Fətəli xan xoyski istiqlal fədailəri
Amma bu sərt danışıq və ingilislərə qapını göstərən Xan Xoyskinin səsini tonu ingilis generalını yumşaldır. Xoyskinin Tomsonla apardığı diplomatik danışıqların nəticəsi özünü çox gözlətmədi. General Tomson dekabrın 29-da bəyanat verdi:
Fətəli Xan Xoyski haqqındakı gizlinlər
1920-ci ilin bu günündə Xoyski mənfur şəxslər tərəfindən qətlə yetirildi.
Xoyskinin Azərbaycan tarixindəki rolu danılmazdır. Ən böyük işlərindən biri də o zaman xüsusi nüfuza sahib olan ingilis generalı Tomsonu susdurması və Cümhuriyyəti ingilis hökumətinə müstəqil ərazi vahidi kimi tanıtmasıdır.
Tomson Fətəli xanla görüşündə Azərbaycan Cümhuriyyətini tanımadığını, müttəfiqi olan rusların torpağına gəldiyini söyləyir. Amma Cümhuriyyətin baş naziri belə bir dövlətin yarandığını, bunun Azərbaycan xalqının iradəsi olduğunu qeyd edir. Fətəli xan:
— Siz böyük bir millət, böyük imperiyasınız. Eyni zamanda mədəni bir millətsiniz. Bizim istiqlaliyyətimizi tanımalısınız.
General Tomson:
— Bu söylədikləriniz siyasi şeylərdir, iki dövlət arasında cərəyan edər. Halbuki mən bir əsgərəm!
Fətəli xan:
— Madam ki, siz əsgərsiniz, mən də istiqlaliyyətini elan etmiş Azərbaycan Cümhuriyyətinin baş naziriyəm. Biz sizi buraya dəvət etmədik. Sizdən ölkəmizi tərk etməyi tələb edirəm!
Tomson tərcüməçiyə müraciətlə:
— Baş nazir həzrətlərinə söyləyin ki, hər hansı bir hərbi qüvvəni çıxarmaq üçün hərbi qüvvəyə sahib olmaq gərək. Bildiyimə görə, qurduğunuz Cümhuriyyətin ordusu hələ qurulmayıb.
Fətəli xan tərcüməçiyə:
— General həzrətlərinə söyləyin ki, o yalnız hərbi birliyə malikdir. Ya xalq qüvvələrin nə olduğunu bilmir və ya hər xalqı Hindistan xalqı zənn edir. Biz Azərbaycan Türkləri istiqlaliyyətimizi elan etməmişdən öncə 100 minə qədər rus əsgərini xalq qüvvələrimizin gücü ilə süpürüb sərhədlərimizdən kənara atdıq. Əgər inad edərlərsə, bir ovuc ingilis əsgərini dənizə tökmək qəhrəman xalqımızın gücü ilə bir neçə saatlıq məsələdir. Ancaq biz nə onlardan pislik görmək, nə də onlara pislik etmək istəyirik.
Amma bu sərt danışıq və ingilislərə qapını göstərən Xan Xoyskinin səsini tonu ingilis generalını yumşaldır. Xoyskinin Tomsonla apardığı diplomatik danışıqların nəticəsi özünü çox gözlətmədi. General Tomson dekabrın 29-da bəyanat verdi:
”Xoyskinin rəhbərliyi altında koalisyon Azərbaycan hökuməti yaradıldığını nəzərə alıb, elan edirəm ki, İttifaq Komandanlığı tərəfindən bu hökumət Azərbaycanın bütün hüdudlarında yeganə yerli qanuni hakimiyyət kimi tamamilə müdafiə ediləcək.
Təəssüf ki, Azərbaycan Cümhuriyyətindən danışdıqda Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli kimi azsaylı insanların adlarını çəkməklə, onlar barəsində yazıları oxumaqla kifayətlənirik. Lakin heç onlar barəsində də bəzi lazımı bilgilər çox da araşdırılmayıb. Xüsusən də, ayrı –ayrı zamanlarda Cümhuriyyətin bütün yükünü çiyinlərinə alan baş nazirlər Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəylinin sirli qətlləri barəsində Azərbaycan mediasında o qədər də çox yazılara rast gəlinmir.
Anım günü münasibətilə Fətəli Xan haqqında daha iki maraqlı məqamı təqdim edirik.
1920-ci ilin aprelində Azərbaycanın Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra görkəmli dövlət qurucuları demək olar ki, ölkəni tərk etmək məcburiyyətində qaldılar. Məhəmməd Əmin Rəsulzadə Lahıcda gedib gizli həyat yaşamağa başladı. Fətəli Xan Xoyski, Həsən bəy Ağayev Azərbaycanı tərk etmək məcburiyyətində qaldılar. Çünki, onlar başa düşürdülər ki, ciddi cəza tədbirləri görüləcək. Belə bir zamanda Nəsib bəy Yusifbəyli də Azərbaycandn getməyə məcbur oldu. Amma onlar Gürcüstana gedirdilər.
Çünki, Gürcüstan hələ bolşeviklər tərəfindən işğal edilməmişdi. Onlar düşünürdülər ki, orada qalacaqlar və özlərinin siyasi fəaliyətlərini davam etdirəcəklər. Yenidən Azərbaycanın bütövlüyü üçün çalışacaqlar. Fətəli Xan Xoyski də bu istəklə Gürcüstana üz tutdu. Orada bir müddət qaldıqdan sonra bolşeviklər tərəfindən təqib edildi.
Xoyski erməni quldurları tərəfindən 1920-ci ilin iyun ayında qətlə yetirildi və Tiflis qəbirsanlığında Mirzə Fətəli Axundovun yanında dəfn olundu. Bir qədər keçdikdən sonra digər görkəmli xadim Həsən bəy Ağayev də eyni qaydada qətlə yetirildi.
Sonra Gürcüstana keçmək istəyən Nəsib bəy Yusifbəyli də eyni qaydada öldürüldü. Fətəli Xan Xoyski Azərbaycanın görkəmli dövlət xadimidir. Onun ailəsi də 1920-ci ildən sonra təqib olunurdu.
Xoyskinin qızı bolşevik Mirzə Davud Hüseynovun həyat yoldaşı idi. Mirzə Davud Hüseynov 1930-cu illərdə represiyaya uğradıqdan sonra Xoyskinin qızı Tamara xanımı 10 il müddətinə həbs etdilər”.
İkinci məqamı isə biz sizə təqdim edirik.
Fətəli xan Xoyski parlamentdən tariximizin ən uğurlu işlərindən birini – Paris Sülh Konfransında təsdiqlənməmizi elan etdi. Bu tarixi çıxışda hər şey var. Yaxşısı budur ki, oxuyaq:
1920-ci ilin yanvarı… İclas saat 12-yə 45 dəqiqə keçmiş açılır. Sədr iclası açaraq birinci sözü xarici işlər naziri Fətəli Xan Xoyski cənablarına verir. Fətəli Xan Xoyski — (alqışlar içərisində kürsüyi-xitabətə çıxır).
— Möhtərəm məbuslar! May ayının 28-də 1918-ci ildə Azərbaycan xalqı öz istiqlaliyyətini aləmə məlum etmişdi. Məlum etməklə onu özgə millətlər tərəfindən təsdiq etdirməyin çox qayəti vardır. İstiqlalını elan etdikdən sonra bir millət gərək cəmi aləmə göstərsin və isbat etsin ki, dörhəqiqət kəndisinin istiqlaliyyətə layiqi vardır. Bu surətdə onun istiqlalı təsdiq edilə bilər. Habelə bu bir il on ay müddətində Azərbaycan milləti öz həyatını, dolanacağını Avropaya, cəmi mədəniyyət aləminə məlum edib özünü öylə göstərdi ki, Avropa onun həqqini verməklə və istiqlalını təsdiq etməkə vadar oldu.
Əfəndilər! Sırağa gün Tiflisdən bizim Gürcüstanda olan nümayəndəmizdən bir teleqraf gəldi ki, məzmunu şöylədir.
Bu gün ingilis nümayəndəsi vürud olub məlum etdi ki, lord Kerzon sülh konfransında nümayəndələrə təklif etmiş ki, Azərbaycan və Gürcüstan istiqlaliyyətləri gərək təsdiq olunsun. Sülh konfrası nümayəndələri bu təklif mütəda qəbul etmişlər. Bu ayın 11-də olmuşdur. Lakin [xəbər] bizə sırağagün gəlib yetişdi. Bu xəbər bizdən ötrü böyük bayramdır. Bu yalnız bizim üçün deyil, ümumi türk milləti və ümumi türk aləmi üçün böyük bir bayramdır. Böylə bir günü dərk etmək üçün qeyri millətlər on illər ilə çalışmışlar. Biz isə onu az müddətdə bir il yarım içərisində qazandıq. Böylə az müddətdə istiqlaliyyətini alan bir millətin onu möhkəm saxlayacağına əminəm. Bu günki bayram münasibətilə sizi hökumət tərəfindən təbrik edirəm. Özümü artıq dərəcədə xoşbəxt hesab edirəm ki, istiqlaliyyətimizi elan edən zaman da hökumət başında mən idim. Və indidə təsdiqini sizə mən elan edirəm”.
Mənbə: azedu.az
- Teqlər:
- Fətəli Xan Xoyski
- , Fətəli Xan Xoyski haqqındakı gizlinlər
- , Azərbaycan Xalq Cümhuriyyəti dövrü
- , Azərbaycan Xalq Cümhuriyyəti
Fətəli xan xoyski istiqlal fədailəri
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru
Azərbaycan Cümhuriyyətinin liderlərindən və qurucularından, tanınmış dövlət xadimi Fətəli Xan Xoyski Cənubi Azərbaycanın Xoy şəhərindən olub, sonralar Şimali Azərbaycana – Şəkiyə köç etmiş məşhur xoyskilər nəslindəndir. 1890-cı illərdə Moskva Universitetinin hüquq fakültəsini bitirən Xoyski Gəncə, Kutaisi və Yekaterinodar (Krasnodar) dairə məhkəmələrində çalışmışdır. O, hüquqşünas kimi fəaliyət göstərdiyi dövrdə milli əməlləri ilə Qafqaz-Azərbaycan türklərinin böyük etimadını qazanmışdır. Bu etimadın nəticəsi də olaraq Fətəli xan 1907-ci ildə Gəncə Quberniyasından 2-ci Dövlət Dumasına deputat seçilmişdir.
O, Dövlət Dumasının iclaslarında «Müsəlman fraksiyası» adından dəfələrlə çıxış edərək çar Rusiyası əsarəti altında yaşayan müsəlmanların-türklərin milli haqq və hüquqlarını müdafiə etmişdir. Xüsusilə, Xoyski çar hökümətinin ucqarlardakı milli və dini ayrı-seçkilik ideologiyasına qarşı çıxmışdır. Bu mənada o, Rusiyada milli və dini ayrı-seçkiliklərə görə vətəndaşların siyasi və mülki hüquqlarını məhdudlaşdıran qanunların ləğvinə dair Dövlət Dumasına təqdim edilmiş qanun layihəsini imzalayanlar arasında olmuşdur. 2-ci Dövlət Duması buraxıldıqdan sonra (1907) Xoyski bir müddət Gəncədə andlı iclasçı kimi işləmiş, 1913-cü ildən etibarən isə eyni vəzifəni Bakıda həyata keçirmişdir.
Şübhəsiz, Xoyskinin həyatında 1917-1920-ci illər çox mühüm və önəmli yer tutur. Belə ki, 1917-ci ilin fevralında Rusiyada başlayan inqilab bütün imperiyada, o cümlədən Şimali Azərbaycanda da böyük bir dəyişikliklərə gətirib çıxartmışdır. Bu baxımdan Azərbaycan xalqının taleyini müəyyənləşdirmək yalnız çar Rusiyasının süqutu ilə mümkün deyildi. Bu zamanlarda ən vacib məsələlərdən biri də Azərbaycan türklərinin aydınlarının irəli çıxması və xalqı öz arxasınca apara bilməsi idi. Şübhəsiz, belə liderlərdən biri də Fətəli xan olmuşdu. Fevral inqilabından sonra aktiv siyasi fəaliyyətə başlayan Xoyski Milli Müsəlman Şurasının müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmiş, Ümumqafqaz müsəlmanların qurultayında iştirak etmişdir.
Məlum olduğu kimi, çar Rusiyası tamamilə süquta uğradıqdan sonra 1917-ci ilin noybarında Zaqafqaziya komissarlığı, 1918-ci ilin fevralında isə Zaşafqaziya seymi yaranmışdır. Həmin seymin tərkibinə seçilən 44 müsəlman-türk fraksiyasının üzvülərindən biri də Fətəli xan idi. Seym Zaqafqaziyanın müstəqilliyini elan etdikdən sonra onun ədliyyə naziri olan Xoyski daima Qafqaz birliyinin tərəfdarı olmuşdu. Gürcüstan Seymdən çıxmaq arzusunu bəyan edəndə bu məsələyə münasibət bildirən Xoyski demişdir: «Zaqafqaziya xalqları ümumi mənafelərinə görə bir-birləri ilə elə sıx bağlıdırlar ki, onların ayrılması asan olmayacaqdır. Əgər ayrılmaq gürcü xalqının iradəsidirsə, bizim ona mane olmağa heç bir haqqımız yoxdur. Əlbəttə, belə bir şəraitdə Azərbaycan türklərinə də müvafiq qərar qəbul etməkdən başqa yol qalmır».
Zaqafqaziya seymi dağıldıqdan sonra mayın mayın 27-də müsəlman-türk fraksiyası Tiflisdə bir araya gələrək Azərbaycan Milli Şurasını yaratdılar ki, onların sıralarında Fətəli Xan da var idi. Həmin iclasda Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri, Xoyski isə İcraiyyə Komitəsinin rəhbəri seçilmişdir. Mayın 28-də Milli Şuranın ilk iclasında Azərbaycan Cümhuriyyətinin müstəqidiyiyi bəyan olunmuş və müstəqil dövlətin ilk baş naziri vəzifəsinə bütün şura üzvlərinin yekdil səsi ilə Fətəli xan gətirilmişdir.
Xoyski Azərbaycan Cümhuriyyətinin baş naziri olduğu illərdə onu ləyaqət və şərəflə təmsil etmişdir. Doğrudur, onun dövründə Azərbaycan üçün xoşagəlməz bir neçə hadisə də baş vermişdir. Həmin hadisələrdən biri də İrəvanın ermənilərə güzəştə gedilməsidir. Belə ki, 1918-ci il mayın 29-da Tiflisdə keçirilən Azərbaycan Milli Şurasının növbəti iclasında Xoyski şura üzvlərinin Azərbaycan və Erməni federasiyası ərazilərinin sərhədləri məsələsinə dair erməni milli şurası ilə apardıqları danışıqlar barədə məlumat vermişdi. Tarixi mənbələ görə, Xoyski məruzəsini Erməni federasiyasının yaradılması üçün onlara siyasi mərkəz lazım olduğunu, Aleksandropolun (Gümrü) Türkiyəyə keçməsindən sonra belə mərkəzin yalnız İrəvan ola biləcəyi haqqında məlumat verdikdən sonra İrəvanın ermənilərə güzəştə gedilməsinin zəruri olduğunu bildirmişdir. Həmin iclasda Azərbacan Milli Şurası İrəvanın Ermənistana güzəştə gedilməsi haqqında qərar qəbul etmişdir. Elə həmin gün (1918, 29 may) baş nazir Xoyski xarici işlər naziri M.H.Hacınskiyə rus dilində ünvanladığı məktubunda İrəvanın Ermənistana güzəştə gedilməsi ilə bağlı qismində yazırdı: «Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onalara güzəştə getdik».
Fikrimizcə, İrəvanın ermənilərə güzəştə gedilməsi indiki şəraitdə ciddi siyasi səhv sayılsa da, həmin dövrdə Azərbaycan Cümhuriyyətinin liderlərinin, o cümlədən Xoyskinin bunu etməmək üçün böyük imkanları olmamışdır. Onlar bu addımı atdıqları dövrdə Azərbaycan Cümhuriyyətinin bir əsgəri belə yox idi. Üstəlik, Azərbaycanın Bakı kimi mühüm sənaye və siyasi mərkəzi də başda olmaqla şərq hissəsi rus-erməni birləşmələrinin nəzarəti altında olduğu bir dövrdə, Azərbaycan Milli Şurasının erməni milli şurasının bu təklifi qarşısında dirənməsi vəziyyəti daha da gərginləşdirə bilərdi. Bunu, arxalarında bir sıra beynləxlaq qüvvələrlə yanaşı Sovet Rusiyasının dayandığı erməni milli şurası da yaxşı anlamış, məhz Azərbaycan üçün son dərəcə əlverişsiz bir şəraitdə İrəvanı onlardan istəmişdilər. Bunu, Fətəli xan parlamentdəki ilk çıxışında da dolayısıyla etiraf etmişdi: «Hökumətimiz öylə bir zamada təşəkkül etmişdi ki, bir kənddən o biri kəndə getmək qorxulu idi. Gecə yatanda sabaha çıxmaq ümidi yox idi. Heç kəsin irzi, namusu, canı, mali əmniyyətdə deyildi… İdarələrin adı var isə də, özü yox idi. Hərə başına beş-on addam yığıb bir hökumət, bir qanun düzəltmiş idi. Güclü olanlar özünü ağa hesab edirlərdi».
Hər halda, heç bir əskəri qüvvətə malik olmayan Milli Şura ondan fərqli durumda olan, yəni bir tərəfdə Azərbaycaın şərq hissəsində faktiki hakimiyyətə malik olan S.Şaumyanın başçılıq etdiyi bolşevik-daşnaklara, digər tərəfdən Azərbaycanın qərb hissəsində İrəvan, Naxçıvan və ona yaxın ərazilərdə işğalçılıqla məşğul olan Andranikin quldur qüvvələrinə qarşı çıxmaq üçün ciddi əsgəri qüvvəyə ehtiyacı var idi. Belə bir yeganə ümid yeri isə Türkiyə idi. Xoyski də bunu etiraf edirdi: «Daxili işlər böylə ikən Azərbaycan istiqlalı elan edilmişsə də, heç bir hökumət tərəfindən təsdiq edilməmişdi. O zaman bütün Azərbaycan tərəfindən seçilmiş Milli Komitə bu hökuməti təyin edib idarə işlərini ona tapşırdı. Məni rəis seçərək idarəyə başladıq. Türkiyə ilə sülh əhdinaməsi tezliklə bağlandı. Bununla bərabər hökumət qanun və qayda barəsində aciz idi. Zira heç bir tədbir qüvvəmiz və silahımız yox idi. Aşkar hökumət təşkil etməyə məcbur idik, lakin bunu da edə bilməzdik. Ona görə bir qüvvəyə lüzum görürdük, sülh müzakirəsi vaxtı türklərdən bir qədər əsgər almaq iltizam edildi… Bu təklif ilə başqasına müraciət etmək mümkün deyil idi. İstəsək də bir fayda olmaz idi. Türkiyə həm dindaşımız, həm də millətdaşımız idi».
Fikrimizcə, bəlkə Azərbaycan və Osmanlı imperiyası arasında hərbi əməkdaşlıqla bağlı Batum müqaviləsi iyunun 4-dən öncə imzalansaydı, məsələ bir qədər fərqli ola bilərdi. Ancaq bu da, faktiki mümkün deyildi. Belə ki, Gürcüstanın Zaqafqaziya seymindən çıxıb müstəqilliyini elan etməsi (26 may), bunun ardınca erməni milli şurasının İrəvanı Azərbaycan Milli Şurasından istəməsi (28 may) müəyyən qədər də olsa, onlar üçün bir tərəfdən gözlənilməz olmuş və hazırlıqsız vəziyyətdə yaxalanmış, digər tərəfdən Xoyskinin təbrincə desək: «Bu xüsusda çox sözlər ola bilər. Fəqət vaxta baxıb tərəziyə qoyulmalıdır ki, bu işləri hansı hökumət və nə vaxt etmişdir? Tarixi, sabiqəsi, əskər və xəzinəsi olan hökumətmi? Yoxsa iki gündə təşkil olunmuş pulsuz və əskərsiz hökumətmi?».
Bu mənada Milli Şuranın o cümlədən, Fətəli xanın rəhbərlik etdiyi ilk hökumətin böyük uğurları ilə yanaşı, onların iradəsinin zidd olan, ancaq məcburiyyət qarşısında «İrəvanın ermənilərə güzəştə gedilməsi» kimi bəzi uğursuzluqları da olmuşdur. Ancaq bu məsələ də o da nəzərə alınmalıdır ki, Milli Şura üzvləri müəyyən şərtlərlə – ermənilərin İrəvan, Naxçıvan və digər ərazilərmizdən iddialarını əl çəkməsi və müharibəni dayandırması halında belə bir güzəştə getmişdir. Ermənilərin buna əməl etməyəcəyi təqdirdə isə Milli Şuranın həmin qərarı qüvvədən düşmüş hesab olunacaqdı.
Hər halda, Fətəli xan Xoyski və onun silahdaşları (M.Ə.Rəsulzadə, N.Yusifbəyli və b.) həmin dövrdə Azərbaycan xalqı, Azərbaycan dövləti üçün mümkün olan nə var idisə, onu da etdilər. Bununla da onlar müəyyən uğursuzluqlara baxmayaraq adlarını tarixin qızıl səhifəsinə yazdılar. Şübhəsiz, bunların arasında ən alisi Azərbaycan Cümhuriyyyətinin istiqlalı idi. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin ilk təsis iclasında Fətəli Xan Xoyski bununla bağlı çıxışında deyirdi: «Bugünkü gün Azərbaycan üçün böyük əziz mübarək gündür ki, yuxumuzda görməzdik, əqlimizə gəlməzdi». Xoyskinin çıxışının ana məzmunu o idi ki, Azərbaycan xalqı artıq milli bayrağı, milli ordusu, milli dili, milli demokratiyası və sair olan müstəqil bir dövlətdir: «Qüvvəmiz qədər vəzifəmizi ifa etdik. Hələ çox şey edə bilməmişik, amma bunu cürətlə deyə bilərəm ki, hökumətin nöqsanları ilə bərabər yol göstərən işıqlı ulduzu bu şüar olmuşdur: Millətin Hüququ, İstiqlalı, Hürriyyəti».
Xoyski parlamentdəki çıxışlarında Azərbaycanda milli-dini ayrı-seçkiliyin olmamasını dəfələrlə bəyan etmişdir. O deyirdi ki, Azərbaycandakı müsəlman türk milləti heç bir zaman bu Vətənə özlərini tək övlad kimi görməyiblər. Yəni Azərbaycan Cümhuriyyəti bütün millətlər, etnoslar üçün Vətəndir və onların bütün hüquqları və azadlıqları qorunur. Ona görə də, Azərbaycanın əsas sütunu olan türklər deyil, bütün etnoslar Milli İstiqlalı daima qorumalı və müdafiə etməlidirlər: «Hökumətin qabağında mühüm bir məsələ var isə də, o da istiqlaliyyət məsələsidir. Bizim birinci məsələmiz budur. Buna diqqət edəcəyiz. Sizlərdə buraya hər bir yerdən gəlmiş olduğunuz onu göstərir ki, bu istiqlaliyyət tək adamların dediyi olmayıb, bütün millətin xahişidir. Bir yerdə millətin xahişi olsa və o yerdə çalışsa, o millət azad olsa öz məqsədinə çatacaqdır».
Qeyd edək ki, bu qeyrətli Azərbaycan türk oğlu 1920-ci il yanvarın 11-də Azərbaycan Cümhuriyyətinin Paris sülh konfransının iştirakçı dövlətləri (Fransa, İngiltərə, ABŞ və b.) tanınmasını böyük sevinclə qarşılamış və bununla bağlı parlamentdəki çıxışında demişdir: «Bu yalnız bizim üçün deyil, ümum türk miləlti və türk aləmi üçün böyük bir bayramdır. Böylə bir günü dərk etmək üçün qeyri-millətlər on illərlə çalışmışlar. Biz isə onu az müddətdə bir il yarım içərisində qazandıq. Böylə az müddətdə istiqlaliyyətini alan bir millətin onu möhkəm saxlaycağına əminəm».
Fətəli xan Azərbaycan Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Gürcüstana-Tiflisə getmişdir. Tiflisdə isə o, erməni daşnakları tərəfindən şəhid edilmişdi. Azərbaycan türk millətinin, Azərbaycan Cümhuriyyətinin böyük şəhid oğullarından biri olan Xoyskinin məzarı Tiflisdədir. O, yalnız Azərbaycan Cümhuriyyətinin ilk baş naziri kimi deyil, həm də şəhid baş naziri kimi də tarixə adını yazdırmışdır. Bu mənada hesab edirik ki, onun bu gün Azərbaycanın ən böyük şəhərlərində (Bakı, Gəncə, Şəki və b.) və həmin şəhərlərin ən görkəmli yerlərində abidəsi ucaldılmalıdır.
Fətəli xan Xoyskinin qardaşı nəvəsi: “Mürtəza Məmmədova Bülbül adını nənəm verib” – MÜSAHİBƏ
Fətəli xan Xoyskinin qardaşı nəvəsi: “Mürtəza Məmmədova Bülbül adını nənəm verib” – MÜSAHİBƏ Leyla xan Xoyski: “AXC-nin yaradılmasının yüzüncü ildönümü münasibətilə arxivimizi Azərbaycana təhvil verməklə bağlı təklifi qəbul etmişəm”
7 Sentyabr , 2017 17:22
https://static.report.az/photo/4e5255d2-559a-4a26-bd38-20c3b15e86b8.jpg
İstanbul. 7 sentyabr. REPORT.AZ/ Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk baş naziri olan, daxili işlər, hərbi, ədliyyə və xarici işlər nazirlər vəzifəsində çalışan Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi Leyla xan Xoyskinin “Report”un Türkiyə bürosuna müsahibəsi. – Leyla xanım, Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra ata-ananızın nəsli üçün çox çətin olub, bəziləri qətlə yetirilib, bəziləri isə müxtəlif ölkələrə mühacirət ediblər. – Düzdür, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 1920-ci ildə bolşeviklər tərəfindən süquta uğradıldıqdan sonra bizim ailəmiz də Türkiyəyə mühacirət etmək məcburiyyətində qaldı. Həmin insanların həyatları bir nağıl, romandır. Onlar hər an Vətənlərinə qayıdacaqları həsrəti ilə yaşadılar. Anam deyirdi ki, hər gün səhər açılanda növbəti səhəri geri dönəcəyimizi düşünürdük. Onları Türkiyəyə gəldikləri il Azərbaycana geri qayıdacaqlarını düşündüklərindən qış üçün odun tədarükü də görməyiblər. Babam, Fətəli xan Xoyskinin böyük qardaşı Hüseynqulu xan Xoyski Azərbaycan Xalq Cümhuriyyətinin ordu zabiti, Gəncə alayında briqada komandiri, Gəncə üsyanının başçısı Cahangir bəy Kazımbəyli ilə birlikdə atla sərhədi keçərək Türkiyəyə gəliblər. Anamın ailəsi isə 1933-1935-ci illərdə Gürcüstandan keçərək dəniz yolu ilə Türkiyəyə mühacirət ediblər. Onlar əvvəlcə Sultanahmetdə gözəl bir ev kirayələyirlər, hətta evlərində iki qulluqçu da varmış. Ancaq sonradan qulluqçuların sayı birə enib, daha sonra isə hər işi özləri görməyə başlayıblar. Şirinbəyim nənəm danışardı ki, onlara Gəncədən qaçmaqda qulluqçulları kömək edib. Onlar gecə açarları verdikdən sonra nənəm qaranlıqda otağa girərək kəlağayıya bir az qızıl-zinət əşyaları qoyaraq qaçıblar. Məhz həmin qızıllarla Türkiyədə 12 il işləmədən yaşaya biliblər. Hər gün evimiz azərbaycanlı qonaqlarla dolu olurdu. Ana babam Adil xan Ziyadxan universitetdə rus dilindən dərs deyirdi. Ata babam Hüseynqulu xan Xoyski isə evdə otururdu, daha çox siyasətlə məşğul olurdu. Onlar daima Azərbaycana dönmək üçün planlar hazırlayırdılar. Mən babamda olan Vətən sevgisini heç kimdə görmədim. Bəzən saatlarla uşaq kimi ağlayırdı. O, həmişə öləcəyini və Vətəninə gedə bilməyəcəyini deyirdi. Məktub yox, telefon yox, xəbər yox. Həmin illəri çox yaxşı xatırlayıram və onların çəkdiyi əzabları sözlə ifadə edə bilmirəm. Babam Hüseynqulu xan toplantılarda Türkiyənin tanınmış şairi Tefvik Fikretin “Millet şarkısı”ndan ən çox bu misraları səsləndirərmiş: Zulmün topu var, güllesi var, kal’ası varsa, Hakkın da bükülmez kolu, dönmez yüzü vardır. Digər babam Adil xan isə nəvələrinə Azərbaycanın bu atalar sözünü və Aşıq Abbas Tufarqanlının “Bəyənməz” qoşmasının aşağıdakı misralarını öyrədib: Keçmə namərd körpüsündən qoy aparsın sel səni, Yatma tülkü yuvasında qoy yesin aslan səni. *** Adam var ki, adamların naxşıdı, Adam var ki, heyvan ondan yaxşıdı. Adam var ki, dindirəndə “can” deyir, Adam var ki, dindirməsən yaxşıdı. Hər il mayın 28-də evimizdə böyük bayram şənliyi təşkil olunurdu, Azərbaycan musiqiləri səsləndirilir, rəqsləri ifa edilirdi. Bəzən İstanbulda Bəyoğlunda, bəzən evlərdə, bəzən də müxtəlif məkanlarda 28 May – Respublika Gününü qeyd edirdilər. Bütün azərbaycanlılar bir yerə toplanardı, çox gözəl birlik vardı. Onlar tez-tez Azərbaycan günləri təşkil edirdilər və hər kəs bir yerə toplanırdı. Hər gün birinin evinə gedərdilər. Onların xəyallarında sadəcə Azərbaycana qayıtmaq var idi. Xatırlayıram, bir dəfə Zeynəb Xanlarova İstanbula gəlmişdi. İnanın, elə bilirdilər Azərbaycandan bir hava gəlib. Açıq havada konsert proqramı oldu, hər kəs oradaydı. “Arşın mal alan”, “O olmasın, bu olsun” və s. teatr tamaşalarını burada hazırlayırdılar. Bir sözlə, onların Azərbaycanla bağları heç vaxt qırılmadı. Həsrət cəmi 70 il sürdü və Azərbaycan təkrar müstəqilliyinə qovuşdu. Həmin günü sadəcə anam görə bildi. 1994-cü ildə Azərbaycandan bir qrup jurnalist bizə gəlmişdi, anam sevincindən hönkür-hönkür ağlayırdı. – Bir az da ailəniz haqqında məlumat verərdiniz. Anamla atam uşaqlıqdan bir yerdə böyüyüblər, çünki qohum olublar. Anam Ziyadxan, atam da Xoyskilər kimi böyük nəslin nümayəndəsi idi. Atam İsgəndər xan Xoyski Azərbaycanda gimnaziya bitirmişdi, İstanbulda hüquq fakültəsindən məzun olub, universitetdə işləyirdi. Anam Mahrux bəyim Ziyadxan 1930-cu ildə atamla həyatı qurmaq üçün İrandan Türkiyəyə mühacirət edib. O, rus, ingilis və fars dillərini mükəmməl bilirdi. Anam kübar xanım, evdar qadın idi, pianinoda çox gözəl ifa edirdi. Mənə də pianinoda ifa etməyi öyrədib. Anam danışırdı ki, İstanbulun Florya sahillərində öz rəfiqələri ilə dənizə girərmişlər və hər kəs da onlara heyranlıqla baxarmış. Çünki həmin dövrlərdə İstanbulda qadınlar çimərlik geyimlərində dənizə girmirdilər. Atamgil 4 qardaş olub. Valiyə bibim Azərbaycan Xalq Cümhuriyyətinin ordu zabiti Cahangir bəy Kazımbəyli ilə ailə həyata qurub, sonradan Varşavaya köçür və orada yaşayırlar. Digər bibim Sima xan Xoyski isə əslən Gəncə şəhərindən olan, vaxtilə Türkiyəyə mühacirət etmiş Hacıbaba Gəncəlinin oğlu Məhmətəli Məhmətzadə ilə ailə həyatı qurub, İstanbulda yaşayıblar. Əmim Zahid xan Xoyski ABŞ-a köçüb, orada da dünyasını dəyişib, hazırda övladları və nəvələri Birləşmiş Ştatlarda yaşayırlar. Anamgil 5 bacı olub, hamısı Amerika kollecini bitiriblər. Ana nənəm Reyhanət Həsən ağa qızı Bakıxan Bakı xanının yeganə qızı olub. Xalamın biri Mələk Məmmədzadə ABŞ-da yaşayıb, orada vəfat edib. Mən 1930-cu ildə anadan olmuşam, indi 87 yaşım var. Qardaşım İbrahim isə 1932-ci ildə doğulub. Hər ikimiz də ən yaxşı məktəblərdə oxuduq. İstanbulda Cahangirdə qalırdıq, uzun müddət kirayələrdə yaşadıq, daha sonra həmin səmtdən ev aldıq. Həmin ev indi də durur, boğaza gözəl mənzərəsi var. Azərbaycanlıların əksəriyyəti o vaxtlar İstanbulun Laləli səmtində qalırdı. Biz tez-tez həmvətənlərimizin evlərinə qonaq gedərdik. Uşaqlığımız II Dünya müharibəsinə təsadüf etdi. Mən riyaziyyat müəllimi, qardaşım isə memar oldu. Çox maddi sıxıntı çəkdik. Azərbaycandan gətirdiyimiz bütün qızıl-zinət əşyalarını satdıq. Ancaq evimizdən heç vaxt qonaq əksik olmadı. 30 yaşımda köklü ailələrdən olan Nağı Şeyxzamanlının oğlu Yavuz bəylə ailə həyatı qurmuşam. Yavuz bəy İstanbulda Kapalıçarşıda antik əşyalar satırdı. Ana-atam azərbaycanlı ilə ailə qurmağımı istəyirdi. Yavuz mənim uşaqlıq dostum idi, onların evlərinə qonaq gedirdik. Yavuzun anası deyirdi ki, səni onunla evləndirəcəyəm, mən də gülürdüm. Mən müəllim işləyirdim, Yavuzun ailəsi elçiliyə gəldi. Ancaq ailəm əvvəlcə “yox” dedi, ancaq sonra yenə də elçiliyə gəldilər, beləcə biz ailə həyatı qurduq. Övladımız olmadı. Hətta qardaşımın da övladı olmadı. Ancaq buna görə təəssüflənmirəm. Çünki ətrafım hər zaman gözəl insanlarla doluydu. Ona görə də heç vaxt özümü övladsız hiss etmədim. Tələbələrim, oxutduğum uşaqlar indi də məni tək buraxmırlar. Həyat yoldaşım vəfat etdi, çox şükür yenə də tək deyiləm. Xoşbəxt insanam, gözəl həyat yaşamışam. Gənclik çox gözəldir, gərək dəyərini anlayasınız. Həyat gözəldir, çətinlikləri var, ancaq iman gücü ilə Allaha güvənincə hər zaman yolları açıq edir. Yaşlanmaq insan övladına xas fizioloji xüsusiyyətdir, bundan qaçış yoxdur, qəbul edəcəksən və hər şeyə şükür edəcəksən. Mənim ailələrim dəbdəbəli həyatlarından gələrək sıxıntılar içində yaşadılar, ancaq bir gün belə şikayət etmədilər. – Ana babanız Adil xan Ziyadxan Azərbaycanın İrandakı səfiri olub. – Bəli, AXC qurulduqdan sonra Fətəli xan Xoyski Adil xan Ziyadxanı fars dilini mükəmməl bildiyi üçün İrana səfir olaraq göndərdi. Həmin vaxt Adil xan Ziyadxan da 4 dostun dizayn edərək hazırladığı Azərbaycan bayrağını da özü ilə aparmışdı. AXC süquta uğradıqdan sonra həmin bayraq evimizə gətirildi və divarımızdan asılmışdı. Bilirsiniz, həmin bayraq bizim üçün nə qədər dəyərli, müqəddəs, toxunulmazdı?! Evimizdə yuxarı başda asılmışdı, xalalarım da bayrağın ətrafına qızıl pullar tikmişdilər, kəpənək formasında ortadan büzmüşdülər. Pianinonun üstündə çox gözəl bir görüntü yaratmışdı. O, Azərbaycanın ilk bayrağı idi. Ancaq həmin evdən daşınarkən bayrağı itirdik, ya da oğurladılar. Biz bayraq eşqi, sevgisi ilə böyüdük. İndi Bakıda dünyanın ən böyük bayraq dirəyi Azərbaycanın üçrəngli bayrağını səmalarda dalğalandırır. Bax, mənim üçün ən böyük qürur, xoşbəxtlik budur. – Ailənizlə bağlı hansı yaddaqalan xatirələriniz var? – Anam danışırdı ki, Ənvər paşa və Nuri paşa evimizdə qonaq olublar, hətta qalıblar da. Gəncədə Fətəli xanın həyat yoldaşı da bizimlə yaşayırmış. Gəncədə bağın içində babamgilin böyük bir evi olub. Əvvəlcə məktəb olub, sonra isə söküblər. Bir də anamgilin evi vardı, indi həmin ev Gəncə Tarix-diyarşünaslıq müzeyidir. Mən görməmişəm, ancaq qardaşım Gəncəyə gedərək ziyarət etdi. Çox böyük binadır, köşkdür, buradakı “Daş qışlası”na bənzəyir. Gəncədə məkhəmə binasının qarşısında yerləşirmiş. Fətəli xanın milliyyətcə rus olan həyat yoldaşı Yevgeniya Vasilyevna (sonradan İslam dinini qəbul edərək adını Ceyran xanım olaraq dəyişdirib) çox gözəl yeməklər bişirərmiş. Atam deyirdi ki, bağda oynayarmışlar. O isə rus dilində “Murad, İsgəndər, yemək hazırdı, gəlin” deyə səslənərmiş. Şirinbəyim nənəmin övladlığa götürdüyü Sənəm adlı bir qız varmış. Bu qız bir oğlana aşiq olur. Həmin oğlan da hər gün bizim bağda ağacların üstünə çıxaraq mahnı oxuyurmuş. Məgər həmin oğlan da Polad Bülbüloğlunun atası Mürtəza Məmmədov imiş. Məhz Mürtəza Məmmədova da Bülbül adını nənəm verib. Həmin vaxt onun 18 yaşı varmış, nənəm də Sənəmi “ay qız Bülbül oxuyur” deyə səsləyirmiş. Mən Bülbüloğlunu tanımıram, ancaq yəqin bu hekayə ona da maraqlı gələr. – Leyla xanım, qardaşınızın dədə-baba yurdlarınızı ziyarət etdiyini bildirdiniz. Bəs siz niyə indiyədək Azərbaycana getməmisiniz? – Mənim təyyarədə səfər etməklə bağlı qorxum var. Ona görə də indiyədək təyyarəyə minməmişəm. Çünki bununla bağlı acı hekayəm var. Belə ki, 1947-ci ildə ailəsi ilə birgə İtaliyada yaşayan Valiyə bibim təyyarə qəzasında həlak oldu. O, II Dünya müharibəsi başa çatdıqdan sonra bizi ziyarət üçün İstanbula gəlmişdi, İtaliyaya qayıdan zaman təyyarə Yunanıstanda dağa çırpıldı, qəzada xeyli sayda insan həlak oldu. Şirinbəyim nənəm teleqraf gələndə özünü pəncərədən atmaq istədi. Mən də arıq bir qız idi, ancaq nənəmi qucağıma alıb necə geriyə doğru çəkmişəmsə, nəticədə halım pisləşdiyindən müvazinətimi itirmişəm. Həmin gün çox qorxmuşdum və bu hadisədən sonra təyyarəyə qarşı fobiyam var. Düzdür, çox cəsuram, qorxaq insan deyiləm, ancaq qəzadan sonra məndə psixoloji olaraq çox böyük qorxu yarandı. Valiyə bibimin üç övladı var idi, hər üçü də vəfat etdi. Bu səbəbdən Azərbaycana gedə bilmədim, ancaq qardaşım getdi. Vətəndən torpaq gətirdi, ata-anamın qəbirlərinə səpdik. Babam hər zaman deyirdi ki, ay Leyla azərbaycanlının qüsuru olmaz, azərbaycanlılar qüsursuzdur. Bunu yaddaşıma həkk etmişəm. Mənə elə gəlir ki, azərbaycanlılar heç vaxt səhv etməzlər, qüsursuzdurlar. Mən də Azərbaycanı çox sevirəm, ora mənim digər parçamdır. Ancaq onların həsrəti başqa idi. Hamınızın başım üstündə yeri var. Mənim qapım hər zaman azərbaycanlılara açıqdır. Azərbaycanın müstəqilliyinin daimi olması üçün hər gün dua edirəm. Mənə Bakının, Gəncənin şəkillərini göstəriblər. Hündür binalar, işıqlı və təmiz küçələr, parklara, yollara heyran qaldım. Çox xoşuma gəldi, çox. Mən azərbaycanlılara heyranam. Rəsmin, sənətin, musiqinin gözəl olduğu ikinci belə ölkə yoxdur. Azərbaycanlı olduğum üçün qürur duyuram. – Ata-ananızın dostları ilə necə əlaqələriniz qalıbmı? – Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun qızı Sara xanım Sultanoğlu anamın yaxın dost idi, tez-tez bizim evə gəlir, saatlarla söhbət edirdilər. Anam deyir ki, onlar Fransadan Türkiyəyə gəlmişdilər. Onun qızı, yəni Əlimərdan bəy Topçubaşovun nəvəsi Gülnara Kurdemir ilə uşaqlığımız bir keçib. Sonra Gülnara xanım müəllim işlədi, qardaşı da oxuyurdu. Həmin illəri çox yaxşı xatırlayıram. Gülnara xanım çox gözəl qız idi, hər həftə kinoteatra film izləməyə gedərdik. Artıq yaşlanmışıq və görüşməyəli uzun illər oldu. – Azərbaycan milli xörəklərini yaxşı hazırladığınızı, həmçinin pianinoda gözəl ifa etdiyinizi eşitmişik. – Yeməklərimin gözəl olduğunu düz deyiblər (Gülür). Çox gözəl plov, dovğa bişirirəm. Anamın hazırladığı bütün yeməkləri bilirəm. Azərbaycan mətbəxi zəngindir. Anam o vaxtlar qarpız, qoz mürəbbəsi bişirərdi. Azərbaycanlıların evindən heç vaxt çay və mürəbbə əskik olmayıb. Mən də həmişə çayı mürəbbə ilə içirdim. Bilirsiniz ki, türklərdə belə şey yoxdur. İndi şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyimdən mürrəbə ilə çay içə bilmirəm. Musiqini çox sevirəm, mənə anamdan keçib. Anamın xüsusi royalı varmış, xalalarım da pianinoda gözəl ifa edirdilər. Əvvəllər pianinoda klassik musiqiləri çalardım, ancaq indi daha sadə və həzin musiqilər ifa edirəm. Azərbaycan xalq mahnılarını çox sevirəm. > – Hazırda evinizdə ailənizin Türkiyəyə mühacirət zamanı Gəncədən gətirdiyi əşyalar da var. – Anam ömrünün son illərini bu evdə keçirdi. Təbii ki, evimizdə onlardan qalan əşyalar çoxdur. Qızıl saatlarım, gümüş çantam və gümüş qab-qacaqlar var. Bundan başqa, qızıl suyu ilə qələmə alınmış “Qurani-Kərim” kitabı da evimizdədir, üzərində də qızıl pullar tikilən bir örtük var. Qalan əşyaların hamısının üzərində həmin dövrə aid naxışlar və imzalar mövcuddur. Hətta bir qənd qabının üzərində Adil xan Ziyadxanın imzası var. Bunlar xəzinədir, mənəvi dəyərləri çox böyükdür. – Leyla xanım, gələn il Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 100 illiyi Azərbaycan Respublikasında dövlət səviyyəsində qeyd olunacaq. Bildiyiniz kimi, Əli bəy Hüseyinzadənin qızı Feyzavər xanım atasının arxivini Azərbaycan İstiqlal Muzeyinə bağışladı. Bəs siz necə belə bir addım atmağı düşünürsünüzmü? – Mən burada azərbaycanlıların əksəriyyətini tanıyıram və hamısına da qapım açıqdır. Ancaq məhz onlardan bir nəfəri – professor, rəssam Teymur Rzayev sayəsində qapımı açanların çoxunu tanımışam. O da ailəmdən qalanları Azərbaycana hədiyyə etməyimi istəyir. Mən də tərəddüd etmədən təklifi qəbul etmişəm. İndi ən böyük arzum 2018-ci ili görməkdir. Azərbaycanı görmək, Gəncəyə gedib İmamzadəni ziyarət etmək istəyirəm. Əgər səhhətim imkan versə, bir yolunu tapıb gedərdim. Axı 87 yaş az deyil, hətta həkimlər belə mənim belə sağlam qalmağıma təəccüblənirlər. Onlardan biri məndən haralı olduğumu soruşdu Mən də azərbaycanlı olduğumu dedim. Həkim də güldü və “belə də bilirdim” dedi. Türkiyə türklərinin bir sözü var: “Hər şey könlünüzcə olsun”. Mən də buradan azərbaycanlılara hər şey könüllərincə olsun deyirəm. Azərbaycana ürəkdən xeyir-dualarımı göndərir, hamınızı öpürəm. Vüsalə Abbasova
Comments are closed, but trackbacks and pingbacks are open.