Qaryağdıoğlu, Sarabski: qovuşan məqamlar – Nizami Tağısoy yazır
Hüseynqulu Sarabski
Hüseynqulu sarabski h vaqif bəhmənli
Hüseynqulu Sarabski
Bəhmənli (Quliyev), Vaqif İttifaq oğlu. Hüseynqulu Sarabski / V. İ. Bəhmənli (Quliyev) ; bur. məsul S. İsmayılova ; dizayn. Z. Abbasov ; red. Q. Təbiətoğlu ; baş red. G. Cəfərova ; tex. red. F. Səmədova . – Bakı : Şərq-Qərb, 2017. – 184 s.
Bu sənədli-publisistik povest səhnə ustadı, müğənni və rejissor Hüseynqulu Sarabskinin “Köhnə Bakı” kitabına daxil olan üç xatirat, eyni zamanda sənətkarın həyat və yaradıcılığına dair digər nəşr və mətbu yazılar əsasında qələmə alınıb. Hüseynqulu Sarabski Azərbaycan milli incəsənətinin inkişafında misilsiz xidmətlər göstərmiş qüdrətli teatr xadimidir. O, 66 illik çox da uzun olmayan bir ömür yolunda qaynar və yorulmaz, peşəkar və istedadlı aktyor, müğənni, rejissor, parlaq üslublu ədib, mədəniyyət təşkilatçısı missiyalarını ləyaqətlə yerinə yetirmişdir. Bu şəxs dahi Üzeyir Hacıbəyli ilə birlikdə milli musiqili teatrın banilərindən olmuş, müğənni-aktyor 30 il ərzində 400 dəfə Məcnun rolunda səhnəyə çıxmışdır. H.Sarabki bir sıra memuarlar, bədii publisistik əsərlər də qələmə almışdır. Bu kitabda xalqımızın yaddaşında qiymətli sənətkar və şəxsiyyət kimi iz qoyan sənət fədaisinin insan və aktyor taleyi, yaradıcılıq yolu sənədli-bədii üslubda təqdim edilmişdir.
Qaryağdıoğlu, Sarabski: qovuşan məqamlar – Nizami Tağısoy yazır
Müasir Azərbaycan şeirinin inkişafına, özünəməxsus cizgilərinin formalaşmasına, məzmun, lirik qiyafə baxımından pozitiv çalarlar əldə etməsinə öz baxış bucağından yanaşan Vaqif Bəhmənlinin poetik təfəkkürü və onun bir sıra xüsusiyyətləri ilə bağlı xeyli mülahizələr söylənilmişdir. Bu yazıların hamısı eyni səviyyədə olmasa da, onlarda şairin yaradıcılıq dəst-xəttini təhlil etmə bacarığı özünü göstərməklə müəllifin bədii üslubuyla bağlı müvafiq təsəvvürlər ortaya qoyulmaqdadır. Bununla belə, indiyə qədər yazılanlara baxmayaraq, Vaqif Bəhmənlinin poeziyasına bir küll halında nəzər salmaq da istisna olunmur. Bu, heç şübhəsiz ki, məsələnin prioritet cəhətidir və bu sahəyə baxış da gündəmin aktuallığıdır. Lakin biz bu yazıda Vaqif Bəhmənli yaradıcılığına başqa bir kontekstdən yamaşmağı nəzərdə tuturuq. Vaqif Bəhmənli ədəbiyyatımızda əsasən şair kimi tanınsa da, onun yaradıcılığının belletristika və publisistika istiqamətləri də mövcuddur ki, bu sahələr indiyə qədər ədəbi tənqidin diqqətindən xeyli kənarda qalmışdır. Düzdür, V.Bəhmənli yaradıcılığı ilə tanış olanlar onun ən azı “Uzaq bir işıq”, “Can dəftəri”, “Səndən özgə” kimi maraqlı poetik məcmuələrlə yanaşı, 2019-cu ildə nəşr etdirdiyi “Qansız savaş”ı da (Ən yeni şeir) öz pərəstişkarlarına təqdim etmişdir. Eyni zamanda Vaqifin bədii publisistikasını təşkil edən “Sınıq güzgü” (2005) kitabı, bir qədər sonra Azərbaycan elmi-mədəni-siyasi həyatında şərəfli ömrə imza atmış professor Kamran Əsəd oğlu Hüseynova həsr etdiyi “İlin beşinci fəsli. Kamran” (2013) sənədli romanı, “Azərbaycan” ədəbi-bədii jurnalında dərc etdirdiyi “Məcnun özü” (2017, № 10, s. 18 – 94) və “Cabbar qalası” (2017, №11, s. 33 – 104) portret-povestlər ilə oxucularla görüşməyə can atmışdır.
Yeri gəlmişkən deyək ki, Bəhmənli poeziyasından Bəhmənli bacası necə görünürsə, Bəhmənli belletristikasından da Bəhmənli təhkiyəsi bizə uğurla əl eləməkdədir. İlk baxışda Bəhmənli poeziyasının vurğunları, yaxud onu şair kimi görüb qəbul etmişlər, onun nəsr yaradıcılığına bir qədər inamla yanaşmazlar. Lakin belə vəziyyət heç də həqiqəti əks etdirməz. Bunu biz Bəhmənli nəsrinin ideyasına, məzmununa, obrazlar sisteminə, təhkiyə üslubuna, onun detallarına bələd olan ədəbiyyatşünas kimi deyirik. Çünki publisistika və nəsr yaradıcılığına dair Vaqifin ortaya qoyduğu nümunələr də yetərincə orijinal və özəldir. Onlardan hər biri haqqında tənqidçi fikrinin ortaya qoyulmasına da ehtiyac vardır. Bu məqsədlə də biz müəllifin iki əsərini “Məcnun özü” və “Cabbar qalası” portret-povestlərini təhlil süzgəcindən keçirməyi düşünürük.
İndi isə keçək məsələnin mətləbinə. Buna görə də biz təhlillərimizi bir qədər fərqli yöndə interiorizə olunmuş diskurs müstəvisində aparmağı planlaşdırmışıq. İnteriorizasiya (latınca “interior” – “daxili”, fransızca “interiorisation” – “daxilə keçid” kimi başa düşülməklə) psixoloji anlayış olaraq fransız sosioloqları D.Dürkqeym, P.Jane, J.Piaje, A.Vallon, rus psixoloqları P.Y.Qalperin, L.S.Viqotski və başqalarının nəzəri baxışlarında yer almışdır. Lakin bu heç də o demək deyildir ki, “interiorizasiya” terminini biz sırf psixoloji yanaşmalara tətbiqən nəzərdən keçirməliyik. Məsələ burasındadır ki, interiorizasiya şüurun nəinki “sistemli” strukturuna, həm də onun “məna”, “mahiyyət” quruluşunun formalaşmasına təsir göstərir. Fərdin intellektual və rasional baxımından formalaşma prosesində rol oynayır. Bundan başqa, interiorizasiya obrazın modelləşməsində yaradıcı problem vəzifələrin həlli üsulu kimi çıxış edir. Yaddaşda, təxəyyüldə interiorizasiyanın aparılması əvvəldə baş vermişlərin hər hansı mətndə yenidən canlandırılması, obrazlaşdırması kimi də başa düşülməlidir. İnteriorizasiya eksteriorizasiya (latınca – “exterior” – “zahiri”, francızca – “eksperiorisation” – “ortaya çıxma”, “görünmə”; hərəkətin, fəaliyyətin daxildən xarici plana, xaricə ötürülməsi) daxildən gələnlərin xaricdəkilərlə üzvü əlaqədə olmasını nəzərdə tutur. Psixologiya, sosiologiya, fəlsəfə, pedaqogika, koqnitologiya, kulturologiya, dilşünaslıq, ədəbiyyatşünaslıq kimi elm sahələri bu gün çağdaş mərhələdə bir-birinə daha çox yaxınlaşmada olduğundan interiorizasiya artıq fənlərarası kateqoriya kimi daha çox diqqəti cəlb etməkdədir. İnteriorizasiya müəllifin özünün özü ilə apardığı daxili dialoqun, psixi funksiyanın gizli mexanizmidir. Gizli dialoq, müəllifin özünün iç dünyasında yer alan fikirləri ünsiyyət psixikası strukturunda dərinləşmiş interiorizə komponenti kimi dərk olunmaqdadır. Başqa sözlə desək, interiorizasiya daxilən dialoji strukturlu obyekt-subyekt tipli münasibətlərdə özünü ifadə edir. Bunu nəzərə alaraq biz “interiorizasiya” termininə “diskurs” terminini də əlavə etməklə məsələyə məhz belə baxış bucağından yanaşmağı məqsədə müvafiq hesab edirik.
Çağdaş ədəbiyyatşünaslıqda, ədəbi tənqiddə, estetik yanaşmalarda ədəbi-bədii əsərlərin təhlilində çoxsaylı yanaşmalardan, metodik çözümlərdən, praktik instrumentarilərdən istifadə edilsə də, bizim tənqiddə, nədənsə, əksər hallarda onların yeknəsəqliyi nəzərə çarpmaqdadır. Belə yanaşmadan çıxış edərək, biz bu məqalədə məsələyə bir qədər fərqli rakursdan baxmaqda israrlıyıq. Daha doğrusu, Vaqif Bəhmənli yaradıcılığını interiorizasiya kontekstində mətn çözümünü nəzərdən keçirəcəyik. Buna görə də Vaqif Bəhmənlinin “Məcnun özü” və “Cabbar qalası” povestlərinin interiorizə olunmuş diskurs müstəvisində incələnməsini zəruri hesab edib, əvvəl “interiorizə olunmuş diskurs” anlayışını da izah etməyə ehtiyac duyuruq.
İnteriorizə olunmuş diskurs ilk növbədə subyektin düşüncəsinin özünəməxsus modelləşdirmə üsulu olmaqla yuxarıda bildirdiyimiz kimi, linqvistika, psixologiya, koqnitologiya, ədəbiyyatşünaslıq və digər elmi baxımdan da mövqe sərgiləməyi nəzərdə tutur. Eyni zamanda bunu da bildirək ki, psixoloji kateqoriya olan “diskurs” anlayışı çoxplanlığı və çoxfunksionallığı ilə seçilməklə, həm də onun izahının və təsnifatının rəngarəngliyinə gətirib çıxarır. Bizim təqdirdə interiorizə olunmuş diskurs insanın daxildə olan fikir, düşüncə və nitqinin cəmidir ki, o, Vaqif Bəhmənlinin “Məcnun özü” və “Cabbar qalası” povestlərində fərdi dil tərtibatı etmə priyomu və təqdimilə səciyyəvidir. Hər iki adıçəkilən əsərdə aparıcı bədii subyektlərin (bu əsərlərin qəhrəmanlarının) fikir və hissləri ikinci subyektin (yəni povestlərin müəllifinin) köməyi ilə verbal ifadə imkanı əldə edir. Bununla da bu povestlərdə interiorizə olunmuş subyektlər ikili xarakterə malik olur: bir subyektin (yəni müəllifin) fikir və hissləri digər obyektin (əsərlərin qəhrəmanının) daxili aləminin içində yaşayır. “Məcnun özü” və “Cabbar qalası” povestlərində personajların daxili nitqini koqnitiv proseslərdən kənarda, onlarla əlaqəsiz nəzərdən keçirmək səmərə vermir. Çünki bu proseslərin bir-biri ilə qarşılıqlı əlaqəsi olsa da, onların aralarında hər hansı mühüm sərhəddə mövcud deyildir.
Vaqif Bəhmənli həm Hüseynqulu Sarabski, həm də Cabbar Qaryağdıoğlu ilə bağlı öyrəndiyi, toplayıb araya-ərsəyə gətirdiyi materialları ortaya qoymazdan öncə düşündüklərini interiorizə etməklə, bədii plana və öz bədii iradəsinə müvafiq olaraq mətnin interiorizə olunmasına can atmışdır. Hər iki povestdə interiorizə olunmuş diskurs özünün dərinliyi ilə bağlı olan hər iki əsərin məzmun-ideya və sktuktur-kompozisiya sistemindən yaxşı görünür. Əgər “Məcnun özü” povestində bu kompozisiya “Sitat”, “Müəllifdən”, “Əfsanəvi kərpic və yaxud Tallin pritçası”, “Mənbələr nə deyir”, “Zəruri keçid”, “Bəs talisman necə, o varmı?”, “Ömür. tamaşa kimi!”, “Məbədin qapısı önündə”, “Bakı vaxtı ilə . zaman”, “Səhnənin tən ortasında”, “Nicat”, “Səfa”, “Müdiriyyət. “, “Gələn getməz bu meydandan”, “Sarabski yolunda Üzeyir bəy işığı”, “Qoşa qanadla zirvəyə”, “Ədib Sarabski, yaxud qocaman şəhərin solmayan xatirələri”, “Epiloq” kimi bölmələrdən ibarətdirsə, “Cabbar qalası” “Üç sim”, “Pərdə”, “Kökləmə”, “Yeddi not”, “Dəramət. Dünyaya Cabbar gəlir”, “Bərdaşt. Yeddinin sehri”, “Maye səs çiçəyi”, “Güsə. İlk heyrət”, “Bir dəfə”, “Bir dəfə Məşədi İsi”, “Rəng. Yetkinləşmə”, “Bir dəfə. Xarrat Qulu”, “Bir dəfə. Doktor Smirnov”, “Rast. Birinci təməl”, “Humayun. İkinci təməl”, “Alt mizrab”, “Segah. Dördüncü təməl”. “Şuşa mühiti”, “Çahargah. Cabbar özünü yaradır”, “Son dəfə. Sarabski”, “Mənsuriyyə. Sənətkar və şəxsiyyət ucalığı”, “Bir dəfə Bülbül”, “Şah pərdə. Ailə ocağı”, “Son pərdə”, “Heyratı – ustadların heyrəti” və “Şur” başlığı ilə sonuclanır.
Hər iki əsərin belə quruluşu orijinallığı ilə seçilməklə hadisələrin, təsvir olunan faktların, müəllifin deyim diskursunun kifayət qədər orijinal düşüncəyə söykəndiyinə işarədir. Bu əsərlərdən hər biri müstəqil tamamlanmış belletristika nümunəsi olduğunu sübut etsə də, biz, nədənsə, onlara fərqli rakursdan baxmağı təklif edirik. Çünki bu əsərdən hər birinin baş qəhrəmanı sənət və incəsənət adamları (obrazları) olmaqla, onların təsvir olunduğu mədəni, ictimai, siyasi, kulturoloji mühit əksər hallarda bir sıra cəhətləri (onları əhatə edən maarifçilər, ədəbiyyat adamları, sənət, incəsənət, teatr fədailəri, xalqın ədəbi-bədii-mədəni düşüncəsinin qaymaqlarını, elitar təfəkkür tərzini təqdim etdiklərindən bu əsərlərin hər ikisini kompozisiya-struktur, bədii təxəyyül, milli sənətə xidmət baxımından bir araya gətirməkdədir. Əksər obrazlar H.Sarabski, Ü.Hacıbəyov, M.Əliyev, A.Şərifzadə, Ə.Əzimzadə, H.Cavid, Ə.Haqverdiyev, C.Zeynalov, M.M.Məmmədov, M.Mahmudbəyov, S.M.Qənizadə, S.S.Axundov, H.Ərəblinski, Xarrat Qulu, C.Qaryağdıoğlu, H.Zərdabi, M.F.Axunzadə, F.Köçərli, M.M.Nəvvab, Sadıqcan, Xurşid Banu, Keçəçi Məhəmməd, Şəkili Ələşgər, Qurban Pirimov və başqaları, bir tərəfdən, milli kimliyimizin, digər tərəfdən, milli musiqimizin, üçünçü bir tərəfdən, milli teatr və dramaturgiyamızın, səhnə mədəniyyətimizin inkişafında canlarını fəda etmişlərdir. Burada təqdim olunmuş personajlar müəllifin köməyi ilə bir-biri ilə mükalimələrdə, ünsiyyətdədirlər.
V.Bəhmənlinin hər iki əsərində interiorizə edilmiş diskursda real avtokomunikasiya (daxildə ünsiyyətə girmə) imitasiyası vardır (Y.Lotman) ki, bunlar daxili nitqi (yəni daxili monoloqu, daxili dialoqu, daxili replikanı əks etdirir), yaxud da eqosentrik nitqdir ki, bu da L.Viqotskiyə görə zahiri və daxili nitq arasında olan keçid mərhələsi kimi nəzərdən keçirilə bilər. Elə buradaca bildirək ki, interiorizə olunmuş diskurs avtokomunikasiya situasiyasını da (yəni burada ünsiyyətin bilərəkdən özünün özünə istiqamətlənməsini) və eqosentrik nitq situasiyasını əhatə edir (yəni burada ünsiyyətin düşünülmədən özünə istiqamətlənməsi və məlumatın digərlərinə göndərilməsi nəzərdə tutulmur). Belə olduğu təqdirdə personajın (qəhrəmanın), onun şəxsiyyətinin həm “Məcnun özü”, həm də “Cabbar qalası” əsərlərində təsvirində şüuri və qeyri-şüuri proseslərdə müxtəlif səviyyəli iştirak özünü göstərir. İnteriorizə olunmuş diskurs ona görə diskurs adlanır ki, o, komunikativ funksiya əldə etməklə, adıçəkilən povestlərdə müəllifin oxucuya müraciət funksiyasının özünü əks etdirir. İnteriorizə olunmuş diskurs, yuxarıda qeyd etdiyimiz kimi, linqvistikanın, psixologiyanın və koqnitologiyanın başlıca obyekti kimi çıxış etsə də, onun bədii əsərlərdə iştirak etdiyini və mühüm rola malik olub, bədii ədəbiyyatın spesifik funksiyası ilə, daha doğrusu, V.Bəhmənlinin povestlərində insanın (ların) mənəvi aləminin təsviri ilə bağlı olduğunu əyani olaraq sübut etdirməkdədir. Bu baxımdan birmənalı şəkildə təsdiq etmək olar ki, interiorizə olunmuş diskurs elə bir güclü üslubi vasitədir ki, o, bədii əsərdə bu və ya digər personajın, obrazın daha tam şəkildə çoxlu tərəflərinin açılmasına şərait yaradır. “Mən gördüm ki, biz burada dərs oxumayır, nökər, qulluqçu kimi işləyirik. Bir gün molla mənə dedi: Oğlum, mən hamama gedirəm, bu satıl və boxçanı mənim üçün hamama apar. Bir iki saatdan sonra da gəl evə gətir”. Mən ona dedim ki, ay mollabacı, mən dərs oxumağa gəlmişəm, nökər olmağa gəlməmişəm ki. Molla bunu eşitdikdə çubuğu kürəyimə çəkib dedi: “Sənin borcundu ki, mollaya nökər də olasan, qulluqçu da. “. Baxdım ki, əgər dayansam daha mükəmməl döyüləcəm, çərəkəmlə “Quran”ımı qapıb qaçdım. Evdə əhvalatı nəql elədim. Atalığım bunu eşidəndə durdu məni təpiyinin altına saldı və başladı: “Bir il deyil, sən iki molla dəyişmisən. Nə oldu, elə bunların ikisi də pis oldu? Görünür, sən özün tənbəl, korazehinsən” (Bəhmənli V. Məcnun özü (portret-povest). “Azərbaycan”, 2017, № 10, s. 35).
Baxın, əsərin kiçik bir parçasına müraciət etdiyimiz mətnində dörd çeşidli nitq (müəllif, aktyor, molla, Sarabskinin atalığının nitqi bir-birinin içində) oxuculara təqdim olunmuşdur. Qeyd etmək zəruridir ki, müəllif və bədii əsərin qəhrəmanından danışdıqda oxucunun əsəri məhz müəllif prizmasından gördüyünü və dəyərləndirdiyini söyləməliyik. Tanınmış nəzəriyyəçı M.Baxtin göstərirdi ki, əsərin hər bir məqamı müəllifin özünə olan reaksiyasını nəzərdə tutur ki, burada o predmeti çevrələməklə, həm də qəhrəmanın ona reaksiyasını əhatə edir. Daha sonra burada o, qəhrəmanın emosional-iradi mövqeyini refleksiya edir. Yaradıcılıq prosesində müəllif (bizim təqdirdə Vaqif Bəhmənli) üçün yaradıcılıq prosesinin özü yox, onun predmeti, nəticəsi vacibdir. Çünki müəllifə Hüseynqulu Sarabskinin hansı vəziyyətlərdən, ekstremal situasiyalardan keçməsi və onların təsviri prosesin özündən daha önəmli idi. Bundan başqa, yazıçı üçün təsvir etdiyi dövrün koloritinin, tarixi realiyaların detalları ilə yaradılması zəruri idi. V.Bəhmənli bir belletrist kimi bunun öhdəsindən layiqincə gələ bilir. O, Bakının tarixlə bağlı başına gətirilənləri uğurla ortaya qoyur. Əsərdə müəllif nəinki Hüseynqulu Sarabskinin, həm də xalqın böyük və keşməkeşli bir zaman kəsiyində yaşayıb fəaliyyət göstərmiş aydınlarının, Azərbaycanın gələcəyinə xidmətdə səyini əsirgəməmiş insanların titanik davranışlarını, min bir bəlalardan keçmiş şəhərin obrazını yarada bilmişdi. Hüseynqulu Sarabskinin həyatı ilə Bakı arasında ortaq nöqtələrin araya gətirilməsi üçün müəllif bu oxşarlığı kökdən üzu bəri təqdim edir. “O Bakı ki, e.ə. 3500 il əvvəl Misir Fironu Menesanın dövründə yaradıldığı ehtimal olunan “Ölülər kitabi”nda. Qədim Abşeron torpağının altında milyon il öncə yaşamış, nəsli kəsilmiş canlıların sümükləri, . Pompeyin Bakı ətrafında düşərgəsi, onun şəhər olaraq 5 min ildən çox yaşı, . bineyi-qədimdən türk, türk-müsəlman şəhəri kimi intibahı, böhranları, . XII əsrdə ikiqat qala divarlı bu şəhərin Sasani və Xilafət hakimiyyətləri, monqol-tatar yürüşləri. Şirvanşahlar, Səfəvilər, Osmanlı imperiyası, Bakı xanlığının tarixindəki izləri. Xəzər dənizinə baş qoyan neft, duz, zəfəran yatağı, ipək yolunun üstü. Bütöv Azərbaycan. gözünün işığı, Gülüstan, Türkmənçay müqavilələri ilə iki yerə parçalanan Azərbaycan, milli tarixdə yeri. 1902-ci ildə Hüseynqulu ilk teatr səhnəsinə çıxanda fundamental Şərq dəyərləri millətin mentalitetini yaradan əsas ana atributlar olsa da, tam təyinedici deyildi. Əsasən Rusiya vasitəsilə Avropadan axıb gələn başqa bir hava bir sıra tarixi şəhərlərin, ələlxüsus da Bakının simasını ilbəil dəyişirdi (orada, s. 49). Müəllif bədii təsvirlərində nüfuz etdiyi obyekti elə mövzunun özü içində nəzərdən keçirir. Bakının, Azərbaycanın, iqtisadi-mədəni varlığımızın görümlü mənzərəsini yaradır.
Vaqif Bəhmənli “Cabbar qalası” povesti üzərində də işini eyni istiqamətdə davam etdirir. Cabbar Qaryağdıoğlunun əsərdə mükəmməl ifaçı, xanəndə, musiqiçi, sənətkar obrazı yaradılır. Cabbarla Sarabski eyni ildə, ayda dünyaya gəlməsələr də, dövr baxımından onlar, demək olar ki, eyni mərhələnin məhsuludur. Hər ikisinin uşaqlıq, yeniyetməlik, gənclik illəri, sənətkar kimi püxtələşməsi, virtuoz ustad səviyyəsinə çatmaları, bunun üçün keçirdikləri sarsıntılar, uğurlar, uğursuzluqlar rastlaşdıqları çətinliklər, bu çətinliklərə sinə gərib onlardan alnıaçıq, üzüağ çıxmaları, təmsil etdikləri sənətin zirvəsində qərar tutmaları – bütün nə varsa hamısı səriştəli söz sahibinin qələmindən çıxdığı təsəvvürünü yaradır. Bunların da hamısını ipə-sapa düzməkdə məqsəd müəllifin təkcə özünün özü ilə söhbəti naminə yox, onun hər iki əsərinin qəhrəmanlarının daxili nitq və fikirlərinin ortaya qoyulması müəlliflə qəhrəmanlar arasında olan interiorizə olunmuş diskurs müstəvisində nəzərdən keçirmək istəyi ilə bağlı olmuşdur. V.Bəhmənli müstəqil olaraq interiorizə dərəcəsindən asılı olaraq burada qəhrəmanların emosional sarsıntılarını, onların qəhrəman obrazı kimi psixi tipin, qoyulduqları sosial-ictimai-siyasi situasiyanı, qəhrəmanlarla personajlar arasındakı çoxsaylı qarşılıqlı münasibətləri nəzərə almaqla realizə etmişdir. V.Bəhmənli Sarabski və Cabbar obrazlarını yaratmaqla nəinki onların mənəvi aləmini bədii əsərlərin mətninə daxil edib, həm də hər iki əsərdə müəllif-qəhrəman-oxucu üçlüyünün köməyi ilə məkan diskursu yaradıb. İnteriorizə olunmuş diskursda mətndənkənarlıqla mətn səviyyələri bir-birilə qarışmaqla müəllifin özünün mətnə gətirdiklərinin vasitəsi və özünün xülyası ilə həqiqəti üzvü surətdə birləşdirə bilib.
Bu əsərlərdə interiorizə edilmiş diskurs əksər hallarda birinci və üçüncü şəxs qismində iştirak edir. V.Bəhmənli hər iki əsərdə özünün müəllif kimi iştirakını çox da nəzərə çarpmayan şəkildə ortaya qoyur. Burada interiorizə edilmiş diskurs daim müəlliflə personajların fikirlərinin qarşılıqlı münasibətləri kontekstində diqqəti cəlb edir. “Cabbar qalası”nda müəllif təhkiyəni elə qurub ki, burada, sanki hamı, hər şey Cabbar Qaryağdıoğlunun məharətindən danışır: “Cabbar Şərqin inkişafda olan müsəlman şəhərində doğulmuşdu. Hər səhər sübh namazı vaxtı gün ərzində beş dəfə Şuşanın 18 məscidində yüksələn azan səsi bu zirvə şəhərin ruhunu göyün yeddi qatına qaldırırdı, onsuz da uca olan Şuşa bir az da ucalırdı. Başqalarından fenomenal vergi ilə fərqlənən gələcəyin xanəndəsi üçün isə bu ilahi müqəddəs səslər yalnız səs deyil, ciyərlərini genəldən sənət hamısı estetik ahəngdarlığın dəyərli bir qatı idi”. (Bəhmənli V. Cabbar qalası (portret-povest). “Azərbaycan”, 2017, № 11, s. 67). Müəllif burada şəhər obrazı ilə personajı bir-birilə yaxınlaşdırır. O, belə priyomdan istifadə etməklə oxucuya Şuşanı və qəhrəmanı nəinki öz gözü, həm də digərlərinin gözü ilə göstərmək istəyir. Bu, aşağıdakı parçada daha da görümlü təqdim edilir:
“Şuşaya qayalar başında tənha şəhər kimi baxmaq düzgün deyil, obrazlı deyilsə, şəhərin memarlıq baxımından yerləşmə məkanı muğam dəstgahlarının cəmi kimi anlaşıla bilər. Ağdamdan, Ağcabədidən, Bərdədən, Yevlaxdan, Beyləqandan, Füzulidən, Tərtərdən, Əskərandan, Xocalıdan, Qubadlıdan, Cəbrayıldan, Laçından, Kəlbəcərdən, Zəngilandan qan damarları, tar simləri kimi uzanan yollar muğam məqam şəklində Şuşada, bu əvəzsiz qürur ucalığında birləşirdi”. (Orada, s. 71). Burada müəllifin interiorizə edilmiş diskursda başlıca məqsədi Cabbar Qaryağdıoğlundan başqa, həm də diqqəti Şuşa obrazının üstündə cəmləşdirməklə bağlıdır. Daha doğrusu, Şuşa obrazı ilə Cabbar Qaryağdıoğlu qəhrəman kimi – muğam isə hər ikisi üçün başlıca atribut kimi bir-birini tamamlayır. Bu əsərdə interiorizə olunmuş diskurs özünün müxtəlif əlamətləri ilə ortaya çıxır. Lakin onlar burada bir-birindən təcrid olunmuş halda iştirak etmir. Onlar qarşılıqlı münasibətdə, sistemli şəkildə, məntiqə söykənməklə təzahür etdirilir. Beləliklə, görürük ki, interiorizə olunmuş diskurs bütün səviyyələri – mədəniyyəti, xronotopu, üslubları, janrları, müraciət registrlərini, emosiyaları, məntiqi, müxtəlif tipli konseptləri, qrammatik və üslubi ifadə vasitələrini çevrələyir. Buna görə də interiorizə olunmuş diskursda mədəni kontekst daha geniş, xronotop əksər hallarda virtualdır ki, bu da müasir insanın məkan-zaman hədlərinin aradan qaldırılmasına istiqamətlənməsi ilə bağlıdır.
Hər iki povest-portreti dərindən təhlil edərkən belə bir qənaətə gəlmək olur ki, Bəhmənli – belletrist Bəhmənli şairə uduzmur. Onlar, bəlkə də yanaşı addımlamaqla ritmin, qafiyənin poetik konstruksiyası köməyi ilə nəsrin bədii kompozision-struktur və məzmun keyfiyyətlərinə öz möhürünü vurur.
V.Bəhmənlinin təqdim etdiyi hər iki əsərin ideya-məzmun istiqamətinə, təhkiyənin çağdaş bədii parametrlər səviyyəsində aparılmasına elə bir iradımız olmasa`da, bu əsərlərin janrı ilə bağlı bəzi qənaətlərimizi də bildirməyi gərəkli hesab edirik. Məllif “Məcnun özü” və “Cabbar qalası”nı povest-portret adlandırır. Halbuki, bu əsərlərin məzmun, ideya, tarixi kəsim, obrazlar sisteminə baxdıqda, onlardan birinin digərinin içində olduğunu sezməmək də mümkün deyildir. Bu əsərlər janr təyini baxımından əgər, bir tərəfdən, M.Y.Lermontovun “Zəmanəmizin qəhrəman”ı romanını (o, əsər içində əsərdir) andırırsa, digər tərəfdən, qazax yazıçısı M.Auezovun “Qəddar illər” və “Aşırımda atəş” romanları ilə səsləşir. Bizim qənaətimizə görə, “Məcnun özü” və “Cabbar qalası” əsərləri janr baxımından tarixi romançılığın səciyyəvi xüsusiyyətlərini özündə daşıyan dilogiyadır. Janr təyinatından asılı olmayaraq, mədəniyyətimizin, ictimai həyatımızın, musiqimizin, teatr sənətimizin öncül nümayəndələrinin həyat və fəaliyyətinə həsr olunmuş bu əsərlərin bədii dəyəri danılmazdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
20 MART — İLK OPERA MÜĞƏNNİMİZ HÜSEYNQULU SARABSKİNİN DOĞUM GÜNÜ
Rzayev Hüseynqulu Məlik oğlu (Hüseynqulu Sarabski) (20 mart 1879, Bakı — 2 fevral 1945, Bakı) — Azərbaycan opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycanın xalq artisti (1932), Azərbaycan professional musiqi teatrının banilərindən biri. 1908-ci ildən «Nicat» cəmiyyəti nəzdində «Müsəlman Opera truppası»nın yaradıcılarından biri və solisti, Məcnun («Leyli və Məcnun»), Şeyx Sənan («Şeyx Sənan»), Kərəm («Əsli və Kərəm»), Sərvər («O olmasın, bu olsun»), Şah İsmayıl və b. partiyaların ən yaxşı ifaçılarından biri olmuşdur.
Hüseynqulu Sarabski 1879-cu ildə Bakıda kasıb bir ailədə anadan olmuşdur. O, 12 yaşı olarkən ilk dəfə teatr tamaşasına baxır: bu həvəskarların ifasında «Xan Sarabi» adı ilə qoyulmuş Mirzə Fətəli Axundovun «Sərgüzəşti-Vəziri-Xani-Lənkəran» komediyası idi. Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü — Sarabski də bu güclü təəssüratın əks-sədası oldu.
Hüseynqulu Sarabskinin teatra gəlməsində, aktyorluq sənətini seçməsində, püxtələşməsində teatr xadimlərindən, tanınmış ziyalılardan Nəriman Nərimanovun, Əbdürrəhim bəy Haqverdiyevin, Rəhim bəy Məlikovun, həmkarları – Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun və başqalarının böyük rolu olmuşdur. İlk dəfə 1902-ci ildə Nəriman Nərimanovun «Dilin bəlası» pyesində Rəsul roluna çıxan Hüseynqulu sonralar teatr səhnəsində Mirzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli rollar oynayır. O, yalnız milli repertuarda deyil, Azərbaycan dilinə tərcümədə Uilyam Şekspirin, Heynenin, Şillerin, Qoqolun əsərlərində də çıxış edirdi.
«Leyli və Məcnun» üzərində işləyən Üzeyir Hacıbəyovun diqqətini cəlb etdi. Üzeyir Hacıbəyov məlahətli səsə malik, muğamlara bələd olan aktyor kimi də təbii və canlı Hüseynqulu Sarabskinin opera artisti kimi potensialını hiss edərək onu öz operasında baş rola – Məcnun roluna dəvət etdi. Bu rol Hüseynqulu Sarabskiyə sözün əsl mənasında ümumxalq məhəbbəti və şöhrət gətirdi. Səhnədə yaşadığı 30 ildən artıq bir müddətdə o 400 dəfə bu rolu oynayıb.
Comments are closed, but trackbacks and pingbacks are open.