Dövlət başçısı: “BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bizə gəldikdə 27 il icra olunmamış qaldı”
Çünki nə BMT, nə ATƏT-in Minsk qrupu, nə də ümumilikdə beynəlxalq birlik 30 il ərzində Ermənistanın işğal siyasətinə dur demədi.
Azərbaycanın icra etdiyi BMT qətnamələri, yaxud məsuliyyət təkcə Ermənistanındır?
Artıq “BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri hələ də yerinə yetirilmir” sözlərinə ehtiyac yoxdur, çünki artıq Qarabağ münaqişəsi bitib və bu qətnamələrə də ehtiyac yoxdur. 30 il ərzində icra edilməyən qətnamələri Azərbaycan 44 günlük müharibədə özü yerinə yetirdi və həm də BMT-nin nüfuzunu xilas etdi deyə bilərik.
I Qarabağ müharibəsində Azərbaycan torpaqlarını işğal edən Ermənistan 30 ilə yaxın müddətdə işğala davam etdi. Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası qətnamələr qəbul etdi, danışıqlar masası quruldu, ATƏT-in Minsk qrupu fəaliyyətə başladı, təkliflər, həll planları gündəmə gətirildi. Lakin bir addım belə irəliləyiş olmadı.
30 illik işğal dövründə işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında fərq qoyulmadı, hətta işğalçıya daha çox dəstək verildi. Və bu yanaşma işğalçı Ermənistanın daha da aqressivləşməsinə zəmin yaradırdı.
Nəhayət, 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsi ilə Azərbaycan işğala son qoydu. 44 gün davam edən müharibənin məsuliyyəti təkcə işğalçı Ermənistanın deyil, işğalçıya dəstək verən, işğal siyasətinə göz yuman beynəlxalq birliyin də üzərinə düşür.
Çünki nə BMT, nə ATƏT-in Minsk qrupu, nə də ümumilikdə beynəlxalq birlik 30 il ərzində Ermənistanın işğal siyasətinə dur demədi.
BMT-nin məşhur 4 qətnaməsi nəyi tələb edirdi?
822-ci qətnamə (1993-cü il, 30 aprel): Kəlbəcərin işğalından sonra qəbul edilib. Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyə, erməni qoşunlarının Kəlbəcərdən və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi.
853-cü qətnamə (1993-cü il, 29 iyul): Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdamı və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarınından geri çəkilməsini tələb edirdi. Qətnamə, həmçinin 822 saylı qətnaməyə də əməl edilməsini tələb edirdi.
874-cü qətnamə (1993-cü il, 14 oktyabr): Qətnamə atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli (23 avqust 1993), Cəbrayıl (26 avqust 1993), Qubadlı (30 sentyabr) və digər ərazlərdən geri çəkilməsini tələb edirdi. Qətnamədə həmçinin əvvəlki 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi də öz əksini tapmışdı.
884-cü qətnamə (1993-cü il, 12 noyabr): Tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası ilə nəticələnən atəşkəs pozulmaları qınanılır, Ermənistan Respublikasından ermənilərin qondarma respublika üzərindəki bütün təsir vasitələrindən istifadə etməsi istənilirdi. Qətnamə də hərbi əməliyyatların dərhal dayandırılması tələb edilir, son dövrdə işğal edilmiş Zəngilan rayonu da daxil olmaqla, digər rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb edilirdi. Sonda isə əvvəl qəbul edilmiş 822, 853, 874 saylı qətnamələrə əməl edilməsi tələb edilirdi.
Qətnamələr tələb edir, Ermənistan isə işğala davam edirdi. Çünki bu qətnamələrin icrası ilə bağlı heç bir addım atılmırdı. İşğalın davam etdiyi onilliklər ərzində də atılmadı.
Azərbaycan 44 günlük müharibə ilə bu qətnamələri icra etdi, həmçinin, ərazi bütövlüyü prinsipini əsas götürən Helsinki Yekun Aktının tələbini yerinə yetirdi.
Prezident İlham Əliyev də BMT-nin yeni rezident əlaqələndiricisi ilə görüşündə bildirdi ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür: “Nəticədə Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. Biz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özümüz yerinə yetirdik. Biz BMT-nin Nizamnaməsini rəhbər tutaraq hərəkət etdik. 51-ci maddə hər bir ölkənin özünümüdafiə hüququnu tanıyır. Beləliklə, biz bütün beynəlxalq alətlərdən istifadə edərək, öz ərazi bütövlüyümüzü bərpa etdik”.
Tarix təsdiqlədi ki, başqa məsələlərlə bağlı dərhal icra edilən BMT TŞ-nin qətnamələri Azərbaycan torpaqlarının işğalı məsələsində kağız üzərində qalmışdı. Və o da diqqət çəkir ki, bu qətnamələri qəbul edən BMT TŞ-nin beş daimi üzvündən üçü ATƏT-in Minsk qrupunun həmsədri idi. Bu ölkələr özlərinin qəbul etdiyi qətnamələrin icrası üçün heç bir əməli addım atmadı.
Minsk qrupu indiyə qədər nə edirdi?
Cavab bəllidir: böyük bir sıfır! Minsk qrup fəaliyyət(sizliyi)ni bel izah etmək olar:
– bölgəyə yalnız turist səfərləri edib və yalnız yeyib-içmək, beşulduzlu hotellərdə qalmaqla məşğul olub;
– həmsədrlər yalnız “mövcud olduqlarını” göstərmək üçün bəzən nəsə edir, qalan vaxtı məqsədləri “yaxşı yaşamaq” olub;
– həmsədr ölkələr münaqişənin həllinə ciddi yanaşmayıblar, buna görə də həmsədrlik institutuna təqaüdə çıxmağa, yaxud səfir göndərilməyə hazırlaşan şəxslərin müvəqqəti postu kimi baxıblar;
– həmsədrlər nə münaqişə tərəflərini, nə münaqişənin tarixini, nə də bölgəni tanıyıblar;
Bunu keçmiş amerikalı həmsədr Riçard Hoqlandın münaqişənin həll edilməsindən sonra etdiyi etiraflar təsdiq edir.
“Biz beşulduzlu hotellərdə, ayrıca yemək otağı və içərisi dolu barı olan və heç bir əlavə xərc tələb etməyən lüks nömrələrdə qalırdıq. Biz olduğumuz şəhərlərdə ən yaxşı restoranlarda yeyirdik. yaxşı yaşayırdıq və arabir ATƏT bayrağını qaldıraraq Bakı və İrəvanın yadına Minsk qrupunun mövcud olduğunu salırdıq. Amma lap açıq danışsam, çox-çox az iş görülürdü. həmsədr vəzifəsini tam hüquqlu səfir təyin olunmağı gözləyən diplomat, yaxud təqaüdə çıxana qədər işləməsi lazım olan biri tuturdu”.
Və bu fəaliyyətsizlik, BMT TŞ-nin qətnamələrinə laqeyd münasibət, işğalçıya dəstək regionda böyük müharibəni şərtləndirdi. Bu baxımdan, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın yox, onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür. Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, Mink qrupunun həmsədrləri Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə məcbur etsəydi, münaqişə çoxdan həll edilərdi, Ermənistan üçün ağır itkilərlə nəticələnən müharibə də baş verməzdi.
Azərbaycan sadəcə BMT qətnamələrini icra etməyə məcbur oldu, beynəlxalq hüququ təmin etdi.
İndi Azərbaycan BMT-ni post-münaqişə dövründə əməkdaşlığa dəvət edir.
Prezident İlham Əliyev bildirdi ki, müharibə bitib, münaqişə həll olunub, bu baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb: “Biz artıq gələcəyə baxmalıyıq və hazırda bizim əsas narahatlığımız dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində BMT ilə əməkdaşlığa ümid edir”.
Azərbaycan xalqının da gözləntisi budur ki, BMT bundan sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərimizin bərpasına dəstək verəcək, ən azı indi ədalətli mövqeyin sərgilənməsinin vaxtıdır.
Asif Nərimanlı
Dövlət başçısı: “BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bizə gəldikdə 27 il icra olunmamış qaldı”
“Təqribən 30 il ərzində Ermənistan ölkəmizin ərazisinin 20 faizini işğal altında saxlayırdı. İşğal müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, yüzlərlə dinc insanı, o cümlədən 106 qadını və 63 uşağı qətlə yetirmişdir. 1275 azərbaycanlı əsir götürülmüşdür, onların 150-si hələ də itkin hesab olunur. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür”.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrdə videoformatda çıxışında deyib.
“BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin Ermənistan bu və BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bənzər qərarlara məhəl qoymamışdır.
BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir. Selektiv yanaşmaya yol verilməməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var.
ATƏT-in Minsk qrupu Ermənistan və Azərbaycan arasında münaqişənin həllinə nail olmaq məqsədilə 1992-ci ildə təsis edilmişdir. ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə son qoymağa məcbur etmək üçün qətiyyətli addımlar atsaydılar, onda üzərlərinə düşən vəzifələrin icrasına nail ola bilərdilər. Münaqişə dövründə Ermənistan öz yanaşması və hərəkətləri ilə nümayiş etdirirdi ki, onun yeganə məqsədi status-kvonu saxlamaq və işğalı möhkəmləndirməkdir. Mən dəfələrlə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi məsələsini qaldırmışdım. Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək üçün Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi”, – Prezident deyib.
BMT-nin daha hansı qətnamələri icra edilməyib? – Mehdiyev
BMT-nin TŞ-nın 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələri 27 ildir icra edilmir. Bəs, görəsən, BMT TŞ-nin icra edilməyən başqa qətnamələri varmı?
Məsələ ilə bağlı Axar.az -ın suallarını cavablandıran beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib ki, BMT nizamnaməsinin 7-ci fəslinə uyğun olaraq qəbul edilən istənilən qətnamə məcburi xarakter daşıyır və tez bir zamanda icra edilməlidir.
“Bununla belə, ATƏT-in Minsk Qrupunun iclasında razılaşdırılmış BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri BMT nizamnaməsinin 6-cı fəslinə uyğun olaraq qəbul edilib. Adıçəkilən bu qətnamələr işğal edilən torpaqların Azərbaycana məxsus olduğunu birmənalı olaraq təsdiqləyir. Bu isə çox vacib və əhəmiyyətli məqamdır. Eyni zamanda işğalçı qüvvələrin oradan dərhal çıxarılması da açıqca qeyd olunub. Lakin 6-cı fəsilə uyğun olaraq qəbul edildiyi üçün təəssüf ki, icrası üçün təsirli mexanizmlər yoxdur.
Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi bir çox münaqişələr üçün də müvafiq qətnamələr qəbul edilib. Hətta bəzi münaqişələrdə qəbul edilən qətnamələrin sayı və icra edilməmə müddəti daha çoxdur. Bunlardan ən tanınanı və bizim üçün də vacib olanları Fələstin-İsrail, Abxaziya və Osetiya, həmçinin Kəşmir münaqişələridir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası (TŞ) Kəşmir münaqişəsinin həllinə dair 11 qətnamə qəbul edib. Onların hər biri Kəşmirin statusunun şəffaf və azad səsvermə ilə müəyyənləşməsini əhatə edir. Lakin Hindistan buna razılıq vermir. Hazırda Hindistan bölgədə 600 minlik qoşun saxlayır. Bura dünyanın ən çox silahlandırılmış zonası hesab edilir.
Fələstin münaqişəsində isə BMT Təhlükəsizlik Şurasının 86, BMT Baş Assambleyasının isə qəbul etdiyi 720 qətnamənin heç birinə indiyədək əməl edilməyib.
2008-ci ildən etibarən BMT Baş Assamleyasında Gürcüstanın işğal altındakı ərazilərdən olan məcburi köçkün və qaçqınların öz torpaqlarına qaytarılmasına dair qətnamə qəbul olunub. Lakin bu qətnamələr də bu gün belə icra edilmir. Bütün bu münaqişələr və qəbul edilən qətnamələrin yerinə yetirilməməsi özlüyündə dünyanın ən böyük təşkilatı olan BMT-də ciddi problemin olduğunu göstərir və nəticədə qurumun nüfuzuna zərbə dəyir”.
Hüquqşünas bildirib ki, Azərbaycan Ordusu BMT TŞ-nin qətnamələrini hazırda icra etməklə, bir növ bu qurumun da imicini qorumuş olur:
“Həmçinin Azərbaycan Ordusunun ədaləti bərpa prosesi və beynəlxalq hüquqa uyğun addımları BMT qətnamələrinin icrası üçün daha təsirli mexanimzlərin hazırlanması məsələsini də gündəmə gətirir. BMT TŞ öz qətnamələrinin məcburi icrası üçün iqtisadi-siyasi sanksiyalardan tutmuş hərbi müdaxiləyə qədər, bütün təzyiq metodlarının tətbiqi barədə düşünməlidir ki, dünyada ədalətsizliyin qarşısı alınsın və ölkələrin müqəddəs sayılan sərhəd toxunulmazlığı problemi aradan qalxsın”.
Comments are closed, but trackbacks and pingbacks are open.