Press "Enter" to skip to content

Mir Mohsun Nevvabin Ev Muzeyi – Wikipedia

Dərslik xarakterli bu əsərin 2-ci təlimində isə səsin vaxt məsafəsi, metro-ritm mövzuları əhatə edilir: müəllif “həzin”, “uzun” və “sərt” adlandırdığı səsləri – zəngulələri nöqtələrlə işarə edir. Məsələn, zəngulə 4 nöqtə, yarım zəngulə 2 nöqtə və onun yarısı qədər səs isə 1 nöqtə ilə işarə edilir. Zənguləni tam ifadə etmək istədikdə işarələr sistemində dörd nöqtə əvəzinə, “o” işarəsi qoymaqla, bir növ, səsin tamlığını, bütövlüyünü əks etdirir.

Mir Möhsün Nəvvabın Azərbaycan musiqişünaslığında rolu – Mətanət VAHİD

XIX əsrdə Şuşa ən seçkin mədəniyyət mərkəzlərindən biri və özünəməxsus ənənələri olan şəhər kimi bir çox alim və sənətkarların yaradıcılığının pərvəriş tapması üçün müstəsna əhəmiyyətə malik məkan idi. Zəngin kitabxanaları ilə tanınan Şuşada qiymətli kitabların üzünü köçürən xəttatlar, onlara miniatürlər çəkən, binaları unikal naxışlarla bəzəyən rəssam və nəqqaşlar yaşayır, fəaliyyət göstərirdi. Bu və digər sənətləri öz yaradıcılığında uğurla birləşdirən Mir Möhsün Nəvvab (1833-1919) isə bu sənətkarlardan bilik və bacarıqlarının universallığı ilə fərqlənirdi.

Doğma yurdu Şuşanın mədəni və ictimai həyatında fəal iştirakı, qabaqcıl mövqeyi ilə seçilən M.M.Nəvvab dövrünün ədəbiyyat, musiqi, rəssamlıq, nəqqaşlıq, xəttatlıq, astronomiya və s. kimi sahələrinə dəyərli töhfələrini vermiş böyük alimi, mütərəqqi ziyalısı olmuşdur. Təsadüfi deyil ki, Nəvvabın çoxşaxəli yaradıcılığından bəhs edən bütün mütəxəssislər yekdil olaraq onu “ensiklopedist-alim” adlandırmış, yeni düşüncə sisteminin formalaşmağa başladığı yüzilliyin ortalarında yiyələndiyi orta əsrlərə aid elmi biliklər sisteminin hərtərəfli və mükəmməl olduğunu vurğulamışlar.

Həmin dövrdə doğma şəhərinin yetirməsi olan onlarca şair, xanəndə, iyirmidən artıq musiqişünas, həmçinin xeyli rəssam, memar, xəttat və b. onu özünə ustad hesab edirdi. Nəvvab irsinin unikallığı həm də ondadır ki, əksər sələfi və müasirləri kimi elm və biliklərə yiyələnmək məqsədilə səyahətlər etməmiş, dini və dünyəvi elmlərin hər birinə onların ustadı olacaq səviyyədə məhz doğma Şuşanın divarları arasında yiyələnmişdir.

XIX əsrin sonlarından etibarən Azərbaycanın bir sıra şəhərlərində musiqi məclisləri, dərnəkləri təşkil olunurdu: Bakıda Məşədi Məlik Mənsurov, Şamaxıda Mahmud Ağa, Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, Mir Möhsün Nəvvabın təşkil etdiyi məclislər fəaliyyət göstərirdi. Şuşada ilk musiqi məclisini Azərbaycan muğam sənətinin inkişafında böyük rol oynamış Xarrat Qulu təşkil etmişdir. Dini məqsədlə yaradılmış bu məclisdə muğam sənəti öyrənilirdi. 80-ci illərdə M.M.Nəvvabın məşhur xanəndə Hacı Hüsü ilə birgə Şuşada yaratdığı “Musiqiçilər məclisi” yalnız Qarabağın deyil, bütün Azərbaycanın mədəni həyatında mühüm hadisə idi. Burada musiqinin estetik problemləri, ifaçılıq, muğam sənəti müzakirə olunurdu. Maraqlıdır ki, bu musiqi məclisi bir çox musiqiçilər üçün ilk təhsil rolunu oynamışdır: sonralar məşhur xanəndə olan İslam Abdullayev ilk musiqi təhsilinə sözügedən məclisdə yiyələnmiş, Məşədi Cəmil Əmirov musiqi nəzəriyyəsi dərslərini Mir Möhsün Nəvvabdan almış, Seyid Şuşinski Şərq muğamları və xalq musiqisinin incəliklərini ondan öyrənmişdir.

Tədqiqatçı Nəsrəddin Qarayev Mir Möhsün Nəvvabın evinin mədəniyyət ocağını xatırlatdığını yazır: “”Məclisi-fəramuşan”ın üzvləri, həmçinin Qarabağın görkəmli xanəndələri şeir-sənət və musiqiyə aid məsləhət və təlim almaq üçün həmişə onun yanına gələrdilər. Nəvvabın evində musiqiyə aid keçən müsahibələrdə Seyid Şuşinski, İslam Abdullayev, Məşədi Cəmil və başqa xanəndələr iştirak edər, ondan öyrənərdilər. Ümumiyyətlə, Şuşa ziyalıları, o cümlədən hər iki ədəbi məclisin üzvləri mübahisəyə səbəb olan mühüm məsələlərdə, yuxarıda deyildiyi kimi, həmişə ona müraciət edərdilər”.

Nəvvabın bu məclislərdə müzakirəyə çıxardığı məsələlər sonradan onun musiqiyə həsr olunmuş əsərlərində, xüsusən “Vüzuhül-ərqam” risaləsində geniş şəkildə əksini tapmışdır. Şəriət qaydalarının musiqi və bütövlükdə incəsənət növləri ilə bağlı yasaqlarının hələ də tüğyan etdiyi bir dövrdə musiqi ilə bağlı risalə yazmaq müəllifdən böyük cəsarət tələb edirdi. Təşkil etdiyi musiqi məclisləri, onların formatı onsuz da Mir Möhsün Nəvvabın sənətə olan sevgisindən, xidmət etmək arzusundan xəbər verir. Həyat tərzi və şeirlərindən də göründüyü kimi, M.M.Nəvvab dinə bağlı bir insan idi. Bununla belə, bu alim və sənətkarın nümunəsində din və sənətin bir-birinə mane olan yox, əksinə, insana mənəvi dəyər qatmaq baxımdan bir-birini tamamlayan anlayışlar olduğunu izləyə bilirik.

Fərabinin Şərq və Qərb musiqisinin nəzəri əsaslarını müəyyənləşdirən “Əl-musiqəl-kəbir” (“Musiqi haqqında böyük kitab”); “türk-İslam musiqi nəzəriyyəsinin inkişaf tarixində bütöv bir mərhələ açan” Səfiəddin Urməvinin “Kitabül-ədvar fi marifətün-nəğam vəl əvtar” (1252); muğam nəzəriyyəçisi Əbdülqadir Marağayinin “Əlhani-siqanə” (1377), “Came-əl əlhan” (1405-1413), “Məqasidül-əlhan”, “Kənz əl-əlhan”, “Lahiyyə” , “Risaleyi- fəvaidiəşərə” kimi musiqi sənətinə həsr olunmuş əsərlərindən sonra Mir Möhsün Nəvvabın fars və ərəb dillərində parçalar yer alsa da, əsasən Azərbaycan dilində yazdığı “Vüzuhül-ərqam” əsəri ən yaxşı klassik ənənələr ruhunda qələmə alınmış, Şərqdə bu qəbil son və mükəmməl risalələrdən biri kimi qiymətləndirilir.

XIX əsrin sonunda Azərbaycan musiqisi haqqında Azərbaycan dilində (ərəb əlifbası ilə) yazılmış yeganə risalə olan “Vüzuhül-ərqam” 1884-cü ildə qələmə alınsa da, ilk dəfə 1913-cü ildə Bakıda Orucov qardaşlarının mətbəəsində çap olunmuşdur. Qeyd edək ki, əsər 1989-cu ildə “Elm” nəşriyyatında kiril əlifbası ilə nəşr edilmiş, kitabı çapa hazırlayan Zemfira Səfərova ona ön söz, lüğət və şərhlər də yazmışdır. Sənətşünas alimin Şuşanın 270 illiyinə həsr olunmuş ikihissəli “Şuşa – Azərbaycanın musiqi qalasıdır” kitabının (2021) birinci hissəsi də Mir Möhsün Nəvvabın “Vüzuhül-ərqam” əsəri haqqında şərhlər və risalənin ilk dəfə latın qrafikası ilə mətnindən ibarətdir.

Mir Möhsün Nəvvabın bu risaləni yazmaqda məqsədi, özünün də qeyd etdiyi kimi, müxtəlif elm sahələrində uğurlar qazanan digər millətlər kimi, elmi biliklərə yiyələnməkdə, mədəniyyət sahəsində iz qoymaqda millətimizə yardım etməkdir. Nəvvaba görə, hər bir alim “əhli-islamın içində mövcud” olan elmlərə əlavələr etməklə millətə kömək ola bilər, əgər bunu bacarmırsa, heç olmasa, mövcud elmi materialların üzünün köçürülüb yayılmasına xidmət etməlidir. Göründüyü kimi, bütün işlərində olduğu kimi, Nəvvabın “Vüzuhül-ərqam” risaləsi də elmin öyrənilməsinə, yayılmasına xidmət edən bir vasitə idi.

Risalə “Musiqi haqqında sual-cavabın surəti” ilə başlayır: “Musiqi elmində məharəti olub, özü xanəndəlik etməyən, müğənniliyi və təğənnini (oxumağı) haram sayan bir şəxs elmi məqsədlə musiqidən istifadə etsə, onu yadda saxlasa, tədris etsə, çap etsə, yazsa, satsa, yazıb öz kitabxanasında saxlasa, caizdir, ya yox? Qüdrətli alimlər, mərifəti şüar etmiş şəriətmədar fəqihlər bu barədə nə buyurmuşlar?”. Sual kimi cavabın da surəti eynilə risaləyə daxil edilir: “Musiqi elmini öyrətmək və öyrənməyin eybi yoxdur, hətta vacibdir. Amma onu təcrübədə işlətmək caiz deyil”. Maraqlıdır ki, eyni mövzuya müəllif əsərin sonunda da toxunur və yenə qeyd edir ki, bu risaləni yazmaqda məqsədimiz yalnız musiqi elmini qüvvətləndirməkdir, çünki musiqinin elm niyyəti ilə tədqiqi halal, əməli cəhətdən məşğul olunması isə haramdır.

Əlbəttə, musiqi məclisləri təşkil edən, orada xeyli xanəndənin yetişməsinin səbəbkarı olan Nəvvabın risalədə məsələyə bu nöqteyi-nəzəri sərgiləməsi və qeyri-adi həssaslıqla yanaşaraq onu yeri gəldikcə təkrarlaması özünün dinə, şəriətə münasibəti ilə bağlı idisə, digər tərəfdən, dindarlar, şəriət qanunları ilə yaşayan radikal görüşlü insanlar tərəfindən qınanmaması üçün özünümüdafiə rolu oynayırdı.

Həmin dövrdə musiqiyə, bütövlükdə sənətə islamın münasibəti geniş mənada insanların musiqiyə münasibətini şərtləndirirdi. Belə ki, əhali dindar kəsimdən ibarət idi və şəriət qayda-qanunları onlar üçün olduqca vacib idi. Bu baxımdan Nəvvab yaradıcılığında musiqi elminin islam kontekstində şərhi, araşdırılması təəccüb doğurmamalıdır. Bununla belə, alimin musiqi ilə bağlı şərhləri, təfsirləri həmçinin ədəbiyyat və digər sənət sahələri, başqa sözlə, vahid mədəni sistem çərçivəsində həllini tapır.

Nəvvab risalədə nəğmənin həqiqi və ruhani olduğunu yazaraq qeyd edir ki, odun cövhəri çaxmaq daşında gizli olduğu, onları bir-birinə vuranda od əmələ gəldiyi kimi, musiqi də mülayim (yəqin ki, həssas mənasında) qəlblərdə əks-səda verir. O, eşitdiklərinə əsaslanaraq yazır ki, deyirlər, guya imam Əli əksər hallarda “Quran”ı “Rəhavi” üstündə oxuyub. “Düzünü Allah bilər” qeydi ilə yenə də duyduqlarının doğruluğuna əmin olmadığını vurğulayaraq Davud peyğəmbərin də “Zəbur”u “Rəhavi” üzərində qiraət etdiyini yazır. Mətn boyu göründüyü kimi, Mir Möhsün Nəvvab musiqi elmi haqqında kitab yazması ilə dindən uzaqlaşmadığını bəlli etməyə, əksinə, musiqinin dinin ən əhəmiyyətli fiqurları üçün belə, dəyərli olduğunu vurğulamağa çalışır.

Kiçik həcminə baxmayaraq, dövrün musiqi sahəsini narahat edən xeyli əhəmiyyətli məsələləri əhatə edən “Vüzuhül-ərqam”da M.M.Nəvvab müsəlman Şərqinin Fərabi, İbn Sina, Səfiəddin Urməvi, Əbdülqədir Marağayi kimi görkəmli filosof və musiqişünaslarının, həmçinin antik dövrün (Platon, Aristotel) araşdırmalarına əsaslanaraq, musiqinin mahiyyəti, estetikası, dinləyiciyə emosional, müalicəvi-psixoloji təsirindən və ifaçılıq problemlərindən bəhs etmişdir.

Orta əsr risalələrindən də bəlli olduğu kimi, musiqi riyaziyyat ilə sıx əlaqədə inkişaf etmişdir. Ərəb dilindən tərcümədə mənası “rəqəmlərin izahı” olan “Vüzuhül-ərqam”ın əhəmiyyətli bir hissəsi muğamlar, onların quruluşu və onlarla bağlı olan rəqəmlərin izahına həsr olunub: “4 sout, 7 pərdə, 12 məqam, 24 şöbə, 48 guşə və 15 avaz var ki, onların bəziləri ouc, bəziləri isə həzizdir”. Mir Möhsün Nəvvab risalədə ayrı-ayrı muğamların, bəzi dəstgahların və onların adlarının mənşəyi haqqında məsələləri araşdırır, muğamların şeir mətnləri ilə əlaqəsi, ifaçı və dinləyicinin qarşılıqlı münasibətləri, akustika baxımından optimal yerləşməsi problemlərinə toxunur.

Özünəqədərki ənənələri davam etdirməklə yanaşı, “Vüzuhül-ərqam” bu və digər baxımdan orta əsr risalələrindən fərqlənir. Nəvvab burada ilk dəfə olaraq “dəstgah” terminindən istifadə edir və o vaxt Qarabağda məlum olan altı dəstgahın (“Rast”, “Mahur”, “Şahnaz”, “Rəhavi” (yaxud “Rahab”), “Çahargah” və “Nəva”) adını çəkir. Nəvvaba görə, ifa olunan dəstgahın tərkibi bir çox hallarda ifaçının zövq və qabiliyyətindən asılı olur. O, əsərdə həmçinin Qarabağ musiqiçiləri tərəfindən ifa olunan 82 mahnı və muğam adı çəkir.

Bir neçə muğamın mənşəyini və adının etimologiyasını araşdıran Mir Möhsün Nəvvab “Rast” muğamını bahar küləyinin hərəkəti; “Rəhavi”ni Rəhaviyyə qəsəbəsinin adı, həmçinin yağış damlalarının səsi; dörd nəğmə və guşə ilə təkmilləşmiş “Çahargah”ı ildırımın çaxması; “Dügahı” fəvvarədən axan suyun səsi; “Humayu”nu quşların qanad çalması; “Nəva”nı aşiqlərin ürəkyaxan naləsi; “Mahur”u suyun şırıltısı; “Şahnaz”ı bülbüllərin sədası; “Üşşaq”ı quşların havada süzməsi; “Üzzal”ı meteoritlərin hərəkəti ilə əlaqələndirir.

Risalədə, həmçinin müxtəlif musiqi alətlərinin yaranması, adlarının əmələ gəlməsi ilə bağlı rəvayətlər də maraq doğurur. Əsərin “Musiqi alətləri” hissəsində milli alətləri simli və nəfəsli olmaqla 2 qismə ayıran Nəvvab ikinciləri də 2 yerə ayırır: 1) tam nəfəslə çalınan ney, şən, nay, həlq və s. 2) ərğənun. Simli alətlərə isə qanun, tənbur, nüzhət, cəng, ud, saz və s. aid edir. Nəvvab bu fəsildə Şərq musiqi alətləri ilə yanaşı, skripka, fleyta, qarmon, orqan, qusli və fortepiano kimi Avropa və rus musiqi alətlərindən də müəyyən qədər bəhs edir. Burada musiqi alətləri haqqında məlumatlar kifayət qədər geniş və əhatəli olmasa da, oxucuda müəyyən təsəvvür yaratmağa bəs edir və öz dövrü üçün bu bilgilər xeyli dəyərli idi. Belə ki, istənilən əsər və onun əhəmiyyətinin miqyasından bəhs edərkən məsələyə dövr kontekstindən yanaşmaq vacibdir.

Orta əsr muğam nəzəriyyəsi ənənələrinin yer aldığı bu əsərdə Mir Möhsün Nəvvab orta əsr risalələrində ətraflı bəhs olunmuş interval, ritm, tetraxord kimi məsələlər üzərində yenidən dayanmağa gərək duymamış, əsasən, praktik əhəmiyyətə malik məsələlərə vurğu etmişdir. Musiqişünas bəzən ənənəvi musiqi bilgilərindən kənara çıxır, əlavə və dəyişikliklər edir ki, bu da onun risaləsinin orijinallığından xəbər verir. Göründüyü kimi, müəllif musiqi elmi ilə bağlı bilgilərini paylaşarkən kor-koranə təqlid yolunu tutmur, öz düşüncəsincə doğru və ya uyğun olanı təqdim edir.

Sənətşünas Z.Səfərova “Vizuhül-ərqam”ı yalnız Azərbaycanda deyil, bütün Şərq ölkələrində muğam ifaçılığının və incəsənətin vacib məsələlərindən bəhs edən qiymətli bir musiqi əsəri hesab etdiyini yazır. “Vüzuhül-ərqam” öz dövründə Azərbaycan musiqisi barədə Azərbaycan dilində yazılıb nəşr olunmuş yeganə risalə idi. Üstəlik, bütün Şərqdə, xüsusən musiqi haqqında risalələrin az olduğu bir dövrdə Şuşada belə bir əsərin ərsəyə gəlməsi əlamətdar hal idi.

Elmin müxtəlif sahələrinə aid Azərbaycan, fars və ərəb dillərində iyirmidən artıq əsər yazmış Mir Möhsün Nəvvabın musiqi elminə həsr olunmuş əsərlərindən biri də mətni tapıb üzə çıxaran tədqiqatçı G.Şamilli tərəfindən “Avropa ibtidai musiqi savadı dərsliyi” adlandırılan əlyazmasıdır. Bu kiçik həcmli əsər Gültəkin Şamilli tərəfindən fars dilindən tərcümə edilərək, onun ön sözü və şərhləri ilə 1995-ci ildə Azərbaycan və rus dillərində çap olunub. Əsərin yaranma tarixi haqqında dəqiq məlumat olmadığından tədqiqatçı onun yazılma tarixini “1890-1918-ci illər ərzində” kimi mücərrəd şəkildə təqdim edir. Buradan belə başa düşmək olar ki, bəlkə də, Nəvvab vaxtaşırı bu əsər üzərinə qayıtmış, lakin sona çatdırmamışdır. Belə ki, cəmi 6 səhifədən ibarət yarımçıq əlyazmanın birinci təlimində musiqinin əlifbası öyrədilir, sədalar izah olunur: musiqi səslərinin yüksəlib-enməsi, enib-yüksəlməsinin müxtəlif növləri ərəb hərfləri vasitəsilə işarə edilir.

Dərslik xarakterli bu əsərin 2-ci təlimində isə səsin vaxt məsafəsi, metro-ritm mövzuları əhatə edilir: müəllif “həzin”, “uzun” və “sərt” adlandırdığı səsləri – zəngulələri nöqtələrlə işarə edir. Məsələn, zəngulə 4 nöqtə, yarım zəngulə 2 nöqtə və onun yarısı qədər səs isə 1 nöqtə ilə işarə edilir. Zənguləni tam ifadə etmək istədikdə işarələr sistemində dörd nöqtə əvəzinə, “o” işarəsi qoymaqla, bir növ, səsin tamlığını, bütövlüyünü əks etdirir.

Nəvvabın hansı səbəblərdənsə tamamlanmamış bu musiqi dərsliyi temperasiya sistemi hüdudlarında birsəsli diatonik melodiyaların yazılıb-oxunmasına imkan verir. Baxmayaraq ki, ümumi qəbul olunmuş fikrə görə, Azərbaycanda Avropa musiqisi ilə bağlı ibtidai təhsilin tarixi 1931-ci ildən (Üzeyir Hacıbəylinin redaktəsi ilə tərtib olunan “Not savadı” dərsliyi) başlanır, Nəvvabın dərsliyi ilə bu tarixin xeyli irəli – əsrin əvvəllərinə doğru çəkildiyini demək olur.

Dərslik müəllifinin ərəb əlifbası əsasında təqdim etdiyi notları A.İ.Puzırevskinin “Musiqi-nəzəri biliklərin əsasları” kitabı ilə müqayisə edən sənətşünas G.Şamillinin əyani təqdimat üçün hazırladığı cədvəldən aydın olur ki, Mir Möhsün Nəvvab Qərb musiqi nəzəri bilgilərindən olduğu kimi, özündən öncəki Şərq musiqi risalələrindən də xəbərdardır və tərtib etdiyi kitablar sələflərindən bəhrələnməklə yanaşı, özünün əlavə və dəyişiklikləri ilə ərsəyə gəlib.

Tədqiqatçı faktları müqayisə edərək Nəvvabın tərtib etdiyi bu notasiyanın M.F.Axundzadənin əlifba islahatının ilk variantı olduğu barədə düşündürücü bir mülahizə irəli sürür: Belə ki, M.F.Axundzadənin 1957-ci ildən başlayan (bəzi tədqiqatçılar bu tarixi daha əvvələ çəkirlər) əlifba layihəsinin ilk mərhələsi ərəb əlifbasında saitlərin ekvivalentinin təklifinə əsaslanır. Həmin dövrdə M.M.Nəvvab məktəbdə dərs deyirdi. Bu iki ədib görüşməsə də, Nəvvab M.F.Axundzadənin əlifba islahatları layihəsindən Xurşidbanu Natəvan vasitəsilə xəbərdar ola bilərdi və təxminlərə görə, öz məktəbinin şagirdləri üçün dərslik kimi nəzərdə tutulan “Avropa ibtidai musiqi savadı dərsliyi”nin yazılmasında məqsəd “sadə vasitələrlə təhsil almaq ideyası”nı musiqi nəzəriyyəsinə tətbiq etmək olmuşdur. Tədqiqatçı Gültəkin Şamilli maraq doğursa da, dəqiqləşdirilməsinə ehtiyac duyulan bu mülahizəsini belə əsaslandırır: “Azərbaycan və qonşu müsəlman ölkələri mədəniyyətlərinə Axundov əlifbasının müvəffəqiyyətli tətbiqi şəraitində yeni notasiya məna etibarilə həmin əlifbanın bir hissəsi kimi Avropa musiqi nəzəriyyəsinin, güman ki, məhdud çərçivədə mənimsənilməsinə imkan verə bilərdi”. Başqa sözlə, tanış olmayan not işarələrinin öyrənilməsinə ehtiyac qalmazdı. Prinsipcə, cəlbedici olan bu ideya həyata keçirilmədən “dərslik” Mir Möhsün Nəvvabın üzə çıxmayan əlyazmaları arasına qarışıb. Bəlkə də, müəllif ideyasının reallaşma potensialına güvənməyib və ya onu hər hansı səbəbdənsə tamamlamaq imkanı olmayıb. Hər bir halda, Nəvvabın “Avropa ibtidai musiqi savadı dərsliyi” əsəri Azərbaycan musiqi tarixində not sisteminin tətbiq edilməsi sahəsində ilk hesab ediləcək qədər qəti addım olmaq imkanını əldən verib. Bununla belə, sözügedən əlyazma Avropa musiqi nəzəriyyəsi ilə bağlı Azərbaycanda təsəvvür yaratması baxımından və bütövlükdə müəllifinin maarifyönlü fəaliyyətinin əhəmiyyətli bir detalı, istiqaməti kimi olduqca dəyərlidir. Həmçinin mədəniyyətlərarası (Avropa musiqi nəzəriyyəsinin Azərbaycan musiqisinə inteqrasiyası) və intermedial (əlifba və musiqi notları) əlaqələr baxımından böyük maraq doğurur.

Mir Möhsün Nəvvab, həmçinin “Kəşfül-Həqiqeyi-Məsnəvi”nin 3-cü hissəsində musiqi elminə çox geniş, ətraflı yer verir və həmin hissəni belə adlandırır: “Şəriət qanunlarına görə, öyrənilməsi və hətta öyrədilməsi caiz və hətta vacib sayılan, ancaq təcrübə olaraq ifa edilməsi haram sayılan musiqi elmi, muğamat, onun şöbə və guşələrindəki bəzi istilahların bəyanı”. Fars dilində yazılmış (tərcümə R.Hüseynova) bu poemada Nəvvab musiqinin nəzəriyyəsi ilə bağlı məlumat verərək, sahəyə dərindən bələdliyini əks etdirir. “Muğamların adları”, “Şöbələrin adları”, “Guşələrin adları” və “Avazların adları” hissələrində muğamla bağlı bilgilər verir. Məsnəvinin musiqiyə həsr olunmuş hissəsində xüsusi bədiilik nəzərə çarpmır və aydın görünür ki, müəllifin məqsədi muğam haqqında nəzəri bilgiləri poema çərçivəsində oxucuya çatdırmaqdır.

Beləliklə, əminliklə deyə bilərik ki, Şuşanın mədəni və ictimai həyatında fəal iştirak etməklə bütövlükdə Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfələr bəxş etmiş Mir Möhsün Nəvvabın musiqimizin inkişaf tarixində əhəmiyyətli rolu danılmazdır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Mir Mohsun Nevvabin Ev Muzeyi – Wikipedia

Mir Möhsün Nəvvabın evi — Şuşa şəhərinin tarixi Mamayı məhəlləsi ərazisindəki Nəvvab küçəsində (keçmiş Komsomolskaya) yerləşən iki mərtəbəli ev.

UNESCO Ehtiyat Siyahısı

Mündəricat

  • 1 Haqqında
  • 2 Muzeyin yaranması
  • 3 Muzeyin eksponatları
  • 4 İşğaldan sonra
  • 5 M. M. Nəvvabın kolleksiyları
  • 6 Şəkilləri
  • 7 Həmçinin bax
  • 8 İstinadlar
  • 9 Xarici keçidlər

Azərbaycan şair və rəssamı Mir Möhsün Nəvvab bu evdə yaşamış və fəaliyyət göstərmişdir. SSRİ dövründə evdə sənətkarın ev muzeyi yaradılmışdır. Evin otaqları divar rəsmləri ilə zəngin bəzədilmişdi. [1]

Təəssüf ki, maddi-mənəvi xəzinəmiz sayılan neçə-neçə tarixi abidəmiz, muzeylərimiz ötən əsrin 90-cı illərində erməni işğalçıları tərəfindən qarət olunmuş, dağıdılmışdır. İşğal olunmuş ərazilərimizdə 762 mədəniyyət abidəsi qalıb. İşğalçılar 22 muzeyi, 4 rəsm qalereyasını talayaraq yerlə-yeksan ediblər.

Canlı muzey olan Şuşanın özündə 8 muzey fəaliyyət göstərirdi. Dövlət Qarabağ Tarixi Muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Bülbülün memorial muzeyi, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin Şuşa filialı, tarzən Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi – bu muzeylərin hər birinin Azərbaycanın maddi-mənəvi xəzinəsində öz dəyəri və yeri vardı. [2]

10 salondan ibarət olan Şuşa Dövlət Rəsm Qalereyasında təsviri sənət ustalarının 200-ə yaxın əsəri nümayiş etdirilirdi. Zöhrabbəyovların evində yerləşən qalereyanın qızıl fondunu XIX əsr Azərbaycan miniatür sənətinin nümayəndələrindən biri, məşhur rəssam və xəttat Mir Möhsün Nəvvabın öz kitablarına çəkdiyi illüstrasiyalar təşkil edirdi. Burada həmçinin xalqımızın həyatından, məişətindən, adət-ənənələrindən söhbət açan dekorativ sənət nümunələri toplanmışdı. Tanınmış qrafika, tişə və fırça ustalarının sənətin müxtəlif növündə yaratdıqları nümunələr qalereyanın divarlarını bəzəyirdi. O cümlədən qalereyanın nəzdində fəaliyyət göstərən sənət dərnəyində onlarca gənc məşğul olurdu. Şuşa işğal edildikdən sonra bu sənət məbədinin də həyatına son qoyuldu. [3]

Muzeyin yaranması

Hələ Mir Möhsün Nəvvabın adını daşıyan muzeyin yaranmamışdan 9 il öncə – “Şuşa” qəzetinin 1981-ci il 15 avqust tarixli sayında böyük sənətkarın xatirə muzeyinin hazırlandığı qeyd olunub. Yazıda bildirilib ki, M. M. Nəvvabın yaşamış olduğu binada şair-rəssamın özü tərəfindən çəkilmiş, müxtəlif movzularda işlənmiş lövhələr bərpaçı-rəssamlar tərəfindən yenidən işlənib öz əvvəlki görkəminə salınır. Bina bərpadan sonra şairin ev muzeyinə çevriləcəkdir. [4] Muzey isə naməlum səbəblərdən xeyli illər sonra – 1990-cı ilin noyabr ayında Mir Mövsün Nəvvabın vaxtilə yaşadığı mənzildə ev muzeyi statusunda fəaliyyətə başlayıb.

Ev muzeyinin ilk direktoru Xuraman Ağayeva olub. Muzeydə Mir Möhsün Nəvvabın həyat və yaradıcılığından bəhs edən 130 eksponat sərgilənirdi.

Muzeyin eksponatları

Eksponatlar içərisində sənətkara məxsus çap maşını, teleskop, özünün çəkdiyi rəsm əsərləri var idi. Muzeydə M. M. Nəvvabın çapçılıq fəaliyyətini isbatlayan eksponatlar da sərgilənirdi.

“Şuşa” qəzetində Mədəni-Maarif Məktəbinin müəllimi Ə. Nəcəfov həmin eksponatlarla bağlı nümunələrdən, o cümlədən sənətşünaslıq doktoru N. Miklaşevskayadan sitat gətirərək qeyd etmişdi: – M. M Nəvvabın çapçılıq fəaliyyətindən bəhs edərkən sənətşünaslıq doktoru N. Miklaşevskaya yazır: Əgər M. M. Nəvvabın çapçılıq fəaliyyətini ciddi öyrənib onun bu sahədəki bütün işini dərindən təhlil edən olarsa, bəlkə də belə bir nəticəyə gələrik ki, Azərbaycanın ilk çapçısı Mir Möhsün Nəvvabdır”.

İşğaldan sonra

Hazırda muzey fəaliyyət göstərmir. Muzey eksponatları isə Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində həm muzeyin binası və iki yüzə yaxın eksponatı məhv edilmişdir. İşğaldan sonra eksponatların çoxunu xilas etmək mümkün olmasa da bəzi eksponatlar indi İncəsənət Muzeyindədir. Şuşa məscidində Nəvvaba aid guşə varıydı. Əşyalarının çoxu orada idi. İndi həmin əşyalar da İncəsənət Muzeyində qorunur. Çəkdiyi rəsmlər, əlyazmalar, əşyalar…Onun ən dəyərli eksponatı Əmir Teymurun portreti olmuşdur. Rəssamlar bu əsərə yüksək qiymət veriblər. [5]

Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında Azərbaycanın şair, rəssam, xəttat və musiqişünas alimi Mir Möhsün Nəvvaba (1833–1918) aid materiallar yerləşdirilimişdir. Belə ki, Mir Möhsün Nəvvaba aid materiallar daimi ekspozisiyanın “XIX əsrdə Azərbaycanda elm, təhsil və mədəniyyət” zalında ayrıca vitrində yerləşdirilmişdir. Burada həm mətn, həm də rəsmlərinin müəllifi M. M. Nəvvab olan “Kitabi divani farisi” əsərinin, eləcə də “Kəşfül-həqiqəti-məsnəvi” əsərinin orijinalları qoyulmuşdur. Qeyd etmək lazımdır ki, musiqi nəzəriyyəsinə həsr edilmiş “Kəşfül-həqiqəti-məsnəvi” əsəri Mir Möhsün Nəvvabın ən tanınmış əsərlərindəndir; Nəvvab bu əsərin də həm mətninin, həm də rəsmlərinin müəllifidir. Vitrində həmçinin M. Nəvvabın çəkdiyi rəsmlərin surətləri nümayiş olunur. [6]

M. M. Nəvvabın kolleksiyları

Məlumdur ki, Nəvvab orta əsrlərə aid Azərbaycan silahlarından ibarət kolleksiya toplayırdı. Onun kolleksiyasından bir neçə silah hazırda Milli Azərbaycan Tarixi Muzeyində qorunur. Daimi ekspozisiyada kolleksiyanın incilərindən olan XVI-XVII əsrlərə aid dəbiqlə nümayiş olunur. Vitrində Mir Möhsün Nəvvabın XIX əsrin 70-ci illərinə aid fotoşəkli və Şuşadakı qəbrinin fotosu yerləşdirilmişdir. Nəvvabın qəbri üzərində abidə 1957-ci ildə qoyulub (heykəltəraş Tokay Məmmədov). 1992-ci ildə şəhər Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunandan sonra abidə dağıdılmışdır. [7]

Evin erməni işğalından sonrakı halı.

Mir Möhsün Nəvvab

İstedadlar yurdu olan qədim Şuşada dünyaya göz açan Mir Möhsün Nəvvab Azərbaycan tarixinə alim və pedaqoq, şair və musiqişünas, rəssam və xəttat kimi daxil olub, zəmanəsinin görkəmli şəxsiyyətlərindən biri kimi tanınıb. Onun milli ənənələrə sıx bağlı olan yaradıcılığı Azərbaycan təsviri sənət tarixinin parlaq səhifələrindən birini təşkil edir.

Monumental və dekorativ sənət qrafikası sahəsində yaratdığı süjetli kompozisiyalar özünəməxsusluğu ilə seçilir. Onun işləri Şuşadakı Gövhər ağa məscidinin minarələrini, vaxtilə yaşadığı evi və dərs dediyi məktəbin binasını bəzəyirdi.

Dahi sənətkarın “Kənzül-mühən” (1864), Bəhrül-hüzən (1864-1865) və “Kəşfül-həqiqeyi-məsnəvi (1895) əlyazmalarına verdiyi tərtibatlar və çəkdiyi illüstrasiyalar, eləcə də “Şuşada aşura mərasimi” (1873), “Teymurləngin portreti”, “Güllər” (1874), “Quşlar” (1872) əsərləri onun rəssam kimi istedadını qabarıq şəkildə nümayiş etdirir.

Yazıçı kimi də uğur qazanan Mir Möhsünün əsərləri içərisində «Təzkireyi-Nəvvab» toplusu daha çox maraq doğurur. Qarabağın 100-dək orta əsr şairinin həyatı və yaradıcılığından bəhs edən bu toplu 1913-cü ildə Bakıda kitab şəklində nəşr olunub.

Nəvvab riyaziyyat, kimya və astronomiya ilə də maraqlanırdı. Öz evində iki teleskop quraşdıraraq, kiçik rəsədxana və kimya laboratoriyası yaratmışdı. 1899-cu ildə dərslik kimi qələmə aldığı «Kifayətül-ətfal» kitabına, göy cisimlərinin yerləşməsi və günəş tutulmalarına dair tərtib etdiyi cədvəllər də daxil edilmişdi.

Tanınmış pedaqoq və alimin etik görüşləri onun «Kifayətül-ətfal», «Nurül-Ənvar» və «Pəndnamə» kimi kitablarında öz əksini tapib. Mir Möhsünün Nəvvab musiqiyə həsr etdiyi məşhur traktatı — «Vüzuhül-ərqam» risaləsində ayrı-ayrı muğamların, bəzi dəstgahların mənşəyi və onların adlarının kökü haqqında məsələləri araşdırıb, muğamların şer mətnləri ilə əlaqəliliyi, ifaçı ilə dinləyicinin qarşılıqlı münasibətləri, akustika baxımından optimal yerləşməsi problemlərinə toxunub.

İlk dəfə olaraq, musiqiyə dəstgah terminini gətirib və o dövrdə Qarabağda məlum olan altı dəstgahın — Rast, Mahur, Şahnaz, Rahavi, yaxud Rahab, Çahargah və Nəva dəstgahlarının adını çəkib. Bundan başqa alim həmin əsərdə Qarabağ musiqiçiləri tərəfindən ifa olunan 82 mahnı və muğamın da adlarını qeyd edib.

Comments are closed, but trackbacks and pingbacks are open.