Mirzə ibrahimov gələcək gün romanı
Bütövlükdə «Gələcək gün» Azərbaycanın ikiyə parçalanmasını beynəlxalq arenaya çıxaran, xalqımızın taleyinə bütün dünyanın diqqətini cəlb edən qiymətli siyasi romandır. Ədəbiyyatımızda xalq taleyini, onun gələcəyini və müstəqil olmaq hüquqlarını xüsusi bədii qüvvə ilə ortaya gətirən ikinci belə romanımız yoxdur.
Mirzə İbrahimovun Güney Azərbaycanından bəhs edən əsərləri indi də aktualdır
Mirzə İbrahimovun Güney Azərbaycanından bəhs edən əsərləri indi də aktualdır
Yazıçı “Gələcək gün” romanında yazır ki, “o gün gələcək. Azərbaycan xalqının da üfüqündə günəş doğacaq”.
Esmira Fuad: “Mirzə müəllim düşmən xalq axtarmırdı, sadəcə öz xalqının azadlığını, rifahını istəyirdi. O istəyirdi ki, Cənubi Azərbaycandakı soydaşlarının da öz şaqraq türki dilində məktəbləri, mətbuatı, radio-televiziyası olsun. Mirzə İbrahimov bütün xalqların ana dilinə hörmətlə yanaşırdı. Bir həqiqət var ki, mədəniyyətlərin sərhədi olmur”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Esmira Fuaddır. O, Azərbaycanın tanınmış yazıçısı Mirzə İbrahimovun Güney Azərbaycanla bağlı yaradıcılığından danışıb.
Mirzə İbrahimov 1911-ci il oktyabrın 15-də İran Azərbaycanın Sərab şəhəri yaxınlığın¬dakı Eyvə kəndində anadan olub. 1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya gəlib.
Onun “Qazılan buruq” adlı ilk şeri 1930-cu ildə dərc olunub.
“Həyat” (1935), “Madrid” (1937), “Məhəbbət” (1941), “Kəndçi qızı” (1961), “Yaxşı adam” (1963), “Közərən ocaqlar” (1967) pyeslərini yazıb.
Mirzə İbrahimovun “Böyük demokrat”, “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə” kimi böyük həcmli əsərləri, o cümlədən əsərlərinin 10 cildliyi çap olunub.
O, V.Şekspirin “Kral Lir”, “On ikinci gecə, yaxud hər nə istəsəniz”, A.N.Ostrovskinin “Quduz pullar”, “Müdrik olan hər kəsə kifayətdir sadəlik”, A.P.Çexovun “Üç bacı”, Molyerin “Don Juan” pyeslərini Azərbaycan dilinə tərcümə edib.
1945-ci ildə Azərbaycan EA təsis edilərkən onun ilk həqiqi üzvlərindən biri seçilib.
Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri (1946-1954), birinci katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi (1965-1975), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958) vəzifələrində işləyib.
Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun direktoru olub. Ömrünün axırınadək isə Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində çalışıb. 1993-cü il dekabrın 17-də Bakıda vəfat edib.
Sual: İlk öncə Mirzə İbrahimov barədə qısaca məlumat verməyinizi xahiş edirəm.
Cavab: Mirzə İbrahimov Azərbaycan mədəniyyətinin tarixində öz səhifəsini yazan nasir, dramaturq, ədəbiyyatşünas, publisist, dilçi, tərcüməçi və ictimai-siyasi xadim olub. Dövrünün milli ruhlu şəxsiyyəti olan ədibin əsərlərində doğulduğu torpağa, el-obaya, klassik ədəbi irsimizə, folklor qaynaqlarımıza, bütövlükdə Azərbaycan mədəniyyətinə dərin məhəbbət, soy-kökünə, milli adət-ənənələrimizə sıx bağlılıq, xalqlar arasında milli və irqi ayrı-seçkilik salan zülmkar¬lara, irticaçı şovinist qüvvələrə nifrət var.
O, uşaqlıqdan həyatın sərt ruzigarına, taleyin sınaqlarına tuş gəlib. 20-ci əsrin əvvəllərində İranı, eləcə də Güney Azərbaycanı bürüyən aclıq yeddi yaşlı Mirzənin ailəsini də haqlayır. Aclığın ölümsaçan caynaqları öncə anası Zəhra xanımı, sonra isə bacısını ailədən qoparıb alır. Bu itkilərdən qorxuya düşən Əjdər kişi sağ qalan iki oğlunu aclığın girdabından xilas etmək üçün İrandan neft Bakısına pənah gətirir (1918-ci il). Əjdər İbrahimov Bakının Zabrat qəsəbəsində neft buruqlarında işləməyə başlayır. Lakin bir il keçməmiş Mirzə İbrahimovun böyük qardaşı da onları əbədi tərk edir. 1919-cu ildə Balaxanı neft quyusunda baş verən fontan balaca Mirzənin atasını da əlindən alır və 8 yaşında ikən o, həyatda kimsəsiz qalır. Balaca Mirzə Zabratda varlı bir ailədə muzdurluq etməklə yaşamını sürdürməyə başlayır. Sonra fəhlə-kəndli məktəbində oxuyur, eyni zamanda neft buruqlarında fəhləlik edir, həm də Zabrat fəhlələri üçün yaradılan və yazıçı Seyid Hüseynin başçılıq etdiyi ədəbiyyat dərnəyinə yazılır. O, “Aprel alovları” məcmuəsində dərc edilən “Qazılan buruq” şeri ilə ədəbi yaradıcılığa başlayır. Lakin az sonra “Zəhra” və “Mələk”, “Həyat üçün” hekayələri ilə yazıçılığa qədəm qoyan gənc neftçinin nasirlik istedadı həmkarlarının diqqətini cəlb edir.
1931-33-cü illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun iki illik hazırlıq kursunu bitirir və Naxçıvanda “Sürət” qəzetinin redaktoru təyin edilir. Ədib məşhur «Həyat» pyesini məhz bu dövrdə Naxçıvanda yazır. “Həyat” pyesi səhnələşdirilərək tamaşaya qoyulur (1938) və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. O, 1937-ci ildə SSRİ Elmlər Akademiyasının Lenin-qrad¬dakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almağa göndərilir. Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığını, “Molla Nəsrəddin” jurnalındakı xalqın milli intibahı naminə mövzuda müdafiə edir və filologiya elmləri namizədi alimlik dərəcəsi alır. “Böyük demokrat” monoqrafiyası 1939-cu ildə nəşr olunur. Və bundan sonra Mirzə İbrahimovun karyera yüksəlişi başlayır. Əvvəlcə, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, az sonra Xalq Komissarları Soveti yanında İncəsənət işləri idarəsinin rəisi təyin olunur. O, uzun illər Azərbaycan Yazıçılar İttifaqının sədri, Xalq Maarif komissarı, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Asiya və Afrika ölkələri üzrə Sovet Həmrəylik Komitəsinin sədri, Azərbaycan KP MK-nın büro üzvü, Respublika Ali Sovetinin sədri və s. kimi yüksək vəzifələrdə işləyir. Azərbaycan SSR EA təsis edilərkən onun ilk həqi¬qi üzvlərindən biri seçilib. Dəfələrlə SSRİ Ali Sovetinin deputatı seçilir.
Sual: Mirzə İbrahimovun İran Azərbaycanı ilə bağlı əsərinin yaranmasına nə səbəb olub?
Cavab: Mirzə İbrahimovun yaddaşını heç zaman İran mövzusu tərk etməyib. O, bədii yaradıcılığında İran, doğma şəhəri Sərab, Təbriz və ümumilikdə İran xalqlarının həyatından bəhs edib. İranda yaşayan xalqlarla yanaşı öz xalqının, eləcə də bütün dünyada yaşayan xalqların azadlığını, onların sülh və əmin-amanlıq şəraitində yaşamasını arzulayıb. Ədib bacardığı qədər bətnindən qopduğu Güney Azərbaycan xalqının imperiya buxovlarından qurtulmasına, ana dilində məktəblərinin olmasına və doğma türkcədə yazıb-yaratmasına çalışıb və çoxsaylı əsərlərində Güney Azərbaycan mövzusuna dönə-dönə qayıdıb. Bu qayıdış təsadüfi deyildi. Görünür, yeddi yaşında ikən Sərabı tərk edən Mirzə müəllimin yaşadığı, gördüyü sanki yaddaşında, ruhunda daşlaşıbmış. O 1941-ci ildə Sovet ordusunun tərkibində Güney Azərbaycana gedəndə də burada baş verən hadisələrin bilavasitə iştirakçısı olur, qaynar həyatın tam mərkəzindən ictimai-siyasi, ədəbi prosesləri diqqətlə, dərindən müşahidə edir və gələcək ədəbi-bədii fəaliyyəti üçün zəngin həyat materialı toplayır. 1941-42-ci və 1945-46-cı illərdə Təbrizdə yaşayır, burada Sovet ordusunun siyasi işçisi vəzifəsini icra edir və Qızıl ordunun orqanı kimi yayımlanan “Vətən yolunda” qəzetinin redaktoru təyin olunur. Quzeydən gələn və Güneydə mədəni sıçrayışa nail olmaq, soydaşlarına kömək etmək missiyasını çiyinlərinə götürən görkəmli sənətkarlar Səməd Vurğun, Qılman İlkin, Qulam Məmmədli, Məmməd Rahim, Süleyman Rüstəm, Osman Sarıvəlli ilə çiyin-çiyinə çalışır.
Mirzə İbrahimov “Vətən yolunda” qəzetində (46 sayı dərc edilib) cəbhə xəbərləri ilə yanaşı Azərbaycanın tarixindən, xalqın azadlıq uğrunda mübarizə salnaməsindən, bu mübarizənin aparıcı qüvvələri olan mərd Vətən oğullarının həyatından, ədəbiyyat və mədəniyyətindən diqqətçəkən məqalələrə geniş yer verir. 1945-1946-cı illərdə Cənubi Azərbaycanda Seyid Cəfər Peşəvərinin başçılığı ilə 21 Azər inqilabı baş verir və Cənubi Azərbaycanın buludlu səmasında yenidən azadlıq günəşi parlayır. Təbii ki, yenə də xarici mürtəce qüvvələrlə yerli istibdad rejiminin qüvvələri birləşərək inqilabı qan dənizində boğurlar. Amma, xalqın azadlıq, istiqlal arzularını boğmaq mümkün olmur. İstiqlal uğrunda mübarizə Güneydə bu gün də davam edir.
Mirzə İbrahimov ilk dəfə olaraq məhz “İrаn qızı” аdlı hеkа¬yəsini – Ulduz adlı cənublu qızın faciəli həyat hekayətini yazmaqla bədii yaradıcılığına Cənubi Azərbaycan mövzusunu gətirir (1930). Güney Azərbaycan¬da zəhmətkeş təbəqənin, kəndlilərin ağır vəziyyətini, yoxsulluq üzündən varlı bir ailəyə satılan və məhz bu səbəbdən sevgilisinə qovuşa bilməyən, lakin sevmədiyi bir insanla ömrü boyu yaşamaqdansa, ölümü üstün tutan və sonda intihar edən Ulduzun faciəsini real lövhələrlə canlandıran yazıçının bu hekayəsi güclü əks-səda doğurur.
“Аzаd”, “12 dеkаbr”, “Tоnqаl bаşındа”, “İztirаbın sоnu”, “Sаlаm sənə, Rusiyа” və “İki həyаt” – altı hekayənin daxil olduğu “Cənub hеkаyələri” silsiləsi (1946-1947), İranda dalğalanan milli-аzаdlıq hərəkаtının yetirdiyi inqilаbçıların parlaq оbrаzlаr qalereyası sayıla biləcək “Gələcək gün” rоmаnı (1948-1950) “Хоsrоv və Ruzbeh” pоvеsti və “Azad qız” librettosu yazıçının Güney Аzərbаycаndakı ciddi və davamlı müşаhidələrinin, doğma xalqına odlu məhəbbətinin, uzun-uzadı yаrаdıcılıq ахtа¬rışlа¬rının uğurlu nəticə¬ləri idi. Güney Аzərbаy¬cаn məsələsi Mirzə İbrаhimоvun gündəlik həyatının, duyğu və düşüncələr aləminin ayrılmaz hissəsi idi. Evdə, işdə, səyahətdə, hətta yuxularında belə doğma Təbriz-Sərab-Eyvə onunlaydı. Qızı Sevda xanı¬mın xatirələrində də bu məqam var: “O, Cənubla bağlı xatirələrini danışanda həmi¬şə məni qəhər bürüyərdi. Atam Təbrizi çox sevirdi. Biz bağa gedəndə uşaqlıq illərini xatırlayar və nisgilli səslə deyərdi, “anam həmişə mənim başımı sığallayar¬dı. ” Tez-tez həsrətlə bir sual verərdi, “görəsən, mənə qismət olacaqmı ki, nə vaxt¬sa sizi Təbrizə aparım”.
Bir çox dillərə tərcümə edilən və baş qəhrəmanın – Azadın nakam taleyinin bədii təsviri olan “Azad” hekayəsinin də daxil olduğu məşhur “Çənub hekayələri”, “Gələcək gün” romanı, “Azad qız” librettosu Təbrizdə yaşadığı həmin keşməkeşli dövrün mürəkkəb ictimai-siyasi hadisələrinin əks-sədası idi. “Çənub hekayələri” silsiləsi “Azad” hekayəsi ilə başlayır. Təbriz və Zəncanda başlayan, lakin getdikcə kütləvi xarakter alan xalq hərəkatından, inqilabçı xalqın döyüş meydanında qazandığı ilk uğurlardan bəhs edən hekayədə Mirzə İbrahimov vətənpərvərlik ruhunun insanların doğulduqları torpağa, xalqına və bir-birinə bağlılıq hisləri gətirdiyini vurğulayır. Zəncanda demokratik qüvvələrə qoşularaq vətənin istiqlaliyyəti uğrunda hakim rejimə-mürtəce qüvvələrə qarşı savaş meydanına atılan və qaradinməzliyinə, az danışmağına görə yoldaşlarının zarafatyana “Sükuti” ayamasını qoşduğu Azad xalqının səadəti uğrunda mübarizə meydanında şəhid olmağı ən şərəfli iş, həyatının ən zəruri ehtiyacı sayır.
Vətənini canından da çox sevən Azad ağbirçək anasının ümidi, gələcəyinin qurucusu, evinin-kasıb daxmasının yeganə çıraq yandıranıdır. Həyatının mənasını Vətənin səadəti üçün yaşayıb çalışmaqda, az danışıb daha çox iş görməkdə, yarımqaranlıq daxmaların azadlığında, doğma yurdun, ana torpağın istiqlaliyyətində görən gənc qəhrəman yalnız son nəfəsində, ölum ayağında danışır, torpağı öpür, əqidə dostu Fərdaya və silahdaşlarına deyir: “Öpünüz, səcyə qapılıb hamınız bu torpağı öpünüz. Əziz qardaşlarım, mənim qəbrimi uca bir yerdə qazarsınız. Həm də o yeri böyük bir yol kənarında seçərsiniz. Qoy, gələcəyin azad nəsillərinin ayaq səsi qəbirdə də olsa qulaqlarıma çatsın. Budur, həyatın mə`nası. Dövrəmdə silah yoldaşlarım, başımın üstündə məslək qardaşım, yanımda vətənin azadlığı üçün qaldırılmış silah. Bu, şərəfli bir ölümdür. Əziz qardaşlarım, mənim qəbrimi uca bir yerdə qazarsınız. Elə yerdə qazarsınız ki, oradan Azərbaycanın geniş çölləri, duru çayları, güllü çəmənləri və bağları görünsün. Elə yerdə qazarsınız ki, qəbrimin üstünə gələn adamların nəzərlərində geniş üfüqlər açılsın. Həm də o yeri böyük bir yol kənarında seçərsiniz! Qoy gələcəyin azad nəsillərinin ayaq səsi, qəbirdə də olsa, qulaqlarıma çatsın!”
Bu ali hisslər, yüksək duyğular, vətənpərvərlik amalı dünyanın bütün xalqları üçün doğmadır. “Azad” hekayəsinin milli sərhədləri adlamasının, müxtəlif xalqların dilinə çevrilərək üfüqdən-üfüqə yayılmasının sirri əsərin güclü azadlıq, istiqlal ruhundadır.
“Tonqal başında” hekayəsi ruhən “Azad” və “12 dekabr” əsərlərilə səsləşir. Əsərdə şirin bir təhkiyə üsulu ilə Kərim kişinin dilindən xalqın qəhrəmanlıq səhifələri ilə zəngin tarixindən, vətənin müqəddəsliyindən təqdim etdiyi maraqlı və ibrətamiz hekayələrlə M.İbrahimov tonqal başına toplaşan fədailəri yeni mübarizələrə səsləyir. Kərim kişinin “müasir qanunları, qayda və rejimi buxov, zəncir adlandırması, fədailəri yeni döyüşlərə səsləməsi hekayəyə güclü müasir ruh verir. Eyni zamanda da keçmişə, tarixi köklərə söykənməyin ən doğru yolunu göstərir. “İztirabın sonu” hekayəsində isə Milli demokratik hərəkat yatırıldıqdan sonra İran hökumətinin və onun xarici havadarlarının inqilabçı xalqa divan tutması, zülm, işgəncə, təqib, təzyiq, sürgün və həbslərin baş alıb getməsindən, lakin bütün bu əzablara rəğmən xalqın mübarizə əzminin qırılmamasından bəhs edilir. Xalqlar dostluğu, insanların vahid məqsəd uğrunda birgə fəaliyyəti də hekayədə konkret faktlarla tərənnüm edilir.
40-cı illərdə yazmağa başladığı, ancaq yarımçıq qalmış “Nakam məhəbbət” əsərinin davamı, mükəmməlləşdirilmiş, təkrar-təkrar işlənmiş variantı olan “Gələcək gün” rоmаnı Mirzə müəllimin yaradıcılığında mühüm mərhələ təşkil edir. Ədib Cənubi Azərbaycanda baş verən azadlıq hərəkatını rоmаnda parlaq bədii boyalarla əks etdirir. Güney Azərbaycanı, İranı yaxından tanıması, xalqın həyatına dərindən bələdliyi ədibə bu həyatı və şahlıq rejiminin çoxyönlü siyasi gedişlərini bütün ayrıntıları ilə təsvir etmək imkanı yaradır. Bu bələdlik ona xalqın milli azadlıq hərəkatının baş qəhrəmanlarından biri kimi təsvir etdiyi obrazı canlı həyatdan götürmək şansını da verir. Bu möhtəşəm obrazın prototipi Milli Hökumətin yaradıcılarından biri olan alovlu vətənpərvər, prokuror Firudin İbrahimidir.
“Gələcək gün” romanı güclü bədii ümumiləşdirmələrinə, real həyatda baş verən hadisələrlə boyaboy səsləşdiyinə görə bu mövzuda yazılmış digər əsərlərdən fərqlənir. Romanda xalqın azadlığı uğrunda mübarizə aparan Firudin İbrahimin və onun ailəsinin faciəsi inandırıcı bədii lövhələrlə təsvir olunur. “Gələcək gün”də yazıçı “İran və Güney Azərbaycan xalqlarının iztirablarla dolu məşəqqətli həyatını Həsənalı və Musa kişinin ailələri fonunda ümumiləşdirir. Minlərlə zəhmətkeş insan bir qarın çörək üçün hər gün əsassız dəhşətli qanunlarla üzləşməli olur. Hakim rejimin məmuru Hikmət İsfahaninin “məhsulun beşdə biri rəiyyətə çatacaq” əmri kəndlilər üçün sanki ölüm hökmüdür. Bu ağrılı günlərin birində Həsənalı kişini ilan çalır və dostunun ailəsinin yükü də ölüm-zülüm dolanan Musa kişinin üzərinə düşür. Xırmanda taxıl dejinin pozulması üstündə H.İsfahani Musa kişini ağaca sarıtdıraraq vəhşicəsinə döydürür. Oğul-gənc Firudin bu işgəncəyə, zülmə qarşı üsyan edir, İsfahanilərə, onlara havadarlıq edən mövcud qanunlara nifrinlər yağdırır. Firudin həbs edilir və bununla da ailənin zəncirvari faciələri başlanır. Musa kişinin başına min bir bəla gəlir, yurdunun daşını-daş üstündə qoymur, talan edirlər. O, şikayət etmək, ədalət ümidi ilə Tehrana gedir. Lakin onu heç kəs dinləmir, axtardığı ədaləti tapa bilmir, əksinə, həbsə salınır. Üzləşdiyi haqsızlıqlar zindanda onu dəli edir və zavallı qoca elə oradaca ölür. Səriyyə xala da ərinin qayıtmadığını görüncə onu axtarıb tapmaq üçün yola çıxır. Ağır yolçuluq və aclıq iki uşağını məhv edir. Yolüstü kəndlərdə onları dəfn edən ana Tehrana gəlir. Yazıçı yaxıcı bədii dillə iki ailənin faciələrinin fonunda bütün xalqın məşəqqətli həyatının aydın mənzərəsini yaradır. Və sonda həbsdən qurtulan Firidun İbrahimini yenə də mübarizə meydanına qovuşdurur. Bununla diqtə edir ki, xalqın zülm və işgəncədən, əsarət zəncirindən yeganə qurtuluş yolu mübarizəyə qalxmaq, inqilab etməkdir. Xalqın nicatı yalnız milli birlikdə, milli vəhdətdədir.
Ömrünün son gününədək Cənubi Azərbaycan mövzusu onun yaradıcılığının aparıcı xəttini təşkil edib. Cənubda gedən ədəbi prosesi yaxından izləyib, Gəncəli Səbahi, Rəhim Dəqiq, Cavad Heyət, Salamullah Cavid, Sönməz və digər istedadlı qələm sahibləri ilə məktublaşıb, ədəbi mükalimələr edib, burada yaranan poeziyanı “Ümid və kədər poeziyası” adlandırıb. Mərziyə xanım Üskuyi, Əlirza Nabdil Oxtay, Səməd Behrəngi kimi şəhid yazarların əməllərini, mərdliklərini yüksək dəyərləndirib, Şəhriyar, Səhənd, Savalan, Sahir, H.Tərlan, R.Dəqiq, Y.Şeydanın mübariz poeziyasını təqdir edib, bu şairlərin romantik əsalətini, lirikasını təqdir edib.
Publisistik yazılarında da həmçinin, Güney Аzərbаycаnı unutmayan ədib “Təbriz səfəri”, “Onlar da günəşi görəcəklər”, “Cənubi Аzərbаycаnda milli demokratik hərəkat haqqında”, “Firidun İbrahimi”, “Azadlıq mübarizəsi”, ”Xalqın səsi” məqalələrində oxucularının diqqətini İrana, Güney Аzərbаycаna, Güney Аzərbаycаn xalqının həyatına və taleyüklü məsələlərinə, burada ölüm-dirim müba¬rizəsi aparan iki ideologiyanın çarpışmasına yönəldib.
Sual: Mirzə İbrahimovun hansı əsərlərində xalqın azadlıq arzuları əksini tapıb?
Cavab: Mirzə İbrahimov Güney Аzərbаycаndakı ictimai-siyasi və ədəbi prosesı mün¬təzəm surətdə izləyirdi və bu proseslərin əsas hərəkətverici simalarından biri idi. Bu proseslərə vaxtında, yubanmadan öz yazıçı, yaxud ədəbiyyatşünas-alim münasibətini bildirirdi. Mirzə İbrаhimоvun yazıçı, ədəbiyyatşünas-alim, həm də publisist kimi ömrünün sonunadək sadiq qaldığı, yazılarında və ürəyində daim yaşatdığı bir mövzu vardı: Güney Аzərbаycаn və burada cərəyan edən ictimai-siyasi hadisələr, Güney Аzərbаycаn ədəbiy¬yatı, çağdaş ədəbi prosesin vəziyyəti. Yaşadığı həyatı, iştirakçısı olduğu və ya ayıq təfəkkürlə müşahidə etdiyi və qəlbən yaşadığı hadisələri bədii əsərlərinə gətirən realist sənətkar Mirzə İbrahimov dəfələrlə səfər etdiyi xarici ölkələrdə Sovet İttifaqını təmsil edib. Məsələn, 1947-ci ildə Asiya xalqlarının istiqlaliyyət və azadlıq uğrunda mübarizə məsələlərinin müzakirəsinə həsr olunmuş Dehli konqresində iştirakı və hind xalqı ilə görüşləri “Çandranın üsyanı” kimi orijinal bir əsərin meydana gəlməsinə səbəb olur.
Mirzə İbrahimov elmi yaradıcılığında da Cənubi Azərbaycan ədəbiyyatını tədqiqat mövzusuna çevirib. Аzər¬bаy¬cаn ədəbiyyаt tаriхini bütöv şəkildə öyrənməyə çаlışan alim Cənubi Аzərbаycаnlа, ora¬da yaranan zəngin ədəbi irslə bаğlı çаtışmаzlıqlаrı, boşluqları görürdü. Harada, hansı vəzifə¬sində işləməsindən asılı olmayaraq yalnız xalqını, onun taleyüklü məsələlərini düşünən və onları bacardığı qədər həll etməyə çalışan alimin bütün fəaliyyətində bu bоşluqlаrı dоldur¬mаq cəhdləri adın görünür.
ХIХ-ХХ əsrlərdə Cənubi Аzərbаycаn ədəbiyyаtı tаriхinin, dörd cildlik Cənubi Аzərbаy¬cаn ədəbiy¬yаtı antоlоgiyаsının, klassiklər, ədəbi şəxsiyyətlər hаqqındа mоnоqrа¬fiyаlаrın yаzılmаsının gərəkliliyini də ilk оlаrаq Mirzə müəllim dərk edib. Mirzə müəllim 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan şöbəsinin yaradılmasına nail olub. Onun Cənubi və Şimali Azərbaycan ədəbiyyatı ilə bağlı ilk tədqiqatı hər iki tərəfdə xalqın yaratdığı folklor qaynaqları əsasında qələmə aldığı “Azərbaycan aşıq poeziyasında realizm” mövzusu olub.
Sual: Hansı səbəbdən Mirzə İbrahimovun əsərləri İran Azərbaycanında yayılmayıb?
Cavab: Mirzə İbrahimov üçün o taylı bu taylı Azərbaycan yox, vahid Azərbaycan var idi. Vətənimizin Cənub hissəsində, Güney Azərbaycan xalqının qucağında dünyaya gəlsə də, taleyinə bölünmüş böyük Vətənin hər iki tayında yaşamaq qisməti yazıldı. Ədib böyük vətənin Quzeyindən bütöv xalqına, dünyada hər şeydən əziz, uca tutduğu varlığa səsləndi. “Bö¬yük dayaq” kimi aktuallığını bu gün də qoruyub saxlayan əsərindən ikiyə bölünmüş, parçalanmış xalqı o tay-bu taya ayırmadan, ruhuna ayrılıq mehi əsdirmədən, üzərinə hicran kölgəsi salmadan müraciət etdi: “Ey mənim xalqım, ey mənim ümidim və pənahım! Ürəyimin istiliyi səndədir, fikrim işığını səndən alır. Həyatımın nəşə və sevincinə səbəb sənsən! Həyat yolunun sürüşkən döngələrində qolumdan tutan, məni yıxılmağa qoymayan, qolumdan tutub “Yaz!” deyən sən olmusan. Amansız qorxu başımın üstünü alaraq mə¬ni ağır fikirlərə saldığı zaman, xoş günün böyük dostları, zəif və qorxaq yoldaşlar məndən üz döndərdiyi zaman yeganə dayana¬cağım sən olmusan. O zaman ki, qaranlıq içərimə kölgə salmağa, tənhalıq duyğusu ürəyimi qurd kimi yeməyə başlayıb, onda sənin munis, mehriban, müqəd¬dəs səsini eşitmişəm. Bu səs məni həyata bağlamış, yaşamağa, mübarizə etməyə, çirkabları ara¬dan qaldırmağa ruhlandırmışdır. Qoluma qüvvət verən, iradəmi möh¬kəmlə¬dən bu səs sənin səsindir, ey mənim hər şeydən əziz, hər şeydən gözəl, hər şeydən yüksək, hər şeydən nəcib və mərhə¬mətli xalqım. ”
Kim bilir, bəlkə Tanrı Mirzə müəllimə bu qismət payını yazdı ki, tarixən istilalara, talanlara, istismarlara uğradılmış istedadlı bir xalqın, heç olmasa, ədəbiyyatı, söz sənəti, möhtəşəm mədəniyyəti ikiyə bölünmə¬sin.
Onun əsərləri İranda dərc edilməsə, yaxud az dərc edilsə də, buradakı soydaşları arasında şəxsiyyətinə böyük sevgi və məhəbbət var. Xalq öz böyük ziyalı övladının dəyərini bilir. Yazıçının qızı Sevda xanım İbrahimova yaxın zamanlarda Təbrizdə və Sarabda olub. Doğma vətənində onu böyük sevgi ilə qarşılayıblar.
Mirzə müəllim düşmən xalq axtarmırdı, sadəcə öz xalqının azadlığını, rifahını istəyirdi. O istəyirdi ki, Cənubi Azərbaycandakı soydaşlarının da öz şaqraq türki dilində məktəbləri, mətbuatı, radio-televiziyası olsun. Mirzə İbrahimov bütün xalqların ana dilinə hörmətlə yanaşırdı. Bir həqiqət var ki, mədəniyyətlərin sərhədi olmur. Bu gün Mirzə müəllimin əsərlərinin Cənubi Azərbaycanda geniş yayılmasına imkan olmasa da, xalq öz görkəmli oğlunu qəlbində yaşadır, ehtiramla yad edir. Gün gələcək ki, onun əsərləri İranda da geniş yayılacaq, oxucuları sevimli yazıçılarının möhtəşəm yaradıcılığı ilə daha yaxından tanış olacaqlar.
Söhbəti apardı: MDHP Güney Azərbaycan Departementinin sədri
Əlirza Amanbəyli
Mirzə ibrahimov gələcək gün romanı
Həyatı və fəaliyyəti. Sovet dövründə yaranan ədəbiyyatımızda xalqa bağlı milli cərəyanın aparıcı simalarından biri də Mirzə İbrahimov olmuşdur. Onun Azərbaycanın tarixi taleyi barədə yazdığı romanlar ədəbiyyatımızda xüsusi yer tutur.
Mirzə İbrahimov 1911-ci ilin 15 oktyabrında Cənubi Azərbaycanın Sərab vilayətinin Evə kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur. Gələcək yazıçının atası Əjdər kişi və anası Zəhra kəndin bütün əhalisi kimi əkinçiliklə məşğul olurdular. Mirzənin doğulduğu illərdə İranın iqtisadi geriliyi və quraqlıq ölkədə dəhşətli aclıq yaratmışdı. Bunun bir səbəbi də 1905–1911-ci illərdə ölkədə baş vermiş Məşrutə inqilabı və onun məğlubiyyəti ilə yaranan siyasi özbaşınalıq idi. Mərkəzi hakimiyyətin laxlaması ölkənin iqtisadi həyatına da öldürücü təsir göstərmişdi.
Mirzənin altı yaşı olanda Evə kəndində adamlar aclıqdan və zəiflikdən ölürdülər. Əjdər kişinin ailəsinin bərəkəti də göyə çəkilmişdi. Anası Zəhra arvadın ölümündən sonra Əjdər kişi Evə kəndinin bir çox sakinləri kimi Bakıya gedib neft mədənlərində iş tapmaq qərarına gəldi. Vəsait olmadığından onlar Bakıya piyada yola düşdülər. Cənubi Azərbaycandan bu taya aparan yollar bir parça çörək üçün neft Bakısına üz tutan cənublu kəndlilərlə dolu idi. Balaca Mirzə bu dəhşətli insan faciəsini gördü və həmişəlik yadında saxladı.
Əjdər kişi Bakıya çatıb iki oğlu ilə Sabunçuda ev kirayələdi. Mirzə kiçik oğlu idi. Sabunçuda onların kəndliləri və Zəhranın qardaşı yaşayırdı. Əjdər kişi əvvəlcə iş axtarmağa başladı. Lakin 1918-ci il Bakıda da iqtisadi və siyasi böhran hökm sürürdü. Bakının daxil olduğu Rus imperiyası ərazisində bir neçə hökumət vardı, qanlı vətəndaş müharibəsi gedirdi…
Didərgin ailənin maddi halı Bakıda da ağır olaraq qaldı. Canı zəifləmiş Əjdər kişi Sabunçuda vəfat etdi. Bir həftə sonra Mirzənin böyük qardaşı Rza da xəstəlikdən dünyasını dəyişdi. Yeddi yaşlı Mirzə tək qaldı. Lakin xeyirxah insanlar kimsəsiz yetimə əl tutdular, onu acından küçələrdə sərgərdan olub ölmək təhlükəsindən qurtardılar. Mirzə sonralar bunu unutmadı və ömrü boyu xalq içindən çıxmış kasıb, lakin istedadlı insanlara əl tutdu, onlara ədəbiyyata gəlməyə və möhkəmlənməyə kömək etdi…
Qısa vaxtdan sonra Mirzə neft mədənlərində işləyən dayısını tapdı və onun himayəsi ilə yaşamağa başladı. 1920-ci ilin mayında Bakıda bolşevik ordusunun əli ilə qurulan Sovet hakimiyyəti möhkəmləndi. Bu hadisə Mirzənin gələcək taleyini dəyişdi və onu Azərbaycan xalqının rəhbər şəxslərindən birinə çevirdi.
Gələcək yazıçı ibtidai təhsilə nisbətən gec, 11 yaşında başladı. Bolşeviklər öz hökumətlərini fəhlə-kəndli diktaturası sayırdılar və xüsusi təhsil siyasəti yeridirdilər. Onlar bütün vəzifələrə əvvəllər fəhlə işləmiş və bolşevik partiyasının üzvü olan şəxsləri təyin edirdilər. Onlar savadsız fəhlələr üçün qısa savad kursları açırdılar. Fəhlə uşaqları üçünsə Ümumi Əmək məktəbləri yaradırdılar. Fəhlə sinfi hakim sinfə çevrildikdən sonra öz içərisindən yeni kadrlar hazırlamalı idi.
1922-ci ilin payızında 11 yaşlı Mirzəni Sabunçuda fəhlə uşaqları üçün açılmış orta məktəbə qəbul etdilər. Mirzə böyük həvəslə oxumağa başladı. Əkinçi kəndli köklərindən ona misilsiz zəhmətkeşlik və səbrlilik də keçmişdi. Bu keyfiyyətlər ömrü boyu onun əlindən tutdu və onu ictimai xadim, jurnalist və yazıçı kimi ucaltdı. Oxumaqdan və yazmaqdan o, heç vaxt yorulmadı: qələm və kitab onun üçün xalqa xidmət silahı oldu.
Gələcək yazıçının ilk təhsil aldığı 20-ci illər bolşeviklərin apardığı Mədəni İnqilab illəri idi. Bolşevik hökuməti islam dinindən uzaq, ateist təhsil sistemi yaradırdı. Bunun üçün yeni ümumtəhsil məktəblərindən, fəhlə klublarından istifadə olunurdu. Əsas şüar isə fəhlə və kəndlilər arasından çıxmış alim və ziyalılar sinfi yaratmaq idi. Hələ orta təhsil illərində Mirzə təhsilə marağı, zəhmətkeşliyi, mütaliəni sevməsi ilə diqqəti cəlb etdi.
Bütün fəhlə balaları kimi Mirzə 15 yaşında komsomola yazıldı. 19 yaşında isə bolşevik partiyasının üzvü oldu: bu, 1930-cu il idi. Kasıb, kimsəsiz kəndli oğlu ictimai həyata can atır, qaynar mühitlə birgə addımlamağa çalışırdı. Müxtəlif dərnək və yığıncaqlarda iştirak edirdi. 1928–1930-cu illərdə indiki Balaxanı qəsəbəsi ərazisindəki Vorovski adlanan mədən ərazisində fəhlə kitabxanası var idi. Həmin kitabxanadakı ədəbiyyat dərnəyini görkəmli yazıçı Seyid Hüseyn aparırdı. Dərnək həftədə bir dəfə yığılır, müxtəlif əsərləri müzakirə edir və yeni yazılan ədəbi nümunələrin oxunuşunu təşkil edirdi. Təcrübəli mətbəə fəhləsi olan S.Hüseyn dərnəyin çap üsulu ilə aylıq ədəbiyyat vərəqəsini buraxırdı. Mirzənin dərnək yoldaşlarının ilk şeirləri də bu vərəqədə çap olunmuşdu. Dünənki fəhlə uşaqları öz yazılarını çap olunmuş formada görəndə ədəbiyyata daha artıq bağlanırdılar.
Mirzə orta məktəbi bitirib Sabunçuneftin 6-cı mədənində gündüz işləyir, gecələr isə Neft texnikumunda təhsilini davam etdirirdi. 1930-cu ildə 19 yaşlı Mirzənin dərnəkdə oxuduğu «Zəhra» adlı hekayə diqqəti cəlb etdi: Seyid Hüseyn hekayəyə əl gəzdirib «Şərq qadını» jurnalında çap etdirdi. Yazıçının ilk hekayəsi qadın azadlığı mövzusu ilə bağlı idi. Həmin 1930-cu ildə «İnqilab və mədəniyyət» jurnalında cavan ədibin eyni mövzuda ikinci «Mələk» hekayəsi işıq üzü gördü.
Müəllimi Seyid Hüseyn istedadlı gəncə öz təhsilini artırmağı tövsiyə etdi. Mirzə bu niyyətlə Azərbaycan Elmi Tədqiqat İnstitutunun hazırlıq şöbəsinə daxil oldu. 1933-cü ildə oranı bitirən kimi cavan ədibi Naxçıvana, orada təşkil olunan maşın-traktor stansiyasına siyasi şöbə rəisi və şöbənin «Sürət» adlı aztirajlı qəzetinə redaktor təyin etdilər. O zaman maşın-traktor stansiyaları Azərbaycanda böyük çətinliklə gedən kolxoz quruculuğunu sürətləndirmək üçün yaradılırdı. Naxçıvandan başlayaraq iki cəbhədə çalışmağa başladı: qələmlə Azərbaycan ədəbiyyatına, tutduğu vəzifələrlə isə xalqın tərəqqisinə xidmət etməyə başladı. Naxçıvanda topladığı həyat materialı əsasında Mirzə İbrahimov 1935-ci ildə «Həyat» adlı pyesini yazdı. Qadınların kolxoz quruculuğunda iştirakına həsr olunmuş bu əsər həmin ildə tamaşaya qoyuldu və C.Cabbarlı ənənələrinin davamı kimi diqqəti cəlb etdi.
1935-ci ildə Mirzə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Leninqraddakı aspiranturasına göndərilir. Y.E.Bertelsin aspirantı olur və onun məsləhəti ilə Cəlil Məmmədquluzadə haqqında namizədlik dissertasiyası – «Böyük demokrat» adlı əsərini yazıb müdafiə edir və filologiya elmləri namizədi alimlik dərəcəsi alır. Mirzə İbrahimovun bu əsəri sonradan «Molla Nəsrəddin» ədəbi ənənələrinin və ədəbi məktəbinin öyrənilməsinə təkan verdi və bu işlərə lazımi elmi istiqamət verdi.
Cənubi Azərbaycanda 1941–1946-cı illərin milli hərəkatında iştirakı. Böyük Vətən müharibəsi başlanan kimi Mirzə İbrahimov siyasi işçi kimi orduya çağırılır və 1941-ci ilin yayında İran ərazisinə daxil olan Qızıl Ordu hissələri tərkibində mayor rütbəsində Təbrizə gəlir. O, formal olaraq sovet əsgərləri üçün buraxılan «Vətən yolunda» qəzetinə redaktor təyin olunur. Əslində isə bu qəzet vasitəsilə cənubda sovetlərə meylli olan siyasi-mədəni hərəkat yaratmaq tapşırılmışdı. O zaman İran ərazisində Azərbaycan türkcəsində bircə dənə belə qəzet və jurnal, mətbuat yox idi. Rza Pəhləvinin İrandan xaricə qaçdığı şəraitdə ölkədə mərkəzi hakimiyyət sarsılmışdı. Cənubdan İrana ingilis qoşunları daxil olmuşdu. Belə şəraitdə inqilablar beşiyi olan Təbrizdə Azərbaycan dilində «Vətən yolunda» qəzetinin çıxması ölkənin əhalisinin yarısını təşkil edən azərbaycanlı əhalinin içində böyük milli ümidlər və həyəcan yaratmışdı. Qəzetin redaktoru kimi Mirzə İbrahimov bu proseslərin mərkəzində idi.
Cənubi Azərbaycanda milli hərəkat yaratmağa kömək etməklə Moskvanın öz niyyətləri vardı. Bolşevik Rusiyası İranda bütün təsirini itirmişdi. İndi azərbaycanlıların köməyi ilə bu təsiri bərpa etmək istəyirdilər. Bunun üçün İran dövləti tərkibində Azərbaycanın muxtariyyət alması şüarı ortaya atılmışdı. Bu niyyətlə İranda ermənilər və farslarla bir partiyada birləşmiş Cənubi Azərbaycan kommunistləri 1945-ci ildə bu partiyadan çıxarılıb Müstəqil Demokrat Partiyasında S.C.Pişəvərinin başçılığı altında birləşdirildi.
Moskvanın razılığı ilə atılan bu addımlardan görünürdü ki, İ.Stalin İranda həmişəlik möhkəmlənmək istəyir. Lakin 1945-ci ilin dekabrında Təbrizdə Milli Muxtar Hökumət elan olunandan sonra vəziyyət mürəkkəbləşdi. Mirzə İbrahimov da Təbrizdə sovet nümayəndəsi kimi Milli hökumətə yardım edirdi və onun həmişəlik olduğuna ümidliydi.
Milli hökumət ana dilində məktəblər, teatr və filarmoniya açdı, ana dilində kitab çapı başlandı. 1941–1946-cı illərdə Sovet məfkurəsinə meylli olan böyük ədəbi hərəkat formalaşmışdı. Bu hərəkatın mənəvi rəhbəri Mirzə İbrahimov idi. 1942–1946-cı illərdə o həm də Azərbaycan SSR-in Xalq Maarif Komissarı (naziri) vəzifəsində işləyir və rəsmi olaraq da Cənubdakı demokratlara mədəni quruculuqda yardım göstərirdi. O, Cənubi Azərbaycanın dirçəliş və tərəqqisini, orda ana dilinin sərbəst işlənməsini hər şeydən artıq istəyirdi. Bu dövrdə Məhəmməd Biriya, Balaş Azəroğlu, Söhrab Tahir, Əli Tudə, Pənahi Makulu, Hökumə Bülluri kimi şair və yazıçılar ərsəyə gəlmişdi.
Lakin ABŞ və İngiltərə 1946-cı ilin payızında dağılmış İran ordusunu yardımla yenidən təşkil edib Təbrizdəki hökumət üzərinə göndərdi. İ.Stalinin qərarı ilə Cənubdakı sovet qoşun hissələri oradan çıxarıldı. Milli hökumət yardımsız qalıb İran ordusu qarşısında təkləndi və məğlub oldu. Cənubi azərbaycanlıların və Mirzə İbrahimovun da ümidləri puç oldu. Lakin heç kəs İ.Stalinin qərarına etiraz edə bilməzdi. Milli hökumət qan içində boğuldu, 20 minə qədər azərbaycanlı qətlə yetirildi. Hökumətin rəhbərləri Bakıya gəldilər.
Moskva Milli Hökumət fəalları üçün Bakıda yarı leqal bir təşkilat yaratdı. Həmin təşkilat 1945-ci ildə Təbrizdə yaradılan «Azərbaycan Demokrat Partiyası» adını daşıdı. 1946-cı il mühacirlərinin bu təşkilatının qeyri-rəsmi rəhbəri də Mirzə İbrahimov idi. 1990-cı ildə Azərbaycanın müstəqilliyi elan ediləndən sonra həmin partiya özünü buraxdı və ictimai birlik kimi İran Mühacirləri Cəmiyyəti adlanmağa başladı.
«Gələcək gün» romanı. Cənubda Milli Muxtar Hökumətin yaranmasında və taleyində iştirak Mirzə İbrahimovun həyata baxışlarını, ədəbiyyata münasibətini də dəyişdi. Böyük Vətən Müharibəsinə qədər Mirzə İbrahimov tipik bir sovet yazıçısı idi və partiyanın tələb etdiyi mövzuları qələmə alırdı. Qadın azadlığı, kolxoz quruculuğu, Mədəni İnqilab kimi məsələlər o zaman sifarişli mövzular idi. Lakin müharibə başlanandan sonra yazıçı vətən və onun müqəddəsliyi barədə əvvəlcə şeirlər, sonra isə «Gələcək gün» kimi epik vüsətli bir roman yazdı. Bu əsərlə və ondan sonra Azərbaycan xalqının tarixi taleyi məsələsi onun əsərlərinin əsas mövzusu oldu. Məhz «Gələcək gün» romanı ilə Mirzə İbrahimov C.Cabbarlının «Od gəlini», S.Vurğunun «Vaqif» kimi əsərlərlə yaradıb davam etdirdikləri Azərbaycanın taleyi mövzusuna müraciət etdilər. İran və Rusiya arasında ikiyə parçalanmış vətənimiz, qədim xalqımız əsrlərlə müstəqil dövlət qurmaq arzusunda idi.
Mirzə İbrahimov Cənubda qurulmuş Milli hökuməti bu arzunu reallaşdırmaq təşəbbüslərindən biri hesab edirdi. Lakin bu hökumət 1946-cı il dekabrın sonunda qan içində məhv edildi. Çoxları kimi vətənpərvər yazıçı da Milli Hökumətin iflasını şəxsi faciə kimi yaşadı. Məhz bu hisslərin təsiri ilə 1947-ci ilin qışından yazıçı «Gələcək gün» romanını yazmağa başladı. 1948-ci ildə roman «İnqilab və mədəniyyət» jurnalında, 1949-cu ildə isə Bakıda ayrıca kitab şəklində çıxdı. Qısa bir vaxt ərzində əsər 20-yə qədər xarici dilə tərcümə olundu və Stalin mükafatı aldı.
«Gələcək gün» Azərbaycan ədəbiyyatında ilk siyasi romandır. Romanın əsas mövzusu 1939–1941-ci illərdə – yəni sovet qoşunları İrana daxil olana qədər azərbaycanlı vətənpərvərlərin qanlı şah üsul-idarəsinə qarşı mübarizəsidir. Doğrudur, əsərdə başqa xalqların da azərbaycanlılarla əlbirliyi göstərilib. Lakin müəllifin əsas niyyəti Cənubi Azərbaycanın – Mirzə İbrahimovun özünün doğulub didərgin düşdüyü doğma elinin azadlıq, ləyaqətli həyat uğrunda mübarizəsindən bəhs edilir.
Romanda hadisələr bir neçə planda təsvir edilir. Onlardan başlıcası kasıb cənub kəndlisi olan Musa kişi və onun ailəsinin taleyidir. Zəhmətkeş, mətin bir insan olan Musa kişinin obrazı onun üçün cənub xalqının timsalıdır. Xalqın mənəvi gücünü, ləyaqətini, mübarizə əzmini, torpağının keşiyini məhz Musa kişi kimi sadə insanlar çəkir. Onlardakı sədaqət, el təəssübü və döyüşkənlik xalqın gələcəyini təmin edən əsas mənəvi mənbələrdir.
Musa kişi o dövrün tələblərinə uyğun olaraq həm də inqilabçı kimi təsvir edilmişdir. Romanın əvvəlində o, sadəlövh, dost-düşmən axtarmayan bir insan kimi verilir. Amma əsərin sonunda Musa kişi Firudin İbrahimi kimi ziyalı mübarizlərə qoşularaq zülmə və ədalətsizliyə müqavimət göstərməyin qaçılmazlığı qənaətinə gəlir. Zəhmətkeş kəndli bir üsyançı və inqilabçı olmaqdan qeyri yol görmür.
Romanda Cənubi Azərbaycanın zəhmətkeş xalqına qarşı duran və ona zülm edən qüvvələr Rza Şah, Hikmət İsfəhani kimi əxlaqsız feodal, Mübaşir Məmməd kimi sapı özümüzdən olan baltalardır. İranda şahlıq rejimi çoxdan çürüyüb. Lakin onu yaşadan Hikmət İsfəhani kimi tüfeyli feodallardır. Şahlıq onlara ancaq şəxsi mənfəət üçün, müftəxor həyatı davam etdirə bilmək üçün lazımdır. O anlayır ki, İranda demokratik rejim yaranan kimi onların istismara əsaslanan ağa həyatına son qoyulacaqdır.
Xarici dövlətlərin çürük şahlıq rejimini himayə etməsi romanın ayrıca süjet və fikir xəttidir. İran neftinə sahib olmuş ABŞ və ingilis müstəmləkəçiləri olmadan Hikmət İsfəhani kimilər ölkədə şahlıq rejimini qoruyub saxlaya bilməzdilər. Mirzə İbrahimov parlaq bir siyasi romançı kimi xarici dövlətlərə məxsus səfirliklərin İranda açıq-aşkar fitnəkarlıqla, orta əsr rejimini qorumaqla məşğul olduğunu bədii inandırıcılıqla göstərmişdir.
Romanda peşəkar inqilabçıların fəaliyyəti də ayrıca məna xətti kimi qələmə alınmışdır. Bunların əksəriyyəti kommunistlərdir, İran kommunist partiyasının üzvləridir. Kürd Əhməd, Rza Qəhrəmani, Kərim Xan Rza da belə surətlərdir. Onlar Rza şah diktaturasına qarşı qorxu bilmədən vuruşurlar.
Romanda demokratik və inqilabçı qüvvələr də iki xətt kimi verilib: bunlardan birincisi İran kommunist hərəkatı ilə mübarizə aparan və Moskvaya ümid edən qüvvələrdir. İkinci xətdə isə Firudin İbrahimi başda olmaqla, Cənubi Azərbaycanın daxili qüvvələrinə üstünlük verən qüvvələrdir. Musa kişi, Kürd Əhməd məhz onların nümayəndələridir. Milli hökumət dağılanda ikinci qisim qüvvələr vətəni tərk etməkdən imtina etdilər və cəza tədbirlərinin sərtliyi onlara dəydi. Yazıçı gələcək günü, Cənubi Azərbaycanın və vahid vətənimizin taleyini məhz bu qüvvələrlə bağlı görürdü.
Stalinizm şəraitində Mirzə İbrahimov Cənubi Azərbaycanın taleyi ilə bağlı arzularını romanda birmənalı şəkildə tam ifadə edə bilməyib. Bir sıra tənqidçilər romanda çoxmillətli İran kommunistlərinin mübarizəsinin az işıqlandırıldığını iddia etdilər və müəllif ikinci nəşrdə əsərə əl gəzdirməli oldu. Lakin onun şəxsi istəyi isə əsərdə məhz azərbaycanlıların muxtariyyət uğrunda mübarizəsinin daha geniş təsviri idi. Bu niyyətlə yazıçı 1941–1946-cı il hadisələrinə həsr olunmuş beş hekayədən ibarət «Cənub hekayələri» silsiləsini qələmə alıb. Bu əsərlər «Gələcək gün» romanında qoyulan məsələləri konkretləşdirir, romanda deyilməsi mümkün olmayan məqamları bədii şəkildə təqdim edirdi. «Azad» (1946), «12 dekabr» (1946), «Tonqal başında» (1947), «İztirabın sonu» (1947), «Salam sənə Rusiya» (1947) hekayələrində 1941–1946-cı illərin hadisələri bədii şəkildə verilmişdir.
«Azad» və «İztirabın sonu» hekayələrində yazıçı İranda Azərbaycanın muxtariyyəti uğrunda mübarizə aparan Azad və Rəhim kimi surətlər yaratmışdır. Belə qəhrəmanlar milli hərəkatın döyüşçülərinin surətləri kimi böyük ədəbi və tərbiyəvi əhəmiyyət daşıyırdılar. Yazıçı onları xalqımızın yetişdirdiyi Səttar xan, Xiyabani kimi mətin inqilabçıların varisi kimi, onlar tərəfindən başlanan azadlıq hərəkatının davamçıları kimi təsvir etmişdir.
Silsilədə bədii və tarixi cəhətdən ən qiymətli əsərlərdən biri «12 dekabr» hekayəsidir. 1945-ci ilin 12 dekabrında Milli Muxtar Hökumətin Məclisinə aparılmış seçkilərdən sonra parlamentin ilk iclası olmuşdur. Həmin gün yeni Məclis S.C.Pişəvəri başda olmaqla Milli Hökuməti təşkil etmişdi. Yazıçı xalqımızın tarixi arzularının gerçəkləşməsi olan həmin günü milli bir bayram kimi qələmə almış və gələcək nəsillər üçün əbədiləşdirmişdir. Bu əsərin qələmə alınması o dövrdə böyük cəsarət və qeyrət nümunəsi idi. «12 dekabr» Azərbaycan hekayəçiliyinin incilərindəndir.
Bütövlükdə «Gələcək gün» Azərbaycanın ikiyə parçalanmasını beynəlxalq arenaya çıxaran, xalqımızın taleyinə bütün dünyanın diqqətini cəlb edən qiymətli siyasi romandır. Ədəbiyyatımızda xalq taleyini, onun gələcəyini və müstəqil olmaq hüquqlarını xüsusi bədii qüvvə ilə ortaya gətirən ikinci belə romanımız yoxdur.
Ana dili məsələsi. Mirzə İbrahimov ədəbi fəaliyyətə başladığı dövrdən ana dilimizin təmizliyi və dövlət dili kimi işlənməsi uğrunda mübarizə aparmışdır. Canlı danışıq dilinə əsaslanan xəlqi ədəbi dil uğrunda çalışmalarında o, «Molla Nəsrəddin» jurnalında Cəlil Məmmədquluzadənin apardığı ədəbi dil siyasətinin davamçısı idi. Yazıçı Seyid Hüseyn haqqında məqaləsində onun nəsr dilinin təkmilləşdirilməsi sahəsindəki xidmətlərindən minnətdarlıqla danışmışdır. «Gələcək gün» romanından başlayaraq Mirzə İbrahimov nəsr dilinin xəlqiləşməsinə, yığcam və sadə olmasına xüsusi əhəmiyyət verirdi.
Azərbaycan dilindəki ərəb və fars sözlərinə münasibət məsələsi hələ inqilabdan əvvəl mübahisələr doğurmuşdur. Bəziləri bunları çox işlədib dili ağırlaşdırır. İkinci qisim ziyalılar isə ərəb və fars sözlərini dildən çıxarmağa çağırırdılar. Bu məsələdə doğru mövqe tutan Mirzə İbrahimov hər iki ifrata qarşı çıxır və qeyd edirdi ki, dilimizdən ərəb və fars sözlərini çıxarmaq onu yoxsullaşdırardı. Ədib həmişə süni dil yaradıcılığına qarşı çıxırdı.
O biri tərəfdən yazıçı xalq danışıq dilinə daxil olmuş ərəb və fars sözlərinin dilimizdə vətəndaşlıq aldığını qeyd edirdi. Yazıçı sözləri dəyişməyə yox, qısa, aydın, dəqiq yazmağı öyrənməyə çağırırdı.
Yazıçının həmişə məşğul olduğu məsələ Azərbaycan dilinin statusu məsələsi idi. Bu məsələdə o, böyük dövlət xadimi və yazıçı N.Nərimanovun davamçısı idi. Sovet dövründə orta və ali təhsil azərbaycanca olsa da, dövlət idarələrində ancaq rus dili işlənirdi. N.Nərimanov hələ 1921-ci ildə Xalq Komissarlar Sovetinin sədri olanda dövlət idarələrində yazışmaların türk (Azərbaycan) dilinə keçirilməsi haqda xüsusi dekret (qanun) imzalamışdı. Lakin bu dekret kağız üstə qaldı və bir il sonra N.Nərimanovu Bakıdan uzaqlaşdırmaq üçün Moskvaya işə apardılar. O vaxtdan dövlət dili kimi rus dilinin işlənməsi ənənəsi qaldı. Bu dil hakim kommunist partiyasının dili idi.
1954-cü ildə Mirzə İbrahimov Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçildi və ölkədə ikinci adam oldu. İki il sonra, 1956-cı ildə Sovet dövlətinin rəhbəri N.S.Xruşşovun təşəbbüsü ilə respublikalarda milli dillərin dövlət dili kimi işlənməsi barədə Moskvadan göstəriş gəldi. Bu göstərişə uyğun olaraq Azərbaycan Ali Sovetinin dövlət müəssisələrində Azərbaycan dilinin işlədilməsi barədə qərarı çıxdı. Qərarın üzərində Mirzə İbrahimovun imzası vardı. Azərbaycan dilində idarələr üçün yazı makinaları, sənəd formaları hazırlanmağa başladı. Bu proses xüsusilə əhalinin rus dilini pis bildiyi kənd rayonlarında milli ovqatların güclənməsinə səbəb oldu. Dəftərxanalarda işləyən erməni və ruslar qorxuya düşüb Moskvaya kütləvi şikayətlər yazmağa başladılar. Nəticədə, Moskva dövlət orqanlarında Azərbaycan dilinin işlədilməsi prosesini dayandırmaq haqda göstəriş verdi. Amma aşağıdan vətənpərvər insanlar bununla razılaşmır, ana dilinin tətbiqi üzərində təkid edirdilər.
Moskvadakı millətçilər uğursuzluqda Mirzə İbrahimovu və o zaman respublikanın birinci şəxsi olan İmam Mustafayevi günahlandırdılar. 1958-ci ildə hər ikisi işdən azad edildi. Lakin Mirzə İbrahimov ana dilinin cəsarətli təəssübkeşi kimi xalqın tarixində və yaddaşında qaldı.
«Böyük dayaq» (1957). Moskva Mirzə İbrahimovu Ali Sovetin sədrliyindən çıxarandan sonra yazıçı evdən küçəyə çıxan kimi sadə Bakı sakinləri onu dövrəyə alıb salamlayır, hər yerdə ona təşəkkür və pərəstiş bildirirdilər. Bu onun Azərbaycan dilinin tətbiqi barədə qərarı imzaladığına görə idi. Sadə adamlar bu qərarın Moskvanın icazəsi ilə verildiyini bilmirdi. Həyatının çətin vaxtında xalqın bu himayəsini yazıçı özü üçün «böyük dayaq» adlandırdı və bu adı yeni romanına verdi. Böyük dayaq – xalqdır, insanlar, siyasətçilər xalqa söykənəndə güclü olurlar.
1956-cı ildə İ.Stalinin «şəxsiyyətinə pərəstişi» rəsmi olaraq pisləndi. Yaxşı rəhbər necə olmalıdır? Bu sual bütün cəmiyyətdə müzakirə olunmağa başladı. Yazıçı rəhbər və xalq problemini sıravi bir kolxoz sədri olan Rüstəm kişinin timsalında qələmə almışdır. Xalq üçün, onun işi üçün yanan Rüstəm kişidə yazıçı eyni zamanda İ.Stalinin rəhbərlik üsulunun qüsurlu tərəflərini də ümumiləşdirməyə çalışırdı.
Rüstəm kişi özünü qüsursuz və bütün hallarda haqlı sayır. Onun ətrafına simasız, əqidəsiz yaltaqlar toplanmışdır. Rüstəm kişi özünə vurğun olduğundan onların qeyri-səmimiliyini duymur. O, hamının əvəzinə məsləhətləşmədən qərarlar verir. Lazım olmadığı halda qəddarlıq edir. Yazıçı bu insanın xalqdan uzaq düşdüyünü, xalqa arxa çevirdiyini göstərir. O, hər bir rəhbər işçinin əsas və böyük dayağı olan xalqın etimadını itirir. Həyat Rüstəm kişini cəzalandırır: kolxozun sadə üzvləri üçün and yerinə çevrilmiş sədr öz ailəsində nəzarət və nüfuzunu itirir.
Yazıçının nəticəsi belədir: ən qüvvətli və təmiz rəhbərlər belə xalqla əlaqəni itirəndə, digər adamların rəyini eşitmək qabiliyyətini itirəndə həm də böyük dayağı – xalqın etimadını itirirlər. Bu həm də İ.Stalinin siyasi taleyi barədə yazıçının qənaəti idi.
«Gələcək gün» romanında həyatla ayaqlaşmaq, zamanın dəyişməsini hiss etmək hər bir rəhbər üçün vacib keyfiyyət kimi irəli sürülür. Rüstəm kişinin rəhbərlik etdiyi kolxozun adı «Yeni həyat»dır. Lakin o, bir rəhbər kimi məhz yeniliyi hiss etmir və çox zaman ona müqavimət göstərir. Bunu ən çox Rüstəm kişinin öz gəlini Mayanın davranışına münasibətində görürük. Şəhər mühitində böyümüş ali təhsilli mütəxəssis olan Maya kənd qadınlarına nisbətən sərbəst davranır, hər xırda iş üçün ərindən, qayınatasından icazə almağı lazım bilmir. Lakin bu, Rüstəm kişini qəzəbləndirir. O sanki həyatın dəyişməsinə, müasirləşməsinə qarşı kordur. Belə mühafizəkarlıq stalinçi kadrlara eyham idi. Əsərdə həyatın tərəqqi və yeniləşməsinin qaçılmazlığı ideyası qabarıq əksini tapmışdır.
«Pərvanə» romanı. Mirzə İbrahimovun həyat və ədəbi təcrübəsi artdıqca onun toxunduğu mövzuların əhatə dairəsi də genişlənirdi. «Gələcək gün» və «Böyük dayaq» romanlarının uğuru onun ədəbiyyatla xalq taleyinin ayrılmazlığı haqqında qənaətlərini təsdiq edirdi. Ona görə yazıçı 60-cı illərin sonlarından başlayaraq Azərbaycan xalqının Rusiya tərkibinə daxil olduqdan sonrakı taleyi, tərəqqi yolları barədə trilogiya üzərində düşünürdü.
Bu trilogiyanın bir cildi XIX əsrə, ikinci cildi 1905–1920-ci illərə, üçüncü hissəsi isə sovet dövrünə aid olmalı idi. Lakin yazıçıya bunlardan ancaq XIX əsrə aid cildi yazmaq nəsib oldu. Yazıçı xalqımızın bu əsrdəki tarixini çox sevir və qiymətləndirirdi: məhz XIX əsrdə A.A.Bakıxanov, M.F.Axundov, H.B.Zərdabi kimi əməlpərvər maarifçilər yetişmiş və müasir mədəniyyət və maarifimizin əsasını qoymuşdular.
Mirzə İbrahimov Azərbaycanın Rusiya tərkibinə daxil olduqdan sonra düşdüyü yeni qərb tərəqqi yoluna böyük əhəmiyyət verirdi. Azərbaycanı işğal etmiş Çar üsuli-idarəsi milli sərvətləri talayıb aparsa da, ümumilikdə Azərbaycanda iqtisadi, mədəni tərəqqinin, xüsusilə maarif və mətbuatın digər müsəlman və türkdilli xalqlardan daha sürətli inkişafına səbəb olmuşdu. Yazıçı bunu dərindən anlayır və N.Nərimanov kimi yüksək qiymətləndirirdi.
«Pərvanə»nin mərkəzində iki əsas surət – Nəriman Nərimanov və onun tərbiyəçisi və müəllimi kimi təsvir edilən Sahib obrazı durur. Sahib Peterburqda müasir təhsil almış ilk Azərbaycan müəllimi və ziyalılarından biridir. Yazıçı onun Rusiyada təhsil dövründə keçmiş illərini də rəğbətlə qələmə alır, onun mütərəqqi rus mədəniyyəti, rus xalqçıları ilə əlaqələrini göstərir.
Mirzə İbrahimovun öz sələfi N.Nərimanovun surətini məhəbbətlə yaratması təsadüfi deyildi: onlar əqidə adamları idi. 1920-ci ilin aprelində məğlub olub xaricə getmiş Müsavatçı mühacirlər N.Nərimanovu milli xain kimi daim tənqid edirdilər. Mirzə İbrahimov bunları gözəl bilir, lakin N.Nərimanova üstünlük verirdi. Nəinki üstünlük verir, onun fəaliyyətini, xüsusilə 1920–1922-ci illərdə Sovet Azərbaycanına rəhbərlik edərkən ölkədə maarifin, elm və mədəniyyətin inkişafında xidmətlərini gözəl bilirdi. Lakin Moskvadakı və Bakıda dövlət vəzifələrində yuva salmış ermənilər N.Nərimanovu millətçi kimi damğalayıb gözdən salmağa çalışırdılar.
Bütün bunlara görə, Mirzə İbrahimov böyük dövlət xadimi və yazıçı olan N.Nərimanovun tarixi xidmətlərinin bədii yolla göstərilməsinə çalışırdı. «Pərvanə» romanında yazıçı bir nərimanovçu və onun siyasi görüşlərini təbliğ edən fikir sahibi kimi diqqəti cəlb edirdi. Təsadüfi deyil ki, yazıçı «Közərən ocaqlar» pyesində də N.Nərimanovun obrazını rəğbət və məhəbbətlə yaratmışdı.
«Pərvanə» romanının əsas xətlərindən biri qərbçi Azərbaycan maarifçiliyinin, bu maarifin əsas ocaqlarından olan Qori Müəllimlər Seminariyasının maarif tariximizdəki rolunun, yetişdirdiyi müəllim və jurnalistlər nəslinin real obrazlar kimi göstərilməsi idi. Romanda bir sıra tarixi şəxsiyyətlərin – M.F.Axundovun, Çernyayevskinin, Vəlibəyovun və b. bədii obrazları vardır.
Yazıçı digər romanlarında olduğu kimi, «Pərvanə»də də xalq fonunun təsvirinə geniş yer vermişdir. O, Nərimanovun mənsub olduğu nəslin xalq köklərini göstərməyə çalışmışdır. Əsərdə onun atası Nəcəf kişinin və anasının obrazları da yaddaqalandır.
Dramaturgiyası. Mirzə İbrahimov gənclik illərindən dram janrına müraciət etmiş və C.Cabbarlı ənənələrinin davamçısı olmuşdur. Böyük Vətən müharibəsinə qədər yazıçı «Həyat», «Madrid» pyeslərini yazmışdır. 1942-ci ildə yazıçı «Məhəbbət» adlı üçüncü pyesini yazır və arxa cəbhədə qələbə üçün gecə-gündüz çalışan sədaqətli Azərbaycan qadınının obrazını yaradır.
60-70-ci illərdə yazıçı bir neçə pyes yazmış və bu əsərlər hamısı Akademik Dram Teatrının səhnəsində tamaşaya qoyulub repertuarda yaşamışdır. Bu dövrün dramaturgiyasında yazıçının «Kəndçi qızı», «Yaxşı adam», «Közərən ocaqlar» pyesləri xüsusi yer tutmuşdur.
Yazıçı hələ 30-cu illərdən həyatın satirik təsvirinə meyl edir, satirik hekayələr yazırdı. İncə, mənalı yumor yazıçının istedadına doğma idi. Bu xüsusiyyətlər «Kəndçi qızı» pyesində xüsusilə uğurlu ifadəsini tapmışdı. Əsərin konflikti kəndli qızı Bənövşə ilə şəhərli oğlan Vahid arasındadır. Oğlanın geri qalmış bir kənd qızı saydığı Bənövşə əslində bu şəhərli oğlandan daha diribaş və müasir bir insandır. Onların münasibətləri pyes boyu şirin bir komizm yaradır. Aydın olur ki, Vahid kənd haqqında köhnə təsəvvürlərlə yaşayır və əsil kəndçi onun özüdür. Bənövşə yazıçının yaratdığı qadın obrazları silsiləsində xüsusi mərhələ idi. O, Cabbarlı kimi cəmiyyətdəki tərəqqini, ilk növbədə, qadının cəmiyyətdəki mövqeyində görüb göstərməyə çalışırdı.
Elmi fəaliyyəti və tərcümələri. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təşkil ediləndə Üzeyir Hacıbəyov, Səməd Vurğun və Mirzə İbrahimov ilk akademiklər seçildilər. Həmin dövrdən Mirzə İbrahimovun elmi fəaliyyəti Akademiyanın Nizami adına Ədəbiyyat İnstitutu ilə bağlı olmuşdur. Eyni zamanda o, 1946–1954, 1965–1975, 1980–1986-cı illərdə Azərbaycan Yazıçılar İttifaqının sədri vəzifəsində çalışmışdır.
Ədib Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafına böyük xidmətlər göstərmişdir. 1948–1954-cü illərdə Nizami adına Dil və Ədəbiyyat İnstitutunun direktoru olmuş və 3 cildlik ilk Azərbaycan ədəbiyyatı tarixinin yaradılmasının təşkilatçısı və redaktorlarından biri olmuşdur. 1960–1970-ci illərdə ədib həmin institutda «XIX əsr Azərbaycan ədəbiyyatı», 1977–1993-cü illərdə isə «XIX-XX əsrlər Cənubi Azərbaycan ədəbiyyatı tarixi» şöbəsinin müdiri olmuşdur. Cənub şöbəsində işləyərkən onun təşkilatçılığı və rəhbərliyi ilə 4 cildlik «Cənubi Azərbaycan ədəbiyyatı antologiyası» çapdan çıxmışdır.
Mirzə İbrahimov ədəbiyyatımızın bütün əsas klassikləri haqqında əsərlər yazmışdır. Azərbaycan aşıq yaradıcılığı, ədəbiyyat və xalq həyatı, Nizami, Füzuli, M.F.Axundov, N.Nərimanov, C.Məmmədquluzadə, Sabir, C.Cabbarlı, S.Vurğun onun ən çox sevdiyi və qiymətləndirdiyi yazıçılar idi.
Ədib N.Q.Çernışevskinin «Nə etməli», Şərəf Rəşidovun «Qaliblər» romanlarını ana dilimizə tərcümə etmişdir. Yorulmaz ədib dünya dramaturgiyasından da tərcümələr etmişdir. Vilyam Şekspirin «Kral Lir», «On ikinci gecə», A.P.Çexovun «Üç bacı» pyesini, M.Şatrovun «İnqilab naminə» dramını ana dilimizə o çevirmişdir.
Mirzə İbrahimov 1993-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.
Mirzə İbrahimov “Gələcək gün” əsərinin təhlili.
Əsər 1948-ci ildə yazılmışdır. İctimai-siyasi romandır.
Mövzusu: Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın həyatı və orada baş vermiş milli-azadlıq hərəkatı.
Əsərin mərkəzi xəttini soydaşlarımıza qarşı həqarətli münasibətə, ana dilinin, milli mədəniyyətin yasaq edilməsinə, yurdun talan olunmasına qarşı xalqın mübarizəsi təşkil edir.
Hadisələrin təsvir olunduğu illərdə yazıçı Cənubi Azərbaycanda baş verən milli-azadlıq mübarizəsinin şahidi olmuşdur. Müəllif ictimai hadisələri, azadlıq mübarizəsini canlandırmaqla kifayətlənməmiş, bunları ayrı-ayrı insanların taleyi, psixoloji vəziyyəti ilə əlaqələndirmişdir.
Romanın əsas qəhrəmanı Firidun İbrahimi İranda Səttərxan-Xiyabani epoxasının layiqli davamçısı olan vətənpərvər şəxsiyyətdir. Hələ uşaqlıqdan ona edilən haqsızlıqlarla barışa bilmir. Səlahiyyət sahiblərinin kəndlilərə qarşı ədalətsizliyinə dözə bilmir. Hər addımda kədərli hadisələrin baş verdiyi yerdə yaşamaqdan dəhşətə gəlir.
İdeyası: Zülmdən qurtuluşun yeganə yolu mübarizədir.
- Home
- ” Gələcək gün”
- əsər
- Mirzə İbrahimov
- roman
- təhlil
- Mirzə İbrahimov “Gələcək gün” əsərinin təhlili.
Share : Facebook Tweet Google+
Comments are closed, but trackbacks and pingbacks are open.