Hatəmin nağılı
5. Yurdumuzun əfsanələri. Toplayıb işləyəni S.Paşayev. Bakı: Gənclik, 1976.
Hatəmin nağılı
Biri varıdı, biri yoxudu, Hatəm adlı bir dövlətli varıdı. Hatəm çox səxavətli, əliaçıq, fağır-füqəranı dost tutan bir adam idi. O, yeddi yolun ayrıcında bir imarət salmışdı, imarətə qırx qapı qoymuşdu. Qullarına, kənizlərinə tapşırmışdı ki, bura gələnlərə hər qapıdan girəndə bir qızıl versinlər. Belə ki, bura gələn hər adam qırx qızıl alırdı.
Günlərin bir günündə bir dərviş oxuya-oxuya gəldi Hatəmin imarətinə. Adətə görə, hər qapıdan girəndə bir qızıl aldı. Elə ki gəldi çıxdı qırxıncı qapıya, gördü ki, həmin otaqda Hatəm özü əyləşib. Dərviş başladı oxumağa. Hatəm gördü bu çox yaxşı dərvişdi, çox da yaxşı səsi var. Quluna dedi:
– Get baba, dərvişə de ki, zəhmət çəkib buyursun içəri.
Bir qızıl da qula verdi ki, versin dərvişə. Qul qızılı hörmətnən dərvişə verib dedi:
– Baba dərviş, ağam deyir zəhmət çəkib buyursun içəri, bir neçə gün bizə qonaq olsun, biz də feyziyab olaq.
Dərviş ləbbeyk deyib, girdi içəri. Hatəm o saat ayağa durdu, hörmətlə dərvişə yer göstərdi. Dərviş salam verib əyləşdi. Hatəm də əyləşib, buyurdu təam (Yemək) gətirdilər. Allah verdiyindən yedilər, çörəklərini yeyib qurtarandan sonra Hatəm üzünü dərvişə tutub dedi:
– Baba dərviş, dərviş dediyin elə bir adamdı ki, dünyanın hər tərəfinə gedir, bir çox şeylər görür. Bax, bu gördüyün imarət mənimdi, qırx qapısı var, özün gördüyün kimi, hər qapıdan girənə bir qızıl verirlər.
Bu ehsan hamısı mənimdi, budu, yeddi ildi bu imarəti saldırmışam, hər gün belə ehsan verirəm. Bu yeddi yoldan gəlib keçən öz payını almamış getməz. İnşaallah, nə qədər ömrüm var, bu ehsanı verəcəyəm. İndi sən dünya görmüşsən, de görüm, heç mən səxavətdə adam görmüsənmi?
Dərviş bir az fikrə gedib dedi:
– Ey Hatəm, bəli, görmüşəm. Filan yerdə qırx yolun ağzında bir imarət tikilib, hər yolda da bir qul durub, o imarətin bir ağaclığından ötüb keçəni təvəqqeynən, minnətnən qaytarıb gətirirlər o imarətə.
Ona qızıl məcməyidə, qızıl nimçədə xörək verirlər, sonra yalvarırlar ki, bir neçə gün qal. Neçə gün qalsa, həmin qaydaynan gündə üç dəfə qızıl məcməyinin içində, qızıl nimçədə plov verəcəklər. Hər dəfə xörək yediyi qabları da ayrıca yığacaqlar. Axırda gedəndə, içində xörək yediyin qabların hamısını verəcəklər sənə aparacaqsan. Beləliknən gündə yüzlərnən adam orada xörək yeyir, gedəndə hansı qabda xörək yeyibsə, onu da özüynən aparır. Mənim özümü üç gün saxladılar, gedəndə də hələ yalvardılar ki, bir neçə gün də qal, ancaq mən razı olmadım. Mənə dünya malı lazım deyil. İstədim içində xörək yediyim qabları da götürməyəm, ancaq qoymadılar, dedilər ki, buranın qanunu gərək qabları götürəsən. İndi ey Hatəm, sən özün fikirləş, budu, gör sən səxavətlisən, yoxsa o imarətin sahibi?!
Hatəm bir qədər fikrə gedib dedi:
– Baba dərviş, əlbəttə, onun müqabilində mənim səxavətim heçdi.
Ancaq dağ-daş da qızıl olsa, bu səxavətə davam eyləməz, qurtarar. De görüm, onun sahibi kimdi? Burda yəqin bir sirr var.
Dərviş dedi:
– Ey Hatəm, bil və agah ol, ehsanın sahibini özündən, bir də Allahdan başqa heç kim tanımır. Əgər bilmək istəsən, özün get, bəlkə bir şey öyrənəsən.
Hatəm yenə də fikrə gedib dedi:
– Bəli, ağa dərviş, mən ora getməliyəm.
O gecəni dərvişnən keçirdi, səhər açılan kimi xudahafizləşib dərviş getdi öz işinin dalınca. Hatəm də üz qoydu bərri-biyabana, dərviş nişan verdiyi yerə sarı getməyə. Bəli, Hatəm çəkib çarığın dabanını, qırıb yerin amanını, günə bir mənzil, teyyi-mənazil, nağıllarda mənzil olmaz; az getdi, üz getdi, dərə-təpə düz getdi, bir neçə gündən sonar gəldi çıxdı həmin dərviş nişan verdiyi yerə. Gördü uzaqdan imarət görünür. Fikir elədi ki, qoy görüm dərviş dedikləri olacaqmı? Üz qoydu imarətə tərəf yox, ayrı tərəfə getməyə. Gördü dalınca bir səs gəlir.
Qayıdıb baxanda gördü, doğrudan da bir quldu, budu ildırım kimi buna tərəf yüyürə-yüyürə deyir:
– Ey yolnan gedən, səni and verirəm Allaha, hər kimsən, nəçisən, dayan, sənə sözüm var.
Hatəm dayandı. Qul yetişib ədəbnən salam verdi, cavab alandan sonra dedi:
– Oğlan, gərək mənnən gedəsən o görünən imarətə.
Hatəm qəsdən özünü bilməməzliyə vurub dedi:
– Mənim o imarətə nə işim var, yolumdan olaram.
Qul yenə ədəbnən dedi:
– Görürəm sən qəribsən, nabələdsən. O imarətdə ehsan verilir.
Bundan qırx yol keçir, bu yolun hərəsində mənim kimi bir qul durub.
Bizim borcumuzdu, yolnan keçənləri aparaq ora, ta ki, öz paylarını alsınlar, ondan sonra getsinlər. İndi səni and verirəm Allaha, gəl mənnən gedək, yoxsa məni öz işimdən qovarlar.
Hatəm gördü ki, dərviş buna nə demişdi, doğru çıxır. Öz-özünə fikir elədi ki, gedim bu sirri axıracan öyrənim. Yavaş-yavaş gəldilər imarətə çatdılar. Hatəm gördü necə ki, dərviş demişdi, elə də var, hər kim hansı qabda xörək yeyirsə, qabı da gedəndə həmin adam aparır.
Özü də bu imarətdə nə qədər qab işlənirsə hamısı qızıldandı.
Hatəm öz-özünə dedi: “Bu olası iş deyil, burda bir sirr var, gərək bu imarətin sahibini görəm”. Hatəmə lazımi hörmət elədilər. O saat bir qızıl məcməyi içində nimçədə xörək gətirdilər. Hatəm xörəyi yeyib, şərbəti içən kimi qullar, kənizlər gəlib qabları yığışdırıb qoydular Hatəmin xurcununa.
Hatəm üç gün burda qaldı, gördü xeyir, hər gün bunun hörməti artır, qabları da həmin qaydaynan, yığıb onun xurcununa qoyurlar.
Hatəm yəqin elədi, bildi ki, lap bir il də burda qalsa gün-gündən hörməti artacaq. Öz-özünə dedi ki, mənə pul lazım deyil, mal lazım deyil, mənim burda çox yubanmağım yersizdi. İndi gərək əsil məqsədimə başlayam, vaxt keçirmək olmaz.
O saat Hatəm qulların birin işarəynən çağırdı. Qul hazır olub, dedi:
– Nə qulluğun var, buyur, can-başnan yerinə yetirim.
Hatəm dedi:
– Qul sahibi olasan, sənə qulluğum yoxdu, ancaq mən bu ehsanın sahibini görmək istəyirəm.
Qul gülüb dedi:
– Bu çox çətin məsələdi. Bax, mən yeddi ildi burda qulluq eləyirəm, hələ ehsan sahibini görməmişəm. Bilmirəm adı nədi, özü nədi, insandı, cindi, pəridi, nədi. Burda gördüyün bu qədər qulların, qulluqçuların hamısı da mənim kimidir. Heç kəs onu görməyib tanımayır da.
Hatəm bir az fikrə gedib dedi:
– Heç olmasa onun sizə əmrini, buyruğunu yetirən quldan, kənizdən varmı?
Qul dedi:
– Bəli, bir kəniz var, o, lazımi əmri verir, lazımi xəbəri də aparıb gətirir.
Hatəm dedi:
– O kənizi get çağır, gəlsin bura.
Qul baş üstə deyib, o saat kənizi çağırdı, kəniz hazır olan kimi Hatəm kənizə dedi:
– Get ağana de ki, əgər izn versə, mən onu görmək istəyirəm.
Kəniz başını bulayıb dedi:
– Bu mümkün deyil; heç mən də onu görmürəm, ancaq pərdə dalından danışırıq, xörəyini də aparıb həmin pərdənin dalında qoyub çıxıram.
İndiyə kimi onun üzünü də görməmişəm.
Hatəm dedi:
– Get ağana salam söylə, de ki, əgər pərdənin dalından onnan danışmağa mənə izn verməsə, mən bu ehsanların heç birini qəbul eləməyəcəyəm. Kəniz “Baş üstə!” deyib getdi; bir azdan sonra qayıdıb dedi:
– Ağam sənə salam söyləyib deyir ki, hər nə lazımdı istəsin, nə qədər dövlət deyir verim, ancaq məndən o xahişi eləməsin.
Hatəm dedi:
– Ağana get deynən, qonaq deyir, mənə dünya malı lazım deyil, mənim onnan bir neçə kəlmə sözüm var. İzn versə gələrəm, pərdə dalından danışaram, izn verməsə, çıxıb gedərəm.
Kəniz baş üstə deyib, yenə getdi. Bir azdan sonra qayıdıb gəldi, üzünü Hatəmə tutub dedi:
– Ağam salam eləyib deyir, mən əhd eləmişəm, bu qapıya gələnin nə hacəti olsa, yerinə yetirəm. İndi ki, sən də ağamnan danışmaq istəyirsən buyur, izindi.
Hatəm bunu eşidən kimi şad oldu, durdu düşdü kənizin dalına. Bir neçə otaq keçib gəldilər çıxdılar lap dalda bir otağa. Hatəm gördü otağın ortasından bir pərdə asılıb.
Kəniz Hatəmi pərdənin qabağında qoyub dedi:
– Buyur danış, mənim ağam bu pərdənin dalındadı, sonra özü qayıdıb çıxdı.
Hatəm pərdəyə sarı gəlib, salam verdi, pərdənin dalından bir şəxs cavab qaytardı. Sonra dedi:
– Ey qonaq, söylə görüm, mənnən danışmaq nəyinə lazımdır?
Hatəm cavab verdi:
– Ey şəxs, bil və agah ol ki, mənim adıma Hatəm deyirlər. Mənim dünya malına ehtiyacım yoxdu. Filan yerdə, yeddi yolun ayrıcında bir imarətim var, bu imarətin də qırx qapısı var. Hər kim o qapıya gəlirsə, hər qapıdan girəndə bir qızıl ehsan alır. Bir gün bir dərviş gəldi.
Qırx qızıl alıb getmək istəyəndə, mən onu qonaq saxladım, söhbət əsnasında sənin səxavətindən mənə xəbər verdi. Mən təəccüb eləyib, özüm gözümlə görmək üçün bura gəldim. İndi görürəm dərviş nə deyibsə, hamısı düzdü. Ancaq bilmirəm ki, bu, necə sirdi. Bu ehsanın qabağında dağ-daş da dayanmaz. İndi sən gərək bu sirrdən məni agah eləyəsən, görüm bu necə işdi?
O şəxs pərdənin dalından cavab verdi:
– Ey Hatəm, əgər mənim sirrimdən agah olmaq istəyirsənsə, gərək gedəsən filan şəhərdə bir həkim var, onun dərdindən xəbər biləsən, sonra gəlib onun sirrini mənə söyləyəsən, mən də öz sirrimi sənə açaram.
Hatəm şərti qəbul edib, həmin şəxsnən əhd-peyman eləyib, düşdü yola. Az getdi, üz getdi, dərə-təpə düz getdi, getdi çıxdı həmin şəhərə. Düşdü bir karvansaraya, mənzil tutub rahat oldu. Ondan sonra başladı
həkimi sorağ eləməyə. Karvansaraçıdan xəbər aldı. Karvansaraçı dedi:
– Oğlum, o həkim ildə bir dəfə çıxır şəhərin filan yerində bir meydan var, o meydana. O gün şəhər əhli də yığışır ora. Həkim bir-bir hamının vəznini (Nəbzini) tutur, hər kəsin nə dərdi var, dərmanını deyir. İndi sən gözlə. Həmin gün mən sənə xəbər verərəm, gedərik, mən də gedəcəyəm.
Həkim gəlib hamının vəznin tutacaq, dərdini deyəcək. Növbət sənə çatanda, sənə nə deyəcək ki, sənin dərdin filandı, onda görərsən nə deyir, əməl edərsən.
Bəli, Hatəm bu xəbəri karvansaraçıdan eşidəndən sonra arxayın olub, öz mənzilinə getdi. Bir müddət keçəndən sonra karvansaraçı xəbər verdi:
– Hatəm, bala, sabah vaxtdı, tezdən durarsan gedərik meydana.
O gecəni keçirtdilər. Səhər üzünüzə xeyrə açılsın, elə ki səhər açıldı, Hatəmlə karvansaraçı durdular, getdilər meydana tərəf. Yetişib gördülər hamı cərgəynən durub. Bunlar da bir tərəfdə durdular.
Bir az keçəndən sonra gördülər budu, həkim bir öküz minib, bir qul da yedəyini çəkə-çəkə gəldilər. Həkim meydana çatan kimi öküzdən düşdü, ipini verdi qula, qul da çəkib öküzü bir yanda saxladı. Həkim meydanın bir başından düşüb, adamlara baxmağa başladı. Birinə dedi, sənin dərmanın filan şeydi.
Birinə dedi, filan şeydi, elə ki növbə çatdı karvansaraçıya, ona da dedi, karvansaranı təmiz saxla.
Hatəmin vəznini tutan kimi dedi:
– Oğul, sənin dərdin mənlikdi, bir az gözlə, işimi qurtarım gedək.
Həkim elə ki meydanı dövr elədi, qurtardı, öküzü minib Hatəmi də götürdü, gəldi evinə.
Hatəm gördü bu həkimin bir imarəti var, heç padşaha müyəssər deyil. Oturdular, çörəkdən-zaddan yeyəndən sonra başladılar söhbətə.
Hatəm söhbət arasında dərdini açıb həkimə dedi. Həkim cavabında dedi:
– Ey Hatəm, sənin dərdin asandı, ancaq mənim bir şərtim var, gərək onu qəbul eləyəsən, sonra mən sirrimi açıb sənə deyərəm.
Hatəm dedi:
– Buyur, hər nə şərtin olsa, yerinə yetirməyə hazıram.
Həkim şad olub dedi:
– Ey Hatəm, filan şəhərdə bir padşah var. Onun gözləri yeddi ildi tutulub.
Münəccimlər ona deyirlər, sənin gözünün dərmanı atının dırnağı dəyməyən yerdədi. Həmin padşahın da üç oğlu var. Böyüyü xan qızından, ortancılı bəy qızındandı, kiçiyi də rəiyyət qızındandı. Hər il padşah xannan bəy qızınnan olan oğlanlarını göndərir gözünün dərmanı üçün, onlar da gedib bir neçə yer gəzirlər, axırda da deyirlər, bizim atamızın dırnağı heç ömründə bura dəyməyib. Tez bir az xoşlarına gələn otdan, alaqdan, çiçəkdən-zaddan yığıb qayıdırlar. Onların da heç bir əsəri olmur. Amma kiçik oğlunun adı İbrahimdi. Neçə dəfə istəyib getsin, atası izn verməyib ki, mənim xanzada, bəyzadə oğlanlarım bir şey edə bilməyib, indi sən gedib nə eləyəcəksən. Ona görə də həmişə İbrahim qəmgindi. Özü də fağır-füqəranı, qərib-qürübü dost tutur. Gedərsən həmin vilayətə, çox tezliknən o İbrahimnən dostlaşarsan, sonra məndən ona salam yetirərsən, deyərsən onun atasının gözünün dərmanı Gülüstani-İrəm padşahının qızının bağçasındadı. Mən sənə bir kağız verərəm, bir az da dava. Onları da verərsən İbrahimə. O kağızda yazılanlara əməl eləyər, ondan sonra atasının gözünün dərmanını gətirə bilər.
Hatəm o gecəni həkimnən keçirdi, səhər yola düşəndə həkim ona dedi:
– Ey Hatəm, İbrahim pərilər padşahının qızıynan evlənəcək. Sən də qızı görəcəksən. Elə ki qızı gördün, mənim dilimcə ona salam eləyib, deyərsən ki, mənim kitabımı tapıb versin. Kitabı tapıb verən kimi, dayanmayıb gələrsən. Ondan sonra mənim sirrimi bilərsən. Hatəm şad oldu, həkimnən görüşüb öpüşüb ayrıldı. Hatəm dərələrdən yel kimi, təpələrdən sel kimi, badeyi-sərsər kimi dağların dabanıynan, yolların kənarıynan, günə bir mənzil, teyyimənazil bir müddətdən sonra gəlib çıxdı həmin kor padşahın vilayətinə.
Soraqlaşıb İbrahimi tapdı. Bir, təhərnən tanış oldu. İbrahim Hatəmin qəribliyini bilən kimi, onnan qardaşlıq oldu, Hatəmi götürüb gəldi evlərinə. Anasına tapşırdı:
– Ana, Hatəm mənim qardaşımdı, ondan muğayat ol.
Anası dedi:
– Balama da qurban olum, onun qardaşlığına da, gözüm üstə yeri var.
Bəli, İbrahimnən Hatəm burda qalmaqda olsun, sizə xəbər verim kor padşahdan.
Kor padşah bir gün vəzir-vəkilini çağırıb, əmr elədi hazırlıq görsünlər.
Böyük oğluynan ortancıl oğlu gedəcək onun gözünə dərman tapmağa. İbrahim bu əhvalatı eşidən kimi çox bikef oldu. Çünki atası ona izn vermirdi qardaşlarıynan gedə.
Hatəm İbrahimin bikefliyini görən kimi başladı səbəbini xəbər almağa. İbrahim əvvəlcə demək istəmədi. Sonra gördü Hatəm bikef olur, odu ki dedi:
– Qardaş, biləsən ki, sabah qardaşlarım gedəcək atamın gözünə dərman axtarmağa, ancaq atam məni qoymur mən də gedim, ona görə bikefəm.
Hatəm dedi:
– Sən də get, ta niyə bikef olursan?
İbrahim dedi:
– Elə dərd də odu ki, atam qoymur, deyir rəiyyət qızından olubsan.
Bunu deyib, İbrahim başladı ağlamağa. Hatəmin ürəyi tab eləmədi, durub İbrahimin boynunu qucaqlayıb dedi:
– Ey qardaş, bil, agah ol, mən bu işləri əvvəlcədən bilirdim, ancaq özüm sənə qəsdən demirdim. İndi bilməlisən, mən elə, bura, sənin dərdinə əlac eləməyə gəlmişəm, sənnən də tanış olmağım elə bunun üçündü.
Hatəm bütün əhvalatı başdan axıra kimi İbrahimə mən sizə söyləyən kimi söylədi. Həkimin də əhvalatını nağıl elədi. İbrahim həkim sifarışını eşidən kimi Hatəmin boynunu qucaqlayıb dedi:
– Bir tez ol, kağızı, bir də dərmanı mənə ver, and içirəm sənin canına, lap ölüm olsa, qəbul eləyib gedəcəyəm.
Hatəm həkimin kağızını çıxardıb verdi İbrahimə.
İbrahim həkimin kağızını oxuyub gördü yazır: Ey İbrahim, qibləyə tərəf üç gün at sürərsən, dördüncü gün, bir meşəyə çıxacaqsan. Orda bir dev var, yeddi ildi ayağına bir çinar budağı batıb, ta ölüm halındadı.
Onun ayağının altında bir quyu qazıb girərsən içinə, sonra qəfildən çinar parçasını onun ayağından çəkib atarsan kənara, tez özünü quyuda gizlədərsən. Dev çığırıb deyəcək:
– Ey məni belə incidən, əlimə düşəydin, ətini aşığacan, qanını qaşığacan eləyərdim.
Sən dinməz-söyləməz quyuda oturarsan. Elə ki, qan-çirk getdi qurtardı, onda dev yatıb rahat olacaq, sonra ayılıb deyəcək:
– Ax, ey məni belə dincəldən, əlimə düşəydin, and olsun Süleyman peyğəmbərin üzüyünün naxışına, hər nə istəsən verərdim. Onda çıxarsan, həmin dərmanı tökərsən onun yarasına, yarası o saat sağalacaq.
Sonra o nə desə əməl edərsən.
İbrahim şad oldu. Hatəmnən vidalaşıb getdi, getdi padşahın məclisinə.
Üzünü tutub atasına dedi:
– Ata, mənə də bir at ver, mən də istəyirəm gedim, bəlkə Allah rast saldı, gözünün dərmanını tapdım.
Atası gülüb dedi:
– Axmağın danışdığı sözə bax, mənim xanzadə, bəyzadə oğlanlarım tapmır, indi sən gəlib mənim dərdimə dərman olacaqsan?
İbrahim bikef, məlul durub qayıtdı geri. Hatəm İbrahimi bikef görəndə əhvalını soruşdu. İbrahim əhvalatı tamam nağıl elədi.
Hatəm dedi:
– Sən qəm eləmə, mən düzəldərəm.
Durub ayağa yavaş-yavaş gəldi İbrahimin anasının yanına, dedi:
– Ana, padşah İbrahimə at vermir, o da atasının gözünə dərman axtarmağa gedə. İbrahim də cavandı, atasının belə kəmiltifat (Az iltifatlı, az hürmətli) olmasından sınır.
Sən özün get, padşahı dilə tut, gör bir yabıdan zaddan ala bilərsənmi?
Ana qəlbi yumşaq olar. İbrahimin anasının ürəyi yanıb, durdu getdi padşahın yanına. Padşah dedi:
– Ey arvad, nə var belə?
Arvad cavabında dedi:
– Qibleyi-aləm sağ olsun, nə olar rəiyyət qızından olanda, yazıqdı, ürəyini sındırma, nə çoxdu tövlədə at, bir yabı da İbrahimə ver, o da getsin Allaha da xoş gedər.
Padşah bir az fikir eləyib, ürəyi yumşaldı, vəzirə dedi:
– Vəzir, tövlədə bir gözü kor, bir ayağı da topal yabı var, onu da ver İbrahimə, qoy o da cəhənnəm olsun getsin.
Vəzir əmr elədi, həmin topal yabını da İbrahimə hazırladılar.
Anası qayıdıb əhvalatı İbrahimə, bir də Hatəmə nağıl elədi. Hər üçü şad olub hazırlığa başladılar. Xülasə, o gecəni sabah eləyib, sabah üzünüzə xeyrə açılsın, səhər açılan kimi İbrahim də ayından-oyundan götürüb atın belinə aşırıb, özü mindi üstə. Hatəmi anasına tapşırdı, anasını da Hatəmə, hər ikisiynən öpüşüb, görüşüb ayrıldı.
Bəli, şəhərdən çıxıb, üz qoydu qiblə tərəfə getməyə. Qardaşları gördü İbrahim qiblə tərəfə gedir, bunlar da ağızlarını çevirdilər ayrı tərəfə getməyə.
Bunları öz yolunda qoyaq, görək İbrahim necə oldu. İbrahim iki gün yol getdi. Gördü, yabı tay lap yorulub, getmir. Düşüb yerə, yabını qatdı qabağına. Gethaget, az getdi, çox getdi, dərətəpə düz getdi, getdi çıxdı həkim nişan verdiyi meşəyə. Yabının belindən yükünü alıb qoydu yerə, sonra yabının cilovunu başından çıxarıb ötürdü meşəyə, dedi:
– Get hara istəyirsən, ta sən mənə lazım deyilsən.
Başladı meşəni axtarmağa, ta ki gəlib çıxdı bir yerə, gördü bir dev yerə yıxılıb nər-nər nərildəyir. Tay ölüm halındadı.
Tez başladı bu devin ayaq səmtindən, bir yerdən, quyu qazmağa.
Quyunu qazandan sonra girdi həmən quyuya, üstün şaxşəvəlnən örtdü, əli çıxmağa bir yerə qoydu. Qəfildən yapışdı çinar budağınnan, ya Allah deyib, çəkib devin ayağından çıxartdı, atdı kənara, özü də tez quyuda gizləndi. Dev bur nərə çəkib dedi:
– Ay məni belə incidən, əlimə düşəydin, ətini aşığacan eliyərdim, qanını qaşığacan.
İbrahim çəkilib quyunun dibinə qısıldı. Devin ayağından çirk, qan sel kimi axmağa başladı. Bir azdan sonra dev rahat olub, yuxuya getdi. Çoxdan ayağının ağrısının acısından yatmamışdı, ona görə dev tamam üç gün, üç gecə yatdı, dördüncü gün ayılıb, dedi:
– Ux, ey məni belə dincəldən, əlimə düşə idin, and olsun Süleyman peyğəmbərin üzüyünün naxışına, hər nə istəsən verərdim.
İbrahim o saat sıçrayıb quyudan çıxdı kənara, dedi:
– Mən burdayam, ancaq hələ gərək sənin ayağına dərman vuram sağala, sonra danışaq. Dev İbrahimin o üzündən, bu üzündən öpüb dedi:
– İbrahim, sən məni ölümdən qurtardın. Sənnən ölüncə qardaşam, nə istəsən yerinə yetirəcəyəm.
İbrahim həkimin göndərdiyi dərmanı devin ayağına vuran kimi, ayağı oldu anadangəlmə sappasağ. Ondan sonra üzünü tutub devə dedi:
– Qardaş, indi gərək məni sən aparasan Gülüstani-İrəmə. Mənim atamın gözü kordu. Davası Gülüstani-İrəmdə pərilər padşahının qızı Mələkəxatının bağçasındadı.
Dev dedi:
– Paho, qardaş, bu çox çətin işdi. Özü də mən bilmirəm Gülüstaniİrəm hardadı. Amma qorxma, məndən o yana, üç aylıq yolda qardaşım var, o məndən yüz yaş böyükdü. Gedərik ora, ola bilər ki, o buna əlac eləsin. Ancaq qardaş, özün gördün, mən yeddi ildi xəstəyəm, çox zəifləmişəm.
Bir neçə gün ovdan-zaddan vur, bir hala gəlim, sonra gedərik.
Sən darıxma, Allah kərimdi.
İbrahim o saat ox-yayın götürdü, bir neçə maraldan-ceyrandan, kəldən vurub gətirdi, kabab eləyib yedilər.
Müxtəsər, hər gün bu dev bir çöl heyvanı yeyirdi. Qırx gündən sonra dev hala gəlib dedi:
– Qardaş, indi bu gün yola düşə bilərik.
Dev İbrahimi də alıb çiyninə, qalxıb havaya, düşdü yola. Üç gün yol gedəndən sonra, gəldilər, düşdülər bir dağın ətəyinə. İbrahim gördü bu dağın başında bir kaha görünür. Yavaş-yavaş gəlib çıxdılar bura, gördülər burda bir dev oturub, qəddi minarə kimi, başı günbəz kimi. Bunları görən təki yerindən sıçrayıb qardaşlarıynan qucaqlaşdı. Sonra dedi:
– Qardaş, xoş gəlmisən, beş gəlmisən, nə əcəb gəlmisən, nə əcəbəcəb.
Yeddi ildi harda idin, nə bilirdin ki, mən çoxdan bəri adəm əti yeməmişəm, mənə bəni-adəm gətirmisən?
İbrahimnən gələn dev dedi:
– Qardaş, fikrini çaşdırma. İbrahim bizim qardaşımızdı. Yeddi ildi ki, mənim ayağıma bir çinar budağı batmışdı. Filan meşədə olurdum, məni ölümdən İbrahim qurtardı. Özü də atasının gözünün dərmanından ötəri Gülüstani-İrəmə gedəcək. Gərək İbrahimi Gülüstani-İrəmə aparasan.
Dev bunu eşidən kimi yerindən qalxıb İbrahimi bağrına basdı, o üzündən, bu üzündən öpüb dedi:
– Qardaş, and olsun Süleyman peyğəmbərin cıqqasına (Cıqqa tac yerinə işlənmişdir), mən bilmirəm Gülüstani-İrəm ha tərəfdədi. Amma yenə də ürəyini qısma.
Bizim böyük qardaşımız üç aylıq yol məndən bu yanda olur. O məndən üç yüz yaş böyükdü. Səni apararam onun yanına, o əlac elər.
Ancaq hələ gərək bir neçə gün mənə qonaq qalasan, bu yolun ağrısı canından çıxa.
İbrahim üç gün burda qaldı. Elə ki, dinclərini aldılar, kiçik qardaş qaldı burda, ortancıl qardaş İbrahimi alıb dalına tənur (Göyə çəkildi, uçdu) eylədi göyə. Üç ay tamam yol gedib, gəldi çıxdı böyük qardaşının məkanına. Düşdülər uca dağın dibinə. Yenə bu dağda da bir mağara var idi.
Yavaş-yavaş çıxdılar mağaraya tərəf. İbrahim gördü burda bir dev oturub, o biriləri buna muştuluqdu. Dev bunları görən kimi qalxıb ayağa dedi:
– Qardaş, bizi hardan yad elədin, nə bildin ki, mən çoxdan adəmizad
əti yeməmişəm.
Ortancıl qardaş gülüb cavab verdi:
– Qardaş, səhv eləmə, İbrahim bizim qardaşımızdı. O, bizim balaca qardaşımızı ölümdən qurtarıb. Özü də Gülüstani-İrəmə gedəcək, gərək onu aparasan.
Bütün əhvalatı, mən sizə nağıl eyləyən kimi, ortancıl dev böyük qardaşa nağıl elədi. Böyük dev dedi:
– Qardaş, mən aparmağa İbrahimi apararam. Ancaq bu çox ağır məsələdi. Qorxuram İbrahimin başına bir qəza gələ.
İbrahim dedi:
– Qardaş, sən məni apar, qalanınnan işin olmasın.
Dev dedi:
– Hələ bir neçə gün mənə qonaq qalın, dincəlin, sonra apararam.
Amma gərək mən nə desəm, əməl eləyəsən.
İbrahim dedi:
– Baş üstə, hər nə desən, elə də elərəm.
Tamam bir ay dev İbrahimgili qonaq saxladı. Hər gün İbrahimi devlər aparırdı ova, gəzdirirdilər, ovlayırdılar, quşluyurdular, yenə qayıdırdılar. Xülasə, qoymurdular ki, İbrahim qəm çəksin. Böyük qardaş İbrahimi sevəndə, öpüb qucaqlayanda, atıb tutanda ortancıl qardaş deyirdi:
– Qardaş, nə qədər olsa İbrahim bəni adəmdi, onda nə can var, çox da İbrahimi incitmə.
Xülasə, bir aydan sonra böyük qardaşnan İbrahim hazırlandılar getməyə.
Böyük qardaş üzün tutub ortancıl qardaşa dedi:
– Qardaş, biz İbrahimnən qayıdınca, sən bizi burda gözləyərsən, mən gətirib İbrahimi verərəm sənə. Sən də aparıb balaca qardaşımıza verə3Bstü bir səfalı çəmənlik yerdə düşdülər. Ceyrandan, maraldan ovlayıb, kababdan-zaddan düzəldib yedilər. Sonra yenə də dev İbrahimi dalına alıb, qalxdı havaya, üz qoydu Gülüstani-İrəmə tərəf getməyə. Axşama qədər gedib yenə səfalı çəmənlik bir yerdə düşdülər. Şikardan-zaddan hazırlayıb yedilər, gecəni də bir mağarada keçirib, tezdən yola düşdülər.
Hər gün bir aylıq yol gedirdilər. Beləliklə, tamam qırx gün yol getdilər, ta ki, gəlib çıxdılar Gülüstani-İrəmin sərhəddinə. Qırx birinci gün düşdülər bir çBstü bir səfalı çəmənlik yerdə düşdülər. Ceyrandan, maraldan ovlayıb, kababdan-zaddan düzəldib yedilər. Sonra yenə də dev İbrahimi dalına alıb, qalxdı havaya, üz qoydu Gülüstani-İrəmə tərəf getməyə. Axşama qədər gedib yenə səfalı çəmənlik bir yerdə düşdülər. Şikardan-zaddan hazırlayıb yedilər, gecəni də bir mağarada keçirib, tezdən yola düşdülər.
Hər gün bir aylıq yol gedirdilər. Beləliklə, tamam qırx gün yol getdilər, ta ki, gəlib çıxdılar Gülüstani-İrəmin sərhəddinə. Qırx birinci gün düşdülər bir çəməni-basəfa yerdə. İbrahim gördü paho, bura heç gördüyü yerlərə oxşamır, hər tərəf gül, çiçək, ağaclar baş çəkib ərş-fələyə, bülbüllər cəh-cəh vurur, vallah deyirsən bura cənnətin bir guşəsidi.
Dev gördü İbrahimin ağzı açıla qalıb, dedi:
– Qardaş, bu hələ harasıdı. Sən pərilər padşahının sərhəddindəsən.
Gülüstani-İrəmə gedəndə görərsən orda nə var.
Xülasə, ovdan-zaddan vurub günorta xörəyini yedilər, sonra dev üzünü tutub İbrahimə dedi:
– Qardaş, indi ta mən burdan o yana gedə bilmərəm. Sən özün tək getməlisən. Mən sən gəlincə burda gözləyəcəyəm. Ancaq mən sənə bir neçə şey öyrətməliyəm. Gərək onlara əməl edəsən. İndi qulaq as, gör nə deyirəm!
İbrahim dedi:
– Qardaş, söylə, mən hazıram dediklərinə əməl eləməyə.
Dev dedi:
– Qardaş, elə ki, pərilər padşahının torpağına ayaq qoydun, ta sən gündüz yol gedə bilməzsən, gərək gecə yol gedib, səhər açılanda quyu qazıb gizlənəsən. Burdan pərilər padşahının qızı Mələkəxatının bağına qədər qırx mənzildi. Gərək hər mənzili bir gecədə gedəsən. Özü də belə gedəsən ki, səhər açılan kimi, quyunu da qazıb gizlənə biləsən. Yoxsa səni devlər tutub, parça-parça edərlər. Burdan o yana bəni-insan ayağı düşməyib, düşə də bilməz, oralar tamam devlər, pərilər məskənidir.
Bir də İbrahim, qırxıncı quyunu pərilər padşahının qızı Mələkəxatının bağının qapısının lap ağzında qazmalısan. Çünki sənin atanın gözünün dərmanı o bağdadı. O bağın yeddibaşlı qırx dev qarovulçusu var.
Onlar altı ay bağda qalırlar, altı ay səyahətə gedirlər. Altı ay ovlayıb, quşlayandan sonra qayıdırlar. O devlər gedəndə bir lov oxuyurlar, qapıları açılır, çıxırlar bağçadan çölə. Sonra yenə bir lov oxuyurlar, qapılar bağlanır. Əgər o lovları bilməsən, min çalışsan, bağa girə bilməzsən.
Gərək hər lov oxunan kimi öyrənəsən. Elə ki, devlər getdi, quyudan çıxarsan, birinci lovu oxuyarsan qapılar açılar, gedərsən içəri. Həmin lovu oxuyarsan, qapılar örtülər. Başlarsan bağı gəzməyə. Qabağına bir uca ağac çıxacaq, görəcəksən onun hər yarpağının dibində bir qumrov (Zinqrov) asılıb Sənin atanın gözünün dərmanı həmin ağacın yarpaqlarıdır.
Gərək o yarpaqları elə üzəsən ki, qumrov tərpənməyə. Əgər qumrov tərpənsə, onun səsi altı aylıq yola gedəcək, devlər o səsi eşidəcək, o saat bağda hazır olacaqlar. Çünki o devlər altı aylıq yolu bir saata gəlirlər.
Onlar da ki gəldi, sənin ta min canın olsa, birisi sağ qurtarmaz. Yavaşca gərək o ağaca çıxasan, ehtiyatnan o yarpaqlardan qopardasan, nə qədər lazımdı qoynunu, qoltuğunu doldurub, yavaşca ağacdan düşəsən. Yenə həmin lovları oxuyub bağdan çıxarsan, həmin quyularda gizlənə-gizlənə qayıdarsan geri. Mən burda səni üç ay gözləyəcəyəm. Gəlməsən biləcəyəm ki, ölübsən, qayıdıb gedəcəyəm. Gəlsən səni götürüb qayıdacağam öz mənzilimə, ordan da o biri qardaşlarımnan gedərsən vilayətinə. Ancaq mən dediklərimi yadında yaxşı saxla.
Dev İbrahimnən axşamacan o yandan, bu yandan söhbət elədi. Elə ki, axşam oldu, İbrahim devnən vidalaşıb, düşdü yola. O gecəni yol gedib, sabaha yaxın bir quyu qazıb içində gizləndi. Axşama qədər gözləyib, əl-ayaq yığılandan sonra düşdü yola. O, gecəni də yol gedib sübh açılanda yenə də quyu qazıb gizləndi. Belə-belə gecə yol gedib, gündüz quyu qazıb gizlənirdi, ta otuz doqquz gün ötdü, qırxımıncı gün səhər açılana yaxın, axırıncı quyunu Mələkəxatının lap qapısının ağzında qazıb gizləndi.
Bir neçə gün gözlədi ki, görüm gəlib gedən olacaqmı. Gecələr çıxıb ovlayır, quşlayır, gündüzlər də gizlənirdi. Heç bilmirdi ki, bağdadı, yoxsa ovdadı. Beləliklə, üç gün keçdi. Dördüncü gün gördü bağ tərəfdən hənirti gəlir. İbrahim nəfəsini içinə çəkib, qulaq asdı, gördü budu devlər gəlir.
Fikir verib, devlər lovu oxuyan kimi bu da əzbərlədi. Qapı açılıb devlər çıxdı çölə. İbrahim devləri görəndə bədəninə lərzə düşüb qorxusundan özünü itirdi. İbrahim ömründə belə divlər görməmişdi. Boyları minarə kimi, qolları çinar kimi, buynuzları incir budağı kimi. Hər birinin yeddi başı var idi. Hərəsi yeddi dəyirman daşını bir çinar ağacının başına keçirib, almışdılar, əllərinə. İbrahim öz-özünə fikir elədi ki, əgər bu dari-Şümşadı (Şümşad ağacını (dirəyini)) dağa vursalar dağılar. Yenə bir lov oxudular qapılar bağlandı, ondan sonra gurhagurnan çıxıb getdilər. İbrahim əlüstü ikinci lovu da öyrəndi. Devlər gedəndən sonra bir qədər özünü toxdadıb, Allah səndən mədəd deyib, quyudan çıxdı bayıra. Birinci lovu oxudu, qapılar taybatay açıldı. İbrahim girdi bağa. Ondan sonar ikinci lovu da oxudu, qapılar yenə də öz qaydasıynan bağlandı. İbrahim ətrafa baxıb gördü, vallah, bura bir bağdı, deyirsən cənnətin bir guşəsidi. Ağaclar baş çəkib ərş-fələyə, səfalı, çəmənlik bir yerdi. Hər tərəfdən sular axır, çiçəklər açılıb, ətri hər tərəfi bürüyür. Hər aşıq öz yarına min dilnən naz eləyir. İbrahimin ağlı başından çıxmışdı, bilmirdi nə eləsin. Uçan quşlara baxsın, yoxsa bülbülün gülnən oynamasına tamaşa eləsin. Birdən İbrahimin qulağına bir çalğı səsi gəldi. Səsi eşidən kimi, tez bir gül kolunun içində gizləndi. Baxıb gördü, bir dəstə qızdı, çala-çala, oxuya-oxuya budu gəlir. Vallah yemə, içmə bunların xətti-xalına, gül camalına tamaşa elə. İbrahim heyran qalıb, öz-özünə fikir edirdi ki, xudavənda, bu gözəllikdə də can, bu gözəllikdə də məkan olarmı!
Qızlar yavaş-yavaş gəlib, İbrahimin böyründən keçdilər. İbrahim öz-özünə dedi ki, sən öləsən bunlar nəçidirlər, hara gedirlər, onu bilməyincə, heç bir iş görə bilmərəm.
Gözlədi, qızlar bir az aralanan kimi koldan çıxıb, bu da qarabaqara düşdü bunların dalınca, onlar hara getdisə, İbrahim də onların iziynən gedirdi.
Bir vaxt İbrahim gördü, bir qalaça görünür ki, parıltısından göz qamaşır. İbrahim bir az da yaxınlaşıb gizləndi, gördü qızlar gəlib bu qalaçaya daxil olurlar. İbrahim öz ürəyində dedi:
– Ey dadi-bidad, heç dinmə, nə əmma varsa, bu qalaçada var.
Gərək bunu öyrənəm. Devlər hələ altı ay ovda olacaqlar. Ona kimi mən çox işlər görə bilərəm.
İbrahim gizləndiyi yerdən çıxıb, yavaş-yavaş qalaçaya tərəf gəlib, gördü paho, buranın kərpicinin biri qızıldandı, biri gümüşdən. Heyran qalıb gəzə-gəzə qalaçanın qapısını tapdı. Gördü elə qapı açıqdı. Allaha pənah deyib, girdi içəri. Gördü nə, əvvəlki bağ bunun yanında nədi! Bu elə bağdı ki, mislini Allah-taala bir də yaratmayıb. Dünyada hər nə meyvə desən, burda var. Dünyada hər nə gül, çiçək desən, burda var. Dünyada hər nə quş desən, burda var. Xülasə, Allah nə qədər gözəl şey yaradıbsa, elə bil hamısını bura yığıblar. İbrahim bunları görüb, sərməst olmuşdu. Bilmirdi ki, hansına tamaşa eləsin.
Veyillənə-veyillənə gəldi çıxdı bir yerə. Gördü burda bir çarhovuz var, daşının biri qırmızı yaqutdan, biri zəbərcətdən (Qiymətli daş adlanır). Su fəvvarə verib qalxır havaya. Sonra tökülür gülab kimi hovuza. İbrahim hovuzun ətrafına dolanırdı, gördü səs gəlir. Tez bir ağacın dibində gizləndi.
Gördü, budu bir neçə qız əllərində pal-paltar gəlirlər hovuzun başında yer seçib, ipək xalıları döşədilər yerə. Qızın biri o birinə dedi:
– Bacı, bu gün xanım bağa seyrə çıxacaq. Heç olmasa, biz də bir az kef elərik.
İbrahim bunu eşitcək öz ürəyində dedi:
– Qulluqçuları bu gözəllikdə olanın özü görək nə gözəllikdə olacaq!
Fərş döşəyib düzdükdən sonra qızlar getdi.
İbrahim yerin bərkidib, xanımın yolunu gözləməyə başladı. Bir qədər keçdi, gördü, budu bir dəstə qız qabaqda çala-çala, oynaya-oynaya gəlir. Bunların da dalınca qırx incə qız, bir-birindən gözəl, bir qızın saçlarını bəzəyib qoyublar məcməyiyə ki, yerə düşməsin. İbrahim o saat bildi ki, Mələkəxatın budu. Diqqət eləyib gördü bu elə bir
gözəldi ki, Allah xoş gündə, xoş saatda yaradıb. Görək necə gözəldi!
Nazənin sənəm, fəriştə kirdar, gəl məni gör, dərdimdən öl, can alan, aşiq öldürən, incə miyan, nazik bədən, sünbül nişan. Xülasə, İbrahim bu qızı görəndə ağlı başından gedib, bihuş olub yıxıldı. Bir vaxt ayıldı gördü nə, gün az qalıb batsın. Qız- zad nə gəzir, lələ köçüb yurdu qalıb. Bunlar nə təhər gəlib, nə təhər gedib, heç birindən xəbəri olmayıb. İbrahim bir başına vurdu, bir gözünə, dedi:
– Ey dad, bu nə iş idi mən elədim, arvad kimi ürəyim gedib, barı heç olmasa bilmədim hardan gəldi, hara getdi.
Bir qədər fikir eləyib axırda toxtadı. Öz-özünə dedi ki, yəni bu bağdan ki, çıxıb qaçmayacaq. Harda olsa taparam. Mən tapa bilməsəm də, əlbəttə özü heç olmasa bağa seyrə çıxacaq. Fikirləşə-fikirləşə durub bağı dolanırdı. Gördü uzaqdan bir imarət görünür. Şad olub bildi ki, bu imarət Mələkəxatının imarətidi. Yavaşca pusa-pusa imarətə yaxınlaşdı.
Ağacların yanında gizlənib gördü bu imarət tamam ağ mərmərdən tikilib. Diqqət eləyib gördü devdən, pəridən heç biri yoxdu. Bir qədər arxayınlaşıb ağacların dalında qısıla-qısıla gəldi pəncərənin qabağına. İçəri baxıb gördü, vallah, Mələkəxatın elə bil on dörd gecəlik aydı. Oturub taxtın üstə, qabağında kənizlər əl-əl üstə qoyub durublar. Onlar xanımın saçlarını gülabnan yuyub boynunun ortasında topladılar.
İbrahimin az qalırdı ki, ürəyi getsin. Ancaq bir təhər özünə zor eləyib dayandı. Bir qədərdən sonra yenə də çalıb oxuyan qızlar gəldilər.
Kimi çalırdı, kimi oxuyurdu, kimi də oynayırdı. Ta ki gecədən bir müddət keçdi, xanım bu qızları azad edib təamın yedi, sonra soyunub yatdı. Qızlar bir qızıl şamdan başın üstə, bir qızıl şamdan da ayağının altına qoyub bədənnüma güzgünün birini başının üstündən, birini də ayağının altından söykəyib getdilər.
İbrahim o qədər gizlədi ki, qız yatdı. Qapını açıb girdi içəri. Əvvəlcə əl-üzünü təmiz-təmiz yudu, tərtəmiz silib quruladı, sonra qızın xörəyini çəkib qabağına, əyləşib ədəbnən yedi, durub təzədən əl-üzünü yudu, silib quruladı, gəldi pərdəni qalxızdı. Bir əlini taxtın o tərəfindən qoyub, bir əlin bu tərəfindən qoyub, Mələkəxatının o üzündən, bu üzündən öpüb otaqdan çıxdı.
Gəlib bağçada bir xəlvət yer tapıb yatdı. Elə ki səhər oldu, İbrahimi qoyaq yatmaqda. Sizə kimdən xəbər verim, Mələkəxatından.
Mələkəxatın yerindən durub bədənnüma güzgüyə baxanda gördü üzünə ləkə düşüb. O saat bildi ki, öpülüb. Üstünü vurmayıb, qızlara izn verdi, paltarını gətirdilər, lazımi zinəti vurandan sonra, əmr elədi xörəyini gətirsinlər. Xonçanı gətirib açanda gördülər, paho, xonça bomboşdu.
Elə bil on dəfə yuyulub. Qızlar elə donub yerində qaldılar. Elə ki, Mələkəxatın gördü, qızlar donuxub qalıblar, dedi:
– Nə olub, niyə gəlmirsiniz?
Qızlardan biri qeyrətə gəlib dedi:
– Xanım, vallah lap məəttəl qalmalı işdi. Xörəyi kim isə yeyib, xonça bomboşdu.
Mələkəxatın bunu eşidəndə, ağlı başından çıxıb qışqırdı:
– Çəpəllər, düzünü deyin görüm, bu necə işdi? Xörək yeyilib, üzümdən də öpülmüşdü. Kim mənim otağıma gələ bilər? Burda sizdən başqa kim var?
Qızlar məəttəl qalıb dedilər:
– Xanım, sən doğru deyirsən. Bura heç kim gələ bilməz. Amma bir iş də var ki, biz qız, sən qız, biz sənin üzündən niyə öpək? Bu bir; ikincisi, əgər biz xörək yemək istəyiriksə, Allaha şükür, aşpazxanada doludu, orda yeyərik. Bizə deyən yoxdu ki, niyə yeyirsiniz. Ta sənin xörəyini niyə yeyirik.
Bu sözlər Mələkəxatının ağlına batıb, fikrə getdi. Bir azdan sonra başını qaldırıb qızlara dedi:
– Bax, bu sirr birinizin ağzından çıxmamalıdı. Bu söz yayılsa, bu işi tutan qorxar, bir də gəlməz. Qoy elə bilsin ki, guya heç tutduğu işi başa düşən olmayıb. Onda mən özüm bilərəm, nə edərəm. Motala dadanan köpək bir də gələr.
Ondan sonra qızlara əmr elədi, aşxanadan təzə xörək gətirdilər. Qız xörəyini yedi, əl-üzünü yuyub təmizlədi, sonra qızlara əmr elədi ki, hazırlıq görsünlər, bağa seyrə çıxacağam. Bunlar həmin gün cahicəlalnan bağa çıxmaqda olsun, görək İbrahim nə elədi.
Səhərin gözəl mehi də İbrahimin üzünə vurub, onu yuxudan ayıltdı. Tez durub bulağın suyunda əl-üzünü yudu. Çarhovuza yaxın bir yerdə oturub axşamkı halı fikir eləyirdi ki, ya Rəb, bunlar yuxudu, ya gerçəkdi.
Birdən qulağına çalğı səsi gəldi, başını qalxızıb baxanda gördü, dünənki dəstədi, yenə gəlir. Yəqin elədi ki, yuxu deyil, bunlar hamısı gerçəkdi, zahirdə görür. Həmin qaydaynan qızlar, yenə ipək xalıları döşədi.
Dalınca da qırx incə qız Mələkəxatının saçlarını qızıl məcməyidə dalınca gətirib, qabaqlarında çalğıçılar çala-çala, oynaya-oynaya gəlib əyləşdilər. Qızlar başladılar oxuyub çalmağa; kimi oynayır, kimi çalır, kimi də oxuyurdu. Amma İbrahim baxıb gördü, Mələkəxatın qəmgindi, üzü heç açılmır. O saat bildi ki, xanım məsələni bilib. Öz ürəyində dedi:
“Vallah, lap məni tikə-tikə doğrasan, səndən əl çəkən deyiləm. Bu gecə də səni həmin kökə salacağam”.
Nə isə, İbrahim o qədər tamaşa elədi ki, qızlar keflərini çəkib getdilər.
Mələkəxatın gedəndə elə bil İbrahimin də canı onnan gedirdi. Qızlar gözdən itən kimi, İbrahim durdu bağı gəzməyə, İbrahimin başı qızların eyş-işrətinə elə qarışmışdı ki, yemək-içməyi də yaddan çıxarmışdı. İndi başa düşdü ki, acıyıb. Bir az o meyvədən, bu meyvədən yeyib toqqasının altını bərkitdi.
İbrahim bağda o qədər dolandı ki, ta axşam oldu. Gün batan kimi özünü verdi imarətə sarı. Tay öyrənmişdi. Həmin qaydaynan gəlib, pəncərənin qabağında gizləndi. O qədər gözlədi ki, qızlar dövranı tamam elədi, gedəndə kənizlər Mələkəxatının xörəyini gətirdilər, süfrə saldılar. Mələkəxatın bir az könülsüz xörəkdən-zaddan yedi qurtardı.
O saat ayrı kənizlər gəlib, xanımın pal-paltarını soyundurdular. Xanım yıxılıb qızıl taxtın üstünə yatdı. Amma Mələkəxatın nə qədər çalışdı ki, yatmasın, mümkün eləyə bilmədi, yuxu tutub yatdı. İbrahim bərədə (Pusqu, gizlin yer) durmuşdu. Qız yatan kimi özünü saldı içəri. Yenə də həmin qaydaynan xörəyi yedi, qızın o üzündən, bu üzündən bir cüt də öpüş alıb yola düşdü. İbrahim ta bələdləmişdi. Gəlib hər gecə yatdığı yerdə yatdı. Elə ki, səhər açıldı, İbrahim yerindən qalxıb bir az ayındanoyundan yedi, yenə də özünü yetirdi hovuzun başına. Bir yerdə gizlənib başladı marıtlamağa. Tay İbrahim dadanmışdı, şeytan zoğalın dibini kəsən kimi, hovuzu gözdən qoymurdu.
Sizə kimdən xəbər verim, Mələkəxatından. O biri tərəfdən Mələkəxatın tezdən yuxudan ayılıb, güzgüyə baxıb gördü ki, yenə üzündən öpülüb. O saat bildi ki, kişi yenə gəlib. Ta bir söz deməyib, kənizləri də çağırmadı, özü geyinib yuyundu, təmizləndi, yalandan süfrəni açıb, gətirib boş xonçanı da qoydu süfrəyə. Kənizlər gəlib əhvalatı görəndə haraya düşdülər. Qəsdən qız gülüb dedi:
– Dünənki işə görə, mən gecəni yatmadım. Sabaha qədər pusdum. Ona görə də acıdım, tezdən də sizi durğuzmağa qıymadım, çörəyimi özüm yedim.
Ondan sonra əmr elədi ki, qızlar hazırlaşsınlar bağa seyrə çıxmağa.
Qızlar yenə də həmin cəlalnan gəzməyə çıxdılar. Qızlar hərəsi bir tərəfdə çalmaqda, çağırmaqda idi. Amma Mələkəxatın zahirdə şad görünürdüsə də, batində qan ağlayırdı. İbrahim bunu görüb bildi ki, Mələkəxatın bu gecə onu nə təhər olsa pusacaq. Yenə də həmişəki qaydaynan qızlar axşam olanda qayıtdılar geri. İbrahim də başladı bağı gəzməyə. O qədər gəzdi, lap qaranlıq düşdü. Yavaşca özünü yetirdi xanımın pəncərəsinə, ətrafa baxıb gördü ki, qarovulçu-zad yoxdu. Arxayın olub, başladı imarətə daxil olmağa. Amma sizə xəbər verim Mələkəxatından.
Mələkəxatın gəzməkdən qayıdan kimi, xörəyini yeyib dedi:
– Qızlar, bəs bu gecə mən yorğunam, yatacağam, ona görə də eyşişrət lazım deyil. Hamınız azadsınız, çəkilin öz yerinizə, istirahətə məşğul olun.
Qızlar dağıldı hərəsi öz otağına. Ondan sonra Mələkəxatın paltarını soyunduran qızları da azad edib, bir almas götürüb, barmağını almasnan yarıb, yerinə duz basdı. Sonra gəlib uzandı qızıl çarpayının üstə. Barmağının sızıltısından yuxusu tamam ərşə çəkilmişdi. Yalandan özünü yuxululuğa vurdu ki, görsün neçə gündü bunun xörəyini yeyib, üzündən öpən kimdi. Gecədən bir şər keçmişdi, gördü budu qapı açıldı. Gözünün altıynan baxıb gördü, paho, bir adəm oğlu içəri girdi. Öz ürəyində dedi:
– Axı deyirəm, yenə belə iş adamzaddan çıxar.
Amma Mələkəxatın məəttəl qalmışdı ki, bu necə işdi.
Adəmzada bura hardan gəlib çıxa bilər? Mələkəxatın baxıb gördü ki, bu elə gözəl oğlandı ki, deyirsən Yusif qəbirdən dirilib gəlib.
Allah-taala xoş gündə, xoş saatda bunu yaradıb. Mələkəxatın bir könüldən min könülə İbrahimə aşiq oldu. Öz-özünə dedi:
– Əgər bu adəmzadanın ədəbi-qanacağı mən deyən olsa, buna ərə gedəcəyəm. Əgər yox, olmasa, and olsun Süleyman peyğəmbərin üzüyünün naxışına, bunu elə bir cəzaynan öldürəcəyəm ki, dillərdə dastan olsun.
Mələkəxatın baxırdı, gördü İbrahim əvvəlcə ədəbnən əl-üzünü yudu, silib quruladı, sonra da süfrəni gətirib ədəbnən, necə ki, qaydasıdı, açdı qabağına. Ondan sonra xonçanı gətirib qoydu süfrəyə, başladı xörəyi yeməyə. Ədəbnən xörəyi yedi.
Mələkəxatın baxırdı, gördü yox, bu çox layiqli oğlandı, çox şad oldu. İbrahim xörəyi yeyib qurtarandan sonra qalxdı ayağa. Necə ki, qaydasıdı, xonçanı götürüb süfrəni yığışdırdı. Ondan sonra əl-üzünü təmiz yudu, quruladı, müşk-əmbərnən ağzını-burnunu yaxaladı, ətirlənib yavaş-yavaş yönəldi Mələkəxatına tərəf. Xanım o saat gözünü yumdu. Yalandan özünü yuxuya verib başladı gözləməyə. O qədər gözlədi ki, İbrahim gəlib çatdı. Əlinin birini qızıl taxtın o tərəfinə qoyub, birini də bu tərəfinə qoyub, əyildi üzündən öpsün. Mələkəxatın yapışıb İbrahimin biləyindən dedi:
– Ədə, namərbud oğlu namərbud, de görüm nə cürətlə mənim üzümdən öpürsən? Hələ xörəyimi yediyin, mənim bağçama girdiyin bəs deyil, üzümdən də öpürsən? Necəsən, indi hökm eləyim, səni parça-parça eləsinlər, sonra da cəmdəyini oda salıb külünü də küləyə versinlər?
İbrahim baxıb gördü tay qorxmağın yeri deyil, özü ürəyində dedi, əşi ölmək ölməkdi, xırıldamaq nə deməkdi, hər nə olar-olar. Üzünü tutub xanıma dedi:
– Hər nə buyursan, qəbul eləməyə hazıram. Məni bu canı biryolluq sənin yolunda qoymuşam. Min dəfə ölüb dirilsəm, yenə hamısını sənin yolunda qurban edərəm. Oda atıb yandırsalar da of demərəm.
Kəsilsin o baş ki yar yolunda cəfalar çəkməyə.
Mələkəxatın gördü, İbrahim çox ədəbli və ağıllı oğlandı. Onun danışıqları xoşuna gəlib dedi:
– Ey adəmzada, əvvəl de görüm kimsən, nəçisən, necə olub məni bağıma girə bilmisən? Mənim bağımı qırx dev qoruyur, hər birinin yeddi başı var, onların qorxusundan quş belə mənim bağımın həndəvərinə dolana bilməz. Mən bütün pərilərin padşahıyam. Pərilər məkanına da bir adam ayağı düşə bilməz. De görüm, Bu Gülüstani-İrəm torpağına nə cür düşə bilməz. De görüm, bu Gülüstani-İrəm torpağına nə cür gələ bildin? Axı mənim qapımın tilsimi var, onu devlərdən başqa heç kim bilə bilməz, necə oldu ki, sən o tilsimləri bildin? Bunların hamısını doğru-dürüst xəbər ver. Sonra baxarıq sənə nə eləmək lazımdı.
İbrahim başına gələn əhvalatı necə ki mən sizə söhbət eləmişdim, qıza nağıl elədi. Qız bunları eşidəndə şad olub. İbrahimin hünərinə afərin oxudu. Əgər İbrahimin məhəbbəti bir idisə, indi min oldu. Qız İbrahimin alnından öpüb dedi:
– Ey İbrahim, bil ki, sənin hər nə günahın varıdı, hamısını bağışladım.
İndi budu, yeddi ildi atam ölüb onun yerində padşaham. Nə qədər pərilər, devlər, fəriştələr var, hamısı mənə tabedi. Özün də görürsən ki, nə cəlalım var, heç bir adəmzad padşahın da ola bilməz.
Məni alarsan, ölüncə bir yerdə dövran sürərik.
İbrahim bunu eşidən kimi çox sevindi. Özün xanımın ayağına salıb bilmirdi ki, nə eləsin. Mələkəxatın İbrahimi bağrına basıb dedi:
– Mənim əzizim, heç fikir eləmə, inşallah sabah toyumuza başlarıq.
Elə Allah səni mənə yetirib.
Ondan sonra İbrahimi də soyundurdu. Gecə sabaha kimi öpüşdülər, bir yerdə qucaqlaşıb yatdılar. Səhər olan kimi Mələkəxatın əmr elədi, İbrahimi apardılar hamama, səfər libasını çıxardıb bir dəst padşahyana libas geydirdilər. İbrahimin gözəlliyi onqat da artdı. Hamamdan qayıdanda İbrahim, xanıma ədəbnən təzim eləyib, qulluğunda durdu. Mələkəxatın da İbrahimin əlindən tutub öz yanında oturtdu. Ondan sonra əmr elədi bütün pərilər padşahının qələmi işləyən yerdə, nə qədər tanıyan pəri, dev, firiştə varıdı, hamısı hazır oldu. Bütün Gülüstani-İrəm çırağban oldu. Qırx gün, qırx gecə toy olub, ehsan verilib, qırx birinci gün pərilər qazısı Mələkəxatının kəbinini kəsdi İbrahimə. Qıznan oğlan əl-ələ verib mübarəkbazlıq eləyəndən sonra çıxıb getdilər.
İbrahimnən Mələkəxatın başladı dövran sürməyə. Bir gün Mələkəxatın gördü İbrahim çox bikefdi, dedi:
– Ay İbrahim, məgər bundan sonra da sənin dərdin olacaq? Mən sənin bikef olmağına dözə bilmərəm.
İbrahim ağlayıb dedi:
– Xanım, axı mən gəlmişdim atamın gözünə dərman aparam. Əgər gedib evə çıxmıramsa, onda mən nə olaram? Kişi gərək sözünün üstə möhkəm ola!
Xanım çəkib İbrahimin üzündən öpüb dedi:
– Ey İbrahim niyə ağlayırsan? And olsun Süleyman peyğəmbərin üzüyünün naxışına, indi məhəbbətim sənə birə min oldu. Çünki mən elə fikirləşdim ki, deyərlər adəmzad vəfasız olur. Əgər İbrahim də mənə başı qarışıb, ata-anasını yaddan çıxarsa, o da bivəfadı. Amma indi mənə isbat elədin ki, vəfasız deyilsən. Mən səni yola salaram, atanın gözünün dərmanını apararsan. Amma sənnən bir şərtim var, gərək üç aya kimi qayıdasan. Sənsiz mən dura bilmərəm.
İbrahim razı oldu, şərt qoydular. O saat qız əmr elədi, bir kəniz gedib həmin yarpaqdan nə qədər ki, lazım idi yığdı, gətirdi verdi İbrahimə. Mələkəxatın əmr elədi, bir dev çağırdılar. O, İbrahimi devə tapşırıb dedi:
– Gərək İbrahimi aparasan filan yerdə bir dev var, verəsən ona.
Dilindən də bir salamatlıq kağızı alıb, gətirərsən mənə.
Dev baş üstə deyib, İbrahimi alıb dalına, istədi düşsün yola. Xanım dedi:
– Ey dev, sənə deyirəm, İbrahimi elə apararsan ki, gül qədər inciməsin.
Əgər onun bir yeri incisə, vay sənin halına.
Bir kağız da İbrahimin dostu devə yazdı ki, mənim torpağımda ta qorxusuz gəzə bilərsiniz, İbrahimi aparıb verərsən atasına, sonra da hamınız bir yerdə qayıdarsınız Gülüstani-İrəmə, burda rahatlığnan yaşayarsınız.
İbrahimnən öpüşüb, görüşəndən sonra dev İbrahimi götürüb düşdü yola. On aylıq yolu bir gündə gedib, düşdülər həmin devin yanına. Dev İbrahimi görən kimi, bağrına basıb dedi:
– Qardaş, de görüm, bu necə işdi, necə oldu ki, səni öldürmədilər?
İbrahim kağızı devə verib, əhvalatı ona nağıl elədi. Dev İbrahimin Mələkəxatını almasını biləndə çox şad olub, sevindiyindən atılıb-düşməyə başladı.
İbrahimin salamat gəlib çıxmasına görə, bir kağız da o biri devə verib, geri qaytardı. O, qardaşıynan atasının vilayətinə tərəf yola düşdü. Altı aylıq yolu on gündə gəlib çıxdılar böyük qardaşın məkanına. Gördü ortancıl dev bunların yolunu gözləyir. Öpüşdülər, görüşdülər, əhval soranda böyük dev dedi:
– Qardaş, gözünüz aydın olsun, qardaşınız İbrahim Gülüstani-İrəm padşahı Mələkəxatınnan evlənib. İndi də ta Gülüstani-İrəmdə, qardaşımızın yanında olacağıq.
Ondan sonra bütün əhvalatı və kağız məsələsini nağıl elədi. O da şad olub, on gün orda qalandan sonra ortancıl qardaş İbrahimi də götürüb öpüşüb, görüşüb böyük qardaşdan ayrıldılar. Altı aylıq yolu on gündə gəlib, çatdılar ortancıl qardaşın məkanına. Gördülər kiçik qardaş bunların yolunu gözləyir. Onnan da öpüşdülər, qucaqlaşdılar, əhvalatı ona da söylədilər. O da şad oldu. On gün də burda qaldılar. Ortancıl qardaşnan xudahafizləşəndən sonra kiçik qardaşnan İbrahim atasının vilayətinə tərəf yola düşdü. On gün yol gedib, çatdılar İbrahimin atasının yaşadığı şəhərin kənarına.
Dev İbrahimi yerə qoyub dedi:
– Qardaş, sağlıqnan get. Amma özünü qardaşlarından gözlə, onlar səni öldürəcəklər. Mən də səni həmin meşədə gözləyəcəyəm. İşini qurtarandan sonra gələrsən, gedərik Gülüstani-İrəmə. İbrahim atasına tərəf getməyə, dev də öz yerinə qayıtmağa başladı.
Elə ki İbrahim gəldi çıxdı evlərinə, gördü Hatəmnən anası çox niyarandılar. Bunun yolun gözləyirlər. Anası oğlunu sağ-salamat görən kimi, sevindiyindən bihuş oldu. Huşa gələndən sonra, oğlunu bağrına basıb Allaha şükür elədi. İbrahim anasıynan, Hatəmnən öpüşüb, görüşüb bütün əhvalatı onlara nağıl elədi. Hatəm İbrahimə tapşırdı ki, Mələkəxatınnan evləndiyini heç kəsə deməsin. Bir az oturandan sonra İbrahimnən Hatəm durub, getdilər padşahın yanına. Padşahın o biri oğlanları yenə də heç bir şey tapmamışdılar. Boş atıla-atıla gəzib-gəzib qayıtmışdılar geri.
İzn alıb içəri girib, padşaha baş endirdilər. Sonra İbrahim ədəbnən atasına dedi:
– Ata, tay qəm çəkmə, gözlərinin dərmanını gətirmişəm.
İbrahimin bu sözünə inanmayıb, o saat münəccimlərnən həkimləri çağırdılar. Həkimlər yarpağa baxan kimi dedilər:
– Qibleyi-aləm, düzdü, sənin gözlərini yaxşı eləsə, ancaq bu dərman yaxşı edəcək.
Padşah şad olub, İbrahimi basdı bağrına. Həkimlər həmən yarpaqdan əzib padşahın gözlərinə məlhəm elədilər. On günün içində padşahın gözləri yaxşı oldu, elə bil ki, heç kor deyilmiş. İbrahimi, atası gözü açılandan sonra elə istəyirdi ki, ta bir saat gözündən kənara qoymurdu.
Hər gün İbrahim Hatəmnən gəlirdi padşahın yanına, otururdular söhbət eləyirdilər. Hələ çörəklərini də bir yerdə yeyirdilər. Xan, bəy qızından olan oğlanlarını padşah gözündən salmışdı. Onlar da padşahın qorxusundan üzdə İbrahimə bir söz deyə bilmirdilər, hələ hörmət eləyirdilər. Amma batində İbrahimi görmək istəmirdilər. Bir gün böyük qardaş ortancıl qardaşa dedi:
– Qardaş, bu necə olan işdi ki, biz bəy, xan qızından olaq, atamız bizi istəməsin, o ləvəndin birini istəsin? Sən öləsən, atamız ki belə başlayıb, axırda öləndə də İbrahimi öz yerində padşah eləyəcək, biz qalacayıq qıraxdan baxa-baxa. Gərək buna bir əlac eləyək.
Ortancıl qardaş dedi:
– Qardaş, sən düz deyirsən, amma biz neyləyə bilərik. Gərək gözləyək atamız ölsün.
Böyük qardaş dedi:
– Qardaş, biz o vaxtı gözləyə bilmərik. Gərək vaxtkən başımıza çarə qılaq, çünki atamız ölən kimi İbrahim onun yerində padşah olacaq.
Onda heç nə eləyə bilmərik.
Ortancıl qardaş başını aşağı salıb, bir qədər fikirləşəndən sonra dedi:
– Qardaş, sənin fikrin nədi, de görüm nə tədbir tökürsən?
Böyük qardaş dedi:
– İbrahimi özümüznən şikara aparaq, orda öldürüb, paltarını da qana boyuyub, ağlaya-ağlaya qayıdaq atamızın yanına, deyək ki, İbrahimi pələng yedi.
Ortancıl qardaş dedi:
– Qardaş, bu yaxşı tədbirdi, amma atamız İbrahimi gözündən kənara qoymur.
Böyük qardaş dedi:
– Orası mənim işimdi, sənin nə borcuna qalıb.
Hər iki qardaş razılaşıb şərt qoydular.
O biri gün böyük qardaşı gedib vəzirin evinə, yalvardı ki, atama denən biz ova gedəcəyik. İbrahimə də icazə versin biznən getsin ova, qardaşımızdı, könlümüz istəyir. O özü də bir qədər şikar-zad elər, ürəyi açılar, qız-zad deyil ki, İbrahimi pərdədə saxlayır.
Vəzir razı olub söz verdi ki, düzəldər. Onun səhəri qayda üzrə padşah məclisdə oturmuşdu. Sağında, solunda vəzir, vəkil, İbrahimnən Hatəm də qarşısında söhbət eləyirdilər. Padşahın böyük oğlu üzünü atasına tutub dedi:
– Qibleyi-aləm sağ olsun, biz yaxında yeddi günün müddətinə ova çıxacağıq. Səndən xahiş edirik ki, İbrahimə də izn ver, biznən ova getsin, onun ürəyi də açılar, cavandı. Axı biz də qardaşıq, könlümüz istəyir ki, İbrahim bizi eyş-işrətimizdən kənarda qalmasın.
Padşah dedi:
– Oğlum, mən qoca kişiyəm, ürəyim darıxır. Qoyun İbrahim qalsın, mənlə söhbət eləsin, siz özünüz gedin.
Böyük qardaş çox təvəqqe eləyəndən sonra vəzir də onlara kömək çi olub, izn aldı. Amma Hatəm İbrahimə xəlvətcə dedi:
– Qardaş, indi ki sən gedər oldun, izn al, mən də sənnən gedim.
İbrahim Hatəmə də izn alıb, üç gün hazırlıq gördülər. Dördüncü gün səfərə çıxdılar. Üç gün yol gedəndən sonra düzəngahda çadır qurdular, çoxlu ov eləyib yedilər, axırda susadılar. Ora su, bura su, gördülər xeyir, su tapmaq mümkün deyil. Başladılar məsləhətləşməyə.
İbrahim dedi:
– Qardaşlar, heç buralarda su yeri bilirsinizmi? Siz buralara çox gəlib gedibsiniz, mən nabələdəm.
Böyük qardaş üzünü tutub İbrahimə cavab verdi:
– Qardaş, burdan üç saatlıq yol o yana mən bir quyu görmüşdüm, əgər qurumayıbsa, onda su var.
İbrahim dedi:
– Onda gedək bir az su gətirək.
Üç qardaş üçü də hazırlaşdılar getməyə. Hatəm dedi:
– Mən də gedəcəyəm.
Böyük qardaş cavab verdi:
– Yox, sən qonağımızsan, heç vaxt mən razı olmaram sən əziyyət çəkəsən.
Hatəm nə qədər elədi, razı olmalıdılar. Üç qardaş düşdülər yola.
Elə ki gəldilər quyunun başına, böyük qardaş üzünü tutub o birilərə dedi:
– Qardaşlar, məni sallayın quyuya, mən su verim, siz çəkin qabları doldurun, axırda da məni çəkərsiniz, gedərik.
Ortancıl qardaş cavab verdi:
– Qardaş, heç vaxt bu olmaz ki, mən dura-dura sən quyuya enəsən.
Sən məndən böyüksən, quyuya girmək mənim borcumdu.
İbrahim dedi:
– Qardaşlar, sizin ikimiz də səhvsiniz. Mən hamınızdan kiçiyəm, ona görə də quyuya girmək mənim borcumdu. Məni sallayın.
Onlar elə Allahdan istəyirdilər ki İbrahim ensin quyuya. Böyük qardaşnan ortancıl qardaş qabaqdan özləri öz aralarında elə sözləşmişdilər ki, mən belə deyəcəyəm, sən də belə deyərsən. İbrahimi sallarıq quyuya, su verər qabları doldurarıq, sonrası asandır. Onlar şad olub İbrahimin paltarlarını soyundurdular, əynində bircə köynəknən dizlik (Tuman) qaldı. Belinə ip bağlayıb salladılar quyuya. Bu quyunun da dərinliyi qırx ərşin idi. Elə ki, İbrahim suya çatdı, başladı tuluqları bir-bir doldurdu, bağladı ipə, qardaşları çəkdi. O qədər su verdi ki, qabların hamısı doldu. Ondan sonra ipi bağladı öz belinə dedi:
– Qardaşlar, di məni də çəkin gedək.
Qardaşlar İbrahimi çəkdilər. Elə ki İbrahim quyunun ağzına yaxınlaşdı, ipi xəncərnən kəsdilər. İbrahim guppultuynan gedib düşdü quyunun dibinə. Böyük qardaş başını quyuya salıb dedi:
– İbrahim, indi halın necədi? Elə əsil padşahlıq eləməli yer buradı.
Di burda nə qədər istəyirsən padşahlıq elə.
Ondan sonra qayıdıb gəldilər atlarının yanına. İbrahimin atının bir neçə yerdən yaralayıb, köynəyini də didik-didik eləyib, atın qanına bulaşdırıb üz qoydular düşərgəyə tərəf getməyə. Elə ki düşərgəyə yaxınlaşdılar, yalandan başladılar ağlamağa, biri deyirdi ay belimi sındıran qardaş, o biri deyirdi vay ürəyimin dirəyi qardaş! Bunların şivəninə Hatəmnən qulluqçular yüyürüşüb soruşdular, nə var, nə olub?
Böyük qardaş dedi:
– Nə olacaq, evimiz yıxıldı, İbrahimi pələng yedi.
Hatəm o saat bildi ki, burda bir kələk var. Soruşdu:
– Nə cür oldu, yedi? Bir nağıl eləyin görək.
Böyük qardaş dedi:
– Biz getmişdik quyudan su içməyə. İbrahimi qoymuşduq bir az aralıda, atları gözləyirdi. Birdən bir ceyran çıxdı, İbrahim atın mindi ki, ceyranı qovub tutsun. Mən nə qədər səslədim ki, getmə, baxmadı.
Başladı ceyranı qovmağa. Biz tez suyu çəkib atlara yüklədik, sonra getdik. İbrahimi tapmağa. Onda gördük, pələng qardaşımızı parçalayıb yeyib, atını da bu hala salıb. Bu da qanlı köynəyidi.
Bunu deyib başladılar yenə yalandan ağlamağa. O gecə sabaha kimi düşərgədə heç biri yatmayıb ağladılar, sıtqadılar. Səhər açılan kimi atlanıb ağlaya-ağlaya üz qoydular şəhərlərinə tərəf. Üç gündən sonra gəlib şəhərə çatdılar. Padşah elə ki bu xəbəri oğlundan eşitdi, İbrahimin qanlı köynəyini gördü, davam eləyə bilməyib ürəyi getdi.
Padşahı özünə gətirdilər, yenə ürəyi getdi. Axırı bir təhər özünə gəldi.
Amma padşah İbrahimin dərdinə davam eləyə bilməyib bir həftədən sonra ömrünü bağışladı sizə. Böyük oğlu oldu padşah, ortancıl oğlu da vəzir. İbrahimin anası da o gündən ürəkkeçmə naxoşluğuna düşmüşdü.
Amma Hatəm ona təsəlli verib dedi:
– Ana, vallah, sən qorxma, İbrahim ölməyib, bu kələkdi, özü də qardaşlarının kələyidi. Darıxma, harda olsa, tezliknən görərsən.
Xülasə, belə-belə o qədər danışdı ki, arvadı arxayın elədi.
Sizə kimdən xəbər verim, İbrahimdən. Elə ki, ipi qardaşları kəsdi, İbrahim düşdü quyuya, Allah tərəfi quyunun suyu çoxudu. İbrahim suya düşüb batdı, sonra da su onu qalxızdı. O saat özün itirməyib, bir daşdan yapışdı çıxıb sudan kənara, bir yerdə oturdu, qardaşı dediyi sözləri eşitdi.
O saat bildi ki, qardaşları ona tələ qurmuşlar. Ona görə də cavab vermədi.
Qardaşları da elə bildilər ki, İbrahim öldü, çıxıb getdilər. İbrahim quyuda qalmaqda olsun, sizə beş kəlmə xəbər verim Mələkəxatından.
Hər gün Mələkəxatın İbrahimin yolunu gözləyirdi, onun səbriaramı kəsilmişdi. Elə ki qoyduğu vaxt tamam oldu, yəqin elədi ki, İbrahimin başı əlində deyil. Bildi ki, İbrahimin təhəri olsa, yeddi yerdən zəncirləsələr də, bir saat dayanmazdı, gələrdi.
O saat əmr elədi, Gülüstani-İrəmdə nə qədər dev, pəri varıdı, hamısı hazırlandı. İbrahimnən qardaşlıq olan devləri də götürüb on günün tamamında özlərini yetirdilər İbrahimin atasının vilayətinə. Gecəynən şəhərin dörd ətrafına ətdən divar çəkdilər. Mələkəxatın əmr elədi ki, şəhərə girənə toxunmayın, amma şəhərdən qoymazsınız bir pişik də çölə çıxsın. Tezdən padşah əlinə qab almışdı, gördü, pah-pah, şəhərin dörd tərəfi meşə olub. Tez bir qasid göndərdi ki, gör bu necə əhvalatdı, bizim şəhərin ətrafında meşə ki, yoxdu? Qasid bir azdan sonra rəngi qaçmış, dodağı yarılmış qayıdıb xəbər gətirdi:
– Qibleyi-aləm, sən gördüyün meşə deyil. Bunlar hamısı devlərin buynuzudu. Özü də hamısı yeddibaşlı devdi. Başına çarə qıl, İbrahimi istəyirlər. Bir arvad padşahları var, deyir ki, bu saat padşah İbrahimi verir versin, vermir şəhəri tamam alt-üst etdirəcəyəm, daşı-daş üstə qoymayacağam.
Qorxusundan padşahın dodağı yarılıb başladı qan axmağa. Yerindən duran əhvalatı belə görüb, qaçdı divanxanaya. Az keçmədi bütün ayağı tutan yığıldı divanxananın qabağına. Hamı qorxudan başını itirmişdi. Bilmirdi nə eləsin. Bu zaman bir dev əlində namə gəlib padşaha dedi:
– Pərilər padşahı Mələkəxatın deyir ki, bu saat İbrahimi götürüb hüzuruma gəlsin, yoxsa şəhəri alt-üst etdirəcəyəm.
Padşah naməni oxuyub cavab verdi ki, axı İbrahim ölüb, mən hardan alım İbrahimi ki, ora da aparım.
Dev dedi:
– Mən bilmirəm, onda özün get cavab ver.
Padşahın əlacı kəsilib, vəzirini də götürüb, gəldi Mələkəxatının hüzuruna. Baş endirib, yeddi yerdə kərnuş eləyəndən sonra əhvalatı nağıl elədilər. Mələkəxatın dedi:
– İbrahim öləndə siz iki qardaşdan başqa orada tay kim varıdı?
Padşah baş endirib cavab verdi:
– İbrahimin öz qardaşlığı Hatəm də ordaydı. Mələkəxatın Hatəmin adını İbrahimdən eşitmişdi, bilirdi ki, Hatəm yalan danışmaz. O saat Hatəmin dalınca adam göndərdi. O biri tərəfdən də Hatəm İbrahimin anasıynan oturub ona təsəlli verirdi. Səs-küyü eşidib çölə çıxdı, gördü camaat o yan- bu yana qaçışır. Soruşdu ki, nə var? Əhvalatı nağıl elədilər. Hatəm Mələkəxatının gəlməsini eşidən kimi, şad olub tez içəri girib, İbrahimin anasını da işdən xəbərdar elədi. Hər ikisi şad oldu. Hatəm dedi:
– Ana, mən bir özümü Mələkəxatına yetirim, görək birtəhər eləyə bilərikmi.
Hatəm xudahafizləşib, evdən çıxdı. Yolnan gedirdi, qabağına həmin dalınca göndərilən adam çıxdı. İkisi də bərabər qayıtdılar Mələkəxatının qulluğuna. Hatəm baş endirib xidmətdə durdu. Mələkəxatın Hatəmi tanıyan kimi, hörmət eləyib oturtdu. Ondan sonra üzünü tutub Hatəmə dedi:
– Hatəm, cavab ver görüm, İbrahim ölən neçə gündü?
Hatəm cavab verdi:
– Qibleyi-aləm, öldüyünü yəqin bilmirəm, amma yox olduğu qırx gündü.
Mələkəxatın bu sözü Hatəmdən eşidən kimi üzü qızılgül kimi açıldı, sevindiyindən gözündən yaş axmağa başladı. Üzünü Hatəmə tutub tələsik soruşdu:
– Necə? İbrahimin ölümünü sən öz gözünnən görmədinmi?
Hatəm cavab verdi:
– Xeyr, qibleyi-aləm, hətta mən İbrahimin ölümünə inanmıram.
Ona nə əngəl olubsa, yanında duran bu padşahnan vəzirdən olubdu.
Bunlar onun böyük qardaşlarıdı. Bunlar ona paxıllıq eləyirdilər. Bütün əhvalatı başdan-ayağa kimi Mələkəxatına nağıl elədi. Mələkəxatın işi bilib, üzün tutdu İbrahimin qardaşlarına, dedi:
– Düzünü deyin görüm, İbrahimi neyləmisiniz?
Onlar cavab verdilər:
– Qibleyi-aləm, biz öz qardaşımıza nə eləyə bilərdik, İbrahimi pələng parçaladı öldürdü.
Mələkəxatın əmr elədi:
– Şişləri qızdırın!
Şişlər ocağa düzülüb qızaranda, padşah gördü yox, ta bu xına o xınadan deyil, əlacı kəsilib üzünü tutdu Mələkəxatına, dedi:
– Qibleyi-aləm, bir qələtdi eləmişik, izn ver düzünü deyim.
Mələkəxatın cavab verdi:
– Deyə bilərsən, izndi.
Padşah dedi:
– İbrahimi filan yerdə, bir quyu var, salmışıq ora. Tay ölüb qaldığını bilmirik.
Mələkəxatın bunu eşidən kimi, üzünü tutub bir fəriştəyə, dedi:
– Amandı, bu saat İbrahimin ölüsünü, ya dirisini səndən istəyirəm.
Fəriştə baş üstə deyib, göz yumub açınca, yox oldu. Bir neçə dəqiqədən sonra qayıdıb İbrahimi yerə qoydu. Mələkəxatın özünü İbrahimin üstünə salıb, əlini döşünə qoyanda gördü, hələ İbrahimin canı var. Səsləndi:
– Ay aman, həkim gətirin!
O saat həkim hazır elədilər. Həkim İbrahimə bir dava verdi, İbrahim başladı hərəkətə gəlməyə. Həkim dedi:
– Qibleyi-aləm, heç qorxma. İbrahimi sabah tezdən sappasağ sənə verəcəyəm.
Mələkəxatın İbrahimi tapşırdı ona. Ondan sonra fəriştələrə əmr elədi, padşahın da, vəzirin də boynunu cücə boynu kimi qopartdılar. Sonra cəlalnan köçüb daxil oldular şəhərə. Padşahın mənzilində qərar tutub, İbrahimin anasını gətirib əhvalatı ona da xəbər verdilər. Sonra əmr elədi məclis quruldu. İbrahimin anası, Hatəm, bir də Mələkəxatın o gecə sabaha kimi şadyanalıq elədilər, bütün fağır-füqəraya ehsan verdilər.
Şəhər əhli əhvalatı belə görüb şad oldular. Hər kəs arxayın öz evinə qayıdıb istirahət elədilər. Elə ki səhər açıldı, həkim İbrahimi geyindirib gətirdi Mələkəxatının hüzuruna. Təzədən hamısı öpüşübgörüşüb şad oldular. Həkimin də xələtini verib azad elədilər. Amma İbrahim elə arıqlamışdı ki, bir dəri, bir sümük qalmışdı. Bir yandan Mələkəxatın, bir yandan anası ondan elə muğayat oldular ki, həftə içərisində əmələ gəlib, əvvəlki halına düşdü.
Bir gün Mələkəxatın, Hatəm, bir də İbrahim oturub söhbət edirdilər.
Mələkəxatın dedi:
– İbrahim, bizim burda oturmağımıza dəyməz. Sən burda, mən də Gülüstani-İrəmdə qala bilmərik. Gətir qardaşının yerində bir padşah tik, biz ananı da götürüb gedək Gülüstani-İrəmə.
İbrahim də razı olub, dedilər ki, Hatəmi burda padşah qoyaq, Hatəm razı olmayıb dedi:
– Qibleyi-aləm, mənə padşahlıq lazım deyil, mənim başqa bir diləyim var.
Mələkəxatın dedi:
– Hər nə diləyin var, söylə.
– Qibleyi-aləm sağ olsun, o həkim ki məni İbrahimin üstə göndərib, atasının gözünün dərmanını deyib, o mənə tapşırmışdı ki, səni görəndə xahiş eləyim, onun bir kitabı itib, o kitabı tapasan.
Mələkəxatın əmr elədi, nə qədər fəriştə varıdı, cəm oldu. Üzünü onlara tutub dedi:
– Gərək hamınız bir-bir gəlib mənim qabağımdan keçəsiniz.
Fəriştələr başladılar bir-bir Mələkəxatının qabağından keçməyə.
Hamı keçib qurtarandan sonra Mələkəxatın soruşdu:
– Tay fəriştələrdən qalan yoxdu?
Dedilər:
– Qibleyi-aləm sağ olsun, filan yerdə bir topal fəriştə var.
Onu da gətirdilər. Gəlib Mələkəxatının qabağından keçəndə Mələkəxatın onu dayandırdı, dedi:
– Ver kitabı!
Fəriştə and içdi ki, kitab məndə yoxdu. Mələkəxatın dedi:
– Od yandırın, bu məlunu atın oda.
Fəriştə gördü iş xarabdı, dedi:
– Xanım, məni oda atmayın, kitabın yerini deyim.
– De, atmaram, ancaq and içəsən ki, bir də belə iş tutmaram.
Fəriştə and içib, dedi:
– Xanım, dəllək gəlsin, mənim bu kürəyimi yarsın, kitab orda ətnən dərinin arasındadı, çıxartsın.
Dəllək çağırdılar, gəldi fəriştənin kürəyinin ortasını yardı, kitabı çıxartdı. Kitabı verdilər Hatəmə. Hatəm İbrahimnən, Mələkəxatınnan vidalaşıb, düşdü yola həkimə tərəf. Hatəmi getməkdə qoyaq, görək Mələkəxatınnan İbrahim neylədilər.
Bir neçə gün İbrahimnən atasının vilayətində qalandan sonra vəziri orda padşah qoyub Mələkəxatın İbrahimi, anasını, bir də həmin İbrahimnən qardaşlıq olan üç devi də götürüb getdi Gülüstani-İrəmə.
Ömürlərinin axırına kimi, Gülüstani-İrəmdə xoşbəxtliknən yaşadılar. İndi görək Hatəm harda qaldı. Hatəm İbrahimdən ayrılıb günə bir mənzil teyyi-mənazil, bir neçə gündən sonra özünü yetirdi həmin həkim olan şəhərə. Gedib həkimin qapısını döydü. Həmin qul ki, öküzün yedəyini çəkirdi, gəlib qapını açdı. Hatəmi görən kimi tanıyıb dedi:
– Buyur!
Hatəm içəri girib, birbaş getdi həkimin yanına. Həkim Hatəmnən görüşüb əhval-pürsən olandan sonra soruşdu ki, kitabı gətirdinmi?
Hatəm dedi:
– Bəli, gətirdim.
Hatəm çıxarıb kitabı verdi, həkim sevinib dedi:
– Ey Hatəm, indi əvvala gərək mənim tutduğum işləri görəsən, ondan sonra sirrimi biləsən.
Həkim o saat səsləndi, qul hazır oldu. O dedi:
– Qul, ver kitabı!
Qul dinmədi.
– Qul, ver kitabı!
Bu dəfə də qul başını aşağı salıb dinmədi. Həkim bir də dedi:
– Qul, ver kitabı!
Qul yenə cavab vermədi. Üç dəfə tamam olub, cavab almayanda, həkim göydən qılıncı alıb qulun boynunu vurdu, baş düşdü yerə, ondan sonra başı götürüb qoydu yerinə, bir də dərman vurdu, qul oldu yenə anadan olma. Asqırıb qalxdı yerindən, həkim qula dedi:
– Sən azadsan, get öküzü gətir bura.
Qul baş üstə deyib, öküzü hazır elədi, həkim üzünü tutub öküzə dedi:
– Öküz, ver kitabı!
Cavab almadı.
Yenə dedi:
– Öküz, ver kitabı!
Öküz cavab vermədi. Həkim bir də dedi:
– Öküz, sənə deyirəm, ver kitabı!
Yenə cavab olmadı. Həkim gördü cavab olmadı, bunun da boynunu vurdu, başı bir tərəfə düşdü, leşi bir tərəfə. Ondan sonra həkim durdu ayağa, öküzün başını qoydu yerinə, bir dava sürtdü, öküz də oldu sap-sağlam, durdu ayağa, başladı mələməyə. Öküzü də azad eləyib, qula dedi:
– Get iti gətir bura.
Qul gedib iti gətirdi. Həkim üzünü itə tutub dedi:
– İt, ver kitabı!
İt dinmədi. Bir də dedi, it yenə dinmədi, üçüncü dəfə dedi. Gördü yenə cavab olmadı. İtin də boynunu o biriləri kimi vurdu, başı düşdü yerə. Ondan sonra yenə başı qoyub leşi üstə, dirildib, onu da göndərdi yerinə. Ondan sonra bir qaplan gətirtdi, dedi:
– Qaplan, ver kitabı!
Buna da üç dəfə dedi, cavab almayıb onun da başını vurdu. Qaplanın da başını qoydu yerinə, bir dava sürtdü, o da oldu həmənki qaplan.
Üzün tutub Hatəmə dedi:
– Gördün?
Hatəm dedi:
– Bəli, gördüm.
– Di, onda dur dalımca gəl.
Hatəm gördü bir pərdə asılıb, həmin qara it də bağlanıb burda.
Həkim gedib istədi pərdəni qalxızsın, həmin qara it də dartınıb az qaldı ki, zənciri qırıb həkimi tutsun. Həkim göydən bir şallaq alıb, iti o qədər vurdu ki, axırı it sakit oldu. Ondan sonra pərdəni qalxızıb gördü ki, bir şəxs yatıb, üzünə də bir örtük çəkilib. Həkim örtüyü götürdü.
Hatəm gördü vallah, burda bir qız yatıb, elə bil ki, on dörd gecəlik aydı. Xətti-xalı bənəfşə kimi Züleyxaya bərabərdi. Hatəm diqqətnən baxanda qız diksindi. Qız Mələkəxatına o qədər oxşayırdı ki, elə bil almaydı ortadan yarı bölmüşdülər. Həkim kitabı açdı, bir yerinə baxdı, tez yüyürüb bir dərman gətirib qızın burnuna tutan kimi, qız ayılıb qalxdı ayağa. O saat gülümsünüb dedi:
– Həkim, mən nə çox yatmışam.
Həkim dedi:
– Bəli, xanım, sən yeddi ildi ki, yatırsan.
Xanım təəccüb eləyib dedi:
– Mən elə bilirdim ki, ya iki gündü, ya üç gündü yatıram. Bu necə olan işdi?
– Xeyir, xanım sən düz yeddi ildir ki, yatırsan. İndi səkkizinci ilə ayaq basır. Səni mən dərmannan saxlayırdım.
Ondan sonra Hatəmə dedi:
– İndi gəl bəri, səni bu gördüklərin sirdən xəbərdar eləyim. Sən mənə belə yaxşılıq eləmisən ki, ölüncən sənə qulluq eləsəm, yenə əvəzi çıxmaz.
Həkim Hatəmi də götürüb, gəldi yenə həmənki otağa. Üzünü Hatəmə tutub dedi:
– Ey Hatəm, o gördüyün qız mənim ikinci arvadımdı. Gülüstaniİrəm padşahının qızı Mələkəxatının kiçik bacısıdı. O qara it də ki, gördün orda bağlanmışdı, o da mənim birinci arvadımdı. O öküz də şəyirdimdi.
Qul ki vardı, oda elə qulumdu. O ki qaldı qaplan, o da birinci arvadımın anasıdı, mənim qaynanamdı. Həmin gördüyün yatan qıza kitabı oğurlayan fəriştə aşiq olmuşdu. Mən həmişə o qız olan otağı qoruyurdum ki, fəriştədən ona azar toxunmasın. Hətta fəriştənin bir ayağını da mən topal eləmişəm. Ondan sonra ta o fəriştə qız olan otağa gələ bilmirdi. Qorxurdu ki, başına yenə bir iş gətirəm. Amma qaynanamnan birinci arvadım bu qızın gözəlliyinə paxıllıq eləyirdilər. Həmişə məni pusub fürsət axtarırdılar ki, ona bir zərər versinlər. Mən də onları gözdən qoymurdum. Günlərin bir günündə həmin qızı bir başağrısı tutdu. Nə qədər dərman verdim əlac olmadı. Bu kitaba baxıb gördüm ki, gərək onu yatırdım başının qapağını götürüb beyninə baxam. Qızı yatırtdım. Başının qapağını götürdüm, qapını da bağlamışdım ki, daldan bizi heç kəs görməsin. Çünki bizi görən olsaydı, qızı ayıltmaq çətin olardı. Nə isə, qızın beyninə baxanda gördüm, bir balaca göy gənə qızın qulağından girib, keçib gedib lap beynin pərdəsinə yapışıb. İstədim gənəni naqqaşnan qopardım. Şəyird məni qapının deşiyindən pusurmuş. Birdən qışqırdı:
– Ay aman, naqqaşı qızdır, ondan sonra gənəni qopart. Gənə pərdəyə yapışıb, əgər ağzı boşalmasa, pərdə yırtılar, qız ölər.
Mən bunu eşidəndə acığım tutub, qapını açdım ki, şəyirdə cəza verəm. Şəyird qaçdı o biri otağa. Mən hirsimdən bilməyib kitabı atmışam yerə. Şəyirdi tutub bir-iki vurdum, ürəyim soyudu; dedim gedim qızı ayıldım, sonra səni qovacağam. Gəlib naqqaşı qızdırdım, gənəyə tutdum, naqqaş isti olduğundan gənənin ağzı boşalıb öz-özünə qopdu.
Yenə qızın başının qapağını qoydum yerinə, bir dava verdim o saat ayıltmaq üçün tay kitab lazımdı, çünki bizi görmüşdülər. Əl atdım qoltuğumdan kitabı çıxardım, gördüm kitab yoxdu. O saat ağlıma gəldi ki, şəyirdin dalınca gedəndə hirslənib kitabı atdım, yenə tez o biri otağa qaçdım ki, kitabı gətirəm, gördüm kitab yoxdu. Ora kitab, bura kitab, kitab hardaydı, tapılmadı ki, tapılmadı. Evdə olanların hamısını yığıb kitabı istədim, and içdilər ki, xəbərimiz yoxdu. Gah yalvardım, gah xələt boyun oldum, gah qorxuzdum, yenə bir şey çıxmadı. Əlacım kəsilib and içdim ki, kitabı tapıncan sizi gündə on dəfə öldürəcəyəm.
Odu ki, bunların hərəsini bir yerə salıb, gündə kitabı istəyirəm, cavab olmur, öldürürəm, yenə dirildirəm.
İndi, ey Hatəm, həmişəlik ürək sıxıntısından qurtardım. Bu saat mən bunların hamısını əvvəlki surətə qaytararam. Mən elə bilirdim ki, kitabı bunlar götürüb. Mən hirsləndiyimdən özümü itirib fəriştəni görə bilməmişəm. O da fürsəti qənimət bilib kitabı aparıbmış.
Həkim öz sirrini nağıl eləyəndən sonra iti də, öküzü də, qaplanı da öz əvvəlki hallarına qaytarıb, öpüşüb barışdılar. Pərilər padşahının qızını da həkim gətirdi bura. Hamısı qucaqlaşıb ağlaşdılar, bir-birinnən əhdi-peyman elədilər ki, bir də bir-birinə paxıllıq etməsinlər. Hamısı şad olub, Hatəmə dua elədilər. Hatəm istədi gedə, həkim onu dayandırıb dedi:
– Ey Hatəm, ala sənə bir dərman verirəm, o sirri də biləndən sonar lazım olacaqdı.
Hatəm dərmanı alıb, həkimnən görüşüb, öpüşüb, düşdü yolun ağzına. Çəkib çırağın dabanın, qırıb yerin damarın, dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərsər kimi, acı biyanlıq, çox-çox qamışlıq, günə bir mənzil, teyyi-mənazil, gecəni gündüzə qatıb, gündüzü gecəyə, bir neçə gündən sonra gəlib çıxdı həmin qırx yolun ayrıcına.
Özünü saldı içəri. O saat qullar, kənizlər bunu əyləşdirdilər. Çörəkdən–zaddan gətirdilər, yeyib bir balaca hala gəldi. Ondan sonra baş kənizi istəyib dedi:
– Get ağana deynən ki, Hatəm gəlib, izn verərsə gəlim, qoyduğumuz şərti yerinə yetirim.
Kəniz baş üstə deyib getdi. Bir neçə dəqiqədən sonra qayıdıb dedi:
– Ağam deyir buyursun.
Kəniz düşdü qabağa, Hatəm də onun dalıncan, gəldilər həmin otağa ki, bu ehsan sahibi də orada otururdu. Kəniz qabaqkı kimi Hatəmi içəri salıb qayıtdı geri, öz işinin dalıncan. Hatəm irəli yeriyib salam verdi. Cavab alandan sonra pərdənin dalından səs gəldi:
– Ey Hatəm, söylə görüm həkimin sirrini bildinmi, yoxsa əliboş gəlmisən? Niyə gec gəldin?
Hatəm cavab verdi:
– Xeyr, əliboş gəlməmişəm, həkimin sirrini öyrənmişəm.
– Heylə isə de şərtini yerinə yetirək, mənim də sirrimi öyrənəcəksən.
Hatəm şad olub bütün başına gələn işləri, gördüklərini, etdiklərini, başdan-ayağa qədər mən sizə nağıl eləyən kimi, bir-bir nağıl elədi. O tərəfdən, pərdənin dalından səs gəldi.
– Ey Hatəm, indi qulaq as, mən öz sirrimi söyləyim. Bir köçəri qızıydım. Atam-anam çox dindar, Allahdan qorxan, qəribləri dost tutan adamlar idilər. Bir gün bizim obamıza bir dərviş gəlib çıxdı. Başladı qəsidə oxumağa. Anam gətirib buna pay verəndə dərviş dedi:
– Bacı, yorğunam, Allah eşqinə məni bu gün qonaq elə.
Anam dedi:
– Baba dərviş, Allaha da qurban olum, qonağına da, buyur əyləş, gözümüz üstə yerin var.
Dərviş gəlib əyləşdi, mən də on altı-on yeddi yaşında bir qızıdım.
Gördüm elə bu dərviş mənə baxır. Mən məhəl qoymadım. Bir azdan sonra atam da işdən qayıtdı, dərvişi evdə görüb şad oldu. Xoş-beş eləyib çörəkdən-zaddan hazırladıq. Allah verəndən yedilər, içdilər, sonar atam dedi:
– Baba dərviş, indi buyur görək hardan gəlib, hara gedirsən? Bir qədər söhbət elə, qulaq asaq.
Dərviş cavab verdi:
– Elin dağa çıxan vaxtıdır, dedim çıxım elin içinə bir az yağdan, pendirdən, yundan-zaddan yığım. İndi gəlib çıxmışam sizin obaya.
Niyyətim var, bir neçə gün burada qalam, sonra gedəm başqa obaya.
Atam dedi:
– Çox yaxşı olar, ancaq baba dərviş, nə qədər ki, bu obadasan, gündüz gedib qismətini yığarsan, axşam olanda yenə gələrsən bura.
Bax, utanıb eləmə, lap öz evindi. Borcumuzdu əlimizdən gələn qədər sənə qulluq eləyək.
Dərviş razılıq eləyib, qalxdı obanı gəzməyə. Axşamçağı yığdığı qismətini də götürüb gəlirdi bizə. O, gecəni yatırdı, səhər açılanda çörəyini-zadını yeyib, yenə çıxırdı obaya. Beləliklə, qırx gün bizdə qalıb, tay oldu ev adamının biri.
Bir gün də atamdan məni istədi. Atam da anamnan məsləhətləşəndən sonra məni dərvişə ərə verdilər. Dərviş də biznən köçüb getdi yaylağa. Qəzadan yaylaqda atamnan anam ömrünü bağışladı Allaha, qaldıq dərvişnən mən. Bunu da deyim ki, o gündən ki, məni dərvişə vermişdilər, o mənə bir arvad kimi baxmırdı elə qızıdım. Amma zahirdə mənnən çox mehribandı. Mən utandığımdan dərdimi ata-anama da deyə bilmədim. Ata-anam da öldü, ta bir kəsim qalmadı. Ata-anamın da elə sən deyən artıq dövləti yoxudu, elə bir təhər özlərini girləyirdilər.
Dərvişnən məsləhətləşib atdan-ulaqdan nə vardısa hamısını satıb, ata-anama ehsan verdim. Az-çox qalanını da götürüb düşdük yola. Bilmirdim hara gedirik, dərvişdən də soruşmurdum. Dərvişin meyli mənə əvvəlki kimiydi. Heç dəyişməmişdi. Mən də öz ürəyimdə fikir eləyirdim ki, bəlkə dərviş məni aparıb öz yerində arvad eləmək istəyir, qoy bir az da gözləyim.
Beləcə on gün yol gedəndən sonra, gəlib çıxdıq həmin bu qırx yolun ayrıcına. Dərviş başladı burada bina tikdirməyə, bir dənə də erkək meymun küçüyü aldı. Elə ki, bina başa gəldi, yığışdıq içinə. Bir otaq mənə verib, bir otaqda da özü oturdu. Tay mənə görükmürdü də, elə o meymunu bəsləyirdi. Tainki bu meymun böyüdü, kökəldi. Bir gün dərviş mənim yanıma gəlib dedi:
– Xanım, gərək bu meymunnan başbir olasan.
Mən razı olmadım, məni başladı hədələməyə, döyməyə. Mən ağladım, olmadı, dərviş dedi:
– Gərək bu meymunnan başbir olasan.
Mən gördüm ki, dərviş mənnən əl götürməyəcək. Fikir elədim ki, qabağıma nə gəlsə, Allaha pənah eləyib, qaçacağam. Dərviş mənim hərəkətimdən fikrimi anlayıb, əl ayağımdan çarmıxa gərib, meymunla məni görüşdürdü, dedi:
– Mən deyirdim xoşnan olsun. İndi ki, razı olmursan, mən də belə elərəm.
Meymunu mənim yanıma salıb dedi:
– Xanım, sən öz ərinin dediyinə qulaq asmadın, amma mən yenə səni bağışlayıram, çünki sən bilmirsən ki, bu iş belə olmasa, sən mənim arvadım ola bilməzdin. Burda tilsim var. İndi bundan sonra sən mənim arvadımsan. Ancaq bir az mənə möhlət ver.
– Belə-belə mənə təsəlli verirdi. Amma mən elə ağlayırdım. Dərviş məni inandırmaq üçün həmin meymunu da vurdu gözümün qabağında öldürdü. Amma mənim tay bu dərvişdən zəhləm gedirdi, görməyə gözüm yoxudu. O da məndən göz götürmürdü, məni qoruyurdu. Özümə də söznən təsəlli verirdi. Tay mənə əl vurmurdu. Bir müddət elə belə keçdi.
Bir gün gördüm həmliyəm. Dərviş bunu biləndən sonra mənə lap mehribanlıq eləyirdi. Gündə bir neçə dəfə yanıma gəlib, əhvalımı soruşurdu. Deyirdi tay qorxma, bizim vaxtımıza az qalıb. Qırx gündən sonra tilsim tamam sınacaq, sonra biz ər-arvad olacağıq.
Mən ağlayıb göz yaşı tökməkdən başqa cavab vermirdim. O da çıxıb gedirdi, ancaq məni gözdən qoymurdu. Nə isə, vaxt tamam oldu, mən bari-həmlimi yerə qoydum, bir oğlum oldu. Mən oğlumu mayalamaq istəmirdim. Dərviş yalvarıb yapışıb dedi:
– Bu uşağın günahına batma, bunun təqsiri nədi, mayala, ölməsin.
Mən əvvəlcə mayalamaq istəmirdim, sonra Allahdan qorxub uşağı mayaladım. Yavaş-yavaş uşağa isindim. Elə ki, qırx gün tamam oldu, dərviş uşağı məndən alıb, aparıb başladı özü saxlamağa. Mən nə qədər yalvardım ki, uşağı ver özüm saxlayım, acıqlanıb, özümü də qovdu. Tay dərviş heç məni dindirmirdi də. Aylarnan bir-birimizin üzünü də görmürdük. Elə onun peşəsi uşağı bəsləmək olmuşdu, mənim peşəm də ağlamaq. Uşaq yeriyən yüyürən oldu, elə kökəlmişdi tay dərisinə sığmırdı.
Bir gün dərviş bir qızıl ləyən gətirdi, bu uşağın əl-ayağını bağlayıb, gözümün qabağında başını kəsdi. Mən nə qədər ağladım, yalvardım baxmadı. Ondan sonra uşağın dərisini soyub, ətini qovurdu. Nə qədər yağı varıdı çıxartdı, bir qaba doldurub, qoydu sandığına, ağzını da bağladı. Həmin bu gördüyün aşxananı açıb, başladı yolnan gedibgələnə xörək verməyə. Hər kimin xörəyinə o uşağın yağından bir damcı tökürdü, xörəyi yeyən kimi adam dönüb olurdu ləl, qızıl. Beləbelə yeddi il bu yoldan gəlib-gedən nə qədər adam oldusa hamısını qızıl eləyib yığdı anbarlara. Axırda uşağın yağı tamam qurtarıb siyrintisi qaldı. Dərviş plov hazırladı. Yeddi il idi bir kəlmə danışmamışdı, gəldi mənim yanıma, dedi:
– Xanım, indi gəl barışaq. Dur gedək bir yerdə xörək yeyək, ondan sonra bu dövləti də ömrümüz uzunu xərcləyib yeyək.
Mən o saat bildim ki, uşağın qalan bulaşıq yağından mənə vurub, məni də qızıl eləmək istəyir.
Başladım fikir eləməyə. Dərviş dedi:
– Xanım, qorxma səni qızıl eləmərəm. Əgər heylə fikir olsa, bu yeddi ildə edərdim.
Mən o gündən onun əli dəyən şeyi yeməzdim. Hər şeyimi özüm hazırlayıb, özüm yeyərdim. Dərviş də bunu bilirdi. Amma özünü bilməməzliyə qoyurdu. Fikirləşib gördüm getməkdən başqa əlac yoxdur.
Naəlac qalıb getdim. Gördüm dərviş ikimizə də bir qabda xörək qoyub. Bildim ki, məni şəkləndirməmək üçün belə eləyib, yağı xörəyin mənim tərəfimdə olan qaba töküb.
Dərviş çörək-zad gətirməyə gedəndə mən fürsət tapıb qabı hərlədim, dərviş tərəfi mənim qabağıma düşdü, mənim tərəfim isə dərvişin qabağıma düşdü. Başladıq yeməyə. Elə bir şapalaq, iki şapalaq xörəkdən götürmüşdük, dərvişə əsər elədi. Bildi ki, qabı çevirmişəm, durdu ayağa. Mən yönəldim ki, qaçam. Yağlı əlini çırpdı üstümə. Yağ mənim bir tərəfimə dəydi. O saat dərviş ləl, qızıl oldu. Mənim də harama ki yağ dəymişdi – oram qızıl oldu. İndi ey Hatəm, bir tərəfim tamam qızıldı. Həkim sənə davanı ki, verib, gəl ondan çək mənim qızıl olan yerimə.
O saat Hatəm ayağa qalxıb keçdi pərdənin dalına, gördü vallah bu elə gözəldi misli yoxdu. Amma bir tərəfi tamam qızıldı. Davadan qızın əndamına çəkən kimi qız oldu anadan doğma sappasağ, qalxdı ayağa.
Qız dedi:
– Dərvişin adamlardan elədiyi qızıldan yeddi ildi ki, ehsan verirəm.
Min il də versəm, yenə qurtarmaz.
Hatəm dedi:
– Dərvişi nə elədin?
Qız cavab verdi:
– O məlunu lap əvvəlcə əritdirib qab-qaşıq qayırtdırdım.
Ondan sonra Hatəmnən molla qız endi anbarlara, gördü nə, anbarlar doludu qızıl olmuş adamnan. Hatəm bir tərəfdən, qız da bir tərəfdən başladılar həkim verən bu davadan qızıllara vurmağa. Hər kimə bircə damcı vururdular, o saat asqırıb yuxudan ayılırdı. Bunlara dua oxuya-oxuya düşürdülər yola. Axşama kimi bir dənə də qızıl qalmadı.
Hamısın adam eləyib azad elədilər. Yerdə qalan tör-töküntünü, imarəti də bağışladılar orda işləyən qullara, kənizlərə.
Ondan sonra Hatəm molla gətirib, həmin arvadın kəbinini kəsdirdi özünə. Sonra onu da götürüb, bir cüt at alıb mindilər düşdülər yola.
Günə bir mənzil, teyyi-mənazil, gecəni-gündüzə, gündüzü gecəyə vurub, gəlib çıxdılar məmləkətlərinə. Şad ürəynən gün keçirib ömür sürdülər.
Onlar yeyib, içib yerə keçdilər. Siz də dövrə keçin.
Bütün hüquqları qorunur.
Nağıllar
Nağıl — şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və ən çox yayılmış janrı. Nağılların müəllifi olmur. Yazıldığı tarix məlum deyil.
«Dana, keçi və qoyun» nağılı
20/04/2022 Nağıllar Комментарии к записи «Dana, keçi və qoyun» nağılı отключены
Biri vardı, biri yoxdu. Bir dana, bir keçi, bir qoyun yoldaş olub yolnan gedirdilər. Gəldilər çıxdılar bir arxın qırağına, gördülər bırda bir əyri söyüd ağacı var. Keçi dırmaşdı söydün lap başında durdu. Qoyun da gücün-gücün çıxıb bir qanatda durdu. Dana da bir qanadın üsdə özün sərdi. Bu dəkkədə bir canavar …
«Xırdabuynuz və döğma evi» nağılı
23/09/2021 Nağıllar Комментарии к записи «Xırdabuynuz və döğma evi» nağılı отключены
Kiçik bir evdə bir böcək yaşayırdı və adı Xırdabuynuz idi. Bu evi çox gözəl adlandırmaq olmazdı, çünki çatlamış köhnə kötük idi. Ancaq o qədər doğma, rahat, hər tərəfində yumşaq yosun vardı. Xırdabuynuz valideynlərinin xeyirxah və itaətkar bir oğlu idi və heç vaxt evdən uzaqa gedməmişdi. Amma o gün belə olmadı. …
«Balaca dovşan və Yaz» nağılı
22/09/2021 Nağıllar Комментарии к записи «Balaca dovşan və Yaz» nağılı отключены
Balaca dovşan Mişmiş yayı çox sevirdi və anası ona yayın tezliklə qaçacağını, soyuq olacağını və yağış yağacağını deyəndə əsəbləşdi və dadlı bir kələm tortu yeməyə belə getmədi. — Yox! Yox və yox! — dedi dovşan anama. «Yayın bir yerə qaçmasını istəmirəm. Qoy bizimlə qalsın. Yay isti, yaşıl ot, günəşli bir …
GÜNƏŞİN NAĞILI
18/11/2020 Nağıllar Комментарии к записи GÜNƏŞİN NAĞILI отключены
Biri varmış, biri yoxmuş. Bir dəfə Günəş bərk yoruldu. Daha yataqdan qalxmaq istəmədi. Dünyaya qaranlıq çökdü. Yerin sakinləri — adamlar, heyvanlar, quşlar bir yerə yığışıb məsləhətləşdilər. Çox götür-qoydan sonra Günəşin yanına qasid göndərməyi qərara aldılar. Dedilər: — Qoy gedib Günəşə yalvarsın, bəlkə onun sözünə baxıb yataqdan qalxdı. Günəşin evi sıx …
«Tülkü, tülkü, tünbəki» nağılı
Biri var idi, biri yox idi, bir tülkü var idi. Günlərin birində tülkü baba quyruğunu belinə qoyub çöldə gəzirdi ki, quşdan, cəmdəkdən bir şey tapıb yesin. Çox gəzdi, çox dolandı, axırda gəlib çıxdı bir quyunun başına. Boynunu uzadıb əyildi, quyuya baxdı. Gördü quyunun dibində bir parça ağappaq quyruq var. Tülkü …
ÇİRKİN ÖRDƏK BALASI
28/04/2020 Nağıllar Комментарии к записи ÇİRKİN ÖRDƏK BALASI отключены
Şəhərkənarı çox gözəldi! Yay günləri olduğundan çöllərdə çovdar qızarmış, yulaf yaşıllaşmış, otlar biçilib, yığılıb, taya vurulmuşdu. Uzunqıç Leylək yaşıl çəmənlərdə gəzişir, misir dili ilə söylənirdi. О bu dili anasından öyrənmişdi. Göl və çəmənliklərdən о yana meşələr uzanırdı. Burada dərin göllər də vardı. Şəhərkənarı, doğrudan da, çox gözəldi. Bir tərəfi güney, …
QAR KRALİÇASI
28/04/2020 Nağıllar Комментарии к записи QAR KRALİÇASI отключены
BİRİNCİ НЕКАҮӘ Нә, başlayaq! Hekayəmizin axırına çatanda indi bildiyimizdən çox-çox artıq əhvalat biləcəyik. Demək, belə, biri vardı, biri yoxdu, bir div vardı, lap xalis şeytan! Əhvalıının xoş çağında o, elə bir güzgü düzəltdi ki, orda xeyirxah əməl, gözəllik kiçilib az qala yox olur, pis işlər, eybəcərlik isə şişib böyüyür, daha …
Vəhşi Qu Quşları
28/04/2020 Nağıllar Комментарии к записи Vəhşi Qu Quşları отключены
Çox qədim zamanlarda uzaq bir ölkədə qoca kral yaşayırdı. Bu həmin ölkələrdən idi ki, payızda quşlar bizdən ayrılıb ora uçurlar.
«Yarasa» nağılı
Biri var idi, biri yox idi, bir qoca var idi. Bu qocanın adına Maһir Baba deyərdilər. Maһir baba Xalxal meşəsində gözətçilik edərdi. Maһir babanın Düyməgöz adlı oğlan nəvəsi var idi. Bu adı nəvəyə baba özü qoymuşdu. Düyməgözü Maһir baba çox istəyirdi. Odur ki, onu özü ilə tez-tez gözətçi olduğu meşəyə …
«Tənbəl Əhmədin» nağılı
18/09/2019 Nağıllar Комментарии к записи «Tənbəl Əhmədin» nağılı отключены
Keçmiş zamanlarda bir padşah vardı. Bu padşahın arvadı və Çimnaz adlı bir qızı vardı. Bir gün söhbət əsnasında padşahla arvadı mübahisəyə başladılar ki, evi arvad saxlar, yoxsa kişi. Padşah dedi: — Evi kişi saxlar! Arvad razılaşmadı: — Yox, evi arvad saxlar! Söhbətin bu yerində padşah Çimnazı çağırıb soruşdu ki, evi …
Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu
Great Azerbaijani poet of XII century Nizami Ganjavi have been widely used folk literature in his works, derived advantage from a lot of folklore genre. In this paper, it will be given general information about the Nizami Ganjavis poem of “Treasury of Mysteries” and idioms and sayings that are used in the work will be reviewed.
НАИЛЯ АСКЕР
ИДИОМЫ И ПОГОВОРКИ В ПОЭМЕ НИЗАМИ ГЯНДЖЕВИ «СОКРОВИЩНИЦА ТАЙН»
Великий азербайджанский поэт XII века Низами Гянджеви широко использовал многие фольклорные жанры и мотивы народной литературы в своих произведениях. В этой статье дана общая информация о идиомах и поговорках в поэме Низами Гянджеви “Сокровищница тайн”.
Ramiz ƏLƏKBƏROV
AMEA Folklor İnstitutunun
kiçik elmi işçisi
“XEYİR VƏ ŞƏR” HEKAYƏSİNDƏ FOLKLOR MOTİVLƏRİ
Şifahi ədəbiyyatın yazılı ədəbiyyatdan əvvəl yaranması səbəbindən dünya ədəbiyyatı fonunda həm klassiklərin, həm də müasirlərin yazıb-yaratdıqları əsərlərin əksəriyyətində folklordan ya dolayısı ilə bəhrələnmənin, ya da birbaşa istifadənin şahidi oluruq. Folklor ilkin və əbədi yaddaş olduğuna görə, təkcə ədəbiyyatda yox, başqa yaradıcılıq sahələrində də stimulverici və aparıcı rol oynayır. Öz ifadəsini əvvəlcə folklorda tapan milli və bəşəri dəyərlər bütün böyük sənətkarların yaradıcılıq yoluna işıq salmış, onları istiqamətləndirmişdir. Şifahi ədəbiyyatdan bəhrələnmə, təsirlənmə bütün dövrlər üçün ənənədir və bu ənənədən yan keçmək mümkünsüzdür.
Xalqın mifologiyası, inam və etiqadı, adət-ənənəsi ilə bağlı motivlər, insani dəyərlərin ifadəsi dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaratdığı bütün əsərlərdə özünü qabarıq şəkildə göstərir. Xalq təfəkküründə, əksər folklor örnəklərində ideya-məzmun xüsusiyyəti kəsb edən xeyirlə şərin mübarizəsi, insan arzusunun ifadəsi olaraq, ədalət naminə haqqın qələbə çalması N.Gəncəvinin əsərlərində aparıcı xətt kimi görünür.
Həm şifahi, həm də yazılı ədəbiyyatda əzəli-əbədi mövzu statusu qazanmış xeyirlə şərin mübarizəsi mövzusu N.Gəncəviyə qədər olan dövrdə və ondan sonrakı dövrdə əksər qələm sahiblərinin müxtəlif ədəbi üsullarla müraciət etdikləri mövzudur.
N.Gəncəvi yaradıcılığında folklorla bağlı süjetlər və məqamlar barədə tədqiqatçı alimlərdən M.Əlizadə, H.Araslı, M.Ələkbərov, Ə.Axundov, R.Azadə, S.P.Pirsultanlı, T.Xalisbəyli, S.Rzasoy və başqaları elm tarixinə öz dəyərli töhfələrini vermişlər. Ənənəvi bəhrələnmə və ifadə tərzi şairin “Xəmsə”yə daxil olan birinci əsəri “Sirlər xəzinəsi”ndə özünü göstərir və sonra yazılmış poemalarda bu xəttin daha təkmil və mükəmməl şəkildə davamının şahidi oluruq. Poemada yazılı ədəbiyyatda alleqoriya adı ilə tanıdığımız ədəbi üsuldan istifadə olunmuşdur. Görkəmli folklor tədqiqatçısı M.H.Təhmasibin qeyd etdiyi kimi, nağıl janrının ən qədim növü heyvanlardan danışan nağıllardır. Alimin fikrincə, bu cür nağıllar daha sonralar alleqorik nağılların və təmsillərin yaranmasında çox əhəmiyyətli rol oynamışdır. “Sirlər xəzinəsi” əsərinə forma və məzmun baxımından nəzər saldıqda sırf folklor nümunələri təsiri bağışlayır.
“Xosrov və Şirin” poemasında şairin yaşadığı dövrə qədər mövcud olan, əsərlə oxşar məzmunlu, müxtəlif variantlı xalq əfsanə və rəvayətlərinə istinad edilmişdir. “Fərhad və Şirin nağılı”, “Şahzadə Süleyman” nağılı bu qəbildəndir. Bu ardıcıllıq istinad nöqtəsi kimi şairin digər əsərlərində də davam etdirilir.
Konkret məqsədimiz dahi şairin “Yeddi gözəl” poemasında bütün dövrlər üçün aktual səslənən bir mövzuda işlənmiş “Xeyir və Şər” adlı hekayə üzərində dayanmaq və hekayədə folklorla daxili bağlılıq təşkil edən bəzi elementləri diqqətə çatdırmaqdır.
Şairin nağıla verdiyi ad əsərin ideyasını birbaşa diqtə edir ki, bu da ədəbi üsullardan biridir. Hər hansı bədii əsərdə təsvir olunan hadisələr və ya epizodlar həyatidir. Həyati olanlar reallıqdır. Xeyir və Şər həyatda əks qütblər olduğu kimi, əsərdə də əks qütblərdə dayanırlar:
Gəncin biri Xeyir, o biri Şərdi,
Onlar adları tək işlər görərdi.
Qəhrəmanların adı şərti olaraq onların daxili aləmlərini, mənəvi dünyasını təcəssüm etdirəcək şəkildə seçilmişdir və bu adlar onların əməllərini şərtləndirir. Xeyir yola nabələddir – Şər yola bələddir, Xeyir səxavətlidir – Şər tamahkardır, Xeyir inanandır – Şər hiyləgərdir, Xeyir yaxşılığı sevir – Şər pisliyi və s.
Əsərin məzmun və janr xüsusiyyətindən əlavə folklor motivləri ilə səsləşən, bağlılıq təşkil edən bir neçə anlayışın, obrazın işləndiyi bəzi misralara diqqət yetirək:
“Yol getmək”, “yeddi gün” və “su” anlayışları:
Yedi gün getdilər qızğın çöl boyu,
Qurtardı zavallı Xeyirin suyu.
Sudan yoldaşına vermədi xəbər,
Bir kəlmə dinmədi, danışmadı Şər.
Şər dedi o gövhər ikicə gözdür,
Bu ondan, o bundan daha əzizdir.
Gözünü satmasan bunu yaxşı bil,
Bu sudan içməyin heç mümkün deyil.
“Yarpaq” anlayışı:
Dedi ki, “O yüksək ağacdan varın,
Gedin tez bir neçə yarpaq qoparın.
Suyu çıxanadək əzin yarpağı,
Sürtün yarasına sözümün sağı,
Bu əlac olunsa, xəstənin yenə,
Fər gələr, nur gələr kor gözlərinə.
Yaman olursa da əgər göz dağı,
Şəfadır dediyim ağac yarpağı.
“Xilaskar” anlayışı:
Yolun kənarında bir çeşmə vardı,
Soyuqdu el suyu ordan alardı.
Qız o şirin sudan gəlib doldurdu,
Sonra evlərinə getməyə durdu.
Birdən qulağına gəldi uzaqdan,
Yaralı xəstədən qopan ah-fəğan.
Eşidib o yana qız tez yüyürdü,
Gəlib qan içində bir gənci gördü.
Hər şeydən əvvəl hekayətin süjet xətti, təhkiyə tərzi xalq nağılları, əfsanə və rəvayətləri ilə üzvi vəhdət, daxili bağlılıq təşkil edir. Əsərdə yol, su və göz obrazları ilk baxışda şərti anlayışlar təsiri bağışlasa da, əsas obrazların daxili aləminin açılması, ideyanın oxucuya çatdırılması baxımından özül rolunu oynayır. Qəhrəmanların yol getməsi, yolda bir-birinə rast olması, yolda hər hansı obyekt və hadisəylə rastlaşması, yola tədarük görülməsi, səfərə çıxma və qayıdış, üç yol ayrıcına çatmaq və sair bir çox süjetli folklor nümunələrinin dramatizmini təmin edənə amillərdəndir və bir az dolayısıyla ömrün əslində yol, insanın yolçu olmasını, ömür yolunun hamar olmadığını, keşməkeşlərin, nəticə çıxarmağa vadar edən çətinliklərin labüdlüyünü diqtə edən fəlsəfi izahdır. Su həyat nişanəsidir, bəkarət mücəssəməsidir, suda ilahi bir təmizlik var. Gözdə ilahi nur var. Göz həyati əhəmiyyətindən başqa insan dərdinin və kədərinin tərcümanıdır. Təsadüfi deyil ki, folklorda hər üç anlayış haqqında kifayət qədər deyimlərə və yaxud söyləmələrə rast gəlirik. Əsərdə əsas surətlərin xarakterinin açılmasında mayasında folklor ruhu olan bu üç epizodik obraz mühüm rol oynayır.
“Xeyir və Şər” hekayətində digər folklor nümunələri ilə səsləşən obrazlardan biri yarpaq obrazıdır. Xeyirin gözləri səndəl ağacının yarpağından hazırlanmış məlhəmin köməyi ilə sağalır – mücərrəd vasitələrlə yox, məhz təbiət elementi ilə. Bu təsviri biz “Hatəmin nağılı” adlı nağılda, “Məlik Dücar” adlı nağılda, “Kitabi-Dədə Qorqud” dastanlarında müşahidə edirik. “Hatəmin nağılı”nda İbrahimin atasının gözləri, “Məlik Dücarın nağılı”nda Məlik Dücarın gözləri, “Kitabi-Dədə Qorqud” dastanlarında Buğacın yarası yarpaqlardan və yaxud dağ çiçəklərindən hazırlanmış məlhəmlə – yəni təbii vasitələrin köməyi ilə sağalır. Zaman və məkan fərqindən asılı olmayaraq, bu təsvirlər xalq inam və etiqadına, xalq hikmətinə – folklora söykənir. “Koroğlu” dastanında da Alı kişinin gözlərini ənənəvi olaraq Qoşabulağın suyu, yəni təbii vasitə sağaltmalı idi.
Əsərdə folklor elementlərini özündə əks etdirən çalarlardan biri “yeddi gün” ifadəsidir. Xeyirlə Şər susuz çöldə yeddi gün yol getməli olurlar. Yeddi rəqəmi xalqımızın mifik təfəkküründə uğurlu rəqəm statusu qazanmış, bir çox şifahi ədəbiyyat nümunələrində müxtəlif çalarlarda işlənmişdir. “Yeddi oğul, bir qız” ifadəsi, “yeddi gün, yeddi gecə toy eləmək” ifadəsi, “yeddi ağac yol getmək”, “yeddi qardaş dağı” ifadələri və sair bu qəbildəndir.
Bir çox nağıllarda ənənəvi olaraq əsərin qəhrəmanı dara, çətinliyə düşəndə onlara kömək edən xilaskar obrazlar təsvir olunur. Bu obrazlar bəzən nurani qoca, xeyirxah insan, bəzən göyərçin və yaxud başqa canlılar şəklində təqdim olunur. Məsələn, “Məlikməmməd” nağılında xilaskar rolunu Zümrüd quşu oynayır. “Məlik Dücar” nağılında xilaskar rolunu göyərçinlər oynayır. “Xeyir və Şər” bu cəhətdən də xalq nağılları ilə səsləşir. Belə ki burada xilaskar rolunu kürd qızı – xeyirxah insan obrazı oynayır. Və başqa nağıllarda olduğu kimi burada da xilaskar obrazının rast gəlməsi – peyda olması təsadüflə bağlı olur.
Əsərdə folklorun tərkib hissəsi olan milli-etik dəyərləri məzmununda ifadə edən parçalar da diqqət çəkəndir. Yaxşılığa qiymət vermək, çörəyə hörmət, mənəvi borc hissi Xeyirin diliylə aşağıdakı parçada öz ifadəsini tapır:
Süfrəndən bu çörək yediyim qədər,
Sənə şükr eyləyə bilsəydim əgər,
Haqqını verməyə yaradan tarı,
Mənə kömək əli verəydi barı.
Ayrılıq gəlsə də çox ağır mənə
İcazə ver, artıq, gedim vətənə.
Aman istəyəni bağışlamaq, haqq öz yerini tutduqdan sonra insanlıq naminə günahkarın günahını əfv etmək milli dəyərlər sistemində mərdlik, xeyirxahlıq, ləyaqət hissi kimi həmişə təqdir olunmuşdur. Şər aman istədikdə, Xeyir adına uyğun hərəkəti ilə insanlıq fövqünə yüksəlir:
Nələr bacarırsan, mənə durma et,
Et ancaq özünə, adına nisbət.
Xeyir bu nöqtəni eyləyincə yad,
Tez onu ölümdən eylədi azad.
“Xeyir və Şər” hekayəsinin digər xalq nağılları ilə səsləşməsi onların süjet xəttində olan oxşarlıqda və yaxud paralellikdə özünü göstərir. “Məlik Dücarın nağılı”nda padşah Məlik Dücarı öldürmək üçün ov bəhanəsi ilə susuz səhraya aparır. Məlik Dücar susuzluqdan əzab çəkir. Padşah ətrafda olan yeganə bulağı bir qarıya tapşırır və su istəyənin gözünü çıxarıb sonra su verilməsini tapşırır. Sonra susuzluqdan ölmək dərəcəsinə çatan Məlik Dücarı həmin bulağa göndərir. Məlik Dücar əlacsız qalıb suyun əvəzində gözlərini verir. Bu nağılda da xilaskar rolunu göyərçinlər və başqa bir imanlı qarı oynayır. Burada da Məlik Dücarın gözləri şəfaverici yarpağın məlhəmi ilə sağalır.
“Hatəmin nağılı”nda Hatəm atasının gözlərinin dərmanının qarovulçuları divlər olan bir bağdakı ağacın yarpaqları olduğunu öyrənir. Uzun əzab-əziyyətdən sonra həmin bağı tapıb yarpaqları əldə edir və atasının gözləri həmin yarpaqların köməyi ilə şəfa tapır.
“Mərd və Namərd” nağılı həm süjet baxımından, həm də surətlərin xarakterik xüsusiyyətləri baxımından, cüzi fərqlər nəzərə alınmazsa, “Xeyir və Şər” nağılı ilə paralellik təşkil edir. Tədqiqatçı alim T.Xalisbəylinin qeyd etdiyi kimi, bu oxşar motivlərin əksəriyyəti çox qədim ənənələrlə bağlı olan ilkin çağların nağılları ilə bağlıdır.
“Xeyir və Şər” nağılı süjetli folklor nümunələrində olduğu kimi haqqın, ədalətin zəfər çalması, təntənəsi ilə bitir və bu da xalq nağıllarında ənənəvi sonluqla səsləşmənin bir nümunəsidir.
ƏDƏBİYYAT
1. Azərbaycan klassik ədəbiyyatı kitabxanası, 20 cilddə, IV cild. Bakı: Elm, 1985.
2. Kitabi-Dədə Qorqud. Tərtib edəni S.Əlizadə. Bakı: Öndər, 2004.
3. Azərbaycan nağılları. 2 cilddə. Bakı: 1970.
4. T.Xalisbəyli. N.Gəncəvi və Azərbaycan qaynaqları. Bakı: Azərnəşr, 1991.
5. Yurdumuzun əfsanələri. Toplayıb işləyəni S.Paşayev. Bakı: Gənclik, 1976.
6. S.Paşayev. Nizami və xalq əfsanələri. Bakı: Gənclik, 1983.
7. Təhmasib M.H. VII əsrə qədər Azərbaycan şifahi xalq ədəbiyyatı. Azərbaycan ədəbiyyatı tarixi. Üç cilddə. I cild. Azərb. SSR EA nəşriyyatı. Bakı: 1960.
8. N.Gəncəvi. Yeddi gözəl. Bakı: Elm, 1983.
RAMİZ ALEKBEROV
There had been partially explored folk motifs from fairy tale “Kheyir ve Sher” (“Good and Evil”) taken from the poem “Yeddi gezel” (“Seven Beauties”) of great Azerbaijani poet N.Ganjavi in the article. There it was spken about various elements, which make up the unity, the internal consistency with other expressions of folklore. There was a comparison with a few folk tales that make up an identical plot.
Key words: folklore, tale, well, evil, image
РАМИЗ АЛЕКПЕРОВ
В статье были частично исследованы народные мотивы из сказки под названием «Хейир ве Шер» («Добро и Зло»), взятой из поэмы «Йедди Гёзель» («Сем красавиц») великого Азербайджанского поэта Н.Гянджави. Были доведены до сведения различные элементы, составляющие единство, внутреннюю согласованность с другими выражениями фольклора. Было представлено сопоставление с несколькими народными сказками, составляющими идентичный сюжет.
Ключевые слова: фольклор, сказка, добро, зло, образ
AMEA Folklor İnstitutunun elmi işçisi
NİZAMİ GƏNCƏVİ VƏ MƏNƏVİ-ƏXLAQİ DƏYƏRLƏR
Yaxın və Orta Şərq ədəbiyyatında epik şeirin ən böyük ustadlarından olan N.Gəncəvinin Azərbaycan mədəniyyəti və fəlsəfi düşüncəsinin inkişafı tarixində əvəzsiz rolu vardır. Hökmdar, cəmiyyət, elm, din, idrak kimi problemləri əks etdirən epik əsərləri həm mifoloji, həm də folklor motivləri ilə zəngindir. Onu da qeyd edək ki, xalqımızın söz xəzinəsi-folklor bir çox söz sənətkarlarının-İ.Nəsimi, Ş.İ.Xətayi, S.Vurğun, R.Rza, M.Müşfiq, M.Araz və b. yaradıcılığına ilham mənbəyi olmuşdur. Orta əsrlərin böyük dühası N.Gəncəvinin folklora bağlılığı bütün poemalarında geniş şəkildə özünü göstərir. Bununla bağlı professor Sədnik Pirsultanlı yazır: “Nizaminin bir sənətkar kimi yetişməsində başqa amillərlə yanaşı zəngin xalq yaradıcılığı da mühüm rol oynamışdır” [7,3]. Bu əsərlərdən biri də “Yeddi gözəl”dir. Xeyirlə şərin, halalla haramın, ədalətlə zülmün mübarizəsindən bəhs edən “Yeddi gözəl” poemasında mütərəqqi, humanist ideyalar tərənnüm olunur. Nizami var-dövlət toplamaq ehtirasını, nəfsinə qul olmaq vərdişlərini zəmanənin ən böyük bəlası hesab edərək ağlı, idrakı,elmi hər şeydən üstün tutur:
İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti malı [ 2,41].
“Yeddi gözəl” əsərində folklordan gələn xalq hikmətləri ilə şairin hikmət dolu düşüncələrinin qovuşduğunu görürük. O, əfsanə, rəvayət, nağıl, atalar sözləri və s. istifadə etməklə yaratdığı əsərinə sanki yeni ruh verir. N.Gəncəvinin böyük tədqiqatçısı professor Xəlil Yusifli yazır: “Yeddi gözəl” poeması hər hansı mənbədən alınmış bir materialın məzmununun nəzmə çəkilməsi deyildir. Bəhram Ə.Firdovsinin “Şahnamə”də işlənmiş “Bəhram Gur” hissəsinin bir qədər dəyişdirilmiş variantı da deyildir. Bu mütəfəkkir alimin axtarışları ilə böyük qüdrətə malik şair xəyalın birləşməsi, qadir sənətkarın qiymətli materialdan yonub yaratdığı yeni, canlı sənət heykəlidir” [10,137].
Əsərin maraqlı epizodlarından biri Bəhramın ov səhnəsinin təsviridir. Ov səhnəsinin təsviri geniş və əhatəli olmasa da olduqca ibrətamizdir. F.e.d. S.Rzasoy Bəhramın ovla bağlı həyatını tədqiqata cəlb edərək yazır ki, gur, əjdaha, gor mifoloji süjetin personajlarıdır. Bəhramın əjdahanı öldürərək, gurun intiqamını alması və gurun xəzinənin yerini şaha nişan verməsi də mifoloji süjetin tərkib hissələridir. Əjdaha xaosun bütün atributlarının özəlliklərini daşıyır. Bəhram-əjdaha blokunda xeyir-şər, həyat-ölüm, işıq-qaranlıq, yaxşı-yaman bir-birilə mübarizədədir. Mağara ölümün simvolik məkanıdır. Bəhramın əjdaha üzərində qələbəsi itirilmiş dəyərlərin qaytarılması kimi dəyərləndirilir [8,56-60].
Həqiqətən də bədxahlarla xeyirxahları, yoxsullarla varlıları, halal zəhmət adamları ilə müftəxorlar arasındakı münasibətləri qarşı-qarşıya qoyan şair, xeyirlə şərin daim mübarizə apardığı bu dünyada feodal-zadəgan sinfinə məxsus qəhrəmanları xalqın minillik təcrübəsindən yararlanmağa çağırır. Vətən xainlərinə, satqınlara, əmanətə xəyanət edənlərə ikrah hissi ilə yanaşaraq onların mənfi obrazını yaradır. Əməyə, zəhmətə, xalq mədəniyyətinə, adət-ənənəsinə xor baxanlar şər qüvvələr kimi təqdim olunur. Saraylardan uzaq gəzən şair sadə, yoxsul, zəhmətkeş insanların əhatəsində yaşamış, hökmdarlara deyil, insanlığa xidmət etməkdən şərəf hissi duymuşdur. Folklor örnəklərini xalqın ictimai fikir tarixinin salnaməsi hesab edən S.Pirsultanlı haqlı olaraq qeyd edir ki, Nizami öz əsərlərində əsatir, əfsanə, rəvayət və s. istifadə etməklə bu örnəklərin ilk toplayıcısı və qoruyucusu kimi bir vəzifəni də yerinə yetirmişdir[6,43].
Ölkədə işləri müəyyən qədər qaydaya salan Bəhram şah dövləti idarə etməyi vəziri Rast-Rövşənə tapşıraraq yeddi iqlimdən gətirilmiş yeddi şahzadə qızla yeddi gün yeddi günbəzli yeddi rəngli qəsrə çəkilir, eyş-işrətə başlayır. N. Gəncəvinin tədqiqatçılarından professor X.Yusifli və Ə.Səfərli qeyd edirlər ki, “Yeddi rəng, yeddi planet, yeddi iqlim, yeddi günbəz, yeddi gün, yeddi gözəlin danışdığı yeddi nağıl Bəhramın işrətlər, sevinclər, arzular dünyasıdır və bu dünyanın qapısı açılan gündən ədalətin qapısı bağlanır” [9,119].
Şahın etibarından istifadə edən vəzir ölkəni xarabazara çevirir: iqtisadiyyat çökür, xəzinə boşalır, dövlət əleyhinə narazılıqlar gündən-günə artır:
Məmləkət döndükcə xarabazara,
Xəzinə həsrət qaldı gəlirə, vara
Vəzirinsə evi xəzanə oldu,
Aləm başdan-başa viranə oldu [4,267].
Ölkənin vəziyyətindən xəbərdar olan Çin xaqanı yenidən ölkə üzərinə müharibəyə hazırlaşır. Çıxılmaz vəziyyətə düşən şah sadə xalqın nümayəndəsi, müdrik qoca bir çobanla qarşılaşdırılır. Çoban həm şifahi xalq ədəbiyyatında, həm də klassik ədəbiyyatda müdrikliyin simvolu kimi xarakterizə olunur. Qonaqpərvər, dünyagörmüş çoban geniş təsvir edilmir. Şair bir neçə misra ilə sadə xalq nümayəndəsi olan çobanın böyük obrazını yaradır. Çoban xəyanəti bağışlamır, şərə güzəştə getmir. Nəfsinə güc gəlməyən və dişi canavara satılan itə verdiyi cəzaya görə tam haqlı olduğunu bildirir:
Xəyanət eyləmiş o, əmanətə,
Satır əminliyi min xəyanətə
Bu işin üstündə asıb ağacdan,
Dedim ki, açmaram verməyincə can.
Günahkarla belə rəftar etməsən,
Kimsə deməz sənə: afərin, əhsən [4,271].
Əsərdə xəyanətkar itlə xəyanətkar vəzir Rast-Rövşən bir cərgədə durur. Hər ikisi satqındır. Nizami Gəncəvi satqınların axırda ölümə, məhvə məhkumluğunu açıb göstərir. Çoban xalq adət-ənənəsini qoruyan, vətənə, torpağa bağlı, əməksevər və əmanətə sadiq bir obraz kimi təqdim olunur. Sadə bir xalq nümayəndəsi olan çobanın idrakına mat qalan şahın açıq şəkildə etiraf etdiyini görürük:
Çobanın sözündə var idi hikmət,
Bu arif qocadan şah aldı ibrət.
Dedi ki: “Bu işə olmuşam heyran,
Şahlığı öyrətdi mənə bir çoban” [4,271-272].
Fikrimizcə hansısa bir məhəbbət mövzusunu nəzmə çəkmək, yaxud tarixi hökmdarların simasında ideal şah obrazı yaratmaq mütəfəkkir şair olan N.Gəncəvinin başlıca məqsədi olmamışdır. Araşdırmalar göstərir ki, onun yaradıcılığının əsas qayəsini cəmiyyətin problemləri və insan fəlsəfəsini açan humanist ideyalar təşkil edir. Tədqiqatçı Ə.Ağayev Nizami və dünya ədəbiyyatı kitabında yazır: “Nizami üçün insan həyatın mənası deməkdir. İnsan təbiətin ən qüdrətli və kamil varlığıdır. İnsan həyatının məqsədi zəhmət-yaradıcılıq və fəaliyyətdir” [1,125]. Şair göstərir ki, kim olursan ol, şahlıq zirvəsinə yüksəlsən də belə, xalqın həyat təcrübəsindən, mənəvi -əxlaqi dəyərlərindən bəhrələnməyə məhkumsan. Xalqımızın möhtəşəm ədəbi abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanında da çoban obrazı məhəbbətlə yaradılmışdır. “Qazan xanın evinin yağmalanması boyu”nda əsas obrazlardan biri Qaraca Çobandır. Bir ordunun görə biləcəyi işi öz üzərinə götürərək düşməni məğlub edir. Qazan xan tərəfindən danlanan Qaraca Çoban deyir:
Nə qaqarsan bana, ağam Qazan?
Yoxsa, köksündə yoqmıdır iman. [3,45].
Maraqlıdır ki, Qaraca Çoban Oğuz elində Bayandır xandan sonra birinci adam olan Qazan xanla bərabər səviyyədə təqdim olunur. O, başına gələnləri belə nəql edir:
Altı yüz kafər dəxi mənim üzərimə gəldi. İki qardaşım şəhid oldu. Üç yüz kafər öldürdüm, ğəza etdim. Simüz qoyun, arıq toqlı sənin qapundan kafərlərə vermədim. Üç yerdən yaralandım, qara başım bun aldı, yalnız qaldım. ” [3,46].
Deməli, yaradılışın ən şərəflisi olan insan hər şeyə qadirdir. Görkəmli alim H.Araslı N.Gəncəvi ilə bağlı araşdırmalarında qeyd edir ki, qələbənin ən əsas şərtləri “birlik, dostluq və səmimiyyətdir” [2,19]. Çoban itə ən ağır cəzanı ona görə verir ki, köpək etibardan istifadə edərək sahibinə xəyanət etmişdir. Qaraca Çoban da ona görə geri çəkilmir, kafirlərlə danışığa getmir ki, sürü əmanətdir. Hər iki epizodda əsrlərdən bəri xalqımızın yaddaşında, adət-ənənəsində yaşayan “əmanətə olmaz xəyanət”in bariz nümunəsini görürük. “Kitabi-Dədə Qorqud” dastanında çoban cəsur, qorxubilməz, yenilməz, sədaqətli, tədbirli; “Yeddi gözəl” poemasında isə gözüaçıq, halalı harama qatmayan, müdrik qəhrəman kimi səciyyələndirilir. Ancaq adət-ənənələrimizin, bir çox mənəvi-əxlaqi dəyərlərimizin dəyərdən düşdüyü bir zəmanədə bacarıqsız, qabiliyyətsiz insanlara “çobandır”, yaxud “çoban-çoluqdur” deməklə əslində tarixlər boyu müdrikliyin simvolu olan çoban obrazı da gözdən salınır, əsl mahiyyətini itirir.
Dünya ədəbiyyatının Şekspir, Dante, Volter, Şiller kimi mütəfəkkirləri Nizami ucalığına çatmağa cəhd etsələr də bu zirvəni fəth edə bilməmişlər. Təsadüfi deyildir ki, N.Gəncəvi şeirdəki ucalığın özü ilə bitdiyini qeyd edirdi:
Şeirdən ucalıq umma dünyada
Çünki Nizami ilə qurtardı o da.
Nizami Gəncəvinin əsərləri doqquz əsr keçməsinə baxmayaraq bu gün də aktualdır, dəyərlidir. Dahi şairin irsi ədəbiyyatşünaslar, folklorşünaslar, tarixçilər, etnoqraflar, filosoflar tərəfindən dərindən araşdırılaraq öyrənilir. Mayası, ruhu folklorla yoğrulan və real həyatdan götürülən əsərlərinin heç vaxt dəyərdən, qiymətdən düşməyəcəyini dahi filosof əvvəlcədən görürdü:
Özü də hər sözdə görünər yəqin.
Yüz il sonra sorsan bəs o hardadır?
Hər beyti səslənər: “Burda, burdadır!” [5,362].
1. Ağayev Əkbər. Nizami və dünya ədəbiyyatı. Bakı: Azərnəşr, 1964.
2. Araslı Həmid. Nizami və Vətən. Bakı: Azərnəşr, 1943.
3. Kitabi-Dədə Qorqud (Fərhad Zeynalov, Samət Əlizadə) Bakı: Yazıçı 1988.
4. N.Gəncəvi. Yeddi gözəl (Lider nəşriyyatı) Bakı, 2004.
5. Nizami Gəncəvi. Xosrov və Şirin, Bakı, “Yazıçı”, 1983, 401 s.
6. Paşayev Sədnik. Azərbaycan türklərinin xalq əfsanələri. Bakı. “Azərnəşr”-2009.
7. Paşayev Sədnik. Nizami və folklor. Bakı, 1976.
8. Rzasoy S. Nizami poeziyası: mif-tarix konteksti. Bakı: Ağrıdağ, 2003.
9. Səfərli Əliyar, Yusifov Xəlil. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı Bakı: “Maarif”, 1982.
10. Yusifov Xəlil. Şərqdə intibah və N.Gəncəvi. Bakı, 1982.
AYDIN MUSTAFAYEV
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət
Comments are closed, but trackbacks and pingbacks are open.