Press "Enter" to skip to content

İblislərlər, cadugər, şarlatan və falçılarla döyüşən kitab Azərbaycan dilində – FOTO

Rəhmətlik nənəm “urf” çıxara bilirdi. “Urf”un ruh demək olduğunu xeyli sonra öyrəndim. Bu sahədə çox məşhur olmasa da arabir “sifarişləri” olurdu. Yanına, adətən, kəndin yaşlı qadınları gələrdi, müztəribin adını, anasının adını deyib imdad umardılar. Nənəm də evin ortasına qaşıq-zad atardı, dodağının altında nələrsə pıçıldayardı və deyilənə görə həmin adamın “urf”u çıxardı. Babam keçmiş sovet əskəri idi, İkinci Dünya Mühəribəsində fəxrlə danışdığı uğurları olmuşdu, xeyli medalı, ordeni var idi və nənəmin bu işlərinə heç vaxt baş qoşmazdı. Günlərin bir günü “pedakogikası çox güclü olmasa da dəhşət savadlı” fizika müəllimimiz zəng edib kiminsə “urf”unu çıxartmasını xahiş etdi nənəmdən… və bu məni dəhşətli dərəcədə təəccübləndirdi.

Karl Saqan – “İblislərlə dolu dünya elmin şam işığında” | Yalçın İslamzadənin tərcüməsi

Deyirdilər hündür evlərin damında görünür, bəzən də uzaqda, göyün qaranlığında dayanıb işıq saçır. Ən çox məhərrəmlikdə, deyəsən lap, aşurada gəlirdilər. O vaxtlar “yadplanetlilər” sözü bizə tanış deyildi və hələ ki, “uzaylılar” yox, “uçan tarelkalar” sırınmışdı dilimizə, biz də elə deyirdik. Mən özüm bir dəfə göydə süzərək işıq yaydığını, sonra birdən yoxa çıxdığını görmüşdüm və çox qorxmuşdum.

Karl Saqanın – “İblislərlə dolu dünya elmin şam işığında” kitabı dilimizə tərcümə olunub. Tərcümə Yalçın bəy İslamzadəyə aiddir, ancaq kitabı bir az oxuyandan sonra bu iki variantdan birində qərarlaşmalı olursan: ya Karl Saqan dilimizi öyrənib bu kitabı elə azərbaycanca yazıb, ya da Yalçın bəy kitabı oxuyub, qavrayandan sonra qoyub bir kənara, eyni ekvivalentdə yeni kitab ərsəyə gətirib. Çünki bir tərcümə kitab bu qədər axıcı, bu qədər aydın və ikinci dilin üstündə bu qədər kamil köklənmiş ola bilməz. Qətiyyən şişirtmirəm – tərcümə tək kəlimə ilə möhtəşəmdir. Görünür, elə tərcüməçi də elm oxuduğuna görə müəllifin “səs tonu”nu əla duyub.

Uşaqlığım elə vaxta düşüb ki, sovet dövrünü görsəm də xatırlamıram, ancaq müstəqilliyin ilk illəri də yaddaşımın elə yerinə tuş gəlib ki, istəsəm də, çox şey yadımdan çıxmır. Bir dönəm yarandı, elə bil, hansısa mələk nazil oldu kəndə və gündə bir adamı yuxusunda vergiləndirdi. Vergi verilmiş adamlar payız göbələkləri kimi çoxalırdı. Fala baxanların sayı baxdıranlardan çox idi, bəlkə də. Vergililər arasında intihar edənləri də oldu, cavan yaşında müəmmalı şəkildə vəfat edəni də. Bəziləri təbii seçmədən qalib çıxdılar, ixtisaslaşmış, dünya səviyyəli falçılığa qədər getdilər. Çoxları isə yarıyoldan qayıtdı.

İndi deyəcəyim şeyə isə inanmayacaqsınız: Kitabda yazı xətası yoxdur. İnandınız? Mənim də inanmağım gəlmirdi, ancaq düz 520 səhifəlik kitabda 2-3 hərf səhvi var, bu isə bizim kimi səhvi düzündən çox olan kitablar oxumağa vərdiş eləmiş adamlar üçün “yox” səviyyəsindədir. Kitabda adı qeyd olunmasa da, öyrəndiyimə görə, redaktor (bəlkə də korrektor) Famil Cəfərlidir. Famil bəy Yalçın İslamzadənin tərcümə elədiyi “Mifin qısa tarixi” kitabını da redaktə (bəlkə də korrektə) etmişdi. Dilimizə olan hörmətindən dolayı Famil bəyə minnətdar olmalıyıq. Görünür kitabın üstündə ciddi əmək sərf edib. Bizim kitablarda dilimizə bu qədər qayğı göstərilməsinə çox rast gəlmirik, təəssüf ki. Ümumiyyətlə, kitabın erqonomikasına – dizayn, şrift, yüngüllük, möhkəmlik, keyfiyyət və s. – söz ola bilməz.

Kənddə əndərəbadi şeylər çox olurdu. Məsələn, qəbirstanlıqda gecələr “quleybanı”lar, “alarvadı”lar gəzirdi. Mən onları belə adlandıranların nəyə əsasən fərq qoyduğunu bilmirdim. İndi də bilmirəm. Xüsusən və nədənsə, məhərrəmlik ayında möcüzələrin ardı-arası kəsilməzdi. Təkyələr qurulardı, iri teştin içində qaralı, qırmızılı parçalarla bəzənən ələmlər qoyulardı və şahidlər and-aman edərdilər ki, roza oxunanda ələm öz-özündən qalxıb yatır və beləcə teştin içinə nəzir atmaq və dua eləmək vacib olur. İri dirəkli ələmlər isə təşbeh meydanlarında günahkarları yerə çırpıb, möminlərlə mehriban davranırdı. Bu hadisələri bir çox adamın ağzından bir çox dəfə eşitmək olurdu, o qədər adamın eyni vaxtda eyni yalanı danışmağı heç cürə inandırıcı ola bilməzdi.

Kitab əsasən elmin populyarlaşmasına xidmət edir. Psevdoelm və ara inanclarına qarşı tutarlı arqumentlərlə çıxış edir. Kitabın ən üstün cəhətlərindən biri məsələlərə heç bir halda tərəfkeşlik etmədən yanaşmasıdır. Hər hansı bir psevdoelmi iddia bir neçə rakursdan müzakirə olunur. Müəllif özü, demək olar ki, heç bir halda öz şəxsi mövqeyini nümayiş etdirmir. Sadəcə olaraq bu sahədə aparılmış təcrübələri, elmi analizləri təhlil edir və bu tərəfsizlik kitabı olduqca saf, təmiz əsərə çevirir. Nəticədə biz bir alimin fikirlərini yox, bütövlükdə elmi yanaşmanı öyrənirik.

Rəhmətlik nənəm “urf” çıxara bilirdi. “Urf”un ruh demək olduğunu xeyli sonra öyrəndim. Bu sahədə çox məşhur olmasa da arabir “sifarişləri” olurdu. Yanına, adətən, kəndin yaşlı qadınları gələrdi, müztəribin adını, anasının adını deyib imdad umardılar. Nənəm də evin ortasına qaşıq-zad atardı, dodağının altında nələrsə pıçıldayardı və deyilənə görə həmin adamın “urf”u çıxardı. Babam keçmiş sovet əskəri idi, İkinci Dünya Mühəribəsində fəxrlə danışdığı uğurları olmuşdu, xeyli medalı, ordeni var idi və nənəmin bu işlərinə heç vaxt baş qoşmazdı. Günlərin bir günü “pedakogikası çox güclü olmasa da dəhşət savadlı” fizika müəllimimiz zəng edib kiminsə “urf”unu çıxartmasını xahiş etdi nənəmdən… və bu məni dəhşətli dərəcədə təəccübləndirdi.

Mən kitabdan hissələr, nümunələr yazıb, oxunması hədsiz zövqlü bu əsərdən bir kəlmənin belə, necə deyərlər, “spoylerini” vermək istəmirəm, qıymıram buna, o qədər məzmunlu, o qədər tutumlu kitabdır ki, mənim yazacağım hər şey Sizin üçün “sürprizin qaçmağına” səbəb ola bilər. Onsuz da özünüz oxuyacaqsınız və fəxr edəcəksiniz ki, bizim Ana dilimizdə də belə kitablar olarmış.

Bir qadın vardı, bir kişinin ikinci qadını idi. Bu məsələnin üstü açılandan sonra kişi o qadını da evinə gətirməli oldu. Mənim tanıdığım ilk ikiarvadlı kişi idi. Bu hala dinimiz imkan versə də, mentalitetimiz yaxşı baxmır. İki arvad bir evə yerləşəndən çox qısa müddət sonra qəribə şeylər olmağa başladı. İkinci gələnin (mən görməmişəm, deyilənə görə) belində, kürəyində, ayaqlarında yara-qançır izləri yaranırdı, tamamilə öz-özünə. Gecə yatırdı, səhər durub görürdü ki, kimsə nazik çubuqla döymüş kimi bədənində uzun zolaqlı yaralar var. Söz gəzirdi ki, vergi verilir. Görünür, vergiverənlər ikinci qadına nəsə verməyə çalışırdılar. Bu bir müddət davam elədi, çalışdılar, ancaq alınmadı, verə bilmədilər. Kişi ikinci arvad üçün başqa ev tikdi. Çox güman ki, vergiverənlər yeni ünvanı tapa bilmədilər və qadın xilas oldu.

Amerikada yadplanetlilər tərəfindən qaçırıldığını iddia edən milyonlarla insan varmış. Bu qədər adam yalan danışarmı? Yaxud bütün bir cəmiyyət eyni halisunasiyanımı görür? Kitabda ürəyə tikan salan suallar və tikan çıxaran cavabların sayı-hesabı yoxdur. Sual verməyin, doğru sual verməyin önəmindən danışır. Bir çox yerdə uşaqların sual verməsi məsələsinə toxunur, ümumiyyətlə kitabda uşaq tərbiyəsi barədə çox maraqlı məsləhətlər var. Valideynlərin uşaqlarla necə rəftar etməsi, çətin sualları qarşısında necə davranması məsələsinə də toxunub müəllif. Elmi populyarlaşdırma adı ilə başlayan kitabın bir çox yerində bizə hətta varlanmaq, pul qazanmaq barədə şəxsi inkişaf, motivasiya kitablarında olmayan qədər dəyərli məlumatlar verilir.

Yuxarıda adını çəkdiyim “alarvadı” hadisələrinin ən məzəlisi elə ən sonuncusu oldu. Əvvəllər bir adət vardı. Kimsə vəfat edəndən sonra qəbrinin üstündə çadır qurulurdu, gecələr molla gəlib otururdu və saatlarla Quran oxuyurdu. Buna, səhv eləmirəmsə, “Quran tapşırmaq” deyirdilər. Günlərin bir gecəsi söz-söhbət yayılmağa başladı ki, bizim kənddə də “alarvadı” var. Gecələr qəbirlərin arasında görünüb yoxa çıxır. Əlbəttə, uşaq idik və qorxurduq. İndilərdə kəndə haçan yolum düşsə, qəbirstanlığa mütləq gecə ziyarəti edirəm, yoxlamalısınız, hədsiz zövqlüdür, sakitlik olur və vəfat edənlərin necə də ölmüş olduqlarını dəqiq anlayırsan. Nə qədər gözləsən də daha, “alarvadı” gəlmir. Nə isə… Həmin o məzar başında “Quran tapşırma” ənənəsi bir gecədə ləğv olundu. Çünki “alarvadı” gəlib həmin çadırı sirkələmiş, qəribə səslər çıxarmışdı. Həmin an əlində kainatdakı istisnasız bütün məxluqların (alarvadılar daxil) yaradanı Allahın kitabını oxuyan molla qəbirstanlıqdan necə qaçmışdısa, bəlkə, hələ indi də getməyə ürək eləmir. Bu ona görə müəyyən qədər məzəli əhvalatdır ki, həmin o “alarvadı”nı tanıyıram və gecələr qəbirstanlıqda inəyinə ot yığarkən arabir göründüyünü, sonradan mollanı qorxutmaq üçün çadırı sirkələdiyini bilirəm. İndi daha “alarvadı” gəlmir, çünki Bakıda fəhləlik edir.

Karl Saqan kitabında Amerikadakı təhsil sisteminin çöküşündən ürəkağrısı ilə danışır. Bunun bariz nəticələrini vurğulayır. Amerikanın yarandığı vaxtlarda onu quranların elmə münasibəti ilə indiki vəziyyəti müqayisə edir və bir ölkəni təhsilin, elmin, elmi yanaşmanın hardan hara gətirə biləcəyini göstərir. Ümumiyyətlə kitabda elmi metodun təkcə laboratoriyalarda deyil gündəlik həyatımızda cahilliklə mübarizədə necə effektiv olmasından danışır. Bizə gələn hər hansı fikrin həqiqətə uyğunluq dərəcəsini ölçməyi öyrədir. Elmi psevdoelmdən ayırmağın yollarını aydın izah edir.

Böyüdükcə qorxduğumuz şeylərin çoxunun əslində bilməməzlikdən olduğunu öyrəndik.

Kitabı oxuyanda əmin olursan ki, bilmək heç vaxt qorxulu deyil, əksinə, həqiqət əsrarəngiz və möcüzəlidir. Adətən, tərsini təlqin edirlər. Möcüzəli şeylər əslini bilmədiyimiz şeylər kimi sırınır bizə. Halbuki kainatı, təbiəti, özümüzü öyrəndikcə daha çox təəccüblənib, daha çox şövqlənmirikmi? Məsələn, mikroskop altında 40.000 dəfə böyüdəndən sonra belə dırnaqdan balaca görünən hüceyrənin daxilində eyni anda bir çoxu laboratoriya şəraitində hələ də simulyasiya oluna bilməyən 100-dən çox biokimyəvi proses getdiyini və bunların bir-birinə heç bir halda mane olmadığını öyrənmək zövqlü deyilmi? Kitabı oxuyarkən bizim bilməməyimizin kimlərə faydalı olduğuna bir daha əmin olursan və başa düşürsən ki, əsil qorxulu şey mövcudluğuna heç bir tutarlı sübut olmayan yadplanetlilər, “quleybanı”lar, “urf”lar, “alarvadı”lar deyil. Əsil qorxulu şey mövcudluğuna heç bir şübhə olmayan saysız-hesabsız problemin qarşısında çıxış yolunu bilməməkdir. Başa düşürsən ki, bilməməkdən həmişə qorxmaq lazımdır, bu qorxunu tərk etmək bizi, birmənalı olaraq uçuruma aparır, qul olmağa sürükləyir.

Mən heç yerdə elmi kitabların pulsuz paylandığına şahid olmamışam. Heç yerdən də eşitməmişəm ki, tələbələrə nəsə təbliğ etmədən, sadəcə dərslərini yaxşı oxuyub cəmiyyətə lazımlı kadrlar ola bilsinlər deyə tam təmirli evlərdə yüksək səviyyəli şəraitlər yaradılır. Əksinə təhsil haqları ali təhsil (verməyən) müəssisələrinin keyfiyyətinə tərs mütənasib olaraq ildən ilə qalxır. Bunun əvəzində normal elmi dairələrdə müzakirəsi çoxdan tamamlanmış təkamül nəzəriyyəsini “çürütməyə” çalışan çürük ədəbiyyat kitabları bəzək-düzəkli olmaqlarına baxmayaraq pulsuz paylanır. Doğrudanmı bizim elmdən çox bunlara ehtiyacımız var? Kitabda bu cür psevdoelmi qaynaqların niyə və necə çoxalmasından və bunların günahkarlarından da söhbət açılır.

Müəllif Amerika əhalisinin oxuma-yazma faizlərindən xeyli şikayət edir və bunun acınacaqlı nəticələrindən danışır. Mən bu məqamda düşündüm ki, biz bu baxımdan xoşbəxt xalqıq. Təsəvvür edirsiniz, azərbaycanlılar düynada ikinci yerdədir bu məsələdə. Səhv eləmirəmsə (yanıla da bilərəm), təkcə Kanadadan geri qalırıq. Bu o deməkdir ki, biz azərbaycanlıların oxuma-yazma dərəcəsi bütün inkişaf etmiş avropa ölkələrindən, amerikadan, yaponiyadan yüksəkdir. Bu həm də o deməkdir ki, bizim təxminən hamımız oxuma-yazma bilə-bilə, belə bir nemətə hamımız sahib ola-ola, demək olar ki, oxumaqdan qaçmaqda da dünya lideriyik. Bu kitabda bunun da səbəblərini görmək olar. Bundan başqa kitabda cəmiyyət olaraq cari vəziyyətimizlə yaxşı səsləşən məsələlərə toxunulub. Təxminən hamımızın gün-gündən çoxalan “niyə?” suallarımızın çoxalma səbəbini göstərir və çıxış yolunu təqdim edir. Dediyim kimi, yazıb dadını qaçırtmaq istəmirəm. Bu kitabı mütləq və mütləq oxumaq lazımdır!

Uşaqkən elə bilirdim ki, yuxarıda haqqında danışdığım qəribəliklər yalnız kənddə olur. Sən demə, xurafatın yekəsi elə ən çox təbliğ olunanı imiş. Sən demə, elə gün gələcəkmiş ki, alarvadılar, quleybanılar, falçılar, fırıldaqçılar televiziya kanallarında boy göstərəcəkmiş. Sən demə, təhsil sistemi çökdükcə, elmin şam işığı zəiflədikcə dünyamızı iblislər dolduracaqmış.

“İblislərlə dolu dünya elmin şam işığında” kitabı adının öhdəsindən çox uğurla gəlir. Avropa, Amerika, Yaponiya və digər yerlərdə insanlığın tarixən keçdiyi xurafat və elm yolunu paralel olaraq təhlil edir və dəqiq əmin olursan ki, iblislər yalnız elmin şam işığı ilə yoxa çıxır…

Üz qabığının nazikliyindən savayı heç bir çatışmazlığı olmayan bu möhtəşəm kitabı ana dilimizdə yazan Yalçın bəy İslamzadəyə dərin-dərin təşəkkürümü bildirir, bizi aydınlatmağa davam etməsini arzu edirəm.

İblislərlər, cadugər, şarlatan və falçılarla döyüşən kitab Azərbaycan dilində – FOTO

5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT
Məşhur “İblislərlə dolu dünya elmin şam işığında” əsəri Azərbaycan dilinə tərcümə edilib.

BAKU.WS xəbər verir ki, dünya şöhrətli alim Karl Saqanın əsərini Azərbaycan dilinə fizik Yalçın İslamzadə tərcümə edib.

Kitab “TEAS Press Nəşriyyat Evi” tərəfindən çap edilib.

Bu kitab şarlatanlığın, psevdo-elmin, falçılığın, xurafatın alnına tuşlanmış silahdır, əsassız aldanışlara qarşı effektiv anti-virusdur.

İltihablı fikirlərə, infeksiyalı meyillərə yoluxmamaq üçün əsl immunitetdir. Kitabın dili sadədir, müəllifin üslubu alicənabdır.

Karl Saqan tarixə və mədəniyyətə geniş perspektivdən baxaraq, cadugərlik, dua ilə şəfa, iblislər və UNO-lar kimi geniş yayılmış illüziyaları analizlə ifşa edir.

Çağımız “informasiya dövrü” adlandırılsa da, mövzusu “yadplanetlilər tərəfindən qaçırılma” və ekstrasenslik olan psevdoelm geniş yayılır, müştərək hallüsinasiyalar diqqət çəkir və ciddi qəbul edilir.

Saqan ağılsızlığın siren nəğməsinin sadəcə səhv yola dönmək yox, həm də fundamental hüquqlarımızı təhdid edən qaranlığa qərq olmaq mənasına gəldiyini çox sərrast şəkildə izah edir.

Книга İblislərlə dolu dünya elmin şam işığında-Karl Saqan

Как мы можем принимать рациональные решения в нашей жизни, где технологии играют все более важную роль, если мы не знаем разницы между мифами псевдонауки, мышлением «Нью Эйдж» и гипотезами, которые могут быть проверены наукой? Глядя на историю и культуру с широкой точки зрения, Карл Саган анализирует широко распространенные иллюзии, такие как колдовство, молитвенное исцеление, демоны и ООН. Хотя наш век называется «веком информации», псевдонаука, предметом которой является «похищение инопланетянами» и экстрасенсы, широко распространена, а обычные галлюцинации заслуживают внимания и принимаются всерьез. Саган очень ясно дает понять, что сирена безумия означает не только сбиться с пути, но и утонуть во тьме, которая угрожает нашим основным правам.

Рейтинг и отзывы о товаре

Об этом товаре еще нет ни одного отзыва, будьте первым, кто поделиться своим впечатлением!
0 оценок пользователей
Добавить отзыв
Добавить отзыв

Описание

Как мы можем принимать рациональные решения в нашей жизни, где технологии играют все более важную роль, если мы не знаем разницы между мифами псевдонауки, мышлением «Нью Эйдж» и гипотезами, которые могут быть проверены наукой? Глядя на историю и культуру с широкой точки зрения, Карл Саган анализирует широко распространенные иллюзии, такие как колдовство, молитвенное исцеление, демоны и ООН. Хотя наш век называется «веком информации», псевдонаука, предметом которой является «похищение инопланетянами» и экстрасенсы, широко распространена, а обычные галлюцинации заслуживают внимания и принимаются всерьез. Саган очень ясно дает понять, что сирена безумия означает не только сбиться с пути, но и утонуть во тьме, которая угрожает нашим основным правам.

Comments are closed, but trackbacks and pingbacks are open.