Press "Enter" to skip to content

Oy – Hərb və Sülh əsəri ilə tanışlıq və məzmunu

“Andersonun əhvalatı” bütün Avropa qəzetlərində tirajlanırdı. Lev Nikolayeviç də bu kədərli hadisə barədə kifayət qədər məlumatlı idi. Məşhur nağılçının taleyini təkrarlamaq istəmirdi. Buna görə də “saxta” dişlərdən imtina edirdi, ona elə gəlirdi ki, bu dişlərin gətirəcəyi ilham da saxta olacaq.

Lev Nikolayeviç Tolstoy

Tolstoylar nəslinin bütün nümayəndələri bədəncə sağlam olublar. Öz ömrünü müharibə və ya ölüm cəzası ilə başa vuranlardan başqa qalanları çox uzun və səmərəli həyat yaşayıblar. Lev Nikolayeviç məlum olduğu kimi xəstəxanada deyil, yolda ölmüşdü. Özü də 82 yaşında, indiki ölçülərlə götürsək kifayət qədər uzun ömürdür.

Qəhvədən də, ətdən də imtina
Tolstoy sağlam həyat tərzinin təbliği ilə bağlı da xeyli işlər görmüşdü. İçmir, çəkmirdi, ömrünün ortalarında qəhvədən, yaşlı vaxtı isə ətdən imtina etmişdi. Gimnastik hərəkətlər kompleksi işləyib hazırlamışdı. Onun tərtib etdiyi gimnastik hərəkətlər dövrü üçün qabaqcıl tapıntı idi, elə müasir dövrdə də kifayət qədər yararlıdır. Başqa sözlə Tolstoy sağlamlıq məsələlərində də nümunə sayıla bilərdi.

Bütün bunlara baxmayaraq əsas sual açıq qalır – Tolstoy belə sağlam həyat tərzinə necə gəlib çıxmışdı? Adətən deyirlər ki, sadaladığımız uğurlar aramsız mənəvi axtarış və düşüncələrin məhsuludur. Prinsipcə bu, doğrudur. Sadəcə bir şeyi dəqiqləşdirmək gərək: Lev Nikolayeviç ali ruhani dəyərlərdən çox sağ qalmaq kimi elementar şeylər haqqında düşünürdü. Çünki yumşaq desək, onun sağlamlığı yerində deyildi.

Bu da hərbi hospitalın artilleriya podporuçiki Lev Tolstoyun sağlamlıq vəziyyəti barədə verdiyi arayışdan çıxarış: “Ortaboylu olsa da, bədəncə arıqdır. Bir neçə dəfə ciyərlərinə soyuq dəydiyi üçün xəstələnib, əl və ayaqlarında revmatik ağrılar var. Həmçinin təngnəfəslik, öskürək, təşviş, xiffət, ürəkgetmə, quru, xışıltılı nəfəs alma ilə yanaşı güclü ürək döyüntülərinin olması da müəyyənləşib. Bunlardan başqa Krım qızdırmasından sonra onda yaranmış qara ciyər bərkiməsi nəticəsində iştahası zəifləyib, həzm prosesi düzgün getmir, mütəmadi qəbzlik yaranır, beyinə qan yığılması və başgicəllənmə müşahidə olunur. Rütubətli havada aşağı və yuxarı ətraflarında revmatik yel ağrıları olur.”

Qeyd edək ki, bu xəstənin şübhə və qorxularını rədd edən rəsmi sənəddir, onun fantaziyasının məhsulu deyil.

Lev Nikolayeviçin fantaziyası isə kifayət qədər dərin idi. Geniş yazıçı təxəyyülü kiçik bir sızanağı belə görünməmiş dərəcədə böyüdüb dərd eləməyə imkan verirdi. Götürək elə adi itdirsəyini. Xalq arasında ona heç önəm vermirlər, tüpürürsən gedir. Daha dəqiq desək qəfildən xəstənin gözünə tüpürmək lazımdır (başqa bir “dərmanı” da var, amma onu yazmırıq, özünüz bilirsiz nədir). Guya tüpürəndə itdirsəyi sağalır.

Bu üsul “xalqa yaxınlığı” ilə öyünən Tolstoyun işinə yaramırdı. Görün gündəliyində nə yazır: “Gözümə yepyekə itdirsəyi çıxıb. Elə əziyyət verir ki, hər şeydən məhrum olmuşam. Nə yeyə, nə də yata bilirəm. Görə bilmirəm, eşidə bilmirəm, nəyisə qoxlaya bilmirəm, bir az da səfehləmişəm.” O qədər böyük ustalıqla yazılıb ki, istər-istəməz xəstənin halına yanırsan. Ancaq görün bu naxoşluğa onun dostları, misal üçün dekabrist Mixail Puşin necə reaksiya verir: “Onun ağrımağı bizə ləzzət edir, əyləndirir, güldürür: bekara itdirsəyindən ötrü üç dəfə həkim dalınca adam göndərib”.

İngilis yazıçı Cerom K.Ceromun “Qayıqda üç nəfər, iti saymasaq” əsərində baş qəhrəman tibbi lüğəti oxumağa başlayır və oxuduqca orda adı keçən xəstəliklərin hər birini özündə aşkar edir, bircə zahı qızdırmasından başqa. Belə təəssürat yaranır ki, ingilis yazıçı rus ədəbiyyatının klassiki ilə yaxın tanış imiş: Tolstoyun tibbə münasibəti eynən bu şablon üzərində qurulmuşdu.

32 dişdən dördü
Buyurun, bu da hələ 30 yaşına çatmamış Lev Nikolayeviçin “əziyyət çəkdiyi” xəstəliklərin bəzilərinin siyahısı: Sancıyla müşayiət olunan qanlı ishal, səbəbi bilinməyən səpmə, örə xəstəliyi, mədə qıcqırması, ürək tutması, bel ağrıları, boğaz və qaraciyərdə eyni vaxtda ağrılar, quru və bəlğəmli öskürək, öyümə verən miqren, qasıqda ağrı və şişkinlik, zökəm, revmatizm, mədə pozğunluğu, damarların varikoz genişlənməsi, qotur və babasil. Hələ harasıdır? Tolstoy bu “xırda xəstəliklər”lə yanaşı ciddi-ciddi özündə vərəm, epilepsiya, sifilis, mədə xorası və nəhayət beyin xərçənginin əlamətlərini axtarırdı.

Aydındır ki, hər dəfə bu cür bəhanələrə görə həkim çağırılırdı. Orası da aydındır ki, həmin həkimlər yuxarıda adları sadalanan xəstəliklərin heç birini onda tapmadıqları üçün fırıldaqçı elan olunurdular: “Cahillər, boşboğazlar, başları heç nədən çıxmır, heç bir xeyirləri yoxdu, başdan-ayağa yalançıdırlar.”

Ən gülməlisi odur ki, bu sadalanan və sadalanmayan naxoşluqlardan biri onda həqiqətən var idi. Karies və parodontoz sürətlə inkişaf edirdi. Hələ 22 yaşı olanda gündəliyində ilk dəfə belə qeyd yazmışdı: “Yenə dişlərimi soyuğa vermişəm, flüs (xəstə dişin ətinin iltihabı) çoxalıb, buna görə də yata bilmirəm, bütün günü dişlərim ağrıyıb.” Yaxın 11 ildə yazıçının gündəliyinin leytmotivini bu fikirlər təşkil edəcəkdi.

Məsələ burasındadır ki, bu real, nəzərəçarpan, əzablı problem nədənsə diqqətdən kənar qalmışdı. Tolstoy dantistlərin tibbi yardımından qəti surətdə imtina edirdi. Dişləri isə ağrımaqda və düşməkdə davam edirdi. Bu, yazıçının Londona səfər etdiyi 1861-ci ilə qədər davam etdi. Yazıçının orada qaldığı ay yarım müddətinə problem öz-özünə həll oldu. Tolstoy bu haqqında yazır: “Dişlərim sındı”. Bu o demək idi ki, onun ağzındakı 32 dişdən cəmi dördü salamat qalmışdı. Belə ağızla yaşamağın çətinliyini anlamaq üçün həkim olmağa ehtiyac yoxdu. Yaxınları Tolstoya məsləhət görürdülər ki, “saxta” diş qoydursun. Əbəs yerə. Tolstoy ömrünün sonuna qədər ağzındakı dörd dişlə yaşadı.

Qəribə də olsa, bu fenomenə hardasa ağıllı izahat tapmaq mümkündür. Təqribən həmin dövrdə dünyanın başqa böyük yazıçısı da oxşar problem yaşayırdı. Bu Hans Kristian Anderson idi. Özü də deyəsən Tolstoya baxanda onun dişləri daha pis ağrıyırdı. Onun ağzında da karies, parodontaz kimi problemlər vardı, dişləri dəhşətli ağrılar verirdi. Bununla belə Anderson düşünürdü ki, ona ilham verən elə bu ağrılardır, ağrılar sayəsində belə dahiyanə əsərlər yazır. Anderson bu fikrə o qədər inanırdı ki, sonuncu dişi düşəndən sonra yazmaq bacarığını tamamilə itirdi.

“Andersonun əhvalatı” bütün Avropa qəzetlərində tirajlanırdı. Lev Nikolayeviç də bu kədərli hadisə barədə kifayət qədər məlumatlı idi. Məşhur nağılçının taleyini təkrarlamaq istəmirdi. Buna görə də “saxta” dişlərdən imtina edirdi, ona elə gəlirdi ki, bu dişlərin gətirəcəyi ilham da saxta olacaq.

Şedevrin doğuluşu
Qəribədir ki, bu ona kömək etdi. Lev Nikolayeviç 1860-cı illərin əvvəllərində həyatının ən önəmli əsəri olan “Hərb və sülh” roman-epopeyası üzərində çalışırdı. Əsərin yazı prosesi növbəti dəfə ləngiyir, Tolstoy əsərin davamını yaza bilmir. Bir yandan da diş ağrıları şiddətlənir. Ağrılar o qədər güclənir ki, Tolstoy ilk dəfə həkimlərin dediyinə əməl etməli olur. O, əksər xəstəliklərin çox yeməkdən qaynaqlandığını nəzərə alaraq özünə qarşı kəskin qaydalar qoyur.

Ağzındakı salamat dişlərini qorumaq naminə o ətdən imtina edir, sürtgəcdən keçirilmiş yeməklər yeyir, yalnız sup, sıyıq və kisellə qidalanır: “Yemək barəsində özümü tamam saxlayıram. Şam yeməyim çox sadədir. Səhər yeməyində ancaq yulaf sıyığı yeyirəm.” Hətta bu da ona az görünür: “Şam yeməklərini ötürürəm. Ciddi pəhrizə qayıtmışam. Hər gün yaş dəsmalla silinirəm.”

Bu pəhrizə əməl edəndən iki həftə sonra roman “ölü nöqtə”dən tərpənir. Yazıçı isə özünün ümumi vəziyyəti barədə ilk dəfə belə yazır: “Düşüncələrim aşıb-daşır. Gümraham, şənəm, başım aydındı, gün ərzində beş-altı saat işləyirəm. Bu təsadüfdü, ya yox?”

Sualdan da hiss olunur ki, Tolstoy bunun təsadüf olmadığını düşünürmüş. Məhz “Hərb və sülh” üzərində çalışdığı zaman o, içkini, siqareti atır, qəhvədən imtina edir. Bunlardan başqa öz gigiyenasına da diqqət etməyə başlayır. Baxaq görək bunlar barəsində yoldaşı Sofiya Andreyevna Tolstaya nə deyirdi: “Lev Nikolayeviç fiziki sağlamlığının qayğısına çox qalırdı. Gimnastika ilə məşğul olur, gir qaldırır, həzm məsələlərinə diqqət edir, açıq havada çox vaxt keçirməyə çalışırdı. Ən başlıcası isə yuxusunun qeydinə qalırdı və gün ərzində kifayət qədər yatmağa çalışırdı.” Sonuncu cümlə xüsusilə qiymətlidir. Kimin tərəfindən deyildiyi bilinməsə də belə bir fikir yayılıb ki, guya Tolstoy gün ərzində cəm 4 saat yuxu yatırmış və bununla belə özünü gümrah hiss edirmiş. Yazıçının böyük oğlu Sergey Lvoviç atasının gün bölgüsü barədə başqa şey deyirdi: “O, gecə birdə yatmağa gedir, səhər doqquza qalmış yuxudan durardı.” Belə çıxır ki, Tolstoyun yatmağına 7-8 saat vaxt sərf olunurmuş. Müasir mütəxəssislər də gün ərzində bu qədər yatmağı məsləhət görürlər.

Tolstoyu nahaq yerə unikal yazıçı adlandırmırlar. Ancaq o, insan kimi də unikal idi. Onun vasvasılıq və stomatoloji xurafatdan başlayıb ağıllı və sağlam həyat tərzi ilə yekunlaşan ömrü insanı heç də əsərlərindən az təəccübləndirmir.

Elnarə Ağaoğlu

  • Teqlər:
  • rus ədəbiyyatı
  • , rus yazıçıları
  • , Lev Tolstoy
  • , Tolstoy

L.N.Tolstoy – “Hərb və Sülh” əsəri ilə tanışlıq və məzmunu

Tanınmış rusiyalı yazıçı Lev Nikolayeviç Tolstoyun müəllifi olduğu “Hərb və Sülh” əsəri, XIX əsrin ilk yarısında Rusiyanın sosial həyatını və insanlarının iç üzlərini ortaya qoymaq məqsədi ilə qələmə alınmışdır. Əsər ilk dəfə 1869-cu ildə çap edilmişdir.

Bu səbəbdən də əsərdə işlənən müharibə mövzusu əsərin güzgüsü olmaq kimi bir xüsusiyyət daşıyır. Tolstoy əsərdə müharibə ilə yanaşı insanlardan daha geniş bəhs edir. Əsər nüfuzlu şəxslər ilə kənd və qəsəbələrdəki insanlar arasında olan münasibətləri çox gözəl bir şəkildə özündə əks etdirmişdir.

Lev Tolstoy, bu əsəri qələmə alarkən hələ otuz yeddi yaşında idi. Onun 1854-1856-cı illər aralığında Krımda müharibədə olması bu romanı qələmə almasına səbəb olmuşdur. Müəllif əsəri 1863-1868-ci illər aralığında qələmə almışdır. Rus toplumunun social və iqtisadi münasibətlərini, eşq, hirs, düşmənlik, ölüm kimi mövzuları uğurla əks etdirməsi səbəbi ilə əsər olduqca maraqla qarşılanmışdır.

Hərb və Sülh: Çar I Aleksandrın anası olan Mariya Fyodrovna, romanda rus sarayının ən nüfuzlu fiquru kimi təqdim edilir. Roman 1805–ci ildə Sankt Peterburqda, Mariya Pavlovna Şerer tərəfindən kraliça ana Mariya Fyodrovnanın şərəfinə verilən ziyafətlə başlayır. Romanda olan əsas obrazların əksəriyyəti və zadəgan ailələrin nümayəndələri Anna Pavlovnanın məclisində iştirak edirlər. Pyer Bezuxov zəngin knyazın qeyri-qanuni doğulmuş oğludur. Bir çoxları Pyerə, zəngin irsin yeganə varisi olduğu üçün yarınmağa çalışırlar. Anasının ölümündən sonra, yüksək təhsil alması atasının maddi dəstəyi ilə təmin edilmiş Pyer, açıq ürəkli, lakin yüksək cəmiyyət içində özünü apara bilməyən, özünün saf və sadəlövh xasiyyəti ilə Peterburq zadəganlarının həyatına uyğunlaşmağa çətinlik çəkən biridir. Ziyafətə dəvət olunan qonaqların hamısı bilir ki, Pyer, atası qoca knyazın bütün övladları arasında ən çox sevdiyi övladıdır.

Ziyafətdə eyni zamanda Pyerin dostu, ağıllı və alicənab knyaz Andrey Nikolayeviç Bolkonski və onun, zadəgan məclislərinin məşhur simalarından olan xanımı Liza da iştirak edir. Peterburqun zadəgan həyatını həddən artıq dəbdəbəli, bununla belə darıxdırıcı hesab edən knyaz Andrey öz xanımının da daxilən boş və səthi düşüncəli olduğu fikrindədir. Bu kədərli həyatından canını qurtamaq məqsədi ilə Mixail Kutuzovun ordusuna yazılan Knyaz Andrey Napoleona qarşı olan müharibədə iştirak edir.

Bundan sonra isə hadisələr Rusiyanın qədim şəhəri və keçmiş paytaxtı Moskvada davam edir. Peterburqun yüksək zadəgan mühitindən fərqli olaraq, bu şəhər rus milli xüsusiyyətlərini daha çox qoruya bilmişdir. Şəhərdə yaşayan Rostov zadəgan ailəsi təsvir edilir. Knyaz İlya Andreyeviç Rostovun dörd övladı var. Onlardan biri olan on üç yaşlı Nataşa (Natalya İliyiçna) rus ordusunda zabit kimi xidmət etmək arzusunda olan Boris Drubetskoyun onu sevdiyinə inanır. On iki yaşlı Nikolay İliç isə yetim olan və Rostovlar ailəsi tərəfindən övladlığa götürülmüş əmisi qızı Sonyanı (Sofiya Aleksandrovna) sevir. Ailənin böyük övladı Vera İliyiçna bir qədər soyuq xarakterli olsa da, uğurlu nigah bağlayaraq rus-alman zabiri Adolf Karloviç Berqə ərə getmişdir. Ailənin ən kiçik nümayəndəsi olan Petya (Pyotr İliç) isə böyük qardaşı kimi, yaşı tamam olduğunda orduda xidmət etmək arzusundadır. Ailənin başçıları olan Knyaz İlya Rostov və Knyaginya Natalya Rostova xoşbəxt, lakin həmişə ailənin maddi durumu haqqında narahatlıq keçirən bir cütlükdür.

Bald təpələrində, Bolkonskilərin hakimlik etdiyi vilayətdə isə başqa hadisələr yaşanır. Knyaz Andrey öz darıxdırıcı arvadı Lizanı, zalım atası Knyaz Nikolay Andreyeviç Bolkonskini və dindar, sakit bacısı Mariya Nikolayevna Bolkonskayanı tərk edərək orduya, xidmətə gedir.

İkinci hissə Rusiya–Fransa müharibəsinə hazırlıq səhnələrinin təsviri ilə başlayır. Artıq orduya çağırılmış Nikolay Rostov Hollabrunne döyüşündə ilk müharibə təcrübəsini yaşayır. Burada o, Knyaz Andreylə rastlaşır və tələskənliyi üzündən ona qarşı hörmətsizlik edir. Bir çox gənc əsgər kimi, Nikolay da Çar I Aleksandrın vurğunudur. Nikolay xidmət etdiyi bölüyün zabitləri Vasili Dmitriyeviç Denisov və sonradan psixoloji problemləri olduğu aydınlaşan Fyodr İvanoviç Doloxovla dostluq edir.

Əsərin ikinci kitabı Nikolay Rostovun Moskvaya, evlərinə dönməsi ilə başlayır. O, Rostov ailəsinin tamam müflisləşmək ərəfəsində olduğunun və pis maddi durum yaşadıqlarının şahidi olur. O, qışı evlərində keçirir və qulluq etdiyi Pavloqrad alayından dost olduğu Denisovla münasibətlərini daha da istiləşdirir. Nataşa gözəl, cazibədar və gənc qızdır. Denisov ona aşiq olur və evlənməyi təklif etsə də, onun bu təklifi rədd edilir. Eyni zamanda anası Nikolaya zəngin qız taparaq, onunla evlənməyi məsləhət görür. Lakin bu məsləhətə qulaq asmayan Nikolay öz gənclik sevgisi olan Sonya ilə evlənmək istəyir.

Atasından qalan mirasa sahib olduqdan sonra, Pyer Bezuxov nəhayət ki, rus elitası tərəfindən yaxşı qəbul edilir və imperiyanın nüfuzlu, zəngin zadəganlarından birinə çevrilir. Daxilən o, bunun səhv addım olduğunu düşünsə də, Knyaz Kuraginin gənc və cazibədar qızı Elenlə (Elena Vasilyevna Kuragina) evlənir. Zadəgan mühitinin ən məşhur və cazibədar qadını olan Elen, tezliklə Pyerə ondan uşağı olmasını istəmədiyini bildirir. Elen Doloxovla əlaqəyə girir və buna istinad edən Doloxov Pyeri kütlə içində alçaltmağa cəhd edir. Özünə idarəni itirən Pyer Doloxovu duelə çağırır və duel zamanı onu ölümcül yaralayır. Bu hadisədən dəhşətə gələn Elen Pyeri qatil adlandıraraq günahlandırır və baş verən qalmaqaldan sonra Pyer Eleni tərk etmək qərarına gəlir. Qarışıq ruhi vəziyyət yaşadığı bir dövrdə, Pyer masonluq cəmiyyətinə üzv olur və masonların beynəlxalq siyasətindən irəli gələn ideyaların təbliğatçısı kimi çıxış edir. İkinci kitabda, Pyerin daxili iztirablarının, yaxşı insan olmaq və ideal insan axtarışlarının təsvirinə geniş yer verilir. İndi bu zəngin zadəgan Tolstoy vasitəsilə bir fəlsəfi sual ətrafında düşünür: bir insan əxlaqsızlarla əhatələnmiş bir mühitdə necə əxlaqlı həyat sürə bilər? Sual Pyerin sonrakı həyatının istiqamətlənməsində əsas şərt olur. O, öz təhkimli kəndlilərini azad etməyə və onların həyat şəraitinin yaxşılaşdırılması üçün çalışmağa başlayır.

Pyer obrazı alicənab və ambisiyalı Knyaz Andrey Bolkonski obrazı ilə müqayisə edilir. Austerlis döyüşündə Andrey ordunun yüksək vəzifəli şəxsləri ilə birgə çalışmaq şərəfinə nail olur. Döyüşdə artilleriya silahından açılan atəş zamanı o ağır yaralanır. Ölümlə üz-üzə gəldiyi vaxt o, köhnə ambisiyaları, öz qəhrəmanı Napoleon (Napoleon döyüş meydanında onu yaralı vəziyyətdə görür və müalicə olunması əmrini verir) haqqında düşünür və bu zamana qədər həyatını boşuna keçirdiyi qərarına gəlir.

Hərbi hospitalda müalicəsini tamamladıqdan sonra evə dönən Knyaz Andreyin arvadı uşaq dünyaya gətirərkən ölür. Knyaz Andrey uzun müddət arvadını tərk etdiyinə görə özünü günahlandırır və ölüm zamanı arvadının üzərindəki təqsirləndirici ifadəyə görə özünü bağışlaya bilmir. Onun övladı, Nikoenka sağ qalır.

Nihilist əhval ruhiyyəyə köklənmiş Andrey orduya geri qayıtmır və mülklərin idarə edilməsi və rus ordusunun vəziyyətinin yaxşılaşdırılması üçün qanun layihəsinin işlənməsi ilə məşğul olur. Həmin dövrdə Pyer yenidən Andreylə görüşür və ona yeni sual gətirir: Bu əxlaqsız dünyada Tanrı hardadır? Pyer panenteizm və ölümdən sonra olan həyat ilə maraqlanmağa başlayır.

Pyerin uzun müddət özündən uzaqlaşdırdığı arvadı Elen yenidən onu qəbul etməsi üçün xahiş edir və həmin dövrdən etibarən Peterburqun yüksək cəmiyyətində məşhur ev xanımlarından biri kimi tanınmağa başlayır.

Knyaz Andrey hazırladığı yeni hərbi qanunun qəbul edilməsi və birbaşa imperatora çatdırılması üçün cəhdlər edir. Həmin dövrdə Peterburqda olan gənc Nataşa Rostova ilk dəfə Peterburq zadəganlarının ballarından birinə qatılır və həmin məclisdə Knyaz Andreylə tanış olaraq onu özünə valeh edir. Knyaz Andrey Nataşa ilə görüşündən sonra yenidən sanki həyata qayıtdığını hiss edir və bir neçə ailəvi görüşdən sonra Nataşaya evlilik təklif edir. Lakin oğlunun Rostovlarla qohum olmasına qarşı çıxan qoca Knyaz Bolkonski toy mərasimi üçün bir il gözləməyi lazım bilir. Bu hadisədən sonra Knyaz Andrey Nataşanı tək qoyaraq yenidən orduya qayıdır. Bundan ciddi sarsıntı keçirən Nataşanın əhvalını düzəltmək üçün Knyaz Rostov onu və Sonyanı özü ilə götürərək Moskvaya gedir.

Nataşa Moskvada operaya gəlir və burada Elen və onun qardaşı Anatol ilə tanış olur. Həmin dövrdə Anatol yenicə polyak bir qadınla evlənmiş və onu Polşada qoyaraq Rusiyaya qaçmışdı. O, Nataşaya çox yaxın münasibət göstərir və onunla əlaqə yaratmağa çalışır. Elen və Anatol bunun üçün bir plan hazırlayırlar. Anatol Nataşanı öpür və ona sevgi məktubları yazaraq onunla birgə qaçmağı təklif edir. Uzun düşüncədən sonra, Nataşa Anatolu sevdiyi qərarına gəlir və Knyaz Andreyin bacısı Mariyaya məktub yazaraq nişanı pozduğunu bildirir. Son anda qaçmaq planından xəbər tutan Sonya, bu planın həyata keçməməsinə səbəb olur. Pyer ilk öncə Nataşanın davranışından qorxsa da, sonradan onun aşiq olduğunu anlayaraq bunu normal qəbul edir. 1811–1812–ci illər Böyük kometasını Moskva səmasında gördükdən sonra Pyer üçün yeni həyat başlayır.

Knyaz Andrey Nataşanın nişanı pozmasını soyuqqanlılıqla qarşılayır. O, Pyerə bildirir ki, gedərkən Nataşaya azad seçim etmək imkanı vermişdi. Lakin tezliklə Nataşanın tutduğu işdən çox peşman olduğunu və çox ağır xəstələndiyini eşidir.

Ailəsinin, xüsusilə Sonyanın dəstəyi və dini inanclarının vasitəsilə Nataşa həyatının çətin dövründən qurtulur. Həmin zaman artıq bütün Rusiya yaxınlaşan təhlükədən və Napoleon ilə olacaq müharibədən danışmağa başlamışdı. Pyer isə özünü Napoleonun Antixrist olmasına inandırır. Öz ərazisini fransızlardan qorumaq üçün kəndli ordusu yaratmaqla məşğul olan qoca knyaz Bolkonskinin vəziyyəti ağırlaşır və o dünyasını dəyişir. Rus ordusunun geri çəkilməsi fonunda Bolkonskilərə məxsus olan ərazinin fransızların əlinə keçmək ehtimalının yaşandığı günlərdə, kəndli üsyanı səbəbiylə ərazini tərk edə bilməyən xanım qız Mariya, təsadüfən həmin ərazidə olan Nikolay Rostov tərəfindən xilas edilir. Nikolay Mariyaya qarşı yaxınlıq hiss etsə də, tezliklə Sonyaya verdiyi sözü xatırlayır.

Müharibənin başladığı dövrdə çarın Moskvaya qədər getməsi bütün rus gənclərini vəcdə gətirir və hamı orduya yazılmağa çalışır. Belə bir vaxta gənc Petya Rostov da nəhayət ki, orduya yazılmaq üçün valideynlərinin razılığını ala bilir.

III cildin əsas qəhrəmanlarından biri isə fransız Napaleon Bonapartdır. Yazıçı bu cilddə imperatorun şəxsi keyfiyyətlərini, vərdişlərini detalları ilə təsvir edir, hətta onun tez-tez pişikotu iyləməsini göstərir. Eyni zamanda 400 000 nəfər şəxsi heyətə malik olan (onlardan yalnız 140 000 nəfəri fransızdillilər idi) Fransa ordusu və onun Smolenskə qədərki döyüş yolu, fransızların Rusiya ərazisinə soxulmaları, Smolenskin işğalı təsvir edilir.

Pyer Moskvanı tərk edərək Borodino döyüşünü izləmək üçün döyüş gedən əraziyə yollanır. Bir müddət müharibə şəraitində yaşadıqdan sonra Pyerdə ağır psixi sarsıntı əmələ gəlir. İnsanların bir-birini öldürməsi, ölümün bir addımlıqda olması onu dərin düşüncələrə qərq edir və bu vaxta kimi yaşamadığı yeni və çox qorxunc hisslər yaşamasına səbəb olur. Döyüş hər iki tərəfin çox böyük – orduların məhv olması səviyyəsində – itki verməsi ilə başa çatır. Napoleonun nəhəng ordusu qarşısında duruş gətirə bilməklə, böyük itkilər bahasına olsa da, ruslar üstünlük əldə edirlər. Lakin strateji səbəblər və ordunun ciddi itkiləri ilə əlaqədar olaraq, döyüşün sabahsı günü ruslar geri çəkilir və fransız ordusunun Moskvaya doğru yolunu açırlar. Döyüşdə əsərin iki əsas qəhrəmanı da ciddi yaralanır. Anatol Kuragin ayağını itirir, Andrey Bolkonski isə mərmi partlaması nəticəsinə ölümcül yaralanır. Onların hər ikisinin ölüm xəbəri yayılır, lakin ailələrinə heç bir rəsmi məlumat verilmir.

Fransız ordusu Moskva şəhərinə yaxınlaşan zaman şəhər əhalisi arasında çaxnaşmalar baş verir və moskvalılar şəhəri tərk edərək qaçmağa başlayırlar. Şəhəri tərk edərkən camaat evlərini yandırır. Bu isə şəhərdə böyük yanğının ortaya çıxmasına səbəb olur. Rostovlar şəhəri ən son tərk edən ailələrdən biri olur. Gedərkən özləriylə yalnız vacib əşyaları götürən ailə, yaralıların şəhərdən çıxarılmasına kömək edir. Yaralıların arasında knyaz Andrey Bolkonski də olur. Lakin Nataşanın bundan xəbəri olmur. Son günlərə kimi, plakatlar nəşr edib Moskvanın təhlükəsizliyinin təmin edildiyini bildirən knyaz Rastopçin son günlərdə şəhərdən əhalinin çıxarılmasına rəhbərlik edir.

Napaleonun ordusu Moskvanı fəth etdiyi zaman şəhəri tərk etməyən azsaylı ruslardan biri də Pyer idi. O, Moskvaya girmiş Napoleonu öldürmək qərarına gəlmişdi. Bunun üçün də o, əsl kimliyini gizlədərək dilənçi görkəmi alır. Daha sonra fransız əsgərlərindən birini xilas edən Pyer əsgərlər, eləcə də əsirlər arasında nüfuz qazanır. Burada o, əsirlərdən Platon Karatayevlə dostlaşır. Karatayevlə söhbətləri Pyerin mənəvi cəhətdən zənginləşməsinə və dünyaya baxışının dəyişməsinə səbəb olur. Fransız əsgərlərinin Moskvanı yağmalaması və silahsız ruslara əyləncə üçün atəş açmalarının şahidi olduqdan sonra, Pyer ordu ilə birgə hərəkətə məcbur edilir və həmin ərəfədə ağır Rusiya qışına tab gətirməyən fransız ordusu təcili surətdə geri çəkilərək Rusiyanı tərk etməyə çalışır. Bir müddət sonra, rus ordusu ilə kiçik toqquşma baş verir və Pyer azad edilir. Həmin toqquşmada Petya Rostov fransizlar tərəfindən öldürülür.

Bu arada, Napoleona qarşı döyüşdə ağır yaralanmış Andrey təsadüfən Rostovların evinə gətirilir. Ailə digər yaralılarla birgə onu da özləri ilə Moskvadan Yaroslavla aparır və onun qayğısına qalır. Nataşa tezliklə Andreyin onlarla olduğunu öyrənir, bir müddət sonra Marya Bolkonskaya da qardaşının yanına gəlir. Ölməmişdən əvvəl Andrey Nataşanı bağışlayır.

Romanın sonunda Elen Kuragin fransız əsgərlərinin birindən tutduğu xəstəlikdən dünyasını dəyişir. Pyer yenidən Nataşanı tapır, Nataşa ona Andreyin ölümündən, Pyer isə Karatayevin ölümündən danışır. Onlar hər ikisi qarşılıqlı sevgiyə sahib olduqlarını anlayırlar və evlənirlər.

Epiloqun birinci hissəsi 1813-cü ildə Nataşa və Pyerin toyunun təsviri ilə başlayır. Bu Rostovların ailəsində son zamanlar baş vermiş ən xoş hadisə olur. Bir müddət sonra knyaz Rostov ölür və istila olunmuş ölkədə dağılmış ailə iqtisadiyyatını bərpa etmək Nikolay Rostovun öhdəsinə düşür.

Belə bir vəziyyətdə ailənin maddi vəziyyətinin düzəldilməsi üçün Nikolayın zəngin ailədən olan qızla evlənməsi məsələsi yenidən gündəmə gəlir. Lakin belə bir addım atmaq istəməyən Nikolay, bir müddət sonra zəngin xanım olan Marya Bolkonskayanı sevir və onlar evlənirlər.

Bir müddət sonra Nikolay və Marya, knyajna Rostova və vaxtilə Nikolayın bütün həyatını birgə keçirməyə söz verdiyi Sonya ilə birgə Bolkonskilərin mülkünə köçürlər. Nikolay ailənin iqtisadi vəziyyətinin düzəldilməsinə çalışır. Onlar eyni zamanda knyaz Andreyin yetim qalmış övladı Nikolay Andreyeviç (Nikolenka) Bolkonskini də böyüdürlər. Bu uğurlu evliliklərdən sonra yeni cütlüklər – Pyer və Nataşa, Nikolay və Marya özlərini xoşbəxt hesab edirlər. 1820 -ci ildə Pyer və Nataşa Bolkonskilərin evinə qonaq gəlirlər.

“Hərb və Sülh” əsərinin Türk dilində EPUB formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçidlərdən yükləyə bilər.

Hər gün yeni bir kitab

Lev Nikolayeviç Tolstoy (rus. Лев Николаевич Толстой; 9 sentyabr, 1828 – 20 noyabr, 1910) — rus yazıçı, publisist və filosof. Yazdığı “Hərb və Sülh” və “Anna Karenina” əsərləri ilə dünya ədəbiyyatında roman janrının ən görkəmli nümunələrini yaratmışdır. XIX əsr rus cəmiyyətinin realistik mənzərəsini canlandıran bu iki əsər realist roman janrının yüksək zirvəsində qərar tutur. Tolstoy özünün əxlaqi-mənəvi əsərləri ilə – “Allahın səltənəti qəlbimizdədir” (rus. “Царство Божие внутри нас”) XX əsrin Mahatma Qandi və Martin Lüter Kinq kimi şəxsiyyətlərinə ciddi təsir göstərmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. Varlı bir ailənin övladı olaraq Yasnaya-Polyanada anadan olub. Çox kiçik yaşlarında əvvəl anasını, sonra atasını itirdi, qohumlarının himayəsinə keçdi. Uşaqlığından həqiqətləri incələməyə qarşı böyük bir marağı vardı. Təhsilini davam etdirmək üçün Moskvaya yollandı. Çalışqan, savadlı bir tələbə olaraq uğur və sevgi qazandı. Fransızcasını inkişaf etdirmiş, Volteri və J.J. Russonu oxumuş, bu iki yazardan güclü təsirlənmişdi. O, Yasnaya-Polyanaya geri döndü və yoxsul kəndlilər arasına qatıldı. Bu ərəfələrdədə yazdığı ilk əsəri “Uşaqlıq” adlanırdı. Bir müddət sonra orduya çağırıldı, Qafqaza yollandı. Qafqaz xalqlarının yoxsulluq içində yaşayışinı ilk realist hekayələrində qələmə aldı. 1854-cü ildə Krım müharibəsinə zabit olaraq qatıldı. Sonra əsgərliyi başa vurub Peterburqa getdi. Bir qisim əsərlərini olduqca sakit keçirdiyi o illərdə yazdı. Yenə də içində axdardığını tapmayan bir ruh çalxalanırdı. Qərbi Avropa ölkələrində uzun bir gəzintiyə çıxdı. Almaniya, Fransa, İsveçrəyə səyahət etdi. Məmləkətinə dönüşündə yenə Yasnaya-Polyanaya yerləşdi. Zadəganlıq titulundan, yüksək həyatdan sıxılırdı. Kəndində bir məktəb açdırdı. Bu məktəb maarifçilik və tədris baxımından yeni bir qurum idi. Rahatçılığa qovuşduğuna qənaət etdikdən sonra 1862-ci ildə evləndi. Tolstoy evləndiyində həyat yoldaşı Sofiya Bers 12 yaşında idi. Bu evlilik onun düzənli bir həyat həsrətinə son qoyacaqdı. Evləndikləri gün oxuması üçün həyat yoldaşına əvvəlki həyatı, özəlliklə də yanlarında çalışan qadın qullarla olan münasibətlərini anlatdığı gündəliklərini vermiş və əvvəlki həyatındakı etdiyi səhvləri öyrənməsini istəmişdi. Qadın hərisliyinə baxmayaraq, evlilikləri ömrünün sonuna kimi davam etdi. Bu evlilikdən 12 uşaqları oldu; bu uşaqlardan 3-ü öldü. Əsərlərindən ən qüvvətli olanı iki romanı “Hərb və Sülh” ilə “Anna Karenina”nı bu zamanlarda yazdı. Həyat yoldaşı əsərlərini yazmağında ən böyük köməkçisi idi. Hətta “Hərb və Sülh” əsərini 9 dəfə düzəliş edərək yazmışdır. Aradan bir müddət keçdikdən sonra yenidən, bu səfər əvvəlkilərdən daha şiddətli bir mənəvi sarsıntıya uğradı. Geniş xalq kütləsinin, özəliklə rus kəndlisinin yoxsul, pərişan vəziyyəti onu çox kədərləndirirdi. Bütün sərvətini kəndlilərə payladı, hər halıyla onlar kimi yaşamağa başladı. Kor-kobud geyinir, geydiyi hər geyimi özü tikirdi. Dəyişməyən tək tərəfi bezib usanmadan yazmasıydı. “Kreyser sonatası”, “Ağa və kölə”, “Qaranlıqların Gücü”, “İman nədir”, “İncilər”, “Kilsə və Dövlət”, “Etiraflarım” hamısı bu illərin məhsuludıur. Əsərlərində insanlığın cürbəcür məsələlərinə toxunan Tolstoyun dünya ölçüsündə bir sənət və fikir dəyəri vardır. Öz ölkəsinin ictimai-siyasi problemlərini, xalqının yaradılışını, yaşayışını həqiqətən böyük bir ustalıqla əks etdirməsidir. Realist ədəbiyyatın ən böyük təmsilçilərindən olduğu qədər, bir filosof, bir maarifçi olaraq da şöhrət qazanmışdı. Yuxarıda adıçəkilənlərdən savayı “Diriliş”, “Gəncliyim”, “Uşaqlıq”, “Hacı Murad”, “Ayaqlanış”, “Sergey ata”, “Tanrı Bizim İçimizdədir”, “Kazaklar”, “Təsadüf”, “İki Süvari” kimi əsərləri vardır. Dünyagörüşü və yaradıcılığında islam dini böyük yer tutur. 82 yaşında vəfat eden Tolstoy dəfələrlə böyük sıxıntılar yaşamışdır. Marksizmin təsirilə özündə yaratdığı mülkiyyət mövzusundakı radikal fikirləri səbəbindən bütün sərvətini kəndlilərə payladı, hər halıyla onlar kimi yaşamağa başladı. Buna görə ailəsiylə problemləri yarandı. Xiristian anarxiyasının inkişafına çalışdığı kitabı “Tanrının varlığı içimizdədir” kitabıyla yeni bir xiristianlıq cərəyanı yaratması pravoslav kilsəsi tərəfindən qovulmasına səbəb oldu. Tolstoy ömrünün son illərini büsbütün dərbədər bir şəkildə keçirdikdən sonra bir küskünlük nəticəsində evini buraxıb yollara düşdü. Astapovo dəmiryol stasiyasında ölü olaraq tapıldı. Ölümünə sətəlcəmin səbəb olduğu deyildi. Həyatı boyunca yaşayışın necə bir şey olduğunu anlamağa çalışdı. Əsərlərində bunu əskiksiz olaraq qələmə almağı hədəf seçmiş ən böyük rus yazarlarından biri olaraq ədəbiyyat və dünya tarixində özünəməxsus yer tutur.

Comments are closed, but trackbacks and pingbacks are open.