Press "Enter" to skip to content

Milli-mənəvi dəyərlər və müasirlik

– Sərt karantin zamanı Bakı-Şamaxı yolunda insident yaşadınız. Dava edərkən videonuz yayıldı.

Kamil Zeynallı bütün gizlinləri açdı: “O xanımı sevindirmək üçün. ” – Müsahibə

– Bəli, kömək üçün müraciət edənlər yenə çoxdur. Demək olar ki, hər gün İnstaqramda direktimə yüzlərlə adam yazır. Gün ərzində gələn 400-500 mesajın 99 faizi yardımla bağlıdır. Allah köməkləri olsun! Biz yardımları saxlamışıq. Çünki yardımları tək etmirdik, bizə də dəstək olurdular və onu lazımı ünvanlara çatdırırdıq. İndi demək olar ki, dəstək 99 faiz azalıb.

Biz yardımı pandemiyanın pik vəziyyətində elədik. Elə bir vəziyyət idi ki, iş yerləri tamam dayanmışdı. Əhalinin lap ağır vəziyyətində bu işə başaldıq. İndi vəziyyət nisbətən düzəldiyinə görə yardımlar azalıb və demək olar ki, dayanıb.

– Yardımlara nə qədər pul xərclədiniz?

– 200 min manatdan çox pul xərclədik. 20 mindən çox insana yardım etdik, ərzaqla yanaşı televizor, soyuducu, əlil arabaları, dərmanlar verdik. Ev tikdirdik, bir nəfərə torpaq hədiyyə edildi. Azərbaycanda sıravi vətəndaşın insanlara yardımı ilk dəfə baş verirdi. Qısa zamanda bu qədər insana yardım etdik. Düzdür, bunu dövlət iki günə edərdi. Amma yardım edərkən də vurğulayırdım ki, hər şeyi dövlətdən gözləmək olmaz. Biznesmen oğlanlarımız, qızlarımız var. Qazandıqlarını Allah yolunda paylaya bilərlər. Pul və imkan varsa, bunu etmək borcumuzdur. Biri qazanar, biri də mənim kimi kömək edər, lazım olan ünvanlara çatdırar.

Ona görə yardım aksiyası zamanı deyirdim ki, hər şeyi dövlətdən gözləmək düz deyil. Real mənada hər şeyi dövlətin üzərinə atmaq olmaz. Bu gün sənin biznesin, imkanın var, istədiyin kimi yaşayırsan, istirahət edirsən. Evin, avtomobilin var. Bunlar dövlətin sənə yaratdığı şəraitdən irəli gəlir. Bunun da qarşılığında imkansızlara, xəstələrə Allah yolunda yardım etməlisən.

– İdman zalları hazırda pandemiyaya görə bağlıdır. Sizin də gəlir mənbəyiniz oradandır. İndi maddi vəziyyətiniz necədir və hər hansı zərərə uğramısızmı?

– Bəli, hazırda virusa görə idman zalları işləmir. Nə qədər işçilərim var idi… İdman zalına aylıq icarə haqqı ödəmirəm, zal işləsin ki, ödəniş edək. Zərərə gəlincə, söhbət maddi vəziyyətdən getmir, mənəvi baxımdan əziyyət çəkirəm ki, işçilərimiz işləmirlər. Onların ailələri, övladları var, dolanışığı idman zalı ilə təmin edirdilər. Onlara görə narahatam. Mən şükür Allaha, reklamlardan gəlir əldə edirəm, azdan-çoxdan qazancım var.

Amma işçilərimdən bir çoxunun vəziyyəti ağırdır, yaxud rayona gediblər. İdmançı oğlanlarımız var ki, taksi sürücülüyü edir, marketdə işləyirlər. Halbuki onlar savadlı məşqçilərdirlər.

– Bir müddət əvvəl İnstaqram səhifəniz bağlanmışdı.

– Bəli, İnstaqram səhifəm üç günlük bağlanmışdı. Məndən milyondan çox erməni şikayət etmişdi. İrəvanın yarısı və xaricdə yaşayanlar məndən şikayət etmişdilər ki, ermənilərin döyülməsinə səbəbkar bu oğlandır. Ona görə də səhifəm bloklanmışdı. Amma sonra geri qaytarıldı.

– İnstaqramda reklamlardan nə qədər gəlir əldə edirsiniz?

– İnstaqramdan ayda minimum 5-6 min qazanıram. Səhifəmdə bir reklam postunu 2000 manata paylaşıram. Hekayə bölümündə isə 500 manata paylaşım edirəm.

– Tovuz istiqamətində gedən döyüşlərdə cəbhə bölgəsinə getdiniz, şəhid ailələrini ziyarət etdiniz.

– Bəli, şəhid ailələrimizi ziyarət etdim. Bu, bir vətəndaş və fəal gənc kimi borcum idi. Mən hər zaman xalqımızın çətin vəziyyətində yanında olmağa çalışıram. Oraya dostum, qazi Kamil Musəvi ilə birlikdə getmişdik. Biz vətəndaş olaraq şəhid ailələrinin yanında olmalı və onlara təsəlli verməliyik. Kamil Musəvi ilə beş şəhid ailəsinə baş çəkdik.

Düzdür, şəhid ailəsinə ediləni deməzlər. Yəni demək istəyirəm maddi-mənəvi baxımdan onların yanında olduq. Əsgərlərimizə də kömək etdik. Bunu dostlarımın dəstəyi ilə etdik. Atışma başlayanda gecədən səhərə kimi Tovuzda və Ağdamın kəndlərində olduq.

– Hərbi xidmətə qeydiyyatdan keçmisinizmi?

– Bəli, Qəbələdə qeydiyyatdan keçmişəm. Bu gün çağırışlar var və bunu çox adam yanlış anlayır ki, müharibə başlayır. Narahat olmağa ehtiyac yoxdur. Əslində, əsl kişi heç vaxt qorxmaz, narahat olmaz, əksinə sevinər ki, şükür Allaha, mənim də növbəm çatdı, məni də vətən yolunda döyüşə çağırdılar. Amma bu gün çağırış müharibə üçün yox, hərbi təlimlə bağlıdır. Cəmiyyətdə əsas narahat olanlar analardır.

Mən vətən üçün canımı verməyə hazıram və bu bizim vətəndaş kimi borcumdur. İnşallah, əsl müharibəyə çağırsınlar, təlimə də hazıram. Qazilərin, əsgərlərin içindəyəm. Təlimlərdən xəbərim var, hərbi xidməti sərhəd qoşunlarında keçmişəm.

Hamı yazır ki, sizi niyə təlmə çağırmayıblar? Bilirlər təlimə kimi çağırmaq lazımdır, amma müharibə, səfərbərlik olsa, birinci məni çağıracaqlar. Mən iki gündən bir atıcılıq mərkəzlərində silah təlimlərində oluram.

– Siyasətə münasibətiniz necədir? Hazırda Ermənistan-Azərbaycan ətrafında yaranmış hazırkı situasiyasını necə qiymətləndirərsiniz?

– Bu gün ermənilər hər bir çıxışıma diqqətlə qulaq asırlar, məni, Kamil Musəvini və bir çox fədakarlıq edən gənclərimizi araşdırırlar. Rusiyada ermənilərin döyülməsi məsələsində məni günahlandırdılar. İrəvanda nə qədər deputat, müğənni şəklimi sosial şəbəkədə paylaşaraq səhifəmdən şikayət etmişdilər. Hətta erməni səhifələrində şəkillərimi terrorist kimi paylaşırlar.

Bu gün ermənilər rusların kulonlarıdır və idarə edilirlər. Azərbaycana meydan oxumaq erməninin başı üçün deyil.
Cənab prezident İlham Əliyevin və hamımızın səbri tükənib. Nə qədər şəhid vermək olar? Onların işğalına nə qədər dözmək olar?

Siyasətlə ciddi maraqlanıram və elə şeylər var ki, onları danışmağı düz saymıram. Bu gün rus əlini Ermənistanın üzərindən çəksə, onları yox edərik. Bizim özümüzdən asılı olsaydı, torpaqlarımızı çoxdan almışdıq.

– Bu münaqişə əsnasında Türkiyə-Azərbaycan yaxınlaşması baş verdi. Buna münasibətiniz necədir?

– Biz türklərlə həmişə yaxın olmuşuq. Artıq onların da səbri tükənib. Avropanın bir çox dövlətləri türkləri sıxırlar. Nəhəng olmasaq da, bizim də özümüzə görə dövlətimiz var. Şükür Allaha, hərbi texnikamız, neftimiz var. Digər ölkələrə baxanda yüzlərlə dövlətlərdən yüksəkdəyik. Bizi də, türkləri də gözə götürməyənlər çoxdur.

Son zamanlar baş verən siyasi vəziyyət göstərir ki, biz bir yerdə olmalıyıq. Gücü bir yerdə göstərmək lazımdır. Ermənilər artıq geriyə addım atıblar, siyasi danışıqlara getməyə çalışırlar. Bu da türklərin bizə dəstəyi, ordumuzun keçdiyi təlimlər və hərbi çağırışlardan irəli gəlir.

– Gələcəkdə millət vəkili olmaq fikriniz varmı? Yardımlardan sonra insanların sevimlisinə çevrildiniz və daha çox tanınmağa başladınız.

– Yardım edən zaman iki-üç millət vəkili, hətta icra başçıları mənə zəng edib, təşəkkürlərini bildirdilər. Bəzisi dedi ki, bizim eləmədiyini sən edirsən. Bu, o demək deyil ki, yardım edək, sevilək və gedək millət vəkili olaq. Millət vəkili olarsan, amma elə şeylər var, sonra onu edə bilməzsən.

Millət vəkili, icra başçısı, məmur olmaq asandır, əsas adam olmaq lazımdır. Yardımlardan sonra desəydim ki, millət vəkili olmaq istəyirəm, bu mənim üçün yaxşı hərəkət olmazdı. Yəni buna görə yardım edirdin.

Bunun müqabilində dövlətdən vəzifə, kreslo güdmək yaxşı hal deyil. O zaman bunu tələb etsəydim kişilikdən olmazdı. Hər kəs nail olduğunu alır. Sabah məsləhət bilsələr, deyəcəklər, Kamil, gəl burada otur və yaxud da filan yerdə iştirak elə.

– Həbs edilməyinizin yardımlarla əlaqəsi vardı?

– Elə şeylər var, onu demək olmur. Bəli, məni düzgün tutmuşdular və bəzi sözlər mən tərəfdən deyilməməli idi.

Demirəm ki, məni hansısa məmura, icra başçısına görə tutublar, xeyr. Qətiyyən elə deyil. Məni yardım etdiyimə görə də tutmadılar, əksinə lazım olan yerlərdən zəng gəldi və təşəkkürlərini bildirdilər.

Mən karantin qaydalarını pozduğuma görə həbs edilmişdim. Həbs olunmağıma peşman deyiləm. On-on beş sutka tutulduqdan sonra dinini, dövlət başçısını, dövlətini də dəyişənlər var. Mən qazananda, avtomobil sürəndə, rahat gəzəndə yaxşıydı?!

Bunlar dövlətimizin qurduğu şəraitə görədir. Liviyada, Suriyada şəraitə baxın, orada insanlar hansı vəziyyətdə yaşayırlar? On gün tutuldum, sanki başım dincəldi. Kitab oxudum, maarifləndim və beynim özünə gəldi.

İmkanım olsaydı beş gün də artıq qalaradım. Mən neynəmişəm? Vətən xaini, satqın deyiləm. Dövlətimi, vətənimi sevən insanam. Tutulmuşam, lap yaxşı. Bundan sonra da tutulsam yenə çıxanda deyəcəm ki, dövlətim və prezidentim sağ olsun.

Tutulanda da kişi kimi yatmalısan. Məni orada döyməyiblər, incitməyiblər, xətrimə dəyməyiblər. Balamın canına and olsun ki, mənə güldən artıq söz deyən olmadı.

– Sizin jurnalistlərə münasibətiniz necədir? Adətən, sizi jurnalistləri sevməyən insan kimi tanıyırlar.

– Xeyr, elə deyil. Belə bir şüar vardı: dəqiq, qərəzsiz, vicdanlı. Bu şüar jurnalistlərə aiddir. Düzgün yazan jurnalistə canım da qurban. Təbii ki, qələminə hörmət etdiyim jurnalistlər az deyil. Biz onların sayəsində xəbər əldə edirik. Jurnalist informasiya verməsə dünyadan xəbərimiz olmaz.

Amma haqqında yalan və böhtan xarakterli xəbər yazılanda bu, insana yaxşı təsir etmir. Əsəbləşirsən. Bir-iki jurnalistlə sözümüz düz gəlmədi. Mənim jurnalistlərlə heç bir qəsd-qərəzim ola bilməz.

– Kamil bəy, səbrli insansınız?

– Səbrli insanam, amma baxır hansı məsələdə. Elə şeylər var, istənilən adam pik həddə gələndə dözə bilməz. Bu demək deyil ki, o, səbrsiz, dözümsüzdü. Mən çox vaxt əsəblə danışdığıma görə hamı elə bilir ki, əsəbiyəm. Əksinə, mehriban insanam. Dava-dalaşla gündəmə gəlməyi sevmirəm.

– Sərt karantin zamanı Bakı-Şamaxı yolunda insident yaşadınız. Dava edərkən videonuz yayıldı.

– Bəli, o video yayılanda utandım, xəcalət çəkdim. Kimisə döyə və döyülə də bilərəm. Bu, normal haldır, amma mənim qolum güclüdür, videom yayılıb, görün mən neynədim və sair deyib onunla fəxr etmədim, əksinə utandım. Vallah utandım ki, elə bir video ilə, dava-dalaşla gündəmə gəldim. Hansısa tərbiyəsiz qızlar videonu çəkib sosial şəbəkələrdə paylaşdılar. Onların sahibləri yoxdur. Bilirsən ki, video yaymısansa, səni sabah tapacaqlar və təhqir olunacaqsan. Elə də oldu. Bir insan nə qədər düşüncəsiz olsun ki, başqasının dava-dalaşını çəkib sosial şəbəkədə yaysın.

Yəni mən onunla fəxr etmədim ki, kiminsə balasına, Azərbaycan övladına əl qaldırdım, əksinə hərəkətimdən utandım.

Mənim avtomobilimdə anam və övladım var idi. Qarşı tərəf də səbrsiz davrandı. Demirəm ki, yüz faiz günah onda oldu, 90 faiz onda, 10 faiz də məndə. O da səhvini başa düşdü, görüşdük və məsələ mehribanlıqla bağlandı.

Üç gün s onra video gündəmə gəldi, aləm bir-birinə dəydi. Sıradan vətəndaşlar dedilər ki, Kamil dalaşır və niyə polis bölməsinə aparılmır? Axı, həmin gün polis bölməsinə aparılmışdım. Demirlər ki, adi vətəndaşdan çox polis bölməsinə çağırılmışam. İndiyə qədər polis bölməsinə aparılmaqdan və tutulmaqdan narazı qalmamışam. Günahım olub ki, oraya aparıblar.

Mənim hər sahədə dostlarım var. Bu gün polislərin çoxu mənim dostlarımdır. Elə olur ki, qoluma qandal vuran da mənim dostum olub. Nə etmək olar? Qanun qanundur və dostumdur deyə məni aparmayacaq?! Belə bir söz var: “Gərək kişinin də qoluna qandalı kişi taxsın”.

– Həbsdə olarkən Gülay Zeynallının sizə dəstəyi, ananızın ağlaması hər kəsə təsir etmişdi.

-Bəli, anamın ağlaması hər kəs çox təsir etmişdi. Pandemiya dövründə yardım paylayan çox oldu, amma mən nəyimsə buyam. Belimdə soyuducu aparmağım və sair. O xanımı sevindirmək üçün soyucuducunu belimdə apardım. Qarşımda bir məqsəd var idi ki, yardımları ünvanlara vaxtında çatdıraq, kasıb insanlar, evinə yemək ala bilməyən valideynlər sevinsin.

– Yardım edərkən qızınız Sahiləni də özüünzlə aparırdınız. Bunda məqsəd nə idi?

– Övladıma göstərmək istəyirdim ki, bu vəziyyətdə olan insanlar var. Mənim uşağım mərhəmətlidir. Bu, uşağıma mesaj idi ki, görsün və bu hisslə böyüsün. Amma ilk vaxtlar koronavirusu ciddiyə almamışdım və deyirdim ki, belə şey yoxdur. Sonra dostlarımın atası, qardaşı, bacısı bu xəstəliyə tutuldu, onlar rəhmətə gedəndən sonra ciddiyə aldım. Düşündüm ki, övladımı ora aparmaqla səhv eləmişəm. Ona videoları da göstərə bilərdim ki, belə vəziyyətdə yaşayan insanlar var və sən də atan kimi daim yardım etməyi düşün.

– Sosial şəbəkədə qızınızla niyə çox video paylaşırsınız?

– Mən tək övladam və dünyaya göz açanda yanımda anamdan başqa heç kim olmayıb. Düzdür, baba-nənə, qohum-əqrəba öz yerində. Amma yatanda həmişə anamla yatmışam. Yanımda atam, qardaşım, bacım olmayıb. Atam dünyasını dəyişməyib, anamla ayrılıblar.

– Siz tanındıqdan sonra da atanız axtarmadı?

– Ona qədər mənə bir dəfə yardım əli uzadılsaydı, bu gün on qatını qaytarardım. Mən heç vaxt yaxşılığı itirən oğlan deyiləm. Sözümün canı odur ki, kaş bacı-qardaşım olardı həsrəti ilə böyümüşəm, ona görə övladıma bu qədər bağlıyam.

Təbii ki, hamı uşağına bağlıdır və Allah hamının övladının canını sağ eləsin. Həmişə aruzlamışam ki, övladım olsun. Ona bağlı olum, qucaqlayım. Çox adamlar deyirlər ki, bu, qızı ilə nə qədər şəkil paylaşır? Mənim də, başqasının da övladı var. Bəzi evlərdə mənim sözüm gedir ki, bax, Kamil övladına necə diqqət ayırır? Həmin adamlarda isə mənə qarşı qıcıq yaranır. Mən istəyərəm ki, beş-on övladım olsun. Amma qismətdi, istəməklə deyil. Təki övladımın canı sağlam olsun, mənə bəsdir.

– Qadınlarımız haqqında nə düşünürsünüz?

– Dünyanın bir çox ölkələrində olmuşam. Amma dünyanın ən gözəl qadınları bizim ölkədədir. Lakin elə şeylər var ki, biz itirəndən sonra onun qədrini bilirik. Bu gün hər şeyin gözəli Azərbaycandadır, qadınların da, yeməklərin də, təbiətin də.

– Yaxın günlərdə Gülay Zeynallıdan ayrılmağınız haqqında rəsmi sənədlər yayıldı. Bu haqda nə deyə bilərsiniz?

– Həyatda elə şeylər var ki, yalnız insanın özündən soruşmalısan, ya da əksinə. Heç vaxt şəxsi həyatım haqqında məlumat vermirəm.

Foto: Ceyhun Rəhimov

Milli-mənəvi dəyərlər və müasirlik

Bir millət üçün ən böyük, ən qiymətli dəyərlər nələrdir? – Təbii ki, dini və dili, tarixindən miras qalmış mədəni-mənəvi irsi və sairə.

Bir milləti digərlərindən fərqləndirən də əslində elə milli-mənəvi dəyərləridir. Ulu öndər Heydər Əliyev çıxışlarının birində deyirdi: “Dünyada yaşayan azərbaycanlılar öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdırlar. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətəni vardır”. O həmçinin deyirdi: “Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıb. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”. Yeri gəlmişkən, qeyd edək ki, milli-mənəvi dəyərlərimizin qorunmasında, həmçinin təbliğində ulu öndərin kifayət qədər xidmətləri olub. Təkcə bir faktı qeyd edək ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə hələ sovet dönəmində Azərbaycan SSR-in Konstitusiyası qəbul olunarkən orada ana dilimizin dövlət dili statusu təsbit olunmuş, Novruz bayramı daha geniş şəkildə təbliğ edilmişdir.

İtirə-itirə gedirdik

Bu gün cəmiyyətimiz inkişaf edir və müasirləşir. Müxtəlif təsirlər içərisində yaşadığımız bir zamanda milli dəyərlərimizi qorumaq getdikcə çətinləşir. Bu mənada milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması hazırda da öz aktuallığını qoruyub saxlamaqdadır.

Bəli, bir zamanlar milli-mənəvi dəyərlərimizi kifayət qədər qiymətləndirməkdə çətinlik çəkirdik. Salam verib-salam almaqdan başlamış hədiyyələşmək, bayramlaşmaq, qonaq getmək və ya qonaq qəbul etmək, hətta yas mərasimlərimiz kimi milli və mənəvi dəyərləri itirə-itirə gedirdik. Məsələn, bizim üçün ən böyük bayramlar Ramazan, Qurban və Novruz olub, amma Yeni il bayramı onlardan qat-qat təntənəli qeyd edilirdi. Müstəqillik əldə etdikdən sonra bu bayramları da rəsmi şəkildə qeyd etməyə başladıq. Daha bir misal; rus dilinə elə aludə olmuşduq ki, hətta ana dilimizə ikinci dil kimi baxanlar zümrəsi də formalaşmışdı. Elə bilməyin ki, mən dil öyrənməyin əleyhinəyəm. Əksinə, qeyri dilləri bilmək çox yaxşı haldır, bir şərtlə ki, öz dilinə arxa çevirməyəsən. Yaxud da bir zamanlar din deyəndə, ilan vurmuş kimi sıçrayan birindən hansı mənəvi dəyərləri öyrənəcəkdik ki? Məhz bu mənəvi dəyərimizə də müstəqillik illərində sahib çıxmağa başladıq.

Yeniliklər bizi uzaqlaşdırır

Nə qədər qəribə olsa da öz milli-mənəvi dəyərlərimizə hələ də yetərincə sadiq qala bilmirik. Onlara Avropa, başqa sözlə desək, müasirlik çalarları əlavə etməyə çalışırıq. Onu da qeyd edim ki, heç bir millətin milli-mənəvi dəyərləri pis deyil (Təbii ki, söhbət, sözün əsl mənasında, normal adətlərdən gedir). Amma fərqinə varmadığımız hər şeyi tətbiq etməyin özü də bir yanlışlıqdır. Adi bir misal: İslami dəyərlər aləmində yeməyi, ümumiyyətlə, bütün müsbət, təmiz işləri sağ əllə görmək qəbul edilib. Amma bu gün Avropa bizə “solu” təbliğ edir. Mahiyyətini, mənasını bilmədən onları təqlid etməklə bizə aid dəyəri qurban vermiş olmuruqmu? Onda, təbii ki, biz biz olmuruq, kimi təqlid ediriksə, ondan oluruq. Başqa bir misal: Bizdə alt paltarını göstərmək ən böyük ayıb hesab olunub. Hətta qadınlarımız alt paltarları elə sərərdilər ki, görünməsin. Amma bu gün küçələrdə, dükanlarda qadınlara aid alt paltarlarını açıq-saçıq nümayiş etdirilir.

Bizdə gəlinin başına bakirəlik simvolu olan qırmızı rəngli duvaq salmaq dəyər idi. Amma indi duvaq gəlinliyin bir hissəsi olmaqdan başqa, hər hansı məna ifadə eləmir. Üstəlik, bu dəyərin rəngi də dəyişdirilib ağ olub. İndi bəylə gəlin nikaha girərkən əllərinə şampan qədəhi alaraq şəkil çəkdirir, sonra da bir-birilərinə sarılaraq qayınata və qayınanalarının, yüzlərlə qonağın qarşısında müasir dünyanın rəqslərini ifa edirlər. Ailə kimi müqəddəs bir yuvanın qurulmasında ağsaqqallar, ağbirçəklər xeyir-dua verər, bütün davranışlarında ismət, həya, abır nümunəsi ilə yeni ailəyə necə olmaq lazım gəldiyini göstərərdilər. İndi bu dəyər dəbdən düşüb, qəribə görünür, çünki indi ağsaqqallar da yüz-yüz vurur, sonra da atılıb-düşməklə işlərini bitmiş hesab edirlər. Bütün bunlar isə ailəyə məxsus dəyərlərin artıq, müəyyən mənada məcrasından çıxması deməkdir. Yəqin razılaşarsınız ki, bəzi milli ənənələrimiz insanlar tərəfindən heç də birmənalı qarşılanmır. Məsələn, valideyn qızlarına daha çox açıq-saçıq geyimləri qadağan edirsə, oğlanlarına müəyyən məhdudiyyətlər qoyursa, bu, bizim gənclər tərəfindən “geridəqalmışlıq” hesab olunur. Bəlkə də, cəmiyyətimizdəki avropalaşma meylinin əsas səbəbi də məhz bu kimi faktorlardır.

Bu sözləri yas mərasimlərimiz haqqında da demək olar. Məsələn, cənazənin önündə mərhumun portretini aparmaq, yas mərasimi keçirilən salonlara həmin portreti asmaq, hər cür nemətlə təmin olunmuş süfrələr açmaq, məzar daşlarına şəkil həkk etdirmək, heykəllər qoydurmaq adi hala çevrilib. Milli-mənəvi dəyərlərimizə, əgər belə demək mümkünsə, bu kimi yeniliklər bəxş etmək isə bizi onlardan uzaqlaşdırır.

Bu bizə lazımdırmı?

Bəli, dünyaya inteqrasiya etməyimiz milli-mənəvi dəyərlərimizi böyük təhlükələrlə üz-üzə qoyub. Bu gün dünyanın müxtəlif ölkələrində nəyi isə görənlər onu bizdə də təbliğ etməyə cəhd göstərirlər. Bu bir həqiqətdir ki, günümüzdə milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərdən təcrid vəziyyətdə təsəvvür etmək çətindir. Ona görə də mənəvi tərbiyə sistemində milli və ümumbəşəri dəyərlərdən bəhrələnmə məsələsinə ciddi fikir verilməlidir. Amma bu və ya digər yeniliyi kor-koranə tətbiq etmək bizə bu sahədə heç bir perspektiv vəd etmir. Bu yerdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının sözlərini xatırlatmaq istərdim: “Kənar ideya, kənar adətlərin cəmiyyətə nüfuz etməsi onun məhvinə gətirib çıxara bilər. Kənar adət-ənənələrə milli adət-ənənələrimizin nüvəsinə girməyə imkan versək, özəyə daxil olan kənar ideya, kənar adət bizim adəti dağıdacaq. Onun yerinə özününkünü gətirəcək”. Bir də yaxşı olardı ki, gətirdiklərimizi diqqətlə saf-çürük etməyi bacaraq: heç olmasa “nəyi mənimsəyirik?, “bu bizə lazımdırmı?” kimi suallara cavab verə bilək. Axı bu da bir həqiqətdir ki, üz tutduğumuz Avropanın özü bu gün öz dəyərlərindən narahatdır. Yəni Avropanın özü bu məsələdə inteqrasiyaya, yenilənməyə ehtiyac duyur.

Biz nə Şərqə məxsusuq, nə də Qərbə; biz həm Şərqə məxsusuq, həm də Qərbə, çünki biz qədim mədəniyyət üzərində formalaşmış özümüzə məxsus toplumuq. Biz dünyaya aldığımızdan daha çox şey verə bilərik. Bunun üçün heç bir mədəniyyətin içində əriməməliyik, əksinə, inteqrasiya proseslərinin mərkəzinə çevrilməyi bacarmalıyıq. Bəli, biz bu gün milli-mənəvi dəyərlərimizi də yetərincə təbliğ etməyi bacarmalıyıq. Artıq ölkəmiz dünyada tolerantlığın yeganə ünvanı kimi tanınır. Bunu da müəyyən mənada mənəvi dəyər hesab etmək olar.

Milli dəyərlərimiz deyəndə, qulaqlarımızda muğam sədaları da səslənir. Ölkəmizi dünyada tanıdan, təbliğ edən muğam sənəti bu gün bəşəriyyəti heyran etməkdə davam edir. Elə buna görə də bu milli-mənəvi dəyərimiz YUNESKO-nun dünya mədəni irsi edilib. Təbii ki, bu məsələdə Heydər Əliyev Fondunun, onun rəhbəri Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır.

Dinə bağlılıq zəiflədikcə.

Bir çox hallarda biz mənəvi dəyərlərimizin təməl qaynaqlarından birinin din olmasının üstündən sükutla keçməyə çalışırıq. Məsələn, əgər klassik ədəbiyyatımız, ümumən yazımız bir dəyərdirsə, onun meydana çıxmasında din faktoru həlledici rol oynayıb və ifadə etdiyi nə varsa, əksəriyyət etibarilə dinlə bağlıdır. Əslində dinə bağlılıq zəiflədikcə bizim tariximizə münasibətimiz də, keçmişə bağlılıq hissimiz də zəifləyir. Əgər diqqət etmisinizsə, klassik Avropa musiqisi başdan-başa kilsə musiqisidir, yəni dini duyğular üzərində köklənib, bizdə isə mədəniyyətimizin alt qatında bünövrə kimi dayanmış din həqiqətini unutmağa və unutdurmağa yönəlmiş xüsusi meyil müşahidə olunur. Hər şeyi “mədəniyyət dəyərləri,” “incəsənət dəyərləri” və s. bu kimi adlar altında təqdim edərək, həqiqəti gizlətməyə çalışırıq. Bütün bunların, yəni dəyərlərimizi itirməyimizin, öz dəyərlərimizin yerinə başqalarını gətirməyimizin səbəbi nədir?

Bu sualın bir cavabı var: özümüzü bəyənməməyimiz, başqalarına mənasız heyranlığımız. Əlbəttə, başqalarından da almaq, istifadə etmək lazımdır. Amma aldığın dəyərin dəyərini, mənasını, mahiyyətini bildikdən, özünün dəyərinlə müqayisə etdikdən və qiymətləndirə bildikdən sonra. Yoxsa “qoy mən də mədəni görünüm” mülahizəsi ilə nə gəldi, alıb həyata tətbiq etmək bizə dəyər qazandırmır, bizi dəyərsizləşdirir. Bir sözlə, biz nəyiksə, dəyərimiz də odur. Nəyə dəyər veririksə, onu da dəyər olaraq alırıq. Nəyi dəyər hesab ediriksə, onunla da dəyərləndirilirik.

Sıx əlaqə vardır

Unutmayaq ki, ümummilli liderimiz Heydər Əliyev mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm xüsusiyyəti kimi dəyərləndirib. O bildirib ki, milli-mənəvi dəyərlərini qoruyub saxlayan xalq həmişə müstəqillik yolu ilə getmək və müstəqilliyi qorumaq əzmində olacaqdır. Çünki milli dövlətçilik və milli-mənəvi dəyərlər arasında sıx bir daxili əlaqə vardır. Bu mənada yalnız milli kimliyi bəlli olan və özünü bir millət kimi dərk edən xalqın aydın və perspektivli inkişaf yolu ola bilər.

Bir də unutmayaq ki, Azərbaycan xalqı bu günədək məhz milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu qoruyub saxlaya bilib. Milli-mənəvi dəyərlərə bağlılığın qorunub saxlanması dövlət başçısı İlham Əliyevin də daim diqqətindədir. Dövlət başçısının sözlərinə əsasən, məhz bu dəyərlər bizi bir xalq kimi qoruyub saxlayıb və bu gün müstəqillik dövründə Azərbaycanda dövlət quruculuğu prosesi də məhz milli-mənəvi dəyərlər üzərində həyata keçirilir.

Comments are closed, but trackbacks and pingbacks are open.