Press "Enter" to skip to content

Heydər əliyev və azərbaycanmuıtikulturalizm

Göründüyü kimi, Ümummilli Liderin azərbaycançılıq ideologiyasının təməlində, ilk növbədə, güclü Azərbaycan dövlətçiliyi prinsipi, ümumazərbaycançılıq qayəsi (vətəndaş birliyi və tolerantlıq ideyası), ədalətli və hamı üçün məqbul olan ictimai həyat normaları, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətini özünün güvənc yeri sayması, bu Vətəni özünün qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla bəşəri birgəyaşayış qaydaları əsasında ünsiyyət qurması və s. ali dəyərlər dayanır.

Heydər əliyev və azərbaycanmuıtikulturalizm

Dünyanın ən qədim neft ölkələrindən olan Azərbaycanın neft sənayesi ‎özünün 150 illik tarixi ərzində böyük inkişaf yolu keçib. Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı hələ XIX əsrin ortalarından başlanmışdır. 1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan vurmuş neft fontanı Azərbaycanda “qara qızılın” sənaye üsulu ilə çıxarılmasının əsasını qoymuşdur. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdir.

1994-cü ilə qədər Azərbaycanın həm quru ərazilərindən, həm də Xəzər dənizinin ona aid sektorundan bir milyard tondan artıq neft hasil edilib. Dünyada ilk dəfə dənizdəki neft ehtiyatlarının sənaye üsulu ilə hasil edilməsinə də Azərbaycanda başlanılıb. Bu fakt dünya neft tarixində xüsusi yer tutur. Azərbaycanın neftçi-mütəxəssislərinin neft və qaz hasilatı sahəsində əldə etdikləri bu yenilikçi təcrübənin bütün dünyada tətbiq edilməsi ilə ölkəmiz iyirminci əsrin ortalarından başlayaraq dünya neft mühəndisliyi fikrinin əsas mərkəzlərindən biri kimi tanınmaqdadır.

İkinci Dünya müharibəsində faşist Almaniyası üzərində qələbə çalınmasında Azərbaycan nefti həlledici amillərdən biri olub. Həmin illərdə Azərbaycan neftçiləri ümumilikdə 75 milyon ton neft hasil ediblər. Müharibə zamanı keçmiş SSRİ üzrə istehsal edilən ümumi benzinin 80%-i, müxtəlif yağların isə 96%-i Bakıda istehsal edilib. Bunların nəticəsində isə müharibənin taleyini həll edən hər beş sovet təyyarəsindən, tank və avtomaşınından dördü Azərbaycan neftindən alınmış benzinlə hərəkət edib.

Bununla belə, Azərbaycan xalqı yalnız 20-ci əsrin sonlarında, müstəqillik qazandıqdan ‎sonra bu sərvətlərdən milli mənafeyinə uyğun tam bəhrələnmək imkanı ‎qazanıb.‎ Bu imkan 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə gələn Heydər Əliyev tərəfindən gerçəkləşdirilib.

‎Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda SSRİ-nin süqutu ilə əlaqədar siyasi, ‎iqtisadi və hərbi sahələrdə total böhran hökm sürürdü. Belə bir çətin vəziyyətdən çıxış yolu tapmaq üçün neft amilindən istifadə əsas götürməklə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın neft strategiyası işlənilib hazırlandı. Neft strategiyası ölkənin enerji ehtiyatlarının iri xarici neft şirkətləri ilə qarşılıqlı faydalılıq prinsipinə söykənərək, əməkdaşlıq əsasında iqtisadi dövriyyəyə cəlb edilməsini nəzərdə tutan uzunmüddətli milli inkişaf proqramıdır. Həmin strategiya işlənilib hazırlanarkən həm indiki, həm də gələcək nəsillərin maraqlarının nəzərə alınması əsas şərt kimi qoyulub. Bu prinsip Heydər Əliyev sözləri ilə belə ifadə edilib: “Neft – Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur.”

Azərbaycanın neft strategiyası çərçivəsində imzalanan ilk saziş Xəzərin ‎Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının xarici neft şirkətləri ilə birgə işlənilməsini nəzərdə tutur. Həmin müqavilənin hazırlanması üzrə danışıqlar Bakı, İstanbul və Hyüston şəhərlərində bir ildən çox ‎davam etdirildi və müqavilə 1994-cü ilin ‎sentyabrında imzalanmağa hazır vəziyyətə çatdırıldı. Hasilatın pay bölgüsü (PSA) prinsipinə əsaslanan bu müqavilə 30 il müddətinə adı çəkilən yataqlardakı enerji ehtiyatlarının dünyanın 8 ölkəsini təmsil edən 11 iri neft şirkəti ilə birgə işlənilməsini nəzərdə tutur. Sonralar həmin saziş “Əsrin ‎müqaviləsi” adı ilə tarixə düşdü. Bu müqavilə ilə Azərbaycanın yeni neft ‎strategiyasının və bu günkü sürətli inkişafının əsası qoyuldu. Müqavilənin imzalanmasından bir neçə gün əvvəl bəyanat verən Azərbaycan Prezidenti Heydər Əliyev onu ölkəmizin suverenliyinin qorunması və milli ‎iqtisadiyyatın sürətli inkişafına nail olmaq üçün həlledici vasitələrdən ‎biri kimi qiymətləndirərək deyib: “Təqdim edilən layihə Azərbaycan Respublikasının, Azərbaycan xalqının iqtisadi mənafelərini bu gün də, gələcəkdə də təmin edir və ona görə də mən bu müqavilənin imzalanması haqqında qərar vermişəm”.

Həmin müqavilə 20 sentyabr 1994-cü ildə Bakıda imzalandı və onun yenidən milli istiqlalını qazanan Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında, ‎möhkəmləndirilməsində, beynəlxalq nüfuzunun genişlənməsində və bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf edən milli iqtisadiyyatın formalaşmasında müstəsna əhəmiyyəti oldu. Hazırda 20 sentyabr hər il Azərbaycanda “Neftçilər günü” kimi qeyd edilir.”Əsrin müqaviləsi” imzalanan zaman adları çəkilən üç yataqdakı enerji ehtiyatları 511 milyon ton neft, 160 milyard kubmetr qaz həcmində qiymətləndirilib. Lakin sonrakı dövrdə aparılmış axtarış-kəşfiyyat işlərinin nəticəsində həmin yataqlarda çıxarıla bilən neft ehtiyatının təqribən bir milyard ton, qaz ehtiyatının isə 300 milyard kubmetrə yaxın olduğu təsdiqlənib. 1994-cü ildən bu günə kimi müqavilə çərçivəsində həyata keçirilən işlərə 18,4 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub.

“Əsrin müqaviləsi”nə daxil olan yataqlardan 1997-ci ilin noyabrında ilkin neftin hasilatına başlanılıb. Bu günə kimi həmin müqavilə çərçivəsində 123 milyon tondan artıq neft, 26 milyard kubmetrdən artıq qaz hasil edilib. 1999-cu ildən başlayaraq Azərbaycan müqaviləyə uyğun mənfəət nefti əldə etməyə başlayıb. Bu vaxta qədər əldə edilən neft isə sərmayə qoyuluşlarının ödənilməsinə sərf edilib. 2008-ci ilin mayına qədər Azərbaycan dünya bazarlarında 26 milyon ton mənfəət nefti (217 tanker) satıb.

Azərbaycanın neft strategiyası çərçivəsində neft hasilatına başlanan vaxtdan bəri ölkədə hasilat prosesi sürətlə artmağa başlayıb. Məsələn, əgər 1997-ci ildə ölkədə 9 milyon ton neft hasil edilmişdisə, 2005-ci ildə 22,2 milyon ton, 2006-cı ildə isə əvvəlki rekord göstəricini keçərək (1941 – 23,5 milyon ton) 32,3 milyon ton, 2007-ci ildə isə 42,6 milyon ton neft hasil edilib. Ümumilikdə beynəlxalq ekspertlər Azərbaycanın proqnoz neft ehtiyatlarının həcminin 6 milyard ton olduğunu təsdiq edirlər.

Ölkənin mənfəət neftindən əldə edilən vəsaitlər 1999-cu ilin dekabrında Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə yaradılan Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) toplanır. Fondun yaradılmasında əsas məqsəd neft gəlirlərindən milli iqtisadiyyatın sürətli inkişafını təmin etmək üçün ehtiyat, sosial-iqtisadi və investisiya yönümlü layihələrin maliyyələşdirilməsini təşkil etməkdən ibarətdir. ARDNF özündə sabitləşdirici və toplayıcı funksiyaları birləşdirir. Eyni zamanda ARDNF-nin nizamnamə sənədləri ondan insan inkişafı və qeyri-neft sektorunun inkişafına yardım məqsədilə istifadə edilməsini nəzərdə tutur. Neft gəlirlərinə ictimai nəzarəti və şəffaflığı təmin etmək məqsədilə ARDNF-nin Müşahidə Şurası yaradılıb. Burada həm icraedici, həm qanunverici hakimiyyətin, həm də ictimaiyyətin nümayəndələri təmsil olunur. 2008-ci il aprelin 1-ə olan məlumata görə, fondun sərəncamında 3 milyard 336 milyon ABŞ dolları həcmində sərbəst vəsait toplanıb və 4 milyard ABŞ dollarından bir qədər artıq vəsait isə ötən illərdə müxtəlif strateji layihələrin icrasına yönəldilib.

‎Xəzərin Azərbaycan sektorunda yeni neft-kondensat yataqlarının açılmasının mümkünlüyü, yaxın gələcəkdə Azərbaycanda neft hasilatının əhəmiyyətli dərəcədə yüksəldilməsi 2010-2015-ci illərdə ölkədə neft hasilatının 66-67 milyon ton proqnozlaşdırılmasına imkan verir. Lakin “Əsrin müqaviləsi” üzrə işlərin ilkin mərhələsində bir şox xarici investorlar Azərbaycanda neft ehtiyatlarının nəzərdə tutulduğundan az ola biləcəyindən ehtiyat edərək yeni iri neft kəmərinin tikintisinə tələsmirdi. Buna görə də ilk Azərbaycan neftinin Avropaya və dünya bazarlarına çıxarılması üçün 1998-ci ildə Bakı-Novorossiysk (Şimal marşrutu, Rusiya), 1999-cu ildə isə Bakı-Supsa (Qərb marşrutu, Gürcüstan) neft kəmərləri tikilib istifadəyə verilib. Bu kəmərlərin birlikdə illik ötürmə qabiliyyəti maksimum 20 milyon ton təşkil edirdi. Lakin Azərbaycandakı neft ehtiyatlarının potensial həcmindən çıxış edən Heydər Əliyev əsas ixrac boru kəmərinin əlverişli marşrut əsasında çəkilməsinə çalışırdı. Gərgin siyasi-diplomatik əmək sərf edərək əsas ixrac boru kəmərinin Bakı-Tbilisi-Ceyhan marşrutunun seçilməsinə nail olan Heydər Əliyev, 2002-ci ildə kəmərin Bakıda tikintisinə start verdi. Təsadüfü deyil ki, bu möhtəşəm mühəndis qurğusunun fəaliyyətə başlamasında Azərbaycan Prezidenti Heydər Əliyevin müstəsna xidmətləri nəzərə alınaraq kəmərə onun adı verilib. Bakı-Tbilisi-Ceyhan öz miqyas və əhəmiyyətinə görə digərlərindən kəskin fərqlənir. 2006-cı ilin iyulunda rəsmi açılışı olan əsas ixrac boru kəmərinin uzunluğu 1769 km, illik ötürmə qabiliyyəti 50 milyon tondur (gün ərzində bir milyon barrel). İnşasına dörd milyard ABŞ dolları həcmində investisiya qoyulan kəmərin tikintisində 22 min insan çalışıb. Bakıdan ötürülən xam neft Türkiyənin Aralıq dənizində yerləşən Ceyhan limanına 10 günə çatır.

1994-cü ildə “Əsrin müqaviləsi” ilə əsası qoyulan Azərbaycanın neft strategiyası çərçivəsində bu günə kimi xarici neft şirkətləri ilə ümumilikdə 27 neft sazişi imzalanıb. Həmin sazişlər üzrə birgə işlənilməsi nəzərdə tutulan perspektiv strukturların sayı 30-dur. Bu sazişlərdən 15-i Xəzərin Azərbaycan sektorunu, 12-si isə quru sahələri əhatə edir. Bu sazişlərdə Azərbaycan hökumətinin tərəfdaşları dünyanın 21 ölkəsini təmsil edən 43 şirkətdir. Proqnozlara görə imzalanmış sazişlər çərçivəsində karbohidrogen resurslarının kəşfiyyatına, işlənilməsinə və nəqlinə ümumi sərmayə qoyuluşu 60 milyard ABŞ dolları həcmində olacaqdır.

Neft strategiyası sayəsində milli iqtisadiyyatın əsasını təşkil edən neft-kimya, neft emalı sənayesi və bunlarla bağlı alt sahələrin müasir standartlara cavab verən infrastrukturu quruldu. Neft emalı və neftayırma sahəsində əldə edilən böyük təcrübə və mütəxəssis kontingenti sayəsində Azərbaycan hökuməti xarici ölkələrin adı çəkilən sahələrinə irihəcmli investisiya qoyuluşları etməyə başlayıb. Bu gün Gürcüstanda nəhəng neft terminalı, Türkiyədə neft emalı zavodu Azərbaycan hökumətini təmsil edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsusdur. Azərbaycanın neftçi və mühəndisləri isə Moldovada neft yataqlarının kəşfiyyat və hasilatını öz üzərlərinə götürüb.

“Əsrin müqaviləsi” imzalandıqdan dərhal sonra Heydər Əliyev tərəfindən Bakıda beynəlxalq nüfuza malik “Xəzərneftqaz” sərgi-konfransının təşkil edilməsi ənənəsinin əsası qoyuldu. Bu sərgi-konfransı Bakıda hər il təşkil etməkdə əsas məqsəd Xəzər regionunun neft və qaz potensialını dünyanın işgüzar dairələrinin nəzər-diqqətinə çatdırmaqdan, neft və qazın hasilatı, istehsalı, daşınması, adı çəkilən sahədə ən yeni texnologiyaların tətbiqi üzrə ixtisaslaşmış şirkətlərin bir-biri ilə yeni işgüzar əlaqələrinin yaranmasına təkan verməkdən ibarət idi. 2008-ci ildə 15 illik yubileyi qeyd edilən sərgi-konfransda bu illər ərzində dünyanın yüzlərlə ən qabaqcıl neft şirkətləri təmsil olunub. Sərgi-konfransın Azərbaycan neft strategiyasının həyata keçirilməsində böyük rolu olub.

“Əsrin müqaviləsi” Azərbaycanı bir daha bütün dünyaya neft ölkəsi kimi tanıtdı, 1999-cu ilin iyununda Xəzərin Azərbaycan sektorunda yerləşən nəhəng “Şahdəniz” qaz-kondensat yatağından ilkin nəticələrin əldə olunması isə Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac etmək qabiliyyətinə malik olan bir ölkə kimi təqdim etdi. 2007-ci ildə geoloqların elan etdiyi kəşfiyyat-axtarış işlərinin yekunlarına görə, yataq bir trilyon kubmetr qaz ehtiyatına malikdir. 1996-cı ildə imzalanan “Şahdəniz” yatağının birgə işlənilməsi müqaviləsi bu gün Azərbaycanın neft strategiyası çərçivəsində “Əsrin müqaviləsi”ndən sonra icrasına başlanan və real nəticələri olan ikinci iri layihədir. 2006-cı ilin dekabrında yatağın genişmiqyaslı mənimsənilməsinə başlanılıb. Hal-hazırda yataqda orta gündəlik hasilat 19 milyon kubmetr qaz və 4,5 min ton kondensatdır. 2005-ci ildə “Şahdəniz” qaz yatağının zəngin ehtiyatlarını dünya bazarına ixracını təmin edən digər miqyaslı layihənin – Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisinə start verilib və 2007-ci ilin əvvəllərindən kəmərin istismarına başlanıldı. Bu kəmərin ümumi uzunluğu 971 km, diametri 1066 mm (42 düymə), keçirmə qabiliyyəti 20 milyard kubmetrə qədərdir. İstismara verildiyi gündən bu günə kimi, həmin kəmər vasitəsilə Gürcüstana 383 milyon kubmetr və Türkiyəyə ( 2007-ci il iyul ayından) 2,8 milyard kubmetr qaz verilib.

“Şahdəniz” yatağından işlənilmənin əvvəlindən (2006) bu günə kimi 5,9 milyard kubmetr qaz, 1,6 milyon ton kondensat hasil edilib. Bu da ölkədə qaza olan tələbatın bütövlükdə daxili imkanlar hesabına ödənilməsinə gətirib çıxarıb. Əgər 2004-cü ildə Azərbaycanda 5,0 milyard kubmetr qaz hasil edilirdisə, 2007-ci ildə bu rəqəm 16,9 milyard kubmetrə kimi, yəni 3,4 dəfə artıb. Perspektivdə təkcə “Şahdəniz” yatağından 2008-ci ildə qaz hasilatının 8,0 milyard kubmetrə, 2015-ci ildə 22 milyard kubmetrə, yatağın tam miqyasda işlənilməsinin həyata keçirilməsi nəticəsində isə qaz hasilatının 35 milyard kubmetrə çatdırılması proqnozlaşdırılır.

Mərkəzi Asiya neftinin və təbii qazının Avropaya nəqli üçün Azərbaycanın neft strategiyası çərçivəsində həyata keçirilən iri layihələr, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Transxəzər və Nabukko kimi genişmiqyaslı layihələrin meydana çıxmasına əsas səbəb kimi göstərilir. Bunlar isə öz növbəsində Azərbaycan üçün tranzit ölkə kimi həm siyasi, həm də iqtisadi baxımdan əlverişli faktlardır. Beləliklə də Azərbaycanın yeni neft strategiyasının həm milli, həm regional və həm də qlobal fayda gətirən əlverişli inkişaf proqramı olduğu təsdiq edilir. Bütün bu deyilənləri əvvəlcədən görən Azərbaycan Prezidenti Heydər Əliyev ‎”Əsrin müqaviləsi”nin imzalanması mərasimində söylədiyi tarixi nitqində deyib: “Mən bu müqavilənin hazırlanmasında, imzalanmasında iştirak etdiyimə görə özümü çox ‎xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti dərk edirəm və ümidvaram ki, gələcək nəsillər bu gün burada baş verən ‎tarixi hadisəni layiqincə qiymətləndirəcəklər”.‎

‎”Əsrin müqaviləsi” ilə başlanan Azərbaycanın neft strategiyasının gerçəkləşdirilməsi ilə ‎Azərbaycan dünyada özünə daha etibarlı siyasi və iqtisadi tərəfdaşlar və müttəfiqlər tapdı. Ölkənin digər sahələrinə də xarici investisiyaların sürətli axını başlandı və hazırkı inkişafın əsası təmin edildi. Azərbaycan neft strategiyasının banisi Heydər Əliyev verdiyi müsahibələrin birində “Əsrin müqaviləsi” haqqında danışarkən onun “dar və təhlükəli cığırla” keçərək ərsəyə gəldiyini bildirib. Bu gün həmin cığır Azərbaycanın böyük inkişaf yoluna çevrilib. Ümummilli liderimiz Heydər Əliyevin neft strategiyasının perspektivinə qiymət verərkən dediyi bu fikir yerinə düşür: “Azərbaycan dövlətinin neft strategiyası artıq öz müsbət nəticələrini verib, dünyada tanınıb və XXI əsrdə Azərbaycanın müstəqil, azad inkişaf etməsinin əsasını təşkil edən amillərdən biridir.”

Tolerantlıq

Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi bu ərazidə müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq, islam və bir çox başqa dini cərəyanlar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmişdir.

Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərsə də, islam dini üstün mövqe tutur. 7-ci əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan islam tezliklə dünyanın böyük bir hissəsində, o cümlədən də Azərbaycanda yayılmışdır. Azərbaycan əhalisinin 95 faizindən çoxu islam dininə etiqad edir.

Azərbaycanda xristianlığın tarixi, demək olar ki, Alban kilsəsindən başlayır və bütövlükdə bu dinin tarixində həmin kilsənin xüsusi yeri var. Qafqaz Albaniyasının ərazisi ilk xristian icmalarının meydana gəldiyi məkanlardan hesab edilir. Alban-udi xristian dini icmasının qeydə alınması xarakter, məzmun, dini və siyasi əhəmiyyət baxımından çox əlamətdar bir hadisədir. Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur. Pravoslavlıq Azərbaycanda 19-cu əsrin əvvəllərindən etibarən rus çarizminin bölgədə yeritdiyi “köçürmə siyasəti” nəticəsində yayılmağa başlamışdır. Bakıda ilk Roma-katolik prixodu 19-cu əsrin 50-ci illərində çar Rusiyası tərəfindən hərbçi katoliklərin Qafqaza sürgün edilməsi ilə əlaqədar olaraq yaranmışdır. Azərbaycanda ilk yayılan protestant təriqəti lüteranlıqdır. Ölkəmizdə lüteranlığın yaranması XIX əsrin I yarısında almanların və polyakların Cənubi Qafqaza köçürülməsi ilə bağlıdır.

Azərbaycan ilk insan məskənlərindən biri olmaqla yanaşı, həm də dözümlülük mədəniyyətinin formalaşdığı ərazi və tolerantlığın beşiyidir.

Bu fakt onu deməyə əsas verir ki, Azərbaycanda min illər öncə formalaşmış tolerantlıq ənənələri zaman keçdikcə yeni xüsusiyyətlər qazanmış və bu coğrafiyada yaşayan insanların başlıca keyfiyyətinə çevrilmişdir.

Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənmiş, bu sahə də dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir. Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş Azərbaycan bu gün də eyni funksiyanı uğurla yerinə yetirir. Hazırda Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini, həm də məzhəb baxımından zəngindir. Amma xoşbəxtlikdən müxtəlif dinlərin və dini fəlsəfi cərəyanların yayıldığı Azərbaycanda bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşmış, milli, irqi və dini zəmində heç bir ayrıseçkilik faktı qeydə alınmamışdır. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar burada özlərini nəinki yad hesab etməmiş, hətta yerli əhali ilə qaynayıb-qarışmış, qohumluq əlaqələri qurmuşlar. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olmuş, vahid Vətənimizin azadlığı və firavanlığı uğrunda mübarizə aparmışlar.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda vuruşmuş, bu yolda canından keçmiş müxtəlif dini konfessiyalara mənsub vətəndaşlarımızın da uyuduqları Şəhidlər Xiyabanı bu gün bizim təkcə and yerimiz yox, həm də qardaşlığımızın və tolerantlığımızın simvoludur. Vətənimizdə bu cür mükəmməl tolerantlıq mühitinin yaranması dini dözümlülüyün İslamın və Azərbaycan xalqının xarakterik xüsusiyyəti və milli-mənəvi sərvəti olmasına dəlalət edir. Heydər Əliyev İslam dininin və Azərbaycan xalqının bu xarakterik keyfiyyətini çox gözəl ifadə etmişdir: “Hesab edirəm ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var”.

Heydər Əliyev Azərbaycanda tolerantlıq mühitinin formalaşmasında digər dinlərin və xalqların xidmətlərini də nəzərdən qaçırmır, həmişə bunu yüksək qiymətləndirirdi.

Xalqımızın xarakterik keyfiyyəti olan tolerantlığın daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaradılmışdır. Vətəndaşlarımızın vicdan azadlığı hüququ birbaşa Konstitusiyamızda, geniş şəkildə isə “Dini etiqad azadlığı haqqında” Qanunda təsbit olunmuşdur. Konstitusiyamızın 48-ci maddəsinə görə, hər bir vətəndaş vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq, dini mərasimlərini sərbəst yerinə yetirmək hüququna malikdir. Bunlardan əlavə, ölkədə tolerantlığı, dini dözümlülüyü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılmışdır.

2001-ci ildə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət edilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə fərman imzalanmışdır.

Azərbaycanda və bütün regionda 16 noyabr Beynəlxalq tolerantlıq günü kimi qeyd edilir.

Bu gün Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən qanun çərçivəsində lazımi dəstək verilir. Çünki dinlərə və dini fəlsəfi cərəyanlara münasibətdə tolerantlığı ilə seçilən Azərbaycan xalqı bu spesifik keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənmiş və bu gün də fərqlənməkdədir. Azərbaycanda müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpasına fərqli dini icmaların nümayəndələrinin maddi və mənəvi dəstək verməsi, ianələr toplaması tarixi keçmişimizdən qalan mütərəqqi ənənədir.

Tolerantlığın Azərbaycan xalqının spesifik keyfiyyəti olduğu, az qala, bütün dünyanın qəbul etdiyi və məmnunluq duyduğu həqiqətdir.

Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindən biri məhz tolerantlıqla bağlıdır. Belə ki, xalqımızın minilliklər boyu formalaşmış tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə təşviq və təbliğ etmək dövlətin din siyasətinin əsas hədəfləri sırasındadır. Dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını həm dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə, tarixi-dini abidələrin bərpasına, həm bu istiqamətdə təşkil etdiyi beynəlxalq konfranslara münasibətdə, həm də milli qanunvericiliyin mahiyyətində açıq aydın görmək mümkündür.

Hesablamalara görə, Azərbaycan əhalisinin təxminən 96 faizini müsəlmanlar, 4 faizini xristianlar, yəhudilər, bəhailər, krişnalar və digər dinlərin mənsubları təşkil edirlər. Ölkə müsəlmanlarının təxminən 60- 65 faizi şiə, 35-40 faizi sünni məzhəb müsəlmanlardan ibarətdir. Xristianlığın, demək olar ki, bütün cərəyanları ölkəmizdə təmsil olunmuşdur. Belə ki, Azərbaycanda pravoslav, katolik, lüteran və protestant təriqətlərin, eləcə də tarixi Alban kilsəsinin mənsubları olan xristianlar yaşayır. Ölkənin xristian əhalisi əsasən Bakı, Sumqayıt, Gəncə şəhərlərinin, eləcə də Qax (gürcü pravoslavlar), İsmayıllı, Gədəbəy, Qobustan (molokanlar), Qəbələ və Oğuz (Nic qəsəbəsində və Oğuz şəhərində alban-udilər) rayonlarının əhalisidir. Katoliklər və lüteranlar daha çox Bakı şəhərində yaşayırlar.

Vaxtı ilə Şəmkir və Göygöl rayonlarında kompakt halda yaşamış alman-lüteranlar II Dünya müharibəsi zamanı Sovet hakimiyyəti tərəfindən deportasiya edilmişlər. Digər protestant təriqətlərə mənsub şəxslərin sayı bir neçə min nəfərdir. Bunlar əsasən adventistlər, baptistlər, əllincilər, Yehovanın şahidləri və digərləridir. Onlar əsasən Bakı, Sumqayıt və Gəncə şəhərlərindədir.

Hazırda Azərbaycanda 2 mindən çox məscid, 13 kilsə və 7 sinaqoq var.

Kilsələrdən 5-i pravoslav (Bakıda 3, Gəncə və Xaçmazda 1), 4-ü gürcü pravoslav (Qax rayonu), 1-i lüteran, 1-i katolik və 2-si Alban-udi dini icmasına mənsubdur. Yəhudi sinaqoqlarından 2-si Bakıda, 2-si Oğuzda, 3-ü Quba rayonunun Qırmızı qəsəbəsində yerləşir. İbadət evləri ilə yanaşı, respublikada xristian və yəhudi dini tədris müəssisələri, o cümlədən pravoslav kilsələri yanında bazar günü məktəbləri, protestant icmalarının Bibliya kursları, yəhudilərin ivrit dilini, yəhudi dini və mədəniyyətini öyrətmə kursları və s. fəaliyyət göstərir.

1 avqust 2015-ci ilin məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 632 dini qurum dövlət qeydiyyatına alınmışdır. Onlardan 21-i qeyri-islam təmayüllüdür. Sonunculardan 12-si xristian, 6-sı yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.

Azərbaycan Respublikasının din sahəsində apardığı siyasət cəmiyyətdə dinin müxtəlif formalarda mövcudluğunu nəzərə alaraq, fikir, söz və vicdan azadlığı üzərində qurulmuşdur. Eyni zamanda, dövlətin din sahəsindəki siyasəti beynəlxalq hüququn prinsiplərinə və normalarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ hüquqi aktlara əsaslanır.

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar arasında tarixən formalaşmış tolerant münasibət mövcuddur. Bu münasibət qarşılıqlı hörmətə, əməkdaşlığa və zərurət yarandıqda bir-birini dəstəkləmək prinsipinə əsaslanır.

Bu gün Prezident İlham Əliyev ölkəmizdə fəaliyyət göstərən konfessiyaların dini bayramlarında və əlamətdar günlərində ayri-seçkilik qoymadan müsəlmanlara, xristianlara və yəhudilərə müraciətlər edir, dini və milli bayramlarda insanlar arasında olur, tolerantlıq mühitinin daha da möhkəmləndirilməsi üçün dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icrasına nəzarət edir.

Böyük tarixə malik dini məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlər hazırda davam etdirilir.

Azərbaycanda təkcə səmavi dinlər yox, onların müxtəlif qollarının və cərəyanlarının mənsublarına da sərbəst şəkildə ibadət etmək, əqidələrini yaymaq imkanı yaradılıb.

Azərbaycan “tolerant ölkədən tolerant dünyaya doğru” şüarının reallaşdırılmasını özünün hədəfi kimi müəyyənləşdirib. Həm buna tarixi-mənəvi haqqı olması, həm beynəlxalq nüfuzu, həm də gələcəyə yönəlik planları nöqteyi-nəzərindən Azərbaycanın qarşısına belə bir məqsəd qoyması təbii və zəruri prosesdir.

Eyni zamanda, Azərbaycan hökuməti tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində müxtəlif tərəflərin bir araya gəlməsi istiqamətində kifayət qədər tədbirlər həyata keçirib. Azərbaycan son on ildə bu sahədə onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlara ev sahibliyi edib. Fəxrlə deyə bilərik ki, bu gün beynəlxalq aləmdə Bakı şəhəri ilə bağlı iki ifadə tez-tez işlədilir: mədəniyyətlərarası dialoq üzrə Bakı prosesi və tolerantlığın təşviqi üzrə Bakı prosesi.

Bunlardan əlavə, Azərbaycan tolerantlıq və multikulturalizm sahəsində təcrübəsini yaymaq və təbliğ etmək, eləcə də bu dəyərləri beynəlxalq aləmdə təşviq etmək məqsədilə nüfuzlu təşkilatlarla, o cümlədən BMT, UNESCO, İSESCO, ATƏT və digər qurumlarla yaxından əməkdaşlıq edir.

Azərbaycanda din sahəsində aparılan dövlət siyasətinin, ölkəmizin dinlər və mədəniyyətlərarası dialoqa dəstək verməsinin beynəlxalq aləmdə təbliğ edilməsi, eləcə də ölkəmizin tolerantlıq təcrübəsinin yayılması baxımından əhəmiyyətli tədbirlərdən biri də 26-27 aprel 2010-cu ildə keçirilmiş Dünya Dini Liderlərinin Bakı Sammiti olub. Qafqaz Müsəlmanları İdarəsi və Rus Pravoslav Kilsəsinin təşəbbüsü ilə təşkil edilmiş Sammitin maliyyələşdirilməsini Azərbaycan hökuməti öz üzərinə götürüb. Sammitdə dünyanın nüfuzlu dini mərkəzlərinin nümayəndələri, o cümlədən Rus Pravoslav, Gürcü Pravoslav, Erməni Qriqorian kilsələrinin rəhbərləri, Vatikanın, Konstantinopol Patriaxlığının, İslam dünyasının nüfuzlu din xadimləri iştirak ediblər.

Şübhəsiz ki, bu sahədə Azərbaycanın təşkilatçı kimi ev sahibliyi etdiyi mötəbər tədbirlərdən biri Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur. İndiyədək Bakıda üç dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunub və hər dəfə uğurlu nəticələr əldə edilib.

Beynəlxalq aləmdə Bakı prosesi kimi təqdim və qəbul edilən bu Forum dünyada mütəmadi keçirilən mötəbər tədbirlərdən hesab olunur. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən biri “Dövlət və din: qloballaşan dünyada tolerantlığın gücləndirilməsi” mövzusunda I Beynəlxalq Bakı Forumudur. Tədbirdə qeyd olunan sahədə vahid prinsipləri özündə ehtiva edən “Bakı Platforması” adlı sənəd qəbul edilib. Forumun işinə 30-dan artıq ölkədən nümayəndələr qatılıb və onun mütəmadi keçirilməsi barədə qərar qəbul olunub.

2017-ci il dekabrın 21-22-də Bakıda “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib.

“İslam Həmrəyliyi İli”nin yekunlaşması ilə bağlı keçirilən konfrans Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunub. Beynəlxalq konfransın açılışında 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumətin və parlamentin üzvləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda nitq söyləmişdir.

Bu gün Qərbdə tolerantlıq ənənələrinin təbliğini və yayılmasını əhəmiyyətsiz hesab edənlər də var. Lakin tolerantlıq hüquqi dövlətin yox, mədəni və mənəvi cəhətdən inkişaf etmiş cəmiyyətin məhsuludur. Bu gün Azərbaycanı və azərbaycanlıları fərqləndirən xüsusiyyət də məhz budur.

Copyright © 2016 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.

Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının banisidir

Day.Az Trend-ə istinadən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun yazısını təqdim edir:

“Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”

Dəyərli oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, 1993-cü ildən başlayaraq indiyə qədər ölkədə Azərbaycan Respublikasının dövlət ideologiyası – azərbaycançılıq məfkurəsi ilə bağlı çoxsaylı kitab və məqalələr yazılıb, dəyirmi masalar və konfranslar keçirilib, bu sahədəki mövcud vəziyyət və gələcək işlər haqqında mətbuat səhifələrində geniş müzakirələr aparılıb. Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin azərbaycançılıq ideologiyası, onun ölkəmizdə tətbiqi ilə bağlı çoxsaylı çıxışları və tövsiyələri olub. Həmin çıxış və tövsiyələr dövlət qurumları və müvafiq siyasi-ideoloji strukturlar tərəfindən mütəmadi olaraq öyrənilir, irəli sürülən müddəa və prinsiplər nəzərə alınır, ictimai həyatımızın bütün sahələrində tətbiq edilir. Lakin nədənsə bütün digər fəaliyyət sahələrində olduğu kimi, ideoloji sahədə də özlərini hələ də real olaraq tapa bilməyən, öz ətraflarında ciddi bir siyasi-ideoloji boşluq hiss edən bəzi “siyasətçilər” yenə Azərbaycan hakimiyyətini milli ideologiya yaratmamaqda günahlandırır və bu sahə ilə bağlı yalan informasiya yayaraq cəmiyyəti çaşdırmağa çalışırlar. Odur ki, yenidən milli ideologiya və onun Azərbaycanda tətbiqi mövzusuna qayıtmaq istəyirəm.

Bu fikirlər Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun “Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının banisidir” sərlövhəli məqaləsində yer alıb. Trend məqaləni təqdim edir.

Məlum olduğu kimi, müasir dünyada irili-xırdalı, təxminən 5000-dən artıq xalq mövcud olsa da, BMT iqamətgahında bayrağı dalğalanan müstəqil dövlətlərin sayı bu gün 200-dən bir qədər çoxdur. Azərbaycan dövlətinin bu sırada öz yerini tutması xalqımızın böyük tarixi nailiyyəti kimi qiymətləndirilir.

Hər bir xalqın müstəqil dövlət quruculuğu yolu bir sıra mühüm daxili və xarici amillərlə şərtlənir. Azərbaycan xalqı əlverişli tarixi şəraitdən və özünün siyasi, iqtisadi, mədəni və intellektual potensialından istifadə edərək XX əsrin sonunda çoxdankı istiqlal arzusunu yenidən gerçəkləşdirdi. Lakin müstəqillik dövrünün qısa tarixi ümummilli lider Heydər Əliyevin belə bir fikrini təsdiq edir ki, “müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi və əbədi olması bundan da çətindir”. Bu illər ərzində Azərbaycanın keçdiyi yolun təhlili göstərir ki, dövlət qurmaq kimi çətin, mürəkkəb və şərəfli missiyaya o dövrdə möhkəm iradəli, geniş və qlobal dünyagörüşlü, xalqın böyük dəstəyinə malik və onun milli liderinə çevrilmiş şəxs başçılıq edə bilərdi və belə də oldu. XX əsrin 90-cı illərinin sonunda Azərbaycanda Ümummilli Lider mövqeyinə yüksələ bilən və bu işlərin öhdəsindən gəlmək iqtidarında olan yeganə şəxsiyyət məhz Heydər Əliyev idi.

Heydər Əliyevin əməli və nəzəri fəaliyyətinin mühüm bir hissəsini onun milli dövlətçilik təlimi, milli-mənəvi və ideya-siyasi dünyagörüşü təşkil edir. Onun bu sahə üzrə toplanmış zəngin irsi təkcə bugünkü ictimai-siyasi dairələr üçün deyil, həm də gələcək nəsillər, Azərbaycana rəhbərlik etmək istəyən bütün liderlər üçün örnək olmağa layiqdir. Müasir Azərbaycanın möhkəm özülünü qoymuş bu tarixi şəxsiyyətin ideya dünyası onun davamçılarının yoluna həmişə işıq salacaq.

Heydər Əliyevin ideya və fikirləri, həyata keçirdiyi siyasət Azərbaycan şəraitində sosialist ictimai-iqtisadi sistemindən yeni cəmiyyətə keçidin elmi-nəzəri və konseptual əsaslarını yaratmışdır. İmperiya və sosialist sistemindən azad olaraq müstəqillik yolu tutmuş, lakin region və dünya güclərinin üst-üstə düşməyən, kəsişən maraqları ilə üz-üzə qalmış, qloballaşan dünyada öz yerini axtaran, milli mənafelərini qorumağa çalışan gənc Azərbaycan üçün Heydər Əliyevin dövlətçilik təlimi əsl fəaliyyət strategiyası və proqramı idi. Uzun illər öz dövlətçiliyindən və milli-mənəvi köklərindən ayrı salınmış, milli və dövlətçilik maraqları tapdanmış Azərbaycan xalqının özünəqayıdış və özünütəsdiqində Heydər Əliyevin əməli fəaliyyəti və ideya-siyasi baxışlarının çox böyük rolu olub.

Heydər Əliyev 1993-cü ildə yenidən Azərbaycanın rəhbərliyinə qayıdarkən bitkin dövlət konsepsiyasına malik idi. Bu konsepsiyanın bəzi tezisləri onun 1992-ci ildə Azərbaycan ziyalılarına ünvanlanmış müraciətində və elə həmin il qəbul edilmiş Yeni Azərbaycan Partiyasının proqramında öz əksini tapıb. Bu müraciət – proqramda dövrün real ictimai-siyasi vəziyyəti, müstəqil dövlət quruculuğunun şərtləri, regionumuzda və beynəlxalq aləmdə cərəyan edən hadisələrin və yaşanan proseslərin xarakteri, Azərbaycanın daxili durumu, hökm sürən iqtisadi, siyasi böhran, ondan çıxış yolları və digər taleyüklü məsələlər tezislər şəklində özünün əsl siyasi qiymətini alıb.

Ulu öndər Heydər Əliyev hər bir dövlətin varlığının əsasını təşkil edən iqtisadi inkişafı ölkə həyatının ən vacib vəzifəsi hesab edirdi. O öyrədirdi ki, dövlət qurarkən cəmiyyətin yaşam tərzini, ictimai həyat normalarını, idarəçiliyi, qanunçuluğu, sabitliyi, vətəndaş birliyini, milli həmrəyliyi, beynəlxalq təhlükəsizliyi və s. vəzifələri o zaman dolğun və davamlı təmin etmək olar ki, dövlətin iqtisadiyyatı güclü olsun və qarşıya qoyulmuş məqsədlərə cavab versin.

Heydər Əliyev dövlət quruculuğunun bütün sahələrində insan amilinə, milli və dövlətçilik təfəkkürü güclü olan kadrlara ciddi önəm verirdi, hər bir Azərbaycan vətəndaşını milli əxlaqa və güclü iradəyə malik, qlobal və azad düşüncəli, təşəbbüskar, fəal, ölkədaxili və beynəlxalq proseslərdən baş çıxara bilən, təhsilli, ədalətli, Vətəni və xalqı üçün gərəkli insan kimi görmək istəyirdi.

Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan Respublikasına on illik rəhbərliyi dövründə nəinki müstəqil Azərbaycan dövlətini qurdu və gələcək inkişafının hərtərəfli sağlam təməlini qoydu, eyni zamanda, ölkə vətəndaşlarını səfərbər edən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında birləşdirən milli təlim – azərbaycançılıq ideologiyasını yaratdı. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıdanda Azərbaycanda keçmiş kommunist ideologiyasından imtina edilmişdi. Lakin xalqı müstəqil dövlətçilik ətrafında birləşdirə bilən, azərbaycanlıların kimliyini, yaratdığı dövlətin xarakterini izah edən, milli-mənəvi dəyərlərini qoruyub saxlayan və inkişaf etdirən, ölkə vətəndaşlarını öz ətrafında səfərbər edərək gələcəyə aparan nə vahid ideya-siyasi təlim, nə də funksional idarəçilik sistemi yaradılmışdı. Keçmişin bütün zəngin irsindən, o cümlədən elmi, intellektual, mənəvi, ictimai dəyərlərindən total şəkildə imtina meyli Azərbaycanda, sözün həqiqi mənasında, ciddi ideoloji boşluq yaratmışdı. Cəmiyyətin ideyasızlaşdırılması cəhdi bir tərəfdən keçmiş kommunist rejiminə nifrətdən qaynaqlanırdısa, digər tərəfdən 1991-1993-cü illərdə Azərbaycanı idarə edən rəsmilərin aydın məqsəd və məramının yoxluğundan, rəhbərlik etdikləri dövlətin siyasi, iqtisadi, mədəni, mənəvi inkişafı haqqında dolğun təsəvvürə malik olmamalarından irəli gəlirdi.

Heydər Əliyevin dövründə Azərbaycan vətəndaşlarını vahid amal, ideya və məqsəd ətrafında birləşdirəcək milli ideologiyanın yaradılması dövlət siyasətinin prioritetinə çevrildi. Bir faktı xüsusi vurğulamalıyıq ki, başqa sahələrdə olduğu kimi, milli-ideoloji baxışlar sisteminin formalaşmasında da Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin varislik prinsipini qorudu və vaxtilə onun qurucularının birləşdirici ideya kimi irəli sürdüyü azərbaycançılıq ideologiyasına müraciət etdi. Həm də, nəinki sadəcə müraciət etdi, onu real və dolğun məzmunla zənginləşdirərək dövlət siyasəti səviyyəsinə qaldırdı.

Ümummilli Lider qeyd edirdi ki, milli ideologiya tarixi keçmişimizlə, millətimizin adət-ənənələri, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır. Məlum olduğu kimi, azərbaycançılıq ideyasının tarixi son iki əsri əhatə edir. XIX əsrin milli maarifçilik hərəkatı nümayəndələrinə qədər azərbaycançılıq ifadəsi əsasən vətənçilik, vətənsevərlik mənasında işlədilirdi və onun milli səfərbəredici və gündəlik praktiki təsiri çox aşağı idi. Lakin XIX əsrin maarifçilik hərəkatı nümayəndələri, xüsusən M.F.Axundzadə, A.A.Bakıxanov, H.B.Zərdabi, N.B.Vəzirov, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, N.Nərimanov və başqaları azərbaycançılığı xalqımıza qarşı həyata keçirilən işğalçılığa, milli məhrumiyyətlərə müqavimət reaksiyası, tarixi yaddaşın qorunması, ana dilinin, milli adət-ənənələrin, mənəviyyatın yaşadılması, inkişafı, milli şüurun oyanışı və s. vasitəsi kimi təbliğ edirdilər.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ilk dəfə azərbaycançılıq ideyasını yeni – daha sistemli məzmunda dövlət siyasəti səviyyəsinə qaldırmağa cəhd göstərərək, Cümhuriyyətin fəaliyyətini bu ideya istiqamətində qurmağa çalışmışlar. Lakin Xalq Cümhuriyyətinin tezliklə süqut etməsi azərbaycançılıq ideyasını da gündəmdən çıxararaq kommunist ideologiyasının kölgəsinə saldı.

Sovet dövründə azərbaycançılıq ideyası əsasən xalqın yaddaşında, o cümlədən milli adət-ənənələrdə, müəyyən qədər də bədii əsərlərdə yaşamış və təbii ki, dövlət ideologiyasına çevrilə bilməmişdir. Lakin bir faktı xüsusi vurğulamalıyıq ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə – 1970-80-ci illərdə azərbaycançılığın inkişafına əlverişli ictimai-siyasi, elmi və mədəni-mənəvi şərait yaradılmışdır. Bu şəraitdən o dövrdə tarixçilər, ədəbiyyatçılar, dilçilər, filosoflar və başqa intellektual fəaliyyət nümayəndələri müəyyən qədər bəhrələnərək bir çox əsərlər yaratmışlar. Həmin əsərlərdə azərbaycançılığın mühüm sahələri olan ümumazərbaycançılıq hisslərinin, Azərbaycan dilinin, milli şüurun, mədəniyyətin, mənəvi dəyərlərin, zamanın sınaqlarından çıxmış ənənələrin inkişafı və dünyada təbliği, gənc nəslin milli ruhda tərbiyə edilməsi və s. məsələlər təlqin olunmuşdur.

Azərbaycançılıq ideyasının formalaşmasında ötən əsrin 90-cı illərində – dövlət müstəqilliyinin bərpası ərəfəsində başlanmış əvvəlcə xalq, sonra isə milli azadlıq hərəkatının əhəmiyyətli rolu olmuşdur. Bu dövrdə azərbaycançılıqla bağlı müxtəlif əsərlərin yenidən çap olunması və yayılması, yeni kitab və məqalələrin yazılması, milli şüurun, ruhun yüksəlişinə xidmət edən xalq hərəkatının vüsət alması insanların kütləvi düşüncə tərzinə öz müsbət təsirini göstərdi. Lakin təəssüf hissi ilə qeyd edilməlidir ki, o illərdə Azərbaycanı yönəldən qüvvələr, xüsusən AXC-Müsavat dairələri respublikanın milli-etnik xüsusiyyətlərini nəzərə almadan, meydan əhval-ruhiyyəsi altında azərbaycançılığın təbliğində kobud səhvlərə yol verdilər. Onlar azərbaycançılığı milli müstəsnalıq kimi təqdim edərək onu ümumtürklük ideyası ilə eyniləşdirdilər və bununla da respublikada ölkədaxili etnik və milli etimadsızlıq mühiti yaratdılar. Bu da müvafiq olaraq, həmin dövrdə azərbaycançılıq ideyasının həyatiliyinə, ümumi cəlbediciliyinə ciddi zərbə vurdu.

1993-cü ildən Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı ilə bütün Azərbaycan vətəndaşlarının, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin istiqlaliyyətini dəstəkləyən insanların vahid dövlətçilik ətrafında birləşdirilməsi üçün ciddi iş aparıldı. Cəmiyyətdə hakim olan istiqlal arzusu, azərbaycançılığın müstəqil dövlətin bütün əhalisinin ali ideologiyasına çevrilməsi, ümummilli birliyin təmin olunması zərurəti tezliklə ictimai-siyasi və elmi-mədəni dairələrin gündəliyinə çıxarıldı. Bunun ardınca, Azərbaycan dilinin rəsmi dövlət dili statusu alması və latın qrafikasının tətbiqi, milli-mənəvi dəyərlərin qorunması, inkişafı və azərbaycançılıq ideyaları ilə birgə bütün dünyada yaşayan həmvətənlərimiz arasında geniş yayılması, 31 dekabrın hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi və bu münasibətlə xarici ölkələrdə yaşayan soydaşlarımızın iştirakı ilə təşkil olunan toplantılar, xarici səfərlər zamanı Heydər Əliyevin həmvətənlərimizlə keçirdiyi görüşlər və s. 1993-cü ildən başlayaraq azərbaycançılıq ideologiyasının dövlət siyasəti səviyyəsinə qaldırılmasının bariz nümunələri idi.

Müstəqilliyinin ilk illərində, xüsusən 1991-1994-cü illərin təhlükəli milli-vətəndaş qarşıdurması və ictimai-siyasi böhranı dövründə Heydər Əliyev azərbaycançılıq ideyasını daha çox ölkədaxili ictimai-siyasi qüvvələrin, sosial, milli və dini qrupların birləşdirici amili kimi təlqin edir və bu istiqamətdə onu inkişaf etdirməyə çalışırdı. O, mövcud təhlükəli vəziyyəti dəyərləndirərək qeyd edirdi ki, hakimiyyətə, iqtidarlara və onların fəaliyyətinə müxalifətdə durmaq olar. Lakin dövlətə, dövlətçiliyə, milli birliyə, Vətənin, xalqın ümumi marağını ehtiva edən azərbaycançılıq ideyasına, milli-mənəvi dəyərlərə, milli məsləkə, milli dilə, milli varlığa heç zaman müxalifətdə durmaq olmaz.

Göründüyü kimi, Heydər Əliyevin dövlətçilik təlimi – azərbaycançılıq ideologiyası, ilk növbədə, bütün ölkə vətəndaşlarından Azərbaycanın dövlətçilik maraqlarına, xalqımızın milli-mənəvi dəyərlərinə, dövlət dilinə həqiqi sevgi və qayğı tələb edirdi. Sonrakı illərdə, xüsusən də 1995-ci ildə Azərbaycanın yeni Konstitusiyasının hazırlanması və qəbulu ərəfəsində Heydər Əliyev azərbaycançılıqla bağlı əvvəlki illərdə səsləndirdiyi fikirlərini bir qədər də inkişaf etdirərək, bu birləşdirici ideyaya tamamilə yeni bir hüquqi-siyasi və ideoloji məzmun verdi, onu tamamilə ölkənin milli-etnik xüsusiyyətlərinə və dünyanın müasir şəraitinə uyğunlaşdırdı. Odur ki, bu gün çəkinmədən və inamla söyləmək olar ki, Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının – dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisidir. Çünki azərbaycançılıq ideologiyası məhz Ulu Öndərin dövründə həqiqi siyasi-ideoloji məzmun alaraq mükəmməl bir təlimə çevrildi və müstəqil dövlət ideologiyası səviyyəsinə qaldırıldı. Azərbaycançılıq ideologiyası sonrakı illərdə mükəmməl bir konsepsiya kimi tədricən bütün Azərbaycan vətəndaşlarının, dünyada yaşayan əksər həmvətənlərimizin, Azərbaycanla bağlılığı olan hər bir soydaşımızın milli birlik platforması rolunu oynamağa başladı. Əgər Heydər Əliyevə qədər azərbaycançılıq ideyası əsasən etnolinqvistik, ədəbi-bədii, mədəni-estetik, fəlsəfi və mənəvi dəyər kimi mövcud idisə, onun dövründə ciddi hüquqi-siyasi məzmun alaraq bitkin ideyalar sisteminə – dövlət quruculuğunun ayrılmaz tərkib hissəsinə çevrildi.

2001-ci ildə Bakıda tarixdə ilk dəfə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi və minlərlə soydaşımızın iştirakı ilə azərbaycançılığın əsaslarının bir daha geniş müzakirə edilməsi, mövcud vəziyyətin qiymətləndirilməsi və gələcək vəzifələrin müəyyən olunması milli ideologiyamızın formalaşması və daha da inkişafında yeni bir mərhələ kimi dəyərləndirilə bilər.

Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyası və onun məzmununa daxil edilmiş əsas prinsiplər 1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Ümummilli Lider dövlətçilik maraqlarının qorunması deyəndə, ilk növbədə, hamılıqla qəbul etdiyimiz ölkənin Ali Qanununun – Konstitusiyanın müddəalarına əməl olunmasını nəzərdə tuturdu. Bu normalar, ilk növbədə, hər bir Azərbaycan vətəndaşının ümummilli vəzifəsi kimi ölkənin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında iştirakını, vətəndaş cəmiyyətinin bərqərar olunmasını, xalqın iradəsinə, qanunların aliliyinə əsaslanan hüquqi, dünyəvi dövlət qurulmasını, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini, ümumbəşəri dəyərlərə sadiqliyi, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və s. ehtiva edir.

Göründüyü kimi, Ümummilli Liderin azərbaycançılıq ideologiyasının təməlində, ilk növbədə, güclü Azərbaycan dövlətçiliyi prinsipi, ümumazərbaycançılıq qayəsi (vətəndaş birliyi və tolerantlıq ideyası), ədalətli və hamı üçün məqbul olan ictimai həyat normaları, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətini özünün güvənc yeri sayması, bu Vətəni özünün qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla bəşəri birgəyaşayış qaydaları əsasında ünsiyyət qurması və s. ali dəyərlər dayanır.

Heydər Əliyevin azərbaycançılıq ideologiyasında mərkəzi yerdə dayanan güclü Azərbaycan dövləti anlayışı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə söykənərək onları daim yaşadacaq və zənginləşdirəcək bir idarəçilik institutudur. Bu dövlətin təkmil mərkəzi və yerli idarəetmə mexanizmləri, sabit ictimai-siyasi həyatı, işlək qanunları olmalı, hər bir vətəndaşının imkan və bacarıqları lazımi səviyyədə dəyərləndirilməli və qabiliyyətinə görə proseslərə cəlb edilməli, ölkədə şəffaf, tolerant və multikultural mühit hökm sürməli, ümumvətəndaş birliyi dövlətçiliyin təməlində dayanmalıdır.

Beləliklə, yuxarıda aparılmış təhlildən də göründüyü kimi, azərbaycançılıq ideologiyası artıq hansısa bir siyasi liderin, partiyanın, yaxud siyasi təşkilatın deyil, bütün Azərbaycan xalqının ümumi maraqlarının ifadəsinə çevrilib. Belə olan halda, bu ideologiyaya müxalifətdə durmaq ümumxalq maraqlarına, ümumxalq fikrinə və mövqeyinə müxalifətdə durmaq kimi dəyərləndirilməlidir. Azərbaycançılıq ideologiyası bu anlamda xalqın istəyi, arzusu və iradəsi ilə qurulmuş dövlətin, bu dövlətin müəyyən olunmuş daxili və xarici siyasət strategiyasının, daimi yaşam və fəaliyyətinin əsasını, başlıca prinsiplərini təşkil edir. Deməli, onun həyata keçirilməsi və qorunması Azərbaycanda yaşayan, fəaliyyət göstərən, bu dövlətin idarəçiliyinə iddia edən hər bir vətəndaş və təşkilat üçün əsas olmalıdır. Əgər hər hansı şəxs və yaxud təşkilat yaşadığı cəmiyyəti, təmsil etdiyi dövləti, Konstitusiya ilə müəyyənləşdirilmiş ölkədaxili münasibətlər və dəyərlər sistemini qəbul edirsə, deməli, dövlətin də bu sistemin təminatçısı olmasını mütləq qəbul etməlidir.

Heydər Əliyev azərbaycançılıq ideologiyasını müəyyənləşdirərkən həm də beynəlxalq aləmdə cərəyan edən hadisələri, müasir dünya siyasətini, qloballaşan və transmilliləşən dünyanın inkişaf meyillərini nəzərə alırdı. Əlbəttə, qloballaşan dünyada ölkələrin milli maraqlarını, milli-mənəvi və əxlaqi dəyərlərini qorumaq o qədər də asan olmur. Transmilli şirkətlər və onların arxasında duran fövqəldövlətlər ölkələrin milli inkişafı, milli mənafeləri, milli-mənəvi dəyərlərin qorunması və sair prosesləri çox qısqanclıqla qarşılayırlar. Heydər Əliyev bütün bu reallığı nəzərə alaraq, bir tərəfdən azərbaycançılıq ideologiyasını ümumbəşəri dəyərlər fonunda formalaşdırır, digər tərəfdən dövlət quruculuğu proseslərində xarici təsirləri milli ideologiya süzgəcindən keçirirdi.

Heydər Əliyev azərbaycançılıq ideologiyasını formalaşdırarkən milli-mənəvi dəyərləri, tarixi keçmişimizdən bizə miras qalmış milli varlığımızı və onu fərqləndirən bütün atributları qorumaqla yanaşı, Azərbaycanı, eyni zamanda, müasir, inkişaf etmiş, xalqın maddi-mənəvi tələbatını təmin edə bilən, daxili həyatı sabit, multikultural dəyərlərə, milli və sosial birliyə qovuşmuş bir dövlət kimi görürdü.

Heydər Əliyev azərbaycançılıq ideologiyasının əsasına, ilk növbədə, dünyada yaşayan 40 milyondan çox azərbaycanlının maraqlarını təmin edə biləcək, bütün ölkə vətəndaşlarının sabit, firavan və dinamik inkişafına cavab verən milli dövləti – müstəqil Azərbaycan dövlətini qoyurdu.

Ulu öndər Heydər Əliyev çıxışlarında bu məsələyə belə şərh verirdi: Müstəqil Azərbaycan dövləti bizim üçün ən qiymətli tarixi nailiyyətdir və onun qorunması, əbədiyaşar edilməsi hər bir azərbaycanlının müqəddəs borcudur. Milli ideologiyadan danışarkən biz, ilk növbədə, bütün xalqımızı, xüsusən gəncləri Azərbaycanın müstəqil dövlətçiliyi prinsiplərinə sadiq olmaq ruhunda tərbiyə etməliyik.

Heydər Əliyev Azərbaycan dövlətini azad, ədalətli, demokratik, siyasi plüralizmin, tolerant mühitin, multikultural dəyərlərin hökm sürdüyü, vətəndaş cəmiyyətinə malik bir ölkə kimi görmək istəyirdi və daim buna çalışırdı. 1995-ci ildə çoxpartiyalı sistem əsasında ilk parlament seçkilərinin keçirilməsi, ölkənin ilk Konstitusiyasının qəbul edilməsi, Avropanın demokratik institutları ilə Azərbaycanın əlaqələrinin gücləndirilməsi Ümummilli Liderin öz ölkəsinin gələcəyi ilə bağlı mövqeyinin göstəricisi idi. Azərbaycanda əsl çoxpartiyalı sistemin, azad, plüralist cəmiyyətin, qeyri-hökumət təşkilatlarının, müstəqil mətbuatın yaradılması və inkişafı da Heydər Əliyevin bilavasitə səyi ilə həyata keçirilib.

Heydər Əliyevin dövlət təlimi və milli ideyasında ikinci əsas yeri insan amili – millətini və xalqını sevən, dövlətinin yolunda hər bir şücaətə hazır olan, milli-mənəvi dəyərlərini yaşadan, dövlət dilini bilən və sevən, ədalətli və təşəbbüskar, fəal mövqeli və iradəli Azərbaycan vətəndaşı tuturdu. Ulu Öndər öyrədirdi ki, hər hansı dövlətin gücü heç də onun böyüklüyü, yaxud kiçikliyi ilə ölçülmür. Əgər ölkənin vətəndaşı gördüyü işin onun özünə, ailəsinə və xalqına gətirəcəyi xeyri əvvəlcədən anlayır və ədalət prinsipi ilə öz zəhmətinin nəticəsini alırsa, həmin ölkə vətəndaşları daha ideyalı, əzmli və iradəli, belə ölkələr isə bir qayda olaraq güclü, qüdrətli və əzəmətli olurlar.

Ümummilli Liderin dövlət təliminə görə dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşları qanun və ədalət qarşısında bərabərdir. Təsadüfi deyil ki, 1993-cü ildə Heydər Əliyevin idarəçilik fəaliyyətinin mühüm bir sahəsini Azərbaycanda harmonik cəmiyyətin yaradılması, insan potensialının quruculuq işlərinə cəlb edilməsi, sosial ədalət prinsiplərinin bərqərar olması və insanların öz dövlətinə inamının artırılmasına xidmət təşkil etmişdir. Heydər Əliyevin milli həmrəylik və vətəndaş birliyi ideyası, insan resurslarından səmərəli istifadə, hər bir vətəndaşın öz dövlətinə bağlılığı, dövlətin hər bir insana, hər bir insanın isə dövlətçiliyinə xidmət etməsi amalı 1995-ci ildə qəbul olunmuş Konstitusiyada da əksini tapmışdır.

Azərbaycançılıq ideologiyasının mahiyyətini təşkil edən əsaslardan biri də Heydər Əliyev üçün milli-mənəvi dəyərlərin, ana dilinin və mədəniyyətin qorunub saxlanması və inkişaf etdirilməsi idi. Ulu Öndər bununla bağlı qeyd edirdi ki, milli ideologiyamızın konsepsiyası tarixi keçmişimizi, milli adət-ənənələrimizi, dilimizi, dinimizi və mədəniyyətimizi əks etdirməli, bu dəyərlərin qorunub saxlanılmasına və inkişafına xidmət etməlidir.

“Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Bu ifadələr Ümummilli Liderimizin milli-mənəvi dünyasını, vətəndaş mövqeyini və varlığını göstərən, öz milli köklərinə bağlılığını sübut edən tarixi bir bəyanat idi.

Heydər Əliyev azərbaycançılıq ideologiyasından danışarkən layiqli vətəndaş, xüsusən hərtərəfli inkişaf etmiş gənc nəslin yetişdirilməsi məsələsini xüsusi fərqləndirirdi. O, Azərbaycan gənclərini sərbəst düşüncə tərzinə malik, cəmiyyətdə və dünyada gedən proseslərdən baş çıxara bilən, vətənpərvər, dövlətçilik təfəkkürü güclü olan savadlı, bacarıqlı, intellektli insanlar kimi görürdü. Ümummilli Lider qeyd edirdi: Biz elə bir nəsil yetişdirməliyik ki, o, öz dövlətini sevsin, onu qorumağı, yaşatmağı və bütün dünyada layiqincə təmsil etməyi bacarsın. Gənc nəsil öz milli adət-ənənələrinə sadiq olmalı, ana dilini, milli mədəniyyətimizi dərindən öyrənməli, eyni zamanda, bəşəri dəyərləri mənimsəməlidir.

Ölkəmizin tarixinin mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş Heydər Əliyevin dövlətçilik təlimi və onun ayrılmaz tərkib hissəsi olan azərbaycançılıq ideologiyası müstəqil Azərbaycanın bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir.

Ulu Öndərin siyasi xəttini ardıcıl olaraq davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev onun müstəqil dövlət quruculuğu yolundakı nəzəri və praktiki irsinə qiymət verərək demişdir: “1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları – azərbaycançılıq məfkurəsi formalaşdırıldı. Heydər Əliyev tərəfindən yaradılan bu əsaslar hazırda Azərbaycan xalqına yol göstərir”.

Ötən 16 ildə Prezident İlham Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, ana dilinin inkişafı və saflığının qorunmasını, gənclərin vətənpərvərlik tərbiyəsini, xalqımızın tarixi irsinin yaşadılmasını, ölkə daxilində tolerantlıq mühitinin və multikultural dəyərlərin möhkəmləndirilməsini və s. məsələləri dövlət siyasətinin tərkib hissəsinə çevirməsi onun Heydər Əliyevin dövlətçilik təliminə verdiyi ciddi əhəmiyyətin və bu təlimi yaradıcı şəkildə inkişaf etdirməsinin əyani təzahürüdür. Prezident İlham Əliyevin rasional, uzaqgörən və praqmatik siyasəti, cəsarətli addımları, güclü liderlik keyfiyyətləri və yorulmaz gündəlik əməyi sayəsində Azərbaycan dövləti Ulu Öndərin müəyyənləşdirdiyi strateji vəzifələrin öhdəsindən uğurla gəlir və gələcəyə doğru inamla irəliləyir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası hazırda öz tarixinin ən yüksək inkişaf dövrünü yaşayır. Geridə qoyduğumuz 16 il ərzində ölkədə ictimai-siyasi sabitlik qorunub saxlanılıb, demokratik institutlar möhkəmləndirilib, iqtisadiyyat gücləndirilib, əhalinin maaşları, pensiya və müavinətləri dəfələrlə artırılıb. Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci, inkişaf etməkdə olan ölkələr arasında isə 3-cü yerə yüksəlib. Prezident İlham Əliyev müasir mürəkkəb geosiyasi vəziyyətdə düşünülmüş və ardıcıl siyasət yürüdür, dövləti beynəlxalq səviyyədə layiqincə təmsil edir.

Dövlətimizin başçısı İlham Əliyev qazanılmış nailiyyətlərin səbəblərinə qiymət verərkən həmişə iki amili xüsusi qeyd edir: xalqın etimadı və Heydər Əliyev ideyalarına, onun siyasi kursuna sədaqət. 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində İlham Əliyevin parlaq qələbəsi Azərbaycan xalqının yüksək etimadının və öz liderinə olan inamının əyani təzahürü idi. Bu qələbənin zəruri şərti isə Ulu Öndərin ideyalarına sədaqət, onun müəyyənləşdirdiyi yolun bacarıqla davam etdirilməsidir.

Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışından – oktyabr ayının 3-də ilk dəfə Prezident seçilməsindən 26 il ötür. Onun Azərbaycanın tərəqqisinə xidmət edən səmərəli dövlətçilik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gündən-günə modernləşən Azərbaycan Respublikası bu il 96 illiyini böyük ehtiramla qeyd etdiyimiz Ulu Öndərin işıqlı xatirəsinə ən böyük töhfədir. Milli dövlətimiz durduqca Heydər Əliyev Azərbaycan xalqının qəlbində yaşayacaq, onun nurlu ideyaları daim yolumuza işıq salacaqdır.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.