Press "Enter" to skip to content

Məmməd araaz haqqnda tədbir

Bu ömür-gün naxışına həvədi dünya.
Əbədiyə qəh-qəh çəkir əbədi dünya,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin.

Məmməd Araz – Seçilmiş Əsərləri – 1-2

Müxtəlif janrlı əsərlərin, şeirlərin, poemaların, dastanların müəllifi olan Məmməd Arazın öz ecazkar təsir qüvvəsini, gözəllik və təravətini bu gün belə itirməmiş zəngin yaradıcılığı öz rəngarəngliyi ilə seçilir. Məmməd Araz sənəti əsərləri ilə yanaşı şeirləri ilə də ədəbiyyat aləminə bir iz salmışdır. Məmməd Araz şeirlərində hər nə desəniz var – sevgi, insanlıq, dostluq, lirika, insani hisslər.

Məmməd Araz yaradıcılığında da məhəbbət şeirləri kifayət qədərdir. Məmməd Arazın sevgi şeirləri də ağızlarda gəzən, ürəkləri oynadan və musiqiyə dönən ən gözəl nəğmələrdəndir. Hazırda da Məmməd Arazın şeirlərinə yazılmış bir çox məşhur mahnılar vardır ki, onlar indi də dillər əzbərdir. Əvəzolunmaz məhəbbətə dair yazdığı eşq dolu sevgi şeirləri sevilir, əzbərlənir, sevgililərin dilində gəzir və öz məzmunu ilə oxucuları valeh edir. Maraqlıdır ki, Məmməd Arazın ilk şeirlər kitabı da 1959-cu ildə “Sevgi nəğməsi” adı altında çap olunmuş və Məmməd Araz sevənlərin diqqətini cəlb etmişdir. “Ayrılıq”, “O gözlərə baxmaram”, “Necə unudum səni”, “Bir sənin eşqinlə”, “Sevgi nəğməsi”, “Unut məni”, “Nə gizlədim” və s. şairin ən gözəl sevgi şeirlərindəndir.

M.Araz xalqın şairidir. Məhz buna görədir ki, onun məhəbbət lirikası da xalqın folklor bulağından su içmiş, şifahi xalq yaradıcılığı xəzinəsindən ilham almışdır. Şairin iki gəncin məhəbbətindən bəhs edən şeirləri xalqın yaratdığı məhəbbət dastanlarını xatırladır. Məsələn, şairin “Sən məni sevsəydin. ” şeirinə nəzər salaq:

Sən məni sevsəydin nolardı görən?

Görən olardımı bir dərdim onda?

Yoruldum demədən qolum üstə sən

Dünyanı piyada gəzərdim onda.

Toxalar, azalar bu sevgimizdən

Dünyanın məhəbbət acları bəlkə,

Təzə haşiyələr alardı bizdən

Dünyanın məhəbbət tacları bəlkə.

Bizim başımıza hey ələnərdi

Alqışlar, təbriklər, dualar-bizim.

Bizim bəxtimizə səpələnərdi

Ən duru, ən təmiz şüalar-bizim.

Ləpələr göz alıb baxar dənizdən,

Sular mehrimizə həsəd çəkərdi.

Ulduzlar bircə yol pəncərəmizdən

İçəri baxmağa həsrət çəkərdi.

Bu şeir gözəl lirik örnəkdir. Onun lirik ruhu nə qədər güclü olsa da, bir dastan havası üstündə kökləndiyi, bir dastan ovqatından gələn hisslərlə, duyğularla zənginliyi də qabarıq nəzərə çarpır. Şeirin ilk misralarında bunları duymaq, hiss etmək bir qədər çətinlik törətsə də, sonuncu iki bəndin dastan təsiri altında düzülüb-qoşulduğunu aydın görürük. Məhz elə bunlara əsaslanıb şeirin bütövlükdə dastanlarımızın təsiri altında yarandığını söyləmək olar.

Dedim ki, göyərər bir Leyli pöhrə,

Məcnun bir səhərin gözündə gələr.

Saçını tor elər sahildə Zöhrə,

Tahir ləpələrin üzündə gələr.

Sən məni sevsəydin. sevsəydin əgər.

Kim olub bəxtiyar quru ad ilə.

Həyatda “ürəkləş”, “sevləş” demirlər,

Ayaqlaş deyirlər bu həyat ilə.

İlk baxışdan şeirin elə son bəndləri “Leyli və Məcnun”, “Tahir və Zöhrə” kimi məhəbbət dastanlarını yada salır. Sanki M. Araz dastandakı qəhrəmanların məhəbbətini öz qəhrə­man­larının məhəbbətinə nümunə çəkir. Şeirdə lirik qəhrəman sevgilisinin ona etina­sızlığından şikayət edir və onu xalqın yaratdığı məhəbbət dastanlarının qəhrəmanlarından dərs almağa çağırır. Dastan qəhrəmanlarının güclü məhəbbətlə hər maneəni dəf edərək sonda bir-birinə qovuşmasını şair iki gəncin inam, sevgi hisslərinin güclü olması ilə izah edir. Sanki şairin lirik qəhrəmanı da sevgilisini məhəbbətdə dastan qəhrəmanı kimi güclü, inamlı, sədaqətli olmağa səsləyir. Əgər qəhrəman etinasızlıq görməzsə, sevgisinə qarşılıq alarsa, onda dastan qəhrəmanları kimi bütün maneələri dəf edə biləcəyinə, hər sınaqdan üzüağ çıxa biləcəyinə inanır.

Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi Məmməd Arazın şeirlərində insanların nəcib duyğuları, məhəbbəti, həyat eşqini realist bir şəkildə təsvir edilmiş, həyat və insanlar hərtərəfli və dolğun əks olunmuşdur.

Görməyə bilmirəm gözəlləri mən,

Baxmaya bilmirəm, nə danım bunu.

Görməmək, duymamaq gəlsə əlimdən

Duymaram sənin da sən olduğunu.

Deyirəm ani bir baxışla birgə

Yol sala bilsəydim ürəklərə də.

Səninsə qadınlıq haqqındır bəlkə,

Məni qısqanırsan çiçəklərə də.

Məmməd Arazın sevgi şeirləri soyuq nəfəslə yoğrulmayıb. Onların misralarında sevginin, məhəbbətin odu, istisi var və oxucu bu odu, istini özü hiss eləyir. “Məni qısqanırsan çiçəklərə də” kimi misraları məhz bir saf sevginin, ülvi məhəbbətin istisi, odu ilə yoğrulmuşdur.

Deyən dar çəkilib məhəbbət yolu,

Kamınca qaynayıb axa bilmirəm.

Gərəksiz adətlər, sədlərlə dolu

Bir insan ömrünə sığa bilmirəm.

Tökür yarpağını bir ömrün yazı,

Görüşlər, vədələr məni unudur.

Bir həsəd, bir şeir, bir qəlb ağrısı.

Mənim son ayaqda qazancım budur.

Nə gənclik darağı gəzir telimdə,

Nə də ki, ünvanlar alan çağım var.

Bir azad baxışım qalır əlimdə,

Bir də icazəsiz zövq almağım var.

Bir əsər yaranır ani həvəsdən,

Havamdır, suyumdur hər səs, hər nəfəs.

Gülüm, gözəiliyə biganə kəsdən

Adi bir nalbənd də yarana bilməz.

Sənə bağışladım bu dağ eşqimi.

Duy onu, ələmə, hamarlama sən.

Bircə gözəlliyi duymaq eşiqimi,

Bircə baxışımı çidarlama sən.

Nəzərdən keçirilən bu şeirin misralarından birində “Deyirəm ani bir baxışla birgə, yol sala bilsəydim ürəklərə də” ifadəsinə rast gəlirik. Bu ifadə bizə xalqın hikmətamiz sözləri olan atalar sözünü xatırladır. Xalqın dilində bu ifadə “Ürəkdən ürəyə yol olur” şəklində işlənir. Şairin sevgi şeirlərinin gözəlliyi ondadır ki, onların hamısı şeirin dili ilə yanaşı həyat, sevgi həqiqəti və bəşəri duyğularla yoğrulmuşdur. Sevgi şeirlərinin hər misrasında şairin sevən qəlblərdə sevgini özünə məxsus səmimiyyətlə təsvir etməsi oxucuların ürəyindən xəbər verir, onları düşündürür. Məmməd Araz şeirlərinin ecazkarlığının, böyüklüyünün bir səbəbi də onun artıq qeyd edildiyi kimi, məhz xalq yaradıcılığı ilə yoğrulmasıdır.

Məmməd Arazın sevgi dolu şeirlərinin içində elə bir şeir vardır ki, öz təravəti, orijinallığı, poetik tutumu ilə oxucunu valeh edir. Bu, görkəmli ədibin 1970-ci ildə yazdığı “Nə bilim” şeiridir.

Səndən mənə bir ömürlük xatirə,

Məndən sənə nə qalacaq, nə bilim?

Çətin bir də: daş üstə daş bitirəm,

Niyə uçdu bu qalaçıq, nə bilim.

Damağımda bal sevdanın turş adı.

Uşaq ağlım inadını qurşadı.

Nə hönkürdü bu naqafil gurşadı?

Kimə dedim, – dedi, – ancaq: “nə bilim!”

Şair burada bir də daş üstünə daş qoymaq ümidini itirmişdir, çünki onun ürəyində qurduğu sevgi qalacığı uçub dağılmışdır. Sevgi qalacığı dağılan şairin “bal sevginin damağında turş dadmağı” da gözəl poetik lövhə, original tapıntıdır.

Günlər mənə gün yazmağı unutdu,

Gülüm, günün güllərimi qurutdu.

Bu oyunda kim uduzdu, kim uddu,

Peşimanı kim olacaq, nə bilim?

Mən Arazam, səsim tutqun Arazdı,

Ha çağırdım, ha yüyürdüm, ha yazdım.

İndi daha qaynar təbim ayazdı,

İsinərmi bir od-ocaq, nə bilim.

Milli Azərbaycan şeirinin görkəmli nümayəndəsi Məmməd Araz dünyəvi məhəbbətin, gözəl hisslərin yaşandığı sevgini şeirin sonunda bir oyuna bənzədir. İki gənc arasında yaşanan ülvi hisslərin bitməsi nəticəsində, bu sevgidə kimin uduzub, kimin udacağını bilməsə də, lakin axırda sevgililərdən birinin peşman olacağını vurğulayır.

Gözəl ədib iki gəncin ən yüksək ülvi duyğuları yaşamasına baxmayaraq, vüsallarına çatmaması, bir-birilərinə qovuşmaması və sonunda ayrılsalar da lakin qarşılıqlı yaşanan gözəl dəqiqələrin, saatların, günlərin ömürdə bir iz qoyub xatirə kimi qalmasının təsəlli notlarını qələmə almışdır.

Çağdaş poeziyamızda sevilib seçilən, mən deyərdim ki, insanı öz dünyasından alan, onu fikirlərə qərq edən, düşündürən, kamilləşdirən bəzən də nələrisə öyrətməyə çalışan, nəsillərə örnək olan bir qüdrətli poeziyadır Məmməd Araz poeziyası.

Həbibə HÜSEYNOVA

Məmməd araaz haqqnda tədbir

HAQQINDA YAZILMIŞ MƏQALƏLƏR

Tədbir MAHMUDOV

HAQQIN VAR, MƏMMƏD ARAZ.

İstəkli şairimiz Məmməd Araz haqqında çox yazılıb, çox deyilib, nəğmələri el-obaları dolaşır, şerləri dildə-dodaqda gəzir. Hər yazıda yeni bir fikir, yeni bir kəşf səslənir. Bu da şairin qəlbindəki işıq, zəka, müdriklik, cəsarətin bədii ifadəsi və ümumxalq məhəbbətin nəticəsidir.
Aydın həqiqətdir ki, Məmməd Araz ən çox sevilən, seçilən və heç kəsə bənzəməyən, özünəməxsus yaradıcılıq yolu olan bir sənətkardır. Şairin misraları nə vaxt, harada səslənirsə-səslənsin tərəddüd etmədən hər kəs deyə bilər ki, bu incilər, mahnılar şair Məmməd Arazındır. Bu, danılmaz həqiqətdir.
Bu günlərdə ötən illərin yaddaş dəftərini vərəqləyir, olub-keçənləri xatırlayır, xəyallara dalır, düşüncələrim məni bir az uzaqlara aparır, yaxşı adamları düşünürdüm. Onlardan biri, daha doğrusu, birincisi gözəl, həssas insan, poeziyasının vurğunu olduğum şair Məmməd Arazdır.
Xatirələr vərəqlənir: iyul, avqust ayları, 1975-ci il. Zuqulba istirahət evi. Sevimli şairimiz Məmməd Arazla keçirdiyimiz xoş, mehriban günlər, mənalı saatlar, dəqiqələr.
O vaxta kimi şairlə mənim heç bir tanışlığım olmasa da şerlərini sevir, əzbərləyir, “Üç oğul anası” poemasının təsirindən ayrıla bilmirdim. Şairlə tanışlıq, gəzintilər, münasibətlər, get-gedə isnişib doğmalaşma.
Həmin günləri ömrümün ən mənalı və məzmunlu anları sayıram. O vaxtlar şair həyatının ən böhranlı, sarsıntılı günlərini yaşayır, mənəvi cəhətdən əziyyət çəkirdi. Görəsən, bu sarsıntıların səbəbi nə idi? Səbəbi sapı özümüzdən olan baltaların namərdliyi, biganəliyi.
Səbəb böyük insan, yazıçı-dramaturq, ictimai və dövlət xadimi, xalqını coşqun bir məhəbbətlə sevən N. Nərimanovun anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Ədəbiyyat və incəsənət” qəzetinin 1972-ci il 27 may tarixli nömrəsini bütövlükdə ədibə həsr etməsi. Materialların hazırlanmasının təşkilatçısı qəzetin redaktor müavini M. Araz olmuşdur. Həm də yubileylə əlaqədar qəzetin nömrəsini bütövlükdə Nərimanova həsr olunması barədə MK-nın katibi D. Quliyevin və Azərbaycan Yazıçılar İttifaqının sədri M. İbrahimovun xüsusi göstərişi olmuşdu. Qəzetin çapından az sonra bədxahlar tapıldı. Həmin nömrə məxfi niyyətlə Moskvaya göndərildi.
Şair bu vaxt istirahətdə ola-ola qəzetin nömrəsinin hazırlanmasına xüsusi göstəriş vermiş şəxslərin iştirak etdikləri yığıncaqda susmaları, nəhayət şairin işdən azad edilməsi.
Bu hadisə də şairin ciddi xəstələnməsinə səbəb olur.
Məmməd Araz sözarası xatırladı ki, Mirzə müəllimin yanına getdim, bu işdə arxa dayanmamasını söylədim və dedim ki, yadınızdadırmı, Naxçıvandan deputat seçilmişdiniz, mən də sizin vəkiliniz idim, kupedə birlikdə Naxçıvana gedirdik. Siz S. Vurğundan, şairin kişiliyindən söhbət saldınız və dediniz ki, S. Vurğun bizi o qədər oddan-alovdan qurtarıb ki. Bəs sizin qətiyyətiniz, cəsarətiniz hanı? – deyib qapını çırpdım.
M. Araz hadisədən sarsıntı keçirsə də, mənəvi cəhətdən əziyyət çəksə də, fəxr edir ki, bu nəcib və cəsarətli işi görüb.
Istirahət evində olduğum müddətdə şairlə günlərimiz bir yerdə keçirdi, həm də çox mənalı. Mən çalışırdım ki, şair o hadisələri unutsun. Buna görə tez-tez dəniz sahilinə çıxır, ədəbiyyatdan, poeziyadan, görkəmli şəxslərdən söhbətlər salır, onun şəxsi fikirlərini öyrənməyə çalışırdım.
Bir gün dedim ki, Məmməd müəllim, istirahət evində şeri, sənəti, ədəbiyyatı sevən ziyalılarımız çoxdur. Sizinlə görüş keçirmək istəyirik. Şair xəyala daldı, araya xeyli sükut çökdü. Nə düşündüsə, etiraz edərək yox, dedi.
Şairin sadəliyinə, təvazökarlığına heyrab qaldım.
Ağızlarda dolaşan, müğənnilərin dilindən düşməyən, məclislərimizdə tez-tez səslənən “Dünya sənin. ” sənət incisini o vaxt şairin əlyazmasından oxudum və yaddaş dəftərimə köçürdüm. Şerin fəlsəfi mənası, sözlərin düzümü, misraların bağlılığı və gözəlliyi məni valeh etdi.
Mən bu ömür gün naxışına həvədi dünya “misrasındakı “həvə” sözünün üstündə dayandım və dedim ki, Məmməd müəllim, “həvə” sözü mənə yaxın və doğmadır, ona görə ki, anam gözəl xalı-xalça toxuyandır. Həvə xalça toxunmasında ən yaxşı alətdir. Bu aləti çoxları tanımır və bu sözün mənasını bilmirlər. Bəlkə aşağıda izahını verəsiniz.
Şair gülümsündü və sanki mənim xatirimə dəyməsindən əhtiyat edirmiş kimi:
— Bəli, doğru deyirsiniz, ancaq izahat verməyə ehtiyac yoxdur. Biz öz doğma ana dilimizdən süzülüb gələn sözün köhnəlmiş söz kimi əlavə izahat verilməsinə yol verməməliyik. Belə sözlərin unudulması bizim üçün çox nöqsanlı olar. Bunları incəliyi ilə nəsillərə öyrətməliyik.
M. Araz çox həssas, həssas olduğu qədər də diqqətli, nəcib və xeyirxah bir insan, gözəlliyi sevən, onu qiymətləndirməyi bacaran yüksək zövqlü filosof bir şairdir.
Şairdə müşahidə etdiyim ən gözəl xüsusiyyətlərdən biri də insanlara sağlam, obyektiv münasibət, həmkarlarına olan hədsiz məhəbbət, klassikləri sevib qiymətləndirmək bacarığı, hər hansı xoşa gəlməz söhbət və qiybətdən uzaq olmasıdır. Hansı şairdən, yazıçı və alimdən, ədəbiyyatşünas və tənqidçidən söhbət düşürsə-düşsün öz müsbət münasibətini bildirir, bəzilərinə “gözəl insandır, gözəl şairdir” – deyərdi.
S. Vurğundan çox böyük məhəbbətlə danışar, onun böyüklüyündən, xeyirxahlığından, cəsarət və hünərindən, gənclərə arxa durmasından söz açardı. R. Rzadan söhbət düşəndə dedi ki, R. Rza dünya tribunasından xalqımız haqqında qüdrətli söz deməyə qadir olan böyük sənətkardır.
Azərbaycan torpağının hər qarışı – uca dağları, şiş qayaları, yaşıl meşələri, şır-şır bulaqları, nər oğulları, vətən torpağının göz bəbəyi kimi qorunmasına çağırış, səfərbərlik ruhu, xalqın qüruru Məmməd Araz yaradıcılığında poetik ifadələrlə öz bədii vəsfini tapmışdır.
Odur ki, haqqın var, Məmməd Araz, yaşamağa. haqqın var.

Məmməd Araz

Məmməd Araz (doğum adı: Məmməd İnfil oğlu İbrahimov; 14 oktyabr 1933, Nursu, Naxçıvan MSSR – 1 dekabr 2004, Bakı) — Azərbaycan şairi, tərcüməçi, publisist, 1957-ci ildən[1] AYİ-nın üzvü, Azərbaycan Respublikasının xalq şairi (1991), “İstiqlal” ordeni laureatı.

A [ redaktə ]

  • Azərbaycan – mayası nur, qayəsi nur ki.

Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan” deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.

B [ redaktə ]

  • Bu get-gəllər bazarına dəvədi dünya,

Bu ömür-gün naxışına həvədi dünya.
Əbədiyə qəh-qəh çəkir əbədi dünya,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin.

  • Bu gün gərək hər anımız “Vətən!” – desin,

Qılıncımız, qalxanımız “Vətən!” – desin.
Ölənlərin əvəzinə, qalanımız “Vətən!”- desin.

Ç [ redaktə ]

  • Çox xırdalar bərk ayaqda qeybə çəkilir;
    Böyük dərdlə vuruşana böyük deyildi.

G [ redaktə ]

  • Gərəksiz adətlər, sədlərlə dolu,
    Bir insan ömrünə sığa bilmirəm,

K [ redaktə ]

  • Kainat deyimmi mən şerə, sözə!–

Onun min düyünü, min açarı var.
Onu duya bilməz ondakı közə
Qəlbində köz töküb alışmayanlar.

M [ redaktə ]

  • Məzar üstə çoxu ağlar görk üçün;
    Ağlayırsan – sağlığımda ağla sən.

S [ redaktə ]

  • Səndən ötən mənə dəydi,

Məndən ötən sənə dəydi.
Səndən, məndən ötən zərbə,
Vətən, Vətən, sənə dəydi.

  • Soruşdum birindən: – Şairəmmi mən?

Özüm ki, özümü öyə bilmərəm!
Cavabı asanca qopdu dilindən:
– Hələ ölməmisən deyə bilmərəm.

V [ redaktə ]

  • Vətən daşı olmayandan
    Olmaz ölkə vətəndaşı.
  • Vətən mənə oğul desə nə dərdim,
    Mamır olub qayasında bitərdim.

Məmməd Araz haqqında sitatlar [ redaktə ]

  • Bu gün biz bir daha Məmməd Arazın Azərbaycan xalqının mədəniyyətinə verdiyi töhfələri gördük, eşitdik və bunların xalqımız üçün nə qədər faydalı, gərəkli olduğunu bir daha bildik, bir daha dərk etdik ki, Azərbaycan xalqının həyatında Məmməd Arazın yardıcılığının nə qədər böyük əhəmiyyəti var.
    • Heydər Əliyev, ümummilli lider.
    • Xalq şairi Məmməd Araz dövrümüzün sənət zirvəsində durur.
      • Heydər Əliyev, ümummilli lider.
      • Məmməd Arazın mövzuları bir çərçivəyə məhdudlaşıb qalmayıb. Onun bir sıra lirik parçaları-təbiət gözəlliklərinə könüldən vurğun bir rəssam kimi çəkdiyi mənzərələr, lövhələr yadda qalır, oxucunu düşündürür, dəfələrlə görmüş olduğu dağları, dərələri, çəmənləri, bulaqları, könül oxşayan mənzərələri yeni “gözlə” görməyə, yeni çalarla duymağa yön verir, dönə-dönə baxdığımız, lakin görmədiyimiz rəngləri, biçimləri qarşımızda canlandırır.
        • Rəsul Rza, şair
        • Məmməd Araz bütün varlığı ilə ana dilinin təbii axarına, folklor, ata-baba müdrikliyinin qaynaqlarına bağlı olan bir sənətkardır.
          • Bəkir Nəbiyev, professor
          • Məmməd Arazın şeirlərində dərin bir xəlqilik var. O, həyatı çox gözəl müşahidə edirdi. Dərk elədiklərini poemalarında yaxşı qələmə ala bilib, yeni bir pafosla yeni bir üslubla millətə, xalqa çatdırıb.
          • Budaq Budaqov, akademik
          • Məmməd fikir adamıdır. Bu, adi səyyari fikir deyil, canlı, yaradıcı, fəal fikirdir. Məmməd Arazın şeirlərinin əsasında hər cür abstraktlıqdan uzaq olan konkret fikir, hiss dayanır.
            • Famil Mehdi, şair, professor

Comments are closed, but trackbacks and pingbacks are open.