Press "Enter" to skip to content

V sinif fiziki tərbiyədən açıq dərs

Hərəkətlərin icrası zamanı zəruri metodlar tədbiq edir .

Estetik, fiziki, hüquq və ekoloji tərbiyə

Estetik tərbiyə ahəngdar inkişaf etmiş şəxsiyyət tərbiyəsinin tərkib hissələrindən biridir. “Estetika” yunanca “estezis” sözündən olub, hiss etmək, qavramaq deməkdir. Estetik tərbiyə dedikdə, incəsənət və həyatdakı gözəlliklərin qavranmasına, estetik zövq və qabiliyyətlərin inkişafına yönələn təsirlərin məcmusu nəzərdə tutulur.

Estetik tərbiyə şəxsiyyət tərbiyəsində böyük rol oynayır. O, tərbiyənin digər tərkib hissələri ilə sıx bağlıdır. Estetik tərbiyə əqli tərbiyəyə kömək göstərir: o, insana bilik verir, həyatı dərk etməyə yardım edir.

Estetik tərbiyə insan əxlaqına güclü təsir göstərir. Ədəbiyyat, incəsənət insan mənəviyyatını zənginləşdirir, humanizm, xeyirxahlıq, vətənpərvərlik və b. müsbət keyfiyyətlər formalaşdırır. Gözəllik hissi insan qəlbini təmizləyir, saflaşdırır, onu yaxşı əməllərə yönəldir. Gözəl fikrə və qəlbə malik insan pisliyə, bədxahlığa, qəddarlığa yol verməz. Bu mənada “Dünyanı gözəllik xilas edəcək” fikrinə haqq qazandırmaq olar.

Estetik tərbiyə əmək tərbiyəsi ilə də sıx bağlıdır. Əmək, yaradıcı fəaliyyət ən gözəl zövq mənbəyidir. İnsanın xoşbəxtliyi yaradıcı əməklə, əmək sevinci ilə bağlıdır.

Estetik tərbiyə fiziki tərbiyəyə, sağlamlığa müsbət təsir edir. “Sağlam ruh sağlam bədəndə olar” demişlər. Musiqi çox qədimdən müalicə vasitəsi kimi tətbiq olunmuşdur (baş ağrısı, diş ağrısı, ürək-damar, əsəb xəstəliklərinin müalicəsində musiqi terapiyasından uğurla istifadə olunur).

Estetik tərbiyə nəzəri-metodoloji əsas kimi estetika elminə istinad edir. Estetika gözəllik haqqında elmdir. Gözəllik mütənasiblik, forma və məzmun vəhdəti, ahəngdarlıqdır.

Gözəlliyin başlıca mənbələrini təbiət, cəmiyyət, ədəbiyyat, incəsənət və insan gözəlliyi təşkil edir. İnsanın gözəlliyi zahiri və daxili gözəlliyin vəhdətidir.

Varlığın insan tərəfindən estetik qavranması və düzgün əks etdirilməsi öz təbiəti etibarilə mürəkkəb prosesdir. Varlığın və incəsənətin bədii-estetik qavranması – estetik tərbiyənin ilkin mərhələsini təşkil edir. Qavramanın dolğunluğu, tamlığı, parlaqlığı sayəsində insanda müəyyən estetik hisslər, varlığa estetik münasibət formalaşır. Estetik hiss gözəlliyi duymaq, ondan həzz almaq bacarığıdır. Estetik qavramanın doğurduğu hisslər çox müxtəlif çalarlara malikdir: sevinc-kədər, məhəbbət-nifrət, həzz-ikrah, həyəcan, qorxu, təşviş, gülüş və s. Estetik hisslər insanda estetik tələbatların əsasında durur: insanın gözəllikdən keçirdiyi dərin emosional həyəcanlar, hisslər onda bədii-estetik dəyərlərlə ünsiyyətə ehtiyac doğurur.

Varlığın estetik qavranması, ona emosional münasibətin və estetik tələbatların yaranması prosesində tədricən uşaqların estetik şüuru formalaşır. Estetik hisslər və mənəvi tələbatlarla birlikdə estetik şüur insanın varlığa estetik münasibətinin əsasını təşkil edir.

Estetik şüur və hisslərin təsiri ilə estetik zövq formalaşır. Estetik zövq estetik ideal baxımından gözəlliyi qiymətləndirmək bacarığıdır. Estetik zövq əsasında insanda estetik mühakimə – varlığa, incəsənətə əsaslı, ümumiləşmiş ideya-emosional qiymətləndirmə bacarığı formalaşır.

1. Məktəbdə estetik tərbiyə bir neçə vəzifəni həyata keçirir.

2. Gənc nəsildə estetik baxış və təsəvvürlər, estetik şüur aşılamaq və inkişaf etdirmək.

3. Estetik hisslər və bu əsasda varlığa və incəsənətə estetik tələbat formalaşdırmaq.

4. Estetik zövq və mühakimə bacarığı formalaşdırmaq.

Böyüyən nəsildə bədii yaradıcılıq bacarıq və vərdişləri, bədii-estetik qabiliyyətləri inkişaf etdirmək. Şagirdlər incəsənətin bu və ya digər sahəsində müəyyən bacarıqlara yiyələnməli (musiqi alətində çalmaq, rəqs etmək, şəkil çəkmək, şer və ya hekayə yazmaq, bədii oxu və bədii tikişlə məşğul olmaq və s.), həyata, cəmiyyətə gözəllik ünsürləri bəxş etməlidirlər. Bu, həm də insanın özünütəsdiqinin mühüm şərtini təşkil edir.

Estetik tərbiyənin səmərəsi üçün bir sıra prinsipləri rəhbər tutmaq lazımdır. Həmin prinsiplərə aşağıdakılar daxildir:

1. Estetik tərbiyə insanın ideya-mənəvi tərbiyəsi, dünyagörüşünün
formalaşması prosesi ilə sıx əlaqəli şəkildə aparılmalıdır.

2. Estetik tərbiyədə müəyyən sistem və ardıcıllıq gözlənməlidir.

3. Estetik tərbiyə hərtərəfli aparılmalıdır.

4. Estetik tərbiyədə tədriciliyi gözləmək vacibdir.

5. Estetik tərbiyədə uşaqların yaş xüsusiyyətləri nəzərə alınmalıdır.

6. Estetik tərbiyədə məktəb, ailə, məktəbdənkənar müəssisələr, mədəniyyət ocaqları, bədii yaradıcılıq təşkilatları (rəssamlar, bəstəkarlar, yazıçılar birlikləri) bir-birilə sıx əməkdaşlıq etməli, vahid xətt üzrə əlbir işləməlidirlər.

Estetik tərbiyənin sisteminə ailədə və uşaq bağçasında estetik tərbiyə, məktəbdə təlim prosesində və sinifdənxaric tədbirlərdə, məktəbdənkənar tərbiyə müəssisələrində, habelə uşaq həyatının təşkilində, insan münasibətlərində estetik tərbiyə işləri daxildir.

Məktəbəqədər dövrdə estetik tərbiyə çox böyük əhəmiyyət kəsb edir. Estetik tərbiyənin bünövrəsi ailədə qoyulur. Ailə gözəlliyin, uşaq zövqünün ilk məktəbi, ana laylası uşaqların ilk melodiyasıdır. Ailədəki səliqə-sahman, təmizlik, uşaq oyuncaqları, ev avadanlığı və əşyalarının gözəlliyi, valideynlərin oxuduğu mahnı və şerlər, danışdıqları nağıllar, təbiət gəzintiləri – bütün bunlar kiçik yaşlarda uşaq zövqünü formalaşdırır.

Estetik tərbiyə uşaq bağçasında daha sistemli xarakter kəsb edir. Uşaqlarla estetik məzmunlu məşğələlər – təbiətlə və ətraf aləmlə tanışlıq, musiqi, rəsm, gil, applikasiya, quraşdırma işləri, əmək məşğələləri aparılır, musiqili-didaktik oyunlar keçirilir, bayram və əyləncələr yüksək estetik formada təşkil edilir.

Məktəbdə estetik tərbiyə geniş məzmunda aparılır. Təlim prosesi estetik tərbiyənin çox mühüm vasitəsi olub, şagirdlərin estetik zövq və bacarıqlarının formalaşmasında böyük rol oynayır. Bu sahədə xüsusilə musiqi, təsviri incəsənət, əmək, ana dili və ədəbiyyat fənlərinin imkanları genişdir. Musiqi və nəğmə dərsləri estetik tərbiyənin qüdrətli vasitəsidir. Xüsusilə xorla oxunan mahnı zehni yorğunluğu götürür, xoş əhval aşılayır.

Təsviri incəsənət dərsləri də estetik tərbiyədə böyük əhəmiyyətə malikdir. Rəsm şagirdlərin bədii zövqünü, təxəyyülünü, yaradıcılıq qabiliyyətini inkişaf etdirir.

Estetik tərbiyədə ana dili və ədəbiyyat dərsləri də böyük imkanlara malikdir. Bədii nümunələr (şer, hekayə və nağıllar), bədii ədəbiyyat şagirdlərdə estetik hissləri, estetik zövq və mühakiməni inkişaf etdirir.

Estetik tərbiyə məqsədi ilə digər fənlərin də imkanlarından istifadə edilməlidir. Tədris etdiyi fəndən asılı olmayaraq müəllim öz gözəl nitqi, davranışı, münasibəti, geyimi ilə şagirdlərin zövqünü tərbiyə edir: “Hər bir fənn müəllimi estetik tərbiyə müəllimi olmalıdır” (M.Cəfər). Dərsdə istifadə olunan əyani vəsaitlər, sinfin estetik tərtibi, dərsdə yaradılan mənəvi-emosional mühit də estetik zövqün mühüm mənbəyini təşkil edir.

Dərslərdə aparılan estetik tərbiyə sinifdənxaric və məktəbdənkənar işlərdə daha da dərinləşdirilir və genişləndirilir. Bu işlər şagirdlərin maraqlarının və fərdi yaradıcılıq qabiliyyətlərinin inkişafına kömək göstərir. Estetik tərbiyə üzrə sinifdənxaric işlərin məzmunu, forması müxtəlif və rəngarəngdir. Bunları üç qrupa ayırmaq olar: dərnək işləri, kütləvi işlər və fərdi işlər.

Bədii yaradıcılıq və incəsənət dərnəkləri estetik tərbiyə üzrə sinifdənxaric işlərin geniş yayılmış formalarındandır. Belə dərnəklərə musiqi, xor, rəsm, rəqs, ədəbiyyat, dram, bədii oxu, bədii tikiş və b. dərnəklər daxildir.

Sinifdənxaric tədbirlərlə yanaşı, şagirdlər məktəbdənkənar müəssisələrdə uşaq və məktəblilər sarayları və evlərində, estetik tərbiyə mərkəzlərində, təsviri sənət studiyalarında müxtəlif növ yaradıcılıq fəaliyyətinə cəlb edilirlər. Bir çoxları bu yolla öz gələcək həyat yolunu müəyyən edir, böyük sənətə vəsiqə alırlar.

Estetik tərbiyənin mühüm bir vasitəsi təbiət gözəllikləridir. Təbiət gözəlliklər mənbəyidir. O, estetik hisslərin, təxəyyülün inkişafına zəngin material verir. Təbiət ən yaxşı rəssamdır: “Xəyal həqiqi güldən daha yaxşı heç bir şey təsəvvür edə bilməz” (N.Çernışevski). Təbiət həm də tərbiyəçidir.

O, insanın ağlını və qəlbini zənginləşdirir, onda yüksək estetik və mənəvi hisslər – vətənpərvərlik, xeyirxahlıq, həssaslıq, doğma torpağa məhəbbət, iftixar hissləri oyadır. Bütün bunlar isə təbiətə, ətraf mühitə, insanlara estetik münasibətin formalaşmasına kömək edir.

Estetik tərbiyənin mühüm bir istiqaməti məişətdə, geyim və münasibətdə gözəllik ruhunda şagirdləri tərbiyə etməkdir. Onlar məktəbdə, ailədə, şəxsi həyatda gözəllik qanunları ilə yaşamağa, hər yerdə estetik mühit yaratmağa çalışmalıdırlar: gözəl danışmalı, gözəl geyinməli, gözəl yeriməli, gözəl davranmalıdırlar.

Burada müəllimin, valideynlərin nümunəsi, emosional mədəniyyəti böyük rol oynayır. Müəllimin daxili gözəlliyi, uşaqlarla ədalətli münasibəti, həssaslığı, pedaqoji məharəti, hər işdə ölçü hissini gözləməsi, düzlüyü, doğruçuluğu, mədəniliyi münasibət və davranış estetikasının çox təsirli vasitəsidir. Əgər uşaq ədalətsizliklə, təhqirlə qarşılaşmışsa, təşviş, qorxu, sıxıntı, ümidsizlik keçirirsə, bu hisslər onun ürəyinə gözəllik yolunu sanki bağlayır. Bunu nəzərə alaraq, məktəbdə yüksək mənəvi-psixoloji iqlim, həssaslıq və humanizm mühitinin yaranmasına nail olmaq lazımdır.

2. Fiziki tərbiyə

Fiziki tərbiyə insanın sağlamlığını möhkəmlədən, şəxsiyyətin fiziki və mənəvi-iradi keyfiyyətlərini inkişaf etdirən təsirlər sistemidir.

Fiziki tərbiyə şəxsiyyətin ahəngdar inkişafının mühüm şərtini təşkil edir.

Fiziki tərbiyə əqli inkişafa kömək edir. Sağlamlıq səmərəli zehni fəaliyyətin vacib şərtidir: o, insanın fikir qüvvəsini artırır, yorğunluğu götürür, iş qabiliyyətini bərpa edir. Fiziki tərbiyə insanın əxlaqi-iradi inkişafının da mühüm vasitəsidir: o, iradəni möhkəmlədir, insanda dözümlülük, intizam, kollektivçilik, yoldaşlıq və dostluq kimi keyfiyyətlər tərbiyə edir. Fiziki tərbiyə insanı əməyə və vətən müdafiəsinə hazırlayır. O, estetik tərbiyə ilə də sıx bağlıdır.

Göründüyü kimi, fiziki tərbiyə şəxsiyyətin formalaşmasında böyük rol oynayır. Buna görə də gənc nəslin fiziki tərbiyəsinə xüsusi diqqət yetirmək lazımdır. Bu məsələ mühüm dövlət, milli-mənəvi əhəmiyyət kəsb edir.

Fiziki tərbiyənin əsas məqsədi fiziki cəhətdən sağlam, gümrah nəsil tərbiyə etməkdən, onları əməyə və fəal ictimai həyata hazırlamaqdan ibarətdir. Bu ümumi məqsədə nail olmaq üçün fiziki tərbiyə qarşısında aşağıdakı konkret vəzifələr durur:

a) gənc nəslin normal fiziki inkişafını və sağlamlığını təmin etmək;

b) məktəblilərə həyat üçün zəruri olan bacarıq və vərdişlər (düzgün yeriş, qaçış, tullanmaq, üzmək və s.) aşılamaq;

c) uşaq və gənclərdə bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olmağa, öz bədənini möhkəmlətməyə tələbat yaratmaq;

ç) fiziki mədəniyyətə, gigiyena və təbabətə aid bilik və vərdişlər aşılamaq;

d) böyüyən nəsildə təlim, əmək və vətən müdafiəsi üçün zəruri olan iradi-mənəvi keyfiyyətlər (dözümlülük, çeviklik, cəldlik, qüvvə) tərbiyə etmək, onlarda qorxu, inamsızlıq, səbirsizlik və s. kimi mənfi keyfiyyətləri aradan qaldırmaq əzmi formalaşdırmaq.

Fiziki tərbiyənin məzmunu “Əməyə və müdafiəyə hazıram” (ƏMH) kompleksində və məktəblilərin bədən tərbiyəsi proqramında öz əksini tapmışdır. ƏMH kompleksi 6 dərəcədən ibarətdir. Onun 4 dərəcəsi məktəb yaşına aiddir: I dərəcə – “Yürüşə hazıram” (7-9 yaş), II dərəcə – “Cəsurlar və cəldlər” (10-13 yaş), III dərəcə – “İdman əvəzediciləri” (14-15 yaş), IV dərəcə “Qüvvət və igidlik” (16-18 yaş). Məktəbdə fiziki tərbiyənin təşkilində bu sənədlərə, habelə məktəbdə fiziki tərbiyə haqqında Əsasnaməyə istinad etmək lazımdır.

Məktəbdə fiziki tərbiyə müxtəlif vasitə və formalarla həyata keçirilir.

Fiziki tərbiyənin vasitələrinə fiziki təmrinlər, təbii və gigiyenik amillər daxildir.

Fiziki təmrinlər fiziki tərbiyə vəzifələrinin həlli üçün xüsusi seçilib tətbiq edilən əsas hərəkətlər, hərəkət əməliyyatlardır. Fiziki təmrinlərin təsnifatına müxtəlif yanaşma halları vardır. Nisbətən geniş yayılmış təsnifat fiziki tərbiyə vasitələrinin tarixən formalaşmış sisteminə əsaslanır. Buraya gimnastika, oyun, idman və turizm daxildir.

Gimnastika bütövlükdə orqanizmin və onun ayrı-ayrı sistem və funksiyalarının inkişaf etdirmək məqsədi ilə aparılan xüsusi təmrinlərdir. Gimnastikanın müxtəlif növləri ayırd edilir: əsas, gigiyenik, idman, bədii, istehsalat, müalicə gimnastikası.

Oyunlar fiziki təmrinlərin geniş yayılmış növüdür. Oyun həm fiziki, həm də mənəvi tərbiyə vasitəsidir. Oyunda uşaqların orqanizmi, fiziki qüvvələri, düşüncə bacarığı, hazırcavablıq, təşəbbüskarlıq inkişaf edir, kollektivçilik, yoldaşlıq və dostluq keyfiyyətləri formalaşır

Oyunlar iki növdə olur: hərəkətli və idman oyunları. Hərəkətli oyunlar əsasən ibtidai siniflərdə, idman oyunları isə məktəbin orta və yuxarı siniflərində keçirilir.

İdman fiziki təmrinlərin daha mürəkkəb növüdür. İdmanda bədəni möhkəmlətmək vəzifəsi fiziki çalışmaların ayrı-ayrı növlərində (yüngül atletika, güləş, üzgüçülük, futbol, voleybol, basketbol, dama, şahmat və s.) yüksək nəticələr əldə etmək uğrunda mübarizə ilə qovuşur.

Turizm doğma diyarın təbiəti, tarixi və mədəni yerləri ilə tanışlıq, şagirdlərin görüş dairəsini genişləndirmək məqsədi ilə keçirilən yürüş və gəzintilərdir. O, uşaq və gənclərin fiziki dözümlüyünü, ətraf aləmə bələdliyini, sərbəstliyini təmin etməyə, kollektiv həyat və fəaliyyət təcrübəsi qazanmağa kömək göstərir.

Fiziki tərbiyənin mühüm bir vasitəsi təbii amillərdən istifadə etməkdir. Təbii amillər (günəş, hava, su) təbiətin sağlamlaşdırıcı qüvvələridir. İnsan orqanizminin təmiz havaya (oksigenə), suya, günəş şüasına böyük ehtiyacı vardır. Təmiz hava insan orqanizmi, beyin, ciyər və ürəyin fəaliyyəti üçün zəruridir. Çirkli hava (karbon qazı) beyni yorur, orqanizmin müqavimət gücünü zəiflədir, belə havada mikrob çox olur.

Günəş həyat mənbəyidir. Günəş şüası mikrobları məhv edir, qan damarlarını genişləndirir, orqanizmin müqavimətini artırır. Günəş düşməyən evdə insan tez xəstələnir.

Su da böyük sağlamlaşdırıcı təsirə malikdir: su dərini təmizləyir, tənəffüsü yaxşılaşdırır, əsəbləri sakitləşdirir.

Gigiyenik amillər fiziki tərbiyə, sağlamlıq baxımından böyük əhəmiyyətə malikdir. Gigiyenik amillərə qida, yuxu, istirahət, bədənə qulluq, normal mənzil və iş şəraiti, rejim, rahat geyim və s. daxildir.

Sağlamlıq üçün normal qida vacib şərtdir. Yemək müəyyən hədd daxilində olmalıdır: həddən çox və az yemək zərərlidir.

Qidada zülalların, vitaminlərin, mineral maddələrin olmasına diqqət yetirilməlidir. Zülal çatışmazlığı üzdə qırışlara, rəngin solmasına, saç tökül­məsinə, böyrək xəstəliyinə səbəb olur. Vitamin və mineral çatışmazlığından dəri xəstəlikləri, saç tökülməsi, göz və ürək zəifliyi, dırnaq sınması, qanazlığı və s. baş verir.

Normal yuxu da sağlamlıq üçün mühüm şərtdir. O, yorğunluğu götürür, orqanizmin iş qabiliyyətini bərpa edir. Normadan çox və az yatmaq eyni dərəcədə zərərlidir. Çox yatmaq orqanizmi süstləşdirir, kökəlməyə və piylənməyə (xüsusən yeməkdən sonra) səbəb olur, insanı passivləşdirir, bəzən yatımlılıq kimi mənfi adətin yaranmasına gətirib çıxarır.

Gigiyenik amillər içərisində düzgün gün rejimi böyük əhəmiyyətə malikdir. Rejim insanın həyat tərzini nizama salan qaydaların məcmusudur. O, iş və istirahəti tənzim edir, insanda intizamlılıq, səliqəlilik, dəqiqlik, təşkilatçılıq tərbiyə edir, müsbət adətlər yaradır.

Ailədə və məktəbdə sanitar-gigiyenik tələblərə ciddi əməl edilməlidir. Ailədə şagirdin iş otağı, məktəbin sinif otaqları gigiyenik tələblərə (optimal həcmi, hava tutumu, işıq və istilik rejimi, havasının dəyişilməsi, əşyaların yaş əsgi ilə silinməsi və s.) cavab verməlidir. Partalar uşaqların boyuna uyğun olmalıdır.

Ailədə sanitar-gigiyenik tələblərin gündəlik icrasına və adətə çevrilməsinə çalışmaq lazımdır: uşaqlar hər səhər və axşam dişlərini fırça ilə yumalı, yeməkdən qabaq əllərini yumalı, yeməkdən sonra ağzı yaxalamalıdırlar.

Məktəbdə fiziki tərbiyənin təşkili formaları. Fiziki tərbiyənin həyata keçirilməsi səmərəli formalar seçib tətbiq etməyi tələb edir. Belə formalara bədən tərbiyəsi dərsləri, fakültativ məşğələlər, gün rejimində idman-sağlamlıq tədbirləri, fiziki tərbiyə üzrə sinifdənxaric və məktəbdənkənar tədbirlər daxildir.

Bədən tərbiyəsi dərsləri fiziki tərbiyənin əsas, bütün şagirdlər üçün məcburi olan məşğələ formasıdır.

Fiziki cəhətdən hazırlıqlı və idmana həvəs göstərən şagirdlər üçün fakültativ məşğələlər keçirilir. Bu məşğələlər könüllülük əsasında həftədə iki dəfə təşkil olunur.

Fiziki tərbiyənin mühüm forması kimi gün rejimində idman-sağlamlıq tədbirləri böyük əhəmiyyətə malikdir. Bu tədbirlərə daxildir: səhər gimnastikası; dərslərdə (xüsusən ibtidai siniflərdə) yorğunluğu götürmək üçün 2-3 dəqiqəlik bədən tərbiyəsi dəqiqələri; böyük tənəffüslərdə açıq havada oyun və əyləncələr.

Fiziki tərbiyə üzrə sinifdənxaric işlər uşaq və gəncləri sistemli şəkildə bədən tərbiyəsi və idmana cəlb etməyə, onların asudə vaxtını səmərəli təşkil etməyə imkan verir. Sinifdənxaric fiziki tərbiyə tədbirlərinə idman dərnəkləri və bölmələri, oyun və əyləncələr, idman yarışları, idman bayramları, Spartakiadalar və s. daxildir.

Fiziki tərbiyə sahəsində məktəbdənkənar işlər də çoxcəhətli və rəngarəngdir. Bu işləri uşaq idman məktəbləri, uşaq turist stansiyaları, mədəniyyət və istirahət parkları, idman bazaları, könüllü idman təşkilatları, MKİS işçiləri və başqa müəssisə və təşkilatlar təşkil edir.

3. Ekoloji tərbiyə

“Ekologiya” yunan sözü olub, yurd (məkan) haqda təlim deməkdir. Ekoloji tərbiyə ahəngdar şəxsiyyət tərbiyəsinin mühüm tərkib hissəsidir. O, gənc nəsli ekoloji biliklərlə silahlandırmağa, ekoloji mədəniyyəti formalaşdırmağa yönələn tədbirlər sistemidir.

Ekoloji tərbiyənin əsasını təbiətə sevgi, onun mühafizəsi işi təşkil edir. İnsan təbiətin bir üzvüdür. Təbiət öz sərvətləri ilə insanı bəsləyir, yaşadır, fiziki və mənəvi qüvvələrini inkişaf etdirir, ona həyat verir. Lakin bəzən insan öz yaşamaq mənbəyini – təbiəti, ekoloji mühiti korlayır; udduğu havanı, içdiyi suyu, məhsulunu yediyi torpağı zəhərləyir. Bu yolla insanlıq öz-özünü məhvə aparır, özü üçün dəhşətli fəlakətlər, xəstəliklər yaradır.

Bunun qarşısını almaq üçün kiçik yaşlardan uşaqları təbiətə qayğılı münasibət ruhunda tərbiyə etmək, ekoloji şüuru və mədəniyyəti formalaşdırmaq lazımdır. Hər bir insan – şəxsiyyət və vətəndaş kimi öz yurdunun, bəşər övladı kimi isə dünyanın ekoloji vəziyyəti və tarazlığı üçün məsuliyyət hiss etməli, onun pozulması hallarına barışmazlıq göstərməlidir. Bu, dünyanın hər bir sakininin insanlıq borcudur.

Ekoloji tərbiyədə aşağıdakı vəzifələri həyata keçirilir:

– böyüyən nəsildə ekoloji şüuru formalaşdırmaq;

– uşaq və gənclərdə doğma təbiətə, ətraf mühitə məhəbbət və qayğılı münasibət, onun korlanmasına qarşı barışmazlıq hissləri aşılamaq;

– təbiəti mühafizə üzrə zəruri bacarıq və vərdişlər formalaşdırmaq, gənc nəsli fəal ekoloji fəaliyyətə hazırlamaq.

Ekoloji tərbiyə işində müxtəlif yollardan, forma və metodlardan istifadə edilir. Ekoloji tərbiyə hələ kiçik yaşlardan, ailə və uşaq bağçasından başlanmalıdır. Erkən yaşlardan uşaqlarda təbiət hadisələrinə düzgün baxışlar yaratmaq, onlara təbiəti, canlıları sevdirmək, uşaq qəlbində xeyirxahlıq hissləri oyatmaq lazımdır. Kiçik yaşlardan buna diqqət yetirilməzsə, uşaqda təbiətə, heyvan və quşlara qarşı laqeydlik, hətta qəddarlıq, rəhmsizlik hissləri baş qaldıra bilər. Təbiətə qarşı qəddarlıq təbiət gözəlliklərinə laqeydlikdən, ətraf aləmə qeyri-həssas münasibətdən, bir sözlə, uşaq qəlbində xeyirxahlıq hisslərinin kütləşməsindən başlanır.

Ailədə və uşaq bağçasında aparılan ekoloji tərbiyə işləri məktəbdə daha da inkişaf etdirilir və sistemli şəkil alır. Təlim prosesi ekoloji tərbiyənin çox mühüm yoludur. Ayrı-ayrı fənlərin tədrisində ekoloji təhsil və tərbiyə üçün böyük imkanlar vardır. İbtidai siniflərdə şagirdlər təbiətşünaslıq və ətraf aləmlə tanışlıq dərslərində təbiət və onun mühafizəsi haqqında ilkin təsəvvürlərə yiyələnir, onlarda təbiətə məhəbbət, onu qorumağın vacibliyi fikri aşılanır.

Orta və yuxarı siniflərdə ekoloji təhsil və tərbiyə işləri genişləndirilir. Kimya dərslərində torpağın münbitliyini saxlamaq üçün kimyəvi gübrələrdən istifadə edilməsi, sənaye və məişət tullantılarının emalı, ekoloji cəhətdən təmiz ərzaq məhsullarının istehsalı və s. barədə təsəvvürlər aşılanır. Bunlar isə şagirdlərin ekoloji təfəkkürünün inkişafına güclü təsir göstərir. Ekologiya və təbiəti mühafizə sahəsində digər fənlərdə – biologiya, zoologiya, botanika, coğrafiya dərslərində daha ətraflı biliklər verilir və onların tətbiqi aspektləri nəzərdən keçirilir.

Ekoloji tərbiyə sahəsində dərslərdə aparılan iş sinifdənxaric və məktəbdənkənar tədbirlər yolu ilə daha da dərinləşdirilir. Yerli şəraitdən asılı olaraq təbiəti mühafizə işinin müxtəlif formalarından istifadə olunur: məktəb meşəçiliyi, gənc təbiətçi dərnək və klubları, məktəb qoruqları, meyvə bağları, şagird istehsalat briqadaları, ekologiya üzrə olimpiada və viktorinalar, məktəb ekologiya cəmiyyəti, ekologiya ayları, ekologiya reydləri və s. belə maraqlı formalardandır. Məktəblərdə və yaşayış yerlərində yaşıllıq iməciliklərinin keçirilməsi, mavi və yaşıl keşikçi dəstələrinin yaradılması, ilk çiçək bayramlarının, meşə və quş günlərinin, təbiət dostları və gənc bağbanların müsabiqələrinin təşkili kimi tədbirləri məktəblərdə ənənə şəklinə salmaq lazımdır.

4. Hüquq tərbiyəsi

Hüquq tərbiyəsi şəxsiyyətin ahəngdar inkişafına yönələn ideya-tərbiyə işləri kompleksinin mühüm bir istiqamətini təşkil edir. Hazırda, hüquqi dövlət quruculuğunun həyata keçirildiyi bir dövrdə gənc nəslin hüquq tərbiyəsi böyük əhəmiyyət kəsb edir

“Hüquq” ərəbcə “haqq söz” deməkdir. Hüquq ictimai şüurun bir forması olub, dövlət tərəfindən müəyyən edilən və mühafizə olunan, ictimai münasibətləri tənzimləyən məcburi davranış qaydaları sistemidir. Hüquq əxlaqla sıx bağlıdır. Hüquq normaları əxlaq normalarından müəyyən cəhətdən fərqlənir: hüquq normaları hamı üçün məcburidir və rəsmi dövlət aktlarında əks olunur. Hər cür fəaliyyətdə olduğu kimi, hüquqi fəaliyyət də insanın hüquqi düşüncəsi, inamı və hüquqi davranışının vəhdəti kimi özünü göstərir.

İnsanın hüquqa dair təsəvvürləri, ideya və görüşləri, hissləri, onun hüquq düşüncəsində ifadə olunur. Hüquq düşüncəsi nə qədər yüksək olarsa, insan hüquq normalarını bir o qədər şüurlu yerinə yetirər, onların pozulmasına yol verməz.

İnsanın şüur və davranışı vəhdətdə olub, bir-birini şərtləndirir. Onun hüquqi davranışı da hüquqi şüur səviyyəsindən, intellektual və emosional inkişafdan çox asılıdır. Qanunazidd hərəkətlər, bir qayda olaraq, insanın təhrif olunmuş bilikləri, tələbat və maraqları ilə bağlıdır. Məsələn, pozulmuş, təhrif edilmiş maddi tələbatlar acgözlük, tamahkarlıq, pul və mal-dövlət hərisliyi yaradır. Yaxud, təhrif olunmuş ünsiyyət tələbatı şöhrətpərəstlik, eqoizm, zorakılıq yaradır. Bu mənfi sərvət meyllərinin təsiri altında hüquqazidd hərəkətlər (oğurluq, rüşvətxorluq, xuliqanlıq və s.) baş verir.

Cəmiyyətə zidd hərəkətlərin səbəbləri, ilk növbədə, insanın hüquqi şüurunun aşağı səviyyədə olması ilə, cəmiyyət və hüquq haqqında yanlış təsəvvürləri ilə, şəxsiyyətlə cəmiyyət arasında, onların tələbləri arasında pozulmuş münasibətlərlə şərtlənir. Bu hal hüquqi şüurun, bütövlükdə hüquq tərbiyəsinin vacibliyini göstərir.

Hüquq tərbiyəsi gənc nəslin hüquqi şüur və davranışını, habelə hüquq normalarına münasibətini formalaşdırmaq məqsədi güdən planlı və mütəşəkkil fəaliyyət prosesidir. Hüquq tərbiyəsi qarşısında aşağıdakı vəzifələr durur:

a) gənc nəsildə hüquqi şüur, hüquqa və qanunçuluğa dair baxış və
təsəvvürlər aşılamaq;

b) uşaq, yeniyetmə və gənclərdə hüquq psixologiyası formalaşdırmaq:

c) böyüyən nəsildə hüquqi davranış təcrübəsi, birgəyaşayış qaydalarına uyğun düzgün davranış bacarıqları formalaşdırmaq, yeniyetmələr arasında qanunpozma hallarının qarşısını almaq, bu məqsədlə profilaktik tədbirlər həyata keçirmək.

Hüquq tərbiyəsi insanın hüquqi şüurunun bütün komponentlərinə təsir göstərir: hüquqa dair biliklər (idrak komponenti), hüquqa münasibət (qiymətləndirmə komponenti), insanın davranış mövqeyi (iradi komponent). Hüquqi şüurun hər üç komponenti vəhdət halında çıxış edir. Hüquq normalarına dair biliklər və onlara müsbət münasibət əsasında hüquqi əqidə və davranış mövqeyi, yəni hüquqauyğun davranışa hazırlıq və səy formalaşır.

Hüquqi şüurun formalaşması və inkişafı uzun sürən, mürəkkəb və ziddiyyətli prosesdir; o, bütün ömür boyu davam edir. İlk hüquqi təsəvvürlər ailədə valideynlərin təsiri ilə formalaşır. Burada uşaq nəyin yaxşı və pis olduğunu öyrənir, ilk qadağanlarla, öz əməllərinə verilən qiymətlə (“olmaz”, “ayıbdır” və s.) qarşılaşır. İlk əxlaqi təsəvvür və qiymətlər əsasında onda bəsit hüquqi təsəvvürlər, hisslər və münasibət formalaşır.

Hüquq tərbiyəsi məktəbdə planlı və sistemli xarakter kəsb edir, müxtəlif forma və metodlarla həyata keçirilir. Bu formalar içərisində dərs əsas yer tutur. Ayrı-ayrı fənlərin tədrisi prosesində şagirdlərin hüquqi şüurunun formalaşması üçün mövcud imkanlardan istifadə edilir. İbtidai siniflərin ana dili, təbiətşünaslıq fənlərində hüquqa dair elementar məlumatlar verilir.

Hüquq tərbiyəsi baxımından “İnsan və cəmiyyət” fənni daha böyük imkanlara malikdir. Bu fənnin köməyi ilə şagirdlər dövlət quruluşu, hüquq sistemi, Konstitusiya hüququ, qanunverici və icra orqanları və hüquqi məsələlər barədə biliklərə, siyasi-hüquqi baxış və təsəvvürlərə yiyələnirlər.

Hüquq tərbiyəsi üzrə təlim prosesində aparılan işlərlə yanaşı, sinifdənxaric və məktəbdənkənar işlər də böyük əhəmiyyət kəsb edir. Hüquq tərbiyəsi ilə bağlı sinifdənxaric işlər müxtəlif formalarda təşkil edilir. Məqsəd və məzmununa görə onları iki qrupa bölmək olar: a) hüquq təbliğatı və hüquqi şüurun formalaşmasına xidmət edən formalar; b) hüquq-mühafizə fəaliyyətinin təşkili formaları.

Birinci qrup formalara hüquqi mövzularda söhbət və mühazirələr, tematik axşamlar, viktorinalar, disputlar, əxlaqi-hüquqi məsələlərə dair bədii əsərlərin və filmlərin müzakirəsi, hüquq lektoriyaları, gənc hüquqşünas dərnəkləri, hüquq mövzularında konfranslar, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə görüşlər, hüquq bilikləri klubu, gənclərin diskussiya klubu və b. daxildir. Bu formalar yeniyetmə və gənclərin hüquqi biliklərini artırmağa, hüquqi məsələlərə inam yaratmağa kömək göstərir.

İkinci qrup formalara məktəblilərin marağa görə könüllü dəstələri polisin gənc dostları, yaşıllıq dostları, sərhədçilərin gənc dostları, gənc yanğınsöndürənlər, gənc yol nəqliyyatı müfəttişləri, ictimai asayişi mühafizə dəstələri və b. daxildir. Bu formalar şagirdlərin hüquq-mühafizə fəaliyyətinin təşkilinə, onlarda hüquqi baxışların və əqidənin yaranmasına, müsbət adətlərin və fəal həyat mövqeyinin, habelə əxlaqi-hüquqi təcrübənin formalaşmasına xidmət edir.

Məktəbdənkənar müəssisələr də hüquq tərbiyəsi sahəsində müəyyən rol oynayır. Uşaq-gənclər evi və sarayları, mədəniyyət saraylarında fəaliyyət göstərən dərnək və bölmələr, gənc təbiətçilər stansiyaları, uşaq kitabxanaları yuxarıda göstərilən bir çox iş formalarından istifadə edir (hüquq universitet və lektoriyaları, gənc hüquqşünas dərnək və klubları və s.).

Sinifdənxaric və məktəbdənkənar işlər uşaq və yeniyetmələrin asudə vaxtının səmərəli təşkilində böyük əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, məktəblilərin, xüsusən yeniyetmələrin asudə vaxtı düzgün təşkil edilmədikdə onların bir qismi günlərini boş-boşuna keçirir, nəzarətsiz qalır, bəzən mənfi təsir altına düşür, hətta hüquqazidd hərəkətlərə (xuliqanlıq, sərxoşluq, narkomaniya və s.) yol verirlər. Yeniyetmə cinayətkarlığının təhlili göstərir ki, onların böyük qismi (60-70%-i), bir qayda olaraq, idman, mütaliə, bədii özfəaliyyət və digər ictimai-mədəni fəaliyyətlə məşğul olmamışlar. Bunu nəzərə alıb, şagirdlərin dərsdənkənar fəaliyyətini mənalı təşkil etmək, onları müxtəlif fəaliyyət növlərinə – idmana, ictimai-faydalı əməyə, elmi-texniki və bədii yaradıcılıq işlərinə, mütaliəyə geniş cəlb etmək lazımdır.

Hüquq tərbiyəsinin müvəffəqiyyəti onun planlı, məqsədyönlü və mütəşəkkil təşkilindən, bu sahədə məktəb, ailə və ictimaiyyətin sıx əməkdaşlığını təmin etməkdən asılıdır.

V sinif fiziki tərbiyədən açıq dərs

1.3.5 Hərəkətlərin icrasında müvafiq təhlükəsizlik və ilk tibbi yardım qayda- ları haqqında informasiya verir.

2.3.2 Ümuminkişaf hərəkətlərini nümünələrə müvafiq yerinə yetirir.

3.1.2 Hərəki fəaliyyət zamanı bədənin əyilmə qabiliyyətini nümayiş etdirir.

4.1.2 Hərəki fəaliyyətini əxlaqi və etik normalar çərçivəsində qurur.

Məqsəd:

Müxtəlif idman növlərinə aid hərəkətlərin səmərəli icra üsullarını izah edir .

İ lk tibbi yardım göstərir.

Hərəkətlərin icrası zamanı zəruri metodlar tədbiq edir .

Birgə fəaliyyət zamanı öz potensialından səmərəli istifadə edir .

Kollektivlə iş, Qruplarla iş.

Hərəki təfəkkürün formalaşdırılması, nümayiş etdirmə, izah, təkrar.

Şagirdlərə şəkillər nümayiş etdirirəm.

Bu hərəkətlər necə adanır?

Şagirdləri 4 qrupa bölürəm. Onları «Şahin», «Mübariz», «Qarabağ» və «Qələbə» adları ilə adlandırıram. Qruplara iş vərəqlərini paylayıram.

1. Şəkildə gördüyünüz hərəkətləri yerinə yetirin.

Bu hərəkətlər necə adlanır və bədənin hansı əzələlərini inkişaf etdirir?

1. Şəkildə gördüyünüz hərəkətləri yerinə yetirin.

Bu hərəkətlər necə adlanır və bədənin hansı əzələlərini inkişaf etdirir?

1. Şəkildə gördüyünüz hərəkətləri yerinə yetirin.

Bu hərəkətlər necə adlanır və bədənin hansı əzələlərini inkişaf etdirir?

1. Şəkildə gördüyünüz hərəkətləri yerinə yetirin.

Bu hərəkətlər necə adlanır və bədənin hansı əzələlərini inkişaf etdirir?

Q R U P L A R

M E Y A R L A R

Müxtəlif idman növlərinə aid hərəkətlərin səmərəli icra üsullarını izah edir .

İ lk tibbi yardım göstərir.

Hərəkətlərin icrası zamanı zəruri metodlar tədbiq edir .

Birgə fəaliyyət zamanı öz potensialından səmərəli istifadə edir .

SON DƏQİQƏ

Uşaqların sağlamlığı və fiziki cəhətdən inkişafı qloballaşan dünyada ən vacib məsələlərdən biridir. Azərbaycanlı uşaqların həyatı idmana sıx bağlıdır. İdman insanların sağlamlığına xidmət edən ən mühüm amil, uşaq və gənclərin mənəvi tərbiyəçisidir.

İdmanın insana təsiri çox böyükdür. Belə ki, 2000-ninci illərin əvvəllərində baş vermiş bir hadisə bunu çox bariz şəkildə göstərmişdir. Hindistanın ucqar bir kəndində cinayətkarlıq səviyyəsi çox yüksək olsa da son dövrlərdə bu səviyyə kəskin düşmüşdü. Dövlət rəsmiləri bu irəliləmənin səbəbini bilmək üçün kəndə heyət göndərmişdir. Nəticədə məlum olmuşdur ki, həmin kənddən olan bir tələbə kənd camaatına şahmat oyununu öyrətmiş, məhz bundan sonra oyuna maraq o dərəcə artmışdır ki, kənddə olan hər bir fərd şahmat oynamağa və aralarında yarış keçirməyə başlamışlardır. Nəticə etibari ilə idmanın insan psixologiyasına müsbət təsiri özünü göstərmiş və kənddə zorakılıq, quldurluq halları maksimal səviyyədə aşağı düşmüşdür. Bu fakt idmanın möcüzələr yaratmağa qadir olduğunun ən yaxşı nümunələrindən biridir.

İdman həm də insanları psixoloji sarsıntılardan qoruyan vasitədir. Mütəxəssislərin fikrincə, mənfi elementlərin orqanizmə təsiri bəzən o qədər böyük olur ki, orqanizmin özünü bu təsirlərdən qorumağa gücü çatmır. Bu cür hallarla rastlaşan on minlərlə insanın təcrübəsi sübut edir ki, mənfi təsirlərə qarşı ən yaxşı mübarizə üsulu məhz idman, fiziki tərbiyədir. İdman hərəkətləri orqanizmin bərpasına, möhkəmlənməsinə yardım edir. İdman həm də tərbiyəvi əhəmiyyət daşıyır. Təhlillər göstərir ki, idmanla müntəzəm məşğul olan insanlar öz davranışları ilə də fərqlənirlər. Bu, yaşından, sosial vəziyyətindən peşəsindən asılı olmayaraq, idmana maraq göstərən bütün insanlarda rast gəlinən müsbət xüsusiyyətdir.

Tibb sahəsində yazılmış sinirlərin məşqi kitabında Nevrozların müalicəsində idmanın istifadəsi haqda geniş məlumat verilmişdir.

Təsadüfi deyil ki, idman mənəvi tərbiyənin, etikanın əsasını təşkil edən vasitələrdən biri hesab olunur. O, fiziki və mənəvi tərbiyənin formalaşmasında, sağlamlığın qorunması və bərpası yolunda cəmiyyət üçün “yaşıl işıq” rolunu oynayır. Uşağın sağlamlığına göstərilən diqqət çox erkən – uşaq bağçasından başlanır. Uşaqların tərbiyəsi, onların sağlamlığının qorunması, ümumilikdə onların gələcək həyata hazırlanmalarında uşaq bağçalarının rolunu yüksək qiymətləndirən Azərbaycan dövləti bu müəssisələrə xüsusi qayğı ilə yanaşır, uşaqların fiziki və mənəvi tərbiyəsi üçün orada hər cür şərait yaradır. Bu sahədə işlər üç istiqamətdə aparılır: əvvəlcə balacaların idmana cəlb olunmasına başlanılır. Bu iş müntəzəm davam etdirilir və nəhayət, uşaqlara fərdi yanaşılır. Metodist və tərbiyəçi pedaqoqların iştirakı ilə uşaq bağçasında, hər şeydən əvvəl, uşaqların düzgün fiziki inkişafına, gündəlik rejim və gigiyenik tələblərə cavab verən şərait yaradılıb. Bağçalarda fiziki tərbiyə məşğələləri üçün müvafiq avadanlıqlarla təchiz edilmiş idman salonu, meydança var. Hər dərs ilinin əvvəlində uşaqların sağlamlıq səviyyəsini öyrənmək məqsədi ilə müayinə aparılır. Onların sağlamlığının və fiziki inkişaf səviyyələrinin hərtərəfli qiymətləndirilməsi fiziki tərbiyə işinin əsasını təşkil edir. Uşaqların sağlamlığı öyrənilərkən onların boylarına, çəkilərinə, fiziki inkişafına, sağlamlığına, keçirdikləri xəstəliklərə, valideynlərin uşaqlara hansı formada nəzarət etdiklərinə, uşaqların əsəb sisteminin hansı formada olmasına və s. fikir verilir. Bu cür müayinələrin aparılmasında məqsəd bağçaya qəbul edilən uşaqların problemlərini öyrənməkdir.

Bu gün Azərbaycan ailəsində fiziki tərbiyə münasibətləri sırf məişət problemi çərçivəsindən çıxıb daha geniş məna və məzmun kəsb edir, ictimai xarakter alır. Bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısı uşaq, yeniyetmə və gənclərin təkcə idman ocaqlarında deyil, ailələrdə də bu qayğını hiss etməsinə zəmin yaradıb. Ailə şəraitində uşaqların fiziki tərbiyəsinin təşkili məsələləri müxtəlif sosial, psixoloji, fizioloji və digər amillərlə şərtlənir. Ailədə uşaqların fiziki tərbiyə məsələlərinin müvəffəqiyyətli həlli tərbiyə prosesinin təşkilindən və imkanlarından, şərait və vasitələrdən səmərəli şəkildə istifadə olunmasından asılıdır.Ailədə fiziki tərbiyə ilə bağlı iş planlı surətdə, müntəzəm və məqsədyönlü aparılarsa, onun keyfiyyət və səmərəsi xeyli yüksələr. Ən başlıcası isə, valideynlər fiziki tərbiyənin sağlamlıq və sosial əhəmiyyətini öz övladlarına inandırıcı şəkildə başa salar, uşaqların idmana olan münasibəti xeyli yaxşılaşar. Bu yolla valideyn uşaqda idmana fəal münasibət yarada bilər. Bundan əlavə, ailədəki ümumi əhval-ruhiyyə və fiziki tərbiyə üzrə aparılan əməli işlər qarşıya çıxan bütün çətinlikləri aradan qaldırmağa imkan verər.

Ailədə tərbiyə funksiyasını yerinə yetirən zaman valideynlər bədən tərbiyəsi və idmanın təbliğatçılarına çevrilirlər. Bu funksiya valideynlərin fiziki tərbiyə və idmana böyük maraq bəsləyən uşaqların mənəvi və hətta, maddi baxımdan həvəsləndirmələrini nəzərdə tutur. Hər bir uşaq idmanın bu və ya digər növünə yararlı olub-olmaması baxımından, özünəməxsus xüsusiyyətlərə malikdir. Ona görə də valideyn bədən tərbiyəsi müəllimi və məşqçinin köməyi ilə oğlunun (qızının) bu və ya digər idman növündə qabiliyyətini müəyyən etməlidir. Təcrübə göstərir ki, uşağın qabiliyyətinin hansı səviyyədə olması ilə bağlı dəqiq məlumat toplamaq üçün üç metoddan (anket sorğusu, müsahibə və müşahidə) ən münasibi müşahidə və müsahibədir. Burada əldə edilən subyektiv qiymətlər anket sorğusuna nisbətən daha güclüdür.

Müasir dövr bədən tərbiyəsi və idmanın yeniyetmələrin gündəlik məişətinə geniş daxil edilməsini, bu işdə ailənin oynadığı rolu nəzərə almağı tələb edir. Bunların uğurlu həlli bir sıra şərtlərin və vasitələrin həyata keçirilməsini tələb edir, həm də ailənin pedaqoji imkanları ilə sıx bağlıdır. Bura ailənin güzəranı, ailə üzvlərinin idmana münasibəti, ailənin idman təşkilatları ilə əlaqəsi, bu əlaqənin xarakteri və sistemi; valideynlərin peşə təcrübəsi xüsusiyyətləri və s. daxildir. Ata-anaların pedaqoji mədəniyyətinin səviyyəsi pedaqoji maariflənmənin istiqamətindən, onun düzgün aparılmasından da çox asılıdır. Pedaqoji maariflənmə sahəsində aparılan məqsədyönlü iş nəticəsində ölkədə valideynlərə fiziki tərbiyə məsələlərinə dair elmi-pedaqoji biliklər, bədən tərbiyəsi və idmana dair müəyyən bacarıq və vərdişlərin aşılanması yolları öyrənilir və tətbiq edilir. Pedaqoji mədəniyyətin səviyyəsini bu və ya digər dərəcədə ata-ananın fərdi xüsusiyyətləri, həyat təcrübəsinin zənginliyi müəyyən edir. Ailə şəraitində fiziki tərbiyənin təşkili sahəsində müvafiq səriştəyə malik olmaq, övladlarının fiziki tərbiyəsinə dair zəruri biliklərə yiyələnmək ailədə idmana marağı artırır. Ailə şəraitində fiziki tərbiyənin təşkili üzrə iş pedaqoji hazırlıq məsələsi ilə qırılmaz surətdə bağlıdır. Ata-anaların pedaqoji hazırlığı isə onların nəzərdən keçirdiyimiz məsələyə münasibətləri və bu istiqamətdə praktik fəaliyyətləri ilə sıx əlaqədardır. Öz övladının sağlamlığını düşünən hər bir valideyn övladında fiziki hərəkətlərin yerinə yetirilməsinə maraq yaratmalıdır. Mütəxəssislər hesab edirlər ki, ata-analar övladlarına elə təsir göstərməlidirlər, onların idmana olan ilkin maraqları sönməsin. Bəzən uşaq bu və ya digər fiziki hərəkətləri düzgün yerinə yetirməyən zaman lağa qoyulur, nəticədə, həvəsdən düşür. Bu, ailə şəraitində fiziki tərbiyənin inkişafını əngəlləyən amillərdən biridir. Ailədə valideynlər oğul və qızlarının fiziki tərbiyəsi ilə məşğul olarkən, eləcə də bu sahədə hər hansı bir tapşırığı yerinə yetirərkən onun pedaqoji ustalığı, səriştəsi daha da təkmilləşir, nəticədə yeni bacarıq və vərdişlər qazanırlar. Əlbəttə, bunun başlıca səbəbi odur ki, ata-anaların əksəriyyəti bədən tərbiyəsi və idmandan sağlamlıq vasitəsi kimi istifadə etməyi bacarmır. Validenylərə kömək göstərmək, bədən tərbiyəsi və idmana dair bilik və məlumat vermək vacibdir. Bu məsələnin müsbət həlli ata-anaların bədən tərbiyəsi və idman haqqında düzgün maarifləndirilməsidir.

Əlbətdəki idman sadəcə uşaqların və gənc nəslin məşğul ola biləcəyi bir məşğuliyyət deyil.Müasir dövrümüzdə idman yaşlı əhali arasındada güclü mövqe tutub. İdman klubları, fitness klubları və s. açılır.Bəziləri üçün idman yalnız hobbi deyil, həm də həyatın bir hissəsinə çevrilir. İdman üçün müxtəlif cihazların bolluğuda bu sahəyə marağı günü-gündən artırır. Çox sevindirici haldır ki, bu gün istəyimizə və imkanlarımıza uyğun idman seçə bilərik. Hərəkət həyatdır!Əslində, bütün həyatımız bir hərəkətdir və idman haqqında danışırıqsa, bu hərəkət aktivdir və buna görə sağlam bir həyatdır. Ancaq ən başlıcası, idman bir yük deyil, bir zövq olmalıdır, ən yaxşı sevdiyiniz idman növünü seçməlisiniz. Məsələn, kimsə roller və ya konkisürmə, bəziləri tennis və ya üzgüçülüyə üstünlük verir, kimsə həqiqətən təqaüdə çıxmaq və evdə velosiped sürmək istəyir. Və həqiqətən bir çox variant var, bir insan hərəkətli oturaq həyat tərzindən daha yaxşı olduğunu özü başa düşməlidir.

İdman bizi nəinki sağlamlaşdırır, həm də özünə inam hissi verir. Ümumiyyətlə, sağlamlıq üçün əsas komponent fiziki fəaliyyətdir. Məşq nəinki qan təzyiqini azaldır, həm də ümumi yorğunluğun yaranmasının qarşısını alır və insan dəyişməyə qarşı daha stresə davamlı olur. Həmdə, aktiv bir həyat tərzi ilə, daha enerjili oluruq ki, bu da hüceyrələrin cavanlaşmasına və metabolizmasına təsir göstərir. Vücudumuz fəal deyilsə, deməli, xəstəliklər pisləşir, toxunulmazlıq azalır və qan durğunlaşır. Əlbətdə bu o qədər də sürətli baş vermir, ancaq zaman keçdikcə bir insan yaşına görə tamamilə xarakterik olmayan xəstəlikləri dəf etməyə başlayır. Məsələn, oturaq bir həyat tərzi və daim həddindən artıq işlə kifayət qədər gənc yaşda təzyiq problemi qazana bilərsiniz və bu daim baş ağrısı, gün ərzində zəifliklə müşahidə olunacaq.

Bəzi insanlar idmanı sağlamlıqlarını qorumaq üçün vəzifə, bir borc hesab edirsə, idmanın bir əyləncə növü olduğuna inanan insanlar da var, çünki çox böyük fiziki səy tələb etməyən çox sayda idman növü var. Həqiqətən sağlamlığından narahat olan bir insan üçün idman oynamaq üçün heç bir maneə yoxdur, çünki idmanla nəinki stadionda, idman zalında həmçinin evdə də məşğul ola bilərlər.Əlbətdə ki, komanda şəklində idmanda daha çox motivasiya olduğu aydındır. Müasir həyatda idman stresli vəziyyətləri və mənəvi stressləri aradan qaldırmaq üçün çox faydalı köməkçidir. Fiziki fəaliyyət və mənəvi təmizlik qarışığı olan yoga kimi istiqamətlər müasir dövrümüzdə geniş yayılır.

Hərəkət insanın əsas bioloji ehtiyaclarından biridir. Qədim dövrlərdən bəri orqanizm homo sapiens, canlı fəaliyyətə görə yaşamağa uyğunlaşdırılmışdır. Yemək axtarışı, yırtıcılardan xilas olmaq, bütün bunlar daim hərəkət tələb edir. İndiki dövrdə bəşəriyyətin belə aktiv gündəlik həyat tərzinə ehtiyacı yoxdur, ancaq hərəkətə ehtiyac yoxa çıxmadı. Həkimlərin fikrincə, orta hesabla bir adam üçün gündəlik gəzinti norması ən azı on kilometrdir. Hazırkı ofis həyatında hər kəsin belə məsafələri qət etmək imkanı yoxdur, amma alternativi var – bu fitnessdir.

İdman insan üçün niyə bu qədər zəruridir və laqeyd yanaşsanız nə olacaq? Hər kəsi isti bir divandan qalxmağa və idman salonuna getməyə təşviq edən on səbəb var:

İdman özünə inam yaratmağa kömək edir.

İdman salonuna müntəzəm səfərlərin ən xoş nəticələrindən biri arıqlamaqdır. Fiziki fəaliyyət əzələ kütləsinin böyüməsini və yağ miqdarının azalmasını stimullaşdırır.

İdman canlılıq təmin edir. Bu sürət əsri olan müasir dünyamızda bizim üçün zəruridir.

Məşq, endorfinlərin ifrazını artırır və bu da öz növbəsində iştaha nəzarət etməyə kömək edir. Nəticədə artıq çəki itirilir. Bu isə insan orqanizmini artıq yükdən azad edir.

Daimi idman dərsləri sağlam və dərin bir yuxuya kömək edir. Hərəkətsizlik və yuxusuzluq yan-yana gəzən iki bacıdır.

Bir insan ciddi bir xəstəlik və ya əməliyyat keçirmişsə, o zaman fitness mərkəzinə davamlı səfərlər onun tez sağalmasına və tam həyata qayıtmasına kömək edəcək, həm də ona əlavə güc verəcəkdir.Lakin bu məşqlər zamanı mütləq peşəkar idman mütəxəssisinin köməyi mütləqdir. Çünki həddən artıq və düzgün qurulmamış məşq xeyirdən çox zərər gətirər.Həkimlər uzun müddətli müalicədən sonra idman fəaliyyətini zəruri hesab edirlər.

Siqaretdən imtina etmək istəyən, lakin özlərində güc tapmayan insanlar, həftədə ən azı bir dəfə idman zalına baş çəkmək məcburiyyətindədirlər. İdman maddələr mübadiləsini sürətləndirməyə kömək edir, yəni asılılıqdan çıxma daha sürətli olur.

İdman sağlam bir nüvənin qorunmasına kömək edir. Yüklər ürək əzələsinin tonunu qaldırır və qan təzyiqini normallaşdırır.

Daimi idman məşqləri qanın incəlməsinə kömək edir və bu, qan laxtalarının rezorbsiyasına səbəb olur. Bu fakt infakt riskini əhəmiyyətli dərəcədə azaldır, həmçinin bədənin yaşlanmasını yavaşlatmağa kömək edir. İnsanın idman salonuna getməsinə hansı səbəblərin səbəb olduğunu dəqiq bilmək olmur, ancaq nəticə yalnız bir olacaq: sağlam bədən və sağlam düşüncə .

Mütəmadi olaraq idmanla məşğul olan insanların daha uğurlu olduğu doğrudurmu? İdman, güclü bir şəxsiyyəti meydana gətirən, rəqabət platformasına girən bir mühitdir: çətinliyi qəbul edirsən, gücünü sınayırsan. Daha çox rəqabət ilə birləşən bu komponentlər bizi daha yaxşı edir.

Tarix boyu Azərbaycan xalqının həyatında idmanın özünə məxsus, böyük yeri olmuşdur. Dahi yazıçımız Yusif Vəzir Çəmənzəminli “Qızlar Bulağı” romanında idmanın xalq məişətinə daxil olub geniş kütlə arasında yayılması haqqında çox geniş məlumat vermişdir. Həmin tarixi dövrdə nəinki kişilər həmdə qadınlar idmanla kütləvi şəkildə məşğul olmuşlardır.

“Oh idman, sən barışıqsan” dedi baron Pierre De Coubertin. Unutmaq olmaz ki, tarix boyu keçirilən idman yarışları bəşəriyyətə müvəqqəti də olsa sülh gətirmişdir. İdman sülhün ,əmin-amanlığın, dostluğun rəmzidir.

Hal-hazırda, idman dünyanın çox sayda sakini üçün həyat tərzinin ayrılmaz hissəsidir. Ölkəmizdə idmana dövlət qayğısı günü-gündən artır. Bizdə dövlətimizin idmana göstərdiyi bu qayğıdan yararlanıb böyük nailiyyətlər, idman uğurları əldə etməyə çalışmalıyıq.

Sonda Pavlovun “Təbiətin ən ali məhsulu olan insan ən mürəkkəb və ən zərif sistemdir. Lakin təbiətin sərvətindən istifadə etmək üçün insan sağlam qüvvətli və ağıllı olmalıdır. Bunun üçün də mütəmadi olaraq idmanla məşğul olmalıdır” fikirlərini oxucuların unutmamasını tövsiyyə edərdik.

Ağayeva Xatın

Naxçıvan Müəllimlər İnstitutunun müəllimi

Comments are closed, but trackbacks and pingbacks are open.