Press "Enter" to skip to content

Uşağı telefondan necə uzaqlaşdırmalı

Psixoloqlar uşaqları qadjetlərdən ayırmağın effektiv yollarını təklif edir.

Danışıq qabiliyyətimizi necə inkişaf etdirə bilərik?

Hər hansı məişət əşyasını götürün və onun haqqında 5 dəqiqə bədii üslubda danışmağa, əşyanı təsvir etməyə çalışın. Məsələn, bu, hansısa tava ola bilər. “5 dəqiqə tavadan nə danışmaq olar” kimi sual verənlər ola bilər. Bəs tava haqqında bir saat danışmaq? Məşqlə bunun da mümkün olduğu bildirilir.

Bu üsul internetdə qarşıma çıxdı, maraqlı və özünü test etmək üçün praktik gəldi. Ancaq gözəl danışıq qabiliyyəti ilə bağlı insanların yanaşması fərqlidir. Kimi deyir ki, gərək uşaq vaxtından dilli-dilavər olasan, bu, bir istedaddır. Ancaq Bayronun fikri bunun əksidir: “Gözəl danışıq qabiliyyəti Allah vergisi olmaqdan çox, çalışmaqla əldə edilən bir şeydir”. Mütəxəssis yanına gedib nəticə əldə edən şəxslər çoxdur. Bəs mütəxəssis yanına getmədən, elə evdə özümüz danışıq qabiliyyətimizi inkişaf etdirmək üçün hansı üsullardan istifadə edə bilərik?

Günay Həsənova hər vasitəni yoxladığını deyir: “Bədii kitablar oxuyuram. Bundan başqa, hər gün telefonun ön kamerasını açıb danışıram, sonra özümü dinləyirəm. Düzü, heç bəyənmirəm (Gülür). Bir də evdəkilərə tapşırmışam ki, danışığımda aaa, ııı, tipli səslər çıxaranda, mənə irad tutsunlar. Bununla problemin yarısını həll etmiş sayılıram”.

Turan Tağızadə diksiyası gözəl olan şəxsləri dinləməklə çox şey öyrəndiyini deyir: “Düzdür, kitab oxuyuruq, ancaq danışığı inkişaf etdirmək üçün tək bu üsul yetərli deyil. Mən danışa bilən, nitqi gözəl olan insanlara qulaq asıram. Maraqlı bloqlardan yazılar oxuyuram. Çalışıram ki, danışığımda eyni sözləri tez-tez istifadə etməyim. Sinonimlər və yeni dünya dilinə daxil olan sözləri nitqimizə daxil etmək bəyəniləndir. Bənzətmələr olmalıdır. Təkrarçılıq olanda, qarşı tərəfə yorucu gələ bilir. Ona görə, sözlərin sinonimlərini, tapıb işlədirəm. Bunun üçün daim axtarışdayam. Öyrənmək öz yerində, onu tətbiq də etmək vacibdir. Ona görə danışaraq danışıq qabiliyyətimi inkişaf etdirirəm”.

Mütəxəssissiz də olar

“Diksiya Akademiyası”nın direktoru, nitq təlimçisi Cəlalə Nəzəroğlu deyir ki, mütəxəssislə daha qısa vaxtda nəticə əldə etmək mümkündür, ancaq insan istəsə, evə də danışıq qabiliyyətini inkişaf etdirə bilər: “Bütün bacarıqlar kimi nitq qabiliyyətini də inkişaf etdirmək üçün mütləq bir rəhbərə ehtiyac var. Bu rəhbər “Youtube” videosu, hansısa kitab, mütəxəssis və s. ola bilər. Ancaq mütəxəssis nəzarəti olmadan edilən məşqlərin düzgünlüyü sual altındadır. Təlimatlara uyğun öz bildiyi kimi edəcək, ancaq düz, yoxsa səhv etdiyini müəyyənləşdirməsi çətindir. Mütəxəssis isə onu yönləndirə bilər. Digər tərəfdən, insanlar ödəniş edib, konkret gün götürüb hansısa mütəxəssisin yanına getməyəndə, bir qədər məsuliyyətsiz olurlar. Biz bilirik ki, hər şey vərdişdən, davamlılıqdan, səbirdən asılıdır. Əgər özümüzdə hansısa yeni bir vərdişi formalaşdırmaq istəyiriksə, mütləq ona aid hər gün nəsə etməliyik. Nitq də belədir. Mütəxəssislə işləyəndə, o, daim nəzarət altında olur, tapşırıqlar edir. Əgər qısa zamanda effektli nəticə istəyirlərsə, mütəxəssislə işləyə bilərlər. Ancaq kitab və “Youtube”dan istifadə edərək də, bu bacarıqlarını inkişaf etdirə bilərlər”.

Dili inkişaf etdirən kitablar

Gözəl danışıq deyəndə, çox adam kitab oxumaqdan başlayır. Bəs hansı kitabları oxuyaq? C.Nəzəroğlu bir neçə ədəbiyyat da məsləhət gördü: “Danışığı inkişaf etdirmək üçün tərcümə olunmuş kitablar da oxumaq olar, ancaq keyfiyyətli şəkildə olması önəmlidir. Çünki tərcümə hər nəşriyyatda uğurlu olmur. Mən iki-üç ay əvvəl “Səfillər” romanını almışdım. O qədər bərbad tərcümə ediblər ki… Uzun, qarmaqarışıq cümlələr var. Cümlənin nə başı var, nə ayağı. Oxuya bilmədim. Çünki fikrim süjet xəttində yox, səhvlərdə qalır. Cəfər Cabbarlının hekayələrini, Səməd Vurğunun poemalarını, İsmayıl Şıxlının, İlyas Əfəndiyevin bütün əsərləri məsləhət görə bilərəm. Əzizə Cəfərzadənin dili möhtəşəmdir. Fərman Kərimzadənin “Xudafərin körpüsü” də bu cəhətdən sizə kömək ola bilər. Bol-bol oxusunlar və gündəlik həyatlarında istifadə etməyə çalışsınlar”.

Səsli, yoxsa səssiz oxuyaq?

C.Nəzəroğlu necə oxumaq məsələsindən də danışdı: “Kitabı iki cür oxumaq mümkündür: səssiz və səsli. Birinci variantda zövq alaraq, hadisələrin axışına buraxan formada oxuyuruq. Sanki filmə baxırıq. İkincisi, tələffüzü düzəltmək, söz ehtiyatını artırmaq üçün effektli olar. Birinci halda da siz yeni söz öyrənəcəksiniz, diqqətinizi bəzi ifadələr, hətta bütöv cümlələr çəkə bilər. Onları ağzınıza alıb tələffüz etmirsinizsə, passiv lüğətinizdə qalır. Uzun müddət də səsli formada kitab oxumaq oxucu üçün yorucu ola bilir. Ancaq tələffüzdən ötrü oxuyurlarsa, ağızlarını geniş açaraq hər hecanı normal şəkildə ağızlarından çıxararaq oxumalıdırlar. Bundan başqa, oxuyarkən yeni tanış olduqları sözlərin, birləşmələrin, yaxud cümlələrin altından xətt çəkib sonra güzgü qarşısında özlərinə danışsınlar. Hətta yaxşı olardı ki, “Whatsapp”la kiməsə həmin ifadələr keçən səs göndərsinlər. Yaxud o sözlər olan cümlələr qurub ailə üzvləri ilə danışsınlar. Yəni bir şəkildə yeni ifadələr ağızdan çölə çıxmalıdır. Beləcə, aktiv yaddaşda qalır”.

Parazit sözləri nitqdən çıxarmağın yolu

Gözəl danışmağa mane olan parazit sözləri nitqdən çıxarmaq da çox adamın problemidir. C.Nəzəroğlu bildirdi ki, bu, söz ehtiyatının azlığının göstəricisidir: “Söz ehtiyatı az olduğu üçün bir çox insan fikrini doğru şəkildə ifadə edə bilmir. Aaa, ıııı, eee, mmm kimi səslər çıxarırlar, yaxud bu kimi sözləri həddindən artıq işlədirlər ki, bunlar da çox işləndikdə parazit sözlər hesab olunur. Telefonun ön kamerasını açıb qarşısında otursunlar və nədən gəldi danışsınlar. Xəyalları, tərcümeyi-hal və s. nə istəsələr. Sonra öz səslərinə qulaq assınlar və dəqiqədə neçə parazit səs çıxardıqlarını saysınlar. Bir neçə saat sonra, ya da növbəti gün yenidən kameranı açıb yenə o mövzunu danışsınlar. Növbəti dəfə bu səsləri çıxarmamağa çalışsınlar. Baxsınlar ki, parazit sözdən sonra hansı sözü deyiblər? Bax həmin sözün bol-bol sinonimlərini tapsınlar. Hətta sinonimlər lüğətini alıb özlərində saxlasınlar. Bir sözün bəzən 10-15 qarşılığı olur. Unutdunsa, o birini deyirsən. Nitq daha rəngarəng olur”.

Gözəl danışıqları dinlə

Gözəl danışıq qabiliyyəti olan şəxsləri dinləmək haqqında danışan C.Nəzəroğlu, bunu da effektli üsul adlandırdı: “Youtube”da “Canlı kitab” kanalında aktyor, rejissor Kamal Yaşarın səsləndirməsində çox gözəl kitablar var. Kamal, Azərbaycan dilinin orfoepiyasını yüz faiz bilən 2-3 nəfərdən biridir. Təklif edirəm ki, onun oxuduğu kitabı əldə etsinlər, həm kitabı oxusunlar, həm də eyni vaxtda səsli şəkildə dinləsinlər. Harasa uzaq yola gedəndə, bir işlə məşğul olanda, qulaqlarında davamlı olaraq yaxşı səsləndirilmiş audio kitab olduğu zaman səhv tələffüz etdikləri sözləri öyrənib düzəldə bilərlər”.

Xüsusi vaxt tələb etməyən məşqlər

Bir işə başlayanda, nəticə əldə edəcəyimiz müddəti də düşünürük. C.Nəzəroğlunun sözlərinə görə, 5-6 ay ərzində davamlı, ciddi məşğul olunsa, nəticə əldə etmək mümkündür: “Gündə 3 dəfə buna vaxt ayırmaq lazımdır. Hər dəfə oturanda 15 dəqiqə məşğul olsalar, yetərlidir. Biz adətən elə məşqləri tövsiyə edirik ki, onların vaxtını almasın. Misal üçün oxuduğunuz yeni ifadələri işlədib, səsinizi diktofona yazırsınız. Sonra yol gedərkən qulaqlıqla onu dinləməyiniz yetərlidir. Çox dinlədikcə beyində qalacaq. Bundan başqa, istirahət edərkən, yaxud ev işləri görərkən paralel reallaşdıra biləcəkləri məşqlər tövsiyə edirik. Televizor izləyərkən qarınlarının üstünə kitab qoyub nəfəs alsalar, diafraqma nəfəslərini genişləndirəcəklər və beləcə daha gur səsləri olacaq. Həm də toplum qarşısında çıxış edərkən az həyəcanlanacaqlar. Etmək istəyən adam üçün əngəl yoxdur”.

“KarnegiKlub”un rəhbəri, “Moskva Ritorika və Natiqlik Bacarığı Universiteti”nin aparıcı təlimçisi Nəcəf Allahverdiyev danışıq, natiqliklə bağlı evdə özünü istənilən səviyyədə inkişaf etdirməyin çox çətin olduğunu deyir: “Real insanlar olmalı və onların qarşısında məşq edə-edə öyrənməlisən. Güzgünün, kameranın, evdəki yaxınların qarşısında çıxış edəndə, həmin effekt alınmır. Çünki bir çox halda hamımız evdəkilərin yanında danışa bilirik. Komfort zonasındayıq və real tətbiqi təcrübə qazanılmır. Güzgünün qabağı, kamera qarşısı da effektli deyil. Ya özlərini həddindən artıq bəyənmirlər, ya da həddindən artıq bəyənirlər. Hər iki hal da öyrənmək üçün ziyanlıdır. Mən təlim mərkəzinin rəhbəriyəm və bu təlimləri aparıram deyə, belə çıxa bilər ki, insanları öz təlimlərimizə yönəldirəm. Heç də yox. San-Fransiskoda da biri sual versə, – hansı ki ingilis dilində danışır və natiqlik bacarığı təlimi üçün yanıma gəlməyəcək – onlara da eyni tövsiyəni verəcəm. O adamlarda nəticə yaxşı olur ki, fitri istedadı var və sadəcə olaraq bir az təkmilləşmə lazımdır. Amma heç nə etməməkdənsə, gündəlik evdə danışmaq, söz bazasını genişləndirmək, tapşırıqları evdə fərdi şəkildə etmək lazımdır”.

Yaxşı danışmaq üçün öncə yaxşı oxumalıyıq

Yazıda adı keçən aktyor, rejissor və nitq təlimçisi Kamal Yaşar deyir ki, danışığı inkişaf etdirmək məsələsinə kompleks yanaşmaq lazımdır: “Yaxşı danışmaq üçün öncə yaxşı oxumalıyıq. Bundan da öncə düz oxumaq lazımdır. Yəni biz eyni zamanda həm ağız və nəfəs aparatlarından doğru istifadə etməliyik. Ardınca isə orfoepiya qaydalarını bilməli, daim öyrənməliyik. Əksər adam elə bilir ki, mühüm olan səsdir. Mənsə eyni zamanda səsi də yetərincə yaxşı olan bir qiraətçi kimi deyirəm ki, elə deyil. Səs, ən sonuncu komponentlərdəndir. Hər bir adam mövcud səsiylə aydın və ifadəli danışa bilər. Sadəcə, davamlı zəhmət lazımdır. Ən yaxşı variant ciddi müəllimlə hazırlaşmaqdır. Çünki burda praktik məşğələlər, partnyorla işlər, davamlı fiziki çalışmalar var. Əgər pul xərcləmədən nəyəsə nail olmaq istəyirlərsə, bəlkə də bu da mümkündür. Amma gec nəticə verəcək”.

K.Yaşar praktik ev şəraiti üçün məsləhət də verdi: “İnsanlar danışığa öncə ağız aparatlarını və nəfəsi doğru idarə etməklə başlamalı (“Youtube”da bəzi çalışmalar tapa bilərlər) və bunu edəndən sonra ilk işləri səsli oxu olmalıdır. Oxu o vaxta qədər davam etməlidir ki, oxuduqları özlərinə xoş gəlsin. Bunun üçünsə özlərini duymalıdırlar. Oxuda məqsəd nəql etməkdir. Şirin və aydın nəql. Sanki bir adama macəra, yaxud bir uşağa nağıl danışırmışıq kimi. Bu, ölüncə davam etməlidir. Ən praktik yolu səsli oxudur. Amma təkrar edirəm, adamda nəfəs idarəetmədə problem varsa, alınmayacaq. Bəsit qayda budur ki, nəfəs qarınla, diafraqmayla alınmalıdır. Sinəylə alarkən ağciyərlərin az faizi havayla dolur və danışıq istər-istəməz qısa və qırıq olur. Dili düzəltməyin də maneəli məşğələləri var. Ağızda fındıqla, qələmlə məşğələlər. Dil, çənə və dodaqlar doğru idarə edilməlidir. Artikulyasiya çalışmaları vacibdir. Yəni ev şəraitində bunları əldə etmək olar. Kimsə köklü dəyişiklik istəyirsə, köklü addım atmalıdır. Yüngül ev şəraitində dəyişikliklər üçünsə yuxarıda yazdıqlarım yetərlidir”.

Aygün Asimqızı

Uşağı telefondan necə uzaqlaşdırmalı?

Müasir smartfon və planşetlər nəzarətsiz bir şəkildə uşağın əlindədirsə, psixikada müəyyən problemlərə yol açacaq.

Psixoloqlar uşaqları qadjetlərdən ayırmağın effektiv yollarını təklif edir.

“Medicina” xəbər verir ki, psixoloq Viktoriya Dmitriyevanın sözlərinə görə, çox şey valideynlərin ailədə necə ünsiyyət qurmasından asılıdır.

Uşağınızı smartfonlardan uzaqlaşdırmağın 5 metodu:
Gündəlik cədvəldə qadjetlər və smartfonlar üçün dəqiq vaxt təyin edin.

Uşaqda smartfonla “ünsiyyət” vaxtı gün ərzində eyni olmalıdır. Məsələn, məktəbdən və ya uşaq bağçasından sonra və ya həftə sonları nahardan sonra.

Smartfonu birdən-birə qadağan etməyin.

Heç vaxt telefonu uşağın əlindən götürməyin. Vaxtın tükəndiyini əvvəlcədən xəbərdar etmək lazımdır. Uşağa vaxt qoyduqda, onun sizi eşitdiyinə və saatın neçə olduğunu başa düşdüyünə əmin olmaq vacibdir. Sonra ona xatırlatmağa dəyər ki, 10 dəqiqə qalıb. Yalnız bundan sonra telefonu götürə bilərsiniz. Bu vəziyyətdə, uşağın onu sakit və isteriya olmadan verməsi ehtimalı daha yüksəkdir. Əgər uşaq hələ də saatın neçə olduğunu başa düşmürsə, 15 dəqiqə onun qarşısına qum saatı qoyun ki, qumun necə töküldüyünü görsün.

Bonusları müzakirə edin – Uşağınızı vaxt tamam olmada və xəbər vermədən telefonu verməyə dəvət edin. Məsələn, telefonu təhvil vermək üçün son dəqiqəni qaçırmasan, bonus olaraq növbəti sessiyaya 15 dəqiqə əlavə olunur.

Uşağınızın həyatını daha rəngarəng edin – Uşağınızın real həyatını o qədər maraqlı və əyləncəli edin ki, onun virtual dünyaya qaçmağa nə vaxtı, nə də arzusu qalmasın.

Evdə rahat bir atmosfer yaradın – Uşaqlar real dünyadakı çətinliklərin öhdəsindən gəlmək üçün çox vaxt virtual aləmə üz tuturlar. Əgər uşaq daim tənqid olunursa, valideynlər daim mübahisə edib qışqırırsa, evdə narahat və qorxuludursa, o telefondakı dünyaya aludə olur. Ailədə sevgi, qəbul, rahat mühit, ortaq adət-ənənələr və hobbilər olduqda, smartfonlara aludə olma ehtimalı daha az olur.

Alimlər sübut etdilər ki, ailə üzvlərinin birliyi nə qədər aşağı olarsa (ata səhərdən axşama qədər işdədir, ananın özü həmişə telefonla danışır), uşaqda asılılığın inkişaf ehtimalı bir o qədər yüksəkdir.

Xəbərlər Baxılıb: 678 Tarix: 24 may 2023

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Şikayət necə yazılmalıdır? – QAYDALAR

Hazırda bu və ya digər məsələnin həll olunması ilə bağlı şikayətlə müraciət etmək praktikada geniş yayılmış vasitələrdən biridir. Bu praktikanın müsbət tərəfləri ondan ibarətdir ki, vətəndaşlar öz hüquqlarının qorunmasına daha ciddi yanaşırlar. Digər tərəfdən isə, şikayətlərin çox olması həm də həllini gözləyən səbəblərin kifayət qədər olduğunu göstərir. Hər bir halda, onun şikayətinin əsaslı araşdırılması və adekvat tədbirlərin görülməsi hər bir vətəndaşın arzuladığı məqamlardan biridir.

Bir sıra şəxslər çox tez-tez şikayətlə müraciət etdiklərindən müraciətlərin hazırlanması onlar üçün heç bir çətinlik yaratmır və hesab edirlər ki, ərizə və şikayələrə baxılması prosesini yaxşı dərk edirlər.
Digər bir qism insanlar isə şikayət etmək lazım olduqda çox çətin bir vəziyyətdə düşürlər. Nəticədə onların qarşısında çoxlu suallar yaranır: görəsən, şikayət nəcə olur? Digər sənədlərdən nə ilə fərqlənir? Şikayətdə nələr qeyd edilməlidir? İstədiyimi əldə etmək üçün necə yazsam daha yaxşı olar?

Lakin hər iki kateqoriyaya aid olan şəxslər müraciətlərin tərtib edilməsi zamanı bir çox xətalara yol verirlər.

Şikayət digər sənədlərdən nə ilə fərqlənir?

Şikayət – pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir.

Ona görə də digər müraciətlədən (ərizə, təklif) və sənədlərdən (protokol, pretenziya və s.) aşağıakı xüsusiyyətlərinə görə fərlənir. Belə ki,

1) Siz qanunla müəyyən olunmuş müvafiq hüquqlara maliksiniz.
2) Sizin həmin hüquqlarınız pozulmuşdur.
3) Pozulmuş hüquqlarınızın bərpası və müdafiəsi üçün şikayəti ünvanladığınız orqan və ya vəzifəli şəxs tərəfindən müəyyən hərəkətlərin həyata keçirilməsini gözləyirsiniz.

Şikayəti düzgün tətib etmək üçün nələrə diqqət yetirməliyəm?

Azərbaycan Respublikasının qanunvericiliyi (müraciətə baxan subyektin adı və ya onun vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi, eləcə də müraciət edən fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı (yaxud işlədiyi yer), habelə imzası və tarix istisna olmaqla) yazılı müraciətin hər hansı standart fomada olmasını tələb etmir.
Lakin buna baxmayaraq, şikayətin düzgün tərtib olunması gələcək perspektiv baxımından çox əhəmiyyətlidir.

1. Şikayətin strukturu.

Şikayətiniz bütöv bir mətn kimi görünməməlidir. Onu hissələrə bölərək tərtib etsəniz həm vizual olaraq görünüşü xoş təsir bağışlayar, həm də oxucunun, daha doğrusu, müraciət etdiyiniz orqanın əməkdaşının şikayətinizlə tanış olması prosesini asanlaşdırmış olarsınız.
Şikayət aşağıdakı elementlərdən ibarətdir:
• başlıq – şikayətinizi kimə ünvanlamısınız və siz kimsiniz;
• sənədin adı – mərkəzdə “Şikayət” sözü;
• hadisənin təsviri – hüquqlarınzın pozulmasının mahiyyəti;
• tələb və xahişin özü – bu hissə “Xahiş edirəm” ifadəsi ilə başlamalı, yaxud da həmin ifadə ilə bitməlidir. Yaxşı olar ki, xüsusi olaraq nəzərə çarpması üçün digər hissələrdən ayrı verilsin;
• şikayətə əlavə edilmiş sənədlərin (mövqeyinizi müdafiə edən sübutların) siyahısı;
• tarix və imza.

2. Şikayətdə həyatın bütün çətinliklərindən söz açmağa ehtiyac yoxdur.
Üç vərəqli şikayət yazmayın. İstənilən hadisə və şəraiti bir və ya iki vərəqdən ibarət mətndə təsvir etmək mümkündür. Danışacaq daha çox hekayəniz olsa belə, unutmayın ki, oxumaq üçün nə qədər az vaxt tələb olunarsa müraciətinizin effekti də bir o qədər çox olar.
Şikayət yalnız işin “quru” faktlarını ehtiva etməlidir. Öz vəziyyətinizi kənar, qərəzsiz müşahidəçi kimi nəzərdən keçirin. Elə təsəvvür etməyə çalışın ki, sizə həll edilməsi üçün hansısa riyazi məsələ (yaxud kazus) yazmaq tapşırılıb.

3. Qanunlara istinadlar.
Müəyyən problemi təqdim edərkən hüquqlarınızı qoruyan və tələblərinizi əsaslandıran qanun və qaydaları nəzərə çatdırmağınız çox yaxşı olar. Məhz burada qənaət etmək lazım deyil.
Konstitusiyanın müddəalarından başlaya bilərsiniz (maddə 57 – müraciət etmək hüququ, III fəsil – bütün əsas insan və vətəndaş hüquqları və azadlıqları). Ən əsası odur ki, qeyd edəcəyiniz normalar şikayəinizin mahiyyətinə uyğun olmalı və onlara yerində istinad edilməlidir.
Bununla da, həm mövqeyinizi etibarlı şəkildə əsaslandırmış olursunuz, həm də savadlı və kifayət qədər maariflənmiş bir insan təəssüratı yaradırsınız. Bu, şikayətlərə dair qərar verilərkən heç də az rol oynamır.

Tibb müəssisəsi ilə bağlı şikayətdə əsaslandırılmış mövqe nümunəsi:
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə uyğun olaraq, hər bir qadın hamilələk dövründə, doğuş və doğuşdan sonrakı dövrdə dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin olunur.
Həmin Qanunun 51-ci maddəsinin 3-cü hissəsinə əsasən, müalicə həkimi pasiyentin vaxtında ixtisaslı müayinə və müalicəsini təşkil edir, səhhəti barədə ona məlumat verir, xəstənin, yaxud onun qanuni nümayəndəsinin təkidi ilə məsləhətçi mütəxəssisləri dəvət edir və konsilium təşkil edir.

4. Tələbinizə xüsusi diqqət yetirin.

Çox vaxt vətəndaşlar bu bənddə qənaət edərək tələblərini bir cümlə ilə və ya ən yaxşı halda “Sizdən müvafiq tədbirlər görməyinizi xahiş edirəm” şəklində göstəməklə kifayətlənirlər.
Birincisi, bu halda, səlahiyyətli orqanlar və məmurlar müraciətinizə sadəcə bir şəkildə reaksiya verilməsini istədiyinizi düşünəcəklər. Bəlkə də, hesab edəcəklər ki, hansı konkret nəticəni gözlədiyinizi heç özünüzün də bilmirsiniz.

İkincisi, bu şəkildə qısa və ümumi tələb qoymaqla ünvan sahibinə necə cavab verəcəyini seçmək üçün ən geniş imkanlar təqdim edirsiniz. Bu halda səlahiyyətli orqan tabeçilik üzrə daha aşağı vəzifəli şəxsə müraciətinizi “tədbir görüməsi üçün” göndərə bilər. Axı bu da “müvafiq tədbir” hesab oluna bilər. Gördüyünüz kimi, bununla da probleminiz heç vaxt həll olunmaya bilər.

Bəs nə etmək lazımdır?

Şikayəti ünvanlamaq üçün seçəcəyiniz, yaxud seçdiyiniz orqanının və ya vəzifəli şəxsin hüquq və vəzifələrinin nədən ibarət olduğunu, səlahiyyətlərinin dairəsini müəyyən edən normativ aktlara, qanun və qaydalara nəzər yetirin. Bu elə də çətin məsələ deyil. İnternetdə axtarış sitemlərinin köməkliyi ilə bunları asan şəkildə tapa biləsiniz.
Hüquq və vəzifələr siyahısından probleminizin həll olunması üçün sizə lazım olanları seçin. Başqa sözlə, probleminizlə əlaqədar vəzifəli şəxs nə edə bilərsə və hansı hərəkətləri etməyə borcludursa, onlar arasından həyata keçirilməsini gözlədiyiniz tədbirləri bir bir sadalayın.

5. Müraciətlərə baxılması zamanı vətəndaşların hüquqları.

Müraciətinə baxılan vətəndaşın bir sıra hüquqları vardır. Onlar Qanunla müəyyən olunmuşdur. Lakin onların bir neçəsinin üzərində durmaq istərdim.
Belə ki,

• müraciətin baxılmasına dair sənədlərin və materialların digər şəxslərin hüquqlarına və qanuni mənafelərinə toxunmaması və ya qanunla dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edilməməsi şərti ilə həmin sənəd və materiallarla tanış olmaq;
Yəni, şikayətizə baxılması zamanı siz müvafiq sənəd və mateiallarla tanış ola bilərsiniz, eyni zamanda şikayətinizin yerində araşdırılmasına ehtiyac varsa həmin araşdımada iştirak edə bilərsiniz (əlbəttə ki, yuxarıda qeyd edilən istisnanı gözləmək şərti ilə).
• müraciətin qeydiyyat nömrəsi və daxilolma tarixi barədə, müraciət aidiyyəti üzrə göndərildikdə həmin məktubun qeydiyyat nömrəsi və göndərilmə tarixi barədə məlumat almaq;

Bu hüquq heç də yuxarıda qeyd edilən imkandan geri qalmır. Müraciətin qeydiyyat nömrəsi və daxilolma tarixi barədə məlumat almaq ona istinad edilməsinə, eləcə də vaxtında baxılmasını tələb etməyə imkan verir.

• müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək;
Bəli, sizin hər zaman müraciət barəsində qəbul edilmiş qərardan şikayət vermək hüququnuz var.
İnzabati qaydada, yəni müraciətinizə baxmış dövlət orqanı və ya vəzifəli şəxsin yuxarı orqanı və ya vəzifəli şəxsinə şikayət verə bilərsiz. Həmçinin, müraciətinizə baxılmasından narazı qaldığınız təqdirdə birbaşa məhkəməyə də şikayət edə bilərsiniz.
İkisini birdən də edə bilərsiniz.

Əslində, siz müraciət etdiyiniz orqanı və ya vəzifəli şəxsi probleminizin öz həllini tapmayacağı təqdirdə yuxarı orqanlara şikayət etmək niyyətinizdə olduğunuz barədə məlumatlandıra biləsiniz.
Məsələn: “Şikayətimə qanunla müəyyənləşdirilmiş müddətdə yazılı cavab almasam və göstərilən . tədbirlər görülməsə, işin bütün materialları və ona əlavə edilmiş sübutlarla birlikdə . müraciət edəcəyəm”

Unutmayın ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 7.5-ci maddəsinə əsasən, müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə – müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur.
Ona görə də hər zaman müraciətə verilmiş cavabın əsaslandırımış olmasına diqqət yetirin.

6. Şikayət etmək imkanlarından səmərəli istifadə edin.

Çalışın dəfələrlə eyni məzmunlu müraciətlər ünvanlamaqla özünüzə qarşı etinasızlıq yaratmayasız. Bu hal müraciətlərinizin effektliyini azalda bilər.

Vətəndaşlarımızın hər bir məsələ ilə bağlı eyni anda aidiyyəti qurumdan tutmuş, bütün mərkəzi orqanlara – nazirliklərə və dövlət komitələrinə, Milli Məclisə və hətta ölkə Prezidentinə müraciətlər ünvanlaması adət halını almışdır. Məsələyə bu cür yanaşmanın sizə heç bir faydası yoxdur və dövlət orqanlarının işini lüzumsuz olaraq artırmaqdan başqa bir işə yaramır. Çünki, bu zaman həmin orqanlar müraciətlərin əksəriyyətini onların səlahiyətlərinə aid olmasa da, qanuna və kargüzarlıq qaydalarına uyğun olaraq formal prosedurlardan keçirmək məcburiyyətində qalırlar. Son nəticədə isə bu cür müraciətlər qaldırılan məsələ ilə bağlı səlahiyyətli orqana yalnız aidiyyəti üzrə göndərilir.

Nəzərə alın ki, çoxlu sayda eyni məzmunlu təkrar müraciətlərin mövcud olması müraciətə baxan subyektə imkan verir ki, müraciətiniz baxılmamış saxlanılsın.
Çünki, yuxarıda qeyd edilmiş Qanuna əsasən, vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda müraciət baxılmamış saxlanılır. Ona görə də, yaxşı olar ki, şikayətə ilk olaraq aidiyyəti üzrə ən aşağı orqandan başlayasınız. Müraciətinizə baxılmasından narazı qaldığınız təqdirdə isə şikayət vermək imkanlarınız (instansiyaların) daha geniş olur. Eyni zamanda, yuxarı orqanlar da həmin məsələ ilə bağlı sizin aşağı orqanların imkanlarından tam istifadə etdiyinizi görüb, bu sahədə fəaliyyətin yaxşılaşdırılmasına eytiyac olduğu və növbənin artıq onlarda olduğunu dərk etmək məcburiyyətində qalırlar.

Başqa sözlə, qanununun sizə verdiyi imkanlardan maksimum səmərəli istifadə edin!

Unutmayın ki, Qanuna əsasən, standart olaraq vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.
Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. Müraciətiniz korrupsiya halları ilə əlaqədardırsa, bu barədə müraciət daxil olduqda dövlət orqanının rəhbəri müraciət üzrə xidməti araşdırma təyin etməli və həmin xidməti araşdırma 20 iş günü müddətində başa çatdırılmalıdır. Əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda dövlət orqanı rəhbərinin bu müddəti 10 iş günü uzatmaq hüququ vardır.

Yadda saxlayın ki, müraciətlərinizi aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət etdiyiniz müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır. Həmçinin, barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz.

Nəticə.

Probleminizi həll etməkdə həqiqətən maraqlanırsınızsa, şikayətinizi ciddi şəkildə hazırlayın. Bu zaman qarşınızda duran məqsəd bundan ibarət olmalıdır:

Özünüzü kömək istəyən çarəsiz bir şəxs kimi deyil, öz hüquqları barədə məlumatlı olan bir vətəndaş kimi təsəvvür edin. Əmin olun ki, hüquqlarızı, onların haradan qaynaqlandğını, pozuntunun nədən ibarət olduğunu və bunun hansı faktlar əsasında təsdiq edildiyini, səlahiyyətli şəxslərin və orqanların bu hüquqların həyata keçirilməsini təmin etmək üçün nə etməli olduqlarını, bu hüquqların pozulması halında hansı tədbirləri görməyə borclu olduqlarını, səlahiyyətlərinə əsasən onlardan nə tələb olunmalı olduğunu bilirsiniz. Baxmayaraq ki, müraciətiniz özündə “şikayət” sözünü və “xahiş edirəm” ifadəsini ehtiva edir, tələbin bu şəkildə qoyulmuş olması heç də kimdənsə bir şey istəmək və ya ona yalvarmaq anlamına gəlmir. Əksinə siz qanunla onlara həvalə olunan vəzifələrin icrasını tələb edirsiniz.

Ümid edirəm bu məqalə müraciət edərkən bilməli olduğunuz əsas məqamları anlamağınıza kömək etdi. Müraciətlərinizin sonrakı taleyinin bir hissəsi bu məqamlardan asılıdır.

Absələddin Əliyev

Vəkillər Kollegiyasının üzvü, vəkil

Comments are closed, but trackbacks and pingbacks are open.