Press "Enter" to skip to content

Mesrop Maştos əlifba yaratmayıb

N.A.Olderoqqe onunla razılaşmır. Bildirir ki, Efiopiyanın amxar, kava, qız və s. əlifbaları sami yox, efiop-sami əlifbasıdır (Ольдерогге 1975.s.46), yəni mənşəcə iltisaqi olub, sonradan samiləşmiş xalqların əlifbasıdır.

Naxçıvanlı gənc alim saxta erməni uydurmalarına son qoyan iki elmi əsəri Türkiyə türkcəsinə tərcümə etdi

Türkiyədə Doğu Kütüphanesi (İstanbul) nəşriyyatında Turan Araşdırma Mərkəzi İB-nin sədri, filoloq-tarixçi, içtimai-siyasi xadim, türkoloq professor Əjdər Tağıoğlunun (İsmayılovun) “Erməni xalqının saxta “tarixi” üç türk dövlətinin (Biaini, Arme, Part/Parfya) mifoloji və filoloji tarixidir” seriyasından növbəti elmi əsərləri “Moisey Xorenatsi anonim keşiş müəllifdir” adlı kitabı türk dilində “Sahte ermeni tarihi ve sahte keşiş yazar Movses Horenatsi” və “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kitabı Anadolu türkçəsində “Mesrop Maştos alfabe mucidi değil, sahtekar anonim papazdır” adı ilə çapdan çıxıb.

Senet.az xəbər verir ki, Türkiyədə nəşr olunan ermənilərin uydurma iddialarına son qoyan iki mükəmməl tarixi əsərin tərcüməçisi AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, yazıçı Nərgiz (Nargis) İsmayılovadır.
Əsərin baş redaktor tanınmış yazıçı, naşir, jurnalist, tarixçi və tədqiqatçı Erol Cihangirdir.

İlk əsər kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək, erməni tarix ədəbiyyatı üçün mötəbər mənbə hesab edilən “erməni tarixinin atası” M.Xorenatsinin şəxsiyyətini təkzib etməklə, kilsədə üç türk dövlətinə (Biaini, Arme, Part) aid olan, lakin “erməniləşdirilmiş” mifoloji və filoloji ədəbiyyat əsasında tərtib edilmiş “Armeniya tarixi” əsərlərinin, habelə keşiş babalarının ənənələrini davam etdirən erməni tarixçilərinin mənsub olduqları xalqa yazdıqları “qədim tarix” kitablarının saxta və uydurma olduğunu elmi əsaslarla sübuta yetirir.
İkici əsərdə isə çağdaş erməni tarixçiləri və dilçi alimlərinin əllərində heç bir maddi sübut olmadan yunandilli anonim keşiş Mesrop Maştosu V əsrdə “erməni əlifbası”nı ixtira etmiş “tarixi şəxsiyyət” kimi verildiyi qeyd olunur.
Professor Əjdər Tağıoğlu görkəmli dünya linqvist-dilçi mütəxəssis alimlərin gəldikləri son nəticəni ümumiləşdirərək yazır ki, tarixdə nə “Mesrop Maştos” adında əlifba “ixtiraçısı”, nə ermənilərin etnolinqvistikası əsasında sistemə salınmış “erməni əlifbası”, nə də “erməni yazısı” olmayıb.

Mesrop Maştos əlifba yaratmayıb

Ermənilərin iddialarına görə, Alban və erməni əlifbalarını Mesrop Maştos yaratmışdır. Əslində o əlifba Mesropdan çox qabaq mövcud idi. Bizim Aran müdrikləri e.ö. XV əsrdə dünyanın ilk fonetik əlifbasını yaratmış, Troyanın işğalından bir az qabaq Elladaya aparmışdır.

Mesrop Maştosu ermənilər belə təsəvvür edirlər

Aran əlifbası əsasında Avropada yunan və latın, Fələstində yevrey, Misirdə kopt, Efiopiyada amxar, Qafqazda alban, iber və erməni əlifbaları tərtib edildi. Bu barədə qədim yunan və latın tarixçilərinin əsərlərində kifayət qədər məlumat vardır (Архимандрит İерoним 1883.s.175; Масперо 1911.s.251; Вильгельм Вагнер 1901.s.30; Генрих Грець 1906.s.120; Трачевский 1889.s.115).

Qərb tarixçiləri məqsədli şəkildə Aran əlifbasını yarandığı yerin adı ilə Finikiya əlifbası adlandırırlar. Ancaq belə bir gerçəkliyi dana bilmirlər ki, Aran övladları finikiyalı deyillər.

Aran alpları Araz çayı ilə Urmiya gölünün arasından gələrək Finikiyanın Tir və Sidon şəhərlərini tutmuş, sonra Beotiyanı, İoniyanı, İlliriyanı ələ keçirmişlər.

M.Maspero yazır: – Finikiyalı Aran yunanlardan qabaq Olimpi tutmuş, Beotiyanın mərkəzində öz koloniyasını yaratmışdır (Масперо 1911.s.251).

Arximandrit İeronimə (IV əsr) görə, müdrik Aran yaratdığı 22 hərfdən ibarət əlifbanı Elladaya gətirmiş, sonralar yunan filosofları üç işarə artıraraq onun əsasında qədim yunan əlifbasını tərtib etmişlər (Архимандрит İероним 1883.s.175).

Bibliyaya da asiyalı etnoslar, o cümlədən, Aran, Kür, Sarıçin nəsilləri bene-Kadem, yəni şərq oğulları adlandırılır. Sarıçinlər Siciliyanı, Aran alpları Elladanı tutmuş, yunanlar və latınlar onların yaratdığı mədəniyyəti mənimsəmişlər (Масперо 1911.s.172; Генрих Грець 1906.s.120; Шопен 1866.s.55, 195).

Aran müdriklərinin Finikiyada yaratdıqları əlifba əsasında Efiopiya əlifbaları, Efiopiya əlifbaları əsasında alban, iber və erməni əlifbaları tərtib edildi.

Qafqazın xristian əlifbalarının Efiopiya əlifbaları əsasında tərtib edilməsinin əsas iki səbəbi var idi. Birinci səbəb Efiopiyanın elitar nəsillərinin çoxunun türk və alban əsilli olması idi. Onlar Ön Asiyadan Misirə köçmüş, oradan Nubiyaya və Efiopiyaya qovulmuşdular.

B.A.Turayev yazır: Abissena patriarxları ermənilərlə (ermənilərlə yox, iltisaqi dilli H’Ay, Kuş, Aran övladları ilə) eyni kökdən olduqlarını unutmurdular. Onların əsrlərlə davam edən əlaqələrinin səbəbi yalnız xristianlığın eyni təriqətində olmaları deyildi, eyni kökdən olmaları idi (Тураев 1902.s.03-015, 216).

Eramızın I əsrində yaşamış yəhudi tarixçisi İosif Flavi yazır: – Nil vadisindən uzaq Efiopiyaya köçən Asiya xalqları hələ də özlərini Kuş övladları adlandırırlar (İосиф Флавий Ш № 52390.s.25).

Alban, iber, erməni əlifbalarının tərtib edildiyi V əsrdə Efiopiyada yüzə yaxın etnik qrup yaşayırdı. Onların arasında dördü iqtisadi və hərbi qüdrətinə görə öndə deyirdi: – Amxar (Amar), Abas, Qız, İtoba. Bunlar hamısı türk mənşəli etnoslardır. Bir hissəsi Albaniyada qalmış, bir hissəsi Qafqazdan Afrikaya köçmüşdür.

Abas nəslinin patriarxlarından biri 551-596-cı illərdə Albaniyada Aran mahalının yepiskopu olmuşdur (Мамедов 1993.s.127, 138; Касумова 2005.s.44).

Abas nəsli İtaliyada, Misirdə, Efiopiyada yad xalqlar arasında dilini və irqini dəyişsə də, öz yurdunda türk olaraq qaldı. Fikrimizi IX-X əsrlərdə xəzərlərin və peçeneqlərin arasında Abas nəsillərinin varlığı (Баскаков 1969.s.224-226; Саттаров 1980.s.32-49) təsdiq edir.

Efiopiyanın hakim türk nəsillərindən biri Amxar idi. Onlar Ön Asiyanın və Misirin qədim mənbələrində Amar da adlanırlar. İndi Amar Efiopiyanın hakim milləti, Amar dili ölkənin dövlət dilidir. Efiopiya əhalisinin yarısı – təxminən 15 milyon nəfəri Amar dilində danışır (Стенунин 1965.s.34; Эфиопское письмо 2016.s.7-8).

Efiopiyanın hakim nəsilləri İosif Flavinin (I əsr) yazdığı kimi, Kam və Kuş mənşəli olmuş (İосиф Флавий Ш № 52390.s.25), sonra onların dilləri tədricən sami dillərinin təsirilə dəyişmişdir. Bunu nə qədər inkar etməyə çalışsalar da (Ольдерогге 1975.s.207-217; Гурген Савак 1962.s.42, 46), bəzi ermənişünasların əsərlərində görmək mümkündür.

N.A.Olderoqqe yazır ki, Mesrop Maştos erməni əlifbasını Efiopiyanın amxar, sabe, qız əlifbaları əsasında tərtib etmişdir (Ольдерогге 1975.s.209). Qurqen Savak bir qədər də irəli gedərək sübuta yetirdi ki. yalnız ermənilərin yox, həm də albanların və iberlərin əlifbaları Finikiya mənşəli Efiopiya əlifbaları əsasında tərtib edilmişdir (Гурген Савак 1962.s.42,46).

Qurqen erməni əlifbasının Finikiya mənşəyindən bəhs etsə də, öz erməni xisləti ilə Finikiya əlifbasının Aran müdrikləri tərəfindən yaradılmasına toxunmur. İddia edir ki, Finikiya əlifbası və onun əsasında yaranan Efiop əlifbası cənubi sami əlifbasıdır.

N.A.Olderoqqe onunla razılaşmır. Bildirir ki, Efiopiyanın amxar, kava, qız və s. əlifbaları sami yox, efiop-sami əlifbasıdır (Ольдерогге 1975.s.46), yəni mənşəcə iltisaqi olub, sonradan samiləşmiş xalqların əlifbasıdır.

Özü də Aran nəslindən olan Mesrop Maştos əlifba yaratmamış, Aran əlifbası əsasında alban, iber və erməni əlifbalarını tərtib etmişdir. Mesrop misirli deməkdir. Yəhudilər Aran sözünü misrim formasında öz dillərinə tərcümə etmiş, nəticədə Mesrop və Misir adları yaranmışdır (Шопен 1866.s.205; Тураев 1913.s.226).

Ermənilər Mesropa qədər yunan və pəhləvi əlifbalarından istifadə edirdilər. Hətta onlar iyerey Abelin gətirdiyi Suriya əlifbasını 2 il kilsədə şagirdlərə öyrətmişdilər (Ольдерогге 1975.s.207-208; Корюн 1962.s.8, 10-11). Mesrop yeni siyasi şəraitdə Efiopiya ilə yaxınlaşmağı lazım bildi və Aran mənşəli Efiop əlifbaları əsasında hər üç əlifbanı tərtib etdi.

Ermənilərin iddiasına görə, albanların əlifbası 52 hərfdən ibarət olmuşdur. Necə ola bilər ki, tamamilə hibrid olan erməni dilinin samitləri qismən hibrd olan alban dilinin samitlərindən az olsun? M.X.Abeğyan yazır ki, erməni dili tamamilə, alban dili qismən başqa dillərlə qatışıqdır (Абегян 1975.s.12).

Ermənilər 52 hərf söhbətini ortaya atmaqla demək istəyirlər ki, albanların dili türk dillərinə qohum ola bilməz. Türk dillərində samitlərin sayı azdır.

Əlimizdə Sinay alban perqamentinin surəti vardır. Həmin perqament cəmi 38 işarə ilə yazılmışdır (İlhami Cəfərsoy 2014.s.42-52; Zaza Aleksidze 2003.s.3-129). Düzdür, Sinay perqamentinin dilinə yaxın olan Uti dilində də 52 səs vardır. O səslərin çoxu sonradan yaranmışdır.

Ermənilər iddia edirdilər ki, alban əlifbası ilə yazıya alınmış heç bir mətn bizə gəlib çatmamışdır. Onlar düşünürdülər ki, bütün əlyazmaları məhv ediblər.

Şükürlər olsun ki, Sinay yarımadasındakı Müqəddəs Katerina monastırından Alban perqamenti tapıldı. Ermənilər uzaq Qırmızı dəniz sahilinə gedib, onu məhv edə bilməyiblər.

Sinay Alban əlifbası

Alban əlifbası XIV əsrə – Qazan xan İslam dinini qəbul edənə qədər qalırdı. Gəncədə monqol xanlarının sarayında bu əlifba ilə məktublar yazılır, toplanan vergilərin hesabatı hazırlanırdı. Bu barədə köhnə nəsil gürcü tarixçiləri hələ XIX əsrin ortalarında məlumat vermişlər.

Yaxın illərdə qədim erməni, gürcü, yevrey dilləri üzrə mətnşünaslar hazırlaya bilsək, biz Gelati, Çufut kala, Kafa epitafiya abidələri arasından o nümunələri tapa bilərik.

Mesrop Maştos Alban əlifbasını qarqar dili əsasında tərtib etmişdir. Qarqarlar e.ö. II minillikdən yeni eranın əvvəllərinə qədər Şimalı Suriyada samilər arasında yaşamış (Меликишвили 1960.s.304), ona görə də dillərində xırıltılı boğaz samitləri çoxalmışdır.

Ermənilərin Aran əlifbasından istifadə etmələrinin bir səbəbi də H’ Ay və Aran dillərinin bir-birinə qohum olması idi. Əlifbanın tərtib edildiyi illərdə – IV əsrin sonlarında Ay dili hələ ölü dilə çevrilməmişdi. Ölkənin kahinləri və hakim knyaz nəsilləri Ay dilində danışırdılar. Həmin dil qrammatik quruluşuna görə iltisaqi olub, Aran dilindən çox da fərqlənmirdi (Марр 1903.s.XXVII-XXXV).

Şərhlər

Рафаил 2019-10-18 12:42:18

Belə məqaləyə görə yalnız bir söz demək olar. ƏHSƏN! AFƏRİN! Tərif üçün başqa söz tapa bilmədim. Mən özüm ixtisasca MÜHƏNDİS MEXANİKƏM.

Mesrop maştos lifba ixtiraçısı deyil fırıldaqçı anonim keşişdir kitab

Professor Əjdər İsmayılov: “Hüseyn Cavidin dühasını, təbiətini onun əsərlərindən duymaq olar”

Əjdər İsmayılov 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1963-1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsində oxuyub və rejissor Mehdi Məmmədovun və aktyor Rza Təhmasibinin tələbəsi olub. 1961-1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru, “Şərq qapısı” qəzetinin əməkdaşı, 1977-1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin Ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor işləyib.
1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı olub. Akademiyanın vitse-prezidenti akademik Məmməd Arif Dadaşzadənin rəhbərliyi altında “Hüseyn Cavidin tarixi dramları” (“Peyğəmbər”, “Topal Teymur”, “Səyavuş”, ”Xəyyam”) mövzusunda namizədlik dissertasiyasını 1974-cü ildə müdafiə edib.
1982-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında təsdiq edilmiş “Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi” mövzusunda doktorluq dissertasiyası ətrafında araşdırmalara başlayıb. Hüseyn Cavid yaradıcılığına aid silsilə məqalələrin, mənəvi keçmişimizlə-inam və inanc tariximizlə bağlı elmi araşdırmaların, habelə ictimai-siyasi mövzuda olan bir sıra dəyərli yazıların, xalqımızın Müstəqil Azərbaycan uğrunda apardığı mübarizədə və YAP-ın yaradılmasında xüsusi fəaliyyətləri barədə olan müsahibə və kitabların müəllifidir.

Əsrlərlə söz, sənət beşiyi olan Odlar ölkəsi Azərbaycan qədimdən görkəmli mütəfəkkir şəxsiyyətlərin və dünya ədəbiyyatı xəzinəsinə daxil olmuş əvəzsiz dəyərə malik fəlsəfi-poetik incilərin vətənidir. Belə bir mədəniyyətin yaradıcıları olmuş ilahi zəka sahiblərinin ideya və fikirlərinin gələcək nəsillərə zaman-zaman müfəssəl çatdırılması sonrakı elmi nəslin əsas vəzifələrindən biri olub.

Şairlər zamanında deyə bilmədiyi sözləri şeirləri vasitəsi ilə müxtəlif formalarda dövrün və gələcək oxucuların nəzərinə çatdırıblar. Günümüzün alimləri şairlərin fikir və ideyalarını olduğu kimi bu günün nəsilinə çatdırmaq üçün tədqiqat yönümlü qiymətli əsərlər çap edirlər. Bu baxımdan Azərbaycan poeziya xəzinəsinə əvəzsiz incilər bəxş etmiş görkəmli söz ustadı Hüseyn Cavidin poetik dünyasının araşdırılması və geniş oxucu kütləsinə çatdırılması diqqətə layiqdir. Bu mənada şairin yaradıcılığını araşdırmış görkəmli alimlərimiz məlumdur. Bunlar arasında mütəfəkkir şairin poetik dünyasına dərindən bələd olan professor Əjdər İsmayılovun yeri ayrıcadır. O, Azərbaycan ədəbiyyatşünaslığında Hüseyn Cavid yaradıcılığını ilk dəfə dünya ədəbiyyatı kontekstində araşdıran alimdir. Bu baxımdan onun yüksək elmi dəyərə malik “Dünya romantizm ənənələri və Hüseyn Cavid” əsərinin latın əlifbasına çevrilməsi və nəşr edilməsi Cavidsevər oxucular üçün qiymətli hədiyyədir.

Modern.az Əjdər İsmayılovla söhbəti təqdim edir:

Əjdər müəllim, öncə mütəfəkkir şair Hüseyn Cavidin şəxsiyyəti, yaradıcılğı və ona həsr etdiyiniz kitab barədə məlumat verərdiniz.

– Şərqin bədii-fəlsəfi təfəkkürünə bağlılıq, dünya mədəniyyətinin sərvətlərindən bəhrələnmək, eyni zamanda, orjinal düşüncə tərzi, müstəqil axtarışlar yolu ilə yüksəlmək Cavid şəxsiyyətinə, Cavid sənətinə təbiətən xas olub. Hüseyn Cavid istər ətraf mühitə, istər yaratdığı bədii gerçəkliyə, oxuduğu, öyrəndiyi sənətkarların dünyasına öz dühasının demonik-yaradıcı gücü ucalığından baxmağı bacarırdı. Filosof-şairin istedadının bu demonik-yaradıcı gücü romantizminin bənzərsiz zənginliyində təcəssüm tapıb. Əlbəttə, Cavid şəxsiyyətinin mənəvi varlığını, Cavid dühasının təbiətini onun əsərlərindən duymaq olar. Bununla belə onun min bir mənəvi tellərlə dərindən bağlı olduğu qaynaqları araşdırmadan yaratdığı əsərləri istənilən elmi səviyyədə dolğun anlamaq qeyri-mümkündür.

“Dünya romantizm ənənələri və Hüseyn Cavid” kitabı dünya romantizminin inkişafında tam bir dövr açan Hüseyn Cavid poeziyasına baxışdan əvvəl, oxucuya onun heç olmasa, bəzi ilkin qaynaqlarını mümkün qədər tarixən izləməyə imkan verir. Belə bir ilkin cəhd nə qədər çətin olsa belə, nə qədər ilk baxışda əsas mövzudan uzaqlaşma kimi görünsə belə, yersiz deyildir və şairin dünya romantizm poeziyasında yerini aşkarlamaq üçün gərəklidir.

Hüseyn Cavid romantizmi öz bədii-estetik mənşəyinə görə Azərbaycan mədəniyyətinin dərin tarixi qatlarına bağlı olub. Şərq bədii düşüncəsindən, fəlsəfəsindən, o cümlədən, panteist görüşlərdən qidalanmış, Avropa, rus ədəbiyyatının ənənəsindən milli zəmində bəhrələnib. Onun istifadə etdiyi mənbələr nə qədər geniş, rəngarəng olsa belə, onları özünün milli poetik düşüncə tərzinə, poeziyasının ahənginə, min bir çalarlı musiqisinə uyğunlaşdırmış, ən orijinal yaradıcılıq fərdiliyinə və şair “məni”nə sadiq qalmışdır.

– Dünya romantizm ədəbiyyatı korifeyləri ilə Cavid yaradıcılığı arasında tipoloji araşdırmalar aparıbsınız. Bu barədə oxuculara qısaca olaraq fikrinizi bildirməyiniz yerində olardı.

– Romantik dünya poeziyasının tarixi inkişaf qanunauyğunluqlarını aydınlaşdırmaq, Şərqdə onun özünəməxsus cəhətlərini ümumiləşdirmək baxımından Hüseyn Cavidin yaradıcılığı geniş imkan yaradır. Bu dahi Azərbaycan şairinin poeziyası öz gərgin mənəvi axtarışlarına, ülvi amalına görə Şekspir, Bayron, Şiller, Höte və başqa dünya şöhrətli romantik şairlərin poeziyasına yaxındır.

Dünya romantik şairlərinin əksəriyyəti öz yaradıcılığında Şərqdən, onun zəngin mifologiyasından, bədii poetik irsindən daha çox qidalanmış, Şərq ruhunun güclü təsirini duymuşlar. Sözgəlişi, Bayronun Şərq dünyasına sönməz marağının onun romantik şair kimi yetişməsində, yaradıcılığının geniş dünya şöhrəti qazanmasında çox böyük, səmərəli əhəmiyyəti olub.

Bayronun, Hötenin və başqa romantiklərin timsalında Qərblə Şərq ruhunun sintezinə, qovuşmasına çalışmaq meyli özünü göstərir ki, bu da romantizmin bəşəri meyillərindən sayılmalıdır. Belə meyl bəşər mədəniyyətinin mahiyyətcə vəhdətini, bütövlükdə insanlığın mənafeyinə xidmət etdiyini təsdiqləyir.

– Əjdər müəllim, cavidşunaslıqla bərabər Türkçülüyə aid bir sıra monumental əsərlərinizdə bizə məlumdur. Bu silsilədən 2016-cı ildə “Moisey Xorenatsi anonim keşiş müəllifdir” adlı elmi tarixi əsəriniz “erməni tarixşunaslığının şah damarını kəsən əsər” və “Azərbaycan tarixşünaslığı”nda yeni istiqamət kimi tanınmış elm adamları tərəfindən qiymətləndirildi və geniş oxucular tərəfindən rəğbətlə qarşılandı. Qısa olaraq kitab barədə nə deyərdiniz?

– Yunandilli Kilikiya kilsəsində anonim keşiş Moisey Xorenatsinin adına “Hayistan tarixi” adlı əsər XIV əsrdə (Q.A.Xalatyants) tərtib edilib. Kitabın cildində yazılmış “Hayistan” toponiminin çağdaş erməni xalqının nə mifoloji, nə də rəvayət “tarixləri” ilə heç bir əlaqəsi yoxdur. Çünki “Hayistan” toponimi Xaldey tarixçisi Berosun (m.ö. III əsr) “Babil tarixi” (“Vaviloniya”) kitabından götürülmüş babilli Haykın mifoloji şəxsiyyəti ilə bağlıdır. Onu da xatırladaq ki, Kilikiya kilsəsi tərəfindən babilli Haykın şərəfinə Anadolu türkiyəsi ərazisində “təşkil edilmiş” “Hayistan” adında əfsanəvi hay “dövləti” heç zaman torpağa köçürülməyib, əfsanədən gəldiyi kimi, əfsanədə də qalıb.

1828-ci ildə qanlı rus süngüsü ilə yazılmış “Türkmənçay” irtica müqaviləsindən sonra yaranmış yeni siyasi şəraitdən qurd fürsəti ilə istifadə edən moskvalı keşiş tarixçi Nikitin Osipoviç Emin imperiyanın “Türksüz Qafqaz” işğalçı modelinin tələblərinə uyğun olaraq mənsub olduğu köçkün yarıdilənçi xalqa “qədim Qafqaz” tarixi yazmaq məqsədilə 1858-ci ildə “Hayistan tarixi”ni rus dilinə “Armeniya tarixi” adıyla tərcümə və nəşr etdirib. O, tərcümə mətninə yazdığı “Ön söz”də “Vaqarşaq – Mar Abas Katina – Nineva arxivi” və kitabın sonunda verdiyi “Qeydlər” və “Əlavələr” bölmələrində “Mesrap əlifbası” uydurma epizodları ilə Kilikiya kilsəsində tərtib edilmiş xəritədə Kiçik Asiyada yerləşdirilmiş əfsanəvi “Hayistan” ölkəsini “Armeniya” adıyla Azərbaycan türklərinin qədim Qafqaz coğrafiyasında torpağa köçürmək üçün ideoloji şərait yaratmağa çalışır. Ancaq onun əlində erməni xalqının real tarixi ilə əlaqədar heç bir maddi sübut yoxdur. Bu səbəbdən də o, açıq şəkildə ümumtürk tarixinin təxminən 475 illik (m.ö.250 / 248 – m.s.227) epoxasını təşkil edən Part imperiyasının müvəqqəti hərbi siyasi-inzibti coğrafiyasına daxil edilmiş Ön Asiyanın qərb ərazilərində guya ayrı-ayrı dövrlərdə hakim olmuş uydurduğu iki anonim Arsaklı çarının – m.ö. 150-ci ildə Vaqarşaqın, m.s. V əsrdə Vramşapuxun rəvayət tarixini “Armeniya tarixi” kimi qələmə verir. Nikitin Emin bu məqsədlə çar Vaqarşaqın suriyalı alim Mar Abas Katinaya guya hökmdarı olduğu “Armeniya”nın tarixini yazdırmaq sərgüzəştini uydurur. Bunun üçün o, imperiyanın banisi qardaşı Arsaka (erməni deyimində “Arşaka”) “məktub” yazır və Mar Abasın “Nineviya arxivi”ndə işləməsi üçün ondan icazə istəyir. Arsak qardaşı ilə razılaşır. Bundan sonra Mar Abas Katina Nineviya arxivində araşdırma aparır, guya o, yunan dilində “kiçik kitaba” rast gəlir və onun əsasında erməni xalqının “ibtidai tarixi”ni yazır. Guya M. Xorenatsinin “Armeniya tarixi” də onun davamıdır.

Kerçək tarix N.Eminin iddia etdiyi dövrdə “Nineviya arxivi” fikrin əksini xəbər verir. Arxeoloji kəşfiyyatın nəticələri şahidlik edir ki, Maday imperiyasının çarı Kiaksar (Mar Varbak) m.ö. 612-ci ildə Nineviyanı fəth etdiyi zaman külə dönmüş Nineviya çar kitabxanasının faciəli taleyinin (söhbət “gil kitablar”dan – “Bilqamıs” Şumer-Türk dastanından gedir) nəticələri hadisədən nə az, nə çox, düz iki min beş yüz il ötdükdən sonra, yəni başqa sözlə, anonim keşiş M.Xorenatsiyə N.Eminin istinad etdiyi V əsrdən dörd yüz əlli ilə yaxın bir müddət keçəndən sonra XIX əsrin ortalarında ingilis arxeoloqu Corc Smitin apardığı uzunmüddətli mürəkkəb və çətin elmi axtarışların nəticəsində məlum olub.

XIX əsrin əvvəllərində Q. A. Xalatyants və XX əsrin yetmişinci illərində Manuk Abeqyan kimi görkəmli erməni alimlərinin anonim keşiş M. Xorenatsinin “Armeniya tarixi”nə guya ilk qaynaq olmuş Mar Abas şəxsiyyətini və onun “tarixi”ni qəbul etməmələri keçmiş SSRİ tarixşünaslığında siyasi məqsədlə qəti müdafiə edilən “Böyük Armeniya” mifini dağıdan əsas faktlardan biridir. Bu o deməkdir ki, tarixin heç bir çağında nəinki “Böyük Armeniya” “dövlətindən”, heç “cırtdan Armeniya”dan da danışmağa dəyməz.

– Bildiyim qədər indi erməni “əlifba” sı haqqında əsərin üzərində işləyirsiniz.

– Bəli, doğrudur. Artıq o əsəri yekunlaşdırıb nəşriyyata təqdim etmişəm. Kitabın adı “Mesrop Maştosəlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir”. Kitab AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda müzakirə edilib və çapa təqdim edilməsi haqda qərar verilib. Kitabın redaktoru hörmətli akademik Möhsüm Nağısoylu, rəyçiləri hörmətli professor Qəzənfər Kazımov və hörmətliprofessor İsmayıl Kazımovdur.

Kitab barədə qısaca olaraq deyim ki, N. Emin “Armeniya tarixi”nin tərcümə mətninə əlavə etdiyi “Qeydlər” və “Əlavələr” bölmələrində də başqa bir Arsaqlı çarının – Vramşapuxun V əsrdə anonim keşiş Mesrop Maştosun guya əlifba “ixtira” etdiyindən danışır. Ancaq mötəbər qaynaqlar, görkəmli mütəxəssis alimlərin fikirləri bir daha təkzib edilməz o nəticəyə gəlir ki, nəinki V əsrdə “Mesrop əlifbası”ndan, hətta tarixin heç bir çağında erməni xalqının mövcud olmamış etnolinqivistikası əsasında yaradılan fonetik səslərin sistemə salınmış real “Əlifba”sından, başqa sözlə, “erməni yazısı”ndan danışmaq əsassızdır. Bu tarixi həqiqəti etiraf edən görkəmli erməni filosofu və dilçi alimi Mikael Lazareviç Nalbandyan “erməni yazısı “nın XVIII əsrədək “yuxuda olduğunu”, “bundan sonra tədricən ədəbiyyat və dilçiliyin görünməyə başladığını” yazır.

Bir xalqın ki, tarixşünaslığının bünövrəsində “erməni tarixinin atası” hesab etdikləri Moisey Xorenatsi kimi anonim keşiş “tarixçi” dayana, “yazı mədəniyyətinin” başında, hətta guya başqa xalqlara da “Əlifba” tərtib edən, onlara da “yazı mədəniyyəti” və “xristianlıq maarifi” gətirən “Mesrop Maştos” adında fırıldaqçı cahil anonim keşiş dayana, o xalqın qədim mənəviyyat, mədəniyyət və dövlətçilik tarixindən danışmaq elmi cəhalətdir, nadanlıqdır, cahillikdir.

– Əjdər müəllim, mövzumuzdan kənar olsa da, həyatını vətən və xalq yolunda qurban vermiş Hüseyn Cavid kimi bir fədai şairin araşdırıcısı olaraq, fikrinizi bilmək maraqlı olardı. O dövr mətbuatında getmiş ciddi siyasi yazılarınızdan, bəyanatlarınızdan, xüsusən 24 aprel 1992-ci ildə keçmiş Ali Sovetin binası qarşısında “yaş senzi” ilə əlaqədar keçirilmiş mitinqlərin təşkilatçılarından biri kimi, Heydər Əliyevi hakimiyyətə dəvət edən çıxışlarınızdan məlumdur ki, Siz Azərbaycanın müstəqilliyi uğrunda xalqımızın mübarizə apardığı fəlakətli və ölümlü günlərdə ümummilli liderimizin ən yaxın silahdaş və siyasi sirdaşlarından biri olmuşsunuz. Bu yaddaşlardan silinməz bir tarixdir! Heydər Əliyev barədə bir neçə söz söyləməyinizi xahiş edirəm.

– Heydər Əliyev əvəzolunmaz şəxsiyyət, dahi insan və müdrik dövlət rəhbəri idi. Belə insanlar xalqa əsrdə bir dəfə qismət olur. Azərbaycan xalqının bəxti o zaman gətirdi ki, ölkənin elə bir çətin dövründə Heydər Əliyev köməyə gəldi. Xalqımızın Heydər Əliyev kimi, qorxmaz, mübariz, müdrik oğlu olmasa idi, 1828-ci ildə Vahid Azərbaycanı iki hissəyə parçalayan rus süngüsü 1990-cı il hadisələrində Qarabağda axıdılan günahsız insan qanının səbəbkarı Mixail Qorbaçovun əli ilə bugünkü Azərbaycan da əyalətlərə parçalanacaq idi. Heydər Əliyevin Müstəqil Azərbaycan dövründə yaşadığı həyat sübut etdi ki, ulu öndərimiz dünya siyasətinin baş memarıdır! O, bu müdrikliyi ilə qədim Azərbaycan dövlətçiliyinin Yeni Azərbaycan epoxasının əbədi monumental bünövrəsini qoymuş oldu.


– Hörmətli professor, yaşadığınız ömürdən razısınızmı?

– Əlbəttə razıyam. Mən YAP-ın təsis konfransından sonra partiyanın Şərur rayonunda keçirilən ilk konfransda (mənim təşkil ertdiyim “Heydər Əliyev təəssübkeşləri” qrupunun rayon əhalisindən topladığı otuz iki mindən artıq imzanın tələbi ilə partiyamız təsis edilmişdir) iştirakçılar qarşısında and içmişdim ki, quracağımız dövlətin heç bir qurumunda işə getməyəcəyəm. Andıma sadiq qaldım, yaşa görə təqaüdə çıxdım. Mən sadəcə təqaüdçüyəm, həyatda atdığım bu addımla da fəxr edirəm. Ancaq bu gün məndən varlı və zəngin adam yoxdur. Bunun üç səbəbi var:

Birinci. Mən doğma kəndimizdə – Şərur rayonunun Çomaxtur kənd məktəbində ədəbiyyat müəllimi işləyərkən elmə ilk qədəm basan gənc alim kimi, 1937-ci ilin o qəddar günlərində ölümə məhkum edilmiş Hüseyn Cavidin oxucu kütləsinə qadağan edilmiş ədəbi irsinə 1970-ci illərdə “Hüseyn Cavidin tarixi dramları (“Peyğəmbər”, “Topal Teymur”, “Səyavuş”, “Xəyyam”) mövzusunda yazdığım namizədlik dissertasiyası ilə bəraət qazandırdım.

İkinci. Bugünkü Müstəqil Azərbaycan uğrunda apardığımız mübarizə günlərində Heydər Əliyevi Naxçıvanda fiziki cəhətdən məhv etməyə qalxmış başı pozuq daxili cahil və nadan qüvvələrdən qorumaq üçün mühafizə dəstəsi yaratdım və hər zaman bütün ağır dövrlərdə ümummilli liderin yanında oldum. Bununla da mən xoşbəxtəm ki, fəlakətlərdən xilas olmaq üçün ayağa qalxmış xalqımızın qurduğu Müstəqil Azərbaycan dövlətinin əbədi tarixində mənim də imzam var.

Üçüncüsü. Heydər Əliyevlə növbəti söhbətlərimizin birində Azərbaycanın qədim tarixindən söhbət düşdü. Mən geniş şəkildə fikirlərimi izah etdim. Müdrik insan mənim gəldiyim elmi qənaəti qəbul etdi. Ulu öndərin tövsiyəsi ilə yazdığım “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları”adlı 800 səhifəlik monumental əsər Azərbaycan Milli Akademiyasının Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə 2008-ci ildə ikinci dəfə nəşr (birinci nəşr 2006-cı ildə olub) edildi.

Mənim bir ziyalı kimi, vətənimin, xalqımım qarşısında qazandığım təmənnasız, ləkəsiz, tükənməz sərvətim mənalı və gəncliyimizə nümunə ola biləcək mübariz həyat yolumdur!

– Sonda nə demək istərdiniz?

– Mən Heydər Əliyev siyasətinin əsgəri olaraq, Müstəql Azərbaycan uğrunda mübarizə illərimizdə qan içərisində boğulan xalqımızın fəlakətdən xilası naminə, ailə-uşağımın taleyini düşünmədən, ölümlə göz-gözə dayandığım kimi, bu gün də ümummilli liderimizin ruhu ilə qələmə sarılıb, səngərdə əlində silah qəddar və şərəfsiz düşmənlə üz-üzə dayanmış canımız, qanımız övladlarımızla çiyin-çiyinə qələmimlə ideoloji cəbhədə vuruşmaqdan vətəndaş-ziyalı qüruru duyuram!

Söhbəti qələmə aldı: Mahmud Əyyub

Comments are closed, but trackbacks and pingbacks are open.