Press "Enter" to skip to content

Hər gün yeni bir kitab

Abunə olmaqla hər həftə kitablardan və kitab dünyasında baş verən yeniliklərdən xəbərdar ola bilərsiniz.

Mixail Bulqakov “İt ürəyi”

Mixail Bulqakov “İt ürəyi”(rusca “Собачье сердце”) – Əsərdə avara bir it üzərində cərrahiyyə əməliyyatı aparılıb onun insana çevrilməsi və bu insanın yaramaz, pozğun, mənəviyyatsız bir məxluqa dönməsi təsvir olunur. Süjetin əsasında, xüsusən, 1920-ci illərdə SSRİ-də və bir sıra Avropa ölkələrində populyar olan cavanlaşdırma ideyası yer alıb. Yevgenikaya – insan təbiətinin yaxşılaşdırılması sahəsinə maraq göstərən xeyirxah professor Filipp Filippoviç Preobrajenski sovet məmurlarını cavanlaşdırmaq üçün eksperimentlər aparıb pul qazanır. O, bir gün “Şarik” adlı bir küçə itini evə gətirərək, üzərində təcrübə aparır.

“İt ürəyi” əsərini rus cəmiyyətinin inqilabi transformasiyasına alleqoriya, eyni zamanda təbiətin işlərinə müdaxilənin təhlükəli fəsadları haqqında xəbərdarlıq kimi də səciyyələndirmək olar.

Karandaşın izi ilə

Heç dalınıza uzunboğaz çəkməylə ilişdiriblərmi? Mənə ilişdiriblər. Kərpiclə qabırğalarınızı əzişdiriblərmi? Bunların hamısından nə qədər desən yemişəm. Hər şeyi dadmışam, taleyimlə barışmışam, əgər indi ağlayıramsa, ancaq ağrıdan və soyuqdandır, çünki hələ mənim ruhum ölməyib… İt ruhu ölməzdir.

Kino isə qadınlar üçün həyatda yeganə təsəllidir.

Bəli, göz əsas məsələdir. Barometr kimidir. Hər şeyi göstərir – kimin qəlbi kökündən quruyub, kim heç nəyin üstündə uzunboğaz çəkməsinin burnu ilə qabırğalarına ilişdirmək istəyir, kim də hər şeydən, hamıdan qorxur.

Ölmək hələ tezdir, ümidsizlik isə əsl günahdır.

Hərgah siz Moskvada yaşayır və qafa tasınızda beyinə oxşar nəsə gəzdirirsinizsə, heç bir kurssuz-filansız, istəsəniz də, istəməsəniz də, bir savad alacaqsınız.

– Siz belə yava köpəyi necə ələ gətirə bilmisiniz?

– Nəvazişlə. Canlı varlığa münasibətdə mümkün olan yeganə üsulla.

Ümumi iclas xahiş edir ki, siz könüllü əmək intizamı çərçivəsində yeməkxanadan imtina edəsiniz. Moskvada heç kimin ayrıca yemək otağı yoxdur. Hətta Aysedora Dunkanın da…

Qadın qoltuğundan qarda islanmış bir neçə parlaq üzlü jurnal çıxartdı:

– Təklif edirəm, Almaniya uşaqlarının xeyrinə bir neçəsini götürəsiniz. Biri 50 qəpiyə.

– Niyə rədd edirsiniz?

– Almaniya körpələrinə rəhminiz gəlmir?

– 50 qəpiyə qıymırsınız?

– Bəs niyə götürmürsünüz?

Fikir verin, İvan Arnoldoviç, arağı soyuq qəlyənaltı və şorbayla yalnız bolşeviklərin qırıb qurtara bilmədikləri mülkədarlar içir. Özünə azacıq hörmət eləyən adam isti qəlyənaltıdan da dadır.

– Qidalanma, İvan Arnoldoviç, mürəkkəb işdir. Onu bacarmaq lazımdır, təsəvvür edin ki, çoxları qidalanmağı tamamilə bacarmır. Təkcə nə yediyini bilmək azdır, həm də haçan və necə yeyəcəyini də bilməlisən. Üstəlik, yemək üstə nədən danışmağı da bilmək vacibdir. Bəli. Əgər siz yediyinizin həzmi-rabedən keçməsi qayğısını çəkirsinizsə, mənim xeyirxah məsləhətim budur – yemək vaxtı bolşevizm və təbabət haqqında danışmayın. Bir də günortaya qədər sovet mətbuatını oxumayın.

– Hm… Başqası axı yoxdur.

– Heç birini oxumayın. Bilirsiniz, mən öz klinikamda otuz adam üzərində müşahidə aparmışam. Nə görsəm, yaxşıdır? Qəzet oxumayan pasiyentlər özlərini əla hiss edirlər. Mənim məcburən “Pravda” qəzeti oxutduğum pasiyentlərin isə çəkisi düşür.

Nə üçün elektrik işığı, yaddaşım məni aldatmırsa, 20 ildə ikicə dəfə söndüyü halda, indi səliqə ilə ayda bir dəfə sönür? Doktor Bormental, statistika dəhşətli şeydir.

Əgər mən ayaqyolunda, ifadayə görə üzr istəyirəm, unitaza yox, döşəməyə işəsəm, üstəlik, bunu Zina ilə Darya İvanovna da təkrar etsələr, ayaqyolu xarabaya çevriləcək. Deməli, xarabalıq ayaqyolunda deyil, başdadır.

İki Allaha xidmət etmək olmaz! Eyni zamanda həm tramvay yollarını süpürmək, həm də hansısa ispan dilənçilərinin dərdinə qalmaq qeyri-mümkündür! Buna heç kimin gücü çatmaz, doktor, ələlxüsus o adamların ki, inkişafda avropalılardan 200 il geri qalıblar və hələ də öz şalvarlarının düymələrini inamla bağlaya bilmirlər.

O adam hər yerə vaxt tapır ki, heç yerə tələsmir.

Mən ağa itiyəm, ziyalı varlığam, yaxşı həyatı dadmışam. Bir də ki azadlıq nədir? Elə-belə tüstü, ilğım, uydurma… Bu bədbəxt demokratların sayıqlaması…

Siz, Şarikov, mənasız danışırsınız, adamı əsəbiləşdirənsə odur ki, bu boş sözləri qəti və inamla deyirsiniz.

Doktor, bəşəriyyət özü bunun qayğısına qalır, təkamül yoluyla hər il inadla alçaq kütlə içərisindən yer üzünü bəzəyən onlarla dahi ayırıb yetişdirir.

Mənim 60 yaşım var, sizə məsləhət verə bilərəm. Kimə qarşı olursa olsun, heç vaxt cinayətə getməyin. Qocalana qədər təmiz əllə yaşayın.

Bir sözlə, hipofiz insanın konkret simasını təyin edən qapalı kameradır.

– O hansı Şarikovdur? Ah, bağışlayın, mənim üstündə əməliyyat apardığım köpəyim…

– Bağışlayın, professor, köpək yox, artıq o, insan idi…

– Yəni deyirsiniz danışa bilirdi? Bu, hələ insan olmaq demək deyil.

Tərcümə: Ramiz Duyğun

İt ürəyi

«İt ürəyi» povesti, əslində, bir çevrilmənin tarixidir və fabulası müəyyən qədər H.Uellsin «Doktor Moronun adası» romanından götürülüb və süjetin əsasında heyvanların insanlaşdırılması ideyası durur. Xüsusən, 1920-ci illərdə SSRİ-də və bir sıra Avropa ölkələrində populyar olan cavanlaşdırma ideyası da yer tutur. Povestdə hadisələr 1924-cü ilin dekabrında Mosk­vada, yeni iqtisadi siyasətin çiçəkləndiyi dövrdə baş verir. Xeyirxah professor Filipp Filippoviç Preob­rajenski «Şarik» adlı bir iti evə gətirir. Profes­sorun elmi maraqları yevgenikaya – insan təbiətinin yaxşılaşdırılması sahə­sinə aiddir. O, sovet məmurlarını cavanlaşdırmaq üçün eksperimentlər aparıb pul qazanır. Öz sahibinin bütün işlərini dərindən mənimsəyən Şarik tədricən özü eksperimentlərin obyekti olur. «İt ürəyi» povestini rus cəmiyyətinin inqilabi transformasiyasına alleqoriya kimi, təbiət işlərinə müdaxilənin təhlükəli fəsadları haqqında xəbərdarlıq kimi də səciy­yələndirmək olar. …………………………………………………………………………………………………………………………………………………………………………………………………………

Oxşar kitablar

Amok

Stefan Zweig

Cild : Yumşaq

Hərb sənəti

Sun Tzu

Cild : Yumşaq

Karlik

Per Lagerkvist

Cild : Yumşaq

Şahmat

Stefan Zweig

Cild : Yumşaq

Enşteyn ilə Freydin məktublaşması

Qanun Nəşriyyatı

Cild : Yumşaq

Herman və Dorotiya

İohan Volfqanq Höte

Cild : Yumşaq

Poems

İmadəddin Nəsimi

Cild : Yumşaq

Bahadır və Sona

Nəriman Nərimanov

Cild : Yumşaq

Siçanlar və adamlar

Con Steynbek

Cild : Yumşaq

Stokda yoxdur

Qasırğa

Teodor Drayzer

Cild : Yumşaq

Хозяйка

Fyodor Dostoyevski

Cild : Yumşaq

События в селении Данабаш

Cəlil Məmmədquluzadə

Cild : Yumşaq

Şeytan

Lev Tolstoy

Cild : Yumşaq

Yeraltından qeydlər

Fyodor Dostoyevski

Cild : Yumşaq

Elmin hamı üçün anlaşılan dili

Albert Einstein

Cild : Yumşaq

КРОТКАЯ

Fyodor Dostoyevski

Cild : Yumşaq

Özüm haqqında xatirə

Sol Bellou

Cild : Yumşaq

Qağayı

Anton Çexov

Cild : Yumşaq

Mirvari

Con Steynbek

Cild : Yumşaq

Ləyaqətlə yaşamaq və ölmək sənəti

Mişel Monten

Cild : Yumşaq

Слабое сердце

Fyodor Dostoyevski

Cild : Yumşaq

Evə

Toni Morrison

Cild : Yumşaq

Kapitan qızı

Aleksandr Puşkin

Cild : Yumşaq

Ölülər

Ceyms Coys

Cild : Yumşaq

Rəylər

Rəy yaz

Ünvan: Bakı, Tbilisi prospekti, 76

Abunə olmaqla hər həftə kitablardan və kitab dünyasında baş verən yeniliklərdən xəbərdar ola bilərsiniz.

«İt ürəyi» – uğursuz təcrübənin tarixi

Mixail Bulqakovun “İt ürəyi” povesti öz dövrü ilə yanaşı, bütün zamanların kəskin satirik fantastikasının nəfis nümunələrindən biridir. Bulqakov bu əsərində insanın təkamül qanunlarına müdaxilə edib-etməməsi və bunun nə ilə nəticələnəcəyi ilə bağlı ideya və düşüncələrini əks etdirib.

Bu əsər haqda, AzLogos-dakı başqa publikasiyada da bəhs edilib . Təbii ki, bir zamanlar sovet cəmiyyətinin üzvi bir hissəsi kimi bu povestin bizim cəmiyyət, ictimai proseslərin anlamı üçün müstəsna vacib əhəmiyyəti var, bu səbəbdən əsərin yaranma tarixini diqqətlə nəzərdən kiçirməyimiz gərəkdir.

Sözügedən povest, Mixail Bulqakovun 20-ci illərdə yazdığı və “Məşum yumurtalar”, “Dyavoliada” kimi satirik povestlər silsiləsinin axırıncı hissəsidir. Bulqakov “İt ürəyi” povestini 1925-ci ilin yanvarında yazmağa başlayıb və elə həmin ilin martında bitirib. Povest ilkin olaraq “Yeraltı” («Недра») jurnalında dərc olunmaq üçün nəzərdə tutulsa da, senzuradan keçməyib. Lakin Moskva ədəbiyyatsevərlərinin əsərin məzmunundan xəbərləri vardı, çünki Bulqakov 1925-ci ilin martında onu “Nikitinski şənbələri” («Никитинские субботники») ədəbi dərnəyində oxumuşdu. Bir qədər sonra isə povesti əllə köçürərək (məhşur “Samizdat”) yaymışdılar.

Həmçinin “İt ürəyi”, Moskva Akademik Bədaye Teatrında səhnələşdirilməli idi. 1926-ci il martın 2-də Bulqakov teatrla müqavilə bağlamışdı, lakin əsərə senzura tərəfindən qadağa qoyulduğuna görə, müqavilə 19 aprel 1927-ci ildə ləğv edildi. Üstəlik, Partiya Mərkəzi Komitəsinin göstərişi ilə 1926-cı il mayın 7-də yazıçının evində axtarış aparıldı və təkcə «İt ürəyi»nin makinada yığılmış iki nüsxəsi yox, Bulqakovun şəxsi gündəlikləri də müsadirə edildi. Povest SSRİ-dəki oxucularına yalnız 1987-ci ildə çata bildi.

«Məşum yumurtalar»da olduğu kimi, «İt ürəyi»nin də fabulası dahi ingilis fantast yazıçısı Herbert Uellsin (1866-1946) «Doktor Moronun adası» romanından doğulub. Bu roman, manyak bir professorun, naməlum adada yerləşən laboratoriyasında cərrahi yolla insanları heyvanlara çevirməsindən və beləcə qeyri-adi «hibridlər» yaratmasından bəhs edir.

Povest, nəşr olunandan sonra çoxlu yozumlara və fərqli fikirlərə səbəb olub, çünki o, əsas personajların parlaq və yaddaqalan xarakterləri, qeyri-adi süjeti ilə fərqlənirdi. Onun süjetində fantastika ilə gerçəklik, eyni zamanda sovet hökumətinin və ideologiyasının açıq, kəskin tənqidi sıx şəkildə biri-birinə uzlaşdırılmışdı. Bu əsər 60-cı illərdə dissidentlər arasında çox məşhur idi, 90-cı illərdə təkrar nəşr olunandan sonra isə, ümumiyyətlə, kəhanət statusu qazanmışdı.

“İt ürəyi” povestində iki düşmən düşərgəyə (ağlar və qırmızılar) bölünmüş rus xalqının faciəsi aydın nəzərə çarpır, çünki bu qarşıdurmada tərəflərdən yalnız biri qalib gəlməlidi.

Bulqakov öz povestində yeni qaliblərin – inqilabçı proletarların mahiyyətini açır və göstərir ki, onlar yaxşı və layiqli heç nə yarada bilməzlər.

Povestdə süjetin inkişaf xətti professor Preobrajenskinin uğursuz bir təcrübəsi üzərində qurulub: o, küçə iti Şariki insana çevirmək qərarına gəlir. Buna görə də, köpəyə əyyaş, tüfeyli və davakar Klim Çuqunkinin hipofizini köçürür. Əməliyyat uğurlu keçir və tamamilə “yeni insan” dünyaya gəlir – müəllifin qələmində Poliqraf Poliqrafoviç Şarikov yeni sovet proletariatının ümumiləşdirilmiş obrazıdır.

“Yeni insan” – qaba, həyasız, riyakar xarakteri, ədəbsiz davranış tərzi, son dərəcə xoşagəlməz, eybəcər görkəmi ilə fərqlənir və intellegent, ziyalı professorla onun arasında tez-tez münaqişələr baş verir. Şarikov professorun mənzilinə qeydiyyata düşməkdən ötrü (ki, buna tam haqqı olduğunu hesab eləyir) həmfikiri və ideoloji müəllimi, evlər komitəsinin sədri Şvonderdən dəstək alır, hətta özünə iş də tapır: küçə pişiklərini tutmaqla məşğul olur – bu da gələcəkdə baş verəcək faciələrin bir növ alleqoriyası idi.

Təzə meydana çıxmış Poliqraf Şarikovun hoqqaları ucbatından ağlını itirmək dərəcəsinə çatmış professor (son damla Preobrajenskidən yazılan donos olur) hər şeyi əvvəlki halına qaytarmaq, Şarikovu təkrar köpəyə çevirmək qərarına gəlir. Faktini özünün yaratdığı canlını öldürür.

“İt ürəyi” povestinin əsas qəhrəmanları XX əsrin otuzuncu illərindəki Moskva cəmiyyətinin tipik nümayəndələridir. Əhvalatın mərkəzində olan əsas personajlardan biri – professor Preobrajenski demokratik baxışları dəstəkləyən dünya şöhrətli alim, cəmiyyətdə hörmətlə qarşılanan insandır. O, heyvan orqanlarının köçürülməsi üsulu ilə insan orqanizminin gəncləşdirilməsi məsələsini araşdırır və insanlara heç bir zərər yetirmədən onlara kömək etməyə can atır. Professor mötəbər, özünəarxayın, cəmiyyətdə müəyyən bir nüfuzu olan və rifah içində yaşamağa alışmış insan kimi təsvir olunub (onun böyük evi, xidmətçisi, pasientləri arasında keçmiş zadəganlar və yüksək rütbəli inqilab rəhbərləri var).

Müstəqil və tənqidi düşüncəyə malik, mədəni insan olan Preobrajenski Sovet hökuməti əleyhinə açıq çıxışlar edir, hakimiyyətə gəlmiş bolşevikləri “avaralar”, “başıxarablar” adlandırır. O, qəti şəkildə əmindir ki, qarışıqlıqla, özbaşınalıqla, terror vasitəsiylə yox, mədəniyyətin köməyi ilə mübarizə aparmaq lazımdır. Professor hesab eləyir ki, canlı məxluqlarla ünsiyyətin yeganə yolu nəvazişdir.

Küçə iti Şarikin üzərində təcrübə apararaq onu insana çevirən, hətta ona ən sadə mədəni və əxlaqi vərdişləri aşılamağa çalışan professor Preobrajenski böyük müvəffəqiyyətsizliyə uğrayır. O, etiraf edir ki, onun “yeni insanı” heç bir işə yaramır, islaholunmazdır və yalnız pis şeylər öyrənir (Sovet təbliğat ədəbiyyatı ilə tanış olandan sonra Şarikovun ordan çıxardığı əsas nəticə: hər şeyi bölüşdürmək lazımdı, özü də bu, qarət və zorakılıq metodu ilə edilməlidir).

Alim başa düşür ki, təbiətin qanunlarına müdaxilə eləmək olmaz, çünki belə təcrübələr qətiyyən yaxşı nəticə vermir.

Onun tam əksi olan Şvonder isə yeni cəmiyyətin üzvlərinin kiçik və tipik obrazıdır, sovet hökumətini bütün varlığı ilə dəstəkləyir. Professora inqilabın sinfi düşməni kimi baxan və nifrət edən, onun mənzilinin bir hissəsini əlindən almağa çalışan Şvonder, bundan ötrü Şarikovdan istifadə eləyir, ona mənzil üzərində hüquqları olduğunu deyir, sənədlər hazırlayır və onu Preobrajenskidən donos yazmağa vadar eləyir. Özü cahil və savadsız adam olan Şvonder professorla söhbətlərində karıxıb özünü itirir, buna görə də ondan daha çox zəhləsi gedir və professora mümkün qədər çox ziyan vurmaqdan ötrü əlindən gələni eləyir.

Oxucu, ötən əsrin 20-ci illərində meydana çıxan və inqilabdan sonrakı dövrün sosial təzahürü olan “şarikovçuluğun” necə təhlükəli və qorxulu olduğunu anlasın deyə, Şarikovun, tədricən, artan aqressiyası, sırtıqlıq və cəzasızlığı müəllif tərəfindən xüsusi vurğulanır. Sovet cəmiyyətində hər addımda rast gəlinən, xüsusilə də hakimiyyətdə olan Şarikovkimilər, cəmiyyət, özəlliklə də ziyalı, ağıllı və mədəni insanlar üçün əsl təhlükədirlər, onlara ürəkdən nifrət edir və hər fürsətdə məhv eləməyə çalışırlar. Ki, sonrakı illərdə, məhz, Bulqakovun yazdıqları baş verdi, Stalin repressiyaları zamanı Rusiya hərbi elitası və intellegensiyasının qaymaqları məhv edildi.

Povestdə təsvir olunan hadisələrin fantastik, ağlasığmaz olmasına, müəllifin qrotesk və alleqoriyanın müxtəlif fəndlərindən istifadə eləməsinə baxmayaraq, sözügedən əsər, həmin dövrə xas konkret əlamətlərin təsviri sayəsində (şəhər mənzərələri, hadisələrin cərəyan elədiyi müxtəlif məkanlar, məişət və personajların zahiri görkəmi) unikal həqiqətəuyğunluğu ilə fərqlənir.

Dünyanın dəyişdirilməsi ideyası köhnə və nəcib bir ideyadır, tarixdə ən yaxşı zəka sahibləri onu dəstəkləyib, inkişaf etdiriblər, lakin bu, müsbət dəyişiklik, islahat ideyasıdır, məhvetmə, dağıdıcılıq yox. Povestin elə ilk səhifələrindən oxucu xarabalıq, boşluq atmosferinə, hər şeyin “Dünən heçnə olanlar, sabah hər şey olacaqlar” qanununa tabe olduğu dünyaya düşür. O “heçkimlər”, Kalabuxovskidəki evdə yaşayırlar və məhvolma məhz onların ucbatından başlayır. Onlar işlə məşğul olmurlar, onlar – mahnılar və marşlar oxuyurlar. Bu dünyada ümumbəşəri normalar və davranış qaydaları kəsərdən düşür.

Preobrajenski soyadı da təsadüfi seçilməyib. Filipp Filippoviç adi həkim deyil, o, «kahindi», «sehrbazdı», «ovsunçudu», o, «insan növünü təkmilləşdirməyin» yollarını tapmağa çalışan islahatçıdır. Lakin onun apardığı təcrübə gözlənilməz nəticələr verir. Zavallı köpək Şarik vətəndaş Şarikova çevrilir.

Şarikovun, professorun mənzilində peyda olması ilə qarışıqlıq başlayır və faciəvi miqyas alır, Preobrajenski işiylə məşğul olmaq, əməliyyat etmək əvəzinə Şvonderlə görüşməyə, hədə-qorxu eşitməyə, özünü müdafiə eləməyə, Poliqraf Poliqrafoviçin mövcudluğunu qanuniləşdirmək üçün saysız-hesabsız kağızlar yazmağa məcbur qalır.

«Povestdən güclü film»in çəkilişləri

“İt ürəyi” povesti SSRİ-də ilk dəfə 1987-ci ildə “Bayraq” («Знамя») jurnalının 6-cı nömrəsində nəşr olunan gün, sovetlərin mədəniyyət-incəsənət ictimaiyyətində sözün əsl mənasında furor yaşandı və həmin gün, filmin çəkilməsinə qərar verildi. Hörmətli oxucu, ən az bir dəfə də olsa «İt ürəyi» filminin povestin özündən yaxşı olması fikrini eşitmişdir. Bu, sanki hər kəsin ortaq qənaətidir.

Filmin rejissoru Vladimir Bortko danışırdı ki, povesti oxuyan andan Bulqakovun bu əsərini ekranlaşdırmaq fikrini ona, o vaxtlar “Lenfilm”in televiziya şöbəsinə rəhbərlik eləyən rejissor Sergey Mikayelyan verib: “Bir dəfə məni studiyanın dəhlizində qarşılayan Mikayelyan mənə bir jurnal uzatdı. Evə gəldim, oxumağa başladım, professorun monoloquna çatdım və anladım ki, bunu çəkəcəm, hətta necə çəkəcəyimi də artıq bilirdim. Bu, hökmən ağ-qara film olmalıydı…”

Professor Preobrajenskini oynamaq haqqı uğrunda Leonid Bronevoy, Mixail Ulyanov, Yuri Yakovlev, Vladislav Strjelçik kimi sanballı aktyorlar mübarizə aparırlar, ancaq bu mübarizədə qalib gələn Yevgeni Yevstiqneyev olur.

Baxmayaraq ki, Yevgeni Aleksandroviç film üzərində işləməyə başlayana qədər “İt ürəyi” povestini oxumamışdı, ancaq Filipp Filippoviç rolunda o qədər orqanik idi ki, bu onun kinokaryerasında ən yaxşı rollardan biri olur. Aktyorun oğlu, tanınmış operator, rejissor və prodüser Denis Yevstiqneyev belə xatırlayırdı: “Bu film atamın həyatına lap vaxtında gəlmişdi və sözün əsl mənasında, onu xilas elədi. Moskva Bədaye Teatrı onu təqaüdə göndərəndən sonra atam ağır bir mərhələ keçirdi. “İt ürəyi” filmində işləməyə çətinliklə razılıq versə də, sonradan onunla yaşamağa başladı. Meydançada nələr olduğunu bilmirəm, amma atam daima rolu haqqında danışır, hansısa səhnələr göstərir, nəyisə məşq eləyirdi… Həmin vaxt film onun dayağına çevrildi”.

Vladimir Bortko, Şarikov roluna səkkiz namizədin arasından – onlardan biri də məşhur Nikolay Karaçentsov idi – Alma-Ata Rus Dram Teatrının aktyoru Vladimir Tolokonnikovu seçir.

Sınaq çəkilişlərində Tolokonnikov Şarikovun, sonralar aforizmə çevrilən məşhur “Arzu eləyirəm ki, hamı!” cümləsini dediyi şam səhnəsini oynamışdı. Aktyor elə inandırıcı şəkildə sağlıq deyib içir ki, rejissorun, Poliqraf Poliqrafoviç roluna namizədlə bağlı heç bir şübhəsi qalmır: “Volodya araqdan bir qurtum içdiyi anda məni inandırdı. O, elə inandırıcı fınxırdı, hülqumu elə acgözülklə tərpəndi ki, mən düşünmədən onu təsdiqlədim.”

Şübhəsiz ki, filmin uğurunda Vladimir Bortkonun rejissor istedadı da, operator Yuri Şayqardanovun yüksək peşəkarlığı da, filmdə işləyən rəssam-dekoratorların, kostümerlərin və qrimçilərin ustalığı da, bəstəkar Vladimir Daşkeviçlə şair Yuli Kim tərəfindən yaradılmış musiqi nömrələrinin də böyük rolu olmuşdu.

Filmin ən böyük uğurlarından biri də – Roman Kartsevin ifasında Şvonder obrazıdı. Filmdə Boris Plotnikov, Nina Ruslanova və digər aktyorların da rolunu qeyd etmək gərəkdir.

Filmə gələn rəylər isə bir-birinə daban-dabana ziddi idi: kəskin tənqiddən, xoşagəlməz sözlərdən tutmuş böyük heyranlığa qədər…

“İt ürəyi” filmi haqqında maraqlı faktlar

“İt ürəyi” filmi 1989-cu ildə Beynəlxalq Varşava Kinofestivalında (Polşa) “Qızıl ekran” mükafatına, Düşənbədə (SSRİ) və Perudcedə (İtaliya) beynəlxalq televiziya filmləri festivallarında Qran-priyə layiq görülüb. 1990-cı ildə filmin rejissoru Vladimir Bortko və Preobrajenski rolunun ifaçısı Yevgeni Yevstiqneyev RSFSR-in Vasilyev qardaşları adına dövlət mükafatı laureatı olublar. Filmin çəkilişləri Leninqradda aparılıb və hadisələrin baş verdiyi Moskva “küçələri” rolunu şimal paytaxtının küçələri çox uğurla “oynayıb”. Sinematoqraf səhnələri “Znamya” kinoteatrında çəkilib, üstəlik, aktyor-tamaşaçılar kadrda gülsünlər deyə ekranda Yuri Maminin “Neptun bayramı” komediyası nümayiş olunub.

Əslində, “İt ürəyi” povesti ilk dəfə italiyan və alman kinematoqrafçıları tərəfindən 1976-cı ildə ekranlaşdırılıb.

Filmin italyan dilində adı «Cuore di cane» (“İt ürəyi”), alman dilində isə «Warum bellt Herr Bobikow?» (“Cənab Bobikov niyə hürür?”) adlanır. (Almanlar “Şarikov” soyadını “Bobikov”la əvəz eləmişdilər).

“Filmlə bağlı ilk resenziyalar həddindən artıq sərt idi. “İt ürəyi” filmi televiziyada göstərildiyi günün ertəsi mərkəz qəzetlərini açdım. Demokratik hakimiyyətdən fərqli olaraq, sovet hökuməti premyeraya çox tez reaksiya vermişdi. Deməli, qəzetdə bunları oxudum: biz hər cür zir-zibil görmüşdük, amma beləsini hələ görməmişdik, belə şeyi çəkənin qollarını kəsmək lazımdı. Hələ necə dəhşətli məktublar alırdım! Ancaq zaman keçdi və ona dövlət mükafatı, bir yığın başqa mükafatlar verdilər. Yəqin, anlamaq üçün vaxt lazımdır.”

Şariki oynayan köpəyi Leninqraddakı Xidməti İtlərin Yetişdirilməsi Klubu vasitəsilə tapmışdılar. İyirmi namizəd arasında onu – Karayı xalis küçə iti kimi göründüyünə görə seçmişdilər. Karayı film üçün qrimləmək lazım gəlmişdi, çünki onun tükləri hamar idi, Bulqakov isə Şarikin pırtlaşıq tüklü olduğunu yazmışdı.

İnsana çevrilmiş Şariki oynayan Vladimir Tolokonnikovun köpəklə birgə səhnələri yox idi. Ancaq bir dəfə aktyor, öz sözləriylə desək, “sələfi” ilə tanış olmaq üçün məxsusi olaraq çəkiliş meydançasına gəlmişdi.

Bu əsər bəşər tarixində insan üzərində aparılmış ən böyük eksperimentin müstəsna bir allegoriyasıdır.

Comments are closed, but trackbacks and pingbacks are open.