Hd bağırzad azrbaycan ziyalıları böyük vtn müharibsi illrind
Qeyd etmək lazımdır ki, müharibə və müharibədən sonrakı illərdə İkinci Dünya müharibəsi zamanı faşistlər tərəfindən əsir alınan azərbaycanlılar, digər Sovet vətəndaşları kimi, filtrasiya düşərgələrinə yerləşdirilir, sonra isə Qazaxıstana sürgün edilirdi.
Köhnə bakılı ziyalılar
19-cu əsrin axırları və 20-ci əsrin əvvəllərində Bakı şəhərinin özündən görkəmli ziyalılar yetişmişdi. Bunlar köklü-əsilli bakılılar idi: burada doğulmuş, burada böyümüşdülər. Azərbaycan ziyalıları ilə əl-ələ verib, ölkənin ictimai həyatında xidmət göstərmişlər. Onlar kimlərdi?
ƏBDÜLXALİQ CƏNNƏTİ (1855-1931). Bakı şəhərində anadan olmuşdu. «Məcməə üş Şüəra» cəmiyyətinin fəal üzvlərindəndi. Klassik üslubda Azərbaycan və fars dillərində şer və qəzəllər yazmışdır. 1905-1907-ci illərdən sonra şerlərində ictimai motivlər meydana çıxmış və müasir həyat məsələləri şairi maraqlandırmağa başlamışdır. Onun yeni ruhda yazdığı şerlər o zaman «Təkamül» qəzeti səhifələrində dərc olunurdu. «Qız qalası», «Qılınc və qələm» poemaları maraqla oxunur.
ƏLİABBAS MÜZNİB MÜTƏLLİBZADƏ (1883-1938). Bakıda anadan olmuşdur. Yazıçı, jurnalist və ədəbiyyatşünas idi. Ədəbi yaradıcılığa «Molla Nəsrəddin» jurnalının təsiri altında başlamışdı. Çarizmin müstəmləkəçilik siyasəti, haqsızlıq, ictimai ətalət, dini fanatizm şerlərində tənqid olunurdu. Ə. Müznibin Azərbaycan mətbuatında xidməti xüsusilə böyük idi. «Babayi əmir», «Zənbur», “Şəhabi-saqi” satirik jurnallarının redaktoru olmuşdur. Elə bu ucbatdan polis məmurları tərəfindən həmişə təqiblərə məruz qalmışdı. Bir müddət hətta Sibirə sürgün edilmişdi. Ə. Müznib tərcüməçiliklə də məşğul olmuşdur. 1910-cu ildə «Min bir gecə» nağıllarından tərcümə etdiyi bir parçanı “Əlifleyla” adı ilə çap etdirmişdir. “Ürək yanğısı” və «Tikan kolu» əsərləri oxucularının çox sevdiyi kitablardandı. Öz fəaliyyəti boyu el ədəbiyyatını toplamaqla da məşğul olmuşdur. Uzun illər ərzində topladığı el aşıqlarının, xalq söz sənətkarlarının əsərlərini 1926- cı ildə «Aşıq Pəri və müasirləri» adı ilə kitab şəklində çap etdirmişdir.
MƏŞƏDİ ƏZİZBƏYOV (1876-1918). Bakıda anadan olmuşdur. Mühəndis və ictimai xadimdir. İnqilabçıdır. 1896-cı ildə Bakı realnı məktəbini bitirdikdən sonra Peterburq Texnologiya İnstitutuna daxil olmuş və 1908-ci ildə oranı bitirmişdir. Bakıya qayıtdıqdan sonra az müddət mühəndisliklə məşğul olmuşdur. Sonra inqilabi hərəkata qoşulmuş, peşəkar inqilabçı kimi fəaliyyət göstərmişdir. Bakı fəhlələrinin çarizmə qarşı çıxışlarında yaxından iştirak etmişdir. «Nicat» maarif cəmiyyətinin fəal üzvlərindən biri olub. «Dəvət-Qoç» qəzetinin yaranmasında yaxından iştirak edib. 1911-ci ildə Bakı Şəhər Dumasına üzv seçilir. 1918-ci ildə Bakı Xalq Komissarları Sovetində quberniya komissarı, sonra xalq daxili işlər komissarının müavini işləmişdir. 1918-ci il 20 sentyabrda Bakı komissarları sırasında güllələnmişdir.
MƏMMƏD ƏMİN RƏSULZADƏ — Axund Hacı Molla Ələkbər oğlu 1884-cü il yanvarın 31-də Novxana kəndində anadan olmuşdur. İbtidai təhsilini mədrəsədə almış, sonra təhsilini ikinci «Rus-müsəlman» məktəbində davam etdirmişdir. Daha sonralar Bakı Texniki məktəbini bitirmişdir. Məktəbdə oxuyarkən inqilabi hərəkata meyl göstərmişdir. Bu illərdə Azərbaycanın siyasi- iqtisadi həyatında böyük dəyişiklər əmələ gəlmişdi. Bakıda neft sənayesinin inkişafı onu bütün dünyada tanıtdırmışdı. Azərbaycanın milli burjuaziyası təşəkkül tapmışdı. Sinfi mübarizə qüvvətlənmiş, milli hərəkat qüvvətlənmişdi. Milli şüur, milli düşüncə qabaqcıl gəncləri vahid bir qüvvədə birləşdirirdi. 1904-cü ildə «Hümmət» demokratik təşkilatı yaradıldıqda Məmməd Əmin onun ən fəal üzvlərindən olur. «Hümmət» qəzeti səhifələrində iştirak edir. «Hümmət»in arxasınca «Təkamül», «Tərəqqi», “İrşad” qəzetləri də çap edilməyə başlayır. Bu qəzetlər Məmməd Əminin bir publisist və jurnalist kimi püxtələşməsinə kömək edir. Təbiidir ki, gənclər içərisındə demokratık, inqilabi əhvali-ruhiyyənin artması çarizmi narahat etməyə bilməzdi. Bu səbəbdən demokratik ruhlu ziyalılar polis tərəfindən təqib olunmağa başlayır. Məmməd Əmin daha Bakıda qala bilməyib, İrana gedir. Həmin illərdə, yəni 1909-1910-cu illərdə bütün İranda, o cümlədən Cənubi Azərbaycanda milli azadlıq uğrunda mübarizənin qızğın illəri idi. Səttarxanın başçılıq etdiyi hərəkat bütün ölkəni bürümüşdü. Məmməd Əmin də dərhal bu hərəkata qoşulur və hətta “İrani nou” adlı qəzet buraxır. 1910-cu ildə İran demokratik partiyasına daxil olur. Bu partiyanın rəhbəri Seyid Həsən Tağızadə ilə dostlaşır və birlikdə əməkdaşlıq edirlər. Tezliklə partiyanın Mərkəzi komitəsinə üzv seçilir.
Səttarxan hərəkatı yatırıldıqda Rəsulzadə daha İranda qala bilmir. Yaxın silahdaşı Tağızadə ilə birlikdə Türkiyəyə mühacirət edir. Onun Türkiyəyə gəlişi, burada da milli oyanış hərəkatına təsadüf edir. O zaman Türkiyədə təşkil edilmiş «Türk ocağı» Türkiyənin qabaqcıl ictimai xadimi Ziya Göyalpla birlikdə Azərbaycan ziyalılarından Əli bəy Hüseynzadəni, Əhməd bəy Ağayevi də öz ətrafına toplamışdı. Məmməd Əmin Rəsulzadə də onlara qoşulur. Həmin illərdə çap olunmağa başlayan «Türk yurdu» qəzetində Məmməd Əmin türkçülüyə aid bir sıra məqalələri ilə çıxış edir.
Həmin illərdə Məmməd Əminə xəbər çatır ki, Bakıda «Müsavat» adlı bir partiya yaradılmışdır. Bu xəbər onu çox sevindirir və 1913-cü ildə Rusiyada Romanovlar sulaləsinin 300 illiyi ilə əlaqədar əfv-ümumi elan edildikdə Rəsulzadə dərhal Bakıya qayıdır. Burada qısa müddət içərisində partiyanın lideri olur, onun siyasi istiqamətinin düzgün ifadə edilməsində böyük rol oynayır. Partiyanın məqsəd və vəzifələri barədə məqalələrlə çıxış edir. O illərdə “İqbal” qəzeti və “Şəlalə”, «Dirilik» jurnalları səhifələrində onun məqaləlarinə tez-tez rast gəlmək olardı. 1915-ci ildə o «Açıq söz» adlı qəzet nəşr etdirir və onun redaktoru olur. Bu illərdə o Azərbaycanın gələcəyinə dərin inam və möhkəm ümidlə baxırdı. İnanırdı ki, Azərbaycan xalqı tezliklə öz istiqlaliyyətinə qovuşacaqdır. 1917-ci ildə fevral inqilabı baş verdikdə, bu inam onda daha da qüvvətləndi. Bununla belə məsləhət bilirdi ki, bu günü yaxınlaşdırmaq üçün bütün qüvvələri birləşdirmək lazımdır. Çox keçmir ki, Gəncə şəhərində Nəsib bəy Yusifbəylinin başçılığı ilə yaradılmış «Türk ədəmi mərkəziyyət partiyası» ilə Bakıda mövcud olan «Müsavat» partiyası, «Türk ədəmi mərkəziyyət partiyası Müsavat» adı altında birləşərək, vahid bir partiya şəklində fəaliyyət göstərməyə başlayır. Partiyanın sədri M. Ə. Rəsulzadə seçilir. Birləşmiş partiya əsas vəzifəsini milli-ərazi federasiyası üzrə demokratik respublikaların yaradılması məsələsində görürdü. Çar taxtdan salındıqdan sonra 1918-ci ildə Tiflis şəhərində yaradılmış Gürcüstan, Azərbaycan və Ermənistan nümayəndələrindən ibarət Seym Zaqafqaziyanın ali dövlət orqanı hesab edilirdi. Lakin Seym özünü doğrultmadı. 26 may 1918-ci ildə Seym buraxıldı. Gürcüstan özünü müstəqil respublika elan etdi. Bir gün sonra isə Seymin keçmiş müsəlman üzvlərinin yığıncağı çağırıldı. Bu yığıncaqda müxtəlif partiya nümayəndələrindən ibarət Milli Şura yaradıldı. M. Ə. Rəsulzadə Şuranın sədri seçildi. Eyni zamanda Nəsib bəy Yusifbəylinin başçılığı ilə Azərbaycan höküməti yaradıldı. Hökümətə Məmməd Yusif Cəfərov, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Həsən bəy Ağayev, Məmməd Həsən Hacınski və başqaları daxildi. Bu müddətdə türklər artıq Gəncəyə daxil olmuşdular. Bakı isə hələ də bolşeviklərin əlində idi. Hökümət müvəqqəti olaraq, Gəncə şəhərində yerləşdi, ta 1918-ci ilin 16 iyunundan sentyabrın 15-nədək fəaliyyətini burada davam etdirdi.
Vəziyyət çox gərgin bir şəkil almışdı. Yeni təşkil olunmuş hökümət təhlükə qarşısında idi. Bakı kommunası ordusu Gəncə üzərinə hücuma keçmişdi. Onun tərkibində daşnaklarda vardı. Belə şəraitdə bəzi səbəblərdən Milli Şura istefa verdi.
Xan Xoyski 12 nəfərdən ibarət yeni kabinetin tərkibini elan etdi və Milli Şura onu təsdiq etdikdən sonra öz fəaliyyətini dayandırdı. M. Ə. Rəsulzadə isə gənc Azərbaycan hökümətinin taleyini aydınlaşdırmaq məqsədilə İstanbula gedən nümayəndə heyətinə başçı təyin olundu. O İstanbulda olarkən Bakı türklər tərəfindən artıq azad edilmişdi. Hökümət də Gəncə şəhərindən Bakıya köçmüşdü. Lakin türklər gedəndən sonra onların yerinə gəlmiş ingilis komandanlığı Azərbaycan hökümətini tanımaq istəmədi. O bildirdi ki, respublika guya Azərbaycan xalqının ümumi istəyi ilə yaradılmamış, türk komandanlığı tərəfindən təşkil edilmişdir. Bununla əlaqədar olaraq, 7 dekabr 1918-ci ildə Azərbaycan parlamenti çağırıldı. Parlamenti M. Ə. Rəsulzadə açaraq, bildirdi ki, bir kərə yüksələn bayraq bir daha enməz. O bununla demək istəyirdi ki, Azərbaycan xalqını heç vaxt və heç nə həqiqi azadlıq yolundan döndərə bilməyəcəkdir. M.Ə. Rəsulzadə nə hökümətdə, nə də parlamentdə vəzifə tutmasa da parlamentdə milli rəhbər kimi böyük nüfuz və ehtirama malikd Parlamentdə müzakirə edilən məsələlərin düzgün va real həll edilməsində onun həmişə böyük rolu olmuşdur.
1920-ci ilin 27 aprelində Azərbaycan Demokratik Respublikası süquta uğradı. M. Ə. Rəsulzadə də parlamentin bir çox üzvləri kimi xarici ölkələrə getməyə məcbur oldu.
Uzun müddət Türkiyədə yaşadı. 1955-ci il mart ayının 6-da Ankarada vəfat etdi. Deyilənə görə son nəfəsində üç dəfə «Azərbaycan, Azərbaycan, Azərbaycan» deyərək, gözlərini əbədi yummuşdu.
SEYİD HÜSEYN SADİQ (1887-1937). Bakının İçərişəhər hissəsində dənizçi ailəsində doğulmuşdur. Atası Mir Kazım ticarət gəmilərindən birində kapitan işləmişdir. Seyid Hüseyn dörd yaşında ikən atasını itirir. Ailə ağır maddi ehtiyac içində qalır. Seyid Hüseyni babası böyüdür. Babası onu əvvəlcə mollaxanaya qoyur, sonra onu rus-tatar məktəbinə göndərir. Məktəbi bitirdikdən sonra ailənin maddi vəziyyəti onu işləməyə məcbur edir. Əvvəllər «Kaspi» mətbəəsində mürəttib işləyir. Bir müddətdən sonra korrektor olur. Seyid Hüseynin ədəbiyyata meyli də həmin illərdən başlayır. 1903-cü ildən tənqidi məqalələrlə dövrün qəzetlərində çıxış etməyə başlayır. Azərbaycanda Demokratik hökümət zamanı onun fəaliyyəti daha da genişlənir. Mahir bir jurnalist və ədib kimi tanınır. Keçirilən bütün ədəbi disputlarda fəal iştirak edir. Sovet hakimiyyəti illərində Bakı məktəblərində müəllimlik etməklə yanaşı jurnal və qəzetlərdə həm əməkdaşlıq edir, həm də məqalə, hekayələri ilə çıxış edir. Onun bu illərdə yazdığı «Yeni həyat yollarında» və “İki həyat arasında” romanları Azərbaycan oxucularının ən çox sevdikləri kitablardı. Məhz bu illərdə Seyid Hüseyn incə, lirik hekayələr ustası kimi şöhrət tapmışdı. 1937-ci ildə Seyid Hüseyn repressiya edilmiş və güllələnmişdir. Qəbri yoxdur.
HÜSEYN ƏRƏBLİNSKİ — Azərbaycanın görkəmli tragik aktyoru Hüseyn Ərəblinskinin əsl adı Hüseynbala, familiyası isə Xələfovdur. O 1881-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ərəblinski Azərbaycan professional teatr sənətinin banilərindəndir. Özünün gur səsi, böyük aktyorluq istedadı ilə bütün tamaşaçıların qəlbini ələ ala bilmişdi.Adı afişalarda elan edildiyi gün teatr salonları ağzınadək tamaşaçı ilə dolu olurdu. Tamaşanın axırında onun şərəfinə ucaldılan səslər susmaq bilməzdi. Onun səhnədən eşidilən hər bir sözü tez-tez alqışlarla qarşılanırdı. Ərəblinski ürək və zəka sənətkarı idi. Buna görə ta ölənədək teatr həvəskarlarının sevimlisi idi. Bəzən hələ səhnəyə daxil olmamışdan səhnə arxasından səsi eşidildikdə salonda elə gurultu qopardı ki, aktyor susub tamaşaçıların sakitləşməsini gözlərdi. Roldan çıxmadan başının hərəkəti ilə onlara öz təşəkkürünü çatdırardı.
Hüseyn də bakılıların çoxu kimi dənizçi ailəsində doğulmuşdu. İlk təhsilini mollaxanada aldıqdan sonra rus-müsəlman məktəbinə daxil olmuşdur. Hələ skamya arxasında ikən teatrla maraqlanmış, tez-tez Bakı həvəskarlarının və habelə başqa yerlərdən Bakıya qastrola gəlmiş tanınmış aktyorların oyunlarına tamaşa edər, onların oyunlarından böyük zövq alardı. Beləliklə, teatra olan marağı, nəhayət, onu səhnəyə gətirib çıxarır. 1897-ci ildə ilk dəfə səhnəyə qədəm basır. Dövrünün tanınmış aktyoru və rejissoru olan Cahangir Zeynalov M. F. Axundovun «Lənkəran xanının vəziri» komediyası əsasında hazırladığı tamaşada ona kiçik bir rol verir. Bu adicə bir mehtər rolu idi. Lakin Ərəblinski bu kiçik rolu elə məharətlə oynayır ki, Zeynalovun diqqətini cəlb edir. Sonralar Ərəblinskinin bu kiçik rolla səhnəyə açdığı yol, getdikcə genişlənir. Zeynalov artıq onun qüvvəsinə inandığı üçün ona daha mürəkkəb rollar tapşırır, hətta əsərlərdə qəhrəman rollarını da ona həvalə etməkdən çəkinmirdi.
1905-ci ildə Zeynalovun truppası Lənkəranda qastrolda olarkən Ərəblinski N. Vəzirovun «Müsibəti Fəxrəddin» pyesində ilk dəfə çıxış etd Bu, Ərəblinski üçün bir növ sınaq idi və o bu sınaqdan məharətlə çıxdı. Sanki bu oyunundan sonra Ərəblinski böyük tragik aktyor kimi parladı. Xeyriyyə cəmiyyətlərinin aktyor truppaları hər tərəfdən Ərəblinskini öz kollektivlərinə dəvət etməyə başladılar. Beləliklə o əvvəllər «Nicat», sonralar «Səfa» xeyriyyə cəmiyyətlərinin və habelə Ü. Hacıbəyov qardaşlarının truppalarında həm aktyor və həm də rejissor kimi çıxış etməyə başlayır. İndi o ölkədə yeganə tragik aktyor sayılırdı. Onun repertuarı getdikcə genişlənir və zənginləşirdi. O, Ə. B. Haqverdiyevin «Ağa Məhəmməd şah Qacar» pyesində Qacar, Ş. Saminin «Gaveyi ahəngər» pyesində Gavə, F. Şillerin «Qaçaqlar» pyesində baş rolları böyük ustalıqla ifa edir. Tamaşaçıların haqlı məhəbbətini qazanırdı. Qəzetlər onun misilsiz oyunlarını ağız dolusu tərifləyirdilər.
1910-cu ildə Ərəblinski Şekspirin «Otello» faciəsində Otello rolunu oynaması ilə özünə yüksək şöhrət qazandı. Onun yüksək romantik bir pafosla ifa etdiyi Otello Ərəblinski yaradıcılığının yüksək zirvəsi oldu. Ərəblinski yuxarıda dediyimiz kimi eyni zamanda bacarıqlı rejissor idi. 1908-ci ildə «Leyli və Məcnun» operasının ilk quruluşçu rejissoru Ərəblinski olmuşdur.
Ərəblinski bir kino aktyoru kimi də sənətimizin tarixinə daxil olmuşdur. 1916-cı ildə Bakıda çəkilmiş «Neft və milyonlar səltənətində» filmində Lütfəli bəy rolunu məharətlə ifa etmişdir. Hüseyn Ərəblinski təxəllüsünü Azərbaycanın görkəmli generalı Ərəblinskinin familiyasından götürmüşdür.
SƏMƏD MƏNSUR KAZIMOV — 1879-cu ildə Bakıda anadan olmuşdur. Şair, jurnalist və mədəniyyət işçisi idi. Bakı xeyriyyə cəmiyyətlərinin ən fəal üzvlərindən olub. «Bəsirət», «Tuti», «Molla Nəsrəddin» jurnal və qəzetlərində şair kimi çıxış edirdi. Kəskin siyasi qələmə malik idi. Şerlərinin əksəriyyəti ictimai haqsızlığa, ədalətsizliyə, yalana, riyaya qarşı yonəldilmişdi. Eyni zamanda “Şeypur” adlı satirik bir jurnal da çap etdirirdi. «Rəngdir» şeri onun yaradıcılığında bir növ proqram bir şeirdir. Şeir başdan-ayağa bədbin və həyatdan küsgün bir əhvali-ruhiyyə ilə dolu olsa da şair həyatda təsadüf etdiyi xəyanət və riyakarlığı, mədəniyyətsizlik və yalanı güclü satirik qələmi ilə ifşa etmişdir. Yuxarı dairələrə, yüksək vəzifəli adamlara yaxın olduğundan onların iç üzünü dərindən duymuş, əməllərinə bələd olmuşdu. «Rəngdir» şeirinin gücü də buradan əmələ gəlirdi. Səməd Mənsur 1927-ci ildə vəfat etmiş və Bakıda dəfn edilmişdir.
ƏZİM ƏZİMZADƏ — Azərbaycanın görkəmli rəssamıdır. 1880-ci ildə Bakının Novxana kəndində dünyaya gəlmişdir. Heç bir rəssamlıq məktəbi qurtarmayıb. Azərbaycanda satirik qrafika və siyasi plakat janrları sahəsində ölməz əsərləri ilə tanınmışdır. 1906-cı ildən «Molla Nəsrəddin» jurnalında öz satirik rəsmləri ilə çıxış etməyə başlamışdır. Onun özünə məxsus yaradıcılıq üslubu, təsvir tərzi vardı. Bu cəhətdən o heç kimə oxşamırdı.
1910-cu ildən Bakının bir sıra məktəblərində rəsm müəllimi kimi çalışmışdır. Pedaqoji fəaliyyəti ilə yanaşı o zamanlar Bakıda çap olunan «Zənbur», «Tuti», «Babayi əmir», «Məzəli», «Kəlniyət» satirik jırnallarda öz karikaturaları, yumoristik şəkilləri ilə çıxış edirdi. Onun üslubunda mövcud olan xalq yaradıcılığına xas obrazlılıq, yığcamlıq Əzimzadəni öz oxucularına sevdirmişdi.
Yaratdığı bütün satirik və yumoristik əsərləri xalq həyatından gəlirdi. Bu əsərlərdə satirik fikirlə yanaşı xalq həyatının, xalq məişətinin gözəl, zəngin təsvirləri də vardı. Çünki onun fırçasından çıxan həyatda tez-tez təsadüf olunan insanların həyatındandı. Həyatda və məişətdə gördüyü eybəcərlik, dözülməz hallar, qırmızı saqqallı hampalar, zalım hökmdarlar, müftəxor bəylər, yalançı mollalar, bütün xürufat əhli Əzimzadə satirasının hədəfinə çevrilmişdi. Əzimzadə karikatura sahəsində, demək olar ki, M. Ə. Sabir idi. Sabir «Hophopnamə»sinə çəkdiyi karikaturalar Sabirin satirik şerləri ilə birləşib, çox təsirli bir harmoniya təşkil edirdi.
Əzimzadə teatr tamaşaları sahəsində də fəaliyyət göstərirdi. Ayrı-ayrı dram və opera əsərlərinə verdiyi quruluş, bədii tərtibat və geyim eskizləri ilə tamaşaların bədii və estetik təsirini xeyli artırırdı.
1920-ci ildən sonra, Sovet hakimiyyəti illərində Əzimzadə yaradıcılığı üçün daha geniş imkanlar açılmışdı. Əvvəla o Bakıda ilk dəfə olaraq, Rəssamlıq məktəbi təşkil etmiş və uzun müddət onun direktoru olmuşdur. İndiki rəssamların yaşlı nəsli əsas etibarilə Əzimzadənin yetirmələridir.
Sovet hakimiyyəti illərində Əzimzadə ictimai və pedaqoji fəaliyyəti ilə yanaşı olaraq, satirik karikatura sahəsində də fəaliyyətini davam etdirirdi. İstər «Molla Nəsrəddin» məcmuəsinin və istərsə də respublikanın başqa mətbuat orqanlarının səhifələrindən onun çəkdiyi şəkillər əskik olmurdu. O, Azərbaycan Respublikasının xalq rəssamı adına layiq görülmüşdü.
Əzim Əzimzadə 1943-cü ilin 15 iyununda 63 yaşında vəfat etmişdir.
ƏLİİSKƏNDƏR CƏFƏRZADƏ (1875-1941). Bakı şəhərində doğulmuşdur. Görkəmli maarifpərvər, publisist, tərcüməçi olmuşdur. İbtidai təhsilini rus-müsəlman məktəbində, sonra Mixaylov sənət məktəbində almışdır. Sonralar N. Nərimanovun təşkil etdiyi və o vaxtlar üçün böyük mədəni bir hadisə olan kitabxanada işləmişdir. 1906-1908-ci illərdə çap olunan «Dəbistan» jurnalının redaktoru olmuşdur. O zaman dövrün qabaqcıl ziyalılarından H. B. Zərdabini, N. Nərimanovu, M. Ə. Sabiri, M. Hadini, A. Şaiqi, S. M. Qənizadə və başqa maarif xadimlərini jurnalın ətrafında toplamışdı. «Dəbistan» demokratik istiqamətli jurnal idi.
Əliiskəndər Azərbaycanda ilk dəfə olaraq, divar təqviminin əsasını qoyanlardandır. O Sovet hakimiyyəti illərində də bu nəcib işi davam etdirmişdir. Sovet hakimiyyəti illərində Azərbaycan Maarif Komissarlığında Nəşriyyat İdarəsinin müdiri olmuşdur. «Füqəra füyuzatı» və «Maarif» jurnallarında da əməkdaşlıq etmişdir.
MİRZƏAĞA ƏLİYEV — Azərbaycanın görkəmli komik artisti 1883-cü ildə Bakının Hövsan kəndində kəndli ailəsində dünyaya gəlmişdir. İbtidai təhsilini mollaxanada almış, sonra Bakı rus-müsəlman məktəbini bitirmişdir. Hələ ilk gəncliyindən teatrla maraqlanmağa başlayır, həvəskar teatr truppalarında iştirak edir. Səhnəyə ilk addımını 1902-ci ildə N. B. Vəzirovun «Müsibəti Fəxrəddin» pyesinin tamaşasında atmışdır. O Şahmar bəy rolunda çıxış etmişdi. Tamaşada gənc aktyorun gözəl oyununu görən o dövrün görkəmli aktyor və rejissoru Cahangir Zeynalov və dramaturq N. B. Vəzirov sonralar onun bir aktyor kimi yetişməsinə böyük təsir göstərmişlər. Xüsusilə komik aktyor olan C. Zeynalov onun istedadını yüksək qiymətləndirərək, tamaşalarda komik rolları cəsarətlə ona tapşırırdı.
Əvvəllər, yəni 1906-1907-ci illərdə həvəskar «Həmiyyət» truppasının həm rəhbəri olmuşdu, həm də baş rollarda çıxış edirdi. 1907-1912-ci illərdə isə M. A. Əliyev artıq yetgin bir aktyor kimi «Nicat» cəmiyyətinin aktyor truppasında öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirirdi. Bu illərdə o eyni zamanda ölkənin ictimai həyatında da yaxından iştirak edirdi. Məhz bu fəaliyyətinə görə M. A. Əliyev 1912-ci ildə Həştərxana sürgün edilmişdi. Sürgün şəraitində də o səhnədən ayrılmamışdı. Bu müddətdə o bütün Volqaboyu şəhərlərində, sürgündən qayıtdıqdan sonra da Tiflisdə, Yerevanda, habelə Türkiyə və İranın bir sıra iri şəhərlərində tamaşalar vermişdir.
O artıq bir çox şəhər və ölkələrdə görkəmli aktyor kimi tanınmışdı. Ü. Hacıbəyovun «O olmasın, bu olsun», «Arşın mal alan», “Ərlə arvad”, Zülfüqar bəy Hacıbəyovun “Əlli yaşında cavan”, «Evli ikən subay» musiqili komediyalarında yadda qalan parlaq obrazlar yaratmışdı.
1920-ci illərədək M. A. Əliyevin, oynadığı rollar içərisində C. Məmmədquluzadənin “Ölülər” komediyasında oynadığı İskəndər obrazı uzun müddət xatirələrdən silinməmişdi. M. A. Əliyev bu obraza sanki elə möhür basmışdı ki, ondan sonra çoxları bu rolda çıxış etməyə cəsarət etməmişdilər. İskəndər obrazı ilə M. A. Əliyev Azərbaycan teatrı tarixində ölməz bir obraz yaratmışdı.
Sovet hakimiyyəti illərində M. A. Əliyevin fəaliyyəti daha da genişlənmişdi. M. Əzizbəyov adına Akademik Dram Teatrında bir-birinin arxasınca bir silsilə parlaq obrazlar yaratmışdı, İstər klassik və istərsə də müasir yazıçıların əsərlərində yaratdığı obrazlar silsiləsi Azərbaycan teatr sənətinin qızıl fonduna daxil olmuş birər incilərdi. A. Əliyev kino sənəti sahəsində də həmişə uğurla çıxış etmiş İlk çəkildiyi «Bismillah» filmindən sonra «Hacı Qara», «Almas», «Bakının işıqları» və başqa filmlərdə M. A. Əliyev öz oyun orijinallığı ilə həmişə fərqlənmişdir. O sözün əsl mənasında böyük gülüş ustası idi.
SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı M. A. Əliyev 1954-cü ildə 71 yaşında vəfat etmişdir.
SÜLEYMAN RÜSTƏM — Azərbaycan SSR-in xalq şairi. Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın əməkdar incəsənət xadimi, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatıdır.
1906-cı ildə Bakıda dəmirçi ailəsində anadan olmuşdu. N. Nərimanov adına Sənaye Texnikumunda, sonra Bakı darülmüəllimində oxumuşdur. 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinə daxil olmuşdur. 1929-cu ildə Moskvada 1-ci Moskva Dövlət Universitetinin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir.
Bakıya qayıdandan sonra «Gənc işçi», «Komsomol», «Gənc bolşevik», «Maarif və mədəniyyət» qəzet və jurnallarında çalışmışdır. 1937-1938-ci illərdə Azərbaycan Dövlət Dram Teatrının direktoru olmuşdur. 1955-1956-cı illərdə “Ədəbiyyat qəzeti«nin redaktoru olmuşdur.
Süleyman Rüstəm respublikanın böyük, görkəmli şair və dramaturqudur.
Ədəbi fəaliyyətə sənaye texnikumunda oxuduğu illərdə başlamışdır. İlk şeiri 1925- ci ildə „Maarif və mədəniyyət“ jurnalında dərc edilmişdir. Bundan sonra o respublikanın ədəbi qəzet və jurnallarında bir-birinin ardınca gözəl lirik şeirlər yazmağa başlamışdır. Cəsarətlə demək olar ki, 20-ci illərdən sonra yeni Azərbaycan şerinin banilərindən biridir. O Azərbaycan şeirinə yeni nəfəs, yeni mövzu gətirmişdi. Həmin vaxtdan respublikanın ədəbi-ictimai həyatında fəal iştirak etmiş və mübariz bir şair kimi tanınmışdır. Şeirlərində yeni həyatı coşğun bir həvəslə tərənnüm edir, köhnə cəmiyyətin qalıqlarına qarşı kəskin qələmlə çıxış edirdi. Şeirlərindən birində deyirdi ki, „İnqilab oğlu inqilabam mən“. Bu doğrudan belə idi. Köhnə cəmiyyətə qarşı nifrət yağdıran, yeni həyatın xoş duyğularını ürək dolusu ilə tərənnüm edən şair yeni şairlər nəslinə bir örnək olmuşdu. Şerə dövrün ictimai-siyasi hadisələrini gətirmək Süleyman Rüstəm poeziyasının səciyyəvi cəhəti idi.
Süleyman Rüstəm 1925-ci ildə təşkil edilmiş „Gənc Qızıl Qələmlər“ İttifaqının əsas qurucularından biri idi. Sonra, yəni 1928-ci ildə Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi vəzifəsində işləmişdir. 1927-ci ildə çap edilmiş „Ələmdən nəşəyə“ şerlər kitabı köhnə cəmiyyətdən yeni azad cəmiyyətə keçidin ən parlaq inikası idi. O yeni cəmiyyətdən kənarda qalan, onun qaynar həyatına qatılmayan bədbin şairlərə həmişə ikrah hissi ilə yanaşırdı. Adamları böyük həvəslə qurub-yaratmağa səsləyirdi.
1930-cu ildə dərc etdirdiyi „Addımlar“ kitabı, 1932-ci ildə çapdan çıxmış „Səs“ və „Atəş“ kitabları onun mübariz bir şair kimi püxtələşdiyini sübut edirdi. Daha sonralar yazdığı „Gecənin romantikası“, „Çapayev“, „Ulduzlar“ şeirləri ilə Azərbaycan poeziyasına yeni çalarlar əlavə etmişdi.
1941-ci ildə Böyük Vətən müharibəsi başladığı zaman Süleyman Rüstəm əyninə şinel geyərək, komissar kimi cəbhəyə getmişdi. Onun vətənpərvərlik hissləri ilə qaynayan şeirləri müharibə illərində döyüşçüləri düşmən üzərində qələbəyə, cəbhə arxasındakı adamları daha fədakarcasına işləməyə səsləyirdi. Xalqların faşizmə qarşı ölüm-dirim mübarizəsi S. Rüstəm üçün tükənməz bir mövzuya çevrilmişdi. Müharibə illərində yazdığı „And“, „Gün o gün olsun ki“, „Qafqaz ordusu“, „Ana və poçtalyon“ şeirləri elə bil şairin odlu ürəyinin parçaları idi.
O müharibə illərində Cənubi Azərbaycanda da olmuşdur. Bu illərdə Cənubi Azərbaycandan yazdığı şeirlərində şairin ürəyində çoxdan köz bağlamış yaraları sanki təzələnmişdi. O rus çarizmi tərəfindən ikiyə bölünmüş hər iki Azərbaycanın yanıqlı sinələrindən qopan fəryadları bağıra-bağıra dünyaya səs salmışdı. Bir millətin iki doğma övladının bir-birindən ayrı düşməsi şairi ədalətsizliyə qarşı üsyana qaldırmışdı.
Cənubda olarkən Süleyman Rüstəmə elə bil ikinci nəfəs gəlmişdi. Bu illərdə heç bir şair Cənubun dərdini belə ürək ağrısı ilə tərənnüm edə bilməmişdi. Cənubluların Şimal həsrəti şair üçün böyük dərd olmuşdu. Həmin illərdə şairin sinəsindən qopan odlu misralar sonralar onun „Təbrizim“ kitabında toplanmışdı.
Süleyman Rüstəm eyni zamanda böyük dövlət xadimi idi. O VIII — XI çağırış Azərbaycan Ali Sovetinin sədri olmuşdur. Süleyman Rüstəm 1992-ci ildə Bakıda vəfat etmişdir. Qəbri Fəxri xiyabandadır. Süleyman Rüstəmi hər iki Azərbaycan özlərinin şair oğlu kimi həmişə yad edəcəkdir.
HƏNƏFİ ZEYNALLI — Görkəmli ədəbiyyatşünas, folklorşünas və ədəbi tənqidçi olan Hənəfi Baba oğlu Zeynallı əsl-nəsəbli bakılıdır. 1896-cı ildə Bakı şəhərində anadan olmuşdur. İbtidai təhsilini Bakıda aldıqdan sonra 1916-cı ildə Moskva Ali Texniki İnstitutuna daxil olmuş, lakin təhsilini başa vura bilməmişdir. O inqilabi fəaliyyəti üstündə tezliklə institutdan xaric edilmişdi. Bakıya qayıtdıqdan sonra bir müddət müəllimlik etmişdir. Bununla yanaşı inqilabi fəaliyyətini davam etdirərək, 1917-ci ildə Bakıda inqilabi proletar gənclər təşkilatının yaradılmasında yaxından iştirak etmişdir. Bu illərdə eyni zamanda folklorşünaslıqla məşğul olmağa başlayır, ədəbi-tənqidi məqalələr yazır.
1924-cü ildə Hənəfi Zeynallı Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor işləyir. 1929-cu ildən SSRİ EA Azərbaycan filialında dil, ədəbiyyat və folklor şöbələrinin müdiri olmuşdur. O Azərbaycanı Tədqiq və Tətəbbə Cəmiyyətinin folklor komissiyasına da başçılıq etmişdir. Həmin illərdə Azərbaycan folklor nümunələrinin toplanması, nəşri və tədqiqi sahəsində xidmətləri ilə Azərbaycanda görkəmli folklorçu kimi tanınmışdır. „Azərbaycan atalar sözü və məsəlləri“, „Azərbaycan tapmacaları“, „Ağız ədəbiyyatı“, „Azərbaycan folkloru“ kitablarının müəllifidir. Onun görkəmli bir ədəbiyyatşünas kimi klassik və müasir Azərbaycan ədəbiyyatına həsr edilmiş əsərləri də diqqətə şayandır. Zeynallının yarım əsr bundan qabaq yazdığı „20 əsr Azərbaycan ədəbiyyatı“, „Oktyabr və ədəbiyyatımız“, „Oktyabr və gənc qələmlər“, „M. F. Axundovun ədəbi və ictimai fəaliyyəti“ adlı məqalələri bu gün üçün də öz əhəmiyyətini itirməmişdir. Hənəfi Zeynallı Hüseyn Cavid yaradıcılığını da diqqətlə izləmişdir. Böyük dramaturq barədə yazdığı „Şeyx Sənan“, „Peyğəmbər“, „Maral“ məqalələri buna sübutdur.
Zeynallı da bir çox ziyalılarımız kimi repressiya dövrünün qurbanı olmuşdur. 1937-ci ildə həbs edilib, güllələnmişdir. Qəbri yoxdur.
AXUNDOV RUHULLA ƏLİ OĞLU (1897-1938). Görkəmli ictimai, dövlət xadimi, publisist olmuşdur. Bakının Şüvəlan kəndində müəllim ailəsində doğulub. İbtidai təhsilini mədrəsədə almışdır. Sonra realnı məktəbdə oxumuş və daha sonra ticarət məktəbini bitirmişdir. İngilis, fransız, rus və fars dillərini mükəmməl bilirdi.
1916-cı ildən Bakı qəzetlərində korrektor və tərcüməçi işləmişdir. Tərcüməçilik sahəsində xüsusilə fəaliyyət göstərmişdir. Müstəsna hafizəyə malikdi. 1919-cu ildən jurnalistika və publisistika sahəsində çalışmışdır. Kəskin siyasi məqalələrlə çıxış edirdi. „Kommunist“, „Hürriyyət“ qəzetlərinin redaktoru olmuşdur. 1928-ci ildən sonra bir sıra partiya və dövlət işlərində çalışmışdır. Azərbaycan Kommunist Partiyası MK katibi, Azərbaycan SSR maarif naziri, Azərnəşrin direktoru olmuşdur. Sonralar SSRİ EA Azərbaycan filialında, partiya tarixi institutunda işləmiş, Azərbaycanın XKS yanında İncəsənət İşləri İdarəsinin rəisi olmuşdur. K. Marks, F. Engels, V. İ. Leninin əsərlərinin Azərbaycan dilinə tərcüməsinə rəhbərlik etmişdir. İlk Rus-Azərbaycan lüğətinin yaradıcısıdır. Tarix, ədəbiyyat və incəsənətə aid bir sıra ciddi məqalələrin müəllifidir.
ƏMİN ABİD GÜLTƏKİN (1898-1937). Bakıda anadan olmuşdur. Ədəbiyyatşünas və tənqidçidir. Azərbaycan klassikləri barədə bir sıra dərin elmi- tədqiqat əsərləri vardır. Milli şüurun oyanmasında onun əsər və çıxışlarının böyük rolu olmuşdur. 1919 — 1925-ci illərdə İstanbul universitetində oxumuşdur. 1926-cı ildə Bakıya qayıtdıqdan sonra müəllimlik və elmi-tədqiqat işləri ilə məşğul olmuşdur. Türkiyədə təhsil alarkən arxivlərdən Füzulinin „Söhbətül əsmar“ əsərini tapıb, ilk dəfə aşkara çıxarmışdır. Əmin Abid eyni zamanda şer də yazmışdır. O da başqa görkəmli sənətkarlarımız kimi 1937-ci ildə repressiyanın qurbanı olmuşdur.
Adları çəkilən bakılı ziyalılardan əlavə şəhər və kəndlərdə yaşayan bir sıra ziyalılarımız və şairlərimiz də olmuşdur ki, onların barəsində C. Rəmzi „Deyilən söz yadigardır“ adlı tərtib etdiyi kitabında daha geniş məlumat verir.
FEYZULLA QASIMZADƏ. Azərbaycan EA-nın akademiki (həqiqi üzvü), filologiya elmləri doktoru, professor, respublikanın əməkdar elm xadimi və əməkdar müəllimi idi. 1898-ci ildə Bakının Mərdəkan kəndində anadan olmuşdur. Azərbaycan ziyalılarının böyük bir ordusunun müəllimi olmuş, bir neçə nəsl onun dərslikləri ilə təlim-tərbiyə, təhsil almışdır. O uzun müddət M. Ə. Rəsulzadə adına BDU-da və N.Tusi adına Pedaqoji universitetdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri olmuşdu Şəxsən 30 elmlər doktoru və 120 elmlər namizədi yetişdirmişdir. Keçmiş Sovet orden və medalları ilə, o cümlədən üç dəfə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunub. 600-dək çap edilmiş elmi əsərlərin, onlarla dərslik və monoqrafiyaların müəllifidir.
Feyzulla Qasımzdə 1976-cı ilin 29 martında vəfat etmiş və doğma Mərdəkan kəndində dəfn edilmişdir.
ATABABA DAŞDƏMİR OĞLU MUSAXANLI — 1905-ci il, dekabrın 20-də Bakıda sənətkar ailəsində anadan olmuşdur. İbtidai təhsilini rus-tatar məktəbində almışdır. 1920-ci ildə Sovet hakimiyyəti dövründə təhsilini davam etdirərək, şəhər orta məktəbini bitirmişdir. 1921-ci ildə Azərbaycan Ali Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olmuşdur. İnstitut tələbələri içərisində öz ağıl və fərasəti ilə fərqlənən Atababa 1924-cü ildə institutu fərqlənmə diplomu ilə qurtarmışdır. Həmin ildən Bakı Pedaqoji Texnikumunda dil və ədəbiyyat müəllimi işləmişdir. O eyni zamanda dil və ədəbiyyat fənləri üzrə tədqiqat işləri ilə də məşğul olmuşdur. Məktəblər üçün dərsliklər yazmış və proqramlar hazırlamışdır. Ədəbi fəaliyyətə şeir və hekayələr yazmaqla başlamışdır. Lakin sonralar ədəbi tənqid sahəsinə keçmiş və bu sahədə bir-sıra yüksək səviyyəli məqalələr çap etdirmişdir. Sonralar ədəbi tənqidi özünə daimi peşə seçmişdir. 1930-1940-cı illər onun ədəbi fəaliyyətinin ən məhsuldar dövrləri idi. Ədəbi mövzular üzrə keçirilən mübahisə və disputlarda, həmçinin ayrı-ayrı ədəbi əsərlərin müzakirəsində fikir və mülahizələrini təmkin və ardıcıllıqla izah edərdi. Astadan danışardı, onun hündürdən danışdığını heç kəs eşitməmişdi. O zamanlar ədəbi disputlar adətən Müəllimlər evində keçirilərdi. Elə vaxt olmazdı ki, Atababa ədəbi əsərlərin müzakirəsində iştirak etməmiş olsun. Onun ədəbi-tənqidi fəaliyyətində „Ədəbiyyatımızın tarixində Sabir“, „Mirzə Fətəlinin ictimai-tərbiyəvi mülahizələri“, „Şaiq sair və müəllim“, „Aran köçü və müəllifi“ və sair ədəbi problemlərə həsr olunmuş məqalələri o dövrdəki ədəbi tənqidin ən gözəl nümunələri idi.Xüsusilə H. K.S anılının „Aran köçü“ kitabı barədəki çıxış və məqaləsi ədəbi ictimaiyyət tərəfindəi rəğbətlə qarşılanmışdı.
Musaxanlının „Kitabi-Dədə Qorqud“ və başqa klassik əsərlərə aid məqalələri də ədəbi tənqid tariximizi zənginləşdirmişdir. Atababa Musaxanlı 1941- ci il avqustun 14-də, yaradıcılığının ən bəhrəli dövründə 36 yaşında vəfat etmişdir.
ƏLİAĞA VAHİD — 1895-ci il oktyabrın 15-də Bakıda xarrat ailəsində doğulmuşdur. İbtidai təhsilini mədrəsədə almışdır. Ailəsinin ağır maddi vəziyyəti ilə əlaqədar kiçik yaşlarından fəhləliyə başlamışdır. Sonralar atası ilə birlikdə xarratlıq etmişdir. 18-19 yaşlarında ikən onda şerə həvəs oyanır. Füzulinin, Seyid Əzimin, M. Ə. Sabirin təsiri altında xırda-xırda şeirlər yazır və bir müddətdən sonra onları Bakının qəzet və jurnallarında çap etdirir. Beləliklə orta təhsili belə olmayan Ə. Vahid öz şeirləri ilə Bakıda çap olunan „İqbad“, „Bəsirət“, „Babayi əmir“ qəzet və jurnallarının səhifələrində çıxış etməyə başlayır. Onda fitri bir istedad vardı. Sinədən şeir demək qabiliyyətinə malik idi. Buna görə də yaradıçılığının ilk illərində meyxanalarda da iştirak edirdi. Lakin Vahid tezliklə öz yolunu tapır. Özünü bütünlüklə qəzəl janrına həsr edir. Bu sahədə çox keçmir ki, müasirləri tərəfindən qiymətləndirilir. „Tuti“, „Məzəli“ jurnallarının səhifələrində öz fəaliyyətini davam etdirir.
Sovet hakimiyyəti illərində bir qəzəl şairi, qəzəlxan kimi tanınır. Qəzəl janrı sahəsində getdikcə püxtələşir. Füzuli və Seyid Əzim ondan ötrü əsl məktəbə çevrilir. Qəzəllərindəki rəvanlıq və axıcılıqla oxucularının ona rəğbət və məhəbbətini artırır. Onun qəzəlləri xanəndələrin ağzından düşmürdü. Vahid qəzəlini oxumaq xanəndələr üçün bir növ sınaq olmuşdu. O, ədəbiyyatda Füzulinin məktəbini davam etdirən yeganə şair hesab olunurdu. Vahidi həmişə xalqın içərisində görərdin. Pərəstişkarları onun qəzəllərini əzbərdən bilirdilər.
Ə. Vahid Böyük Vətən müharibəsi illərində öz kəskin satirik qələmi ilə düşməni ifşa edir, döyüşçüləri yeni qələbələrə ruhlandırırdı.
Vahid Azərbaycan klassiklərindən Nizaminin, Xaqaninin, Fələki və başqalarının əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. O, demək olar ki, bütün Bakı kəndlilərinin sevimlisi idi. O 1965-ci il sentyabrın 30-da Bakıda vəfat etmişdir. Xalq öz sevimli şairini böyük ehtiram və hörmətlə Fəxri xiyabanda torpağa tapşırmışdır. Hazırda İnqilab bağında ona abidə ucaldılmışdır.
İKİ BAKILI ADMİRAL. Bakı liman şəhəri olduğu üçün burada gəmiçilik çox inkişaf etmişdi. Nadir şahın öldürülməsindən sonra özünü Bakı xanı elan etmiş Dərgahqulu oğlu Mirzə Məhəmməd əyalətin bərbad hala düşmüş iqtisadiyyatını qaydaya salıb, inkişaf etdirmək üçün birinci növbədə Xəzərdə gəmiçiliyin inkişaf etdirilməsi qayğısına qaldı. Bu məqsədlə Avropa dənizçilik ölkələrinə səyahətə gedir və orada gəmi inşası ilə yaxından tanış olurdu. Həmin illərdə Bakıda olmuş səyyah Lerx yazırdı ki, admiral Bakı xanı Mirzə Məhəmməd tez-tez Langertə gedərək orada sifariş verdiyi gəmilərin inşasına rəhbərlik edirdi. Beləliklə o Bakıda admiral kimi tanınmağa başlamışdı. Özü şəxsən zəhmli olduğu üçün camaat onu Atmaral adlandırırdı. Bu söz indiyədək işlənir. Zəhmli və iş bacaran bazburudlu adamlara atmaral deyirdilər.
İkinci bakılı admiral İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyovdur. O sözün həqiqi mənasında ali dənizçilik təhsili almış admiral idi. Aslanbəyov 1822-ci il sentyabrın 10-da Bakıda anadan olmuşdur. 1837-ci ildə Peterburqda dənizçilik məktəbini bitirmişdir. Məktəbi qurtarandan sonra əvvəllər „Aleksandr Nevski“, „Prozergin“ freqatlarında miçman işləmişdir. Sonralar dənizçilik məktəbinin zabitlər sinfinə daxil olur. 1842-ci ildə oranı bitirdikdən sonra Qara dəniz hərbi nəzarət gəmilərində işləməyə başlayır. O öz vəzifəsində getdikcə yüksəlir və 1854- cü ildə „Elbrus“ hərb gəmisinə komandirlik etməyə başlayır. Komandanlığın diqqətini cəlb edən Aslanbəyov həmin ilin avqust ayında desant gəmisinin döyüşən batareyasına komandir təyin olunur. Burada göstərdiyi xidmətlərə görə ona kapitan-leytenant rütbəsi verilir. 1854-cü ilin sentyabrında döyüşən Sevastopol qarnizonunda olmuş və döyüşlərdən birində kontuziya almışdı.
1860-cı illərdə Aslanbəyov Aralıq dənizində üzən „Sokol“ hərb gəmisinə komandanlıq etmişdir. Sonralar həmin gəmini Kronştadta gətirmişdi. 1878-ci ildə Aslanbəyova kontr-admiral rütbəsi verilərkən o 8-ci donanma ekipajının rəisi idi.Aslanbəyov eyni zamanda dənizçiliyə aid bir sıra əsərlərin müəllifi idi. O rus dənizçilik elminə çox şeylər əlavə etmişdir.1887-ci ildə ona misilsiz xidmətlərinə görə vitse-admiral rütbəsi verilmişdir.Aslanbəyov 1900-cü il 7 dekabrda Peterburqda vəfat etmişdir. Ölümündən sonra Saxalində bir yarımada onun adı ilə adlandırılmışdır. Oxot dənizində də bir boğaz onun adınadır.
Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7
Hd bağırzad azrbaycan ziyalıları böyük vtn müharibsi illrind
Vətən müharibəsi və ya “Dəmir Yumruq” əməliyyatı
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.
Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı hərbi əməliyyatları dayandırmağa, hər iki tərəfi gərginliyi azaltmağa və danışıqları təxirə salmadan davam etdirməyə çağırmışdır. Əfqanıstan, Ukrayna, Pakistan, Türkiyə və Şimali Kipr Türk Respublikası isə Azərbaycana dəstək olduqlarını bildirmişdir. 29 sentyabr tarixində BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar təcili iclas keçirmişdir. Rusiyanın vasitəçiliyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənən və həm Ermənistan, həm də Azərbaycan tərəfindən qəbul edilən humanitar atəşkəs rəsmi olaraq 10 oktyabr tarixində qüvvəyə minsə də, Ermənistan Silahlı Qüvvələrinin mülki vətəndaşları hədəfə alan terror aktları nəticəsində atəşkəs yenidən pozulmuş, yaralıların və məhbusların mübadiləsi dayandırılmışdır.
Müharibəyə zəmin
Birinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan Respublikası əsasən 1994-cü ildə imzalanmış Bişkek protokolundan sonra Ermənistan Respublikası ilə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qərarlarının icra olunması üçün müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli diplomatik danışıqlar apardı. Sülh danışıqları prosesi 2018-ci ildə Ermənistanda rəngli inqilab nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi populist bəyənatları və Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri ilə ciddi ölçüdə sarsıldı.
Təxribatçı əməllərin davamı qismində, 2019-cu ilin mart ayında Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-da rəsmi səfərdə olarkən, “yeni torpaqları üçün yeni müharibə” çağırışı etdi. Tonoyanın bəyənatı təmas xəttində bir sıra hərbi təxribatlarla müşaiyət olundu. Ermənistan Silahlı Qüvvələrinin bölmələri 2020-ci ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində əlverişli mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərsə də, müvəffəq ola bilmədi. 23 iyulda isə Ermənistan Silahlı Qüvvələri, Rusiya ilə ortaq hava hücumundan müdafiə sistemi təlimlərinə başladığını elan etdi. Bunun ardınca, Azərbaycan ərazisində, Azərbaycan Silahlı Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin birgə iştirakı ilə sentyabr ayının əvvəlinə qədər davam edən bir sıra hərbi təlimlər keçirildi. Avqust ayında, təmas xəttinin Goranboy rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərmiş lakin görülən tədbirlər nəticəsində diversiya qrupu itki verərək geri çəkilmiş və qrupun komandiri baş leytenant Qurgin Alberyan əsir götürülmüşdür.
Birbaşa hərbi təxribatlarla yanaşı, Ermənistan tərəfindən beynəlxalq hüquqi prinsiplərə zidd olaraq Azərbaycan Respublikasının işğal altındakı ərazilərinə çox sayda YPG, PKK terrorçularının o cümlədən, Beyrut limanında baş tutan partlayışlardan sonra minlərlə Livan ermənilərinin köçürülməsi münaqişəni daha da alovlandırdı. Situasiyanın gərginliyi 2020-ci ilin avqust ayının sonlarında Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakopyanın Azərbaycanın işğal altındakı ərazilərində qeyri-leqal olaraq təşkil olunmuş hərbi təlimdə iştirakını ictimailəşdirməsi ilə pik həddə çatdı. Ermənistan tərəfinin bu qəbildən olan səmərəsiz və təhrikedici bəyanatları və hərəkətləri bir sıra tədqiqatçılar tərəfindən danışıqlar prosesindən tamamilə imtina olaraq qiymətləndirilmişdir.
25 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında Ermənistanın təxribatları nəticəsində azərbaycanlı hərbçilərin və 76 yaşlı mülki vətəndaşın həlak olması, habelə mülki infrastruktura vurulan ciddi ziyan qeyd olunmuşdur. O cümlədən, Azərbaycan Respublikasının Prezidenti iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşındığını bildirmişdir. Azərbaycan Respublikasının Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanat yaymışdır. Həmin gün Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlamış və respublika ərazisində hərbi vəziyyət elan olunmuşdur.
Döyüşlərin gedişi
Bu döyüşlərdə Azərbaycan xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. Başlanğıcda bir sıra kəndləri və strateji körpüləri işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə azad etdi və 23 oktyabrda Laçın Dəhlizinə doğru irəliləməyə başladı. Laçın Dəhlizi Qarabağdakı qondarma qurumla Ermənistanı birləşdirən yeganə böyük (digərləri ilə müqayisədə) magistral yol idi. . Magistral yola nəzarət Ermənistandan yanacaq, döyüş sursatı və hərbi möhkəmlətmə ehtiyatlarının qarşısını alacaqdı. Azərbaycan ənənəvi olaraq gün ərzində hərbi karvanların qarşısını almaq üçün artilleriya, minaatan və hətta birbaşa atəş və ya idarə olunan raketlərlə Ermənistan ordusuna zərbələr endirirdi. Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir.
Müasir hərb tarixində misli görünməmiş Şuşa əməliyyatı
Vətən müharibəsinin təfərrüatlarına hələ tam aydınlıq gəlməyib. Amma indidən əminliklə demək olar ki, Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq. Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Onu almağın iki variantı vardı. Birinci halda şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Komandanlıq buna getmədi. Çünki şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi. Şuşa döyüşlərinin getdiyi vaxt Xankəndidə olan xarici jurnalistlərdən biri ermənilərin düşdüyü acınacaqlı vəziyyəti belə təsvir edirdi: Şuşanı müdafiə edənlər pərən-pərən düşüblər. Hərbi təcili yardım maşınlarında onlarla yaralı qan içində Xankəndi xəstəxanasına daşınır. Qalan döyüşçülər yorğun halda yolboyu hərbi geyimlərini çıxarıb ataraq dağdan enirlər. Təcili yardım maşınları aramsız olaraq gedib-gəlir. Avtomobildə yaralı əsgərlər bir-birinin üstünə qalaqlanıb. Onların aldığı xəsarətlər əlbəyaxa döyüşlər getdiyinin sübutudur. “Le Monde” nəşrinin həmin günlərdə yaydığı başqa bir reportajda deyilirdi ki, Ermənistan ordusunun məğlubiyyətə uğradılmış hərbçiləri yaralı halda Şuşanı tərk edərək Xankəndiyə qaçırlar. Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi. Ertəsi gün daha 70-dən çox kəndin azad olunması xəbəri gəldi və bundan bir gün sonra Paşinyan Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi. Bəyanatda həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. Beləliklə Azərbaycanın hərbi qələbəsi Ermənistanı kapitulasiyaya məcbur etdi. 11 dekabrda Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatması və Rusiya Federasiyasının sülhməramlı əməliyyatlarının başladığı andan etibarən ilk dəfə atəşkəs pozulub. Hadrutda atəşkəs rejiminin pozulması ilə bağlı bir hal qeydə alınıb. Nəticədə Azərbaycan ordusunun bir hərbçisi yaralanıb.
Azərbaycanın hərbi üstünlüyü
Azərbaycan ordusu 44 günlük müharibə ərzində “Harop” zərbə pilotsuz aparatlarından, o cümlədən İsraillə birgə Azərbaycanda istehsal olunan “Zərbə” dronlarından və digər PUA-lardan, o cümlədən “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrindən geniş istifadə edib. Təkcə Bayraktar TB2 dronları vasitəsilə Azərbaycan Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv edib. Dronlar həm düşmənin texnikasına və canlı qüvvəsinə dəqiq zərbələrin endirilməsi, həm artilleriya atəşini korreksiya etmək və kəşfiyyat aparmaq məqsədləri ilə tətbiq olunub. Rus hərbi ekspert Pavel Felqenhauer qeyd edir ki, təxminən bərabər hərbi vəziyyətlərə baxmayaraq, Azərbaycan ordusu texnoloji üstünlüyə sahib idi.
İkinci Qarabağ müharibəsində itkilər
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2907 nəfər hərbi qulluqçusu həlak olmuşdur. Bir sıra hərbi qulluqçuların DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi və itkin düşmüş 100 nəfərdən artıq hərbi qulluqçunun tapılması ilə şəhidlərin sayı arta bilər. Hərbi qulluqçuların tibb müəssisələrində müalicəsi davam etdirilir. Azərbaycanın hərbi texnika baxımından itkiləri az olmuşdur.
Ermənistan tərəfi müharibə zamanı 3363 hərbiçisinin öldüyünü təsdiq etsə də, reallıqda bu rəqəmin daha çox olduğu bilinən həqiqətdir.
44 gün davam edən müharibə nəticəsində Ermənistan 10 ədəd S-300 və onun taktiki-döyüş vasitələri, 366 tank, 352 müxtəlif çaplı top, 22 ədəd pilotsuz uçuş aparatı, 5 Su-25 təyyarəsi, 50 Tor, Osa, Kub, Kruq modelli zenit-raket kompleksindən məhrum olub. Eyni zamanda döyüş əməliyyatları çərçivəsində xüsusi əhəmiyyətə malik 97 ədəd Qrad, 4 ədəd Smerç, 1 Tos odsaçan, 2 Uraqan, 1 ədəd Yars, Toçka-U, ballistik raketlər, Elbrus raket kompleksləri də məhv edilib. Azərbaycan ordusunun məhv etdiyi və ya qənimət kimi götürdüyü hərbi texnikasının dəyəri minimum qiymətləndirmə əsasında ən azı 3,8 milyard ABŞ dolları dəyərindədir.
Əcnəbilərin, muzdluların və terror qruplaşmalarının müharibədə iştirakı
Münaqişədən əvvəl türk mənbələri İraq və Suriyadan bir çox YPG və PKK üzvünün Azərbaycana qarşı erməni yaraqlıları yetişdirmək üçün Dağlıq Qarabağa köçürüldüyünü xəbər vermişdir. 30 sentyabrda Türkiyə mənbələri 300-ə yaxın PKK döyüşçüsünün İran vasitəsilə Dağlıq Qarabağa köçürüldüyünü bildirdi. 28 sentyabrda Azərbaycan Silahlı Qüvvələrindən verilən məlumata görə, erməni itkiləri arasında Suriyadan və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni mənşəli muzdlular var. 30 sentyabr tarixində Hikmət Hacıyev “beynəlxalq ictimaiyyətin Ermənistanın terrorçu qüvvələrini Azərbaycana qarşı istifadə etməsinə adekvat reaksiya verməli” olduğunu bildirdi. Bir sıra PKK, YRG mənsubları da sonlaralar müxtəlif mətbuat orqanlarına verdikləri müsahibələrdə terror təşkilatı mənsublarının Qarabağda ermənilər tərəfdə döyüşdüyünü etiraf etmişdilər.
Bundan əlavə, Livan,Suriya, Fransa və bəzi Latın Amerikası ölkələrində yaşayan erməni əsilli vətəndaşların erməni diasporunun çağırışları ilə beynəlxalq hüquq prinsiplərinə zidd olaraq, döyüşlərdə iştirakı məlum olmuşdur. 1 oktyabr tarixində Suriya İnsan Haqları Monitorinq mərkəzi erməni əsilli suriyalı döyüşçülərin Suriyadan Ermənistana aparıldığını təsdiqləyib.
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanda daxili vəziyyət, xalq-hakimiyyət birliyi
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanda siyasi-iqtisadi sabitlik hökm sürmüşdür. Xalq-hakimiyyət birliyi ən yüksək səviyyədə nümayiş olunmuşdur. 27 sentyabr səhər saatlarında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilən məlumatlara görə Ermənistanın törədə biləcəyi təxribatların qarşısını almaq üçün ölkə üzrə internetin verilişində bir sıra məhdudiyyətlər tətbiq olunmuşdur. Həmçinin Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edərək, sosial şəbəkədə, elektron media və digər kütləvi informasiya vasitələrində rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırmışdır. Hərbi vəziyyətlə əlaqədar Milli Məclisdə keçirilən iclasda 27 sentyabr 00:00-dan etibarən Bakı, Gəncə, Göygöl, Yevlax və bir sıra rayonlarda komendant saatı elan olunması qərarı qəbul olunmuşdur. Verilmiş sərəncama əsasən, Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazov hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilmişdir. Həmçinin, Azərbaycan Hava Yollarının mətbuat xidməti 30 sentyabr tarixinədək Azərbaycan Respublikasının bütün hava limanlarının müntəzəm sərnişin reysləri üçün bağlanacağını açıqladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalayıb və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb. Sərəncam 28 sentyabr qüvvəyə minib. Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr Azərbaycan xalqı tərəfindən böyük sevinclə və ruhyüksəkliyi ilə qarşılanır. Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar, eləcə də Türkiyə vətəndaşları bu nailiyyətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları göndərib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ünvanına “ermənilərə qarşı döyüş əmri” gözləyən minlərlə Türkiyə vətəndaşı məktub göndərib, qardaş ölkənin işğalçılardan azad olunması üçün daim hazır olduqlarını bildirib. Həmçinin, 27 sentyabrdan etibarən, Bakı şəhərinin küçələrində, yaşayış binalarının eyvanlarında, mağaza və digər obyektlərin fasadlarında üç rəngli Azərbaycan bayrağı dalğalanır. Əhali, cəbhədə qazanılan uğurlar və bəzi ərazilərin işğaldan azad edilməsinin şərəfinə evlərini bayraqlarla bəzəyir. Eyni zamanda avtomobillərdən də kiçik bayraqlar asılır.
30 sentyabr tarixində Gənclər və İdman Nazirliyi, AFFA ilə birlikdə “Biz birlikdə güclüyük” adlı bayraq aksiyası təşkil edib. Aksiya könüllüləri paytaxt Bakı şəhərinin 3 fərqli hissəsində yüzlərlə bayraq paylayıb.
Ermənistanda daxili vəziyyət
Ermənistan hökumətinin qərarına əsasən 27 sentyabr 2020-ci il tarixdə qəbul edilmiş 1585N qərara uyğun olaraq 55 yaşdan aşağı şəxslər üçün səfərbərlik elan edib. Bu elana əsasən, Ermənistanda 18 yaşdan 55 yaşınadək kişilər ölkəni yalnız ərazi hərbi komissarlıqlarının yazılı icazəsi ilə tərk edə bilərlər. 29 sentyabr tarixində, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın cəbhə xəttinə getməsi ilə əlaqədər olaraq, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və 2008-ci il seçki sonrası iğtişaş iddiasında ittiham olunan digər keçmiş məmurların məhkəməsi təxirə salındı. 1 oktyabr tarixində Ermənistanda TikTok proqramına giriş qadağan edilib. Elə həmin gün, Ermənistan Milli Təhlükəsizlik Xidməti keçmiş yüksək rütbəli Ermənistan hərbi məmurunu Azərbaycan kəşfiyyat orqanlarına casusluq etməkdə şübhəli bilinərək həbs olunduğunu və xəyanətdə ittiham olunduğunu bildirdi. 2 oktyabr tarixində Ermənistan Dağlıq Qarabağa gedən bütün avtomobil yollarını bağlamışdır. Yollar sadəcə hərbi yerdəyişmə məqsədilə istifadə edilirdi. Ermənistan silahlı qüvvələrinin bir sıra ön xətt bölmələrinin şəxsi heyətinin demoralizə olunması, bir çox hərbi qulluqçunun isə ümumiyyətlə döyüşdən imtina etməsi səbəbilə Ermənistan Müdafiə Nazirliyi ölkə qadınlarına müraciət etməyə başlayıb. 2 oktyabr tarixində Ermənistan Müdafiə Nazirliyi tərəfindən qadın batalyonu yaradılıb və komplektləşdirilməyə başlanılıb. Ermənistan qadınların ümidinə qalmışdır.
İnformasiya müharibəsi, kiber hücumlar
İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan informasiya müharibəsinin də qarşısı layiqincə alındı. Azərbaycan informasiya müharibəsi sahəsində də Ermənistanı üstələdi. Ermənistanın yaydığı yalan xəbərlər vaxtında təkzib olunur, dünya ictimaiyyətinə obyektiv məlumatlar çatdırıldı. Erməni kiber hücümlarının da qarşısı layiqincə alınırdı.
Prezident İlham Əliyev dərin biliyi, dəmir məntiqi, təkzibolunmaz arqumentləri ilə ermənipərəst medianın qarayaxma kampaniyasını zərərsizləşdirə bildi, informasiya cəbhəsini təkbaşına yardı. Xüsusi tapşırıq alan bəzi Qərb müxbirləri mətləbi yayındırır, feyk məlumatlara istinad edərək Azərbaycan tərəfinin ünvanına əsassız ittihamlar səsləndirirdilər. Münaqişədə Türkiyənin iştirakı, F-35-lərdən istifadə, Suriya və Liviyadan muzdluların cəlb olunması, atəşkəsin pozulması və bir çox digər qıcıqlandırıcı suallar dönə-dönə təkrarlanırdı. Dövlətimizin başçısı hər dəfə bu ittihamları təkzibolunmaz fakt və dəlillərlə puça çıxarır, Qarabağın tarixindən, münaqişənin səbəblərindən danışır, fürsətdən istifadə edərək, dünyaya əsl həqiqətləri çatdırırdı. Almaniyanın ARD telekanalının müsahibəsindəki bir suala və Prezidentin cavabına diqqət edək. Sual: Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır? Cavab: Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud ReynVestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Cavab qısa və lakonikdir. Amma elə dərin məna kəsb edir, elə təsirlidir ki, inanmıram, bir də hansısa qərbli müxbir bizim Prezidentə buna bənzər sual ünvanlasın.
Ötən 17 ilə nəzər salsaq görərik ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ məsələsinin daim gündəlikdə qalması üçün əlindən gələni edib. Bütün nitq və çıxışlarında, beynəlxalq təşkilatların tribunalarında, dünya liderləri ilə bütün görüşlərində, müsahibələrində bu barədə danışıb. Çalışıb ki, təcavüzkarın və zərərçəkmiş tərəfin kim olduğunu hər kəs bilsin. İndi dünyada hamı bunu bilir. Vətən müharibəsinin uğurunu şərtləndirən əsas amillərin biri də məhz budur. Döyüş meydanındakı qələbəyə gəlincə, müharibənin sonunda yaşanan tam fərqli iki mənzərəni təsvir etmək yetər: Cəbhənin bir tərəfində qalib Ordunun məğrur dayanmış Müzəffər Ali Baş Komandanı İlham Əliyev, digər tərəfində ordusu dağılmış, rəzil duruma düşmüş Paşinyan. Xalqımız öz lideri İlham Əliyevin portretini başı üzərinə qaldırır. Paşinyan isə lağa qoyulur, ona lətifələr qoşulur. “Cəbrayıla yol çəkirdin, Paşinyan. Nə oldu? Hanı o yol? Bəs Şuşada parlament binası tikirdin, nə oldu? Cəhənnəmə getdi”, – Prezidentimizin bu sözləri insanlar arasında zərb-məsələ çevrilib. Biri dediyinə əməl etməyəndə onu məsxərəyə qoyub soruşurlar: “Nə oldu bəs, Paşinyan?”.
Azərbaycan hakerləri tərəfindən bir sıra erməni saytları sındırılaraq Prezident İlham Əliyevin beynəlxalq tribunada səsləndirdiyi “Qarabağ Azərbaycandır və Nida işarəsi”, həmçinin “Əgər erməni əsgəri ölmək istəmirsə rədd olsun Azərbaycan torpağından” fikirləri yerləşdirilib. Erməni saytlarında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun fotoları da yerləşdirilib. 27 sentyabr günorta saatlarında başlayan hücumlarla ümumilikdə 90 erməni saytı sındırılıb. Bu saytlar arasında Ermənistanın ən məşhur xəbər və video portalları da yer alıb. 27 sentyabr axşam saatlarında başlayan hücumlarla birlikdə isə Ermənistanın dövlət strukturlarına məxsus çox sayda məxfi sənədlər azərbaycanlı hakerlər tərəfindən ələ keçirilib. Bu sənədlər arasında Ermənistanın Dövlət Təhlükəsizlik Xidmətinə, Ermənistan Prezidentinə, Ermənistanın Xarici İşlər Nazirliyinə aid xeyli məlumatlar var.
Həmçinin, mümkün erməni təxribatının qarşısını almaq məqsədilə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti, vətəndaşlara sosial mediada, telefon mesaj bölməsində və ya e-poçt adreslərinə daxil olan heç bir linkə daxil olmamağı, heç bir faylı yükləməməyə çağırmışdır. 29 sentyabr tarixində Anti-armenia Team haker qrupu tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus 10 GB həcmində məxfi sənədlər ələ keçirilmişdir. Karabakh Hacking Team qrupundan olan bir neçə haker Ermənistan hökumətinin elektron sənəd dövriyyəsi sistemini sındırıb. Nəticədə 50 TB həcmində sənədlər əldə edilib.
Azərbaycan siyasi rəhbərliyinin güclü iradəsi
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İlham Əliyev, öz çıxışında, “Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Mən Ermənistana xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar. Əməliyyat uğurla keçirilir. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir.” – ifadələrini dilə gətirmişdir.
Almaniya Kansleri Angela Merkel və İlham Əliyev arasında baş tutan telefon zəngində, dövlət başçısı qeyd edib ki, Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı danışıqlar prosesini mənasız edir və Ermənistan rəhbərliyinin Azərbaycandan dırnaqarası “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparması tələbi danışıqlar formatının dəyişdirilməsi cəhdi kimi qiymətləndirilməlidir. Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır.
Sentyabrın 29-da Rossiya 1 telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan Prezidenti İlham Əliyev aparıcıların suallarını cavablandırıb. O öz açıqlamalarında, Türkiyə polemikasına dair: “Hesab edirəm ki, Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır.” – deyə cavab verib. Aparıcının Suriya Milli Ordusunun Qarabağda döyüşməsinə dair verdiyi suala isə: “Bu, növbəti feyk-nyusdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur və bunu erməni təbliğatı ortaya atıb.” – deyə bildirib və reportaj başa çatıb.
Sentyabrın 30-da İlham Əliyev və Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündə demişdir: “Ermənistanın baş naziri bizə qarşı şərtlər qoyur. Mən bir müddət bundan əvvəl demişdim ki, biz bu şərtləri rədd edirik. Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Mən demişdim ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq.” – deyə İlham Əliyev bildirib.
İlham Əliyev 4 oktyabr xalqa müraciəti zamanı Qarabağdakı qanunsuz məskunlaşma barədə danışıb: “Qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentinin Şuşaya köçürülməsi nə deməkdir? Yenə də Azərbaycan xalqını təhqir etmək cəhdidir. Cəbrayıla Ermənistandan yeni yolun çəkilməsi nə deməkdir? O deməkdir ki, orada qanunsuz məskunlaşma aparılacaq. Artıq Livandan, başqa yerlərdən erməniləri gətirirlər, köçürürlər bizim qədim şəhərimizə, Şuşada yerləşdirirlər, televiziyada göstərirlər, beynəlxalq konvensiyaları pozurlar, Cenevrə Konvensiyasını tapdalayırlar. Bunlara söz deyən var? Tapşırıq vermişəm bütün bizim xarici diplomatik orqanlara. Məsələ qaldırın, BMT-də, ATƏT-də, Avropa İttifaqında, başqa təşkilatlara, deyin ki, bu, qanunsuzdur! Qanunsuz məskunlaşma cinayətdir! Buna reaksiya oldu? Minsk qrupu bir açıqlama verdimi? Vermədi! Avropa İttifaqı verdimi? Vermədi! Dedi ki, bu, bizi maraqlandırmır. Maraqlandırmırsa, indi də maraqlandırmasın. İndi nə əl-ayağa düşmüşünüz? Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!” deyə, Prezident əlavə edib.
Noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində demişdir ki, “Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik. 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlərboyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə köçürülübdür, hansı məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə təqdim etdik, sübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.”
Ermənistanın rəhbərliyinin çarəsizliyi
27 sentyabr tarixində Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan hakimiyyətini geniş miqyaslı bir təxribatda ittiham etmişdir. O bildirdi ki, “Azərbaycan rəhbərliyinin son dövrlərdəki təcavüzkar bəyanatları, Türkiyə ilə geniş miqyaslı birgə hərbi təlimlər, habelə ATƏT-in monitorinq təkliflərini rədd etməsi” bu müharibəyə əvvəldən hazırlaşdığının göstəricisidir. 28 sentyabr tarixində Ermənistan Respublikası Xarici İşlər Nazirliyi müharibə haqqında rəsmən açıqlama vermişdir.
Həmçinin, Ermənistanın Rusiyadakı səfiri Vardan Toqyanyan Ermənistanın yeni silah təchizatı üçün Rusiyaya müraciət edəcəyini bildirib. 30 sentyabrda Baş nazir Nikol Paşinyan Ermənistanın rəsmi olaraq Dağlıq Qarabağı müstəqil bir ərazi olaraq tanınmasını düşündüyünü bildirdi. Həmin gün Ermənistan Xarici İşlər Nazirliyi, Türkiyə Hərbi Hava Qüvvələrinin Dağlıq Qarabağ ərazisində cəbhə boyu təxribat xarakterli uçuşlar həyata keçirdiyini bildirmişdir.
1 oktyabr tarixində Arayik Harutyunyan ermənilərin uzunmüddətli müharibəyə hazırlaşmalarının lazım olduğunu bildirdi. 3 oktyabr tarixində Ermənistan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti “bölgədə sülh və təhlükəsizliyin bərpası” üçün Qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanımağa çağırdı.
1 oktyabr tarixində İsrailin Azərbaycana silah satışını iddia edən Ermənistan İsraildəki səfirini geri çağırmışdır. 8 oktyabr tarixində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Ermənistan prezidentinin əmri ilə işdən azad olunmuşdur. Elə həmin gün, Ermənistan Daxili İşlər Nazirliyi Novaya qazeta müxbiri İlya Azarın Dağlıq Qarabağa akkreditasiyasız daxil olaraq Şuşa və Laçında reportaj apardığını bildirərək jurnalın akkreditasiyasını ləğv etmişdir.
İkinci Qarabağ müharibəsi və beynəlxalq reaksiyalar
Türkiyə – Erməni xalqını onları fəlakətə aparan hökumətlərinə və onları bir kukla kimi oynadanlara qarşı çıxmağa, gələcəklərinə sahib çıxmağa dəvət edirəm. Bütün dünyaya işğala və zülmə qarşı verdikləri mübarizədə Azərbaycanın yanında olmağa çağırıram. 30 ilə yaxındır məsələyə etinasız yanaşan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri həll üçün fəaliyyətdən, təəssüf ki, çox uzaqdır. Ermənistan bölgədə sülh və sabitliyin önündəki ən böyük təhdid olduğunu növbəti dəfə göstərib. Türk milləti hər zaman olduğu kimi bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanındadır”, – deyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında vurğulayıb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, həmçinin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Numan Kurtulmuş Azərbaycanın Ankaradakı səfirliyini ziyarət ediblər. onlar Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşüblər. Nazir səfirlikdəki çıxışında deyib: “Bu problemin həlli çox sadədir. Bunun üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır.”
Türkiyənin Müdafiə naziri Hulusi Akar ölkəsinin Azərbaycanın tərəfində olduğunu bildirib və Ermənistanın mövqeyinin Qafqazda sülh və sabitliyin ən böyük əngəli olduğunu vurğulayıb.
Qardaş Türkiyə Cümhuriyyəti Vətən müharibəsində birmənalı şəkildə Azərbaycanın yanında olduğunu sözdə və əməldə nümayiş etdirdi.
Böyük Britaniya – İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini müdafiə edərək, onun ərazi bütövlüyünü dəstəkləmişdir. BMT TŞ-də Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Təhlükəsizlik Şurasının sədri adından hazırlanan və Azərbaycanın əleyhinə olan bəyanat layihəsi BMT TŞ-nin daimi üzvü olan Böyük Britaniyanın vetosu ilə qəbul edilməmişdir.
ABŞ – ABŞ Dövlət katibinin birinci müavini Stiven Biqan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla əlaqə saxlayaraq hər iki tərəfi dərhal hərbi əməliyyatları dayandırmağa, vəziyyəti daha da gərginləşməmək üçün aralarındakı mövcud birbaşa rabitə əlaqələrindən istifadə etməyə və regiondakı gərginliyi daha da artıran ritorika və hərəkətlərdən uzaq olmağa çağırıb.
ATƏT-in Minsk qrupunun amerikalı sabiq həmsədri Riçard Hoqland: “Beynəlxalq hüquqa görə, Ermənistan başqa bir suveren dövlət olan Azərbaycanın suveren ərazisinə soxulub və işğal edib”. O qeyd edib ki, ABŞ-ın əsas siyasəti bütün millətlərin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək və qorumaqdır.
Rusiya – Rusiya prezidenti Vladimir Putin çıxışlarında dəfələrlə vurğulayıb ki, “Ermənistan KTMT çərçivəsində müttəfiqdir, amma Dağlıq Qarabağ Ermənistana aid deyil, odur ki, Qarabağ ərazisindəki hərbi əməliyyatlarla bağlı Rusiya vasitəçilikdən savayı, hər hansı öhdəlik daşımır”.Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin tərəflərini dərhal atəşi dayandırmağa çağırıb. 44 günlük müharibə dövründə Rusiyadan Ermənistana daşınan silah-sursat və hərbi texnikanın sayının artırılması ilə bağlı məlumatlar yayılmışdır. Məlumatlara görə, silah-sursat və hərbi texnika Gürcüstan tərəfindən hərbi yüklərin onun ərazisindən daşınmasına qoyulan qadağa ilə əlaqədar olaraq Qazaxıstan – Türkmənistan – İran hava yolu marşurutu üzrə daşınmışdır. Rusiya tərəfi dəfələrlə rəsmi olaraq daşınan yüklərin silah-sursat və hərbi texnika deyil, Ermənistandakı Rusiya hərbi bazasının ehtiyacları üçün tikinti materialı olduğunu bildirmişdir.
İtaliya – İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini müdafiə edərək, onun ərazi bütövlüyünü dəstəkləmişdir. İtaliyanın Kampobasso əyalətinin Sepino və San Culiano del Sannio bələdiyyələri, Milan əyalətinin Korbetta şəhər Bələdiyyə Şurası Ermənistanın Azərbaycana qarşı təcavüz, etnik təmizləmə, soyqırımı siyasətini pisləyən və Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənədlər qəbul edib.
Fransa – Fransa İrəvan və Bakını hərbi əməliyyatları dərhal dayandırmağa və danışıqları yenidən başlamağa çağırıb. Fransa Xarici İşlər Nazirliyinin sözçüsü etdiyi açıqlamada “Fransa qarşıdurmadan son dərəcə narahatdır” ifadəsini işlətmişdir.
Fransa Azərbaycan – Ermənistan arasında baş verən münaqişədə işğalçı Ermənistanı dəstəkləmişdir. Fransanın Prezidenti Emmanuel Makronun sentyabrın 30-da Ermənistan və Azərbaycan arasında baş verən münaqişə ilə bağlı bəyanatı, bu münaqişəli məsələnin həll edilməsi üçün yaradılan Minsk Qrupu həmsədri kimi ölkənin vasitəçilik missiyası ilə uyğun gəlmir və bu missiyanı şübhə altına alır. Fransa Respublikası Senatının 2020-ci il noyabrın 25-də qəbul etdiyi “Dağlıq Qarabağ respublikası”nın tanınmasına dair qətnamə layihəsi haqlı olaraq Azərbaycanın etirazına səbəb olmuşdur.
Gürcüstan – Prezident Salome Zurabişvili tərəfləri barışığa çağırmış, bölgədə sülh və əminamanlığın qorunmasını dəstəklədiyini bildirmişdir. Gürcüstan Respublikasının 3-cü Prezidenti Mixeil Saakaşvili öz Facebook səhifəsində “Mənim mövqeyim ərazi bütövlüyü prisipinə əsaslanır, yəni Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və heç bir şey onu dəyişdirməyəcəyi” fikrini ifadə etmişdir. Gürcüstan 44 günlük müharibə dövründə onun ərazisindən və hava məkanından istifadə olunaraq Ermənistana hərbi yüklərin daşınmasına qadağa qoyub.
Serbiya – 44 günlük müharibədən əvvəl və müharibə dövründə Serbiyanın Ermənistana silah satması haqqında təkzibolunmaz məlumatlar əldə olunmuşdur. Bu isə Azərbaycanın narazılığına səbəb olub və bu ölkəyə etiraz bildirilib.
Yunanıstan – 44 günlük müharibə dövründə dolayısıilə Ermənistanı dəstəkləmişdir.
Almaniya – Almaniya Xarici İşlər naziri Hayko Maas Ermənistan və Azərbaycan detallı danışıqların lehinə güc tətbiqindən dərhal imtina etməli deyib və münaqişənin hər iki tərəfini dərhal bütün hərbi əməliyyatların dayandırılmasına çağırmışdır. Həmçinin kənd və qəsəbələrin atəşə tutulmasından da olduqca narahat olduğunu bildirmişdir.
İran – İran Xarici İşlər nazirinin sözçüsü Səid Xətibzadə, İranın hərbi toqquşmaları diqqətlə izlədiyini, Tehranın Azərbaycan və Ermənistan arasında atəşkəs əldə olunması üçün vasitəçilik etməyə hazır olduğunu bildirib. Müharibə gedişində İran ərazisindən Ermənistana hərbi yüklərin daşınması haqqında yayılan məlumatları İran rəsmiləri təkzib etmişdir. İran öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı. İranın müxtəlif şəhərlərində Azərbayacanın qələbələrinə dəstək aksiyaları da diqqəti cəlb edirdi. Şuşanın azad edilməsi və Azərbaycanın İranla sərhədi nəzarətə götürməsi Təbriz, Ərdəbil və digər şəhərlərdə xüsusi sevinclə qarşılandı. İran sərhədindən Azərbaycan ordusunun işğalçılara zərbələr endirilməsinin Arazın o biri tayından izlənilməsinə dair görüntülər internetdə xeyli izləndi.
Pakistan – Pakistan Xarici İşlər Nazirliyi: Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün hərbi əməliyyatını dayandırmalıdır. Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəkləyirik və bu, yekdilliklə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğundur. Qardaş Pakistan 44 günlük müharibə dövründə Azərbaycanın yanında olduğunu açıq nümayiş etdirdi.
Qazaxıstan – Qazaxıstan Xarici İşlər Nazirliyi: Vəziyyəti sabitləşdirmək, güc tətbiqindən imtina etmək və danışıqlara başlamaq üçün bütün tədbirləri görməyə çağıraraq, münaqişənin beynəlxalq təşkilatlar platformasında sülh yolu ilə həll olunmasına köməyini təklif etdiyini bildirib.
Əfqanıstan – Əfqanıstanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ bölgəsindəki gərginliklə bağlı bəyanat yayıb. “Dağlıq Qarabağ bölgəsi beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınıb. Əfqanıstan, Dağlıq Qarabağdakı işğala son qoyulmasını tələb edir “, – deyə XİN-in bəyanatında vurğulanıb.
Bosniya və Herseqovina – Bosniya və Herseqovinanın Rəyasət Heyətinin boşnak üzvü Şefik Djaferoviç və Demokratik Fəaliyyət Partiyasının lideri Bakir İzetbegoviç, Azərbaycana dəstək verdiklərini, Ermənistanı qınadıqlarını və vəziyyəti 1992–1995-ci illər arasında Bosniya müharibəsi ilə müqayisə etdiklərini söylədi.
İsrail – Yisrael Beiteinu partiyasının lideri, ölkənin keçmiş xarici işlər və müdafiə naziri Aviqdor Liberman yerli “Vesti” nəşrinə açıqlamasında Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu xatırladıb: “Elə buna görə də BMT üzvü olan heç bir dövlət, o cümlədən Ermənistanın özü də Dağlıq Qarabağı suveren qurum kimi tanımayıb. Tarixi gerçəklik, beynəlxalq hüquq, İsrail dövlətinin mənafeyi baxımdan bizim mövqeyimiz tamamilə birmənalıdır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu ərazi bütövlüyü bərpa olunmadan regionda məsələnin həllinin mümkün olmadığını düşünürük. Azərbaycanın ərazi bütövlüyü tarixi, beynəlxalq, milli mənafe baxımdan İsrailin rəsmi mövqeyidir”, – deyə bildirib.
Macarıstan – Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin verdiyi bəyanatda qeyd olunur ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşir
Beynəlxalq təşkilatların münasibəti
Avropa İttifaqı – Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi tərəflərini döyüş əməliyyatlarını dayandırmağa, gərginliyi azaltmağa və atəşkəsə ciddi əməl etməyə çağırıb. Həmçinin, Avropa İttifaqı Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Cozef Borrellin bəyanatında ATƏT-in Minsk qrupu həmsədrlərinin rəhbərliyi altında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə heç bir ilkin şərt qoyulmadan danışıqlara dərhal qayıtmağın zəruriliyi vurğulanmışdır. Ümumiyyətlə, Avropa qurumları münaqişəyə münasibətdə ikili standartlar nümayiş etdirmiş, Azərbaycanın beynəlxalq hüquqda təsbit olunan ərazi bütövlüyünü bərpa etmək hüququnu real olaraq dəstəkləməmişdir.
BMT – Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreş “hər iki tərəf dərhal döyüşləri dayandırmalı, gərginliyi azaltmalı və təxirə salınmadan mənalı danışıqlara qayıtmalıdır” sözləri ilə çıxış edib. Təşkilat 29 sentyabrda vəziyyətlə bağlı qapalı formada təcili müzakirə aparacağını açıqlayıb.
ATƏT – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı hər iki tərəfi hərbi əməliyyatları dayandırmağa və danışıqlara qayıtmağa çağırdı.
Türk Şurası – Türk Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki hərbi qarşıdurmadan dərin narahatlığını bildirdi. Türk Şurası, Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qorumağa çağırdı və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb etdi.
İkinci Qarabağ müharibəsi və Azərbaycan diasporu
Oktyabrın 6-da Türkiyənin İstanbul və Konya şəhərlərində Azərbaycan dövlətinə dəstək məqsədilə mitinq keçirilib. Oktyabrın 6-da Kanadanın Kalqari şəhərində Azərbaycana dəstək məqsədilə həmrəylik yürüşü keçirib.
Oktyabrın 8-də “Eskişehirspor” stadionunda baş tutan aksiyada Eskişehir Azərbaycanlıları Dərnəyi, Humanitar Yardım Fondu (İHH) və digər qeyri-hökümət təşkilatlarının rəhbərləri və üzvləri iştirak ediblər.
Oktyabrın 11-də Gürcüstanın Marneuli rayonunda müstəqil Azərbaycan dövlətinə dəstək məqsədilə izdihamlı mitinq keçirilib.
Oktyabrın 13-də İtaliyanın Milan şəhərində Ermənistanın işğalçı siyasətinə etiraz və müstəqil Azərbaycan dövlətinə dəstək məqsədilə aksiya keçirilib.
İsrailin Petax-Tıkva şəhərindəki Azərbaycan diasporu Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı işğalçı, təcavüzkar və terrorçu siyasətinə etiraz əlaməti olaraq aksiya keçirib.
Oktyabrın 17-də Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Berlin şəhərində Ermənistan silahlı qüvvələrinin Gəncəyə növbəti raket zərbələri endirməsi nəticəsində mülki şəxslərin, azyaşlı uşaqların həlak olmasına, mülki obyektlərə ciddi ziyan dəyməsinə etiraz olaraq 10 mindən çox azərbaycanlının iştirakı ilə aksiya təşkil edilib.
Oktyabrın 18-də Azərbaycanın Müstəqillik günü münasibətilə ABŞ-da İllinoys ştatının Çikaqo şəhərinin meriyası qarşısında Azərbaycan himninin sədaları altında Azərbaycan bayrağı havaya qaldırılıb. Oktyabrın 18-də Kanadanın Toronto şəhərində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Azərbaycanın mübarizəsini dəstəkləyən həmrəylik yürüşü keçirib.
Oktyabrın 21-də Polşanın Vrotslav şəhərinin azərbaycanlı icmasının təşəbbüsü ilə Vrotslav şəhərinin bələdiyyə binasının qarşısında icazəli etiraz aksiyası keçirilib.
Oktyabrın 26-da ABŞ-ın Mayami, Minneapolis, San-Fransisko və Solt-Leyk-Siti şəhərlərində etiraz aksiyası keçirilib.
Oktyabrın 26-da İsveç Azərbaycanlıları Birliyinin təşkilatçılığı ilə Ermənistanın Gəncə şəhərində törətdiyi terror aktlarına etiraz əlaməti olaraq Stokholm şəhərinin əsas mərkəzi “T-Central”dan (Ahleans) başlayaraq səssiz yürüş keçirilib.
Oktyabrın 27-də Londonda yaşayan azərbaycanlılar Böyük Britaniyanın baş naziri Boris Consonun ofisinin qarşısında icazəli aksiya keçirib.
Oktyabrın 29-da ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayan azərbaycanlılar Ermənistan ordusunun Azərbaycanın Bərdə və Gəncə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdikləri terror aktlarını dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə Hyuston şəhər meriyasının binası qarşısında icazəli aksiya keçirib.
Oktyabrın 30-da İtaliyada yaşayan və təhsil alan azərbaycanlılar, eləcə də türk icmasının nümayəndələri Venesiya şəhərində Gəncə və Bərdədə Ermənistan ordusunun terror aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsini yaşadıqları cəmiyyətə çatdırmaq üçün aksiya keçiriblər.
İkinci Qarabağ müharibəsi və erməni diasporu
İkinci Qarabağ müharibəsi zamanı erməni diasporu gözlənildiyi kimi fəal olmadı. Ayrı-ayrı ölkələrdə yaşayan erməni diaspo nümayəndələri öz aqresiv hərəkətləri ilə yadda qaldılar.
Oktyabrın 11-də ABŞ-ın Vaşinqton, San-Fransisko, Nyu-York, Boston və digər yerlərində daha kiçik etirazlarla birlikdə, Los-Anceles şəhərinin erməni icması Türkiyə konsulluğunun önündə 100.000 nəfərlik etiraz yürüşü keçirib.
Oktyabrın 28-də Fransanın cənub qərbində yerləşən İsere şəhərində ermənilər yolu bağlayaraq nəqliyyatın hərəkətini dayandırıblar. Lion və Marsel şəhərlərinə gedən yolda tıxac yaranıb. Tıxacda qalanlarla aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Bununla kifayətlənməyən 300–400 nəfər erməni aksiyaçıları işə gedən türklərə hücum edib onları yaraladılar.
İdman sahəsində alınan qərarlar
UEFA-nın İcraiyyə Komitəsi Azərbaycan və Ermənistanda UEFA bayrağı altında oyunların keçirilməsinə qadağa qoydu. Qurum Dağlıq Qarabağda yaranmış vəziyyətlə əlaqədar bu addımı atıb. Hər iki ölkə təmsilçilərinin qeyri-müəyyən müddətə qədər evdə oynamaması qərara alıb. Vəziyyətə nəzarət edən UEFA-nın bu qərarı Avro 2020-nin gələn ilin yayında baş tutacaq final mərhələsi oyunlarının Bakıda keçirilməsinin planlaşdırılmasına təsir etmir.
Erməni faşizminin məğlubiyyəti və bölgədə yeni reallıqlar
Keçmiş müharibələrdə “Yandırılmış torpaq” adlandırılan bir taktika vardı. İşğalçı ordu geri çəkilmək zorunda qalanda hər şeyi dağıdır, yaxud talayıb aparır, apara bilmədiyinə od vurub yandırırdı. Bu, həm də ona görə edilirdi ki, yerli əhali, torpağın əsl sahibi bir daha o yerlərdə məskunlaşa bilməsin. 1977-ci ildə Cenevrə Konvensiyasının bir nömrəli Protokolunun 54-cü maddəsi ilə “Yandırılmış torpaq” taktikası qadağan olunub və belə əməllər müharibə cinayəti sayılır. Ermənilər XXI əsrdə sivil dünyanın gözü qarşısında ibtidai icma dövrünə xas olan bu taktikanı işlədirlər. Prezidentimizin dediyi kimi, elə bil bu yerlərdən vəhşi qəbilə keçib. İşğaldan azad edilmiş şəhər və kəndlərimizin videogörüntüləri ürək ağrıdır. Vəhşi düşmən daş üstə daş qoymayıb, hər yeri xarabazara çevirib. Ağaclar kəsilib, meşələr qırılıb və yandırılıb, torpaqlar yararsız hala salınıb. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı səhranı xatırladır. Ağdam sanki ruhlar şəhəridir, atom bombası heç Xirosimanı da belə dağıtmamışdı. Ermənistanın müharibə cinayətləri bununla da bitmir. Gəncəyə iki dəfə ballistik raket atıldı, Bərdə kasetli mərmilərlə atəşə tutuldu. Tərtərə, Ağdama, Goranboya atılan mərmilərin sayı-hesabı bilinmir. Yüzədək mülki şəxs – uşaqlar, qadınlar, qocalar erməni faşizminin qurbanı oldu, minlərlə ev, yaşayış binası, infrastruktur obyekti dağıdıldı.
Onların faşist simasını bütün dünyanın görməsi vacibdir. Qoy, hamı görsün və bilsin ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Hamı bilsin ki, biz təkcə işğalçı ordunu deyil, bəşəriyyət üçün təhlükə mənbəyi olan erməni faşizmini məhv etmişik. Prezidentin tapşırığı ilə Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş rayonlara səfərləri təşkil olunur, onlar erməni vəhşiliyini öz gözləri ilə görürlər. Törədilən dəhşətli dağıntılar bir-bir qeydə alınacaq, sənədləşdirilərək beynəlxalq məhkəməyə veriləcək. Erməni faşistləri yəqin ki, bu dəfə ədalət divanından yayına bilməyəcəklər.
Düşmən güman edirdi ki, bu dağıntılardan sonra azərbaycanlılar bir də o yerlərə qayıtmayacaq. Səhv etdilər. Azərbaycan xalqı 30 ildir doğma torpaqlarına qovuşmaq arzusu ilə yaşayır, Qarabağla nəfəs alırdı. Prezidentimiz işğaldan azad olunmuş Füzuli və Ağdam şəhərlərinə səfər edərkən Qarabağla bağlı gələcək planlarını açıqladı. Bəyan etdi ki, bütün şəhər və kəndlər baş plan əsasında bərpa olunacaq. Vətəndaşların doğma yurda qayıtması üçün dövlət tərəfindən lazımi kömək göstəriləcək. Artıq Füzulidən Şuşaya yeni yolun çəkilişinə, Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanıb. İkinci Qarabağ müharibəsi bölgədə yeni reallıq yaradıb. Zaman-zaman başı üstündən tufanlar əsmiş gözəl Qarabağımız böyük ümidlə gələcəyə boylanır. Şuşa, Ağdam məscidində 27 ildən sonra yenə azan səsi eşidilir, “Qarabağ şikəstəsi” Qarabağ torpağında səslənir. O yerlərə 30 ildən sonra həyat qayıdır, o torpaqların yeni dövranı başlayır.
Vətən müharibəsinin uğurlu sonluğu bölgədə qüvvələr nisbətini dəyişdi, yeni reallıq yaratdı. İndi biz tək deyilik. Qardaş Türkiyə artıq yanımızda, siyasi masadadır. Qarabağda atəşkəsə türk əsgəri də nəzarət edəcək. Ankaradan ən yüksək səviyyədə mesajlar gəlməkdə davam edir: biz Azərbaycanın yanında olmağa davam edəcəyik. Bu siyasi-mənəvi dəstək gücümüzə güc qatır, Ermənistanın havadarlarını müdaxilədən çəkindirir. Azərbaycan və Türkiyə prezidentlərinin bir-birinə qardaş deyə müraciət etməsi, ay-ulduzlu bayraqlarımızın yanaşı dalğalanması dostlarımız üçün fəxarət, bədxahlarımıza göz dağıdır. Bu gün 30 il davam edən status-kvo da yoxdur. Status məsələsi gündəlikdən çıxıb. Əvəzində Qarabağın dağılmış şəhər və kəndlərinin bərpası planlarının icrası başlayıb.
Dünyadakı çoxsaylı münaqişələrin və müharibələrin gedişinə nəzər salsaq görərik ki, son nöqtəni güclü tərəf qoyur. Azərbaycan xalqının Qarabağ uğrunda 44 günlük Vətən müharibəsi buna ən yeni nümunədir. Ötən 17 ildə güc topladıq, düşmənin başını dəmir yumruqla vurub əzdik. Otuz il davam edən işğala, ədalətsizliyə 44 gündə son qoyuldu.
Azərbaycanlıların Böyük Vətən müharibəsində iştirakı
XX əsrdə bəşəriyyətin tale yükünə iki dünya müharibəsinin dəhşətlərini yaşamaq nəsib olmuşdu. Digər müharibələrdən fərqli olaraq, bu genişmiqyaslı və qanlı müharibələrə bir çox dövlətlər və onların silahlı qüvvələri cəlb olunmuşdu.
Bəzi tarixçilərə görə, əslində 1918-1939-cu illər ərzində arada fasilələrlə bir böyük müharibə baş vermişdi. Bəlkə də bu iddiada bir həqiqət var. Ancaq imperialist xarakterli və müharibə iştirakçısı olan imperiyaların dağılmasına səbəb olan Birinci Dünya Müharibəsindən fərqli olaraq, İkinci Dünya Müharibəsi bəşəriyyətin dəhşətli faşizm və nasist ideologiyasına qarşı mübarizəsi idi.
İkinci Dünya Müharibəsi üç qitəyə – Avropa, Asiya və Afrikaya, eləcə də dünyanın bütün okeanlarının sularına təsir etmişdi. Bu müharibədə 6 il ərzində 1 700 milyon əhalisi olan 61 dövlət, yəni Yer kürəsinin ümumi əhalisinin təxminən 80%-i iştirak etmişdi. Onlardan təxminən 120 milyon insan əlinə silah almalı olmuşdu. Döyüşlər 40 ölkənin ərazisində aparılmışdı.
İkinci Dünya Müharibəsi və onun əsas tərkib hissəsi olan Böyük Vətən Müharibəsi 1980-ci illərdən – Sovet cəmiyyətində plüralizm dövründən başlayaraq həm cəmiyyətdə, həm də mətbuatda artıq müzakirələrin və uydurmaların mövzusuna çevrilmişdir. Bu mövzuda mübahisələr, müzakirələr və mənfi dəyərli mühakimələrə bu gün də rast gəlmək mümkündür.
Bununla belə qeyd etmək lazımdır ki, Azərbaycan xalqı da bütün sovet xalqları kimi, faşizmə qarşı mübarizəyə öz böyük töhfəsini vermişdir. Və İttifaq dövlətinin qazandığı bu qələbə, digər xalqlar kimi, böyük insan, maddi və mənəvi itkilərə məruz qalan, ən qiymətli dəyərlərini Qələbə uğrunda qurban vermiş Azərbaycan xalqının da Qələbəsi idi.
Azərbaycanlılar Böyük Vətən müharibəsinin cəbhələrində
İkinci Dünya Müharibəsi illərində Vətənin nasist Almaniyasından qorumaq uğrunda mübarizə aparan Azərbaycan dövlətinin hər beşinci sakini Böyük Vətən müharibəsinin səngərlərində vuruşurdu. 3,4 milyon əhalisi olan (1941-ci ildə) Azərbaycandan cəbhəyə təxminən 700 min əsgər, o cümlədən 10 mindən çox qadın yola düşmüşdü. Müharibənin ilk günlərində Azərbaycanın 40 mindən çox oğul və qızları cəbhəyə göndərilməsi üçün hərbi komissarlığa ərizə təqdim etmiş, 186 704 nəfər isə arxa cəbhədə milis dəstələrinə yazılmışdılar. Tezliklə respublikanın ərazisində 87 qırıcı batalyonu, 1144 özünümüdafiə dəstəsi və 15 min nəfərlik hava hücumundan müdafiə dəstəsi təşkil edilmişdi. Hərbi hissələr üçün 15 min tibb bacısı və növbətçiləri, 750 rabitəçi, 3 min sürücü kadrları hazırlanmışdı [6; 9, c. 14; 12; 13; 15; 19; 26; 27].
Azərbaycan SSR-dən səfərbər olunan əsgərlər Leninqradın və Moskvanın müdafiəsi, Brest qalası, Stalinqrad, Qafqaz və Kursk çıxıntısı uğrunda gedən döyüşlərdə iştirak etmişlər. Ukraynada azərbaycanlılar əsasən Krım yarımadasındakı döyüşlərdə vuruşurdular. Onlar həmçinin Baltikyanı ölkələrin, Şərqi Avropanın azad edilməsi uğrunda hərbi əməliyyatlarda və Berlin uğrunda döyüşlərdə də iştirak etmişdilər. 400 mindən çox azərbaycanlı döyüşçü hərbi mükafat və medallarla təltif olunmuşdu. 14 azərbaycanlı Şöhrət ordeni kavaleri, 43 nəfər isə hərbi şücaət və rəşadətinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Onlardan 16-sı bu yüksək mükafata ölümündən sonra təqdim edilmişdi. 170 mindən çox azərbaycanlı döyüşçüləri müxtəlif hərbi orden və medallarla təltif edilmişdi. Tank qoşunlarının general-mayoru Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Sovet İttifaqı Qəhrəmanı adını qazanan ilk azərbaycanlı isə Şimal-Qərb cəbhəsində döyüşmüş baş serjant (çavuş) İsrafil Məmmədov olmuşdur. Qeyd etmək lazımdır ki, Sovet İttifaqı Qəhrəmanı, leytenant Məlik Məhərrəmovun başçılıq etdiyi hərbi dəstədə on doqquz Sovet İttifaqı Qəhrəmanı vətən uğrunda vuruşmuşdur. Ali Baş Komandan Qərargahının 18 oktyabr 1941-ci il tarixli əmri ilə 46-cı Ordunun 168-ci ehtiyatda olan atıcı alayının bazasında 223-cü atıcı hərbi diviziyasının formalaşdırılmasına başlandı. Bölmənin hissələri Azərbaycanın Quba-Sarvan-Çarxı-Qusar-Dəvəçi bölgələrində yaradılırdı. Burada döyüşçülər döyüş hazırlığı kurslarını keçirdilər. 223-cü Azərbaycan Atıcı Diviziyasının tərkibinə aşağıdakı hərbi hissələr daxil idi: 1937-ci, 1039-cu, 1041-ci atıcı alayları, 818-ci top alayı, atıcı-təlim batalyonu, 351-ci motoatıcı kəşfiyyat dəstəsi, 332-ci tank əleyhinə döyüş diviziyası, 669-cu Mina atıcı diviziyası, 587-ci döyüş mühəndisləri batalyonu, 385-ci kimyəvi müdafiə rotası, 752-ci rabitə batalyonu, 176-cı zenit-artilleriya batareyası, 820-ci tibbi-sanitar batalyonu, 422-ci avtomobil rotası [19].
Hərbi hissələrin yaradılması prosesi Azərbaycan SSR-in şimal bölgəsində, əsasən Quba, Qusar və Dəvəçi şəhərlərində aparılırdı. Sonradan 223-cü Qırmızı Bayraqlı Atıcı Diviziyası Mozdok, Georgiyevsk, Ukraynanın Kirovograd şəhəri, Moldovanın Bender və Kişinyov şəhərləri, Avropada isə Avstriyanın paytaxtı Vyana, keçmiş Yuqoslaviyanın paytaxtı Belqrad şəhərləri uğrunda gedən döyüşlərdən sonra şöhrət qazanmışdı. Belqradın azad edilməsi uğrunda döyüşlərdə iştirak etdiyi üçün diviziya Belqrad adını aldı. 223-cü Azərbaycan Atıcı Diviziyası Rumıniya və Macarıstanın azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlarda da iştirak etmişdir. 1944-cü ilin yaz hücumunun üç ayı ərzində diviziya sovet torpaqlarının 950 kvadrat km. ərazisini düşmənin hərbi qüvvələrindən təmizləmiş və 90 yaşayış məntəqəsini işğalçılardan azad etmişdi. Sovet qoşunlarının Yassı-Kişinyov hərbi əməliyyatı zamanı azərbaycanlı döyüşçülər tərəfindən Vermaxtın 257-ci Piyada Diviziyası darmadağın edilmişdi. Yuqoslaviyanın Bogovina yaxınlığında gedən döyüşdə isə azərbaycanlılar Vermaxtın 2,5 min əsgər və zabitdən ibarət hərbi hissəsini məğlub etmişdilər. Avstriya ərazisi boyunca hücum döyüşlərində iştirak edən 223-cü diviziya 4 şəhəri və 44 yaşayış məntəqəsini faşist işğalından azad etməyə müvəffəq olmuşdu.
Azərbaycanın 402-ci Atıcı Diviziyası 1941-ci ilin avqust ayında Zaqafqaziya Cəbhəsində yaradılmışdı [13]. 1941-ci il avqustun 26-da Zaqafqaziya Cəbhəsinin komandanı tərəfindən 402-ci Azərbaycan diviziyasının yaradılması haqqında direktiv imzalanmışdı. Diviziyanın formalaşdırlımasına Dağlıq Qarabağın vilayət mərkəzi olan Xankəndi şəhərində başlanmışdı. Diviziyanın şəxsi heyəti: 1 295 zabit, 1 088 kiçik komandir, 8 104 nəfər sıravi döyüşçüdən ibarət idi. Diviziyanın 9 400 döyüşçü və komandirləri, yəni şəxsi heyətin 90%-i azərbaycanlılar idi. 1941-ci ilin oktyabr ayından 1942-ci ilin aprelinə qədər diviziya İranda yerləşən Sovet qoşunlarının bir qrupunun tərkibinə daxil idi. 1942-ci ilin oktyabr ayında diviziya Şimali Qafqaza köçürülmüş və burada qəhrəmancasına Qroznı şəhərinin girişində müdafiə mövqeyini tutmuşdu. 402-ci atıcı diviziyasının birləşmələri apardıqları qızğın və şiddətli döyüşlər sayəsində Otraşnikovo, Staro-Buxirovo, Şirkutovskoye, Xoxlatskiy, Smirnovka, Poti-Onin, Sbornıy, Naydenovski yaşayış məntəqələrini düşməndən azad etmişdi. Eyni vaxtda, mayor Akim Abbasovun 833-cü alayının bölmələri Mozdokdan şimal-şərqdə İşerskaya-Kapustino-Novolednyov-Mayorsk xəttində almanlara qarşı əks-hücum cəbhə xəttini təşkil etmişdilər. Düşmən buradakı döyüşlərə 70-100 ədəd zirehli texnika cəlb etmişdi. Mayor Abbasovun döyüşçüləri almanların 13 əks hücumunu dəf etmişdilər. Almanların zirehli texnikasının əksər hissəsi məhv edildiyindən, onlar əsas hücum qüvvəsini də itirmiş oldular və geri çəkilmək məcburiyyətində qaldılar. Döyüşdə göstərdiyi cəsurluğa və qəhrəmanlığa görə 833-cü atıcı alayının 75 döyüşçüsü və komandiri SSRİ-nin hərbi orden və medalları ilə təltif edilmişdi. Mayor Abbasovun özü isə Qırmızı Bayraq Döyüş ordeni ilə təltif edilmişdi. 1942-ci ilin sonu üçün 402-ci Atıcı Diviziyasının döyüşçülərinin yalnız 4 min nəfəri, yəni heyətin yarısından da az hissəsi sağ qalmışdı. Buna görə də 402-ci diviziyadan 416-cı diviziyanın heyətini tamamlamaq üçün istifadə etmək qərara alındı. Bu andan etibarən 402-ci Atıcı Diviziyası milli təlim bölməsinə çevrildi. Bu bölmənin əsasında azərbaycanlı döyüşçülər və komandirlər təlim keçdikdən sonra cəbhəyə göndərilirdilər.
Azərbaycanın Qırmızı Bayraq Suvorov ordenli 416-cı Atıcı Diviziyası [13] Zaqafqaziya Hərbi Dairəsi komandanlığının 22 fevral 1942-ci il tarixli əmri əsasında yaradılmışdı. Bu hərbi hissə Qafqazdan Berlinə qədər döyüş yolu keçmiş və Taqanroq diviziyası fəxri adını almışdır. Diviziyanın döyüşçüləri Taqanroq və Melitopolu azad etmiş, 1944-cü il fevral ayının əvvəllərində Almaniya Vermaxtının 9-cu piyada diviziyasını darmadağın etmişdilər. Onlar Odessa, Kişinyov, Varşavanı azad edən qoşunların ön cərgələrində idilər. 1945-ci ilin fevral ayında 416-cı diviziya 295-ci diviziya ilə birlikdə faşist qoşunlarının müdafiə xəttini yararaq, Berlinin qapıları sayılan Kustrin şəhərinə daxil olmuşdu. Diviziya aprel ayında Almaniyanın paytaxtının alınması uğrunda hərbi əməliyyatda iştirak etmişdi. Mayın 1-i, günorta saat üçdə, şiddətli döyüşlərdən sonra diviziyanın 373-cü atıcı alayı Kayzer Sarayını ələ keçirərək binanın üzərinə Qırmızı bayrağı sancmışdı. 1945-ci il may ayının 2-də səhər saatlarında diviziyanın leytenant Məcidov başda olmaqla bir qrup döyüşçüsü Brandenburq qapıları üzərində Qırmızı Bayrağı qaldırmağa müvəffəq olmuşdu. Bu hadisədən az bir müddət sonra Brandenburq qapılarının qarşısında mitinq keçirildi. 5-ci zərbə ordusunun Hərbi Şurasının üzvü, general-leytenant F. E. Bokov xatirələrində yazırdı: “İlk olaraq general V.P. Züvanov çıxış etdi. O, böyük ruh yüksəkliyi ilə Berlinin alınması zamanı döyüşçülərimizin qəhrəmanlıqları və qələbənin böyük əhəmiyyəti barədə danışdı. General söylədi ki, Berlin uğrunda tarixi döyüşdə son atəş burada, Brandenburq qapılarında səsləndi və bu son zərbə Azərbaycan xalqının oğulları tərəfindən endirildi. Faşist Almaniyasının paytaxtına edilən hücumda iştirak edən qəhrəmanların xatirəsi əsrlər boyu ürəklərdə yaşayacaqdır. Biz sizinlə xoşbəxt insanlarıq, çünki bu döyüşün iştirakçıları və müharibənin qələbə ilə başa çatdığının canlı şahidləriyik” [12].
1941-1945-ci illər Vətən müharibəsinin başlanğıcında Azərbaycanlı əsgərlər daha toplu olaraq 77-ci Dağ Atıcı Diviziyasının şəxsi heyətində cəmlənmışdilər. Bu döyüş hissəsinin ilk hərbi əməliyyatı 1941-ci ildə SSRİ-nin cənub sərhədində hərbi-siyasi vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq Sovet qoşunlarının İrana etdiyi yürüşdə iştirakı olmuşdur. Qırmızı Bayraqlı Suvorov ordenli 77-ci Atıcı Diviziya Krım və Baltikyanı respublikaların ərazilərini faşist işğalçılarından azad etmişdir. Simferopolun azad edilməsi uğrunda döyüşlərdə nümayiş etdirdiyi şücaətlərə görə 77-ci diviziyaya “Simferopol Diviziyası” fəxri adı verildi. 1944-cü il may aının 7-də diviziya hücumla Sevastopolun açarı sayılan Sapun dağını ələ keçirdi. Diviziyanın döyüşçüsü Əbdüləziz Qurbanov düşmən qüvvələrini aramsız atəşləri altında dağın yüksəkliklərinə çatmış və Sapun dağının üzərində Qırmızı bayrağı qaldırmışdı. Bu diviziya Kurlandiyadakı müharibəyə son qoymuşdu. 1945-ci il may ayının 8-də Dzintari bölgəsində Vermaxt qoşunları silahlarını təhvil verərək 77-ci Diviziyanın döyüş birləşmələrinə təslim oldular.
SSRİ Dövlət Müdafiə Komitəsinin 11 avqust 1941-ci il tarixli qətnaməsinin icrası çərçivəsində Qusar şəhərində Zaqafqaziya Cəbhəsində yaradılmış 396-cı Atıcı Diviziyasının döyüş yolu faciəvi olmuşdur. Hərbi hissənin yaradılması başa çatdıqdan sonra onun hissələri əvvəlcə elə Cənubi Qafqazda yerləşdirilmişdi. Diviziya 1941-ci ilin noyabr ayında 51-ci ordunun tərkibi hissəsi olaraq hərəkətdə olan ordu sıralarına daxil olmuşdu. Hərbi birləşmə Qara dəniz sahillərinin müdafiəsində iştirak edərək, Kerç-Feodosiya desant hərbi əməliyyatı çərçivəsində Feodosiya bölgəsində enmiş və sonradan Krımda əməliyyatlarda iştirak etmişdi. 1942-ci ilin fevral ayından etibarən 396-cı diviziya Azərbaycan milli diviziyası olaraq taninmağa başlamışdır. 11-ci alman ordusunun 1942-ci ilin may ayında Krım üzərinə hücumu zamanı diviziya məhv edilmiş və onun əskərlərinin çoxu qəhrəmancasına həlak olmuşdu.
1941-1945-ci illər Vətən müharibəsinin cəbhələrində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, Tank qoşunlarının general-mayoru Həzi Aslanov, İsrafil Məmmədov, Adil Quliyev, Qafur Məmmədov, Cəmil Əhmədov, Gəray Əsədov, Müseyib Bağırov, Məlik Məhərrəmov, Ziya Bünyadov və başqaları görünməmiş qəhrəmanlıqlar nümayiş etdirmişdilər.
Belə ki, azərbaycanlı leytenant Mürsəl Məcid oğlu Mürsəlov 77-ci Atıcı Diviziyasının bölməsinə başçılıq edirdi. o 1922-ci ildə Azərbaycan SSR-in Qaşad Ağsu kəndində anadan olmuşdu. Bakı Hərbi-piyada məktəbini bitirdikdən sonra Qırmızı Ordu sıralarına çağrılmışdı. Şimali Qafqaz cəbhəsində döyüşmüş, Şərqi Avropadakı döyüş bölgələrində və Yaponiya ilə müharibədə iştirak etmişdir [15].
Almaniyanın müharibə planının uğursuzluğuna səbəb olan əsas döyüş İkinci Dünya müharibəsi illərində həlledici dönəmlərdən biri olan Stalinqrad döyüşü idi. Məhz Stalinqradın qəhrəmancasına müdafiəsi almanların Bakı neftini Rusiyanın mərkəzi bölgələrinə çatdıran əsas nəqliyyat arteriyası olan Volqanı ələ keçirmək məqsədilə tərtib etdikləri planlarını alt-üst etməyə imkan yaratdı. 35-ci tank briqadasının komandiri azərbaycanlı general-mayor Həzi Aslanov Stalinqrad uğrunda aparılan döyüşlərində qəhrəmancasına iştirak etmişdir. Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanıdır.
Qeyd etmək lazımdır ki, 1980-ci il may ayının 7-də Sambek kəndi yaxınlığında Qələbənin 35-ci ildönümü münasibətilə müharibədə həlak olmuş əsgərlərin xatirəsi, azadlıq uğrunda canlarından keçmiş döyüşçülərin şücaət və qəhrəmanlıqlarının şərəfinə Xatirə abidəsi açıldı. Abidənin layihəsinin müəllifləri heykəltəraş E.S. Şamilov, memarlar V.İ.Qriqor və İ.V. Qriqor idilər. Əbədi alov qarşısında heykəltəraş qrupu ilə yanaşı minlərlə insan abidənin açılış mərasiminə toplanmışdı. Mərasimdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edirdi.
Şimali Qafqazda bu günümüzə qədər Qafqaz uğrunda gedən döyüşlərdə həlak olmuş azərbaycanlıların xatirəsi hörmətlə anılır və hər dəfə Qələbə günü Böyük Vətən Müharibəsi veteranları və sadə vətəndaşlar bir yerdə toplanaraq onların qəhrəmanlıqlarını və şücaətlərini yad edirlər. Hər il Vətənin Müdafiəçiləri Günü-fevralın 23-də, mayın 9-u Qələbə Günündə, Böyük Vətən Müharibəsinin başlandığı 22 iyun tarixində və faşist işğalçılarının Mius Cəbhəsində məğlub edilməsinin növbəti ildönümü günü – 27-28 avqust tarixlərində Rostovda yaşayan azərbaycanlılar həlak olmuş əsgərlərin xatirəsini yad etmək üçün Sambek Xatirə abidəsinin ətrafına, anım mərasiminə gəlirlər. Onların arasında Donda canlarından keçmiş bir çox azərbaycanlılar da dəfn edilmişdir. Səhər tezdən, azərbaycanlılar Rostov-Donun çıxışında toplanır və avtomobil karvanı Taqanroq istiqamətində Sambekə tərəf hərəkət edir. Azərbaycanlılar Donu azad etmiş əsgərlərin Xatirə abidəsi önünə hər zaman birinci olmasa da, çox vaxt ən birinci əklil qoyanlardan olurlar. Xatirə abidəsinin ucaldığı sütunun üzərindəki lövhədə “Sənin xalqının yaşadığınız dünyanı qorumuş cəngavərlərinin qanı ilə suvarılmış torpağın qarşısında təzim edin!” [9, s. 14; 24, səh. 2].
Azərbaycanın cəsur övladı və görkəmli tarixçisi Ziya Bünyadov da Böyük Vətən Müharibəsi illərində göstərdiyi qəhrəmanlıqlara görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. 1941-ci ilin may ayında G.K. Ordconikidze adına Bakı hərbi-piyada Məktəbini bitirən Z.M. Bünyadov, Bender şəhərinə təyinat almış və elə buradan da döyüşlərə qatılmışdı. “Sovet İttifaqı Qəhrəmanları” kitabında qeyd olunur ki, Bünyadov 1-ci Belorus Cəbhəsinin 5-ci hücum ordusunda 123-cü xüsusi atıcı diviziyaya başçılıq etmişdir [16]. 1942-ci ildə “Krasnaya Zvezda” qəzetində onun haqqında yazırdılar: “Pələng kimi sürətli olan kəşfiyyatçı Ziya Bünyadov inanılmaz şəraitdə düşmən qüvvələrinin sayı, silah ehtiyatı və yerləşdiyi koordinatları haqqında dəqiq məlumatlar gətirə bilərdi” [23]. Məşhur Vislo-Oder əməliyyatında iştirak edən 123-cü cərimə batalyonuna başçılıq edən Z. Bünyadov Qəhrəman Ulduzu ilə təltif edilmişdi. Sonralar Z. Bünyadov xatırlayırdı: “Mənə çox təhlükəli bir iş tapşırılmışdı: düşmənin üç qat müdafiə xəttini aşmaq və arxa cəbhənin dərinliklərinə çatmaq. Biz Pilitsa çayı üzərindəki 80 metr uzunluğu olan minalanmış körpünü almalı idik. Eyni zamanda hərbi texnikanın üstündən keçməli olduğu üçün bu körpünü zədələnməmiş vəziyyətdə saxlamalı idik. Və biz bu tapşırığı yerinə yetirdik, ancaq bu bizə çox baha başa gəldi! Bu döyüşdə 670 döyüşçüdən yalnız 47-si sağ qaldı. O zaman nə qədər əsgəri dəfn etdim, yaxınlarına nə qədər məktub yazdım! Sağ qalanların hamısı hərbi ordenlərlə təltif edildi. Mən isə 1945-ci il fevralın 27-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüm” [23].
Böyük Vətən Müharibəsinin qəhrəmanları arasında Piyada Dəniz Qoşunları 323-cü batalyonunun rota rabitə komandiri olan Qafur Məmmədov Tuapse şəhərinin şimal-qərbindəki döyüşlərdə fərqlənmişdi. O şəxsən özü 13 düşmən pulemyotçusu və bir minaatanını bir hesablama ilə məhv etmişdi. Rota komandiri leytenant Z. Sinetskiyə yönəldilmiş düşmən silahına öz sinəsini sipər edərək həlak olmuşdur. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 31 mart 1943-cü il tarixli fərmanı ilə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Mius cəbhəsindəki döyüşdən sonra Taqanroq diviziyası adı ilə tanınan 416-cı Azərbaycan Atıcı Diviziyası 1942-ci ilin yayında almanları Qafqazdan çıxararaq Taqanroq yaxınlığında yerləşdirildi. 416-cı Taqanroq diviziyasının azərbaycanlı döyüşçüləri xüsusi cəsarətləri ilə fərqlənmişdilər [4, s. 92-94].
Azərbaycan cəbhəçiləri Mozdokdan Berlinə qədər şərəfli döyüş yolu keçərək İkinci Dünya müharibəsinin tarixi salnaməsinə qəhrəmanlıq səhifələrini yazmışlar. Onların göstərdiyi qəhrəmanlıq indi bütün Azərbaycan gəncləri üçün bir nümunədir [7].
Azərbaycanlıların partizan hərəkatında iştirakı
Azərbaycanlılar müharibə illərində müqavimət hərəkatında da iştirak etmişdilər. Belə ki, bakılı gənc qız Mariya Şedrova hərbi fabriklərin birində təşkil olunan Alman müqavimət qrupunun fəal iştirakçılarından biri olmuşdur. Əsir döyüşçülər arasında müharibənin ilk çətin ilində əsir düşən Əkpər Səttar oğlu Ağayev Alman antifaşist hərəkatının iştirakçısı olmuşdur. o 1942-ci ilin yayında Buxenvald düşərgəsində gizli antifaşist təşkilatının fəal üzvlərindən və rəhbərlərindən biri, faşist casusları və xainləri aradan qaldıran qisas qrupunun üzvü idi.
Azərbaycanlılar SSRİ-nin işğal olunmuş ərazilərində partizan hərəkatında da iştirak etmişdilər. Kapitan İsmayıl Əlibala oğlu Əliyev 1941-ci ilin oktyabr ayında könüllü olaraq partizanların sırasına qoşulmuşdu. O bir komandir kimi Kalinin vilayəti bölgəsində faşist qarnizonunun dağıdılmasını təşkil etməyə və böyük hərbi qənimətlər ələ keçirməyə nail olmuşdu. O ölümündən sonra birinci dərəcəli “Vətən Müharibəsi Partizanına” medalı ilə təltif edilmişdir.
Ukrayna ərazisində partizan hərəkatının təşkil olunmasında Rumıniyada xüsusi zərbəçi partizan birləşmələrinin təşkilinə rəhbərlik etmiş Vəli Axundovun xidmətləri olduqca mühümdür. O bir çox partizan əməliyyatlarının iştirakçısı olmuş və onlardan birini yerinə yetirərkən qəhrəmancasına həlak olmuşdur. Rabitə operatoru Babaş Dadaşov Ukrayna ərazisindəki partizan dəstəsinin əməliyyatlarında iştirak etmişdir. O, Birinci dərəcəli Vətən Müharibəsi və Qırmızı Bayraq ordenləri ilə təltif edilmişdir. 1942-ci ilin yayında Jitomir şəhərində qeyri-leqal antifaşist təşkilatında azərbaycanlı, ixtisasca həkim Həmid Abdullayev faşistlərə qarşı mücadilə etmişdir. Ukrayna partizan hərəkatının tarixinə şanlı səhifələr yazan digər bir azərbaycanlı isə Mehti Quliyev olmuşdur. Ukrayna ərazisindəki azərbaycanlı partizanlar Məmməd Əliyevin rəhbərlik etdiyi 8-ci azərbaycanlı partizan dəstəsində birləşmişdilər. Bu dəstənin ən fəal qrupu düşmənin silah-sursat anbarlarını və nəqliyyat vasitələrini məhv edən kəşfiyyat qrupu idi. 1943-cü ilin sentyabr ayında bir qrup azərbaycanlı əsir düşərgədən qaçmağa nail oldu. Dəstənin rəhbəri Məmməd Axundov idi və Şors adlı bu dəstədə döyüşçü soydaşlarımızın sayı 350 nəfər idi. 1943-cü ilin yayında Krım vilayətinin Kuybışev bölgəsində azərbaycanlı hərbi əsirlərdən ibarət gizlin antifaşist təşkilatı yaradılmışdı. Təşkilatın rəhbər heyətini Sovet Ordusunun zabitləri Məmməd Əliyev, Sahib Hacıyev, Hüseyn Rzayev və başqaları təmsil edirdilər.
Sonradan daha bir azərbaycanlılardan ibarət partizan dəstəsi yaradılmış və onun rəhbərliyi Məmməd Əliyevə həvalə edilmişdi [4, s. 92-94; 5, səh. 63-67].
Azərbaycanlılar (1000 nəfərdən çox) Belarusiyanın ərazisindəki partizan hərəkatında da fəal iştirak etmişlər. Onların arasında Ələkbər Əliyev, İslam Qocayev, İsmayıl İsmayılov, Elçin İsmayılov, Ziyəddin Mirzəyev və başqaları var idi. “Pravda” təxribat qrupuna həmyerlimiz Məmməd İsayev rəhbərlik edirdi. Faşistlərin 4 yük qatarının dağılması, 8 faşist qarnizonunun məhv edilməsi onun və döyüşçülərinin payına düşür. Litva və Latviyanın partizan dəstələrində vuruşan azərbaycanlılar arasında İsgəndər Alxasov, Qəzənfər Şabanov və başqaları var idi.
Azərbaycanlılar Avropa Müqavimət Hərəkatı sıralarında da gizli antifaşist təşkilatları yaratmış, əsir məhbusların qaçmaqlarını təşkil etmişdilər. Həmin şəxslər sonradan yerli partizan dəstələrinə qoşulur, Hitler Almaniyası üçün çalışan sənaye müəssisələrində təxribatlar həyata keçirir və istehsalata mane olan müxtəlif tədbirlər planı təşkil edirdilər. 1942-1944-cü illər ərzində yüzlərlə azərbaycanlı əsir məhbusları Polşanın Edlin, Almaniyanın Noyqammer-Ştrans, Fransanın Rodez, İtaliyanın Udin, Yuqoslaviyanın Opçina şəhərlərində və Avropanın digər ölkələrində gizli antifaşist təşkilatlar yaratmağa nail olmuş və onların tərkibində işğalçılara qarşı qəhrəmanlıqla döyüşmüşlər.
Azərbaycanlı hərbi əsirlər əsasən Rodez düşərgəsində saxlanılırdı. İlk Sovet partizan alayının yaradılması da elə burada baş tutmuşdu. Faşizmə qarşı qorxmaz döyüşçü kimi şöhrət qazananlar arasında zabit Mirzəxan Məmmədov da var idi. O öz ətrafında azərbaycanlıları birləşdirməyə müvəffəq olmuşdu. Onlar birlikdə düşərgələrdən əsirlərin qaçmasını təşkil edirdilər. 1944-cü ilin yayında onlar Mond düşərgəsindən bir neçə qaçışı təşkil edə bildilər. Keçmiş azərbaycanlı hərbi əsirlər ilk sovet partizan alayı olan “Sovet vətənpərvərlərinin Hərbi Komitəsi”nin dəstələrinə qoşulurdular. Bu alay Aveyron rayonunun dağlarında yerləşdirilmişdi. İdris Qaşımov Aveyron rayonunun “Aret-Sol” batalyonunda xidmət edirdi. O Liyon, Dijon, Rodez şəhərlərinin, Milo, Mend, Lanqonn və s. rayonların azad olunmasında iştirak etmiş və bu xidmətlərinə görə “maki” komandanlığından xüsusi təşəkkürnamə almışdı. Fransa Müqavimət hərəkatının sıralarında Nuruş İmamqulu oğlu Mehdiyev, Cəlil Tanrıverdiyev, Məmməd Məmmədov, Xasay Quliyev, Allahverdi Vəliyev, Huseynrza Məmmədov, Təvəküll Məmmədov, Abbas Hüseynov, Xələf Hacıyev, Xaləddin Hacımuradov, Eyyub Məmmədov, Knyaz Əbdurrəhimov, Məmmədtağı Mürsəlov və başqaları döyüşmüşlər. Onlar Fransanın Nimes, Alessa və digər şəhərlərinin faşistlərindən azad edilməsində iştirak etmışdilər. Bu döyüşçülərin adları “maki” komandanlığının əmrlərində qeyd edilmiş və onlar fransız orden və medalları ilə təltif edilmişdilər.
Fransız müqavimət hərəkatının əsl əfsanəsi isə Əhmədiyyə Cəbrayılov idi. Əhmədiyyənin qəhrəman xüsusiyyətləri haqqında Delplank tərəfindən Cəbrayılova təqdim edilmiş xasiyyətnamədə xüsusi olaraq qeyd edilmişdir: “8 Fransız orden və medallarıının kavaleri Armed Mişel Fransa Müqavimət Hərəkatı yarandığı gündən onun sıralarında mücadilə etmiş, həmişə cəsarəti və rəşadəti ilə yoldaşlarını heyran etmişdir”.
İtaliyada Müqavimət hərəkatının sıralarında azərbaycanlılardan Nasir Abudullayev, Məmməd Bağırov, Qəmzə Əsgərov, İlal Cavadov və başqaları mübarizə aparmışlar.
Yuqoslaviyada Sloveniyanın dənizyanı bölgəsində fəaliyyət göstərən Xalq Qurtuluş Ordusunun 9-cu korpusunun tərkibində əsasən düşərgələrdən qaçmış hərbi əsirlərdən təşkil edilmiş Sovet partizan batalyonu düşmənə qarşı mübarizə aparırdı. Batalyonun cəsur döyüşçüləri arasında Mehdi Hüseynzadənin adı bir əfsanəyə çevrilmişdi (“Mixaylo”). Onun döyüş yoldaşı Rza Orucov idi. Yuqoslaviya partizan birləşmələrinin tərkibində həmyerlilərimizdən Əli Əliyev, Heydər Məmmədov, Eyyub Əsgərov, Şamil Bayramov, Hüseyn Hüseynov və başqaları döyüşmüşlər.
Azərbaycan xalqının nümayəndələrindən Midhət Şirinbəyov, Sultan Güləhmədov və başqaları Yunanıstan partizanları ilə birlikdə faşizmə qarşı mübarizə aparmışlar.
1943-1945-ci illərdə azərbaycanlılar Çexoslovakiyada yaradılan partizan dəstələri və antifaşist təşkilatların mübarizəsində də iştirak etmişlər. Hacıbəyovun komandanlığı altındakı “Oraq və çəkic” adlı partizan dəstəsi Brno və Bıstritsa bölgələrində 30 dəfədən çox faşistlərə qarşı döyüşlərdə vuruşmuşlar. 1945-ci ilin əvvəllərində Hacıbəyov Sloveniya torpaqlarında gedən döyüşlər zamanı həlak olmuşdur. 1944-cü ildə Çexoslovakiya ərazisindəki Puqaçov adına partizan dəstəsində həmyerlimiz Əli Baxışev döyüşmüşdür. O, hərbi xidmətlərinə görə 1945-ci ildə Çexoslovakiya Respublikasının hökuməti tərəfindən xüsusi fərmanla təltif edilmişdi.
“Azadlıq”, “Azad Polşa” beynəlmiləl silahlı dəstələrin tərkibində faşist düşərgələrindən təkbaşına və qrup halında qaçan bir çox azərbaycanlı hərbi əsir döyüşmüş və qəhrəmancasına həlak olmuşlar (Bayandur Hacıyev, Zeynal Zeynalov, Həsən Novruzov və b.).
Bakı nefti və hərbi sənayesi
Qısa müddət ərzində Azərbaycan arxa cəbhənin güclü ehtiyat bazasına çevrildi. Müharibə illərində respublikanın sənaye müəssisələri ümumilikdə 374 yeni növ məhsul, o cümlədən 11 növ döyüş sursatı, 4 növ silah, 10 növ sursat və silah hissələrinin istehsalını mənimsəmişdilər.
1941-1942-ci illərdə Bakıda 17 yeni neft-kimya və kimya müəssisəsi istismara verilmişdi. Bakıda Y.Q. Məmmədəliyevin üsulu ilə yüksək oktanlı alkilbenzol və onun tərkib hissələrinin istehsalına başlayan yeni bir zavod inşa edilmişdi. Olduqca qısa müddət ərzində Azərbaycanın yüngül sənaye, qida və yerli sənaye müəssisələri öz işlərini müharibə şəraitinə uyğun olaraq yenidən qurmuş oldular.
Müharibə illərində Azərbaycan cəbhənin neft və neft məhsullarının əsas tədarükçüsü idi. O dövrdə SSRİ-də istehsal olunan bütün neftin ümumi həcminin 70%-dən çoxunu Bakı verirdi. 1941-ci ildə Bakı neftçiləri, neftə artan tələbatı nəzərə alaraq neft hasilatının rekord səviyyəsinə çataraq 23 milyon tondan çox neft hasil etməyə müvəffəq olmuşdular. Minlərlə neftçi döyüşmək üçün cəbhəyə yollanır, iş yerlərində isə onları qadınlar əvəz edirdilər.
Sovet İttifaqı marşalı G.K.Jukov müharibə illərində Azərbaycan zəhmətkeşlərinin, ilk növbədə neftçilərin xidmətlərini yüksək qiymətləndirərək yazırdı: “Bakı neftçiləri cəbhəyə və ölkəyə Vətənimizi qorumaq və düşmənə tez qalib gəlmək üçün lazım olan qədər yanacaq verdilər”. Həqiqətən də, Bakı neftçiləri böyük çətinliklərin öhdəsindən gələrək, fasiləsiz olaraq ordunu və xalq təsərrüfatını yanacaqla təmin edirdilər. Həmin dövrdə bütün Sovet neftinin dörddə biri Bakı neftçiləri tərəfindən hasil edilirdi. Müharibə illərində Azərbaycandan davamlı olaraq döyüşən orduya neft məhsulları, silahlar, döyüş sursatları, geyimlər, ərzaq məhsulları göndərilirdi [11]. Almanların Şimali Qafqaz üzərindən neftin ənənəvi nəqli yollarını bağladığını nəzərə alaraq, neftin Orta Asiya vasitəsilə göndərilməsinə qərar verilmişdi. Müharibə illərində Bakıda 130-dan çox silah növü və döyüş sursatı istehsal olunurdu. Azərbaycanın hərbi xəstəxanalarında Sovet Ordusunun, o cümlədən Şimali Qafqazın 400 mindən çox əsgəri müalicə olunurdu [3].
Azərbaycan neft hasil etməklə yanaşı, eyni zamanda Sovet ordusunun etibarlı hərbi ehtiyat bazasına çevrilmişdi. Müharibə illərində Bakıda 130-dan çox silah növü, döyüş sursatı və hərbi texnika, habelə əfsanəvi “Katyuşa” və onun üçün xüsusi reaktiv raketlər istehsal edilirdi. Bakının Kişlı qəsəbəsində (Keşlə) “168” və “458” sayları altında kodlaşdırılan iki təyyarə zavodu fəaliyyət göstərirdi. Bu zavodlarda fasiləsiz olaraq UTI-4 və Yak-3 tipli qırıcı döyüş təyyarələri, habelə hərbi təyyarələr üçün xizəklər istehsal olunurdu. Bu dönəmdə Gəncə şəhərində böyük bir təyyarə təmiri zavodu fəaliyyət göstərirdi. Burada müxtəlif növ 782 təyyarə, habelə 1550-dən çox təyyarə mühərrikləri və digər ehtiyat hissələri təmir edilərək cəbhəyə göndərilmişdi.
Azərbaycan SSR-in kimya sənayesinin fabrikləri də hərbi məhsulların istehsalı üçün yenidən qurulmuşdu. Onlar yanğınsöndürmə texnikası və inventarının istehsalını tənzimləmiş, qoruyucu geyimlərin kimyəvi maddələrlə hopdurulması prosesini mənimsəmişdilər. Metal emalı zavodları isə ordu üçün yemək qabları, yanğınsöndürmə texnikası, hərbi nümunəli nallar, vaqonlar üçün hissələr, xəndək sobaları istehsal etməyə başlamışdılar.
Bu illər ərzində Azərbaycan SSR-in yerli sənaye müəssisələri 200-ə yaxın yeni məhsul növünün istehsalını mənimsəmişdilər. SSRİ hərbi qurumunun tapşırığı ilə yerli sənaye və sənaye kooperasiya müəssisələri Sovet əsgərləri üçün keçə çəkmələrin, əlcəklərin və yun corabların kütləvi istehsalını tez bir zamanda mənimsəmişdilər. Azərbaycanın sənaye müəssisələri ordu üçün 30-dan çox hərbi geyim növü tikirdilər. Əvvəllər məktəblər üçün mebel və istehlak malları istehsal edən Bakı mebel fabriki müharibə illərində arabalar düzəltməyə başlamışdı.
Böyük Vətən Müharibəsi illərində Azərbaycanda onlarla hərbi xəstəxana fəaliyyət göstərirdi. Bu xəstəxanalarda çalışan tibb işçiləri 1,5 milyon sovet əsgərini xidmətə qaytarmağa nail olmuşdular. Onların bir çoxu müharibədən sonra Azərbaycanda qalmışdı.
Müharibə illərində Azərbaycan zəhmətkeşlər ölkənin Müdafiə Fonduna 1,5 milyard rubl məbləğində istiqraz, 15 kq qızıl, 952 kq gümüş köçürmüşdülər. Cəbhəyə 1,6 milyon ədəddən çox müxtəlif əşyalar və 125 vaqon isti paltar göndərilmişdi.
Bakı sakinləri tərəfindən Leninqrad, Stalinqrad, Stavropol və Krasnodar diyarlarına həm ərzaq, həm avadanlıq, həm də pul ilə əhəmiyyətli yardım edilmişdi. Azərbaycan cəbhə, qələbə üçün mümkün olan hər şeyi etmiş, minlərlə qaçqına sığınacaq vermiş, var gücü ilə cəbhəni silah, geyim, yanacaq və ərzaq ilə təmin etmişdi [14].
Legionerlər, “Vətən” anlayışı və deportasiya
Müharibə dövrünün müzakirə mövzularından biri də sovet vətəndaşlarının almanlarla əməkdaşlığı, anti-sovet təbliğatında iştirakı və legionerlərin sıralarında döyüşlərdə iştirak etmələridir.
Bu cür subyektiv nəticələr qeyri-rus xalqlara olan ögey münasibət üzündən əldə edilmişdir. Şübhəsiz ki, İkinci Dünya Müharibəsi dövründə nəinki Sovet İttifaqında, hətta bütün dünyada ən çox zərərçəkmiş və ən çox insan itkisinə məruz qalan rus xalqı olmuşdur. Ancaq digər zərərçəkmiş xalqların da rolunu qeyri-obyektiv qiymətləndirmək və ya kiçiltmək ədalətsizlikdir.
Faşizmə qarşı mücadilə edən döyüşçülər əbəs yerə qan tökməmişlər. Onlar da öz Vətənlərini müdafiə edirdilər. Bəziləri iddia edirlər ki, bu iki totalitar sistemin, iki imperiyanın müharibəsi idi və buna görə də Sovet ölkəsinin bəzi xalqlarının nümayəndələrinin faşist Almaniyası tərəfində iştirakının ideoloji cəhətdən açıqlamaq mümkündür [1, s. 7]. Alman komandanlığı əsir düşmüş bütün SSRİ xalqlarının nümayəndələrindən, legionlar təşkil etmişdi. Legionerlərdən birinin, İsmayıl Əkbər xatirələrində yazırdı ki, 1943-cü ildə İkinci Dünya Müharibəsinin gedişində dönüş baş verdikdən sonra azərbaycanlıların kütləvi surətdə legiondan partizan dəstələrinə qaçışı başlanmışdı. Sovet İttifaqı qəhrəmanı azərbaycanlı partizan Mehdi Hüseynzadənin taleyi bunun əyani nümunəsidir [18].
1939-cu ildə alman rəhbərliyi Berlində “Gürcü Bürosu” yaratmışdı. Doktor Ahmetelinin rəhbərlik etdiyi bu qurum sonradan “Qafqaz Bürosu” adlandırılmışdı. Almaniyada “Azad Qafqaz” planı hazırlanırdı. Bu məqsədlə Ermənistan, Gürcüstan, Azərbaycan və Şimali Qafqaz xalqlarının Azadlıq Komitələri yaradılmışdı. Bu komitələr 1942-ci il aprel ayının 15-dən etibarən Almaniyanın “bərabərhüquqlu müttəfiqləri” statusunu almışdılar. Qafqaz Reyx komissarlığının tərkibinə Gürcüstan və Azərbaycan SSR-in, Stavropol diyarının, bütün Kubanın, Kabardino-Balkariya və Terekə yaxın ərazilərin – Çeçen-İnquşetiya, Kabardino-Balkariya və Dağıstanın daxil edilməsi planlaşdırılmışdı. Lakin alman komandanlığının planlarında Qafqaz bölgəsindəki vəziyyət nəzərə alınmamışdı. Qafqazın bir çox xalqları faşistlərlə əlaqədə olmaqda ittiham edilərək repressiyaya məruz qalmış və yaşayış yerlərindən qovulmuşdular. Soyqırımın tədbirləri təkcə yuxarıda adları qeyd edilmiş bütün komitələrin fəaliyyətində yaxından iştirak edən gürcülərə və ermənilərə tətbiq edilməmişdi. Bu da sovet rejiminin siyasətinin qərəzli və birtərəfli olduğunu bir daha təsdiq edir [2, s. 48-63].
Almaniyanın dövlət rəhbərləri uzun müddət Azərbaycanlı görkəmli ictimai və siyasi xadimi M.Ə. Rəsulzadəni öz tərəfinə cəlb etməyə çalışmışdılar. Rəsulzadənin mühacirətdəki siyasi fəaliyyətinin başlıca ideyası Azərbaycanın müstəqilliyi ideyası idi. Almanlar 6 ay ərzində M.Ə. Rəsulzadə ilə danışıqlar aparmış, ona Drezdenin ali məktəblərindən birində professor yeri təklif etmişdilər. Bir zamanlar Türkiyənin sol qanadının jurnalisti Uğur Mumcu, almanların Rəsulzadə ilə bağlı bir etirafı haqqında yazmışdı ki, onu heç bir şeylə, nə pul, nə şöhrət, nə də vəzifə ilə şirnikdirərək satın ala bilməmişdilər. Rəsulzadənin almanlarla əməkdaşlığa yalnız yeganə bir şərtlə Azərbaycanın müstəqilliyinin tanınması ilə razılıq verməyə hazır idi. Ancaq almanlar bu şərtlə heç bir vəchlə razılaşmayaraq, Berlinə yeni siyasi mühacirlərin cəlb olunmasını təşkil etmiş və Rəsulzadəni onlardan təcrid etmək siyasətini həyata keçirmişdilər. 1943-cü ildə azərbaycanlılara ünvanladığı vida nitqində Rəsulzadə demişdi: “Azad və suveren şəkildə yaşayan ölkələrin istiqlaliyyətini əlindən alan Almaniya heç bir zaman kommunistlər tərəfindən işğal edilmiş Azərbaycana müstəqillik verməz”. Həqiqətən də, yalnız Berlinin süqutu ərəfəsində almanlar bu ölkələrə müstəqillik vəd etmişdilər. Və bu bəyannamə Almaniyanın Xarici İşlər Naziri tərəfindən deyil, sadəcə Şərq ərazilərinin məsələləri üzrə Reyx Naziri Rosenberq tərəfindən verilmişdi [2, s. 48-63].
İkinci Dünya Müharibəsi cəbhələrində faşizmə qarşı mübarizədə Qafqaz xalqlarının misli görünməmiş qəhrəmanlıqlar nümayiş etdirmələrinə rəğmən, müharibə illərində Qafqazın bi çox xalqları Sovet hökuməti tərəfindən repressiyaya uğramış və tarixi yaşayış yerlərindən deportasiya edilmişdi. 1943-1944-cü illərdə Şimali Qafqaz xalqlarından qaraçaylar, balkarlar, axıska türkləri, çeçenlər, inquşlar və digərləri repressiya və deportasiyaya məruz qalmışlar. Milli muxtariyyətlər ləğv edildi. Deportasiya edilmiş xalqların milli-dövlət quruluşları ləğv olundu, onların tarixi əraziləri digər xalqların nümayəndələri tərəfindən məskunlaşdırıldı. 1943-cü ilin noyabr ayında qaraçaylar, 1944-cü ildə balkarlar, inguşlar və çeçenlər, 1943-cü ilin dekabr ayında kalmıklar sürgün edildi.
1944-cü ildə Ümumittifaq Kommunist Partiyasının Mərkəzi Komitəsi Dağıstan xalqlarının da “etibarsız” elan edərək, onların Orta Asiyaya məskunlaşdırılması məsələsini müzakirə etdi. M.C.Bağırov bunun məqsədəuyğun olmadığına Stalini inandıra bilmiş və bu addımdan çəkindirməyə nail olmuşdu. O, öz fikrini bir çox ləzginin neft mədənlərində işləməsi və dağıstanlıların sürgün edilməsinin bölgənin iqtisadiyyatına ziyan vurması ilə əlaqələndirmişdi. Əslində isə M.C. Bağırovun bu xahişi və Stalini fikrindən daşındırmaq cəhdi Azərbaycanın tarixi ərazisi və onun üçün vacib olan bölgəni qorumaq istəyindən ibarət idi. Qeyd etmək lazımdır ki, Stalinin M.C. Bağırova etimadının sübutu olaraq, Dağıstanın ali rəhbərliyinin partiyanın vilayət komitəsinin birinci və ikinci katibləri səviyyəsində formalaşdırılmasını ona həvalə olunmasında özünü göstərmiş oldu. M.C.Bağırovun təklifi ilə Azərbaycandan Əziz Əliyev və Ərşavir Ağababov Dağıstana göndərildi, onlar partiyanın vilayət komitəsinin birinci və ikinci katibləri vəzifələrini tutdular [17, s. 46, 123]. Dağıstan ÜİK(b)P Vilayət Komitəsinin birinci katibi azərbaycanlı Əziz Məmməd-Kərim oğlu Əliyev təyin edildi. O, Qafqaz alayı komandirinin müavini Qara Qarayevin komandanlığı altında ilk Dağıstan Könüllü Milli Süvari Qoşunlarının yaradılması üçün şərait yaratmış oldu [6].
Azərbaycan xalqı bir çox Qafqaz xalqları kimi faşistlərlə əlaqədə olmasına görə ittiham edilərək, repressiya olunmadı. Lakin Azərbaycanda əhalinin sərhəd zolağından köçürülməsi həyata keçirildi. Sərhəd zolağının sakinləri ciddi nəzarətə götürüldü. İranla sərhəd bölgələrindən bütün “siyasi şübhəli ünsürlər” sürgün edildi. Qafqaz və türk xalqlarının, xüsusilə də Qara dəniz sahillərində Sovet-Türkiyə sərhədi boyunca məskunlaşan əhalinin repressiyası Türkiyə ilə müharibəyə hazırlıq kimi hesab edilə bilər. 1944-cü ilin yayında Zaqafqaziya Cəbhəsi kəşfiyyat idarəsi türk qoşunlarının yerləşdiyi ərazilərin xəritələrini hazırlamışdı. 1944-cü il iyun ayının 6-da Zaqafqaziya Cəbhəsi kəşfiyyat idarəsinin rəisi polkovnik Qorşkov Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin birinci katibi M.C. Bağırova türk qoşunlarını yerləşdiyi ərazilərin xəritəsini təqdim etmişdi. Nuri Paşanın nəşr etdirdiyi “Çinaraltı” və “Akbaba” jurnallarının məqalələri diqqətlə izlənilirdi. Çünki bu jurnalların səhifələrində bütün türklərin “bir çinar altında” birliyi təbliğ olunurdu. Eyni zamanda Sovet Ermənistanında da antitürk fəaliyyətinə başlanmışdı. Sovet mətbuatında, xüsusilə də erməni müəllifləri tərəfindən Türkiyə əleyhinə əsərlər çap olunmağa başlamışdı. Beləliklə,İkinci Dünya Müharibəsi dövründə Türkiyə ilə SSRİ arasındakı dostluq münasibətləri gərgin bir istiqamətə keçid aldı [8, s. 138-152].
Qeyd etmək lazımdır ki, müharibə və müharibədən sonrakı illərdə İkinci Dünya müharibəsi zamanı faşistlər tərəfindən əsir alınan azərbaycanlılar, digər Sovet vətəndaşları kimi, filtrasiya düşərgələrinə yerləşdirilir, sonra isə Qazaxıstana sürgün edilirdi.
1950-ci illərin sonlarından bəri əksər xalqlar öz doğma torpaqlarına dönmək üçün icazə aldılar. 1989-cu il noyabr ayının 14-də repressiya və deportasiya edilmiş xalqlara qarşı bütün aktların qanunsuz olaraq tanınması haqqında SSRİ Ali Sovetinin Bəyannaməsi qəbul edildi. Repressiya edilmiş xalqlara qarşı yönəlmiş bütün hüquqi aktların ləğvi haqqında fərman yalnız 1991-ci il mart ayının 7-də imzalanmış və aprel ayının 26-da Rusiya Federasiyasının “Repressiya edilmiş xalqların bəraəti haqqında” Qanunu qəbul edilmişdir. Şişirdilmiş ittihamlar əsasında bütöv xalqların sürgün edilməsi xalqların tarixi yaddaşında ağır izlər buraxmış və bəraətin uzun müddət təxirə salınması isə problemin münaqişə potensialını gücləndirmişdi [10, s. 3-12, 24; 20 səh. 164-167; 21, səh. 285; 25, səh. 193-194].
Bəraət verilmiş xalqlar artıq digər etnik qrupların nümayəndələri tərəfindən məskunlaşmış ərazilərə qayıtmışdılar. Deportasiya zamanı ləğv edilmiş muxtariyyətlərin yenidən qurulması yeni ərazi bölgüsü xarakteri daşıyırdı, çünki bərpa edilmiş muxtariyyətlərin hüdudları ləğv edilmişlərin hüdudları ilə tam üst-üstə düşmürdü. Repressiya olunmuş xalqların etnik münaqişələr zamanı əziyyət çəkən bəzi nümayəndələrini Azərbaycana köçürdülər. İndiyə qədər də bəraət qazanmış xalqların problemləri lazımi həllini tapmamışdır: onlar əvvəlki yaşayış yerlərinə qayıda bilmir, doğma torpaqlarında sonradan məskunlaşdırılmış digər xalqlarla qarşı-qarşıya qalmışlar.
Nəticə: Vətənin müdafiəçilərini mühakimə etməyin
Yenidənqurma dövründə aşkarlıq və demokratiya ilə birlikdə tarixin səhifələrinə yenidən baxılmasına da başlanıldı. Stalin siyasətini tənqid etməklə yanaşı, İkinci Dünya Müharibəsi ilə əlaqədar müzakirələr genişləndi. Sovet totalitar dövlətinin tərəfindən bu müharibədə iştirak etməyin mənasızlığı barədə danışılmağa başlandı. Və əksinə, faşist Almaniyası tərəfində SSRİ respublikalarının nümayəndələrinin iştirakı məsələsi diqqət mərkəzində yer aldı. Hərçənd ki, bu yalnız kiçik mühacir qruplarının öz respublikalarının müstəqilliyini bərpa etmək uğrunda nifrət etdikləri Sovet sisteminə qarşı çıxış etmək cəhdindən başqa bir şey deyildi. Qeyd etmək lazımdır ki, həmin dönəmdə Azərbaycanın mühacirətdə yaşayan siyasi və ictimai xadimi M.Ə. Rəsulzadə faşist Almaniyasının siyasətini başa düşən və onun rəhbərliyi ilə əməkdaşlıq etməkdən imtina edənlərdən biri idi.
Bütün sovet əsgərləri, hər şeydən əvvəl faşizm ideologiyası təhlükəsinə qarşı mübarizə etmişlər. Buna görə də onlar yalnız öz vətənlərini və ölkələrini deyil, həm də bütün bəşəriyyəti müdafiə etmişlər. Bundan əlavə, hər bir sovet vətəndaşı üçün faşist Almaniyasının SSRİ-yə hücumu onun torpağına, evinə, ailəsinə edilən hücum idi. Və bu, sovet vətəndaşları azadlıq müharibəsi, ədalətli bir müharibə idi. Faşist ordusu isə hücum edən və təcavüzkar bir tərəf idi. Bu baxımdan həlak olmuş əsgərlərin xatirəsi, istisnasız olaraq, bütün keçmiş SSRİ xalqları üçün müqəddəsdir. Faşizmə qarşı mübarizə edən hər sovet əsgərinin xatirəsi bütün gələcək nəsillər üçün əzizdir. Bu müharibə nəticəsində yalnız Sovet xalqı deyil, bütün dünya xalqları fəlakətlərə və ağır itkilərə məruz qaldılar. Azərbaycan xalqı da, SSRİ xalqlarından biri kimi əvəzolunmaz itkilərə məruz qaldı və Qələbə qurbangahına öz övladlarını qurban verdi. Azərbaycanlılar öz respublikalarının azad edilməsi uğrunda mübarizə aparmadılar, çünki o, hücuma məruz qalmamışdı. Azərbaycan əsgərləri cəsarətlə vuruşduqları və düşmənin Qafqaza girməsinin qarşısını aldıqları üçün düşmən torpaqlarımıza daxil ola bilmədi. Bununla belə, azərbaycanlılar təkcə SSRİ ərazisindəki döyüşlərdə deyil, həm də Avropa ölkələrinin cəbhələrində qəhrəmanlıqla döyüşərək, Qələbə uğrunda canlarından keçmişlər. Etiraf etməliyik ki, sovet xalqı bəşəriyyəti faşizmdən qurtarmaq üçün olduqca böyük itkilərə məruz qalmış, təkcə öz vətənlərini deyil, eyni zamanda Avropa və Asiyanın 13 ölkəsini də faşizmin işğalından azad etmişdir. Bildiyiniz kimi, bir milyondan çox sovet əsgəri Şərqi və Mərkəzi Avropa, Balkanlar, Çin və Koreyadakı döyüşlərdə həlak olmuşdur.
Böyük Vətən Müharibəsi illərində Azərbaycan xalqı Qələbə uğrunda şərəflə mübarizə aparmış və Azərbaycanın özündə də bu böyük məqsəd naminə çox mühüm işlər görülmüşdü. Azərbaycanlılar, xüsusilə Şimali Qafqazın faşist işğalçılarından azad edildiyi zaman özlərini layiqincə göstərmişdilər. Azərbaycan faşizm üzərində Böyük Qələbə naminə tarixə bəxş etdiyi töhfələrdən qürur duyur.
Qələbə Günü keçmiş Sovet İttifaqının bütün xalqları üçün vacib bir bayramdır. Bu Qələbə bizim ümumi qələbəmiz və ortaq mirasımız, atalarımızın və babalarımızın azadlıq uğrunda nümayiş etdirdikləri misilsiz qəhrəmanlığın əbədi ifadəsidir. Hazırda Qələbə Günü, 1991-ci ildə parçalanan Sovet ölkəsinin bir hissəsi olan xalqları birləşdirən yeganə bayramdır. Qələbə bayramı bu gün də şərəf və ehtiramla xatırlanır və yad edilir. Çünki elə bir ev yoxdur ki, orada bu müharibədə iştirak etmiş babaları haqqında bəhs etməyən tapılsın. Qələbə uğrunda canlarını fəda etmiş qohumlarımızın, müharibə veteranlarının və bu müharibədən keçən hər bir kəsin əziz xatirəsini ehtiramla yad etmək hər birimizin müqəddəs borcudur.
Ədəbiyyat və mənbələr.
- Cəfərli Məmməd. Azərbaycan legion ədəbiyyatı, Azərbaycanda Atatürk Mərkəzi, Bakı 2005.
- Алиева С.И. , Аскер А., М.Э.Расулзаде: основоположник Азербайджанской Демократической Республики (1918-1920) и лидер азербайджанской нации// Современна научная мысль. М., 2014, № 2.
- Алиева С.И. Азербайджанцы на фронтах войны. К 60-летию победы// Армавирский Собеседник, 30 марта 2005 года.
- Алиева Севиндж. Азербайджанцы в годы Великой Отечественной войны 1941-1945 года на Северном Кавказе// От Античности к Возрождению. Материалы IX Дзагуровских чтений. Сборник трудов кафедры истории стран Европы и Америки. Вып. IX. Махачкала, 2010, с.92-94;
- Алиева Севиндж. Азербайджанцы в годы Второй мировой войны на Северном Кавказе (к 65-летию Дня победы)// Каспийский регион: политика, экономика, культура. 2011, № 2 (27). Астрахань: изд. Дом «Астраханский университет», 2011.
- Алиева Севиндж. Вставай, страна огромная// http://www.gumilev-center.az/vstavaj-strana-ogromnaya; сайт, посвященный героям ВОВ – http://www.savash-az.com/TALES.htm.
- Алиева Севиндж. Героический путь азербайджанцев во Второй мировой войне// «Эхо», интервью Дж.Алекперовой с Севиндж Алиевой, 3 мая 2013, № 78.
- Алиева Севиндж. Из истории сталинских репрессий на Кавказе// Современная научная мысль. М., 2013, № 4.
- Алиева Севиндж. Наш Дом – Кавказ. Азербайджанцы на Северном Кавказе. Армавир, 2011.
- Атлас социально-политических проблем, угроз и рисков Юга России/Под ред. академика Г.Г. Матишова. Ростов-на-Дону: Изд-во ЮНЦ РАН, 2006.
- Байбаков Н.Моя родина – Азербайджан.Москва: Издательство:Газоил Пресс, 2001.
- Боков Ф.Е.Весна победы. «Мысль», 1985.
- Буниятов З.М., Зейналов Р.Э. От Кавказа до Берлина. Баку: Азернешр, 1990.
- Гасанов Вугар. Непризнанный героизм, http://kavpolit.com/articles/nepriznannyj_geroizm-14440/. 26.02.2015
- Гусейнов А. Мужество как знамя пронесли// Азербайджанский Конгресс, 8 мая 2008, № 17-18 (68).
- Дайнес О.,Штрафные формирования в годы великой отечественной войны, http://militera.lib.ru/research/daynes_vo01/text.html
- Исмаилов Эльдар. Власть и народ. Послевоенный сталинизм в Азербайджане. Баку: Изд-во Адильоглу, 2003.
- Исмаилов Эльдар: «Обвинять азербайджанцев в том, что они были ударной силой СС – нелепо»// http://www.1news.az/analytics/20120113051715516.html
- Краснознаменная 223-я Белградская стрелковая дивизия , http://www.savash-az.com/army/223.htm
- Курбанов М. Репрессии против народов Дагестана: проблемы реабилитации// Центральная Азия и Кавказ, № 6 (24), 2002.
- Литвинова Т.Н. Современная политическая элита Северного Кавказа: проблема становления// Кавказский сборник. Т. 3 (35). М., 2006.
- Никифоров Н.И. Итоги и уроки Второй мировой войны, Российское военное обозрение № 9-10 (79) сентябрь-октябрь 2010.
- Николаев В. По минному полю // Новые известия. 2005. 6 мая.
- «Самбекский мемориал Славы…»//Достлуг – Дружба, 10 мая 2003, № 4.
- Скаков А. Кабардино-Балкария: угрозы стабильности// Центральная Азия и Кавказ. № 1 (13), 2001.
- Султанов Чапай. История не терпит сослагательного наклонения и все же…// http://www.sultanov.azeriland.com/istoria_neimeet/soslagat_book.html;
- Токаржевский Е. А.Герои Советского Союза сыны Азербайджана. Баку, 1965; Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər). Bakı: «Elm», 2008.
Sevinc Əliyeva
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix və tarixin tədrisi kafedrasının müdiri, tarix elmləri doktoru, dosent
Fotoşəkil Trend.az saytından götürülüb.
Comments are closed, but trackbacks and pingbacks are open.