Heydər əliyev və azərbaycan dili
Heydər Əliyev bu dahiyanə fikri ilə dili əyilməzliyin, ölməzliyin simvolu sayır, onu milli sərvət adlandırır, bu müqəddəs mirasın babalarımızın əmanəti olduğunu, qorunmasını isə vətəndaşlıq borcu hesab edir.
Heydər əliyev və azərbaycan dili
Heydər Əliyev və Azərbaycan dili
Tarix göstərir ki , Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib bir müddət fəaliyyət göstərsə də , dövlət dili statusu uzun sürə bilməmişdir . Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu . Tam qətiyyətlə demək olar ki , ulu öndər Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində yeritdiyi fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünəqayıdış , milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi .
Öl kə rəhbərinin təşəbbüsü və fəal iştirakı ilə 1995-ci il oktyabrın 31-də Konstitusiyanın dövlət dili haqqında maddəsi ilə bağlı keçirilən gərgin və tam demokratik müzakirələr nəticəsində Azərbaycan dilinin qanuni haqqı özünə qaytarıldı . Həmin il noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsbit (21-ci maddə ) olundu .
Azərbaycan Prezidentinin imzaladığı ” Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında ” 18 iyun 2001-ci il tarixli , 506 saylı fərman , ” Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında ” 4 iyul 2001-ci il tarixli , 76 nömrəli sərəncam , ” Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında ” 9 avqust 2001-ci il tarixli , 552 nömrəli sərəncam və nəhayət , 2003-cü il yanvarın 2-də qüvvəyə minmiş ” Azərbaycan Respublikasının dövlət dili haqqında ” qanun ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını , onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır . Bu sənədlərin hazırlanmasında böyük tarixi şəxsiyyət Heydər Əliyevin yüksək intellekti , zəngin dövlətçilik təcrübəsi , yenilməz məntiqi , vətəndaşlıq qeyrəti , ana dilinə misilsiz məhəbbəti mühüm rol oynayıb .
Respublikamızın çoxminli təhsil işçiləri ” Azərbaycan Respublikasının dövlət dili haqqında ” qanundan , eləcə də ümummilli liderimiz Heydər Əliyevin dil siyasəti ilə bağlı imzaladığı silsilə fərmanlardan irəli gələn vəzifələrin yerinə yetirilməsində , ulu öndərin dövlət dili ilə əlaqədar verdiyi müdrik göstərişlərin , irəli sürdüyü müddəa və ideyaların gerçəkləşməsində yaxından iştirak edirlər . ölkəmizdə hər il “Ana dili ” günü təntənəli surətdə qeyd edilir .
Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi yolunda möhtərəm Heydər Əliyevin başladığı müqəddəs milli mücadilənin tarixi bir qərinədən çox davam etmişdir . Milli tariximizə Heydər Əliyev epoxası kimi daxil olmuş 1969-2003-cü illərdə Azərbaycan dilinin hərtərəfli inkişafı yalnız rəsmi sənədlərdə deyil , sözün həqiqi mənasında , gündəlik həyatda , təcrübədə ümumişlək dilə , dövlət dilinə çevrilməsi , beynəlxalq münasibətlər sisteminə , dünya diplomatiyasına yol tapması , beynəlxalq aləmin çox mötəbər məclislərinin kürsülərindən eşidilməsi ulu öndərimizin ana dilimizin inkişafına , onun sosial-siyasi və mədəni həyatda layiqli yer tutmasına göstərdiyi qayğı və diqqətin , son dərəcə dəqiq , düşünülmüş və uzaqgörən dil siyasətinin nəticəsində mümkün olmuşdur . Bu şərəfli tarixi yolun başlanğıcı hələ 1970-ci ildə BDU-nun 50 illik yubileyində o dövr üçün , kommunist rejimi üçün fövqəladə hadisə sayılan respublika rəhbərinin Azərbaycan dilində çıxışı ilə başlandı . Bu tarixi çıxış ziyalılara , bütün xalqa respublika rəhbərinin Azərbaycan dilinə qayğı və ehtiramı haqda bir xəbərdarlıq idi ki , bu proses sonralar milli özünüdərkdə müstəsna rol oynadı . Az keçmədi ki , Azərbaycan dili nüfuzlu məclislərə , dövlət əhəmiyyətli tədbirlərə yol açdı , Heydər Əliyevin qayğısı sayəsində ali məktəblər üçün dördcildlik ” Müasir Azərbaycan dili ” dərsliyinə , ” Azərbaycan dilinin dialektologiyasının əsasları ” dərs vəsaitinə respublika Dövlət mükafatları verildi , təhsil müəssisələrində ana dilinin tədrisinə ayrılan saatların miqdarı artırıldı , Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə ali məktəblərə qəbul planları əhəmiyyətli dərəcədə artırıldı .
Azərbaycan Respublikası Prezidentinin ” Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında ” fərmanının tələbləri baxımından ümumtəhsil məktəblərində Azərbaycan dili və ədəbiyyatının tədrisi vəziyyəti və onun yaxşılaşdırılması tədbirləri barədə Respublika Təhsil Nazirliyinin 2002-ci ilin 11 iyul tarixli , 70 nömrəli kollegiya qərarında göstərilir ki , ümumtəhsil məktəbi şagirdlərinin əsl vətəndaş kimi yetişdirilməsində , onlara milli mənəvi və ümumbəşəri dəyərlərin aşılanmasında , milli mənliyinin dərk edilməsində Azərbaycan dili və ədəbiyyat fənlərinin əhəmiyyəti böyükdür . Azərbaycan dili ölkəmizin müstəqilliyə qədəm qoyması ilə dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının milli birliyinin yaradılmasında və əlaqələrinin genişləndirilməsində müstəsna rol oynayır , soydaşlarımızın ünsiyyət silahına çevrilir .
Heydər Əliyevin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi , milli özünüdərkin keçmişin buxovlarından azad olunması , xalqın qan yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsinə , real siyasi amilə çevrilməsinə nail olunmasıdır .
Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirmişdir: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”.
Ulu öndər gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət görürdü. Azərbaycan gənclərinə xarici dilləri – ingilis, alman, fransız, çin və s. dilləri öyrənməklə, ilk növbədə, öz ana dilini daha mükəmməl bilməyi tövsiyə edirdi.
XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dilinin keşiyində durmaq Heydər Əliyevin həyat fəaliyyətinə çevrilmişdi .
Azərbaycan dilinin inkişafı , onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması , habelə bu dilin saflığı , təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir . Heydər Əliyevin dil siyasəti , onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən zaman-zaman istifadə olunacaqdır .
Hacı ƏKBƏRLİ,
Məhərrəm DÖVLƏTOV
Azərbaycan müəllimi.-2009.-12 iyun.-S.1, 2.
Heydər əliyev və azərbaycan dili
Heydər ƏLİYEV: “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik”.
Dil mədəniyyətin bünövrəsidir, çünki dilin köməyi ilə ünsiyyət qurulur, mədəni normalar müəyyən edilir, bir sözlə, onsuz insanın cəmiyyətdə həyatı mümkün deyil. Məhz dilin sayəsində mədəniyyətlər nəsildən-nəslə ötürülür və uşaqlar öz ana dillərini mənimsəyərək əvvəlki nəsillərin ümumiləşdirilmiş təcrübəsini də mənimsəyirlər. Dil obyektləri, hadisələri və onların əlaqəsini düzgün qiymətləndirməyə kömək edir, insan fəaliyyətinin təşkili və əlaqələndirilməsini şərtləndirir.
Eyni zamanda dil təfəkkürə və mədəniyyətə münasibətdə müəyyənedici vasitə olaraq dünyanın spesifik mədəni simasını dərk edən insanın şəxsiyyətini formalaşdıran amildir. Hər bir xalqın, hər bir millətin var olmasının ən başlıca səbəbi özünəməxsus dilinin olmasıdır. Biz də fəxrlə deyə bilərik ki, bir xalq, bir toplum kimi zamanın bütün sınaqlarından ləyaqətlə keçərək dilimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxara bilmişik. Şükürlər olsun ki, dərin tarixi kökləri olan dilimiz, mədəniyyətimiz və öz tariximiz var. Qürurluyuq ki, bu dildə danışan 50 milyondan çox həmvətənimiz dünya mədəniyyətinə böyük şairlər, yazıçılar, alimlər, siyasətçilər və dahilər bəxş etmişdir.
Məşhur etnoqraf Lev Qumilyov etnosun qorunmasında dil ünsürünün ən vacib amil olduğunu qeyd edirdi. Bu konteksdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin yaşadılması və inkişafı uğrunda apardığı mübarizənin mahiyyətini dərk etmək o qədər də çətin deyil. Dil mədəniyyətinə münasibət barədə Ulu Öndər deyir: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur”.
Heydər Əliyev bu dahiyanə fikri ilə dili əyilməzliyin, ölməzliyin simvolu sayır, onu milli sərvət adlandırır, bu müqəddəs mirasın babalarımızın əmanəti olduğunu, qorunmasını isə vətəndaşlıq borcu hesab edir.
Heydər Əliyev öz ana dilini bilməyənləri şikəst adam adlandırmaqla millətin bütövlüyünün milli dildən keçdiyini çatdırır. Bütün bu göstərilənlər uzun illər Azərbaycana rəhbərlik etmiş böyük dövlət adamının mübarizələrlə dolu həyatının əsas leytmotivini təşkil edir. Ulu Öndər dil məsələsində mövqeyini hələ Azərbaycan Konstitusiyası hazırlanmazdan əvvəl, SSRİ Konstitusiyası barədə cəsarətlə söylədiyi fikirlərində bildirmişdi. Azərbaycanın rəhbəri SSRİ Konstitusiyası haqqında danışarkən xüsusi vurğulayırdı ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Belə mövqe, əslində, dil məsələsi ilə bağlı gözlənilən təhlükənin qarşısını almaq, çətin şəraitdə ana dilinin dövlət dili statusunu qorumaq məqsədı güdürdü.
Tarixə nəzər salaq. Respublikanın SSRİ-nin tərkibində olduğu vaxtda, 1978-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edilərkən Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Rus dilinin hakim dil olduğu Sovetlər Birliyi dönəmində buna nail olmaq qeyri-real görünürdü, lakin Heydər Əliyev dühası və cəsarəti bu məsələdə həlledici rol oynadı. Burada xüsusi vurğulamalıyıq ki, Sov.İKP MK-nın bu sahəyə məsul olan katibi Azərbaycan dilinin dövlət dili kimi Konstitusiya layihəsinə salınmasına etiraz edirdi. Hətta bəzi müttəfiq respublikaların rəhbərləri də bu məsələdə Heydər Əliyevə qarşı idilər. Tarixçi-alim M.Qasımlı öz kitabında qeyd edir ki, Ukrayna MK-nın birinci katibi Şerbitski Heydər Əliyevə qarşı çıxaraq deyirdi ki, siz konstitusiyanıza belə bir maddə yazdıqda gərək biz də dövlət dili haqqında maddə əlavə edək. Lakin Azərbaycanın rəhbəri ona bildirir ki, sizə heç kim mane olmur, böyük respublikasınız, ölkədə sizin xüsusi çəkiniz vardır, istəsəniz yaza bilərsiniz, kimsə sizə mane olmaz. Ulu Öndərin o dövrdə xalqımız üçün necə böyük, müqəddəs iş görməsi bu gün Rusiya-Ukrayna münasibətləri fonunda daha aydın görünür. Heydər Əliyev L.İ.Brejnevə problemi əhatəli, dərin məntiqi ilə əsaslandırır və bu məsələni Azərbaycan xalqının xeyrinə həll edir. Azərbaycan dilinin Konstitusiya layihəsində əksini tapması ilə yanaşı, bu layihənin 73-cü maddəsində yazılan, hüquqi cəhətdən SSRİ-nin federativ dövlətdən unitar dövlətə keçməsinə zəmin yaradan “SSRİ qanunları Azərbaycan SSR ərazisində məcburidir” maddəsi də layihədən çıxarılır.
2 aprel 1978-ci ildə IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan SSR-in Konstitusiya layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddə yeni redaksiyada verilir: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Heydər Əliyevin bu təşəbbüsü 21 aprel 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.
Qeyd etməliyik ki, 1921-ci ildə Azərbaycan SSR Konstitusiyasında dilimiz haqqında heç bir maddə salınmamışdır. 1937-ci ildə isə Azərbaycan SSR Konstitusiyası layihəsində nəzərdə tutulur ki, dövlət dili türk dilidir. Moskvadan tapşırıq gəlir ki, həmin maddə çıxarılsın. Belə də olur, sonra isə bu məsələ tamamilə unudulur.
Ulu Öndər Heydər Əliyev “xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir” söyləyərək bu məsələdə müstəsna xidmətlərinin olmasına baxmayaraq, bu tarixi uğuru xalqımızın böyük qələbəsi kimi qiymətləndirirdi. Əlbəttə, Heydər Əliyevin ana dili məsələsində prinsipial, qəti və barışmaz mövqe tutması rus dilinin tam əleyhinə getməsi demək deyildi. O yaxşı başa düşürdü ki, Sovet İttifaqı xalqlarının elmi, mədəni tərəqqisi, dünyaya çıxışı əsasən rus dili vasitəsilə həyata keçirilir. Dünyanın ən son elmi və mədəni nailiyyətləri ölkədə məhz ilk olaraq rus dilinə, sonra isə milli dillərə çevrilirdi. Buna görə də Ulu Öndər azərbaycanlıların ikinci dil kimi rus dilini mükəmməl bilmələrinin qəti tərəfdarı kimi çıxış edirdi. Böyük rəhbər azərbaycanlıların yalnız ana dili çərçivəsində məhdudlaşıb qalmasının da əleyhinə idi.
Heydər Əliyevin ana dilinə münasibətində Azərbaycan ədəbi dilinin saflığının qorunması və inkişaf etdirilməsi xüsusi yer tuturdu. Ümummilli Lider ana dilinin saflığına çalışaraq bunu alim, şair, yazıçılardan, bütövlükdə, ziyalılardan qətiyyətlə tələb edirdi. Azərbaycanın rəhbəri, hətta rəsmi toplantılarda bu məsələ barədə öz prinsipial mövqeyini açıq-aydın, birbaşa bildirirdi. Məsələn, Azərbaycan yazıçılarının VII qurultayındakı nitqində Heydər Əliyev ana dili haqqında uca səslə, çəkinmədən deyirdi: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. . Azərbaycan dili görünməmiş zirvələrə qalxmış, müasir poeziyanın və nəsrin, elm və texnikanın, kargüzarlığın və fəal ictimai-siyasi həyatın hərtərəfli inkişaf etmiş dilinə çevrilmişdir. Biz tam inamla deyə bilərik ki, çoxəsrlik tariximizdə Azərbaycan dili heç vaxt belə zəngin, nüfuzlu və hörmətli olmamışdır. Lakin mədəniyyət və elmin səviyyəsi yüksəldikcə, həyatın axarı sürətləndikcə dilin təkmilləşməsinə, inkişaf etməsinə və zənginləşməsinə, onun söz ehtiyatının genişlənməsinə daha çox qayğı göstərmək lazımdır”.
Məhz Ümummilli Liderin sayəsində ilk dəfə olaraq bir neçə dilçi alimə dövlət mükafatı verildi. Azərbaycan dilçilərinin nüfuzu qalxdı. Mükafatların verilməsi ana dilinin istifadə dairəsinin genişlənməsinə kömək edirdi. Heydər Əliyev yalnız bununla kifayətlənmir, əvvəlki illərdə müəyyən təzyiqlərə məruz qalmış alimlərə qayğı göstərirdi. Azərbaycanın rəhbərinin ana dilinə diqqət və qayğısı nəticəsində respublikada ana dilində nəşr edilən kitabların tirajı artırılırdı. Məsələn, 1979-cu ildə Azərbaycanda nəşr edilən 1300 adda 13 milyon 800 min nüsxə kitabın 11 milyon 100 min nüsxəsi ana dilində idi.
Heydər Əliyevin ana dilinə və doğma torpağa sıx bağlılığı Azərbaycanın yeni himninin müzakirəsi zamanı özünü bir daha büruzə verdi. O, Azərbaycana diyar, region kimi deyil, SSRİ-nin bərabərhüquqlu müttəfiq respublikası kimi baxır, onun hüquqlarını qətiyyətlə qoruyur, hətta hər ifadə üstündə təkidlə israr edirdi. Onun sədrliyi ilə keçirilən Azərbaycan KP MK-nın 1978-ci il 14 aprel tarixli iclasında respublikanın yeni himni haqqında məsələ müzakirə edilərkən məlum oldu ki, himnin mətnində “respublika” sözü yoxdur. Müzakirə zamanı Heydər Əliyev mətnə “respublika” sözünün salınmasının vacibliyini söyləyir. Çıxış edən bəzi şəxslər himnin mətninə “respublika” sözünün salınmasının heç cür alınmadığını deyirlər. Azərbaycanın rəhbəri isə israrla və açıq şəkildə bildirir: “Mən çox istərdim ki, “respublika” sözü mətndə olsun. Mənə deyirlər ki, heç cür alınmır. Mən hesab edirəm ki, belə sözün olmasına nail olmaq lazımdır. Biz Azərbaycan, dövlət, diyar haqqında danışırıq, amma bura respublikadır. Yaxşı olardı ki, burada “respublika” sözü olsun”.
Təkidlərdən, məntiqli izahlardan sonra mətnə “respublika” ifadəsi daxil edildi və bəyənilərək Azərbaycan Ali Soveti Rəyasət Heyəti tərəfindən təsdiq olundu. Bununla bağlı Azərbaycan rəhbəri deyirdi: “Himn bizim ümumi iftixarımız, ümumi qürurumuzdur, sərvətimizdir. Mən özümü də hansısa dərəcədə bu himnin müəllifi hesab edirəm”.
Azərbaycan dilinin inkişafından, qorunmasından danışarkən Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi zamanı dil məsələsinə necə həssaslıqla yanaşmasının bir daha şahidi olduq. Məhz Konstitusiyanın dillə bağlı maddəsinin televiziya ekranlarından canlı yayımda ziyalıların iştirakı ilə müzakirə edilməsi də bunun bariz nümunəsi idi. Demokratik düşüncəyə malik böyük dövlət adamı Heydər Əliyev Konstitusiyanın həmin maddəsini müzakirə edərkən öz fikrini sonda deyəcəyini, heç kimi təsir altına salmaq istəmədiyini bildirir və ziyalılara öz düşüncələrini müstəqil ifadə etmək üçün şərait yaratdı. Müzakirələr zamanı dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürüldü.
Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Əsas qanunumuz qəbul edildikdən sonra bu sahədə məqsədyönlü strateji siyasət özünü göstərdi. Dövlət başçısı ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayaraq bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə nail oldu. Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır.
İlk növbədə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən fərmanla həmçinin Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Qanunvericilik bazasının möhkəmləndirilməsi baxımından çox mühüm addımlar atılmaqla bərabər dilimizin daha da inkişaf etdirilməsi və gənc nəslə sevdirilməsi ilə bağlı tədbirlər sırasında Ulu Öndər 9 avqust 2001-ci il tarixli fərmanı ilə Azərbaycan əlifbası və Azərbaycan dili gününü təsis etmişdir. Bu fərmana əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Sözsüz ki, bu istiqamətdə aparılan siyasətin ən vacib tərkib hissələrindən biri də “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsidir.
30 sentyabr 2002-ci ildə qəbul edilmiş qanuna əsasən, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq ölkədə Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.
Bütün sahələrdə olduğu kimi, Heydər Əliyevin uğurlu siyasi varisi Müzəffər Ali Baş Komandan İlham Əliyev bu strategiyanı davam etdirir. Prezident İlham Əliyevin bu sahədə apardığı siyasətə qiymət verərkən onun latın qrafikası ilə Azərbaycan və dünya klassiklərinin əsərlərinin kütləvi tirajla Azərbaycan dilində çap olunmasını qeyd etmək lazımdır. Ölkə başçısının “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli fərmanı ana dilimizin inkişafına dair mühüm əhəmiyyət kəsb edən vacib sənədlərdən biridir. Prezident Ağdam Muğam Mərkəzinin açılışındakı çıxışında qeyd etmişdir ki, “Bizim mənəvi dəyərlərimizin, Azərbaycan dəyərlərinin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox böyük əhəmiyyəti var. Muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir”.
Prezident İlham Əliyevin qeyd edilən çıxışında əsas məqamlardan biri də dilin qorunması və inkişafının məhz mədəniyyətlə dilin vəhdətində öyrənilməsinin vacibliyidir. Bu prizmadan baxdıqda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın folklorumuzun, aşıq musiqisinin, muğamlarımızın, maddi və qeyri-maddi mədəni irsinin inkişafında göstərdiyi misilsiz xidmətlər ana dilimizin qorunması üçün ən vacib amillərdən biri kimi dəyərləndirilməlidr.
Heydər Əliyev və dil mədəniyyətimiz haqqında yazını böyük şairimiz B.Vahabzadənin “Ana dili” şeiri ilə tamamlamaq istəyirik.
Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir. onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Heydər əliyev və azərbaycan dili
Buludxan Xəlilov,
filologiya elmləri doktoru, professor
Heydər Əliyev və Azərbaycan dili
Dilin nüfuzlu olması üçün onun dövlətin nüfuzu ilə bağlılığı vacib amillərdən biridir. Dövlətin nüfuzu isə həmin dövlətə başçılıq edən şəxsiyyətin nüfuzlu olmasından asılıdır. Bu mənada Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasının qurucusu, memarı kimi böyük şəxsiyyət idi. Onun çoxsahəli xidmətləri içərisində doğma ana dilinə – Azərbaycan dilinə nüfuz gətirməsi, xüsusilə qeyd olunmalıdır. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Bu fikir Heydər Əliyevə məxsus olmaqla, həm də dövlətin atributlarından biri kimi dilə önəm verir, onun dəyərini artırır.
Heydər Əliyev hələ 1978-ci il konstitusiyasında Azərbaycan dilini dövlət dili kimi rəsmiləşdirmişdi. Əslində bununla Heydər Əliyev dilimizin gələcək inkişaf perspektivlərini müəyyənləşdirir, hər bir kəsin, xüsusən də mütəxəssislərin qarşısına mühüm vəzifələr qoyurdu.
Heydər Əliyev 1995-ci ildə dilimizin adının Azərbaycan dili olmasını referendum yolu ilə qəbul olunmuş konstitusiyada təsbit etdirdi. Bununla da dilimizin adı ilə bağlı olan alternativ variantlara (Azərbaycan türkcəsi, azəri türkcəsi, Azərbaycan türk dili və s.) son qoyuldu.
Dilimizin adı ilə bağlı alternativ variantlar o dövrdə cəmiyyətdə də böyük çaşqınlıq yaradırdı. Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın 1995-ci ilin noyabr ayında olan iclasında dövlət dilinin adı barəsində komissiya üzvlərinin bəziləri Azərbaycan türk dili, Azərbaycan türkcəsi adlarına müsbət fikir bildirmişdir. Ancaq bu məsələ çox həssas məsələ olduğu üçün Heydər Əliyev bu fikrin müzakirəsinə çox diqqətlə yanaşdı. Və bu məsələnin müzakirəsində qəti sözünü dedi. O, 1995-ci ilin noyabr ayının 2-də Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında bütün təkliflərə hörmət və diqqətlə yanaşaraq öz qeyd və fikirlərini də əminliklə söylədi: “Mən gündəliyə bir məsələni təklif etmişəm və bu gün bu məsələnin müzakirə olunmasını lazımlı hesab edirəm. O da konstitusiya layihəsinin 23-cü maddəsi – Azərbaycanın dövlət dili haqqında olan maddədir. Nə üçün mən bu maddəni xüsusi müzakirə etməyi lazım bilirəm, nə üçün bu maddəyə bu qədər diqqət verilir və nə üçün şəxsən mən diqqət verirəm? Ona görə ki, bu maddə konstitusiyamızın çox əsas maddələrindən biridir. Bir də ona görə ki, dövlət dili haqqında respublikamızın tarixində və xüsusən XX əsr tariximizdə cürbəcür mənbələrdə cürbəcür ifadələr olubdur. Bunların hamısını müzakirə edib, son bir qərara gəlmək lazımdır. Ona görə də mən bu məsələnin xüsusi müzakirə olunmasını lazım bilmişəm”.
Heydər Əliyev bu məsələnin nə qədər tarixi əhəmiyyət kəsb etdiyini hamıdan yaxşı bilirdi. Məsələnin siyasi məqamlarını dərindən bilməklə yanaşı, əhəmiyyətli olduğunu da diqqət mərkəzində saxlayırdı. “Sadəcə onu qeyd etmək istəyirəm ki, bu məsələyə komissiyanın sədri, Azərbaycanın prezidenti kimi şəxsən mən xüsusi fikir verirəm. Bir də qeyd edirəm ki, tarixi əhəmiyyət kəsb etdiyinə, vacibliyinə, həm də onun barəsində cürbəcür fikirlər olduğuna görə, hətta müəyyən qanunsuz qərar qəbul edildiyinə görə mən bu məsələyə xüsusi əhəmiyyət verirəm”.
Heydər Əliyev 2001-ci il iyunun 18-də dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi ilə bağlı fərman imzaladı. Bu fərmandan irəli gələn məsələləri yerinə yetirmək üçün 4 iyul 2001-ci il tarixli sərəncamla dil komissiyası yaradıldı. Dilə olan hədsiz məhəbbət və dövlət başçısının qayğısı kimi 2001-ci il avqust ayının 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman imzalandı. Bu fərmanla hər il avqust ayının 1-i Respublikamızda Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis edildi. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edildi.
Heydər Əliyev Azərbaycan dilinə dövlət dili statusunun verilməsində öz təcrübəsini və əməyini əsirgəmədi. Azərbaycan dilini qorudu, yaşatdı və dövlət dili səviyyəsinə qaldırdı.
Birləşmiş Millətlər Təşkilatının qərarı ilə hər il fevral ayının 21-də Ana dili günü qeyd olunur. Deməli, dünyanın hər yerində ana dilinə diqqət yetirilir, ana dilinin mövqeyi, nüfuzu yüksək qiymətləndirilir. Bu mənada Heydər Əliyev dünyanı yaxşı bilən, təhlil edən bir ictimai – siyasi xadim, dövlət adamı kimi yaxşı bilirdi ki, dillərin mövcudluğu, nüfuzu müasir cəmiyyətdə əvəzsiz rol oynayır. Əlbəttə, biz Azərbaycan dilini qorumasaq, milli düşüncəmizi, məfkurəmizi qoruya bilmərik. Eyni zamanda dünya mədəniyyətinə, siyasətinə, müasir dünyanın düşüncəsinə qalxa bilmərik. Bütün bunların hamısına biz dilin sayəsində nail oluruq. Məhz doğma ana dilimiz – Azərbaycan dili inkişaf etməsə, başqa dillərin təsirindən yaxa qurtara bilmərik. Bununla da Azərbaycançılıq təfəkkürünü, düşüncəsini və bunun hər ikisinin səviyyəsini itirə bilərik. Ona görə də Heydər Əliyev dünyanı yaxşı bilən, tanıyan bir azərbaycanlı, dövlət adamı kimi Azərbaycan dilinin statuslu olmasını dərindən dərk edərək həyata keçirdi. O, yaxşı bilirdi ki, Azərbaycan dili statuslu olmasa, onda ingilis, fransız, alman, ispan və s. dillərin nüfuzu doğma dilimizin imkanlarına kölgə salar. Bu mənada Heydər Əliyev Azərbaycan dilinin beynəlxalq nüfuzunu da apardığı siyasətin tərkib hissəsinə çevirdi və Azərbaycan dilini mötəbər kürsülərdə səsləndirdi. Azərbaycan dilini beynəlxalq miqyasda səsləndirməklə dünyanın nüfuzlu dillərindən olan ingilis, fransız, alman, çin, yapon və s. dillərdə rəqabət prosesinə ana dilimizi qoşdu. Bunun nəticəsində Azərbaycan dili ilə dünyanın nüfuzlu dilləri arasında tərcümə prosesi baş tutdu. Bu, təkcə dilimizin nüfuzlu dillərlə qarşılaşdırılması kimi başa düşülməməli, həm də milli təfəkkürümüzün, məfkurəmizin rəqabətə dözümü kimi anlaşılmalıdır. Dilimizlə yanaşı, təfəkkürümüzün, məfkurəmizin nüfuzlu dillərə, təfəkkürlərə, məfkurələrə dözümü kimi qiymətləndirilməlidir. Bununla da Heydər Əliyev dilimizin dözümünü, daxili potensialını, imkanlarını ortalığa qoydu və sübut etdi ki, Azərbaycan dili tarixi ənənəsi olan bir dil olmaqla inkişaf etmək imkanına qadirdir. Və dünyanın dillərindən biri kimi həmişə yaşayacaq, insanların ünsiyyətinə xidmət edəcək, nəinki Respublikamızın hüdudlarında, həm də rəsmi dövlət dili olaraq mötəbər kürsülərdə səslənəcək, dünyada həmişə mövcud olacaqdır.
Heydər Əliyev dünyanın müxtəlif yerlərində yaşayan 51 milyondan çox azərbaycanlının əlaqələrinin qurulmasında, azərbaycançılıq ideologiyasının təntənəsində doğma ana dilimizin roluna böyük əhəmiyyət verirdi. O, ana dilimiz vasitəsilə dünya azərbaycanlılarının mənəvi məsuliyyətini artırırdı. Dünya Azərbaycanlılarının birinci qurultayında üzünü soydaşlarımıza tutaraq belə söyləmişdir: “Sizdən çox şey tələb olunmur. Sadəcə, siz unutmamalısınız ki, dünyada müstəqil Azərbaycan dövləti var. Unutmamalısınız ki, bu torpaq bütün azərbaycanlıların doğma torpağıdır. Unutmamalısınız ki, Azərbaycan dövləti mümkün olan çərçivədə hər birinizin hüquqlarınızın qorunması üçün lazımi işlər görəcəkdir və bilməlisiniz ki, biz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar haqqında daim düşünürük, maraqlanırıq, hər bir həmvətənimizin yaxşı, firavan yaşamasını istəyirik, yaşadığı ölkədə özünə layiq yer tutmasını istəyirik”. Göründüyü kimi, doğma ana dilində öz fikrini sadə və aydın bir şəkildə ifadə etməklə dünya azərbaycanlılarında məsuliyyət hissini, birliyi, milli və dövlətçilik ruhunu gücləndirirdi.
Heydər Əliyevin qayğısı sahəsində Azərbaycan dilinin istifadə imkanları ilə bağlı aşağıdakı mühüm işlər görüldü:
a) Azərbaycan dilinin rəsmi dövlət dili olması təmin edildi.
b) Azərbaycanda uşaq bağçalarından başlamış ali məktəblərə qədər təhsilin ana dilində aparılmasına üstünlük verildi.
c) Kütləvi informasiya vasitələrinin dili kimi Azərbaycan dilinə üstünlük verildi.
ç) Azərbaycan dilini araşdıran alimlərin əməyi yüksək qiymətləndirilmiş və onların bir qismi “Müasir Azərbaycan dili” dərsliyinə görə Dövlət mükafatına layiq görülmüşdür.
d) Dünyada yaşayan 51 milyondan çox azərbaycanlının hər birinə anlatdı ki, onların doğma ana dili Azərbaycan dilidir. Ona görə də xarici ölkələrdə yaşayan azərbaycanlılar yaşadıqları ölkələrdə Azərbaycan dilində radio, televiziya verilişləri yayımlamalı, mətbuat nəşr etdirməli, məktəblər yaratmalıdırlar.
e) Dövlət orqanlarına çalışanların hər biri Azərbaycan dilinə təkcə ünsiyyət vasitəsi kimi deyil, həm də dövlət dili kimi yanaşmalı oldular.
ə) Azərbaycan dili elm, mədəniyyət, siyasət, iqtisadiyyat, hüquq və s. dili kimi özünü təsdiq etdi.
Heydər Əliyev hər bir kəsin doğma ana dilini bilməsini, bu dildən istifadə etməsini, Azərbaycan cəmiyyətində hakim dil olmasını vacib sayırdı. Onun fikrincə “. Biz dilimizlə fəxr etməliyik. Dil hər bir millətin milliliyinin əsasıdır. Ona görə də hər bir gənc öz ana dilini, Azərbaycan dilini, müasir Azərbaycan dilini gərək ən incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik”. Əlbəttə, Heydər Əliyev Azərbaycan dilini hər bir azərbaycanlıya sevdirir, bu dilin istifadəsinə təminat verirdi: “Öz ana dilini bilməyən adamlar şikəst adamlardır!”.
Heydər Əliyev Azərbaycan dilini təkcə ünsiyyət vasitəsi kimi qiymətləndirmir, həm də doğma ana dilinin arxasında klassiklərimizin, milli – mənəvi dəyərlərimizin, millətin özünün dayandığını öz nitqində həmişə nəzərə çatdırırdı. Onun digər sahələrdə olduğu kimi, dilimiz barəsində də söylədikləri təcrübədən, sınaqdan çıxdığından olduqca təbii və praktik görünür və həmişə də belə olaraq qalacaqdır. Bir sözlə, Heydər Əliyevin Azərbaycan dili – doğma ana dili barəsində dedikləri sadəcə olaraq bir fikir deyildir, qəlibləşmiş, ölçülüb – biçilmiş, həkk olunmuş aforizmlərdir: “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz, öz klassiklərinin əsərlərini ana dilində oxuya bilməz. Əgər onları oxuya bilməsə, tariximizi bilməyəcək, onları oxuya bilməsə bizim mədəniyyətimizi bilməyəcək, milli – mədəni ənənələrimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda milli vətənpərvər duyğuları, hissiyyatı olmayacaqdır”. Bununla da Heydər Əliyev milli – mədəni ənənələrimizin, milli vətənpərvər duyğularımızın, hissiyyatımızın doğma ana dilimizdən, məhz dilimizdən qaynaqlandığını, demək olarsa, asılı olduğunu nəzərə çatdırırdı.
Heydər Əliyevin doğma ana dilimizə qayğısı Azərbaycan müəllimlərinin, dilçi alimlərin qarşısına mühüm vəzifələr qoyur, onların məsuliyyətini artırırdı. Ümummilli liderimiz nitqlərinin birində deyirdi: “Biz Sovetlər İttifaqının tərkibində idik və rus dili hakim dil idi. O vaxt gənclərin, valideynlərin çoxu öz övladlarını rus dilli məktəblərə qoyurdu.
Bu da təbii idi, çünki geniş təhsil almaq, Azərbaycandan kənara çıxmaq üçün o dildə təhsil almaq lazım idi. Bunlar hamısı doğma dilimizin tam inkişaf etməsinə müəyyən qədər maneə törədirdi”. Göründüyü kimi, Heydər Əliyev doğma ana dilimizdə təhsilin inkişaf etməsinə xüsusi önəm verirdi. Bu da istər – istəməz Azərbaycan dili müəllimlərinin məsuliyyətini artırırdı. Orta məktəb üçün Azərbaycan dili dərsliyi yazan və ali məktəblərdə bu fənni tədris edənlərin rolunu artırırdı. Məsuliyyətimizin ən əsası odur ki, biz orta məktəb şagirdlərinə və ali məktəb tələbələrinə doğma ana dilində nitq vərdişlərinə yiyələnməyi, savadlı yazmağı, fikirlərini sərbəst və səlis şəkildə ifadə etməyi öyrətmək işini bacarmalıyıq. Eyni zamanda doğma ana dilini öyrətmək metodikasında dəyişiklik yaratmalıyıq. Azərbaycan dilini əcnəbi vətəndaşlara öyrətmək metodikasını tapmalı və bu istiqamətdə dərsliklərin, dərs vəsaitlərinin hazırlanmasına xüsusi fikir verməliyik. Təsadüfi deyildir ki, Heydər Əliyev bu istiqamətdə müraciətlə deyirdi: “. Azərbaycan dilini yeni nəslə, uşaqlara çatdırmaq üçün müəyyən tədris imkanları yaratsınlar. Biz bu barədə kömək edəcəyik ki, bizdən sonra gələn nəsillər, sizin övladlarınız, bizim övladlarımız azərbaycançılığı daha da yüksəklərə qaldırsınlar. Azərbaycan dilini, milli – mənəvi dəyərlərimizi daim yaşatsınlar”.
Heydər Əliyevin dil quruculuğu sahəsindəki xidmətlərini Mustafa Kamal Atatürklə müqayisə etmək olar:
a) Hər ikisi dilin inkişafını təmin etmək üçün xüsusi qurum yaratdı. Mustafa Kamal Atatürk Türk Dil Qurumunu, Heydər Əliyev isə Dövlət Dil Komissiyasını.
b) Hər ikisi dilə dövlət dili statusu verdi. Mustafa Kamal Atatürk türk dilini Türkiyə Cümhuriyyətinin dövlət dili, Heydər Əliyev isə Azərbaycan dilini Azərbaycan Respublikasının dövlət dili kimi statuslu etdi.
c) Hər ikisi əlifbada islahat apardı. Mustafa Kamal Atatürk əski əlifbanın latın qrafikalı əlifba ilə əvəz olunmasını təmin etdi. Heydər Əliyev isə kiril əlifbasından latın qrafikalı əlifbaya keçmək işini 18 iyun 2001-ci il tarixli fərmanı ilə qətiləşdirdi.
ç) Mustafa Kamal Atatürk bosniyalıları, çərkəzləri, meqrelləri, gürcüləri, svanları, kürdləri və digər millətləri türkçülük məfkurəsi ətrafında birləşdirdi. Heydər Əliyev isə talışları, ləzgiləri, tatları, kürdləri və digərlərini azərbaycançılıq ideologiyası ilə birləşdirdi və Azərbaycan cəmiyyətinin normal harmoniyasını yaratdı.
d) hər ikisi öz ölkəsini türkologiyanın mərkəzinə çevirdi. Mustafa Kamal Atatürk də, Heydər Əliyev də türkoloji konfransların, qurultayların, tədbirlərin keçirilməsini dövlət səviyyəsində ənənə şəklinə saldılar.
Heydər Əliyevin dilimizə qayğısı Azərbaycan dilinin inkişafında mühüm bir mərhələdir. Milli dil siyasətimizin həyata keçməsində, Azərbaycan dilinin hərtərəfli inkişafında bu mərhələ hələ çox təhlil olunmalı və öyrənilməlidir.
Comments are closed, but trackbacks and pingbacks are open.