Press "Enter" to skip to content

Məhəmməd Əmin Rəsulzadə və onun Azərbaycan Cümhuriyyəti əsəri

Xalq bolşevik istilasına qarşı ayağa qalxır. Gəncə, Ağdam, Şuşa, Şəki, Lənkəran, Quba və b. qəzalarda üsyanlar baş verir. Şəki üsyanı amansızlıqla yatırılır. Qızıl Ordu Gəncə və başqa qəzalarda böyük itkilər verir. M.Ə.Rəsulzadə üsyanların əhəmiyyəti və şiddəti barəsində demişdir: “Azərbaycan Cümhuriyyətinin tarixini yazacaq müvərrix bu üsyanları tədqiq və təfsilatı ilə əlbəttə, təhrir edəcəkdir. Bu üsyanların bihudə olduğunu və səlaməti-ümumiyyəyə zərər gətirdiyini iddia edənlə var. Fəqət bu üsyanlar dəxi olmasa idi Azərbaycan xalqı bilməm hankı vəqələrlə kəndi namusunu müdafiə etmiş olduğunu isbat edəcəkdi?!” Millət böyük bir qiyama qalxmışdı. Üzərinə ixtilal və hüriyyət maskası taxmış rus qüvvəti Nerona rəhmət oxutduracaq bir şiddət və zülmilə basıb kəsirdi. Hər tərəfdə fəaliyyətə başlayan ÇK-lar gecə-gündüz qanlı işlərinə davam edirdilər.

Məhəmməd Əmin Rəsulzadə – Azərbaycan Cümhuriyyəti

Oxuculara təqdim olunan bu kitabda tariximizin ağ səhifələri—1918-20-ci illər—dövrün ictimai-siyasi hadisələri fonunda işıqlandırılmış, Azərbaycan xalqının ADR-dən əvvəlki nə sonrakı taleyi, güzəranı yığcam şəkildə əks etdirilmişdir. Təsadüfi deyildir ki, 1923-cü ildə Türkiyənin İzmir şəhərində keçirilən «Kitab bayramı»nda yenicə nəşr olunmuş «Azərbaycan Cümhuriyyəti» Atatürk mükafatına layiq görülmüşdür.

Kitabın ayrı-ayrı fəsilləri və ya konkret məsələlərə münasibət bəzi oxucular üçün mübahisəli görünə bilər. Lakin nəzərə almaq lazımdır ki, 70 il ərzində ünvanına bircə kərə də xoş söz söylənməyən bu kitabın müəllifini indiki fikir plüralizmi şəraitində kənar təsirlərə qapılmadan dinləməliyik. Kitabda qeydlər və çətin anlaşılan sözlərin lüğəti verilmişdir. Əsər geniş oxucu auditoriyası üçün nəzərdə tutulur.

(M. Ə. Rəsulzadə Azərbaycan, hürriyyət və istiqlal haqqında).

Böyük dünya müharibəsi böyük Rusiya inqilabını doğurdu. Böyük Rusiya inqilabı isə millət hüququnu bütün genişliyi ilə meydana atdı.

İnsanlara hürriyyət, millətlərə istiqlal!

Ah, Azərbaycan! Biz sənin həqqini tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq! Azərbaycan muxtariyyəti deyorduq: soldan və sağdan hər növ hücuma məruz qalırdıq.

Biz, Azərbaycan torpaqlarını qızdıran atəşi-müqəddəsi köksümüzdə bəsləmək istəyoruq: bizə Moskvada yanacaq «məşəli» nişan veriyorlardı. Biz elmə, mədəniyyətə öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmiş bir millət çıxarmaq istəyoruq: bizə Ərəbistanı göstəriyorlardı.

Məhəmməd Əmin Rəsulzadə və onun Azərbaycan Cümhuriyyəti əsəri

Hər bir Azərbaycan türkü, azərbaycanlı müsəlman Şərqində ilk demokratik respublikasının məhz Azərbaycanda yaranması ilə fəxr edə bilər. Ölkə prezidenti İlham Əliyevin 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti ili elan etməsi və Cümhuriyyətin 100 illiyinin qeyd edilməsi haqqında sərəncam verməsi bizi sevindirməyə bilməz. Hesab edirəm ki, sərəncamın AXC-nin tarixinin daha müfəssəl və dərindən öyrənilməsində, müstəqil dövlətimizin dünyada daha yaxşı tanıdılmasında mühüm əhəmiyyəti olacaq.

M.Ə.Rəsulzadə Azərbaycan və türk dünyasının görkəmli siyasi xadimi və ideoloqlarından biridir. Onun “Azərbaycan Cümhuriyyəti” əsəri ensiklopedik bilik verən məzmuna malikdir. Böyük istiqlalçı əsərini Türkiyədə mühacirətdə olarkən yazmış və 1923-cü ildə İstanbulda çap etdirmişdir. Bu əsərilə özünün böyük siyasi xadim kimi tanıtmışdır. On bir bölmədən ibarət olan əsərdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, bolşevik Rusiyası tərəfindən işğalına, Qızıl Ordunun əsgər və zabitlərinin Azərbaycanda törətdikləri qırğın və vəhşiliklərə aid əsərdə son dərəcə qiymətli məlumatlar var. Biz məqaləmizdə əsərin daha çox “Bolşevik istilası”, “Şimdiki vəziyyət” və “Qızıl imperializm” bölmələrini şərh və təhlil etmişik. Belə bir nəticəyə gəlmişik ki, o, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda həmişə prinsipial mübarizə aparmış, ardıcıl siyasət yeridib. Cəlladbaşı V.Pankratovun Bakıda törətdiyi vəhşilik və qətliamı tənqid və ifşa etmişdir. Bolşevik istilasına qarşı qəzalarda baş vermiş üsyanların tarixi əhəmiyyətinə ayrıca diqqət yetirib. Qızıl imperializmin gec-tez süqut edəcəyini sanki bir peyğəmbər kimi əvvəlcədən görmüş, bu haqda fikrini böyük bir inamla ifadə edib.

Azərbaycan və türk dünyasının görkəmli siyasi xadimi M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” əsəri ensiklopedik məzmuna malikdir. Əsər siyasi publisistikamızın ən gözəl nümunəsidir. Əsərdən müəllifin yüksək siyasi mədəniyyətə və siyasi təfəkkürə malik olduğunu aydın görmək olar. Böyük siyasi məzmuna və mahiyyətə malik olan əsər sovet rəhbərlərini, o cümlədən İosif Stalini maraqlandırmış, hətta narahat edib. Belə bir dəyərli əsərin hər bir müəllimin, alimin və ziyalının maşaüstü kitabı olması məsləhətdir. Müəllif burada Azərbaycanda 1918-1930-cu illərdə baş vermiş ictimai-siyasi hadisələri, Azərbaycan ədəbi və milli ibtibahını, qardaş Türkiyənin Azərbaycana imdadını, Xəlil paşanın Moskvaya nə məqsədlə getməsini, Mondrus müqaviləsini, Cümhuriyyətin süqutunun səbəblərini, hakimiyyətin bolşeviklərə təhvil verilməsini, bolşevik istilasını geniş işıqlandırmış, dərin və ətraflı siyasi təhlilini verib.

Mən bu qiymətli əsərin “Bolşevik istilası”, “Şimdiki vəziyyət” və “Qızıl imperializm” bölmələri üzərində məxsusi dayanmaq istəyirəm. Bəri başdan demək istəyirəm ki, ulu öndərin Azərbaycan məsələsində prinsipial mövqeyi, istiqlaldankənar heç bir məsələdə güzəştə getməməsi təqdirə layiqdir və qürur doğurur.

1920-ci ilin əvvəllərindən başlayaraq Bakıda dəhşətli hadisələr baş verir. Dəhşətli hadisələr bolşeviklər və Qızıl Ordunun zabit və əsgərləri tərəfindən törədilir. M.Ə.Rəsulzadənin yazdığına görə, Qızıl Ordunun siyasi şöbəsinin rəisi V.A.Pankratovun adı gələndə adamların canına titrətmə düşürdü. Bakıda hökumətin ən məsul mövqeləri əcnəbilərə verilmişdi. Adamlar harada gəldi öldürülür, güllələnir, təhqir edilirdi. O, əsərində bolşevik istilasının vəhşət və dəhşətlərini olduğu kimi təsvir edərək yazır: “Bakının Qızıl Ordu tərəfindən işğalından iki gün sonra türk komandanlar rus yoldaşlarla əvəz edildi. Fəqət iş bununla da qalmadı. “Əmiri-xeyir”i qəsid edən nə qədər Osmanlı zabiti varsa, həpsini ya həbs və yaxud qanı dişarı etdilər.”

Xalq bolşevik istilasına qarşı ayağa qalxır. Gəncə, Ağdam, Şuşa, Şəki, Lənkəran, Quba və b. qəzalarda üsyanlar baş verir. Şəki üsyanı amansızlıqla yatırılır. Qızıl Ordu Gəncə və başqa qəzalarda böyük itkilər verir. M.Ə.Rəsulzadə üsyanların əhəmiyyəti və şiddəti barəsində demişdir: “Azərbaycan Cümhuriyyətinin tarixini yazacaq müvərrix bu üsyanları tədqiq və təfsilatı ilə əlbəttə, təhrir edəcəkdir. Bu üsyanların bihudə olduğunu və səlaməti-ümumiyyəyə zərər gətirdiyini iddia edənlə var. Fəqət bu üsyanlar dəxi olmasa idi Azərbaycan xalqı bilməm hankı vəqələrlə kəndi namusunu müdafiə etmiş olduğunu isbat edəcəkdi?!” Millət böyük bir qiyama qalxmışdı. Üzərinə ixtilal və hüriyyət maskası taxmış rus qüvvəti Nerona rəhmət oxutduracaq bir şiddət və zülmilə basıb kəsirdi. Hər tərəfdə fəaliyyətə başlayan ÇK-lar gecə-gündüz qanlı işlərinə davam edirdilər.

Belə bir vəziyyətdə gənc Azərbaycan əsgəri xalqla birlikdə üsyana qalxmaya bilməzdi. İstiqlalı əlindən alınmış xalqın üsyan etməkdən başqa çarəsi qalmamışdı. O çar Rusiyasının rejimindən daha dəhşətli bir rejim yaradan bolşevik istilasına qarşı mübarizə aparmalı idi və aparırdı. Qaniçən bolşevik istilaçılar cəlladlıq edir, yalnız üsyana qoşulan adamlara deyil, dinc əhliyə divan tuturdular. Bakıda milliyyətpərvərlərin kökünü kəsmək üçün onları sorğu-sualsız güllələyirdilər. Azərbaycanın həqiqi diktatoru, cəlladbaşı V.Pankratov bu işdə xüsusi fəallıq və canfəşanlıq göstərirdi. “Pankratovun əmri fövqündə bir əmr yox idi. ÇK məmurunun füzulluğu o dərəcəyi bulmuşdu ki, Azərbaycan komissarları rəisi bulunan Nəriman Nərimanovun kəndisini belə tovqif eyləmişlərdi.”

Ermənilər Azərbaycan və Türkiyə torpaqlarında dövlət yaratdıqdan sonra daha da fəallaşmışdılar. Ermənistan bolşevik hökuməti təsis edilər-edilməz Azərbaycana qarşı torpaq iddiasında bulundu. Xarici qüvvələrin köməyilə Naxçıvan və Zəngəzuru ələ keçirməyə çalışdılar. M.Ə.Rəsulzadə Zəngəzurun ermənilərə verilməsində N.Nərimanovun əli olduğunu qeyd edir və yazır: “Ermənistanda dəxi bolşevik hökuməti təsis edər-etməz rus siyasəti Nəriman bəyin (N.Nərimanovun – İ.A.) səxavətkar ağzı ilə iki gün əvvəl müdafiə eylədiyi Zəngəzur ilə Naxçıvan qəzasını mütəntən bir surətdə Ermənistana hədiyyə etdi.”

Naxçıvan məsələsi barəsində bir neçə söz. M.Ə.Rəsulzadə bu haqa yazır: “Ermənistan Cümhuriyyəti bolşeviklər tərəfindən istila edildikdə Azərbaycan bolşevik hökumətinin rəisi Nəriman Nərimanov Naxçıvan qəzasını Ermənistana hədiyyə etmişdi. Vəqtilə ingilislərlə amerikalılar da Naxçıvanı ermənilərə tabe görmək istəmiş, bu xüsusda təşəbbüs eyləmiş, fəqət, müvəffəq olmamışlardı. İki sənədən ziyadə (1918-1919-cu illərdə – İ.A.) əlində silah alaraq Ermənistana ilhaq əleyhinə cəhadətlə hərb edən naxçıvanlılar bu dəfə də israr etdilər. Nərimanın (N.Nərimanovun – İ.A.) bəxşişi quru sözdən ibarət olub qaldı. Ermənistan Cümhuriyyəti Naxçıvan “hədiyyə”sini təslim olmaq üçün iyicə qan tökməli idi. Naxçıvanlılar isə hər tərəfə müraciət edərək Ermənistana tabe olmaq istəmədiklərini bildiriyorlardı. Bu məsələ türk heyəti-mürəxxəsəsinin dəxi nəzər-diqqətini cəlb eyləmişdi. Buna görədir ki, müahidə (11 iyul 1922-ci il tarixli Qars müqaviləsi nəzərdə tutulur – İ.A.) salis bir hökumətə tərk edilməmək şərtilə Naxçıvan qəzasını mümtaz bir vilayət şəklində Azərbaycan himayəsinə vermişdir.

Bax tarixi həqiqət budur! Yeri gəlmişkən deyim ki, Naxçıvanın Ermənistana ilhaq edilməsinə kəskin etiraz edən Naxçıvan ziyalılarından biri Hüseyn Cavid olmuşdur. O, ingilis və amerikan nümayəndələrilə görüşmüş, naxçıvanlıların Ermənistana tabe olmayacaqları haqqında “ultimatum” vermişdir.

O zaman Azərbaycanda da, Türkiyədə də vəziyyət ağır və mürəkkəb idi. Bəzi düşmən qüvvələr iki qardaş ölkəni üz-üzə qoymaq istəyirdilər. M.Ə.Rəsulzadə demişkən, bolşeviksayağı propaqanda yapır, onları düşmən etmək istəyirdilər. O, bu cür təbliğatın əleyhinə çıxaraq yazırdı: “Azərbaycan hökuməti-milliyyəsinin fəcaətli fəlakətdən daha acıqlısı bu idi ki, milliyyətpərvərlər Türkiyəyə qarşı vəfasızlıqla ittiham olunuyordu. Ehtimal ki, bəziləri hala bu qənaətlərində baqidirlər. İştə ən çəkilməz faciə bu faciədir!”

Türkiyəni Azərbaycana qarşı, Azərbaycanı Türkiyəyə qarşı vəfasızlıqda ittiham edənlərə qarşı çıxan M.Ə.Rəsulzadə yazır: “İki qardaş millət arasında təhəddüd edən sui-təfəhhüm daha acıdır, daha fəcidir. Türklüyünü anlamış Azərbaycan ilə türklük üçün qan tökən, can verən Anadolu arasındakı qardaşlıq bağını nə tarixin şimdiki Türk-Rus müxadinəti kibi təsadüfi vəqə epidozları, nə də bir taqım əşxasın siyasi xətaları çözəməz!”

Böyük siyasətçi, istiqlalçı və türkçünün dəyərli sözlərini bugünkü Azərbaycan-Türkiyə arasındakı siyasi, iqtisadi və mədəni ilişgilərə də aid etmək olar. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı dünən də sarsılmaz idi, bu gün də sarsılmazdır.

M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” əsərindəki “Şimdiki vəziyyət” bölməsi bolşevik Rusiyasının Cənubi Qafqaz siyasətinə, Moskvanın sovet Azərbaycanına cüzi məhəlli-muxtariyyat verməsinə, V.Leninin Cənubi Qafqazın sovetləşdirilməsilə əlaqədar teleqramlarına, Sovetlər İttifaqının yaradılmasına, sovet Rusiyası ilə Türkiyə arasında 1921-ci ildə bağlanmış müqaviləyə, Stalin, Buxarin və Kamenyevin sərəncamlarına və s. məsələlərə həsr olunmuşdur. Müəllif həmin bölmədə tarixi baxımdan dünən və bu gün üçün son dərəcə əhəmiyyətli və qiymətli məlumatlar vermişdir. Azərbaycan sovet hokumətinin, siyasiyyə və iqtisadiyyatının rusların əlinə keçməsini konkret tarixi faktlar əsasında göstərmişdir. Mən onlardan bir neçəsinin adını və vəzifəsini qeyd etmək istəyirəm. Azərneft xalq maarif şöbəsinin müdiri – Barçov, Bakı Şurası rəisi – Krılov, Bakı qəzası hərbiyyə komissarı – Anefski, Xüsusi Qafqaz Ordusu komandanı – Yeqoryev və s. Bir sözlə, Azərbaycan sovet hökumətində bütün mühüm vəzifələri tutan miliyyətcə rus, erməni, yəhudi və b. idi. Bakı şəhərinin bütün inzibati və təsərrüfat orqanlarını idarə edənlər də onlar idi.

Əhalini incitməkdə, Cümhuriyyət rəhbərlərini təhqir etməkdə bəzi yerli bolşeviklər rus bolşeviklərindən geri qalmırdı. Onlardan biri Əliheydər Qarayev idi. AXC-nin süqutunda bəzi yerli bolşeviklərlə yanaşı Ə.Qarayev də mühüm rol oynamışdır. O, açıq-açığına dövlətin və millətin əleyhinə çıxır, Stalinin Azərbaycanı parçalamaq planını müdafiə edir, “Azərbaycan” adında ölkə tanımadığını bildirirdi. Bolşevik qəddarlığı və amansızlığı ilə seçilirdi. M.Ə.Rəsulzadənin sözlərilə desək, belə bir heysiyəsiz hökmranı Azərbaycan heç bir zaman görməmişdir. “Füqəra füzyuzatı” məcmuəsində onun haqqında belə yazılmışdır:

Bax şu Qarazadə Əli Heydərə,

Görməmiş ömründə belə hökmran.

Parlamentdə antimilli və antiazərbaycan çıxışına görə M.Ə.Rəsulzadə ona demişdir: “Sən rus casusu kimi çıxış edirsən.” Bu sözə görə o, M.Ə.Rəsulzadəni təhqir etmişdir. M.Ə.Rəsulzadə isə ona demişdir: “Əliheydər, bir gün səni bolşeviklərin özü güllələyəcək.”

Məhəmməd Əmin Rəsulzadənin əsərləri

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvar ayının 31-də Bakının Novxanı kəndində anadan olub. Böyük ictimai-siyasi fəaliyyəti nəticəsində Rəsulzadə hələ Rusiya inqlabından çox-çox əvvəl Azərbaycan milli hərəkətinin liderinə çevrilir. İslamçılığın, Türkçülüyün və Müasirliyin vəhdəti haqqında fikir irəli sürür. Müsəlmanların Ümumrusiya qurultaylarından sonra M.Ə.Rəsulzadə türk-müsəlman xalqları arasında böyük nüfuz sahibinə çevrilir.

1918-ci ildə M.Ə.Rəsulzadə Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yarıdıcılarından biri olur.

“Azərbaycan Cümhuriyyəti türk-milli-demokratik dövlətçiliyi zəminində milli-mədəni təyini-müqəddaratın müasir özülünə əsaslanmışdır. Bu nöqteyi-nəzərdən cümhuriyyətimiz birinci türk dövlətidir” (M.Ə.Rəsulzadə, “Azərbaycan” qəzeti, №110, 28.V.1919).

1920-ci ildə, Azərbaycan Cümhuriyyətinin Şura höküməti tərəfindən qanlı işğalından sonra, M.Ə.Rəsulzadə bolşeviklər tərəfindən həbs olunur və Moskvaya gətirilir. 1922-ci ildə M.Ə.Rəsulzadə Avropaya mühacirət edə bilir. Bir müddət o Almaniyada, sonra isə Türkiyədə yaşayır.

M.Ə.Rəsulzadə 1955-ci ilin mart ayının 6-da Ankarada vəfat edir, orada da torpağa tapşırılır.

Burada Məhəmməd Əmin Rəsulzadənin bəzi əsər və məqalələrinin adını çəkmək istərdim. Azərbaycan xalqından uzun müddət gizlədilən və əslində böyük milli xəzinə olan bu əsərlər Azərbaycan alimləri tərəfindən ictimaiyyətə çatdırılmalıdır.

1. “Müxəmməs”, “Şərqi-Rus” qəzeti, №20, 1903
2. “Tənqidi-firqeyi e`tidaliyyun”, İran, 1910
3. “Səadəti-bəşər”, İran, 1911
4. “İran türkləri”, “Türk yurdu” jurnalı, №4, 1911
5. “Milli dirilik”, “Dirilik” jurnalı, 1914
6. “Cəmaət idarəsi”, 1917
7. “Bizə hansı hökümət faydalıdır?”, 1917
8. Məqalələr silsiləsi, “Açıq söz” qəzeti, №635, №657, №671, №673, 1918
9. “Rəbi-iştəbə” (“Səhvin düzəlməsi”), 1918
10. “Azərbaycan təşkilində müsavat”, 1920
11. “Əsrimizin Səyavuşu”, İstanbul, 1923
12. “Azərbaycan Respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti”, İstanbul, 1923
13. “İstiqlal məfkurəsi və gənclik”, İstanbul, 1925
14. “Rusiyada siyasi vəziyyət”, İstanbul, 1926
15. “Azərbaycan və istiqlaliyyəti”, Paris, 1930
16. “Qafqaz problemi ilə əlaqədar pantürkizm”, Paris, 1930
17. “Azərbaycan Respublikası haqqında bə`zi qeydlər”, Berlin, 1933
18. “Azərbaycan kültür gələnəkləri, Ankara, 1949
19. “Çağdaş Azərbaycan ədəbiyyatı”, Ankara, 1950
20. “Çağdaş Azərbaycan tarixi”, Ankara, 1951
21. “Azərbaycan şairi Nizami”, Ankara, 1951

Məhəmməd Əmin Rəsulzadə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra məzarının vətənə köçürülməsini vəsiyyət etmişdi.

O bilirdi ki, Azərbaycan azad olacaq. Və bu gün Azərbaycan müstəqildir.

Lakin Rəsulzadənin vəsiyyəti hələ də yerinə yetirilməyib. Azərbaycan torpağı öz dahi oğlunu həmişəlik qucağına almaq üçün gözləyir.

Comments are closed, but trackbacks and pingbacks are open.