıxmışdım, Allah qaytardı. İş mənə mane olan günü buradan çıxacam. Mən şeir yazmağı burada gördüyüm işlərdən vacib sayıram.

– Fikrət müəllim, AYB-nin bütün otaqlarında kompüter var. Siz nə əcəb kompüter işlətmirsiz? Bayaq içəri girəndə də gördüm qəzet oxuyursuz.

– Mən varaqlamağı xoşlayıram.

– Telefonunuz iPhone-dur, belə çıxır, yeniliklərə alışa bilirsiz. Bəs kompüter nə əcəb istifadə eləmirsiz? Saytları izləyirsiz?

– Ona evdə baxıram. Saytlarda boş şeylər də çox olur.

– Son vaxtlar saytlarda tez-tez görünürsüz. Açıqlamalar verirsiz.

– Bilirsiz, mən qaçan adam deyiləm. Bilmədiyim şeyi deyirəm, bilmirəm, bildiyim şeyi də deyirəm, bilirəm.

– Müsahibə üçün təşəkkür edirəm.

Milli.Az

Fikrət qoca şeirləri

MÜDRIK INSAN, GÖZƏL ŞAIR, BÖYÜK VƏTƏNPƏRVƏR

İnsan həyatının ilk günlərindən onu əhatə edən dünya haqqında, özünün o dünyadakı yeri haqqında düşünür. İnsanın adı, soyadı ilə əməlləri əksər hallarda üst-üstə düşür. Azərbaycanın xalq şairi, Əməkdar İncəsənət xadimi, “Şöhrət” ordenli Fikrət Qoca XX əsr ədəbi-bədii söz sənətində xüsusi yeri olan, yaradıcılığı ilə şəxsiyyəti üst-üstə düşən görkəmli ədəbi simalardan biridir.
Fikrət Qoca “Qağayı”, “Hamıya borcluyam”, “Dənizdə ay çiməndə”, “Od gəlini”, “Yatmadığım gecələrdə”, “Günlərin bir günü”, “Gül ömrü”, “İnsan xasiyyəti”, “Ömürdən səhifələr”, “Mavi dünyanın adamları”, “Seçilmiş əsərləri”, “Eldən-elə, dildən-dilə”, “Sükutun səsi” və digər kitabların müəllifidir.
Fikrət Qoca yaradıcılığında milli ədəbi-bədii ənənələrdən bəhrələnərək çağdaş problemləri, qayğıları, müasir dövrü, zamanın bədii lirikasını canlandırır. Şair həmçinin tarixə, keçmişə, milli-mənəvi dəyərlərə, qan yaddaşının oxunmamış səhifələrinə nəzər yetirir, vətənpərvərlik və milli ruhda şeirlər, hekayələr qələmə alır.
Fikrət Qoca poeziyasında müqəddəs vətən torpağına sonsuz məhəbbət, onun gələcəyinə olan nigarançılıq, vətən şəhidlərinin əziz xatirəsinə böyük ehtiram, yurdumuzun əsrarəngiz təbiət gözəllikləri, tarixi şəxsiyyətləri barədə düşüncələr əsasdır, aparıcıdır.
1990-cı il hadisələrindən, Qarabağ müharibəsindən, gənclərin qəhrəmanlığından bəhs edən “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər”, “Rəssam düşünür”, “Taleyin ağır taleyi” əsərlərində həyatın acı, keşməkeşli üzü bədii boyalarla əks olunub.
Fikrət Qoca poeziyasının əsas qayəsi vətənpərvərlik, yurdsrvərlikdir. Onun şeirlərində vətənə, insana, cəmiyyətə, təbiətə, sonsuz sevgi və məhəbbət tərənnüm olunur. O, öz qələmi ilə xalqa, vətənə, müstəqil dövlətçiliyə xidmət edir. Fikrət Qocanın vətənə həsr etdiyi şeirlərində də dünya şeirlərində olduğu kimi səmimilik var, vətənə sonsuz bir məhəbbət var, xalq şeirinin ruhu duyulur. Vətən təbiətinə vurğunluq, onun tərənnümü, təbiət gözəllikləri, özünəməxsus cazibədarlığı onun əsərlərində böyük vəcdlə tərənnümünü tapmışdır. Onun vətənlə, Qarabağla, şəhidlərimizlə, yağı tapdağı altda qalan torpaqlarımızla bağlı şeirləri oxucuları düşündürür. Bu şeirləri oxuyan zaman sanki yüzlərlə şəhid ailəsinin iztirabını, ağrı-acısını onlarla bölüşüb yaşayırsan. O, xalqının, ümumiyyətlə bəşəriyyətin ağrı-acısını, dərdi-sərini qələmə alır.
Fikrət Qocanın əsərləri oxucunu vətən və millət haqqında düşünməyə vadar edir. Şairin vətənə həsr olunan şeirlərində bütövlükdə Azərbaycanın təkrarsız gözəllikləri, yurdumuzun igid, qəhrəman övladları, tariximizin şərəfli səhifələri poetik bir dillə vəsf olunur.
Lirik və nəğməkar şairin yaradıcılığında həyatın hər üzünü görən müdrik bir insanın acılı-şirinli xatirələri geniş yer tutur. Onun dili sadə, axıcı və səmimidir. Şeirlərin ruhuna hopan həzinlik əsas üslub keyfiyyətləri kimi səciyyələnir.
Fikrət Qocanın şeirlərində ictimai ahəng lirik ovqatı üstələyir. Şairin zahirən lirik təsir bağışlayan şeirləri də ictimai rəng və çalarlarla boyanmışdır. Onun şeirlərini başqalarından fərqləndirən ən mühüm cəhətlərdən biri onların içində yaşadığımız zamanın ruhu, ağrı, əzab və sızıltılarının bizə tanış olan dərd və faciələrə köklənməsi, milli ruhun tarixi məqamlarını, yaxın və uzaq keçmişin səciyyəvi cəhətlərini əks etdirməsidir.
Fikrət Qoca xalqımızın həyatında son dərəcə gərəkli problemlər ətrafında mülahizələr yürüdür. Onun şeirlərinin təmizliyi, poetik fikrin dərinliyi oxucunu heyran qoyur.
Fikrət Qoca şeirlərində sənətə məhəbbət, sənətkara ehtiram, arzu və istək lirik boyalarla təsvir olunur. Həyatdan köçən sənətkarlara ithaf olunan şeirlərin ünvanı nə qədər konkret və dəqiqdirsə, bunların hamısında dünya və həyat, insan və ömür yolu haqqında bədii cəhətdən ümumiləşdirilən məna və nəticə qələmə alınıb.
Fikrət Qoca poeziyası doğma dilin zənginliyini, milli qürurü, mənəvi özünüdərki, klassik ənənələri özündə ehtiva edir. O, xalqının, vətəninin və bəşəriyyətin taleyüklü məsələlərini əbədi, bədii və poetik dilə gətirməyi və həlli yolunda ideya kəşf etməyi bacarır. Fikrət Qoca xalqa, vətənə və ədəbiyyata münasibətdə ən səmimi, ən dəyərli, ən fədakar ziyalılardan biridir.
Çoxsahəli, çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan Fikrət Qoca şair kimi lirikdir. Dərin, psixoloji lirizm onun şairlik dünyasının, şeir-sənət aləminin ən ümdə xassəsi, ən mühüm xüsusiyyətidir. Onun lirikası lirik “mən”ini demək olar ki, bütün cəhətlərdən açıqlayır, arzu, xəyal və istəklərini, fikir, düşüncə və duyğularını, hiss və həyəcanlarını, bütövlükdə əhval-ruhiyyəsini ən münasib formalarda əks etdirir. Bi lirik “mən” isə şairin özüdür.
Zəngin və bənzərsiz yaradıcılığı olan Fikrət Qoca poeziyası poetik duyğuların poeziyasıdır, güclü poetik duyğu axarları ilə zəngindir, səmimiliyə, təmizliyə, həqiqi mənada milliliyə köklənib. Onun yaradıcılığı ictimailik, vətənpərvərlik, xəlqilik və vətəndaşlıq keyfiyyətlərinin göstəricisidir.
Fikrət Qoca mənalı ömrünün kamil dövrünü yaşayır. Ömrünün və yaradıcılığının bu müdrik çağında da yazıb-yaradır. Sizə uzun ömür, cansağlığı, yaradıcılıq uğurları arzulayıram.

Balayar SADİQ

SƏNƏTKARLIQ MƏHARƏTI
(Fikrət Qocanın “Düşündüklərimdən mənzərələr” poeması haqqında bir neçə söz)

Fikrət Qoca Azərbaycan ədəbiyyatının qüdrətli söz ustalarından biri, çağdaş ədəbi həyatımızın canlı korifeyidir. O, geniş fəlsəfi dünyagörüşünə, milli və bəşəri özünüdərkə, kamil sənətkarlıq məziyyətlərinə görə böyük Şərq mütəfəkkiridir.
Təsadüfi deyil ki, Şərq düşüncə tarixində şair həmişə fılosof, alim, bəsirət əhli kimi mötəbər statusa malik olub. Mütəfəkkir şair adında bütün bu hikmət komponentləri cəmlənib. Şairə məxsus olan poetik təfəkkürü digər təfəkkür tərzlərindən (elmi, siyasi və s.) fərqləndirən amil, onun bəşəri düşüncə orbitində məntiq və qeyri-səlis məntiq (bəsirət) adlı qoşaqanadlı olmasıdır.
Fikrət Qoca elə azsaylı ədəbi simalardandır ki, onun yaradıcılığında poetik fikrin, bədii ifadənin fəlsəfi qayəsi bəşəri mahiyyət kəsb edir, o heç vaxt lokal poetik cizgilərin təsviri ilə kifayətlənmir. Bu poeziyada ədəbi-bədii, ictimai-fəlsəfi, milli-mənəvi və dini komponentlər kül halında qovuşaraq, bəşəri dəyərlər xəzinəsini zinətləndirir. Fikrət Qocanın şair mütəfəkkirliyinin məğzində millilikdə bəşəriliyin, bəşərilikdə milliliyin harmoniyası ehtiva olunur. Həm də bu poeziya dilin imkanlarını zənginləşdirən möhtəşəm və modern sənət laboratoriyasıdır.
Söhbətin konkret ədəbi əsərdəki bədii faktorlar müstəvisində incələnməsi daha effektlidir. Bu baxımdan şairin “Düşündüklərimdən mənzərələr” poemasındakı böyük bədii-fəlsəfi dəyərlərin bəzi elementlərindən söz açmaq yerinə düşər. Əminliklə demək olar ki, poema dərin humanizmi və bəşəri qayəsi, modern və novator üslubda qurulmuş süjet xəttinin möhkəmliyi, həmçinin kompozisiya bütövlüyü, eləcə də poetik obrazların tamlığı və psixoloji dərinliyi ilə seçilən orijinal sənət nümunəsidir. Əsər şərq poetikasının bədii qüdrətinin parlaq cəhətlərini özündə əks etdirməklə yanaşı, həm də qərb modernizminin avanqard elementlərini də sənətkarlıq estetikasında təqdim edir. Elmi və poetik erudisiyaya malik olan poeziya bədii sənət üfüqlərini modern sürətlə genişləndirərək, bədii ifadə kamilliyi ilə idrakı zənginləşdirir.
Şair qloballaşan dünyanın problemləri fonunda həyatın bir parçasının lokal mənzərəsini götürüb, onu ictimai-fəlsəfi dolğunluğu ilə bədii sənət müstəvisində məharətlə canlandırır. Həyatın istər milli-tarixi, mənəvi-psixoloji, istərsə də maddi-məişət nüanslarına münasibətin orijinal ifadəsində, təkcə yüksək bədii vasitələr deyil, həm də idrakın, təfəkkürün dərin fəaliyyəti böyük önəm daşıyır. Poema dünyəvi etiketə malik şərq poeziyasının ən möhtəşəm ədəbi nümunələri ilə bir sırada dayanmağa qadirdi. Burada mövcudluğun bütün rəngləri, kodları fəlsəfi müdrikliklə açılır, tarixi təbəddülatların xronikasi heyrətamiz poetik lövhələrdə əks olunur, insan ruhunun əxlaqi ahəng və təzadları yüksək sənətkarlıqla sərgilənir. Həmçinin burada təbiət və cəmiyyətin daxili harmoniyasının pozulmasının səbəbləri, sivilizasiyalar arasındakı problemlərin törətdiyi faciələr bədii-fəlsəfi rakursdan qlobal anlamda diqqətə çatdırılır.
İlk baxışdan ayrı-ayrı poetik parçaları xatırladan bu dəyərli əsərin bütövlüyünün dominantı, məhz onun məzmunundakı poetik ümumiləşmənin bəşəriliyidir. Sənətkarlıq məziyyətlərinin əyaniliyi üçün poema ilə canlı dialoqa keçək:

“Bardaş qurub oturmuşam kainatda,
Oturmuşam
milyard işıq ili aşağıda
Allahın ayağı altda”.

bu misralarla açılır şair idrakının poetik qatları, bəsirət mərtəbələri.
Demişdim ki, Fikrət Qoca böyük Şərq mütəfəkkiridir. Həmin fikrin siqlətinə bu misralar sevinə-sevinə şahidlik edir.
“Bardaş qurub oturmuşam kainatda”. Poemanın bu ilk misrası təsəvvüf çeşməsindən su içib. Misranın bəsirəti poetik-fəlsəfi idrakın mərtəbəsini göstərir. “Kainatda bardaş qurub oturmaq” şərq müdrikliyinin atributudur. Bu kamillik mərtəbəsidir.

“Oturmuşam
milyard işıq ili aşağıda”

bu misra, təkcə məsafənin zamanla ifadəsinin poetik özünəməxsusluğu deyil, həm də bədii-elmi idrakın mərtəbəsidir.
“Allahın ayağı altda”
bu misra isə bütün ehtişamı ilə böyük şairin qəlbindəki imanın mərtəbəsidir. Bu misranın islam fəlsəfəsi və poetik dil elementləri baxımından da özünəməxsus incəlikləri var.
“Allahın ayağı altda” ifadəsi Allahın dərgahı, yəni müqəddəs ünvan kimi rəmzi səciyyə daşıyır. İslami dəyərlər kontekstindən kainatın Allahın ayağı altı kimi göstərilməsi şairin Allahın ucalığına, böyüklüyünə olan inamının və məramının təsdiqidir, həm də ilahi qüdrətin fövqəlliyinin daha bir obrazlı bədii ifadəsidir. Poetik dilin incəliyinə varaq: “Ayaq altda” ifadəsi sözün müstəqim mənasında “aşağılanmaq” məzmununa malikdir. Lakin bu “aşağılanma” dilin məcazi imkanları sferasında ucalma, yüksəliş mənasına çevrilir. Məhz belə bədii faktlara görə “F.Qocanın poeziyası dilimizi zənginləsdirən modern sənət laboratoriyasıdır” fikri əyaniləşir.
Fəlsəfi idrakın uca mərtəbələrinə yüksəlmiş şair Böyük Yaradanla bədii təfəkkürün bəsirət dili ilə söhbətə başlayır.
“Küçələrdə qan yağışı” bəşəri əxlaqın iflasının bədii arqumentlərindən biridir. Dünyanın bir çox nöqtələrində – Nəcəfdə, Qafqazda, Afrikada, Antraktidada baş verən bəlaların səbəbi insanlığın bəşəri tolerantlığın qəza vəziyyətində olmasıdır.
Bunun səbəbini anlamaq üçün poetik lövhəyə baxaq:

“Oyunçular yer kürəsində
sərhəd adlı qılınc yarasını
sarımaq istəyirlər
tikanlı məftillərlə”.

Poetik mənanı çözələyək: Kainatdan, yəni uca məqamdan baxanda yer üzü, yer kürəsi tamdır, bütövdür. Sərhədlər yer üzünə insanların vurduğu qılınc yarasıdır. Müxtəlif rəngli, dinli, dilli varlıq olan insanlar onlara Ali Varlıq tərəfindən etibar olunmuş əmanətə – yer kürəsinə “sərhəd adlı qılınc yarası” vurmaqla kifayətlənmir, hətta bu yaranı “sarımaq istəyirlər tikanlı məftillərlə”, yəni yara üstündən yara vururlar. Niyə? Çünki özlərini güclü hesab edirlər. Dünyada ilahi mütənasibliyin pozulmasına rəvac verən cəhət:
“Hər güclü elə bilir ki, Allahdı”

Məhz Allaha şərik çıxanların sayı artdığı üçün, allahsızlıq baş aldığına görə dünyanı bəşəri vəhşilik, vəhşət caynağına almaqdadır.
Bəşəri vəhşətə, qətliama nümunə kimi Xocalı faciəsi tarixi fakt olaraq bədii səhnədə işıqlandırılır.

“Xocalıdan qaçqın uşaq
uzanıb üzü kainata
Allah kimi təm-təkdi”.

“Allah kimi təm-təkdi” misrasındakı poetik detal orijinal vo çoxmənalıdır. Misradakı “kimi” qoşması Xocalıdan qaçqın uşağın timsalında insanın, fərdin mübtəla olduğu faciədə necə tənha, kimsəsiz olmasının ölçüsünü, daha doğrusu, ölçüsüzlüyünü göstərir. Bunu dil zonginliyinin daha bir fäktı kimi də dəyərləndirmək olar.
Milli faciənin bədii üslubda bəşəri müstəviyə çıxarılmasına və bəşəri faciə kimi dəyərləndirilməsinin poetik təsdiqini görmək üçün bıı bədii tabloya baxmaq kifayətdir.

“Səkkiz yaşlı
müharibə əlili oldu.
O daha uzaq deyildi,
Anlaya bilmirdi
günahsız körpə
Taleyin əli ilə niyə döyüldü.
Uşaqlığı sağ ayaği ilə
bir yerdə itmişdi,
ayağı ilə
qaçıb getmişdi”.

Bu poetik səhnə dünyanın bütün dillərində eyni həyəcanı, ağrını doğurmaq iqtidarındadır.
Geniş anlamda bədii lövhənin fəlsəfi poetikasına nəzər yetirək:
Uşaqlar, körpələr təkcə bir millətin, xalqın deyil, bütövlükdə bəşəriyyətin gələcəyidir. Tanrı dinindən, dilindən, rəngindən asılı olmayaraq, bütün uşaqları, körpələri günahsız elan etmişdir. Bu bəşəri qanundur. Xocalıdan olan qaçqın uşağın bir ayağını itirməsi, sadəcə bir körpənin şikəstliyi deyil, əslində gələcəyin şikəstliyinə, natamamlığına işarə edir. Bu misralar mütəfəkkir şairin, həm də bəşərin, insanlığın gələcəyi ilə bağlı həyəcan təbilidir.

“Ey yaradanlar yaradanı,
bir körpə üz tutub sənə,
cavab versənə!”

Tanrı susur, Dünya susur, Zaman susur.
Lakin böyük şair qəlbindəki милли аьрылара ряьмян, бяшяри щцманизм мяртябясиндян енмир, мянсуб олдуьу халгын мяняви уъалыьыны сяняткар ляйагятиля нцмайиш етдирир. Бяшяри мцстявидя милли щейсиййата тохунмадан милли нагислийин бядии усталыгlа ифшасы поезийамызда oрижинал дцшцнъянин тязащцрцдцр. Фикрят Гоъа бядии-дипломатик цслубун йарадыъысы кими дя новатордур. Бядiи фактлара диггят йетиряк:

“Ermənilər də hamı kimi
bir millətdi.
Ermənilik əlindən
onların da günü illətdi.
Ermənilik kiminin canındadı,
kiminin qanındadı,
kiminin də vicdanındadı”.

Bu poetik parça sübut edir ki, əsərin dəyəri, sadəcə ədəbi-bədii parametrlərlə məhdudlaşmır.
Qətiyyətlə deyərdim ki, qlobal məzmun daşıyan, yüksək sənətkarlıq nümunəsi olan bu poemanın poeziyamızda alternativi yoxdur. Burada mütəfəkkir şair idrakının bədii qüdrəti humanitar dəyərlər sisteminin bütün sərhədlərini cəsarətlə, bəsirətlə genişləndirir.
Əsərdə milli kimliyin qədim və çağdaş məqamlarının orijinal poetik rənglərlə, obrazlı fəlsəfi tutumla, milli koloritdə çoxmənalı mənzərəsi heyrətamizdir.

“Şah İsmayıl Xətai
oturub pyedestalda
Yayın bu isti günündə
Oturub doğum evinin önündə”.

Poetik fikir misradan-misraya keçdikcə, “doğum evi” ifadəsi milli mövcudluğun, milli qüdrətin, həqiqətin ilk ünvanı, beşiyi kimi səciyyələnir. Daha sonra şairin qan yaddaşından, ruhundan qopan bədii xitab ulu haray kimi səslənir.

“Ey yol keçənlər,
maşınları əyləyin,
Sərkərdəyə
Salam verib, keçin!”

Bu misralar, həm də milli özünüdərkə, milli birliyə çağırış himni kimi də qiymətlidir.
Mənəvi gözəlliyi özündə ehtiva edən mütəfəkkir düşüncənin daha bir mənzərəsini seyr edək:

“Yaşlı,
kasıb bir ağdaşlı
Həccə gedə bilmədi,
Gedənlərin dalınca baxıb
Dərin bir ah çəkdi.
Türyançayın üstündə,
yol yanında
bir fidan çinar əkdi
düz yeddi yüz il əvvəl”.

Bədii təsvirin poetikasında Allaha inamın, sevginin işığını görürük. Allah yolunda minnətsiz görülən xeyirxah əməllər əbədi yaşayır (“yeddi yüz il” belə tarixi sübutlardan biridir) və əməl sahibini də yaşadır. Yaxşı əməlin böyüyü-kiçiyi, ağırı-yüngülü olmur, o, sadəcə ən gözəl arzuların çin olmasına əbədi zəmanətdir (çinar ağacı kimi).

Bir çinar deyil,
ağdaşlı bir kişinin
yam-yaşıl Həcc arzusudu.
Hər yarpağı
Peyğəmbərə yazılmış
bir məktubdu,
Əlində tutubdu”.

Bu, müasir, qüdrətli şair qəlbinin sözlərə hopmuş xeyirxahlıq simfoniyasıdır.
Şair dünyanı bürüyən faciələrin səbəbini insanların ikiüzlü, hiyləgər varlığa çevrilməsində görür. Müqəddəs rəmzlərin məkrli əməllər üçün istifadəsini bəşəri ağrı kimi dəyərləndirərək, dünyəvi faciənin, törədilən rəzalətin ironik mahiyyətini təqdim edir:

“Axı niyə? Niyə? Niyə?
Bu sualdan qorxdu sanki,
Üzünü yana döndərdi.
Utanmadı, Peyğəmbərin
adına bir salavat göndərdi terrorist. “
Daha sonra dünyada hökm sürən ikili yanaşma meyllərinin həyasızcasına artmasını allahsızlığın yeni təzahürü kimi önəmsəyir.

“Adam qansız olar,
dinsiz olar,
imansız olar,
inamsız olar,
Allahsız olmaz adam!

Təcavüzkarların, siyasi məkrlilərin, terroristlərin dindən, imandan, insanlıq qayəsindən uzaq olmasını nifrətlə xatırladan şair öz mövqeyini bədii ümumiləşmə yolu ilə bəşəri müstəviyə çıxarır.

“Allahdı hər şeydən,
hər kəsdən üstün,
Allahı yoxdur terroristin”.

“Düşündüklərimdən mənzərələr” poemasında dünyadakı dini sivilizasiyaların, cəmiyyətdəki mənəvi eybəcərliklərin, maddi-məişətin, texniki tərəqqinin, müharibənin, sevginin, “olumla-ölümün”, milli vətənpərvərliyin və daha neçə-neçə bəşəri mətləbin fəlsəfi kodu poetik məzmunda açıqlanır. Bu poemanı məzmunundakı milli və bəşəri vəhdətə, poetik təxəyyül genişliyinə, bədii-fəlsəfi mahiyyətinə görə mənzum roman-metafora adlandırmaq olar.
İnsanları xeyirxahlığa, yaxşı əməllərə sahib olmağa çağıran şair, uca Yaradanın rəğbətini qazanmağın yeganə yolunu ancaq yaxşılıqlar yaratmaqda görür. Onun iman işığına bələnmiş poetik niyyəti əbədiyyət nəğməsi kimi səslənir.
Poema ilk baxışda aydın, lakin poetik dərinlik baxımından qeyri-adi məna çoxqatlığı ilə tamamlanır.

“Allah təkdi,
ey yaranmışlar
Yaradana da kömək gərəkdi
Ucaltmaq üçün onun adını
Siz də yaxşılıqlar yaradın. “

Müdrik bədii-fəlsəfi ümumiləşdirmədir. Yəni Allahı, səni yaradanı sevirsənsə, onun adını əziz tutursansa, bu sevgiyə layiq iş gör, yaxşılıqlar yarat. Əsl ibadət budur. Yaradan yaradılanı sevir.
Daha bir məna çözümü:
Allah fövqəladə qüdrət sahibi olaraq böyüklükdə, müqəddəslikdə təkdir. İstər müstəqim, istərsə də məcazi mənada Allahın heç bir köməyə ehtiyacı yoxdur. Şair də məhz Allaha deyil, “yaradana da kömək gərəkdir” ifadəsini bədii priyom kimi işlədib. Doğrudur, Allah həm də yaradandır. Ancaq yaradan sözü heç də həmişə Allah mənasını ifadə etmir. Yaradan sözündə inkişaf, tərəqqi, icad etmək məzmun-ları da mövcuddur. Bundan əlavə, Yaradan sözü ulu əcdadlara, soy-kökə də şamildir. Bu baxımdan yaxşılıqlar yaratmaq, həm də mənsub olduğun soyun, nəslin necabətini, adını yaşatmaq, ucaltmaqdır. Göründüyü kimi fikrin içindəki poetik mənanın fəlsəfi çalarları rəngarəngdir. Bu ifadə dil möcüzəsi kimi də böyük dəyərə malikdir.
Bədii idrakın, fəlsəfi təfəkkürün bətnindəki poetik enerji bədii əsəri əbədiyyət orbitinə çıxaran nüvə reaktorudur. Bu əsərdə düşüncə üfüqlərinin sərhədsizliyi, təsvir və ifadə vasitələrinin dolğunluğu bədii materialı sənət incisinə çevirən amillərdəndir. Sənət əsəri bəşəri məzmunu və forma kamilliyini, ictimai-fəlsəfi ideyaları, orijinal bədii keyfiyyətləri özündə ehtiva edirsə, onu həqiqi ədəbi sənət hadisəsi adlandırmaq olar.
“Düşündüklərimdən mənzərələr” poeması mövcud ədəbi-bədii və fəlsəfi ölçülərin fövqündədir.

Fikrət Qoca şeirləri

Göy güləndə xoşum gəlir,
Həya ilə üfüqdə dan
Söküləndə xoşum gəlir.
Mən göz yaşı sevməyirəm,
Yarpaqlardan şeh damlası
Töküləndə xoşum gəlir.

Yaş o yaş deyil | Fikrət Qoca

Sən mənim ən əziz sirrim, istəyim,
Sən mənim ən acı həqiqətimsən.
İtmiş gəncliyimdən soraq gətirən
Sən mənim sonuncu məhəbbətimsən.

Yaş o yaş deyil ki, yolunu kəsim,
Yaş o yaş deyil ki, açım qəlbimi.
Təzədən başlayım, danışım, küsüm
On yeddi yaşında cavanlar kimi.

Yaş o yaş deyil ki, səni izləyim,
Özümü odlara toxuyum yenə.
Durub saatlarla vədə gözləyim,
Görənlər, bilənlər nə deyər mənə.

Səni hər görəndə çaşıram düzü,
Hamı mənə baxıb gülür elə bil.
Dilimi dişləyib demirəm sözü –
Yaş o yaş deyil ki… heyif ki, deyil.

Gəmilər | Fikrət Qoca

Gəmilər həmişə sahilə gedər,
Dözər yollarının çətinliyinə.
Sevinər sahilə çatana qədər,
Görər ki, bu sahil o sahil deyil,
Başqa bir sahilə üz tutar yenə.
Bilməzlər nə qədər yolu qalıbdır,
həyatları sudur, ölümləri su…
Sahildə gəmilər ölü balıqdı,
dənizin dibində gəmi ölüsü.

Odla Su Arasinda | Fikrət Qoca

Saçları ağ ipəkdi,
gözləri mavi dalğa,
Yerişi elə bil ki,
xoş ətirli küləkdi.
Görüb mat qalmışam mən,
insandı, ya mələkdi.
Istədim yaxınlaşım,
yadıma düşdü yaşım.
Istədim dönüb gedim,
nalə qopardı ürək.
Sancılıb yol yanında
axşama kimi qaldım
bir işıq dirəyi tək.
Qız baxdı, güldü, getdi,
naz-qəmzəsi üstümə
od tək töküldü getdi.
Yerə dikdim gözümü,
danladım öz-özümü:
«Baxmağa utanırsan,
baxmayırsan, yanırsan,
Durma yol ayrıcında,
Ya buza dön, ya da yan,
Ya qoca ol, ya cavan»
.

Gizli sevgi | Fikrət Qoca

Sevgimdən qaçmışam uzaq şəhərə,
Burda da həsrətin gəlib, dayanıb.
Ətrin səpələnib bütün güllərə,
Gözünün rənginə göylər boyanıb.

Səninçün dünyada bəlkə yoxam mən,
Səni sevdiyimi heç bilməyirsən.
Gündüz xəyalımdan, gecə yuxumdan
Bir an da, bir an da çəkilməyirsən.

Ürəyim, daşa dön, bu sirri saxla,
Bu sevgi, bu bəla hardan enibdir?
Bizim taleyimiz evlə, uşaqla
Hərəsi bir yana zəncirlənibdir.

Ölüncə eşqinlə olacağam mən,
Mən sənin ruhunda, qanında varam.
Üstünü kül örtmüş bir ocağam mən,
Balaca bir mehdən qaynayar yaram.

Məhəbbət | Fikrət Qoca

Məhəbbətdə taleyin öz nuru var,
Gözəl arzu, saf niyyətdi məhəbbət!
Var-dövləti neyləyirsən, bəxtəvər,
Tükənməyən var-dövlətdi məhəbbət!

Vurulursan adın çıxır yadından,
Həzz alırsan alovundan, odundan.
Doymaq olmur ağrısından, dadından,
Şirin-acı həqiqətdi məhəbbət!

Sevirsənsə bilinəcək, gizləmə
Heç kəsdən də kömək, vəfa gözləmə.
Sən alçalma, kölgə olub izləmə
Öz-özünə sədaqətdi məhəbbət!

Yanırsan yan, tüstülənmə, alışma,
Öz sevgini kimə gəldi danışma.
Bu bəladan sağalmağa çalışma,
Haqqdan gələn gözəl dərddi məhəbbət…

Yolüstü mənzil | Fikrət Qoca

Bu dünya bir qəfəsdi,
Burda bizi yaşadan
Məhəbbətdir, həvəsdi.

Bu dünya bir qəfəsdi,
Ruhumuz nurdu, səsdi,
Getmək, qalmaq sərbəsdi.

Bu dünya bir qəfəsdi.
Özü gələndə tərsdi,
Özü gedəndə tərsdi.

Fikrət bu qədər bəsdi.
Qəfəs yolüstü mənzil…
Gələn, gedən nəfəsdi.

Tale Mənimlə Oyun Oynayir | Fikrət Qoca

Tale mənimlə oyun oynayır
Tale bir zər atdı
Zəri şeş-beşdi…
Vaxt keçdi…
Bir ömür verdi əvvəli sirdi.
Yolu cəbrdi,
Şərti səbirdi.
Dayanacağı qəbirdi,
Sonu yenə əvvəli kimi birdi,
Sirdi, səbirdi…
Mən də zər atdım,
Zərim sə… birdi…
Əşi axırı birdi…

Asandı | Fikrət Qoca

İnsan ən uca zirvə-

İnsan ən kiçik zərrə-

Bu fərqin arasında

İnsan, insan, insandı,

Ucalmaq da asandı,

Kiçilmək də asandı.

  • Teqlər:
  • Fikrət Qoca
  • , fikrət qocanın şeirləri

Comments are closed, but trackbacks and pingbacks are open.