Sənədi olmayan 40 min əmlaka çıxarış veriləcək – Tikinti Məcəlləsi dəyişdirilir
• yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü.
Tikintilərin arasında məsafələr və qonşuluq hüququ necə tənzimlənir?
1) Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil:
• tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla);
• tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə.
2) Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur.
3) Ara məsafəsi sahələrinin kəsişməsinə yol verilmir. Bu qayda, biri-birinə münasibətdə 75 dərəcədən çox bucaq altında yerləşən xarici divarlar arasındakı məsafələrə şamil olunmur.
4) Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir.
5) Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir:
• divar hündürlüyünün 0,6 hissəsi;
• kənd ərazilərində və xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi (barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə – divar hündürlüyünün 0,3 hissəsi);
• yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi.
6) Divarlarının hündürlüyü 1 metrdən çox olmayan tikililərin və ya tikili hissələrinin xarici divarlarının önündə ara məsafəsi sahələrinin saxlanılması zəruri deyil. Bundan əlavə, divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadratmetrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyil.
7) Tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır:
• mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması;
• torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü;
• layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü;
• yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü.
Yanaşı sahələrdə obyektlərin yerləşdirilməsi necə tənzimlənir?
Tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi zəruridir. Tərəflərdən biri bu qaydalara zidd olaraq, insolyasiya və təbii işıqlandırma şəraiti yaratmaq məqsədilə pəncərə boşluqları və ya digər boşluqlar aça bilməz.
Obyektlər arasında mövcud olan boş ərazilərdə (sahələrdə) aşağıdakılara yol verilir:
• oyun meydançalarının və velosipedlər üçün dayanacaq yerlərinin təşkil edilməsi;
• hündürlüyü torpaq səviyyəsindən 50 santimetrdən çox olmayan açıq terrasların təşkil edilməsi;
• əlillər üçün pandusların təşkil edilməsi;
• tikintisinə icazə tələb olunmayan obyektlərin tikintisi.
Ortaq divarlar:
• Ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir.
• Tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər.
Yanaşı divarlar:
• Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır.
• Divarın mövcud qonşu divara paralel tikildiyi və yanaşı divarlar arasında boşluq qaldığı (divarlar arasındakı məsafə onların istismarına mane olduğu) hallarda, həmin boşluğun atmosfer yağıntılarından mühafizə olunması məqsədi ilə müəyyən tədbirlər görülməlidir.
Hasarların tikintisinə dair tələblər:
• Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır.
• İki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir.
• Mühəndis-kommunikasiya təminatı xətlərinin çəkilməsi üçün başqa əlverişli həll yollarının olmadığı təqdirdə, qonşu mühəndis-kommunikasiya təminatı xətlərinin öz sahəsindən keçməsinə icazə verməlidir.
• Qonşu torpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının və suvarma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir. Atmosfer yağıntılarından yaranan suların sahənin relyef mürəkkəbliyi ilə əlaqədar qonşu ərazilərdən keçməklə kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
• Müvafiq icra hakimiyyəti orqanıı dedikdə, yerli icra hakimiyyəti orqanı, Bakı şəhərinin və digər şəhərlərin inzibati ərazisində isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi hesab olunur.
Benefisiar.org
Sənədi olmayan 40 min əmlaka çıxarış veriləcək – Tikinti Məcəlləsi dəyişdirilir
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”nə dəyişikliklər müzakirə olunub.
Deputat Vüqar Bayramov “AzPolitika.info” -ya bildirib ki, dəyişikliklərə əsasən, 2023-cü il martın 1-dək inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edən qeyri-yaşayış sahələrinin Çıxarış (kupça) ilə təmin ediləcək.
“Bu o deməkdir ki, hətta əvvəllər hansı ildə inşa ediıməsindən asılı olmayaraq tikintisi sözügedən Məcəllənin tələblərinə uyğun aparılmayan amma etibarlılığı və təhlükəsizliyi olan bütün qeyri-yaşayış sahələrinin istismarına icazə veriləcək. İlkin qiymətləndirmələrə görə bu sadələşdirmə 40 mindən çox obyekti əhatə edəcək”, – o qeyd edib.
Millət vəkilinin sözlərinə görə, digər dəyişikliklərdə istismar proseduralarının daha da sadələşdirilməsi və elektronlaşması nəzərdə tutulur. Onun sözlərinə görə, bu baxımdan, dəyişikliklər daşınmaz əmlak sektorunda şəffaflığın daha da artmasına və sənədləşmənin sürətlənməsinə xidmət edəcək.
“Müzakirələrdə dəyişikliklərin mütərəqqi olması qeyd olunmaqla yanaşı növbəti mərhələdə 500 mindən çox sənədsiz fərdi evlərin də qeydiyyatı ilə bağlı işlərin daha da sürətləndirilməsinin vacbliyi qeyd olundu. İnanırıq ki, növbəti mərhələdə çıxarışların verilməsinin sadələşdirilməsi bu evləri də əhatə edəcək”,– V.Bayramov əlavə edib.
“AzPolitika.info”
Şəhərsalma və Tikinti Məcəlləsi ilə Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edildi
İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan tutulmayan tikililər barədə icazə tələb edilmir. Milli Məclisin iclasında Şəhərsalma və Tikinti Məcəlləsinə, o cümlədən bundan irəli gələrək Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb.
Layihələr barədə Hüquq siyasəti və Dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin (Tikintiyə icazə verilməsinin ümumi qaydaları) 1-ci hissəsinə təklif olunan əlavəyə görə, tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü artıq tək bu Məcəllənin 11-ci maddəsinə əsasən yox, “o cümlədən ərazilərin zonalaşdırılması, tikinti növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən də yoxlanılacaq”. Maddənin 6-cı hissəsinə dəyişiklik dirilməsi təklif olunur: “Müvafiq icra hakimiyyəti orqanı tikintiyə dair ərizəyə daxil olmuş rəylər nəzərə alınmaqla, həmin ərazi üzrə müfəssəl plan olduqda 1 ay müddətinə, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 3 ay müddətinə baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir”. Hazırda qüvvədə olan variant isə belədir: “Müvafiq icra hakimiyyəti orqanı tikintiyə dair ərizəyə daxil olmuş rəylər nəzərə alınmaqla 3 ay ərzində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədi ilə tikintiyə icazədə siyahısı və tətbiqi halları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən əlavə şərtlər də nəzərdə tutulur. Maddənin 7-ci hissəsinə isə belə bir cümlə əlavə olunur: “Tikintiyə icazənin, xüsusi nişanın forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”. Bundan başqa, Məcəllənin 80-ci (Məlumatlandırma icraatı) maddəsinə 1-1-ci hissə əlavə edilir: “İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur”. Maddənin 3-cü hissəsinə (Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir) isə bir cümlə əlavə olunur: “Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin bu məcəllənin 11-ci maddəsinə (Şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi), “o cümlədən ərazilərin zonalaşdırılması, tikinti növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən də yoxlanılır”. Maddənin 4-cü hissəsinə edilən dəyişikliyə əsasən isə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 ay yox, 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. Maddənin 82-ci maddəsinə (Tikintiyə icazə verən orqanın öhdəliyi) təklif olunan dəyişikliyə görə, məlumatlandırma icraatı ilə bağlı tikinti niyyəti barədə müraciətin daxil olduğu vaxtdan 3 ay yox, 1 ay ərzində tikinti layihəsinə irad olmadıqda, müvafiq icra hakimiyyəti orqanı həmin müddətin bitdiyi vaxtdan 3 iş günü ərzində barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisi haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat veriləcək. Məcəllədə edilən əlavə və dəyişikliklər Cinayət Məcəlləsində də təsbit olunur. Məcəllənin 314-2.1-ci maddəsinə edilən əlavəyə görə, yuxarıda edilən əlavələrə əməl edilmədiyi halda 1 ilədək islah işləri və ya 3 ilədək müəyyən vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məcəllənin 314-2.2-ci maddəsinə edilən dəyişikliyə görə isə, “ərazilərin zonalaşdırılması, tikinti növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin, texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında torpaq sahələri ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə verməyə görə, 2 ilədək islah işləri və ya 3 ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Sağlam adam düşsə, şikəst olar, yazıq əlil necə düşsün oradan?” Deputat Aytən Mustafayeva son vaxtlar aparılan tikintilər zamanı bir çox vacib qaydalara əməl edilməməmsi ilə baölı çıxış edib. “Azərbaycanın Şəhərsalma və Tikinti Məcəlləsində fiziki imkanları məhdud olan insanların sərbəst hərəkətinin təmin olunması üçün xüsusi bəndlər var. Lakin təəssüf ki, nəinki köhnə binalarda, heç yeni inşa olunan tikililərdə də bu qaydalara riayət edilmir. Əvvəllər qayda var idi ki, bir binanın kölgəsi digərinin qarşısını, ora düşən gün işığını bağlaya bilməzdi. İndi heç kim bu qaydalara riayət emir. Bir çox binalarda insanların istirahəti, uçşaqların oynaması üçün həyət də yoxdur. Bəzilərində isə həyətlər salınsa da, orada idman yerləri də yoxdur. Nə futbol, digər idman növləri üçün guşələr ayrılmır. Amma Tiflisdə hər bir yeni salınan həyətdə, futbol meydançaları var. Baxmayaraq ki, orada 5-7 mərtəbəli binalar tikilir. Əgər gələcək nəsillərin sağlam böyüməsini istəyiriksə, buna imkan yaratmalıyıq”. Aytən Mustafayeva yeni təmir olunan küçələrdə səkilərin fiziki imkanları məhdud olan şəxslərin istifadəsi üçün mümkünsüz olduğunu bildirdi: “Adi uşaq kolyaskası ilə ana yeraltı keçiddən keçə bilmir. Pandusların tikilməsi o demək deyil ki, fiziki imkanları məhdud olan insanları ondan istifadə edə bilir. Mailliyi 45 dərəcəlik pandusdan sağlam adam düşsə, şikəst olar, yazıq əlil necə düşsün oradan? Avtobusa necə minsinlər? Avropaya gedəndə adama elə gəlir ki, ölkənin yarısı əlildir. Elə deyil, sadəcə onların şəhərdə hərəkətinə imkan verilib. Bizim əlillər qəfəsdədirlər. onlar nə evdən aşağı düşürlər, nə də küçədə hərəkət edirlər. Heç olmasa, təzə tikilən binalar, yeni keçidlər, səkilərdə nəzərə alınsın. Axı heç kim belə hallara düşməsindən sığortalanmayıb. Sağlam insanın xəstədən xəbəri olmaz, toxun acdan. Gəlin, bir az başqalarını da düşünək” – deyə deputat çıxışını yekunlaşdırdı.
Comments are closed, but trackbacks and pingbacks are open.