FƏLSƏFƏ NƏDİR
Fəlsəfədə insanı məmnun edə biləcək bir xüsusiyyət, bir özəllik var. Bizim həyatımızda görün nə qədər mənasızlıq, sahibini məhv edən qətiyyətsizlik, tərəddüd və boşluq vardır. Biz ətrafımızdakı və içərimizdəki xaosla mübarizə aparırıq. Buna baxmayaraq bir mətləbi başa düşmək, hər zaman inanmaq istəyirik ki, bizdə həyati və mənalı olan nəsə vardır. Biz öz ruhumuzun şifrəsini açmaq istəyirik. Düşünürük ki,bizim üçün həyatın mənası olduğumuz və qarşılaşdığımız hər şeyi işığa və alova çevirməkdir. Biz cari olanın həqiqi dəyərinə və perspektivinə sahib olmaq və beləliklə, gündəlik güzaran burulğanının fövqündə durmaq istəyirik. Biz böyük olanın böyük, kiçik olanın isə kiçik olduğunu o vaxta qədər bilmək istəyirik ki, bu bilgi gecikmiş olmasın. Biz qaçılmaz, labüd olan hər bir şeyin qarşısına gülə-gülə çıxmaq, ölümün özünü belə təbəssümlə qarşılamaq istəyirik. Biz tam, bütöv olmaq, öz arzularımızı təfəkkür süzgəcindən keçirib də harmonik bir vəziyyətə gətirərək, daxili enerjimizi bir nizamla qurmaq istəyirik.
Fəlsəfə niyə və nəyə lazımdır?
Fəlsəfə ilə ilk tanışlığım universitet illərinə təsadüf edir. Qarışıq fikirlər, bir-birini təkzib edən mülahizələr, beyin yandıran ideyalarla zəngin bir sahə kimi yadımda qalıb. Hətta yadımdadır ki, o vaxt fəlsəfə dərsində müəllim indi adını xatırlamadığım hansısa qaydanı xeyli izah etdi, amma heç kim başa düşmədi. Axırda qayıtdı ki, loru dildə deyirəm, yadda saxlayın: “Qurbağa yaşıldır, xiyar da yaşıldır, deməli, qurbağa da xiyardır”. İki fikirdən çıxan üçüncü fikir doğrudur-nədir, belə bir qayda idi.
Təbii ki, o vaxtlar fəlsəfənin fənn kimi, imtahan xatirinə siyahıya salındığını düşünürdüm. Yəni, tətbiq sahəsi haqqında təsəvvürüm yox idi.
Altı il oxuyasan, amma heç nə başa düşməyəsən. Qızıl kimi illəri küləyə verdiyimizi indi anlayıram. Hələ guya mən oxuyan idim, sosial çevrəm vardı, aktivliyim çox idi. İllər bir-birini əvəz etdikcə təhsilin nə qədər vacib, hətta xilaskar olduğunu daha yaxşı başa düşürəm. Təhsil deyəndə böyük çıxır bəlkə də. Təhsil əslində insanlara fikir, mülahizə irəli sürməyi, müzakirə mədəniyyətinə, öz fikrinə sahib olmağı, qısası, düşünməyi öyrətməlidir. Biz isə teoremi başa düşmək əvəzinə əzbərləyirdik. Universitetdə hansısa tərifi onu yaradan adamın yazdığı kimi söyləməsən, deyirdilər ki, bilmirsən. Tərif necə yazılmışdısa, mütləq o formada da deyilməliydi. Ona görə də, universitet tələbəsinin üzünə mikrofon tutanda 3 cümləni dalbadal, səlis deyə bilmir. Hələ məktəb şagirdini demirəm. Ona görə, oxuduqlarımızın çoxu yadımızda qalmayıb. Amma nə bilmək olar, bəlkə də təhsil elə öyrənilənlərin hamısı yaddan çıxandan sonra yerdə qalanlardır?!
Filip Stoksun “Dünyanın 100 ən böyük mütəfəkkiri” (“Philosophy: 100 esential thinkers”) kitabını yenicə oxuyub bitirmişəm. Kitabda eramızdan əvvəldən tutmuş günümüzə qədər dünyanın ən məşhur filosofları və onların fikirləri haqqında qısa məlumat verilir. Oxuyursan ki, biri deyir, həqiqət sudur, digəri aradan 100 il keçəndən sonra yazır ki, su nədir, onu deyən bilmir, nə danışır, həqiqət nöqtədir. İnanın ki, kitabı oxuyub bitirənə qədər bir-birini təkzib edən mülahizələrin, fəlsəfi istiqamətlərin sayını-hesabını itirdim. Sonra məndə belə bir sual yarandı: bu fikirlər cəmiyyət və dövlətə necə faydalı ola bilər, və ya olubmu?! Sadalayım, özünüz qiymət verin.
Dünya tarixinin ən önəmli hadisələri fəlsəfi baxışların sayəsində formalaşıb; XX əsrin iki böyük super dövləti ABŞ və SSRİ Tom Paine və Karl Marksın fəlsəfi baxışları ilə idarə edilib. Qadınların səsvermə hüququ Wollstonecraft-ın fikirlərindən sonra ciddiyə alınıb. İntibah dövrü Volterin adı ilə bağlıdır. Bir sözlə, fikir tarixi dünya tarixini yaradıb.
Amma bütün bunlar minlərlə fəlsəfi cərəyanın toqquşması, inkişafı, bir-birini inkarı ilə mümkün olub. Filosofu bol olan dövlətlər daha yaxşı idarə edilib, daha sistemli, daha güclü olub. Tarixə kiçik ekskursiya etsək, görərik ki:
Miletli Fales (e.ə 620 – 540) qərb düşüncə tarixinin ilk təbiətşünası, analitik filosofu olub – yunan idi. O, dünyanın sudan ibarət olduğu fikrini irəli sürmüşdü və bu fikir, az qala, XVIII əsrə qədər fəlsəfədə özü yerini qorumuşdu.
Pifaqor “həyatda doğru olan yeganə şey rəqəmlərdir” deyirdi – yunan idi. Reinkarnasiya, ölümdən sonrakı həyat, ruhun dəyişməsi və s. kimi mövzulara eramızdan əvvəl IV əsrdə baş vurmuşdu.
Ksenefon “dünya böyük bulanıq çamırdan ibarətdir” deyirdi – yunan idi.
Heraklit həyatın od, su, torpaqdan qurulduğunu, dəyişməyən tək şeyin dəyişiklik olduğunu deyirdi – yunan idi.
Eleyli Zenon dünyanın sonsuz sayda nöqtələrdən ibarət olduğunu deyirdi – italyan idi.
Sokrat “bilirəm ki, heç nə bilmirəm” deyirdi – yunan idi, Afinada doğulmuşdu. Əxlaq fəlsəfəsinin atası hesab edilir.
Platon qərb fəlsəfə tarixində ən dərin iz buraxan mütəfəkkirlərdən idi. Aristotel astronomiya, siyasət elmi üzrə əsərlərin müəllifi idi. Demokrit “dünya bölünməz atomlardan ibarətdir” deyirdi. Hamısı yunan idi.
Seneka ispan, Mark Avrelius, Qalileo Qaliley, Makiavelli italyan, modern astronomiyanın banisi Kopernik polyak, Erasmus holland, Frensis Bekon, Tomas Hobbes, Con Lokk, Con Stüart Mill, Darvin, Keyns, Bertran Rassel, Alan Türinq ingilis, (hələ XVII əsrdə “hüququn üstünlüyü olmadan insan həyatı olduqca tənha, kasıb, əzazil və qısa olardı” demişdi), “düşünürəmsə, demək varam” fikrinin müəllifi Rene Dekart, Volter, Sartr, Kamyu, Durkhaym fransız, Spinoza, Eynşteyn yəhudi, Leybnits, Kant, Şiller, Hegel, Şopenhauer, Marks, Engels, Nitşe alman, Russo, iqtisadi fəlsəfənin banilərindən Adam Smit isveç, Tomas Peyn, Çarlz Pirs amerikan, Ernst Maks, Ziqmund Freyd, Karl Popper avstriyalı, Lenin, Trotski rus, Levi-Strauss belçikalı, Kurt Gödel çex idi.
Yuxarıdakı filosofların hamısı böyük universitetlərdə dərs deyirdilər, minlərlə tələbə yetişdirirdilər. Təbii ki, həmin tələbələr də sonradan idarəçilikdə yer alıb sağlam, inkişaf etmiş cəmiyyət qura bilirdilər. Ağıllarından yeri gələndə humanist ideyalar naminə, yeri gələndə dünyaya ağalıq etmək üçün istifadə edirdilər. Belə baxıram, düz də edirdilər. Kitabdan uzaq düşən, elmlə arasına süni əngəllər qoyan toplumun sonu, yumşaq desək, başqalarının “ədalətinə” bağlıdır.
Keyns deyirdi ki, dövlət iqtisadi inkişaf dövründə xərclərini azaltmalı, iqtisadi geriləmə vaxtı isə xərcləri artırmalıdır ki, bəlli qrupların yaşaması üçün dövriyyədə pul olsun. Həmin dövrdə Azərbaycan adlanan coğrafi ərazidə qırğınlar gedirdi, dini xurafat at oynadırdı. Nitşe öləndə məşhur olduğunu bilmirdi. Nə bilim, başqa bir filosof inandığı fikri isbat edə bilməyəndə özünü öldürürdü. Dünya beləcə inkişaf edib və bugünlərə gəlib. Bir də dünyaya niyə gəlib, niyə getdiyini bilmədən ömür sürən insanlar, hətta toplumlar var. Onlar sevmir, əvəzində cütləşirlər, yaşamır, sadəcə gəldiyi kimi də çıxıb gedirlər.
Bu gün bizə mənasız gələn hansısa fikir gələcəyin ideoloji bünövrəsi ola bilər. Şəxsi inkişafımıza, dünya fikir tarixini öyrənməyə, həyatı daha mənalı yaşamağa can atmalıyıq. Karantin cəmiyyətin bütün mahiyyətini ortaya çıxardı. İnsanlar boşluqdan nə edəcəklərini bilmirdilər. O vaxt da yazmışdım ki, sən demə, eyibimizi örtən elə iş imiş. Bir balaca boş zamanımız yaranan kimi, bir yer tapıb “iki şiş kabab çəkməklə” vaxt öldürürük. Əlimizin tərsi ilə itələdiyimiz elmin əsirinə çevriləndə fəlakətin səbəbləri haqqında düşünməyi yox, danışmağı sevirik. Hadisələrin mahiyyəti, üç addım öncəsi, kökü haqqında fikirləşməyə vaxt sərf etmək istəmirik. Mahiyyətə vara bilmədiyimizdəndir ki, hər gün bir gündəmlə baş qatmaq mümkün olur, nəyisə xatırladıb, nəyisə unutdurmaq rahatlaşır. Bir sözlə, çox yaxşı idarə edilən oluruq.
Gücüm artdıqca, ədalətim də artacaq deyirlər. Çalışın, güclü olun. Güc isə fiziki məfhum deyil, psixoloji-elmi əsaslarla mümkündür. Dünya elmləri ilə yaxından tanış olmağa, bacardıqca onların olduğu yerlərə, mühitə can atmalıyıq. Onların heç biri alınmasa, ən azı, bugünün rəqəmsal dünyasında əlçatan olan bir çox informasiyalarla yaxından tanış olmalıyıq. Bunları etməyən cəmiyyət gələn-keçən hamı, hər şey tərəfindən “modern işğala” məruz qalacaq.
FƏLSƏFƏ NƏDİR?
Fəlsəfənin üzərində uzlaşılmış bir tərifi yoxdur. Bu zamana qədər fəlsəfə terminolojisinin və istinad alınacaq təriflərin meydana gəlməməsi fəlsəfənin uzlaşmaz xüsusiyyətinə asılıdır. Davamlı bir skeptisizm və sonsuz sorğulama istəyi onun üçün bir mühakimədə olmağı çətinləşdirir. Necə ki fəlsəfə adı altında toplanan tədbirlərin belə bir məqsədi də olmamalıdır.
Fəlsəfə sözlüyünün Yunan əsli philosophia”-dır və iki ayrı sözdür: “Philio” sevgi mənasını verər: “sophia” isə, “müdriklik” ya da ümumiyyətlə “bilik” deməkdir. “Philosophia”, bilik və müdriklik sevgisi, eşqi mənasını verər. ” Philosophos (filosof ) da, “müdrikliyi sevən”, “məlumatı axtaran və ona çatmaq istəyən”dir. “Filosof ” adını ilk dəfə Pifaqor (mö.570 -495) istifadə etmişdir. Özünə “müdrik” yerinə “müdriklik sevdalısı” demişdir. Digər insanlar verilən müdrik, ağıllı, ustad kimi ünvanlardansa, ancaq müdriklik sevdalısı ola biləcəyini söyləmişdir. Filosof, müdrik olmama təvazökarlığını göstərən adamdır.
Fəlsəfənin Mənası
Söz mənasından yola çıxaraq həyati ehtiyaclarını aşmış və düşünməyə vaxt tapmış insanların fəaliyyəti olduğunu söyləyə bilərik. Antik Yunanlılar fiziki ehtiyaclarını aşmış, gözəl iqlimin və unikal coğrafi mövqenin təsiriylə Aralıq dənizinin digər qisimlərini də hökm altına almışdı. Digər xalqlardan axan sərvəti yaxşı istifadə edən Yunanlılar boş zamanlarında öyrənib xəyal qurdular. Fəlsəfə , müdrik kəslərin hadisələrin əslinə aid sualları təyin etmələri ilə başladı. Filosof sözü ilk olaraq Pifaqorda görülmüşdür. Ancaq filosofun yolundan daha əvvəlki müdriklər getmişdir. Asiyadakı müdriklər də həyat sorğulamış, ancaq Yunanıstandakı kimi sistematik olmamışdır.
Fəlsəfə nədir ? Söz mənası hər nə qədər müdriklik sevgisi mənasını gəlsə və Yunan qaynaqlı görünsə də fəlsəfə, məna genişlənməsinə uğramışdır. Kimi zaman dinlə,bəzən fərdi motivasyonla bir tutulmuşdur . Filozoflar tərəfindən təriflənmiş, qınanmış, yox olduğu iddia edilmişdir . Çox vaxt fərqli obraza ətf edilmiş, ya da qarışdırılmışdır. Dilin maneəli quruluşu üzündən hələ fəlsəfə sözü içərisində məhbus vəziyyətdəyik. Aktual lüğətdə: 1. Varlıq, kainat, insan və məlumatla əlaqədar düşüncələrin bütünü. 2. Bir elmin ya da məlumat sahəsinin əsasını təşkil edən prinsiplər bütünü 3. Kainatı, dünyanı, həyatı şərh forması, dünya görüşü, ideologiya kimi cəmiyyətdə bilinən mənaları verir.
Fəlsəfədə insanı məmnun edə biləcək bir xüsusiyyət, bir özəllik var. Bizim həyatımızda görün nə qədər mənasızlıq, sahibini məhv edən qətiyyətsizlik, tərəddüd və boşluq vardır. Biz ətrafımızdakı və içərimizdəki xaosla mübarizə aparırıq. Buna baxmayaraq bir mətləbi başa düşmək, hər zaman inanmaq istəyirik ki, bizdə həyati və mənalı olan nəsə vardır. Biz öz ruhumuzun şifrəsini açmaq istəyirik. Düşünürük ki,bizim üçün həyatın mənası olduğumuz və qarşılaşdığımız hər şeyi işığa və alova çevirməkdir. Biz cari olanın həqiqi dəyərinə və perspektivinə sahib olmaq və beləliklə, gündəlik güzaran burulğanının fövqündə durmaq istəyirik. Biz böyük olanın böyük, kiçik olanın isə kiçik olduğunu o vaxta qədər bilmək istəyirik ki, bu bilgi gecikmiş olmasın. Biz qaçılmaz, labüd olan hər bir şeyin qarşısına gülə-gülə çıxmaq, ölümün özünü belə təbəssümlə qarşılamaq istəyirik. Biz tam, bütöv olmaq, öz arzularımızı təfəkkür süzgəcindən keçirib də harmonik bir vəziyyətə gətirərək, daxili enerjimizi bir nizamla qurmaq istəyirik.
Текст книги “Fəlsəfə : dərs vəsaiti”
İctimai həyatın müxtəlif sahələrində çalışacaq gələcək mütəxəssisin dərin peşəkar hazırlığı onda vətəndaşlıq və insani keyfiyyətlərin təlim və tərbiyəsi olmadan baş tuta bilməz. İxtisasından asılı olmayaraq tələbənin fəlsəfi mədəniyyətə, fəlsəfi təfəkkürə yiyələnməsi onun dar peşə mütəxəssisindən geniş düşünə bilən yaradıcı insana doğru inkişafını təmin edə bilər.
Fəlsəfə yarandığı zamandan insan və dünya haqqında biliklər sistemində xüsusi yer tutmuşdur. Bu ilk növbədə hansısa filosofun mövqeyindən asılı olmayaraq fəlsəfi diskursun mərkəzində insan və onun ətraf gerçəkliyə münasibəti, bu dünyada insanın yeri və rolu ilə əlaqəli problemlərin dayanması ilə bağlıdır. Fəlsəfə dünyagörüşünün nəzəri əsası olaraq bütövlükdə dünya və insanın mahiyyəti haqqında ümumiləşdirilmiş biliklər sistemi hazırlayır. Eyni zamanda fəlsəfə yalnız biliklər hazırlamaqla kifayətlənməyib bu biliklərdən düzgün, səmərəli və düşünülmüş şəkildə yararlanma yolları təklif edir.
Məlum olduğu kimi, hər bir peşəkar bilik fəlsəfi düşünülmə ilə tamamlanmalıdır. Hər hansı yarpağın mövcudluğunun dar mənasını dərk etmək üçün, bütün ağac, onun kökü, gövdəsi, budaqları idrakın “süzgəcindən” keçirilməlidir. Konkret biliklər də həmçinin, öz-özlüyündə mövcud olmur, intellektual mədəniyyətin təməl prinsiplərinə əsaslanır. Deməli, xüsusi biliyin məzmununa nüfuz etmək üçün insan təfəkkürünün ümumi strukturunu anlamaq zəruridir.
Bu gün heç zaman olmadığı kimi insandan həyata, ətraf gerçəkliyə zəkalı, düşünülmüş münasibət göstərmək tələb olunur. Lakin, belə münasibət heç də anadangəlmə olmur. Dünyaya, həyata zəkalı münasibətin göstərilməsi isə fəlsəfəni mənimsəməyi, fəlsəfi mədəniyyətə yiyələnməyi zəruri edir. Yazılmış dərs vəsaiti məhz bu məqsədin gerçəkləşdirilməsinə xidmət edir.
Təqdim edilən dərs vəsaitinin əsas təyinatı tələbələrə fəlsəfi mədəniyyətin təməl prinsiplərini mənimsəməyə kömək etməkdir. Vəsait fəlsəfi təlim, cərəyan və problemlərin bütövlükdə işıqlandırılmağa iddia etmir. Lakin o, heç şübhəsiz ki, fəlsəfəni öyrənməyə başlayanlar üçün fəlsəfənin predmeti, onun əsas problemləri, fəlsəfə tarixinin əsas inkişaf mərhələləri və onun görkəmli nümayəndələrinin təlimləri, fəlsəfi metod və kateqoriyalar haqqında ilkin təsəvvürlər əldə etməyə imkan verəcək.
I FƏSİL. Fəlsəfənin predmeti və funksiyaları. Fəlsəfi biliyin strukturu
1. Fəlsəfə nədir?
Bütün mövcudluq içərisində ən təəccüblü və qəribəsi insandır. Canlı təbiətin digər vücudlarına oxşarlığı ilə yanaşı, insan həm də onlardan kəskin şəkildə fərqlənir. Bu fərqi şərtləndirən əsas amil onun zəkaya malik olmasıdır. Alimlər bizim aid olduğumuz bioloji növü “Homo sapiens” adlandırırlar, bu isə latıncadan “Ağıllı insan” deməkdir. İnsanın ikinci fərqli cəhəti elə onun zəkalı təbiətindən irəli gəlir: insan digər canlı məxluqlar kimi təkcə mövcud olmaqla kifayətlənməyib, həm də mövcud olduğu dünyanı dərk etməyə, anlamağa və özü üçün şərh etməyə çalışır.
Dünyanı anlamağa çalışan insanın öz-özünə verdiyi suallar çoxsaylı, onun maraq dairəsi isə qeyri-məhduddur. Bu suallar, onlara cavab axtarışı, həm də insanın hissləri, əhval-ruhiyyəsi və arzuları müxtəlif formalarda mövcud olur. Onlardan ən əsasları elm, din və fəlsəfədir.
İnsanın mənəvi fəaliyyətinin hər üç formasının oxşar cəhəti ondadır ki, onların hər biri bizi əhatə edən dünyanın çoxobrazlığını, insanın mahiyyətini və onun bu dünya ilə qarşılıqlı təsirini anlamağa, və yaxud, şərh etməyə çalışmaqdır. Adlarındakı fərq isə dünya və insanı müxtəlif cür şərh etmələrində, müxtəlif metodlarından istifadə etmələrində və öz qarşılarına müxtəlif məqsədlər qoymalarındadır. Elm – öz biliklərinin yüksək dəqiqliyinə can atır, hər şeyi sübut etmək və əsaslandırmağa çalışır, eksperimental metodlardan istifadə edir. Din – varlığını sübut etmək mümkün olmayan, bizim üçün görünməz və əlçatmaz ali dünyanın –fövqəldünyanın mövcudluğundan söhbət açır. Bizə görünməz və əlçatmaz olan bu fövqəldünyanın mövcudluğunu sübut etmək mümkün olmasa da, ona inanmaq mümkündür və vacibdir, çünki, yerdə baş verən bütün hadisələr birbaşa ondan asılıdır. Fəlsəfə –dinin inamla cavab verib əsaslandırmadığı, elmin isə hələ cavab verə bilmədiyi problem və sirlərlə məşğul olur(B.Rassel). Fəlsəfə dünyanın necə yaranmasını və nə olduğunu, insan kimdir və onun həyatının mənası nədir suallarını aydınlaşdırmağa çalışır. Elm yalnız var olanı öyrənir, fəlsəfə isə bu nə üçün var, ondan əlavə daha nə ola bilər və bizim fikrimizcə nə olmalıdır kimi suallara cavab axtarır.
“Fəlsəfə” termini iki yunan: “fileo” –sevmək, məhəbbət və “sophia” –müdriklik sözlərinin birləşməsindən yaranıb “müdriksevərlik” anlamını verir. İlk dəfə bu sözü qədim yunan filosofu Pifaqor(m.ö. VI əsr) işlədib. Görüşdüyü çarlardan birinin ona “Səndəmi müdriksən?” sualına: “Xeyr, mən müdriksevərəm” cavabını verib.
Fəlsəfənin nə olması, onun məqsədinin əsas qayəsinin nəyə yönəlməsi məsələsində geniş fikir plüralizmi müşahidə olunur. Ən qədim zamanlardan günlərimizə qədər müxtəlif filosoflar bu sualları müxtəlif cür cavablandırmışlar.
Pifaqora görə fəlsəfənin mənası həqiqətin axtarılmasındadır. Heraklit də bu fikri bölüşmüşdür. Platon hesab edirdi ki, fəlsəfənin məqsədi əbədi və mütləq həqiqəti dərk etməkdir. Bunu isə yalnız filosoflar bacara bilər, çünki, onlarda anadangəlmə müdriklik ruhu var. Ona görə də, filosof olmur, filosof doğulurlar. Aristotelin fikrincə, fəlsəfənin əsas məsələsi dünyanın özündə olan ən ümuminin dərk edilməsidir, onun predmetini isə varlığın ilk başlanğıcı və səbəbləri təşkil edir. Digər bir yunan filosofu Epikür isə hesab edirdi ki, fəlsəfənin vəzifəsi insanı gələcək qarşısında qorxudan və iztirablardan azad etmək, onun xoşbəxtliyə çatmaq və mənəvi sağlamlığına yardımçı olmaqdır.
Fərqli filosoflar tərəfindən fəlsəfənin vəzifələrinin müxtəlif cür qavranılmasına baxmayaraq, bütün fəlsəfi konsepsiyalar üçün ümumi olan müddəalar mövcuddur. Onları aşağıdakı kimi göstərmək olar:
1. Varlığın ən ümumi problemlərinin tədqiqi. Burada varlıq universal anlamda başa düşülür: maddi və ideal varlıq, təbiətin varlığı, cəmiyyət və insanın varlığı.
2. İdrakın ən ümumi problemlərinin tədqiqi. Dünya dərk olunan, yoxsa dərkolunmazdır; idrakın mahiyyəti və həqiqət nədir; idrakın obyekti və subyekti nədir və s.
3. Cəmiyyətin fəaliyyəti və inkişafının ən ümumi problemlərinin tədqiqi. Cəmiyyət nədir; onun inkişafına təsir göstərən, stimullaşdıran amillər hansılardır; o necə inkişaf edir və s.
4. İnsan mövcudluğunun ən ümumi və əhəmiyyətli problemlərinin tədqiqi. İnsanın mahiyyəti və onun həyatının mənası nədir; maddi və mənəvinin vəhdəti; fərd, fərdiyyət və şəxsiyyət problemləri və s.
Deməli fəlsəfəni varlıq, idrak və insanın dünyaya münasibətinin ən ümumi prinsipləri haqqında təlim kimi təyin etmək olar.
2. Fəlsəfə dünyagörüşü kimi
Dünyagörüşü –insanın ətraf dünya və orada özünün yeri haqqında ən ümumi baxışlarının məcmusudur. Hər bir fəlsəfə həm də dünyagörüşüdür. Lakin, heç də hər bir dünyagörüşü fəlsəfə deyil. Deməli, “dünyagörüşü” anlayışı “fəlsəfə” anlayışından daha genişdir.
Dünyagörüşü mürəkkəb mənəvi hadisə olub müəyyən struktura malikdir. Onun struktur elementləri: inam, ideal, məqsəd, davranış motivi, maraqlar, dəyərlər, idrak prinsipləri, əxlaqi normaları, estetik baxışlar və s. Dünyagörüşünün bütün bu elementləri məcmu halında təkcə ayrı-ayrı şəxsiyyətlərin yox, həm də sosial qrup, sinif, millət, bütövlükdə cəmiyyətin mənəvi siması və həyat mövqeyini müəyyənləşdirir.
Dünyagörüşü iki səviyyədə mövcud olur: 1) psixoloji-emosional, və yaxud, hissi səviyyə. Bu səviyyə həm də dünyaduyumu adlanır və ətraf gerçəkliyin hisslər vasitəsilə kortəbii qavranılması kimi başa düşülür; 2) rasional səviyyə. Bu səviyyə isə dünyaanlamı adlanıb ətraf gerçəkliyin hadisə və proseslərinin zəka ilə, məntiqi əsaslandırma vasitəsilə dərk olunmasını ehtiva edir. Bütövlükdə, dünyagörüşü hər iki səviyyənin vəhdəti və qarşılıqlı təsiri nəticəsində formalaşır.
Dünyagörüşünün ənənəvi olaraq bu növlərini fərqləndirirlər: mifoloji, dini, fəlsəfi.
Dünyagörüşünün tarixən ilk növü olan mifoloji dünyagörüşü cəmiyyətin inkişafının ilk mərhələlərində formalaşmışdır. Onun əsas məqsədi insanın dünyanın mənşəyi və quruluşu, insan və heyvanların əmələ gəlməsini, təbiətin kortəbii hadisələrinin səbəblərini şərh etməyə ilk cəhdidir.
Mifoloji dünyagörüşü üçün insanın özünü təbiətlə eyniləşdirməsi səciyyəvidir. Məhz bu səbəbdən ibtidai insanın fantaziyasının məhsulu olan mifik vücudlar: Tanrılar, ruhlar, əfsanəvi qəhrəmanlar insani cizgilərə malik olub, insan kimi hərəkət edirlər. Bunların taleyi də fani insan taleyinə oxşardır.
Qeyd edək ki, mifləri öyrənən elm mifologiya adlanır. Mifologiya miflərin yaranması, mahiyyəti və məqsədlərini tədqiq edir.
Dini dünyagörüşü qədim cəmiyyətlərin nisbətən yüksək inkişaf mərhələsində formalaşıb. Dini dünyagörüşü mifolojidən fövqəltəbii qüvvələrin mövcudluğuna və onların dünyanın və insanların həyatında həlledici roluna inamla fərqlənir. Fövqəltəbiiliyə inam –dini dünyagörüşün əsasıdır. Miflərdə insan özünü təbiətdən ayırmır, Allahlar təbii, yer dünyasında yaşayır, insanlarla ünsiyyətə girirlər. Mifoloji surətlərin səhihliyi öz-özlüyündə qəbul edilir və inama ehtiyac duyulmur. Dini şüur dünyanı iki hissəyə bölür: təbii, hiss orqanları ilə qavranılan yer dünyası və səmavi, fövqəltəbii, fövqəlhissi dünya.
Yalnız vahid fövqəltəbii qüvvənin varlığını qəbul edən dini təsəvvürlər (və yaxud, din) monoteizm (“mono” –tək, bir, “teos” –Allah), bu qüvvənin çoxluğunu qəbul edən dini təsəvvürlər isə politeizm adlanır. Politeizm, və yaxud, bütpərəstlik monoteizmdən daha əvvəl əmələ gəlmişdir. Yalnız sonralar monoteist dinlər, yəni, tək Allahın varlığını qəbul edən dinlər formalaşmışdır. Bu gün dünyada mövcud olan monoteist dinlər İudaizm, Xristianlıq və İslam dinləridir. Onlara səmavi dinlər də deyirlər.
Dünyagörüşünün keyfiyyətcə yeni növü fəlsəfi dünyagörüşüdür. Mifologiya və dindən onun əsas fərqi dünyanın rasional şərhinə istiqamətlənməsidir. Təbiət, cəmiyyət və insan haqqında ən ümumi təsəvvürlər nəzəri araşdırma və məntiqi təhlilin predmetinə çevrilir. Fəlsəfi dünyagörüşünə mifologiya və dindən onların dünyagörüşü səciyyəsi, dünyanın mənşəyi və quruluşu, dünyada insanın yeri haqqında bütün sualların məcmusu miras qalmışdır. Lakin, gerçəkliyə hissi-obrazlı münasibəti ilə səciyyələnən və bədii, pərəstiş elementlərinə malik olan mifoloji və dini dünyagörüşündən fərqli olaraq, fəlsəfi dünyagörüşü bir qayda olaraq, məntiqli nizama malik biliklər sistemi olub müəyyən müddəa və prinsiplərini nəzəri əsaslandırmağa cəhd etməsi ilə səciyyələnir. Bu o demək deyil ki, fəlsəfə üçün bədii-obrazlı təfəkkür xas deyil. Dünyaya mifoloji baxışla sıx bağlı olan Antik fəlsəfədə poetik fantaziya aşkar ifadəsini tapır. Eyni zamanda sonrakı dövr fəlsəfi sistemlərdə də fikrin ciddiliyi, sübut məntiqi tez-tez aşkar bədii obrazlarla, alleqoriyalarla, mifoloji və dini süjetlərin düşünülməsi ilə qovuşmuşdur. Beləliklə, fəlsəfə –dünyagörüşünün ali səviyyəsi və növüdür. O, formalaşdırılmış, sistemli-rasional dünyagörüşüdür.
3. Fəlsəfənin predmeti
Fəlsəfənin predmetininin müəyyənləşdirilməsi “Fəlsəfə nəyi öyrənir?” sualına cavab verməyi, yəni gerçəkliyin fəlsəfi vasitələrlə mənimsəniləcək və fəlsəfi biliklər sistemində inikas etmiş hadisə, obyekt və proseslərin məcmusunun dəqiqləşdirilməsini tələb edir.
Fəlsəfənin predmeti –təbii, sosial və mənəvi gerçəkliyin ən ümumi inkişaf qanunları və varlıq formaları, onların insan şüurunda təkrar istehsal xüsusiyyətləri və insanın həyat mövqeyini seçimindəki roludur. Dünyanı vəhdət və bütövlükdə əhatə etməyə çalışan fəlsəfə son dərəcə ümumi səciyyəli suallar qoyur: Dünyanın mahiyyət necədir? Onun ilk mənbəyi nədir? İnsan nə üçün mövcuddur? Cəmiyyət tarixinin mənası nədir? İnsanın birgəyaşayış varlıqlarının fundamental əsasları nədən ibarətdir? İnsan həyatının mənası varmı? və s.
Fəlsəfə öz metoduna görə gerçəkliyin şərhinin rasional üsuludur. O, emosional simvollarla kifayətlənməyib məntiqi arqumentləşdirmə və əsaslandırmaya cəhd edir. Fəlsəfənin dünyanı bütövlükdə təhlil edən, lakin qarşısında onu rasional şərh etmə məqsədi qoymayan din, incəsənət və mifologiyadan fərqi də bundadır. Fəlsəfə inam, və yaxud, bədii obraza deyil, zəkaya əsaslanan biliklər sistemi qurmağa çalışır. Bədii obraz, metafora, müqayisə və s. fəlsəfədə köməkçi rol oynayır.
4. Fəlsəfi biliyin strukturu
Fəlsəfi bilik müəyyən struktura malikdir. Ənənəvi olaraq fəlsəfi biliyin struktur elementləri belə müəyyənləşdirilir: ontologiya (yun. ontos –varlıq, logos –təlim) –varlıq haqqında təlim; qnoseologiya (yun. qnosis –bilik, logos –təlim) –idrak nəzəriyyəsi; aksiologiya (yun. axios –dəyər, logos –təlim) –dəyərlər haqqında təlim; məntiq; sosial fəlsəfə; fəlsəfi antropologiya (yun. antropos –insan, logos –təlim) –insan haqqında təlim; etika; estetika.
Fəlsəfi ontologiya, və yaxud, varlıq təlimi ən ümumi şəkildə mövcudiyyət məsələlərini araşdırır. Ontologiyanın əsas sualı: gerçək mövcud olan nədir və nəyin mövcudluğu zahirilikdir, illüziyadır, xəyalidir? Ontologiya bütövlükdə təkcə dünya haqqında təsəvvür formalaşdırmağa imkan verən dünya mənzərəsini yaratmağa yox, həm də dünyanın gizli mahiyyətini, dərin səbəblərini aşkarlamağa imkan verən mənzərəsini yaratmağa çalışır.
Qnoseologiya, və yaxud, idrak nəzəriyyəsi insanın xarici dünyanı dərk etmə prosesinin xüsusiyyətlərini tədqiq edir. O, əsasən bu suallara cavab verir: İnsan ətraf dünyanı necə dərk edir? İdrakın hansı mərhələ, və yaxud pillələri var? İdrakda həqiqət nədir? Həqiqət hansı yollarla dərk edilə bilər? və s.
Aksiologiya –dəyərlər haqqında təlimdir. İnsan dünyanı təkcə dərk etmir, onun bir hissəsi olub onda yaşayır. Öz mövcudluğunu, digər insanlarla qarşılıqlı münasibətlərini, öz hüquq və vəzifələrini emosional olaraq qavrayır. Bu problemlər aksioloji səviyyədə həllini tapır. Burada insan varlığının, onun praktiki fəaliyyət və davranışlarının ən ümumi dəyər əsasları aşkarlanır. Aksiologiyanı varlıq və onun dərkolunma qanunları necə varsa yox, ilk növbədə varlığa insanın münasibəti maraqlandırır.
Məntiq –ardıcıl və nizamlı təfəkkür, onun qanunları haqqında təlimdir. O, fikrin ifadə və biliyin inkişaf formalarını, idrakın üsul və metodlarını öyrənir. Müəyyən mənada bu köməkçi fəndir və onun predmeti müasir mərhələdə xüsusi fəlsəfi problemlərdən uzaqlaşır. Lakin, bu həm də fəlsəfi fəndir. Aristotelə görə məntiq analitik təfəkkür tərzini formalaşdırır və metafizik problemlərdən öndə gəlir.
Fəlsəfi antropologiya –xüsusi varlıq forması kimi götürülmüş insanın mövcudluq və mahiyyətini, onun təbiətini tədqiq edir. Fəlsəfi antropologiyanın insanı öyrənən digər elmlərdən əsas fərqi yanaşma genişliyindədir. Fəlsəfəni insanın hansı tayfa, xalq və mədəniyyətə mənsubluğu yox, ümumiyyətlə insan maraqlandırır.
Sosial fəlsəfə –ictimai həyatın ən ümumi səciyyəsini öyrənir. Sosial fəlsəfə əsas diqqəti cəmiyyətin təbiətdən fərqli olan xüsusi təsisat olmasına yönəldir. Deməli ictimai həyat təbiətin qanunlarından fərqli, özünəməxsus qanunlara malikdir. Cəmiyyət insanların birgə varlığıdır. Sosial fəlsəfənin əsas sualları belədir: İnsanların birgə varlıqlarının əsasında nə dayanır? Cəmiyyət hansı şərtlər daxilində öz bütövlük və həyat qabiliyyətini saxlayır? İctimai həyatın hansı fundamental xarakteristikaları var? Cəmiyyət və şəxsiyyətin qarşılıqlı münasibəti necədir? və s.
Etika –əxlaq təlimidir. Etik-nəzəri düşüncələrin əsas mövzusu Xeyir və Şərdir. O, şərin təbiəti, insanın iradə azadlığı, fəzilətlər(müsbət dəyərləndirilən insani keyfiyyətlər) və qəbahətlər, xoşbəxtlik, ədalət, ictimai xeyir və s. haqqında məsələləri tədqiq edir. Onun məşğul olduğu məsələlər cərgəsinə həmçinin, əxlaq və mənəviyyatlılığın təbiəti, onların mənşəyi və funksiyalarının aydınlaşdırılması da daxildir.
Estetika –gözəllik haqqında təlimdir. Estetikanın tədqiqat predmeti gözəllik və eybəcərlikdir. Ülvilik və rəzillik, komiklik və faciəvilik, dramatiklik də estetik kateqoriyalardandır. Estetika həm də həyat və incəsənətdə estetikliyin təzahürlərini də öyrənir.
5. Fəlsəfənin əsas funksiyaları
Dünyagörüşü funksiyası –fəlsəfənin bu funksiyası dünyagörüşünün bütün növ və səviyyələrindən fərqli olaraq dünyanı mücərrəd-nəzəri, anlayışlı şərhi ilə bağlıdır.
Metodoloji funksiya –fəlsəfə metod haqqında ən ümumi təlim kimi, idrakın və insanın gerçəkliyi mənimsəməsinin ən ümumi metodlarının məcmusu kimi çıxış edir.
Proqnostik funksiya –fəlsəfi biliklər çərçivəsində materiya və şüurun, insan və dünyanın, inkişafının ümumi təmayülləri haqqında hipotezlər, fərziyyələr irəli sürülür –müəyyən proqnozlar verilir. Fəlsəfə elmi faktlara nə qədər çox müraciət edirsə, proqnozların gerçəkləşmə ehtimalı bir o qədər böyük olur.
Tənqidi funksiya –bu funksiya təkcə digər elmlərə deyil, elə fəlsəfənin özünə də şamil olunur. Tənqidi funksiya mövcud bilik və dəyərlərin ehkamlaşdırılmasına qarşı yönəlir.
Aksioloji funksiya –hər bir fəlsəfi təlim özündə tədqiq olunan obyektə ən müxtəlif dəyərlər nöqteyi-nəzərindən qiymətverici məqama malik olur: sosial, əxlaqi, estetik, ideoloji və s. Bu funksiya xüsusilə cəmiyyətlərin inkişafının keçid dövrlərində təzahür edir: fəaliyyət istiqamətlərinin seçim problemi yaranır, köhnə dəyərlərdən nəyi qoruyub saxlamaq, nəyi inkar etmək məsələsi aktuallaşır.
Sosial funksiya –fəlsəfənin bu funksiyası kifayət qədər çoxplanlıdır və ictimai həyatın müxtəlif aspektlərini əhatə edir. ümumi planda fəlsəfə ikili məsələni yerinə yetirir: sosial varlığı dərk etməli və onun maddi və mənəvi dəyişdirilməsinə yardımçı olmaq. Qeyd etmək lazımdır ki, ictimai həyatda sosial dəyişikliklər, eksperiment və islahatlar xüsusi dəyər və əhəmiyyətə malikdir. Ona görə də sosial dünyanı dəyişdirməyə cəhd etməzdən əvvəl ilk növbədə onu əhatəli şərh etmək lazımdır. Bu isə bilavasitə fəlsəfi tədqiqatlar sayəsində mümkün olur.
6. Əsas fəlsəfi cərəyanlar
Fəlsəfənin materializm və idealizmə bölünməsi, onun yarandığı ilk dövrlərdən mövcud olub. Alman filosofu Q.Leybnis Platonu ən böyük idealist, Epikürü isə ən böyük materialist adlandırırdı. Hər iki cərəyanın klassik tərifini isə görkəmli alman filosofu F.Şleqel verib. Ona görə: “Materializm –hər şeyi materiyadan çıxış etməklə izah edir, materiyanı nəsə ilk, başlanğıc, hər şeyin mənbəyi kimi qəbul edir. İdealizm isə hər şeyi vahid ruhdan çıxarır, materiyanın ruhdan yaranmasını iddia edir, və yaxud materiyanı ruha tabe edir”.
Beləliklə, “materialist” və “idealist” terminlərinin fəlsəfi mənasını, onların gündəlik şüurda aldıqları mənalarla qarışdırmaq olmaz. Adətən “materialist” dedikdə yalnız maddi nemətlər arxasınca qaçan fərd nəzərdə tutulursa, “idealist” termini ali mənəvi dəyərlər və ideallarla səciyyələnən, təmənnasız insanla assosiasiya olunur.
Tarixən həm idealizm, həm də materializm müxtəlif formalarda təzahür etmişlər. Materializmin tarixi inkişaf nöqteyi-nəzərindən əsas formaları aşağıdakılardır:
Qədim Şərq və Qədim Yunan materializmi –materializmin ilk forması olub, ətraf dünyanı və predmetləri öz-özlüyündə, şüurdan asılı olmayaraq tədqiq edir (Fales, Levkipp, Demokrit, Heraklit).
Avropada Yeni dövrün mexaniki materializmi –bu forma əsasında təbiətin öyrənilməsi dayanır. Lakin təbiətin bütün çoxobrazlığının xassə və münasibətləri materiyanın mexaniki hərəkət formasına gətirilir (Q.Qaliley, F.Bekon, C.Lokk, J.Lametri, K.Helvetsi və s.).
İdealizmin isə iki əsas formasını göstərmək olar:
Obyektiv idealizm –İdeya, Allah, və yaxud, Ruhun –ümumiyyətlə ideal başlanğıcın təkcə materiyadan deyil, həm də insan şüurundan asılı olmadığını bəyan edir(Platon, F.Akvinalı, Hegel).
Subyektiv idealizm –xarici dünyanın, onun xassə və münasibətlərinin insan şüurundan asılı olduğunu iddia edir (Berkli).Subyektiv idealizmin ifrat forması solipsizm (lat. solus –bir, yeganə; ipse –özüm). Solipsizmə görə yalnız məxsusi “Mən” və mənim duyğularım haqqında səhihliklə danışmaq olar.
Fəlsəfədə materializmi adətən “Demokrit xətti”, idealizmi isə “Platon xətti” adlandırırlar.
Varlığın ilk əsası ilə bağlı məsələdə üç yanaşma mövcuddur: monizm, dualizm, plüralizm.
Monizm (yun. monos –bir, yeganə) –dünyanın yalnız bir başlanğıcının olmasını iddia edən fəlsəfi konsepsiya. Belə başlanğıc olaraq ya maddi, ya da, mənəvi substansiya çıxış edir. Deməli, monizm həm materialist, həm də idealist ola bilər.
Dualizm (lat.dualis -ikili) –bərabərhüquqlu iki ilk başlanğıcın: materiya və şüur, fiziki və psixi –olduğunu təsdiq edən fəlsəfi konsepsiya. Məsələn, Dekart hesab edirdi ki, varlığın əsasında iki bərabərhüquqlu substansiya dayanır: fikirləşən(ruh) və ölçülən (materiya)
Plüralizm (lat. pluralis -çoxlu) –bir neçə ilkbaşlanğıcın olduğunu iddia edən fəlsəfi konsepsiya. Bu konsepsiyaya görə, varlığın əsası və ilkbaşlanğıc çoxluq təşkil edir. Məsələn, Empedokla görə, varlığın ilkbaşlanğıcı dörddür: od, hava, su, torpaq.
Əgər ontoloji baxımdan, yəni varlığın ilkin əsasının nədən ibarət olması sualına verdiyi cavabdan asılı olaraq fəlsəfə materializm və idealizmə bölünürsə, bu varlığın hansı üsullarla dərk olunması, ümumiyyətlə dərk olunub-olunmaması sualına verdiyi cavaba görə, yəni, qnoseoloji baxımdan bir neçə cərəyana bölünür. Onlardan ikisi əsas və daha geniş yayılmışdır: rasionalizm və empirizm. Bu cərəyanlar bütün fəlsəfə tarixini izləsə də, aşkar ifadə olunmuş cərəyan kimi Yeni dövrdə formalaşmışdır.
Empirizmin (yun. empeiria –təcrübə) banisi ingilis filosofu Frensis Bekon hesab olunur. Empiristlər hesab edir ki, idrakın əsasında yalnız təcrübə və hissi duyğular dayana bilər.
Rasionalizmin (lat. rationalis –zəkalı) banisi fransız filosofu Rene Dekart hesab edilir. Rasionalizmin əsas ideyası odur ki, həqiqi bilik birbaşa zəkadan alına bilər və o, hissi təcrübədən asılı deyil.
Comments are closed, but trackbacks and pingbacks are open.