Hamiləlikdə ağrılar
Döl böyüdükcə ağırlaşır, çəkisi artır, bel əzələlərində gərginlik müşahidə edilir. Həmçinin kütlə mərkəzi önə doğru yerini dəyişdiyindən, əzələ-sümük sistemi onu əvvəlki vəziyyətinə qaytarmaq üçün yüngülcə arxaya əyilir. Nəticədə əzələlər yığılır və ağrı meydana çıxır. Hamiləlikdə qarın əzələləri dartılaraq, tonusdan düşür. Bel əzələləri isə kompensator olaraq daha gərgin fəaliyyət göstərir. Beldə yaranan ağrılar ilə mübarizə aparmağın bir neçə yolu vardır:
Hamiləlik ağırlaşmaları
Hamiləlik ağırlaşmaları — hestasiya ilə əlaqədar yaranan və onun təbii gedişini pozan patoloji hallardır. İlkin mərhələlərdə klinik simptomatika ilə müşayiət olunmaya bilər, sonralar isə qarnın aşağı hissəsində ağrı, vaginal ifrazat, dölün hərəki aktivliyinin pozulması, baş ağrıları, ödemlərlə təzahür edir. Diaqnostik məqsədilə uşaqlıq və dölün USM, MRT-pelviometriya, laborator testlər, invaziv prenatal üsullar, KTQ və digər üsullar tətbiq olunur. Ana və dölün vəziyyətindən asılı olaraq, müalicə hamiləliyin uzadılmasına və ya pozulmasına yönəldilir.
- Hamiləlik ağırlaşmalarının yaranma səbəbləri
- Təsnifat
- Hamiləlik ağırlaşmalarının əlamətləri
- Diaqnostika
- Hamiləlik ağırlaşmalarının müalicəsi
- Proqnoz və profilaktika
Hamiləlik ağırlaşmaları barədə ümumi məlumat
Mamalıq və ginekologiya sahəsinin mütəxəssislərinin məlumatlarına əsasən yalnız 30-50% hamiləliklər fizioloji gedişə malik olur və bu göstərici tədricən azalır. Erkən toksikozdan əlavə hestasiya dövrünün ən geniş yayılmış ağırlaşmalarına düşüklər (15-20%) və vaxtından əvvəl doğuş (6-10%) aiddir. Yarımçıq doğulmuş uşaqların 30-80%-i əlillikdən əziyyət çəkir. Təxminən 8% hamilələrdə dölyanı mayenin azlığı, 3-8%-də — preeklampsiya və eklampsiya, 2-14%-də hestasion diabet qeyd olunur. Hər 50-ci hamiləlik uşaqlıqdan kənar inkişaf edir, hər 200-cü hamilə qadında isə cift gəlişi izlənilir. Ağırlaşmaların digər növləri az hallarda müşahidə olunur.
Hamiləlik ağırlaşmalarının yaranma səbəbləri
Hestasiya dövrünün ağırlaşmış gedişi ana və döl tərəfdən çoxsaylı amillərin təsirindən yarana bilər. Hamiləlik ağırlaşmalarının ən çox rast gəlinən səbəbləri aşağıdakılardır:
- Ektragenital somatik patologiya. Ürək-damar (hipertoniya, ürək qüsurları, aritmiyalar) və uroloji xəstəliklər (qlomerulonefrit, pielonefrit) zamanı gecikmiş hestozların yaranma riski artır. Eləcə də hestasiya demək olar ki, bütün xroniki xəstəliklərin dekompensasiyasına gətirib çıxara bilər.
- Endokrinopatiyalar. Hipotalamo-hipofizar tənzimin və yumurtalıqların endokrin funksiyalarının dəyişiklikləri zamanı mayalanmış yumurtahüceyrənin implantasiya prosesi, miometriumun yığılma aktivliyi pozulur. Şəkərli diabet ana orqanizmi ilə yanaşı, həm də fetoplasentar sistemdə mikrosirkulyator pozğunluqlara səbəb olur.
- Cinsiyyət orqanlarının iltihabi xəstəlikləri.Salpingit, adneksit, endometrit zamanı boru və uşaqlıq boynu hamiləliyinin ehtimalı yüksəlir. Xroniki servisitistmiko-servikal çatışmazlıq yarada bilər. İltihab zamanı dölün bətndaxili infeksiyalaşması mümkündür.
- Uşaqlığın inkişaf anomaliyaları. Uşaqlıqdaxili arakəsmə, ikibuynuzlu, yəhərəbənzər və ya infantil uşaqlığı olan qadınlarda əksər hallarda özbaşına düşüklər, vaxtından qabaq doğuşlar, fetoplasentar çatışmazlıq, ciftin ayrılması və dölün hipoksiyası aşkarlanır.
- Keçirilən patoloji hamiləlik və doğuş. Düşüklər və vaxtından qabaq doğuşlar hamiləliyin adəti pozulmasının ehtimalını artırır. Uşaqlıq boynunun cırılmasından sonra onun çapıq deformasiyası istmiko-servikal çatışmazlığın başlıca səbəbi sayılır. Doğuş prosesində uşaqlığın cırılmasından sonra növbəti hamiləliyin (xüsusən çoxdöllü hamiləliyin) gec dövrlərində onun yenidən cırılması ehtimal olunur.
- Çoxdöllü hamiləlik. Uşaqlıqda 2 və daha artıq dölün olması çox zaman xroniki ekstragenital patologiyalarla ağırlaşır, gecikmiş toksikoz, dölyanı mayenin azlığı, onun vaxtından qabaq axması, hamiləliyin pozulması riski yaranır.
- İnfeksion xəstəliklər. Virus və bakterial infeksiyalar düşüklər, vaxtından qabaq doğuşlara, döl qişalarının iltihabına səbəb olmaqla yanaşı, həm də hestozların, xroniki somatik və endokrin xəstəliklərin gedişini ağırlaşdıra bilər. Bəzi törədicilər dölü yoluxdurmağa qadirdir.
- İmmunoloji amillər. Hamiləliyin adəti pozulması adətən rezus-uyğunsuzluq və ya АВ0 sistemi üzrə ana və döl qanının uyğunsuzluğu, qadında antifosfolipid sindromun inkişafı zamanı müşahidə edilir.
- Dölün genetik anomaliyaları. Hamiləliyin erkən doğuşla nəticələnməsinin ən çox yayılmış səbəblərindən sayılır.
- Yatrogen ağırlaşmalar. Amnioskopiya, amniosentez, kordosentez və xorionun biopsiyasının aparılması, uşaqlıq boynuna tikişlərin qoyulması amniotik kisənin partlaması, infeksiyalaşma və hamiləloyin vaxtından qabaq pozulması riskini artırır.
Əlavə provokasiyaedici amillərə zərərli maddələrdən asılılıqlar (nikotin, spirtli içki, narkotik), asosial həyat tərzi aiddir. Risk qrupuna həmçinin 18 yaşdan kiçik və 35 yaşdan böyük hamilələr, qeyri-rasional qidalanan və piylənmədən əziyyət çəkən, hipodinamik həyat tərzi keçirən, həddindən artıq fiziki və psixi yüklənmələrə məruz qalan qadınlar daxildir.
Hamiləlik ağırlaşmalarının təsnifatı
Hamiləlik ağırlaşmalarının klinik təsnifatı patoloji dəyişikliklərin kimdə (ana, döl, «ana-döl» sistemi və ya embrional strukturlarda) və hansı səviyyədə yaranmasına əsaslanır. Hamiləlik zamanı baş verən əsas ağırlaşmalar aşağıdakılardır:
- Hamiləliklə assosiasiyalı vəziyyətlər və xəstəliklər. Hamilələrdə erkən və gecikmiş toksikoz, anemiya, hestasion diabet, tireotoksikoz, varikoz inkişaf edə bilər. Kasa-ləyən sistemində baş verən funksional dəyişikliklər sidik sisteminin iltihabi xəstəliklərin sürətli inkişafına səbəb olur.
- Mövcud olan xəstəliklərin ağırlaşmaları. Hamilə orqanizminin yüklənməsi xroniki endokrin və somatik patologiyaların –tireotoksikoz, hipotireoz, şəkərli diabet, kardiomiopatiya, hipertoniya, MBT xəstəliklərinin dekompensasiyasını törədir. Orqan və sistemlərin (ürək-damar, böyrək, qaraciyər) funksional pozğunluqları bəzən çatışmazlıq dərəcəsinə qədər inkişaf edir.
- Hamiləliyin pozulması riski. Hestasiya erkən və gecikmiş düşüklər (hamiləliyin 23-cü həftəsinə qədər) və ya vaxtından qabaq doğuşlarla (23-37-ci həftələrdə) sonlana bilər.
- Uşaqlıqdan kənar hamiləlik. Döl yumurtasının uşaqlıqdan kənar implantasiyası zamanı ektopik hamiləlik müşahidə olunur. Belə vəziyyətlər 100% hallarda dölün ölümü və ana orqanizmində ağır fəsadların yaranması (qanaxmalar, hipovolemik şok, kəskin ağrı sindromu) ilə nəticələnir.
Bir sıra hallarda əsas patoloji dəyişikliklər döl orqanizmində baş verir. Bu qrup ağırlaşmalara aiddir:
- Genetik anomaliyalar. Genetik qüsurlarla bağlı inkişaf anomaliyaları düşüklərə, hamiləliyin daşınması zamanı isə uşaqda ağır nevroloji, psixi və somatik pozğunluqlara səbəb olur.
- Bətndaxili infeksiyalaşma. Dölün bakteriya, mikoplazma, xlamidiya, göbələklər, viruslara yoluxması onun inkişafının pozulması, hamiləliyin vaxtından əvvəl dayandırılması, çoxsaylı inkişaf qüsurları, dölün ölümü, doğuşların patoloji gedişi ilə ağırlaşa bilər.
- Dölün hipoksiyası. Bu vəziyyət oksigen çatışmazlığı zamanı qeyd olunur, hipoksiya müxtəlif orqanların işemiyası və nekrozuna gətirib çıxara bilər. Uzunmüddətli hipoksiya yenidoğulmuşun anadangəlmə patologiyası və ya dölün antenatal ölümü ilə nəticələnir.
- Hipotrofiya. Dölün inkişafının əhəmiyyətli dərəcədə ləngiməsi zamanı doğuş hipoksiyası, sərbəst tənəffüs və mekoniumun aspirasiyası ilə bağlı problemlərin yaranması, pnevmoniya, hiperbilirubinemiyanın inkişafı, istilik tənziminin pozulması, baş beynin zədələnmələri mümkündür.
- Dölün anomal vəziyyəti və gəlişi. Çanaq və çəp gəlişlər zamanı doğuş prosesində ağırlaşmaların yaranma ehtimalı yüksək olur, köndələn gəlişdə təbii doğuşun aparılması qeyri-mümkündür.
- İnkişafdan qalmış hamiləlik. Həyat qabiliyyətini itirmiş dölün uşaqlıq boşluğunda qalması ananın sağlamlığı və həyatı üçün təhlükə daşıyan ağır iltihabi fəsadlara- irinli endometrit, peritonit, sepsisə gətirib çıxarır.
Dölün qidalanmasını və qorunmasını təmin edən embrional strukturlarda baş verən ağırlaşmalar əsasən uşağın vəziyyətinin pisləşməsinə səbəb olur. Bu zaman döldə iltihabi xəstəliklər, hipoksiya, hipotrofiya inkişaf edə bilər, bu hallar çox zaman anadangəlmə patologiyalar və ya antenatal ölümlə sonlanır. Bundan əlavə bu tip ağırlaşmalar vaxtından qabaq və patoloji doğuş ehtimalını yüksəldir. Zədələnmələrin səviyyəsini nəzərə alaraq, patologiyalar aşağıdakı qruplara bölünür:
- Ciftin patologiyaları. Cift toxumasında kista və şişlər, infeksion-iltihabi proseslər (desiduit, villit, intervillezit) yarana bilər. Plasentar diskin və ciftin uşaqlıq divarına birləşməsinin anomaliyaları mümkündür. Ciftlə bağlı ciddi ağırlaşmalara onun aşağıda yerləşməsi, vaxtından qabaq ayrılması və cift gəlişi aiddir.
- Göbək ciyəsinin patologiyaları. İltihabi prosesin göbək ciyəsi toxumalarına yayılması zamanı funikulit inkişaf edir. Göbək ciyəsinin əsas inkişaf anomaliyalarına onun normadan qısa və ya uzun olması, qişaya birləşməsi, psevdo və həqiqi düyünlərin, kista, hematoma, teratoma, hemangiomanın əmələ gəlməsi daxildir.
- Döl qişalarının patologiyaları. Döl kisəsinin ən geniş yayılmış ağrılaşmaları — dölyanı mayenin az və ya çox olması, döl kisəsinin vaxtından qabaq cırılması və suyun axması, amniotik bağların, xorioamnionitin yaranması.
«Ana-döl» sistemində baş verən ağırlaşmalar 2 qrupda cəmlənilir:
- Rezus-uyğunsuzluq. Bu zaman dölün eritrositlərinin dağılması və müxtəlif ağırlaşmaların inkişafı (hemolitik sarılıqdan tutmuş dölün ölümünə kimi) izlənilir.
- Fetoplasentar çatışmazlıq. Müxtəlif amillərin təsirindən ciftin morfoloji quruluşu və funksional imkanlarının pozulması dölün hipoksiyası, hipotrofiyasına, ağır hallarda isə ölümünə səbəb olur.
Ağırlaşmaların təsnifatı zamanı onların yaranma müddətini də nəzərə almaq lazımdır. Bu kriteriyaya əsasən əksər hallarda hamiləliyin pozulması ilə nəticələnən erkən və dölün inkişafına, doğuşun gedişinə təsir edən gecikmiş ağırlaşmalar ayırd edilir.
Hamiləlik ağırlaşmalarının əlamətləri
Müəyyən patoloji vəziyyətlərlə hestasiya müddəti arasında qarşılıqlı əlaqənin olmasına baxmayaraq, hamiləliyin ağırlaşmış gedişinə dəlalət edən bir sıra ümumi əlamətlər mövcuddur. Onlardan birincisi qarında yaranan ağrıdır. Adətən ağrı qarın boşluğunun aşağı hissəsində lokalizasiya olunaraq, qasıq və belə irradiasiya edir. Az hallarda ağrı epiqastral nahiyədə yaranır, sonra isə qarnın aşağısında lokalizasiyalaşır. Ağrı sindromu uşaqlıqdan kənar hamiləlik, düşük və uşaqlığın vaxtından qabaq cırılma riski ilə müşayiət olunan vaxtından qabaq doğuş təhlükəsi (uşaqlığında çapığı olan hamilələrdə) zamanı baş verir. Belə hallarda halsızlıq, başgicəllənmə, bəzən bayılmalar müşahidə edilir. İltihabi xəstəliklər əksər hallarda hipertermiya ilə müştərək şəkildə inkişaf edir.
Hamiləlik ağırlaşmalarının ikinci əlaməti vaginal ifrazatın olmasıdır. Düşük, vaxtından qabaq doğuş halları, ciftin qopması və gəlişi qanlı ifrazatla müşayiət edilir. İrinli və selikli-irinli ifrazat iltihabi proseslərdə izlənilir. Sulu konsistensiyalı ifrazatlar dölyanı mayenin vaxtından qabaq axması üçün xarakterikdir.
Qadının ümumi vəziyyətində olan istənilən dəyişikliklər hamiləlik ağırlaşmalarının əlaməti ola bilər. I trimestrdə hamilələr ürəkbulanma, qusma və erkən toksikozun digər əlamətlərindən əziyyət çəkir. Gecikmiş toksikozlarda baş gicəllənmə, ənsə nahiyəsində ağrılar, göz önündə qara nöqtələr, ayaqlarda ödemlər, ürəkbulanma və qusma izlənilir. İltihabi ağırlaşmalar və ya infeksion xəstəliklər zamanı hərarətin qəfil yüksəlməsi müşahidə olunur. Hamilələrdə ekstragenital patologiyaya xas olan simptomatikanın yaranması və ya güclənməsi –ağızda quruluq, taxikardiya, təngnəfəslik, qıcqırma, damarların varikoz genişlənməsi qeyd edilir.
Döldə baş verən ağırlaşmalar adətən dölün hərəki aktivliyinin dəyişməsinə əsasən şakarlanır. Əgər 4 saatdan artıq müddətdə dölün tərpənişləri hiss olunmursa və adi qıcıqlandırıcılara qarşı reaksiya izlənilmirsə təcili olaraq mama-ginekoloqa müraciət etmək lazımdır. Hipoksiyanın xarakterik əlamətlərinə dölün aktiv tərpənişləri və hıçqırması aiddir
Hamiləlik ağırlaşmalarının diaqnostikası
Hamiləlik ağırlaşmalarına şübhə yarandıqda anamnezin toplanması prosesində provokasiyaedici amillər aşkarlanır, pozğunluqların forma və dərəcəsini müəyyən etmək məqsədilə diaqnostik müayinələr təyin olunur. Diaqnozun qoyulması üçün aşağıdakı metodlardan istifadə edilir:
- Xarici mamalıq müayinəsi. Uşaqlığın ölçü və formaları, onun əzələ tonusu, ağrılı sahələri müəyyən edilir.
- Vaginal müayinə. İfrazatı aşkar etməyə, uşaqlıq yolu və boynunun vəziyyətini qiymətləndirməyə kömək edir.
- Vaginal yaxmanın mikroskopiyası və bakterioloji əkilməsi. Vaginal sekretin vəziyyətini qiymətləndirir, infeksion xəstəliklərin törədicilərini aşkar edir.
- Çanaq orqanlarının USM. Uşaqlığın ölçüləri, onun divarları və çapıqlarının, dölün, ciftin, göbək ciyəsinin vəziyyətinin, dölyanı mayenin həcminin qiymətləndirilməsinə yönəldilmişdir.
- MRT pelviometriya. USM prosesində dölün və onun qişalarının inkişaf anomaliyalarından şübhələndikdə bu üsul vasitəsilə onları aşkar etmək mümkün olur.
- İnvaziv prenatal diaqnostika. Amnioskopiya, amniosentez, xorionun biopsiyası, kordosentez, plasentosentez və fetoskopiya vasitəsilə anadangəlmə xromosom anomaliyaları istisna edilir, döl qişalarının vəziyyəti, amniotik mayenin həcmi və rəngi qiymətləndirilir.
- Qeyri-invaziv ekspress-testlər. Spesifik markerlərin təyini şübhəli hallarda uşaqlıqdan kənar hamiləliyi aşkar etməyə, doğuşun vaxtından qabaq başlanmasını təsdiqləməyə imkan yaradır.
- Hamiləliyin laborator monitorinqi. Ciftin patologiyaları və hamiləlik ağırlaşmaları zamanı hormonların – XQ, sərbəst beta-XQ və estriol, PAPP-A, plasentar laktogen və alfa-fetoproteinin səviyyəsinin təyini göstəriş hesab olunur.
- TORCH-kompleks. Seroloji müayinə prosesində dölün bətndaxili yoluxmasına səbəb olan infeksion xəstəliklər – toksoplazmoz, məxmərək, sitomeqalovirus, herpes, hepatit B və C, xlamidioz, sifilis, qonoreya, listerioz, İİV, su çiçəyi, enterovirus aşkarlanır.
- Uşaqlıq-plasentar qan dövranının doppleroqrafiyası. Transplasentar hemodinamikanın obyektiv qiymətləndirilməsini təmin edir.
- Kardiotokoqrafiya. Dölün ürək döyüntülərinin qiymətləndirilməsi, hipoksiya və uşaq üçün kritik hesab olunan digər ağırlaşmalardan xəbər verən bradikardiya və taxikardiyanın vaxtında aşkarlanması məqsədilə təyin olunur.
Ana və dölün vəziyyətinə dinamik nəzarət, əlavə risk amillərinin aşkar edilməsi üçün qan və sidiyin ümumi analizi, AT və hərarətin ölçülməsi, EKQ, digər instrumental və laborator üsullardan istifadə edilə bilər. Hamiləlik ağırlaşmaları yanaşı gedən xəstəliklərlə (hipertoniya, böyrək sancıları, qlomerulo- və pielonefrit), kəskin cərrahi patologiyalar (appendisit, kəskin xolesistit), cinsiyyət orqanlarının iltihabi və qeyri-iltihabi xəstəlikləri ilə differensiasiya edilir. Zərurət olduqda diaqnostik prosesə uroloq, cərrah, terapevt, anestezioloq-reanimatoloq, immunoloq, infeksionist cəlb oluna bilər.
Hamiləlik ağırlaşmalarının müalicəsi
Ağırlaşmalar zamanı hamiləliyin aparılma taktikası onların xüsusiyyətləri, ifadəliliyi və yaranan risklərin dərəcəsindən asıldır. Dölün normal vəziyyəti və ananın həyatı üçün heç bir ciddi təhlükə daşımayan patoloji pozğunluqlar zamanı hamiləliyin uzadılması məqsədilə medikamentoz terapiya təyin edilir. Müalicə planına aşağıdakılar daxildir:
- Hormonal preparatlar. Orqanizmdə endokrin balansı tənzimləyir.
- Tokolitiklər. Miometriumun yığılma aktivliyini azaldır.
- Antibakterial vasitələr. Patogen floranı məhv edir və ya infeksiyaların inkişafının qarşısını alır.
- İltihabəleyhinə preparatlar. İltihabi prosesin ifadəliliyini və ağrı sindromunu azaldır.
- Qlükokortikoidlər. Ağciyər toxumasının yetişməsinə və surfaktantın sintezinin sürətləndirilməsinə səbəb olur.
- Sedativ vasitələr. Emosional gərginliyi aradan qaldırır.
Göstərişlərə əsasən estragenital patologiyanın simptomatik müalicəsi aparılır, vitamin-mineral kompleksləri, infuzion terapiya tətbiq edilir. Ehtiyac olduqda uşaqlıq boynuna tikiş qoyulur və ya uşaqlıq yoluna pessarium yerləşdirilir. Dölün, ciftin və dölyanı mayenin bəzi patologiyaları aşkar olunduqda fetal drenəedici və fetoskopik əməliyyatlar, bətndaxili transfuziya və infuziya icra olunur. Fetoplasentar çatışmazlığın müalicəsində mikrosirkulyasiya və uşaqlıq-plasentar qan dövranını yaxşılaşdıran preparatlardan – antiaqreqantlar və antikoaqulyantlardan istifadə edilir. Rezus-münaqişə zamanı antirezus-immunoqlobulinin yeridilməsi effektivdir. Kobud inkişaf qüsurları, dölün ölümü, yenicə başlanan abort və ananın həyatı üçün təhlükəli vəziyyətlər hamiləliyin pozulmasına və intensiv terapiyanın aparılmasına göstəriş sayılır. Hamiləliyin müddətindən asılı olaraq, medikamentoz, mini- və ya tibbi abort və yaxud süni doğuşlar aparılır.
Hamiləlik ağırlaşmalarının proqnoz və profilkatikası
Hamiləlik ağırlaşmalarının proqnozu patologiyanın xarakterindən asılıdır. Genetik anomaliyalar, uşaqlıqdan kənar hamiləlik və düşüklər zamanı dölü saxlamaq mümkün olmur. Digər hallarda hamiləliyin daşınması və sağlam uşağın doğulma ehtimalı patoloji pozğunluqların aşkar olunduğu vaxtdan, onların dərəcəsindən, eləcə də mamalıq taktikasının düzgünlüyündən asılıdır. Hamiləlik ağırlaşmalarının profilaktikası məqsədilə hamiləlik planlaşdıran qadınlara yanaşı gedən xəstəliklərin müalicə olunması, zərərli vərdişlərin istisna edilməsi, qadın məsləhətxanalarında vaxtında qeydiyyata düşmək və müntəzəm olaraq ginekoloji müayinələrdən keçmək (xüsusən risk amilləri olduqda) məsləhət görülür.
Hamiləlikdə ağrılar
Hamiləlik dövrü nə qədər ideal keçsə də, bəzən xoşagəlməz hissiyat və ağrılar qaçılmaz olur. Xoşbəxtlikdən bu əlamətlərin əksəriyyəti müvəqqəti xarakter daşıyır. Hamiləlikdə yaranan narahatlıqlar adətən aşağıdakı hallarla bağlı olur:
- Bel–oma nahiyəsində ağrılar;
- Qarında spazmlar;
- Dişlərdə həssaslığın artması və ağrı;
- Baş ağrısı;
- Hamiləlikdə mədə yanması və həzm pozğunluqları
- Baldırda qıcolmalar;
- Qarnın aşağı hissəsində dartılmalar;
- Süd vəzilərində ağrılar və şişkinlik;
- Damarların varikoz genişlənməsi və babasil.
Hamiləlikdə ağrılar – əzələ sistemi (bel-oma nahiyəsi)
Döl böyüdükcə ağırlaşır, çəkisi artır, bel əzələlərində gərginlik müşahidə edilir. Həmçinin kütlə mərkəzi önə doğru yerini dəyişdiyindən, əzələ-sümük sistemi onu əvvəlki vəziyyətinə qaytarmaq üçün yüngülcə arxaya əyilir. Nəticədə əzələlər yığılır və ağrı meydana çıxır. Hamiləlikdə qarın əzələləri dartılaraq, tonusdan düşür. Bel əzələləri isə kompensator olaraq daha gərgin fəaliyyət göstərir. Beldə yaranan ağrılar ilə mübarizə aparmağın bir neçə yolu vardır:
- Alçaqdaban və ya ortopedik ayaqqabı geyinmək;
- Qaməti düzgün saxlamaq;
- Keyfiyyətli sərt döşək üzərində yatmaq;
- Oturaq vəziyyətdə önə əyilməmək;
- Xüsusi hamiləlik yastığından istifadə etmək;
- Hamiləlik bandajı taxmaq.
İdmanla müntəzəm məşğul olmaq və əzələləri gücləndirmək də ağrını azaltmağa kömək edir.
Hamiləlikdə ağrılar – qarında spazmlar
Hamiləlik zamanı xüsusi ilə də axırıncı trimestrdə spazm şəklində ağrılar tez-tez müşahidə olunur. Bu spazmlar orqanizmin doğuş öncəsi hazırlığı olub, tibbdə Brekston-hiks spazmları adlanır. Belə spazmlar bədən vəziyyətini dəyişdirdikdə və dərindən nəfəs aldıqda sakitləşir. Ağrı intensivliyinin artması doğuşun başlanmasından xəbər verə bilər.
Bəzi hallarda hamiləlikdə ağrılar döl yumurtasının uşaqlığa implantasiyasından (yapışmasından) sonra çanaq əzələlərinin gərilməsi, uşaqlığın tədricən genişlənməsi nəticəsində müşahidə edilə bilər.
Hamiləlikdə ağrılar – ağız boşluğu
II trimestrdə diş və diş ətinin həssaslığı artır. Bu ən çox dişləri fırçaladıqda və sapla təmizlədikdə hiss olunur. Bəzən yüngül qanaxmalar yarana bilər. Hamiləlik dövründə bəzi qadınlarda gingivit (diş ətinin iltihabı) aşkarlana bilər. Onun əlamətlərinə diş ətində şişkinlik, qızartı, qanama, iltihab aiddir.
Bundan başqa hamiləlikdə paradontoz – damaq və çənə sümüklərinin zədələnməsi ilə müşayiət olunan iltihabi xəstəlik də inkişaf edir. Bir sıra hallarda toksikozla əlaqədar dişlərdə ağrılar, karies formalaşır. Damaqların iltihabına baxmayaraq, dişləri gündə 2 dəfə fırçalamaq, diş sapından istifadə etməmək tövsiyə edilir.
Hamiləlikdə baş ağrıları
Qadın cinsi hormonları – estrogen və progesteronun qəfil yüksəlməsi beyində bəzi kimyəvi prosesləri işə salır. Bu səbəbdən baş ağrıları yarana bilər. Hamiləlikdə əksər ağrıkəsicilərin qəbulu qadağan olduğuna görə həkimlə məsləhətləşmədən analgetik və ya spazmolitik içmək məsləhət görülmür. Dərman əvəzinə aşağıdakı alternativ üsullardan istifadə etmək olar:
- Alın nahiyəsinə soyuq kompress qoymaq;
- Relaksasiya texnikasına yiyələnmək (yoqa, meditasiya);
- Baş ağrısını provakasiya edən ərzaq və qoxulardan uzaq durmaq;
- Yuxu rejiminə diqqət yetirmək;
- Yüngül fiziki məşqlər etmək;
- Həyəcanlanmamaq;
- Sağlam qidalanma rasionu tərtib etmək.
Hamiləlikdə həzm sistemində ağrılar
I və III trimestrdə mədəni qida borusundan ayıran sfinkterin əzələləri hormonların təsirindən boşalır. Mədə şirəsi qida borusuna qayıtdığından yanma və ağrı hiss edilir. Bunun qarşısını almaq üçün yeməkdən sonra 3 saat ərzində uzanmamaq, qızardılmış və acılı yeməklərdən imtina etmək tövsiyə olunur.
Hamiləlikdə ayaqlarda ağrılar
Baldır qıcolmaları II və III trimestrin ən çox təsadüf olunan xoşagəlməz əlamətlərindən biridir. Pəncə və baldır əzələlərinin qıcolması qadınları ən çox gecələr narahat edir. Bu ağrılar ilə mübarizə aparmaq üçün bədən vəziyyətini tez-tez dəyişdirmək, aktiv həyat keçirtmək, kifayət qədər su içmək, qanda elektrolit (mineral) balansına nəzarət etmək gərəkdir. Yəni hamiləlik boyu mineral-vitamin kompleksi qəbul etmək, ehtiyac yarandıqda isə qan analizi vermək lazımdır.
Hamiləlikdə ağrılar – qarın bağları
Hamiləlikdə uşaqlıq böyüdüyündən onu fiksasiya edən bağlar gərilir. Onlara tibbdə həlqəvi bağlar deyilir. Bağların dartılması qarnın aşağı hissəsində qısamüddətli kəskin ağrılar törədir. Bəzən bu ağrılar bütün qarın boyu yayılır. Lakin heç bir narahatlığa əsas yoxdur, döl böyüdükcə belə simptomların olması normaldır.
Hamiləlikdə ağrılar – sinir sistemi
Hamiləlik irəlilədikcə qadının çəkisi artır, orqanizmdə su ləngiyir, sinir yolları uzanır. Sinir uclarına təzyiq göstərilir. Nəticədə əzələ, sümük, qığırdaq və bağların təzyiq etdiyi sinirlərin sıxılması müşahidə edilir. Sinir sıxılması bədənin müxtəlif nahiyələrində yarana bilər. Məsələn, proses biləkdə baş verdikdə əlin ovuc hissəsi və barmaqlar keyiyir. Bel səviyyəsində sinir sıxılması isə fəqərəarası yırtıq kimi kəskin ağrılar verir.
Hamiləlikdə ağrılar – venoz damarlar
Hamiləlikdə topuq və pəncədə ödem, ağrı, şişkinlik ilə müşayiət olunan aşağı ətraf damarlarının varikoz genişlənməsi ən geniş yayılmış problemlərdəndir. Bundan başqa yalnız ətrafların deyil, düz bağırsağın da venaları genişlənərək, babasil əmələ gətirir.
Hamiləlikdə ağrılar – süd vəziləri
I trimestrdə hormonal dəyişikliklər süd vəzilərində şişkinlik və ağrılar əmələ gətirir. Zamanla bu əlamətlər azalaraq, aradan qalxır.
Yuxarıda sadalananlardan əlavə hamiləlik zamanı anormal spazmlar və kəskin, deşici ağrı müşahidə edilə bilər. Belə hallarda vaxt itirmədən ginekoloqla əlaqə saxlamaq lazımdır.
Abortdan sonrakı hamiləliyin ağırlaşmaları
Abort keçirtmiş qadının hamilə qalmaq və sağlam uşaq dünyaya gətirmək ehtimalı abort olunmamış qadınlarla müqayisədə daha azdır.
Abortdan sonra bir çox qadınların orqanizmində bu və ya digər pozulmalar inkişaf edir – hormonal pozulmalar, iltihablar və s. Məhz bu pozulmalar bəzən hətta sonsuzluğa səbəb olur. Belə sonsuzluq ikincili sonsuzluq adlanır. Bu sonsuzluq formasının əsas səbəbi məhz abortlardır.
Əgər qadın abortdan sonra hamilə qalıbsa, bu zaman hamiləlik zamanı müxtəlif ağırlaşmalar mümkündür.
Bunun səbəblərini izah edək.
– Abort zamanı həkim qadının uşaqlıq boynunu xüsusi alətlərlə genişləndirir. Bu zaman uşaqlıq boynu travma alır, bəzən yırtılır. Bunun nəticəsində qadında uşaqlıq boynu çatışmazlığı inkişaf edə bilər. Bu nə deməkdir? Uşaqlıq boynu bütün hamiləlik zamanı bağlı olmalıdır və yalnız doğuşa yaxın açılmalıdır. Normada bu belə olmalıdır. Abortdan sonra növbəti hamiləlik zamanı travmaya məruz qalmış uşaqlıq boynu doğuş vaxtından tez açıla bilər ki, bu uşaqsalmaya gətirib çıxardacaq. Belə pozulması olan qadına hamiləliyin əvvəlində uşaqlıq boynuna tikiş qoyulur. Bu tikiş doğuşa yaxın sökülür.
– Abort bir çox hallarda bitişmələrə səbəb olur. Bitişmələr həm uşaqlığın daxilində, həm də uşaqlıq borularında əmələ gələ bilər. Bitişmələr uşaqlıq borularının fəaliyyətini pozur ki, nəticədə qadında sonsuzluq inkişaf edə bilər. Bitişmələr həmçinin uşaqlıqdan kənar hamiləliyə səbəb ola bilər. Mayalanmış hüceyrə uşaqlıq borusunun daxilində “ilişir” və burada implantasiya edir (bitişir). Bu isə uşaqlıqdan kənar hamiləlikdir.
– Abort həmçinin uşaqlığın iltihabına səbəb olur. Bu isə sonsuzluğa gətirib çıxarda bilər.
– Abort zamanı həkim tək döl yumurtasını xaric etmir, həkim uşaqlığın selikli qişasını da qaşıyır. Nəticədə uşaqlığın daxili qatı zədələnir. Çoxsaylı abortlar nəticəsində uşaqlığın daxili qatı o dərəcədə zədələnir ki, embrion uşaqlığın daxili qatına implantasiya edə bilmir.
Bəzən isə embrion uyğun olmayan yerdə implantasiya edə bilər (məsələn, uşaqlıq boynuna çox yaxın yerdə). Nəticədə burada cift inkişaf edir. Bu isə hamiləlik zamanı qanaxmalara, hamiləliyin erkən pozulmasına səbəb ola bilər. Əksər hallarda ciftin uşaqlıq boynuna yaxın yerləşməsi Qeysəriyyə kəsiyi əməliyyatının tətbiqinə səbəb olur.
– Nadir hallarda olsa da çoxsaylı abortlar hamiləlik zamanı uşaqlığın yırtılmasına səbəb olur. Bu zaman güclü qanaxma inkişaf edir. Qadının həyatını xilas etmək üçün həkimlər qadının uşaqlığını xaric etməyə məcbur olurlar.
Abortdan ən azı 6 ay sonra növbəti hamiləliyi planlaşdırmaq olar. Bu müddət ərzində qadının orqanizmi bərpa olunur, hormonal fon stabilləşir.
Hamiləliyi planlaşdıran qadın mütləq ginekoloqa müraciət etməli və lazım olan müayinə və analizlərdən keçməlidir.
Comments are closed, but trackbacks and pingbacks are open.