Press "Enter" to skip to content

Jurnalistikanın müasir meylləri

Rüstəm Allahverdiyev

Jurnalistika Elmi Tədqiqat Laboratoriyası

Qədim dövrlərdən bu günümüzədək minillər boyu insanlar biri-birinə məlumatın-informasiyanın ötürülməsi istiqamətində maraqlı yol qət ediblər. Bunun üçün müxtəlif üsullardan istifadə edilib, tonqallardan, rəmzlərdən, işarələrdən, danışıqdan kiçik yazı üsullarından, daha sonra təkmilləşdirilmiş dildən və nəhayət kompüter texnalogiyasına qədər yol keçmiş jurnalistikanı formalaşdırıb. Bu gün jurnalistika yerindən, məkanından asılı olmayaraq bütün dünyada cəmiyyətlər daxili məlumatlar alış-verişinə çevrilib.

Jurnalistikanın ən mübahisəli məsələlərindən biri janrdır. ”Janrın siması sənətin əsrlər boyu inkişaf tarixində formalaşır. Nəzəriyyədə janrın, necə deyərlər, qədəri yoxdur” (8, s.248).

Janr dövrün ehtiyaclarına, tələblərinə uyğun dəyişir və formalaşır. Məsələn, sovet dövründə qəzetləri bəziyən felyetona müasir mətbuat orqanlarında rast gəlmək, demək olar ki, mümkün deyil.

Prof F. Mehdi mətbuat janrlarının ümumi mənzərəsini belə təqdim edir: “xəbər, hesabat, müsahibə, reportaj, korrespondensiya, məqalə, icmal, resenziya, məktub, mətbuat xülasəsi, zarisovka, oçerk, felyeton, pamflet və təmsil, şarj, parodiya. Bu siyahiya esse, gündəlik, səfərnamə, bədii-publisistik, tərcümeyi-hal, xatirə, bədii nitq, nekroloq”.

В. В. Ворошилов isə «Журналистика» kitabında aşağıdakı janrları qeyd edir- xəbər, hesabat, müsahibə, reportaj, korrespondensiya, məqalə, resenziya, icmal, zarisovka, oçerk, felyeton, pamflet, yumor, ironiya.

İnsanların tələbləri dövrə uyğun dəyişdikcə jurnalistikanın ifadə üsulları da dəyişir. Bəzi janrlar sıradan çıxır, yeni janrlar əmələ gəlir. Bu gün istər mətbuatımızda, istərsə də radio və televiziyada qeyd etdiyimiz janrların bir çoxuna rast gəlmək olmur. Hazırda Avropa və Amerikanın jurnalistika nəzəriyyəsindəki janr bölgüsü reallığı daha çox əks etdirir- xəbər, rəy və araşdırma jurnalistikası. Bu gün müasir mediamızda araşdırma azdır, rəy həddindən artıq çox. Mətbuatda daha çox xəbərə rast gəlinir. Ümumiyyətlə demək olar ki, xəbər jurnalistikanın ən çox yayılmış janrıdır və hər zaman aktual janr olmuşdur.

Qeyd etmək lazımdır ki, qəzetdə janr rəngarəngliyinin gözlənilməsi həmin mətbuatı daha maraqlı edir. Yazının həcminin uzadılması nəinki oxucunu sıxır, hətta həmin yazıya olan diqqəti də azaldır. Az sözlə, fikri dəqiq və aydın çatdırmaq peşəkar jurnalistə xas olan cəhətdir. Jurnalistika darıxdırıcı və sıxıcı olmamalıdır.

Uzun müddət jurnalistika məhz sosioloji, tarixi aspektdən öyrənildiyinə görə onun öz kateqoriyaları gec yaranmış və jurnalistika bir elm sahəsi kimi qəbul edilməmişdir.

Müasir dövrümüzdə jurnalistikada çoxlu sayda janr mövcud olsa da, onların dördü beynəlxalq jurnalistika üçün daha səciyyəvidir:

Jurnalistikanın müasir meylləri

“Jurnalistikanın ali məqsədi həqiqətdir, obyektivlik isə jurnalistlərin əsas professionallıq meyarıdır. Jurnalist heç bir fakt və fikri saxtalaşdırmamalı və ya qəsdən təhrif olunmuş şəkildə təsvir etməməlidir”. Bu fikirlər Azərbaycan Jurnalistlərinin Peşə Etikası Kodeksində əks olunub. Bəlkə də fikirləşmək olar ki, media əhli bu prinsiplərə əməl etsə, bir çox problemlərdən yan keçmək olar. Ancaq medianın iqtisadi idarəetmə sistemi, daha geniş auditoriya toplamaq iddiası, cəmiyyətdə müxtəlif güc sahiblərinin maraqları fərqli məqamları diktə edir. Bu normal hal olsa da bir hallarda etik prinsiplərdən uzaq düşməyə və məsuliyyətin azalmasına gətirib çıxarır.

Bəzən jurnalistikada peşəkarlığın aşağı düşməsindən, müasir mediamızın geri qalmasından söhbət açılır. Kimlərinsə bu peşəkarlığı və yaxud qeyri peşəkarlığı necə və hansı meyarlarla müəyyənləşdirdiyini bilmirəm. Ancaq onu əminliklə deyə bilərəm ki, istər elektron mediada ciddi proqramlar, istərsə də, çap mətbuatında həmin səpkili yazılar geniş auditoriya tərəfindən o qədər maraqla qarşılanmır.

Cəmiyyət sakit tonda verilən informasiyanı deyil, daha çox radikal, haylı-küylü məlumatları eşitməkdə maraqlıdır. Qəzetdə bir qalmaqal yazısı versən, onu oxuyan daha çox olacaq. Çap mətbuatında dərc olunan əhəmiyyətli yazının, hər hansı tv-də yayımlanan ciddi verilişin reytinqi isə çox aşağı olmaqla yanaşı, hətta bəziləri belə səpkili yazılara və yaxud verilişlərə qeyri-ciddi yanaşır. Təbii ki, bunun səbəbləri çoxdur. Əlqərəz real vəziyyət belədir.

Ona görə də peşəkar bir yazar ya jurnalistikadan uzaqlaşmalıdır, ya da axına qoşulub qalmaqallı, qərəzli yazılar yazmalıdır. Məncə, auditoriyanın darlığından narahat olmağa dəyməz. Əsas odur ki, jurnalist kiminsə diktəsilə deyil, doğru bildiyinin arxasınca gedir və həqiqət olanı yazır. Bir məsələni düzgün anlamaq lazımdır ki, ciddi bir yazı kimisə tərifləmək, kimisə söymək və yaxud ütülənmiş fikirlərdən ibarət söz yığnağı deyil.

Ancaq normal demokratik cəmiyyətin əsas atributlarından sayılan söz azadlığının ictimai və etik məsuliyyətlə vəhdətdə olması birmənalıdır. Etik prinsiplər bir çox hallarda KİV-in probleminə çevrilir. Məhz bu məsələlərin aydınlaşmaması “Diffamasiya haqqında”qanun qəbul edilib edilməməsini müzakirə obyektinə çevirir. Həmin qanun layihəsinin istər tərəfdarlarının, istərsə də, əks cəbhənin nümayəndələrinin öz arqumentləri var. Hər iki tərəfin səsləndirdiyi fikirlərlə razılaşmaq olar. Ancaq bir məsələ var ki, “Diffamasiya haqqında” qanunun qəbul edilib-edilməməsi mətbuatın əsas problemlərini həll etmir. Çünki KİV-ın inkişafını tənzimləyən də, jurnalistin az və ya çox dərəcədə davranışına təsir edən də halal iqtisadi faktordur.

Etik məcəllə, jurnalist etikası və digər məqamlarla bağlı bəzi xarici ölkələrin təcrübəsinə diqqət yetirmək pis olmazdı. Ümumiyyətlə, dünyanın 40-a yaxın ölkəsində jurnalist təşkilatları etika məcəlləsini qəbul ediblər. Bu sənədlərdə birmənalı olaraq ən ümumi prinsiplər, faktların doğruluğu, dəqiqliyi, yoxlanması və sairə nəzərdə tutulur. Əcnəbi ölkələrin qəbul etdiyi həmin etika məcəllələrində jurnalist məsuliyyəti və vicdanlığı, təqsirsizlik prezumpsiyası və fərdin müdafiəsi, informasiya azadlığı, məlumatların azad əldə edilməsi, mənbələrin konfidensiallığı peşə sirri və s. məcəllədə əks olunur. Bunun işlənmiş mükəmməl ən son nümunəsi İtaliya Mətbuatının Milli Federasiyası və Milli Jurnalistlər Şurası tərəfindən qəbul edilən Jurnalistlərin Vəzifələri haqqında Xartiyadır. Həmin ölkələrin təcrübəsinə nəzər saldıqda digər maraqlı məqamlara rast gəlmək olar. Hətta bəzi qəzetlər daxili prinsiplər qəbul ediblər. Bunlar bəzi hallarda, xüsusilə, seçki dövründə seçkilərin şəffaf işıqlandırılması və bir çox vaxtlarda ümumi prinsiplər məqsədilə həyata keçirilir.

Media quruluşlarının əsas prinsipləri bunlar olub: ”Etibarlılıq, ədalətlilik, balanslılıq və qərəzsizlik”. Avropa məkanında etibarlı informasiya, bu məlumatın bütün mahiyyətini əhatə edir. Auditoriya verilən məlumata etibar etmirsə bu potensial oxucu itkisi deməkdir. Media biznesini yaxşı həyata keçirmək üçün hətta seçki dövrlərində işıqlandırmanın etibarlılığı önəmlidir. Etimadı qazanmaq bir fürsətdir. Həmin ölkələrin media təcrübəsi göstərir ki,etibarlı informasiya mənbəyi olmaq üçün jurnalist heyəti hər gün sübut etməlidir ki, informasiya ədalətlidir, dəqiqdir və bütün baxışlar üçün açıqdır. Demokratik proseslərə dəstək vermək məqsədilə media ilk növbədə vətəndaşların maraqlarına əsaslanan işıqlandırmanı həyata keçirir.

Xarici medianı ideallaşdırmaq fikrində deyiləm. Çünki müstəqil KİV-in problemsiz olduğunu düşünmək düzgün olmaz. Ancaq Amerikalı jurnalist Coan M.Lisoski maraqlı bir fikrini xatırlayıram. Həmin şəxsin qənaətincə, “Amerika cəmiyyətini düşündürən, narahat edən məsələnin gündəmə gətirilməsi vətəndaşın marağına xidmətdir, ona görə də biz həqiqəti təkrarlamaqdan çəkinmirik”.

Mənim fikrimcə, Azərbaycan KİV-ləri də əsassız qalmaqallardan uzaq olaraq, cəmiyyəti düşündürən, narahat edən məsələləri gündəmə gətirməkdən, ciddi yazıları yazmaqdan, həqiqəti vurğulamaqdan çəkinməməlidir. Media mənsubu diqqəti əsas oyunçuların hərəkətlərindən daha çox, hadisələrin mahiyyətinə yönəltməlidir. Bu yazını Hötenin fikirləri ilə tamamlamaq istərdim: “Həqiqəti həmişə təkrarlamaq lazımdır, çünki ətrafımızda daim yanlış fikirləri təbliğ edənlər olur”.

Jurnalistikanın müasir meylləri

Böyüyəndə kim olmaq istəyirəm?

Bu sual hər kəs kimi daima məni də düşündürən məsələlərdən biri olub. Xüsusən 9-cu sinifdə artıq bu barədə daha çox fikirləşməyə başlayırsan və öz gələcək həyatınla bağlı qərarını verirsən. Bu kimdəsə uğurlu, kimdəsə ondan asılı olan və olmayan səbəblərdən uğursuz olur.

Həyatımın bu dövründə mənim ixtisas seçimimə oxuduğum bir müsahibə təsir etmişdi. Özümü iqtisadiyyat sahəsində gördüyümü düşündüyüm halda, bir anda hər şey 180 dərəcə dəyişdi. Oxuduğum müsahibələrin birində Türkiyənin keçmiş baş nazirlərindən biri “Yenidən baş nazir olsaydınız, buraxdığınız hansı səhvi təkrarlamazdınız?” sualını belə cavablandırmışdı: “Hər gün səhər yeməyimi təhlükəsizlikdən və mediadan cavabdeh köməkçilərimlə edərdim”. Bu sualın cavabı mənim ixtisas seçimimə ən çox təsir göstərən səbəb oldu.

Nəticədə, 2005-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil oldum və oranı 2009-cu ildə bitirdim. Əmək fəaliyyətimə tələbəlik illərində jurnalist kimi başladım. Daha sonra Xarici Dillər Universitetinin mətbuat xidmətində çalışdım. Hərbi xidmətdən sonra “Simurq” futbol klubunda mətbuat katibi, “CBC Sport”kanalında redaktor, “Sumqayıt Texnologiyalar Parkı”nda mətbuat katibi işlədim. Hazırda “Neftçi” Peşəkar Futbol Klubunun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr departameninin rəhbəri vəzifəsində çalışıram. Gündəlik işim klubun media ilə, azarkeşlərlə, dövlət və qeyri dövlət orqanları ilə, sponsorlarla və daxili komunikasiyanı nizamlamaq və əlaqələri yüksək şəkildə təşkil etməkdir.

Artıq 3-cü ildir bu vəzifədə çalışsam da, hesab edirəm ki, bu müddətdə komandam ilə birlikdə böyük işlərə imza ata bilmişik. Hazırda ölkədə klub haqqında daha çox ictimaiyyətə məlumat verməyimizlə, sosial media səhifələrini ən aktiv şəkildə istifadə etməklə, ölkədə ilk klub televiziya kanalını təqdim etməklə, rəqiblərimizdən fərqləndiyimizi deyə bilərəm. Ancaq bu hələ də tam istədiyimiz nəticə deyil. Buna nail olmaq üçün dayanmadan çalışırıq, yenilikləri izləyirik, təcrübələri öyrənirik və öz işimizdə tətbiq edirik.

Jurnalistika sahəsi çox maraqlı sahədir. Hər bir peşənin olduğu kimi, bu ixtisasın da müsbət və mənfi tərəfləri var. Daima informasiyanın içindəsən, ətrafınla yarışdasan, axtarışdasan və sən ilk olmağa çalışırsan. Çünki işin xəbər istehsal etməkdir. Köhnə xəbər isə heç kəs üçün maraqlı deyil.

Bu gün həyatımızı informasiyasız təsəvvür belə etmək çox çətindir. Bu sahədə çalışmaqla sən insanların ehtiyaclarını qarşılayırsan, həm xəbər yaradırsan, həm də onu ictimaiyyətə ötürürsən. Bu baxımdan üzərində çox böyük məsuliyyət daşıyırsan. Çünki sənin verəcəyin yalnış xəbər insanların həyatının sonuna belə səbəb ola bilər.

Bu ixtisası seçən kəs heç bir zaman sakit həyat tərzi arzusunda olmasın. Çünki sənin həyatının əsas məqsədi xəbərdir və sən daima bunu ilk olaraq çatdırmaq üçün hadisələri belə qabaqlamısan. Bunu isə sakit bir həyat keçirməklə əldə edə bilmərsən.

Jurnalistika ən qədim peşələrdən biridir. İnsan yarandığı gündən bu günə qədər məhz informasiya əsasında inkişaf edib desək, hər halda yalan olmaz. Qaya üzərindəki rəsmlərlə ötürülən informasiya, bu gün səs dalğaları, internet üzərindən ötürülür. Bu da jurnalistikanın necə inkişaf etdiyini göstərir. Bütün bunların da bir səbəbi var. İnformasiyaya olan ehtiyac, bunu əldə etməyin tez və ən rahat yolu.

Jurnalist ixtisasını seçən şəxs özünü inkişaf etdirmək baxımından bir dəqiqə belə dayanmamalıdır. Hər zaman bunun haqqında düşünməli, yeniliklərdən geri qalmamalıdır. Buna görə də bu ixtisası seçən hər kəs ilk öncə əhatəli biliyə malik olmalıdır. Çoxlu mütailə etməlidir, dünyada baş verən hadisələri gündəlik izləməlidir. Çünki axtarışda olan şəxsin ideyaları tükənmir. Yeni fikirlərlə tanış olursan və bunu işinə tətbiq etməklə, insanların informasiya ehtiyacını ən rahat yolla təmin etmiş olursan. Bunların əsasında güclü analitik bacarıqlara malik olmalıdır. Bu gün jurnalist kimi çalışan hər kəs ən yaxşı olmaq üçün informasiya əldə etməklə yanaşı, bunu tez və rahat şəkildə ictimaiyyətə çatdırmaq haqqında düşünməlidir.

Əgər əvvəllər jurnalistlərdən yaxşı yazı yazmaq və ya danışmaq tələb olunurdusa, bugünkü tələblər tamamilə fərqlidir. Bu gün bu ixtisası seçənlər bunlarla yanaşı, texnologiyanı yaxından izləməli və bunu işində ən yaxşı və rahat şəkildə tətbiq etməyi bacarmalıdır. Ana dilindən başqa dil bilməlidir ki, xəbərini daha böyük auditoriyaya ötürmək üçün bundan istifadə edə bilsin. Maksimum əlaqələr qurmalı, yeni tanışlıqlara açıq olmalı, ünsiyyətçil olmalıdır. O qədər informasiyaya malik olmalıdır ki, ətrafında istənilən ixtisasda olan şəxslə istənilən mövzuda danışa bilsin, bununla da, qarşı tərəflə bağ yarada bilsin. Çünki ətrafında nə qədər daha çox insan olsa və yaxşı əlaqələr qura bilsən, daha çox informasiya mənbəyinə malik olarsan.

Bir çoxumuz abituriyent olarkən, düşünürük ki, universitetə daxil olsaydım, rahatlanardım, özümə istirahət verərdim. Axı nə qədər oxumaq olar?! Ancaq əslində, hər şey elə universitetə daxil olduqdan sonra başlayır. Təbii ki, yalnız imtahanlar dövründə kitab üzü açan tələbə heç vaxt öz ixtisası üzrə hər kəsin ehtiyacı olacaq kadr olmayacaq.

Tələbəlik illərini səmərəli keçirən hər kəsin ondan sonrakı həyatı çox rahat olur. Çünki ilkin mərhələdə ixtisasını seçdin və istədiyin fakültəyə daxil oldun. Sonra burada seçdiyin peşəni artıq nəzəri cəhətdən öyrənməyə başlayırsan, öyrəndiklərinin bir qismini təcrübədən keçirirsən. Sonda tələbəlik illəri bitir və artıq həyata atılırsan, universitetdə öyrəndiklərini iş yerində tətbiq edirsən. Bütün bunlar ümumi mənzərədir. Ancaq ən vacibi olan odur ki, bu dövrdə sən ixtisaslı kadr kimi iş həyatının kökünü atırsan. Sonrakı həyatındakı görəcəklərin isə bu kökün inkişafını və qol-budaq açmasını təmin edir.

Universitetdə oxuyacağın 4 ili maksimum səmərəli keçirmək üçün mütləq şəkildə hər kəs özü qarşısına bir məqsəd qoymalıdır. Bu istiqamətdə planlar qurulmalıdır. Universitetdə yalnız müəllimlərin dedikləri ilə yekunlaşmamalıdır. Dərsdən sonrakı vaxtında ixtisası ilə əlaqədar araşdırmalar etməli, bu istiqamətdə kitablar, məqalələr oxumalıdır. Xarici dil biliyini artırmaq istiqamətində dayanmadan çalışmalıdır.

Jurnalistika fakültəsini seçənlər mütləq şəkildə bunlarla yanaşı, praktikaya önəm verməlidirlər. Artıq tələbəlik illərindən iş həyatına da atılmalıdırlar. Öyrəndiklərini tətbiq etməlidirlər. Çünki bu ixtisas elədir ki, nəzəriyyəni daima praktikada tətbiq etməlisən, yoxsa inkişaf edə bilməyəcəksən.

Bu gün jurnalistika peşəsi xüsusi sahələrə ayrılıb: Siyasi jurnalistlər, iqtisadiyyatdan yazanlar, idman jurnalistləri, tibbi sahədə baş verən hadisələri işıqlandıranlar, hərbi jurnalistlər və s. Jurnalistika fakültəsində hər kəsə ümumi dərslər keçirilir. Ancaq bu müddətdə artıq sən növbəti dəfə özünə bu sualı verirsən ki, “böyüyəndə kim olacağam?” Öyrəndiklərin və özünü yaxın bildiyin bir sahəyə artıq burada yönlənirsən və bu istiqamətdə praktiki çalışmalara başlayırsan.

Mən ikinci kursda oxuyarkən, artıq qəzetdə işləməyə başladım. Seçimim idman jurnalistikasından yana oldu. Bunun da əsas səbəblərindən biri yəqin ki, doqquz ilə yaxın futbolla məşğul olmağım idi. Tələbəlik illərindəki fəaliyyətim mənim həyatımın sonrakı dövrünün bir növ lokomotivi oldu. Artıq bu sahədə çalışan jurnalistlərlə münasibətlərim formalaşdı, universitetdəki müəllimlərimlə yanaşı, onlardan da nələrsə öyrənməyə başladım. Bir sözlə, idman jurnalistikasında artıq tələbəlik dövründə özümü tanıda bildim. Bütün bu addımlarım mənim bugünkü iş həyatımın əsasını qoydu. Bu gün artıq vaxtı ilə öyrəndiklərimin əsasında ölkənin ən qocaman və titullu klubu olan “Neftçi”nin ən böyük departamentlərindən birinin rəhbəriyəm.

Həyat isə bir yerdə dayanmır. Hər gün yeni nəsə baş verir, bir vaxtlar bizim üçün adətə çevrilmiş vərdişlər dəyişilir, biliklər yenilənir. Bu dalğadan geri qalsaq, əldə etdiyimiz hər bir şeyi itirə bilərik. Buna görə də istər jurnalistika ixtisasını seçin, istərsə də başqa bir peşəni, ən vacibi odur ki, dayanmaq olmaz. Əgər gözəl, bütün ehtiyaclarını qarşılaya biləcək, arzusunda olduğun bir həyat istəyirsənsə, hər şey sənin öz əlindədir. İnanın ki, qarşınıza məqsəd qoyub, bu istiqamətdə planlar qurub və bunu icra etməyə başlasanız, hər şeyə vaxt tapacaqsınız, hər şeyə nail olacaqsınız. Öz daxili intizamınızı qorumuqla yolunuza davam edin. Hər kəsə çıxdıyı yolda və seçimlərdə uğurlar!

Rüstəm Allahverdiyev

“Neftçi” PFK-nın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri

Comments are closed, but trackbacks and pingbacks are open.