Press "Enter" to skip to content

AZƏRBAYCAN MƏDƏNİYYƏTİ

Azərbaycan ədəbiyyatı ilə sıx bağlı olan sənət növlərindən biri də teatr sənətidir. Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar) təşkil etmişdir. Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.​Kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan “Lənkəran xanının vəziri” və “Hacı Qara” tamaşalarından başlanır. Mürəkkəb inkişaf yolu keçmiş Azərbaycan teatrının repertuarı bu gün daha da genişlənib. Tamaşaçıların zövqünü oxşayan müxtəlif tamaşaları bu gün Azərbaycanda fəaliyyət göstərən Akademik Milli Dram Teatrında, Bələdiyyə teatrında, Rus Dram Teatrında, Pantomim teatrında, Gənc tamaşaçılar teatrında və digər teatrlarda seyr etmək mümkündür.

Mədəniyyət anlayışı və ona tarixi yanaşma

Mədəniyyət nəzəriyyəsi «mədəniyyət» anlayışının tərifi və şərhi ilə başlayır. «Mədəniyyət» anlayışının izahında ilk diqqət bu terminin çoxmənalılığı və çoxəhəmiyyətliliyinə verilir. «Mədəniyyət» anlayışının tərifi yüzlərlədir. Həmin anlayışın tərifi öncə bu terminin mənşəyi ilə bağlıdır. «Mədəniyyət» anlayışının tədqiqi, onun həm elmi, həm də həyati, praktiki mahiyyətinin dəqiqləşdirilməsi bir sıra elmlərin – antropologiya, arxeologiya, etnologiya, dilçilik, psixologiya, tarix, fəlsəfə, mədəniyyət fəlsəfəsi, mədəniyyətin sosiologiyası və digər sahələrin öyrənilməsi ilə də çox sıx bağlıdır. Bu elm sahələrinin tədqiqatçılarının fikirlərini eyni məxrəcə gətirən amillərdən birini, məhz «mədəniyyət» anlayışının təyinatının eyni məzmunda izahı təşkil edir. Beləliklə, «mədəniyyət» – latınca «kultura» (cultura) sözündən olub, işləmə, qulluqetmə, yaxşılaşdırma, həmçinin tərbiyə, inkişaf, tərəqqi deməkdir. Bu anlayışın mənşəyi isə «kolo», «kolere» (kolo, kolere) sözlərindən gələrək torpaqşünaslıqla məşğul olma, torpaqla işləmək, burada çalışmaq, «kultus» – «təzədən işlənmiş» mənalarını ifadə edir. Qədim latın dilində həmin söz məhz bu mahiyyəti kəsb edərək «aqri kultura» (aqri kultura) mənasını, yəni torpağı əkinə hazırlamaq fikrini izah edirdi. Bu fikri qətiləşdirməkdə bizə kömək edən əsas informasiya mənbəyi dövrümüzə gəlib çatan Mark Porsi Katonun kənd təsərrüfatı məsələlərinə həsr edilən eyni adlı «De aqri kultura» əsəridir.
«Kultura» sözünə qədim romalılar özünəməxsus şəkildə tərif vermişlər. Digərlərindən fərqli olaraq onlar «kultura»ya insan fəaliyyətinin ümumiləşdirilmiş tərifini vermişlər. Bu, fəaliyyətin müxtəlif sahələrini əhatə etməklə «texne», «mimesis», «paydey» təsəvvürləri ilə əlaqədar idi. «Kultura»nı hər hansı bir obyektin insan tərəfindən dəyişdirilməsi, yenidən yaradılması kimi qəbul edirdilər. Bu mənada «kultura» anlayışını nəzəri termin kimi ədəbiyyata ilk dəfə b.e.ə. 45-ci ildə roma natiqi, ritorikanın görkəmli banisi, filosof Mark Tulli Siseron gətirmişdir. Onun «Tuskulan söhbətləri» əsərində bu anlayış məcazi mənada işlədilmişdir. Belə ki, Siserona görə, «kultura» insan zəkasının reallaşmasının özünəməxsus təzahürüdür. Kəndlilər torpağı becərib, ona qulluq edib, məhsul yığdıqları kimi, insanlar da beyinlərini hərəkətə gətirərək, ruhunu təkmilləşdirərək əsil mədəniyyət yaradırlar. Məhz bu xüsusiyyətinə görə M.T.Siseronun məşhur ifadəsi belə səslənir: «Düşüncə mədəniyyəti- fəlsəfədir.»
Tarixi inkişafın sonrakı mərhələlərində mədəniyyətin digər sahələrinə aid terminlər formalaşmağa başladı: «sivilizasiya», «təhsil», «tərbiyə», «tərəqqi», «inkişaf» və s. Qədim xalqlardan biri hesab edilən və Şərq sivilizasiyasının aparıcı dirəklərindən olan çinlilər və hindlilər də «mədəniyyət» anlayışını öz fəlsəfi nəzəriyyə və təlimlərinə müvafiq mənalandırmışlar. Belə ki, qədim çinlilərdə bu söz «jen», Hindistanda «dharma» anlayışı ilə, türklərdə isə «kultür» formasında ifadə olunur. Çox qəribədir ki, mənşəcə soy kökü türk olan bizim xalqın dilində «kultura» anlayışı «mədəniyyət» sözü ilə ifadə olunaraq ərəb dilindən gətirilib. Belə ki, ərəb dilində «mədinətun» anlayışı «şəhər» sözü ilə bağlıdır. Bu, xam vəziyyətində olanın insan əli ilə dəyişdirilməsi, təkmil formaya salınması mənasını verir.
Bununla yanaşı, şəhər münasibətləri, şəhərin həyat tərzi səhra əhalisinin, bədəvilərin kobudluğuna, onların qaba həyat tərzinə qarşı istiqamətləndirilirdi. «Kultura», «mədəniyyət» anlayışlarının «şəhər» sözü ilə əlaqələndirilməsi digər tərəfdən antik polislə bağlı idi. Belə ki, polis – qədim sivilizasiyada tərəqqinin sinonimi kimi işlənərək şəhərin azad vətəndaşları kimi qəbul olunurdu. Onların əsas borcunu şəhərin qayda-qanunlarına tabe olmaq, onları qorumaq, xidməti işlərdə layiqincə qulluq etmək, xalq yığıncaqlarında yaxından iştirak təşkil edirdi. Belə şəhərlərdə mədəniyyət «tərbiyə», «kult» (sitayiş ayin), «becərmə» mənalarını ifadə edirdi. Digər tərəfdən «kultura» ifadəsinin başqa etimologi mənalarından birini şərəf, sitayiş, kult təşkil etdiyindən onu, həm də «dini sitayiş» anlamında qəbul etmək zəruridir.
«Kultura» sözünün dinlə, dini sitayişlə bağlılığına istinad edən bir çox müəlliflər, xüsusilə, müasir dinşünas alim A.Men belə hesab edir ki, hər bir mədəniyyətin tamamlanması üçün «inam» hissi və əqidəsi başlıca yer tutmalıdır. Bir çox müəlliflər isə, belə hesab edirdi ki, dini əqidəsi, inamı olmayanı mədəni hesab etmək düzgün deyil. «Mədəniyyət» sözünün təhlilində bu fikirlərin hansının düzgün olub-olmamasından asılı olmayaraq bir fikir diqqətəlayiqdir ki, həmin anlayışın mahiyyətinin düzgün dərk edilməsində yuxarıda söylənənlərin hər birinin özünəməxsus obyektiv qiyməti vardır. İstər fəlsəfə tarixində, istərsə də digər humanitar elm sahələrində «mədəniyyət»lə bağlı problemlərə toxunan tədqiqatçılar bu hadisəni ictimai-tarixi proses kimi təhlil edərək onun mahiyyət və məzmununun dərin şərhini vermişlər. Məhz elə buna görədir ki, müasir kulturologiyada «kultura» və ya «mədəniyyət»in yüzlərlə tərifi məlumdur. Bu, hər şeydən əvvəl həmin fenomenin çoxhüdudluğu, çoxaspektliliyi ilə izah edilir.
«Mədəniyyət» anlayışının müasir anlamı ilk dəfə Almaniyada öz təsdiqini tapmışdır. Artıq XVIII əsrin axırlarında bu söz alman ədəbiyyatında iki mənada – birincisi, bilik və peşələrin köməkliyi ilə təbiət üzərində hökmranlıq, ikincisi isə, şəxsiyyətin mənəvi zənginliyini bildirirdi. «Kultura» sözünün bu mənaları yavaş-yavaş bütün Avropa dillərinə daxil oldu. Mədəniyyət fenomeninin müxtəlif aspektlərdən tədqiqi müasir kulturologiyada özünəməxsus yer tutan sahələrdən birinə çevrilmişdir. Bu tədqiqatları birləşdirən vahid amil onun tarixi proses kimi qəbul edilməsidir. Mədəniyyətin qeyri-biologi təbiətə malik olması və irsən əldə edilmiş ictimai əxlaq vasitəsilə həyata keçirilməsi fikri ilə bu sahə üzrə məşğul olan bütün tədqiqatçılar razıdır.
Ümumiyyətlə, mədəniyyəti ictimai- tarixi proses kimi tədqiq edən kulturoloqlar bu fenomenə müxtəlif aspektlərdən yanaşmışlar ki, bunları da aşağıdakı kimi təsnif etmək mümkündür: Mədəniyyətə antropoloji mövqedən yanaşma bu fenomenin insan təbiətinin təzahürü kimi şərhini nəzərdə tutur. Mədəniyyətə fəlsəfi-tarixi aspektdən yanaşma isə onun fəaliyyət prosesi kimi dərkini nəzərdə tutur. «Hərəkət», «fəaliyyət» reallığın, tarixin bilərəkdən dəyişdirilməsi kimi başa düşülür. Mədəniyyət haqqında daha geniş yayılmış təsəvvür insan fəaliyyətinin nəticəsi ideyasıdır. Bu ideyanı müxtəlif aspektdən şərh edənlər də var. Belə ki, bəzi tədqiqatçılar mədəniyyəti yalnız yaradıcı fəaliyyəti özündə əks etdirən fəaliyyət növü kimi dəyərləndirirsə, bir qisim tədqiqatçılar isə, reproduktiv fəaliyyəti də (yenidən hazırlama, üzünü çıxartma, təkrarlama) mədəni fəaliyyət kimi qiymətləndirir.
Mədəniyyət fenomeninə sosioloji yanaşma onun ictimai həyatın təşkili amili kimi başa düşülməsinə imkan yaradır. cəmiyyət mədəni dəyər və sərvətləri yaradır, onlar isə öz növbəsində həmin cəmiyyətin inkişafını müəyyənləşdirir; dil, inam, estetik zövq və tələbatlar, biliklər, peşəkarlıq, müxtəlif adət və ənənələr. Bütün bu ənənəvi yanaşmalardan başqa mədəniyyətin öyrənilməsində aksioloji (və ya dəyərləndirmə) yanaşma da tədqiqatçılıqda mühüm mövqe tutur. Mədəniyyətə bu mövqedən yanaşma həmin fenomenə müəyyən dəyər və sərvətlərin kompleksi kimi dərkini nəzərdə tutur. Mədəniyyətin strukturu və ona yanaşmada dəyərlərin rolu qiymətləndirici məqamlarına görə müstəsnalıq təşkil edir. Bunlar ideal təsəvvürləri ilə uyğunlaşdırılaraq insan həyatına məna verirlər.
Beləliklə, mədəniyyəti aksioloji mövqedən dərk etmək bəşəriyyət tərəfindən məqsədyönlü yaradılmış, qorunmuş və inkişaf etdirilmiş dəyər və sərvətlər toplusunun tanınması deməkdir.

  • Teqlər:
  • mədəniyyət tarixi

AZƏRBAYCAN MƏDƏNİYYƏTİ

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir.

Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı-ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.

Azərbaycan xalqının zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birini onun həyat və məişəti, gündəlik güzəranı ilə bağlı olan xalq sənətləri tutur. Ən qədim dövrlərdən zəmanəmizədək davam edən bu sənət növü xalqın geyimindən tutmuş müxtəlif təsərrüfat məmulatı və bəzəyinə qədər böyük bir sahəni əhatə edir.

Təbiidir ki, xalqımızın məişət xüsusiyyətləri, estetik zövqü, bir sözlə milli siması, mənliyi bu sənət növündə özünü xüsusilə parlaq şəkildə büruzə verir. Təsadüfi deyil ki, indi dünyanın ən zəngin muzeylərində Azərbaycan xalq sənətkarlığının bir çox gözəl nümunələri ilə rastlaşmaq olur. Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, Vyananın, Romanın, Berlinin, İstanbulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar.

Xalqımızın əməyi sayəsində yaranıb onun həyat və məişətində geniş istifadə edilən el sənətimizin böyük və zəngin bir tarixi var. Naxçıvan, Mingəçevir, Gədəbəy, Qazax, Gəncə və s. yerlərdən əldə edilmiş metaldan düzəldilmiş sənət əsərlərinin yaşı 5000 ilə yaxındır. Bu ərazilərdən tapılmış qab-qacaq, silah və bəzək nümunələri tək bir tarixi fakt kimi deyil, həm də onu yaradan sənətkarın ustalıq bacarığından məlumat verən qiymətli mənbədir.

Azərbaycan ərazisində qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri göstərir ki, əcdadlarımız hələ eramızdan əvvəl II minillikdə tuncdan zərif formalı qablar, xəncərlər, baltalar, kəmərlər və s. zinət əşyaları düzəldib öz həyat və məişətində istifadə edirlərmiş. Bunlar isə misgərlik və zərgərlik kimi sənət növlərinin qədimliyindən xəbər verir. Metaldan düzəldilmiş sənət nümunələri içərisində elələri vardır ki, onların üzərində olan bəzək və təsvirlərlə biz o dövrdəki insanların adət-ənənələri, dini görüşləri və hətta geyimləri ilə yaxından tanış ola bilərik.

Xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xüsusiyyətləri öz əksini geyimlərdə tapır. Bu xüsusiyyət həm müəyyən formalı geyim və onun bəzəklərində, həm də bədii tikmə, toxuma və toxuculuqda özünü büruzə verir. Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı tunc dövrünün əvvəllərinə aid (e.ə.III minillik) tuncdan hazırlanmış iynə və biz tapılmışdır. Bu tapıntılar sübut edir ki, Azərbaycanın qədim sakinləri özlərinə paltar tikməyi bacarırdılar. Kültəpədən və Mingəçevirdən (e.ə. II minillik) tapılmış gildən kiçik heykəllər və Mingəçevirdən tapılmış e.ə. V əsrə aid möhür-barmaqçıllar o dövrün geyimləri haqqında müəyyən təsəvvür yaratmağa imkan verir. Eramızın V-VI əsrlərinə aid olan Mingəçevir katakomba qəbirlərindən isə müxtəlif ipək parçalardan tikilmiş geyimlərin qalıqları tapılmışdır. E.ə. III-IV əsrlərə aid qızıldan hazırlanmış çoxlu miqdarda bəzək şeyləri və gildən ayaqqabı formasında qayrılmış qabların tapılması azərbaycanlıların hələ çox qədim zamanlardan yüksək maddi mədəniyyətə malik olduqlarını sübut edən əsaslı dəlillərdəndir.

Misdən, tuncdan, qızıldan düzəldilmiş ev avadanlığının və zinət əşyalarının üzərinə həkk olunmuş müxtəlif rəsmlər Azərbaycanda hələ qədim zamanlarda təsviri sənətin mövcud olduğunu sübut edir.

Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzədilmiş at fiqurunun (e.ə. II minillik) üzərində gül-çiçək təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənli təpəsindən aşkar edilmiş qızıl camın (e. ə. I minillik) səthində üstünə çul salınmış şir təsviri və başqa tapıntılar Azərbaycanda xalq sənətinin nə qədər qədim tarixə malik olduğunu göstərir.

Arxeoloji qazıntılar zamanı Mingəçevirdən I-III əsrlərə aid katakomba qəbirlərdən palaz və xalça qalıqları aşkar edilmişdir. Arxeoloji materiallara və yazılı mənbələrə əsasən, Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu – I minilliyin əvvəllərində) məşğul olmuşlar. Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat vermişlər. Müxtəlif dövrlərdə Azərbaycanın ayrı-ayrı xalçaçılıq məktəblərində (Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz) toxunulmuş xalçalar bu günədək öz gözəlliyi ilə insanları valeh edir. Onların bir çoxu dünyanın məşhur muzeylərində mühafizə olunur.

Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustan qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri — piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik, uzun tarixi dövrü əhatə edir.

Azərbaycan qədim zamanlardan bəri təsviri sənət əsərləri ilə yanaşı, xalq sənətinin bir qolu olan memarlıq əsərləri ilə də zəngindir. Bakıdakı Qız qalası və Şirvanşahlar sarayı kompleksi, memar Əcəminin Naxçıvanda yaratdığı Möminə xatun və Yusif ibn Küseyir türbələri, Şuşadakı Pənahəli xanın sarayı, Natəvanın evi, Şəki xanları sarayının divarındakı rəsmlər və s. memarlıq sənətinin nadir inciləridir.

Qobustan qayaüstü təsvirləri arasında “Yallı” (rəqs) oynayan insanların təsviri xüsusi maraq doğurur. Bu təsvirlər Azərbaycan xalqının qədim dövrlərdən musiqiyə olan marağından xəbər verir.

Zəngin mədəni irsə malik olan Azərbaycan xalqının Vətəni Odlar yurdu, eyni zamanda sehrkar musiqi diyarı kimi də məşhurdur. Dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycan musiqisinin çoxəsrlik ənənələri vardır. Bu ənənələri nəsildən-nəsilə yaşadaraq böyük və zəngin bir irs yaradan xalq musiqi yaradıcılarının Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olmuşdur. Azərbaycan milli musiqi sənətində xalq mahnıları, rəqslər, aşıq yaradıcılığı da özünəməxsus yer tutur. Azərbaycan milli musiqisinin təməl daşı, onun bünövrəsini muğamlar təşkil edir. Təsadüfi deyildir ki, 2003-cü ildə BMT-nin ixtisaslaşmış təşkilatı olan UNESCO Azərbaycan muğamını bəşəriyyətin mədəni irs siyahısına daxil etmişdir.

Qədim zamanlardan milli musiqimiz ədəbiyyatla birgə inkişaf etmişdir. Məsələn, muğam Şərq poeziyası ilə birgə inkişaf etmişdir. Belə ki, muğam ifa olunarkən xanəndələr Azərbaycan xalqının Nizami, Xaqani, Nəsimi, Füzuli kimi qüdrətli şairlərinin qəzəllərini oxumuşlar. Milli poeziyanın janrları olan qoşma, müxəmməs, ustadnamə, qəfilbəndlə yanaşı, onun poetik formaları olan gəraylı, divani, təcnis aşıqların sevimli ifa tərzidir. Klassiklərimizin və müasirlərimizin yaratdıqları ədəbi əsərlər dünya mədəniyyəti xəzinəsində özünəməxsus şərəfli yer tutur. M.V.Vidadinin, M.P.Vaqifin, Q.Zakirin, M.F.Axundovun, N.Vəzirovun, M.S.Ordubadinin, M.Ə.Sabirin, C.Məmmədquluzadənin və bir çox başqa şair və yazıçılarımızın yaratdığı əsərlər indi də öz yüksək bədii-estetik əhəmiyyətini itirməmişdir.

Azərbaycan ədəbiyyatı ilə sıx bağlı olan sənət növlərindən biri də teatr sənətidir. Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar) təşkil etmişdir. Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.​Kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan “Lənkəran xanının vəziri” və “Hacı Qara” tamaşalarından başlanır. Mürəkkəb inkişaf yolu keçmiş Azərbaycan teatrının repertuarı bu gün daha da genişlənib. Tamaşaçıların zövqünü oxşayan müxtəlif tamaşaları bu gün Azərbaycanda fəaliyyət göstərən Akademik Milli Dram Teatrında, Bələdiyyə teatrında, Rus Dram Teatrında, Pantomim teatrında, Gənc tamaşaçılar teatrında və digər teatrlarda seyr etmək mümkündür.

Müasir dövrümüzün ən maraqlı və ən populyar incəsənət növü hesab edilən kino xalqımızın həyatına nüfuz etmiş və onun ayrılmaz hissəsinə çevrilmişdir. Digər sənət növlərinə nisbətən yeni olan kinematoqrafiya tamaşaçı qarşısında insan qəlbinin dərinliklərini və yeni həyat üfüqlərini açıb göstərir. Milli kinomuz ildən-ilə zəngin təcrübə toplamış, xalqımızın həyatını və problemlərini əks etdirən müxtəlif növ və janrda xeyli əsər yaradılmışdır. Bu filmlər gələcək nəsillər üçün saxlanılmış, xalqımızın mənəvi sərvətinə çevrilmişdir.

Azərbaycan incəsənəti xalqımızın tarixi qədər qədim və zəngindir. Uzun və mürəkkəb inkişaf yolu keçmiş teatr, kino, musiqi və xalq sənətinin müxtəlif növlərinin tətqiqi Azərbaycan xalqının yüksək mədəni irsə malik olmasını sübut edir. Bunu dünyanın nüfuzlu təşkilatlarında da sübuta yetirir. Azərbaycan Respublikası 3 iyun 1992-ci ildə UNESCO-ya üzv qəbul edilmiş, 1996-cı ildən isə əməkdaşlığa başlamışdır.

Azərbaycan UNESCO-nun Ümumdünya İrsi obyektləri siyahısına 2 qeyri-maddi mədəni irs — Şirvanşahlar sarayı və Qız Qalasının yerləşdiyi İçərişəhər və Qobustan qayaüstü incəsənət nümunələri daxil edilib.

Eyni zamanda qeyri-maddi mədəni irs siyahısına 11 element daxil edilib:

1. Azərbaycan muğamı (2008)
2. Azərbaycan aşıq sənəti (2009)
3. Novruz bayramı (2009)
4. Azərbaycan xalça toxuculuğu ənənəvi sənəti (2010)
5. Azərbaycan tar ifaçılıq sənəti (2012)
6. Qarabağ atı ilə oynanılan Çovqan atüstü oyunu (2013)
7. Qadın başörtüyü kəlağayının düzəldilməsi və geyinilməsi ənənəvi incəsənəti və onun simvolizmi (2014)
8. Lahıc misgərlik sənəti (2015)
9. Lavaş (2016)
10.Kamança (2017)
11.Dolmanın hazırlanması və paylaşma ənənəsi (2017)

“Dünyanın yaddaşı” siyahısına isə bir element daxil olub. Bu da təbiət və əczaçılıq işi üzrə orta əsr əlyazmalarıdır. Onlar Bakı şəhərində yerləşən Məhəmməd Füzuli adına AMEA Əlyazmalar İnstitutunda saxlanılır. Kolleksiyada 12 minə yaxın qiymətli əlyazma mövcuddur.

Güman edirik ki, Azərbaycanın mədəni irsi dünya tərəfindən tanınmaqda davam edəcək, çünki sərvətimiz bitib tükənmək bilməyən zənginliklərlə doludur!

Mədəniyyət Tarixi

Öncə bildirək ki, ərkivanlılar bir neçə dəfə Masallı Rayon Mədəniyyət Şöbəsinin müdiri vəzifəsində çalışıb. Öncə bu vəzifədə Abuzər Mikayılov, daha sonralar qısa müddətə Qardaşxan Zeynalov, nəhayət Talıb Əliyev işləyib. Ərkivanlı mədəniyyət işçiləri sırasında ən yüksək adı Ramazanlı alim Nadir Məmmədovun qızı Lalə Məmmədov qazanıb. O, Respublikanın Əməkdar Artisti adına layiq görülüb. Ərkivanlı müğənnilər arasında Nəriman Məmmədovu, onun oğlu Azər Nəriman oğlunu, Şamo İbayevi və başqalarını da göstərmək olar. Tanınmış müğənni Miriş Hesynov d Qəriblər kəndində anadan olsa da orta təhsilini Ərkivanda alıb. Ərkivanlı müğənnilərin mahnılarının lingləri ilə Videolar bölümündə tanış ola bilərsiniz. Ərkivanda bir neçə nəfər Balayar İbayev, Tale Mikayılov və başqaları tamadalıqla məşğul olur. Ərkivanlı rəssamlar Ərkivanlı rəssamlardan söz düşəndə öncə Fətullayev qardaşları yada düşür. (Bu barədə yaxın vaxtlarda ayrıca yazını sizə təqdim edəcəyik). Digər ərkivanlı rəssamlar sırasında dünyasını vaxtsız dəyişmiş İslam Bağırovu (Abbaslı m.) və Yunus Yunusovu (Qızılaküçə m) göstərə bilərik Hazırda Ərkivanda rəssamlıqla məşğul olanlardan biri Allahverən İbayevdir.

  • Tarix: 18.03.2015, 22:24

Comments are closed, but trackbacks and pingbacks are open.