Press "Enter" to skip to content

Hməd bəy Ağaoğlu: Azad qadınsız milli inkişaf ola bilməz

Danışıqların fayda vermədiyini görən Əhməd bəy, ermənilərə elə onların öz üsulları ilə cavab verməyi qərara alır. Bu məqsədlə də 1906-cı ilin oktyabrında gizli “Qafqaz Ümummüsəlman Müdafiə Komitəsi” – “Difai”ni yaradır. “Difai”nin qurulmasında əsas məqsəd azərbaycanlıları ermənilərin hücumundan, eləcə də çar məmurlarının zülmündən qorumaq idi. Azərbaycanlılara qarşı terror həyata keçirən erməni silahlıları və onlara şərait yaradan rus məmurlarını susdurmaq yolunda kifayət qədər uğurla fəaliyyət göstərən “Difai” tezliklə ermənilərin və Rusiya imperiyasının əsas hədəfinə çevrilir. Bu fəaliyyətinə görə çar hakimiyyətinin ciddi təqib etdiyi Əhməd bəy İkinci Məşrutiyyət elan edildikdən sonra Türkiyəyə gedib.

Üç mədəniyyət

Əhməd Ağaoğlu (Əhməd bəy Ağayev) – ictimai xadim, jurnalist, pedaqoq və yazıçı.

Əhməd Ağaoğlu (Əhməd bəy Ağayev) 1869-cu ildə Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib. Atası Mirzə Həsən varlı pambıqçı fermer, anası Tazə xanım Şuşanın Sarıcı Əli nəslindən Zeynalabdin bəy Rəfibəyovun bacısıdır.

1888-ci ildə Parisə gedən Əhməd bəy burada məşhur fransız şərqşünasları Ernest Renan və professor Ceyms Darmestete ilə tanış olur. Əhməd bəy bu illərdə Sankt-Peterburq və Parisin məşhur Sorbonna universitetlərində təhsil alır. Beş dilə mükəmməl şəkildə yiyələnən Əhməd bəy o zaman həm yerli, həm də əcnəbi mətbuatda maraqlı məqalələrlə çıxış etməyə başlayır.

1894-cü ildə Qafqaza, fransız dilini tədris etmək məqsədilə qayıdan ədib tezliklə Bakıya köçür. Fransada təhsil aldığı dövrdə Avropa demokratik ideyalarından və fransız şərqşünas-alimlərinin əsərlərindən təsirlənən Əhməd bəy tezliklə Azərbaycan xalqının milli özünüdərketmə və türkçülük ideyalarının yayılması işinə başlayır.

Əhməd bəy Ağaoğlu: “Azad qadınsız milli inkişaf ola bilməz”

Yalnız azad, müstəqil düşüncəyə malik ana və övrət olduğu halda, müsəlman qadını, öz
sosial funksiyalarını məqsədyönlü tərzdə keçirə bilər; yalnız bu şərtlə o, öz övladlarında
xarakter və iradə tərbiyə edib, ictimai həyat üçün vacib olan hiss və düşüncələri tətbiq etməyə qadirdi

Əhməd bəy Ağaoğlu

Annotasiya: Görkəmli ictimai – siyasi xadim Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığının əsas tarixləri, müdrik düşüncələri, görkəmli şəxsiyyətlərin Əhməd bəy haqqında irəli sürülən fikirləri məqalədə öz əksini tapmışdır.

Əhməd bəy Ağaoğlu Azərbaycanın və Türkiyənin, bütünlükdə Türk dünyasının mədəniyyət və ictimai – siyasi fikir tarixində çoxşaxəli və ensiklopedik şəxsiyyət kimi daxil olmuşdur. Eyni zamanda onun geniş mövzu dairəsinə malik əsərlərində cəmiyyəti tərəqqiyə doğru yönəlməyə və qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran ideyaları böyük maraq doğurmuşdur. O, ötən əsrin əvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə fəal iştirak etmiş və milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınmışdır. Əhməd bəy, cəmiyyətin mənəvi baxımında və müsəlman Şərqindəki insanların düşüncəsində radikal bir dəyişiklik olmadan Qərb nailiyyətlərini təkrar etməklə arzu edilən nəticəyə gəlmək olmaz deyə belə bir fikrə gələrək, o, əsərlərinin birində belə qeyd etmişdir: “İstədiyiniz kimi konstitusiyanı dəyişdirə bilərsiniz, məclislər təşkil edə bilərsiniz, ancaq şüurumuz dəyişməzsə, hər birimizin daxilində, davranış və əxlaq tərzimizdə,ailəmizdə despotizmin təzahürləri izlənilərsə onda biz, heç bir vaxt müasir cəmiyyətlə birgə addımlaya bilmərik”(1.c.12).
İftixar hissi ilə qeyd etmək olar ki, ümumxalq mənafeyinin qorunması naminə gərgin və məhsuldar fəaliyyəti ərzində o, parlaq bədii-publisistik və dolğun elmi-nəzəri irs yaratmış və Azərbaycanın ədəbi-mədəni, sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşməsində diqqətəlayiq xidmətlər göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında Əhməd bəy Ağaoğlunun əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir(2).
Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu 1869 ildə Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur. 1881-ci ildə Şuşada VI siniflik real məktəbini bitirdikdən sonra sonuncu sinifləri Tiflisdəki 1 saylı gimnaziyada təhsilini davam etdirir. ”Son sinfi Tiflisdə tamamlayıb Peterburq Texnologiya İnstitutuna daxil olmaq üçün paytaxda yollanmışdı. Amma burada onu yəhudi zənn edən antisemit bir rus professorun ədalətsizliyi həyatının gələcək axarını tamam dəyişmişdi” (3.s.8 ). Bu xoşagəlməz hadisədən sonra Ağaoğlu Fransada təhsil almaq düşüncələri ilə yaşayırdı. “1888-ci ilin yanvar ayının 8-də Əhməd bəy Parisə gedir. Ağaoğlu Sorbonna Universiteti yanındakı Paris Hüquq Məktəbinin tələbəsi olub, eyni zamanda Ali Təcrübi Tədqiqatlar Məktəbində dövrün tanınmış alimlərinin mühazirələrində iştirak edib”(4.s.4). Fransanın ən prestijli tədqiqat qurumu hesab olunan “College de France” ali təhsil və tədqiqat müəssisəsində hər həftə fransız filosof və tarixçi Ernest Renanın, Tətbiqi tədqiqat ali məktəbində isə “Şərq xalqlarının tarixi” mövzusunda Ceyms Darmsteterin mühazirələrindən bəhrələnmişdir. Parisdə yaxından tanış olduğu Cəmaləddin Əfqani, İppolit Ten, Ernest Rennan kimi şəxsiyyətlər Əhməd bəyin elmi və mənəvi – siyasi inkişafına ciddi təsir göstərmiş və formalaşmasında böyük rol oynamışdırlar.
“Əhməd bəy “Jurnal de Debat”, “Revü Been”, “Nouvye Revyü” kimi fransız mətbuat orqanlarında ictimai-siyasi mövzularda yazılarını nəşr etdirirdi. Fransada qələmə aldığı yazılarını “Kafkaz”, “Şərqi Rus” qəzetlərinə göndərirdi (5.с.6). Görkəmli fransız filosofu və şərqşünaslardan biri olan Ernest Renan, tələbəsi Əhməd bəyə təhsilini başa vurduqdan sonra həmişəlik Avropada qalmağı məsləhət görərək deyir:“Sən dünya miqyaslı alim olmaq imkanına malik bir insansan, məmləkətinə qayıtma. Şərq səni udacaq”. Ağaoğlunun sevimli müəlliminin bu təklifinə cavabı isə qısa və qəti olmuşdu:“Şərqin də oxumuş insanlara ehtiyacı var. Sizdən öyrəndiklərimi məmləkətimdəki soydaşlarıma öyrədəcəyəm”.O, 1894-cü ildə Fransadakı təhsilini bitirdikdən sonra Tiflisə gəlir. İki il müddətində burada yerli gimnaziyaların birində fransız dilindən dərs deyir. Bununla yanaşı “Kavkaz” qəzeti ilə də əməkdaşlığını davam etdirir. 1896-cı ildə isə Şuşaya geri dönür. Şuşada o ilk kitabxana, qiraətxana açır. Burada Şuşa real məktəbində fransız dilində dərs deməyə başlayır. Məhz buna görə Şuşada el arasınada ona “Firəng Əhməd” ləqəbi verilir. 1897-ci ildə Əhməd bəy Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə “Kaspi” qəzetində fəaliyyət göstərmək üçün Bakıya gəldi. Bakıya köçdükdən də sonra qəzetə təqdim etdiyi məqalələrdədə cəmiyyətdəki qadınların problemləri ilə, eyni zamanda müsəlman Şərqində müasirləşmə siyasəti ilə bağlı idi. Əhməd bəy qadınların geriliyini və istifadə olunan əlifbanı müsəlman dünyasının iki əsas düşməni və sağalmaz yarası sayırdı. Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadiləsinin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi. 1904-cü ildə Bakıda müəllifin rus dilində qələmə aldığı “İslama görə və islamda qadın” adlı bu gün də əksər islam ölkələri üçün aktuallıq və əhəmiyyətini itirməyən kitabı çap olunmuşdu. Həmin əsər türk alimi Həsən Əli Edizin tərcüməsində 1959-cu ildə İstanbulda türk dilində nəşr edilmişdir(6. c 9).
“İslam dünyasında qadın” adlı əsərində, o,belə qeyd etmişdir: “Azad qadınsız milli inkişaf ola bilməz”. “İslama görə və islamiyyətdə qadın” əsərində isə bu misraları gələmə almışdır: Yalnız azad, müstəqil düşüncəyə malik ana və övrət olduğu halda, müsəlman qadını, öz sosial funksiyalarını məqsədyönlü tərzdə həyata keçirə bilər; yalnız bu şərtlə o, öz övladlarında xarakter və iradə tərbiyə edib, ictimai həyat üçün vacib olan hiss və düşüncələri tətbiq etməyə qadirdi”.
Bildirilir ki, Ağaoğlunun Fransada təhsil aldığı dövürdədə öz əsərlərində tarixi əhəmiyyət daşıyan əsas məqamlardan biri onun müsəlman ölkələrində qadının passiv və acınacaqlı vəziyyətə düşməsini, islamın mahiyyətini, xüsusilə də poliqamiya ilə bağlayan avropalıların yanlış və qərəzli mülahizələrinə qarşı tutarlı elmi dəlillərlə çıxış etməsidir. Bu mövzuda klassik ənənəyə söykənən Ağaoğluna görə “Quran” ərəb qadınının vəziyyətini xeyli yaxşılaşdırmışdır, bunu islamın ilkin – qızıl dövründə qadınların ictimai həyatda oynadığı mühüm rolda təsdiqləməkdədir (7.s.57).
“İslam, axund və hatifülqeyb” əsərində isə o, islamdakı məzhəblərin çoxluğunu tənqid edib belə demişdir: “İslama ən çox axundlar və mollalar zərər vurublar”. Bu yazı din xadimləri tərəfindən xoş qarşılanmır və nəticədə Ağaoğlu haqqında ölüm fətvası verilir. Oğlu Səməd Ağaoğlunun yazdıqlarına görə Əhməd bəy 6 ay evə qapanır və bu müddətdə onun evini polis mühafizə edir. Yalnız Zeynal Abdin Tağıyevin işə qarışması onu bu vəziyyətdən xilas edir.
Məqalədə, xüsusi olaraq qeyd edilir ki, vətənpərvər Əhməd bəy Ağaoğlu 1905-ci ildə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq Qafqazdakı ilk müsəlman siyasi partiyası olan gizlin “Difai” təşkilatının əsasını qoyub. 1905-ci ildə baş vermiş soyqırım zamanı ermənilər aktiv şəkildə bütün Rusiya və eləcə də digər xarici mətbuatda dezinformasiya yaymaqla məşğul idilər. Dövri mətbuatda hətta mövcud olmayan erməni şəhərlərinin müsəlmanlar tərəfindən dağıdılması haqqında yazılara rast gəlmək olurdu. Əhməd bəy milliyətçi, aqressiv, soyqırım törətməkdən usanmayan erməni terrorçularına qarşı mübarizənin önündə addımlayırdı. Məhz əsl həqiqətləri cəmiyyətə çatdırmaq üçün və baş verənləri faktlarla sübut etmək qərarına gələn Əhməd bəy Ağaoğlu “Санкт- Петербургские Ведомости” qəzetində “Bakı hadisələri ilə bağlı həqiqətlər” adlı məqaləsini çap etdirir. 1906-cı ilin fevral ayında Tiflisdə Qafqazın canişini Vorontsov Daşkovun təşəbbüsü ilə erməni-müsəlman qırğınlarına son qoymaq məqsədilə sülh konfransı keçirilmişdir. Həmin konfransda müsəlman nümayəndələri Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov və başqaları “Daşnaksütyun” partiyasının niyyətlərini ifşa etmiş, onun Cənubi Qafqazda törədilən qırğınların, terrorçuluğun təşkilatçısı və icraçısı olduğunu göstərmiş, rəsmi hökumət dairələrinin bu təşkilatın əməllərinə göz yumduğunu sübuta yetirmişdilər. Əhməd bəy fəaliyyətinə görə çar Rusiyası və erməni terror təşkilatları tərəfindən təqiblərə məruz qalqığı üçün bir müddət gizlənməyə məcbur olur. Mümkün həbslər səbəbindən aylarla dostlarının evində gizlin yaşayan Əhməd bəy 1909-cu ilin ortalarında İstanbula köçməli olur . Ağaoğlu İstanbulda müxtəlif məsul vəzifələrdə çalışarkan qərara gəlmişdir ki, həqiqətəndə təhsildə olan problemlərin həlli ölkənin gələcəyində böyük rol oynaya bilər. O, nümunə olaraq belə bir fikir söyləmişdir: “Rusiyada Böyük Petronun yenidən quruculuq tədbirlərinə Akademiya və Universitet açmaqla başlamasını yüksək qiymətləndirib və onun sayəsində Rusiya Avropaya pəncərə aça bildi, məhz bu tərəqqidən sonra Rusiya cəmiyyəti Lomonosov, Puşkin, Turgenev, Dostoyevski, Tolstoy, Martin, Mendeleyev, Qorki, Lenin kimi şəxsiyyətləri qazandı və bununla da bütün dünyanı heyrətə gətirdi”(8).
Nəzərə çatdırılır ki, bir müddətdən sonra Ağaoğlu birdəfəlik Türkiyədə qalmağını düşünərək 1910-cu ildə ailəsini də İstanbula köçürür. 26 dekabr 1918-ci ildə o, bitərəf nümayəndə olaraq Zəngəzur qəzasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilir və qeyd olunan tarixdə, keçirilən iclasda Əhməd bəy Azərbaycan Xalq Cümhuriyyətinin xarici dövlətlər tərəfindən tanınmasından öncə müstəqilliyi daxili qüvvələrə tanıtmağın vacibliyini vurğulayır. Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfrasında iştirak etmək üçün nümayəndə heyətinin tərkibində Ağaoğlu da var idi. Lakin İstanbula geri qayıdandan sonra mübariz, vətənpərvər yanaşmalarına görə ingilislər tərəfindən həbs olunaraq Malta adasına sürgün olunur. Ağaoğlu Maltada ingilis rəsmilərinə qarşı qorxmadan, son dərəcə açıq və sistemli şəkildə, arqumentlərlə mübarizə aparırdı. Özünün azad olunmağa haqqı olduğunu dönə-dönə irəli sürərək ingilis rəsmilərinə məktub yazmışdı. Bu məktubların birində yazırdı: “Lütf, ya da əfv istəmirəm. Ədalət istəyirəm. Bir məhkəmə önünə çıxarılmağımı və bu məhkəmənin qərarına boyun əyməyi öncədən qəbul edirəm. İngilislər dünya miqyasındakı gücləri ilə mənim kimi bir çox müdafiəsiz insanları əzə bilərlər. Lakin bu, İngiltərənin şöhrətinə nə əlavə edəcək? Bütün bunları sizdən mərhəmət diləmək üçün söyləmirəm. Xeyr! Mərhəmət, ya da bağışlanmağı əsla qəbul etmirəm. Mən ədalət istəyirəm!” (9).
Bildirilir ki, sürgündə olduğu müddətdə Əhməd bəy Parisdə təhsil aldığı dövürdə öyrənməyə başladığı ingilis dilini daha da təkmilləşdirmişdi. Eyni zamanda yaradıcılığında fəlsəfi araşdırmalara yer vermiş, dünya dinlərinin və mədəniyyətlərinin müqayisəli tədqiqi əsasında “Üç mədəniyyət” əsərini Maltada sürgün dövründə tamamlamışdı. Əhməd bəy Ankara hökumətinin Roma təmsilçisi Cami bəyin köməyi ilə 1921-ci il may ayının 28-də İstanbula geri dönür. 1933-cü ildə Əhməd bəy Türkiyə cəmiyyətində liberal dəyərləri təbliğ etmək üçün “Akın” qəzetini təsis edir. Təbliğ etdiyi dəyərlər ölkədəki mövcud təkpartiyalı sitemə zidd olduğu üçün Əhməd bəy Ağaoğlu dövlət strukturları tərəfindən hücumlara məruz qalırdı və bəzən məhkəməyə də verilirdi. Məhkəmələrin birində Ağaoğlu hakimdən icazə alaraq öz çıxışında bunları deyir: “Sizin icazənizlə bir neçə söz demək istəyirəm. Sən demə məni məhkəməyə verən bir vaxtlar mənim tələbəm olub. Əgər doğrudan da məni cəzalandırmaq gərəkdirsə bu yalnız mənim professor olduğum halda öz tələbəmə “azad fikir” və “azad söz” anlayışlarını doğru izah etmədiyim üçün olmalıdır”(10).
Məqalədə xüsusi olaraq vurğulanır ki, Azərbaycan ölkəsi üçün layigincə mübarizə aparmış Əhməd bəy Ağaoğlu yaradıcılığında dünya klassikləri və onların fikirləri daim araşdırma obyekti olmuşdur. “Kafkaz”,“Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi” kimi mətbuat orqanlarında Ağaoğlunun çap edilən əsərlərinin əksəriyyətində Qərb ədiblərinin yaradıcılığına müsbət və mənfi fikirləri məhsusi olaraq yer ayırmışdır. Ağaoğlu əsərlərin birində belə bir fikir irəli sürmüşdür: ”Əgər bütün Paris və Parisin tarixi yer üzündən silinib, yalnız Viktor Hüqonun “Notre Dame de Paris’’si ilə Zolyanın “Vente de Paris’’ adlı əsərləri qalmış olsaydı, biz yenə Parisin istər orta əsrlər və istərsə də daha sonra gələn zamanlardakı həyatı haqqında tam bir fikir əldə edə bilərdik” (13). Əhməd bəy bu fikirləri ilə fransız yazıçısı Viktor – Mari Hüqonun, məşhur fransız yazıçı Emil Zolyanın yaradıcılığından mütəəssir olduğunu bir daha göstərmişdi. O, Parisdə 1871-ci il inqilabının məhz Viktor Hüqonun “Hernani’’ əsərinin təsiri ilə bir teatrda başlamasını vurğulamışdır. Əhməd bəy eyni zamanda “Mən kiməm?’’ əsərində Qərb tərbiyəsinin var olmasını Brutların, Katonların, Sokratların sayəsində olduğunu və cəmiyyətin buna görə onlara borclu olduqlarını qeyd etmişdir. Əhməd bəy Ağaoğlu Milton, Lokk, Spenser, Russo, Şekspir, Şiller, Höte, Puşkin, Tolstoy kimi Qərb ədiblərinin əsərlərinə rəğbət bəsləmiş və onların fikirlərini dəstəkləmişdir. O, Platon və Furyenin cəmiyyətlə fərd arasındakı əlaqə fikirlərinə də rəğbət bəsləmişdi. O, Qərb ədiblərinin yaradıcılığını özünün “Axund və islam”, “Türk hüquq tarixi”, “Hüquqi-ənsiyyə”, “Dövlət və fərd”, “Sərbəst insanlar ölkəsində”, “Üç mədəniyyət”, “İngiltərə və Hindistan”, “Mən kiməm?”, “İran və inqilabı”, “İxtilalmı, istiqlalmı”, “Sərbəst firqə xatirələri” kimi əsərlərində qiymətləndirmişdir.
Ağaoğlu hekayələrindən birində alman filosofu Fridrix Nitsşe ilə Şərqin əxlaqçı filosofu Konfutsini qarşılaşdırıb, onların dialoqu ilə öz fikirlərini verə bilmişdir. O, burada əxlaqi dəyərləri üstün tutub, Nitsşeni mənfi qəhrəman kimi seçərək, onun “Güclü haqlıdır” prinsipini tənqid edib. Sonralar Nitsşenin ideyalarını özünə rəhbər seçən Adolf Hitler “Yalnız fiziki cəhətdən sağlam insan xeyir verə bilər” prinsipinə əsaslanaraq, milyonlarla insanın ölümünə səbəb olmuşdurb. Əhməd bəy Nitsşe ilə yanaşı fransız yazıçıları olan Pol Burje və Jorj Oneninin də fikirlərini heç cür qəbul etməmişdir. O, eyni zamanda Karl Fosteri, Volteri, Şekspiri, Danteni İslam dininə və Həzrəti Məhəmmədə qarşı əsassız təhqirlərinə görə sərt şəkildə tənqid etmişdir(13).
Tədgidat zamanı müəllif görkəmli şəxsiyyətlərin Əhməd bəy Ağaoğlu haqqında irəli sürülən fikirlərini bu qaydada işıqlandırmışdı:
Filologiya elmləri doktoru, tənqidçi Vilayət Quliyev: “Onun müxtəlif dillərdə (fransız, rus, fars, Anadolu və Azərbaycan türkcəsi) qələmə alınmış, müxtəlif ölkələrdə (Fransa, Böyük Britaniya, Rusiya, İran, Azərbaycan, Türkiyə) çap olunmuş zəngin irsi də hələ toplanmamışdır. Hələ də tədqiqatçısını gözləyən bu zəngin irs Əhməd bəy Ağaoğlunu filosof, tarixçi, ədəbiyyatşünas, dilçi, politoloq kimi dəyərləndirməyə imkan verir. O, tam əminliklə ötən yüzilliyin sonuncu türk ensiklopedistlərindən biri sayıla bilər” (6.c.17 ).
Müasir türk alimi Fəxrəddin Gülsevən: “O, heysiyyatli və möhtəşəm bir mütəfəkkirdir, mərd və cəsur mübarizə adamı, professor və maarifçi, usta qəzetçi-yazar, dürüst siyasətçidir. Hürriyət və demokratiya aşiqi bir insan, milliyyətçi və inqilabçı ziyalı, inanılmış və vəfalı dost, yaxşı ailə başçısı, şəfqətli atadır. Deyə bilərik ki, o, insanlığın bütün üstün cəhətlərini və məziyyətlərini öz simasında toplamış böyük insan, heykəlləşmiş şəxsiyyətdir”.
Görkəmli türk yazıçısı Peyami Səfa : “Ağaoğlu türk və yazar olaraq yüz illərlə içimizdə yanan miliyyət şüurunu oyandlrmaq üçün səsi gəldikcə bağırdı. İnsan olaraq Ağaoğlu təmizliyin və hürriyətin bir-birindən ayrılmadığı vicdanının təlqinlərinə görə fəzilətli və hürr insanlar ölkəsinin arxasınca qanadlandı”.
Tanınmış türk romançısı Şükufə Nihal : “O, insanlığın az rastlaşdığı zənginliklərdən idi. Alimdi, çalışqandı, mübarizdi, zəki idi, faydalı idi. Lakin mən bunların heç birinin üzərində durmuram. Ağaoğlunun əsl qiymət verdiyim tərəfi xarakterinin möhtəşəmliyi idi. O, insan idi, bütöv insan idi!”(3.s.5).
Beləliklə, araşdırdıqca məlum olur ki, Əhməd bəy Ağaoğlu bütün fəaliyyəti dövründə sözünü açıq deyən, obyektiv, milli qurtuluşa gedən yolun yalnız təhsilin inkişafından keçdiyini bildirirdi. Ağaoğlunun təbiətindəki cəsarət və qətiyyət, şərə qarşı barışmazlıq, mübarizlik bütün kəskinliyi ilə üzə çıxmışdı. O, vətəndaşlığı hər şeydən üstün tutan, əsərlərində də məhz belə bir prinsipial məsələlərdə güzəşt etməyən barışmaz mücadiləçi, haqqını hər mənada müdafiə edən ziyalı modelinin formalaşmasına çalışmışdır. Eyni zamanda tədgigat zamanı məlum oldu ki, Ağaoğlu bütün sahələrdə “Ədalət, Bərabərlik, Azadlıq” mövzusunada böyük maraq göstərirdi. Araşdırmanın sonunda müəllif Türk və bütün İslam dünyasının böyük mütəfəkkiri Əhməd Bəy Ağaoğlunun abidəsinin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində ucaldılması təklifi ilə çıxış etmisdir.
Əhməd bəy Ağaoğlu 19 may 1939-cu ildə İstanbulda dünyasını dəyişib və Feriköy məzarlığında dəfn olunub.

Əhməd bəy Ağaoğlu – üç dövlətin vəkili – FOTOLAR

2019-cu ildə Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun (Əhməd bəy Mirzə Həsən oğlu Ağayevin) anadan olmasının 150 illiyi tamam olur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 10-da imzaladığı “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı çərçivəsində ölkəmizdə müxtəlif konfranslar, simpoziumlar təşkil edilir. Əməkdar jurnalist Qabil Mehdiyev “Əhməd bəy Ağaoğlu – üç dövlətin vəkili” məqaləsində görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alimin həyat və fəaliyyətinə nəzər salır. NUHÇIXAN məqaləni təqdim edir.

Əhməd bəy Mirzə Həsən oğlu Ağayev 1869-cu ilin dekabrında Azərbaycanın qədim torpağı olan Qarabağ xanlığının mərkəzi Şuşa şəhərində zadəgan ailəsində dünyaya göz açıb. Atası Qarabağın Qurdlareli tayfasından Mirzə Həsən bəy, anası Sarıcalı tayfasından Tazə xanım olub. Əhməd bəyin babası Mirzə İbrahim Şuşanın məşhur alimlərindən sayılırdı. Əmisi Mirzə Məhəmməd də o dövrün tanınmış ziyalılarından idi.

Əvvəlcə Şuşada, ardınca Tiflisdə liseyi bitirən Əhməd bəy Ağaoğlu 1887-ci ilin avqustunda ali təhsil üçün Sankt-Peterburqa yollanıb. Orada bütün imtahanları uğurla versə də, cəbr müəllimi onu yəhudi hesab etdiyi üçün qiymətini kəsir və haqsızlıq nəticəsində Texnologiya İnstitutuna qəbul oluna bilməyib. Bu hadisədən sonra təhsilini Rusiyada deyil, Parisdə davam etdirmək qərarına gəlib və çox keçmədən Sorbonna Universiteti yanında Paris Hüquq Məktəbinin tələbəsi olub. Eyni zamanda, Ali Təcrübi Tədqiqatlar Məktəbində dövrün tanınmış alimlərinin mühazirələrinə qatılıb.

Parisdə təhsilini başa vuran Əhməd bəy 1894-cü ildə İstanbula yollanıb və orada “İttihad və Tərəqqi”nin orqanı olan “Şurayi-Ümmət” qəzetində məqalələri dərc edilib. Burada 6 ay yaşadıqdan sonra atasının Şuşada vəfat etməsi xəbərinı alan Əhməd bəy Qafqaza qayıdıb. Bir müddət Tbilisidə yaşayıb və gimnaziyada fransız dilini tədris edib, eyni zamanda, “Kafkaz” qəzetində məqalələri dərc olunub. 1896-cı ildə doğma Şuşa Real məktəbinə fransız dili müəllimi təyin olunub.

Paris və İstanbuldan sonra o, ömrünün üç ilini doğma Şuşada keçirib, həmyerlilərini birləşdirməyə, onların milli şüurunu oyatmağa çalışıb. Parisdə təhsil görmüş, Avropa mədəniyyətini mənimsəmiş Əhməd bəy Şuşada müəllimlik etdiyi dövrdə uşaqların dünyəvi təhsilə marağını artırmağa çalışmaqla yanaşı, dini mövhumata qarşı da ciddi mübarizə aparıb. Buna görə də öz doğma şəhərində onu əvvəlki kimi Əhməd bəy deyil, “Firəng Əhməd” deyə tanıyıblar.

1897-ci ildə Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Əhməd bəy Bakıya köçüb və “Kaspi” qəzetinin əsas müəlliflərindən biri və redaktoru olaraq fəaliyyət göstərib. Bu dövrdə Əlimərdan bəy Topçubaşovla sıx əməkdaşlıq edib. Jurnalistika ilə yanaşı, müəllimlik fəaliyyətini də davam etdirən Əhməd bəy, Bakı məktəblərindən birində fransız dilinin tədrisi ilə də məşğul olub.

Aktiv ictimai-siyasi fəaliyyətinə görə, Bakı Şəhər İdarəsinə üzv seçilib. İlk əsəri olan “Axund və İslam”ı da elə həmin vaxtlarda qələmə alıb. İlk kitabı olan “Jenşina po islamu i v islame” (“İslama görə və islamda qadın”) rus dilində Tbilisidə 1901-ci ildə işıq üzü görüb. 1905-ci ildə Hacı Zeynalabdin Tağıyevin maliyyələşdirdiyi “Həyat” qəzetini Əli bəy Hüseynzadə ilə birgə buraxmağa başlayan Əhməd bəy 1906-cı ildə “İrşad” qəzetini, bir il sonra isə rus dilində “Tərəqqi” (“Proqress”) qəzetini nəşr etdirib.

1905-ci ildə ermənilərin “Daşnaksutyun” terror təşkilatının Azərbaycan xalqına qarşı amansız divan tutmasından və Rusiya imperiyasının buna biganəliyindən hiddətlənən Əhməd bəy Sankt-Peterburqa gedərək müsəlmanların müdafiəsi üçün çıxış edib. Lakin imperiya məmurlarının ermənipərəst mövqeyindən daha da hiddətlənərək Bakıya qayıdıb. “Fədai” cəmiyyətinin yaradılması təşəbbüsü ilə çıxış edən Əhməd bəy 1906-cı ilin fevral-mart aylarında Tbilisidə Qafqaz canişini İ.İ.Voronstov-Daşkovun sədrliyi ilə keçirilən erməni-müsəlman barışdırıcı qurultayında Azərbaycanı fəal şəkildə təmsil edib. Məmməd Səid Ordubadi “Qanlı illər” əsərində qeyd edib ki, Əhməd bəy həmin görüşdə tutarlı faktlar və ittihamlarla erməniləri susdurur. Günlərlə xalqının müdafiəsi uğrunda mübarizə aparan Əhməd bəyin başı keçirdiyi əsəb və stresdən gicəllənir və onu sarayın başqa otağına aparırlar. Özünə gəldikdən sonra yenidən toplantıya qayıdıb çıxışına davam edir.

Danışıqların fayda vermədiyini görən Əhməd bəy, ermənilərə elə onların öz üsulları ilə cavab verməyi qərara alır. Bu məqsədlə də 1906-cı ilin oktyabrında gizli “Qafqaz Ümummüsəlman Müdafiə Komitəsi” – “Difai”ni yaradır. “Difai”nin qurulmasında əsas məqsəd azərbaycanlıları ermənilərin hücumundan, eləcə də çar məmurlarının zülmündən qorumaq idi. Azərbaycanlılara qarşı terror həyata keçirən erməni silahlıları və onlara şərait yaradan rus məmurlarını susdurmaq yolunda kifayət qədər uğurla fəaliyyət göstərən “Difai” tezliklə ermənilərin və Rusiya imperiyasının əsas hədəfinə çevrilir. Bu fəaliyyətinə görə çar hakimiyyətinin ciddi təqib etdiyi Əhməd bəy İkinci Məşrutiyyət elan edildikdən sonra Türkiyəyə gedib.

Əhməd bəyin Azərbaycan xalqı üçün ermənilərə qarşı apardığı mübarizə onun İstanbula gedişindən sonra da davam edir. “Tərəqqi” qəzeti Üzeyir Hacıbəylinin rəhbərliyi ilə nəşrini davam etdirirdi. Ermənilər isə özümüzdən olan havadarlarının köməyi ilə Əhməd bəydən qisas almaq üçün onun əleyhinə təbliğat aparmaqda idilər.

Əhməd bəy Ağaoğlunun kölgəsini qılınclayanlara cavab olaraq, Üzeyir Hacıbəyli “Tərəqqi” qəzetinin 1908-ci il 24 avqust tarixli nömrəsində yazırdı: “Əcəba, Əhməd bəy nə iş görübdür ki, ondan camaata zərər gəlsin? Əhməd bəy o adamlardan deyilmi ki, camaatın ən müşkül və qorxulu bir halında, yəni erməni-müsəlman cafieyi-mənhusəsində mərdü-mərdanə döşünü gərib qılıncdan kəskin bir müəssir qələmlə üzərimizə olan hücumları dəf edirdi. Bu yolda onun bir nəfər də olsun köməkçisi yox idi. ”

Parisdə oxuyarkən dostlaşdığı Əhməd Rza bəy və doktor Nazim vasitəsilə Istanbulda “İttihad və Tərəqqi” cəmiyyətinə qoşulub. Elə həmin il Osmanlı imperiyasının Maarif Nazirliyində ibtidai təhsil müfəttişi təyin edilib. Süleymaniyyə “İttihad və Tərəqqi” klubunun rəisi olub, 2-3 il ərzində İstanbulda fransızca “Jeune Turc” (Gənc Türk) və türkcə “Tərcümani-həqiqət” qəzetlərinin baş redaktoru işləyib. Həmin dövrdə Ziya Gökalp, Yusif Akçura, Məhəmmədəmin Yurdaqulla bərabər “Türk Ocağı”nı qurub. 1910-1914-cü illərdə “Xalqa doğru”, “Siratül-müstəqim”, “Türk Yurdu” kimi mətbuat orqanlarında çıxış edib. 1911-1912-ci illərdə İstanbul Universitetində “Türk mədəniyyəti tarixi” kafedrasının müdiri olub. 1915-ci ildə Afyonkarahisardan millət vəkili seçilib. Həmin il “İttihad və Tərəqqi”nin Ümumi Mərkəzinin üzvü olub və İstanbulda yaradılan “Rusiya Türk-Tatar Müsəlmanlarının Hüquqlarının Müdafiəsi üzrə Komitə”yə daxil olub.

Əhməd bəy Ağaoğlu Türkiyədə yaşasa da, doğma Azərbaycanla əlaqələrini heç vaxt kəsməyib. 1915-ci ildə o, Rusiyada yaşayan milli azlıqların Lozannada keçirilən konfransında Azərbaycanın təmsilçisi kimi çıxış edib. 1917-ci ildə Əlibəy Hüseynzadə, Əbdürrəşid İbrahimov və Yusif Akçura ilə birlikdə ABŞ prezidenti V.Vilsona təqdim edilən və Rusiya imperiyasında türk xalqlarının dözülməz vəziyyətindən söz açan müraciəti imzalayıb.

1918-ci ildə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması nə qədər qürürverici olsa da, həmin illərdə bolşeviklərin dəstəyi ilə erməni daşnakları respublikamızın bir çox bölgəsini, eləcə də Bakını işğal edib azərbaycanlıları qəddarcasına qırmaqda idilər. Gənc müstəqil respublikanın öz ordusunun olmaması xalqımızı çətin hala salmışdı. Belə taleyüklü məsələdə Osmanlı qardaşlarımız yeni hökumətimizin səsinə səs verərək, Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunu Azərbaycana köməyə göndərdi. Həmin orduda siyasi müşavir olaraq, Əhməd bəy Ağaoğlu da Vətənin harayına gələnlər arasında idi. Azərbaycan hökumətində yaranan fikir ayrılığını aradan qaldırmaq üçün səylər göstərən Əhməd bəy Ağaoğlu 1918-ci ildə Gəncədə “Türk sözü” qəzetini təsis etməyə və qəzetin 2 nömrəsini çap etdirməyə müvəffəq olub. Sonra isə Qafqaz İslam Ordusu ilə birgə Bakının xilası üçün yollanıb. Bakı işğaldan azad edildikdən sonra Vətəndə qalan Əhməd bəy Ağaoğlu 1918-ci ilin dekabrında yaradılan Azərbaycan parlamentinə Qarabağdan millət vəkili seçilib.

Türkiyənin Birinci Dünya müharibəsindəki məğlubiyyətini təsdiq edən Mündros sazişindən sonra Əhməd bəy Ağaoğlu Azərbaycanın mövcudluğunu qorumaq üçün Ənzəlidəki ingilis komandanlığı ilə danışıqlar aparan nümayəndə heyətinə başçılıq edib. Azərbaycanda vəziyyət nisbətən sabitləşdikdən sonra İstanbuldakı evinin yanması, ailəsinin küçədə qalması xəbərini alan və Türkiyəyə dönən Əhməd Ağaoğlu tezliklə Paris sülh konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibində Fransa paytaxtına yollanmalı idi.

1919-cu ildə Azərbaycanın müstəqilliyinin tanıdılmasına nail olmaq üçün Paris sülh heyətinə daxil edilib. Lakin hələ 1905-ci ildən başlayaraq, Ağaoğluna kin bəsləyən ermənilər İstanbulda onun yolunu ingilislərin əli ilə kəsirlər. Burada həbs edilən Əhməd bəy qısa müddət İstanbul həbsxanasında saxlandıqdan sonra, Osmanlı imperiyasının bir çox vətənpərvər paşaları ilə birlikdə Maltaya sürgün edilir. Maltada əsir həyatı yaşadığı iki il müddətində “Üç mədəniyyət” və “Könülsüz olmaz” əsərlərini qələmə alır.

Osmanlı imperiyasının süqutundan sonra yaranan Türkiyə Respublikası Maltadakı vətəndaşlarını ingilis əsirlərlə dəyişir. Həmin əsirlər arasında Əhməd bəy Ağaoğlu da var idi. Maltadan İtaliyaya yollanan Əhməd bəy, o vaxt Azərbaycana rəhbərlik edən Nəriman Nərimanova Romadan məktub yazaraq Azərbaycana qayıtmaq, xalqa xidmət etmək istəyini bildirir. Məktubun cavabında Nərimanov onu yüksək vəzifəyə dəvət edir. Lakin Nərimanovdan cavab məktubu alan zaman Əhməd bəy artıq Türkiyədə idi. Sürgün illərində az məlumatı olduğu sovet rejiminin tam mahiyyətini anladığı üçün Nərimanova bu dəfə fərqli məktub göndərir. Nəriman Nərimanova yazdığı cavab məktubunda Azərbaycana yox, Türkiyəyə dönməsi zərurətini aşağıdakı səbəblərlə əsaslandrır:

1. Təmsil etdiyiniz fikir sisteminə qatılmamaqdayam.

2. Türklər üçün qurtuluş imkanının təkcə Osmanlı türklüyündə olduğu haqqında sizə də məlum olan fikir və qənaətimdə qalmaqdayam.

3. Məni əsarətdən qurtararaq, mənə yenidən can və varlıq vermiş Ankaraya getməyim, mənim üçün bir namus borcu olması fikri.

Bu üç düşüncə məni doğulduğum yer olan Azərbaycana gəlməkdən və təklif olunan yüksək məqamı qəbul etməkdən daşındırır.

Məktubunun sonunda isə yazırdı: “Türklük bölünmə qəbul etməyən tamdır. Məqsəd ona xidmətdir. Bu xidmət harada edilirsə, müqəddəsdir, mübarəkdir!”

Yeni qurulan Türkiyə hökumətində Mustafa Kamal Atatürk Əhməd bəyə böyük etimad göstərir. İlk dəfə görüşdükləri halda həmyerlimiz haqda Atatürkdə yüksək təəssürat yaranır. Əhməd bəy Ağaoğlu 1921-ci ildə Mətbuat üzrə ümumi müdir vəzifəsinə təyin edilir və qurtuluş savaşının təbliğatçılarından birinə çevrilir.

1923-cü ildə Türkiyənin əsas nəşri olan “Hakimiyyəti-milliyyə” qəzetinə rəhbərlik edir. 1925-ci ildə Ankara Hüquq Məktəbinin professoru olaraq, orada dərs deməyə başlayır.

Təsadüfi deyil ki, Əhməd bəy Ağaoğlunu tarixin ən böyük türk ideoloqlarından biri hesab edirlər. Türkçülüyün ən böyük ideoloqlarından olan Əhməd bəy bu sahədə çox ciddi fəaliyyəti ilə tanınıb.

Türkiyə siyasi həyatında fəallığı ilə seçilən Əhməd bəyin əsas amallarından biri demokratik dövlət quruculuğu olub. Hətta bu xüsusda dəfələrlə ölkə rəhbərliyinə təklif və iradlarını bildirib, Atatürkün özü ilə bu barədə müzakirələr aparıb.

Elə bunun nəticəsidir ki, Atatürk Türkiyədə təkpartiyalı sistemdən ikipartiyalı sistemə keçməyi qərara alır və 1930-cu il avqustun 7-də müxalif “Sərbəst Firqə” qurulub. Onun rəhbərləri arasında Fəthi bəy və Nuri (Conker) bəylə yanaşı, Əhməd bəy də olub. Atatürkün göstərişi əsasında qurulan bu partiyadakı fəaliyyəti ilə bağlı Əhməd bəy “Sərbəst firqə xatirələri”ni yazıb.

“Sərbəst firqə”nin ləğvindən sonra Əhməd bəy dövlət vəzifələrində çalışmaqdan imtina edərək, universitetdə dərs deməklə yanaşı, jurnalist fəaliyyətini davam etdirməyə başlayıb. 1933-cü ildə gündəlik “Akın” qəzetini buraxıb. Bu qəzet mayın 29-dan sentyabrın 24-dək işıq üzü görüb. Mövcud hökumətə qarşı müxalif olan “Akın” qəzeti demokratik prinsipləri rəhbər tuturdu. Çap etdiyi qəzet barədə Ağaoğlu yazırdı: “Demokratiyanı, azadlığı, vəzifə məsuliyyətini xatırlatmaq istəyən “Akın” yaxşıya yaxşı, pisə pis deməkdən çəkinməyən arslanca bir vətənsevərliklə irəliləyir”.

Həmin illərdə aparılan universitet islahatında Əhməd bəy ixtisar edilərək təqaüdə göndərilib. Həyatının qalan dövrünü qəzet çıxarmağa həsr edən Əhməd bəyin səhhəti get-gedə pisləşməkdə idi. 1938-ci ildə Mustafa Kamal Atatürkün vəfatı xəbərini Əhməd bəy Ağaoğlu ürəkağrısı ilə qarşılayır.

1939-cu il mayın 19-da türk dünyasının böyük oğlu Əhməd bəy Ağaoğlu anadan olduğu doğma Şuşadan minlərlə kilometr uzaqda, türk dünyasının qüruru və ən böyük şəhəri olan İstanbulda vəfat edib.

Ondan geriyə isə minlərlə məqalə “Mən kiməm”, “İran və inqilabı”, “Könülsüz olmaz”, “İxtilalmı, inqilabmı?”, “Sərbəst insanlar ölkəsində”, “Tanrı dağında”, “İngiltərə və Hindistan”, “Dövlət və fərd”, “Üç mədəniyyət” kimi dəyərli əsərlər qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Comments are closed, but trackbacks and pingbacks are open.