Press "Enter" to skip to content

Lisa nicat qızılbaşlar

– Kafkadan yazılarınız da var.

Lisa nicat qızılbaşlar

Növbəti qonağımız tanınmış filosof, tarixçi və ədəbiyyatçı yazar Əlisa Nicatdır. Əlisa Nicat əsərləri ilə böyük oxucu auditoriyası qazanıb. Onu çoxları tanıyır və əsərlərini oxuyub. Yaşadığı ömrü qələmə həsr edən bir alimdir. Qələmi, kitabı özünə ən yaxın dost seçən və bu yolda iri addımlarla irəliləyən insandır. Ömrü və yolu əsl müdriklik oldu. Kamillik axtarışına çıxaraq kamilləşdi. Öyrənərək öyrədən oldu. Sənəti üçün böyük əmək sərf etdi.

Əlisa Nicat 1936-cı il avqustun 10-da Lerik rayonunun Yuxarı Gədik kəndində doğulub. 1955-ci ildə Lənkəran şəhərinin 3 saylı orta məktəbini bitirərək, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin kitabxanaşünaslıq şöbəsinə daxil olub və 1963-cü ildə oranı bitirib. 1955-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində “Bircə söz” adlı ilk şeiri çap olunub. Dövrün yaratdığı əngəllər ucbatından 1959-cu ildə yazmağa başladığı “Qızılbaşlar” romanını yalnız 1983-cü ildə “Yazıçı” nəşriyyatında çap etdirə bilib.
1961-ci ildə “Gecəniz xeyrə qalsın, ulduzlar” adlı ilk hekayəsi, 1964-cü ildə ilk şeirlər kitabı olan “Yay axşamı”, 1970-ci ildə isə “Bir qız, üç çinar” adlı ilk hekayələr kitabı nəşr olunub. 1967-1969-cu illərdə Azərbaycan radiosunun “Gənclik” və “İncəsənət” redaksiyalarında, ardınca “Ekran” telefilm birliyində və 1973-1983-cü illərdə “Elm və həyat” jurnalında redaktor və şöbə müdiri vəzifəsində çalışıb.
1983-1990-cı illərdə Lənkəranda yaşayıb və bu dövrdə “Zərdüşt”, “Əsarət bayramı”, “Gərəksiz” povestlərini qələmə alıb, Plutarxın “Makedoniyalı İskəndər” (1982), Məhəmməd Tahirin “Şeyx Şamil” (1983) kitablarını tərcümə edib. 1987-ci ildə povest və hekayələrin toplandığı “Qəbilə başçısı” kitabı, 1990-cı ildə “Gəncəli müdrik” romanı çap edilib.
SSRİ-nin süqutundan və müstəqilliyin əldə edilməsindən sonra 1993-1994-cü illərdə “Turan” jurnalını nəşr etdirib. Müstəqillik dövründə “Nağıllara dönən tarix” (1993), “Ruhların söhbəti” (1994), “Dünya sərkərdələri” (1995), “Dünya filosofları” (1995), “Kədər şərabı” (1997), “Dünya tarixçiləri” (1998), “Yüz böyük Azərbaycanlı” (1999), “Karvan” (2000), “Tarixin qürubu” (2009) kitabları çap edilib. Eyni zamanda, bu dövr ərzində ölkənin tanınmış mətbu orqanlarında çalışıb. 1999-cu il aprelin 28-də AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun Elmi Şurasının qərarı ilə Əlisa Nicata səmərəli elmi və elmi-maarif fəaliyyətinə görə fəlsəfə elmləri üzrə fəxri doktor adı verilib. Qocaman fəlsəfə doktorunun bütün külliyyatı 50 cilddən ibarətdir. Bundan başqa, saysız tərcümələr, şeirlər, esselər, povestləri var.

Əlisa Nicatla görüşümüz “Kitabevim” mağazasında oldu. Görüş üçün çox tələsirdim. Əsərlərini maraqla oxuduğum insanı görmək həyəcansız keçə bilməzdi. “Kitabevim” mağazasına daxil olanda qarşımda stulda əyləşib kitab vərəqləyən qocaman insanı gördüm. Üzündə sevinc, xoşbəxtlik vardı. Sanki uzun illər sərf olunan əməyin bəhrəsinin sevincini yaşayırdı. Yaratdığı əsərlərlə yanaşı, yaşadığı mənalı ömürə də sevinirdi. Uca Allah hər kəsə belə ömür qismət etmir. Əlisa müəllimə yaxınlaşaraq salamlaşdım və stulların birində əyləşərək müsahibəmə başladım.

Modern.az Əlisa Nicatla müsahibəni təqdim edir:


– Əlisa müəllim, ilk olaraq yaradıcılığa necə gəlməyinizdən başlayaq.

– Mən orta məktəbdə əlifbanı öyrənən gündən oxumağa həvəs göstərmişəm. Kitablar mənə çox əziz olub. Yadımdadır, rəhmətlik atam mənə pul verən zaman kitab alardım. Pullarımı xərcləməzdim, yığaraq kitab alar və gecə-gündüz maraqla oxuyardım. Kitab oxumağımla heç ətrafımda olan insanlar belə maraqlanmırdı. Amma mən oxuyurdum. Kitab oxuyarkən rahatlıq tapırdım. Yaxşı yadımdadır, atam həmişə nağıllar danışardı, məndə həvəslə qulaq asardım. Elə olurdu ki, bu nağıllar bir neçə gün davam edirdi. Onları yadda saxlamaq belə olmurdu. Amma atam həmin nağılları iti hafizısinə həkk etmişdi. Anam bizə kitabları höccələyə-höccələyə oxuyardı. Elə olurdu anamdan əl çəkmirdim ki, mənə kitab oxu. Bax, beləcə, mən kitaba bağlandım. Düşünürəm ki, bu, genetik faktordan da asılıdır. Oxuduqca beynimdə biliklər zənginləşirdi və düşünməyə məcbur olurdum. Nəticədə yazmağa həvəsim artdı. Bu isə yaradıcılıqla nəticələndi. Hətta deyə bilərəm ki, ilk yazdığım şeirin adı “Armud ağacı” idi. “Ədəbiyyat” qəzetində çap olunan ilk şeirim “Bircə söz” idi. Bu şeir “Ədəbiyyat” qəzetində 1955-ci ildə çap olunub.

– Gənc vaxtlarınızdan həyat yolunuzu müəyyən edərkən özünüzü yaradıcılıqdamı gördünüz?

– Yazmaq və oxumaq mənim daxilimdən gələn bir tələbat və ilahi vergidir deyə düşünürəm. Bəli, özümü yaradıcılıqda gördüm. Buna həvəsim böyük idi və bu yolu seçdim. Bu gün isə bu yolu seçdiyim üçün peşman deyiləm. Əksinə, sevinirəm. Mən, hətta hərbi xidmətdə olmamışam. Çünki fiziki cəhətdən çox zəif idim. Ömrüm boyu heç bir təşkilat və partiyanın üzvü olmadım. Sizə deyə bilərəm ki, məni gənclik illərimdə tədbirlərə dəvət edirdilər, mən isə getmirdim. Hətta bir neçə dəfə kommist partiyasına üzv olmaq üçün mənə müraciət etdilər, amma qəbul etmədim. Yaradıcılığımı hər şeydən üstün tutdum. Sadəcə, yaradıcılığımla məşğul oldum. Bu yolla irəlilədim. Qələmə sarılaraq yazıb-yaratdım. Bu baxımından da özümü başqa sahədə görə bilmədim. Çünki həvəsim olmadı. Mən pul arxasınca yox, həvəsimin arxasınca getdim. Bu yolda öz heykəlimi özüm yaratdım. “Elm və Həyat” jurnalında, bir neçə radio və redaksiyalarda işlədim.


– Sizə ən böyük şöhrət qazandıran nə oldu?

– Əminliklə deyə bilərəm ki, köməyimə çatan və şöhrət qazandıran beynim oldu. Beynimin sayəsində bu günün Əlisa Nicatı oldum. Kitab və qələmin həyatımda oynadığı rolu danmıram. Gərək nəsə olsun ki, qələmə alıb, kitab çap edərsən. Beynim sayəsində çox uğurlara imza ataraq qalaq-qalaq əsərlər çap etdirdim. Bunu uca Allahın mənə bir hədiyyəsi və lütfü kimi qəbul edirəm. Beynimdə çoxlu fikirlər cəmləşdi və qələmə sarıldım. Bu zaman köməyimə fəlsəfə gəldi. Dünyada ondan gözəl sığınacaq, təsəlli verən nə var? Fəlsəfəyə böyük maraq göstərdim və bu sahədə çoxlu araşdırmalar apardım. Bir sözlə, həvəsim böyük oldu. Hətta elə olub ki, bir aylıq məvacibimi kitab çapına vermişəm. Bununla yanaşı, kitab çap etdirə bilmədiyim vaxtlar da olub. O günlər məni çox üzüb. Mən evimi belə kitab çap etdirmək üçün satdım. Sonradan bu kitablarım mənə qazanc gətirdi və özümə ev ala bildim. Bir sözlə, deyə bilərəm ki, əsas köməyimə beynim, qələmim və yazdığım kitablar gəldi.

– Əlisa müəllim, pedaqoji fəaliyyətlə niyə məşğul olmamısınız? Pedaqoji fəaliyyətlə məşğul olmamağı həyatınızda bir səhv kimi qəbul edirsiz?

– Bəlkə, hə, bəlkə də, yox. Sizə deyə bilərəm ki, millət vəkili Nizami Cəfərov məni tələbələrə mühazirə demək üşün bir neçə dəfə dəvət edib. Amma müəyyən səbəblərə görə qəbul edə bilmədim. Bəlkə də, getsəm yaxşı olardı. Düşünürəm ki, yazdığım əsərlər oxucu kütləsini tapıbsa, deməli, az da olsa, pedaqoji fəaliyyətim olub.

– Siz yaradıcılığınızda fəlsəfə, tarix, ədəbiyyat kimi elmlərə üz tutmusunuz. Bunlardan daha çox hansını sevirsinizz?

– Missiyam yazıçılıqdır. Ədəbiyyat, sonra fəlsəfə, tarix, musiqi. Musiqini çox sevirəm və bu sahədə araşdırmalarım olub. Fəlsəfəyə marağım daha çoxdur. Fəlsəfədə Nitşeni daha çox oxudum. Bəlkə, almanlar Nitşeni mənim qədər oxumayıblar. Azərbaycanda fəlsəfə adamları içərisində Mirzə Fətəli Axundova böyük maraq göstərirəm və ona dahi bir insan kimi hörmətim var. Ədəbiyyatda isə daha çox fransız yazıçısı Kafkanı oxuyuram. Tarixi mövzulara yaradıcılığımda ona görə müraciət etdim ki, dünya tarixi ərzində tariximizə, xalqımıza qarşı çox ədalətsizliklər olub. Bu ədalətsizliklər məni yazmağa vadar edib. Bununla yanaşı, türkçülük ənənələrinə olan bağlılıq məni yazmağa sövq edirdi. Elə bunlara görə tarixi mövzularda mənim bir neçə kitablarım işıq üzü gördü. Hətta deyə bilərəm ki, Herodotdan üzü bəri türkçülüyə aid bütün kitabları oxudum. Midiyalıların qədim türk tayfaları olması haqqında da kitab çap etdirdim. Rus tarixçiləri Bartold, Struve və başqa tarixçilər türklərin mövqeyini azaltmaq və onları Avropaya gəlmə olduqlarını qeyd etmək üçün midiyalıların fars olduqlarını yazırlar. Mən isə elmi faktlarla buna qarşı çıxaraq onların türk olmasını və əcdadlarımız olduğunu qeyd edirəm. Tarixin atası Heradot “Tarix” əsərində yazır: “Midiyalılar çörəyə “ipək” deyirdilər ki, bu da dilimizdəki “əpək” sözüdür, həyat yoldaşına “erpad”, “arpad” deyirdilər ki, bu da dilimizdəki “arvad” sözünün özüdür. Belə faktlar çox göstərə bilərəm.

– Bəs tarixi romanlar yazmağa sizi sövq edən nə olub?

– Öncə deyim ki, biz sovetlərin tərkibində olmuşuq deyə, xalqımıza qarşı ədalətsizlik çox olub. Müasir dövrdə isə gənclərimizin bir çoxunun milli dəyərlərə olan biganəliyi məni çox narahat edir. Tarixi romanları yazmaqla kommunizmdən, ifrat müasirlikdən qaçmağa çalışdım və etirazımı romanlarımla çatdırdım.

– Oxucuya sizi sevdirən nədir? Heç bu haqda düşünmüsünüz?

-Düzü, bəli, düşünmüşəm. Düşünürəm ki, məni oxucuya sevdirən həqiqətdir. Həqiqətlərim isə sütunsuz deyil.

– Əsərlərinizi necə yazırsınız?

– Öncə deyim ki, səs-küyü sevmirəm. Mənim üçün sakitlik əsas şərtdir. Yaradıcılığımı sakit bir otaqda aparıram. Sizə deyə bilərəm ki, Bakıda maşınların səs-küyündən yaza bilmədiyim üçün evimi satıb Masazırda ev aldım. Sakitliyi yaradıcılıq üçün əsas mənbə hesab edirəm. Səs-küy ən dəşətli şeydir.

– Ən çox sevdiyiniz əsər hansıdır və sizə hansı şöhrət qazandırıb?

– Düşünürəm ki, yazıçı üçün bu ən çətin sualdır. Amma yazıçı özünün əsərlərinin həm də oxucusu olduğu üçün bu seçimi edə bilər. “Artakserks və Midiya türkləri”, “Bülbül və gül” əsərlərimi çox sevirəm və mənə şöhrət qazandıran “Qızılbaşlar” tarixi romanıdır.

– Oxuculara nə arzu edirsiz?

– Oxucuya oxumaq arzu edirəm.

– Sonda gələcək planlarınızdan danışardınız.

-Hal-hazırda külliyyatım üzərində işləyirəm.

Söhbətləşdi: Mahmud Əyyub

Lisa nicat qızılbaşlar

Ovqat.com Kulis.az-ın tanınmış yazıçı Əlisa Nicatla müsahibəni oxucularına təqdim edir.

– Əlisa müəllim, 55 cildliyiniz çıxır. Sizcə çox deyil bu? Seçəsi olsaq, 55 cildin neçə cildi gələcək nəsillərə qalar?

– Onu gərək oxucular desin də (gülür). Əgər bircildlik hazırlasaydım, ora “Artakserks”i, “Qızılbaşlar”ı, “Gəncəli müdrik”i salardım.

– Sizcə ən yaxşı romanınız hansıdır?

– Mənim üçün “Artakserks” yaxşıdır, xalq üçün “Qızılbaşlar”.

– Fəxri adınız yoxdur, mətbuatda da az-az görünürsüz. Sizə qarşı bu laqeydliyin səbəbi nədir?

– Bəziləri üçün mən “bizim adam” deyiləm, ona görədir. Mənə görə yazıçı əlahiddə şəxsiyyətdir. O, heç kəsdən asılı olmamalıdır. Baxmayaraq ki, Höte Veymar Respublikasında nazir idi, amma o da özünü əlahiddə şəxsiyyət kimi aparırdı. Bəziləri kimi mədhiyyəçiliklə məşğul deyildi. Homerdən bəri dünyanın heç bir böyük yazıçısı mədhiyyəçilik eləməyib. Mən də heç vaxt mədhiyyəçilik etməmişəm.

– Heç sovet dövründə Leninə şeir yazmamısız?

– Onu deyirəm də. Cavan vaxtlarım idi, “Kommunist” qəzetinə təzə gəlmişdim, onda bir şeiri Leninə yazdım, o birini “28 Aprel”ə, üçüncünü də “26-lar”a. Sonra birdən bu rejimin mahiyyətini anladım və o vaxtdan, təxminən altmış ildir ki, nəinki o rejimi mədh eləməmişəm, heç adını da çəkməmişəm.

– Xalq necə, qiymətinizi veribmi?

– Sovet dövründə yaxşı qiymət verirdilər, kitablar oxunurdu. Təsəvvür elə “Qızılbaşlar” romanım üç dəfə çıxdı, özü də hərəsi 30 min, 40 min tirajla. Bununla belə mağazalarda tapılmırdı, hamısı satılırdı.

– Yaxşı qonorar verərdilər.

– Yox, bizə vermirdilər. Mirzə İbrahimova bir çap vərəqinə görə 6 min verirdilər, bizə isə min beş yüz.

– Hər halda o dövr üçün pis deyildi. “Qızılbaşlar”ı neçə ilə yazmışdınız?

– Pis deyildi. Onu 1959-cu ildə, 23 yaşımda yazmışam.

– Romanı yazmamışdan qabaq yəqin çoxlu araşdırma aparmısınız.

– Arxivdə, kitabxanalarda o qədər məlumat köçürmüşdüm ki, yazmaqdan barmağım yeyilmişdi.

– Heç o vaxta qədər məlum olmayan faktlarla qarşılaşmışdınız?

– Bəli, mən çoxlu faktlar tapmışdım. Onların bəzilərini romana saldım. Sultan Səlimin hakimiyyətə gəlməyini yazmışdım. Şah İsmayılın Şeybani xanla vuruşmağı ilə bağlı bəzi faktları tapmışdım, ancaq yazmadım.

– Hansı fakt?

– Şeybani xan böyük sərkərdə idi. Hətta İslam tarixini yazan Avqust Müller deyir ki, Şeybani Xan Şah İsmayıldan daha böyük sərkərdə idi. Amma Şah İsmayıl hiyləgərliyi ilə onu geridə qoyurdu. Şeybani xan öldürüləndən sonra Şah İsmayıl əmr edir ki, meyitini tapıb gətirsinlər. Sonra deyir ki, məni istəyən bunun ətindən bir tikə yesin. Ətrafındakılar da töklüşüb hərəsi ondan bir tikə yeyir. Mən bunları romana salmadım.

– Qəribədi.

– Sən buna heyrət eləmə. O dövr üçün adi hal idi. Bilmək olmaz Şah İsmayıl Şeybani xanın əlinə keçsəydi o, nə edərdi.

– “Qızılbaşlar”ı təzədən işləsəniz, bu faktı yazarsınız?

– Yox. Heç təzədən işləmərəm də. Özü də Şah İsmayıl daha gözümdən düşüb. O, gərək belə etməyəydi.

– Necə etməyəydi?

– O boyda İranı, İraqı Səfəvilərə qatmaq nəyə lazım idi? Azərbaycanın torpaqlarını birləşdirmişdi, vəssalam, bununla da yekunlaşmalı idi. Azərbaycanı 1501-ci ildə vahid dövlətə çevirəndən sonra daha ayrı torpaq tutmamalı idi.

– Onda Çaldıran döyüşü də olmazdı.

– Çaldıran döyüşünü o eləmədi, Sultan Səlimə dörd dəfə məktub yazdı ki, qardaş olaq. Sultan Səlim qəbul eləmədi. Şah İsmayıl Azərbaycanın varlığının ən böyük ifadəçilərindəndir, mən bunu danmıram.

– “Yüz böyük azərbaycanlı” kitabınızda Şah İsmayıl neçənci yerdə idi?

– İkinci, ya üçüncü yerdə idi.

– Birinci kim idi?

– Üzeyir Hacıbəyov, ondan başqa kim ola bilər?

– Hansısa kitabınızda da Üzeyir bəyi Məhəmməd peyğəmbərdən əvvələ salmışdınız.

– “Dünyanın böyük dahiləri” adlı kitab yazırdım, onunu yazdım, sonra saxladım. Orda Üzeyir bəyi Məhəmməd peyğəmbərdən qabaq vermişdim. Məhəmməd peyğəmbər ərəblər üçün əvəzsizdir, lap dünya üçün də. Amma bu ərəblər üçündür, bizim üçün Üzeyir Hacıbəyovdan qabaqda ola bilməz. Üzeyir bəyin bizim xalqa verdiyi xeyri Məhəmməd peyğəmbər verməyib. Onun əsəri Qurandır, o da ərəblər üçün yazılıb. Bizə aid deyil. İslam Azərbaycanı məhv elədi.

– Əlisa müəllim, Allaha inanırsınız?

– Hə, inanıram. Bir dostumla tez-tez mübahisə edirik. Deyir Məhəmməd Meracda gedib, Allahı görüb, İsa peyğəmbər Allahı görüb. Deyirəm, insan Allahı görə bilməz. Mümkün deyil. İnsan beyni onu görməyə dözə bilməz. O dəqiqə başı xarab olar. Ümumiyyətlə, insan ora gedə bilər?

– Deyirsiniz, Merac hadisəsi olmayıb?

– Əlbəttə, olmayıb, nağıldır.

– Yazıçılar Birliyi ilə münasibətiniz necədi?

– Münasibətim yoxdu. Orda işləyənlərlə mən başqa-başqa adamlarıq.

– Üzvüsünüz?

– Hə, 70-ci ildən üzvüyəm.

– Gedib-gəlirsiniz?

– 90-cı illərdən bu yana gedib-gəlmirəm.

– Anarla münasibətiniz yoxdu, ona görə getmirsiniz?

– Anar o vaxt irad bildirki ki, Əlisa Nicat “Yüz böyük azərbaycanlı” kitabına niyə mənim atamı salmayıb?

– Siz qəsdən Rəsul Rzanı ora salmamışdınız?

– Yox e, yox. Elə düşünmüşdüm ki, Rəsul Rza ora üçün deyil.

– İndi də elə düşünürsünüz?

– İndi də. Səməd Vurğunu da çıxararam. Ora Azərbaycan üçün canını qurban verənləri, böyük mədəniyyət adamlarımızı, Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda canını qoyanları daxil edərəm. Səməd Vurğunu ora necə daxil edim ki, “Stalin demişdir, Stalin deyir, Stalin eşqi ilə nə qədər sağam, Stalin eşqi ilə yaradacağam”ı yazan adamdı. Rəsul Rza da deyir ki, böyük xilaskarımız rus xalqına eşq olsun. Rus xalqının nəyinə eşq olsun ki, gəlib zəlil edib Azərbaycanı. Belə şeylərə görə Anar məndən incidi.

– Əlisa müəllim, Yazıçılar Birliyinin binasında yerləşən “26-lar” kafesi ilə bağlı baş verənlərdən xəbəriniz oldumu?

– Yox. Nə məsələdir ki?

Hadisəni ona danışıram.

Belə məsələlər mənim üçün çox kiçikdir. Mən bilirsən nə fikirləşirəm? Andrameda qalaktikası bizim qalaktikaya tərəf gəlir. Bir milyard ildən sonra onlar toqquşacaq. Mən oturub onun dərdini çəkirəm, fikrini edirəm ki.

– Bir milyard il sonranın dərdini çəkirsiniz, dünən olan hadisədən xəbəriniz yoxdur.

– Belə xırda şeylər məni narahat etmir (gülür).

– Gündəlik nə iş görürsünüz?

– Gündəlik evdə həyət-baca ilə məşğul oluram. Masazırda yaşayıram da. Həyət evidi, ağaclarım var, onlara qulluq edirəm. Sonra oturub külliyyatın cildlərini hazırlayıram. Bir də ki, “Müdriklər məbədi” kitabımın təzə nəşrini işləyirəm. Bu dəfə necə olacaq, bir Allah bilir, irihəcmli bir kitab düşünürəm. Aristotelin “Metafizika”sından necə gözəl fəsillər salmışam ora.

– Bəs tərcümə ilə məşğul olmursunuz?

– Məşğulam, Konfutsidən tərcümələr edirəm. “Müdriklər məbədi”nə də salmışam. Mənim saysız tərcümələrim var, Nitşeni eləmişəm, Kamyunu eləmişəm, Platonu eləmişəm. Eh. Mən nəhəngləri tərcümə etmişəm (gülür). Hüseynbala Mirələmovla “Yüz böyük yəhudi” adlı kitab tərcümə etmişik.

– Amma cavan vaxtı yəhudilərlə aranız yox imiş. Bir yəhudi bukinist maşınla sizi vurmaq istəyirmiş.

– Hə. “Nizami” kinoteatrının böyründə bir yəhudinin bukinist mağazası vardı. Yəhudiləri, erməniləri ora buraxırdı, məni buraxmırdı. Azərbaycanlılardan kimdi ora gedən, bir mən idim, məni də buraxmırdı. Mən də acığa düşüb yuxarılara şikayət elədim, yəhudiyə dov gəldilər, az qala işdən qovurdular. Bir dəfə yanımdan keçəndə az qaldı məni vursun, qorxutdu məni. Keçəndən sonra siqnal da verdi ki, bax ha, səni öldürərəm. Açığı çox qorxdum. Yaxşı ki, bir müddət sonra onu çıxardılar.

– Deyilənə görə o vaxt Nitşenin, Kafkanın kitablarını tapmaq çətin imiş. Ancaq bukinistlərdə tək-tük kitabları olurmuş.

– Kafka yox, Kafka heç çap olunmurdu. Ancaq Nitşenin inqilabdan qabaqkı oncildlik nəşrini əldə edən yeganə adam idim. Nə Axundov kitabxanası, Nə Lenin kitabxanası, heç yerdə o nəşr yox idi.

– Şəxsi kolleksiyalarda da yox idi?

– Nə danışırsan? Ən böyük kitabxana məndə idi. Üç dəfə kitabxanamı satmışam.

– Niyə?

– Ağır günlər idi, ehtiyacdan satmışam.

– Nitşenin kitablarını da satmısınız?

– Yox. Nitşeni, Şopenhaueri saxlamışam. Qaymaqlara dəyməmişəm (gülür).

– Heç olmaya kitabxananızı satıb dolana bilmisiniz?

– Rus dilində türkologiyaya aid çox gözəl kitablarım vardı. Nadir kitablar idi, sovet vaxtı o kitabları güclə tapmışdım. Özü də o kitablar türklərin xeyrinə yazılmışdı. Onların birini on manatdan satdım, min manat pul elədi. Onun səkkiz yüz manatını verib evə xalça almışdım, rayona köçəndə kasıbçılıq oldu, onu da satdım.

– Söhbətlərinizi dinləyəndə adama elə gəlir ki, heç vaxt ailəniz olmayıb, ömrünüzü kitaba sərf etmisiniz.

– Niyə, bir oğlum, bir də nəvəm var. Ancaq kitablar mənim üçün həmişə öndə gəlib. Məsələn, “Elm və həyat”da işləyəndə bir aylıq maaşım 150 manat təşkil edirdi. Onun hamısını Nitşenin kitablarına vermişdim. Bəzən məhrumiyyətlər olurdu, ancaq ailəm heç vaxt bundan şikayətlənməyib. Doxsanıncı illərdə lap çətin yaşayırdıq. Novruz bayramı olurdu, bayram axşamı bir cücə kəsməyə də imkanımız olmurdu. Təsəvvür elə kitablarımı nəşr etməyə pulum yox idi, ona görə birotaqlı evimi satıb “Dünya filosofları” kitabımı çap elədim.

– Niyə belə fədakarlıq eləyirdiniz?

– Dözə bilmirdim axı. Kitabı yazıb bitirmisənsə onu çap etmək lazımdır. Həyatımın məqsədi budur də.

– Heç olmaya “Dünya filosofları”nın satışından qazancınız oldu?

– Qazanc gətirdi də mənə. Min dənə çap eləmişdim. Dost-tanış da sağ olsunlar, bir hissəsini onlar aldılar. O kitabın pulu ilə oğlumu evləndirdim. Yaşayışımız da düzəldi. O kitab mənə kömək elədi.

– Kamyunu sizdən qabaq çevirən olmuşdu?

– Yox, onu ilk dəfə mən çevirmişəm. Kamyu nədi, Avropanın modern ədəbiyyatının nümayəndələri ki, vardı, onların adını çəkmək qadağan idi. Ümumiyyətlə, Qərbdəki modern ədəbiyyatı mən çevirmişəm. Bunlarla yanaşı Platonu da, Epikürü də birinci mən tərcümə eləmişəm.

– Əlisa müəllim, Kobo Abe ilə görüşmüsüz.

– Hə. 65-ci ildə Bakıda Asiya və Afrika xalqları ilə Sovet Həmrəylik Komitəsinin konfransı keçirilirdi. Bütün dünyadan yazıçılar gəlmişdi. Onların içində Əziz Nesin də vardı, bizi güldürürdü, ələ salırdı ki, guya bununla Vyetnam müharibəsinə təsir göstərəcəyik. Kobo Abe ilə də orda tanış oldum. Tərcüməçi vasitəsi ilə olsa da maraqlı söhbətlər edirdik.

– O görüşə qədər Kobo Abeni oxumuşdunuz?

– Bəs nədi! Hələ oxuduğum kitabı ona göstərdim, mənə avtoqraf da yazdı: “Əlisa Nicata böyük rəğbətlə.” Ona belə bir sual vermişdim: “Lirik-fəlsəfi romanlar xoşunuza gəlir, ya siyasi-fəlsəfi romanlar?” O da gülüb dedi ki, hər ikisi.

Bizim dekan vardı, Yusif Şirvan. Yaxşı adam idi, ancaq KQB-nin adamı idi də. Gördü ki, mən xarici yazıçılarla çox söhbət edirəm, mənə xəbər göndərdi ki, onlarla az yaxınlıq eləsin.

– Sovet vaxtı xarici səfərlərdə olmusunuz?

– Yox, mən xaricə gedə bilmirdim. Məni izləyirdilər. Qorxurdum. Türkçülüyümü açıq-açığına bildirdiyim üçün məni nəzarətə götürmüşdülər. Hər yerdə KQB-çilər qabağıma çıxırdı. Məni şantaj eləməyə çalışırdılar. Hətta bir dəfə mənə dedilər ki, Türkiyədən bir nəfər gəlib səni görmək istəyir, dedim rədd edin o yana. Qurama olduğunu bilirdim, məndən söz almaq istəyirdilər. Dissident idim də.

– Əlisa müəllim, 90-cı illərdə rayona köçməyinizin səbəbi nə idi? Bakıda iş yox idi, yoxsa başqa səbəb vardı?

– Bakıdan bezmişdim. Nitşenin bir sözü var: “Mən bilirəm, o böyük şəhərdə bazar milçəkləri sənin bədənini o qədər sancıb ki, bütün yaradır, çıx get, harda sərin küləklər, təmiz hava var orda yaşa.” Mən də bu fikirləri oxuyandan sonra dedim Nitşe bunu mənə yazıb, bundan sonra da getdim rayona. Ümumiyyətlə, mənə iki adam təsir edib: Nitşe və Kafka.

– Kafkadan yazılarınız da var.

– Kafka haqqında otuzdan çox yazı yazmışam. O yazılar Avropada çıxsaydı nə qədər mükafat alardı. Azərbaycana Kafkanı mən gətirmişəm. O vaxt Kafka qəbul edilmirdi, bunlar Kafkanı iyirmi-otuz il söydülər. Onun haqqında dəli, xəstə deyirdilər. Axırı 1964-cü ildə Kafkanın kitabı çıxdı. Mən gedib o kitabdan bir dənə aldım. Sonra fikirləşdim ki, bir dənə az olacaq, kimsə məndən oğurlayar. Gedib birini də aldım. Kafkanı oxuyub gördüm deyilənlərdən daha artıqdır. Dövlətlər həmişə kimi istəyir məhv edirlər.

– Özünüzü Qreqor Zamzaya bənzədirdiniz?

– Zamza yox, “Məhkəmə”də mühakimə olunan Jozef K.-nın yerinə qoyurdum. Mən möcüzə nəticəsində sağ qalmışam, həyatımı məhv etmək istəyirdilər, KQB-nin əlindən xilas oldum. Ona görə kitablarım çıxandan sonra onlara baxıb öz-özümə dedim ki, Əlisa Nicat, sən SSRİ-yə qalib gəldin.

Ana səhifəyə qayıt Baxış: 1 827 Tarix: 10-10-2017, 09:22

Əlisa Nicat

Əlisa Qulam oğlu Hüseynov Azərbaycanda yazıçı, şair, filosof, pritça ustadı, tərcüməçi, tarixçi, yüksək intellektual biliyə malik dahi kimi tanınır. Lerik rayonunun Zuvand mahalının Yuxarı Gədik kəndində 1936-cı il avqustun 10-da doğulub.

Təhsili:
1955-ci ildə Lənkəran şəhərinin 3 saylı orta məktəbini bitirir. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaşünaslıq şöbəsinə daxil olur, 1963-cü ildə oranı tamamlayır.

1999-cu il aprelin 28-də AMEA-nın Bəhmənyar adına Fəlsəfə və Hüquq institutunun elmi şurasının qərarı ilə Əlisa Nicata səmərəli elmi və elmi-maarif fəaliyyətinə görə Fəlsəfə elmləri üzrə Fəxri Doktor adı verilir.

Yaradıcılığı:
1955-ci ildə “Ədəbiyyat və incəsənət” jurnalında Əlisa Nicatın “Bircə söz” adlı ilk şeiri çap olunur. 1959-cu ildə yazmağa başladığı “Qızılbaşlar” romanını dövrün yaratdığı əngəllər ucbatından yalnız 1983-cü ildə “Yazıçı” nəşriyyatında çap etdirə bilir. 1961-ci ildə yazıçının “Gecəniz xeyrə qalsın, ulduzlar” adlı ilk hekayəsi, 1964-də ilk şeirlər kitabı olan “Yay axşamı”, 1970-ci ildə isə “Bir qız, üç çinar” adlı ilk hekayələr kitabı nəşr edilir.
1967-69-cu illərdə Əlisa Nicat Azərbaycan radiosunun “Gənclik” və “İncəsənət” redaksiyalarında, ardınca “Ekran” telefilm birliyində fəaliyyət göstərir. 1973-83-cü illərdə “Elm və həyat” jurnalında redaktor və şöbə müdiri vəzifəsində çalışır. 1983-90-cı illərdə Lənkəranda yaşayan Əlisa Nicat bu dövrdə “Zərdüşt”, “Əsarət bayramı”, “Gərəksiz” povestlərini qələmə alır, Plutarxın “Makedoniyalı İskəndər” (1982), Məhəmməd Tahirin “Şeyx Şamil” (1983) kitablarını tərcümə edir. 1987-ci ildə povest və hekayələrin toplandığı “Qəbilə başçısı” kitabı, 1990-cı ildə “Gəncəli müdrik” romanı çap edilir. SSRİ-nin süqutundan və bağımsızlığın əldə edilməsindən sonra Əlisa Nicat 1993-94-cü illərdə “Turan” jurnalını nəşr etdirir.
Sonralar isə aktiv şəkildə yaradıcığına davam edir və dalbadal kitablar nəşr etdirir və ölkənin tanınmış mətbu orqanlarında çalışır.Müstəqillik dövründən sonra Əlisa Nicatın kitabları çap edilir.

Əsərləri:

Qocaman fəlsəfə doktorunun bütün külliyyatı 30 cilddən ibarətdir və indiyə qədər 5 cild işıq üzü görüb.

  • “Nağıllara dönən tarix” (1993),
  • “Ruhların söhbəti” (1994),
  • “Dünya sərkərdələri” (1995),
  • “Dünya filosofları” (1996),
  • “Kədər şərabı” (1997),
  • “Dünya tarixçiləri” (1998),
  • “Yüz böyük Azərbaycanlı” (1999),
  • “Karvan” (2000),
  • “Tarixin qürubu” (2009)
  • “Sasanilərin sonu”,
  • “Ehramlar”,
  • “Sarsılmaz Mir Cəfər”,
  • “Mələklər və İblislər”,
  • “Rza xan”,
  • “Qızılbaşlar”,
  • “Fenomen”,
  • “Satrap və demokrat”,
  • “Artakserks və Midya türkləri”
  • «Əsrin mənzərəsi»,
  • «Gilan», «Şirvan»,
  • «Təbriz»,
  • «Çaldıran»
  • «100 böyük azərbaycanlı»
  • «Sirli xəzinə»

Saysız tərcümələr, şeirlər, esselər, povestlər və s.

Əlisa Nicat ilə müsahibə

– Əlisa müəllim, gəncliyiniz Sovet dönəmində keçib, Sovet gənci hansı kitabları oxuyurdu?
-Hökumət məktəblərində təbliğ olunan ədəbiyyat klassik ədəbiyyat idi. Onları əldə etmək də, təbliğ eləmək də mümkün idi. Amma əsl ədəbiyyat, əsl həyat tərcümə olunmurdu, heç onların adları çəkilmirdi. Bir dəfə bir dostum fransız mütəfəkkiri Qobinonun Azərbaycanın işğalından bəhs edən “Şamaxı rəqqasəsi” əsəri haqqında danışarkən akademik Sumbatzadə qayıdıb demişdi ki: Olmaz!
Geniş tənqid etmək də qadağan idi. Kafka 1924-də ölüb, amma o, SSRİ-də 60-cı illərə qədər qadağan idi. Rusiya gördü ki, qadağan etmək daha dünyadan ayıbdır, başladılar tənqid eləməyə. Yazdılar ki, Kafka xəstədir, əsərləri cəfəngiyyatdır. Amma mahiyyətinə getmirdilər ki, bu cəfəngiyyat nədir axı? Yalnız bir şey bilirdilər: Olmaz. Çünki oxuyanlar biləcəkdilər ki, bu cəfəngiyyat deyil. Axırı gördülər ki, cidanı çuvalda gizlətmək olmaz, xaricdə bunların tənqidinə gülürlər, məcbur qaldılar 1964, ya da 1968-də Kafkanın bir cildliyini nəşr elədilər.
O gənclərə ki, əsl ədəbiyyat lazım idi, onu axtarıb əldə edirdilər. Təbii ki, bazarda işləyən gənc üçün nə Kafkanın, nə də Tolstoyun heç bir əhəmiyyəti yox idi.

-Kafka sizə nə vəd elədi ki?
Kafkanın çapından sonra mənim bayramım gəldi. Çünki mənim kimi həmin yazarları bilən yox idi. O vaxtı yapon yazıçısı Kobe Abe gəlmişdi. Mən onun əsəri oxumuşdum, tanıyırdım. Onunla görüşəndə heyran qaldı ki, əsərləri haqqında necə yaxşı bilirəm. Mən hansı rus jurnalında xarici yazıçı tənqid olunurdusa, gedib onun əsərini axtarıb tapırdım. Kobenin o qədər xoşuna gəldim ki, mənə öz romanının verdi və üzərinə yazdı: “Əziz Əlisa Nicata ürəkdən gələn rəğbətlə”.
Özünə gələcəyi seçən, gələcəkdə öz xalqının tarixində qalmaq istəyən, ədəbiyyat, tarix, fəlsəfə sahəsində iz buraxmaq istəyən, bu mövzularda əsərlər yazmaq istəyən eşqi ilə dəli kimi yaşayan mənim üçün kitabdan dünyada qiymətli bir şey yoxdur, ağlasığmazdır. Dünya qədər sevdiyi qız da gözləsə. Məsələn, mənə desəydilər ki, Kafkanın filan əsəri təzə çıxıb satılır, tez qızı birtəhər dilə tutub gedib o kitabı alardım.

– Nitşe Kafkadan daha üstün insan deyilmi? Nitşe bəşəriyyətə nə buyura bildi?
– Nitşenin birinci cildi heç yanda olmayanda, bir yəhudidən almışdım, həmin sevinc hələ də yadımdadır. Yəhudi köçüb gedirdi, zəng vurdu ki, Əlisa, gəl kitabı satıram. Getdim 150 manata aldım. Çiskinli hava idi, kitabı bağrıma basmışdım, uça-uça gedirdim. Şəxsiyyət olmaq istəyən bir cavan üçün kitabdan qiymətli bir şey olmamalıdır. Mən heç bir obraz kimi həyatımı qurmaq istəməmişəm. Mənim beynimdə təyinatım Əlisa Nicat olmaq idi. Nəyə gedirəm, nəyə can atıram o cür fikirləşmişəm. Mənim üçün əvvəl Nitşedir, sonra Kafka. Çünki əvvəl Nitşeni tanımışdım. Amma onlar kimi yazmaq, onlar kimi olmaq istəməmişəm. Düzdür, mənim üçün Şərqin Kafkası yazılıb. Amma mən Şərqin Kafkası olmaq istəməzdim. Şərqin elə Əlisa Nicatı olmaq istəyərdim. Yəni öz dünyagörüşümlə öz sərvətimi yaratmaq istəmişəm və nəyə nail olmuşam onu oxucularım bilir.

– Kafkanın Milenaya məktubları var, sizin necə gəncliyinizdə əsər həsr edəcəyiniz milenalar oldumu?
– Gecə onu fikirləşdim ki, Allah elə bil ki, həqiqətən sevgidə xoşbəxtlik görən insan üçün düşmən kəsilib, qətiyyən qoymur ki heç birinə nail olsun. İspan yazıçısı Unamunonun “Duman” adlı bir əsəri var. Zəngin, varlı bir oğlan dəhşətli dərəcədə bir qızı sevir. Qız isə bunun başına elə oyunlar açır ki. Qız bir “julik”i seçir, amma həmin oğlan kimi ləyaqətli birinə yox deyir. Hətta həmin oğlanın iti də ölür, amma o qıza təsir etmir. Qadınlar belədir.

– Sovet dönəmində Azərbaycana tanınmış yazıçılardan kimlər gəlirdi?
Mən Sovet dövründə kimi söyürdülər, gedib onların əsərlərini tapırdım. Dünya ədəbiyyatını bilirdim, ölkədə kim necədir onu da. Kobo Abe gələndə heç kim əhəmiyyət verməmişdi. Bilmirdilər axı. Eltenberqer Almaniyadan gəlmişdi. O dəqiqə görüşdüm, cavan oğlan idi, xoşu gəldi məndən. Almanca kitabını da göndərdi mənə. Dedi hətta səni dəvət edəcəyəm. Dünya ədəbiyyatını uşaqlıqdan bilirdim, Lənkəranda kitabxanada oxumadığım kitab qalmamışdı. Atam mənə beş manat çay pulu verirdi, uşaqlarla yığışıb çay içərdik. Hesabı başqası verərdi, mən isə o pula gedib kitab alardım. Klassik ədəbiyyatı mənimsəmişdim, Sovetdən kənarda kimlər var idi, onları da əzbər bilirdim. Ona görə Mövlud Süleymanlı deyirdi ki, “Sən danışanda ağzına baxırdıq ki, bu yenə də nə danışacaq”.
Bir dəfə gördüm ki, alman mütəfəkkiri və şairi Rilkenin rus dilində şeirləri çap olunub. Kim idi onu tanıyan? Ələkbər Salahzadə və İsa İsmayılzadə ilə rastlaşdım, dedim Rilkenin 30 qəpiyə balaca kitabı satılır. Mənə baxıb güldülər ki, Rilke kimdir?
Məndən ayrılandan sonra Anara rast gəliblər. Anar soruşub ki nəyə gülürsünüz, deyiblər ki, Əlisa bir Rilke tapıb, bizə deyir ki, gedin onun kitabını alın. Anar təəccüblənərək soruşub ki, Rilke çıxıb, almayıbsınız? İkisi də quruyub qalıb, çünki Anar bilirdi. Geri qayıdıblar, amma kitab nə gəzir. Çünki Sovet mağazalarına belə kitablar az gələrdi, iki-üç ədəd.

Məsələn mən o vaxtı bütün Moskvanın tematik planlarını alırdım. Yəni Moskva nəşriyyatları nə çap edəcəklərsə, onları əvvəlcədən bildirirdilər. Artıq bilirdik ki, gələn il nə çıxacaq. Belə planların birində oxudum ki, “Hunlar haqqında Çin mənbələri” adlı kitab çıxacaq. Dəhşətə gəldim ki, bu, artıq unikal mənbədir, xəzinədir. Birbaşa hunlar haqqında deyilən fikirlər orada olacaq. Mən onu gözlədim-gözlədim, nəhayət, Azərbaycanda bir yerə gəldi. Bəlkə də bir dənə idi. Çünki SSRİ üçün bu min nüsxə demək idi. SSRİ də yüzlərlə Bakı böyüklükdə şəhər vardı. Üstəlik bizə pis baxırdılar, yaxşı kitabları göndərmirdilər. Yadımda deyil, ya Axundova, ya Elmlər Akademiyasına həmin kitab gəlmişdi. O zaman kitabxanaçı qadınlarla dost idim. Şokolad verib kitab alırdım. İndiyə qədər o kitab məndə qalır, nə qədər istifadə eləmişəm. Hun tarixindən yazanda o kitaba əsaslanmışam.

-Xanımlar təkcə şokoladlamı kitabları verirdi?
Bir dəfə dəli vaxtımda bir günah işlətdim. Pul verib kitabxanaların öz işçilərinə kitabı oğurlatdırırdım. Beş ədəd belə qiymətli kitab aldım, amma vicdanım sızlayırdı. Daha eləmədim ki, xalqın kitabxanasıdır. Birini on manata alırdım. O vaxtlar kitab 40-60 qəpik idi, ən bahalı kitab bir manat olurdu. Amma mən 10 manat verib alırdım.

– Kitabxananız zəngindir, amma həmçinin bir neçə dəfə satıbsınız?
Kitabxanamı 3 dəfə satmışam. Hamıda olan kitabları almırdım. Bir dənə bukinist mağaza var idi, sahibi yəhudi idi. Məni buraxmırdılar, ancaq yəhudilər və ermənilər gəlirdi. Axırı bir dəfə getdim şikayət elədim, lap düşmən kəsildilər. “Azərkitab”ın direktoruna bu yəhudidən məktub yazdım ki, bəs məni buraxmırlar. Həmin yəhudi qurd idi, hələ sovet dövründə dollar alveri edirdi. Bir dəfə yolda dayananda bunun maşını vıyıltı ilə keçdi, sürtündü mənə. Mən istəyirdim ki, bir də ondan şikayət edəm, çünki yenə buraxmırdı içəri. Sonra fikirləşdim ki, bu mənə işarə vurur ki, bax öldürərəm səni, əl çək. Ondan sonra əl çəkdim. Düşündüm ki, yolda vurdu məni, öldürdü. Pullu adam idi, kim bilir tapacaqdılar-tapmayacaqdılar. Sonra onu çıxarıb bir azərbaycanlı qoydular, amma savadsızın biri idi. Ondan sonra içəri girə bildim.

– Orada nələr var idi ki, ancaq yəhudi və erməniləri buraxırdılar?
– Orada gördüm ki, Herodot, Strabon var. Strabonun kitabını bir dəfə gördüm. 150 il əvvəlin çapı idi. Qiymətini 30 manat dedi. Tez çıxarıb pulu verib aldım, halbuki mütəxəssislər min manata alırdılar. Çünki bu kitablar ya Axundovda, ya da Elmlər Akademiyasında olurdu. Sonralar kitabxanamı satanda o kitabı da satdım.

– Satmadıqlarınız hansılar oldu?
– Kitabxanamı satanda Nitşenin bütün külliyyatını, Şopenhaueri, yəni fəlsəfənin lap qaynaqlarını saxladım, çünki onlarsız mənim həyatım heç nə idi.

– Əlisa müəllim, siz həmçinin tərcüməçi kimi də tanınırsınız. İlk tərcüməniz hansı əsər olub?
– İlk tərcüməm İsveçrə yazıçısı Dürrenmattdan oldu. Almandilli yazıçı idi. Onun “Tunel” adlı hekayəsini çevirdim. Hekayə belədir ki, İsveçrədə tunellər çoxdur, bunun qəhrəmanı gəlir, hamı kimi vaqonda oturur. Tunel qurtarmır, getdikcə də qatarın sürəti fəlakət dərəcədə artır. Yəni dünyanın taleyini verir ki, dünya da tunel kimi fəlakətlidir. Sonra Ceyms Coysun hekayələrini tərcümə elədim. İkisi o vaxt “Ulduz” jurnalında çıxmışdı. Zəhmət itmir, axırı keçən il “Dublinlilər” çap olundu.
Kamyunu “Ulduz” jurnalından Cabir Novruz sifariş etdi, lakin sonra o işdən çıxdığı üçün qaldı. “Yad”ın üzrərində üç dəfə işləmişəm. Sonra Əkrəm Əylisli “Azərbaycan” jurnalında redaktor olanda Natiq Səfərov oxumaq üçün ona verir. O da deyib ki, əla tərcümədir, çap edib. Birinci dəfə oradan yaxşı pul aldım. 500 manat.

– Sovet dövrü Azərbaycan ədəbiyyatı anlayışı nə qədər realdır?
– Yox, elə bir ədəbiyyat yoxdur. Ədəbiyyata aid olmayan makulaturadır. Cəfər Cabbarlı, Ordubadi millilik üçün önəmlidir. Amma qalan xalq yazıçılarının, şairlərinin yazdıqlarının 90 faizi makulaturadır. Məsələn belə bir kitab çap etmək olar: “Azərbaycan Sovet dövrü müntəxəbatı”. Oxunmalı, müəyyən dəyəri olan beş cild düzəltmək olar.

– Kimləri salarsınız ora?
– Məsələn, Səməd Vurğunun beş-on şeirini, Süleyman Rüstəmin cənub şeirlərini, Rəsul Rzanın “Buruqlar”ını, Müşfiqin qoşmalarını, Cəfər Cabbarlını. Qalanlarının ədəbiyyata dəxli yoxdur.

– Bəs İsa Hüseynov fenomeni?
– Əgər İsa Hüseynov bütün əsərlərini “İdeal” kimi odər söhbətləri ilə korlamayıbsa, böyük yazıçı hesab etmək olar. Sovet dövründə həyatı bir qədər olduğu kimi verməyə çalışan yazıçı idi. İndi 6 cildliyi çıxıb. Axırıncı dəfə 6-7 il qabaq görmüşəm.

– “Yay axşamı”ndan danışaq. İlk kitabın həyəcanı necə olur? Sovet dönəmində hər halda daha fərqli idi.
– Yadımdadır, üz qabığı necə gözəl idi. Sınmış qamış və durna var idi. Necə uça-uça gəldim. O vaxt Politexnik universitetinin yanında kirayədə olurduq. Orada dükanda bir qız var idi, xoşum gəlirdi, qəşəng qız idi. Ona birini bağışladım. Birinci kitabın sevinci unudulmur. Sonra artıq bir-birinə qarışır, sevinclər yaddan çıxır. İndi cildlər çıxanda birinci gün xoş gəlir.

– Dünya ədəbiyyatı deyəndə üç nəfərin adını çəkirlər: Şekspir, Balzak, Tosltoy. Sizcə doğru ardıcıllıqdırmı?
– Mənə görə iki üslubda ədəbiyyat var. Bir var görünənləri təsvir eləmək, bir də görünməzləri, yəni insanların daxilləri, sevincləri, faciələri təsvir edilən.
Dantedən bəri gələn klassik ədəbiyyat birincilərə aiddir. Bunların içində çox gözəl şedevrlər var. Xüsusən, Şekspirin “Hamlet” əsəri. Tolstoyun “Anna Karenina”sı Floberin “Madam Bovari”sinin eynisidir. Orada da aşnası var, ərindən ayrılır, özünü öldürür. Həddindən artıq qeyri-obyektiv və millətçiliklə yazılmış əsərdir. Amma “Hacı Murad” və bir çox povest və hekayələri misilsizdir. Balzak realist Fransa həyatının güzgüsüdür. Amma mənim üçün artıq bunlar ötüb keçmiş mərhələlərdir, indi oxuya bilmirəm.
Kafka, Marsel Prust, Muzil, Kamyu, Sartr, Samuel Batler, Coys kimi yazıçılar var ki, bunlar artıq ikinci tipə aiddirlər. Onların yaratdıqları həyatın astar qatını görən nümunələrdir. Bu ədəbiyyat Kafkanın lupayla gördüyü dünyanı təsvir edir. Mənim üçün ədəbiyyat budur. “Ehram”, “Artakserks” romanlarında ikinci tip olmağa çalışmışam. Kafkanın orta məktəbdə keçilməsi üçün yaxşı müəllim olmalıdır, müəllim özü dərk eləməlidir ki, öyrətsin. Avropa ədəbiyyatının XX əsrdə üç sütunu var Kafka, Prust, Coys. Coysun bir əsərinin son fəsli 65 səhifədən, amma bir cümlədən ibarətdir. Bir cümlədə qadının daxili aləmi, nələr fikirləşdiyi, kimləri xatırladığı qeyd olunub. Bunun təkrarı mümkünsüzdür. Mənim bir vərəqdən ibarət cümləm olub, amma 65 vərəq üçün qüdrət lazımdır.

– Elə isə Nobel hansı ədəbiyyata verilir, hadisələri təsvir edənlərə, yoxsa insanın daxili aləmini açanlara?
– Nobel bədii əsərin böyüklüyünə, gözəlliyinə görə verilir. Amma eyni zamanda İsveç akademikləri də böyük ədəbiyyat mütəxəssisləri deyillər axı. Ona görə də hədsiz dərəcədə layiq olmayan yazıçılara da veriblər. Bəlkə də yarısı layiq deyil. Latın Amerikasından, İslandiyadan, İsraildən xeyli yazıçılar var ki, onlara verilməməli idi. Ötən il alanı da heç kim tanımırdı. Yəni belələri çoxdur. Amma Kafka, Coys, Muzil, Prust layiq görülməyib.

– İkincilərə Sartrı da əlavə etdiniz, amma o da mükafatdan imtina etdi
Sartra uzun illər mükafat vermədilər. Bir dəfə Kamyu ilə ikisi təqdim olundu, ölçüb-biçib Kamyuya verdilər. Araları yox idi onların. 40-50-ci illərdə dost idilər. Sonra yolları ayrıldı, bir-birilərinin əleyhinə yazıları çıxdı. Təsəvvür elə, özünü layiq biləsən, amma sənə verməyələr. Ona görə Sartrın ürəyi nifrətlə dolu idi. On il uzatdılar, sonra gördülər ki, səs-küy qalxır, verdilər. Təsəvvür elə ki, bir qızı sevirsən. Bu qız sən görə-görə onunla-bununla gəzir, sonra gəlir ki, əzizim, mən səni sevirəm. Necə olar (gülür). Sartr imtina elədi ki, guya bunlar obyektiv deyil, ləyaqəti imkan vermir. Açıq aşkar acığından imtina elədi, çünki pula ehtiyacı yox idi. Məşhur adam idi, xanımı Simone de Bovuar yazıçı idi. Sartr açıq şəkildə deyirdi ki, Rusiyadakı rejim Fransadakından daha demokratdır. Belə axmaqlıqları var idi. Mən onun əleyhinə hətta bir şeir də yazmışdım. Əlbəttə ki, böyük insan, böyük filosofdur. Ruslar yazır ki, guya ki, Tolstoya vermək istəyiblər, amma yazıçı xəbər göndərir ki, belə şey eləməsinlər. Belə hadisənin olduğuna inanmıram.

– “Əli və Nino” mükafat alardımı?
– Sözsüz, sağ qalsaydı. Yiyəsi yoxdur deyə, bu günə qalıb. Təsəvvür elə, dünyanın 33 dilinə tərcümə olunub. Hətta keçən il Moskvada çıxan rus nəşrində rus tənqidçi də yazır ki, “eto velikiy roman”. Dünyada 10-15 romana böyük roman deyirlər. Amma biz bunu da pis günə qoyuruq, Yusif Vəzirə, ona-buna aid edirik, hörmətdən nüfuzdan salırıq. Mütləq Avropaya gedilməli, milyonlar xərcləyib “Əli və Nino”ya film çəkilməlidir.

– Bu gün Azərbaycanda Nazim Hikmət çox sevilir. Onunla bağlı fikirləriniz necədir?
– Nazim Hikmət Türkiyədə doğulmuş ən böyük şair, daramaturqdur. Amma cavanlıqda Moskvada oxuyub deyə, yoxsa gözləri kor olduğundanmı kommunizmə, sosializmə inanırdı, ürəkdən bağlı idi. Bəlkə də, ələ almışdılar. Gedib orada kommunizmi təbliğ eləməyə başladı. Kommunizm Türkiyəyə nifrət edirdi. Nazim bunu anlamırdı, Rusiyaya pərəstiş edirdi. Ona görə ağzını yummaq üçün həbs elədilər. Uzun müddət həbsxanada qaldı, yenə ağlı başına gəlmədi. Çıxandan sonra Rusiyanı vətən seçdi, gəlib görəndən sonra isə gözləri açıldı. Gördü ki, riyakar bir sistemdir, ideallar ayrıdır, sistem ayrı. Artıq ayıldı. Fransız qəzetinə müsahibə verdi ki, dram əsərlərini səhnədə məhv ediblər. Rusiya da bunu gördü. KQB bir qadın vermişdi buna. Nazim həbsxanada qalanda ürəyi xəstə düşmüşdü. Buna bir həkim tapşırmışdılar, bu həkim də KQB-nin adamı idi. Gördülər ki, artıq Nazim bunları biabır edəcək, o dəqiqə bir iynə vurub öldürdülər. Orada da basdırdılar. Rəsul Rza başını ağaca vururmuş, çünki təzə tanış olmuşdu.

– Yazıçılar Martin İden ömrü yaşayırmı?
– Mən “Martin İden” romanını az qala əzbər bilirdim. Əsərlərim çap olunmurdu, amma içim dolu idi. Ona görə də İdenin çəkdiyi əzabı anlayırdım. Martin Cek Londonun öz həyatıdır. Gəncliyində qapı-qapı nəşriyyatları gəzirdi, əsərləri çap olunmur, rədd olunurdu. Amma sonra birdən-birə qapılar açılır, qəfil milyonçu olur, kimə nə lazımdırsa verir, kim buna nə yaxşılıq etmişdisə əvəzini qaytarır. Hətta sevdiyi qız da bunu yoxsulluq illərində atıb gedir. Elə ki bu hər şeyə nail olandan sonra həyatının mənası itir. Görür ki, dünən bunu saymayanlar qarşısında əyilib. Ürəyi ağrıyır ki, nə cür riyakar dünyadır, ona görə gedib özünü dənizə atır.

– Yəni yazıçı ömrünün sonu mütləq fəlakətlimi olur?
– Mən fikirləşirəm ki, dünyada insan üçün deyilən ən yaxşı təşbeh Virciniya Vulf “Dalğa”larıdır. Orada bir neçə dost təsvir olunub. Dalğa dənizdə yaranır, bəzən dağ boyda olur, vahimə yaradır. Sonda isə sahildə yenə əriyib itir. Doğrudan da insan da dalğa kimidir, varlığın bir qabarması kimi yaranır, qabarması kimi də gedir.

– Kafka ilə görüşsəydiniz.
– Çexiyada hər il Kafka adına bir çox mükafat verilir. İndi oradakılar mənim yazdıqlarımdan xəbərsizdirlər. Kafka haqqında yazılarım bir yerdə olsa, ora yolum düşsəydi, mütləq mükafatı alardım. Görərdilər ki, Çexiyada heç kimi Kafkanı mən qədər sevə bilmir, mən qədər anlamır.
Bir şeirimin axırı belə idi: “Mən dünyadan xəbərdaram, dünya məndən xəbərsiz”.

Müsahibəni aparan: Dilqəm Əhməd
Mənbə: publika.az saytı

Comments are closed, but trackbacks and pingbacks are open.