Press "Enter" to skip to content

UŞA BİZİM KÜTLƏVİ SİMVOLUMUZDUR

Ağılar – nəticələri çox uzağa gedən ani bir tərəf dəyişdirmədir; insanları başqalarının ölümünə görə duyduqları günah hissindən və ölüm növbəsinin onlara da gələcəyi qorxusundan xilas edir.

Elias Canetti “Kütlə və Hakimiyyət”

Nobel mükafatı laueratı olan Elias Canetti bu kitabı 1960-ci ildə yazıb. Müəllif bu kitab üzərində 30 il işləyib. Hökmdarlar barədə müşahidələri eynilə indiki dövrün diktatorlarına uyğundu. Oxumağa başlayanda bir tanışım demişdi ki, bu, Qustav le Bonun “Kütlə psixologiyası” kitabının davamıdı, amma məncə bu, ondan bir az daha fərqli mövzu və yanaşmadı.

Onu da əlavə edim ki, kitab “Qanun” nəşriyyatının indiyə qədərki nəşrləri arasında texniki baxımdan bəlkə də ən yaxşısıdı. Möcüzəvi şəkildə hələ də vərəqləri qopmayıb, tərcüməsi yaxşıdı və yalnız bəzi yerlərdə korrektə səhvləri var.

Kütlə

Yeni toplantı perspektivi sayəsində kütlə hər dəfə dağıldıqdan sonra yenidən yaranır. Məkan onu gözləyir, o ümumiyyətlə kütlə üçün mövcuddur və nə qədər ki, məkan var, kütlə əvvəlkitək toplaşa bilər. Bu, onun məkanıdır; hətta indi çəkilmə olsa belə, onun boşluğu qabarma zamanlarını xatırladır.

Kütlə artıq dini əhd və vədlərlə kifayətlənmir, o özünün vəhşi qüvvə və ehtiraslardan doğan böyük hissi yaşamaq istəyir, bunun üçün də istənilən sosial tələb və bəhanələrdən istifadə edir.

Onlara lazım olan – kütlə deyil, bunun əksidir, yəni itaətkar sürüdür. Onlar dindarları qoyunlara bənzədir və itaətkarlığa görə tərifləyirlər. Dinlər kütlənin ən mühüm xüsusiyyətlərindən, yəni kütləvi çoxalmadan tamamilə imtina ediblər, bunun əvəzinə bütün dindarların bərabərliyi (baxmayaraq ki, bunun üzərində həddən artıq təkidlə dayanmırlar), onların müəyyən dərəcədə yaxınlığı (lakin məlum sərhədləri aşmayan) və istiqamətin aşkarlığı uydurması ilə kifayətləniblər.

Onlara nəzarət etməyin tək yolu – kütləvi proseslərin şüurlu şəkildə ləngidilməsidir. Uzaq hədəflərin əhəmiyyəti artmalı, yaxın hədəflər isə hər cür dəyərdən məhrum olanadək ağırlığını itirməlidir. Dünyəvi yüksüzləşmə müvəqqətidir, axirət dünyasında vəd edilən yüksüzləşmə isə daimidir.

Bəzi xalqlar bütün ölülərini, ya da onların müəyyən hissəsini döyüşən qoşunlar kimi təsəvvür edirlər. Şimali Şotlandiya ketləri ölülər ordusunu xüsusi bir sözlə ifadə edirlər: sluagh.
…Döyüşdən sonra onların qanı qayaları və daşları qırmızıya boyayır. Gairm sözü “qışqırıq, haray” mənasını verir, sluagh-gairm isə “ölülərin döyüş harayı” deməkdir. Sonralar bu sözdən “şüar, çağırış” mənasını verən slogan sözü əmələ gəldi. Müasir kütlələrin döyüş çağırışlarının adı Şotlandiyanın ölülər ordusunun harayından törəyib.

Onlar kütlənin böyüməsinə mane olmaq üçün onun önünə qurban atırlar. Siyasi edamların çoxu yalnız bu məqsədlə təşkil edilir.

Kollektiv qətlə qarşı duyulan ikrah hissi yaxın zamanlarda meydana çıxıb və bunu şişirtmək lazım deyil. Əhaliyə açıq edamlarda bu gün hamı qəzetlər vasitəsilə iştirak edir. Ancaq başqa hər şeydə olduğu kimi, bu indi daha rahatdır. Sakitcə öz evimizdə oturur və yüzlərlə məlumatın içindən bizi xüsusilə həyəcanlandıranları seçib diqqətimizi onlara yönəldirik. Hər şey keçmişdə qaldıqdan sonra həyəcanımızı dilə gətiririk və qanımızı qaraldacaq heç bir günah hissi duymuruq. Nə verilən ölüm hökmünə görə, nə şahidlərə görə, nə onların ifadələrinə görə, nə qəzetlərə görə, nə də bu məlumatı çap edənlərə görə cavabdehlik daşımırıq. Buna baxmayaraq, keçmiş zamanlarda edama baxmaq üçün uzun yol gələn, saatlarla ayaq üstdə dayanan və sonda çox az şey görə bilən insanlardan daha çox məlumata sahib oluruq.

Hər bir əmr onu yerinə yetirməyə məcbur olan insana tikan kimi sancılır. … Lakin bu əmrləri yuxarıdakıların özlərinə qaytarıb, onlardan gördükləri əzab-əziyyətin əvəzini çıxa bilərlər. Çarəsiz və zəi olan tək insan üçün belə fürsət nadir halda ələ düşə bilər. Amma çox sayda belə insan kütlə halnda birləşərsə, təkbaşına edə bilmədiyinə başqaları ilə birlikdə nail ola bilər. Bu vaxta qədər onlara əmr verənlərə qarşı birlikdə çıxa bilərlər.

Dirilər, ölünün o biri dünyada onlar haqqında yaxşı fikirdə olmasını, ən azı onlara düşmən kəsilməməsini istəyirlər. Yoxsa ölən adam o biri dünyaya acıqlı halda gedər və ruhları yeni hücumlara təşviq edər.

Sürü

Ağılar yeni düşərgədə də davam edir. Qrupa güclü birlik duyğusu verən həyəcan dərhal yoxa çıxmır. Bu həyəcan indi həmişəkindən daha çox lazımdır, çünki təhlükə ilə üz-üzə qalıblar.Özlərini yaralamağa davam edərək ağrı acılarını nümayiş etdirirlər. Bütün bunlar müharibəni xatırladır, amma düşmənin müharibədə etdiklərini, burada özləri özlərinə edirlər. Bədənində iyirmi üç belə yaranın izini daşıyan adam, bu yaraları müharibədə aldığı şərəf nişanları kimi fəxrlə daşıyır.

Sürü və din

Afrika xalqı olan lelelərin ətə meyli son dərəcə böyükdür. Qonağa, sadəcə bitki mənşəli yemək vermək ağır təhqir sayılır. Qonqlıqlar haqqındakı söhbətlərdə çox vaxt süfrəyə qoyulmuş ətin keyfiyyətindən və miqdarından danışılır.

Ən yaxşı islamşünaslardan biri belə deyir:“Məhəmməd müharibənin və mübarizənin peyğəmbəridir… ərəb dünyasında qazandığı ilk uğuru ümmətinin istiqbalı üçün vəsiyyət olaraq qoyub getmişdir: kafirlərlə mübarizə, dindən çox, Allahın qüdrətini təmsil edən dini hakimiyyətin yayılması. Buna görə də İslam əsgərlərinin əsas vəzifəsi kafirlərin dinini dəyişdirmək deyil, kafirlərə boyun əydirməkdir”.

Ağılar – nəticələri çox uzağa gedən ani bir tərəf dəyişdirmədir; insanları başqalarının ölümünə görə duyduqları günah hissindən və ölüm növbəsinin onlara da gələcəyi qorxusundan xilas edir.

Kütlə və tarix

Bir millətin özünüdərki yalnız və yalnız simvolu dəyişilərsə, dəyişilir. Bu özünüdərk insanların düşündüyündən daha çox dəyişkəndir və bəşəriyyətin varlığının davam etməsinə dair bəzi ümidlər verir.

Almanların kütlə simvolu ordu idi. Amma bu, ordudan da böyük bir şey idi – bu, nizamlı addımlarla yeriyən bir meşə idi.
…İngilis özünü dənizdə, alman isə özünü meşədə təsəvvür etməyi sevir. Onların milli hissləri arasındakı fərqi bundan daha qısa şəkildə ifadə etmək mümkün deyil.

Əsas şüar kimi “Versal” sözünün işlədilməsi Hitler üçün son dərəcə uğurlu bir seçim idi. Bu söz almanlara bir millət kimi yaşadıqları son acı hadisəni – ümumi hərbi xidmətin ləğv edilməsini və orduya sahib olma haqqının əllərindən alınmasını xatırlamaqla yanaşı, eyni zamanda alman tarixinin yaxşı məlum olan digər anlarını birləşdirərək vahid şəklə salırdı.

İnflyasiyanın doğurduğu sarsıntılar o qədər dərindir ki, insanlar bu barədə susmağa və onları unutmağa üstünlük verirlər.

İqtidarın daxili orqanları

Ananın körpə üzərində hakimiyyəti, – xüsusən körpənin erkən inkişaf mərhələlərində, – mütləqdir və bu təkcə körpənin həyatının tamamilə ondan asılı olduğuna görə deyil, eyni zamanda, ananın bu hakimiyyətdən daim istifadə etməyə güclü bir istək duyduğu üçün belədir.

Sağ qalan

Hökmdarlar elə zənn edirlər ki, sağ qalma yalnız onların xüsusiyyətidir, sağ qalma – onların sərvəti və ən dəyərli mülküdür. Əgər kimsə təhlükəli vəziyyətdə, xüsusən də çox sayda insan həlak olarkən sağ qalmağa cürət edirsə, o, özünə aid olmayan işə müdaxilə edir, odur ki, hökmdarlar belə insana bütün qəlbləri ilə nifrət bəsləyirlər.

Yaşayanlar ən çox ölülərin paxıllığından qorxurlar. Onlara yaltaqlanmaqla və yemək təklif etməklə ölüləri rəhmə gətirməyə çalışırlar.

Hakimiyyətin ünsürləri

Düşmənin ikiüzlülüyü ilə mübarizə aparmaq üçün özün də ikiüzlü olmalısan.

Despot heç vaxt həqiqətən əfv etməz. Hər bir düşmənçilik aktı dəqiq qeyd edilir, əgər buna dərhal reaksiya verilmirsə, deməli, sonraya saxlanılıb.

Əmr

Azad insan – əmrləri aldıqdan sonra onlardan qurtulan insan deyil, bu əmrləri rədd etməyi bacaran insandır.

Əgər ceyranların dini olsaydı, şir də onların tanrısı olsaydı, onun tamahını susdura bilmək üçün öz yoldaşlarından birini könüllü olaraq ona verə bilərdilər. İnsanlar arasında məhz bu baş verir: kütləvi qorxu halında dini qurbanlar yaranır.

Çevrilmə

İnsanları heyvan səviyyəsinə endirərək və daha alçaq məxluqlar kimi qəbul edərək, onların üzərində ağalıq etməyi öyrənmiş despotlar isə hökm edə bilmədiyi hər kəsi həşarat səviyyəsinə endirmiş və milyonlarla beləsini qırıb məhv etmişdir.

İnsanlar çoxlu sayda köləni sürü halında olan heyvanlar kimi topmalağı bacardıqda dövlətdə tiranlığın əsasları qoyuldu; və şübhəsiz ki, xalqın sayı nə qədər çoxdursa, hökmdarın bütöv bir xalqı kölələrə, yaxud heyvanlara çevirmək istəyi də o qədər güclü olur.

Hökmranlıq və paranoyya

Kralın şəxsiyyəti yalnız o sağlam olduğu müddətdə əhəmiyyətlidir.

Hər hansı bir psixiatriya xəstəxanasının alaqaranlığında günlərini qısaldan, çarəsiz, cəmiyyətdən qovulmuş və hamının etinasız yanaşdığı bir dəli bizi yönəltdiyi fikirlər sayəsində, iqtidarın lənəti və sahibləri haqqında həqiqətləri bəşəriyyətə açıqlamaqda Hitler, yaxud Napoleondan daha əhəmiyyətli ola bilər.

İqtidar həmişə olduğundan daha böyükdür, amma eyni zamanda daha təhlükəlidir. Artıq ya hər kəs həyatda qalacaq, ya da heç kəs…

ŞUŞA BİZİM KÜTLƏVİ SİMVOLUMUZDUR!

Böyük Avstriya yazıçısı Elias Kanetti Nobel mükafatını “Kütlə və hakimiyyət” əsərinə görə alıb. Bu möhtəşəm kitabın bir fəsli “Millətlərin kütləvi simvolu” adlanır. Kanetti millətlərin kütləvi simvolunu onların dili, ədəbiyyatı, tarixi, ərazisi, idarəetmə üsulları, milli hissiyyatından önə çəkir. İnsana başqaları ilə daim əlaqəli olduğunu hiss etdirən yeganə dəyər kütləvi simvoldur.

Böyük yazıçı bir neçə millətin kollektiv simvolunu işləyə bilib:

İngilislər – Hər kəsə bəllidir ki, ingilis üçün dəniz nə deməkdir. İngilislər özlərini kiçik insan qrupları arasında gəmi kapitanı kimi görürlər. İngilis hesab edir ki, ətrafı və ayağının altı yalnız sudan ibarətdir. Faktiki olaraq o, komandadan təcrid olunub və təkdir.

Bu millət üçün dəniz həm həyatdır, həm də təhlükə. İngilis məişətdə dənizdə çatışmayan şeyləri axtarır. Ailədə əsas meyar dayanıqlıq və təhlükəsizlikdir. Hərənin öz yeri var, oranı tərk etmək olmaz, ingilis həmin yeri tərk etdisə, demək dənizə düşür.

Almanlar – Kütləvi simvolları ordudur. Amma dünyada elə bir millət tapılmaz ki, onun meşə hissləri almanınkı kimi canlı olsun. Ağacların son dərəcə səliqəli düzülüşü, onların sayı və sıxlığı alman ruhunu məmnun edir. Alman meşələrinə baxanda, nəyinsə artıq, yaxud əskik olduğunu hiss etmək olmur. Darısqal evdən meşəyə qaçan uşaq özünü əsgərlər sırasına qəbul olunmuş kimi hiss edir. Meşədə artıq onu qürurlu, inamlı, düzgün olan yoldaşları gözləyir.

Alman meşə romantikasının uşaqlara təsirini danmaq qeyri-mümkündür. İngilis özünü dənizdə, alman özünü meşədə görəndə sevinir.

Fransızlar – Bu xalqın kütləvi simvolu onların inqilabıdır. Azadlığın bayramı hər il keçirilir. 14 iyulda tanış olmayan insanlar küçədə birgə rəqs edə bilərlər. Hər il sanki Bastiliya yenidən götürülür.

Fransızların himni də inqilabdan doğdu. Fransızların kollektiv simvolu bir qədər qeyri-müəyyən kimi görünə bilər. Amma kütləvi inqilab hissiyyatı konkret hərəkətə və konkret obyektə – Bastiliyaya yönəlib. Buna görə də “inqilab” sözünə həmişə “fransız” sözü əlavə olunur.

İsveçrəlilər – Yalnız bir dildə danışan xalqlarla müqayisədə onlarda vətənpərvərlik daha güclüdür. Burda dillərin müxtəlifliyi, kantonların sosial strukturlarının fərqi, dinlər arasındakı ziddiyyətlərin milli özünüdərkə təsiri azdır. Onları bu bəladan kütləvi simvolları xilas edir. Bu, onların gözləri qarşısında dayanan tərpənməz dağlardır.

İsveçrəlilər dağlarının əzəmətini hər yerdən görürlər. İsveçrəlilərin qarşısında dayanan dağlar maqnit kimi dünyanın hər yerindən insanları bu ölkəyə cəzb edir.

İspanlar – Əgər ingilis özünü kapitan kimi görürsə, ispan özünü matador kimi görür. O, qorxmadan müəyyən qaydalarla güclü heyvanı öldürməlidir. O, vəhşi heyvanla təkbətək döyüşə çıxır. İspan öküzü minlərə insanın gözü qarşısında öldürməlidir. Matador milli simvola çevrilib.

2001-ci ilin 11 sentyabrında ABŞ-da baş verən dəhşətli terror maraqlı bir mənzərəni ortaya qoydu. Amerikanlar əllərində bayraq küçələrə axışmağa başladılar. Samuel Xantinqton “Biz kimik” kitabında yazır: “İnsanların güvənə biləcəyi bircə şey var idisə, o da bayraq idi. Nyu-Yorkda, Vaşinqtonda insanlara bayraq çatdırmaq mümkün deyildi”. Əslində Amerika faciənin miqyasına görə öz kütləvi simvolunu tapa bildi.

Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəlik şücaəti sayəsində biz Qarabağımızı erməni işğalından azad etdik. Şuşamız da işğaldan azad olundu. Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olundu. İndi Şuşamıza gedib-gələnlər sanki özlərini dünyaya yenidən göz açmış insan kimi hiss edirlər. Şuşada dağ da var, meşə də var, mədəniyyətimizin xəzinəsi də ordadır. Və Şuşa həm də bizim kütləvi simvolumuzdur. Şuşada hər an bir-birimizin yanında olmağımızı hiss edirik.

Bir-birimizin yanında olmağımıza bu şəhərin verdiyi impuls əbədi xarakter daşıyacaq.

Bizim kütləvi simvolumuz nə olsun? – Təklif

“Nobel mükafatı laureatı Elias Kanetti “Kütlə və hakimiyyət ” əsərində millətlərin kütləvi simvolunu onların dili, ədəbiyyatı, tarixi, ərazisi, idarəetmə üsulları, milli hissiyyatından önə çəkir. İnsana başqaları ilə daim əlaqəli olduğunu hiss etdirən yeganə dəyər kütləvi simvoldur”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri təhsil üzrə ekspert, fəlsəfə doktoru Etibar Əliyev deyib.

Elias Kanettiyə istinad edən ekspert vurğulayıb ki, böyük yazıçı bir neçə millətin kütləvi simvolunu işləyə bilib:

“İngilislər. Hər kəsə bəllidir ki, ingilis üçün dəniz nə deməkdir. İngilislər özlərini kiçik insan qrupları arasında gəmi kapitanı kimi görürlər. Hər bir ingilis hesab edir ki, ətrafı və ayağının altı yalnız sudan ibarətdir.

Almanlar. Onların kütləvi simvolu ordudur. Amma dünyada elə bir millət tapılmaz ki, onun meşə hisləri almanınki kimi canlı olsun. Ağacların son dərəcə səliqəli düzülüşü, onların sayı və sıxlığı alman ruhunu məmnun edir.

Fransızlar. Bu xalqın kütləvi simvolu inqilabdır. Bu ölkədə azadlıq bayramı hər il keçirilir. 14 iyulda tanış olmayan insanlar küçədə birgə rəqs edə bilərlər. Hər il sanki Bastiliya yenidən götürülür.

İsveçrəlilər. Yalnız bir dildə danışan xalqlarla müqayisədə onlarda vətənpərvərlik daha güclüdür. Burda dillərin müxtəlifliyi, kantonların sosial strukturlarının fərqi, dinlər arasındakı ziddiyyətlərin milli özünüdərkə təsiri azdır. Onları bu bəladan kütləvi simvolları xilas edir. Bu, onların gözü qarşısında dayanan tərpənməz dağlardır. İsveçrəlilər dağlarının əzəmətini hər yerdən görürlər.

İspanlar. Əgər ingilis özünü kapitan kimi görürsə, ispan özünü matodor hesab edir. O, qorxmadan müəyyən qaydalarla güclü heyvanı öldürməlidir.
O, vəhşi heyvanla təkbətək döyüşə çıxır. İspan öküzü minlərə insanın gözü qarşısında öldürməlidir. Matador milli simvola çevrilib”.

Dahi yazıçının bu fikirlərini əsas götürən Etibar Əliyev biz azərbaycanlıların nədən indiyə qədər kollektiv simvolumuzu tapa bilmədiyimiz sualına cavab axtarıb:

“Bizdə də dəniz, meşə, dağlar, bayraq rəmziləri var, Dünya Azərbaycanlılarının həmrəylik gününü qeyd edirik. Amma bunların heç biri kütləvi simvola çevrilməyib. Topxana meşəsi yadınızdadırmı? Hər şey ondan başlamadımı? Sonra nə baş verdi? Xocalı faciəsi, Şuşanın işğalı.

20 Yanvar necə? Bu da hələlik kütləvi simvolumuza çevrilə bilməyib. Amma biz 20 Yanvarda bir-birimizin yanında olduğumuzu daha artıq hiss edirik”.

Comments are closed, but trackbacks and pingbacks are open.