Gi de mopassa gözəl dost
Tərcümə edəni: Ağaddin Babayev
Kulis.az Gi de Mopassanın “Kor” adlı hekayəsini təqdim edir.
Günəş doğandan bəri bu şadyanlıq hardandı belə? Yer üzünə düşən bu işıq nə üçün qəlbimizi fərəh hissi ilə doldurub? Səma mavi-mavi, bütün evlər ağ, ətrafdasa hər şey yaşıl dona bürünüb. Ruhumuzu oxşayan bu rənglər həyat eşqimizi artırıb. Qol götürüb oynamaq, qaçmaq, şənlənmək, oxumaq arzusu ürəyə hakim kəsilib. İç dünyamızda xoş arzular baş qaldırıb və belədə günəşi öpmək istəyi adamı heç cür tərk edə bilmir.
Qapıların kandarında əyləşmiş kor adamlar isə ətrafda baş verənlərə biganədirlər. Onlar bir qayda olaraq bu şad-xürrəm həyatın əhatəsində özlərini rahat hiss edirlər. İş-gücləri əllərindən qopub qaçmağa can atan itlərini sakitləşdirməkdən ibarətdir.
Günün sonunda qaş qaralanda isə yaşca kiçik qardaşlarının və ya qızcığaz bacılarının əllərindən tutub evə dönən korların onlara ünvanlanmış “Bu gün necə də gözəl hava idi!” sözlərinə cavabları da adi olur:
– Hə, düz deyirsən, mən bunu dərhal hiss etdim. Çünki Lulunun sevinci yerə-göyə sığmırdı.
Mən bu cür insanlardan birini yaxşı tanıyırdım. Onun bütün həyatı ağır və məşəqqətli keçmiş, başına olmazın müsibətlər gətirilmişdi.
O, kəndli olub, Normand fermerinin oğlu idi. Nə qədər ki, ata-anası yaşayırdı, onun qayğısını azdan-çoxdan çəkən vardı. Yalnız fiziki qüsuruna görə əziyyət çəkən oğlanın həyatı valideyinlərinin vəfatından sonra dözülməz həddə çatmışdı. Bacılarından biri ona öz yanında yer vermişdi. Amma fermadakıların demək olar ki, hamısı oğlana başqalarının tikəsinə göz dikən avara kimi baxırdı. Elə ki, ortaya yemək gətirilərdi, hər kəs az qala yediyi tikəni onun burnundan gətirir, sərki verib, təmbəl adlandırırdı. Atasından kor oğlana qalan mirası isə kürəkən ələ keçirmişdi. Amma acından ölməsin deyə, onu süfrənin artığı ilə yedizdirmək məcburiyyətində qalmışdılar.
Korun üz-gözü çox solğunlaşmış, iri gözləri həb kimi ağarmışdı. Ünvanına səslənən giley-güzarlara əsla əhəmiyyət vermirdi. Özünə elə qapılmışdı ki, sanki ətrafında baş verənlərdən xəbərsiz idi. O, qayğıkeşliyin nə olduğunu ümumiyyətlə bilmirdi. Hətta anası da hələ sağlığında ikən onunla həmişə əzazilcəsinə rəftar edərdi. Yazıq oğlan heç vaxt ana sevgisinin nə olduğunu bilməmişdi. Bir də ki, kənddə bütün vecsiz, yararsız adamlar yalnız əl-ayağa dolaşanlar kimi qəbul olunurdu; əgər hər şey kəndlilərin özlərindən asılı olsaydı, onlar da toyuqlar kimi dimdiyi ilə özlərindən zəif cücələrin başından vurub aradan çıxarardılar.
Kor oğlan şorbanı yeyib qurtarandan sonra yayda evin kandarında, qışda isə sobanın yanında əyləşib, ta axşam düşənə kimi heç yana çəkilmirdi. Belədə o, heç bir jest, hərəkət-filan etməz, sadəcə hansısa əsəb gərginliyindən qaşlarını tərpədər, bu zaman çuxura düşmüş gözlərindəki bəyazlıq daha da artardı. Korun ağlı vardımı, düşünməyi, fikirləşməyi bacarırdımı, öz həyatı barədə hər hansı bir təsəvvürə malik idimi – bax, bunu heç kim deyə bilməzdi.
Beləcə daha bir neçə il ötüb keçdi. Amma əvvəl-axır korun heç bir işə yaramadığı, həmçinin ətrafdakılara qarşı soyuqqanlılığı, özünəməxsus təmkinliyi onun qohumlarının zalımlaşmasına gətirib çıxardı. Oğlanın korluğundan ilhamlanan qohumlar nahar zamanı müxtəlif növ şən zarafatlar icad etməyə başlamış, vəhşi rəftarları ilə bu şikəsti özlərinin əyləncəsinə çevirmişdilər.
Bir müddət sonra şən tamaşalar qonşu evlərin sakinlərini də özünə cəlb etmişdi. Fermanın mətbəxi gündən-günə insan axını ilə dolurdu.
Qeyri-insani tamaşa isə belə qurulmuşdu: korun yediyi şorba kasasının qarşısına pişik və ya it əyləşdirirdilər. Heyvan sanki qarşısındakı insanın gücsüzlüyünü hiss edib dərhal kasadakı yeməyi yeyərək sonra da hürməyə başlayırdı. Yazıq kor qaşığı qaldırıb heyvanı vurmaq istədiyi təqdirdə, o dərhal bunu dərk edib yana çəkilirdi. Nəticədə korun cəhdləri boşa çıxır, bu isə tamaşaçıların gülüşünə səbəb olurdu. Sağ əli ilə yeməyinə davam edən kor sol əli ilə kasanı qorumağa cəhd göstərirdi.
Adamlar onu ağac qabığı, yarpaq, hətta natəmiz şeylər belə yeməyə məcbur edirdilər. Yazıq kor isə qabına tökülənlərdən baş çıxara bilmirdi.
Müəyyən müddətdən sonra bu zarafatlar da hamını usandırdı. Özündən çıxan kürəkən koru qabağına qataraq döyür, ona olmazın əzab-əziyyət verirdi. İndi başqa bir oyun – şapalaq döyüşü icad olunmuşdu. Arabaçılar, işçilər, qulluqçular koru yerə yıxaraq sifətinə fasilə vermədən şapalaq endirir, o isə yalnız gözlərini qıyırdı. Yazıq bilmirdi ki, qaçıb harada gizlənsin, daim uzana qalmış əlləri ilə zərbələrdən yayınmağa çalışsa da, cəhdləri boşa çıxırdı.
Sonradan onu əl açıb dilənməyə məcbur etməyə başladılar. Bazar günlərində yolda dayanan kor addım səslərinin ona yaxılaşdığını hiss edən kimi dərhal şlyapasını uzadaraq donquldanırdı:
– Allah eşqinə, mərhəmət edin.
Amma kəndlilərin ürəyini belə asanlıqla ələ almaq müşkül məsələydi. Nəticədə isə kor günlərlə evə bir qəpik də gətirə bilmirdi.
Bu isə ona olan münasibətin – əsl nifrətin, amansızlığın, çaşqınlığın daha da dərinləşməsinə səbəb olurdu.
Korun ölüb canını qurtarması isə belə bir şəraitdə baş vermişdi.
Qışda yerin üstü qarla örtülmüşdü, şiddətli şaxtalar hökm sürürdü. Bir dəfə kürəkən koru dilənməkdən ötrü daha uzaq yerə – böyük yola aparmış, bütün günü onu orada saxlayaraq, axşam düşəndən sonra isə arxasınca getməmişdi. Evdəkiləri isə koru tapa bilmədiyinə inandırmışdı:
– Daha onun barəsində narahat olmağa dəyməz. Yəqin ki, kimsə şaxtada donmasın deyə özü ilə aparıb. Ona heç nə olmaz. Elə günü sabah şorbasının ardınca gələcək.
Amma səhəri gün kordan xəbər-ətər çıxmadı.
Uzun müddət gözləyəndən sonra soyuqdan tir-tir əsən kor donacağını hiss edərək getməyə qərar verdi. Qar örtüyünə bürünmüş yolu, izi ayırd etmədən o, yıxılıb-durur, daldalanmağa yer tapmaq ümidiylə səssiz-səmirsiz getməkdə davam edirdi.
Şiddətli şaxta koru irəliləməyə daha qoymurdu. Ayaq üstə durmağa tab gətirə bilməyərək o, yolun ortasındaca yerə oturdu və bir daha ayağa durmadı.
Bəyaz qar fasilə vermədən korun üstünə tökülüb onu görünməz edirdi. Bir müddət sonra isə cəsəd qar kütləsinin altında qalaraq tamamilə itdi.
Qohumlar özlərini elə göstərirdilər ki, guya bütün həftə boyu koru gəzib axtarıblar. Onlar hətta ona yas tutub ağlamışdılar.
Qış gözlənildiyindən də sərt keçmiş, havalar çox gec istiləşməyə başlamışdı. Bir dəfə nahar fasiləsinə çıxan kəndlilər böyük bir qarğa dəstəsinin qara yağış kimi eyni yerə gah endiklərinin, gah da havaya qalxdıqlarının şahidi oldular.
Növbəti həftədə də bu çirkin quşlar qara kölgə kimi göy üzünü bürüyərək yenə də dəstə ilə səs-səsə verib işıq saçan qarda eşələnməkdə davam edirdilər.
Bir oğlan qarğaların nə etdiyini öyrənməkdən ötrü həmin yerə yollandı və korun yarıyacan didilib parçalanmış cəsədi ilə rastlaşdı. Qarğalar dimdikləri ilə onun ağ gözlərini ovub çıxarmışdılar.
Günəşli günlərin canlı sevincini hiss edərkən mən artıq yazıq kor haqqında kədərli xatirələrdən heç cür ayrıla bilmirəm. Ömür boyu kasıb yaşayan bu adamın qorxunc ölümü onu tanıyanların hər birinə rahatlıq gətirmişdi.
Tərcümə edəni: Ağaddin Babayev
- Virciniya Vulfun aşiq olduğu qadın kim idi?
- İsrailli aktyor vəfat etdi
- Əlaqədar qurumlar problemə münasibət bildirmir
Gi de mopassa gözəl dost
Pedaqoji fikir tarixinə “Gömbul”, “Həyat”, “Gözəl dost”, “Ölüm kimi güclü”, “Bizim ürəyimiz” kimi misilsiz töhvə və inci bəxş edənlərdən biri də fransız maarifçisi Gi De Mopassandır. Mopassan 54 səhifə təşkil edən ilk “Gömbul” əsəri ilə oxucularının qəlbində taxt qurmuşdur. Hekayəyə giriş “başıpozuq” alman və fransız orduları arasında gedən müharibəylə başlayır. Artıq alman əsgərlərinin Fransanın Sen-Sever, Bur-Aşar, Pont Odemer şəhərlərini yağmaladıqlarını və çox yaxın gündə Ruana şəhərini də yağmalayacaqları və ya talan edəcəkləri həyəcanla dillərdə gəzir. Müharibənin bir qaydası da belədir ki məğlub olanlar “qaliblərə mehribanlıq göstərməli idilər”. Ancaq yenə də Fransa yolunda ölümə hazır olan və cəmiyyətin cüzi hissəsini təşkil edən cəsurlar sirli qəhrəmanlıqlar göstərirdilər. Zaman-zaman Kruasse, Dyepdal və Byessarın yaxınlığında daşla başı əzilmiş, ya yumruqla öldürülmüş, bıçaqla doğranmış, ya da, sadəcə, körpüdən başı aşağı çaya atılmış” şişmiş alman meyitlərinin qayıqçılar və balıqçılar tərəfindən çaydan çıxarıldığı qeyd olunur.
Mopassan qeyd edir ki, vətənin belə ağır vəziyyətində cəsur qəhrəmanlardan fərqli olaraq “yarımqaranlıq otaqlarda gizlənən obıvatellər” isə fürsət tapan kimi ticarətlərini davam etdirməyin yollarını düşünürdülər. Əsərdən bizə belə aydın olur ki, Ruana şəhərinin “on adlı-sanlı iş adamı” (Luazo və arvadı xanım Luazo, Yuber de Brevil və xanımı, Kornyude, Falonvi və arvadı Madam Folanvi, Ruan Lamadon və arvadı Karre Lamadon və başqaları arvadlarını da götürməklə və iki rahibə) vətənin belə ağır günündə vətən fədailərinə kömək, dəstək olmaq yerinə, ancaq öz mənafelərini düşünür, qazanc mənbəyi olan yollar axtarır və tapırlar. Bu yol gəlir mənbəyi sayılan Havr limanıdır. Əgər almanlar Havrı da ələ keçirsələr ordan da İngiltərəyə getməyi qərarlaşdırırlar. “Camaatın gözündən yayınmaq məqsədilə” gecə radələrində yola düşməyi planlaşdıran bu “vətən fədailəri”nin siyahılarında olmayan bir nəfər də qoşulur. Bu Mopassanın baş qəhramanı Gonbul adı ilə tanıdığımız Madmazel Elizabet Russedir. Mopassan Elizabet Russeni oxucusunun təsvirində belə yaradır: “O, balacaboy, yupyumuru, piy içində batmış cavan bir qadın idi. Ağ, yumşaq, totuq barmaqları arasından iplə boğulmuş sosiska kimi buğumlardan nazilirdi. Dərisi şəffaf və tarım idi. . O qədər təravətli və gözəgəlimli idi ki, . kişilər ondan gözlərini çəkə bilmirdilər, az qalırdılar ki, gözləri ilə yesinlər. Yanaqları alma kimi qıpqırmızı idi, sifəti açılmaqda olan qırmızı pion çiçəyinin qönçəsinə bənzəyirdi. İri, qara, məftunedici, canalan gözləri vardı. Bu gözləri uzun, sıx, qara kirpiklər çəpərləmişdi və haşiyədən gözləri daha tünd görünürdü. Balaca ağzı, nəm dodaqları, inci kimi parlaq dişləri vardı. Deyilənə görə, onun bunlardan başqa da çoxlu əvəzsiz, qiymətli məziyyətləri vardır”.
Gonbul “yüngül, əxlaqsız arvadlardan” biri kimi tanınır. Ancaq Gonbulun vətənindən uzaqlara qaçması elit təbəqəyə məxsus iş adamları və onların xanımlarından fərqlidir. Gonbul elə də imkansız biri deyil. Lakin alman zabitlərini evində saxlamağı, onları yeyib-içməklə təmin etməyi özünə vətənpərvər qadın kimi ar sayır. Gonbul deyir ki prusları (yəni almanları – K.C.) görəndə özümü ələ ala bilmirəm, hirsimdən dişlərim bağırsaqlarımı kəsir. Bütün günü axşamacan evdə oturub acığından, həyadan ağladığını deyir. Gonbulun almanlara nifrəti o qədər böyükdür ki, onlar gözündə çox kiçik görünür. Almanı əlləri ilə boğmağı başqa birisini boğmaqdan çox asan bilən Gonbul deyir: “Allahın altında kişi olaydım, onda onların başına bir oyun açardım ki!”.
Gi De Mopassan “Gonbul” əsərinin süjet xəttini gömrük keçid məntəqəsi olan Tot kəndində daha geniş şəkildə obrazlaşdırır. Belə ki, özünü elit nəslin nümayəndələri sayan, kübar qadın donunda gizlənən luazoları, brevil, kornyude, falonvi və lamadonların iç dünyalarını, “ləyaqətlərini” oxucularına tanıtdırır.
Əsərdə oxuyuruq ki, keçid məntəqəsi sayılan Tot kəndini almanlar ələ keçirib. Burdan keçən hər bir sərnişinin adı, soyadı, peşəsi, əlamətləri və ya nişanələri qeyd olunur. Alman zabit qoyulan tələbləri yerinə yetirdikdən sonra prus zabitinin Gonbulu yanına çağırdığını bildirir. Gonbul zabitin bir neçə dəfə olan çağırışına məhəl qoymur və çağırışı rədd edir. Belə olduqda zabit üç gündən artıq onların keçiddən keçməsinə yasaq qoyur. Əxlaqın meyarı sayılan “ləyaqət”, “şərəf”, “namus” daşıyıcıları sayılan rahibələr, iş adamları və xanımlar “sözü bir yerə qoyub” Gonbulu zabitin yanına girməsi üçün dilə tutmağa, yola gətirməyə cəhd edirlər.
Xarici görünüş etibarı ilə özlərini alicənab, ləyaqətli göstərməyə cəhd edən iş adamlarını və onların xanımlarını, həmçinin rahibələri Mopassan Gonbulun
şərəf və ləyaqətindən çox-çox aşağı olduğunu oxucularına tanıtdırmaq istəyir. Özlərini qusar, qrafinya, madam kimi göstərən, lakin düşdükləri vəziyyətdən, çətinlikdən qurtarmaq üçün Gonbulu əxlaqsız yola dəvət edirlər. Ona vətəninin, xalqının mənafeyi üçün Yudif və Oloqernin və yaxud Lukretsi və Sekstin fədakarlığından, daha sonra bütün düşmən sərkərdələri yatağına salıb öz əsirinə çevirən Kleopatranı, öz bədənlərini qüdrətli silaha çevirən, öz fədaklar nəvazişləri ilə nifrət etdikləri hökmdarları özünə ram edən, öz ismət və bakirəliklərini intiqam hissinə qurban verən bütün cəsur qadınlardan söhbət açırlar. Həmçinin, kübar ailəsindən olan bir ingilis xanımının Bonapart Napoleonu pis xəstəliyə salmaq məqsədilə bilərəkdən özünü xəstəliyə tutdurması və məşum görüş vaxtı qəribə təsadüfün – Bonapartın birdən-birə haldan düşməsi nəticəsində bu bəladan xilas olması haqqında dumanlı bir əhvalat da danışırlar.
Gonbula danışılan hadisələr arasındakı incə, eyhamlı münasibət məsələlərinə rahibə və yaxud “müqəddəs ana” da qoşulur. Müqəddəs ana deyir ki, “müqəddəslərin (Peyğəmbərlər nəzərdə tutulur – K.C.) çoxu elə işlər görüblər ki, bu işlər bizim gözümüzdə günah hesab edilə bilərdi, amma bu işlər Allah yolunda və ən yaxın adamlarına kömək məqsədilə edilibsə, kilsə onların günahından dərhal keçib”.
Xanım Luazo söhbətin təsirini bir az da artırmaq üçün rahibəyə belə sual verir:
– Müqəddəs ana, demək, siz bu fikirdəsiniz ki, əgər günah xeyirxahlıq məqsədilə
işlənibsə, allah onu bağışlayır, eləmi?
– Bəli buna heç şübhə eləmək olarmı? Əslində, məzəmmətə layiq olan bir sıra hərəkətlər xoş niyyətlə edildiyinə görə təriflənir.
Rahibənin fikrincə, xeyirxah niyyətlə edilən cinayətin heç biri Allahın qəzəbinə səbəb olmaz. Rahibənin daha çox “Məqsəd vasitəyə bəraət qazandırır” kimi adi əxlaqi aksiomdan ibrətamiz izahatı iradəsi möhkəm, inadkar Gonbulun iradəsini sarsıdır, inadını sındırır. Bir prus zabitinin şıltaqlığına görə günlərlə Tot kəndində qalan insan üzlü iblislər artıq səpdikləri toxumun cücərməsini və meyvəsini səbrsizliklə gözləyirlər.
Nəhayət, Gonbul “müqəddəs ana”nın kömək məqsədilə edilən günahı kilsə bağışlayar – sözlərinə inanaraq alman zabitinin yanına girməyə razılıq verir. Bu razılıq hər bir kəsin böyük sevincinə, şadyanalığına səbəb olur. Luazo Tra-lya-lya-lya! Tra-lya-lya-lya! çığlığı ataraq yoldaşlarına şampan şərabı qonaqlığı verir. Göründüyü kimi, insan donunda iblis olanlar min hiylə ilə istəklərinə nail olurlar.
Artıq istədikləri məqsədə nail olan və yola düşən “kübar insan”lar utanan, qısılan Gonbula əhəmiyyət vermir, karetin içində belə ondan uzaq oturmağa cəhd edirlər. Gəldikləri yol boyunca Gonbulun öz yoluna üç günlük tədarük gördüyü cücə ətini, ciyər qiyməsini, qoğal, armud, cürbəcür şirniyyat və dörd şüşə Bordo şərabını bir neçə saata bitirən ləyaqətsiz insanlar artıq onu açdıqları süfrə arxasına belə dəvət etmirlər.
Gi De Mopassan oxucusuna çatdırır ki, kübar cəmiyyətində hər adamın rəsmi əxlaqı arxasında onun gizli əməli əxlaqı gizlənir, rəsmi surətdə o, qadın namusu uğrunda şir kimi vuruşmağa hazır olduğunu bildirir. Daldada fürsət düşən kimi isə qadının şərəfinə toxunmaqda özünü haqlı hesab edir. Lakonikliyi ilə seçilən bu əsərin sonunda qeyd edilir ki, qürurlu və məğrur Elizabet Russe tutduğu əməldən çox peşman olur, utanır və göz yaşlarına sahib ola bilmir.
Utanmaq, həya etmək, pis əməllərdən xəcalət çəkmək həqiqətən böyük mənəvi və əxlaqi qüvvədir. Əgər adam etdiyi yanlış hərəkətdən, öz-özlüyündə uzun müddət xəcalət çəkib utanırsa, yadına saldıqca vicdan əzabı çəkirsə, bu onun həyatında güclü bir kədər və ağır bir fəlakət kimi iz qoyub gedirsə, doğrudan da insanı əxlaqca saflaşdıran ciddi bir qüvvəyə çevrilir. İnsan bu cür ruhi əzab və iztirabdan sonra dünyaya daha ayıq gözlə baxır, kamilləşir, öz hərəkət və davranışlarının mümkün nəticələri haqqında daha çox düşünür, bir sözlə onda məsuliyyət hissi daha çox artır.
Əsəri oxuduğumuz zaman görürük ki, Gi De Mopassan oxucusunu sonda sanki belə nəticəyə gəlməyə çağırır: özünü əxlaqca təkmilləşdir, öz mənəviyyatını zənginləşdir, özün özünü tərbiyə et, özünü daim xeyir əməllərə, yaxşılığa öyrət. Nəcib hiss və nəcib duyğular tərənnümçüsü ol. Şərə, böhtana, bədxahlığa, pisliyə, biganəliyə, ədavətə doğru aparan hisslərin əleyhinə ol. Əgər belə olarsa onda ülvi, nəcib hiss sayılan vətən, vətənpərvərlik də səndə inkişaf edər, ideal obraza çevrilərsən.
KAMAL CAMALOV
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Qəbirbazlar / Gi de Mopassan
Beş dost təzəcə nahar edib qurtarmışdı. Onların beşi də yüksək cəmiyyətə mənsub, varlı adamlardı; üçü evlənmişdi, ikisi isə hələ subay idi. Dostlar hər ay görüşür, gənclik illərini yadlarına salırdılar. Nahardan sonra söhbət edirdilər. Onlar əvvəlki kimi səmimi idilər, birlikdə vaxtları xoş keçirdi, bır yerə toplaşdıqları axşamları ömürlərinin ən yaxşı çağı hesab edirdilər. Hər şeydən danışırdılar, parisliləri maraqlandıran, əyləndirən her şeydən.
Bütün başqa salonların əksəriyyətində olduğu kimi onlar da səhər qəzetlərindəki yazılardan başlayıb söhbəti uzadırdılar.
Onların arasında ən məzəlisi Jozef dö Bardon idi. O, subaydı. Sözün əsil mənasında Parisli idi, macəranı sevirdi. Jozefə əxlaqsız, pozğun demək olmazdı, özü elə-belə həvəskar idi, şənliyi sevirdi, hələ cavandı, qırx yaşı ancaq olardı.
O, əsil cəmiyyət adamı idi, xeyirxahlıqda tayı-bərabəri olmazdı, dahi olmasa da ağıllı idi, çox dərin biliyi olmasa da, hər sahədən məlumatı vardı, arif adam olmasa da çox şeyi duyurdu. O gördüyü, eşitdiyi, şahidi olduğu hadisələri, öz macəralarını məzəli, bəzən də fəlsəfi roman dili ilə danışırdı, bütün şəhərdə ağıllı bir adam kimi şöhrət qazanmışdı.
Bütün məclislərdə masabəyi o idi. Hər dəfə yeni bir əhvalat danışmalıydı, buna hamı öyrəşmişdi. Ətrafındakıların xahişini gözləmədən özü danışmağa başlayırdı. Harda olsa da, özünü öz evindəki kimi hiss edirdi. Masaya dirsəklənir, rahat-rahat papiros çəkirdi. Boşqabının yanında yarımçıq şampan bakalı olurdu, papiros və ətirli kofe məclislərındə özünü sərbəst aparırdı. Bəzi adamlar öz evlərində, dındar məbəddə, balıq suda özünü sərbəst aparır, o isə hər yerdə sərbəst idi.
Jozef tüstü qullablarına ara verib dedı:
-Bir az əvvəl başıma qəribə bir macəra gəlib.
Az qala hamı bir səslə dedi:
– Danışın
-Məmnuniyyətlə. Bilirsiniz ki, mən Parisdə çox gəzirəm, bəzək-düzək həvəskarları vitrinləri gəzən kimi mən də bütün günü tamaşalara, adamlara, yoldan keçənlərə, baş verən hadisələrə baxıram.
Sentyabrın ortalarında hava çox yaxşı idi. Bir gün günortadan sonra evdən çıxdım, heç özüm də bilmirdim hara getməliyəm. Adam həmişə fikrində saxlayır ki, qəşəng qadınlardan birinə baş çəkmək olar. Fikirləşirsən, xəyalən onları müqayisə edirsən, hansının daha çox cəlb elədiyini, hansının daha yaraşıqlı olduğunu götür-qoy edirsən, axırda gününün necə keçməsindən asılı olaraq bir qərara gəlirsən. Amma gün günəşli, hava isti olanda çox vaxt adam heç kəsə qonaq getmək istəmir.
Gün çıxmışdı, hava da isti idi. Damağıma bir siqar qoyub avara-avara çöl bulvarda gəzinirdim. Sonra ağlıma gəldi ki, gəzə-gəzə gedim Monmartr qəbiristanlığına, bir az da orada gəzinim.
Qəbiristanlıqdan xoşum gəlir, orada istirahət edirəm. Melanxolik bir əhval-ruhiyyədə oluram-buna ehtiyacım var. Həm də qəbiristanlıqda gözəl dostlarımız var, onları daha görə bilmirik, hərdən onlara baş çəkirəm. Monmartr qəbiristanlığında bir məhəbbətim: məni çox incitmiş, çox narahat etmiş bir məşuqəm var. Xırdaca, gözəl bir qadındı, onun xatirəsi mənə əzab verir, çox təəssüf edirəm. Ürəkdən təəssüflənirəm. Gedib qəbrin önündə xəyala dalıram. Özü daha yoxdur.
Mən xırda addımlarla qəbiristanlıq küçələrində gəzinirdim. Burada qonşular qonşuluq etmirlər, tək yatırlar, qəzet də oxumurlar. Qəbirlərin üzərindəki yazıları oxumağa başladım. Dünyada bundan maraqlı nə var ki?
Fikrimi dağıtmaq üçün gəzindiyim vaxt anladım ki, darıxacağam; gərək balaca rəfiqəmin qəbrinə baş çəkəm, ona öz etibarımı bildirəm. Qəbrin yanına çatanda ürəyim bir az sıxılırdı. Mənim zavallı sevgilim, o elə gözəl, elə mehriban, elə ağ, elə təravətli idi ki . bəs indi. qəbiri açsaq görərsən ki.
Dəmır çərçivəyə söykənib lap astadan ona öz dərdimi söylədim, şübhə yox ki, heç nə eşitmədi. Aralanıb getmək istəyəndə qonşu qəbrin önündə diz çökmüş qara paltarlı, yasa batmış bir qadın gördüm. Onun zərif şalının arasından gözəl ağ sifəti görünürdü. Qara örtüyün altında sarışın saçları zərif günəş şüaları kimi işıq saçırdı. Mən dayandım.
Yəqin bu qadının dərdi dözülməz idi. Üzünü əllərilə örtüb heykəl kimi donub qalmışdı. Gözlərinə çökmüş qaranlıq onu dərd aləminə, xatirələr dünyasına aparmışdı, elə bil ölmüş əzizinin dərdindən özü də ölmüşdü. Sonra duydum ki, o ağlamağa başlayır, çiyinləri həzin-həzin silkələnirdi.
Əvvəlcə astadan ağlayırdı, sonra boynunu və çiyinlərini əsdirə-əsdirə ucadan ağladı. Birdən gözlərini açdı, göz yaşlarının arasından ürkək baxışlarla ətrafına nəzər saldı, elə bil qorxulu bir yuxudan ayılmışdı. Mənim ona baxdığımı görüb azacıq utandı, yenidən üzünü əllərilə örtdü. Hönkürtüləri süstləşdi, başı yavaş-yavaş qəbrə tərəf əyildi. Alnını qəbrə söykədi, şalı əziz qəbrin ağ künclərini örtdü. O inildəyirdi. Sonra taqətsizləşdi, üzünü qəbrə söykəyib süst qaldı, huşunu itirdi.
Mən ona tərəf qaçdım, əllərini əlimə alıb döyəclədim, göz qapaqlarını üfürdüm ki, ayılsın. Eyni zamanda qəbrin üzərindəki yazını oxuyurdum. Yazı çox sadə idi: “Burada dəniz piyada qoşunu kapitanı Lui-Teodor Korrel dəfn edilib. Tonkində düşmən tərəfindən öldürülüb. Ona dua oxuyun”.
Mərhum bir neçə ay əvvəl ölübmüş. Gözlərim yaşardı, qadını ayıltmaq üçün daha ciddi cəhd göstərdim. Məqsədimə nail oldum, o ayıldı. Mən bərk həyəcanlanmışdım, özünüz bilirsiniz ki, pis adam deyiləm, özüm də cavanam, heç qırx yaşım yoxdur. Onun ilk baxışından anladım ki, nəzakətli qadındır, mənə təşəkkür edəcək. Belə də oldu. Gözləri yenidən yaşla doldu, hıçqıra-hıçqıra mənə öz taleyindən və zabitin Tonkində həlak olmasından danışdı. Evləndikləri gündən bircə il keçibmiş, əri onu sevib evlənibmiş, qadın atadan da, anadan da yetim imiş, cehizi çox deyilmiş.
Mən onu ovundurdum, ürək-dirək verdim, qolundan tutub ayağa qaldırdım. Sonra dedim: — Burada qalmayın, gedək.
O, mızıldadı:
-Getməyə halım qalmayıb.
– Mən sizə kömək edərəm.
– Sağ olun, cənab, xeyirxah adamsınız. Siz də qəbir üstünə
gəlmisiniz?
– Bəli xanım.
– Qadındır?
– Bəli, xanım.
– Arvadınızdır?
– Rəfiqəmdir
– Adam rəfiqəsini də arvadı qədər sevə bilər, ehtirasın hüdudu yoxdur.
– Elədir, xanım.
Biz birlikdə yola düşdük, o mənə söykənmişdi. Mən də onu elə tutmuşdum ki, az qala ayaqları yerdən üzülürdü. Qəbiristanlıqdan çıxanda zəif səslə dilləndi:
– Qorxuram əhvalım pisləşə.
– Bəlkə kafelərdən birinə girək, bir şey içmək istəyirsinizmi?
– Bəli, cənab.
Yaxınlıqda gözümə bir restoran dəydi, belə restoranlarda mərhumların dostları mərasimlərin sona çatmasını bayram edirlər. Restorana daxil olduq. Mən ona bir stəkan qaynar çay içirtdim, deyəsən əhvalı yaxşılaşdı. Dodaqlarında azacıq sezilən bir təbəssüm oyandı. Sonra mənə özü barədə danışmağa başladı. Deyirdi ki, həyatda tənha olmaq, gecə də, gündüz də evdə tək qalmaq daha heç kəsə məhrəm olmamaq, mehribanlıq görməmək adama əzab verir, adam qüssədən boğulur. Səmimi söhbətə oxşayırdı. O gözəl danışırdı. Mən heyran olmuşdum. Qadın çox gənc idi, iyirmi yaşı ancaq olardı. Mən onu tərifləyib xoş sözlər dedim, razılıqla təşəkkür elədi. Vaxt keçırdi, təklif elədim ki, onu faytonla evlərinə aparım. Razı oldu. Faytonda elə sıx oturmuşduq ki, çiyinlərimiz bir-birindən ayrılmırdı, bədənlərimizin hərarəti, paltarlarımızdan süzülüb qarışırdı. Dünyada bundan təsirli nə var ki!
Fayton evə çatanda o zəif səslə dedi:
-Pilləkəni tək qalxmağa halım qalmayıb, özü də dördüncü mərtəbədə oluram Siz mənə çox yaxşılıq eləmisiniz, bəlkə mənzilimə qalxınca mənə kömək edəsiniz?
-Mən tələsik razılaşdım. O yavaş-yavaş qalxırdı, tövşüyürdü. Qapının qabağına çatanda mənə dedi:
– Keçin bir az əyləşin, nəfəsimi dərib sizə təşəkkür eləmek istəyirəm.
Lənət şeytana, keçdim içəri. Onun menzili yaxşı idi, bir az kasıb görünürdü, amma səliqəsinə söz ola bilməzdi. Biz balaca bir divanın üstündə yanaşı oturduq, o yenə öz tənhalığından danışmağa başladı. Zəng çalıb xidmətçisini çağırdı ki, mənə içmək üçün bir şey gətirsin. Xidmətçi görünmədi. Mən hiss elədim ki, onun xidmətçisi yalnız səhərlər evdə olur, sevindim. Belə xidmətçilər ancaq ev-eşiyi yığışdırır, bazarlıq edir, sonra çıxıb gedirlər. O, şlyapasını çıxartdı. Mavi gözlərini mənə zilləyəndə gördüm ki, o doğrudan da gözəldir, özü də elə yaxşı baxırdı ki, məndə dəhşətli bir arzu oyandı, özümü arzuma təslim etdim. Onu qollarım arasına aldım, qəfildən yumulmuş gözlərindən öpməyə başladım . öpdüm . Çox öpdüm . o qədər öpdüm ki, gəl görəsən.
O müqavimət göstərir, məni itələmək istəyir ve tez-tez deyirdi:
– Qurtarın görək. qurtarın. yaxşı, qurtarın.
Görəsən o nə demək istəyirdi? Belə hallarda “qurtarmaq” sözünün ən azı iki mənası olur. Onu susdurmaq üçün gözlərindən əl çəkib dodaqlarından öpdüm, beləliklə, “qurtarmaq” sözünə özüm istədiyim mənanı verdim. O çox müqavimət göstərmədi. Tonkində öldürülmüş kapitanın xatirəsini təhqir eləyəndən sonra bir-birimizə baxanda onun baxışında yorğunluq, eyni zamanda dözüm və mülayimlik gördüm, narahatlığım yoxa çıxdı. Mən də alicənab, iltifatlı və mehriban olmağa çalışdım. Bir saata yaxın söhbət eləyəndən sonra soruşdum:
– Siz harada nahar edirsiniz?
– Yaxınlıqdakı balaca bir restoranda.
– Tək?
– Əlbəttə.
– Bəlkə mənimlə nahar edəsiniz?
– Harada?
– Bulvardakı yaxşı restoranların birində.
O, bir az tərəddüd elədi. Mən əl çəkmədim. Axırda: — Mən yaman darıxıram . çox darıxıram, deyə özünə haqq qazandırıb güzəştə getdi. Sonra əlavə elədi: -“Gərək elə don geyəm ki, tünd qara olmasın”. O yataq otağına keçdi. Otaqdan çıxanda görkəmi dəyişmişdi, zərifliyi gözə çarpırdı, boz rəngli sadə paltar geymişdi. Bu paltarla həm qəbiristanlıqda həm də şəhərdə görünmək olardı. Nahar yaxşı keçdi. O şampan içdi, qızardı, cana gəldi, sonra birlikdə onun evinə qayıtdıq.
Qəbirlər üzərində yaranmış bu əlaqə üç həftəyə qədər davam elədi. Amma hər şey adamı təngə gətirir, ələlxüsus, qadınlar. Mən səfərə çıxmağımı bəhanə gətirib ondan ayrıldım. Alicənablıqla ayrıldım. Əvəzində mənə çoxlu təşəkkür elədi. Məndən vədə aldı, and içdirdi ki, qayıdanda onun yanına gələcəyəm; deyəsən doğrudan da mənə bir az mehr salmışdı. Başqa qadınlarla eşqbazlıq elədim, az qala bir ay, qəbristanlıqda düçar olduğum məhəbbətin səbəbkarını görmədim, görmək həvəsinə düşmədim də. Amma onu unutmurdum. Onun fikri qəribə bir sirr, psixoloji problem, cavabsız bir tapmaca kimi məni məşğul edirdi. Günlərin birində, bilmirəm nədənsə fikirləşdim ki, Monmartr qəbiristanlığına getsəm onu görərəm. Getdim. Qəbiristanlıqda çox gəzindim, öz ölüləri ilə əlaqələri hələ tamam kəsməmiş bir neçə adamdan başqa heç kəsə rast gəlmədim. Tonkində öldürülmüş kapitanın qəbri üzərində nə ağlayan vardı, nə çiçək dəstəsi, nə də əklil görünürdü.
Olülərin bu böyük şəhərinin başqa bir məhəlləsinə gedib çıxdım, qəfildən gördüm ki, irəlidəki səki ilə ağır yasa batmış cüt adam gəlir: bir kişi, bir qadın. Aman Allah! Onlar yaxınlaşanda mən qadını tanıdım. Bu həmən qadın idi!
O məni gördü, qızardı, yaxından keçəndə azacıq toxundum, o isə mənə asta bir işarə elədi, gözucu bir göz vurdu. Mənası təxminən belə idi: “Məni tanımayın”, eyni zamanda ikıncı bır məna da duyulurdu: “Yenə bizə gəlin, əzizim”.
Kişi görkəmli adama oxşayırdı. Şux qaməti vardı. Fəxri legionun zabiti idi, əlli yaşı olardı. Qadın ona söykənmişdi, eynilə qəbristanlıqdan çıxarkən mənə söykəndiyi kimi. Gedirdim, amma ağlım başımdan çıxmışdı, özüm-özümdən nələr gördüyümü, bu qəbiristanlıq ovçusunun hansı nəslə mənsub olduğunu soruşurdum. Görəsən, adi bir qızdımı, yoxsa, arvadının yaxud məşuqəsinin mehribanhğından məhrum olmuş qəmgin kişiləri qəbirlər üzərində ovlamağa adət eləmiş bir fahişədir? Görəsən o təkdir? Yoxsa belələri çoxdur? Bəlkə bu da bir peşədir? Bəlkə məhşur səkilərdə gəzən qadınların qəbiristanlıqlarda gəzənləri də var? Qəbirbazlar! Bəlkə qəbir üstündə yada salınan ehtiras qığılcımlarından istifadə etmək fikri, bu dərin fəlsəfə tək onun ağlına gəlib? Fikirləşirəm ki, görəsən həmin gün o kimin dul qadını sayılırmış?
Tərcümə: Hamlet Qoca Müəllif: Gi de Mopassan Əsərin rusca adı- Плакальщицы (Ги де Мопассан)
- Teqlər:
- yüngül qızlar
- , Gi de Mopassan
Comments are closed, but trackbacks and pingbacks are open.