Heydər Əliyev fenomeni: zaman və məkan çərçivələrinə sığmayan idrak FOTOKOMPOZİSİYA
Azərbaycanın növbəti ağır günlərini yaşadığı 1990-cı ilin iyulunda Heydər Əliyev Vətənə qayıtdı. Kremlin köləsi olan rəhbərlik onun Bakıya yolunu kəsdiyi üçün doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu. Heydər Əliyev muxtar respublikanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. Üçrəngli bayrağımız 70 ildən sonra ilk dəfə Naxçıvanda ucaldıldı. İyirmi altı il əvvəl burada dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının təməli qoyuldu. Onun muxtar respublikaya rəhbərliyi dövründə qəbul olunmuş taleyüklü qərarlar, atılan addımlar Azərbaycanın sonrakı taleyində həlledici rol oyandı.
Ulu Öndər Heydər Əliyev fenomeni : Tarix və şəxsiyyət -TƏHLİL
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şüarlı həyatının bütün mərhələləri Azərbaycan xalqının müstəqil dövlətə sahib olmasına, onun dünya xalqları içərisində firəvan həyatının təmin edilməsinə yönəlmişdir. Ulu Öndər Heydər Əliyev hələ Dövlət Təhlükəsizlik Komitəsində işləyərkən bu orqanda fəaliyyət göstərəcək milli kadrların hazırlanmasında müstəsna xidmətlər göstərmişdir. Ulu Öndər Heydər Əliyev çox gözəl bilirdi ki, dövlət təhlükəsizlik orqanlarında işləyən qeyri-azərbaycanlılar tərəfindən xalqımıza qarşı olduqca qəddar münasibət bəslənilmiş, minlərlə soydaşımız müxtəlif bəhanələr gətirilərək uzunmüddətli həbslərə, ölüm cəzasına məhkum edilmişdir. Xalqımıza qarşı yönəlmiş bu represiya maşınının qarşısının alınmasının yeganə yolu Dövlət Təhlükəsizlik Komitəsi sistemində milli kadrların yerləşdirilməsi idi ki, Ulu Öndər bu yolda qarşısına çıxan maneələri qətiyyətlə dəf etməyi bacardı.
Ulu Öndər Heydər Əliyevin rəhbər vəzifədə fəaliyyətinin növbəti mərhələsi 1969-1982-ci illərdə Azərbaycana birinci rəhbərliyi dönəmini əhatə edir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin birinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gəldiyi dönəmdə Azərbaycan keçmiş SSRİ respublikaları arasında sosial-iqtisadi göstəricilərinə görə ən axırıncı yerlərdən birində qərar tuturdu. Ulu Öndər heydər Əliyevin sahib olduğu şəxsi keyfiyyətləri, gərgin əməyi, malik olduğu böyük nüfuzu sayəsində qısa bir müddət keçdikdən sonra Azərbaycan keçmiş SSRİ məkanında ən öncül yerlərə yüksəldi, aqrar respublikadan, aqrar sənaye respublikasına çevrildi. Yüzlərlə emal və istehsal müəssisələri yaradıldı, neft-kimya kompleksləri tikilib istifadəyə verildi, o dövrün ən yüksək texnoloji nəaliyylərindən hesab edilən Bakı Kondensioner Zavodu tikilib istifadəyə verildi. O dövrdə bu sahədə dünyanın ikinci nəhəng zavodu sayılan Bakı Kondensioner Zavodunun məhz Bakıda tikilməsi Ulu Öndər Heydər Əliyevin keçmiş SSRİ məkanında malik olduğu nüfuzunun göstəricilərindən biridir. Ulu Öndər Heydər Əliyev təkcə Bakı Kondensioner Zavodunun Bakıda tikilməsi ilə kifayətlənmədi. O müasir elektronika sənayesinin Azərbaycanda inkişaf etdirilməsini təmin etdi. Eyni zamanda bu sahədə və digər mütərəqqi sahələrdə çalışacaq milli kadrların hazırlanması yolunda böyük uğurlara imza atdı. Minlərlə azərbaycanlı gənclər keçmiş SSRİ-nin və eyni zamanda Varşava Müqaviləsinə daxil olan dövlətlərin ən aparıcı ali məktəblərinə təhsil almaq üçün göndərildi. Bu yolla da ən önəmli məsələlərdən biri olan milli kadr hazırlığını ardıcıl və uzaqgörənliklə təmin etmiş oldu. Bu gün elm, təhsil, sənaye, idarəetmə və s. sahələrində peşəkarcasına çalışan milli kadrlarımız Ulu Öndər Heydər Əliyevin zamanında formalaşdırdığı təhsil bazasının əsasında ərsəyə gəlmişdir.
Ümummilli Lider Heydər Əliyevin zamanında C.Naxçıvanski adına Hərbi Məktəbin yaradılmasına nail olması, gələcək müstəqil Azərbaycan dövlətinin yaradılması yolunda atılmış ən uğurlu addımlardan biri sayıla bilər. Ulu Öndər Heydər Əliyevin gördüyü işlərə nəzər saldıqda görürük ki, xalqımıza dahi şəxsiyyəti həyatının hər anını Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinə həsr etmiş, müstəqil dövlətin var olması, kənardan edilən müdaxilələrə tab gətirməsi üçün etibarlı təməllər formalaşdırmış, müstəqil dövlət maşınının detallarını, düyümlərini, müxanizmlərini bir-bir zərgər dəqiqliyi ilə hazırlayaraq ərsəyə gətirmişdir. Bildiyimiz kimi müstəqil dövlətin var olmasını şərtləndirən ən önəmli amil milli hərbi kadrlarla təchiz edilmiş Ordunun yaradılmasıdır. Ulu Öndər Heydər Əliyev C.Naxçıvanski adına Hərbi Məktəbi yaratmaqla hərbi sahədə milli kadrların hazırlanmasının əsasını qoymuşdu.Ulu Öndər Heydər Əliyev bu sahədə milli kadrların hazırlanmasında təkcə C.Naxçıvanski adına Hərbi Məktəbi yaratmaqla kifayətlənmədi. Azərbaycanlı gənclərin digər sahələrlə yanaşı hərbi sahədə də keçmiş SSRİ-nin ali hərbi məktəblərində təhsil almasını, müddətli hərbi xidmətlərinin tikinti hərbi hissələrində deyil, hərbi əməliyyatları yerinə yetirən hərbi hissələrdə qulluq keçmələrini təmin etdi. Ulu Öndər Heydər Əliyev çox gözəl bilirdi ki, XX əsrin əvvəllərində ermənilərə məğlub olmağımızın ən başlıca səbəblərindən biri də çar Rusiyasının azərbaycanlıları müsəlman əhalisi olmasını bəhanə gətirərək orduya cəlb etməmələri olmuşdur.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinə gedən yolda Azərbaycan dilinə verdiyi önəm, Azərbaycan dilini dövlət dili səviyyəsinə yüksəltməsi olmuşdur. Nəzərə alsaq ki, keçmiş SSRİ respublikaları arasında Azərbaycan çox nadir respublikalardan bir idi ki, Azərbaycanda dövlət dilinin Azərbaycan dili olması Konstitusiyada təsbit olunmuşdur. Bu Ulu Öndər Heydər Əliyevin keçmiş SSRİ məkanında nüfuzunun bariz nümunəsi idi. Ulu Öndər Heydər Əliyev Azərbaycan dilini Azərbaycanda qanunvericilik səviyyəsində dövlət dili kimi rəsmləşdirməklə yanaşı, özünü nitqində heç bir kənar dillərə, o cümlədən keçmiş SSRİ-nin dövlət dili olan rus dilinə aid bir kəlmədən belə istifadə etməməklə dilimizin səlistliyinin qayğısına qalır və hər kəsə nümunə olurdu. Ulu Öndər Heydər Əliyev çox gözəl bilirdi ki, milli kimliyimizin qorunması, assimliyasiyaya uğramasının qarşısının alınmasında ən önəmli vasitə mənsub olduğumuz dilin qorumasıdır, zamanın tələblərinə uyğun inkişaf etdirilməsidir. Bu səbəbdən də dilimizə elmi yanaşmanı, tədrisin və dövlət idarəetmə sistemində Azərbaycan dilinə üstünlüyün verilməsi Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinə göstərdiyi qayğının göstəricisidir.
1982-ci ildə Ulu Öndər Heydər Əliyev keçmiş SSRİ-ninən ali idarəetmə sisteminə, Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə aparıldıqdan sonra da daima Azərbaycanı diqqət mərkəzində saxladı, Mərkəzdən Azərbaycan üçün mümkün olan hər şeyi etdi.
Başına erməni daşnak tör-töküntülərini yığan M.Qorbaçov Heydər Əliyev şəxsiyyətindən qorxaraq çıxış yolunu Ulu Öndərin Siyasi Bürodan uzaqlaşdırılmasında görürdü və bunu da etdi. Ulu Öndər Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşdırılmasında dərhal sonra Azərbaycanın ayrılmaz tərkib hissəsi olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi yolunda separatçılığa rəvac verildi. Proseslərin necə cərəyan etdiyi haqqında uzan-uzadı danışaraq vaxtınızı almaq istəmirəm. Süni şəkildə yaranmış bu problem müxtəlif mərhələlərdən keçdi və xalqımız bu ədalətsizliyə dözməyərək öz etiraz səsini ucaltdıqda 1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecə respubilkanın paytaxtına ordu yeridildi və xalqımızı qan gölündə boğmağa çalışdılar. Dövlət idarəetmə sistemindən uzaqlaşdırılaraq, xüsusi nəzarət altında yaşamasına rəğmən Ulu Öndər Heydər Əliyev özünün və doğmalarının həyatına risk edərək Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilmiş vəhşilik haqqında həqiqətləri kütləvi informasiya vasitələri ilə dünyaya bəyan etdi və etiraz əlaməti olaraq kommunist partiyasında könüllü olaraq istefa etdiyini bəyan etdi. Ulu Öndər Heydər Əliyev kimi dünya miqyasında tanınan nüfuzlu bir şəxsiyyətin komunist partiyasının üzvlüyündən imtina etməsi SSRİ adlı nəhəng bir imperiyanın süqutunun əsasını qoydu desək, məncə yanlışlığa yol vermiş olmarıq.
Ulu Öndər Heydər Əliyevin xüsusi nəzarət altından çıxaraq Azərbaycana dönməsinin özü də bir fədakarlıq nümunəsidir.Azərbaycanın o dövrkü rəhbərliyi öz vəzifə kürsülərini itirməmələri üçün Ulu Öndər Heydər Əliyevin Bakıda qalmasına imkan vermədilər. Məcburiyyət qarşısında qalan Umummilli Liderimiz Heydər Əliyev Naxçıvana getməli oldu.Naxçıvan əhalisi xalqımızın xilaskar oğlunu olduqca böyük sevgi və sayqı ilə qarşıladı.Ulu Öndər Heydər Əliyevin Naxcıvana qayıdışı Naxçıvanı erməni və onların havadarlarının işğalından qorudu. Naxçıvanın blokada şəraitində olmasına baxmayaraq Ulu Öndər Heydər Əliyev Qarabağın müdafiəsinə də imkan daxilində dəstək göstərdi. Belə ki, 6 ədəd doludağıdan topların Qarabağa məhz Ulu Öndər Heydər Əliyev tərəfindən göndərildiyi mənim şahidi olduğum hadisələrdir.
Ötən əsrin 90-cı illərin əvvəllərində respublikada elə bir xaotik mühit yaranmışdır ki, Azərbaycan idarəolunmaz bir vəziyyətə düşmüşdü. Bir tərəfdə Moskvanın buyruqqulu rolunda çıxış edən o dövrkü siyasi “hakimiyyət”, digər tərəfdə isə nəyin bahasına olursa-olsun hakimiyyətə yiyələnməyə can atan “demokratik” qüvvələr. Şəxsi mülahizələrimə və müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, hər iki qüvvə Moskvanın sifarişini icra edən bir medalyonun iki üzləri idi. Milli və dövlətçilik məfkurəsindən uzaq, bir mərkəzdən idarə olunan “qüvvələr” bir-birlərini siyasi səhnədə əvəz etdikcə Azərbaycanın dövlət maraqları sarsıdılır, torpaqlarımız erməni silahlı dəstələri tərəfindən işğal olunur, işğala məruz qalmış ərazilərdə yaşayan soydaşlarımız min bir müsibətlərlə üzləşərək qaçqın, məcburi köçkün həyatı yaşamağa məhkum edilirdi. Bunlar az imiş kimi özlərini demokratik qüvvələr adlandıran qaraguruhun yarıtmaz fəaliyyəti nəticəsində Gəncədə qardaş qanı axıdıldı və respublikada vətəndaş müharibəsi şəraiti yarandı. Belə bir ağır durumda da Vətənin və millətin köməyinə Ulu Öndər Heydər Əliyev yetişdi. O Naxçıvandan bakıya gələrək qısa müddətdə vətəndaş müharibəsi və dövlət müstəqilliyinin itirilməsi təhlükəsini aradan qaldırdı, şimalda və cənubda baş qaldırmış separatçı qüvvələri zərərsizləşdirdi, başıpozuq silahlı dəstələr ləğv edilərək vahid komandanlığa tabe olan nizami Ordunun əsası qoyuldu, ictimai sabitlik bərqərar edildi, dövlət çevrilişinə cəhdlərin qarşısı qətiyyətlə alındı, döyüş meydanında Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurularaq geri otuzduruldu və Ermənistan atəşkəsə razlıq verməsinə məcbur edildi. Bunlarla paralel olaraq dünya dövlətləri ilə qarşılıq maraqlara xidmət edən, beynəlxalq hüquqa əsaslanan, bərabər hüquqlu beynəlxalq münasibətlər quruldu. Dövlətin iqtisadi əsaslarını təmin edəcək və bu günkü iqtisadi inkişafımızın əsasını təşkil edən əsrin müqaviləsi adlandırılan Böyük Neft Kontraktının imzalanmasına nail olundu. Azərbaycanın müstəqil dövlət olaraq ilk Konstitusiyası qəbul edildi. Bütün sahələrdə islahatlar həyata keçirildi. Beləliklə Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyi, əbədiliyi təmin edildi.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında ən mühüm xidmətlərindən biri də özündən sonra millətin və dövlətin taleyini etibar edəcəyi siyasi varisin yetişdirilməsidir. Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin şəxsində elə bir qətiyyətli proqmatik, ən yüksək keyfiyyətlərə sahib, dünya siyasətini dərindən bilən, zamanı qabaqlamağı bacaran bir lideri özündən sonra varis qoydu. Ulu Öndərimiz burada da yanılmadı. Ulu Öndər Heydər Əliyevin yarımçıq qalmış ideyaları cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Cənab Prezident İlham Əliyev zamanın reallıqlarını nəzərə alaraq Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı yenidən tikərək xarici simasını dəyişdi, Azərbaycanı regionun lider dövlətinə və beynəlxalq məsələlərin müzakirə edildiyi və mühüm qərarların qəbul edildiyi məkana çevirdi. Ən əsası özünün qətiyyəti, yaratdığı Müzəffər Ordunun qüdrəti və xalqımızın birliyi ilə 30 il işğal altında qalan Vətən torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü təmin etdi. Xalqımızın zədələnmiş milli qüruru bərpa olundu. Xalqımız məğlub xalqdan, Qalib xalq səviyyəsinə ucaldıldı.
Nə qədər Azərbaycan var, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyev də var olacaq!
YAP Xocalı rayon təşkilatının sədri
Heydər Əliyev fenomeni: zaman və məkan çərçivələrinə sığmayan idrak FOTOKOMPOZİSİYA
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə eyni vaxta təsadüf edir. Bu iki zaman ölçüsü arasında paralellər aparsaq nəyi görə bilərik? Heydər Əliyev Cümhuriyyətin süqutundan cəmi üç il sonra, 1923-cü il mayın 10-da Azərbaycanın ucqarlarından olan Naxçıvanda dünyaya gəlmişdi. Onda kimin ağlına gələrdi ki, sadə kəndli ailəsinin övladı 70 il sonra Cümhuriyyətin varisi olan müstəqil Azərbaycanı qurub yaradacaq, xalqın milli dövlətçiliklə bağlı bütün arzularını öz dəmir iradəsi və dərin zəkası ilə reallığa çevirəcək. Ötən 100 ilin bütöv bir qərinəsi – 1969-cu ildən 2003-cü ilədək olan dövrü bu böyük şəxsiyyətin adı ilə sıx bağlıdır. Təkcə həmin dövrmü? Yox, bu tarix hələ bitməyib: Ulu Öndər yenə də mənən xalqı ilə birlikdədir, onun parlaq ideyaları gələcəyin yollarını işıqlandırır.
Bu əsl fenomendir: Heydər Əliyev zəkası məkan və zaman çərçivələrinə sığmayıb. Naxçıvanın bir kəndindən başlayan yol əvvəlcə Azərbaycanın, daha sonra keçmiş SSRİ-nin siyasət olimpinə qədər uzanıb, nəhayət, dünya arenasına çıxıb. Heydər Əliyev idrakı zəmanəsindən çox-çox qabağı görür, xalqı tam fərqli həyata – müstəqilliyə hazırlayırdı.
Heydər Əliyev planetar səviyyəli şəxsiyyət idi, çox yerdə Azərbaycanı ona görə tanıyırdılar. Dünyanın görkəmli insanları, məşhur siyasətçiləri və dövlət xadimləri onu Azərbaycanın şəksiz lideri, siyasət aləminin patriarxı adlandırırdılar.
Azərbaycan xalqı üçün isə Heydər Əliyev yol göstərən, xilaskar, qurucu, islahatçı – bir sözlə, millət atası idi.
Ulu Öndərin Vətəni və xalqı qarşısında misilsiz xidmətləri barədə cild-cild kitablar yazılıb və bundan sonra da yazılacaq. Onun tükənməz milli sərvət olan zəngin irsi təkrar-təkrar tədqiq olunub və olunacaq. Bizim məqsədimiz isə diqqəti Heydər Əliyevin keçdiyi təkrarolunmaz həyat yolunun təsirli epizodlarını, tarixi anlarını özündə yaşadan fotoşəkillərə yönəltməkdir.
AZƏRTAC-ın Ulu Öndərin doğum və xatirə günlərində hazırladığı fotokompozisiyalar böyük maraqla qarşılanır. Odur ki, bu silsilədən növbəti fotokompozisiyanı təqdim edirik. Bu fotolardan hamımız üçün doğma və əziz olan insanın nurlu, bəzən gülümsər, bəzən qayğılı siması boylanır. Baxın, Heydər Əliyev ailə üzvləri arasında, pambıq və üzüm sahələrində, çay plantasiyalarında, fabrik və zavodlarda, müxtəlif tədbirlərdə, başlıca isə insanların yanındadır.
Ailə ocağının hərarəti
Hər bir insanın yolu doğulduğu ailədən başlayır, o, bu ocağın istisinə qızınır. Sonra özü ailə sahibi olur. Kiçik dövlət adlandırılan, öz qanunları olan ailənin, valideyn tərbiyəsi və nümunəsinin insanın şəxsiyyətinin formalaşmasında müstəsna rolu var. Əliyevlər ailəsi ilk baxışda bəlkə də adi azərbaycanlı ailəsindən fərqlənmirdi. Lakin Heydər Əliyevin və Zərifə xanımın saf məhəbbəti üzərində qurulmuş bu ailə ocağının özəllikləri də az deyil. Yəni, söhbət, ilk növbədə, respublika rəhbərinin, dövlət başçısının ailəsindən gedir, buna rəğmən dəbdəbədən uzaq, sadə həyat tərzi sürən bir ailədən.
Heydər Əliyev gənc yaşından yüksək vəzifələr tutub, çiyinlərində bütün ölkənin yükünü daşıyıb. Onun bir vaxt Mərkəzi Komitədəki, sonrada Prezident Aparatındakı iş otağının işığı bəzən gecə yarısınadək sönmürdü. Buna baxmayaraq, ailəsinə də vaxt ayırırdı. AZƏRTAC-ın arxivindəki nadir fotolardan birində biz onu ömür-gün yoldaşı Zərifə xanımla birlikdə kənd evinin həyətində, digərində övladları İlham və Sevilin, nəvələri Leylanın, Arzunun və Heydərin, gəlini Mehriban xanımın əhatəsində görürük. Bu fotoların hər biri Heydər Əliyevin qayğıkeş həyat yoldaşı və ata, mehriban baba olduğuna şahidlik edir.
Bu dahi şəxsiyyətin xalqı qarşısında daha bir xidməti İlham Əliyev kimi oğul yetişdirməsidir. Fotoların birində ata və oğul yanaşı dayanıb, sanki uzaqlara baxır, gələcəyi, illər arxasından bugünkü modern, dinamik inkişafda olan Azərbaycanı görürlər. Ulu Öndərin layiqli varisi, xalqımızın yeni əsrdəki yeni lideri Prezident İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, ölkəmizi inamla gələcəyə aparır.
Azərbaycanın simasını dəyişən 13 il
Fotokompozisiyanın bu bölümündəki fotolar təxminən 40-50 il əvvələ aiddir. Heydər Əliyev respublikaya rəhbər təyin olunana qədər Azərbaycana keçmiş SSRİ-nin geridə qalmış ucqarlarından biri kimi baxırdılar. Bu xoşagəlməz tendensiya Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumuna qədər – Heydər Əliyev birinci katib seçilənədək davam etdi. Həmin vaxtdan həyatın ritmi dəyişdi, respublikada görünməmiş canlanma və yüksəliş, quruculuq dövrü başlandı: Bakıda o dövr üçün nadir müəssisələr – məişət kondisionerləri, dərin dəniz özülləri zavodları və digər sənaye müəssisələri tikildi, paytaxtımıza bu gün də yaraşıq verən “Gülüstan” sarayı, indiki Heydər Əliyev Sarayı kimi memarlıq nümunələri ucaldıldı, Yeni Əhmədli, Günəşli kimi nəhəng yaşayış massivləri, mikrorayonlar salındı. Bununla paralel olaraq, kənd təsərrüfatı məhsulları, xüsusən pambıq, üzüm və tərəvəz istehsalında böyük dönüş yarandı. Nəticədə əhalinin qazancı artdı, kəndlilərin bir çoxu kərpic daxmaları söküb yerində daş evlər tikə bildi.
Bu intibah həyatın bütün sahələrini əhatə edir, milli şüurun oyanmasına güclü təkan verirdi. Heydər Əliyev istedadlı gəncləri keçmiş SSRİ-nin qabaqcıl məktəblərinə təhsil almağa göndərdi, böyük çətinliklə də olsa, Moskvanı Azərbaycanda hərbi məktəb açılmasına razı sala bildi. Həmin dövrdə çoxsaylı mədəniyyət xadimləri yetişdi, milli ruhlu əsərlər yarandı. Sonralar məlum oldu ki, Ulu Öndər xalqını və ölkəsini çox böyük uzaqgörənliklə müstəqillik dövrünə hazırlayırdı. Doğrudan da, Azərbaycan dövlət müstəqilliyini bərpa edərkən məhz bu intellekt potensialı və hərbi kadr bazası köməyə çatdı.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövr – 1969-1982-ci illər haqlı olaraq intibah dövrü kimi səciyyələndirilir. Bu 13 ili Azərbaycanın simasını kökündən dəyişən illər də adlandırmaq olar.
Həmin uzaq illərdə Heydər Əliyev bu gün də davam edən ənənənin əsasını qoydu. O, bölgələrə müntəzəm səfərlər edir, insanlarla görüşür, onların problem və qayğıları ilə şəxsən maraqlanırdı. Onun alimlər, yazıçılar, mədəniyyət xadimləri ilə ənənə halını almış görüşləri bu gün də xoş duyğularla anılır.
Bu ağ-qara fotolar özündə həmin anları yaşadır, bizi xəyalən o illərə qaytarır.
Böyük siyasət aləmində parlayan ulduz
1982-ci il. Siyasət aləmində ulduz kimi parlayan Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilir və çox keçmədən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilir. Yaşlı nəsil bu xəbərlərin Azərbaycanda necə böyük sevinc doğurduğunu hələ də unutmayıb. Azərbaycan oğlunun SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında yüksək mövqe tutması qürurverici hadisə idi. Digər tərəfdən, Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi Azərbaycanın xeyrinə işləyə bilərdi və belə də oldu. O, mərkəzi hökumətdə tutduğu vəzifənin açdığı imkanlardan istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana daha çox vəsait ayrılmasına, bir sıra böyük layihələrin Bakıya yönəldilməsinə nail oldu.
Həmin illərdə gördüyü işlər, fitri təşkilatçılıq bacarığı onun şöhrətini getdikcə artırır, sorağı SSRİ hüdudlarını aşırdı. Obyektiv siyasətçilər hesab edirdilər ki, Heydər Əliyev Baş katib vəzifəsinə ən yaxşı namizəddir.
Bu bölmədəki fotolarda həmin illərin bəzi məqamları əksini tapıb.
Heydər Əliyevin uğurlu karyerası Mixail Qorbaçov siyasi hakimiyyətə gələnədək davam etdi. Bundan sonra Heydər Əliyevə münasibət dəyişdi, ona qarşı həsəd və qısqanclıq hissləri baş qaldırdı. Qorbaçovla aralarında yaranmış ciddi fikir ayrılığı səbəbindən 1987-ci ildə həm Siyasi Büronun üzvlüyündən, həm də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrindən öz ərizəsi ilə istefa verdi. Bundan bir il sonra Dağlıq Qarabağda separatçılıq hərəkatı baş qaldırdı, Azərbaycanın qara günləri başladı. Bu gün çoxları əminliklə deyirlər ki, əgər o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, Azərbaycan xalqı nə Qarabağ problemini, nə də 20 Yanvar faciəsini yaşamazdı.
Xilaskarın qayıdışı
Tarixə nəzər salsaq görərik ki, o xalq zamanın sərt sınaqlarından az itki ilə çıxa bilir ki, onun hamılıqla qəbul edilən müdrik liderləri olur. Bu lider xalqın harayına yetişərək xilaskarlıq missiyasını öz çiyinlərinə götürür. Tale Azərbaycan xalqına da öz Ulu Öndərinin simasında əsl xilaskar göndərmişdi: bir dəfə 1969-cu ildə, ikinci dəfə 1993-cü ildə.
Azərbaycanın növbəti ağır günlərini yaşadığı 1990-cı ilin iyulunda Heydər Əliyev Vətənə qayıtdı. Kremlin köləsi olan rəhbərlik onun Bakıya yolunu kəsdiyi üçün doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu. Heydər Əliyev muxtar respublikanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. Üçrəngli bayrağımız 70 ildən sonra ilk dəfə Naxçıvanda ucaldıldı. İyirmi altı il əvvəl burada dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının təməli qoyuldu. Onun muxtar respublikaya rəhbərliyi dövründə qəbul olunmuş taleyüklü qərarlar, atılan addımlar Azərbaycanın sonrakı taleyində həlledici rol oyandı.
1990-cı illərin əvvəllərində azadlıq küləkləri məhz Naxçıvandan əsirdi.Ağır günlər keçirən xalq gözünü Heydər Əliyevə dikmişdi. Obrazlı deyilərsə, 1993-cü ildə Azərbaycan tufanlı dənizdə yelkənsiz gəmiyə bənzəyirdi. Belə bir mürəkkəb və ağır vəziyyətdə xalqın təkidli çağırışları ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkənin taleyi üçün məsuliyyəti və xilaskarlıq missiyasını çiyinlərinə götürdü. Azərbaycanı siyasi fırtınalardan sağ-salamat çıxararaq sakit limana gətirə bildi. Separatizmin, dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə alaraq ölkəni parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi və onu tərəqqi yoluna çıxardı.
Heydər Əliyevin şəxsi nüfuzu, ona olan inam və etibar sayəsində 1994-cü ildə xarici şirkətlərlə neft kontraktı – sonradan “Əsrin müqaviləsi” adı almış tarixi saziş imzalandı. Fotoların birində Azərbaycanın inkişafının, gələcək uğurlarının başlanğıc nöqtəsi olan bu müqavilədən əldə edilən ilk neftin Ulu Öndərdə doğurduğu böyük sevinc hissi əksini tapıb: onun gözləri gülür, neftli əlini üzünə çəkir.
Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü bu və digər taleyüklü, tarixi hadisələrlə zəngindir. O, dərin zəkasının qüdrəti ilə əfsanələri reallığa çevirirdi. Fotoşəkillər bizi bir daha həmin günlərə qaytarır, bu dahi şəxsiyyətin titanik fəaliyyətinin ayrı-ayrı məqamları göz önündə canlanır.
Dünyanı heyran qoyan insan
Heydər Əliyevin müasiri olan dünya liderləri, tanınmış dövlət adamları və siyasi xadimlər, məşhur yazıçılar xalqımızın Ulu Öndəri haqqında yüksək fikirdə olublar: onu böyük dövlət xadimi, siyasət nəhəngi, türk dünyasında sevilən lider, nadir istedad sahibi, əfsanəvi şəxsiyyət adlandırıblar. Heydər Əliyevə verilən bu qiymət bütöv bir xalqda qürur hissləri doğuracaq qədər təsirlidir.
Rusiya Prezidenti Vladimir Putin: O, böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasi nəhəng idi. Mən ona, sadəcə, böyük hörmətlə yanaşmırdım, mən ona məhəbbət bəsləyirdim.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə-Azərbaycan dostluğunu çox gözəl ifadə edən “Bir millət, iki dövlət” ifadəsi də ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin. Böyük Heydər Əliyevin ruhu şad olsun deyə biz türk dünyasının birliyini və qardaşlıq münasibətlərini qoruyub möhkəmləndirməyə çalışmalıyıq.
ABŞ-ın sabiq Prezidenti Corc Buş: Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev: Heydər Əliyev mənim yaxın dostum və ən çox hörmət etdiyim bir siyasətçi idi. Heydər Əliyev həm MDB ölkələri, həm də öz xalqı üçün çox işlər görmüşdür. Onun öz xalqı qarşısında xidmətlərinin əsl qiymətini gələcək nəsillər verəcəkdir. Əziz və unudulmaz dostum haqqında keçmiş zamanda danışmaq mənim üçün çox ağrılı olsa da, deməliyəm ki, Heydər Əliyev son nəfəsinə qədər öz xalqının rifahı üçün çalışmışdır.
Məşhur qırğız yazıçısı Çingiz Aytmatov: Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Bu, sovet dövründə də belə idi, bugünkü MDB məkanında da, xeyli çətinləşmiş müasir dünya şəraitində də belədir. Heydər Əliyev hər zaman xalqının xidmətində olmuşdur.
Böyük siyasətçinin şəxsi nüfuzu müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin beynəlxalq arenaya inamla çıxmasını şərtləndirən əsas amil oldu. Dünya liderləri ilə çoxsaylı görüşləri yenicə yaranmış dövlətin xarici siyasətinin uğurlarını təmin etdi. Onu hər yerdə hörmət-izzətlə qarşılayırdılar, Heydər Əliyev diplomatiyası dünyanı tədricən fəth edirdi. Bunu həmin görüşlər zamanı çəkilmiş fotolardan da görmək mümkündür.
Əbədiyyət simfoniyası
1994-cü ildə ümummilli lider Heydər Əliyev tanınmış bəstəkar, yaradıcılığına böyük hörmətlə yanaşdığı Arif Məlikovu özü ilə birlikdə Məkkə ziyarətinə aparmışdı.
Arif Məlikovun xatirələrindən: Ziyarət zamanı Heydər Əliyev mənə dedi: “Arif, bilirsən səni bura niyə gətirmişəm? İstəyirəm ki, sən buraları da görəsən və bunun təsiri altında bir simfonik əsər yazasan”.
Heydər Əliyevin bu sözlərindən heyrətlənən bəstəkar sonradan bu barədə danışarkən deyirdi: “İnanmıram ki, adi adam Məkkədə simfonik musiqi haqqında fikirləşə bilsin. Simfonik əsər yazan mənəmsə, orada mən belə şeylər fikirləşmirdim. Çünki Məkkə, Mədinə hara, Quran hara, simfonik əsər hara?! Bunlar bir-birinə uyuşmayan, üst-üstə düşməyən, tamamilə əks məsələlərdir. Amma böyük şəxsiyyət hiss edirdi ki, məhz orada nəyisə mənimsəyib dəyərli simfonik əsər yazmaq mümkündür”.
Arif Məlikov Ulu Öndərin istədiyi simfoniyanı yazdı. Onun Heydər Əliyevə ithaf etdiyi 8-ci simfoniyası – “Əbədiyyət” ilk dəfə 2004-cü ildə, Ulu Öndərin vəfatından bir il sonra səsləndi. İnsanın həyat uğrunda mübarizəsindən, zirvəyə yüksəlişindən, əbədiyyət yolçusuna çevrilməsindən bəhs edən möhtəşəm simfoniya belə yarandı.
Hər il mayın 10-da və dekabrın 12-də Fəxri xiyabanda yaşanan böyük izdihamın özü də bir əbədiyyət simfoniyasıdır. İnsanlar axın-axın Ulu Öndərin abidəsi önündən keçir, ruhu qarşısında baş əyirlər. Bu izdihamın, təsirli anların həkk olunduğu fotolar xalqın Heydər Əliyevə sonsuz və əbədi məhəbbətinin güzgüdəki əksidir. Uca zirvələr uzaqdan daha aydın göründüyü kimi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və ucalığı da illər ötdükcə daha dərindən dərk olunur.
Heydər əliyev fenomeni və muıtikulturalizm
Cavanşir Feyziyev,
Milli Məclisin deputatı
Fəlsəfə doktoru
Heydər Əliyevin anadan olmasından 91 il ötür. Hər ötən il Heydər Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini bir daha üzə çıxarır. Zaman Heydər Əliyevin siyasi baxışlarına daha dərin məna qazandırır, onun Vətənimizin indisinə və gələcəyinə çox möhkəm tellərlə bağlı olduğunu daha aydın göstərir. Dövrümüzün ictimai-siyasi reallıqları, geopolitik məkanda baş verən gözlənilməz dəyişikliklər və bütün bu təlatümlərin fövqündə dayanan müasir milli dövlətçiliyimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun rasional əsaslar üzərində, mükəmməl bir məntiqdən – Heydər Əliyev zəkasından yoğrulduğunu bir daha sübut edir. Böyük siyasi mütəfəkkir kimi, Heydər Əliyevin keçdiyi həyat yolu və bütöv bir xalqın gələcəyini müəyyən edən uğurlu siyasi kursunun kökündə dayanan səbəblər haqqında çoxsaylı dəyərli əsərlər yazılmışdır. Bu araşdırmalarda Heydər Əliyev yeni tarixdə xalqımızın yetişdirdiyi ən böyük düha sahibi kimi xarakterizə olunur və bu şəksizdir. Lakin Heydər Əliyev şəxsiyyətinə təkcə Azərbaycan kontekstində deyil, daha geniş miqyasda – XX əsrin qlobal siyasi aynasında baxmaq, dünya siyasətinin formalaşmasında mühüm rol oynamış siyasi xadimlərlə, dövlət rəhbərləri ilə bir sırada nəzər salmaq onun siyasi portretini daha önəmli cizgilərlə zənginləşdirmiş olar. Məhz bu rakursda biz Heydər Əliyevi bütün ömrü boyu müasir dünya siyasətinin qaynar məkanında, onun yaradıcıları və yönləndiricilərinin ön sıralarında görürük. Xüsusən sovet dövrünün son illərində, kommunist ideologiyasının agoniyası fonunda yürüdülən Qorbaçov siyasətinə qarşı çıxması və heç kim tərəfindən anlaşılmayan qeyri-müəyyən bir siyasəti dəstəkləməkdən imtina etməsi onu dövrün pozitiv siyasi perspektivlərini düzgün müəyyən edə bilən yeganə sovet siyasətçisi kimi tanıdır. Hadisələrin sonrakı inkişafı da göstərdi ki, Sovet liderləri arasında post-sovet məkanında müstəqilləşmə epoxasının zərurətlərini duyan və siyasətdə yeni yolun traektoriyasını dəqiqliklə cıza bilən, yeni dövrün qüsursuz siyasi-ideoloyi kursunu ərsəyə gətirən yeganə siyasətçi məhz Heydər Əliyev oldu. . Məhz bu baxımdan, öz dövrünün ən xarizmatik dövlət xadimi və ən praqmatik siyasətçisi kimi tanınan Heydər Əliyev ümumbəşəri dəyərlərin daşıyıcısı missiyasına yüksələn universal şəxsiyyət kimi regionun coğrafi sərhədlərinə sığmayaraq ümumdünya kontekstinə çıxır.
Heydər Əliyevin siyasi fəaliyyəti, əsasən, XX əsrin ikinci yarısı ilə bağlıdır. Bütövlükdə XX əsr bəşər tarixində bir çox təlatümlü hadisələrin baş verdiyi, iki dünya müharibəsinin od ələdiyi, çoxsaylı milli dövlətlərin meydana gəldiyi, siyasi və iqtisadi böhranların qaçılmaz olduğu və eyni zamanda, dünya inkişafına təkan verən proseslərin yaşandığı qlobal ziddiyyətlərlə dolu dramatik yüzillik kimi səciyyələndirilir. Baş verən bütün bu proseslər dünyanın bu günkü mənzərəsini ərsəyə gətirməklə yanaşı həm də siyasətdə aparıcı şəxsiyyətlərin dövlətlərin və bütövlükdə bəşəriyyətin taleyində nə qədər önəmli rol oynadığını göstərdi. Bəşəriyyət məhz tarixi şəxsiyyətlərin sayəsində ziddiyyətli, odlu-alovlu dünyadan sabit və dayanıqlı dünyaya keçid aldı. XX əsrin tarixi məhz şəxsiyyətlərin tarixdəki rolu baxımından ibrətamiz bir dövr oldu. Bu tarixi Çörçilsiz, De Qollsuz, Kennedisiz, Mandelasız və eləcə də Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyil. Tarixi sınaqlar qarşısında öz xalqlarını məhv olmaq təhlükəsindən böyük siyasi məharət hesabına çıxarmağa nail olmuş bu tarixi şəxsiyyətlər XX əsrin müxtəlif dövrlərində təkcə öz ölkələrinin deyil, həm də regionun və bu regionda yaşayan xalqların tarixində dönüş yaratmağa nail olmuşlarXX əsrin böyük siyasi xadimlərindən biri kimi tanınan Uinston Çörçil siyasi karyerasının ən yüksək pilləsində bütün bəşəriyyəti təhdid edən şər qüvvə ilə – imperialist işğalçılığının ən qəddar forması olan faşizmlə üz-üzə qalmışdı. Faşist Almaniyası artıq Britaniya şəhərlərini, paytaxt Londonu bombalayırdı. Belə bir çətin məqamda düşmənin amansız həmlələrinin qarşısını almaq, təcavüzə məruz qalmış xalqı ruh düşkünlüyündən çıxarmaq, ümummilli müqavimət hərəkatını formalaşdırmaq Britaniya hökumətinin qarşısında duran ən başlıca vəzifə idi. Məhz Çörçilin uzaqgörən siyasi gedişləri və qətiyyətli siyasi duruşu nəticəsində faşist Almaniyasına qarşı çox güclü ingilis cəbhəsini formalaşdırmaq mümkün oldu. Zaman və geosiyasi faktorlar baxımından fərqli olsa da, hadisələrin kökündə dayanan səbəblər və təhlükənin miqyası baxımindan müstəqilliyimizin ilk illərində qarşılaşdığımız təhdid və təhlükə ötən əsrin 40-cı illərində Britaniyanın üzləşdiyi təhlükədən çox da fərqlənmir. Öz şovinist ideoloji baxışlarına görə mənfur erməni millətçiliyi faşist düşüncəsindən heç də geri qalmır. Ermənistan rəhbərliyinin Avropa Şurasının tribunasından azərbaycanlılarla ermənilər arasında etnik uyuşmazlığın mövcudluğunu iddia etməsi elə nasistlərin arilərlə başqa millətlərin uyuşmazlıq düşüncəsinin eynidir. Məhz buna görə Azərbaycanın üzləşdiyi təcavüz və ermənilər tərəfindən milli ayrı-seçkilik zəminində etnik təmizləmə siyasəti artıq sadəcə milli təhlükəsizliyimizi deyil, eyni zamanda bəşəri dəyərləri təhdid edən, beynəlxalq hüquqa zidd olan təhlükəli tendensiya xarakteri almışdı. Belə bir məqamda erməni faşizminə qarşı ümummilli cəbhəni formalaşdıra bilməsi məhz Heydər Əliyev şəxsiyyətinin qüdrəti idi. Xüsusilə, ümummilli liderimizin 1994-cu ilin aprelində düşmən hücumlarının kəskinləşdiyi məqamda xalqa müraciətini xatırlamaq yerinə düşər. Ağdam, Tərtər, Füzuli rayonları istiqamətində erməni qoşun birləşmələrinin aramsız hücumlarını dəf etmək ümummilli səfərbərliyin ən yüksək şəkildə təşkili zərurətini yaratmışdı. Belə bir anda Heydər Əliyevin soyuqqanlı və bir o qədər qətiyyətli, xalqın vətənpərvərlik hisslərini qığılcımlandıran müraciətindən sonra qısa zaman ərzində cəbhədə əhəmiyyətli dönüş yarandı, düşmən tapdağında olan bir neçə qəsəbə və kəndlərimiz işğaldan azad olundu. Cəbhədə yaranan dönüş tez bir zamanda düşməni atəşkəs sazişi imzalamağa məcbur etdi. Məhz bu tarixdən başlayaraq, Azərbaycanda daha sistemli və vahid mərkəzdən idarə olunan ordu quruculuğuna start verildi.
Bu epizodlarda iki fərqli zamanda, dövlətçiliyin məhvolma təhlükəsi ilə üzləşdiyi ən çətin məqamlarda tarixi şəxsiyyətlərin üzərinə götürdükləri missiyanın xalqların taleyində nə qədər mühüm əhəmiyyət kəsb etdiyini görürük. Öz xalqlarının taleyüklü məqamlarında göstərdikləri cəsarət, siyasi qətiyyət və əzmkarlıq keyfiyyətləri hər iki siyasət adamını bəşər tarixində öz dəst-xətti olan görkəmli siyasi xadimlər kimi tanıtdırır.
XX əsrin aparıcı şəxsiyyətlərindən sayılan Şarl De Qoll “militarist” Avropanın demokratikləşən Avropaya transformasiyasın da həlledici rol oynamış siyasi xadimlərdən biridir. Bəzi hallarda aşırı milliyətçiliyə əsaslanan siyasət yürütdüyü iddia olunsa da, De Qollun XX əsrin ən görkəmli siyasət adamlarından biri olduğunu inkar etmək mümkün deyil. İkinci Dünya müharibəsi zamanında, Fransanın ağır məğlubiyyətlərə düçar olduğu bir vaxtda onun rəhbərliyi ilə yaradılan Azad Fransız Qüvvələri Fransanın nasist Almaniyasına qarşı mübarizəsində başlıca hərəkətverici qüvvə oldu. Xüsusilə, De Qollun müharibənin başlanğıc illərində Fransa xalqına davamlı radio müraciətlərinin düşmənə qarşı müqavimət hərəkatının formalaşmasına təkan verən əsas səbəb olduğunu bu günün tarixçiləri və siyasət adamları qələbənin əsas amili kimi dəyərləndirirlər.
Zaman-zaman Azərbaycan dövlətçiliyinə qarşı qəsdlərin, dövlət çevrilişi cəhdlərinin müstəqilliyimizin və gənc dövlətimizin məhv olması təhlükəsini ortaya çıxardığı anlarda Heydər Əliyevin fövqəladə çevikliklə öz qətiyyətli mövqeyini birbaşa xalqa ünvanlaması və bir anda bütün xalqı təhlükəyə qarşı birləşdirməyə nail ola bilməsi də onun siyasi cəsarətinin və xalqla rəhbər arasında qarşılıqlı inamın nadir nümunəsidir. 1994-cü ilin oktyabrında Xüsusi Təyinatlı Polis Dəstəsinin xarici dövlətlərin kəşfiyyat idarələri ilə birgə ölkəmizdə dövlət çevrilişi cəhdinə qarşı Heydər Əliyevin inamlı duruşu yaxın tariximizdə siyasi qətiyyət nümunələrindən biridir. Oktyabrın 4-də axşam radələrində televiziya və radio ilə xalqa müraciət edən Heydər Əliyev böyük natiqlik nümunəsi göstərməklə dövlətçiliyimizin təhlükə altında olduğunu açıq şəkildə ifadə edərək milli maraqlarımızın müdafiəsi naminə insanları Prezident Administrasiyasının qarşısına səslədi. Qısa zaman ərzində bu çağırışa səs verən on minlərlə Azərbaycan vətəndaşı Prezident Administrasiyasının qarşısına toplaşaraq dövlətimizin müdafiəsi yolunda Heydər Əliyevlə eyni mövqedə dayandığını ifadə etdi. Məhz belə bir fövqəladə həmrəyliyin yaradılmasını təmin edən xalq-rəhbər birliyi dövlət çevrilişinin qarşısını aldı. Örnək gətirdiyimiz tarixi faktlar yenə də xalqların taleyinin müəyyənləşdiyi həlledici məqamlarda tarixi şəxsiyyət amilinin nə qədər önəmli rol oynadığını göstərir.
Bu kontekstdə Heydər Əliyev və Şarl De Qoll kimi iki tarixi şəxsiyyəti birləşdirən mühüm bir keyfiyyət – xalqlarının ən çətin anlarında onları toplum olaraq səfərbərliyə ruhlandıran müstəsna natiqlik qabiliyyətlərinin və xalqın onlara sonsuz inamının olmasıdır. Məhz bu keyfiyyət həmin tarixi şəxsiyyətlərin uzaqgörən siyasi gedişlərinə uğur gətirərərək toplumun bir ideya ətrafında sıx birləşməsinə rəvac vermişdir. Eyni zamanda, Şarl De Qoll və Heydər Əliyev bir-birindən fərqli situasiyalarda, lakin eyni müdrikliklə totalitar rejimlərdən demokratik təsisatlara keçməyin tarixi labüdlüyünü vaxtında dərk etmiş və bu mütərəqqi prosesin təşkilatçıları olmuşlar.
Məşhur çex dissidenti və siyasətçisi Vaslav Havel Heydər Əliyevlə eyni siyasi dövrün hadisələrinə şahidlik etmiş görkəmli şəxsiyyətlərdəndir. Sovet imperiyasının Şərqi Avropada mövqelərini möhkəmləndirməsindən sonra aktiv siyasi mübarizə meydanına atılan Havel uzun illər regionun kommunist totalitarizmindən qurtulmasında, Şərqli Avropa dövlətlərinin bu imperiyadan asılılığına son qoyulmasında müstəsna rol oynamışdır. Xüsusilə, Sovet İttifaqının çökməsi ərəfəsində Şərqi Avropada baş qaldıra biləcək etnik münaqişələrin qarşısını almaq, Çexiya və Slovakiyanın sülh şəraitində müstəqil dövlətlər kimi dünya birliyinə inteqrasiyasına zəmin formalaşdırmaq Vaslav Havelin sülhpərvər siyasətinin prioritet istiqamətləri idi. Vaslav Havellə Heydər Əliyevi birləşdirən ortaq məziyyət isə bu tarixi şəxsiyyətlərin uzun müddət ərzində kommunist ideologiyası sırınan cəmiyyətlərinə demokratik prinsipləri və Avropa dəyərlərini aşılaya bilmək qabiliyyətləridir. Azərbaycan hələ müstəqilliyini bərpa etməzdən əvvəl Sovet ideologiyasının artıq yeni zamanın reallıqları ilə ayaqlaşmadığını və məhvə məhkum olduğunu dəfələrlə bildirən Heydər Əliyev hakimiyyətə dönüşündən sonra demokratik dəyərləri, hüququn aliliyi prinsipini dövlət siyasətinin aparıcı xəttinə çevirdi. Ölkədə hakimiyyətin üç əsas qolunun – qanunvericilik, icra və məhkəmə hakimiyyətinin demokratik prinsiplər əsasında təşkilini təmin etdi, siyasi partiyaların fəaliyyətinə geniş zəmin yaradaraq, hakimiyyətin sağlam siyasi mübarizə yolu ilə formalaşdırılmasının əsasını qoydu.
Həyat və mübarizə yollarına nəzər saldığımız liderlər fəaliyyət göstərdikləri məkanın coğrafi sərhədlərini aşaraq universal düşüncə sahibləri, dünyanın yeni sosial yaşam, yeni siyasət reallıqlarını ərsəyə gətirən yaradıcı insanlar kimi tanınmışlar. Onlar üçün məkan və zaman fərqi yoxdur. Bu baxımdan, Heydər Əliyevin malik olduğu ali insani keyfiyyətlər və siyasi qabiliyyətlər ona istənilən siyasi mühitdə və istənilən coğrafi məkanda siyasi elitanın ən yüksək pilləsində qərarlaşmağı təmin edə bilərdi. Belə bir dühanın məhz Azərbaycan xalqına mənsub olması və özündən sonra bu xalqın tarixində yaradıcı iz və daha uzaq gələcəyə hesablanmış siyasi irs qoyması bütövlükdə xalqımızın milli uğuru və iftixar mənbəyidir. Müasir dünya tarixində yaradıcı iz qoymuş digər tarixi şəxsiyyətlərlə ortaq məziyyətlər daşıdığı üçün və bəzi hallarda isə həmin siyasi xadimləri belə üstələyən keyfiyyətlərə malik olduğu üçün Heydər Əliyev dünya miqyaslı fenomenal şəxsiyyətdir, Azərbaycan xalqının hər zaman fəxr edəcəyi və həyat yolundan ibrət götürəcəyi böyük bir mütəfəkkirdir.
Bütün oxşarlıqlarla yanaşı, Heydər Əliyev şəxsiyyətinin özünəməxsusluğu da xüsusi əhəmiyyət kəsb edir. O, bir çox siyasətçi müasirlərindən fərqli olaraq təkcə öz dövrünün deyil, daha geniş zaman çərçivəsində baş verən ictimai-siyasi proseslərin axarını müəyyən edə bilən güclü siyasi iradə sahibi, yeni dünya tarixinin rasional siyasətçisi, uzaqgörən bir dövlət xadimidir. Heydər Əliyev təkcə Gələcəyi görmür, həm də o Gələcəyi yaradır: Sabaha doğru gedən yolu açır və insanları o yolla getməyə səfərbər edir.
Heydər Əliyevlə müqayisədə onunla eyni zamanda SSRİ-nin siyasi elitasının ən yüksək pilləsində qərarlaşmış siyasətçilər – Leonid Brejnev və Mixail Qorbaçov bu gün siyasət tarixində ən miskin fiqurlar kimi görünür. 18 il ərzində Sovet İttifaqına rəhbərlik etmiş Leonid Brejnevi retrospektiv baxımdan dəyərləndirməli olsaq, onu əslində, Sovet İttifaqının durğunluq dövrünə qədəm qoymasına zəmin hazırlayan siyasətçi kimi xarakterizə etmək mümkündür. Leonid Brejnev başında dayandığı siyasi rejimi yalnız mühafizəkar qaydalarla idarə etməyi bacaran, dövlətin təkamül və tərəqqi qanunlarını bilməyən, istənilən yeniliyi yaxına buraxmayan tipik bir “homo-sovietikus” idi. Onun şəxsində bir siyasət adamı üçün həyati vacib olan siyasi qətiyyət, xarizma, zamanın reallıqlarını düzgün qiymətləndirmək, ictimai-siyasi çağırışlara adekvat reaksiya vermək qabiliyyətini görmək olduqca çətindir. Lakin az sonra eyni siyasi piramidanın kifayət qədər nüfuzlu və məsuliyyətli pilləsində dayanmış Heydər Əliyevin o zamankı və sonrakı həyat yoluna nəzər saldıqda tamamilə fərqli bir mənzərənin şahidi oluruq. Heydər Əliyevin istər Azərbaycan SSR-ə rəhbərlik etdiyi, istərsə də Sovet İttifaqının rəhbərliyində təmsil olunduğu zaman göstərdiyi siyasi əzmkarlıq və yorulmaz siyasi fəaliyyəti ona həmkarlarından tamamilə fərqlənən nadir şəxsiyyət imici qazandırmışdı.
Bütün siyasi karyerası boyunca Heydər Əliyevə qarşı qısqanc münasibətin, zaman-zaman edilən xəyanətlərin kökündə də məhz onun öz zəhməti ilə qazandığı böyük nüfuzun “təhlükəsi” dayanırdı. SSRİ-nin sonuncu rəhbəri olmuş Mixail Qorbaçovun Heydər Əliyevə qarşı qərəzli münasibəti bunun bariz nümunəsidir. Malik olduğu keyfiyyətlərlə tutduğu siyasi vəzifənin məsuliyyəti arasında dərin uçurum olan bu şəxsin parlaq zəkaya malik bir şəxsiyyətə – Heydər Əliyevə qarşı qərəzli münasibəti də məhz o “təhlükə”nin duyğusundan qaynaqlanırdı. Nahaq yerə deyilmir ki, zaman tarix boyunca əsl həqiqətləri üzə çıxaran, kimin kim olduğunu tam çılpaqlığı ilə göstərən ən dürüst mizan-tərəzidir. Tarixin üzə çıxardığı ədalət və reallıq isə bundan ibarətdir: Qorbaçov öz adını tarixə böyük bir dövləti dağıdan, əli qana bulaşmış cinayətkar bir şəxs kimi, Heydər Əliyev isə Azərbaycan adlı məmləkəti yenidən quran, onun müstəqilliyini əbədi və sarsılmaz edən şəxsiyyət kimi yazdırdı. Bu da tarixin mizan-tərəzisi!
Sovet İttifaqının süqutundan sonra müstəqilliyini bərpa edən dövlətlərin bugünkü siyasi-iqtisadi durumu, regional və qlobal miqyasda tutduqları yer həmin dövlətlərə başçılıq etmiş şəxslərin seçdikləri siyasi xəttlə birbaşa bağlıdır. Bunu post-sovet ölkələrinin keçmiş rəhbərlərinin fəaliyyəti və həmin ölkələrin bu günkü siyasi-iqtisadi durumuna nəzər saldıqda daha aydın görmək mümkündür. Belə bir müqayisədə də Heydər Əliyev siyasəti öz möhtəşəmliyi ilə üzə çıxır. Həm də bir faktı nəzərdən qaçırmaq olmaz ki, Azərbaycanın yerləşdiyi geopolitik məkan digər post-sovet ölkələrindən mürəkkəbliyi və həssaslığı ilə fərqlənir. Bu gün Gürcüstanın düşdüyü geopolitik çıxılmazlıq sindromu, aqressiv şəkildə şimal qonşusunun təcavüzünə uğraması və demək olar ki, müdafiəsiz qalması bu ölkənin sabit və tarazlı siyasətə nə qədər ehtiyacı olduğunu bir daha göstərir. Yəqin ki, əgər zamanında ölkədə milli müstəqillik siyasətinin əsası düzgün qoyulsaydı, orada da dövlətin sabit və dayanıqlı inkişafı təmin edilmiş olardı. Ermənistana gəldikdə isə, regionda Rusiyanın forpostu funksiyasını kölə sadiqliyi ilə yerinə yetirən, ümumiyyətlə, heç zaman öz mükəmməl dövlətçiliyini qurmamış və yəqin ki, heç zaman da buna nail olmayacaq bu ölkədə heç bir müstəqil siyasətdən, “parlaq gələcək” vəd edən siyasi düşüncədən, ənənədən və liderlik institutundan danışmaq mümkün deyil. Görünür, bu çürük siyasətin, daha doğrusu, siyasətsizliyin, öz ölkəsini böyük fəlakətlərə sürüklədiyini nə Ermənistan hakimiyyəti, nə də erməni xalqı əməlli-başlı dərk edir. Lap yaxın dövrdə Qərblə Şərq arasında geo-politik çəkişmələrin qurbanına çevrilmiş Ukraynanın da durumu heç ürəkaçan deyil. Bu dövləti 20 ildən çox müstəqillik dövrü ərzində idarə etmiş siyasətçilər tərəfindən yürüdülən siyasi kursun dəyəri, daha doğrusu, dəyərsizliyi bu gün göz qabağındadır. Bütün bu illər ərzində formalaşan kövrək siyasi vəziyyət, xaotik siyasi gedişlər fonunda daim tənəzzülə gedən iqtisadi durum və davamlı hakimiyyət dəyişmələri bu gün Ukrayna dövlətçiliyinin möbcudluğunu belə təhlükə altına almışdır. Bir çox cəhətlərinə görə hadisələr Azərbaycan- Ermənistan münaqişəsini də xatırladır.Lakin ən böyük fərq ondan ibarətdir ki, cərəyan edən dramatik hadisələrin səhnəsində bu hadisələri cilovlayıb dayandırmağa və bütün vətəndaşları Ukrayna xalqının milli maraqları ətrafında birləşdirməyə qadir olan siyasi lider yoxdur. Ukrayna xalqının avtoritarizmdən qurtulduğu bu həssas məqamda Ukraynaya məhz onların “Heydər Əliyevi” hava və su kimi lazım idi.
Sovet İttifaqı dağıldıqdan sonra Rusiya da yenidən özünü tapmaq, etimadlı tərəfdaş qismində sivil və beynəlxalq hüquq normalarına əsaslanan yeni siyasi xətt seçmək şansı qazanmışdı. Lakin Boris Yeltsinin gələcək prosesləri düzgün qiymətləndirməyə yetməyən siyasi savadsızlığı və sonrakı dövrlərdə də bu dövlətin gələcək inkişafının kökündə dayanmalı olan milli ideyanın hələ də tapılmaması bu gün Rusiyanı irəli getdiyində də, geriyə döndüyündə də məğlubiyyətə aparıb çıxaracaq bir duruma salmışdır. Bu gün neo-avrasiyaçılığı yeni imperialist siyasətin mərkəzi xəttinə çevirən və bu ideyanın reallaşmasına uğursuz cəhdlər edən Rusiya beynəlxalq sistemi kifayət qədər dərindən çalxalamaqla, özünə və bütün beynəlxalq birliyə ciddi ziyan gətirməkdə və öz xalqını daha böyük fəlakətlərə sürükləməkdədir.
Belələiklə, Heydər Əliyevdən başqa vaxtilə Sovet Politbürosunun tərkibində olmuş bütün siyasətçilərin adlarını Əlahəzrət Tarix qısa müddət ərzində yaddaşlardan sildi. Onlardan heç birinin siyasi irsi və siyasi kursu yeni, müstəqil bir dövlətin həyat yoluna çevrilmədi. Dünya inkişafının perspektivini aydın görən, ona doğru addımlayan və ölkəsini, xalqını ona doğru istiqamətləndirən Heydər Əliyevin uzaqgörən siyasəti isə müasir Azərbaycanın dünya birliyinə təbii inteqrasiyasıını təmin edərək onun müstəqilliyini əbədi və dönməz etdi. Bu siyasət, hər şeydən əvvəl, uzunmüddətli sabitliyin bərqərar olunmasına yönəlmişdir; bu siyasət zaman çərçivəsi ilə məhdudlaşmır – gələcəyə hədəflənmişdir; bu siyasət geopolitik maraqları toqquşdurmur, əksinə, həmin maraqların Azərbaycanın milli mənafeləri ilə uzlaşan ideal harmoniyasını yaradır. Məhz bu siyasət hələ uzun illər Azərbaycanın daxili və xarici siyasət doktrinasının özəyini, milli inkişafımızın təməlini təşkil edəcəkdir. Məhz bu cəhətləri Heydər Əliyev siyasətini qlobal siyasət səviyyəsinə yüksəldir və onun özünü isə dünya miqyaslı şəxsiyyətə çevirir.
Heydər Əliyev Azərbaycan xalqının rifahını, milli dövlətçiliyimizin daha da güclənməsini hər şeydən üstün tutan vətənpərvər lider idi. Xüsusilə, ömrünün son on ilində Heydər Əliyevin fəaliyyəti hətta bir insan ömrünə sığmayacaq qədər zəngin oldu. Xarici ölkələrə etdiyi davamlı səfərlərlə, daxili və xarici siyasətimizin dayaqlarını yaratmaqla, ümumən, bütün ölkənin yenidən qurulmasına rəhbərlik etməklə, Heydər Əliyev Yeni Azərbaycanın əsasını qoydu. İstənilən xarakterli böhrandan sabitliyə keçidin uzunmüddətli və ağrılı proses olduğu şübhəsizdir. Heydər Əliyevin siyasi dühasının böyüklüyü isə onda idi ki, uzaqgörən siyasi gedişləri ilə bugünkü sürətli inkişafımızın kökündə dayanan sabitliyi qısa zaman kəsiyində bərqərar etməyə nail oldu. Gərgin iş rejiminin səhhətində problemlər yaratmasına baxmayaraq, Azərbaycan uğrunda yorulmaz fəaliyyətini bir an belə dayandırmadı. Yalnız Heydər Əliyevin güclü qətiyyəti, ölkəmizin maraqlarına xələl gətirə biləcək məsələlərdə tutduğu prinsipial mövqeyi Azərbaycana beynəlxalq miqyasda yanaşmanı dəyişdi. ATƏT-in Lissabon sammitində ölkəmizin ərazi bütövlüyünün yekdil şəkildə dəstəklənməsi artıq Azərbaycanın dünya birliyi tərəfindən suveren dövlət kimi qəbul edilməsinin əyani nümayişi oldu. Məhz onun yorulmaz səyləri nəticəsində Azərbaycan konservativ, tipik post-sovet ölkəsi kimi deyil, beynəlxalq və regional müstəvidə sabit və davamlı inkişaf vəd edən bərabərhüquqlu tərəfdaş kimi tanınmağa başladı.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri, regionda sabitliyin bərqərar olunmasında oynadığı rol bir çox tanınmış dövlət adamları tərəfindən də aydın şəkildə ifadə olunmuş və yüksək qiymətləndirilmişdir. ABŞ-ın keçmiş prezidenti Corc Buş ümummilli liderimiz haqqında deyirdi: “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın XXI əsrə müasir dövlət kimi daxil olmasına şərait yaratmışdır”. Bu fikirlər Heydər Əliyev tərəfindən yürüdülən siyasətin ölkə daxilində sabitliyə və iqtisadi inkişafa təkan verdiyini ifadə etməklə yanaşı, ümummilli liderimizin bütövlükdə regional müstəvidə kəsb etdiyi sülhyaradıcı və qlobal inteqrasiyaya yol açan fəaliyyətinin əhəmiyyətini bir daha təsdiqləyir.
Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer də Heydər Əliyev haqqında fikirlərini bölüşərkən sabitlik faktorunu xüsusilə vurğulayır: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər”.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Heydər Əliyev şəxsiyyətinə Azərbaycan, region və ümumdünya kontekstində yanaşaraq bildirir: “Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur.” Doğrudan da, Heydər Əliyev öz xalqının tarixi köklərinə bağlı olan elə bir şəxsiyyətdir ki, o, bütün siyasi fəaliyyəti ərzində türk dünyasının birliyinə, bütövləşməsinə və vahid güc mərkəzinə çevrilməsinə böyük inam bəsləmiş və bu prosesin də davamlı inkişafına çalışmışdır. Yeni türk yüzilliyinin rəmzi başlanğıcı kimi, məhz Heydər Əliyevin təşəbbüsü ilə 2000-ci ildə Bakıda təşkil olunmuş Türk Dövlətləri Başçılarının Zirvə Toplantısı və bu Toplantının sonrakı illərdə artan ideya-praktik nəticələri onun türk dünyasının birliyi naminə göstərdiyi xidmətin parlaq nümunəsidir.
Heydər Əliyev şəxsiyyəti o qədər zəngindir ki, istənilən aspektdən yanaşdıqda onun intəhasız fəaliyyətinin geniş okeanına çıxa bilirsən. Öyrənildikcə öyrənilən, heç zaman tükənməyən Heydər Əliyev irsi, onu müasiri olduğu digər dünya siyasətçilərindən fərqləndirən siyasi dühası, onun yaradıcı zəkası hələ uzun illər çoxtərəfli araşdırmaların mövzusu olacaq. Və hər zaman bu şəxsiyyətin tarixdə oynadığı əhəmiyyətli rol daha dərin məzmunda, daha geniş panoramda və daha konseptual şəkildə açılacaq. Amma bir həqiqət heç zaman dəyişməyəcək: Heydər Əliyev müasir Azərbaycanımızın qurucusu olmaqla yanaşı, tərəqqi və ədalət, sülhpərvərlik və humanizm ideyalarına əsaslanan geniş spektrli fəaliyyəti ilə bəşər tarixinin yetişdiriyi nadir şəxsiyyətlərdəndir!
Comments are closed, but trackbacks and pingbacks are open.