Press "Enter" to skip to content

Frans Kafka Çevrilmə PDF

Qreqor təsəvvürünə gətirməyə çalışdı ki, buna bənzər bir şey müdirin də başına gələ bilməzdimi; axı belə bir şeyin ola biləcəyini inkar etmək mümkün deyildi. İndi isə müdir, belə fikrin əskinə olaraq, daha doğrusu, belə fərziyyəni rədd edərək laklı çəkmələri cırıldaya-cırıldaya qonşu otaqda bir neçə sərrast addım atdı, Qreqoru xəbərdar etməyə çalışan bacısı da sağ tərəfdəki otaqdan:

Frans Kafka

Bir səhər gecənin narahat yuxusundan ayılan Qrezor Zamza başa düşdü ki, elə yatağındaca əcaib bir həşərata çevrilib. O, bağa çanağı kimi qartımış kürəyi üstə uzanmışdı. Üstündəki yorğanın yarısı sürüşüb yerə düşdüyündən başını qaldıran kimi qəhvəyi, qabarıq pulcuqlarla örtülmüş qarnını gördü. Bədəninin başqa əzalarından da eybəcər və cılız görünən saysız-hesabsız ayaqcıqları gözləri önündə miskincəsinə qaynaşırdılar.

“Mənə nə olub görəsən?” – o düşündü.
Bu, yuxu deyildi. Onun otağı idi; bir az kiçilmiş kimi nəzərə çarpan həmişəki otaq. O da yaxşı tanış olan bu dörd divar arasında sakit-sakit xumarlanırdı. Mahud parça növlərindən bağlamalar – Zamza kommivoyajör idi – yığılmış masa üzərindən şəkil asılmışdı. Həmin şəkli o, bu yaxınlarda rəsm jurnalından kəsib qəşəng zərli çərçivəyə salmışdı. Şəkildə şəxstlə oturmuş xəz şlyapalı və şərfli qadın təsviri ağır xəz muftanı tamaşaçılara sarı uzatmışdı və qadının əlləri muftanın içində itib batmışdı.

Qreqorun nəzərləri pəncərəyə dikildi – yağış damcılarının pəncərəaltı dəmirləri necə döyəclədiyi eşidilirdi – havanın belə tutqun olması onun ovqatını tamam korladı: “Bir az da yatmaq və bu həngaməni unutmaq yaxşı olardı” – Qreqor fikirləşdi. Lakin bu, qətiyyən mümkün olan iş deyildi: o, sağ böyrü üstə yatmağa adət etmişdi, indiki halında isə həmin vəziyyətə qayıtmaq müşkül məsələ idi. bundan ötrü o nə qədər güc verdisə, qanrılıb yenə arxası üstə düşdü. Bir-birinə dolaşan ayaqcıqlarını görməmək üçün gözlərini yumdu, çox əlləşib-vuruşdu, yalnız böyründə bu vaxtacan görünməmiş küt və zəif bir ağrı hiss edəndə, fikrindən daşındı.

“Pərvərdigara, – o düşündü, – mən nə cəncəl sənət seçmişəm! Həmişə səfərdə oluram. Çöldə isə xidməti sarsıntılar ticarət evindəkindən qat-qat çox olur, üstəlik də yolların əziyyətinə döz, qatarların hərəkət cədvəli haqqında düşün, vaxtı-vədəsi olmayan dadsız yeməklərlə razılaş, həmişə təzə adamlarla qısa müddətli ülfət bağla, qeyri-səmimi münasibətdə ol. Cəhənnəm olsun hər şey!”.

O, qarnının üstündə yüngülvari bir gicişmə hiss etdi; başını rahat qaldırmaq üçün çarpayının çubuqlarına doğru arxası üstə ağır-ağır süründü və nəhayət, gicişən yeri tapdı; həmin yer xırdaca ağ ləkələrlə örtülmüşdü, Qreqor ayaqcıqlarından biri ilə o yeri yoxlamaq istədi, tez də onu geri çəkdi, çünki adi bir təmas bədəninə vicvicə salırdı.

Sürüşüb əvvəlki vəziyyətinə qayıtdı. “Belə erkən yuxudan durmaqdan adamlar ağlını itirər. Adam doyunca yuxulamalıdır. Başqa kommivoyajörlər kefləri istədiyi kimi yaşayırlar. Məsələn, mən aldğım sifarişlərin üzünü köçürmək üçün günün günortaçağı mehmanxanaya qayıdanda bu cənablar hələ səhər yeməyini yeyirlər. Əgər özümü onlar kimi aparmış olsaydım, sahibkar məni əlüstü işdən qovardı. Kim bilir, bu bəlkə də mənim xeyrimə olardı. Əgər valideynlərimin xətrinə səbrimə qısılıb dözməsəydim, işdən çıxmaq istədiyimi çoxdan bəyan edərdim və ağama yaxınlaşıb, onun haqqında düşündüklərimi lap gözünün içinə deyərdim. Əlbəttə, bunu eşidəndə o, kantorkadan kəlləmayallaq aşardı. Onun qəribə ədası var, – kantorkanın üstündə oturub, xidmətçilərlə elə ordanca üstdən-aşağı söhbət edir, üstəlik də qulağı ağır eşitdiyindən adamlar kantorkaya lap yaaxın gəlməlidirlər. Hər halda ümid tam itməmişdir; valideynlərimin borcunu ödəmək üçün bir az pul toplayan kimi mən belə də edəcəyəm. Doğrudur, buna beş-altı il vaxt lazımdır, amma o zaman biz həmişəlik vidalaşarıq. İndi isə, mənə qalxmaq lazımdır, saat beşdə qatarım yola düşür”.

O, sandığın üstündə çıqqıldayan saata nəzər saldı: “Adil Allah!” – deyə fikirləşdi. Yeddinin yarısı idi. Əqrəblər aram-aram hərəkət edirdi, hətta yeddinin yarısı da keçmişdi, yeddiyə on beş dəqiqə qalırdı. Görəsən, saat zəng çalmayıb? Çaroayıdan görünür ki, zəng əqrəbi düz yerinə – dördün üstünə çəkilmişdir; şübhəsiz zəng vurmuşdur. Lakin bütün evi titrədən bu zəgnin sədaları altında necə rahat yatmaq olardı? O biri qatar saat yeddidə yola düşür; mütləq tələsməlidir; parça növləri isə yığışdırılmamışdır, heç özünü də yaxşı hiss etmir, qalxmağa çətinlik çəkir, başı bədəninə ağırlıq edirdi. Hətta o, qatara çatsaydı belə, fərqi yoxdur, sahibkarın danlağından yaxasını qurtara bilməyəcəkdi. Axı ticarət şirkətinin kuryeri saat beşdə yola düşən qatarın yanında növbə çəkirdi. Qreqorun gecikməsi haqqında o, çoxdan məlumat vermişdi. İradəsiz və ağılsız bir adam olan bu kuryer sahibkarın əlaltısı idi. görəsən, özünü xəstəliyə vursa, necə olar? Ancaq bu, son dərəcə pis çıxardı, həm də şübhəli görünərdi, çünki qulluq elədiyi beş il ərzində Qreqor bir dəfə də xəstələnməmişdi. Əlbəttə, sahibkar idarə xəstəxanasının həkimini gətirər və onun dediklərinə istinadə edərək, bütün etirazları hesaba almayıb bu cür tənbəl oğul üçün ata-ananı danlaya bilərdi. Həkimin özünə gəldikdə isə, onun fikrincə, dünyada olan bütün adamlar sağlamdır, ancaq işləməyi xoşlamırlar. Bəyəm indiki halda həkim Qreqor barədə haqlı deyildimi? Uzun sürən yuxudan sonra həqiqətən qəribə görünən bu süstlük, bu kəsalət nəzərə alınmazsa, Qreqor əslində özünü çox yaxşı hiss edirdi və hətta möhkəmcə acmışdı.

Yatağı tərk etməyə ürəyi gəlməyən Qreqor bunları tələm-tələsik götür-qoy edərkən, – bu vaxt zəngli saat da yeddiyə on beş dəqiqə qalmışı vurdu, – yuxarı tərəfdəki qapı ehmalca döyüldü.

– Qreqor! – (bu, anasının səsi idi) – yeddiyə on beş dəqiqə qalıb. Bəs sən səfərə çıxmayacaqdın?

Bu səs necə də şəfqətli idi! Qreqor cavab verərkən öz səsindən diksindi, bu, şəksiz, onun əvvəlki səsi olsa da, ona nə isə gizli, eyni zamanda qeyri-təbii bir civilti qarışmışdı, sözlər ilk anda aydın tələffüz edilirdi, sonra isə civiltinin içində elə itib-batırdı ki, səhv eşitdiyini, yaxud başa düşmədiyini heç kəs qətiyyətlə deyə bilməzdi. Qreqor anasına ətraflı cavab verib hər şeyi izah etmək istəyirdi, amma düşdüyü vəziyyəti nəzərə alıb bircə bunu dedi:

– Bəli, bəli, sağ ol, ana, indicə dururam.

Görünür, taxta qapıların arxasından səsinin bu cür dəyişməsini hiss etmədilər, çünki bu sözlərdən sonra ana xatircəmliklə çıxıb getdi. Lakin bu qısa söhbət, ailə üzvlərinin diqqətini başqa bir məsələyə cəlb etdi: çoxdan getməli olan Qreqor hələ evdədir. Odur ki, atası yan qapılardan birini yumruqlarıyla asta-asta taqqıldadıb çığırdı:

– Qreqor! Qreqor! Nolub, nə məsələdi?

Sonra isə səsini bir qədər yavaşıtdı:

O biri yan qapının arxasından bacısının çox asta və yalvarıcı səsi eşidildi:

– Qreqor! Xəstələnməmisən? Nə kömək lazımdır?

Hamıya bir yerdə “Mən hazıram” – cavabını verən Qreqor sözləri səylə tələffüz etməyə və sözlər arasında uzun fasilə verməklə səsindəki hər hansı bir qeyri-adiliyi gizlətməyə çalışırdı. Həqiqətən də ata səhər yeməyinə qayıtdı, bacı isə pıçıldamaqda davam edirdi:

– Qreqor, yalvarıram sənə, aç.

Qreqor qapını açmaq fikrində deyildi, o, səfər vaxtı gecələr qapını bağlamağa adət etmişdi, bu adətini evdə də unutmurdu, hazırda isə vərdişindən çox razı idi.

O istəyirdi ki, əvvəlcə sakit, maneəsiz halda qalxıb geyinsin, səhər yeməyini yesin, sonra isə görəcəyi işləri müəyyənləşdirsin, zira, – bu, indi ona aydın idi, – yataqda əməlli-başlı bir qərara gələ bilməyəcəkdi. Yadına düşdü ki, yataqda uzanarkən dəfələrlə yüngül, bəlkə də yöndəmsiz yatmaq nəticəsində əmələ gəlmiş bir ağrı hiss etmişdi, ayağa qalxarkən məlum olmuşdu ki, bu ağrı təsəvvürün yaratdığı bir oyun imiş və indi onu bugünkü əqli çaşqınlığın nə sayaq soğulub gedəcəyi maraqlandırırdı. Səsinin dəyişməsinə gəlincə, bu vur-tut, kommivoyajörlərin peşə xəstəliyi olan soyuqdəymənin əlaməti idi; buna zərrəcə şübhə etmirdi.

Məlum oldu ki, yorğanı üstündən atmaq adi bir şey imiş: qarnını bir az köpdürən kimi özü sürüşüb düşdü. Ancaq işlər bundan sonra pis getdi, əsas səbəb də bu oldu ki, o, çox enli idi, qalxmaq üçün onun ələ ehtiyacı vardı, əvəzində isə çoxlu ayaqları peyda olmuşdu, onlar ara vermədən qaynaşır, təpəşirdilər, həm də o, ayaqları heç cür idarə edə bilmirdi. Əgər bir ayağını bükmək istəyirdisə, ayaq əlüstü uzanırdı; axırda bu ayaqla istədiyini eləməyə müvəffəq olurdusa, bu vaxt o biri ayaqlar azadlığa çıxıbmış kimi təlaş içində çırpnırdılar. Qreqor öz-özünə dedi: “Ancaq yataqda boş yerə ləngiməməli”.

Əvvəlcə bədəninin aşağı hissəsi ilə yataqdan çıxmaq istədi, lakin hələ görmədiyi və təsəvvürünə belə gətirə bilmədiyi bu hissənin hərəkət üçün yararsız olduğu aşkara çıxdı; iş ləng gedirdi; nəhayət, Qreqor ağına-bozuna baxmadan qəzəblə, hiddətlə özünü qabağa tulladı, düzgün istiqamət götürmədiyindən zərblə çarpayının çubuqlarına çırpıldı, kəskin ağrıdan belə yəqin etdi ki, indi onun bədəninin aşağı hissəsi daha həssasdır.

Buna görə də o, yataqdan əvvəlcə bədəninin yuxarı hissəsi ilə çıxmağa çalışdı, lakin ehtiyatla çarpayının qırağına tərəf çevirməyə başladı. Buna asanlıqla müvəffəq oldu, özünün eninə və uzunluğuna baxmayaraq gövdəsi başınının ardınca ağır-ağır süründü. Başı çarpayıdan kənara çıxıb aşağı sallananda belə hərəkətlə qabağa getmək ona dəhşətli göründü. Axı çarpayıdan yıxılsa, ancaq möcüzə nəticəsində başı salamat qala bilərdi. Məhz indi heç vəchlə şüurunu itirməməli idi; yaxşısı elə yataqda qalmaqdır.

Lakin indi bu qədər əzab-əziyyətdən sonra nəfəsini dərərək əvvəlki vəziyyətinə qayıtdığı zaman ayaqlarının daha şiddətlə bir-birinə dolaşdığını, bu hərc-mərcliyi qayda-qanuna sala bilmədiyini görüb, təzədən öz-özünə dedi ki, qətiyyən çarpayıda qalmaq olmaz və ən ağlabatan odur ki, çarpayıdan düşmək xatirinə hər cür riskə getməsin. Eyni zamanda orasını da unutmurdu ki, ümidsiz çılğınlıqdansa sakitcə düşünmək daha faydalıdır. Belə anlarda o, bütün bacarığını toplayıb diqqətlə pəncərəyə baxırdı, amma təəssüf ki, dar küçənin o tərəfini gizlədən səhər dumanına tamaşa etməklə cəsarət və inam qazanmaq mümkün deyildi. Zəngli saatın səsi eşidiləndə o: “Artıq saat yeddidir, saat yeddidir, ancaq hələ də duman çəkilməmişdir” – deyə bir müddət sakit uzandı, ağır-ağır nəfəs aldı, sanki hər tərəfi bürüyən sükutdan həqiqi və təbii vəziyyətin qayıtmasını gözləyirdi.

Sonra yenə öz-özünə dedi: “Saat səkkizə on beş dəqiqə işlədiyini vuranda nə olur olsun çarpayını tərk etməliyəm. bir də o vaxta qədər məndən xəbər tutmaq üçün idarədən gələcəklər, axı idarə yeddidən qabaq açılır”. O, bədənini bütün uzunluğu boyu eyni dərəcədə silkələməklə, yırğalamaqla, hərəkətə gətirməklə özünü çarpayıdan aşağı salmağa çalışdı. Əgər çarpayıdan yıxılmış olsaydı, həmin dəqiqə başını cəld yuxarı qaldırmaqla özünü xəta-bəladan qurtara bilərdi. Kürəyi kifayət qədər möhkəm idi, xalçanın üstünə yıxılsaydı yəqin ki, ona heç bir şey olmazdı. Onu ən çox narahat edən bir məsələ idi: bədəni gurultu ilə yerə dəyəcək, bu da hər halda təlaş doğuracaqdı. Amma yenə də bunu etmək lazım idi.

Qreqor çarpayının lap qırağından asılıb qaldığı zaman – yeni düşmə üsulu yorucu işdən daha çox oyuna oxşayırdı, yalnız dartına-dartına sallanmaq lazım gəlirdi, – fikirləşdi ki, əgər kömək edən olsaydı bu vəziyyətdən can qurtarardı. İki qüvvətli adam – yadına atası və qulluqçu düşdü – tamamilə kifayət edərdi; onların vəzifəsi qollarını Qreqorun domba kürəyinin altından salıb çarpayıdan götürmək, sonra öz yükləri ilə əyilib onun döşəməyə ehtiyatla düşməsinə qədər gözləməkdən ibarət olardı. Ehtimal ki, burada onun ayaqları da kara gələrdi. Bəs, görəsən, qapılar bağlı olmasaydı, o, köməyə bir adam çağırardımı? Bu fikir xəyalına gələndə bədbəxtliyinə baxmayaraq, özünü gülümsəməkdən saxlaya bilmədi.

Bərk dartınma zamanı müvazinətini güclə saxlayırdı, məsələ elə indicə tamam-kamal qurtarmalı idi ki, küçə qapısının zəngi çalındı. “Kimdirsə, firmadandır” – deyib yerində donub qaldı, ayaqcıqları isə sürətlə tərpəşməyə başladı. Bir anlıq hər tərəf sakitləşdi. Qreqor çılğın bir ümidlə öz-özünə: “Onlar qapını açmırlar”, – dedi. Bi qədər sonra isə əlbəttə, qulluqçu, həmişə olduğu kimi qəti addımlarla küçə qapısına tərəf getdi və qapını açdı. Gələnin kim olduğunu müəyyənləşdirmək üçün qonağın ilk sözünü eşitmək kifayət edərdi: bu, idarə müdiri idi. Qreqor nə üçün elə bir firmada işləməli idi ki, kiçik bir xəta, yaxud diqqətsizlik dərhal ən ağır şübhə oyatsın? Məgər bu firmada işləyən bütün əməkdaşların hamısı bir nəfər kimi əclafdır, yaramazdır? Məgər onların arasında bir-iki saatını işə sərf etməsə də, vicdan əzabından tamam ağlını itirən və sadəcə olaraq yatağı tərk edə bilməyən etibarlı və sədaqətli adam yoxdur? Məsələnin nə yerdə olduğunu öyrənmək üçün – belə sorğu-sual, ümumiyyətlə, lazım idisə – bir şagird göndərmək kifayət deyildimi? Məgər mütləq müdirin özü gəlməli və bununla da bütün günahsız ailəyə göstərməli idi ki, bu şübhəli işi yoxlamağa ancaq onun iqtidarı çatar?

Əslində çıxardığı qərardan deyil, bu fikirlərin doğurduğu təlaş nəticəsində Qreqor bütün qüvvəsi ilə özünü çarpayıdan tulladı. Bərk tappıltı gəldi, amma bir elə şiddətli olmadı. Xalça tappıltının səsini bir az yumşaltdı, həm də Qreqorun kürəyi onun ehtimal etdiyindən daha artıq elastiki idi, buna görə də səsi boğuq çıxdı, ancaq kifayət qədər ehtiyatlı tutmadığından kəlləsi yerə dəydi, ağrıdan dilxor olub başını xalçaya sürtməyə başladı.

Müdir sol tərəfdəki otaqdan dedi:

– Orda nəsə yerə düşdü.

Qreqor təsəvvürünə gətirməyə çalışdı ki, buna bənzər bir şey müdirin də başına gələ bilməzdimi; axı belə bir şeyin ola biləcəyini inkar etmək mümkün deyildi. İndi isə müdir, belə fikrin əskinə olaraq, daha doğrusu, belə fərziyyəni rədd edərək laklı çəkmələri cırıldaya-cırıldaya qonşu otaqda bir neçə sərrast addım atdı, Qreqoru xəbərdar etməyə çalışan bacısı da sağ tərəfdəki otaqdan:

– Qreqor, müdir gəlib, – deyə pıçıldadı.

– Bilirəm, – dedi və bacının eşidəcəyi dərəcədə səsini qaldırmağa ürək eləmədi.

Atası sol tərəfdəki otaqdan:

– Qreqor, – dedi – cənab müdir bizə təşrif gətirmişdir. Soruşur ki, sən niyə səhər qatarı ilə getməmisən. Biz nə cavab verəcəyimizi bilmirik. Bir də o, şəxsən sənlə danışmaq istəyir. Buna görə də, lütfən, qapını aç. O, iltifat edib otağın səliqəsizliyinə görə hər halda bizi bağışlayar.

Müdirin özü də mehribanlıqla əlavə etdi:

– Sabahınız xeyir, cənab Zamza.

Ata qapının yanında dayanıb Qreqorla danışdığı vaxt ana müdirə dedi:

– O xəstədir. Mənə inanın, cənab müdir, o xəstələnmişdir. Belə olmasaydı heç qatara gecikərdimi? Axı uşağın bütün fikri-zikri firmanın yanındadır. Hətta mən bir az hirslənirəm ki, o, axşamlar niyə bir yana getmir. Şəhərdə səkkiz gün qaldı, bütün axşamları da evdə keçirtdi. Masa axrasında oturub sakitcə qəzet oxuyur, ya da qatarların hərəkət cədvəlini öyrənirdi. Seçdiyi yeganə əyləncə də mişar çəkməkdir. İki-üç axşamın içində çərçivə qayırıb otaqdan asdı. Elə gözəl çərçivədir ki, baxmaqla doymaq olmur. Qreqor qapını açanda özünüz görəcəksiniz, doğrusu, cənab müdir, gəlişinizlə məni məsud etdiniz, sizsiz biz Qreqoru qapını açmağa məcbur edə bilməzdik. O çox inadkardır. Səhər bizdən gizlətsə də, yəqin ki, xəstədir.

– Bu saat gəlirəm, – Qreqor ağır-ağır, ahəngdar bir şəkildə dilləndi, amma onların söhbətindən bir söz belə buraxmamaq üçün yerindən tərpənmədi.

– Mənim başqa sözüm yoxdur, xanım. Ümid edir ki, onun xəstəliyi o qədər də təhlükəli deyildir. Digər tərəfdən, qeyd etməliyəm ki, xoşbəxtlikdənmi, ya bədbəxtlikdənmi bir tacirlər işimizin xatiri üçün çox vaxt yüngül naxoşluqları vecimizə almamalıyıq, ayaq üstdə keçirməliyik.

– Deməli, cənab müdir sənin otağına daxil ola bilər? – Hövsələdən çıxan ata yenidən qapını döydü.

– Yox, – deyə Qreqor cavab verdi.

Sol tərəfdəki otağa üzücü bir sükut çökdü, sağ tərəfdəki otaqda isə bacı hönkürdü.

Nə üçün bacı o birilərin yanına getmirdi? Yəqin o ancaq indi yataqdan qalxmışdı və heç geyinməyə də macal tapmamışdı. Bəs nə üçün ağlayırdı? Ona görə ki, qardaşı yerindən qalxmamışdı, müdiri yanına buraxmamışdı. Ona görə ki, o, iş yerini itirə bilərdi və sahibkar da onun valideynlərini köhnə tələblərlə təqib etməyə başlardı. Lakin bunlar hələlik əssasız qorxular idi. Qreqor hələ burada idi və heç də ailəsini tərk etmək fikrinə düşməmişdi. Doğrudur, o indi xalçanın üstündə uzanmışdı, əgər onun nə kimi bir vəziyyətdə olduğunu bilsəydilər, müdiri yanına buraxmağı heç kəs ondan tələb etməzdi. Bu balaca nəzakətsizlik üçün onu dərhal işdən çıxarmayacaqlar ki! Sonralar onsuz da bu nəzakətsizliyə asanlıqla bəraət qazandırmaq olar. Qreqora elə gəlirdi ki, göz yaşı tökmək, nəsihət verə-verə təngə gətirmək əvəzinə, indi onu rahat buraxmaq daha münasib olardı. Məhz bu qeyri-müəyyənlik hamıya əzab əziyyət verir, hamıya bəraət qazandırırdı.

– Cənab Zamza, – müdir bu dəfə səsini qaldırıb çığırdı – nə olmuşdur? Siz otağınıza qapılıb qalmısınız, yalnız “hə”, “yox” cavabı verirsiniz, validenylərinizin ağır və lüzumsuz həyəcanına səbəb olursunuz, həqiqətən də ağlagəlməz bir şəkildə vəzifənizdən – bunu sözgəlişi xatırladıram – boyun qaçırırsınız. İndi mən sizin valideyninizin, sahibkarınızın adından danışıram. Artıq dərəcədə xahiş edirəm ki, məsələni bilatəxir mənə izah edəsiniz. Mən heyrət edirəm, təəccüb edirəm! sizi dinc, dərrakəli bir adam hesab edirdim. Amma siz, deyəsən, qəribə oyunlar çıxarmaq fikrinə düşmüsünüz. Düzdür, sahibkar bu gün səhər sizin işə çıxmamağınıza səbəb ola biləcək bir məsələyə işarə vurdu – bu, sizə yaxınlarda etibar edilmiş inkassaya aid idi – amma, mən, düzü and içməyə hazır idim ki, bu səbəb həqiqətə uyğun deyildir. Lakin indi sizin bu anlaşılmaz inadınızı görəndən sonra hər hansı bir dərəcədə sizi müdafiə etmək həvəsim puça çıxır. Vəziyyətiniz isə heç də möhkəm deyildir. Mən əvvəlcə bunu sizə təkidlə demək niyyətində idim; ancaq bir halda ki, siz məni burada boş yerə vaaxt itirməyə məcbur edirsiniz, mən bunu hörmətli valideynlərinizdən gizlətməyə səbəb görmürəm. Son vaxtlar müvəffəqiyyətiniz, açıq deməliyəm, olduqca qeyri-kafi idi. Doğrudur, indi ilin o vaxtı deyil ki, böyük sazişlər bağlayasan, bunu biz etiraf edirik, cənab Zamza, amma ilin heç bir saziş bağlanmayan fəsli də, ümumiyyətlə, mövcud deyildir və mövcud ola bilməz.

– Hə, cənab müdir – deyə Qreqor çığırdı və özünü saxlaya bilməyib elə həyəcanlandı ki, hər şeyi unutdu, – mən bu saat, lap bu dəqiqə qapını açıram. Yüngül bir kefsizlik, baş gicəllənməsi mənə qalxmağa imkan vermirdi. Mən hələ də çarpayıdayam. Amma artıq özümə gəlmişəm. Dururam. Bircə dəqiqəlik səbr edin! Əhvalım düşündüyüm kimi də yaxşı deyil. Amma indi nisbətən düzəlib. Bu nə müsibətdir! Dünən axşam özümü əla hiss edirdim, bunu valideynlərim də təsdiq edər. Doğrusu, dünən axşam ürəyimə nəsə dammışdı. Çox güman ki, bu, hiss olunurdu. Mən nə üçün bu barədə firmaya xəbər vermədim! Axı indi mənə vurduğunuz tənə üçün sizin heç bir əsasınız yoxdur, – bu barədə mənə bir söz deməmisiniz. Yəqin ki, mənim göndərdiyim son sifarişləri siz görməmisiniz. Bir də ki, mən saat səkkiz qatarı ilə yola düşəcəyəm. Bir neçə saatlıq artıq yuxu mənə güc verib. Cənab müdir, ləngiməyin, bu saat mən özüm firmaya gəlirəm, lütfən sahibkara belə deyin və mənim ehtiramımı ona yetirin.

Qreqor özü də nə dediyini bilmədən bu sözləri deyə-deyə asanlıqla, – görünür, çarpayıda buna alışmışdı – sandığa yaxınlaşdı, ona söykənib bütün bədəni boyu düzəlməyə çalışdı. O, həqiqətən qapını açmaq istəyirdi, açıb müdirlə danışmaq, indi bayırda gözləyən adamların onu görəndə nə deyəcəklərini bilmək istəyirdi. Əgər onlar qorxmuş olsalar, bütün məsuliyyət Qreqorun üzərindən götürüləcəkdi və Qreqor xatircəm ola bilərdi. Əgər onlar hər şeyi sakitcə qarşılasalar, deməli, təşvişə düşməyə heç bir səbəb yoxdur və o, həqiqətən saat səkkizdə vağzalda olacaq.

Əvvəlcə hamar sandıqdan bir neçə dəfə sürüşüb düşdü. Nəhayət, son sıçrayışla bütün qamətiylə düzəldi; bədəninin aşağı hissəsindəki ağrıya fikir vermədi, halbuki bu ağrı ona əziyyət verirdi, sonra özünü yaxındakı stola saldı, ayaqlarını onun qıraqlarına bənd elədi. İndi o, bədəninin iradəsini öz əlinə almışdı, müdirin cavabını eşitmək üçün səsini çıxarmırdı.

Üzünü Qreqorun valideyinlərinə tutan müdir dedi:

– Siz heç olmasa bir söz başa düşdünüz? Yoxsa, o bizi məsxərəyə qoyur?

Ana göz yaşı içində səsləndi:

– Allah xatirinə insaf edin, bəlkə o lap ağır xəstədir, biz isə ona əziyyət veririk. – Sonra o: “Qreta! Qreta!” – deyə çağırdı.

Bacı başqa tərəfdən səs verdi:

– Tez həkimin dalınca qaç, Qreqor xəstədir. Tez həkimi çağır. Sən Qreqorun nə cür danışdığını eşitdin?

Müdir, ananının çığırtısı ilə müqayisəyə gəlməyəcək asta səslə:

– O, heyvan səsi idi, – dedi.

Ata dəhlizdən mətbəxə üz tutaraq əlini bir-birinə çırpıb qışqırdı:

– Anna! Anna! Tez çilingər çağırın!

Hər iki qız yubkalarını xışıldada-xışıldada dəhlizlə qaçıb getdilər, – bacı nə tez geyindi belə? – və küçə qapısını taybatay açdılar. Qapının necə örtüldüyü eşidilmədi, görünür, onu elə açıq qoyub getmişdilər; bədbəxtlik üz verən evlərdə belə şey olur.

Qreqor tam arxayın oldu. Doğrudur, onun sözlərini başa düşmürdülər; halbuki bu sözlər özünə kifayət qədər aydın idi, hətta əvvəlkindən də aydın. Yəqin ona görə ki, qulaqları bu sözlərə alışmışdı. Sözlərini başa düşmürdülər, əvəzində isə artıq inanmışdılar ki, onun başına nəsə bir iş gəlib. Kömək etməyə hazır idilər. Verilən sərəncamlardakı qətiyyət, mətanət və inam ona müsbət təsir etdi. O təzədən adamalra qoşulduğunu hiss etdi, mahiyyətcə birini digərindən ayrımadan həkim və çilingərin möcüzə yaradacağını gözlədi, yaxınlaşmaqda olan həlledici danışıqlar ərəfəsində sözlərini mümkün qədər aydın tələffüz etmək üçün bir qədər öskürsə də, səsini boğmağa çalışdı, axı ola bilsin, bu səslər artıq insan öskürəyinə bənzəmirdi, ancaq bu barədə fikir yürütməyə ürək eləmədi. Bəlkə, valideynləri müdirlə masa arxasında oturub xısın-xısın danışırdılar, ya da ola bilsin, qulaqlarını qapıya söykəyib dinşəyirdilər.

Qreqor stulla birlikdə ağır-ağır qapıya doğru getdi, sonra stulu buraxıb dikinə qapıya söykəndi. Pəncələrində nəsə yapışqanlı bir maddə vardı. O , uzun zəhmətdən sonra bir az dikəldi. Sonra ağzı ilə açarı hərlətməyə başladı. Amma heyif, əsl dişləri yox idi, – bəs indi açarı nə ilə tutusun? – əvəzində çənəsi çox möhkəm idi; o, doğurdan da çənəsi ilə açarı hərlətdi. Uğradığı xəsarətə əhəmiyyət vermədi. Boz bir maddə ağzına dolub açar boyu axdı və döşəməyə töküldü.

Qonşu otaqdan müdir dedi:

– Qulaq asın, o, açarı hərlədir.

Bu, Qreqora ürək-dirək verdi; amma yaxşı olardı ki, onlar hamısı – atası da, anası da onu haylayaydı, yaxşı olardı ki, hamısı çığıraydı: “Güc ver, Qreqor! Hə, güc elə, hə, bərk bur!” ona elə gəldi ki, hamı onun səyinə gərginliklə diqqət edir. O, fədakarlıqla, bütün qüvvəsi ilə açardan tutdu. Açar hərləndikcə Qreqor qapının yanında gah bu ayağına, gah da o biri ayağına doğru meyl etdi. Dik dayanıb təkcə ağzının köməyilə gah açardan sallanır, gah da bədəinin bütün ağırlığını onun üstünə salırdı. Nəhayət, qıfılın şaqqıltısı Qreqoru elə bil yuxudan oyatdı. O, nəfəsini dərdi, öz-özünə: “Deməli, hər halda çilingərsiz keçinə bildim” – dedi və qapını açmaq üçün başını qapının dəstəyinə qoydu.

Qapını bu üsulla açdığından qapı tamam-kamal açılanda belə onun özü görünmürdü. O, əvvəlcə qapının bir yatını asta-asta keçib getməli idi, elə böyük ehtiyatla keçib getməli idi ki, otağa girən yerdə arxası üstə çevrilməsin. Hələ bu çətin işlə məşğul ikən, artıq heç bir şeyə əhəmiyyət verməyib tələsdiyi zaman birdən müdirin ucadan “oh!” elədiyini eşitdi. Bu səs ona küləyin uğutlusu kimi gəldi, sonra isə onun özünü gördü. Müdir qapıya hamıdan yaxın durmuşdu. O, əli ilə açıq ağzını qapadı və yavaş-yavaş geri çəkildi; elə bil onu nə isə görünməz, dəfedilməz bir qüvvə qovurdu. Müdirin burada olmasına baxmayaraq, saçları hələ axşamdan pırtlaşıb qalmış ana əvvəlcə yumruqalrını düyünlədi, sonra ataya nəzər salıb Qreqora tərəf iki addım irəlilədi, başı sinəsinə doğru sallandı və beləliklə, Qreqorun qabağını kəsdi. Ata da təhdidedici bir şəkildə yumruğunu düyünlədi, sanki Qreqoru içəri itələmək istəyirdi, sonra tərəddüd içində qonaq otaöına baxdı, əlləri ilə gözlərini örtüb ağladı, geniş köksü bir neçə dəfə enib qalxdı.

Qreqor heç də qonaq otağına keçmədi, içəridən bərkidilmiş qapı tayına söykənib durdu, buna görə də ancaq gövdəsinin yarısı, otağa meyillənən səmtə əyilmiş başı görünürdü. Bu vaxt ərzində hava da aydınlaşdı; küçənin o tərəfində eyni ölçülü pəncərələri fasada açılan bozumtul, lakin qaraya çalan xəstəxana binasının bir hissəsi göründü. Yağış hələ yağırdı, yerə iri damcılar spələnirdi. Sotlun üstündə səhər yeməyinə məxsus çoxlu qab vardı, çünki ata üçün səhər yeməyi günün ən mühüm yeməyi idi. O, qəzet oxuya-oxuya keçirdiyi bu yemək vaxtını saatlarla uzadırdı. Üzbəüz olan divarda Qreqorun hələ də hərbi xidmət vaxtlarından qalmış şəkli asılmışdı. O, leytenant formasında idi, əlini qılıncının dəstəyinə qoymuşdu, qayğısız surətdə gülümsəyirdi. Özünün şəstli duruşu, mundiri ilə hörmət və ehtiram təlqin edirdi. Dəhlizin qapısı açıq idi, eyni zamanda giriş qapısı da aralı olduğundan pilləkənin başlanğıc hissəsi də görünürdü.

Qreqor başa düşdü ki, sakitliyini yaxşı mühafizə eləyən yalnız odur.

– Hə, belədir, indi mən geyinərəm, – dedi, – nümunələri toplayıb yola düşərəm. Bəs siz istyərisizmi mən gedim? Budur, cənab müdir, görürsünüz, mən inadkar deyiləm, həvəslə işləyirəm; səfərlər yorucudur, amma mən onlarsız yaşaya bilmərəm. Hara gedirsiniz, cənab müdir? Kontora? Eləmi? Siz hər şey barədə məlumat verəcəksiz? Adam bəzən işləmək vəziyyətində olmur, elə bu zaman öz keçmiş müvəffəqiyyətləri haqqında xatırlamaq vaxtı gəlib çatır, xatırlaya-xatırlaya ümid edirsən ki, gələcəkdə daha diqqətlə, daha səylə işləyəcəksən, qüsurları aradan qaldıracaqsan. Mən sahibkara minnətdaram, siz bunu gözəl bilirsiniz. Digər tərəfdən valideynlərimin, bacımın qayğısı mənim üzərimə düşür. Mən fəlakətə uğramışam, amma bundan xilas olacağam. Ancaq siz onsuz da çətin olan vəziyyətimi korlamayın. Firmada mənim tərəfimdə olun! Bilirəm, kommivoyajörləri sevmirlər, elə düşünürlər ki, guya onlar külli miqdarda pul qazanır və buna görə də eyş-işrət içində yaşayırlar. Amma heç kəs beyinlərə yerimiş belə bir yanlış təsəvvür üzərində düşünmür. Lakin cənab müdir, siz işin nə yerdə olduğunu bilirsiniz, o birilərdən daha yaxşı bilirsiniz, hətta, öz aramızdır, sahibkarın özündən də yaxşı bilirsiniz. O, bir sahibkar kimi bu və ya başqa xidmətçinin zərərinə olaraq asanlıqla səhv edə bilər. Siz həmçinin gözəl bilirsiniz ki, kommivoyajör, demək olar, bütün il boyu firmadan kənarda qalıb dedi-qodunun, təsadüflərin, əsassız ittihamların asanlqıla qurbanı ola bilər, bunlardan qorunmaq iqtidarında deyil, çünki onların əksəriyyətindən xəbəri olmur, ancaq sonradan səfərdən yorulmuş, üzülmüş qayıdan zaman onların heç bir səbəbə əsaslanmayan xoşagəlməz nəticələrinin acısını dadır. Cənab müdir, mənim haqlı olduğumu bir qutu sözlə də olsa, etiraf etmədən getməyin!

Qreqor söhbətə başlayanda müdir üzünü döndərmişdi. O, qaşqabağını tökərək ancaq çiyininin üstündən ona baxırdı. Çiyinləri tez-tez atılıb düşürdü. Qreqor danışdıqca o bir an belə yerində durmurdu, gözlərini Qreqordan çəkmədən ağır-ağır qapıya doğru çəkilirdi, elə bil hansı gizli bir qüvvə isə onu buranı tərk etməyə qoymurdu. Amma o artıq dəhlizdə idi, onun qonaq otağından qəfil atdığı son addımı görən olsaydı, elə başa düşərdi ki, müdirin dabanına köz basmışlar. Dəhlizdə sağ əlini pilləkənə doğru uzatdı, sanki orada xariqüladə bir səadət qanadlarını açıb onu gözləyirdi.

Qreqor başa düşdü ki, firmada işini zərbə altda qoymaq istəmirsə, müdiri bu ovqatla buradan buraxmamalıdır. Əlbəttə, valdieynləri bunu belə aydın dərk etmirdilər, illər keçdikcə onlar düşünməyə alışmışdılar ki, Qreqor bu firmada ömrü boyu işləyəcəkdir. İndi onların başının üstünü alan fəlakət ümidlərini hər yerdən kəsmişdi. Amma Qreqor müdiri ləngitməli, sakitləşdirməli, inandırmalı və nəhayət, öz tərəfinə çəkməli idi. Axı Qreqorun və onun ailəsinin gələcəyi ondan asılı idi. Ah, bircə bacısı getməsəydi! O, ağıllıdır, Qreqor hələ arxası üstə rahat-rahat yatanda bacısı onun üçün ağlayırdı. Əlbəttə müdir, – bu qadın düşkünü, – onun sözünə baxardı; o, küçə qapısını bağlayar və şirin dili ilə müdirin tərəddüdlərini dağıdardı. Ancaq bacı lazım olan vaxtda çıxıb getmişdi, Qreqor özü fəaliyyət göstərməli idi. Özünün indiki hərəkət imkanlarını qətiyyən düşünmədən, danışığının, bəlkə, yenə anlaşılmaz olduğunu nəzərə almadan qapının bir tayını buraxıb o biri tərəfinə keçdi. Pilləkəndə dayanıb hər iki əli ilə sürhaidən gülməli bir vəziyyətdə tutmuş müdirə tərəf yerimək istədi, amma bacarmadı; elə oradaca, söykənəcək axtara-axtara zəif bir bağırtı ilə pəncələri üstə düşüb qaldı. Bu hadisə baş verən kimi onun bədəni sustladı və səhərdən bəri ilk dəfə rahatlandı. Pəncələrinin düşdüyü yer bərk idi; sevindi ki, pəncələri onun sözünə əla baxırlar, hətta, onu getmək istədiyi yerə aparmağa da çalışırlar. Belə qərara gəldi ki, indicə onun bütün əzabları sona çatacaqdır, elə bu an, anasının yaxınlığında, lap onunla üzbəüz döşəmədə uzanarkən təkandan silkələndiyini hiss etdi. İndiyə qədər keyimiş halda durub matı-qutu qurumuş ana, birdən ayağa qalxdı, qollarını geniş açdı, barmaqlarını bir-birindən ayırıb bağırdı: “Kömək edin! Allah xatirinə kömək edin!”

O, başını aşağı əydi, elə bil Qreqoru daha yaxşıca nəzərdən keçirmək istəyirdi, amma bunun əvəzində mənasız tərzdə dal-dalı çəkildi, arxada üstü dolu masa olduğunu unutdu və masaya çatanda fikri dağınıq olduğu üçün tələsik onun üstündə oturdu, böyrü üstə aşan qəhvədandan qəhvənin xalçaya süzüldüyünü görmədi.

– Ana, ana, – Qreqor astadan dillənib gözlərini ona dikdi.

Bir anlığa müdiri də tamam unutdu; yerə qəhvə axdığını görüb, özünü saxlaya bilmədi və bir neçə dəfə əsəbi halda udqundu. Ana təzədən çığırıb, yerə atıldı, özünü ona doğru gələn atanın qucağına yıxdı. Lakin indi Qreqorun öz valideynləri ilə məşğul olmağa vaxtı yox idi; müdir artıq pilləkəndə idi. O, çənəsini sürhaiyə söykəyib , geriyə son vuda nəzəri saldı. Qreqor onun arxasınca qaçmaq, daha doğrusu, ona çatmaq fikrinə düşdü. Müdir isə, görünür, onun niyyətini başa düşmüşdü. Ona görə də üç-dörd pilləni birdən sıçrayıb gözdən itdi. Ondan ancaq bir səs çıxdı: “Fu!” – və bu səs pilləkən boyu yayıldı. Müdirin qaçması başqalarına nisbətən daha səbatlı dayanan atanın halını pozdu. Ata müdirin ardınca qaçmaqdansa, yaxud Qreqorun onu yanlamasına mane olmaqdansa, müdirin palto və şlyapası ilə birlikdə qoyub getdiyi çəliyini sağ əlinə, qəzetini isə sol əlinə aldı. Ayaqlarını yerə döydü, qəzet və ağacı yellədə-yellədə Qreqoru öz otağına qovmağa başladı. Qreqorun heç bir xahişi kömək etmədi. Bir də ki, ata onun heç bir xahişini başa düşmürdü. Qreqor başını nə qədər itaətkarlıqla tərpədirdisə, ata ayaqlarını bir o qədər yerə bərk döyürdü. Havanın soyuq olmasına baxmayaraq, ana pəncərəni taybatay açdı, başını bayıra çıxarıb, əlləri ilə üzünü örtdü. Pəncərə pilləkənin üstündən yel çəkirdi. Pərdələr yellənirdi, stolun üstündəki qəzetlər xışıldayırdı, bir neçə varaq döşəməyə səpələnmişdi. Ata vəhşilər sayağı fısıldaya-fısıldaya ona insafsızcasına hücum edirdi. Qreqor isə dal-dalı getməyə qətiyyən adət eləməmişdi. O, həqiqətən, çox ləng hərəkət edirdi. Əgər Qreqor dönsəydi dərhal öz otağına düşəcəkdi, lakin gec dönüb atasını əsəbləşdirməkdən qorxurdu, atasının ağacı isə hər an onun belinə, ya başına ölümcül zərbə endirə bilərdi. Nəhayət, Qreqor üçün başqa bir çıxış yolu qalmadı, zira o, heyrətlə gördü ki, dal-dalı getməklə müəyyən bir istiqamət götürmək iqtidarında deyildir, buna görə də, o, qorxa-qorxa atasına baxmaqda davam edə-edə dönməyə – mümkün olduqca sürətlə, həqiqətdə isə çox ağır-ağır dönməyə başladı. Görünür, ata onun bu xeyirxah niyyətini dərk etdi, nəinki dönməsinə mane oldu, hətta uzaqdan, ağacın ucu ilə onun hərəkətini istiqamətləndirdi. Ah, kaş atanın bu dözülməz fısıltısı olmayaydı! Bunun ucbatından Qreqor tamam başını itirmişdi. O, arzusuna nail olmaq üzrə idi ki, atanın fısıltısına qulaq verdiyindən səhv etdi və bir az geriyə döndü. Nəhayət, başını sağ-salamat açıq qapıya goğru uzatdı, lakin məlum oldu ki, gövdəsi çox enlidir və qapıdan rahat keçə bilməyəcək. ata isə özünün bu vəziyyətində dərk edə bilmədi ki, qapının ikinci tayını açıb Qreqora yol vermək lazımdır. O yalnız bircə şey haqqında fikirləşirdi: Qreqoru öz otağına mümkün qədər tez salmaq.

O, əsaslı hazılığa dözəcək halda deyildi, bu hazırlıq Qreqora lazım idi ki, o, dik vəziyyət ala bilsin və bəlkə bu vəziyyətdə qapıdan keçsin. Guya heç bir maneçilik yoxmuş kimi , o, indi Qreqoru xüsusi hay-küylə qovurdu. Qreqorun arxasında eşidilən səslər təkcə səs olaraq qalmırdı, burada məsələ, həqiqətən ciddi idi. Qreqor nə olur olsun özünü qapıya sarı vermək istədi. Bədəninin bir hissəsi qalxdı, o, qapının ağzında yanpörtü uzandı, bir böyrü yaralandı, ağ rəngli qapıda iyrənc bir ləkə qaldı. O, qapıya pərçimlənib qaldı, daha tərpənə bilmədi. Bədəninin bir böyründəki ayaqları əsə-əsə sallanırdı, o biri böyründəki ayaqları isə altında qaldığından ağrıyırdı. Ata bütün gücü ilə ona zərblə təpik ilişdirəndə – əslində bu təpik xilasedici hesab oluna bilərdi – qana bulaşan Qreqor öz otağına düşdü. Qapını ağacla çırpıb örtdülər və içəriyə çoxdan arzu edilən bir sükut çökdü.

Qreqor ancaq toran qovuşanda ağır, bayğınlığa bənzəyən yuxudan ayıldı. Əgər onu narahat etməsəydilər, onsuz da bir az sonra oyanacaqdı. Çünki dincini kifayət qədər almışdı və özünü yuxudan doymuş kimi hiss edirdi. Amma ona elə gəldi ki, yuxudan onu kiminsə yüngül addımları və yaxud dəhlizə açılan qapının səsi oyadıb. Küçədəki elektrik fənərlərinin işığı tavana və mebelin yuxarı hissəsinə düşmüşdü. Aşağı, Qreqorun sərildiyi yer isə qaranlıq idi, Qreqor baş vermiş hadisəyə baxmaq üçün qədrini hələ indi bilməyə başladığı qarmaqlarının köməkliyi ilə qapıya doğru süründü. Onun çapıq sol böyrü göynəyirdi, bədəninin hər iki tərəfindən sallanan qıçları isə əməlli-başlı axsayırdı. Səhər onun qıçlarından biri – möcüzəyə bax ki, yalnız biri! – ağır yaralanmışdı və taqətsiz çolaq qıçı Qreqor öz arxasınca sürüyürdü.

O, yalnız qapının yanına çatanda bura niyə gəldiyini başa düşdü: nəsə dadlı bir qoxu gəlirdi. Onun üçün şirin südlə dolu bir kasa qoyulmuşdu içinə ağ çörək də doğranmışdı. O, sevincdən az qala güləcəkdi, çünki səhərkinə nisbətən daha şiddətlə yemək istəyirdi. Başını az qala gözləri qarışıq kasaya soxdu, lakin tezliklə dilxor olub başını çıxartdı, sol böyrü yaralı olduğuna görə yemək arxasında oturmaq ona çətin gəldi, – o, ağzını geniş açıb, bütün gövdəsini işə salsaydı, rahat yeyə bilərdi, – lakin onun çox xoşladığı və bacısının da bu səbəbdən gətirdiyi süd, birdən-birə ona tamamilə dadsız göründü; o, ikrahla kasadan üz döndərdi, geriyə – otağın ortasına tərəf süründü.

Qreqor qonaq otağında işıq yandırıldığını qapının çatından gördü; ata adətən həmişə bu vaxtlar anaya, bəzən də bacıya axşam qəzetlərini ucadan oxuyurdu, ancaq indi içəridən heç bir səs-səmir gəlmirdi. Həmişə bacının nəql etdiyi və ya məktublarında yazdığı bu qiraət ola bilsin son zamanlar, ümumiyyətlə, məişətdən çıxmışdı. Evdə adam olduğuna baxmayaraq, içəridə sakitlik idi. Qreqor öz-özünə pıçıldadı: “Ailəm nə qədər sakit həyat keçiri”. Gözələrini qaranlığa zilləyib, ata-anasına, bacısına belə gözəl mənzil və yaxşı həyat bəxş etdityinə görə sevinib qürrələndi. Əgər indi bu rahatlığın, əmin-amanlığın dəhşətli sonu çatmışsa? Belə fikirlərə qapılmamaq üçün Qreqor əzələlərini tərpətməyi, yumşaltmağı və otaqda sürünməyi qərara aldı.

Bütün bu uzun axşam ərzində yalnız bircə dəfə yan qapı bir balaca aralandı və dərhal örtüldü. Sonra başqa bir qapı cırıldadı: görünür, kim isə içəri girmək istəyir, amma ehtiyat edirdi. Qreqor tərəddüd keçirən bu adamı bir təhər saxlamaq, heç olmazsa onun kim olduğunu müəyyənləşdirmək üçün düz qonaq otağının qapısının yanında dayandı, lakin qapı açılmadı, Qreqorun buna sərf etdiyi vaxt da hədər getdi. Qapı səhər bağlı olan zaman hamı onun yanına gəlmək istəyirdi, indi isə qapının birini o özü açmışdı, qalan qapılar da bütün gün ərzində yəqin açılmışdı, ancaq heç kəs onun yanına gəlmirdi; elə açarlar da bayır tərəfdən qapının üstündə sallanıb qalmışdı.

Qonaq otağının işığı gecədən xeyli keçmiş söndürüldü, bu zaman məlum oldu ki, onun ata-anası və bacısı hələ bu vaxta qədər oyaq imişlər, çünki indi aydın eşidildiyi kimi , onlar pəncələri üstündə yataqlarına doğru hərəkət edirdilər. İndi əlbəttə, səhərə qədər Qreqorun yanına heç kəs gəlməyəcəkdi, deməli, həyatını yenidən qurmaq məsələsi haqqında onun maneəsiz fikirləşməsi üçün kifayət qədər vaxt vardı. Amma üzüqoylu sərələndiyi bu boş və həddən artıq hündür otaq onun canına qorxu salırdı. O, bu qorxunun səbəbini başa düşmürdü, axı bu otaqda düz 5 il yaşamışdı. Qeyri-iradi dönərək divanın altına sürünməyə başladı, kürəyi incitsə də, başını qaldırmaq mümkün olmasa da, özünü çox narahat hiss etdi, bircə ona heyifsləndi ki, bədəni çox enli olduğuna görə divanın altına yerləşmir.

Bütün gecəni orada keçirdi: bunun bir qismini aclığın tez-tez hürkütdüyü mürgüləmədə, bir qismini isə qayğılar və tutqun ümidlər içərisində; belə nəticəyə gəldi ki, özünü mütləq dinc aparmalı və indiki vəziyyəti ilə ailənin başına gətirdiyi müsibəti öz səbri və qanacağıyla yüngülləşdirməlidir.

Obaşdan – demək olar, hələ gecə idi – bacının tamam geyinmiş halda dəhliz qapısını açdığı, ehtiyatla onun otağına nəzər saldığı vaxt qəbul etdiyi qərarın möhkəmliyini sınaqdan çıxarmaq üçün Qreqorun əlinə fürsət düşdü. O, Qreqoru dərhal görmədi, lakin sonradan onu divarın altında görəndə – ilahi axı o, bir yerdə olmalı idi, uçub gedə bilməzdi ki, – elə qorxdu ki, hətta özünü ələ ala bilməyib tələsik qapını çırpdı. Sonra tutduğu işdən peşman olubmuş kimi, yenə qapını açdı, ağır xəstənin, yaxud kənar adamın yanına gedirmiş kimi pəncələri üstə otağa daxil oldu. Qreqor başını yavaş-yavaş divanın kənarından çıxarıb bacısının hərəkətlərinə göz qoymağa başladı. Görəsən, ac ola-ola onun südə toxunmadığını bacısı duyacaqdımı, ona daha münasib olan başqa bir yemək gətirəcəkmi? Əgər bacı duymasaydı, Qreqor acından ölsə də, bacısının nəzərini buna cəlb etməzdi, halbuki az qalırdı sıçrayıb divanın altından çıxsın, bacısının ayaqlarına düşsün, ondan yaxşı bir yemək istəsin. Bacı içəri girən kimi kasanın dolu olduğunu, hətta ətrafa az-maz süd çiləndiyini görüb heyrətləndi, kasanı götürüb – əlbəttə, əli ilə yox, bir əski parçası ilə – apardı. Bunun əvəzində nə gətirəcəyi isə Qreqor üçün çox maraqlı idi, bu haqda hətta cürbəcür fərziyyələr uydurmağa başladı. Lakin nə qədər fikirləşdisə də, təbiətən mərhəmətli olan bacının nə edə biləcəyini anlamağa qədər gəlib çıxmadı. Bacı onun hansı yeməkdən xoşu gəldiyini bilmək üçün bir yığın müxtəlif yemək gətirib köhnə qəzetin üstünə düzdü. Burada çürümüş göyərti, şamdan qalmış bir neçə sümük, bir az kişmiş və badam, Qreqorun iki gün əvvəl dilinə vurmadığı bir tikə pendir, yağ yaxılmış bir az çörək, duz səpilmiş başqa bir çörək tikəsi də vardı. Bunların yanına, – görünür, Qreqor üçün həmişəlik ayrılmış – bir kasa da qoyulmuşdu. Kasada su vardı. Bacı Qreqorun onun yanında heç nə yeməyəcəyini qət edib çıxıb getdi. Hətta onun xatircəm olması üçün də şərait yaratdı – açarı arxadan burdu. Qreqor yeməyə doğru süründü. İndi onun ayaqları bir-birindən daha sürətlə qabağa tullanırdı. Yaraları da sağalmışdı. Heç bir maneə hiss etmirdi. O, buna təəccüb edərək xatırladı ki, aydan artıqdı barmağını bıçaqla yüngülvari kəsib. Bu yara onu sırağagünə qədər incidirdi. “Mən doğurdanmı, indi həssaslığımı itirmişəm” – Qreqor düşündü və acgözlüklə, böyük həvəslə pendirə girişdi. Pendir başqa yeməklərdən daha çox xoşuna gəlirdi. Aldığı ləzzətdən gözləri yaşarmışdı, əlinə keçənləri – pendiri, göyərtini, sousu – tələsik içəri ötürürdü. Təzə xörək isə, əksinə, xoşuna gəlmirdi, hətta qoxusu da ona dözülməz gəlirdi. Yeməyini çoxdan yeyib qutarmışdı, elə həmin yerdəcə tənbəl-tənbəl uzanmışdı. Lakin bu zaman yerinə getməsinin vaxtı çatdığına işarə olaraq bacı açarı ağır-ağır hərlətdi. Artıq mürgüləməyə başlasa da, bu səs onu hürkütdü və o tələm-tələsik divanın altına süründü. Lakin bacının otaqda olduğu bu qısa müddət ərzində divanın altında qalmaq Qreqordan böyük səy tələb edirdi. Çünki çox yediyinə görə gövdəsi bir qədər yumrulaşmışdı, girdələşmişdi, bu darısqal yerdə nəfəs almaq belə ona əzab verirdi. O, təngnəfəs olmuşdu. Gözlərini bərəldib bacısına baxırdı. Bacısı isə heç nədən şəklənmədən nəinki yeyilmiş xörəklərin artığını, hətta heç onun toxunmadığı və sanki daha heç bir şeyə yaramayacaq yeməkləri süpürüb bir yerə yığdı, hamısını da tələsik vedrəyə töküb ağzını taxta parçası ilə örtdü və götürüb getdi. Bunlar Qreqorun nəzərindən qaçmadı. Bacı dönüb getməyə macal tapmamış Qreqor divanın altından çıxıb döşəməyə sərələndi və şişman qarnını qaldırdı.

Beləliklə, Qreqor hər gün yeməklə təmin olunurdu: bir səhərlər valideynləri və qulluqçuları yatdığı vaxt, bir də ümumi nahardan sonra. Onun valideynləri bu vaxtlar yatırdı. Bacı isə qulluqçunu bir tapşırıqla evdən çıxarıb Qreqor üçün yemək gətirirdi. Əlbəttə, Qreqorun acından ölməsini onlar da istəmirdilər, lakin Qreqora yemək verilməsinin bütün təfərrüatını bilmək , yəqin ki, onlar üçün dözülməz olardı. Görünür, bacı onları heç olmazsa xırda dərd-qüssədən qorumaq istəyirdi. Çünki onlar bunsuz da kifayət qədər əzab içində idilər.

Bu hadisənin baş verdiyi hələ birinci səhərdə həkimlə çilingəri evdən hansı bəhanə ilə yola saldıqlarından Qreqor xəbərsiz qaldı. Vaxta ki, onun başa düşmürdülər, hətta heç kəsin, o cümlədən, bacısının belə ağlına gəlmirdi ki, o başqalarını başa düşür. Buna görə də bacı onun otağında olan zaman Qreqor yalnız “ah-uf”, bir də, müqəddəslərə yalvarış eşidə bilirdi. Sonralar, bacının hər şeyə bir qədər alışdığı zaman – tam alışmaq barədə təbii ki, heç söhbət gedə bilməzdi – Qreqorun qulağına hərdən mehriban sözlər də dəyirdi. Yeməyini axıra kimi yeyirdisə, bacısı “bu gün yemək onun xoşuna gəlib”, – deyirdi. Əksinə olanda, yəni Qreqor yeməyi yeməyəndə – get-gedə bu hadisə tez-tez təkrar olunurdu – bacı kədərli-kədərli söylənirdi ki, “yenə hamısı tökülüb qalıb”.

Ümumiyyətlə, heç bir təzə xəbər öyrənə bilməyən Qreqor qonşu otaqlarda gedən söhbətlərə xəlvəti qulaq asırdı, səs şeidən kimi dərhal həmin tərəfə cumurdu, bütün bədəni ilə qapıya qısılırdı. Xüsusən ilk vaxtlar elə bir söhbət olmurdu ki, örtülü də olsa, axırda gəlib onun məsələsinə çıxmasın. İlk günlər hər dəfə yemək zamanı bu vəziyyətdə özlərini necə aparacaqları barədə məşvərət edirdilər; yeməklər arası vaxtda da bu mövzuda söhbət gedirdi. İndi evdə həmişə ailə üzvlərindən ikisi qalırdı, görünür, heç kəs evdə tək qalmaq istəmirdi, evi yiyəsiz qoyub heç yerə getmək də olmazdı. Yeri gəlmişkən, qulluqçu – baş verən hadisə haqqında onun nə bildiyi tam aydın deyildi – elə birinci günü ananın qarşısında diz çöküb yalvardı ki, onu dərhal azad etsin. On beş dəqiqə sonra onlarla vidalaşarkən işdən çıxarmağı ən böyük tərəhhüm sayaraq, göz yaşları içində anaya təşəkkür etdi və and-aman elədi ki, bu barədə heç kəsə bir kəlmə də danışmayacaq, halbuki ondan bunu heç kəs tələb etmirdi.

İndi evin biş-düşünü bacı ilə ana eləyirdi. Bir də bu, çox böyük zəhmət tələb etmirdi, demək olar ki, evdə heç kəs bir şey yemirdi. Qreqor yemək üçün bir-birini əbəs yerə dilə tutan valideynlrəin səsini tez-tez eşidirdi, cavab isə “sağ ol, mən toxam”, yaxud buna bənzər bir şey olurdu. Deyəsən, içkiyə də meyli olan yox idi. bacı, atadan pivə içmək istəyib istəmədiyini tez-tez soruşurdu və deyirdi ki, məmuniyyətlə özü gedib alar, atanın susduğunu gördükdə onu hər cür şübhədən xilas etmək ümidi ilə deyirdi ki, pivə almağa dalandar qadını da göndərə bilər, bu zaman ata qəti cavab verirdi: “Yox”. Bundan sonra bu barədə heç bir danışıq olmurdu, söz-söhbət kəsilirdi.

Ata elə birinci gün ana və bacıya ailənin maddi vəziyyətini və gələcək planlarını izah etdi. O, tez-tez masa arxasından durub beş il bundan qabaq iflasa uğramış firmasından qalan balaca ev kassasını açır, gah bir qəbz, gah da qeyd dəftərini çıxarırdı. Onun mürəkkəb mexanizmli qıfılı necə açdığını, axtardığı şeyi tapdıqdan sonra açarı necə hərlətdiyini Qreqor yaxşı eşidirdi. Atanın bu izahatları Qreqorun dustaq vəziyyətinə düşdüyü vaxtdan sonra eşitdiyi qismən ilk təsəlliverici yeniliklər idi. O, elə hesab edirdi ki, həmin firmadan atasında heç bir şey qalmamışdır, hər halda ata bunun əksini təsdiqləmirdi, Qreqor da bu barədə soruşmurdu. O vaxt Qreqorun yeganə arzusu bundan iabrət idi ki, hamını tam ümidsizliyə gətirib çıxaran iflası mümkün olduqca tez unutdurmaq üçün əlindən gələn hər şeyi etsin. Buna görə də Qreqor xüsusi ehtirasla işə girişmişdi, qısa müddətdə prikazçikdən adlayıb kommivoyajör olmuşdu, əlbəttə, kommivoyajörün qazancı başqa idi, onun iş uğurları, komisyonşularda olduğu kimi, nəqd pula çevrilirdi, o da pulu evə gətirib heyrət içində gözlərini döyən, səadətə çatan ailənin qarşsıına qoyurdu. O zaman yaxşı vaxtlar idi, sonra o vaxtlar bir daha əvvəlki dəbdəbəsində olduğu kimi təkrar olunmadı, halbuki Qreqor sonralar da ailəni saxlayacaq qədər qazanırdı və onları təmin edə bilirdi. Buna hamısı adət etmişdi: ailə də, Qreqorun özü də; pulu ondan minnətdarlıqla qəbul edirdilər, o da həvəslə onlara pul verirdi, amma xüsusi sevinc yaranmırdı. Yenə də ona ən yaxın olanı bacı idi, bacı ondan fərqli olaraq musiqini çox sevirdi, yaxşı skripka çalırdı, son vaxtlar Qreqorda onu konservatoriyaya düzəltmək kimi gizli bir istək yaranmışdı. Bununla bağlı böyük xərclər olacağına və bu xərclərin yerini nə isə başqa bir şeyin hesabına doldurmaq lazım gələcəyinə baxmayaraq, qreqor arzusunu həyata keçirmək istəyirdi. Onun şəhərdə ləngidiyi qısa vaxt ərzində bacı-qardaş arasında olan söhbətlərdə konservatoriya sözü tez-tez xatırlanırdı. Bunlar bir qayda olaraq yalnız xam xəyalı, arzunu əks etdirsə də, bununla belə hətta bu məsum anılmanın özü də valideynlərində narazılıq doğururdu. Fəqət Qreqor konservatoriya haqqında çox düşünürdü və öz niyyətini Milad axşamı təntənəli sürətdə bildirmək istəyirdi.

Dikələrək qapıya doğru söykənib söhbətə qulaq asdığı zaman, onun başında bu cür, indi tamamilə faydasız olan fikirlər dolaşırdı. Yorulduğuna görə hərdən dinləməkdən də əl çəkirdi, qəfildən başı sallanıb qapıya toxunur və əlüstü də dikəlirdi. Çünki o, balaca bir şaqqıltı salan kimi qapının o tayında eşidilir və bu səs hamını susmağa məcbur edirdi. Bir qədər sonra ata qapıya baxıb: “O, yenə orda nə oyun çıxarır?” – deyirdi. Söhbətin ardı isə yalnız bundan sonra astadan davam etdirilirdi.

Ata izahatlarını təkrar edirdi – həm ondan ötrü ki, öz işindən çoxdan ayrılmışdı, həm də ona görə ki, ana bir dəfə deyəndə hamısını başa düşmürdü. Qreqor tədricən təfərrüatı ilə öyrənirdi ki, bütün bədbəxtliklərə, başlarına gələn fəlakətə baxmayaraq, evdə bir az varidat saxlanmışdır və faizinə toxunulmadığı üçün bu illər ərzində bir az üstünə də gəlmişdir. Bundan başqa məlum oldu ki, Qreqorun hər ay evə gətirdiyi pul da – o, həmişə özündə bir neçə qulden (red. Hollandiyada gümüş pul vahidi) saxlayırdı – bütünlüklə xərclənməmiş, onun qalığından bir balca sərmayə düzəlmişdir. Qreqorun qapının arxasında dayanıb belə gözlənilməz ehtiyat və qənaət üçün sevinib başı ilə razılığını bildirirdi. Ümumiyyətlə, o, bu artıq pulla atasının bprclarının bir hissəsini verib, öz qulluğundan istədiyi vaxt imtina etmək gününü yaxınlaşdıra bilərdi, amma atanın pulalrı məhz belə sərf etməsi, şübhəsiz, daha yaxşı imiş.

Ailənin faiz hesabına yaşaması üçün bu pullar hər halda çox az idi; bir ilə, uzaq başı iki ilə çatardı və deməli, bu pul xərclənmək üçün deyil, ancaq pis gün üçün saxlanılırdı, gündəlik xərclik üçünsə mütləq qazanmaq lazım idi. ata sağlam olsa da, qoca idi, beş il idi ki, işləmirdi və özünə bir elə gümanı da gəlmirdi; keşməkeşli, uğursuz həyatında ilk fasilə olan bu beş il ərzində o, xeyli şişib ağırlaşmışdı. Bəlkə astma xəstəliyinə tutulub nəfəs təngiməsindən olmazın əziyyət çəkən və bütün gün pəncərə qabağındakı taxtda tir kimi uzanan qoca anası pul qazanmalıdır? Bəlkə də bacısı? Ancaq o axı hələ on yeddi yaşlı bir uşaq idi, indiyəqədər yaşadığı kimi yaşamağa, yaraşıqlı geyinməyə, yuxudan gec durmağa, bir növ adi əyləncələrdə iştirak etməyə, hər şeydən əvvəl skripka çalmağa haqqı var idi. İndi qazanc haqqında evdə söhbət gedərkən Qreqor birdən-birə qapıdan qopdu, özünü yaxınlıqda qoyulmuş üzü dərili divanın üstünə atdı, xəcalətdən, dərddən bədəninə hərarət axdı.

O, çox vaxt uzun gecələri bir an belə yuxuya getmədən uzanırdı, saatlarla özünü divanın dərisinə sürtürdü, yaxud zəhmətinə heyfislənmədən istədiyi yerə dırmaşmaq üçün kreslonu pəncərənin yanına sürüyürdü, bəzən də bədənini kresloya söykəyib, özünü pəncərə altlığına salırdı, əlbəttə, bütün bunları ona acılı-şirinli xatirələr aşılayırdı. Əslində isə o özündən aralı olan şeyləri gündən-günə daha pis görürdü. Əvvəllər zəhləsi getdiyi üzbəüzdəki xəstəxana yenə onun gözləri qarşısında idi, amma Qreqor artıq onu tanıya bilmirdi, əgər sakit və geniş şəhər küçəsi olan Şarlottenştrassda yaşqadığını dürüst bilməsəydi, düşünə bilərdi ki, o, öz pəncərəsindən səhraya baxır, elə bir səhra ki, orada boz yerlə boz səma fərqedilməz dərəcədə bir-birinə qarışmışdır. Son dərəcə diqqətli və iltifatlı olan bacı gördü ki, evin ortasındakı kreslo pəncərənin qabağına çəkilmişdir, bundan sonra o, otaqda hər dəfə yır-yığış edərkən qəsdən kreslonu pəncərə qabağına gətirir və pəncərənin içəri qatını taybatay qoyurdu.

Əgər Qreqor bacısı ilə danışa və çəkdiyi zəhmətə görə ona təşəkkür edə biləsydi, bacısının əziyyətini qəbul etmək asanlaşardı, amma bunu edə bilmədiyinə görə o əzab çəkirdi. Doğrudur, bacı yaranmış vəziyyətdən doğan əzab-əziyyəti yüngülləşdirmək üçün əlindən gələni edirdi, onun gördüyü uişlər getdikcə daha yaxşı nəticə verirdi, ancaq vaxt ötdükcə Qreqro hər şeyi daha aydın başa düşürdü. Onun gəlişi Qreqor dəhşət idi. Ümumiyyətlə, bacı Qreqorun otağına heç kimin baxmasına imkan verməsə də, özü içəri girəndə arxasınca qapını bağlamağa vaxt sərf etmir, birbaşa pəncərəyə tərəf qaçır, tələm-tələsik, indi boğulacaqmış kimi pəncərəni taybatay açır, sonra isə lap soyuq olsa da pəncərənin qabağında durur, dərindən nəfəs alırdı. Bu hay-küylə, tələsik hərəkətləri ilə o, gündə iki dəfə Qreqoru qorxudurdu. Qreqor divanın altında əsirdi, halbuki çox yaxşı bilirdi ki, əgər bacı onunla pəncərənin bağlı olduğu vaxtda bir otaqda qalsaydı, şübhəsiz onun canını bu qorxulardan xilas etmiş olardı.

Qreqorun həşərata çevrilməsindən bir aya yaxın vaxt keçirdi, buna görə də bacıda onun görkəminə heyrətlənməyə elə bir əsas qalmamışdı. Bir dəfə o, Qreqorun yanına həmişəkindən tez gəldi və qardaşını o vaxt pəncərədən harayasa baxan gördü; o, hərəkətsiz durmuşdu, dəhşətli görkəmi vardı. Əgər bacı otağa girməsəydi, bu, Qreqor üçün heç də gözlənilməz hadisə olmazdı, çünki o, pəncərənin qabağında olduğuna görə bacısı pəncərələri aça bilməzdi; qız nəinki içəri girmədi, hətta, geri sıçradı və tez qapını bağladı; onu kənardan müşahidə edən olsaydı, elə zənn edərdi ki, Qreqor qızı didmək, parçalamaq istəyirmiş. Qreqor əlüstü divanın alıntda gizləndi, ancaq bacısı bir də günortaüstü qayıtdı, özü də bərk həyəcanlı idi. Qreqor anladı ki, bacı hələ də onun görkəminə alışmayıb və heç zaman da alışmayacaq; o hətta Qreqorun divanın altından çıxan gövdəsinin kiçik bir hissəsini görəndə qaçmamaq üçün min bir əziyyətə qatlaşır. Bacını bu hissəni görməkdən xilas etmək üçün bir dəfə o, belində mələfə gətirdi – bu işə dörd saat vaxt sərf etdi – və mələfəni divanın üstünə elə sərdi ki, bütünlüklə üstünü örtsün, hətta bacı əyilsə belə onu görə bilməsin. Əgər bacı bu mələfəyə ehtiyac olduğunu düşünməsəydi, onu yığışdıra bilərdi, axı Qreqor bu mələfəyə kef üçün bürünmürdü, bu, kifayət qədər aydın idi. bacı mələfəyə toxunmadı, hətta qreqora elə gəldi ki, bunun necə qarşılandığını bilmək üçün mələfənin yanını qaldıranda bacının minnətdarlıq bildirən baxışları ilə qarşılandı.

Birinci ikihəftə ərzində valideynləri özlərini onun yanına gəlməyə məcbur edə bilmirdilər və o, bacının indiki işinin necə tərfiləndiyini tez-tez eşidirdi, halbuki əvvəllər ara-sıra ona hirslənirdilər, çünki qız onlara dedikcə ağılsız, yelbeyin görünürdü. İndi ata və ana bacının içəridə yır-yığış etdiyi müddətdə çox vaxt Qreqorun otağı qabağında intizarla gözləyir, bacı otaqdan çıxan kimi, onu otağın nə vəziyyətdə olması, Qreqorun yeyib-yeməməsi, bu dəfə özünü necə aparması, yaxşılığa doğru kiçik bir əlamətin olub-olmaması barədə müfəssəl nəql etməyə məcbur edirdilər. Ana, Qreqoru görməyi nisbətən tez arzu etdi, amma ata ilə bacı ağıllı, inandırıcı dəlillərlə bu arzunun qarşısını kəsdilər. Qreqor bu dəlilləri eşidir və tamamilə bəyənirdi. Sonra isə ananı güclə saxlamaq lazım gəlirdi. “Məni Qreqorun yanına buraxın, o mənim bədbəxt balamdır. Məgər siz anlamırsız ki, mən onun yanına getməliyəm!” – deyə çığırdığı zaman Qreqor düşündü ki, əgər anası onun yanına gəlsəydi, – əlbəttə, hər gün yox, tutaq ki, həftədə bir dəfə, – həqiqətən yaxşı olardı. Axı ana hər şeyi bacıdan yaxşı anlayırdı, bacı mətanətinə, cəsarətinə baxmayaraq, uşaq idi, bəlkə də, elə bir uşaq şıltaqlığı ilə belə yükü öz üzərinə götürmüşdü.

Qreqorun anasını görmək arzusu tezliklə yerinə yetdi. O, valideynlərinin qayğısını çəkərək gündüzlər pəncərə qabağından görünmürdü, bir neçə kvadratmetrlik döşəməni sürünmək xeyli müddətə başa dəlirdi, hərəkətsiz uzanmaq gecələr də çətin idi, hətta tezliklə yeməklər də ona heç bir ləzzət vermədi, elə bil hər şey dadsızlaşmışdı. O, əylənmək üçün divarlarda və tavanda sürünməyə adət etdi. Tavandan sallanmağı xüsusilə çox sevirdi, bu, döşəmədə uzaqnmaq kimi bir şey deyildi, burada o daha rahat nəfəs ala bilir, bəzən yüngülcə yellənirdi də; yuxarıda olduğu həmin xoş və dalğın vaxtlarında özü də təəccüb edərək ara-sıra tavandan üzülür və gurultu ilə döşəməyə düşürdü. Lakin indi o bədənini, əlbəttə, əvvəllərdə olduğu kimic idarə etmirdi, nə cür yüksəklikdən düşür-düşsün, bədəninə az da olsa xətər dəymirdi. Bacı dərhal duydu ki, Qreqor özünə yeni bir əyləncə tapmışdı – axı o, hara sürünürdüsə, orada yapışqanvari iz qalırdı, – ona görə də bu əyləncə üçün daha çox yer ayırmağı qərara aldı, onün sürünməsinə mane olan mebeli, birinci növbədə sandığı və yazı masasını otaqdan çıxartmağı qət elədi. Lakin o, bu işi təkbaşına görmək iqtidarında deyildi; atasını köməyə çağırmağa ürək eləmirdi, qulluqçu isə şübhəsiz ki, kömək etməzdi, zira, köhnə qulluqçu gedəndən sonra onun yerinə götürülmüş on altı yaşlı qız, iş yerindən imtina etməsə də, mətbəxi bağlı saxlamağa, onu ancaq xüsusi çağırışla açmağa icazə istəmişdi, ona görə də atanın evdə olmadığı vaxt ananı bura gətirməkdən başqa çarə yox idi. ana Qreqorun yanına həyəcanla, sevinclə yollandı, amma qapı ağzında sustladı. Əlbəttə, bacı əvvəlcə otağın qaydada olub-olmadığını yoxlayıb, ananı yalnız bundan sonra içəri buraxdı. Qreqor əlüstü büzüşdü, mələfəni başına çəkdi; guya mələfə divanın üstünə təsadüfən atılıb. Mələfənin altından Qreqor bir dəfə də olsun baxmadı, ananı görmək imkanından bu dəfəlik imtina etdi, amma onun gəlişinə sevindi.

– Gəl, o görsənmir, – dedi və ananın əlindən tutub apardı

Qreqor bu zəif qadınların köhnə, ağır sandığı yerindən tərpətməyə necə çalışdıqlarını və gücə düşəcəyindən ehtiyat edən ananın məsləhətlərinə qulaq asmayan bacının işin ən ağır hissəsini üzərinə götürdüyünü görürdü. Bu, çox uzun sürdü. Onlar on beş dəqiqə əlləşdikdən sonra ana dedi ki, sandıq elə yerində qalsın, əvvəla, o, çox ağırdır, onlar atanın gəlməsinə qədər bu işin öhdəsindən onsuz da gələ bilməyəcəklər, sandıq otağın ortasında qalsa, Qreqorun yolunu tamam kəsər, həm də mebelin evdən çıxarılmasının Qreqorun xoşuna gəlib-gəlməyəcəyi də məlum deyil. Ana dedi ki, məncə, bu daha çox xoşagəlməz olacaqdır, quru divarlar onun özünü də sıxır, məyus edirsə, nə üçün Qreqoru dilxor etməməlidir, – axı o, mebelə alışmışdır. Bunsuz boş otaqda o özünü tamamilə atılmış, unudulmuş, baxımsız hiss edər.

Ana çox astadan danışırdı, demək olar ki, pıçıldayırdı, elə bil istəmirdi ki, yerini bilmədiyi Qreqor onun səsini eşitsin, ana onun söz başa düşməməsinə də şübhə etmirdi. Axırda o, lap astadan dedi:

– Məgər biz mebeli yığışdırmaqla vəziyyətin yaxşılaşacağına ümidimizi itirdiyimizi, rəhmsiz surətdə onu tənha buraxdığımızı, əlimizi ondan üzdüyümüzü göstərmirikmi? Məncə çalışmaq lazımdır ki, otaq elə olduğu kimi qalsın, Qreqor əvvəlki vəziyyətinə qayıdarkən otaqda heç bir dəyişiklik görməsin və tezliklə o dövrü unutsun.

Ananın sözlərini eşidən Qreqor düşündü ki, ailənin daxilindəki yeknəsəq həyat tərzi nəticəsində adamlarla bilavasitə ünsiyyətdə olmadığından, görünür, bu iki ay ərzində onun ağlı dumanlaşmışdır. Zira, o boş otaqda qalmaq ehtiyacının birdən-birə əmələ gəldiyini heç vəchlə başqa cür izah edə bilmirdi. Yəni doğurdanmı, o, qədim mebeli, rahat, isti otağını mağaraya çevirmək istəyirdi? Düzdür, o, bu boş otaqda heç bir maneəsiz hər tərəfə sürünə biləcəkdi, amma bunun müqabilində insani keçmişini tezliklə və büsbütün unutmalı olacaqdı. Axı o elə indi də bu vəziyyətə yaxın idi, ancaq çoxdan eşitmədiyi ana səsi onu ayıltdı, hərəkətə gətirdi. Heç nəyi evdən çıxarmaq lazım deyildir, hər şey öz yerində qalmalıdır, mebel ona o tərəf-bu tərəfə mənasızcasına sürünməkdə mane olurdusa, bu onun zərərinə deyil, xeyrinə idi.

Lakin bacı başqa fikirdə idi; Qreqor məsələnin müzakirəsində valideynlərinin ziddinə olaraq bir mütəxəssis kimi çıxış etməyə alışmış qız, – onun buna əsası vardı- bu məsələdə anasının məsləhətlərini kifayət qədər əsaslı hesab etsə də, onun dediklərinin əksinə olaraq təkcə divan istisna olmaqla bütünlüklə mebelin otaqdan çıxarılmasını israr etdi. Əlbəttə, bu tələb bacının təkcə uşaq inadından, son vaxtlar belə gözlənilmədən və belə çətinliklə qazanılan özünə inamından doğmamışdı; yox, o, həqiqətən görürdü ki, hərəkət etmək üçün Qreqora çox yer lazımdır, hər şeydən göründüyü kimi isə o, mebeldən qətiyyən istifadə etmirdi. Bəlkə də onda özü yaşda olan qızlara məxsus bir xəyal çılığınlığı yaranmışdı, elə bir xəyal ki, meydana çıxmaq üçün həmişə fürsət gözləyir və indi Qreqora bu vaxta kimi olduğundan daha artıq xidmət göstərmək üçün Qretanı onun vəziyyətini daha vahiməli, daha qorxulu etməyə sövq edirdi. Yalnız Qreqordan və quru divardan ibarət olan otağa girməyə Qretadan başqa çətin ki, bir adam cəsarət edərdi. Buna görə də bacı ananın məsləhətlərinə fikir vermədi, otaqda tərəddüd və həyəcan keçirən ana çox çəkmədən susdu, sandığı qapıdan çıxaran bacıya öz qüvvəsi daxilində kömək etməyə girişdi. Qreqor bəd ayaqda sandıqsız keçinə bilərdi, amma yazı stolu qalmalı idi. Hər iki qadın ləhləyə-ləhləyə sürüdükləri sandıqla otaqdan çıxan kimi, Qreqor ehtiyatla və mümkün olduqca bu işə nəzakətlə müdaxilə etmək üçün başını divanın altından çıxardı. Lakin bədbəxtlikdən birinci ana qayıtdı, qonşu otaqda tək qalan Qreta isə hər iki əli ilə sandıqdan yapışıb onu silkələyir, di gəl yerindən tərpədə bilmirdi. Ana Qreqorun görkəminə alışmamışdı, onu görüb hətta xəstələnə bilərdi, buna görə Qreqor qorxu içində divanın o biri başında gizləndi, bu zaman qabaqdan sallanan mələfə tərpəndi. Bu, ananın diqqətini cəlb etmək üçün kifayət idi. O, ayaq saxladı, bir qədər dayanıb Qretanın yanına qayıtdı.

Qreqor hey öz-özünə deyirdi ki, elə bir şey baş vermir, sadəcə olaraq otaqda mebelin yerini dəyişirlər; qadınlaırn ara vermədən o tərəf-bu tərəfə getmələri, asta-asta danışmaları, yaxud döşəmə ilə sürülən mebelin cırıltısı – bütün bunlar, özünün tezliklə etiraf etdiyi kimi, ona hər şeyi caynağına keçirən sonsuz bir mərəkə kimi gəlirdi; başını qısıb, ayaqlarını gövdəsinə sıxıb, gövdəsini də döşəməyə bərk-bərk yapışdıraraq öz-özünə söyləməyə məcbur oldu ki, bu həngaməyə çox dözə bilməz. Onlar onun otağını boşaldırdılar, ona əziz olan hər şeyi əlindən alırdılar, lobzikini və başqa alətlərini yığdığı sandığı aparmışdılar, indi də parketdə izi qalan yazı stolunu dartıb aparırdılar. Bu stolun arxasında o, ticarət, realnı, hətta xalq məktəbində oxuyarkən dərslərini hazırlamışdı və artıq onun burada olduqlarını, demək olar, unutduğu qadınlaırn xeyirxah niyyətlərini dərk etməyə vaxtı yox idi, çünki onlar yorulduqlarından səssiz-səmirsiz işləyirdilər, təkcə ağır ayaq səsləri eşidilirdi.

Ona görə də o, divanın altından çıxdı, – bu zaman qadınlar qonşu otaqda idilər, onlar yazı masasına söykənib nəfəslərini dərirdilər, – içəridə ilk növbədə nəyi qoruyub saxlamaq lazım olduğunu dürüst bilmədiyindən o gah bu, gah digər tərəfə sürünə-sürünə istiqamətini dörd tərəfə dəyişdi, boş divarda xüsusi olaraq nəzəri cəlb edən xəz şlyapalı qadın portretini gördü, cəld ona doğru dırmaşdı, şüşəyə qısıldı, şüşə qarnını yaxşıca sərinlətdi. İndi üstünə qapanıb qaldığı portreti yəqin heç kəs Qreqorun əlindən ala bilməzdi. Qreqor geri qayıdan qadınları görmək üçün başını qonaq otağının qapısına sarı çevirdi.

Onlar çox da dincəlmədilər, artıq qayıdırdılar; Qreta bir əli ilə anasını qucaqlamışdı, demək olar, onu qucağında gətirirdi.

– İndi nəyi aparaq? – deyə Qreta ətrafa nəzər saldı.

Burada onun nəzərləri divara yapışmış Qreqorun baxışları ilə toqquşdu. Görünür, anası burada olduğu üçün soyuqqanlı davranaraq, Qreta ananın Qreqora baxmasına mane olmaq üçün ona doğru əyildi və əsə-əsə:

– Bəlkə bir dəqiqəliyə qonaq otağına qayıdaq? – dedi.

Qretanın niyyəti Qreqora aydın idi. Qız ananı təhlükəsiz bir yerə aparmaq, sonra isə Qreqoru divardan qovub düşürmək istəyirdi. Neynək, qoy sınaqdan keçirsin! Onsuz da portretin üstündə oturub onu əldən verməyəcəkdi, uzaqbaşı Qretanın üzündən yapışacaqdı.

Ananı təşvişə salan da, elə Qretanın sözləri oldu, o, geri çəkildi, güllü divar kağızının üzərində iri, qonur bir ləkə gördü, bunun Qreqor olduğunu dərk etməzdən əvvəl civiltili, qulaq batırıcı səslə: “Pərvərdigara, pərvərdigara!” – qışqırdı, taqətdən düşmüş, heysiz qollarını açaraq divanın üstünə yıxıldı, donub qaldı.

Bacı yumruğunu qaldırdı, gözlərini bərəldib çığırdı:

Bu, onun başına çevrilmə hadisəsi gələndən sonra bilavasitə ona müraciətlə deyilən ilk söz idi. Qız ananı sakitləşdirmək üçün qonşu otaqdan damcı dərman gətirməyə getdi; Qreqor da anaya kömək etmək istəyirdi – portreti qorumaq üçün hələ vaxt var idi; Qreqor şüşəyə bərk yapışdığı üçün ondan güclə aralandı və qonşu otağa qaçdı, elə bil əvvəllərdə olduğu kimi, bacıya məsləhət verə bilərdi, amma boş-boşuna qızın arxasında durmağa məcbur oldu, bacı müxtəlif dərman şüşələrini götürüb geri döndü və qorxdu; dərman şüşələrindən biri əlindən düşüb sındı; şüşə qırığı Qreqorun sifətini yaraladı, dərman onun üstünə çiləndi;Qreta, artıq gözləmədən ovcu tutduğu qədər dərman şüşəsi götürüb anasının yanına qaçdı, ayağı ilə qapını çırpdı. İndi Qreqorun anaya tərəf gedən yolu kəsilmişdi, anası onun təqsiri ucbatından ölüm ərəfəsində idi, əgər o, bacısını otaqdan çıxarmaq istəmirdisə, qapını açmamalı idi, bacısı isə anasının yanında olmalı idi; indi onun gözləməkdən başqa çarəsi qalmamışdı; o, peşmançılıq və təlaş içində sürünməyə, hər yerə baş vurmağa başladı; divarları, mebeli, tavanı dolaşdı və nəhayət, bütün ev onun başına fırlananda ümidsiz halda iri stolun tən ortasına düşdü.

Bir neçə saniyə keçdi. Qreqor taqətsiz halda stolun üstünə sərilmişdi, ətrafda sakitlik idi, bəlkə, bu yaxşı əlamət idi. Birdən zəng səsləndi. Qulluqçu, əlbəttə, mətbəxdə bağlanıb qalmışdı, qapını Qreta açmalı oldu. Gələn ata idi.

– Nolub? – onun ilk sözü bu oldu. Yəqin Qretanın görkəmi ona hər şeyi anlatmışdı. Qreta boğuq səslə cavab verib, üzünü atasının sinəsinə qoydu.

– Anamın ürəyi getmişdi, indi yaxşıdır, – dedi, – Qreqor yerindən çıxdı.

– Axı mən bunu gözləyirdim, axı mən həmişə deyirdim, amma siz arvadlar heç kəsə qulaq asmırsız.

Qreqora aydın idi ki, ata Qretanın çox qısa məlumatını ayrı cür başa düşdü, o qət etdi ki, Qreqor zor işlətmişdir. Buna görə də indi Qreqor atasını birtəhər yumşaltmağa cəhd etməliydi, axı məsələni aydınlaşdırmaq üçün nə vaxtı vardı, nə də imkanı. Və otağına sarı cumaraq, qpaıya qısıldı ki, atası dəhlizdən içəri girərkən dərhal Qreqorun bilatəxir öz yerinə qayıtmağa hazır olduğunu görsün və bilsin ki, onu geri qaytarmaq lazım deyil, sadəcə olaraq, qapını açmaq kifayətdir ki, o dərhal içəri keçib gözdən itsin.

Lakin ata belə incəlikləri görmək halında deyildi.

O, içəri girən kimi: – Ba! – elədi, bu sözü elə bir ahənglə dedi ki, sanki eyni zamanda həm acıqlı və həm də şad idi. Qreqor başını qapıdan aralayıb atasına doğru uzatdı. O, atasını heç bir zaman indi gördüyü kimi təsəvvür eləmirdi; doğrudur, son zamanlar otağın hər tərəfində sürünməyə başlayan Qreqor, evlərində olub-keçənlərə əvvəlki kimi diqqət yetirmirdi, ona görə də indi heç bir dəyişikliyə təəccüb etməməli idi. Ancaq necə olsa da, yəni doğurdanmı, onun atası idi? Bu, Qreqor işgüzar səfərlərə çıxarkən, həmişə yorğun halda yatağa girən, səfərdən qayıdan Qreqoru axşamlar xəlvətdə qarşılayan, kreslodan qaxlmaq iqtidarı olmadığından sevinc əlaməti olaraq yalnız əlini bir azca yuxarı qaldıran, hər hansı bazar günü, yaxud böyük bayramlarda kip düymələnmiş köhnə paltosunda əl ağacını ehtiyatıa irəli atan, Qreqorla ananın arasında asta addımlarla gedən – onların özləri də ağır-ağır yeriyirdilər – bir şey demək istəyəndə öz müşayiətçilərini başına yığmaq üçün ayaq saxlayan həmin adamdırmı? İndi o çox vüqarlı idi; əynində bank ayaqçılarının geydiyi qızıl düyməli göy mundir vardı; yağlı buxağı tarım, dik yaxalığının üstünə sallanmışdı, qalın qaşlarının altından qara gözləri diqqətlə və iti nəzərlərlə baxırdı, adətən dağınıq olan ağ saçları çox səliqə ilə yana daranmış, yağlanmışdı. O, üstündə hansısa bankın qızılı monoqramı ( red. – bir neçə baş hərfin hörgü şəklində bir-birinə keçirilməsi) olan furajkasını bütün otaq boyu fırladaraq divanın üstünə atdı, əllərini şalvar cibinə qoydu, bu zaman uzun mundirinin ətəkləri dala getdi, üzü qəzəbdən dəyişib tanınmaz hala düşdü; belə görkəmlə Qreqorun üstünə yeridi. Görünür, nə edəcəyini özü də bilmirdi: amma o, ayağını çox yuxarı qaldırdı. Qreqor onun çəkməsinin altının bu qədər böyük olmasına təəccübləndi. Lakin gecikmədi, axı, o, təzə həyatının ilk günündən bilirdi ki, ata ona qarşı çox ciddi olmağı ən düzgün yol hesab edir. Ona görə də o, atadan qaçır, ata dayananda dayanır, ata tərpənən kimi özünü qabağa aıtrdı. Onlar boş-boşuna bir neçə dəfə otağı fırlandılar, ləng tərpəndiklərindən bu heç də təqibə oxşamırdı. Buna görə Qreqor hələ döşəmədə sürünürdü, qorxurdu ki, divara, yaxud tavana dırmaşsa, bu, atasına hədsiz həyasızlıq, hörmətsizlik kimi çıxar. Amma Qreqor hiss edirdi ki, bu cür qaçışa çox da tab gətirə bilməz. Ata bir addım atırdısa, Qreqora bu vaxt ərzində saysız-hesabsız hərəkət eləmək lazım gəlirdi, təngnəfəslik getdikcə şiddətlənirdi, ciyərlərinə isə, əvvəllərdə olduğu kimi heç də tam arxayın olmaq mümkün deyildi. Budur, o, ayaqlarını güclə sürüyərək, çətinliklə gözlərini açıq qaçmaq üçün bütün qüvvəsini toplamağa çalışdığı bir zamanda, – , ümidsizlik içində heç bir başqa qurtuluş yolu haqqında düşünmürdü, diblərinə girintili-çıxıntılı, qəribə naxışlı mebellər düzülmüş divarlardan istifadə etməyi, demək olar ki, tamamilə unutmuşdu, – birdən yuxarıdan atılmış bir şey lap onun yanına düşdü və dığırlanıb getdi. Bu, alma idi; birincinin ardınca dərhal ikinci də gəldi. Qreqor dəhşət içində dayandı, artıq qaçmaq mənasız idi, çünki atası onu alma ilə bombardman etməyi qərara almışdı. O, bufetin üstündə olan meyvə vazındakı almaları cibinə doldurmuşdu, indi isə çox da diqqətlə nişan almadan, bir-birinin ardınca tullayırdı. Bu balaca qırmızı almalar elektrikləşdirilmiş kimi, döşəmə boyu dığırlanır və bir-birinə toxunurdu. Yüngülcə atılmış almalardan biri düz Qreqorun kürəyinə dəydi, zərər vermədən diyirlənib getdi. Dərhal bunun arxasınca atılmış başqa bir alma isə Qreqorun belində ilişib qaldı. Qreqor sürünüb uzaqlaşmaq istədi, guya o, yerini dəyişdirməklə qəflətən gələn bu dözülməz ağrını azaldacaqdı. Ancaq özünü döşəməyə mıxlanmış kimi hiss etdi və huşunu itirərək yerə sərildi. O, yalnız öz otaq qapısının necə açıldığını və oradan çığıra-çığıra nə isə söyləyən bacısını qabaqlayaraq alt köynəyində irəli şığıyan anasını görməyə imkan tapdı, – qəşş edən zaman rahat nəfəs alması üçün bacı onu soyundurmuşdu, ana ataya sarı qaçarkən açılmış yubkası sürüşüb yerə düşdü, ayaqları yubkaya dolaşa-dolaşa atanın qucağına yıxıldı, onu bərk-bərk qucaqladı – bu zaman Qreqor artıq görmürdü – əli ilə kişinin peysərindən tutaraq yalvardı ki, Qreqora toxunmasın, vurub öldürməsin.

Qreqora bir aydan artıq əzab verən yara (heç kəs almanı çıxarmağa ürək eləmirdi, o elə beləcə onun bədənində əyani bir nişanə kimi qalmışdı) deyəsən, ataya da xatırlatdı ki, indiki acınacaqlı və iyrənc görkəminə baxmayaraq, Qreqor bu ailənin üzvüdür, onunla düşmən kimi rəftar etmək olmaz, ailə borcu naminə ikrah hissini boğmaq və dözmək lazımdır.

Qreqor yaranın ucbatından əvvəlki çevikliyini həmişəlik itirmişdi, indi otağı bu başdan o başa getmək üçün bir neçə dəqiqə tələb olunur, – yuxarıya dırmaşmaq haqqında heç söz ola bilməzdi – amma vəziyyətinin pisləşməsi müqabilində, o, öz fikrincə, mükafatlandırılmışdı: axşamüstü qonaq otağının qapısı həmişə açıq qalırdı, o, qapının açılmasına iki saat qalandan başlayıb gözləyirdi, öz otağının qonaq otağından görünməyən qaranlıq bir küncündə uzanıb, işıqlı stolun arxasında oturan valideynlərini görə bilir, necə deyərlər, əvvəlki vaxtlardan fərqli olaraq, ümumi razılıq əsasında onlarına söhbətinə qulaq asırdı.

Doğrudur, bu, Qreqorun keçmiş zamanlarda, mehmanxanaların balaca otaqlarında, yorğun halda nəm yatağa uzanarkən xatırladığı şirin, qızğın söhbətlərdən deyildi. Çox vaxt sakitlik olurdu. Ata şamdan bir az sonra öz kreslosunda yuxuya gedirdi; ana və bacı bu sükutu pozmamağa çalışırdılar; ana ikiqat olub işığa doğru əyilərək, hazır geyim mağazası üçün alt paltarı tikirdi; mağazaya satıcı vəzifəsinə daxil olmuş bacı, axşamlar stenoqrafiya və fransız dili ilə məşğul olurdu, nə vaxtsa yaxşı bir yer tapmaq xəyalında idi. bəzən ata oyanır, yatdığını bilmirmiş kimi anaya deyirdi: “sən yenə gecə keçənə qədər tikirsən”, bundan sonra dərhal yuxuya gedir, ana və bacı isə bir-birinə baxaraq yorğun-yorğun gülümsəyirdilər.

Ata evdə də ayaqçı formasını çıxarmamaq üçün inad göstərirdi, xalat asıqdan istifadəsiz asılıb qalsa da, o, iş paltarında oturub mürgüləyirdi, elə bil həmişə qulluğa hazır idi və burada da öz rəsinin çağırışını gözləyirdi buna görə əvvəldən də təzə olmayan forma, ananın və bacının səyinə baxmayaraq, şux görkəmini tamam itirmişdi. Başdan-ayağa ləkələrlə örtülü olsa da, düymələri həmişə par-par parıldayan bu paltara Qreqor bəzən bütün axşamı baxırdı. Qoca bu paltarda narahat da olsa, sakit yatırdı.

Saat onu vuranda, ana yavaşca atanı yuxudan oyatmağa və yataqda uzanması üçün dilə tutmağa çalışırdı, çünki ata səhər saat altıda işə gedirdi, onun rahat yuxuya ehtiyacı vardı, bu yuxu isə kresloda mümkün deyildi. Ayaqçı olan vaxtda bəri tutulmuş olduğu höcətlik xəstəliyi nəticəsində o, heç vaxt stolun arxasından qalxmır, onu yalnız çətinliklə yola gətirib yatağına aparandan sonra təzədən yuxuya gedirdi. Ana və bacı onu nə qədər dilə tutsalar da, nə qədər çənə döysələr də, o ən azı on beş dəqiqə gözlərini açmadan və ayağa qaxlmadan ağır-ağır başını bulayırdı. Ana onun qolundan dartır, qulağına şirin-şirin sözlər deyir, bacı da anaya kömək etmək üçün işindən ayrılırdı, lakin bunlar ataya təsir etmirdi. O, kresloda yerini daha da rahatlayırdı. Qadınlar onun qoltuğuna girəndən sonra o, gözlərini açır, növbə ilə gah bacıya, gah da anaya baxıb deyirdi: “Budur mənim həyatım. Budur mənim qoca vaxtımda rahatlığım”; o, öz bədənini apara bilmirmiş kimi, hər iki qadına söykənərək ağır-ağır qalxır, qapıya qədər bu cür gedir, qapıya çatanda geri qayıtmaları üçün başı ilə işarə edir, özü təkbaşına getməyə üz qoyurdu, amma yenə də ana tikişini, bacı qələmini tələsik kənara atırdılar ki, atanın dadına yetib, onun yatağa uzanmasına kömək etsinlər.

Bu yorulmuş, işləməkdən əldən düşmüş ailədə kimin macalı vardı ki, Qreqorun qayğısına gərək olduğundan artıq vaxt ayıra bilsin? Xərcləri getdikcə azaltmalı olurdular, axırda qulluqçunu da çıxartdılar, indi bu evə ən ağır işləri görmək üçün axşam və səhər saçları yellənən yekəpər bir arvad gəlirdi, qalan işləri əlində xeylaq tikişi olan ana görürdü; hətta onlar qiymətli daş-qaşı da satmağa məcbur oldular. Bu daş-qaşları əvvəllər ana və bacı şənliklərdə böyük həvəslə taxardılar. Qreqor bunu axşamlar şeylərin neçəyə satıldığından söhbət edən zaman bilirdi. Hər şeydən artıq həmişə ona təəssüf edirdilər ki, indiki vəziyyətləri üçün çox böyük olan mənzili qoyub getmək olmaz, çünki Qreqoru necə aparmaq məsələsi aydın deyildi, lakin Qreqor başa düşürdü ki, onların ayrı mənzilə köçmələrinə təkcə o mane olmur, onu hava üçün deşik qoyulmuş bir yeşikdə asanlıqla aparmaq olardı; ailənin mənzili dəyişməməsinə başlıca bir səbəb var idi: bu, tam ümidsizlik, tanışların və qohumların heç birinin başına gəlməyən belə bir bədbxətliyin üz verməsi idi. Ailə dünyanın yoxsul adamlardan tələb etdiyi hər şeyi edirdi: ata xırda bank xidmətçilərinə səhər yeməyi daşıyırdı, ana yad adamlara alt paltarı tikməklə özünü üzürdü, bacı piştaxta dalında alıcıların çaldığı havaya oynayırdı, bundan artıq isə onların heç nəyə gücü çatmırdı. Ana və bacının atanı yatırdıb qonaq otağına qayıtdıqları, işə başlamadan yan-yana oturub üz-üzə söyləndikləri vaxt, Qreqorun dərdi təzələnir, ağrısı daha da artırdı. Ana Qreqorun otağını göstərib deyirdi: “O qapını ört, Qreta”. Qreqor yenə qaranlıqda qalırdı, qadınlar isə o biri otaqda göz yaşı tökür, yaxud gözlərini bir nöqtəyə zilləyib otururdular.

Qreqor gecə və gündüzləri, demək olar, tamam yuxusuz keçirirdi, bəzən düşünürdü: bax, indicə qapı açılacaq və o yenidən lap əvvəllərdə olduğu kimi, ailənin işini öz əlinə alacaqdır. Uzun fasilədən sonra onun xəyalında yenə sahibkar və müdir, kommivoyajör və şagird-uşaqlar, gic dalandar və başqa firmadan olan iki-üç dostu, bir əyalət mehmanxanasının qulluqçusu – şirin, ötəri xatirələr, ciddi, fəqət uzun müddət dalına düşdüyü şlyapa mağazasının kassiri canlanırdı – onlar hamısı bir-birinin ardınca kənar, yaxud unudulmuş adamlar kimi görünürdülər, amma ona və ailəsinə kömək etmək əvəzinə, hamısı bir nəfər kimi çox təkəbbürlü, çox soyuq görünürdülər, onlar yaddaşından çəkilib gedən zaman Qreqor sevinirdi. Sonra isə o yenə də ailə qayğısı çəkmək həvəsini itirirdi, ona pis baxdıqlarını fikirləşib həyəcanlanır, nə yemək istədiyini təsəvvür edə bilməsə də, xəyalından anbara girmək, ac olmasa da, payına düşən hər şeyi götürmək barədə fikirləşirdi. Artıq qreqora nə iləsə xüsusi sevinc bəxş etməyin qeydinə qalmayan baxı, səhər və gündüz mağazaya qaçmazdan əvvəl yeməyi ayağı ilə onun otağına itələyir, axşam isə Qreqorun ona toxunub-toxunmamasına fikir vermədən, – çox vaxt toxunmurdu – bir dəfə süpürgə çəkməklə yeməyi otaqdan çıxarırdı. İndi bacı otağın yır-yığış işi ilə axşamlar məşğul olurdu, bu iş çox tələm-tələsik edilirdi. Divarlardan çirkli zolaqlar uzanıb gedirdi, hər tərəfdə yığın-yığın zibil, toz vardı. İlk vaxtlar bacı içəri girəndə Qreqor özünü lap zibilli olan bir küncə verir, bununla da bacını natəmizlik üçün bir növ məzəmmət edirdi. Lakin orada həftələrlə dayansaydı da fərqi yox idi, bacı düzələn deyildi, çünki natəmizliyi heç də ondan pis görmürdü, sadəcə olaraq, qərara almışdı ki, eləcə də qalsın. Bununla belə, bacı qabaqlar ona xas olmayan, indi isə ümumiyyətlə, bütün ailəyə hakim kəsilən incikliklə ona fikir verirdi ki, Qreqorun otağının yığışdırılması yalnız onun işi olsun. Bir dəfə ana Qreqorun otağında yır-yığışa başladı, bunun üçün bir neçə vedrə su sərf etdi – suyun bu qədər çox işlədilməsi Qreqorun xoşuna gəlmədi, o inciyərək, hərəkətsiz halda divanın üstə sərələndi – ana isə buna görə öz cəzasını aldı. Axşam qreqorun otağındakı dəyişikliyi görən kimi bacı özünü ürəyinin dərinliyinə qədər təhqir olunmuş sayaraq qonaq otağına qaçdı, ananın yalvarışlarına məhəl qoymadan hönkürdü, buna valideynləri – əlbəttə, atası vahimə içində kreslosundan qalxdı, – əvvəlcə yazıq-yazıq və heyrətlə baxdılar; sonra onlar da təlaşa düşdülər: sağ tərəfdən ata məzəmmətə başladı ki, nəyə görə ana bu yır-yığışı bacının öhdəsinə buraxmamışdır; bacı isə əksinə, sol tərəfdən çığırırdı ki, onlar Qreqorun otağını yığışdırmağı daha heç vaxt ona tapşırmayacaqlar; bu arada ana atanı yataq otağına çəkmək istədi, ata isə həyəcandan özünü qətiyyən ələ ala bilmirdi, hıçqırıqdan titrəyən bacı, balaca yumruğu ilə stolu döyəcləyirdi; Qreqor isə hirsindən bərk-bərk fısıldayırdı, çünki qapını bağlamaq və onun canını bu söhbətdən, bu səs-küydən qurtarmaq heç kəsin ağlına gəlməmişdi.

Lakin bacının işdən yorulub, əldən düşdükdən sonra Qreqora əvvəlki kimi qayğı göstərə bilmədiyi vaxtda da anasının onu əvəz etməsi lazım gəlmədi, bununla belə Qreqor yenə baxımsız qalmadı. İndi qulluqçunun növbəsi çatmışdı. Həyat boyu qüvvətli çiyinlərində nəinki çoxlu dərd-kədər yükü daşımış bu qoca dul qadın, səlində, Qreqordan iyrənmirdi, ona nifrət bəsləmirdi. Bir dəfə heç bir maraq olmadan təsadüfən onun otağının qapısını açdı, heç kəs onu qovmasa da, qapının gözlənilmədən açılması ilə döşəmə boyu qaçan Qreqoru görərkən əllərini qarnına qoyub təəccüblə dayandı. Həmin gündən o, həmişə səhər və axşam buradan keçərkən qapının bir tayını açır, Qreqora nəzər salırdı. Əvvəllər o, Qreqoru hətta yanına çağırırdı, məsələn, “bura gəl, ay peyin qurdu!”, yaxud “bizim böcəkcik harda qalıb?”. Qreqor cavab vermirdi, yerindən tərpənmirdi, sanki qapı heç açılmamışdı. Ağlına gələn vaxt onu nahaqdan narahat etməyə yol vermək əvəzinə, bu qulluqçuya hər gün onun otağını yığışdırmaq, sahmana salmaq əmri verilsəydi, daha yaxşı olardı! Bir dəfə səhər tezdən – şiddətli yağış pəncərə şüşəsini döyəcləyirdi, deyəsən, bu bahar əlaməti idi – qulluqçu öz adəti üzrə çərənləməyə başlayanda Qreqor o qədər qəzəbləndi ki, hücuma hazırlaşmış kimi ağır-ağır, lakin qətiyyətsizliklə qulluqçuya tərəf döndü. Qulluqçu isə qorxmaq əvəzinə qapının ağzındakı stulu yuxarı qaldırıb ağzını geniş açdı. Aydın idi: əlində olan stulu Qreoqorun kürəyinə ednirmədən ağzını örtmək fikrində deyildi. Qreqor üzünü döndərəndə qulluqçu soruşdu:

– Deməli, bununla qurtarırıq? – və stulu əvvəlki yerinə qoydu.

Qreqor indi demək olar ki, heç nə yemirdi. Ancaq ona hazırlanmış yeməyin yanından keçəndə əyləncə üçün bir tikə ağzına alır, onu bir neçə saat ağzında saxlayır, çox vaaxt isə tüpürüb atırdı. O, əvvəlcə düşünürdü ki, onun iştahasını korlayan otağın görkəmidir, bununla belə otaqdakı dəyişikliyə çox tez alışdı. Artıq əşyaları bu otağa yığmaq indi adət halını almışdı, belə şeylər isə indi çox idi, çünki otaqların birini üç kirayənişinə vermişdilər. Bu zabitəli, tələbkar adamlar – Qreqor hər üçünün qalın saqqalını qapı arasından görmüşfü, – pedantcasına qayda-qanun yaratmaq istəyirdilər. İndi ki, bu evə köçmüşdülər, bu qaydanı təkcə öz otaqlarında deyil, həm də bütün mənzildə, xüsusən mətbəxdə yaratmaq istəyirdilər. Cır-cındırı, o ki, qaldı çirkli-paslı ola, görməyə gözləri yox idi. bundan başqa, istifadə etdikləri mebellərin də çox hissəsini özləri ilə gətirmişdilər. Bu səbəbdən evdə gərəksiz şeylərin sayı daha da artmışdı, pnları heç kim almazdı, tullamağa da heyifləri gəlirdi. Bunların hamısını gətirib Qreqorun otağına doldururdular. Eləcə də gül yeşiyi və mətbəxdəki zibil yeşiyi. Həmişə tələsən qulluqçu da müvəqqəti lazım olmayan şeyləri Qreqorun otağına tullayırdı: xoşbəxtlikdən Qreqor ancaq tullanan şeyləri və onları tullayan əlləri görürdü. Ola bilsin ki, fürsət düşəndə qulluqçu bu şeyləri yerbəyer edəcək, yaxud hamısını birdən tullayacaqdı, amma şeylər hələlik atıldıqları yerdə də qalmışdı. Hərdən Qreqor bu köhnə şey-şüylərin arası ilə keçərkən onları bir az yerindən tərpədirdi, əvvəllər o bunu qeyri-ixtiyari eləyirdi, çünki sürünməyə yer yox idi, sonralar isə hədsiz maraqla , həvəslə şeyləri ora-bura çəkirdi. Belə gəzintilərdən sonra o, saatlarla hərəkət edə bilmirdi, çünki bərk yorulur, dərd-qüssə isə onu boğurdu.

Kirayənişinlər hərdənbir evdə, ümumi qonaq otağında şam etdiklərindən qonaq otağının qapısı bəzi axşamlar bağlı olurdu. Qreqor bundan narazı qalmırdı, çünki axşamlar qapı açıq qaldıqda belə o, bundan istifadə etmirdi, otağın ən qaranlıq bir küncündə, ailənin görmədiyi bir yerdə yatıb qalırdı. Bir dəfə qulluqçu qonaq otağının qapısını aralı qoydu, bu qapı axşam kirayənişinlərin gəldiyi , işığın yandırıldığı vaxt da aralı qaldı. Onlar stolun başında, əvvəllər ata, ana və Qreqorun oturduğu yerdə oturdular, salfetləri açıb, bıçaq və çəngəlləri götürdülər. Dərhal, əlində ət dolu bir qab olan ana, onun ardınca da kartof dolu qabla bacı göründü. Xörəklərdən güclü buğ qalxırdı. Kirayənişinlər qabaqlarına qoyulmuş qablara doğru əyildilər, sanki yeməyə başlamazdan əvvəl onları yoxlamaq istəyirdilər; görünür, o biri iki nəfərin xüsusi hörmətini qazanmış ortada oturan adam, elə qabın içindəcə bir tikə ət kəsdi ki, görsün ət kifayət qədər yumşaqdırmı, yoxsa onu geri yollamaq lazımdır. O razı qaldı, onun hərəkətlərini gərginliklə izləyən ana və bacı arxayınlaşıb gülümsədilər.

Ev sahibləri xörəklərini mətbəxdə yeyirdilər. Ata mətbəxə getməzdən əvvəl qonaq otağına gəldi, hamıya baş əyib, furajkası əlində stolun yanından keçdi. Kirayənişinlər nəzakətlə qalxdılar və dodaqlarının altında nə isə mızıldadılar. Özləri tək qaldıqdan sonra tam sükut içində yeməyə başladılar. Qreqor içəridən müxtəlif səslər, xüsusən bir-birinə toxunan dişlərin şıqqıltısını eşidirdi. Bu, ona qəribə gəlirdi. Elə bil Qreqora sübut edilirdi ki, yemək üçün yalnız diş lazımdır, əgər diş yoxdursa, demək, ən gözəl çənələr də heç nəyə yaramaz. Qreqor iztirab içində öz-özünə dedi: “Az mən də bir şey yeyərdim, ancaq onların yediyindən yox. Bu adamlar nə çox yeyirlər, mən isə məhv oluram!”

Məhz həmin axşam mətbəxdən skripka səsi gəldi – Qreqor bu vaxt ərzində bir dəfə də olsa bacının çaldığını eşitməmişdi. O keçən günləri xatırladı. Kirayənişinlər şam edib qurtarmışdılar, ortadakı qəzet çıxardıb hərəsinə bir səhifə vermişdi, indi onlar arxaya söykənib oxuyurdular. Skripka səslənməyə başlayanda qulaq verdilər, ayağa qalxdılar; barmaqları ucunda dəhlizin qapısına yaxınlaşıb dayandılar. Görünür, onların gəlişini mətbəxdə eşitmişdilər. Ata səsləndi:

– Bəlkə, cənablara musiqi xoş gəlmir? Onu bu dəqiqə kəsmək olar.

– Əksinə, yaxşı olmazmı xanım gəlib bizim yanımızda çalsın, bu otaq daha münasib deyilmi?

– Baş üstə! – ata dedi, sanki skripka çalan o idi.

Kirayənişinlər qonaq otağına qayıdıb gözləməyə başladılar. Bir az sonra ata püpitrlə, ana notla, qız skripka ilə gəldi. Bacı çalmaq üçün sakitcə hazırlaşmağa başladı, heç vaxt otaqlarını kirayə verməyən və buna görə kirayənişinlərlə hədsiz nəzakətlə davranan ev sahibləri öz xüsusi stullarında oturmağa cəsarət etmədilər; ata sağ əlini düymələnmiş livreyasının iki düyməsi arasından içəri soxaraq qapıya söykəndi, ana isə kirayənişinlərdən birinin təklif etdiyi stulu elə onun təsadüfənqoyduğu yerdə buraxıb kənarda, küncdə oturdu.

Bacı çalmağa başladı. Ata və ana hərəsi öz durduğu tərəfdən diqqətlə qızın əllərinin hərəkətinə baxırdılar. Musiqiyə valeh olmuş qreqor ürəklənib həmişəkindən bir az qabağa gəldi, demək olar ki, onun başı artıq qonaq otağında idi. o, son zamanlar başqalarına bir elə həssas münasibət bəsləmədiyinə görə təəccüb etmirdi; əvvəllər bu həssaslıq onun fəxri idi. halbuki məhz indi onun gizlənmək üçün həmişə olduğundan daha çox əsası var idi, çünki otağının hər tərəfində yığılıb qalan və azacıq tərpənən kimi qalxan tozun əlindən qurtulmaq mümkün deyildi, o büsbütün tozun içində idi; kürəyindən və böyürlərindən saplar, tüklər, yemək qalıqları sallanırdı; o, hər şeyə qarşı çox laqeyd olmuşdu, əvvəllər olduğu kimi gündə bir neçə dəfə arxası üstə uzanmaq və kürəyini xalçaya sürtüb təmizləmək heç ağlına da gəlmirdi. Lakin özünün iyrənc görkəminə baxmayaraq, qonaq otağının ayna kimi parıldayan döşəməsi üstündə sürünməkdən çəkinmədi.

Burası da var ki, heç kəs ona əhəmiyyət vermirdi. Valideynlərin fikri-zikri çalğıda idi. Əllərini şalvar cibinə qoyub bacının püpitri yanında duran, oradan nota nəzər salan, bununla da, şübhəsiz, bacıya mane olan kirayənişinlər isə çox çəkmədən astadan danışa-danışa və başlarını aşağı salaraq pəncərəyə doğru çəkildilər, indi ata da fikirli-fikirli gözünü oraya zilləmişdi. Bu açıq-aydın ona bənzəyirdi ki, onlar yaxşı, maraqlı musiqi dinləmək gümanında yanılmışdılar, bu səhnə onları bezikdirmişdi, yalnız nəzakət xatirinə səbirlərini basıb durmuşdular, burunlarından, ağızlarından buraxdıqları siqar tüstüsü də onların bərk əsəbiləşdiklərini biruzə verirdi. Bacı isə elə yaxşı çalırdı ki! Onun üzü yana əyilmişdi, nəzərləri not işarələrini diqqətlə, hüznlə izləyirdi. Qreqor bir az qabağa süründü, bacı ilə göz-gözə gəlmək üçün başını döşəməyə söykədi. Əgər musiqi onu bu qədər həyəcanlandırırdısa, o, heyvan idimi? Ona elə gəlirdi ki, qarşısında əziz, müəmmalı bir nemətə yol açılır. O, özündə tam qətiyyət hiss edirdi, elə bir qətiyyət ki, bacının yanına qədər sürünsün, onun yubkasından tutub dartsın, ona çatdırsın ki, bacı skripkanı götürüb onun otağına keçsin, zira burada bacının çalmasını heç kəs onun kimi qiymətləndirmir. O, bacını bir daha öz otağından buraxmamaq qərarına gəldi, heç olmasa özü sağ olana qədər; qoy dəhşətli görkəmi axırda bacısına xidmət etsin; kimliyindən asılı olmayaraq onların yanına gələnləri fısıltı ilə qorxudub geri oturtmaq üçün otağın bütün qapılarında eyni zamanda görünmək istəyirdi; bacı onun yanında məcburiyyətlə yox, könüllü – öz xoşu ilə qalmalıdır; qoy bacı divanda onunla yanaşı otursun və qulağını ona tərəf əysin, o zaman Qreqor ona bildirər: səni konservatoriyaya düzəltmək niyyəti qəti idi, bu bədbəxtlik üz verməsəydi, hələ keçən il Milad günü – axı ehtimal ki, Milad günü keçmişdir – heç kəsdən və heç cür etirazlardan çəkinməyərək bunu hamıya xəbər verəcəkdi. Bu sözlərdən sonra mütəəssir olmuş bacı ağlayar, Qreqor isə onun çiyninə qalxar, qulluğa girən gündən nə yaxalıqla, nə də lentlə örtmədiyi boynundan öpərdi.

– Cənab Zamza” – deyə ortancıl kirayənişin atanı səslədi, artıq heç bir söz işlətmədən barmağı ilə ağır-ağır irəli sürünən Qreqoru göstərdi. Skripka susdu, ortancıl kirayənişin dostlarına başı ilə işarə edib əvvəlcə gülümsədi, sonra yenə Qreqora nəzər saldı. Ata görünür, əvvəlcə kirayənişinləri sakitləşdirməyi Qreqoru qovmaqdan daha zəruri hesab etdi, halbuki onlar qətiyyən həyəcanlanmırdılar, görünür, Qreqor onları skripka səsindən daha çox əyləndirirdi. Ata onlara tərəf getdi, geniş açılmış qolları ilə kirayənişinləri öz otaqlarına salmaq, eyni zamanda bədəni ilə Qreqorun qabağını tutmaq istəyirdi. İndi onlar atanın davranışdanmı, Qreqor kimi bir qonşu ilə yaşadıqlarını ağıllarına gətirmədiklərindənmi, həqiqətən, hirslənməyə başlayırdılar. Onlar atadan izahat istəyir, əl-qollarını ölçür, saqqallarını didişdirir və ağır-ağır öz otaqlarına çəkilirdilər. Çalğısını qəflətən kəsdikləri üçün çaşmış bacı, yavaş-yavaş özünə gəldi; o, skripkanı və yayı gücdən düşmüş əlində bir neçə an saxladı, çalmağa davam edirmiş kimi əvvəlki tək nota nəzər saldı, sonra birdən yerindən sıçradı, aləti ananın dizinin üstünə qoyub – ana hələ öz yerində oturmuşdu, dərindən nəfəs alırdı, elə bil boğulurdu, – qonşu otağa qaçdı, atanın təzyiqi altında kirayənişinlər tezliklə yan otağa yaxınlaşdılar. Bacının öyrəncəli əllərində yorğanların, pərqu balış və döşəklərin necə silkələnməyi görünürdü. Kirayənişinlər öz otaqlarına çatana qədər bacı yataqları düzəldib oradan çıxdı. İnad, görünür, atanı elə sarmışdı ki, o adicə nəzakəti unutdu, halbuki istənilən halda kirayənişinlərinə hörmət etməyə borclu idi. Ata onları sıxışdırdı, nəhayət, o dərəcəyə çatıd ki, otağın qapısında ortancıl kirayənişin ayaqlarını bərk-bərk yerə döydü və bununla atanı dayandırdı.

– İcazənizlə deyim ki, – o, əlini qaldırdı və həmçinin gözləri ilə ananı və bacını axtardı, – bu evdə, həm də bu ailədə hökm sürən mənfur qaydalara görə, – burada , qətiyyətlə döşəməyə tüpürdü – mən otaqdan qəti surətdə imtina edirəm. Biləsiniz ki, burada qaldığım günlər üçün bir qəpik də verməyəcəyəm, əksinə, istəyirəm sizə qarşı bir iddia irəli sürüm, özü də əmin ola bilərsiz ki, tam əsaslı bir iddia…

O susdu, diqqətlə qabağa baxdı, sanki nəsə gözləyirdi. Həqiqətən də hər iki dostu dərhal səslərini çıxartdılar.

– Biz də qəti surətdə imtina edirik.

Bundan sonra o, dəstəkdən yapışıb, qapını bərk çırpıb örtdü.

Ata əlini qabağa uzadıb səndələyə-səndələyə kreslosuna tərəf getdi və özünü onun üstünə saldı. İlk baxışda elə düşünmək olardı ki, o həmişə olduğu kimi, mürgüləmək üçün yerini rahatlayır, lakin başının silkələnməsindən bilmək olardı ki, yatmır. Qreqor kirayənişinlərin onu gördüyü yerdə hərəkətsiz uzanmışdı, planının uğursuzluğundan doğan məyusluq, bəlkə də, uzun müddət aclıqdan sonra əmələ gəlmiş zəiflik nəticəsində o, hərəkət qabiliyyətini tamam itirmişdi. Şübhə etmirdi ki, elə indicə hamının hiddəti, qəzəbi onun üstünə yağacaq; o, bunu gözləyirdi. Anasının titrəyən barmaqları arasından çıxan, dizi üstdən sürüşüb yerə düşən və boğuq səs çıxaran skripka da onu hürkütmədi.

Bacı hamının diqqətini cəlb etmək üçün əlini stola çırpdı.

– Mənim əzizlərim, daha belə yaşamaq olmaz. Bəlkə də, siz bunu başa düşmürsüz, amma mən başa düşürəm. Mən bu eybəcərin yanında qardaşımın adını çəkməyəcəyəm, təkcə onu deyəcəyəm: biz yaxamızı onun əlindən qurtarmağa çalışmalıyıq. Biz insan qüvvəsi daxilində olan hər şeyi etdik, onun qulluğunda olduq, məncə, bizi heç nədə məzəmmət etmək olmaz.

– Qız min dəfə haqlıdır, – ata astadan dedi.

Hələ də boğulmaqda olan ana əlini ağzına tutub öskürməyə başladı; onun gözləri dəli gözünə oxşayırdı.

Bacı ananın yanına tələsdi, başını əli ilə tutdu. Deyəsən, bacının sözlərindən sonra daha qəti bir fikrə gəlmiş ata kresloda dikəldi; o, şamdan sonra hələ də yığışdırılmamış boşqabların arasında olan furajkası ilə oynayır, hərdənbir yerində donub qalmış Qreqora baxırdı.

– Biz ondan yaxamızı qurtarmağa çalışmalıyıq, – deyə bacı təkcə ataya müraciət etdi, çünki ana öskürəkdən heç nə eşitmirdi – o, sizin hər ikinizi məhv edəcək görərsiniz. Bizim kimi ağır iş görən adamlar evdə belə işgəncəyə, məşəqqətə tab gətirə bilməzlər. Mən də artıq dözə bilmirəm.

O, hönkürtü ilə ağlamağa başladı, onun göz yaşları ananın yanaqlarına tökülür, qız onları qeyri-iradi silirdi.

– Mənim balam, – ata ürək yanğısı ilə soruşdu, – bəs nə edək?

Bacı əvvəlki qətiyyətinin əksinə olaraq ağladığı zaman ona hakim kəsilmiş çaşqınlıqla çiynini atdı.

Ata yarısual şəklində dedi:

– Əgər o bizi başa düşsəydi…

Bacı ağlamağına davam edərək, əlini yellətdi, bununla demək istəyirdi ki, bu barədə heç düşünməyə dəyməz.

– Əgər o bizi başa düşsəydi – deyə ata təkrar etdi, bunun mümkün olmadığı barədə bacının inamına şərik çıxaraq gözlərini yumdu – onda bəlkə də, onunla danışıb bir qərara gəlmək olardı. İndi isə…

– Qoy rədd olub, getsin! – bacı çığırdı. – bu, yeganə çıxış yoludur, ata. Sən yalnız bunun Qreqor olması fikrindən vaz keçməlisən. Bizim bədbəxtçiliyimiz də elə bundan ibarətdir ki, uzun müddət buna inanmışıq. O, haranın Qreqorudur? Əgər o Qreqor olsaydı, çoxdan başa düşərdi ki, adamlar belə heyvanla bir yerdə yaşaya bilməzlər. Və özü çıxıb gedərdi. O zaman bizim qardaşımız olmazdı, lakin bunun müqabilində biz əvvəlki kimi yaşaya bilər və onun xatirəsini əziz saxlardıq. Bəs gör bu heyvan bizi necə təqib edir, kirayənişinləri qovur, açıq-açığına bütün evi tutmaq, bizi küçəyə atmaq istəyir. Bir bax, ata, – qız qəflətən bağırdı, – o yenə öz işini görür!

Bacı Qreqora qətiyyən aydın olmayan dəhşət içərisində stuldan kənara sıçrayaraq anadan uzaqlaşdı, – sanki Qreqorla yanaşı olmaqdsansa, ananı qurban verməyi daha üstün tuturdu, – onun hərəkətindən təlaşa düşmüş ataya doğru getdi, ata qalxıb onu müdafiə etmək istəyirmiş kimi, qollarını qıza sarı uzatdı.

Lakin Qreqorun heç kəsi qorxutmaq fikri yox idi, o ki qala bacısı ola. O, öz otağına sürünmək üçün sadəcə olaraq dönməyə başlayırdı, bu isə dərhal nəzərə çarpdı, çünki vəziyyəti ağır olduğundan başı ilə özünə kömək etməli və başını fasiləsiz olaraq qaldırıb döşəməyə çırpmalı idi. O dayanıb geri baxdı. Deyəsən, onun xoş niyyətdə olduğu anlaşılmışdı, qorxu keçib getmişdi. İndi hamı ona səssiz-səmirsiz və kədərlə baxırdı. Ana qıçlarını uzadaraq stula yayxanmışdı, yorğun olduğu üçün onun gözləri demək olar ki, örtülü idi; ata ilə bacı yanaşı oturmuşdu, bacı atanın boynunu qucaqlamışdı.

“Yəqin mən daha dönə bilərəm” – deyə Qreqor düşündü və öz işini təzədən başladı.

O, gərginlikdən ləhləyir və tez-tez dincəlməyə məcbur olurdu. Heç kəs onu tələsdirmirdi, hər şey onun öhdəsinə buraxılmışdı. Nəhayət, dönüb qurtardıqdan sonra dərhal qabağa süründü. Otağlna qədər olan məsafəni görüb heyrət etdi, belə zəif ikən bu qədər məsafəni hiss etmədən necə sürünüb gəldiyini anlaya bilmədi. Yalnız sürünüb tezliklə otağına keçmək qeydinə qaldığından o hiss etmədi ki, validenylərin heç bir sözü, heç bir harayı artıq ona mane olmur. Ancaq qapıya çatanda başını döndərdi, o da tamam yox; çünki hiss etdi ki, boynu quruyur, amma yenə də arxa tərəfdə heç nəyin dəyişmədiyini, təkcə bacının ayağa durduğunu gördü. Onun son nəzəri tamam yatmış olan anaya düşdü.

Otağına keçən kimi qapı tələsik örtüldü, əvvəlcə siyirtmə ilə, sonra isə açarla bağlandı. Gözlənilmədən arxada qopan gurultu Qreqoru elə qorxutdu ki, onun ayaqları titrədi. Bu canfəşanlığı bacı göstərmişdi. O, hazır vəziyyətdə dayanıb, sonra yüngülcə qabağa atılmışdı, – Qreqor onun necə yaxınlaşdığını heç eşitməmişdi – və valideynlərə: “Canımız qurtardı!” deyib, açarı hərlətmişdi.

Qreqor qaranlıqda ətrafa nəzər saldı və öz-özündən soruşdu: “Bəs indi nə olsun?”. Çox çəkmədi gördü ki, artıq tərpənə bilmir. O, buna təəccüb etmədi, əksinə, indiyəqədr belə nazik ayaqlarla hərəkət etməsi ona qeyri-təbii göründü. Qalan işlər artıq vecinə deyildi. Doğrudur, bütün bədənində ağrı hiss edirdi, amma ona elə gəlirdi ki, bu ağrı getdikcə zəifləyir və axırda tamam keçib gedir. O artıq belindəki çürümüş almanın ətrafında əmələ gəlmiş və torla örtülmüş iltihabı demək olar, hiss etmirdi. O, öz ailəsi haqqında hörmətlə, məhəbbətlə düşünürdü. O da hiss edirdi ki, yox olmalıdır, bəlkə də bunu bacısından daha yaxşı başa düşürdü. O, bu təmiz və dinc fikirlərə dalmış vəziyyətdə qüllə saatı gecə üçü vurana qədər qaldı. Pəncərənin o tərəfində bayırda hər yer işıqlanmağa başlayanda o hələ sağ idi. sonra iradəsindən asılı olmayaraq başı tamam aşağı sallandı və son dəfə zəif-zəif köks ötürdü.

Səhər tezdən qulluqçu qadın gələndə – səs-küy salmamağı nə qədər xahiş edirdilərsə, bu yekəpər qadın tələsə-tələsə qapını elə çırpırdı ki, onun gəlişi ilə evdə dinc yuxu pozulurdu – həmişə olduğu kimi Qreqora baş çəkdi, əvvəlcə bir şey hiss etmədi, elə bildi ki, Qreqor özünü incikliyə vuraraq qəsdən hərəkətsiz uzanmışdı: onun məzəli olduğuna arvad şübhə etmirdi. Əlində təsadüfən uzun süpürgə olduğundan o, qapının yanında durub Qreqoru qıdıqlamaq istədi. Lakin bu, gözlənilən nəticəni vermədiyi üçün hirsləndi, Qreqoru yüngülcə itələdi, heç bir müqavimət görmədikdə diqqətini topladı, onu yerindən tərpətdi. Nə baş verdiyini əlüstü başa düşərək gözlərini bərəltdi, fit çaldı, amma ləngimədi, yataq otağının qapısına cumdu, bütün gücü ilə qaranlığa üz tutub bağırdı:

– Baxınız, o ölmüşdür, tamam gəbərmişdir!

İzdivac yatağında uzanmış, Zamzalar, qulluqçunun onların yanına gəlməsindən doğmuş qorxunu güc-bəla dəf etdikdən sonra onun dediyi sözlərin mənasını anladılar. Cənab və xanım Zamza bu mənanı anladıqdan sonra hərə öz tərəfindən cəld ayağa qalxdı, cnab Zamza yorğanı çiyninə aldı, xanım Zamza isə gecə köynəyində durdu, beləcə Qreqorun otağına daxil oldular. Bu vaxt qonaq otağının da qapısı açıldı, – (kirayənişinlər peyda olandan bəri Qreta orada yatırdı), – bacı yatmamış kimi tamam-kamal geynimişdi, elə rənginin qaçması da yatmadığına dəlalət edirdi.

– Ölüb? – deyə xanım Zamza sualedici nəzərlə qulluqçuya baxdı, halbuki özü bunu yoxlaya bilərdi, yaxud yoxlamadan da anlaya bilərdi.

– Elə bunu deyirəm də, – qulluqçu dediklərini isbata yetirmək üçün Qreqorun meyitini süpürgə ilə daha da kənara itələdi. Xanım Zamza elə bir hərəkət etdi ki, guya süpürgəni tutub saxlamaq istəyirdi, amma saxlamadı.

Cənab Zamza dedi:

– Bax, indi biz Allaha şükür edə bilərik.

O, xaç vurdu, qadınların üçü də onun kimi etdilər. Qreta gözlərini meyitdən çəkmədən dedi:

– Görün o, necə də arıqlamışdır. Axı o, çoxdandı bir şey yemirdi, nə yemək gətirirdiksə, heç yaxın durmurdu.

Qreqorun cəsədi, həqiqətən, tamam quruyub yastılaşmışdı, bu yalnız indi, ayaqlarının onu yerdə üzmədiyi, nəzərləri başqa heç nəyi cəlb etmədiyi zaman aydınca görünürdü. Xanım Zamza hüznlü bir təbəssümlə:

– Qreta, – dedi – bir dəqiqəliyə yanımıza gəl!

Qreta meyitdən nəzərini çəkmədən valideynlərinin arxasınca yataq otağına getdi. Qulluqçu qapını bağlayıb pəncərələri taybatay açdı. Obaşdan olsa da, təmiz hava artıq qızmışdı. Martın axırları idi.

Kirayənişinlər otaqlarından çıxdılar, səhər yeməyini görməyib heyrətləndilər: onları unutmuşdular.

Ortancıl, qaşqabağını töküb qulluqçudan soruşdu:

Lakin qulluqçu barmağını dodağının üstünə qoyub səsini çıxarmadan, başı ilə tələsik işarə etdi ki, Qreqorun otağına keçsinlər. Onlar içəri daxil oldular, əllərini köhnə pencəklərinin cibinə qoyub büsbütün, tamam işıqlanmış otaqda Qreqorun cənazəsini araya aldılar.

Bu an yataq otağının qapısı açıldı, cənab Zamza livreyada gəldi; bir tərəfdən arvadı, bir tərəfdən də qızı onun qoluna girmişdi. Hər üçünün gözü bir az nəm idi, Qreta ara-sıra üzünü atasının çiyninə söykəyirdi.

– Elə bu dəqiqə mənim evimi tərk edin!- cənab Zamza dilləndi; qadınlar hələ də onun qolundan yapışmışdılar.

– Siz nəyi nəzərdə tutursunuz?- ortancıl kirayənişin bir qədər pərt halda soruşdu və yaltaqcasına gülümsədi. O biri iki nəfər isə arxalarında çarpazladıqları əllərini fasiləsiz ovuşdururdular, sanki xeyirli nəticə verəcək böyük bir mübahisənin axırını gözləyirdilər.

– Mən elə dediyimi nəzərdə tuturam, – deyə cənab Zamzan cavab verib yanındakılarla bərabər kirayənişinə yaxınlaşdı.

Kirayənişin bir neçə saniyə döşəməyə baxa-baxa kirimişcə dayandı, sanki hər şeyi götür-qoy edirdi.

– Nə deyim, onda biz gedirik, – sonra o dillənib cənab Zamzaya elə baxdı ki, guya qəflətən sakitləşmiş bu adamdan getmək məsələsində razılıq almaq istəyirdi.

Cənab Zamza gözlərini bərəldərək bir neçə dəfə başını tərpətdi. Bundan sonra ortancıl kirayənişin, həqiqətən də, dərhal iri addımlarlam dəhlizə yönəldi, hər iki dostu ona qulaq asdılar, əllərini ovuşdurmaqdan vaz keçərək hoppana-hoppana onun dalınca düşdülər, sanki qorxurdular ki, cənab Zamza dəhlizə qabaqca çıxıb onları başçılarından ayırar. Hər üç kirayənişin asqıdan şlyapalarını aldılar, əl ağaclarını götürdülər, bir söz demədən baş əyib evdən çıxdılar. Göründüyü kimi, bir növ tamam əsassız etimadsızlıqla cənab Zamza hər iki qadınla pilləkən meydançasına çıxdı, onlar sürahiyə söykənərək kirayənişinlərin ağır-ağır, amma durmadan pillələri necə düşdüklərinə, hər mərtəbənin döngəsində necə gözdən itdiklərinə və bir az sonra yenə təzədən göründüklərinə baxdılar. Onlar aşağıya nə qədər çox düşürdülərsə, Zamzalar ailəsini bir o qədər az məşğul edirdilər, əvvəlcə onlarla üz-üzə gələn, sonra isə onlardan yuxarı qalxan, başında səbət, yanlarını basa-basa addımlayan qəssab şagirdini görəndə cənab Zamza və arvadlar qapının ağzını tərk edib, üstlərindən ağır yük götürülmüş kimi evə qayıtdılar.

Onlar bu günü istirahətə və gəzməyə həsr etməyi qərara aldılar. Onlar nəinki buna layiq idilər, hətta bu istirahət onlar üçün zəruri idi. buna görə də masa arxasında oturub izahat yazdılar. Cənab Zamza – öz müdiriyyətinə, xanım Zamza – öz iş verəninə, Qreta isə öz şefinə. Onlar yazdıqları zaman qulluqçu getmək istədiyini bildirmək üçün içəri daxil oldu; onun səhər işləri qurtarmışdı. Yazanlar əvvəlcə ona baxmadan başları ilə razılıqlarını bildirdilər, qulluqçu çıxıb getmək əvəzinə yerində durub qaldıqda, ona narazı nəzər saldılar.

– Nə durmusan? – cənab Zamza soruşdu.

Qulluqçu gülümsəyə-gülümsəyə qapıda elə bir görkəmlə dayanmışdı ki, elə bil ailəyə xoş bir xəbər vermək istəyridi, ancaq inadkar sorğu-suallardan sonra. Onun şlyapasındakı dik, cənab Zamzanı daima əsəbləşdirən dəvəquşu lələyi o tərəf bu tərəfə yırğalanırdı.

Qulluqçunun nisbətən az-maz hörmət bəslədiyi xanım Zamza soruşdu:

– Sizə nə lazımdır?

Qulluqçu xeyirxah gülüşdən boğula-boğula cavab verdi:

– Hə, onu necə yığışdırmaq barədə narahat olmayın. Hər şey öz qaydasındadır.

Xanım Zamza və qreta başlarını məktublarına doğru əydilər, sanki dalısını yazmaq niyyətində idilər; qulluqçunun hər şeyi müfəssəl danışmaq istədiyini görən cənab Zamza əlinin hərəkəti ilə qəti etirazını bildirdi. Qulluqçu ona danışmaq imkanı vermədiklərindən xatırladı ki, çox tələsir, açıq narazılıqla: “Salamat qalın!” – deyib döndü, qapını qəzəblə çırparaq getdi.

– Axşam o qovulacaqdır, – dedi, amma nə arvadından, nə də qızından cavab almadı, çünki qulluqçu onların yenicə əldə etdikləri dincliyi pozmuşdu. Onlar qalxıb pəncərənin qabağına gəldilər, qucaqlaşıb dayandılar. Cənab Zamza stulla bərabər onlara tərəf döndü və bir müddət sükut içində baxıb sonra səsləndi:

– Bura gəlin! Olub-keçənləri yaddan çıxarın! Heç olmasa, bir az da mənim fikrimi çəkin.

Qadınlar dərhal onun yanına tələsdilər, onu oxşayıb əzizlədilər və tez də məktublarını yazıb qurtardılar.

Sonra onlar neçə aydan bəri ilk dəfə üçü də bir yerdə evdən çıxdı, tramvaya minib şəhər kənarına getdilər. Onlardan başqa sərnişini olmayan vaqonu isti günəş şəfəqləri doldurmuşdu, onlar oturacaqlarda rahatca arxaya söykənərək gələcəl planları müzakirə edirdilər; belə baxanda bu planlar pis görünmürdü, çünki hər üçünün qulluğu çox yaxşı idi;indiyə kimi bu barədə bir-birindən hal-əhval tutmamışdılar, başlıcası isə – bu qulluq gələcək üçün çox şey vəd edirdi. Əlbəttə, mənzilin dəyişdirilməsi onların vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərdi; onlar Qreqorun tutduğu indiki mənzildən kiçik, rahat və daha ucuz, ümumiyyətlə, daha münasib mənzil tutmağı qərara aldılar. Bu barədə söhbət edərkən cənab Zamza və xanım Zamza getdikcə coşan qızlarına baxıb ikisi də eyni zamanda düşündülər ki, rəngini saraldan bütün dərd-qüssəyə baxmayaraq, qız bu son zamanlar qəşəngləşmiş, xalis gözələ çevrilmişdir. Onlar qeyri-iradi olaraq baxışdılar, qıza yaxşı ər tapmağın vaxtı çatdığı barədə düşündülər. Qız onların yeni arzularını və gözəl niyyətlərini təsdiq edirmiş kimi, səyahətlərinin axırına çatanda birinci olaraq ayağa qalxıb cavan qamətini düzəltdi.

Hazırladı: Fatimə Kərimli

Frans Kafka “Çevrilmə” PDF

“Gregor Samsa bir sabah yatağında sıxıntılı röyalarından ayıldığı zaman, özünü nəhəng bir ev böcəyinə çevrilmiş halda tapdı.”
Düşünün, bir səhər yuxudan oyanırsınız. Hər şeyin yenə bir öncəki gün olduğu kimi, standart davam edəcəyindən əminsiniz, amma birdən nələrinsə qaydasında olmadığının fərqinə varırsınız. Sizi narahat edən bir şey var. Oyandıqdan sonra yataqdan qalxmaq istəyirsiniz, amma bunu bacarmırsınız. Nə baş verdiyini anlamaq üçün ətrafa, öz bədəninizə göz gəzdirirsiniz. Elə bu vaxt gördüyünüz mənzərə qarşısında təəcübdən az qalır huşunuzu itirəsiniz! Yataqda uzanan, sizin bədəniniz deyil, bu, nəhəng bir ev böcəyidir!

1883 – 1924

Frans Kafka 3 iyul 1883-cü ildə Praqada anadan olub. 1901-ci ildə orta məktəbi bitirdikdən sonra Kafka yüksək qiymətlərə görə ailəsindən mükafat alır. Bu mükafat Helqoland və Norderneyə səyahət idi. Səyahət etdikdən sonra Karl-Ferdinand.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Frans Kafka “Çevrilmə” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Azərbaycanca.pdf

Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.

Kafkanın “Çevrilmə”-si və Kamyunun “Yad”-ında Absurd.

Alber Kamyunun “Yad”-ından və Franz Kafka-nın “Çevrilmə”-sindən edilən bu iki istinad ( hər ikisi də əsərlərin giriş cümlələridir), absurdizmin və absurd ədəbiyyatın ən vurucu misallarından ikisidir. “Yad”-dan edilən istinada görə, baş qəhraman Meursault, anasının ölümünə tamamən laqeyd və hissiz görünməktədir. Anasının ölüm xəbəri ilə əlaqəli ağlına ilişən şey isə, anasının bugünmü yoxsa dünənmi öldüyüdür (əslinə baxsaq, bu belə onu maraqlandırmır). “Çevrilmə”-nin giriş cümləsinə görə isə, baş qəhraman Gregor Samsa, bir səhər oyandıqda özünü tamamilə ağıla gəlməz, cəfəng bir halda tapır. Maraqlı olan isə, Gregor Samsanın bu yeni absurd hala anındaca adaptasiya olaraq, bir an öncə bu şəkildə həyatına davam etməyin yollarını axtarmağa çalışmağıdır.

Əslinə baxsaq, bu iki əsərdə keçən iki misal, absurdist fəlsəfəni iki fərqli bucaqdan ələ alır. “Yad”-ın Meursaut-sunun içində olduğu vəziyyət, bütünü ilə absurd olan dünyaya qarşı olan bir vecsizlik, bir laqeydlik halıdır. Meursault, qeyri-müəyyən bir fərqindəlik ilə, bütünü ilə hər şeyə laqeyd və hər şeyi anındaca qəbullanan bir fərdə çevrilmiş görünür. “Çevrilmə”-nin Gregor Samsası isə, bu absurdluqla şəxsən məşğul olan biridir. Onun üçün absurd, təkcə bir fikir olmaqla qalmayıb, içində olduğu halın ta özüdür.

Bununla bərabər, hər iki əsərdə də alt-mətn eynidir: Dünya bütünü ilə absurddur, dünyanın özündə bir məna yoxdur. Dünyada məna axtarışı isə əbəs bir səydir. Bu alt-mətn, iki fərqli əsərdə, iki fərqli yoldan verilir: Kamyunun “Yad”-ı, bu mənasızlığı və absurdu uzaqdan izləyən və ona qarşı vecsizlik, laqeydlik refleksi inkişaf etdirən bir əsər olaraq görünə bilər; Kafkanın “Çevrilmə”-si isə bizi bu mənasızlığın və absurdun birbaşa içinə salır, bir növ ona bulaşdırır. Absurda qarşı laqeyd qalmaq, “Çevrilmə” üçün çox da mümkün deyil, çünki artıq bütünü ilə onun içindəsiniz.

Baş qəhramanlar, Meursault və Gregor Samsa, tamamilə bir birindən fərqli iki personajdır. Gregor Samsa , (hər nə qədər onunla ilk tanışlığımız bir həşərat olaraq olsa da və onu insan ikən heç tanımamış olsaq da) absurd dünyaya fokuslanmış və onun çarxları içində sonsuza qədər dönüb dolaşan bir xarakterdədir (belə ki, həşərata çevriləndən sonra belə, işə getməyi, işləməyi ağlından keçirməkdədir). Mersault isə bütünü ilə absurd olan dünyaya qarşı, qeyri-müəyyən bir fərqindəlik halı ilə, biganəlik, laqeydlik və hissizlik inkişaf etdirmişdir. Ölüm belə onun üçün bir şey ifadə etmir, ölməklə yaşamaq arasında seçim etməz, ölmək ya da həyatda qalmaq onun üçün “fərq etməz”. Lakin Gregor Samsa, içində olduğu vəziyyətdən qurtulmaq və yaşamaq üçün çırpınan vəziyyətdədir. Hər nə qədər absurdun içinə batmiş olsa da, içinə girmiş olduğu bu absurdu adiləşdirmək və normallaşdırmaq üçün əlindən nə gəlirsə edir, absurdu qəbullanmaqdan qaçır.

İki əsər üçün də dəyişməz olan “absurd” fenomeninin özüdür. Fəqət personajların absurd ilə olan münasibəti fərqli qurulmuşdur. Gerçəkdə də bu belədir, hər insan absurd ilə bir cürə tanışdır, ancaq hamının onunla qurduğu münasibət fərqlidir. Kimisi Gregor Samsa kimi absurdu qəbullanmaz, dünyaya fokuslanar və onun içində qovrula-qovrula qalar. Kimisi isə Meursault-laşar, dünyaya qarşı laqeyd qalar, ona qarşı marağını itirər. Bu bucaqdan, “Yad”-ı və “Çevrilmə”-ni bir yerdə oxumaq bugün üçün olduqca mənalıdır…

Comments are closed, but trackbacks and pingbacks are open.