İlahi ədalət
«İman gətirib yaxşı əməllər edənlərə gəldikdə isə, Biz (o cür) yaxşı işlər görənlərin mükafatını zay etmərik!» 6
Ilahi ədalət
İraqda savaşın ən qızğın çağlarıydı… Artıq paytaxt Bağdad özü mühasirədə idi və Səddam Hüseynin bu savaşı uduzduğu açıq görünürdü. Bir çox generalları, yaxınları belə onu satmışdı. ABŞ-ın yaratdığı koalisiya gücləri Bağdada daxil olmağa başlamışdı. Səddam Hüseyn haradadır? – sualı bütün jurnalistlər kimi məni də, elə hər kəsi maraqlandıran bir məsələ idi. Səddam Hüseynçün sonun gəldiyi aydın görünürdü…
Onunla İraq televiziyası yaxınlığından bağlandığım canlı yayım sonrası tanış olmuşduq. Diqqətlə mənə baxırdı. Sanki başa düşmədiyi bir dildən nələrisə anlamağa çalışırdı. Canlı yayım sonrası, təxminən 15 dəqiqədir bir qıraqdan diqqətlə məni dinləyən bu qadına yaxınlaşdım. Tərcüməçiyə “soruş gör niyə belə diqqətlə dinləyir, ona nə lazımdır?” dedim. “Bizə doğru xəbər vermirlər, əslində nə baş verir onu öyrənmək üçün gəlmişəm. Xarici jurnalistlər daha doğrusunu söylər. ” dedi. Ona son xəbərləri söylədim. Üzündə qayğılı bir ifadə vardı amma dediyim üzücü xəbərlər deyəsən ona o qədər də təsir etməmişdi. Fürsətdən yararlanıb, “Mənə axşam xəbərləri üçün sadə İraqlılarla müsahibə lazımdı. Sizinlə müsahibə edə bilərmmi?” deyə soruşdum. “Olar” dedi ürəklə. Onunla müsahibəyə başlayanda üzündəki qırışlara baxdım. O qədər yaşlı deyildi amma yaşadığı əzabın dərinliyini anladan qat-qat qırışlar qalaqlanmışdı üzündə sanki. Ölkəsində savaş gedirdi amma o çox da üzüntülü, kədərli görünmürdü elə bil. Səbəbini soruşanda iki əllini də göyə qaldırıb: “gec oldu amma sonunda Allah dualarımı eşitdi, inşallah bizə yaşatdıqlarını yaşamadan ölməyəcək. ” dedi..
– Səddam… O zalım.
– Səddam Hüseyndən niyə bu qədər nifrət edirsiz? Nifrətiniz ölkənizin taleyi ilə bağlı düşünməyə imkan verməyəcək qədərmi böyükdür?
Tərcüməçi sualı çevirdiyində üzündə bir neçə saniyədə fərqli məna daşıyan o qədər ifadə keçdi, indi də xatırlayanda ürpəşirəm. – Qəzəb, iztehsa, üsyan.
– O zalım və adamları mənim bütün ailəmi məhv etdi. Çox gənc yaşlarımdan bu günə qədər hər gün qorxu içində yaşadım. Sən qorxu nədir bilirsənmi?
– Əlbəttə, bilirəm, mən də bir insanam…
– Yox, sən mən yaşadığım qorxunun nə olduğunu bilmirsən. Elə bir vəziyyətə gəlirsən ki, hər kəsdən, hər şeydən qorxursan: Gələcəkdən, keçmişdən, düşünməkdən və insanlara təkrar güvənməkdən qorxursan. qorxursan. Mən 20 ildən çoxdur, bu qorxu ilə yaşayıram. İndi anladınmı mənim içimdə nifrətdən də daha ağır bir şeylər var. Tək güvəncim İlahi ədalət idi, indi onu görməyə başlayıram və siz məndən illərlə gözlədiyim bu anda “nədən özünü üzüntülü hiss etmirsən?” deyə soruşursan…
– Yanlış anlama məni, Vətəniniz üçün də ağır günlərdir, ona görə bunu söylədim və sual etdim…
– Sən heç yalnız qalmaqdan qorxdunmu? – Yapayalnız… İnsanlar sizinlə dostluq etmək istəməz, sizdən uzaq gəzər, vəbalı bir xəstə kimi hiss edərsən özünü… Yapayalnız! Mən çox qorxuram ondan… Çünki yaşadım. Evin divarlarının üstümə gəlməsini, nəfəs ala bilməməyi, sanki indicə öləcəkmiş kimi nəfəs alamamağı… Qışqırmaq istəyirsən amma səsin çıxmır. Az qalır ürəyin partlasın. Evində qışqırmaqdan belə qorxursan… Hələ onsuz da hayına gələn olmayacağını da bilirsənsə, iş tamamdır…
Sonra dəhşətli bir üsyan başlayar içində… Bütün qəlbin, ruhun üsyan edər… Yaradanın varlığını belə sorğulayarsan o anlarda. “Hardasan? Nədən görmürsən? Hardadır sənin ədalətin?!” deyə… “Niyə? Niyə mən?” deyə suallarına cavab almaq istərsən amma ala bilməzsən… bilməzsən.
Danışdıqca üzündəki cizgilərdən sanki ağrı yayılırdı ətrafa. O ağlamırdı amma mənim gözlərim dolmuşdu, özümü güclə saxlayırdım…
– Bax, sən ağlaya bilirsən amma mənim ağlamaqdan gözdamarlarım da quruyub. Gözlərim ağlamır amma səndən fərqli olaraq mənim içim ağlayır… Sən bilirsənmi insanın içi necə ağlayır… Ağlamağın göstəricisi sadəcə gözyaşı deyil… Ən ağırı içinin ağlamasıdır…
– Bu qədər acı çəkdirmələrinin səbəbi nə idi axı?
– Heç nə… Yaxın qohumlarımız arasında Səddamın sevmədiyi, rəqib, düşmən hesab etdiyi adamlar vardı. Biz illərlə sadəcə onlarla qohum olmanın acısını çəkdik. Kimsi öldürüldü, kimisi qaçıb qürbətdə qaldı, kimisi də bizim kimi ölkə içərisində əzablarla yaşamağa məhkum oldu. İnsanları qohumlarına görə bir ömür əzab və qorxu altında yaşatmaq ədalətdəndimi?! Soruşuram səndən. Bizə acımadılar. Mən də acımayacam… Bunu məndən heç kəs gözləyə bilməz… İndi özünü “buranın Allahı” sayıb, hökmdar da, ədalət də hamısı mənəm deyən ədalət qarşısında cavab verəcək və mənim içimdəki illərlə gəzdirdiyim ağırı bir az da olsa sakitləşəcək. İllərlə gözlədiyin günün yaxınlaşdığını hiss etmək! – bu çox qəribə hissdir. Sən məni anlamazsan, jurnalist. Əgər zamanın varsa, otur, sənə geniş danışım ailəmin taleyini, ondan sonra nə istəyirsən gedib onu da yazarsan… Amma ən sonda mənim dediyim cümlə ilə bitir, lütfən. – Yaz ki: bunu yaşamayan anlaya bilməz bizi…
– Tamam, oldu – dedim və o mənə təxminən 2 saat içində ailəsinin yaşadığı zülmləri, həbsləri, əzabları, qorxuları anlatdı… Onu başa düşməyimi istəyirdi… Hətta israr edirdi. Sanki illərlə içərisində gəzdirdiyi acılar israrla “bizi anlayın” deyirdi… “Nəhayət anlayın bizi!” deyə üsyan edirdi…
– Sənin əlindən nəyini alsam məni heç zaman bağışlamazsan, jurnalist?
– İndi dəqiq deyə bilmərəm, xanım… niyə soruşursuz.
– Mənim əlimdən gəncliyim alındı, yaşamaq istədiyim arzularım, xəyallarım alındı əlimdən… İndi sən mənə bunu edənin ədalət qarşısında cavab verməsinə niyə sevinirsən? deyirsən, eləmi?
– Xeyr, xeyr, mən belə bir şey söyləmədim… Hər kəs haqq etdiyi cəzanı almalıdır, əlbət. Sadəcə ölkəniz bir cəhənnəmə çevrilir bunu söyləmək istədim…
– Biz onsuz da cəhənnəmdə yaşamışıq neçə illər… Bundan daha betər cəhənnəm olmayacaq ki!
– Təki hər şey yaxşı olsun. Biz də burada yaşayan insanlarçün bunu diləyirik.
– İndi sən mənim hekayəmi yazacaqsan, göstərəcəksən televizorda, eləmi.
– Hə, əgər sən razısansa, sənin həyatını, İraqın bir başqa üzünü də anlatmaq istəyərdim…
– O zaman yazarsan ki, insanların hər zaman itirməyə bir şey(lər)i olmalıdır. Nə olursa olsun insana hər zaman itirmək üçün bir şey(lər) buraxmaq lazımdır. Dünyada itirməyə heç bir şeyi olmayan insandan qorxmaq lazımdır…
İlahi ədalət
Hekayə özəl şirkətlərin birində baş verən ədalətsizlikdən bəhs edir. Əslində şirkətdə çalışan hamını (istər rəhbərliyi, istərsə də əməkdaşları) ədalətsiz hesab etmək doğru olmaz. Yalnız bir nəfər – şirkətin baş direktor müavini Teymurovdan başqa. O işçilərə qarşı ayrı-seçkilik etməkdə, işə götürdüyü şəxslərdən pul almaqda, “adamı” (“daydayı”sı) olmayanları gözümçıxdıya salmaqda və s. kimi pis əməllərlə ad çıxarıbdır. Şirkətin rəhbəri (alicənab, mədəni, təvəzökar bir insan) Cəlal Həsənov kadr məsələlərini Teymurova tapşırıb. Teymurov da bu etimaddan əməlli-başlı sui-istifadə edirdi. Əslində Cəlal Həsənov ona – müavininə inanmışdı, etibar edirdi. Çünki onların uşaqlıq illəri bir yerdə keçib. Uşaqlıqdan bir yerdə böyümüşdülər. Bakıda tələbəlik illərini də bir yerdə keçiriblər – eyni ali məktəbdə təhsil alıb, eyni yataqxanada qalıblar. Amma görünür, bu “eynilik” onların xasiyyətlərinə, davranışlarına sirayət etməyib. Yəni xasiyyətcə, mənəvi keyfiyyət baxımdan başqa-başqa insanlardır. Sanki bu insanların uşaqlıq, gənclik illəri birlikdə keçməyib.
Teymurov şirkətin yeni işçisi, otuz iki yaşlı Kənanı (iki aydır bu şirkətdə çalışır) kabinetinə çağırtdırır. Teymurovun necə bir adam olduğu barədə məlumatlı olan Kənan tərəddüd içində və həyacanla baş direktor müavininin otağına daxil olur.
Kənanı aşağıdan yuxarı süzən Teymurov kobud şəkildə dillənir:
– Əəə, bilirsən sənin bəxtin nədə gətirib?
– Bilmirəm, cənab Teymurov (Kənan təəccüblə dillənir).
– Bəxtin onda gətirib ki, sən bu şirkətə işə düzələndə mən məzuniyyətdə olmuşam. Səni Cəlal müəllim şəxsən özü işə götürüb. Yoxsa səni işə götürərdim? Əlbəttə, yox. Mənim işə götürməklə bağlı bir neçə şərtim var.
– Müəllim, nə şərtlərdir o? – deyə Kənan soruşur.
Teymur təkəbbürlü, özündənrazı halda “şərtlərini” açıqlayır:
– Birinci şərtim odur ki, işə götürdüyüm adam mənə “şirinlik” versin. Necə deyərlər, əl əli yuyar, əl də üzü. İkinci şərtim isə ondan ibarətdir ki, işə götürdüyüm işçi “öl” desəm, ölməli, “qal” desəm, qalmalıdır. Təbii ki, istisnalar da var. Məsələn, kiminsə “daydayısı” varsa, ona güzəştlər edirəm. A gədə, sənin “daydayın” varmı?
Kənan cavab verdi:
– Kimdi, əəə, sənin adamın?
Teymurov Kənanın bu cavabına qəhqəhə çəkərək gülür:
– Get o zaman “daydayına” – Allaha de ki, gəlib məni görər. Bunun “daydayısı”na bax. Əşşi, adamın “daydayısı” nazir olar, prokuror olar, səninki də Allah. Gəlsin yanıma, görüşüb söhbət edək.
Daha sonra Teymurov əsəbləşərək Kənanı otağından qovur:
– Rədd ol otağımdan, yaramazın bir yaramaz. Yadında saxla, sən burada çox işləyə bilməzsən! Çünki sən işə girəndə mənim “xeyir-duamı” almamısan.
Kənan dinmədən, sakitcə otağı tərk edir. Bilirdi ki, nə desə də, xeyri yoxdur. Çünki Teymurov mənliyini, insalığını itirmiş bir adamdır.
Kənan gah Teymurovun sözlərini, gah da evdə onun himayəsində olan xəstə ata-anasını fikirləşir. Axı o, işi haradan tapacaq? Bu işi də təzə, özü də çətinliklə tapıb. Ancaq bir tərəfdən də şirkətin rəhbəri Cəlal Həsənovun alicənab, yaxşı insan olduğuna inanır. İnanır ki, Həsənov bu işlərə əncam çəkəcək.
O həm də inanır ki, ilahi ədalət öz sözünü deyəcək. Mütləq haqq-ədalət öz yerini tapacaq. Haqsızlıq, ədalətsizlik daimi ola bilməz. Gec də olsa, hər kəs mükafatını, ya da cəzasını alır. Bu mütləqdir! Kiminsə həyatını zülmətə döndərənin həyat yolları işıqlı ola bilməz. Teymurov, bəlkə də, bunları dərk etmir. Çünki dərk etmək üçün insan dərin zəkaya, ağıla və saf ürəyə sahib olmalıdır.
Şirkətdə gözlənilən iclas başlayır. Teymurov əmindir ki, bu iclasda Kənanın “taleyi” həll olunacaq, özü də onun (Teymurovun) istədiyi kimi. Yəni o, öz arzusuna çatacaq. Ancaq necə deyərlər, Teymurov saydığını saysın, gör fələk nə sayır. İclasda onun gözlədiklərinin tam əksi baş verir. Şirkət rəhbəri Cəlal Həsənov çıxış edərək görülən və görüləcək işlər barədə məlumat verir. Və beləliklə, Teymurovun qanını, daha doğrusu, həyatını qaraldan an gəlib çatır. Bu anı ilahi ədalətin ədalətsizlik, haqsızlıq üzərində qələbəsi kimi də dəyərləndirmək olar.
Cəlal Həsənov şirkətin direktor müavini Teymurov Məhəmməd Səfa oğlu ilə bağlı hüquq mühafizə orqanlarına xeyli sayda və təkzibolunmaz şikayətin daxil olduğunu bildirir:
– Bunun nəticəsi olaraq Teymurov vəzifəsindən azad olunur. Digər hüquqi prosedur məsələləri aidiyyatı qurumlar həyata keçirəcək. Yəni onun haqqında qanun öz sözünü deyəcək.
İclası məyus və məğlub halda tərk edən Teymurov şirkətin dəhlizində Kənanla qarşılaşır.
– Cənab Teymurov, axır ki, sizin hegemonluğunuzun, haqsızlığınızın sonu çatdı. Kiminsə inamından sui-istifadə edərək ədalətsizlik etmək ən böyük şərəfsizlikdir. Axır ki, haqq, ədalət qələbə çaldı. Bu mütləq olmalı idi. Gec də olsa, baş verdi. Heç kəsə heç zaman yuxarıdan aşağı baxmayın. Çünki hamımızdan yuxarıda duran Allah var. O imkan verməz ki, sizin kimilərin haqsızlığı daimi olsun.
Kənanın bu sözləri onsuz da ürəyi qan ağlayan, payızda xəzan vurmuş yarpaqlar tək saralmış, solmuş Teymurovu daha da sarsıtdı.
Azərbaycan Yazıçılar Birliyinin üzvü
İlahi ƏdaləT
«Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq (Haqqa tapınaraq) O qüvvət və hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər». 1
«Göyü O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu!» 2
«Biz göyləri, yeri və onların arasında olan hər şeyi yalnız haqq-ədalətlə (hər şeyi yerli-yerində bir-birinə uyğun şəkildə) yaratdıq». 3
«. Allahın izni olmadan (qiyamətdə) onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər. » 4
«. Onlar (dünyada) etdikləri bütün əməllərin (öz qarşılarında) hazır durduğunu görəcəklər. » 5
«İman gətirib yaxşı əməllər edənlərə gəldikdə isə, Biz (o cür) yaxşı işlər görənlərin mükafatını zay etmərik!» 6
MÜQƏDDİMƏ
Yaşadığımız dövr, dini və e’tiqadi baxımdan hamı üçün, xüsusilə gənc nəsil üçün iztirab, böhran və çaşqınlıq əsridir. Dövrü şərait bir sıra problemlər yaratmış, unudulmuş köhnə sualları bir daha ortaya atmışdır.
Görəsən biz bu şəkk və tərəddüdlər burulğanından, şübhə və suallar hücumundan narahat olaraq təəssüflənməliyikmi?
Mənim fikrimcə bu barədə nigaran olmağa heç bir əsas yoxdur. Şəkk yəqinin, sual vüsalın, iztirab isə rahatlıq və asayişin müqəddiməsidir. Şəkk-şübhə sabitlik üçün münasib mənzil və dayanacaq olmamasına baxmayaraq, həqiqətə çatmaq üçün yaxşı və lazımı keçiddir. İnsanları bu qədər təfəkkür və yəqinliyə də’vət etmiş islam dini dolayı yolla bəşəriyyətin ilkin vəziyyətinin nadanlıq və şəkk olmasını, onun düzgün təfəkkür və düşüncə ilə yəqinliyə çatmalı olduğunu bildirir.
Filosoflardan biri belə deyib: Bizim sözlərimizin yeganə faydası səni şəkk və tərəddüdə salaraq yəqinlik dalınca göndərmək də olsa, kifayətdir.
Şəkk-şübhə iztirab və narahatçılıqdır, amma bütün rahatlıqlar da bu narahatçılıqlardan üstün deyildir. Heyvanlar şəkk etmir, amma sizcə onun bu şəkk etməməsi heyvanın yəqinliyə çatması deməkdirmi?! Mə’lum məsələdir ki, bu qisim rahatlıq şəkk-şübhədən də aşağı dərəcəli rahatlıqdır. Amma yəqin əhlinin rahatlığı bunun əksinə olaraq, şəkkdən üstün olan rahatlıqdır.
Biz hələ Allahdan ilahi feyz və ilham alan bə’zi insanlardan danışmırıq. Yəqin əhli şəkk və tərəddüd mərhələsini arxada qoyaraq iman və yəqin dərəcəsinə çatmışdır. Buna görə də əsrimizin şəkk-şübhə əsri olması zəmanənin elmi-ictimai süqutuna dəlalət etmir. Əslində bu qisim şəkk cəmiyyətdə daha çox müşahidə edilən sadəlövhlük rahatlığından üstün olmasa da, aşağı deyildir.
Bu barədə təəssüf doğuran məsələ şəkkin insanı araşdırma və tədqiqat aparmağa sövq etməməsi və ya ictimai şəkk-şübhələrin bə’zi insanları cavab axtarıb tapmaq məqamına vadar edə bilməməsidir.
Əlimə qələm alaraq kitab və ya məqalə yazmağa başladığım son iyirmi ildə, bütün yazılarımda düşündüyüm yeganə şey yaşadığımız əsrdə islami məsələlər barəsində yaranmış sual və şübhələri həll etmək olub.
Yazılarımın bə’zisi fəlsəfi, bə’zisi ictimai, bə’zisi əxlaqi, bə’zisi isə fiqhi və ya tarixidir. Həmin yazıların mövzuları bir-birindən tamamilə fərqli olsalar da, onların hamısının ümumi hədəfi yalnız və yalnız bir şey olub.
Zühurundan on dörd əsrdən artıq vaxt keçməsinə baxmayaraq, müqəddəs islam dini hələ də tanınmaz qalmış bir dindir. Bu dinin həqiqətləri uzun müddət xalq arasında təhrif olunmuş formalarda əks olunub. Bə’zi şəxslərin dindən qaçmasının əsas səbəbi də bu ad altında aparılmış səhv tə’limlərdir. Bu müqəddəs dinə hal-hazırda da ən çox zərbə vuranlar zahirdə onu himayə etmək istəyən iddiaçılardır. Bir tərəfdən qərb imperializminin gizli və aşkar ünsürlərlə hücumu, digər tərəfdən də əsrin islam hamiləri iddiaçılarının məs’uliyyətsizlikləri bu dinin müxtəlif sahələrdə ideoloji hücumlara mə’ruz qalmasına səbəb olub. Buna görə də mən öz bacarığım çərçivəsində bu sahədə əlimdən gələni etmək fikrindəyəm.
Başqa yazılarımda qeyd etdiyim kimi, bir daha təkrar edirəm ki, bizim dini nəşriyyatlarımız nəzm baxımından xoşagəlməz vəziyyətdədir. Hələ bu barədə üzdəniraq və rüsvayçı yazılardan danışmıram. Bizim faydalı və xeyirli yazılarımız da nəşriyyatlarımız kimidir, yə’ni onlar da ehtiyacların mülahizə olunması və tələbatın qruplaşdırılması əsasında hazırlanmayıb. Hamı öz ağlı ilə faydalı hesab etdiyi mövzuları yazaraq çap etdirir, halbuki elə lazımı və zəruri məsələlər də vardır ki, onların barəsində heç bir şey yazılmır.
Bu məsələni iqtisadiyyatı ictimai tələbata əsaslanmayan, əhalisi istədiyi şeyi istehsal, idxal və ixrac edən ölkəyə bənzətmək olar. Başqa sözlə desək, burada hər şey təsadüfün ixtiyarına buraxılıb. Mə’lumdur ki, belə bir vəziyyətdə bə’zi mallar tələbatdan çox istehsal və idxal edilərək istifadəsiz qalacaq və bə’zi mallar isə tapılmayacaq.
Məsələnin həlli nədədir? — Əlbəttə sualın cavabı çox sadədir. Bu işin çarəsi tədqiqatçılar, müəlliflər və oxucuların birgə əməkdaşlıq və həmkarlığındadır.
Amma təəssüflər olsun ki, biz öz düşüncə və davranışımıza o qədər vurğun oluruq ki, hər birimiz ancaq öz getdiyimiz yolu düzgün sayırıq. Mən bu təklifi qələm əhlindən bə’zilərinə demişəm, amma onlar bu məsələyə müsbət yanaşmaq əvəzinə, inciyərək bu fikri öz yaradıcılıqlarına qarşı bir növ maneə kimi qiymətləndiriblər.
Mən heç vaxt öz seçdiyim və barəsində yazılar yazdığım mövzuların ən lazımı və aktual mövzu olmasını iddia etməmişəm. Yeganə iddiam budur ki, öz iste’dad və qabiliyyətim çərçivəsində islami məsələlər barəsindəki problemləri həll etməyə, həqiqətləri olduğu kimi açıqlamağa və əgər əməli azğınlıqların qarşısını ala bilmirəmsə də, heç olmasa fikri və ideoloji azğınlıqlarla mübarizə aparmağa, xüsusilə islam düşmənlərinin əllərində bəhanə olan məsələlərin aydınlaşdırılmasına çalışmışam. Bu işdə heç olmasa «daha əhəmiyyətli və daha zəruri» mövzuların araşdırılması məsələsinə üstünlük vermişəm.
Son üç-dörd ildə vaxtımın çox hissəsini islamda qadın məsələləri və onların hüquqları ilə bağlı mövzulara sərf etmişəm. Onların çoxu bə’zi qəzet və jurnallarda məqalə şəklində və ya bə’zi nəşriyyatlarda kitab formasında çap edilmişdir.
Vaxtımı bu işə sərf etməyimin əsas səbəbi bu sahədəki problemlərin təkcə əməli azğınlıqlara deyil, ideoloji və elmi sahələrə də nüfuz etməsi ilə bağlıdır. Bir qrup şəxs öz çıxışlarında, təhsil mərkəzlərində, kitab və məqalələrdə islamda qadının hüquq və vəzifələri barəsindəki nəzərlərini səhv şəkildə irəli sürərək onlardan islama qarşı təbliğ vasitəsi kimi istifadə edirdi. Necə deyərlər «özləri öldürüb, özləri də yas tuturdular». Təəssüflər olsun ki, müsəlman xalqımız bir çox mövzular kimi, bu barədə də islamın məntiqi ilə qətiyyən tanış deyillər. Məhz buna görə də belə üzdəniraq müəlliflər kişi və qadınlığından asılı olmayaraq, bir çoxlarını islama qarşı bədbin edə bilmişlər. Onların islam məntiqinə irad tutmasının qeyri-mümkünlüyünü və bu dinin qadın və onun hüquqları barəsindəki sarsılmaz məntiqinin, onun ilahi və qeyri-bəşəriliyinin dəlili olmasını başa düşmələri üçün həmin məsələni açıqlamaq qərarına gəldim.
Qeyd etməliyik ki, bu kitabın mətləbləri «İrşad» islam mədəniyyət mərkəzindəki bir neçə çıxışımın kağız üzərinə köçürülərək bir qədər genişləndirilmiş formasıdır. Mə’lum məsələdir ki, şifahi çıxış formasında söylənən nitqin kitab halına salınması olduqca çətin məsələdir, xüsusilə mənim çıxışlarım üzərində yenidən düzəlişlər aparılmasa, onlar heç cür çapa yararlı olmayacaq. Bundan əlavə, çap edilməsi planlaşdırılan çıxışların mətləblərinin olduğu kimi saxlanılması ilə kifayətlənmək də olmaz. Buna görə çapdan əvvəl, mətni bir daha oxuyaraq ona bir çox mətləbləri artırdım, ədəbi, bədii və tərtibi baxımından da bə’zi düzəlişlər etdim.
Kitabdakı mətləblər barədə onu deyə bilərəm ki, mövzuların hamısı diqqətlə seçilib və onlardan heç biri təsadüfi olaraq qələmə alınmayıb. Barəsində söhbət edilmiş bütün məsələlər müxtəlif qruplar tərəfindən, xüsusilə gənclərlə söhbət etdiyim zaman irəli sürülmüş məsələlərdir. Əslində kitabdakı mətləblər bu vaxta qədər məndən bu mövzular barəsində dəfələrlə soruşulan məsələlərin cavabıdır. Bu barədə olan suallar o qədər çox idi ki, məni onların hamısına ümumi bir cavab hazırlamaq fikrinə saldı.
Bu kitabda gətirilən mövzular həm əqli, həm də nəqli cəhətlərdən araşdırılıb. Təbii ki, nəqli cəhətlərdə Qur’ani-kərimin ayələrinə, Peyğəmbər (s) və İmamlardan (ə) nəql edilmiş hədislərə istinad edilib. Amma əqli cəhətdən araşdırmalar apararkən iki yoldan birini — fəlsəfi və ya kəlami sahələrədən birini seçməkdən başqa çarə yox idi. Mən bu barədə kəlam alimlərinin dəlil mənbələrini düzgün hesab etmədiyim və islam filosoflarının üslubunu daha tutarlı saydığım üçün birincidən tamamilə çəkinərək ikincidən istifadə etdim. Əlbəttə, yeri gələndə kəlam alimlərinin və hətta bə’zən hədis əhli və təcrübi qaydaların mənbələrinə də toxunmuşam. Məsələ ilə yaxından tanış olanlar bilirlər ki, islam filosofları kəlam alimlərinin əksinə olaraq, «İlahiyyat» məsələlərində «ədalət» adlı xüsusi bölmə və fəsil açmayıblar. Filosofların bu barədəki fikirlərini onların digər mövzulardakı bəhslərindən çıxarmaq lazımdır. Buna görə də bu mövzuda bəhs etmək mənim üçün elə də asan olmadı.
İndiyə kimi filosofların əsərlərində «İlahi ədalət» məsələsini birbaşa irəli sürərək bu barədə fəlsəfi üsulla araşdırma aparmış müstəqil fəsil və ya bölməyə rast gəlməmişəm. İbni Nədim «Əl-fehrest» kitabında belə yazır: Yəqub ibni İshaq Kəndi İlahi ədalət barəsində kitab yazıb. Həmin kitabın hal-hazırda mövcud olub-olmaması barəsində mə’lumatım yoxdur. Həmçinin, o kitabın fəlsəfi, yaxud kəlami üslubda olmasından da xəbərsizəm. Xacə Nəsirəddin Tusi kimi bə’zi filosoflar öz yazılarında bu məsələ barəsində kəlam alimlərinin üslubu ilə bəhs ediblər. Amma onların fəlsəfi fikirlərini nəzərə alsaq, deməliyik ki, həmin açıqlamalar isbati deyil, bir növ müraciət və qane etmək xarakterli olub.
Kitabda adı çəkilən Yəqub ibni İshaq Kəndi çox qədim islam filosoflarındandır və o, ərəb soylu olduğu üçün ərəb filosofu ləqəbi ilə məşhurlaşmışdır. O, adətən öz əsərlərində fəlsəfi üsullarla bəhs etmişdir və buna görə də onun kəlami üslubda nə isə bir fikir söyləməsini məqbul saymırlar.
Son vaxtlar alimlərdən biri İbni Sinanın bu barədə kitab yazdığını söyləyirdi. Amma təəssüflər olsun ki, mən hələ də həmin kitabı əldə edə bilməmişəm.
Kəlam alimləri isə filosofların əksinə olaraq, bir sıra dini və tarixi səbəblərdən «ilahi ədalət» məsələsini öz bəhslərinin sərlövhəsində yerləşdiriblər. Ədalət məsələsi kəlam elmində elə əsasa çevrilib ki, hətta bə’zi qruplar tarixdə bu adla məşhur olublar.
Comments are closed, but trackbacks and pingbacks are open.