Press "Enter" to skip to content

39. əz-Zumər surəsi

31. Sonra siz Qiyamət günü Rəbbinizin yanında mübahisə edəcəksiniz.

Cahilliyin üzrlü olmasını bildirən Quran ayələri

Həmd olsun Aləmlərin Rəbbi olan Allaha! Ondan başqa ibadətə və itaətə layiq olan haqq məbud yoxdur və Muhəmməd (Allahın ona salavat və salamı olsun) onun rəsulu və elçisidir.

Uca Allah buyurur: “Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq” (ən-Nisa, 115-116). Bu ayədə Uca Allah ancaq doğru yol ona bəyan olduqdan sonra zəlalətə düşən kimsəyə əzab vəd edir. Deməli, doğru yol ona bəyan olmamış şirkə düşən müsəlmanlara əzab vəd etmək olmaz. Çünki, bir müsəlmana kafir demək – kafirlərin də qalacağı yer əbədi cəhənnəm olduğu üçün – ona əzab vəd etməkdir. Şeyxul-İslam İbn Teymiyyə (Allah ona rəhm etsin) buyurmuşdur: “Dinimizdə əqidənin bünövrəsindən və böyük məsələlərdən sayılan hökmlərdən biri də, konkret kimsəyə, etdiyi əmələ görə əzab vəd etməyin qadağan olunmasıdır. Təkfir etmək əzab vəd etməkdir. Yəni müəyyən insanları təkfir etmək, onun Cəhənnəmdə olmasına hökm verməkdir” (Məcmuul-Fətava, 3/ 229 – 231).

İmam Bəğavi (Allah ona rəhm etsin) bu ayənin təfsirində demişdir: “Bu ayə tövhid, həmçinin hədd və hüdud məsələlərini bildirir”. Yəni, özünə müsəlman deyən kimsəyə istər əqidə və tövhid məsələlərində, istərsə də fiqh və əhkamlarda etdiyi xətalara görə əzab vəd edilmir. Uca Allah bunu Qurani-Kərimdə bir çox ayələrdə zikr edir: “Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah Qüdrətlidir, Müdrikdir”. (ən-Nisa, 165). Bu ayədə Uca Allah yalnız peyğəmbərlərin haqqı təbliğ etməsindən sonra kafirlərə əzab veriləcəyini, onların bəhanələrinin faydası olmayacağını bildirir. Deməli, peyğəmbərlərin təbliğatı onlara çatmamış insanlar istisnadır. İmam əl-Bəğavi (Allah ona rəhm etsin) deyir: “Bu ayədə Allahın məxluqlarına peyğəmbər göndərməmiş cəzalandırmamasına dəlil vardır” (“Təfsirul-Bəğavi” 1/ 500).

Həmçinin, Uca Allah buyurur: “Özlərinin etdikləri əməllərə görə onlara bir müsibət üz verdikdə: “Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də Sənin ayələrinə tabe olub möminlərdən olaq?”– deməsəydilər, səni peyğəmbər göndərməzdik” (əl-Qasas, 47);

“Allah deyəcək: “Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi xəbər verən və bu gününüzlə qarşılaşacağınız barədə sizə xəbərdarlıq edən elçilər gəlmədimi?” (əl-Ənam, 130);

“Ey Kitab əhli! Artıq sizə elçilərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə müjdələyən və qorxudan kəs gəlmədi”– deməyəsiniz deyə haqqı bəyan edən Elçimiz gəldi” (əl-Maidə, 19);

“Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açıq olacaq və onun gözətçiləri onlara deyəcəklər: “Məgər öz içərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu gününüzə qovuşacağınızla xəbərdar edən elçilər gəlməmişdi?” Onlar: “Əlbəttə, gəlmişdi!”– deyəcəklər. Lakin əzab Sözü kafirlər barəsində gerçəkləşdi” (əz-Zumər, 71);

“Onlar orada fəryad qoparıb yalvaracaqlar: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, əvvəllər etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”. Onlara deyiləcək: “Məgər orada sizə düşünəcək kimsənin düşünə biləcəyi qədər uzun ömür vermədikmi? Sizə qorxudub xəbərdar edən də gəlmişdi” (Fatir, 37);

“Biz bir qövmə peyğəmbər göndərməmiş onlara əsla əzab etmərik” (əl-İsra, 15);

“Odda olanlar Cəhənnəm gözətçilərinə deyəcəklər: “Rəbbinizə yalvarın ki, heç olmasa, bircə gün əzabımızı yüngülləşdirsin!” Mələklər deyəcəklər: “Məgər elçiləriniz açıq-aydın dəlillər gətirməmişdilər?” Onlar: “Əlbəttə gətirmişdilər!”– deyəcəklər. Mələklər də: “Elə isə özünüz yalvarın!”- deyəcəklər. Kafirlərin yalvarması isə boş şeydir” (Ğafir, 49-50)

Uca Allah Qiyamət günü haqq çatmamış insanlara əzab versəydi, məntiqli olaraq “Ey Rəbbimiz, bizi başa salmamış və haqqı çatdırmamış niyə əzab edirsən?”- deyə sual ortaya çıxardı. Haqq çatmamış insanlar tərəfindən Qiyamət günü belə bir sual verilməsin deyə, yaşadıqları zamanda onlara haqqı başa salmaq üçün peyğəmbərlər göndərilmişdi. Əgər müəyyən insanlara haqq çatmayıbsa, nə vaxtsa peyğəmbərlərin gəlişi onlara hüccət sayıla bilməz. Burada ayələrin zahiri mənası yox, Allahın peyğəmbərlərin göndərişi ilə nəyi qəsd etdiyini anlamaq lazımdır.

İbn Həzm (Allah ona rəhm etsin) “Biz Peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik” (əl-İsra, 15) ayəsini dəlil gətirərək demişdir: “Doğrudan da Peyğəmbərlərin dəvəti və qorxutması insanlara yetişənə qədər kafirə qətiyyən əzab yoxdur” (İbn Həzm “əl-İhkum fi Usulil-Əhkam” səh. 895).

əş-Şinqiti (Allah ona rəhm etsin) belə demişdir: “Peyğəmbər göndərilməyənə qədər və onlar da insanları çəkindirməyincəyə qədər Allah Öz məxluqlarından heç kimə nə dünyada, nə də Axirətdə əzab verməyəcəkdir” (əş-Şingiti “Ədvaul-Bəyan” 3/ 429).

Abdur-Rahmən Abdul-Xaliq (Allah ona rəhm etsin) bu məsələ ilə bağlı belə demişdir: “Cəza elmdən sonra gəlir”– bu, məlum bir şəriət qaydasıdır”.

Uca Allah buyurur: Allah bir tayfanı doğru yola yönəltdikdən sonra qorxub çəkinməli zəruri olduqları şeyləri özlərinə bildirmədən onları (haqq yolundan) sapdırmaz! (ət-Tövbə, 115)

Qatadə (Allah ona rəhm etsin) deyir: “Həqiqətən Uca Allah heç kəsi o (şəxsə) Allahdan dəlil və açıqlama çatmayana qədər cəzalandırmır” (“Təfsir Təbəri” 8/ 50).

İbn Kəsir (Allah ona rəhm etsin) bu ayənin təfsirində belə demişdir: “Uca Allah Öz müqəddəs nəfsindən olan ədalətli hökmünün bəyanından və insanlara Peyğəmbər xəbərdarlığı çatdıqdan sonra hər hansı bir tayfanın əleyhinə dəlil və sübut olmadıqca onları zəlalətə salmaz. Belə ki, başqa bir ayədə buyurulur: Səmud qövmünə gəlincə, Biz onlara haqq yolu göstərdik…” (Fussilət, 17); «Əgər Biz onları bundan əvvəl əzabla məhv etsəydik, deyərdilər: “Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də zəlil və rüsvay olmazdan əvvəl Sənin ayələrinə tabe olaq?” deyəcəkdilər” (Ta Hə, 134); “Cəhənnəm, qəzəbindən az qala parçalansın. Hər dəfə bir dəstə oraya atılarkən Cəhənnəmin gözətçiləri onlardan soruşacaqlar: “Məgər sizə xəbərdarlıq edən bir peyğəmbər gəlməmişdi?” Onlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan bir peyğəmbər gəlmişdi. Amma biz onu yalançı sayıb: “Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz”– demişdik” (əl-Mulk, 8-9)” (İbn Kəsir “Təfsir” 3/ 28; 4/ 25).

Bu ayə dəlildir ki, Cəhənnəmə haqq çatmamış şəxs daxil olmayacaq. Buna görə də Cəhənnəmə daxil olandan soruşulacaqdır: “Sizə qorxudan gəlmədimi?” Onlar: “Bəli” deyəcəklər. Bütün bu ayələr dəlildir ki, Allah küfr əməli edənə haqq çatmamış əzab verməz. Uca Allah buyurur: “Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür edəsiniz” (ən-Nəhl, 78)

Ayədə bildirilir ki, hər bir yaradılımış məxluqda elm yoxdur. Ona görə də hər bir kəs bilmədiyi halda və ya bu haqda öyrənməyə imkanı olmadığı halda qadağan olunmuş bir şeyi edərsə, üzürlüdür. Uca Allah buyurur: Bir zaman Mən həvarilərə: “Mənə və elçimə iman gətirin!”– deyə təlqin etmişdim. Onlar da: “İman gətirdik. Sən də şahid ol ki, biz müsəlmanlarıq!”– demişdilər. Bir zaman həvarilər demişdilər: “Ey Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir süfrə endirə bilərmi?” O da onlara demişdi: “Əgər möminsinizsə, Allahdan qorxun”. (əl-Maidə, 111-112). Həvarilərin bu sözlərinin açıqlanması barəsində alimlər arasında ixtilaf var. İbn Həzm (Allah ona rəhm etsin) deyir: “Həvarilər bilmədikləri halda İsayau dedilər: “Ey Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir süfrə endirə bilərmi?”- bu sözə görə onların imanları yox olmadı. Əgər cahillik üzr olmasaydı, onlar kafir olardılar” (“əl-Fisal” 3/ 142).

Uca Allah buyurur: “De: “Kimin şahidliyi daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim. Məgər siz Allahla yanaşı ibadətə layiq olan başqa məbudların olduğuna şahidlik edirsiniz?” De: “Mən şahidlik etmirəm!” De: “O, Tək olan İlahdır. Mən sizin şərik qoşduqlarınızdan uzağam” (əl-Ənam 19).

İmam əş-Şafii (Allah ona rəhm etsin) deyir: “Allahın müəyyən İsim və Sifətləri vardır. Heç kəsə də icazəli deyil ki, bunları inkar etsin. Kim bunları ona dəlil çatdıqdan sonra inkar edərsə, kafir olmuşdur. Buna qədər bilmədiyinə görə üzürlü sayılır. Çünki, bu cür elm nə ağıl, nə düşünmək və nə də təfəkkürlə hasil olmur”. (“Fəthul-Bari” 13/ 407).

İbn Teymiyyə (Allah ona rəhm etsin) deyir: “Allah heç kimsəni risalət çatmadıqca cəzalandırmaz. Risalət çatmayan kimsə isə ümumiyyətlə cəzalandırılmayacaqdır. Əgər bir kimsəyə risalət açıqlanmadan çatarsa, o, cəzalandırılmayacaq. Yalnız ona aydın olan şeyi inkar edən cəzalandırılır”. (“Məcmuul-Fətava” 12/ 493).

İbn Qeyyim (Allah ona rəhm etsin) deyir: “Elmsiz, dəlil olmadan, başa düşmək qabiliyyəti olmadan edilən küfrə gəldikdə isə Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dəlili onlara çatmayana qədər Allah belə bir kimsəni cəzlandırmaqdan uzaqdır”. (“Tariqul-Hicrəteyn” 611).

Şeyx Rabil əl-Mədxəli (Allah onu qorusun) “Cahilliyin üzrlü olması” barəsində deyir: “Cahilliyin üzrlü olub — olmaması məsələsini ortaya atıb bu barədə mübahisələr edənlər fitnə əhlidir. Onlar Sələfi dəvətini dağıtmaq üçün müsəlmanları bir-birilə düşmən edirlər. Mədinədə olduğum zaman mənə əs-Səid adlı biri zəng etdi. Həmən adam indi ər-Riyad şəhərində məşhurdur. O, dedi: “Taif şəhərində əlliyə yaxın cavanlar var ki, Şeyx əl-Albanini (Allah ona rəhm etsin) təkfir edirlər. Nə üçün? Çünki Şeyx qəbirlərə ibadət edən müsəlmanları cahillikləri üzündən təkfir etməmişdir”. Şeyx Rabi: “Yaxşı, onlar İbn Teymiyyə, İbn Qeyyim (Allah onlara rəhm etsin) və digər sələfləri də təkfir edirlərmi? Çünki onlar da cahilliyi üzr görərdilər və onların bunu söyləməkdə dəlilləri vardır! Mən yaşlı bir Şeyx tanıyırdım, cahilliyi üzrlü görmürdü. Buna baxmayaraq bu barədə mübahisə etməz, fitnə salmaz və əks rəydə olanları da zəlalətlə ittiham etməzdi. Biz onunla qırx il dostluq etmişdik. Bu yaxında o, dünyasını dəyişdi. Bir dəfə biz məclislərin birində oturmuşduq. Orada bir nəfər vardı ki, cahilliyi üzr görmürdü. Mən ona dəlillər gətirdim və xatırlatdım ki, Nəcd alimləri içərisində cahilliyi üzrlü görənlər də var, cahlliyi üzrlü görməyənlər də. Lakin, bununla belə onlar arasında daima qardaşlıq olmuşdur. Mübahisə və fitnəkarlıqdan uzaq olmuşlar. Bu sözlərdən sonra o, kimsə susdu, fitnə salmadı. Biz bilirik ki, Nəcd alimləri arasında bu məsələdə ixtilaf olmuşdur, lakin onlar bir-birilə heç vaxt buna görə düşmənçilik etməmişlər. Bu yol Həddadilərin yoludur”. Sonra Şeyx Rabi (Allah onu qorusun) sözünə davam edərək deyir: “Doğru mənhəc bu məsələdə — hüccətin çatdırılmasıdır. Əgər kimsə bunu doğru görməzsə, qoy sussun və digər rəydə olan qardaşlarına hörmət edib onları ittiham etməsin. Çünki onların da dəlilləri Quran və Sünnədir. Əgər kimsə (cahilliyin üzrlü olmasını) söyləyənləri təkfir etmək istəyirsə, onda Sələfləri təkfir etsin, təkfir etsin İbn Teymiyyəni, təkfir etsin Muhəmməd İbn Abdul-Vahhabı (Allah onlara rəhm etsin) hansı ki, deyərdi: “Biz Əhməd Bədəvinin qəbrinə ibadət edənlər cahilliklərində dolayı təkfir etmirik” (“Məcmuul-Kutubu Risələ və Fətəva Şeyx Rabi” 14/ 309-312).

Şeyx Abdullah əl-Buxaridən (Allah onu qorusun) soruşurlar: “Möhtərəm Şeyx “Cahillik üzrlüdür” məsələsini şişirdərək gündəmə gətirən Tunis cavanlarına nəsihətiniz nə olar? Bununla onlar Əhli Sünnə arasında ayrılıq edirlər”. Şeyx buyurur: “Bu problem tək Tunisdə deyil, digər ölkələrdə də baş qaldırmışdır. Əzizim, bil ki, alimlər artıq böyük şirkin və kiçik şirkin nə olduğunu kitab və dərslərində açıqlamışlar. Yəni, alimlər böyük şirk üçün – bu böyük şirkdir, kiçik şirk üçün – bu kiçik şirkdir demişlər. Onlar bu məsələdə ixtilaf etməyiblər, lakin bəzi Əhli Sünnə alimləri arasında ixtilaf olmuşdur. Mən ümmətləri təkfir edən bidət əhlini nəzərdə tutmuram. Lakin, bəzi Əhli Sünnə alimləri arasında “Cahilliyin üzr” olub-olmaması barəsində ixtilaf olmuşdur. Onlar əməlin (sözün) şirk olub-olmamasında ixtilaf etməmişlər. Diqqətli olun! Bu çox incə bir məsələdir. Təvafın, ölüyə dua etməyin böyük şirk olmasında heç bir ixtilaf yoxdur. Bunda hamı ittifaq edib: cahilliyi üzr görəndə, görməyəndə. Hamı ittifaq edib ki, bu şirkdir. İxtilaf belə bir kimsənin ona izah olunana qədər üzrlü olmasında. Onda bu mübahisələr nə üçündür? Hər iki rəy də Əhli Sünnənin rəyidir, lakin araşdırmalar onu göstərir ki, cahillik üzrdür. Bu zaman insanları ittiham etmək nəyə lazımdır? Onlar istəyirlər ki, sən onların dediyini deyəsən, öz bildiyini yox! Bir gün yanıma Qafqazdan olan bir gənc gəlmişdir. Bu barədə sizə danışmışam. İnsanları təkfirdə, şirkdə, küfrdə ittiham etməklə aşıb-daşırdı.

Şeyx: “Mənim suallarıma cavab ver. Doğru yolla gedirsən?”

Gənc: “Bəli, necə bəyəm?”

Şeyx: “Nə vaxtdır Allah səni bu mənhəcə yönəldib?”

Gənc: “Dörd il olar” – dedi. Özünün 23-25 yaşı olardı.

Şeyx: “Yaxşı, Allah sənə dörd ildir hidayət verib, bəs bu illərdən öncə nə idin? Kafir yoxsa müsəlman?” Yazıq susdu və cavab vermədi. “Öz valideynlərin barəsində nə düşünürsən?” Susdu, onların İslamına yəqin deyildi. “….Haqdan sonra zəlalətdən başqa nə ola bilər?…”. (Yunus 32). Əvəllər Sovet İttifaqının nəzdnində olan kommunist ölkələrində insanları: “Mən müsəlmanam!” dediyinə görə öldürərdilər. Bir sözünə görə: “Mən müsəlmanam!” dediyi üçün öldürərdilər. Ola bilər ki, belə insan İslam barəsində onun adından başqa heç bir şey bilmirdi. Lakin o, öz İslamından ölənə kimi yapışardı. İndi isə sən gəlmisən və var gücünlə çalışırsan ki, İslama görə öldürülən bir kimsəni İslam dairəsindən çıxardasan. Bu nə istəkdir, məgər kimisə İslamdan çıxarmağa, yoxsa onu doğruya yönəltməyə vacib bir əmr gəlib? İnsanları islah olmasına çalışmaq, yoxsa Cəhənnəmin dibinə sürükləmək? Məgər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dəvəti bu olub? Ey oğlum! Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dəvəti İbn Qeyyimin (Allah ona rəhm etsin) dediyi kimi iki hissədən ibarətdir: 1) Kafirləri İslama dəvət etmək, buna görə də Muazı və digər səhabələri (Allah onlardan razı olsun) digər ölkələrə göndərirdi…. Kafirlərin İslamı qəbul etmələri üçün. 2) Möminlərin dində sabit olmaqları üçün. Möminləri Dindən çıxarmaq, yoxsa? Bunlar arasında fərq aydındır. O ki, qaldı İslamı qəbul edib, müsəlman olduqdan sonra bidətlərə yol verənlərə, onlara başa salmaq vacibdir. Əgər inadkarlıq etsə bidət əhlindən sayılar. Bu isə başqa bir məsələdir. Aydındır? Özünüzü belə şeylərlə məşğul etməyin, elm öyrənin, elmdə müəyyən bir səviyəyə çatdıqda artıq biləcəksiniz kim üzrlüdür, kim isə üzrlü deyil”. (“Muhadara Maza Bəadəl Hacc” 30-cu dəqiqə).

Şeyx Useymin (Allah ona rəhm etsin) deyir: “(Əgər söhbət müəyyən şəxsdən gedirsə) bu əməllərinə görə bir kimsəni müşrik, kafir və ya lənətlənmiş adlandırmaq qadağandır. Çünki, bunun öz şərtləri və maneələri vardır. Buna görə də müəyyən şəxsin qazancı rüşvətdən olduğuna görə lənətləmirik. Çünki, ola bilər elə şeylər var ki, o lənətin ona gəlməsinin qarşısını alır, məs: cahillik və şübhə. Həmçinin, şirk də belədir. Biz müəyyən bir insanı şirk etdiyinə görə müşrik adlandırmırıq. Ola bilər ki, ona dəlilin çatmaması və ya onun ətrafında yaşayan alimlərin səhlənkarlığına görə dəlillər çatmayıb. Alimlərin bu məslədə biganəliyi müəyyən bir şəxsə kafir deməyi qadağan edir… Ölüdən bir şey istəmək şirkdir, lakin müəyyən bir şəxsi bu əməlinə görə müşrik adlandırmaq, hüccətin ona çatdığı bizə bəlli olana qədər qadağandır”. (“Şərhu Kitəbut-Təuhid” 29-30).

İbn Teymiyyə (Allah ona rəhm etsin) filan sözü deyən kafir olur” – kəlməsi barəsində deyir: “Həqiqətdə məsələ belədir: Ola bilər deyilən söz küfr olsun və belə bir söz deyən insanın ümumi ifadələrlə kafir olması deyilsin. Məs: Kim belə deyərsə, o, kafirdir. Lakin bunu deyən fərdi insanın kafir olmasına hökm vermək olmaz. Bunun üçün hüccət çatdırılmalıdır. Elə bir hüccət ki, ona qarşı çıxan artıq kafir olar. Bu qayda Qurani-Kərimin əzab vəd edən ayələrinə aiddir: “Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (Qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər”. (ən-Nisa 10). Bu və digər belə əzab vəd edilən ayələr haqdır. Lakin müəyyən bir insanın belə əzaba düçar olmasını demək olmaz. Ümumiyyətlə Qiblə Əhli (müsəlman) sayılan müəyyən bir insanın Cəhənnəmlik olmasına şahidlik edilməz. Çünki, ola bilər ki, onun barəsində əzabın haqq olmasına aid şərtlər tamamlanmasın, yaxud bu əzaba mane olan səbəblər olsun. Məsələn, etdiyi əməlin haram olmasını eşitməyib, tutduğu haram işdən tövbə edib, ola bilər qazandığı böyük savablar etdiyi haram işin günahını yusun. Həmçinin, ola bilər ki, başına gələn müsibətlər günahının bağışlanmasına səbəb olsun və ya Allahın razılıq verdiyi kimsə ona şəfaətçi olsun. Deyilən insanı kafir edən sözlər də belədir. Ola bilər kimsə haqqı bilməsi üçün şəriət dəlillərinə yetişməyib, yaxud da ola bilər ona çatıb, lakin onların mötəbərliyinə əmin olmayıb, bəlkə onları başa düşmək imkanı olmayıb və ya onun qarşısına qoyulan şübhələrə görə Allah onu üzrlü saysın. Haqqı axtarmaq üçün ictihad edib səhf nəticəyə gələn hər bir müsəlmanın səhvini Allah bağışlayır. Bunun elmi və ya nəzəri məsələlərdə olmasının fərqi yoxdur. Bu Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələrinin və bütün İslam alimlərinin rəyidir. Onlar inkar baxımından əməlləri hissələrə bölməmişlər. Əsas əməlləri inkar edənin kafir, ikinci dərəcəli əməlləri inkar edənin isə kafir olmaması rəyini dəstəkləmşlər”. (“Məcmuul-Fətava” 23/ 345-346).

İmam Təhavi (Allah ona rəhm etsin) deyir: “Namazı tərk edənin (qılmayanın) kafir olmadığına dəlil odur ki, biz kafirə namaz qılmasını əmr etmirik. Əgər namazı tərk edən (qılmayan) kafir olsaydı, biz ona İslamı qəbul etməsini əmr edərdik. Əgər İslamı qəbul etsə, ondan sonra biz ona namaz qılmasını əmr edərdik. Lakin biz belə etməyib ona namaz qılmasını əmr edirik. Çünki, o, namaz əhlindən sayılır”. (“Muşkul-Əsar” 4/ 228).

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha və Allahın Salavatı və Salamı, onun Peyğəmbəri, səhabələri və ailəsinin üzərinə olsun!

39. əz-Zumər surəsi

1. Bu Kitab Qüdrətli və Müdrik Allahdan nazil edilmişdir.

2. Biz Kitabı sənə bir həqiqət kimi nazil etmişik. Sən də, dinin yalnız Allaha məxsus olduğuna iman gətirərək, Ona ibadət et!

3. Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz.

4. Allah övlad götürmək fikrində olsaydı, xəlq etdiklərindən hər hansı birini seçərdi. O, pakdır, müqəddəsdir. O, Tək olan, hər şeyə Qalib gələn Allahdır.

5. O, göyləri və yeri bir həqiqət kimi yaratmışdır. O, gecəni gündüzə bürüyür, gündüzü də gecəyə bürüyür. O, günəşi və ayı ram etdi. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. O, Qüdrətlidir, Bağışlayandır.

6. Allah sizi tək bir nəfərdən yaratdı. Sonra onun özündən zövcəsini yaratdı. O sizdən ötrü səkkiz cüt heyvan endirdi. O sizi analarınızın bətnlərində üç zülmət içərisində yaranış ardından yaranışa salaraq yaradır. Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Ona məxsusdur. Ondan başqa heç bir məbud yoxdur. Siz necə də haqdan döndərilirsiniz!

7. Küfr etsəniz, bilin ki, Allah sizə möhtac deyildir. O, qullarının kafirlik etməsinə razı olmaz. Əgər şükür etsəniz, buna görə sizdən razı qalar. Heç bir günahkar başqasının günah yükünü daşımaz. Sonra Rəbbinizin yanına qayıdacaqsınız. O sizə nə etdiklərinizi bildirəcəkdir. Həqiqətən, O, kökslərdə olanları bilir.

8. İnsana bir zərər toxunduqda Rəbbinə üz tutub təkcə Ona yalvarır. Sonra Allah Özündən insana bir nemət verəndə o, əvvəlcə kimə yalvardığını unudur və insanları Allahın yolundan çıxartmaq məqsədilə Ona şəriklər qoşur. De: “Küfrünlə bu dünyada bir az dolan. Şübhəsiz ki, sən Cəhənnəm sakinlərindənsən!”

9. Məgər gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, axirətdən çəkinən və Rəbbinin rəhmətinə ümid bəsləyən kimsə kafirlə eynidirmi? De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Bundan ancaq ağıl sahibləri düşünüb ibrət alarlar”.

10. Qullarıma Mənim bu Sözümü de: “Ey Mənim iman gətirən qullarım! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənləri yaxşılıq (Cənnət) gözləyir. Allahın yaratdığı yer üzü genişdir. Yalnız səbir edənlərə mükafatları hesabsız veriləcəkdir”.

11. De: “Mənə, dini yalnız Allaha məxsus edərək, Ona ibadət etmək əmr olunmuşdur.

12. Mənə həm də müsəlmanların birincisi olmaq əmr olunmuşdur”.

13. De: “Rəbbimə asi olsam, o əzəmətli günün əzabından qorxaram”.

14. De: “Mən dinimi məhz Allaha məxsus edərək yalnız Ona ibadət edirəm.

15. Siz də Ondan başqa istədiyinizə ibadət edin”. De: “Şübhəsiz ki, ziyan çəkənlər Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Açıq-aşkar ziyan da elə budur!”

16. Onların üstündə də oddan təbəqələr, altında da oddan təbəqələr olacaqdır. Allah Öz qullarını bununla qorxudur. Ey qullarım! Məndən qorxun!

17. Tağuta ibadət etməkdən çəkinib Allaha üz tutanlara müjdə vardır. Qullarımı müjdələ!

18. O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar, onlar Allahın doğru yola yönəltdiyi şəxslərdir. Ağıl sahibləri də məhz onlardır.

19. Haqqında əzab sözü gerçəkləşmiş kimsəni və Cəhənnəmdə olacaq kəsi sənmi xilas edəcəksən?

20. Lakin Rəbbindən qorxanları üst-üstə tikilmiş, altından çaylar axan otaqlar gözləyir. Bu, Allahın vədidir. Allah vədinə xilaf çıxmaz.

21. Məgər Allahın göydən yağmur endirib onu yer üzündəki çeşmələrə axıtdığını görmürsənmi? Sonra Allah onunla müxtəlif rəngli əkinlər yetişdirir. Sonra onlar quruyur və sən onları saralmış görürsən. Sonra da Allah onları çör-çöpə döndərir. Həqiqətən, bunda ağıl sahibləri üçün ibrət vardır.

22. Məgər Allahın, köksünü İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs kafirlə eyni ola bilərmi? Qəlbi Allahın Zikrinə qarşı sərt olanların vay halına! Onlar həqiqətən azğınlıq içindədirlər.

23. Allah Sözün ən gözəlini – ayələri bir-birinə bənzəyən və təkrarlanan Kitab kimi nazil etdi. Rəbbindən qorxanların ondan dəriləri ürpəşər. Sonra isə Allahı yad etməklə dəriləri və qəlbləri yumşalır. Bu, Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldir. Allahın zəlalətə saldığı şəxsə isə yol göstərən olmaz.

24. Qiyamət gününün dəhşətli əzabından üzü ilə qorunan kəs möminlə eynidirmi? Zalımlara: “Qazandığınızı dadın!”– deyilər.

25. Onlardan əvvəlkilər də peyğəmbərləri yalançı saymışdılar və buna görə əzab da onlara gözləmədikləri yerdən gəldi.

26. Allah onlara dünya həyatında rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha böyükdür. Kaş ki, biləydilər!

27. Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik ki, bəlkə, düşünüb dərk edələr.

28. Biz onlara heç bir qüsuru olmayan, ərəbcə Quran nazil etdik ki, bəlkə Allahdan qorxsunlar.

29. Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti bunu bilmir.

30. Əslində, sən də öləcəksən, onlar da öləcəklər!

31. Sonra siz Qiyamət günü Rəbbinizin yanında mübahisə edəcəksiniz.

32. Allaha qarşı yalan uyduran və həqiqət ona bəyan edildikdə onu yalan sayan kimsədən daha zalım kim ola bilər? Məgər Cəhənnəmdə kafirlər üçün yer yoxdur?

33. Haqqı gətirən və onu təsdiq edənlər isə əsl müttəqilərdir.

34. Onlar üçün Rəbbinin yanında dilədikləri hər şey vardır. Yaxşı işlər görənlərin mükafatı budur.

35. Beləcə, Allah onların etdikləri ən pis əməlləri bağışlayacaq və etdikləri ən yaxşı əməllərə görə mükafatlarını verəcəkdir.

36. Məgər Allah Öz qulunu qane etmirmi? Onlar isə səni Ondan başqaları ilə qorxudurlar. Allahın zəlalətə saldığı kimsəyə isə doğru yol göstərən olmaz.

37. Allahın doğru yola yönəltdiyi kimsəni də azdıran olmaz. Məgər Allah Qüdrətli, intiqam almağa qadir deyilmi?

38. Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar mütləq: “Allah!”– deyəcəklər. De: “Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!”

39. De: “Ey qövmüm! Əlinizdən gələni edin, mən də edəcəyəm. Siz tezliklə biləcəksiniz ki,

40. kimə rüsvayedici əzab gələcək, kim də sürəkli əzaba düçar olacaqdır”.

41. Biz Kitabı sənə, insanlar üçün zəruri olan bir həqiqət kimi nazil etdik. Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı onun öz əleyhinə olar. Sən onların müdafiəçisi deyilsən.

42. Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır.

43. Yoxsa onlar Allahdan qeyrilərinimi özlərinə şəfaətçi etdilər? De: “Əgər onlar heç bir şeyə malik deyillərsə və heç bir şey anlamırlarsa bəs necə olsun?”

44. De: “Şəfaət bütünlüklə Allaha məxsusdur. Göylərin və yerin hökmranlığı da Ona məxsusdur. Sonra siz Ona qaytarılacaqsınız”.

45. Allah tək olaraq xatırlandığı zaman Axirətə inanmayanların qəlbini nifrət bürüyür. Ondan qeyriləri yad edildiyi zaman isə onlar sevinirlər.

46. De: “Ey göyləri və yeri Yaradan, qeybi və aşkarı Bilən Allahım! Qullarının arasında baş verən ziddiyyətlərlə bağlı hökmü yalnız Sən verəcəksən!”

47. Yer üzündə olanların hamısı və, üstəlik bir o qədər də əlavə, zalımlara məxsus olsaydı, onlar mütləq hamısını Qiyamət gününün dəhşətli əzabından qurtarmaq üçün fidyə verərdilər. Lakin Allahdan onlara güman etmədikləri bir əzab düçar olacaqdır.

48. Onların qazandıqları pis əməllər öz qarşılarına çıxacaq və istehza etdikləri əzab onları bürüyəcəkdir.

49. İnsana bir zərər toxunduğu zaman Bizə yalvarır. Sonra Biz ona Özümüzdən bir nemət verdikdə deyir: “Bu mənə yalnız özümdə olan biliyə görə verilmişdir!” Xeyr, bu, bir imtahandır, lakin onların çoxu bunu bilmir.

50. Bunu onlardan əvvəlkilər də demişdilər. Amma qazandıqları şeylər onlara heç bir fayda vermədi.

51. Onlar işlətdikləri pis əməllərin cəzasına çatdılar. Bunlardan zalım olanlara da qazandıqları günahların cəzası yetişəcək və onlar qaçıb canlarını qurtara bilməyəcəklər.

52. Məgər onlar bilmirlərmi ki, Allah istədiyinin ruzisini bol edir, istədiyinə də onu azaldır? Həqiqətən, bunda iman gətirən qövm üçün ibrətlər vardır.

53. Qullarıma mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!”

54. Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz.

55. Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl Sözə tabe olun!

56. Sonra kimsə deməsin ki: “Allaha qarşı etdiyim etinasızlıqlara görə vay mənim halıma! Həqiqətən, mən dinə və dində olanlara rişxənd edənlərdən idim!”

57. Yaxud deməsin: “Əgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən olardım!”

58. Həm də əzabı gördüyü zaman deməsin: “Kaş ki, bir də dünyaya qayıdaydım, yaxşı işlər görənlərdən olardım!”

59. Xeyr! Ayələrim sənə gəlmişdi, sən isə onları yalan saydın, təkəbbür göstərdin və kafirlərdən oldun”.

60. Sən Qiyamət günü Allaha qarşı yalan uyduranların üzlərini qapqara görəcəksən. Məgər Cəhənnəmdə təkəbbürlülər üçün yer yoxdur?

61. Allah müttəqilərə uğurlarına görə nicat verəcək. Onlara pislik toxunmayacaq və onlar kədərlənməyəcəklər.

62. Allah hər şeyin Xaliqidir. O, hər şeyi Qoruyandır.

63. Göylərin və yerin açarları Ondadır. Məhz Allahın ayələrini inkar edənlər ziyana uğrayanlardır.

64. De: “Mənə Allahdan qeyrisinəmi ibadət etməyi əmr edirsiniz, ey cahillər?”

65. Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan.

66. Sən yalnız Allaha ibadət et və şükür edənlərdən ol!”

67. Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların Ona qoşduqları şəriklərdən ucadır.

68. Sur üfürüləcək və Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı öləcəkdir. Sonra bir daha ona üfürülən kimi onlar qalxıb baxacaqlar.

69. Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, əməllər yazılmış kitab hər kəsin qarşısına qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir.

70. Hər kəsə öz əməlinin əvəzi tam veriləcəkdir. Allah onların nə etdiklərini yaxşı bilir.

71. Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açıq olacaq və onun gözətçiləri onlara deyəcəklər: “Məgər öz içərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu gününüzə qovuşacağınızla xəbərdar edən elçilər gəlməmişdi?” Onlar: “Əlbəttə, gəlmişdi!”– deyəcəklər. Lakin əzab Sözü kafirlər barəsində gerçəkləşdi.

72. Onlara: “İçində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin!”– deyiləcək. Təkəbbürlülərin yeri necə də pisdir!

73. Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər: “Sizə salam olsun! Xoş sizin halınıza! Əbədi qalmaq üçün buraya daxil olun!”

74. Onlar deyəcəklər: “Bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə varis edən Allaha həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!”

75. Sən mələklərin, Ərşi əhatə edərək, Rəbbinə həmd ilə təriflər dediklərini görəcəksən. Onların arasında ədalətlə hökm veriləcək və: “Aləmlərin Rəbbi olan Allaha həmd olsun!”– deyiləcəkdir.

Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Əl-Ənam surəsi

1 Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd (şükür və tərif) olsun! (Bu qüdrəti gördükdən) sonra kafir olanlar yenə (bütləri) öz Rəbbinə tay tuturlar.

2 Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir əcəl (ölüm vaxtı) müəyyən edən Odur. (Allahın) yanında məlum bir əcəl də (bütün ölülərin diriləcəyi qiyamət günü) vardır. (Bütün bunlardan) sonra siz yenə də şübhə edirsiniz!

3 Göylərdə də, yerdə də (ibadətə layiq olan) yalnız O Allahdır! Sizin gizlində də, aşkarda da nəyiniz varsa, tutduğunuz (bütün) əməlləri də O bilir!

4 Onlara (Məkkə müşriklərinə) Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, onlardan üz çevirməsinlər!

5 Onlara haqq olan (Quran) gəldiyi zaman onu yalan hesab etdilər. (Müşriklərin) məsxərəyə qoyduqlarının (Quranın müsəlmanların qalib gələcəyi, müşriklərin məğlub olacağı və axirətdə şiddətli əzab görəcəkləri barəsindəki) xəbərləri onlara gəlib çatacaq!

6 Məgər özlərindən əvvəl neçə-neçə nəsilləri (ümmətləri) məhv etdiyimizi görmədilərmi? Onlara yer üzündə sizə (məkkəlilərə) vermədiyimiz imkanlar (qüvvət və sərvət) vermişdik. Göydən onlara bol yağış göndərmiş, (evlərin, saraylarının və bağçalarının) altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə məhv etdik və onlardan sonra başqa yeni bir nəsil (ümmətlər) yaratdıq.

7 (Ya Rəsulum!) Əgər sənə kağız üzərində (yazılı) bir kitab nazil etsəydik və onlar əlləri ilə ona toxunmuş olsaydılar belə, kafirlər yenə də: “Bu, açıq-aydın bir sehrdir”, – deyərdilər.

8 Onlar dedilər: “Məgər ona (Həzrəti-Muhəmmədə peyğəmbərliyinin həqiqi olmasını təsdiq edən) bir mələk endirilməli deyildimi?” Əgər Biz bir mələk göndərsəydik, iş bitmiş olar (iman gətirməyəcəkləri üçün onlar məhv edilər) və (tövbə etmək üçün) onlara bir an belə möhlət verilməzdi.

9 Əgər Biz onu (peyğəmbəri) mələk etsəydik (və ya kafirlərə mələklərdən bir peyğəmbər göndərsəydik), yenə də onu bir insan qiyafəsində göndərər və onları (göndərilənin mələk deyil, özləri kimi bir adam olması barəsində) bir daha düşdükləri şübhəyə salardıq.

10 Əlbəttə, səndən əvvəlki peyğəmbərlər də məsxərəyə qoyulmuşdular. Lakin məsxərəyə qoyanları məsxərəyə qoyduqlarının özü məhv etdi.

11 (Ya Rəsulum!) De: “Yer üzünü dolaşın və sonra görün ki, (peyğəmbərlərə) yalançı deyənlərin aqibəti necə oldu?”

12 De: “Göylərdə və yerlərdə olanlar kimindir?” De: “Allahındır!” O Öz- Özünə rəhmli olmağı yazmışdır. (Bəndələrinə qarşı rəhmli olmağı Özü üçün əzəldən O Müəyyən etmişdir). Olacağına heç bir şübhə edilməyən qiyamət gününə sizi O toplayacaqdır. Özlərinə zərər vuranlar, əlbəttə, iman gətirməzlər!

13 Gecədə və gündüzdə mövcud olan hər bir şey Onundur. O, (hər şeyi) eşidəndir, biləndir.

14 (Ya Rəsulum!) De: “Mən göyləri və yeri yaradan, hamısını bəsləyib Özü bəslənməyən (hamını yedirdib Özü yeməkdən uzaq olan) Allahdan başqasını özümə Rəbbmi edərəm?!” De: “Mənə ilk müsəlman olmaq əmr edildi və müşriklərdən olma!” (deyə buyuruldu).

15 De: “Əgər mən Rəbbimə asi olsam, böyük günün (qiyamət gününün) əzabından qorxaram”.

16 O gün kim əzabdan qurtulsa, şübhəsiz ki, (Allah) ona mərhəmət əta etmişdir. Bu isə açıq-aydın qurtuluşdur (uğurdur).

17 Əgər Allah sənə bir sıxıntı versə, (səni ondan) Allahdan başqa heç kəs qurtara bilməz. Əgər (Allah) sənə bir xeyir yetirsə (heç kəs Ona mane ola bilməz). Çünki O, hər şeyə qadirdir!

18 O Öz qulları üzərində hakimi-mütləqdir. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!

19 De: “Şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı başqa tanrılar olduğuna şahidlik edirsiniz?” De “O, tək bir Tanrıdır. Mən sizin Ona şərik qoşduqlarınızdan (bütlərdən) tamamilə kənaram!”

20 Kitab verilmiş şəxslər onu (Muhəmməd peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Özlərinə zərər edənlər, əlbəttə, iman gətirməzlər!

21 Allaha iftira yaxan və Onun ayələrini yalan hesab edən kəsdən daha zalım kim ola bilər?! Şübhəsiz ki, zalımlar nicat tapmazlar!

22 O gün (qiyamət günü) onların hamısını (bir yerə) toplayacaq, sonra (Allaha) şərik qoşanlara deyəcəyik: “(Tanrı olduqlarını) iddia etdiyiniz şərikləriniz (bütləriniz) haradadır?!

23 Onların: “Rəbbimiz Allaha and olsun ki, biz müşrik deyildik!” deməkdən başqa heç bir çarələri qalmayacaq.

24 Gör onlar özlərinə qarşı necə yalan deyirlər. Özlərindən uydurub düzəltdikləri bütlər də onlardan qeyb olacaq!

25 (Müşriklərin) içərisində səni dinləyənlər də vardır. Lakin (müsəlmanlara qarşı düşmən hərəkətlərinə görə) onu (Quranı) başa düşməsinlər deyə, onların ürəklərinə pərdə çəkdik, qulaqlarına da karlıq (ağırlıq) verdik. Onlar hər hansı bir möcüzə görsələr, yenə də ona inanmazlar. Hətta yanına gəldikdə səninlə höcətləşərlər. Kafir olanlar isə: “Bu, qədimlərin əfsanələrindən (nağıllardan) başqa bir şey deyildir!, – deyərlər.

26 (Müşriklər özlərinə uyanları Quranı) dinləməyi qadağan edər, özləri də onlardan uzaq durarlar. Onlar (başqalarını deyil), yalnız özlərini həlak edər, lakin (bunun) fərqinə varmazlar.

27 (Ya Rəsulum!) Gətirilib od üstündə saxlandıqları zaman sən onların: “Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!” – demələrini görəydin!

28 Xeyr, əvvəlcə (ürəklərində) gizlətdikləri (küfr, nifaq və çirkin əməllər) onların qabağına çıxdı. Əgər geri qaytarılsaydılar, yenə də onlar qadağan olunduqları şeyə (küfr və günaha) əl qatardılar. Onlar, şübhəsiz ki, yalançıdırlar!

29 (Əgər onlar dünyaya qaytarılsaydılar) yenə də: “Həyat yalnız bu dünyadakı həyatımızdan ibarətdir. Bizlər bir daha dirilən deyilik!” – deyərdilər.

30 Sən onları (sorğu-sual üçün) Rəbbinin hüzurunda saxlandıqları zaman görəydin! Allah onlara (mələklər vasitəsilə) belə buyuracaq: “Bu, (öləndən sonra dirilmək, sorğu-sual) haqq deyilmi? Onlar: “Bəli, Rəbbimizə and olsun (ki, bu, haqdır!)” – deyə cavab verəcəklər. (Allah) buyuracaq: “Elə isə etdiyiniz küfrlərə görə dadın əzabı!”.

31 Allahın hüzurunda duracaqlarını inkar edən kimsələr, həqiqətən, ziyana uğramışlar. Belə ki, saat (qiyamət vaxtı) qəflətən başlarının üstünü aldığı zaman onlar günahlarını dallarında daşıyaraq deyəcəklər: “Dünyadakı təqsirlərimizə görə vay halımıza!” Bir baxın, daşıdıqları şey (günah yükü) necə də pisdir!

32 Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?

33 Bilirik ki, onların (Quran barəsində) dedikləri söz səni çox kədərləndirir. Həqiqətdə isə onlar səni yalançı hesab etmirlər (ürəklərində sənin həqiqi peyğəmbər olduğunu yaxşı bilirlər). Ancaq o zalımlar (müşriklər) Allahın ayələrini inadla inkar edirlər.

34 Səndən əvvəl də peyğəmbərlər təkzibə məruz qalmışdılar. Lakin onlar təkzib olunduqları və əziyyət verildikləri şeylərə dözdülər. Nəhayət, Bizim köməyimiz onlara yetdi. Allahın sözlərini (peyğəmbərlərə verdiyi vədləri) dəyişə biləcək heç bir kimsə yoxdur! Doğrudan da, peyğəmbərlərə aid xəbərlərin bəzisi sənə gəlib çatdı.

35 Onların (haqq dindən) üz döndərməsi sənə ağır gəlirsə, yerdə (yerin dibinə gedən) bir lağım və ya göyə çıxacaq bir nərdivan tapıb onlara (Bizim sənə verdiyimizdən daha yaxşı) bir möcüzə gətirə bilərsənsə, durma gətir! (Allah sənə bu qüdrəti verməmişdir, hətta gətirsən belə, yenə onu sehr hesab edəcəklər). Allah istəsəydi, onları yığıb doğru yola salardı. Elə isə (Allahın insanların zorla deyil, könüllü surətdə iman gətirmək istədiyini) bilməyənlərdən olma!

36 (Sənin dəvətini) ancaq cani-dildən eşidənlər qəbul edər. Ölüləri də Allah dirildər. Sonra onlar Allahın hüzuruna qaytarılar.

37 (Məkkə müşrikləri) dedilər: “Məgər ona (Peyğəmbərə) Rəbbindən bir möcüzə endirilməli deyildimi?” De: “Allah möcüzə endirməyə qadirdir. Lakin onların çoxu (belə bir möcüzə göndərildikdə onu inkar edəcəkləri təqdirdə başlarına gələcək müsibət və fəlakəti) bilməz!

38 Yerdə gəzən elə bir heyvan, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. (Onlar da sizin kimi bir zümrədir. Allah onlara da ruzi vermiş, əcəllərini əvvəlcədən müəyyənləşdirmişdir. Onlar da öz qabiliyyətlərinə görə Allahın vəhdaniyyətini mədh edib, şəninə tərif deyirlər). Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik). Sonra onlar (bütün canlılar, bütün məxluqat) Rəbbinin hüzuruna cəm ediləcəkdir.

39 Ayələrimizi təkzib edənlər zülmət içində (küfr və cəhalətdə) qalmış karlar və lallardır. Allah istədiyini (haqq yoldan) azdırar, istədiyini isə düz yola yönəldər.

40 (Müşriklərə) de: “Mənə deyə bilərsinizmi? Sizə Allahın əzabı gəlsə və ya qiyamət başınızın üstünü alsa, Allahdan başqasına dua edib yalvaracaqsınızmı? Əgər doğrudanışanlarsınızsa (deyin görək)!”

41 Xeyr, yalnız Ona (Allaha) dua edib yalvaracaqsınız. O əgər istəsə, yalvardığınız bəlanı aradan qaldırar, siz də Ona şərik qoşduğunuz bütlərinizi unudarsınız. (Buna görə də başınıza bir bəla gəlməmişdən əvvəl Allaha ibadət edin. Ona heç bir şərik qoşmayın!)

42 Səndən əvvəl də ümmətləri (peyğəmbərləri yalançı hesab etdikləri üçün) müsibət və fəlakətə düçar etdik ki, (Allaha) yalvarsınlar.

43 Barı, əzabımız onların başlarının üstünü alanda yalvaraydılar. Lakin (inadları üzündən) qəlbləri sərtləşdi və Şeytan da onlara etdikləri əməlləri süslü göstərdi.

44 (Kafirlərə) edilmiş xəbərdarlığı unutduqları zaman (küfrlərini daha da artırmaq məqsədilə) hər şeyin (bütün nemətlərin) qapılarını onların üzünə açdıq. (Kafirlər) özlərinə verilən nemətlərə sevindikləri vaxt onları qəflətən yaxaladıq və onlar (hər şeydən) məhrum oldular.

45 Artıq o zalım tayfanın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha!

46 (Ya Rəsulum!) De: “Bir deyin görüm, əgər Allah sizin qulaqlarınızı və gözlərinizi əlinizdən alsa, ürəklərinizə möhür vursa, onları sizə Allahdan qeyri hansı tanrı qaytara bilər?” Gör Biz ayələrimizi onlara necə izah edirik, sonra onlar ondan gör necə üz döndərirlər.

47 De: “Bir deyin görüm, əgər Allahın əzabı sizə qəflətən və ya aşkar gəlsə, zalım tayfadan başqası həlak edilərmi?”

48 Biz peyğəmbərləri ancaq müjdə verənlər və (əzabla) qorxudanlar sifətilə göndərdik. İman gətirib yaxşı işlər görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!

49 Ayələrimizi təkzib edənlərə isə qazandıqları günahlara görə əzab üz verəcəkdir!

50 De: “Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən yalnız özümə gələn vəhyə tabe oluram”. De: “Kor görənlə bir olarmı? Məgər düşünmürsünüz?”

51 Rəbbinin hüzuruna cəm ediləcəklərindən qorxanları onunla (Quranla) xəbərdar et. Onların Allahdan başqa heç bir hamisi və havadarı yoxdur. Bəlkə də, onlar (bununla) pis əməllərdən çəkinsinlər!

52 (Ya Rəsulum!) Rəbbinin camalını (rizasını) diləyərək səhər-axşam Ona dua edənləri yanından qovma. Onların əməllərini sənə, sənin əməllərinin isə onlara heç bir dəxli yoxdur. Buna görə də (onları qovsan) zalımlardan olarsan.

53 Beləliklə, onları (insanları) bir-birilə imtahana çəkdik ki, onlar desinlər: “Əcəba, Allahın aramızda lütfünü görüb bəxş etdiyi kimsələr bunlarmıdır? Məgər Allah şükür edənləri daha yaxşı tanıyan deyildirmi?”

54 Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de: “Sizə salam olsun! Rəbbiniz Özü-Özünə rəhmli olmağı yazmışdır (bəndələrinə qarşı rəhmli olmağı əzəldən Özü Özü üçün müəyyən etmişdir) ki, sizlərdən hər kəs pis iş görsə, sonra tövbə edib düzəlsə (Allah onun günahından keçər). Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!”

55 Biz ayələrimizi belə müfəssəl izah edirik ki, günahkarların yolu açıq-aydın bilinsin.

56 (Ya Rəsulum) De: “Sizin Allahdan qeyri tapındığınız bütlərə ibadət etmək mənə qadağan edilmişdir”. De: “Mən sizin nəfsinizin istəklərinə əsla uymaram. Belə ola biləcəyi təqdirdə mən (haqq yoldan) azar və doğru yola yönəlmişlərdən olmaram!”

57 De: “Mən Rəbbimdən açıq-aydın bir dəlilə (Qurana) istinad edirəm. Siz isə onu yalan hesab etdiniz. Sizin tələm-tələsik istədiyiniz (ilahi əzab) məndə (mənim əlimdə) deyildir. Hökm ancaq Allahındır. Haqqı yalnız O bəyan edər. O (haqla batili) ayırd edənlərin ən yaxşısıdır!”

58 De: “Əgər təcili istədiyiniz (əzab) mənim əlimdə olsaydı, iş mənimlə sizin aranızda əlbəttə, bitmiş olardı (sizi dərhal məhv edərdim), Allah zalımları daha yaxşı tanıyandır!”

59 Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!

60 Sizi gecələr yuxuya daldıran (bu minvalla sizi bir növ ölüm halına salıb hiss-həyacandan məhrum edən), gündüz isə nə etdiyinizi (nə qazandığınızı) bilən Odur. Sonra O sizi gündüz (yuxudan) oyandırır ki, müəyyən olunmuş vaxt (əcəl) gəlib yetişsin. Sonra onun hüzuruna qayıdacaqsınız və sonra da O sizə etdiyiniz əməllər barəsində xəbər verəcəkdir.

61 (Allah) Öz bəndələri üzərində hakimi-mütləqdir. O sizə (yaxşı və pis əməllərinizi yazan, sizi Şeytandan qoruyan) gözətçi mələklər göndərir. Nəhayət, birinizin əcəli gəlib çatdıqda onun canını (göndərdiyimiz) mələklər alar. Onlar (öz vəzifələrində) heç bir əyər-əskikliyə yol verməzlər!

62 Sonra insanlar Allahın – özlərinin həqiqi ixtiyar sahibinin hüzuruna qaytarılar. Bilin ki, hökm Onundur (Allahındır) və O, ən tez haqq-hesab çəkəndir!

63 (Ya Rəsulum!) De: “Gizlində (Allaha) dua edib:” Əgər bizi suyun və qurunun zülmətindən qurtarsan, əlbəttə, şükür edənlərdən olarıq”, – deyə yalvardığınız zaman sizləri bunlardan xilas edən kimdir?”

64 De: “Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allahdır. (Bütün bunlardan) sonra siz yenə də (Ona) şərik qoşursunuz?”

65 De: “Allah başınızın üstündən və ayaqlarınızın altından (göydən və yerdən) sizə əzab göndərməyə, sizi dəstələr halında qarışdırmağa və birinizə digərinizin zorunu daddırmağa qadirdir!” Gör ayələrimizi onlara nə cür izah edirik ki, bəlkə, başa düşsünlər!

66 (Ya Rəsulum!) Sənin camaatın onu (Quranı), haqq olduğu halda, yalan hesab etdi. (Onlara) de: “Mən sizin vəkiliniz deyiləm!”

67 Hər bir xəbərin (Quranda sizə xəbər verdiyim əzabın Allah tərəfindən təqdir olunmuş) müəyyən bir vaxtı vardır və siz (onu) biləcəksiniz.

68 (Ya Rəsulum!) Ayələrimizi istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər Şeytan (bu qadağan əmrini) sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə bərabər oturma.

69 Müttəqilərə onların (iman gətirməyənlərin) əməllərindən heç bir günah gəlməz. Lakin bu, bir öyüddür ki, bəlkə, (kafirlər onun təsirilə) pis əməllərdən çəkinsinlər.

70 Dinlərini oyun və əyləncə sayanları, dünya həyatının məğrur etdiyi (və ya aldatdığı) şəxsləri boşla getsinlər. (Onlara Quranı) xatırlat ki, heç kəs qazandığı əmələ görə özünü həlaka düçar etməsin. Allahdan başqa onun nə bir dostu var, nə də bir şəfaətçisi (havadarı). O, hər hansı bir fidyəni versə belə, qəbul olunmaz. Onlar edikləri əməllərə görə əzaba düçar olanlardır. Onları küfr etdiklərinə görə qaynar su (cəhənnəm içkisi həmim) və şiddətli əzab gözləyir!

71 De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütlərəmi tapınacaq və Allah bizi düzgün yola yönəltdikdən sonra yer üzündə şaşqın dolaşarkən şeytanların azdırdığı adam kimi geriyəmi (küfrə) döndəriləcəyik? Halbuki dostları onu: “Bizə tərəf gəl!” – deyərək haqq yola çağırırdılar! De: “Allahın hidayəti (islam dini) doğru yoldur. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmiş,

72 Həmçinin: “Namaz qılın, Allahdan qorxun, hüzuruna toplanacağınız məhz Odur!” (deyə buyurulmuşdur)”.

73 Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: “Ol!” deyəcəyi gün (hər şey) dərhal olar. Onun sözü haqdır. Surun (İsrafilin surunun) çalınacağı gün hökm Onundur. Qeybi və aşkarı bilən də Odur. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!

74 (Ya Rəsulum) Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!”

75 Beləcə, İbrahimə göylərin və yerin mülkünü (səltənətini, oradakı qəribəlikləri və gözəllikləri, onların Allah qüdrəti ilə yaradılmasını) göstərdik ki, tam qənaətlə inananlardan olsun!

76 Gecə qaranlığı (onu) bürüdükdə o, bir ulduz görüb: “Bu mənim Rəbbimdir!” dedi. (Ulduz) batdıqda isə: “Mən batanları sevmirəm”, söylədi.

77 (Sonra) doğan ayı görüb: “Bu mənim Rəbbimdir!” – dedi. (Ay) batdıqda isə: “Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım”, – söylədi.

78 (Daha sonra) doğan günəşi görüb: “Bu mənim Rəbbimdir, bu, daha böyükdür!” – dedi. (Günəş) batdıqda isə dedi: “Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan (bütlərdən, səma cismlərindən) uzağam!

79 Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!”

80 Tayfası onunla (İbrahimlə) mübahisəyə girişdi. (İbrahim) dedi: “Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey (bəla, müsibət) istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. (Onlar mənə heç bir şey edə bilməzlər). Rəbbim hər şeyi elmlə (Öz əzəli elmi ilə) ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız?

81 Allahın sizə (ibadət edilməsi barədə) heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, (deyin görək) bu iki dəstədən hansı (qiyamət əzabından) əmin olmağa daha layiqdir?

82 İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!

83 Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət sahibi, elm sahibidir.

84 Biz İshaqı və Yəqubu Ona əta etdik. Onların hər birini hidayətə (peyğəmbərliyə) çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri (yaxşılıq edənləri) belə mükafatlandırırıq.

85 Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (hidayətə çatdırdıq). Onların hamısı əməlisalehlərdən idi.

86 Biz, həmçinin İsmaili, Əlyəsəi, Yunisi və Lutu da (hidayətə qovuşdurduq) və onları aləmlərdən (özləri ilə bir dövrdə yaşayan bütün insanlardan) üstün tutduq.

87 Biz onların atalarından, nəsillərindən və qardaşlarından da (bir qismini hidayətə çatdırdıq), onları seçdik və düz yola yönəltdik.

88 Bu, Allahın haqq yoludur. Bəndələrindən istədiyini ona yönəldir. Əgər onlar (Allaha) şərik qoşsaydılar, etdikləri əməllər puça çıxardı.

89 Onlar Bizim kitab, hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər (indi) bunlar (Qüreyş müşrikləri və başqa kafirlər) bu dəlilləri dansalar, Biz onlara həmin dəlilləri inkar etməyən bir tayfanı müvəkkil edərik (onların yerinə dəlillərimizi inkar etməyəcək bir zümrə gətirərik).

90 Onlar (adları çəkilən peyğəmbərlər) Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get. De: “Mən bunun (islam dinin təbliği) müqabilində sizdən bir əvəz istəmirəm. Bu (Quran) aləmlər (bütün bəşəriyyət) üçün yalnız bir moizədir (öyüd-nəsihətdir)”.

91 Onlar (yəhudilər): “Allah heç bir bəşərə bir şey (Quran) nazil etməmişdir”, – deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: “Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi kitabı (Tövratı) kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb göstərir, bir çoxunu da gizlədirsiniz. (Əslində) siz (Quran vasitəsilə) özünüzün və atalarınızın bilmədiklərini öyrənmiş olursunuz. (Ya Rəsulum!) Sən: “Allah!” deyib çağır, sonra da onları burax ki, düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar. (Özlərinin dedi-qodularında, pis işlərində və yaramaz əqidələrində davam etsinlər).

92 Bu (Quran) da mübarək (xeyir-bərəkəti daim, faydası çox), özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, onu sənə Məkkə əhlini və ətrafındakı insanları (Allahın əzabı ilə) qorxutmaq üçün nazil etmişik. Axirətə iman gətirənlər ona da iman gətirər, namazlarını da qoruyub saxlayarlar (vaxtlı-vaxtında qilarlar).

93 Allaha iftira yaxan, özünə heç bir vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur, mən də Allahın nazil etdiyi (Quran) kimi bir kitab endirəcəyəm”, – deyən şəxsdən daha zalım kim ola bilər? Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!

94 Siz Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimiz (var-dövləti, əhli-əyalı) arxanızda (dünyada) qoyub gəlmisiniz. Artıq sizin (vaxtı ilə) öz aranızda Allahın şərikləri iddia etdiyiniz şəfaətçilərinizi görmürük. Artıq aranızdakı (rabitə) qırılmış və (Allaha şərik) iddia etdikləriniz (bütlər) də sizdən (uzaqlaşıb) qeyb olmuşdur.

95 Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan (ölü yumurtadan diri toyuq, diri toyuqdan ölü yumurta yaradan) Allahdır. Budur Allah! Axı siz Ondan (haqq olan Allahdan) nə cür döndərilirsiniz?

96 (Gecənin zülmətindən) səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, günəşi və ayı (vaxt üçün) bir ölçü vasitəsi edən də Odur. (Bütün) bunlar yenilməz qüvvət sahibi, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmüdür).

97 Suyun və qurunun zülmətində (yolunuzu) düz getmək üçün ulduzları sizin üçün yaradan da Odur. Biz bu ayələri anlayan bir camaat üçün bu cür ətraflı izah etdik.

98 Sizi tək bir nəfərdən (Adəmdəm) yaradan da Odur. (Sizin üçün) bir qərar yeri (ana bətni, ata beli və ya yer üzü), bir də bir əmanət yeri (qəbir) vardır. Biz ayələrimizi anlayan bir camaat üçün belə müfəssəl bəyan etdik.

99 Göydən su (yağış) endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. (Biz, həmçinin) üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. (Onlardan hər birinin) bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda (Allahın Öz qüdrəti ilə yaratdığı bu şeylərdə) iman gətirən bir camaat üçün (Rəbbinizin varlığını sübut edən) dəlillər vardır.

100 Cinləri (Allah) yaratdığı halda, (kafirlər və cahillər) onları Allaha şərik qoşdular, (nəyə inandıqlarını, nə danışdıqlarını) bilmədən (özlərindən) Onun üçün oğullar və qızlar uydurub düzəltdilər. Allah isə onların Ona aid etdikləri sifətlərdən uzaqdır (pakdır) və yüksəkdə durur.

101 O, göyləri və yeri (yoxdan) var edəndir. Allahın necə övladı ola bilər ki, Onun heç bir yoldaşı (zövcəsi) yoxdur. Hər şeyi O yaratmışdır. O, hər şeyi biləndir!

102 O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaradan Odur. Buna görə də yalnız Ona ibadət edin. O, hər şeyə vəkildir!

103 Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər. O, lətifdir (cismlikdən uzaqdır), (hər şeydən) xəbərdardır!

104 Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim (onları) görsə, öz lehinə, kim görməsə, öz əleyhinədir. Mən sizə nəzarətçı deyiləm. (Mənim vəzifəm ancaq dini təbliğ etməkdir)

105 Biz ayələrimizi belə açıqlayırıq ki, onlar (sənin peyğəmbərliyini inkar edənlər): “Sən dərs almısan (bunları başqalarından öyrənmisən)”, – desinlər və Biz də onu (Quranı) bilən (elm və bilik sahibi olan) bir camaata izah edək. (Kafirlər Allahın birliyini, qüdrət və əzəmətini inkar etməklə daha şiddətli əzaba layiq olsunlar, möminlər isə onları təsdiq etdikləri üçün daha çox savab qazansınlar).

106 (Ya Rəsulum!) Rəbbindən sənə vəhy edilənə (Qurana) tabe ol. (Sən yəqin bilirsən ki) Ondan başqa heç bir tanrı yoxdur. Müşriklərdən isə üz çevir!

107 Əgər Allah istəsəydi, onlar müşrik olmazdılar. Biz səni onların üzərində gözətçi qoymamışıq və sən onların vəkili də deyilsən!

108 Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini gözəl göstərdik. (Möminlərə Allah rizasına gördükləri işləri gözəl göstərdiyimiz kimi, kafirlərə də çirkin əməllərini yaxşı göstərdik). Sonra onlar Rəbbinin hüzuruna qayıdacaqlar. (Allah isə) onlara etdikləri əməllər barəsində xəbər verəcəkdir!

109 (Məkkə müşrikləri) Allaha ürəkdən and içdilər ki, əgər onlara bir ayə gəlsə, ona mütləq inanacaqlar. (Onlara) de: “Ayələr ancaq Allahın yanındadır. (Ey müşriklərin imana gəlməsini istəyən müsəlmanlar!) Siz nədən bilirsiniz ki, onlara (istədikləri) ayə (möcüzə) gəldikdə yenə də iman gətirməyəcəklər!”

110 Biz onların ürəklərini və gözlərini əvvəlcə ona (Qurana və ya göndərdiyimiz hər hansı ayəyə) iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyarıq.

111 Əgər Biz (istədikləri kimi) mələkləri onlara göndərsəydik, ölülər onlara danışsaydı və hər şeyi dəstə-dəstə toplayıb onların qarşısına qoysaydıq belə, Allah istəmədikcə, onlar iman gətirməzdilər. Lakin onların əksəriyyəti (bunu) bilməz.

112 Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər!

113 (İnsanlardan və cinlərdən olan şeytanlar bu təmtəraqlı sözləri) axirətə inanmayanların ürəkləri onlara meyl etsin, onlar ondan (həmin sözlərdən) xoşlansınlar və gördükləri çirkin işləri bir daha görsünlər (deyə, təlqin edərlər).

114 Allah sizə Kitabı (Quranı) müfəssəl surətdə nazil etdiyi halda, mən (haqq ilə batili ayırd etmək üçün) Ondan başqasınımı özümə hakim istəməliyəm?! Kitab verilmiş şəxslər Quranın sənin Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər. Sən şübhəyə düşənlərdən olma!

115 (Ya Rəsulum!) Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur. O, (hər şeyi) eşidəndir, biləndir!

116 Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar!

117 Şübhəsiz ki, yolundan azanları ən yaxşı tanıyan Rəbbindir. Haqq yola yönələnləri də ən yaxşı bilən Odur!

118 Əgər siz Allahın ayələrinə inanan kimsələrsinizsə, üstündə Onun adı çəkilmiş (bismillah deyilərək kəsilmiş) heyvanları yeyin!

119 Sizə nə olub ki, üstündə Allahın adı çəkilmiş (heyvanların) ətindən yeməyəsiniz? Halbuki məcburiyyət qarşısında (yeməli) olduğunuz şeylər istisna edilməklə, sizə haram buyurduqların artıq O (Allah) müfəssəl şəkildə sizə bildirmişdir. Şübhəsiz ki, çoxları (şəriəti) bilmədiklərindən nəfslərinin istəklərinə uyaraq (xalqı) düz yoldan azdırarlar. Rəbbin həddi aşanları ən yaxşı tanıyandır!

120 Günahın aşkarından da, gizlisindən də əl çəkin! Günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar!

121 Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün (çirkin fikirlər və yaramaz əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız.

122 Heç (küfrlə) ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur (islam dini) verdiyimiz kəs zülmət içində qalıb oradan çıxa bilməyən kimsə kimi ola bilərmi? Etdikləri əməllər kafirlərə belə gözəl göstərildi.

123 Beləliklə, hər bir obanın günahkarlarını oranın başçıları təyin etdik ki, onlar (günahlarını, bunun nəticəsində də axirətdə əzablarını daha da artırmaq üçün) orada bacardıqları qədər məkrlə məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı məkr edərlər, lakin (bunun) fərqinə varmazlar.

124 Onlara bir ayə gəldiyi zaman: “Allahın peyğəmbərlərinə verildiyinin (nübüvvətin, möcüzələrin) misli bizə verilməyincə biz iman gətirməyəcəyik!” – deyərlər. Allah peyğəmbərliyi hara (kimə) göndərəcəyini Özü daha yaxşı bilir. Günahkarlar Allahın hüzurunda etdikləri məkrlərə görə zillətə və şiddətli əzaba düçar olacaqlar!

125 Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü islam (dini) üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O, sanki (sıxıntının şiddətindən) göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər!

126 Bu, Rəbbinin doğru yoludur. Biz ayələrimizi düşünüb anlayan bir camaat üçün artıq müfəssəl izah etmişik.

127 Onları Rəbinin yanında əmin-amanlıq yurdu (Cənnət) gözləyir. Allah onların gördüyü işləri himayə edəndir (və ya gördükləri yaxşı işlərə görə Allah onların dostudur).

128 (Allah insanları və cinləri) toplayacağı gün (qiyamət günü) belə buyuracaq: “Ey cin tayfası, artıq insanların bir çoxunu yoldan çıxartdınız”. Onların (cinlərin) insanlardan olan dostları deyəcəklər: “Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik (şeytanlar bir sıra batil şeyləri insanlara gözəl göstərdikləri üçün insanlar onlardan faydalandıqlarını zənn edərlər. Cinlər, şeytanlar isə insanları özlərinə tabe edə bildikləri üçün onlardan öz qərəzli məqsədləri naminə istifadə edərlər) və bizim üçün müəyyən etdiyin əcəlimiz gəlib çatdı!” (Allah) buyuracaq: “Sizin düşəcəyiniz yer atəşdir. Allahın istədiyi (vaxt və ya sonradan islamı qəbul edib nicat tapan kimsələr) istisna olmaqla, siz orada həmişəlik qalacaqsınız!” Şübhəsiz ki, Rəbbin hikmət, elm sahibidir!

129 Beləliklə, qazandıqlarına (qazandıqları günahlara) görə zalımların bəzisini digərinin arxasına taxaraq (və ya pis işləri bir yerdə gördükləri üçün qiyamət gününün əzabından onları bir-birinə belə yaxınlaşdırarıq).

130 Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi? Onlar deyəcəklər: “Biz öz əleyhimizə şahidik!” (Peyğəmbərlər bizə pis işlərimiz barədə xəbərdarlıq etsələr də, biz onlara qarşı çıxıb günah işləməkdə davam etdik. Biz indi hər cəzaya layiqik). Dünya həyatı onları aldatdı və onlar kafir olduqları barədə öz əleyhlərinə şəhadət verdilər.

131 Bu, (peyğəmbərləri göndərmək) ona görədir ki, Rəbbin məmləkətlərin əhalisini, onlar qafil ola-ola (özlərinə peyğəmbər gəlmədiyi üçün dini vəzifələrini bilməyib icra etmədikləri halda) zülmlə məhv etməyi özünə rəva bilməz!

132 Hər kəs üçün etdiyi əməllərə görə dərəcələr (müxtəlif mükafatlar və cəzalar) vardır. Rəbbin onların nə etdiklərindən qafil deyildir!

133 Rəbbin heç bir şeyə (heç bir bəndənin ibadətinə) möhtac deyildir, mərhəmət sahibidir. İstəsə, sizə başqa bir qövmün nəslindən (zürriyyətindən) gətirdiyi kimi, sizi də məhv edib yerinizə dilədiyini gətirər.

134 Sizə vəd edilən (qiyamət günü), şübhəsiz ki, gələcəkdir. Siz onun qarşısını ala bilməzsiniz!

135 (Ya Rəsulum! Qüreyş kafirlərinə) de: “Ey camaatım, əlinizdən gələni edin. Mən də (öz vəzifəmi) yerinə yetirirəm. Axirət yurdunun (gözəl) aqibətinin kimə nəsib olacağını biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!

136 (Müşriklər) Allah üçün Onun yaratdığı əkindən və davardan pay ayırıb öz (batil) inanclarına görə: “Bu, Allahın və bu da (Allaha) şərik qoşduğumuz bütlərin!” – dedilər. Onların bütləri üçün ayrılmış hissə Allaha çatmaz, Allah üçün ayrılmış hissə isə bütlərə çatardı. Onların verdikləri hökm necə də pisdir!

137 Beləcə, (onların şeytanlardan və cinlərdən ibarət olan) ortaqları müşriklərin bir çoxuna onları məhv etmək və dinlərinə qarmaqarışıqlıq salmaq məqsədilə övladlarını öldürməyi yaxşı bir iş kimi göstərdilər. Əgər Allah istəsəydi, bunu etməzdilər. (Ya Rəsulum!) Onları da, uydurduqları yalanları da başlı-başına burax!

138 (Müşriklər) öz (batil) iddialarına əsasən: “Bu davarlar və əkinlər haramdır, onları bizim istədiklərimizdən (bütlərə xidmət edən kişilərdən) başqa heç kəs yeyə bilməz. Bunlar da minilməsi qadağan edilmiş heyvanlardır”,- dedilər. Elə heyvanlar da vardır ki, (onları kəsərkən) Allahın adını çəkməzlər. (Müşriklər) bütün bunları (Allahın əmri deyə) Allaha iftira yaxaraq edərlər. Yaxdıqları iftiraya görə (Allah) onların cəzalarını verəcəkdir.

139 (Müşriklər) həmçinin: “Bu heyvanların qarınlarındakı balalar yalnız kişilərə məxsusdur (halaldır), onlar qadınlarımıza haram edilmişdir”,- dedilər. Əgər (bala) ölü doğularsa, (kişilər və qadınlar) ona (onu yeməyə) ortaqdırlar. (Allah) onlara (bu yalan) vəsflərinin (dəyərləndirmələrinin) cəzasını verəcəkdir. Şübhəsiz ki, O, hikmət, elm sahibidir!

140 Səfehlik üzündən anlamadan öz uşaqlarını öldürən və Allahın onlara verdiyi ruzini (müqəddəs saydıqları heyvanları) Allaha iftira yaxaraq haram edənlər, şübhəsiz ki, ziyana uğramışlar. Həqiqətən, onlar (haqq yoldan) azmış, doğru yolu tapa bilməmişlər.

141 Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı (bostanları və bağları), dadları müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin, lakin israf etməyin. (Allah) israf edənləri sevməz!

142 Yük daşıyan və (yunlarından) döşək düzəldilən heyvanları da (yaradan Odur). Allahın sizə verdiyi ruzilərdən yeyin və Şeytana uymayın. Şübhəsiz ki, o sizin açıq-aşkar düşməninizdir.

143 (Allah o heyvanları) səkkiz cift yaratdı: (erkək və dişi olmaq üzrə) bir cüt qoyun və bir cüt keçi. De: “(Allah) iki erkəyi, yoxsa iki dişini, yaxud da iki dişinin qarınlarındakı (müxtəlif cinsli) balaları haram etdi? Əgər (Allahın nəyi halal, nəyi haram buyurduğunu bildiyinizi) doğru deyirsinizsə, bir elmə əsaslanaraq (bu haqda) mənə xəbər verin!”

144 (Həmçinin erkək və dişi olmaqla) bir cüt dəvə və bir cüt inək. De: “(Allah) iki erkəyi, yoxsa iki dişini, yaxud da iki (müxtəlif cinsli) dişinin qarınlarındakı balaları haram buyurdu? Yoxsa Allah bunu (iddia etdiyinizi) sizə tövsiyə etdiyi zaman (orada) şahid idiniz? Heç bir biliyi olmadan insanları (haqq yoldan) azdırmaq üçün Allaha qarşı yalan uyduran şəxsdən daha zalım kim ola bilər? Həqiqətən, Allah zalım tayfanı doğru yola salmaz!

145 (Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər (bunlardan yesə, Allah ona cəza verməz)”. Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir!

146 Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bellərinə və ya bağırsaqlarına yapışan, yaxud sümüklərinə qarışan yağlar müstəsna olmaqla, onların piylərini də yəhudilərə haram buyurduq. Həddi aşdıqlarına görə onları belə cəzalandırdıq. Şübhəsiz ki, Biz sözündə doğru olanlarıq!

147 Əgər onlar səni yalançı hesab etsələr, de: “Rəbbiniz böyük mərhəmət sahibidir. Onun günahkar bir tayfaya (verəcəyi) əzabın da qarşısı alına bilməz!”

148 Müşriklər belə deyəcəklər: “Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) belə təkzib etmişdilər. Nəhayət, əzabımızı daddılar. (Onlara) de: “Bizim qarşımıza çıxara biləcək bir elminiz varmı? Siz yalnız zənnə qapılır və yalan uydurursunuz!”

149 De: “Tutarlı dəlil yalnız Allaha məxsusdur. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi”.

150 De: “Bunu (haram saydıqlarınızı) Allah haram buyurmuşdur deyə, şəhadət verəcək şahidlərinizi gətirin!” Şayəd onlar (yalandan) şahidlik etsələr, sən onlarla birlikdə şahidlik etmə, ayələrimizi yalan hesab edənlərin və axirətə inanmayanların nəfslərinin istəklərinə uyma. Onlar (bütləri) öz Rəbbinə tay tutarlar.

151 (Ya Rəsulum!) De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!

152 Yetimin malına, xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxaltmaq) istisna olmaqla, həddi-büluğa çatana qədər yaxın düşməyin. Ölçüdə və çəkidə düz olun. Biz hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyirik. Söz söylədiyiniz zaman (lehinə və ya əleyhinə danışdığınız adam) qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdi (dini vəzifələrinizi, andlarınızı) yerinə yetirin. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb öyüd-nəsihət qəbul edəsiniz!

153 Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın. (Allah) sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!”

154 Sonra Biz yaxşı işlər görən kimsəyə – Musaya (bəxş etdiyimiz neməti) tamamlamaq, hər şeyi ətraflı izah etmək üçün ona bir hidayət və (ilahi) mərhəmət olaraq kitabı (Tövratı) verdik ki, bəlkə, yəhudilər (bununla) öz Rəbbinə qovuşacaqlarına (Onun hüzuruna gedəcəklərinə) inansınlar!

155 Bu nazil etdiyimiz (Quran) mübarək bir kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə, sizə rəhm edilsin!

156 Biz onu sizin: “Bizdən əvvəl kitab ancaq iki tayfaya (yəhudilərə və xaçpərəstlərə) nazil edilmişdir. Biz onların oxuduqlarından xəbərsizik”,- deməməyiniz.

157 Və ya: “Əgər bizə də kitab nazil edilsəydi, onlardan daha artıq düz yolda olardıq”, – söyləməməyiniz üçün (göndərdik). Artıq Rəbbinizdən sizə açıq-aşkar bir dəlil, hidayət və mərhəmət gəlmişdir. Allahın ayələrini yalan hesab edib onlardan üz çevirəndən daha zalım kim ola bilər?! Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə ən pis cəza ilə cazalandıracağıq!

158 (Məkkə müşrikləri) özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin (əzabının), yaxud da Rəbbinin bəzi qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? (Ya Rəsulum!) Rəbbinin bəzi qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanından bir xeyir qazanmamış şəxsə (sonrakı) imanı heç bir fayda verməz. De: “Gözləyin, doğrusu, biz də gözləyirik!”

159 (Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!

160 Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz.

161 (Ya Rəsulum) De: “Şübhəsiz, Rəbbin məni doğru yola, həqiqi (düzgün) dinə, batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!”

162 De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!

163 Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!”

164 De: “Allah hər şeyin Rəbbi olduğu halda, heç mən Ondan başqa Rəbbmi istərəm? “Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz. Axır dönüşünüz Rəbbinizədir. O zaman (Allah) sizə aranızda ixtilaf doğuran məsələlər barəsində xəbər verəcəkdir.

165 (Ey insanlar!) Verdiyiniz nemətlərlə sınamaq üçün sizi yer üzünün varisləri təyin edən, dərəcələrə görə birinizi diğərinizdən üstün edən Odur. (Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin (kafirlərə, müşriklərə, Onun birliyini inkar edənlərə) tezliklə cəza verən və şübhəsiz ki, (möminləri) bağışlayan, (onlara) rəhm edəndir!

  • Ənam surəsi
  • Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)

Comments are closed, but trackbacks and pingbacks are open.