Press "Enter" to skip to content

Məmmədəli Allahverdi oğlu Babaşlı (ilahiyyət elmləri namizədi)

Sonrakı “dünya”ların müəllifləri isə – Budda, Nizami, İbn Sina, İbn Ərəbi, Əl Qəzali, Nəsimi, Seyid Yəhya Bakuvi, Sührəvərdi, Borxes, Tolstoy, Rey Bredberi, Artur Klark, İdris Şah, Orxan Pamuk, Ayzek Azimov, Çingiz Aytmatov, Asif Ata, İsa Muğanna, Vaqif Bayatlı Odər, və başqaları oldu.

Yazıçılar danışırlar: “Mədrəsədə bu kitabları oxuyub ağlayırdım” – SORĞU

Səfər Alışarlı: “Məni hansısa bir kitabın dəyişdiyini demək çətindir. Küll halda rus və Avropa klassik ədəbiyyatını oxuyandan sonra dünyaya baxışımın, ədəbi zövqümün və estetik qavrayışımın tədricən necə dəyişdiyini sonralar dərk etdim. Mənə elə gəlir ki, bu proses indinin özündə də davam edir. Bununla belə, mənim fikrimcə, böyüklüyündən və kiçikliyindən asılı olmayaraq, hər bir əsər adama ciddi təsir etməlidir, onun ali hisslərini gücləndirməli, pis hisslərini məhdudlaşdırmalıdır. Yazıçılar bütün əsərlərində buna nail ola bilmir. Ancaq yaradıcılığın mahiyyəti buna bağlıdır. Ən böyük yaradan Allahdır, insanın ondan sonra nəsə yaratmaq cəhdləri öz-özlüyündə xeyli aşağı səviyyənin işidir, hətta gülüncdür”.

Etimad Başkeçid: “Açığı, bədii əsərin hansısa insanın həyatını büsbütün dəyişməsi faktına rast gəlməmişəm. “Filan kitabı oxudum, həyatım alt-üst oldu” tipli bəyanlara da inanmıram. Bəlkə, ona görə ki, bədii əsərlərdəki əyləncə elementi onların toxunduğu mənəvi problemlərə bir qədər hipotetik məna verir. Kimsə bunun əksini də iddia edə bilər, amma çətin ki, onun bu məsələylə bağlı ciddi faktları olsun. Nakam sevgidən əziyyət çəkən bir neçə qızın Yeseninə görə özünü həlak etməsi xaric. Hər halda, Eynşteyn Dostoyevskini sevdiyinə görə Eynşteyn olmayıb.

Qələm əhli hər vəchlə ədəbiyyatın insana təcir gücünü şişirtməyə meyillidir. Bunu başa düşmək olar, amma iddia gerçəkliyə söykənmir. Belə şeylərlə ancaq bədii ədəbiyyatın özündə rastlaşmaq olar. Məsələn, “Dorian Qreyin portreti”ndə qəhrəmanın oxuduğu roman onun bütün həyatını dəyişir. Bu tipli başqa misallar da olmamış deyil. Amma səmavi kitabları oxuyub, yaxşı və pis mənada havalanan insanların sayı-hesabı yoxdur. Yaxud, tutalım, Marksın “Kapital”ı bütöv nəsillərin həyatına təsir edib və s.

Yaxud Napoleonun bioqrafiyasını oxuyub, aləmi bir-birinə qatan insanların sayı-hesabı yoxdur”.

Cəlil Cavanşir: “İlk dəfə Valentina Oseyevanın “Vasyok Trubaçov və yoldaşları” kitabını oxuyanda ağlamışdım və Qarabağ müharibəsinin partizanı olmaq istəmişdim. Onda hələ 4-cü, ya da beşinci sinifdə oxuyurdum.

Uşaqlıqda mütaliə elədiyim kitabların siyahısı çox qarmaqarışıqdır. Xatırlamağa çalışıram: “Robinzon Kruzo” , “Başsız atlı”, “Min bir gecə”, “Ulenşpigel əfsanəsi”, “Baskervillərin iti”, “Tom Soyyerin macəraları”, “Şahzadə və dilənçi”, “Martin İden”, “Üç müşketyor”, “Qılınc və qələm”, “Tom dayının daxması”, “Kapitan Qrantın uşaqları”, “Yad gəlini”, “Fosforlu Cevriyyə”, “Ömür kitabı…”

Sonra mədrəsə illərim başladı. Onda 6-cı sinifə yenicə başlamışdım. Ərəb əlifbasını öyrəndikdən sonra dünyəvi kitablarla aramda böyük bir uçurum yarandı. Mədrəsə illərində oxuduğum ilk iri həcmli əsər “Xatəmül-Ənbiya” oldu.

Daha sonra “Quran”ın türkcə tərcüməsini və Osman Nuri Topbaşın və Musa Topbaşın kitablarını oxumağa başladım.

Mədrəsədə oxuya biləcəyimiz bədii kitablar da vardı. Hekimoğlu İsmailin “Minyeli Abdullah”, “Maznun”, Şule Yüksel Şenlerin “Huzur Sokağı” romanları hafizlik mədrəsəsində oxuduğum dönəmlərin ən sevimli kitabları idi.

Mədrəsə illərimdə mən yalnız bir kitabdan çox təsirlənişdim – Nəcib Fazil Qısakürəyin “Tarih boyunca ən böyük mazlumlar” romanından. Bir həftə ağlamışdım kitabı oxuya-oxuya. İnanmıram ki, Kərbəla müsibətini bu qədər təsirli təsvir edən ikinci bir əsər yazılmış olsun.

Mədrəsədən ayrılandan sonra yenə dünyəvi kitablar oxumağa başladım.

Sonra əsgərlik, yenə mədrəsə və universitet illəri.

Əsgərlikdən sonra uzun müddət dini kitabları əlimdən yerə qoymadım. İmam Qəzalinin “Kimya-yı Seadet”, “Mişkatul envar”, “İhyayi Ulumiddin”, “Qəlblərin kəşfi” Arabinin “Kitabül Vasaya” əsərlərini hərbi xidmətdən sonra təhsil aldığım mədrəsədə oxudum.

Sonra universitet illəri başladı. Kamyu, Nitşe, Balzak, Hüqo, Drayzer, Freyd və onlarla başqa müəllifin dillərə dastan olan kitabları.

Universitet illərində yalnız Drayzerin “Dahi”sinə ağladım.

Məni sarsıdan və ən böyük kitab hesab elədiyim “Məsnəvi”ni tələbəlik illərimdə oxudum”.

Elmin Nuri: “Elə kitablar, əsərlər olub ki, onları oxuyandan sonra dünyaya başqa pəncərədən boylanmalı, başqa bir “eynəy”in altından aləmi müşahidə etməli olmuşuq. Dünyaya yanaşmamı ilk olaraq dəyişən kitab – Mövlanənin “Məsnəvi”si oldu. O zaman ikinci kursda oxuyurdum və heç kəsə açıb deyə bilmədiyim, sanki öz kəşfim olan dünyanın orada yatdığını gördüm. Daha sonra Xətainin sufi məzmunlu gəraylı və qoşmaları, Dostoyevskinin “Karamazov qardaşları” romanı, Çexovun “6 nömrəli palata” kimi möhtəşəm əsərləri bu fərqli dünyanın qapılarını daha da genişləndirdi. Mövzu və ruh fərqli olsa da, onlar mənə fərqli dünyalar bağışladılar.

Daha sonra Paulo Koelyonun “Əl kimyagər”, “İşıq savaşçısının kitabı” romanları da dünyaların sayını artırdı. Bu əsərlər intellektual ədəbiyyata aid olmasalar da, daima baş sındırdığım, gizli şifrələr, rəmz və işarələrin dilini, həqiqətə aparan simvolikanı burada tapa bildim.

Sonrakı “dünya”ların müəllifləri isə – Budda, Nizami, İbn Sina, İbn Ərəbi, Əl Qəzali, Nəsimi, Seyid Yəhya Bakuvi, Sührəvərdi, Borxes, Tolstoy, Rey Bredberi, Artur Klark, İdris Şah, Orxan Pamuk, Ayzek Azimov, Çingiz Aytmatov, Asif Ata, İsa Muğanna, Vaqif Bayatlı Odər, və başqaları oldu.

Platonovun “Can”, böyük Hessenin “Siddhartha”, “Demian”, “Muncuq oyunu” kimi romanları və kiçik esseleri də fərqli dünyanın özü idi. Bir kitabın da adını mütləq deməliyəm: BDU-nun dosenti Mətanət Abdullayevanın “Bədii ədəbiyyat ezoterik xəzinə kimi” kitabı mənim klassik ədəbiyyata baxışımı tamamilə dəyişdi.

Mirmehdi Ağaoğlu: “Konkret bir kitab adı çəkmək çətindir. Çünki mənə elə gəlir ki, oxuduğum bütün kitabların təsiri olub. Lap uşaq yaşlarımdan oxuduğum kitablardan öyrənməyə çalışmışam. Bu, etik mənada da ola bilər, dünyagörüş mənasında da, sırf yazıçılıq ustalığı mənasında da.

Bəlkə, sadəlövhlük çıxacaq, uşaq vaxtı Əlisə Nicatın “Qzılbaşlar” əsərini oxuyanda orda bir obraza rast gəlmişdim – təəssüf ki ,adını indi unutmuşam – o qəhrəmana çuğulluq etməyi tapşırırlar. Amma o, bunu etmir, deyir kiminsə səhvini görsəm özüm həll edərəm, daha gəlib kiməsə demərəm.
Nədənsə bu obraz mənim yadımdan çıxmayıb. Hər dəfə oxşar situasiya ilə qarşılaşanda həmin obraz gəlib durur gözümün qabağında və mən öz-özümə deyirəm ki, Mirmehdi, oxuduqlarına, öyrəndiklərinə xəyanət etmə, və sair və ilaxır…

Bax belə, bu mənada bütün kitablar mənə necəsə təsir edib, formalaşmağımda, bu yaşıma gəlməyimdə müstəsna rolu olub. Bu təsirin anormal forması da olur. Con Lennonu öldürən Çapmanı deyirəm. Cinayətdən sonra onun cibindən Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” əsəri çıxmışdı və dindirilmə zamanı ondan soruşanda ki, bu cinayəti sənə törətməyi kim tapşırmışdı, o , cavab vermişdi: “Holden Kolfild”.
Mən hətta kitabın belə bu cür təsirini təhlükəli hesab edirəm. Necə ki, dünyanın hər yerində milyardlarla insan böyük kitabların mənfi təsirinə düşərək qan tökürlər. Halbuki o kitablar qan tökmək üçün göndərilməmişdi”.

Sərdar Amin: “Ədəbiyyata klassik əsərləri mütaliə ilə başlamışam. İlk inqilabi estetik fərqlə Orxan Fikrətoğlunun “Səhər” hekayələr kitabında rastlaşmışdım. 1990-cı illərdə nəşr olunan bu kitabda qayıqda batan adamın son sözləri mənə çox qəribə görünmüşdü, “Qayığa su dolur, batıram, batıram, batır. bat.. bbb. ” Elə bil bir anlıq bütün oxuduqlarım mənə qəribə göründü. İlk dəfə 1-ci, 3-cü şəxsin dilindən yazılan əsərlərin fərqini, ümumiyyətlə, ədəbiyyatın mahiyyətini beynimdə fərqli taxçaya yerləşdirdi. Sonralar Pamuk bu fərqi bir az başqa yöndə dəyişdi: “Qara kitab”ı ilə. Ədəbi düşüncəmə təsir edən, hazırda xatırladığım bu iki kitabı fərqləndirə bilərəm. Ümumilikdə yaranışa, mətnə, sözə münasibətimə təsir edən əsərlərdən isə İsa Muğannanın “İdeal”ını, Kamal Abdullanın “Yarımçıq əlyazması”nı deyə bilərəm. Bir də “Kitabi Dədə Qorqud”u ikinci dəfə oxumağımın təsirini dana bilmərəm”.

Ramin Paşazadə: “Mənim həyata baxışımı dəyişmək mərhələli şəkildə baş verib. İlk olaraq həyata olan baxışlarımı valideynlərim yaradıb. Sonra indi həyatda olmayan müəllimlərim formalaşdırıb. Daha sonra Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Hüseyn Cavid, Məhəmməd Hadi, Əhməd bəy Ağaoğlu, Abasqulu Ağa Bakıxanov, Cəmaləddin Əfqani kimi şəxslərin əsərlərini oxuyandan sonra bir millət kimi kim olduğumuzu, dünyada hansı yeri tutduğumuzu, hansı dəyərlərimizə söykənərək, hara getdiyimizi anlamışam.

Seyid Yəhya Bakuvi, Şəms Təbrizi kimi zatların mənə mənəvi yöndə qoyduqları təsiri isə xüsusi vurğulamalıyam. Onların sayəsində anlamışam ki, insan ilk növbədə özünü tanımalıdır. Özünü tanımayan insan heç kimi, heç nəyi yaxşı tanıya bilməz

İntellektual yöndə baxışlarımı formalaşdırmaqda Azad Mirzəcanzadə və Qorxmaz Quliyev kimi adamların böyük təsiri olub. Hər zaman onların məqalələrini, çıxışlarını, kitablarını “acgözlüklə” oxuyub, ləzzət almışam.
Ədəbiyyatda isə Tolstoy, Dostoyevski, Nabokov, Hüqo, Borxes, Folkner, Pamuk və Züskind kimi dünya yazarları isə mənə ədəbiyyatın, sənətin nə olduğunu anladıblar. Onları oxuyub bilmişəm ki, çağdaş dünyada sənətin və ədəbiyyatın rolu nədən ibarətdi, sənət nədir və necə olmalıdır”.

Fərid Hüseyn: “Mənə müxtəlif məqamlarda ayrı-ayrı kitablar təsir edib, onlardan parçalar, misralar, həqiqətə “tuşlanmağıma” səbəb olub, ucadan baxmağa gen yer veriblər mənə. Ancaq həyatım nə dərəcədə dəyişib, bunu dəqiq deyə bilmərəm. Məsələn, Qətran Təbrizinin mədhiyyələrindəki düzümlü ifadələr, metafora sistemi mənə təsir edib, həmin misraları şaha yox, Allaha, qadına aid edəndə görmüşəm ki, o, necə nəhayətsiz bir istedad payı bağışlanmış şair olub, ancaq dövranın əlindən salamat çıxa bilməyib, bunu dərk edib sarsılmışam.

Tolstoyun “Etiraflar”ım, “Susa bilmirəm” müraciətini oxuyanda gözüm dolub, ürəyimdəki təsiri duymuşam. Lermontovun “Zəmanəmizin qəhrəmanı”nı oxuyanda həvəsə, ötəriliyə nifrətim artıb. Yaxud “Qurani-Kərim”i oxuyanda “Hər kəs öz əməlinin girovudur” fikri qəlpə kimi canımda uzun müddət “gəzib”.

Bütünlüklə dəyişmək müşküldü. Güldüyün şeylərlə özün məşğul olmadan yaşamaq çətindi. Hər gün imtahan verə bilmək, çox ciddi daxili hazırlıq tələb edir. Cavanlıqsa vadaredicidi. Öyrənməklə bilməyin fərqi var. ”

Rəbiqə Nazimqızı: “Bütün kitablar nəsə iz qoyublar. “Uzuncorab Peppi”dən tutmuş müasir ədəbiyyat nümunələrinədək. Amma bir kitab əsaslı dönüş edib həyatımda. Depressiyadan çıxarıb, çoxlu dəyişiklik gətirib. Elə böyük ədəbi hadisə deyil, böyük ədəbiyyat olub-olmadığını da deyə bilmərəm. Amma Koelyonun “Kimyagər”indən sonra həyatımda mistik dəyşikliklər başladı. Əlbəttə, müsbət tərəfdən. Qara eynəyim çəhrayı ilə əvəz olundu. İndi bu mənə yaşamağa da kömək edir, həyatı, insanları sevməyə də. Başa düşmüşəm ki, niyyəti xoş olan, yaxşı şeylərə inanan adam mütləq hədəflərinə çatır”.

Sevinc Fədai

Məmmədəli Allahverdi oğlu Babaşlı (ilahiyyət elmləri namizədi)

Məhəmmədəli Allahverdi oğlu Babaşov 1959-cu il avqustun 6-da Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1966-1976-cı illərdə Faxralı kənd orta məktəbində təhsil almışdır. 1976-cı ildə Azərbaycan Dövlət Universiteti şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olmuşdur. 1980-ci ildə IV kursdan sonra Yəmən Xalq Demokratik Respublikasına ərəb dili tərcüməçisi kimi ezam olunmuşdur. 1980-1983-cü illərdə Yəmənin paytaxtı Ədən şəhərində tərcüməçi işləmişdir. 1983-cü ildə Yəməndən geri döndükdən sonra yenidən Universitetin V kursunda təhsilini davam etdirmişdir. 1984-cü ildə Universiteti bitirmiş və keçmiş SSRİ-nin Müdafiə Nazirliyinin xəttilə hərbi xidmət keçmək məqsədilə hərbi tərcüməçi olaraq Əlcəzairə göndərilmişdir. 1984-1986-cı illər ərzində Batna Ali Ümumqoşun hərbi məktəbində tərcüməçi və Biskra hərbi desant qüvvələri məktəbində baş tərcüməçi vəzifəsində xidmət etmişdir. 1987-ci ilin yanvar ayında baş leytenant rütbəsində ordudan tərxis olunmuşdur. 1987-ci ildə Azərbaycana dönərək “Bizim həyat” qəzetində tərcüməçi-müxbir vəzifəsində çalışmışdır. 1989-cu ildə SSRİ Jurnalistlər birliyinin üzvlüyünə qəbul olunmuşdur. 1989-cu ilin noyabr ayından e’tibarən Azərbaycan Respublikası Elmlər Akademiyası Əlyazmalar İnstitutunda baş laborant vəzifəsinə işə qəbul edilmişdir. 1994-cü ilin oktyabr ayına qədər həmin institutun “Ərəbdilli yazılı abidələr” şö’bəsində kiçik elmi işçi vəzifəsində elmi fəaliyyətini davam etdirmişdir. 1992-ci ilin sentyabr ayından 1995-ci ilin mart ayına qədər Türkiyənin xeyriyyəçi-maarifpərvər “Çağ” öyrətim işlətmələri şirkətinin Azərbaycan təmsilçisi olaraq fəaliyyət göstərmişdir. 1994-cü ilin oktyabr ayından “Qafqaz” Universitetinin xarici əlaqələr üzrə prorektoru vəzifəsində işləmişdir. Həmin dövrdən e’tibarən Universitetin dosenti, ilahiyyət fakültəsinin dekanı vəzifəsində çalışmışdır. Hal-hazırda həmin universitetin Dil tədrisi mərkəzinin müdiri və elm, tədris və xarici əlaqələr üzrə rektorun müşaviri vəzifəsində çalışmaqdadır. 1993-cü ildə Azərbaycan Respublikası EA Əlyazmaları İnstitutun dissertantı kimi başladığı “Şafii məzhəbi tərixində Yusif Ərdəbili və onun “əl-Ənvar li-’əməlil-əbrar” əsəri adlı tədqiqat işini tamamlamış və 20 iyun 1997-ci ildə ilahiyyat elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiyasını müdafiə etmişdir. İslamşünaslığa dair 2 kitabın tərcüməçisi, 16 elmi əsərin müəllifi və 2 kitabın elmi redaktoru olmuşdur.

Mənbə : REDAKTORDAN

“HƏR OCAQ YETİRMƏZ, HƏR ANA DOĞMAZ”

İncim, dürrüm, zər-nişanım Faxralı oğul­lar yetirib, el-el tanı­nıb, qibləgahım, səcdə­gahım Faxralıya başucalığı gətiriblər. Sözün həqiqi mənasında, ziyalı olublar. Məqalələr, kitablar ya­zıb, məqsədli araşdırmalar apa­rıb­lar. Tale verən ömrünü kitab­ların ömrü qədər uzadıblar. Borçalının Faxralı kəndi elə oğullar yetirib ki, saymaqla qurtarmaq olmaz. Şair Nəbi, Mirzə Rza Əlizadə, Mirzə Həbubulla Əli­zadə, Mirzə Seyfulla, Hidayət Turan, Şamil Qurbanov, Azər­baycan Respublikasında publisis­tikanın inkişafında müstəsna xidməti olan Respublikanın əmək­dar jurnalisti Məmməd Məm­mədov, Şəmistan Mikayılov, Namaz Bədəlov və s. ziyalılarla bütün Azərbaycan fəxr edir. Belə istedadlı ziyalılardan biri də M.Babaşovdur.

Babaşlı Məmmədəli Allahverdi oğlu 1959-cu il avqust ayının 6-da Gürcüstan Respublikası Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1966-1976-cı illər arasında Faxralı kənd orta məktəbində təhsil almışdır.

1976-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil ol­muş­dur. 1980-ci ildə universitetin IV kursundan sonra “Qlav­za­rubejselxoztexnika” birliyinin xəttilə Yəmən Xalq De­mokratik Respublikasına ezam olunmuşdur. 1980-1983-cü illər arasında Ədən şəhərində yerləşən irriqasiya üzrə sovet-yəmən layihələri baş idarəsinin nəzdində ərəb dili tərcüməçisi kimi fəaliyyət göstərmişdir. Ezamiyyət müddəti başa çatdıqdan sonra, 1983-cü ildə, Bakıya qayıtmış və yenidən universitetin V kursunda ali təhsilini davam etdirmişdir. Şərqşünas kimi yetişməsində tanınmış ərəbşünas alim professor Ələsgər Məm­mədovun və ərəb ədəbiyyatının dərin bilicisi professor Malik Mahmudovun xüsusi rolu olmuşdur. 1984-cü ildə həmin universitetdə ali təhsilini başa vuraraq filoloq, ərəb və Azərbaycan dilləri və ədəbiyyatı müəllimi, tərcüməçi ixtisasları üzrə məzun olmuşdur. Diplom müdafiəsi zamanı professor Ələsgər Məmmədovun təklifi ilə perspektivli gənc mütəxəssis kimi gələcəkdə elmi fəaliyyət göstərməsi məqsədilə Əlyaz­malar fonduna (indiki Əlyazmalar İnstititutuna) işə göndə­rilməsi barədə tövsiyə – qərar qəbul olunmuşdur.

Lakin universiteti bitirdikdən sonra hərbi xidmət keçmək məqsədilə SSRİ Müdafiə Nazirliyi tərəfindən hərbi tərcüməçi kimi Əlcəzairə göndərilmişdir. 1984-1987-ci illər arasında Əlcəzairin Batna şəhərində yerləşən Ümumqoşunlar Hərbi Məktəbində tərcüməçi, Biskra şəhərindəki Hərbi Desant Qüv`­vələri Məktəbində baş tərcüməçi işləmişdir. 1987-ci ilin yanvar ayında baş leytenant hərbi rütbəsi ilə ordu sıralarından tərxis olunmuşdur.

1987-1988-ci illər arasında “Bizim həyat” qəzetində tərcüməçi-müxbir vəzifəsində işləmiş və həmin dövrdə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul edilmişdir.

1988-ci ilin noyabr ayından etibarən isə Azərbaycan Res­publikası Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun ərəbdilli əlyazmalar şöbəsinə baş laborant vəzifəsinə işə qəbul olunmuşdur. May 1989 – noyabr 1991-ci il tarixləri arasında eyni şöbədə kiçik elmi işçi, 1991-ci ilin noyabr ayından 1995-ci ilin dekabr ayınadək isə elmi işçi vəzifələrində fəaliyyətini davam etdirmişdir.

1991-ci ilin oktyabr-dekabr aylarında Əlyazmalar İnstitutu tərəfindən üç ay müddətinə Türkiyəyə elmi ezamiyyətə göndə­rilmişdir. Ezamiyyət müddətində İstanbulda yerləşən Mərmərə Universitetinin ilahiyyat fakültəsində və Türkiyə Diyanət Vəq­finin İslam Ensiklopediyası kitabxanasında elmi işi ilə bağlı araşdırmalar aparmış, tanınmış mütəxəssislərdən məsləhətlər almışdır.

1991-1993-cü illərdə filologiya elmləri namizədi Nəsib Göyüşovla birlikdə transliterasiya edərək çapa hazırladığı, ön söz yazdığı və müvafiq lüğət tərtib etdiyi azərbaycanlı alim Əbu Turab Axundzadənin “İslamın təfriqəsi səbəbləri” adlı kitab 1993-cü ildə “Azərnəşr” tərəfindən çap edilmişdir.

1994-cü ilin avqust-sentyabr aylarında isə yenidən Əlyaz­malar İnstitutunun göndərişi ilə mərkəzi Londonda yerləşən “əl-Furqan” vəqfi, İstanbulda fəaliyyət göstərən İslam, Tarix, Sənət və Kültür Mərkəzi (İRSİ-KA) və Süleymaniyyə kitabxa­nası tərəfindən İstanbul şəhərində təşkil edilmiş “Ərəbdilli əl­yaz­malaların təsnifatı və kataloqlaşdırılması” mövzusunda bey­nəlxalq ixtisasartırma kursunun dinləyicisi olmuşdur. Həmin kursda ərəbcə əlyazmalarının təsnifatı və kataloqlandırılması mövzusunda dünyanın müxtəlif ölkələrindən xüsusi dəvət olun­muş alimlərin mühazirələrini dinləmiş, mütəxəssislərin rəh­bərliyi altında təcrübə keçərək müvafiq şəhadətnamə almışdır.

Elmi fəaliyyət göstərdiyi müddət ərzində, əsasən orta əsr ya­zılı abidələri əsasında klassik islam irsinin tədqiqi ilə məşğul ol­muşdur. Azərbaycan Elmlər Akademiyası Əlyazmalar İns­ti­tutunun dissertantı kimi şafii məzhəbinin sonuncu ən böyük abi­dəsi sayılan, uzun müddət Yaxın və Orta Şərqdə fəqihlər tərəfindən etimad olunan Azərbaycan fəqihi Yusif Ərdəbilinin “əl-Ənvar li-əməlil-Əbrar” adlı əsərini tədqiq etməyə başla­mışdır. Görkəmli ərəbşünas alim, professor Vasim Məmmə­dəliyevin rəhbərliyi altında və Mərmərə Universitetinin ilahiy­yat fakültəsinin dekanı İbrahim Kafi Dönmezin elmi məsləhəti ilə yerinə yetirilmiş tədqiqat işində ilk dəfə şafii məzhəbi, onun Azərbaycanda yayılması və inkişafı tarixi, əsərin üsul və füru baxımından tədqiqi, əlyazma nüsxələri, haşiyə və şərhləri geniş şəkildə araşdırılmışdır. 1997-ci ildə apardığı tədqiqatı başa çat­dıraraq Azərbaycan EA Şərqşünaslıq İnstitutunun nəzdindəki ixtisaslaşdırılmış Müdafiə Şürasında ilahiyyat elmləri nami­zədi elmi dərəcəsi almaq üçün dissertasiya işini uğurla müdafiə etmişdir.

Eyni zamanda, ilk dəfə olaraq XIX-XX əsrlərdə yaşamış təfsir alimi, mütərcim, Bakı quberniyasının baş qazısı Axund Mir Məhəmməd Kərim Mircəfərzadənin (1853-1938) həyat və fəaliyyətini araşdırmış, onun haqqında dövri mətbuatda məqa­lə­lərin nəşrinə, televiziya proqramlarının hazırlanmasına nail olmuşdur. Həmin dövrdə XX əsrin əvvəllərində Azərbaycanda xeyriyyəçilik prinsipləri əsasında geniş yayılmış milli maarif­çilik hərəkatının tarixini araşdırmış, silsilə elmi məqalələrlə və publisist yazılarla çıxış etmişdir.

Əlyazmalar İnstitutunda elmi fəaliyyətini davam etdirərkən, eyni zamanda, ictimai əsaslarla 1992-1995-ci illər arasında Türkiyənin “Çağ” Öyrətim İşlətmələri şirkətinin Azərbaycan üzrə ilk təmsilçisi vəzifəsini yerinə yetirmişdir. Həmin dövrdə “Çağ” Öyrətim İşlətmələri şirkətinin təsis etdiyi Qafqaz Universitetində ilk prorektor kimi fəaliyyətə başlamış və 1993-1997-ci illər arasında xarici əlaqələr üzrə prorektor vəzifəsində çalışmışdır. Daha sonra, həmin universitetin nəzdində açılmış ilahiyyat fakültəsinin dosenti (1997-1998) və dekanı (1999) və­zi­fələrində elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir. 2000-2001-ci illərdə isə, rektorun müşaviri və Dil tədrisi mər­kəzinin müdiri, filologiya fakültəsinin dekanı (2001-2006) vəzifə­lə­rin­də çalışmışdır. Həmin dövrdə – 2002-ci ildə Qafqaz Universi­tetində ərəb dili və ədəbiyyatı bölməsinin təşkil edil­məsində yaxından iştirak etmi. və bölmənin ilk müdiri (2002-2007) vəzifəsini icra etmişdir. 7-22 may 2006-cı il tarixlərində Misir Ərəb Respublikasının Qahirə Universitetində ərəb dili və mə­də­niyyəti mövzusunda təlim kursunda iştirak etmiş və şəhadət­namə almışdır.

Yuxarıda qeyd olunan vəzifələrlə yanaşı, 2003-cü ildən eti­barən bilavasitə onun təşəbbüsü ilə universitetin nəzdində təşkil edilmiş Tərcümə mərkəzinə rəhbərlik etməkdədir. Əsasən ingilis, rus, türk, ərəb və Azərbaycan dillərində qarşılıqlı yazılı tərcümələr həyata keçirən mərkəzdə şəxsən onun rəhbərliyi altında 10-dan çox elmi və bədii əsər, o cümlədən İlyas Əfəndiyevin “Geriyə baxma, qoca”, “Üçatılan” romanları və seçilmiş pyesləri, Vidadi Babanlının “Vicdan susanda” əsəri Türkiyə türkcəsinə uyğunlaşdırılmışdır.

2007-ci ilin yanvar ayından 2009-cu ilin oktyabr ayına qədər Qafqaz Universitetinin pedaqoji fakültəsinin dekanı və­zi­fəsində fəaliyyət göstərmişdir. 2009-cu ilin oktyabr ayından etibarən isə, Qafqaz Universitetinin ictimai əlaqələr üzrə pro­rek­toru vəzifəsində fəaliyyətini davam etdirir.

Ümumiyyətlə, islamşünaslıq və şərqşünaslığın müxtəlif mə­sə­lələrinə həsr olunmuş 60-dan çox elmi əsərin müəllifi olan M.Babaşlı namizədlik elmi dərəcəsi verən ixtisaslaşdırılmış müdafiə şuralarının üzvü olmuşdur. Təcrübə mübadiləsi və el­mi əməkdaşlıq imkanlarını araşdırmaq məqsədi ilə 1996-cı ildə İngiltərədə, 2009-cu ildə ABŞ-da işgüzar səfərlərdə olmuşdur. Bakı, İstanbul, İzmit, Sparta, Pusan (Cənubi Koreya), Biş­kek şəhərlərində islamşünaslıq və şərqşünaslığın aktual mə­sələləri, qloballaşma mövzusunda keçirilən respublika sə­viyyəli və beynəlxalq elmi konfranslarda iştirak etmiş və 30-dan çox elmi məruzəsi nəşr olunmuşdur. Ali məktəblərdə qeyri-ərəblərə ərəb dilinin tədrisi üçün nəzərdə tutulmuş 6 cilddən ibarət “Ərəb dili hamı üçün” dərs kitabının müəl­lif­lərindən biridir. İmam Qəzalinin “Qəlblərin kəşfi” adlı kitabını Azərbaycan dilinə tərcümə etmişdir. İslamşünaslığa aid 6 ki­tabın, o cümlədən İmam Nəvəvinin “Riyazüs-salihin” adlı müx­təsər hədis toplusunun ön sözünün, izah və şərhlərinin müəllifi və elmi redaktorudur.

Məmmədəli Babaşlı abırlı, savadlı, səviyyəli, ağır oturub, batman gələn ziyalıdır. Hər şeyin fövqündə insanlığı görən və insanlığı yüksək qiymətləndirən eloğludur.Və qızıldan qiymətli Faxralı və Borçalısını canı qədər sevir. Tanrı varlığına tapınan Məmmədəli Babaşlı, həm də Allah adamıdır. Böyük Nizami Gəncəvinin “Sən bir Allahnan ol, aləmi sel bassa belə, sanma bir tükün də rütubətdə ola” kəlamı sanki onun yol yoldaşıdır. Tanrı varlığına şəkk edənlər onnan ola bilməz. Məmmədəlinin yolu “dünyaya pak gəlib, pak gedənlərin” yoludur. Türk dün­yasının böyük söz sultanı Zəlimxan Yaqubun aşağıdakı bəndi Məmmədəli Babaşlının dilindən düşməyən duasıdır:

…Hər ocaq yetirməz, hər ana doğmaz,
Dünyaya pak gəlib, pak gedənləri.
Ucalan görmədim heç vaxt dünyada,
Tanrı varlığına şəkk edənləri…

Comments are closed, but trackbacks and pingbacks are open.