Gənclər Kitabxanası Heydər Əliyevin doğum günü münasibətilə silsilə tədbirlər təşkil edib
“Gəncliyə dəstək üçün ümumi birlik” təşkilatının fəal üzvü Pərvanə Abbasova çıxışına ümummilli liderin Azərbaycan gəncləri haqqında söylədiyi kəlamlarla başlayıb. Heydər Əliyevin gənclərə, gənclərin hər bir sahədə fəaliyyətlərinə verdiyi yüksək qiymətdən danışandan sonra dahi rəhbərə həsr olunmuş şeir söyləyib.
Heydər Əliyevin anım günüdür – VİDEO
Bu gün Azərbaycanın mərhum Prezidenti, görkəmli dövlət xadimi Heydər Əliyevin anım günüdür.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib.
Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti – red.) tarix fakültəsini bitirib.
Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar hadisənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.
O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
Azərbaycana qayıdan Heydər Əliyev əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib.
Heydər Əliyevin Vətənə qayıdışı ilə Azərbaycanın milli-siyasi azadlıq hərəkatında yeni bir mərhələ başlayıb.
Heydər Əliyev həmin gərgin günlərdə xalq arasında olmaqla, Naxçıvanda Azərbaycan xalqının milli-azadlıq, dövlət müstəqilliyi uğrunda mübarizəsinə başçılıq edib.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirilib.
Heydər Əliyevin sədrliyi ilə keçirilən bu sessiyanın qərarları Sovet rejiminə sarsıdıcı zərbə vurmaqla çox əhəmiyyətli rol oynayıb.
Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci ilin fevralında keçirilən sessiyasındakı çıxışında SSRİ-dən imtinanın və müstəqillik uğrunda mübarizənin vacibliyini məntiqi şəkildə əsaslandırıb.
“Doğma Vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm. Məni bir azərbaycanlı kimi bu hüququmdan heç kəs məhrum edə bilməz”, – deyə Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin sessiyasında demişdi.
Həmin sessiyada Azərbaycan SSR-nin adı dəyişdirilərək, “Azərbaycan Respublikası” adlandırılıb və üçrəngli bayrağımız dövlət bayrağı kimi təsdiqlənib.
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.
O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.
O, 1998-ci il oktyabrın 10-da keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş H.Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edərək, namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.
Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında dərin izlər buraxıb. Ümummilli liderin Azərbaycanı bəlalardan xilas etməsi, onun dünya miqyasında tanınmış siyasətçi statusu qazanması xalqımızın taleyində mühüm rol oynayıb.
Gənclər Kitabxanası Heydər Əliyevin doğum günü münasibətilə silsilə tədbirlər təşkil edib
Respublika Gənclər Kitabxanası müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev anadan olmasının 98-ci ildönümü günü münasibəti ilə silsilə tədbirlər keçirib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, ulu öndərin Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Zoom” proqramı üzərindən “Dünya şöhrətli ümummilli lider” adlı konfrans təşkil edilib.
Tədbirdə qonaqlarla yanaşı, ali təhsil ocaqlarının tələbələri, kitabxananın onlayn tədbirlərinin izləyiciləri və kitabxana əməkdaşları iştirak ediblər.
Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva bildirdi ki, Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışanda birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf, ilk növbədə, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir. Ulu öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən şəxsiyyət olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib.
Kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev ümummilli lider Heydər Əliyevin fəaliyyətinin bir məktəb olması, Azərbaycanın hər bir sahədə inkişafında əvəzedilməz xidmətlər göstərməsindən danışıb. Dünya liderlərinin dahi rəhbər Heydər Əliyev haqqında söylədikləri fikirləri bildirdikdən sonra “Azərbaycan xalqı çox xoşbəxtdir ki, ona Heydər Əliyev kimi bir şəxsiyyət rəhbərlik edib” deyib.
Tarix üzrə elmlər doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetin Türk və Şərqi Avropa xalqları tarixi və tarixinin tədrisi metodikası kafedrasının professoru Mais Əmrahov 1970-ci illərdən başlayaraq Heydər Əliyevin Azərbaycanın rifahı naminə fəaliyyəti, kadr potensialının inkişafında, Azərbaycan dilinin dövlət dili statusunu almasında rolu, elm, mədəniyyət xadimlərinə verdiyi qiymət, vətənimizin müstəqilliyi uğrunda apardığı mübarizə və sair mövzuları əhatə edən məruzə ilə çıxış edib.
“Gəncliyə dəstək üçün ümumi birlik” təşkilatının fəal üzvü Pərvanə Abbasova çıxışına ümummilli liderin Azərbaycan gəncləri haqqında söylədiyi kəlamlarla başlayıb. Heydər Əliyevin gənclərə, gənclərin hər bir sahədə fəaliyyətlərinə verdiyi yüksək qiymətdən danışandan sonra dahi rəhbərə həsr olunmuş şeir söyləyib.
Tamella Məmmədova “Azərbaycanda kitabxana quruculuğunun hamisi” mövzusunda çıxışında ümummilli liderin kitabxana, kitabxana işinin inkişafı haqqında verdiyi sərəncamlar, qayğı və diqqəti, Prezident İlham Əliyevin də bu sahədə əvəzsiz xidmətlərindən bəhs edib.
Respublika Gənclər kitabxanası ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş Azərbaycan və ingilis dillərində dərin məzmunlu, geniş, maraqlı və məlumatlandırıcı videoçarxlar da hazırlayıb. Videoçarxlar dünya şöhrətli siyasətçi Heydər Əliyevin uşaqlıq, gənclik illərindən, siyasət və hakimiyyət arenasına gəlişindən, müstəqil Azərbaycanın quruculuğu sahəsində olan misilsiz fəaliyyətindən bəhs edir. Videoçarxlarda ümummilli liderin səs yazıları, foto və videogörüntüləri də yayımlanır.
Heydər Əliyevin doğum günü münasibətilə Hərbi Prokurorluqda tədbir keçirilib – FOTO
Hərbi Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, əvvəlcə bu qurumun inzibati binasındakı “Heydər Əliyev guşəsi”ndə Ulu Öndərin büstü önünə gül dəstələri düzülüb, dünya şöhrətli siyasətçinin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.
Tədbirdən öncə mərasim iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin müqəddəs və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.
Mərasimdə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini-Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən ətraflı bəhs etməklə çıxışını davam etdirən Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb.
Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi üçün real əsaslar, yeni suveren bir ölkə kimi qarşılaşa biləcəyi mühüm məsələlərin həlli üsulları hələ ulu öndər Heydər Əliyevin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə formalaşdırılıb.
Onun istefa verdiyi vaxtdan – 1987-ci ilin oktyabrından 1993-cü ilin iyununda növbəti dəfə hakimiyyətə qayıdışınadək olan dövrdə ölkədə yaranmış özbaşınalığın, anarxiyanın, xaosun, hakimiyyət nümayəndələrinin xalq və dövlətin deyil, ayrı-ayrı şəxslərin maraqlarına xidmət etməsinin iqtisadiyyatımızın tənəzzülə uğraması, ictimai-siyasi sabitliyin pozulması, eləcə də tarixi torpaqlarımızın işğal olunması ilə nəticələndiyini, eyni zamanda, vətəndaş müharibəsi və müstəqilliyimizin itirilməsi təhlükəsini yaratdığını, yalnız dahi şəxsiyyət Heydər Əliyevin xalqın israrlı tələbi ilə qayıdışından sonra hər şeyin müsbətə doğru dəyişdiyini vurğulayan Xanlar Vəliyev qeyd edib ki, Azərbaycanın müasir tarixinin həlledici dönüş nöqtəsi hesab olunan bu böyük qayıdışdan sonra vətəndaş müharibəsinin, eləcə də müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısı qətiyyətlə alınıb, cinayətkar dəstələr zərərsizləşdirilib, separatçı meyillərə son qoyulub, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin edən digər zəruri tədbirlər görülüb. Bununla da Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub.
Ulu öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son 19 ildə ölkəmizdə görülmüş müstəsna əhəmiyyətli işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş misli görünməmiş uğurlardan söz açan Hərbi prokuror bildirib ki, Prezidentin dərin zəkası, zəngin biliyi, mükəmməl rəhbərliyi, qətiyyəti və yorulmaz fəaliyyəti sayəsində, eləcə də hakimiyyətlə xalq arasında olan sıx bağlılığın nəticəsində iqtisadiyyatımız daha da güclənib, ölkəmiz hərtərəfli inkişaf edib, qüdrətli Silahlı Qüvvələrimiz formalaşdırılıb. Eyni zamanda, dövlətimizin beynəlxalq nüfuzu daha da artmaqla, dünya ölkələri sırasında mövqeyi hərtərəfli möhkəmlənib. Bütün bunlar isə Vətən müharibəsindəki möhtəşəm qələbəmizi şərtləndirib, nəticədə hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə düşmən tapdağında olan dədə-baba torpaqlarımız işğaldan azad edilib. Millətinə xidməti həyat amalına çevirmiş Prezident İlham Əliyevin verdiyi bütün vədləri əməlləri ilə doğruldaraq, hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirməklə xalqın sonsuz məhəbbətini qazandığını vurğulayan ədliyyə general-leytenantı Xanlar Vəliyev, dövlətimizin başçısının növbəti dəfə də vədinə əməl etməsindən, işğal altında olan tarixi ərazilərimizin azad olunmasından, bu şərəfli missiyanın həyata keçirilməsi zamanı müşahidə olunan bənzərsiz lider-xalq-ordu vəhdətindən, Ali Baş Komandanın rəhbərliyi ilə hərbçilərimizin şanlı tarix yazdıqlarından ətraflı danışıb.
Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, Prezident İlham Əliyevin dühası və gərgin əməyi ilə xalqın müdrikliyinin və əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə, o cümlədən yer kürəsini bürüyən koronavirus (COVID-19) pandemiyasına və müharibədən yeni çıxmış dövlət olmasına rəğmən, ölkəmizin eyni templə hərtərəfli qüdrətlənməsi və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı bu gün də uğurla təmin edilir.
Ədliyyə general-leytenantı Xanlar Vəliyev vurğulayıb ki, əldə olunan uğurlarda və dövlətimizin qüdrətlənməsində, eləcə də ölkəmizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində, mədəniyyətimizin bütün dünyaya tanıdılmasında hərtərəfli biliklərə, iti düşüncəyə və yüksək idarəçilik qabiliyyətinə malik olan, sadəliyi və səmimiliyi ilə seçilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir. Mehriban xanımın respublikamızda təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, idmanın və digər sahələrin inkişafındakı xidmətləri, milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq səviyyədə geniş təbliği istiqamətində gördüyü nəhəng işlər dövlətimizin tərəqqisinə və xalqın rifahının yaxşılaşdırılmasına töhfələr verməkdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə xalqda olan sonsuz inamdan irəli gələn bənzərsiz sevgidən bəhs etməklə çıxışını yekunlaşdıran ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, Hərbi Prokurorluğun kollektivi millətimizin və dövlətimizin maraqlarına xidmət edən ulu öndər siyasətinin Prezidentimiz tərəfindən uğurla davam etdirilməsində, onun rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edərək, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasında, qanunun aliliyinin təmin edilməsində, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsində üzərinə düşən vəzifələri layiqincə icra etməklə Azərbaycanın firavan gələcəyinin təminatı olan müdrik siyasəti daim dəstəkləyəcək.
Hərbi prokuror Xanlar Vəliyev çıxışının sonunda qeyd edib ki, dəyərli və mənalı ömrünü Vətəninə həsr edərək, milləti qarşısında misilsiz xidmətlər göstərməklə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış dünya siyasətinin parlaq siması ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq, bu nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcək.
Tədbir əbədiyaşar Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.
Comments are closed, but trackbacks and pingbacks are open.