Press "Enter" to skip to content

Bir alim ömrünün dəyərli səhifələri

– Məcid İsmixanov Azərbaycanın müxtəlif təhsil sistemləri üçün dərsliklər, dərs vəsaitləri hazırlayan görkəmli alimlərimizdəndir;

Məcid ismixanov pedaqogika

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Məktəbin idarə edilməsi

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Bir alim ömrünün dəyərli səhifələri

İnsanı dünyanın əşrəfi hesab edənlər yanılmamışlar. Ona görə ki, insanların içərisində elələri var ki, onlar həqiqətən yer üzünün əşrəfidirlər. Doğrudur, yer üzünün əşrəfi adına layiq olmayanlar az deyil. Hətta Adolf Hitler kimi bütün dünyada tanına bilirlər, lakin yer üzünün əşrəfi adına layiq görülə bilməyirlər. Yaxud İosif Vissarionoviç Stalin dünyanın ən nüfuzlu siyasətçilərindən biri kimi şöhrət tapsa da onun apardığı irticalar, soyqırım hadisələri ona dünyanın əşrəfi olan insan titulunu qazandırmaqda mane oldu. Azərbaycanın tarixində də belə insanlar olub. Onlar da bu addan məhrum ediliblər. Elələri də olub ki, dünyanın əşrəfi adını qazanmaqla dünya tarixində xüsusi yerə malik olublar. Azərbaycanın ilk alimlərdən biri Əbülhəsən Mərzban oğlu Bəhmənyardan üzü bəri Qətran Təbrizi, Nizami Gəncəvi, Saib Təbrizi, Əssar Təbrizi, İmadəddin Nəsimi, Məhəmməd Fizuli, Seyid Əzim Şirvani, Qasim bəy Zakir, Mirzə Fətəli Axundov, Nəcəfbəy Vəzirov, Cəlil Məmmədqoluzadə, Əliqulu Qəmküsar, Mirzə Kazım bəy, Xudu Məmmədov, Lütfizadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə), Yusif Məmmədəliyev kimi mütəfəkkirlərimiz, dahi şəxsiyyətlərimiz dünyanın əşrəfi sayılan insanlar içərisində adları öndə çəkilən düha sahibləridir.

Öz əsərlərində, o cümlədən dərsliklərində, dərs vəsaitlərində, monoqrafiyalarında, elmi-tədqiqat əsərlərində, mühazirə və seminar məşğələlərində, konfranslardakı çıxışlarında onları təbliğ edərək yaşadan, onlara dünyəvi şöhrət qazandıran müəllimlərimiz də var. Hansı ki, bütün ömrünü yetişən nəslin təhsillənməsinə, tərbiyələnməsinə, inkişafına sərf edən belə müəllimlər dünyanın bənzərsiz əşrəfi kimi dəyərləndirilməlidir. Onlardan biri də Məcid müəllimdir. Məcid müəllim kimdir sualına cavab vermək üçün saatlarla danışmaq, iri həcmli əsərlər yazmaq olar. Çünki onun şərəfli ömrünün dəyərli səhifələri daha çoxdur. Onları da bir–bir vərəqləmək imkan xaricində olduğu üçün bu suala konkret olaraq aşağıdakı şəkildə cavab vermək olar:

– Məcud Abdulla oğlu İsmixanov Azərbaycan jurnalistika məktəbinin ən görkəmli nümayəndələrindən biridir. Vaxtilə “Azərbaycan məktəbi” adlı jurnalın işıq üzü görməsində bənzərsiz fəaliyyəti ilə yaddaşlara həkk olunmuşdur. Onun hazırladığı elmi-metodik xarakterli məqalələr Azərbaycan pedaqoji fikir tarixini zənginləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir;

– Məcid İsmixanov öz pedaqoji fəaliyyəti, ali təhsil sistemində tutduğu mövqeyinə görə fərqlənən görkəmli alimlərdəndir;

– Məcid İsmixanov Azərbaycanın müxtəlif təhsil sistemləri üçün dərsliklər, dərs vəsaitləri hazırlayan görkəmli alimlərimizdəndir;

– Məcid İsmixanovun yaradıcılığında tədris metodik vəsaitlər, bəzən kiçik həcmli lakin böyük dəyəri olan məqalələr, samballı monoqrafiyalar, oxunaqlı kitablar və həmişəyaşar tədris metodik vəsaitlər xüsusi yer tutur.
Əslində, lokonik şəkildə verdiyimiz bu cavabların hər bir qütbünü geniş şəkildə şərh etməklə Məcid müəllimin elmi-pedaqoji fəaliyyətini daha ətraflı, daha obyektiv şəkildə qiymətləndirmək olar. Fikrimizcə, buna da ehtiyac yoxdur. Ona görə ki, ömrünün yarım əsrlik bir müddətini elmi-pedaqoji fəaliyyətə həsr edən bu görkəmli alimi ölkə ictimaiyyəti yaxşı tanıyır. Çünki uzun müddət Azərbaycan radio və televiziya verişləri vasitəsilə, uşaqların, yeniyetmələrin, gənclərin, hətta yaşlıların və ahılların mariflənməsi, şairlərin, yazıçıların, dramaturqların, bir sözlə, görkəmli ədiblərin yaradıcılığındakı təlim-tərbiyə, təhsil örnəklərini təhlil etməklə ictimai mühitin tərəqqisi ilə bağlı tövsiyələr vermiş, mühakimələr yürütmüş, elmi-pedaqoji müddəalar irəli sürmüş, bütövlükdə əsl pedaqoq olduğunu sübuta yetirmişdir. Belə bir görkəmli alimin əmək fəaliyyətini təhlilə cəlb etmək istəsək, onun əmək fəaliyyətini iki istiqamətdə təhlil eləmək lazım gələcək. Birincisi, Sovetlər İttifaqı dövründəki fəaliyyətinə nəzər salmaq lazım gəlir. Hansı ki, o, kommunist rejimi dövründə hamı kimi sifarişlə işləmiş, göstərişlərə əməl etmiş, tapşırıqları məsuliyyətlə yerinə yetirmişdir. Amma bütün fəaliyyəti boyu obyektivliyini, dəqiqliyini, saflığını, vicdanlılığını, əqidə bütövlüyünü qorumuşdur. Sovetlər İttifaqı dövründə əxlaqi saflığına və mənəvi bütövlüyünə görə belə ziyalıları barmaqla saymaq olardı.

Məcid müəllimin əmək fəaliyyətinin ikinci istiqaməti, başqa sözlə desək ikinci dövrü müstəqillik illəri ilə bağlıdır. Yəni müstəqillik qazandığımız ilk illərdən etibarən Məcid müəllimin elmi potensialındakı dinamik inkişaf, pedaqoji fəaliyyətindəki modern tərəflər daha parlaq şəkildə özünü göstərmişdir. Müstəqillik qazandığımız ilk onilliklərdə Məcid İsmixanovun fəaliyyət arenasına diqqət etsək, onun nə qədər böyük istedad sahibi olduğunu, daxili enerji imkanlarının geniş olduğunu, elmi-pedaqoji işə olan məhəbbətinin gücünü görmüş olarıq. Müstəqillik illərində Məcid müəllimin çap olunan əsərləri içərisində “Pedaqogika (Didaktika)”; “Məktəbin idarə edilməsi”; “Pedaqogikanın əsasları”; “Pedaqoji etika”; “Sosial pedaqogika”; “Ümumi təhsil kurikulumunun əsasları”; “Təhsilin əsasları”; “Müəllimlik ixtisasına giriş”; “Azərbaycan dili (Ümumtəhsil məktəblərinin I sinifləri üçün)”; “Ali məktəb pedaqogikası”; “Azərbaycan dili”; “Pedaqoji terminlərin izahlı lüğəti”; “Higher school pedagogy (textbook)”; “Universitet tələbələrinin pedaqoji praktikası”; “İnsan xarakteri və münasibətləri”; “Ümumtəhsil məktəblərinin I sinifləri üçün müstəqil iş dəftəri”; “Bakalavr pilləsində təcrübəçi tələbələrin tədris-tərbiyə işi”; “Pedaqogika kursu üzrə sxemlər”; “Magistrantların elmi-pedaqoji təcrübəsi”; “Ali məktəb pedaqogikası fənnindən sxemlər”; “Təlimdə şagirdlərin müstəqil işinin fizioloji əsasları”; “Pedaqoji nəzəriyyə və təcrübədə təhsilalanların təlim-idrak müstəqilliyi problemi” kimi əsərlərinin hər biri Azərbaycan təhsilinin, Azərbaycan pedaqoji elminin ayrı-ayrı cəhətlərini, sistemli inkişaf tərəflərini, yetişən nəslin təlimi-təhsili-tərbiyəsi ilə bağlı dəyərli fikirlərini, bənzərsiz metodik göstərişlərini və pedaqoji fikir tariximizi zənginləşdirən düşüncə tərzini görmüş olarıq. Məcid müəllimin milli pedaqogikamıza münasibəti haqqında ayrıca danışmaq lazım gəlir. Müstəqillik illərində yazılan “Pedaqogika” dərslikləri və dərs vəsaitləri içərisində Məcid müəllimin nəşr etdirdiyi “Pedaqogikanın əsasları” adlı dərs vəsaiti xüsusi yer tutur. Ona görə ki, bu dərs vəsaiti ölkəmizdə bu günə qədər nəşr olunan və ali məktəb tələbələrinin istifadəsində olan dərsliklərdən seçilir, fərqlənir. Nəzərdə tutduğumuz seçilmələr və fərqlənmələr yalnız və yalnız üstünlükləri göstərən meyarlar kimi dəyərləndirilməlidir.

Yeri gəlmişkən qeyd etməliyik ki, ölkəmizdə ilk “Pedaqogika” adlı dərs vəsaitini 1939-1941-ci illərdə ilk qadın pedaqoqlarımızdan biri İ.İrzaquluyeva hazırlayaraq çap etdirmişdir. “Pedaqoji” adı altında nəşr olunan bu dərs vəsaiti ilk təcrübə nümunəsi olduğu üçün onun qüsurlarından söz açmaq düzgün deyil. Əslində bu qüsurları xatırlatmaq ədəb-ərkan qaydalarına uyğun olmasa da, xatırlatmaq lazım gəlir. Çünki, həmin dövrlərdə ali məktəb tələbələrini qane etməyən bu dərs vəsaitinin əvəzinə Akademik Mehdi Mehdizadənin rəhbərliyi ilə iki cildlik “Pedaqogika” adlı dərs vəsaiti hazırlanaraq çap olundu. Açığını etiraf etmək lazımdır ki, iki hissədən ibarət olan bu dərs vəsaitlərinin də ömrü bir o qədər uzun olmadı.

50-ci ilin sonlarından 60-cı illərin əvvəllərinə qədər ali məktəblərdə pedaqoji kadr hazırlığında istifadə olunan bu dərs vəsaitini əvəz edən professor Mərdan Muradxanovun komandası tərəfindən hazırlanaraq çap etdirilən “Pedaqogika” adlı dərs vəsaiti oldu. Etiraf edək ki, ali məktəblərdə kadr hazırlığı işinə xidmət edən bu dərs vəsaitinin ömrü daha uzun olmuşdur. Hətta bu gün də bu dərs vəsaiti elmi-pedaqoji işçilərin və pedaqogika sahəsində tədqiqat aparanların bir qisminin stolüstü kitabıdır. Ondan sonra Bəşir Əhmədovun Ağababa Rzayevlə birgə hazırlayaraq nəşr etdirdikləri “Pedaqogikadan mühazirə konspektləri” adlı dərs vəsaiti ilə Sovet dövrünün pedaqogika estafeti tamamlanmış oldu.

Müstəqillik illərində “Pedaqogika” adlı ilk dərs vəsaitini professor Yusif Talıbov hazırladı. Təəssüf hissi ilə qeyd etməliyik ki, daha 3 müəllifin qoşulduğu bu dərs vəsaiti Sovet dövründə hazırlanan dərs vəsaitlərindən bir o qədər fərqlənmədiyi üçün pis qarşılanmasa da sensasiyalara da səbəb olmadı. Daha sonra Nurəddin Kazımov, Əliheydar Həşimov, Fərahim Sadıqov, Hikmət Əlizadə, Akif Abbasov, Fərrux Rüstəmov, Əmrulla Paşayev, Ləzifə Qasımova kimi görkəmli professorlarımız tərəfindən hazırlanaraq çap etdirilən “Pedaqogika” adlı dərslik və dərs vəsaitlərinin yüksək səviyyədə qəbul edilməsi böyük məmnuniyyətlə qeyd olunmalıdır. Böyük məmnuniyyətlə o da qeyd olunmalıdır ki, bu müəlliflərin içərisində ölkəmizin birinci Universiteti, yəni Ana Universitetimiz olan Bakı Dövlət Universitetinin aparıcı kafedralarından biri sayılan Pedaqogika kafedrasının professoru Məcid İsmixanov da vardır. Maraqlı cəhət odur ki, onun hazırlayaraq nəşr etdirdiyi dərs vəsaiti “Pedaqogika” yox “Pedaqogikanın əsasları” adlanır. Dərs vəsaitinə bu adı qoyan alimin, müəllifin təvazökarlığı göz önünə gəlir. Ona görə ki, müəllif doğrudan da pedaqogikanın bütün sahələrinə dair əsas ideyaları dərs vəsaitinə topladığı üçün onun adını pedaqogikanın əsasları qoymuşdur. Hansı ki, bu əsasların hər birini nəzərdən keçirdikdə onların mahiyyətində, məzmununda müasirlik və təhsilin modernləşdirilməsinə xidmət edən ideyaların yer aldığını görərik. Yeri gəlmişkən qeyd olunmalıdır ki, əslində təhsilin əsasları haqqında ən sanballı dərsliyin müəlliflərindən biri də professor Məcid İsmixanovdur. Onun S.Vəliyeva və E.Mollayeva ilə birlikdə ali məktəblərin bakalavr pilləsi üçün hazırladığı “Təhsilin əsasları” adlı dərslikdə təhsilin həm tarixi, həm nəzəri, həm də praktik məzmunu öz əksini tapmışdır. Ona görə ki, 3 hissədən ibarət olan bu dərslikdə professor Məcid İsmixanov başda olmaqla müəlliflər heyəti birinci hissəni təhsilin metodoloji əsaslarına həsr etmişlər. Bu hissədə təhsilin tarixi, dövlətin təhsil siyasəti, təhsilin fəlsəfi, sosial-iqtisadi, psixoloji əsasları müfəssəl şəkildə aydınlaşdırmaqla yanaşı təhsil sisteminin strukturu və bu sistemin müasirləşdirilməsi istiqamətlərini də qaneedici bir şəkildə şərh etmişlər.

Dərsliyin ikinci hissəsində təhsilin keyfiyyəti və ona təsir göstərən əsas amillər yer alır. Dərslikdə haqlı olaraq müəlliflər tərəfindən müasir təhsil texnologiyaları və informasiya kommunikasiya texnologiyaları, onların tətbiqi imkanları ilə bağlı müəllimlərə, metodistlərə və bu sahədə çalışanlara çox dəyərli tövsiyələr, informasiyalar verilir. Bu hissədə təhsildə monitorinq və qiymətləndirmənin aparılması ilə bağlı verilən elmi ideyalar, maraqlı tövsiyələr Azərbaycan təhsilinin modernləşdirilməsi sahəsində irəli atılan uğurlu addımlar kimi dəyərləndirilməlidir. Dərsliyin üçüncü hissəsində təhsilin idarə edilməsi və iqtisadiyyatı ilə bağlı verilən nəzəri məlumatlar da yeniliklərlə zəngin olan məlumatlar kimi dəyərləndirilməlidir. Bütün bunlar deməyə əsas verir ki, professor Məcid İsmixanovun müstəqillik dövründə çap olunan əsərlərində onun novatorluğunun cizgilərini görmək olur. Əlbəttə ki, belə novator alimlərin elmi ideyaları əsirlər və minillər boyu yetişən nəsillərin təhsillənməsinə öz töhfəsini verəcəkdir.

Qeyd olunanları isə bir professorun, Azərbaycan xalqının görkəmli ziyalısının şərəfli ömrünün dəyərli səhifələri kimi qiymətləndirir, ona bu yolda uzun ömr və can sağlığı arzulayırıq.

Fərahim Sadıqov,

Bakı Elm-Təhsil Mərkəzinin Prezidenti,
pedaqogika elmləri doktoru, professor,
Akademik Yusif Məmmədəliyev mükafatı
laureatı

Comments are closed, but trackbacks and pingbacks are open.