Press "Enter" to skip to content

İqtisadiyyatın Dövlət Tənzimlənməsi Metodları

Tədqiqat işinin əvvəlində səciyyələndirməklə verilən təsnifatdan göründüyü kimi bazar iqtisadiyyatı adlanan yeni iqtisadi sistemə keçid çoxlu sayda sosial problemlər doğurur. Bazar iqtisadiyyatı, xüsusən də xaotik hadisələrlə zəngin olan keçid mərhələsi insanlara əmək hüququ, standart həyat şəraiti ilə bağlı tam təminat vermir. Bu mərhələdə əhalinin az təminatlı hissənin xüsusən də təqaüdçülərin vəziyyəti daha da pisləşir. Yeni iqtisadi münasibətlərin doğurduğu sosial problemlər son dərəcədə ölkə əhalisinin mütləq əksəriyyətinin yoxsullaşmasına gətirib çıxarır.

MÖVZU V: İQTİSADİYYATIN DÖVLƏT TƏNZİMLƏNMƏSİ

Müasir dünyanın sivil dövlətlərində ibtidai sistemin əsası, aparıcı təsərrüfatçılıq forması kimi bazar iqtisadiyyatı çıxış edir. Genetik baxımdan bazar iqtisadiyyatı əmtəə təsərrüfatının (istehsalının) təkamülü inkişafının məntiqi nəticəsi olaraq meydana gəlmişdir. Bazar iqtisadiyyatında əmtəə istehsalı qərarlaşır və təşəkkül tapır. Bazar iqtisadiyyatının inkişaf etmiş əmtəə təsərrüfatı ilə adekvatlığı onun məzmunu və strukturunda əmtəə-pul münasibətləri sisteminin əlamət-cəhətlərinin, müvafiq atributlarının qalmasını və fəaliyyət göstərməsini zəruri edir. Başqa sözlə, bazar iqtisadiyyatının substansiyasında əmtəə təsərrüfatının mahiyyətini əks etdirən elementlər dayanır. Lakin, inkişaf etmiş mərhələ kimi bazar iqtisadiyyatında xalis əmtəə istehsalına aid olan üzvi elementlərlə yanaşı, yeni əlamət-cəhətlər, atributlar, mexanizmlər də meydana gəlir və formalaşır. Meydana gəlmə tarixi əmtəə təsərrüfatının azad (yetkin) rəqabət dövrünə təsadüf edən bazar iqtisadiyyatının özünə məxsus səciyyəvi xüsusiyyətləri vardır. Belə xüsusiyyətlərin ən qabarıqları tənzimləmə və təsərrüfatın idarə olunması ilə əlaqəlidir. Azad rəqabət dövrü əmtəə təsərrüfatının, yəni bazar iqtisadiyyatının meydana gəlməsinin ilkin mərhələsində iqtisadi münasibətlərin nizamlanması və tənzimlənməsi haqqında təlimin nəzəri əsasını Adam Smit yaratmışdır. Onun fikrincə azad rəqabət şəraitində bilavasitə bazar münasibətləri ilə təzahür edən ictimai-iqtisadi münasibətləri, bazarın özünün fəaliyyətini “görünməyən əl” idarə edir, daha doğrusu, bazarın daxili, təbii-üzvi tənzimlənmə prosesinə heç bir xarici müdaxilə olmamalıdır. Adam Smitin davamçıları sonrakı mərhələlərdə klassikin bu dəyərli nəzəriyyəsini daha da inkişaf etdirmiş və zənginləşdirmişlər.

XIX əsrin axırları və XX əsrin əvvəllərindən etibarən qərbin bir sıra inkişaf etmiş ölkələrində əmtəə təsərrüfatı inkişafının keyfiyyətcə yeni mərhələsinə, azad rəqabətdən getdikcə uzaqlaşan ictimai-iqtisadi mühitə qədəm qoymuşdur. Həmin dövrdən etibarən bazar sistemi, bazar iqtisadiyyatı qabaqcıl dövlətlərin əsas təsərrüfatçılıq formasına çevrilmişdir. Kütləvi axarla gedən bu proses hər bir ölkənin təsərrüfat vahidlərinə bir-birilə üzvi əlaqədə olan toplu, bütöv bir “iqtisadi sistem” kimi baxmağı tələb edirdi.

Məhz bu əsasda müasir dövr üçün səciyyəvi olan “makroiqtisadiyyat” konsepsiyası yaradılmışdır. Ölkə təsərrüfatına makroiqtisadiyyat mövqeyindən yanaşmaq, tənzimləmə və idarəetmə ilə əlaqəli yeni fikirlərin meydana gəlməsinə səbəb olmuşdur. Təsərrüfat subyektlərinin yeni əsasda fəaliyyət göstərməsi, onlar arasında əlaqələrin güclənməsi və çağlaşması münasibətləri axarında bazarın rolu və yerinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi makroiqtisadi tənzimləmə ideyasını doğurmuşdur.

Makroiqtisadiyyatın, yəni ölkə iqtisadiyyatını bütöv təsərrüfat kimi görməyin, həmçinin belə mürəkkəb sistemin dövlət tərəfindən tənzimlənməsi ideyasının nəzəri əsasını yaratmış görkəmli ingilis iqtisadçısı D.M.Keynsin yaşayıb-yaratdığı dövrdə dövlətin, dövlətçiliyin məzmunu və strukturu keyfiyyətcə xeyli təzələnmişdir.

Vahid ümumxalq, millət, dövlət mənafeyinin ön mövqeyə çıxması, dövlətçilik priaritetlərinin güclənməsi təsərrüfatçılıqda dövlətin rolunun artmasına meyl doğururdu. Dövlətin iqtisadiyyata müdaxiləsi, ona istiqamət verməsi obyektiv zərurətə çevrilirdi. Dövlət cəmiyyətin siyasi təşkili forması kimi çıxış etməklə öz missiyasını bitirmiş hesab edə bilməzdi. Siyasi (hərbi) hakimiyyət mexanizmi olmaqla dövlət ölkə həyatının bütün sahə və sferalarında fəal iştirak etməlidir. Bunun üçün obyektiv əsas və şərtlər meydana gəlmişdir.

Bütün sahələri, sferaları, funksional fəaliyyət istiqamətlərini, dairələrini nəzərə almaqla müasir dövlətin zəruri vəzifələrini ümumiləşmiş halda əsasən belə təsnifləşdirmək olar:

– dövlət quruculuğunu hər vasitə ilə qorumaq;

– ictimai-siyasi, sosial baxımdan cəmiyyət üçün daha təhlükəli olan ziddiyyətlərin qarşısını almaq və onları vaxtında aradan qaldırmaq;

– ölkədə iqtisadi və digər ictimai-sosial münasibətləri tənzimləmək;

– dövlətin, xalqın mənafeyini tam təmin edə biləcək kompleks daxili siyasət həyata keçirmək. O cümlədən sosial, iqtisadi, maliyyə, elm, mədəniyyət, təhsil, sağlamlıq, səhiyyə və s. sahələrdə;

– ölkənin mənafeyini beynəlxalq miqyasda qoruya biləcək xarici siyasət yeritmək;

– ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək və s.

İnkişaf etmiş ölkələrin təcrübəsinə istinadən bu qənaətə gəlmək olar ki, müasir bazar iqtisadiyyatı insanın çox saylı tələbatının ödənilməsinə xidmət etmək yönümlüdür.

Sənayedə inkişaf etmiş ölkələrdə vətəndaşların hüquqlarının qorunmasına, onların iqtisadi baxımdan yüksək təminatına, sosial-iqtisadi proseslərə dövlətin müdaxilə etməsi yolu ilə nail olunur. Məsələn, nemətlərin yenidən bölgüsü, vergi siyasəti, hüquqi-təminat və s. Belə təsərrüfatı adətən sosial-bazar iqtisadiyyatı adlandırırlar. Dövlət siyasəti konsepsiyası olmaq etibarilə sosial-bazar təsərrüfatı iqtisadiyyatın, bütövlükdə cəmiyyətin azad, iqtisadi baxımdan səmərəli, möhkəm, sosial və ədalətli qurulmasına yönəldilmişdir. Sosial-bazar təsərrüfatına XIX-XX əsrin əvvəlləri üçün səciyyəvi nizamsız kapitalizmlə, mərkəzdən idarə edilən iqtisadiyyat arasında yerləşən “üçüncü yol” kimi baxmaq olar. Sosial-bazar təsərrüfatı bazar iqtisadiyyatının əlverişli modeli kimi fəaliyyət göstərir.

Sosial-bazar təsərrüfatı ölkədə vətəndaşların hər sahədə müdafiəsinin təşkilində dövlətin rolu və funksiyalarının artması ilə səciyyələnir. Belə təsərrüfatda dövlətin əsas vəzifələri kimi bunları qeyd etmək olar:

– ölkədə etibarlı hüquqi qaydaların yaradılması və qorunmasına şərait yaratmaq;

– xarici və daxili təhlükəsizliyi təmin etmək;

– milli valyutanın sabitliyini təmin etmək;

– sosial infrastruktur sahələrini (təhsili, səhiyyəni, elm və mədəniyyəti, ictimai nəqliyyatı və s.) inkişaf etdirmək;

– rəqabət mübarizəsi sahəsində qanunçuluğun qorunmasına nəzarəti həyata keçirmək;

– cəmiyyət daha zəif üzvlərinin əmək hüququnu qorumaq və onlar üçün sosial təminatlar yaratmaq;

– ətraf mühiti qoruya bilən tələblər, qadağalar, eləcə də müvafiq bazar stimulları işləyib hazırlamaq;

– vergi və sosial hüquqlar sahəsində, eləcə də xarici iqtisadi münasibətlərdə ümumi qəbul edilmiş qaydaları müəyyənləşdirmək;

– bazar təsərrüfatının imkanları daxilində sosial-iqtisadi proseslərin makroiqtisadi idarə edilməsi və s.

İqtisadi sistemdən, modelindən, ictimai-siyasi, hüquqi quruluşundan asılı olmayaraq hər dövlət, cəmiyyət qeyri-müəyynəliklər içərisində yaşayır. O, cümlədən iqtisadi hadisə və proseslər də qeyri-müəyyənliklər əhatəsində baş verir. Yəni baş verə biləcək iqtisadi hadisə və prosesləri, həmçinin onların nə ilə nəticələnəcəyini heç də həmişə qabaqcadan müəyyənləşdirmək olmur. Bu baxımdan bazar iqtisadiyyatı daha səciyyəvidir. Özlüyündə bazar iqtisadiyyatı iqtisadi hadisə, proses və əlaqələrin, eləcə də bunlarla bağlı mexanizm və vasitələrin mücərrəd fəaliyyəti ilə yaşayan təsərrüfat formasıdır. Bazar iqtisadiyyatının mahiyyətində dayanan azadlıq, sərbəstlik, rəqabət bir növ onu “kortəbiiliyə”, “mücərrədliyə” meyl etdirir.

“Kortəbiilikdə”, mücərrədlikdə daha çox yaşamaq imkanı qazanan qeyri müəyyənlikdir. Cəmiyyət, dövlət, eləcə də iqtisadi sistem qeyri müəyyənlikləri minimuma endirməklə öz varlığını, yaşaması, inkişafını təmin edə bilər. Qeyri-müəyyənlik dərəcəsini fəaliyyətlərin, proseslərin, işlərin optimal təşkili və əlaqələndirirlməsi hesabına aşağı salmaq olar. Başqa sözlə tənzimləmə, nizamlama elementlərindən, mexanizmlərindən, vasitələrindən, metodlarından, üsullarından və s. istifadə edilməsi yolu ilə, qeyri-müəyyənliklər “müəyyənlik” səviyyəsinə çatdırırlar. Tənzimləmənin səviyyəsi və keyfiyyəti iqtisadi sistemin, sosial-iqtisadi hadisənin düzgün dərk edilib öyrənilməsindən, həmçinin bu prosesdə təfəkkürün və məntiqi qanunların, prinsiplərin gözlənilməsindən bilavasitə asılıdır.

Bazar iqtisadiyyatı şəraitində hər hadisənin, prosesin təsadüflük ehtimalı vardır. Bu təsərrüfat formasının təbiətindən doğan qanunauyğunluqdur. Qeyri-müvafiq şəraitindən doğan iqtisadi ehtimallar bəzən iqtisadi proseslərin pozulması ilə nəticələnir. Buna görə də iqtisadi ehtimalların, müəyyən kortəbiiliklərin, qeyri-müəyyənliklərin qaydalaşdırılması, nizamlandırılması və tənzimlənməsi zərurəti ortaya gəlir. Tənzimlənmənin yüksəlməsinə şərait yarada bilən strategiya işlədilir. Bazar iqtisadiyyatı şəraitində tənzimlənmənin yüksəlməsində baş verən real iqtisadi proseslərin təhlilinə istinad etməklə, mövcud iqtisadi anlayış, kateqoriya və qanunlara əsalanmaqla, həmçinin müasir metodoloji və metodik elmi aparatlardan istifadə etməklə nail olunar. Sosial-iqtisadi hadisələri öyrənən elmlərin sintezi kimi tənzimləmə elminin-konsepsiyasını yaratmaq mümkündür.

Öz təbiətinə görə iqtisadiyyat tənzimlənməlidir. Bu həm də bazar iqtisadiyyatına aiddir. Belə ki, tələbat, istehsal, bölgü, mübadilə və istehlak elementlərinin məcmusundan ibarət olan iqtisadiyyat daxili ünsürləri arasında optimal, normal, səmərəli, məqsədli əlamət və nisbətlərin mövcudluğu əsasında fəaliyyət göstərib inkişaf edə bilər. Tənzimləmə iqtisadi sistemin məqsədli vəzifəsilə üzvi əlaqəlidir. Çünki iqtisadı sistemi ən optimal vəziyyətə, yalnız tənzimləmə gətirə bilər. Həmçinin tənzimləməyə cəmiyyətin düşdüyü mövcud şəraitə cavab kimi də baxmaq olar. Bu mənada tənzimləmənin metod və mexanizmlərinin özləri optimal olmalıdır. Təkmil, əlverişli mexanizlərə istinad edən tənzimləmə optimal adlandırıla bilər. Müəyyən norma və normativlərdəki kənarlaşmaları, pozulmaları nizamlamaq vəzifəsi məhz tənzimləmənin üzərinə düşür. Bu vəzifəyə kənarlaşmaların düzəldilməsi prinsipi kimi də baxmaq olar. Tənzimləməni kənarlaşmaları, səhvləri, nizamlamaları kompensasiyalaşdıran vasitə, alət, həmçinin iqtisadi prosesləri stabilləşdirən üsul kimi qiymətləndirmək lazımdır.

Təcrübi və nəzəri əsaslar, dəlillər sübut edir ki, bütün hallarda, vəziyyətlərdə təsərrüfatın idarə edilməsinə birmənalı yanaşılmamalıdır. Yəni, istənilən iqtisadi sistemdə, şəraitdə formasından, quruluşundan, ölçüsündən asılı olmayaraq hər bir təsərrüfatın idarəedilməsi mütləqdir. Idarəetmənin məzmunun əsasını isə tənzimləmə təşkil edir. Tənzimləmə sisteminin təsiri, onun əlaqələndirici və nəzarət funksiyaları gücləndikcə, iqtisadiyyatın sabit inkişafı üçün daha çox zəmin yaradılır.

Müasir iqtisadiyyatı tənzimlənməmiş təsəvvür etmək olmaz. Başqa sözlə tənzimləmə müasir iqtisadiyyatın əsas atributudur. Tənzimləmənin iqtisadiyyatdakı müsbət rolunu belə səciyyələndirmək olar:

– tənzimləmə meydana gələn vəziyyətə müsbət cavabdır;

– tənzimləmə iqtisadi sistemin qaydalaşdırılması yolunda daima təkrarlanan prosesdir;

– tənzimləmə pozitiv iqtisadi təfəkkürün, təsərrüfatçılıq qabiliyyətinin sintezidir;

– tənzimləmə cəmiyyətdə, eləcə də ayrı-ayrı əmək kollektivlərindəki arzu olunmaz ənənəyə və şəraitə qarşı mübarizə aparan vasitədir;

– tənzimləmə idarəetmə məsələlərinin səmərəli həll edilməsi şəraitidir;

– tənzimləmə maliyyə-kredit nisbətlərin və proporsiyaların optimallaşdırılması metodudur;

– tənzimləmə iqtisadiyyatın sağlamlaşdırılmasının obyektiv əsasıdır və s.

Yeni iqtisadi sistemin təşəkkülü dövrünü yaşayan Azərbaycan iqtisadiyyatında idarəetmə və tənzimləməni sadələşdirmək, təkmilləşdirmək, bu prosesdə çevikliyi, səmərəliliyi artırmaq məqsədi ilə bir sıra əməli tədbirlər həyata keçirilməyə başlanılmışdı.

Məzmunu, strukturu və funksional fəaliyyəti yaxın olan bir sıra sahələr, onların nazirlikləri və yaxud baş idarələri, komitələri birləşdirilərək vahid qurumlara çevrilmişdir. Yeni yaradılan belə qurumlar sırasında İqtisadi İnkişaf Nazirliyini və s. qeyd etmək olar. Bunların yaradılması və fəaliyyəti haqqında respublika prezidentinin müvafiq fərmanları vardır.

Aparılan iqtisadi islahatda, idarəetmə və tənzimləmə qurumlarının təkmilləşdirilməsində məqsəd respublika iqtisadiyyatının dinamik inkişafına zəmin yaratmaqdır. Müsbət nəticələrin əldə edilməsi isə olduqca çətindir. Çünki yeniləşmə və təkmilləşmə prosesinə maneə olan çoxdu obyektiv və subyektiv səbəblər vardır. İslahat məhz belə çətinlikləri aradan qaldırmağa yönəldilməlidir.

Iqtisadi, ictimai-siyasi və sair ümumbəşəri hadisələrlə, proseslərlə zəngin olan XX əsr daha çox yeni iqtisadi sistemlərin, iqtisadi modellərin formalaşması, təkmil siyasi-qurumların və dövlətçilik mexanizmlərinin meydana gəlməsi və inkişafı ilə əlamətdardır. Yeni iqtisadi sistemlərin və iqtisadi modellərin təşəkkülü dövlət quruluşunun, dövlətin rolu və funksiyalarının təkmilləşdirilməsi, köklü dəyişikliklərə uğramasını obyektiv zərurətə çevirirdi. Əvvəlki əsrlərdən formalaşmağa başlayan bazar münasibətləri XX əsrdə yeni transformasiya və məzmunda özünü reallaşdırmağa başladı. İnkişaf etmiş ölkələrdə bazar münasibətlərinin daha təkmilləşmiş sistemə əsaslanan yeni iqtisadi modellərin fəaliyyəti başladı. Yeni iqtisadi sistem və modellər öz növbəsində makroiqtisadiyyat, makroiqtisadi göstəricilər, milli hesablar sistemi, makroiqtisadi idarəetmə, tənzimləmə və s. bu kimi hadisə və anlayışları, meydana gəlməklə iqtisadiyyatın idarəedilməsi və tənzimlənməsi məsələlərinə tamamilə başqa mövqeydən yanaşılmasını tələb edirdi. Daha doğrusu makroiqtisadi idarəetmə, dövlətin iqtisadiyyatın tənzimlənməsində iştirakı fəallığın artırılması məsələləri ön sıraya keçməyə başladı.

Bəşəriyyətin müasir inkişaf təcrübəsi sübut edir ki, iqtisadi sistemlər, təsərrüfatçılıq modelləri arasında hələ ki, bütün baxımlardan ən effektlisi bazar münasibətləri əsasında fəaliyyət göstərməkdir. Buna görə də sivil ölkələrin əsas təsərrüfatçılıq fəaliyyətləri bazar sisteminə istinad edir. Belə ölkələr on illərdir ki, bazar sisteminin effektlərindən istifadə etməklə əlverişli sosial-iqtisadi nəticələr əldə etmişlər.

Lakin, həyatın bütün sahələrində özünü doğrultsa da bazar münasibətlərinə əsaslanan iqtisadi sistemdə yaşayan ölkələrin əksəriyyətində cəmiyyət həyatında baş verən ictimai-iqtisadi proseslərin dövlət tərəfindən tənzimlənməsi metodlarından, onun ayrı-ayrı variyasıyalarından olduqca geniş istifadə olunur. Bazar sistemi şəraitində dövlətin iqtisadiyyatın tənzimlənməsində iştirak etməsini zərurətə çevirən bir sıra obyektiv sosial-iqtisadi əsaslar vardır.

2. İqtisadiyyatın dövlət tənzimlənməsinin mahiyyəti və zəruriliyi

Dünya təcrübəsi göstərir ki, hər hansı bir iqtisadi sistemin normal fəaliyyətinin təmin edilməsində dövlət həlledici rol oynayır. Bu baxımdan dövlətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinin, dövlətin iqtisadiyyata müdaxiləsinin optimal nisbəti və hüdudunun gözlənilməsi məsələsi iqtisadi nəzəriyyənin başlıca problemlərindən biridir. Bildiyimiz kimi, tarixən sosial-iqtisadi proseslərin idarə olunması və tənzmilənməsinin formalaşmış iki əsas tipi məlumdur. Onlardan biri mərkəzləşdirilmiş planlaşdırma və idarəetməyə əsaslanan inzibati-amirlik sistemi, digəri isə iqtisadi üsullara əsaslanan bazar sistemidir. Bu gün ölkəmizdə həyata keçirilən əsaslı iqtisadi dəyişikliklərin əsas məzmunu da məhz inzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçid təşkil edir. Bunu nəzərə alaraq bu fəsil əsasən bazar iqtisadiyyatı və ona keçid şəraitində dövlətin iqtisadi funksiyalarını və iqtisadiyyatın dövlət tənzimlənməsinin başlıca istiqamətlərinin araşdırılmasına həsr edilmişdir. Son illərdə məhsuldar qüvvələrin sürətli inkişafı sayəsində iqtisadi fəaliyyətin kəskin artan miqyasları, ölkələrin beynəlxalq daxili və xarici iqtisadi əlaqələrinin xarakteri, intensivliyi, iqtisadiyyatın sosial yönümlüyünün güclənməsi, nəhayət, vaxtaşırı baş verən böhranlara qarşı tədbirlər sisteminin həyata keçirilməsi, sosial-iqtisadi problemlərin tənzimlənməsindəki dövlətin rolu ilə bazar iqtisadiyyatı şəraitində dövlətin yerinə yetirdiyi iqtisadi funksiyaları eyniləşdirmək olmaz. İqtisadi sistemin xarakteri və konkret tarixi şəraitdən asılı olaraq iqtisadiyyatın tənzimlənməsinin bu və ya digər tipi formalaşır. İqtisadiyyatın idarə olunmasının inzibati-amirlik üsullarına əsaslanan keçmiş Sovet dövründə dövlət nəinki bütövlükdə cəmiyyət miqyasında iqtisadiyyatı bilavasitə idarə edən, təsərrüfatçılığı nizamlayan mərkəz, hətta ayrı-yrı istehsal özəkləri səviyyəsində təsərrüfat proseslərini həyata keçirən bir orqan kimi fəaliyyət göstərirdi. Bundan əlavə, dövlət əhalisinin işlə təmin edilməsindən, məişət qayğılarından tutmuş, qlobal problemlərin həllinə kimi bütün məsələləri direktiv yolla mərkəzləşdirilmiş qaydada həll etməyə cəhd göstərirdi. Aydındır ki, iqtisadiyyatda dövlətin belə bir rolu bazar münasibətlərinin əsaslarının formalaşmasına səbəb ola bilməzdi. Qeyd etmək lazımdır ki, sosial-iqtisadi proseslərin bazar münasibətləri əsasında tənzimlənməsinə əsaslana iqtisadi sistem bu işlərdən dövlətin təcrid olunmasını qətiyyən nəzərdə tutmur. Təcrübə göstərir ki, ayrı-ayrı ölkələrdə konkret tarixi şəraitdən və milli reallıqlardan asılı olaraq dövlət tənzimlənməsinin forma və metodları bir-birindən fərqlənsə də, onların ümumi prinsipləri, daxili quruluşu əsasən eyni olmuşdur. Burada başlıca fərq müxtəlif iqtisadi sistemlərdə dövlət tənzimlənməsinin miqyası, konkret forma, üsul və istiqamətlərindən ibarətdir. Keçid mərhələsində dövlətin tənzimləmə sisteminin səmərəliliyi həlledici dərəcədə iqtisadi tənzimləmə vasitələri ilə siyasi tənzimləmə vasitələrinin ahəngdar fəaliyyətinin təmin olunmasından asılıdır. Bəşər cəmiyyətinin inkişafı gedişində dövlət ölkədə qayda-qanunu gözləmək, milli təhlükəsizliyi təmin etmək üçün ordunun təşkili və saxlanılması ilə yanaşı, bu və ya digər səviyyədə müxtəlif iqtisadi proseslərə müdaxilə etmişdir. Misal üçün, orta əsr feodal dövləti feodalların torpaq mülkiyyətlərinin qorunmasını təmin edir, mərkəzi hakimiyyətə münasibətdə sənətkarların və kəndlilərin yerinə yetirəcəyi öhdəlikləri müəyyənləşdirirdi. Ancaq XIX əsrin sonundan etibarən dövlət iqtisadiyyata nəzarət və onun tənzimləmə funksiyalarını daha çox yerinə yetirməyə başladı. Bu özünü, hər şeydən əvvəl, iqtisadi fəaliyyəti tənzimləyən qanun və qaydaların yaradılmasında, onun yerinə yetirilməsində dövlətin nəzarət etməsini göstərirdi. Dövlət möhkəmləndirildikdə getdikcə daha çox ictimai mənafelərə və bütövlükdə iqtisadi sistemə xidmət etməyə başladı. Dövlətin iqtisadiyyata müdaxiləsi prosesinin güclənməsinə Birinci Dünya müharibəsi və 1929-1933-cü illərin böhranı həlledici təsir göstərdi. Belə ki, “Böyük durğunluq” illərində əksər dünya ölkələrini bürümüş sosial-iqtisadi böhrandan çıxmaq üçün dövlət öz üzərinə çox böyük iqtisadi funksiyalar götürməyə məcbur oldu. XX əsrin II yarısında (xüsusən 70-ci illərdə) iqtisadiyyatın sosial yönümünün güclənməsi isə iqtisadiyyata dövlətin müdaxiləsinin yeni və eyni zamanda çox mühüm mərhələsi kimi qeyd oluna bilər.

Bu dövrdə baş verən sosial-iqtisadi prosesləri xarakterizə edərək P.Samuelson yazır: “Xüsusi mülkiyyət getdikcə daha az xüsusi, azad müəssisələr isə daha az sərbəst olurlar”.

Əlbəttə, belə hesab etmək sadəlövhlük olardı ki, bazar mexanizminin həll edə bilmədiyi bütün problemləri dövlət asanlıqla həll edəcəkdir. Bu fikirlə razılaşmaq olar ki, tənzimləmədə bazarın “görünməyən əl”i dövlətin görünən əli ilə tamamlanmalıdır.

Uzun illərin təcrübəsi göstərir ki, dövlətin müdaxiləsi olmadan hər bir cəmiyyət üçün xarakterik olan üç problemi – inhisarçılığın artmasını, inflyasiyanın güclənməsini və işgüzar fəallığın aşağı düşməsini həll etmək mümkün deyildir. Misal üçün, azad bazar mexanizmi mövcud ETT-nin nailiyyətlərindən kommersiya əsasında səmərəli istifadə olunmasını stimullaşdırsa da, ETT-nin strateji problemlərini həll etmək üçün dövlət bu proseslərə hökmən müdaxilə etməlidir.

Məlunmdur ki, cəmiyyətdə gəlirlərin bazar mexanizmi əsasında bölgüsü, sosial ədaləli və sosial mühafizəni təmin etməyə imkan vermir. Odur ki, əgər dövlət vaxtında bu sosial-iqtisadi proseslərə müdaxilə etməsə, müəyyən dövrdən sonra onun neqativ nəticələri elə həddə gəlib çatar ki, o, cəmiyyəti iqtisadi böhrana düçar edər. Bu halda başlıca problem dövlətin iqtisadiyyata müdaxiləsinin maksimum və ya minimum yol verilən hədlərinin müəyyənləşdirilməsidir. Belə ki, müəyyən həddən yuxarı və aşağı səviyyədə dövlətin iqtisadiyyata müdaxiləsi eyni dərəcədə ziyanlıdır. O da məlumdur ki, hər hansı bir konkret ölkədə sosial-iqtisadi şəraitdən asılı olaraq müdaxilənin həddi və istiqaməti müxtəlif ola bilər. Dövlət özünün iqtisadi tənzimləmə fuksiyalarını səmərəli surətdə yerinə yetirə bilməkdən ötrü hər şeydən əvvəl kifayət qədər tənzimləmə resurslarına malik olmalı, ikincisi, həmin vasitələrin imkanlarını aydın təsəvvür etməli və nəhayət, onların sosial-iqtisadi nəticələrini görməlidir. Misal üşün, ABŞ-da 100-dən yuxarı təşkilat və idarə müxtəlif səviyyələrdə iqtisadiyyatın tənzimlənməsi ilə məşğul olur və bu məqsədə ildə 100 milyard dollardan çox vəsait sərf edir. Bu xərclərin bir hissəsi bir-başa istehsalın və qiymətin tənzimlənməsinə yönəlirsə, onun müəyyən hissəsi isə qanunvericilik aktlarının hazırlanması, onun yerinə yetirilməsi üzərində nəzarət etməyə, dövlət xətti ilə kadr hazırlığına, müvafiq hesabat sənədlərinin hazırlanmasına və s. məqsədlərə istifadə olunur. Dövlət sosial iqtisadi vəziyyəti təhlil edib, qiymətləndirmək əsasında qarşıda duran məqsədləri yerinə yetirmək üçün iqtisadi siyasətdə müvafiq düzəlişlər edir. Müasir dövlət tənzimləmə nəzəriyyəsinin banilərindən biri olan hollanda iqtisadçısı Y.Tinbergen hesab edir ki, dövlətin qarşısında qoyulan məqsədlər onun sərəncamında olan vasitələrdən çox olmamalıdır. Bu fikrin iqtisadi mənası ondan ibarətdir ki, dövlət öz üzərinə yerinə yetirə biləcəyindən artıq yük götürməməlidir. Hazırda yalnız iqtisadiyyatda dövlətin rolunun genişləndirilməsinin tərəfdarları olan nə sosial-demokrat, nə də yalnız azad sahibkarlığın əsasında iqtisadi inkişafın tərəfdarı olan sağ təmayüllü iqtisadçı tapmaq çətindir. Bu baxımdan keçid mərhələsində respublikamızda qarşıda duran sosial-iqtisadi problemlərin səmərəli həll edilməsi üçün iqtisadiyyatın dövlət və bazar sisteminin optimal nisbətinin gözlənilməsi ən vacib məsələlərdəndir. Aydındır ki, qarşıda duran tənzimləmə vəzifələrinin yerinə yetirilməsində dövlətə zəruri maddi və qeyri-maddi resurslarla yanaşı, onların reallaşdırılması üçün müəyyən vaxt da lazımdır. Bu zaman qarşıda duran başlıca vəzifə, həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin məntiqi ardıcıllığına uyğun olaraq, onların mərhələliyinin gözlənilməsi məsələsidir.

Bazar sistemində makroiqtisadiyyatın tənzimlənməsinin mexanizmləri

İstənilən fəaliyyətin – istehsalın, ümumiyyətlə iqtisadiyyatın tənzimlənməsinə və idarə edilməsinə ehtiyac həmin problemlərin məzmunundan və məqsədindən irəli gəlir. Bütün hallarda fəaliyyətlərin daşıyıcısı subyekti kimi ayrı-ayrı insanlar, kollektivlər, assosiasiyalar, cəmiyyət, dövlət, və s. çıxış edir. Sözsüz ki, həm də istehsalçı, həm də istehlakçı kimi çıxış edən insan və yaxud digər subyekt öz fəaliyyətinə şüurlu, məqsədyönlü yanaşmalıdır. Başqa sözlə, istehsaldan başlamış istehlaka qədər gedən yoldakı bütün mərhələlərdə-bölgüdə, mübadilədə baş verən bütün münasibətlər, proseslər özünəməxsus tərzdə nizamlanmalıdır. Belə yanaşma isə tənzimləmə və idarəetmə üçün sosial-psixoloji, həmçinin iqtisadi, hüquqi baza yaradır. Lakin, bəşəriyyətin inkişafının müxtəlif mərhələlərində tənzimlənmə və idarəetməyə eyni mövqedən, bir mənalı yanaşılmayıb. İlk növbədə idarə etmə və tənzimləməni ictimai-iqtisadi əsalarına, fəaliyyətlərin əhatə dairəsi də məzmununa, səviyyəsinə, subyektlərinə, məqsədlərinə görə səciyyələndirməklə təsnifləşdirmək olar. Ümumiləşdirirlmiş halda idarəetmə və tənzimlənməni mikro və makro səviyyələrə ayırmaq olar.

Sözsüz ki, hər bir iqtisadi sistemdə, eləcədə iqtisadi modeldə özünəməxsus idarəetmə və tənzimlənmə formalarından istifadə olunur. Qeyd olunduğu kimi, ayrı-ayrı ölkələrdə tarixi inkişafın müxtəlif pillələrində idarəetmə və tənzimlənmək haqqında müvafiq baxışlar meydana gəlmişdir. Məsələn, Qərbi Avropada XVII-XVIII əsrlərdə üstünlük təşkil edən merkantilizm nəzəriyyəsi tərəfdarlarının fikrincə ticarətin və sənayenin inkişafına ümumdövlət mövqeyindən – yəni makroiqtisadi prizmadan yanaşılmalı, bu proseslərin tənzimlənməsi və idarə edilməsində dövlət iştirak etməlidir. Bazar münasibətlərinin üstün inkişaf etdiyi XVIII-XIX əsrlərin kəsişdiyi dövrlərdə isə mərkəzləşmiş idarəetmə və tənzimlənməyə soyuq münasibət yaranmışdı. Azad, sərbəst bazar münasibətləri ideyasının tərəfdarı olan A.Smit və onun davamçılarının fikrincə bazar fəaliyyətinə kənardan müdaxilə, təsir olmamalıdır. Bazarı, onu özünün daxili qanunları tənzimləməlidir. A.Smitin obrazlı ifadəsi ilə desək-bazarı (makroiqtisadiyyatı) “görünməyən əl” idarə edə bilər. Göründüyü kimi merkantilistlərdən fərqli olaraq, azad bazar münasibətləri ideyasının tərəfdarı idarəetmə və tənzimlənmənin makro miqyasda deyil, mikro dairədə mümkünlüyünü əsas götürürlər. Başqa sözlə A.Smit və onun tərəfdarlarının fikrincə dövlət iqtisadiyyata müdaxilə etməlidir, iqtisadi inkişafın stimullaşdırıcı motivi kimi bazar münasibətlərinin subyekti olan istehsalçı və satıcıların şəxsi marağı, mənfəəti artırmaq həvəsi çıxış etməlidir. XIX əsrin axırlarından etibarən iqtisadi inkişafla idarəetmə və tənzimləmə ilə əlaqəli yeni baxışlar, nəzəriyyələr meydana gəlməyə başlayır. Belə nəzəriyyələrdə makroiqtisadiyyat, dövlətin iqtisadiyyata müdaxilə etməsi zərurəti, makroiqtisadi miqyasda idarəetmə və tənzimlənməyin mümkünlüyü ideyaları üstünlük təşkil edirdi. Qabaqcıl ölkələrin təcrübəsi tədricən sübut edirdi ki, bazar münasibətlərinə, bazarın özünü nizamlanmasına istinad etmək kapitalist sisteminin inkişafını ləngidə bilər və hətta onun süqutunu yaxınlaşdırırdı. Xüsusən də ABŞ-da “Böyük depressiya” adlanan 1923-1933-cü illər böhranı təsdiqlədi ki, bazar fəaliyyəti özbaşına buraxmaq olmaz. Bazarın, özü eləcə də bazar münasibətləri ilə dövlət arasında məqsədli, zəruri, üzvi əlaqələr olmalıdır. Belə həyati tələblər klassik iqtisadi baxışlarda, nəzəriyyələrdə dəyişikliklərin baş verməsini zərurətə çevirdi.

Klassik baxışlarda meydana gələn inqilabi yeniləşmələr tanınmış ingilis iqtisadçısı Con Meynard Keynsin adı ilə bağlıdır. O, iqtisadiyyatda dövlətin rolunun əhəmiyyətini yüksək qiymətləndirmişdir. C.M.Keyns 1936-cı ildə yazdığı “Məşğuliyyət, faizin və pulun ümumi nəzəriyyəsi” əsərində makroiqtisadiyyat, iqtisadiyyatın dövlət tənzimlənməsi ideyalarına irəli sürmüşdür. Müasir dövrdə mürəkkəb təşkil olunmuş iqtisadi sistemlərin tənzimlənməsi problemi daha böyük əhəmiyyət kəsb edir. Buna görə də müxtəlif mürəkkəb iqtisadi sistemlərin tənzimlənməsi metodlarının tətbiqi sahəsinin genişləndirilməsinə daha çox üstünlük verilməlidir.

Sözsüz ki, mürəkkəb iqtisadi sistemlərin tənzimlənməsi çoxlu çətinliklər və problemlərlə qarşılaşır. Belə maneələrə baxmayaraq mürəkkəb iqtisadi sistemlərin tənzimlənməsi işinə bir zərurət kimi yanaşılmalıdır. Bu mənada deyilən sahədə yeni ideyaların meydan gəlməsi və əlverişli tənzimləmə metodlarının tətbiqi üçün mükün şərait yaratmalıdır. Daha doğrusu faəl tənzimləmə metodları məcmusu konsepsiyası işlənilməlidir.

Sosial-iqtisadi prosesin inkişafındakı ziddiyyətlərin üzə çıxmasına, onların çevik aradan qaldırılmasına şəraiti yaratmaqla idarəetmə prosesinin üzvi tərkibinin əsas hissəsini təşkil edir. Eyni zamanda, özünəməxsus metodlara, mexanizmlərə, vasitələrə istinad edən tənzimləmə idarəteməni yüksək səviyyəyə qaldıra bilər.

Tənzimləmə sistemi iqtisadiyyatın ali funksiyası, eləcə də tənzimləmənin özünün məqsədi üçün bilavasitə yararlı olmalıdır. Belə ki, tənzimləmə metod və mexanizmlərinin təsir gücünün səciyyəsi iqtisadi sistemin tarazlığına bilavasitə şərait yaradır.

Tənzimləmənin iqtisadi metodları və üsulları hər şeydən əvvəl ölkənin, iqtisadi sistemin resurslarına istinad etməlidir. Bu resurslar tənzimləmənin iqtisadi, maliyyə baxımdan manevr etməsinin kəmiyyət sərhədlərini müəyyənləşdirir.

İdarəetmə, tənzimləmə metod, mexanizm və üsullarının toplusu əsasında dövlətin, cəmiyyətin iqtisadi siyasəti formalaşır. Başqa sözlə, dövlət iqtisadiyyata təsir etmə mexanizmlərinə və tədbirlərinə istinad etməklə iqtisadi siyasətini həyata keçirə bilər.

İqtisadiyyatın idarəetdilməsi və tənzimlənməsində dövlətin iştirakının səmərəliliyi və nəticəliliyi seçilmiş metodların, vasitələrin, üsulların həyata keçirilən tədbirlərin funksional məzmunundan bilavasitə asılıdır. Təsir etmə fəaliyyətinə görə iqtisadiyyata müdaxilə tədbirlərini ümumi halda iki qrupa bölmək olar:

    • iqtisadiyyata birbaşa təsir edən tədbirlər;
    • iqtisadiyyata dolayı təsir edən tədbirlər.

Dolayı təsir etmə metodları onunla təzahür edir ki, subyektlərin qəbul etdikləri qərarlara dövlət birbaşa müdaxilə etmir. Lakin bu halda elə şərait yaradılmalıdır ki, subyektlər müstəqil iqtisadi qərarlar qəbul edərkən elə vairantı seçsinlər ki, bu dövlətin iqtisadi siyasətinə uyğun gələ bilsin.

Deyilən metodların başlıca üstünlüyü ondadır ki, bunların hər biri iqtisadiyyatın bazar münasibətləri ilə inkişafına mane olmur, əksinə təsərrüfatın dinamik inkişafına zəmin yaradır.

Lakin dövlət tərəfindən qəbul edilən qərarların iqtisadiyyatın canına işləməsi və təsərrüfatlarda müsbət dəyişikliklərin baş verməsi bəzən ləngiyir. Bunu isə metodların çatışmayan cəhəti kimi qeyd etmək olar.

  1. əsaslı qadağalar müəyyənləşdirən tədbirlər;
  2. müvafiq icarə – razılıq verən qərarlar;
  3. məcburiyyət xarakterli tədbir – qərarlar.

İqtisadi metodlara bunlar aiddir:

    • maliyyə və yaxud büdcə, fiskal siyasət;
    • pul-kredit və yaxud monetar siyasət;
    • proqnozlaşdırma;
    • proqramlaşdırma və s.

Qeyd etmək lazımdır ki, ayrı-ayrı ölkələrdə tənzimlənmənin müxtəlif, spesifik, özlərinə uyğun metod, mexanizm və vasitələrdən istifadə edilir. Bu sahədə inkişaf etmiş ölkələrin, o cümlədən Avropa dövlətlərinin böyük təsərrüfat təcrübəsi vardır. Qərb ölkələri, eləcə də Yaponiya və ABŞ idarəetmə və tənzimlənmənin bir-birilə inteqrasiya olunan, çuğlaşan metod və mexanizmlərdən istifadə edirlər.

Kapitalizmin inkişafının müasir meyli hər şeydən əvvəl kapitalın təmərküzləşməsi və mərkəzləşməsi ilə əlaqədardır. Belə meyl bazar münasibətlərinin və iqtisadi proseslərin idarə edilməsi və tənzimlənməsi problemlərinə yeni mövqedən yanaşmağı tələb edir. Belə şəraitdə azad rəqabət obyekti olaraq inhisarlar seçilir. İnhisarçı planlaşdırma ənənəsi meydana gəlir, bu isə öz növbəsində obyektiv tənzimləmə məsələsini irəli sürür. Bu halda tənzimlənmənin obyekti kimi ictimai kapitalın təkrar istehsalı, istehsal şəraiti və məhsulların reallaşdırılması çıxış edir. Iqtisadi artım üçün yeni imkanların axtarılması istər-istəməz planlaşdırmanı və tənzimlənməni tələb edir. Lakin inhisarçı tənzimlənmənin müəyyən çətinlikləri vardır. Buna görə də inhisarçı təşkilatlar tərəfindən aparılan tənzimləmə prosesi ilə dövlət inhisarçı tənzimləmə arasında ortimal əlaqələndirmənin əldə edilməsi çox vacibdir. Tənzimlənmənin bu iki forması son nəticədə sahə daxili və sahələrarası proporsiyaların tənzimlənməsi ilə əlaqədar olur.

Son illərdə Fransa, Almaniya, Böyük Britaniya və bazar iqtisadiyyatı daha çox inkişaf etmiş Avropa ölkələrində dövlətin iqtisadi siyasətini yerinə yetirilməsinə indikativ planlaşdırma sistemindən geniş istifadə edilir. Bu sistemin üstün tərəfləri əsasən belə qiymətləndirilir.:

    • bu sistem makroplanlaşdırmanın inkişafına şərait yaradır;
    • iqtisadiyyatın tənzimlənməsi vasitəsi kimi çıxış edir;
    • elmi-texniki tərəqqinin müasir istiqamətləri nəzərə alınmaqla iqtisadiyyatın modernləşdirilməsi vasitəsi kimi oynayır və s.;
    • beynəlxalq iqtisadi münasibətlərdə dövlətin mövqeyinin möhkəmləndirilməsi xidmət edir və s.

– ölkənin arzu edilən sosial-iqtisadi inkişafının ümumi cəhətləri;

– ölkənin iqtisadi inkişafının orta müddətli, məqsədləri, proqnoz göstəriciləri və meylləri;

– iqtisadiyyatda struktur dəyişməsinin və proporsiyaların konseptual əks olunması;

– iqtisadi artım, investisiyalar, iqtisadiyyatda balanslaşdırma, inflyasiya, rəqabət və maliyyə axınları;

– sahə proqnozları və sahə plan vəzifələri və s.

Qeyd etmək lazımdır ki, makroplanlaşdırma təkcə inkişaf etmiş bazar iqtisadiyyatına malik olan ölkələrdə həyata keçirilmir. Məsələn, Çində makro və mikro nəzarətin strateji planlaşdırılmasına, makro və mikro tənzimlənməyə, xalq təsərrüfatının modernləşdirilməsinə böyük diqqət verilir.

Yaponiyada isə sosial-iqtisadi planlaşdırmanın ümummilli planlarına daha çox fikir verilir. Yapon planlaşdırmasının əsas xüsusiyyətlərindən biri odur ki, belə planlar nə direktiv, nə inzibati xarakter daşımır və həm də yeganə xalq təsərrüfatı planı deyildir. Buna baxmayaraq makro-mikro iqtisadi proseslərin tənzimlənməsində belə planların rolu böyükdür. Həmçinin Yaponiyada ümummilli (ümumdövlət) planlaşdırma iqtisadi artımın və iqtisadiyyatın effektli fəaliyyətinin əsas amili kimi çıxış edir. Yaponiyada eyni zamanda beşillik planlar da qəbul edilir. Lakin bu planlar indikativ xarakter daşıyır və formal baxımdan qanun deyildir, ancaq ümummilli (ümumdövlət) inkişaf proqramı kimi nəzərdə tutulur.

Qeyd olunduğu kimi bazar sistemində milli iqtisadiyyatın inkişafının tənzimlənməsinin əhəmiyyəti getdikcə daha da artır. Bunu onunla izah etmək olar ki, zaman getdikcə bazar münasibətlərinin özü təkmilləşmə istiqamətində inkişaf edir və bazar iqtisadiyyatının məzmununa yeni ictimai-iqtisadi əlamətlər, çalarlar əlavə olunur. Bu isə öz növbəsində tənzimləmə və idarəetmə mexanizmlərinin, metodlarının yeniləşməsi, müasirləşdirilməsini tələb edir. Tənzimləmə mexanizm və metodlarının təkmilləşməsi, yeniləşməsi zərurəti bazar iqtisadiyyatının bir sıra çatışmayan cəhətlərinin mövcudluğundan irəli gəlir. Belə mənfi səviyyəli cəhətlər əsasən aşağıdakılardır:

– kollektiv və ictimai əhəmiyyət kəsb edən əmtəə və xidmətlərin istehsalına marağın az olması;

– əmək qabiliyyətli insanlara iş təminatı verməmək;

– vətəndaşlara standart və zəruri həyat şəraiti yaratmaq təminatının olmaması;

– elmdə fundamental tədqiqatların inkişafına şərait yaratmamaq və s. Sözsüz ki, bazar sistemində ortaya çıxan belə mənfi halları aradan qaldırmaq üçün dövlət səmərəli tənzimləmə metod və mexanizmlərindən istifadə etməklə iqtisadiyyata müdaxilə etməli, mövcud problemlərin həll edilməsinə real şərait yaratmalıdır.

Müasir dövrdə iqtisadiyyata dövlət müdaxiləsi həm bilavasitə iqtisadiyyatın, həm də cəmiyyətdə sosial münasibətlərin idarə olunması və tənzimlənməsini tələb edir. Buna nail olmaq üçün dövlət aşağıdakı istiqamətlərdə məqsədyönlü fəaliyyət göstərməlidir:

– milli iqtisadiyyatın sabit inkişafını və təkrar istehsalın istənilən sürətini təmin etməli;

– azad əmtəə istehsalçılarının səmərəli fəaliyyəti üçün siyasi, hüquqi, iqtisad baxımdan normal şərait yaratmalı;

– sahibkarların sosial müdafiəsini gücləndirməli və s.

  1. hüquqi normalardan;
  2. büdcə vergi mexanizmdən;
  3. kredit – pul alətlərindən;
  4. strateji planlaşdırmadan istifadə etməlidir.

– iqtisadiyyatın antiinflyasiya metodları ilə tənzimlənməsi;

– iqtisadiyyatın monetar və fiskal siyasət mexanizmlərindən istifadə edilməsi ilə tənzimlənməsi;

– makroiqtisadiyyatın indikativ planlaşdırma vasitələrindən istifadə edilməsi ilə tənzimlənməsi;

– iqtisadiyyatın təşkilati və antiinhisar vasitələrdən istifadə edilməsi ilə tənzimlənməsi və s.

Sözsüz ki, hər bir ölkədə iqtisadi sistemdən və təsərrüfatçılıq modelindən asılı olaraq spesifik tənzimləmə metodlarından istifadə olunmalıdır. əlbəttə, iqtisadi tənzimləmə və idarəetmə ümumi prinsiplərə, formalara, mexanizm və metodlara da əsaslanmalıdır.

Mürəkkəb və ziddiyyətli keçid dövrünü yaşayan Azərbaycan iqtisadiyyatının əlverişli idarə olunma metodlarına və səmərəli tənzimləmə mexanizmlərindən istifadəyə böyük ehtiyacı vardır. Sovet hakimiyyəti illərində müəyyən texniki-iqtisadi potensial əldə etmiş respublika iqtisadiyyatı, o dövr üçün qüvvədə olan metodlarla idarə olunurdu. Burada üstünlük inzibati-amirlik metodlarına verilirdi. Dövlət (ümumxalq) mülkiyyətinin hegemonluğuna istinad edən sovet iqtisadi sistemi dövlətin iqtisadiyyata qovuşmasına, idarəetmə və tənzimləmədə amirlik metodlarından istifadə olunmasına mütləq şərait yaratmışdı.

Respublikada müstəqilliyin ilk illərdində idarəetmə və tənzimləmədə xaotik bir vəziyyət yaranmışdı. Həmin dövrdə idarəetmə və tənzimləmə strukturlarının fəaliyyətlərinin pozulması, onların əksəriyyətinin yerli-yersiz bağlanması, planlaşdırma ilə məşğul olan təşkilatların son dərəcə zəifləməsi respublika iqtisadiyyatını iflic vəziyyətinə salan əsas səbəb və arqumentlərdən idi. Hökumətin, ona aid olan qurumların fəaliyyəti, demək olar ki, hiss edilmirdi. Bütün bunlar siyasi-iqtisadi hərc-mərclik şəraitində baş verirdi.

Mərkəzdən verilən planlara istinad etməklə inzibati amirlik metodları ilə idarə olunan Sovet təsərrüfatı sistemindən ayrılan Azərbaycan iqtisadiyyatı 1991-ci ildən, yeni müstəqilliyin ilk illərindən böyük problem və çətinliklərlə qarşılaşdı, 90-cı illərin ortalarına kimi, 1990-cı illə müqayisədə respublikada istehsalın böyük sahələrində artım sürəti hər il azı 25-30 faiz aşağı düşürdü. Maliyyə-kredit sisteminin sabitliyinin pozulması inflyasiyanın güclənməsinə səbəb olmuş, iqtisadiyyatı idarəetmə mexanizminin fəaliyyəti demək olar ki, dayanmışdı.

Müstəqilliyin ilk illərində respublika sənaye müəssisələri öz güclərinin 25-30%-dən istifadə edirdilər. 1995-ci il statistikasına görə Azərbaycanda istehsal olunan ümumi məhsulun həcmi 1990-cı il göstəricilərinin 30%-i qədər olmuşdu.

90-cı illərin ortalarından Azərbaycanda iqtisadi və siyasi sahədə pozitiv dəyişikliklər baş verdi ki, bu da öz növbəsində idarəetməni, tənzimləməni də keyfiyyətcə yeniləşdirdi.

Azərbaycanda bazar münasibətlərinin, yəni iqtisadi sistemin rüşeymləri yarandıqca, idarəetmə və tənzimləmə prosesi də yolunu tapmağa və sabitləşməyə başladı. Bu prosesə şərait yaradan respublikada makroiqtisadiyyatın formalaşması, makroiqtisadi göstəricilərin sabitləşməsi və dinamikası idi.

90-cı illərin axırlarından etibarən nəzərə çarpan pozitiv irəliləyişlər respublikada həyata keçirilən iqtisadi islahatların nəticəsi kimi qeyd edilə bilər. Sözsüz ki, iqtisadi islahatlar üçün hüquqi baza yaradılmalı idi. Bu sahədə bir sıra addımlar artmışdı. Müstəqil Azərbaycanın 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyasında respublikada bazar münasibətlərinə istinad edən təsərrüfat sisteminin yaradılması hüquqi cəhətdən öz təsbitini tapmışdı. Konstitusiyanın 15-ci maddəsində dövlətin iqtisadi sahədə əsas vəzifəsi belə müəyyənləşdirilmişdi: “Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir”.

Yeni təsərrüfat sisteminə keçid geniş miqyaslı və köklü dəyişmələrə istinad edən iqtisadi islahatın artırılmasını obyektiv zərurət etmişdir. Kompleks xarakterli iqtisadi islahatların aparılması idarəetmədə, tənzimləmədə, eləcə də təsərrüfatçılıq formalarının təkmilləşməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsini tələb edir. Belə tədbirlər isə bir neçə istiqamətdə həyata keçirilir:

– iqtisadi islahatların həyata keçirilməsinə hüquqi zəmin yaradan qanunların, müvafiq hüquqi aktların və normativlərin qəbul edilməsi;

– hüquqi aktlar əsasında təsərrüfat islahatlarını reallaşdıra biləcək iqtisadi mexanizmlərin, vasitələrin, iqtisadi alətlərin yaradılması;

– deyilənlərə istinadən müvafiq iqtisadi və təsərrüfatçılıq strukturlarının optimal variantda təkmilləşdirilməsi, sadələşdirilməsi;

– fəaliyyətdə olan iqtisadi strukturların çevik, nəticəli işləməsini təmin etməsi və s.

Son illərdə respublikamızda bu sahədə xeyli iş görülmüşdür. Belə ki, Milli Məclis tərəfindən müvafiq qanunlar qəbul olunmuş, Nazirlər Kabinetinin bir sıra uyğun sərəncamları vardır. Bazar iqtisadiyyatının tələbinə cavab olaraq iqtisadi mexanizmlər, vasitələr yeniləşməyə başlamış, onların fəaliyyətində çeviklik hiss olunur.
3. İqtisadiyyatın tənzimlənməsi və idarə edilməsinin sosial aspektləri

Müasir dövr üçün səmərəli təsərrüfatçılıq forması, üstün iqtisadi sistem sayılan bazar iqtisadiyyatı bir sıra əlamətləri, xüsusiyyətləri və müsbət cəhətləri ilə seçilir. Təcrübə sübut edir ki, bazar münasibətlərinin üstünlüyünə əsaslanan iqtisadi sistemi hələ ki, ən əlverişli təsərrüfatçılıq forması saymaq olar. Bu onunla izah edilir ki, bazar münasibətləri şəraitində əsaslı iqtisadi meyarların, texniki-texnoloji göstəricilərin yaxşılaşdırılması üçün real şərait yaranır. Subyektlərin özəl (xüsusi) mülkiyyətinə istinad edən, mülkiyyətçi-sahibkarların şəxsi maraqlarının üstünlüyünə əsaslanan, eləcə də sağlam rəqabət üçün geniş imkanlar açan bazar iqtisadiyyatının istər mikro- istərsə də makro səviyyələrdə sosial-iqtisadi göstəricilərin yaxşılaşdırılmasının çevikliyi üçün geniş imkanları vardır. Bu şəraitdə hər şeydən əvvəl rəqabət qabiliyyətli əmtəə və xidmətlər istehsalı üçün potensiallarını artırmağa çalışan sahibkarlar, təsərrüfat subyektləri öz məqsədlərinə daha tez çatmaq, nəticədə daha çox qazanc-mənfəət əldə etmək imkanı qazanırlar. Sözsüz ki, bu prosesdə bazar iqtisadiyyatının mahiyyətini formalaşdıran xüsusi mülkiyyətin, şəxsi marağın, sağlam rəqabətin həlledici rolu vardır.

Ziddiyyətlər, problemlər, çətinliklərlə səciyyələnən keçid iqtisadiyyatını yaşayan respublikamızda bazar münasibətlərinin tədricən təşəkkül tapması mikro və makroiqtisadiyyat səviyyələrində müsbət sosial-iqtisadi göstəricilərə nail olunmasına şərait yaratmışdır. Xüsusən də son illərdəki iqtisadi artım tempi pozitiv qiymətləndirilməlidir. Respublika iqtisadiyyatının ümumi inkişaf vəziyyətini səciyyələndirən vacib makro iqtisadi göstəricilərin dinamikası bunu bir daha sübut edir.

Lakin bazar sisteminin özünəməxsus sosial-iqtisadi paradoksları da çoxluq təşkil edir. İnzibati-amirlik sisteminin uzun müddətli hökmranlığından yeni iqtisadi münasibətlərə keçilməsi sözsüz ki, cəmiyyətdə qabarıq ziddiyyətlər doğurmalı idi. Respublikamızda belə ziddiyyətlərin və problemlərin təzahürü öz məzmunu və xarakterinə görə seçilir. Fikrimizcə yeni iqtisadi sistemə bazar münasibətlərinə keçidlə bağlı meydana çıxan qabarıq sosial-iqtisadi problemləri səciyyələndirməklə belə təsnifləşdirmək olar:

Birincisi, Azərbaycan xalqının ən böyük dərdi, dövlətimizin bir nömrəli problemi olan Qarabağ hadisələri və bununla bağlı meydana gələn faciələr, çətinliklər, ziddiyyətlər. Belə ki, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində respublika ərzsinin 20 faizi işğal edildi. 1 milyon nəfərədək insan qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Acı talelərinə əzab-əziyyətli, məhrumiyyətli, iztirablı günlər yazılan bu insanların arasında xəstəliklər artdı. Ölüm səviyyəsi yüksəlmiş oldu. İşğal olunmuş ərazilərdə 300 mindən çox iş yerinin itirilməsi ölkədə işsizlər ordusunun sayının sürətlə artmasına gətirib çıxardı. Bütün bunlar müstəqilliyin ilk illərindən ölkədə ciddi sosial-iqtisadi problemlərin meydana gəlməsinə səbəb oldu, əhalinin həyat səviyyəsini aşağı saldı.

İkincisi, yeni iqtisadi sistemə-bazar münasibətlərinə keçid və 1998-1995-ci illərdə ölkədə yaranmış sosial-iqtisadi böhranla əlaqədar olaraq əhali arasında ciddi fərqlər meydana gəldi, əksər sosial-demokratik qruplardan, təbəqələrdən olan insanların yaşayış səviyyəsi tədricən pisləşdi. Hərbi-siyasi, sosial-iqtisadi problemlərlə üzləşən respublikamızda yoxsulluq həddindən aşağı səviyyədə yaşayan insanlar meydana gəldi. Ölkə sosial deqrodasiya vəziyyəti ilə üzləşirdi, əhali arasında niqilizm güclənirdi.

Üçüncüsü, sistemin xalq təsərrüfatı kompleksinin dağılması, respublikalar, regionlar, müəssisələr arası iqtisadi, texniki, texnoloji və digər əlaqələrin birdən-birə kəsilməsi ölkənin iqtisadi potensialına, maddi-texniki bazasına ciddi ziyan vurdu. Sürətlə və xaotik gedən bu proses respublikamızın ərazisində çoxlu sayda müəssisələrin, təsərrüfat obyektlərinin fəaliyyətinin dayandırılması ilə nəticələndi. Bu isə iş yerlərinin itirilməsi, işsizlər ordusunun sayının artması demək idi. İş yerlərini, daha doğrusu gəlir mənbələrini itirən insanların həyat şəraiti olduqca pisləşdi. Yoxsullaşan ailələrdə sosial-psixoloji vəziyyət daha da gərginləşirdi. Cəmiyyət görünməmiş sosial problemlərlə üzləşdi.

Dördüncüsü, əvvəlki dövrlərdə də məhdud şəbəkəyə malik olan sosial-infrastruktura sahələri son dərəcədə zəif inkişaf edirdi. Az-çox fəaliyyət göstərən belə sahələrin xidmətindən isə əhalinin əksər hissəsinin istifadə etmək imkanı yox dərəcəsində idi. Əhali üçün xüsusi əhəmiyyət kəsb edən infrastruktura sahələrinin bərbad vəziyyəti insanların həyat şəraitinin daha da pisləşməsi prosesinin sürətləndirirdi. Məlumdur ki, infrastruktura müəssisələri həm də iş yerləri deməkdir. Onların fəaliyyətindən qalması işsizlər ordusunun sayını artırmaqla sosial gərginliyə yeni zəmin yaradırdı.

Beşincisi, qeyd edilən problemlər, sosial gərginliklər əhali arasında xəstəliklərin artmasına, epidemiyaların çoxalması və geniş yayılmasına şərait yaradırdı. Belə hallar öz növbəsində sosial problemlərin təsir dairəsini daha da genişləndirirdi. Əhalinin həyəta şəraiti, xüsusən də sağlamlığına təsir edə bilən sahələrə, ən çox da səhiyyəyə bazar münasibətlərinin qeyri-məhdud müdaxiləsi insanlar arasında, az təminatlı ailələrdə kəskin narazılığa səbəb oldu.

Altıncısı, bazar münasibətlərinin ictimai həyata sosial sahələrə kəskin “hücum”, ölkədə gedən iqtisadi-siyasi proseslərin gərginləşməsi nəticəsində əhali tərəfindən gündəlik istifadə edilən nemətlərin, xüsusən də ərzaq məhsullarının keyfiyyətinə, eləcə də onların satışına nəzarət xeyli dərəcədə zəiflədi. Bazarın təsiri altında formalaşan yeni iqtisadi münasibətlər keyfiyyətə, satışa (ticarətə) nəzarət etmək hüququ olan müvafiq orqanların fəaliyyətini iflic vəziyyətinə saldı. Bu sahələrdəki özbaşınalıq, nəzarətsizlik insanların nəinki maddi həyatına, hətta onların sosial-psixoloji vəziyyətlərinə də pis təsir göstərirdi.

Yeddincisi, dünyanı bürüyən qlobal ekoloji problem də vəziyyətə pis təsir göstərirdi. Belə ki, qlobal problemlərin dərinləşməsi ilə paralel respublikamızda da ekoloji tarazlığın pozulması sürətlənirdi. Kortəbii bazar münasibətlərindən irəli gələn şəxsi maraq hissinin güclənməsi, az xərclərlə daha çox qazanc əldə etmək hərisliyindən ətraf mühitin çirklənməsinə diqqət azalır, ekologiyanın qorunması, təbiətin mühafizəsi ilə bağlı tədbirlərin həyata keçirilməsinə fikir verilmirdi. Sahibkarlıq fəaliyyəti adı altında öz xeyrini güdənlər ekoloji vəziyyətin normalaşması üçün zəruri olan maliyyət vəsaitini sərf etməyə maraqlı deyildilər. Bununla yanaşı ekologiya sahəsinə dövlət qurumlarının nəzarət etməsi də səmərəli təşkil olunmamışdır. Ekoloji sahədəki ziddiyyətlər, çatışmamazlıqlar artdıqca sosial problemlər daha da şaxələnir, dərinləşirdi.

Səkkizinci, əhalinin müəyyən yaş qrupunun, xüsusən də gənclərin (ən çox da oğlanların) ölkəni tərk etməsi öz növbəsində sosial-demokrafik çətinliklərin meydana gəlməsinə şərait yaradırdı. Keçid dövrü üçün xarakterik olan bu proses sosial-demokrafik inkişaf sahəsində mənfi meylləri daha da qabardırdı. Bu isə əhalinin artım tempinə mənfi təsir göstərirdi. Bəzi hallarda əhalinin sadə təkrar istehsalına da gənclər, xüsusən də uşaqlar arasında vaxtsız ölənlərin sayının artması sosial-demoqrafik problemi daha da dərinləşdirirdi. Dövlət tərəfindən sosial-demoqrafik vəziyyətin yaxşılaşdırılmasına yönəldilən kompleks siyasətin hazırlanması problemi həllinin bir qədər də çətinləşdirirdi.

Doqquzuncusu, respublikamızın ayrı-ayrı reginolarının, rayonlarının iqtisadi inkişaf səviyyəsindəki müxtəliflik bazar münasibətlərinin təsiri altında daha da artdıqca inzibati ərazi bölgələrindəki sosial fərqlər də dərinləşirdi. Belə ki, işləyənlərin müxtəlif imkanlı müəssisələrdə, firmalarda, şirkətlərdə çalışmalarına görə onların gəlirləri arasında kəskin fərqlər olurdu. Bu isə işləyənlər arasında gəlir fərqlərinə görə təbəqələşməyə gətirib çıxarırdı. İşsizlər arasında isə iş yeri tapmaq ümidini itirənlərin sayı artırdı. Belə insanlardan ibarət ailələrin yaşayış vasitələri ilə təminatı olduqca məhdudlaşırdı ki, bu da cəmiyyət üçün ciddi sosial problemə çevrilirdi.

Bazar iqtisadiyyatının müxtəlif yönümlü təsirləri altında meydana gələn sosial problemlər bir-biri ilə bağlıdır. Belə sosial problemlərin təsnifatını daha da genişləndirmək olar. Yuxarıda qeyd olunan sosial problemlərin həll edilməsi öz növbəsində yeni-yeni çətinliklər, problemlər doğurur. Məqsəd sosial problemlərin genezisini öyrənməklə, onların səciyyələndirilməsi ilə yanaşı, həm də sosial çətinliklərin aradan qaldırılması yollarını tapmaqdan ibarət olmalıdır. Tədqiqat işində bu məsələlərin araşdırılması vacib vəzifə kimi qarşıya qoyulmuşdur. Bazar münasibətləri şəraitində iqtisadiyyatın tənzimlənməsi və idarə olunmasının sosial motivləri də istinad etməsi elmi-nəzəri və praktiki baxımdan əsaslandırılmalıdır.

Tədqiqat işinin əvvəlində səciyyələndirməklə verilən təsnifatdan göründüyü kimi bazar iqtisadiyyatı adlanan yeni iqtisadi sistemə keçid çoxlu sayda sosial problemlər doğurur. Bazar iqtisadiyyatı, xüsusən də xaotik hadisələrlə zəngin olan keçid mərhələsi insanlara əmək hüququ, standart həyat şəraiti ilə bağlı tam təminat vermir. Bu mərhələdə əhalinin az təminatlı hissənin xüsusən də təqaüdçülərin vəziyyəti daha da pisləşir. Yeni iqtisadi münasibətlərin doğurduğu sosial problemlər son dərəcədə ölkə əhalisinin mütləq əksəriyyətinin yoxsullaşmasına gətirib çıxarır.

Cəmiyyət, dövlət sosial problemlərin daha da kəskinləşməsinin sosial partlayışa səbəb olmasının qarşısını almaq məqsədilə təcili əməli tədbirlər görməlidir. Bunun üçün ilk növbədə bazar münasibətlərinin qarşısı alınmalıdır. Daha doğrusu, sosial problemlər, onların təcili həll edilməsi bazar sistemində iqtisadiyyatın tənzimlənməsini zəruri edən əsas motivlərə çevrilir. Başqa sözlə, bazar münasibətləri şəraitində əhalinin sosial müdafiəsini təmin etmək cəmiyyət və dövlətin ən ümdə vəzifəsi olmalıdır.

Bazar sistemini yaşayan ölkələrin təcrübəsi sübut edir ki, bazar münasibətləri şəraitində əhalinin sosial müdafiəsini təşkil etmək həm mümkündür, həm də olduqca vacibdir. Bazar iqtisadiyyatına əsaslanan ölkələrdə bu məqsədə xeyli miqdarda vəsait ayrılır və müxtəlif istiqamətdə əməli tədbirlər həyata keçirilir. Məsələn, ABŞ-da sosial sığortaya sərf edilən vəsaitin həcmi federal büdcənin 40 faizindən çoxunu təşkil edir.

Sözsüz ki, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi həyata keçirilən iqtisadi siyasətin, sosial-iqtisadi islahatların düzgünlüyünün əsas göstəricisi kimi çıxış edə bilər. Əhalinin rifahını yaxşılaşdırmaq dövlətin iqtisadi strategiyasının leytmotivini təşkil etməlidir.

Dünyanın aparıcı dövlətlərinin təcrübəsi sübut edir ki, bazar sisteminin iqtisadi mexanizmləri məhsuldar qüvvələrin inkişafı, ictimai sərvətin artması üçün müəyyən şərait yaratsa da bazar qanunlarına əsaslanan bölgü münasibətləri əhalinin ayrı-ayrı sosial qruplarının gəlirləri arasında fərqlər yaradır, cəmiyyətdə yoxsulluq probleminin meydana gəlməsi təhlükəsini doğurur. Əhali gəlirlərinin strukturunun optimallaşdırılması və yoxsulluq probleminin həll edilməsi vəzifəsi dövlətin üzərinə düşür.

ABŞ və Yaponiyanın liberal iqtisadiyyat modelini əsas götürən inkişaf etmiş ölkələrdə bölgü münasibətlərinin təkmilləşdirilməsi və əhalinin sosial müdafiəsinin təmin olunması sahəsində müsbət təcrübələr vardır. Qərbi Avropa ölkələrinin əksəriyyəti iqtisadiyyatda sosial həmrəyliyi (partnoyluq) ideyasını həyata keçirirlər. Bu siyasətin reallaşmasında ABŞ və İsveç daha öndə gedirlər. Siyası hakimiyyətin sosialistlərin əlində olduğu Qərbi Avropa ölkələrində xüsusi mülkiyyətin mövcudluğu və bazar iqtisadiyyatının fəaliyyəti şəraitində gəlirlərin yenidən bölgüsü və bu prosesdə dövlətin iştirakı elə təşkil olunmuşdur ki, sosial bərabərliyin gerçəkləşməsi üçün real imkanlar yaradılmışdır. Elə ölkələrdə əhalinin az təminatlı hissəsi üçün elə bir aşağı hədd müəyyənləşdirilmişdir ki, həmin səviyyədə insanların, ailələrin minimal təminatlarının ödənilməsi üçün mümkün şərait yaranır. İnkişaf etmiş dövlətlərdə, xüsusən də Skandinaviya ölkələrində, Yaponiyada əhalinin sosial müdafiəsi elə təşkil olunub ki, hər bir insanın həyati mənafeyi doğulduğu gündən dünyanın dəyişənə kimi müdafiə edilir.

Respublikamızda iqtisadiyyatın bazar münasibətləri əsasında inkişaf etdirilməsi uzun müddətli və çox mərhələli bir prosesdir. Bu prosesdə müxtəlif xarakterli mürəkkəb və ciddi sosial-iqtisadi problemlər və ziddiyyətlər meydana gəlir. İqtisadi və sosial-iqtisadi inkişafın vəhdəti avtomatik əldə edilə bilməz. Bu prosesin effektli həyata keçirilməsi üçün iqtisadi və sosial-siyasətin dövlət tərəfindən hazırlanması, tənzimlənməsi vacibdir. Dövlət elmi cəhətdən əsaslandırılmış iqtisadi, sosial siyasət strategiyasını həyata keçirmək üçün optimal iqtisadi mexanizmlərdən, vasitələrdən istifadə etməli, onların daima təkmilləşdirilməsinə nail olmalıdır.

Bazar münasibətlərinin tənzimlənməsi və idarə olunmasını zəruri edən sosial motivlərin spektri olduqca genişdir.

İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi metodları

İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi metodları iki qrupa bölünür: 1) müstəqil (inzibati) metodlar; 2) dolayı (iqtisadi) metodlar. Lakin qeyd etmək lazımdır ki, real həyatda tənzimləmənin inzibati və iqtisadi metodları hüdudlarının müəyyənləşdirilməsi əslində şərti xarakter daşıyır. Bu, onunla əlaqədardır ki, iqtisadi tənzimləmə prosesini müəyyən inzibati amillərdən istifadə etmədən tənzimləmək mümkün deyildir. Məsələn, dövlət, əhalidə olan pul vəsaiti əmanət qoyuluşuna cəlb etmək üçün əmanətə görə verilən faizin səviyyəsini qaldırmalıdır. Hər bir inzibati tənzimləmə metodu isə müəyyən iqtisadi mexanizmlər vasitəsilə həyata keçirilir.

Dövlət tərəfindən istifadə olunan tənzimləmə metodlarının təsnifləşdirilməsi olduqca mürəkkəb prosesdir. İqtisadçılar tənzimləmə metodlarının adətən iki qrupa bölürlər: 1) ümumi metodlar; 2) xüsusi metodlar.

Ümumi metodlara idrak metodlarının toplusu, sistemli metod, ümumi təkrar istehsal nəzəriyyələri və başqaları aiddir. Makroiqtisadiyyatın qarşısında duran əsas vəzifə bütövlükdə iqtisadi sistemin fəaliyyətini tədqiq etməkdən ibarətdir. Makroiqtisadi proseslərin tədqiq olunması, bu və ya digər sosial-iqtisadi proseslərdə hadisələrin inkişafının qabaqcadan proqnozlaşdırılması, kəmiyyət və keyfiyyət təhlil metodlarına kompleks yanaşmalara əsaslanır.

Sosial-iqtisadi inkişaf proseslərinin dövlət tərəfindən tənzimlənməsində xüsusi metodlardan daha geniş istifadə olunur. Bunların içərisində ekstropolyasiya, iqtisadi qruplaşdırma, indeks, büdcə, balans, proqram-məqsədli və normativ metodlar xüsusi yer tutur.

Ekstropolyasiya metodundan əsas etibarilə ilkin proqnozların, əsas istiqamətlərin, proqramların, layihələrin işlənib hazırlanmasında istifadə olunur. Bu metodun tətbiq olunduğu müddət nə qədər qısa olarsa, onun dəqiqliyi də bir o qədər böyük olur.

Dövlət tərəfindən tənzimləmədə iqtisadi qruplaşdırma metodundan geniş istifadə edilir. Bu metod tərkibinə görə çox mürəkkəb olan məcmunun hər hansı bir əhəmiyyətli əlamət üzrə eynitipli qruplara bölünməsinə imkan verir. Təhsil bir çox hallarda bir və ya bir neçə əlamətin əlaqələndirilməsi üzrə formalaşan struktur, dinamik və struktur-dinamik qruplaşdırmaların köməyi ilə həyata keçirilir.

İndeks metodundan bilavasitə cəmlənməsi mümkün olmayan ünsürlərdən ibarət olan məcmuya müqayisəli xarakteristika vermək üçün istifadə edilir. İndeks metodu mürəkkəb hadisələri əmələ gətirən ünsürlərin dəyişməsinə təsir edən amilləri aşkara çıxarmaq və onları qiymətləndirmək üçün tətbiq edilir.

Büdcə metodu (ev təsərrüfatları büdcələrinin seçmə yolu ilə tədqiq olunması) dedikdə, əhalinin həyat səviyyəsinin öyrənilməsi ilə əlaqədar həyata keçirilən statistik müşahidə metodu nəzərdə tutulur.

Bazar iqtisadiyyatı şəraitində tarazlıq təmin olunmalıdır. Başqa sözlə, resurslara tələbat (maddi, əmək, maliyyə) arasında tarazlığın yaradılması ilk növbədə həll edilməli olan problemdir. Bazar iqtisadiyyatı şəraitində heç kim onun subyektlərini istehsal, mal göndərilməsi, istehlak limiti üzrə tapşırıqları məcburi surətdə yerinə yetirməyə təhrik edilmir.

Müasir dövrdə, maddi, əmək ehtiyatları, maliyyə-dəyər və sahələrarası balanslardan daha çox istifadə olunur.

Normativ metoddan həm ayrılıqda, həm də digər metodlarla birlikdə istifadə oluna bilər. Məsələn, proqram məqsədli metodlarla birlikdə qarşıya qoyulan məqsəd üzrə kəmiyyət göstəriciləri və ona nail olunması üçün lazım olan ehtiyyatlar müəyyən edilir. Normativ metoddan müxtəlif balanslar tərtib olunarkən tələbatın və mümkün olan ehtiyatların aşkara çıxarılması, dövriyyə vəsaitləri normativlərinin, amortizasiya ayırmaları normalarının müəyyən edilməsi üçün istifadə olunur.

Bazar iqtisadiyyatı şəraitində müxtəli normativlərdən də istifadə edilir. Bunlarla texniki-iqtisadi, sosial, ekoloji normativləri, maliyyə normaları və normativlərini göstərmək olar.

Proqnozlaşdırma metodları dövrlərdən (qısa, orta və uzunmüddətli), səviyyədən (makroiqtisadi, sahələr, regionlar və s.) və proqnozlaşdırma obyektindən asılı olaraq bir-birindən fərqlənir. Demoqrafik, elmi-texniki və təbii resurslar üzrə proqnozlaşdırmanın özlərinə məxsus xüsusiyyətləri vardır.

Alimlərin fikrincə, proqnozlaşdırmanın 150-dən çox metodu mövcuddur. Lakin bunların 15-dən daha çoxu istifadə olunur.

Proqnozlaşdırma metodikasının əsası aşağıdakılardan ibarətdir:

1) analitik tədqiqatın aparılması; 2) məlumat bazasının hazırlanması; 3) məlumat bazasının keyfiyyəti; 4) informasiyaların öyrənilməsi və birləşdirilməsinin bütöv, tam halına gətirilməsi.

Mövcud şərait, perspektivdə onun dəyişməsinə təsir edən amillər və meyillər tam və düzgün nəzərə alındıqda proqnozlaşdırma daha keyfiyyətli və ümidverici olur. Bunlarsız, proqnozlaşdırma ehtimal olaraq qalır.

  1. ekspert (intuitiv) metod; 2) formalaşdırma metodu.

İqtisadiyyatın Dövlət Tənzimlənməsi Metodları

Video: İqtisadiyyatın Dövlət Tənzimlənməsi Metodları

Video: Mövzu: “İqtisadiyyatın tənzimlənməsi” 2023, Mart

İqtisadiyyatın dövlət tənzimlənməsi müasir bazar tipli təsərrüfatlarda belə obyektiv zərurətdir. Bu gün daha ciddi bir məsələ dövlət nəzarəti metodlarının nisbətidir. Dövlətin hansı metodlardan və necə istifadə etdiyinin təhlili onun sosial-iqtisadi inkişafının mahiyyətini müəyyənləşdirməyə imkan verir. İqtisadiyyatın dövlət tənzimlənməsi metodları Dövlət tənzimlənməsinin mahiyyəti əsasən iqtisadiyyat növündən asılıdır, lakin mütləq həm planlı, həm də bazar iqtisadiyyatında mövcuddur. Birinci halda dövlət nəzarəti ümumi və sosial-iqtisadi inkişafın bütün istiqamətlərini müəyyənləşdirirsə, bazar tipli iqtisadiyyata doğru irəlilədikcə əhəmiyyəti zəifləməyə başlayır. Dövlət tənzimləməsi bu vəziyyətdə iqtisadiyyata yalnız dövri müdaxilə halına gəlir və potensial və mövcud problemləri aradan qaldırmaq məqsədi daşıyır.

Dövlət tənzimlənməsinin əsas metodları

Dövlət tənzimləmə metodları birbaşa iqtisadiyyatın təbiətindən asılıdır. Əsas tənzimləmə metodları birbaşa və dolayı olaraq bölünür. Birbaşa metodlar iqtisadi münasibətləri inzibati alətlərlə tənzimləməyə yönəldilmişdir. Bunlara qadağalar, icazələr və müxtəlif məcburetmə şəklində qanuni olaraq təsbit edilmiş normalar daxildir. İqtisadi subyektlər üzərində məqsədli bir təsirə malik olduqları üçün birbaşa adlanırlar, məsələn, müəyyən malların satılması üçün lisenziyalar təqdim edirlər. İdarəetmə metodları əsasən dövlət təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin qorunması və s. Kimi dövlət yurisdiksiyası sahələrində, habelə iqtisadi fəaliyyətin digər sahələrində ayrıca qanunvericilik normaları şəklində istifadə olunur. Bu tənzimləmə metodları planlı iqtisadiyyatda həlledici əhəmiyyətə malikdir, lakin bazar iqtisadiyyatı şəraitində onlar daha məhduddur və mütləq iqtisadi maraqlarla əsaslandırılmalıdır. Dolayı metodlara başqa bir şəkildə iqtisadi deyilir, bu da bazar iqtisadiyyatı şəraitində xüsusilə vacibdir. Dolayı metodların mahiyyəti ayrı-ayrı subyektlər üçün seçim hüququnu qoruyaraq bütövlükdə iqtisadi vəziyyətə təsir göstərməkdir. Eyni zamanda, əsas dövlət alətləri maliyyə və pul siyasəti və müxtəlif dövlət proqramlarıdır ki, onların köməyi ilə dövlət iqtisadi dalğalanmaları düzəldə və fəaliyyət üçün daha müasir, rəqabətli şərait yarada bilər. Dolayı metodların təsiri, yalnız dövlətin müəyyən bir büdcə və pul siyasəti yürütməklə vəziyyəti sabitləşdirə biləcəyi bir tənəzzül və ya iqtisadiyyatın həddindən artıq istiləşməsi zamanı özünü biruzə verir.

Dövlət tənzimləmə metodlarının qarşılıqlı əlaqəsi

Dövlətin iqtisadiyyata müdaxilə edərək hər hansı bir metoddan istifadə etməsi baş vermir. Həm birbaşa, həm də dolayı tənzimləmə metodlarının nisbəti var. Həm bu və ya digər siyasətin həyata keçirildiyi sahədən, həm də ümumilikdə iqtisadi inkişafın xüsusiyyətindən asılıdır. Komandirlikdən bazar iqtisadiyyatına keçdikcə birbaşa və iqtisadi tənzimləmə metodları getdikcə daha çox qarışır.

ABŞ iqtisadiyyatının dövlət tənzimlənməsi

Tarixən ABŞ hökumətinin biznes işlərinə münasibətdə siyasəti fransızca «laissez-faire» – «onu özbaşına burax» ifadəsi ilə müəyyənləşib. Bu konsepsiya Adam Smitin iqtisadi nəzəriyyələrindən götürülüb; 19-ci əsrdə yaşamış bu şotlandın əsərləri Amerika kapitalizminin inkişafına güclü təsir göstərib. Smitin inancına görə, şəxsi maraqların cilovu sərbəst buraxılmalıdır. Onun dediyinə görə, bazarlar sərbəst olarsa və rəqabətə əsaslanarsa, öz maraqlarına uyğun motivə edilən özəl şəxslərin əməyinin məcmusu cəmiyyət üçün daha çox fayda verəcəkdir. Smit bəzi dövlət müdaxiləsi formalarına, xüsusilə də azad sahibkarlıq üçün zəmin yaradan qanunlara üstünlük verirdi. Ancaq məhz «laissez-faire» praktikalarını müdafiə etməsi Amerikada – fərdə inam və hakimiyyətə qarşı inamsızlıq üzərində qurulan bir ölkədə ona böyük şöhrət qazandırmışdı. Halbuki «laissez-faire» praktikaları şəxsi maraqların bir sıra hallarda yardım üçün dövlətə müraciət etməsinə mane olmurdu. 19-cu əsrdə dəmir yol şirkətləri hökumətdən torpaq qrantları və ictimai subsidiyalar almışdı. Kəskin xarici rəqabətlə üzləşən sənaye sahələri xarici ticarət siyasəti vasitəsilə qoruna bilmələri üçün dəfələrlə dövlətə müraciət etmişlər. Demək olar ki, bütünlüklə şəxsi əllərdə olan Amerika kənd təsərrüfatı bütün dövrlərdə dövlət yardımından yararlanmışdır. Digər sənaye sahələri də dövlətdən vergilərin azaldılmasından tutmuş birbaşa subsidiyalara kimi bir sıra yardımlar almağa çalışmış və buna nail olmuşlar.
Özəl sənayenin dövlət tərəfindən tənzimlənməsi iki kateqoriyaya – iqtisadi və sosial tənzimləməyə bölünür. İqtisadi tənzimləmə başlıca olaraq qiymətlərə nəzarət etməyə çalışır. Nəzəri cəhətdən alıcıları və müəyyən şirkətləri (adətən kiçik biznes müəssisələrini) daha qüdrətli şirkətlərdən qorumaq məqsədilə qəbul edilən iqtisadi tənzimləmə qanunlarına adətən bazarda tam rəqabət şəraitinin mövcud olmaması və bu səbəbdən onun öz-özünü qoruya bilməməsi ilə bəraət qazandırılır. Bununla belə, bir çox hallarda iqtisadi tənzimləmə qaydaları şirkətləri, onların özlərinin ifadəsi ilə desək, bir-birləri ilə destruktiv rəqabətdən qorumaq üçün qəbul edilir. Sosial tənzimləmə isə təhlükəsiz iş yerləri və təmiz ətraf mühit kimi qeyri-iqtisadi məqsədləri inkişaf etdirir. Sosial tənzimləmələr zərərli korporativ davranışlara yol verilməməsinə və ya onların qadağan olunmasına, yaxud sosial cəhətdən arzuolunan davranışların təşviq olunmasına yönəldilir. Məsələn, hökumət fabrik və zavodların havaya buraxdığı tullantılara nəzarət edir və öz işçilərinə müəyyən standartlara müvafiq sağlamlıq və pensiya müavinətləri təklif edən şirkətlərin vergilərini azaldır.
Amerika tarixi «laissez-faire» prinsipləri ilə hər iki dövlət tənzimləməsi tipinin vacibliyi arasında təkrar-təkrar kəskin tərəddüdlərə şahid olmuşdur. Son 25 il ərzində həm liberallar, həm də mühafizəkarlar eyni şəkildə iqtisadi tənzimləmənin bəzi kateqoriyalarının ixtisarı və ya tamamilə ləğvinə çalışmışlar; onların fikrincə, bu tənzimləmələr alıcıların mənafeyi baxımından şirkətləri rəqabətdən düzgün qorumur. Ancaq siyasi liderlərin sosial tənzimləmələrlə bağlı görüşləri kəskin sürətdə bir-birindən fərqlənir. Liberallar müxtəlif qeyri-iqtisadi məqsədləri təşviq edən dövlət müdaxilələrinə daha çox üstünlük verdikləri halda, mühafizəkarlar bu məsələyə daha çox biznes müəssisələrinin rəqabət gücünü və səmərəsini azaldan zorakı bir müdaxilə kimi baxırlar.

Dövlət müdaxiləsinin inkişafı

Birləşmiş Ştatların yarandığı ilk illərdə hökumət liderləri biznes işinin tənzimlənməsindən geniş ölçüdə kənarda qalırdılar. Ancaq 20-ci əsrə yaxınlaşdıqca ABŞ sənayesinin qüdrətli korporasiyaların əlində cəmləşməsi kiçik müəssisələri və alıcıları qorumaq məqsədilə dövlət müdaxiləsinin güclənməsinə səbəb oldu. 1890-cı ildə Konqres İnhisarçılıq Əleyhinə Şerman Aktını – iri inhisarları parçalamaqla rəqabətin və azad sahibkarlığın bərpa edilməsi məqsədini güdən qanun aktını qəbul etdi. 1906-cı ildə o, qida və dərman maddələrinin düzgün etiketləşdirilməsini və ət məhsullarının satışdan əvvəl yoxlanılmasını tələb edən qanunları təsdiq etdi. 1913-cü ildə hökumət ölkənin pul kütləsini tənzimləmək və bank fəaliyyətlərinə müəyyən nəzarəti həyata keçirmək üçün yeni federal bank sistemi – Federal Ehtiyatlar İdarəsini yaratdı.
Dövlətin iqtisadiyyatda rolu ilə bağlı ən böyük dəyişikliklər prezident Franklin D. Ruzveltin Böyük depressiyadan sonra qəbul etdiyi «Yeni kurs» dövründə baş verdi. Həmin dövrdə, 1930-cu illərdə Birləşmiş Ştatlar ən ağır iqtisadi böhran keçirmiş və öz tarixində ən yüksək işsizlik səviyyəsinə düçar olmuşdu. Amerikalıların çoxu bu qənaətə gəlmişdi ki, əl-qolu bağlanmayan kapitalizm uğursuzluqla nəticələnib. Buna görə də onlar məhrumiyyətlərin azaldılması və öz-özünü məhv edən rəqabət təsəvvürü yaradan amillərin aradan qaldırılması üçün nəzərlərini hökumətə dikdilər. Ruzveltlə Konqres dövlətin iqtisadiyyata güclü müdaxiləsini təmin edən çoxlu qanunlar çıxardılar. Bu qanunlar digər şeylərlə yanaşı, səhm alqı-satqısını tənzimlədi, işçilərin həmkarlar ittifaqı yaratmaq hüququnu qəbul etdi, əməkhaqqı və iş saatları normalarını müəyyənləşdirdi, işsizləri pul müavinətləri, qocaları pensiya gəlirləri ilə təmin etdi, kənd təsərrüfatı üçün subsidiyalar müəyyən etdi, bank depozitlərini sığortaladı və Tennessi vadisində geniş səlahiyyətli regional inkişaf idarəsi yaratdı.
1930-cu illərdən sonra işçilərin və alıcıların qorunması üçün bir çox qanun və tənzimləmə qaydaları qəbul olunub. Həmin qanunlara görə, işəgötürənlər muzdla işə götürdükləri insanlara qarşı onların yaşına, cinsinə, irqinə və ya dini inancına əsasən ayrı-seçkiliyə yol verməməlidirlər. Uşaq əməyi ümumən qadağan olunur. Müstəqil həmkarlar ittifaqlarının təşkilatlanmaq, öz şərtlərini irəli sürmək və tətil etmək hüququna zəmanət verilir. Hökumət iş yerlərinin təhlükəsizliyi və sağlamlıq məcəllələri nəşr edir və onları qüvvəyə mindirir. Demək olar ki, ABŞ-da satılan hər bir məhsul dövlət tənzimləməsinin bu və ya digər qaydasına məruz qalır; qida məhsulları istehsalçıları hər bir bankanın, yeşiyin və ya qutunun üstündə onun içində nə olduğunu dəqiq bildirməlidirlər; heç bir dərman maddəsi ciddi yoxlamadan keçirilməyənədək satıla bilməz; avtomobillər təhlükəsizlik standartlarına uyğun istehsal olunmalı, havanı çirkləndirmə standartlarına cavab verməlidir; malların qiyməti dəqiq göstərilməlidir; reklam və elan verənlər istehlakçıları yanıltmamalıdırlar.
1990-cı illərdən Konqres ticarətdən kommunikasiyaya, nüvə enerjisindən məhsulun təhlükəsizliyinə və səhiyyədən iş imkanlarına qədər müxtəlif sahələrdə 100-dən çox federal tənzimləmə agentliyi yaratmışdır. Onların ən yenilərindən biri 1966-cı ildə yaradılan və təyyarələrin təhlükəsiz idarəolunmasını tənzimləyən Federal Aviasiya İdarəsi, digəri isə 1971-ci ildə yaradı­lan, avtomobil və sürücü təhlükəsizliyinə nəzarət edən Milli Şose Yolları Nəqliyyatı Təhlükəsizliyi İdarəsidir. Onların hər ikisi federal Nəqliyyat Nazirliyinin tərkibinə daxildir.
Tənzimləmə agentliklərinin əksəriyyəti elə qurulub ki, onlar prezidentdən və nəzəri cəhətdən siyasi təzyiqlərdən təcrid olunublar. Bu agentlikləri üzvlərini prezidentin təyin və Senatın təsdiq etdiyi müstəqil idarə heyətləri idarə edir. Qanuna görə, bu idarə heyətlərinə hər iki partiyadan komissarlar daxil edilməlidir və onlar bu vəzifələri yalnız əvvəlcədən təsbit olunmuş müddət üçün – adətən beş ildən yeddi ilədək daşıya bilərlər. Hər bir idarənin adətən 1.000 nəfərdən çox ştatlı işçisi olur. Konqres bu idarələrə maliyyə vəsaiti ayırır və onların işinə nəzarət edir. Bəzi hallarda tənzimləmə idarələri məhkəmələr kimi fəaliyyət göstərir. Onlar məhkəmə proseslərinə bənzər dinləmələr keçirir və çıxardıqları qərarlar federal məhkəmələr tərəfindən yenidən nəzərdən keçirilə bilər.
Tənzimləmə idarələrinin rəsmən müstəqil olmasına baxmayaraq, Konqres üzvləri adətən öz seçicilərinin mənafeyi naminə komissarlara təsir göstərməyə çalışırlar. Bir qisim tənqidçilərin iddialarına görə, biznes dünyası bəzən onları tənzimləyən idarələr üzərində hədsiz təsirə malik olur: agentliklərin yüksək səviyyəli rəsmi məmurları tənzimlədikləri biznes müəssisələrindən intim bilgilər tələb edirlər və yaxud onların çoxuna vəzifə müddətləri bitən kimi həmin sənaye sahələrində yüksək məvacibli iş təklif olunur. Ancaq şirkətlərin də öz narazılıqları var. Başqa şeylərlə yanaşı, bəzi şirkətlər əsasən bundan şikayətlənirlər ki, biznes fəaliyyətilə bağlı hökumət tənzimləmələri elə mürəkkəbi qurumamış köhnəlib yararsız hala düşür, çünki biznes şərtləri həddən artıq sürətlə dəyişir.

Federal hökumətin inhisarlara nəzarət səyləri

ABŞ-da inhisarlar dövlətin ictimai mənafe naminə tənzimləməyə can atdığı ilk biznes təsisatları arasındadır. Kiçik şirkətlərin daha böyük bir şirkətdə birləşməsi bəzi çox iri korporasiyalara qiymətləri «özü müəyyənləşdirmək» və rəqabəti istədiyi kimi «qayçılamaq» imkanı yaradır. İslahatçılar bu fikirdədirlər ki, bu cür praktikalar istehlakçıları qəti şəkildə yüksək qiymət və məhdud seçim qarşısında qoyur. 1890-cı ildə qəbul edilən İnhisarçılığa Qarşı Şerman Aktı bəyan edir ki, heç bir şəxs və ya biznes müəssisəsi ticarəti inhisara ala və yaxud onu məhdudlaşdırmaq üçün kiminləsə birləşə və ya əlbir ola bilməz. 1900-cü illərin əvvəllərində hökumət Con D. Rokfellerin «Standard Oil Company» şirkətini və bir neçə digər iri firmanı parçalamaq üçün bu qanundan istifadə etdi və onları öz iqtisadi qüdrətindən sui-istifadədə günahlandırdı.
1914-cü ildə Konqres İnhisarçılıq Əleyhinə Şerman Aktının müddəalarını daha da qüvvətləndirmək məqsədilə tərtib olunmuş daha iki qanunu təsdiq etdi: İnhisarçılıq Əleyhinə Kleyton Aktı və Federal Ticarət Komissiyası Aktı. Kleyton Aktı ticarətin qeyri-leqal məhdudlaşdırılması deyildikdə nələrin nəzərdə tutulduğuna daha geniş aydınlıq gətirdi. Qanun bəzi satıcılara digərləri üzərində üstünlük verən qiymət ayrı-seçkiliyini qanundankənar elan etdi; istehsalçıların yalnız rəqiblərinin məhsullarını satmamağa razı olan dilerlərə mal satmalarını nəzərdə tutan müqavilələrə qadağa qoydu; rəqabəti zəiflədən bəzi müəssisə birləşmələri tiplərini və digər fəaliyyətləri qadağan etdi. Federal Ticarət Komissiyası Aktına əsasən biznes sahəsində ədalətsiz və antirəqabət yönümlü praktikaların qarşısını almaq üçün hökumət komissiyası yaradıldı.
Tənqidçilərin fikrincə, hətta inhisarçılıq əleyhinə bu iki yeni qanun belə tam səmərəli olmamışdır. Ölkədə polad istehsalının yarıdan çoxuna nəzarət edən ABŞ Polad Korporasiyası 1912-ci ildə inhisarçılıqda günahlandırıldı. Lakin bu korporasiyaya qarşı qaldırılan iddia 1920-ci ilədək süründürüldü və həmin il ABŞ Ali Məhkəməsi ticarəti «hədsiz dərəcədə» məhdudlaşdırmadığı üçün ABŞ Polad Korporasiyasının inhisarçı olmadığı barədə qərar çıxardı və ondan nümunə kimi istifadə edildi. Məhkəmə böyüklüklə inhisarçılıq arasındakı fərqi diqqətlə araşdırdı və bu qənaətə gəldi ki, korporativ böyüklük heç də hökmən pis olmaq deyildir.
II Dünya müharibəsindən sonra hökumət inhisarçılıq əleyhinə mübarizəni davam etdirdi. Federal Ticarət Komissiyası və Ədliyyə Nazirliyinin İnhisarçılıq Əleyhinə Mübarizə Bölməsi potensial inhisarları nəzarətdə saxlayır və rəqabətin istehlakçılara zərər vuracaq qədər zəifləməsinə səbəb ola biləcək müəssisə birləşmələrinin qarşısını almaq üçün müəyyən tədbirlər görür. Aşağıdakı dörd hadisə hökumətin bu səylərinin əhatə dairəsini göstərir:
• 1945-ci ildə Amerika Alüminium Şirkətinin cəlb olunduğu məhkəmə işində federal apelyasiya məhkəməsi inhisarçı praktikalara görə ciddi təhqiqata məruz qalmazdan əvvəl firmanın bazardakı səhmlərin hansı böyük həcminə sahib olmasını hesabladı. Məhkəmə bu göstəricinin «60 və ya 65 faiz olduğu təqdirdə inhisarçılıq üçün kifayət edəcəyinin şübhəli olduğunu, 33 faiz olduğu təqdirdə isə heç cür kifayət etmədiyini» vurğulayaraq həmin həcmi 90% həddində müəyyən etdi.
• 1961-ci ildə elektrik cihazları sənayesi sahəsində bir neçə şirkət qiymətləri müəyyən etməklə rəqabəti məhdudlaşdırmaqda gü­nahkar bilindi. Həmin şirkətlər istehsalçılara vurduqları iri ziyanı ödəməyə razı oldular və bəzi şirkət rəhbərləri həbs edildi.
• 1963-cü ildə ABŞ Məhkəməsi belə bir qərar çıxardı ki, iri həcmdə bazar səhmlərinə sahib olan firma birləşmələri rəqabət əleyhdarı hesab edilməyə də bilər. Bu məhkəmə işi Filadelfiya Milli Bankı ilə bağlı idi. Məhkəmənin çıxardığı qərara görə, əgər müəssisələrin bir-biriylə birləşməsi bazarda hədsiz dərəcədə paya nəzarət edən şirkətin meydana çıxmasına səbəb olarsa və bu birləşmənin zərərli olmadığını sübut edən heç bir dəlil yoxsa, həmin birləşmə ləğv edilməlidir.
• 1997-ci ildə federal məhkəmə bu qənaətə gəldi ki, hətta topdansatış ticarəti ümumən bir əldə cəmləşdiyi halda belə ofis ləvazimatları satan «supermağazalar» kimi topdansatış məntəqələri fərqli iqtisadi bazarlarda rəqabət aparırlar. Məhkəmə qeyd etdi ki, bu bazarlarda iki güclü firmanın birləşməsi rəqabət əleyhdarı kimi qiymətləndirilməlidir. Bu məhkəmə işinə ev üçün ofis ləvazimatları şirkəti «Staples» və tikinti ləvazimatları şirkəti «Home Depot» cəlb olunmuşdu. Nəzərdə tutulan birləşmə ləğv edildi.
Bu nümunələrdən də göründüyü kimi, inhisarçılıq əleyhinə qanunların hansı hallarda pozulmuş olduğunu müəyyənləşdirmək heç də həmişə asan iş deyil. Qanunların şərhlərində fərqliliklər mövcuddur və şirkətlərin bazarın işinə qarışa biləcək qədər güclənib-güclənmədiyi dəyərləndirilərkən çox vaxt təhlilçilərin fikri eyni olmur. Bundan əlavə, şərtlər durmadan dəyişir, bir dövrdə inhisarçılıq əleyhinə qanunlar üçün təhlükə törədə biləcək şirkət sazişləri başqa bir dövrdə o qədər də təhlükəli olmur. Məsələn, 1900-cü illərin əvvəllərində «Standard Oil» inhisarının hədsiz dərəcədə güclənməsiylə bağlı narahatlıq Rokfellerin neft imperiyasının çoxsaylı şirkətlərə, o cümlədən sonralar «Exxon» və «Mobil» kimi neft şirkətlərinə çevrilən şirkətlərə parçalanması ilə nəticələndi. Ancaq 1990-cı illərin sonlarında «Exxon» və «Mobil» şirkətləri birləşməyi planlaşdırdıqlarını bəyan edəndə, hökumət bu birləşməni təsdiq etməzdən əvvəl bəzi güzəştlər tələb etsə də, bu hadisə o qədər də ciddi ictimai qəzəb doğurmadı. Çünki yanacağın qiymətləri aşağı idi və digər iri neft şirkətləri rəqabətə davam gətirəcək qədər güclü idilər.

Nəqliyyatın derequlyasiyası

İnhisarçılıq əleyhinə qanunlar rəqabətin güclənməsinə yardım etsə də, digər tənzimləmələrin çoxu əks effektə malik olmuşdur. Amerikalıların 1970-ci illərdə baş verən inflyasiya ilə bağlı narahatlığı artdıqca qiymət rəqabətinin azalmasına səbəb olan tənzimləmə qaydaları yenidən nəzərdən keçirilməyə başlandı. Hökumət şirkətləri bazarın təzyiqindən qoruyan tənzimləmələrlə bağlı nəzarəti bir sıra hallarda yüngülləşdirmək qərarına gəldi.
Tənzimləmələrin aradan qaldırılmasının ilk hədəfi nəqliyyat sahəsi oldu. Cimmi Karterin prezidentliyi dövründə (1977-1981) Konqres aviasiya, avtomobil yolları və dəmir yoluna dair qoruyucu tənzimləmələrin əksəriyyətini ləğv edən bir sıra qanunlar qəbul etdi. Şirkətlərə özləri seçdikləri istənilən hava, şose və ya dəmir yolu marşrutlarından istifadə etməklə rəqabət aparmaq və göstərdikləri xidmətlərə daha sərbəst şəkildə qiymət qoymaq imkanı verildi. Nəqliyyatın derequlyasiyası prosesində Konqres son nəticədə iki başlıca iqtisadi tənzimləyicini – 109 yaşlı Ştatlararaşı Kommersiya Komissiyasını və 45 yaşlı Mülki Aeronavtika İdarəsini ləğv etdi.
Derequlyasiya tədbirlərinin təsirini dəqiq qiymətləndirmək çətin olsa da, onlar aid olduqları sənaye sahələrində nəhəng çevriliş yaratdı. Misal üçün hava yollarına nəzər salaq. Burada dövlət nəzarəti aradan qaldırıldıqdan sonra aviaşirkətlər yeni, o qədər də tanış olmayan bir şəraitdə özlərinə münasib yol tapmaq uğrunda mübarizəyə başladılar. Həmkarlar ittifaqlarının üzvü olmayan, azmaaşlı pilotları və işçiləri daha çox işə götürən və ucuz, «bərbəzəksiz» xidmətlər təklif edən yeni rəqiblər meydana çıxdı. Dövlət tərəfindən müəyyən edilən gediş haqlarının onların bütün xərclərini ödəyə biləcəklərinə zəmanət verildiyinə öyrəşmiş olan iri, nəhəng şirkətlər rəqabətə davam gətirməkdə çətinlik çəkməyə başladılar. Amerikalıların çoxu üçün hava yolu ilə sərnişin səyahətinin sinonimi olan «Pan American World Airways» şirkəti və hər il digər istənilən Amerika şirkətindən daha çox sərnişin daşıyan «Eastern Airlines» şirkəti də daxil olmaqla, onların bəziləri uğursuzluğa düçar oldu. Ölkənin ən iri təkbaşına hava yolları təsisatı «United Airlines» çətinliyə düşdü və yalnız öz işçilərinin onu satın almağa razı olmaları nəticəsində qurtula bildi.
Bu vəziyyət istehlakçılara da təsir etdi. Çoxları yeni meydana çıxan şirkətləri və xidmət seçimlərini çaşqınlıqla qarşıladı. Gediş haqqı qiymətlərinin dəyişməsi də çoxlarının, özü də bəzi istehlakçıların mənfi mənada heyrətinə səbəb oldu. İnhisarçılar və dövlət tərəfindən tənzimlənən şirkətlər gediş haqqı normalarını müəyyən edərkən adətən hər bir fərdi xidmətin öz haqqını ödəyəcək qədər gəlir gətirib-gətirməməsindən o qədər də narahat olmadan öz ümumi gəlir ehtiyaclarını qarşılayacaqlarından əmin idilər. Hava yolları dövlət tərəfindən tənzimlənərkən ölkədaxili və digər uzun məsafəli marşrutların və daha böyük metropol ərazilərindəki xidmətlər üçün ümumən bu marşrutların faktiki maya dəyərindən xeyli çox məbləğdə, maya dəyəri yüksək olan qısa məsafəli uçuşlar və əhalinin az sayda məskunlaşdığı regionlara uçuşlar üçün isə xeyli aşağı məbləğdə qiymət müəyyən edilirdi. Derequlyasiya tədbirlərindən sonra kiçik rəqiblər qiymətlərin süni surətdə qaldırıldığı yüksək həcmli və daha gəlirli bazarlara üz tutmaqla uğur qazanacaqlarını anlayan kimi bu sistem ortadan qalxdı.
Köhnə aviaşirkətlər bu «hücumun» qarşısını almaq üçün uçuş haqlarının qiymətlərini aşağı salanda onlar geri çəkilməyə və hətta bu xidməti buraxıb kiçik, azgəlirli bazarlara üz tutmaq qərarına gəldilər. Həmin xidmətlərin bəziləri sonralar «daimi sərnişinlər» üçün yeni aviaşirkətlər kimi bərpa olundu və bir çox hallarda iri nəqliyyat agentliklərinin bölmələri kimi yenidən yüksəlişə keçdi. Bu kiçik aviaşirkətlər tezliyi və rahatlığı nisbətən aşağı olan xidmətlər (reaktiv təyyarələr əvəzinə köhnə propeller təyyarələri) təklif etsələr də, bazarlar əsasən də hava xətlərini itirməkdən qorxduqları üçün hələ də bu xidmətlərin bəzisindən istifadə edir.
Nəqliyyat şirkətlərinin çoxu əvvəlcə derequlyasiya tədbirlərinə qarşı çıxdı, amma sonralar onları, xoşları gəlməsə də, qəbul etdilər. İstehlakçılara gəldikdə isə, onlar haqda məlumatlar çox qarışıqdır. Derequlyasiyanın ilk günlərində meydana çıxan ucuz qiymətli hava xətlərinin çoxu yox oldu və digər hava xətlərində birləşmə dalğaları müəyyən bazarlarda rəqabəti zəiflətdi. Buna baxmayaraq, analitiklərin ümumi rəyi belədir ki, uçuş biletlərinin qiymətləri indi daha ucuzdur və əgər tənzimləmələr davam etsəydi, onlar indikindən çox baha olardı. Hava yolları ilə səyahətdə isə böyük bir canlanma yaşanır. Derequlyasiya tədbirlərinin qəbul edildiyi 1978-ci ildə sərnişinlər ABŞ hava xətlərində ümumən 226,8 milyon mil (362,8 milyon kilometr) yol qət etmişdilər. 1997-ci ildə bu rəqəm, demək olar ki, üç dəfə artaraq 605,4 milyon milə (968,64 milyon kilometrə) çatmışdır.

Telekommunikasiyalar

1980-ci illərə qədər ABŞ-da «telefon şirkəti» termini «Amerika Telefon və Teleqraf» təşkilatının sinonimi kimi işlədilirdi. «AT&T», demək olar ki, telefon biznesinin bütün aspektlərinə nəzarət edirdi. Onun dövlət tərəfindən tənzimlənən və «Baby Bells» kimi tanınan regional filialları spesifik sahələrdə əməliyyat aparmaqda müstəsna hüquqa malik idi. Federal Kommunikasiya Komissiyası ştatlar arasında uzun məsafəli telefon danışıqlarının qiymətlərini müəyyən edir, ştat səviyyəli tənzimləmə agentlikləri isə yerli və ştatdaxili uzun məsafəli telefon danışıqlarının qiymətlərini təsdiqləyirdi.
Dövlət tənzimləməsi belə fikrə əsaslanırdı ki, telefon şirkətləri də, elektrik müəssisələri kimi, təbii inhisarlardır. Əyalətlərə çox sayda fərqli telefon xətlərinin çəkilməsini tələb edən rəqabət mənasız və səmərəsiz bir iş hesab olunurdu. 1970-ci illərdə, güclü texniki tərəqqi telekommunikasiya sahəsində də sürətli yüksəliş vəd etməyə başlayanda bu düşüncə də dəyişməyə başladı. Müstəqil şirkətlər «AT&T» ilə rəqabət apara biləcəklərini bəyan etdilər. Ancaq bunu da bildirdilər ki, telefon monopoliyası onlara öz geniş şəbəkəsinə qoşulmağa icazə verməməklə bu şirkətlərin əl-qolunu bağlayır.
Telekommunikasiya sahəsində derequlyasiya iki qəti mərhələdə baş verdi. 1984-cü ildə məhkəmə «AT&T»ni öz regional filiallarından ən çəkməyə məcbur edərək bu telefon nəhənginin inhisarına son qoydu. «AT&T» uzun məsafəli telefon biznesində ən əhəmiyyətli pay sahibi olaraq qalsa da, «MCI Communications» və «Spring Communications» kimi güclü rəqiblər bu biznes sahəsinin müəyyən hissəsini ələ keçirməyə nail oldular və həmin prosesdə rəqabətin qiymətləri aşağı saldığını və xidmət keyfiyyətini yüksəltdiyini nümayiş etdirdilər.
On il sonra təzyiq daha gücləndi və «Baby Bells»lərin yerli telefon xidmətləri üzərindəki inhisarını dağıtdı. Kabel televiziyası, sellüloz (xətsiz) xidmət, internet və çox güman ki, digər yeniliklər də daxil olmaqla, yeni texnologiyalar yerli telefon şirkətlərinə alternativlər təklif etdi. Ancaq iqtisadçılar bildirdilər ki, yerli inhisarların hədsiz dərəcədə güclü olması bu alternativlərin inkişafına mane olur. Xüsusilə də onlar deyirdilər ki, rəqib şirkətlər, heç olmasa, tədricən köhnə şirkətlərin telefon şəbəkələrinə qoşulmasalar, onların heç bir şansı qalmayacaq, çünki «Baby Bells» müxtəlif yollarla buna israrla müqavimət göstərməyə çalışırdı.
1996-cı ildə Konqres Telekommunikasiyalar haqqında Qanun Aktı qəbul etdi. Bu qanun «AT&T» kimi uzun məsafəli şirkətlərin, eləcə də kabel televiziyası və digər yeni fəaliyyətə başlayan şirkətlərin yerli telefon biznesinə daxil olmasına icazə verdi. Qanunda deyilirdi ki, regional inhisarlar yeni rəqiblərin onların telefon şəbəkələrinə bağlanmalarına icazə verməlidir. Regional firmalarda rəqabətə xoş münasibət oyatmaq üçün qanun hökmranlıq etdikləri sahələrdə yeni rəqabət yaranan kimi onların da uzun məsafəli telefon biznesinə daxil ola biləcəklərini bəyan edirdi.
1990-cı illər başa çatsa da, bu yeni qanunun hansı təsirə malik olduğunu qiymətləndirmək hələ çox tezdir. Ancaq bəzi müsbət əlamətlər özünü göstərir. Çox sayda kiçik şirkətlər xüsusilə də aşağı qiymətə daha çox istehlakçı toplaya bildikləri şəhər yerlərində yerli telefon xidmətləri təklif etməyə başlamışlar. Sellüloz telefon abunəçilərinin sayı sürətlə artmışdır. Saysız-he­sabsız internet xidməti provayderləri ailələrin kütləvi surətdə internetə qoşulmalarını təmin etmişdir. Ancaq Konqresin qabaqcadan görə bilmədiyi və yaxud istəmədiyi şeylər də baş vermişdir. Çox böyük sayda telefon şirkətləri birləşmiş və «Baby Bells»lə rəqabəti əngəlləmək üçün bir sıra maneələr yaratmışdır. Bu səbəbdən regional firmaların uzun məsafəli telefon xidmətlərinə yayılması ləng getmişdir. Digər tərəfdən, derequlyasiya bəzi istehlakçılar, xüsusilə də ev telefonlarından istifadə edənlər, telefon xidmətləri əvvəllər bu biznes sahəsi tərəfindən subsidiyalaşdırılan kənd yerlərində yaşayanlar və bəzi şəhər istehlakçıları üçün qiymətlərin aşağı düşməsinə deyil, yuxarı qalxmasına səbəb olmuşdur.

Ətraf mühitin qorunması

Ətraf mühitin mühafizəsiylə bağlı tənzimləmə praktikaları Birləşmiş Ştatlarda nisbətən son dövrlərdə intişar tapsa da, sosial məqsədlər naminə iqtisadiyyata dövlət müdaxiləsinin ən yaxşı nümunəsidir.
1960-cı illərdən başlayaraq sənayedəki yüksəlişin ətraf mühitə təsiri amerikalıları getdikcə daha çox narahat etməyə başladı. Məsələn, sayı xeyli çoxalmış avtomobillərin mühərriklərindən çıxan işlənmiş qazlar böyük şəhərlərdə smoq və digər hava çirklənməsi formalarının əmələ gəlməsinin başlıca günahkarı elan edildi. Çirklənmə iqtisadçıların «zahiri əlamət» adlandırdığı şeyi – real gerçəkliyin məntiqə uyğun qiymətini təmsil edir və o, sonralar aradan qaldırıla bilər, amma cəmiyyət bütövlükdə buna dözməlidir. Bazar qüvvələri bu cür problemlərlə məşğul ola bilmədiyi üçün ətraf mühiti mühafizə mütəxəssislərinin əksəriyyəti belə hesab edir ki, dövlət Yer kürəsinin kövrək ekosistemlərinin mühafizə edilməsində – hətta bu iş iqtisadiyyatın inkişafında bəzi qurbanlar tələb etsə belə – mənəvi məsuliyyət daşıyır. Nəticədə Təmiz hava haqqında 1963-cü il Aktı, Təmiz su haqqında 1972-ci il Aktı və Təhlükəsiz içməli su haqqında 1974-cü il Aktı da daxil olmaqla, hava çirklənməsinə nəzarətə dair çoxlu qanun qəbul edilmişdir.
Ətraf mühiti mühafizə tərəfdarları özlərinin ən böyük məqsədinə – ABŞ Ətraf Mühiti Mühafizə Agentliyinin (ERA) təsis edilməsinə 1970-ci ilin dekabrında nail olmuşlar; həmin agentlik ətraf mühitin mühafizəsiylə məşğul olan çoxsaylı federal proqramları vahid bir idarə tərkibində birləşdirmişdir. ERA dözülməsi mümkün olan çirklənmə hədlərini müəyyənləşdirir, onlara riayət olunmasına nəzarət edir və hava çirkləndiricilərinin standartlara uyğun hala gətirilməsi üçün cədvəllər hazırlayır; irəli sürülən tələblərin əksəriyyəti son vaxtların məhsulu olduğu üçün sənaye müəssisələrinə standartlara uyğunlaşa bilmələri üçün məntiqə uyğun olaraq bir neçə il vaxt verilir. ERA həmçinin ştatların, yerli hökumətlərin, özəl və yerli qrupların, təhsil institutlarının araşdırmalarını və onların çirklənmə əleyhinə səylərini əlaqələndirmək və himayə etmək səlahiyyətinə malikdir. ERA-nın regional ofisləri ətraf mühitin mühafizəsinə dair müfəssəl regional proqramlar işləyib hazırlayır, təklif edir və həyata keçirir.
Agentliyin fəaliyyətə başladığı vaxtdan bəri toplanmış materiallar ətraf mühitin qorunması işinin keyfiyyətində əhəmiyyətli irəliləyişlər olduğunu göstərir; məsələn, ölkə miqyasında havaya atılan bütün tullantıların həcmi faktiki olaraq aşağı düşmüşdür. Buna baxmayaraq, 1990-cı illərdə amerikalıların çoxu bu fikirdə idi ki, hava çirklənməsinə qarşı mübarizədə daha ciddi addımlar atılmasına ehtiyac var. Konqres Təmiz hava haqqında 1963-cü il Aktına vacib əlavələr qəbul etdi və onlar prezident Corc Buş (1989-1993) tərəfindən imzalanaraq qanun qüvvəsinə mindi. Qanunvericilik, digər işlərlə yanaşı, turşu yağışları deyilən yağışa səbəb olan kükürd 4-oksid tullantılarının xeyli azaldılmasını təmin etmək üçün bazara əsaslanan yeni sistem yaratdı. Ümumi rəyə görə, bu çirklənmə növü meşə və çöllərə, xüsusilə də Birləşmiş Ştatların şərq hissəsinə və Kanadaya ciddi ziyan vurur.

Bundan sonra nələr ola bilər?

Liberallarla mühafizəkarlar arasında sosial tənzimləmələrlə bağlı fikir ayrılığı digər tənzimləmə növlərinə yayılsa da, ətraf mühitin mühafizəsi, iş yerlərinin sağlamlığı və təhlükəsizliyi sahələrində, çox güman ki, daha dərin ziddiyyət təşkil edir. 1970-ci illərdə hökumət daha fəal sosial tənzimləmə siyasəti yeridirdi, ancaq respublikaçı prezident Ronald Reyqan (1981-1989) 1980-ci illərdə bu nəzarət sistemlərinin çoxunu cilovlamağa çalışdı və bu sahədə bəzi nailiyyətlər əldə etdi. Milli Şose Yolları Nəqliyyatı Təhlükəsizliyi İdarəsi (NHTSA), Məşğulluğun Təhlükəsizliyi və Sağlamlığı İdarəsi (OSHA) kimi tənzimləmə agentlikləri öz fəaliyyətlərini xeyli dərəcədə zəiflədilər və öz varlıqlarını, məsələn, avtomobil istehsalçılarından yeni maşınlarda qoruyucu hava balonları (qəza zamanı maşının içərisindəkiləri qorumaq üçün dolaraq açılan təhlükəsizlik vasitəsi) quraşdırmağı tələb edən federal standartların NHTSA tərəfindən müəyyən edilib-edilməməsi ilə bağlı disputlar kimi epizodik hallarda göstərdilər. Son nəticədə avtomobillərdə həmin qoruyucu vasitənin quraşdırılması tələbi qəbul olundu.
Sosial tənzimləmə 1993-cü ildə Demokratlar Partiyasından olan prezident Klinton administrasiyası iş başına gələndən sonra yenidən vüsətə keçmək şansı qazandı. Lakin 1995-ci ildə son 40 il ərzində ilk dəfə olaraq Konqresə nəzarəti ələ alan respublikaçılar bir daha tənzimləmə tərəfdarlarını qəti surətdə müdafiəyə çəkilməyə məcbur etdilər. Bu da OSHA kimi agentliklərin yeni tənzimləmə məsələlərində daha da ehtiyatlı davranmalarına səbəb oldu.

1990-cı illərdə ERA tənzimləmə qaydalarına riayət olunmasını ciddi şəkildə tələb etmək əvəzinə, qanunvericilərin güclü təzyiqi nəticəsində biznes müəssisələrindən yalnız bu qaydalara əməl olunmasını xahiş etməklə kifayətlənməyə başladı. Agentlik avtomobil və elektrik avadanlıqları istehsalı müəssisələrinə havaya buraxdıqları kiçik his hissəciklərini azaltmaq üçün təzyiq göstərdi, çirkli və gübrəli su tullantılarına nəzarətlə məşğul oldu. Bununla belə, ətraf mühiti mühafizə tərəfdarı olan və prezident Klinton dövründə hər iki müddət üçün vitse-prezident vəzifəsini icra edən Albert Qor qlobal istiləşməni cilovlamaq məqsədilə havaya atılan zəhərli maddələrin azaldılması, havanı daha az çirkləndirən super səmərəli avtomobillər istehsal edilməsi, işçilərin kütləvi marşrutlardan istifadəyə stimullaşdırılması kimi məsələlərdə ERA-nın yürütdüyü siyasəti müdafiə etdi. Bu arada hökumət tənzimləmə məqsədlərinə nail olmaq üçün qiymət mexanizmlərindən istifadə etməyə çalışdı; bu yolla o, bazar qüvvələrinə daha az dağıdıcı təsir göstəriləcəyinə ümid edirdi. Məsələn, hökumət şirkətlərin bir-birinə kredit satmalarına icazə verən hava çirklənməsinə qarşı kredit sistemi işləyib hazırladı. Hava çirklənməsinin önlənilməsi ilə bağlı tələbləri, ən azı, baha olması səbəbindən yerinə yetirə bilməyən şirkətlər öz kreditlərini başqalarına sata bilərdilər. Hökumət rəsmiləri bu yolla çirklənməyə nəzarətlə bağlı bütün məqsədlərə ən səmərəli şəkildə nail olunacağına ümid bəsləyirdi.
İqtisadi derequlyasiya 1990-cı illərin sonuna yaxın bəzi problemlər doğurdu. Ştatların çoxu elektrik enerjisi müəssisələrinə tənzimləmə nəzarətini ləğv etdi və bu da xidmət sahələrinin parçalanması səbəbindən çox mürəkkəb məsələyə çevrildi. İctimai və özəl müəssisələrin bir-birinə qarışması və elektrik enerjisi istehsal edən qurğuların quraşdırılması dövründə çəkilən xərclərin həddən artıq çox olması isə bu mürəkkəbliyi daha da qatılaşdırdı.

  • Teqlər:
  • bazar iqtisadiyyatı
  • , iqtisadiyyatın tənzimlənməsi

Comments are closed, but trackbacks and pingbacks are open.