Press "Enter" to skip to content

Mir Mövsüm ağanın həyatı haqqında BİLMƏDİKLƏRİMİZ – VİDEO

Milli.Az

Səyavuş Aslan onu aldadıb ruhi xəstəxanaya apardı – Aktrisanın həyatından dəhşətli faktlar

Ofeliya xanım 1939-cu il yanvarın 27-də Bakının Saray kəndində Xalq artisti, aktyor Rza Əfqanlı və ilk qadın teatr rəssamı, Xalq rəssamı Bədurə Əfqanlının ailəsində doğulub. Atası əslən Güney Azərbaycandan olsa da, bütün həyatı Bakıyla bağlı olub. Sərab şəhərində nökərçilik edən Rza Əfqanlı Bakıda çəkməçi işləyib, hərbi xidmətdən sonra isə dram dərnəyinə yazılıb. Anası Bədurə Əfqanlının yolusa elə əvvəldən rəssamlıq olub. Cütlük dəfələrlə ayrılıb, barışıblar. Ömürlərin sonunda isə ayrı yaşamağı qərara alıblar.

Ofeliya Aslan Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya aktyoru fakültəsini bitirir. Təhsilini başa vurduqdan sonra Kukla Teatrına təyinat alır. 1963-cü ildən Musiqili Komediya Teatrında əvvəl xor artisti, ardınca aktrisa kimi çalışır. O, “El bizim, sirr sizin”, “Olmadı belə, oldu elə”, “Təzə gəlin”, “Nənəmin şahlıq quşu”, “Bankir adaxlı” kimi maraqlı səhnə tamaşalarında rol alıb. Aktrisaya ən böyük uğuru isə “Hicran” tamaşasındakı Çarliston obrazı gətirir.

Əsgərlikdən qayıdanda Səyavuş Aslanı Quba teatrına göndərirlər. Ofeliya isə orada anasının yanına gedib gəlirmiş. Rejissorlar ona da rol verirlərmiş. Səyavuş Aslan orada Ofeliyanı görüb ona vurulur. Bədurə xanım isə qızının aktyorla ailə qurmasına razı olmur. “Mən artistə qız vermərəm” deyib, qızını Qubadan Bakıya qaçırır. Səyavuşun ailəsi də oğullarının aktrisa ilə evlənməsinə razılıq vermirlər. Lakin, o, ya Ofeliya ilə evlənəcəm, ya da heç kim deyib inad edir və istədiyinə nail olur.

Deyilənə görə cütlük çox kasıb olduğundan Səyavuş Aslanın toy günündə əyninə geyinməyə bəylik paltarı olmayıb. O, Musiqili Komediya Teatrının direktoru Şəmsi müəllimin yanına gədərək məsələni izah edir. Şəmsi müəllimin tapşırığı ilə Səyavuşa teatrını paltar sexindən bəylik kostyumu seçib veriblər.

Onların Çingiz və Eldar adlı iki oğlu olur. Ofeliya Aslan 1963-cü ildən Musiqili Komediya Teatrında əvvəl xor artisti, ardınca aktrisa kimi çalışır. Ana olduqdan sonralar o, uzun müddət işləmir. 1997-ci ildən yenidən teatra qayıdır.

Bir müddət sonra cütlüyün arasında söz-söhbət yaranmağa başlayır. Münasibətləri gərginləşir. Deyilənlərə görə onların ayrılmalarına əsas səbəb Səyavuş Aslanın xəyanəti olur. Səyavuş Aslan teatrda işləyən başqa bir aktrisa ilə isti münasibətlər yaşayır. Bundan xəbər tutan Ofeliya xanım bunu nə qadın həmkarına, nə də sevdiyi insana bağışlamır. Bir müddət sonra aktrisanın əsəbləri pozulur, qeybdən səslər eşitdiyini deyir. Səyavuş Aslan isə yaxın adamların məsləhəti ilə Ofeliyanı müalicə almaq üçün ruhi xəstəxanaya aparır.

Ofeliya xanım bütün bunları belə xatırlayırdı: “. Hələ o zamanlarda məndə vergi əlamətləri hiss olunurdu. Səyavuş dedi ki, bununla bağlı məni hansısa professorla görüşdürəcək. Orada professorla görüşdüm, bir neçə gündən sonra isə hara gətirildiyimi başa düşdüm. 11 gün həmin mühitdə qalıb, geri, evimə qayıtdım. Bu müddətdə qəbul etdiyim dərmanların təsiri altında idim. Amma özümü toplayıb 2 gündən sonra boşanma ərizəsi ilə məhkəməyə müraciət etdim. Səyavuşdan ayrıldım. O vaxt bizim birlikdə yaşadığımız mənzil iki hissəyə ayrıldı və mən bu günə qədər də keçmiş həyat yoldaşımla qonşu kimi yaşayıram”.

Ailə və sənət dostları olan aktyor Novruz Qartal Ofeliya Aslan haqqında danışır ki, Ofeliya onun həm iş yoldaşı, həm də ən yaxın dostu olub: “Teatrda, bəlkə də yeganə aktrisa idi ki, heç vaxt onun kiminsə barəsində dedi-qodu etdiyini, qeybətləşdiyini görməzdik. Aktrisalar arasında hər zaman qalmaqallar, dedi-qodular olur, axı. Ofeliya sakit, başıaşağı, öz işi ilə məşğul olan aktrisa idi. Dəfələrlə Ofeliya xanımla rayonlarda qastrol səfərlərdə olmuşduq. Rayon camaatı onu o qədər sevirdi ki, qaldığımız mehmanxananın qabağında növbə çəkirdilər. O deyirdi, Ofeliya Aslanı evimə mən qonaq aparacam, bu deyirdi, mən qonaqlıq verəcəm. Özünü sevdirən qadın idi.”

Boşanandan sonra da bir evin ayrı-ayrı otaqlarında bir-birilərinin xiffətini çəkərək yaşayırlar. Hətta Səyavuş Aslan dövlətin ona verdiyi mənzilə oğlunu yerləşdirib keçmiş həyat yoldaşı ilə bir evin iki ayrı otağında yaşamağı seçmişdi.

Deyilənə görə Ofeliya Aslan çox qısqancmış, amma bunu mümkün qədər büruzə vermirmiş. Ər-arvad küsülü vaxtlarında səhnəyə çıxıb bir-birləri ilə elə danışırmışlar ki, həyatda danışmadıqlarını heç kim ağlına da gətirməzmiş. Hətta “Hicran” tamaşasında oynayanda da küsülü olublar.

Ofeliya Aslan 1998-ci ildə yenidən teatra qayıdır. “Bankir adaxlı” tamaşasında rol alır. Onunla tərəf müqabili olan aktrisalardan birinə bir gün Ofeliya xanım həyatının yekun mənzərəsini belə izah edir. “Səyavuşla biz ayrılmazdıq, bizi ayırdılar. Teatrın dedi-qodusu bizi ayırdı. Ahıl yaşlarında hər ikisi peşman olurlar. Amma heç biri o birinin qarşısında əyilmir. Ömürlərinin sonuna qədər küsülü qalırlar, qəlbən bərabər, cismən ayrı yaşayırlar.

Aktrisa həmişə deyirmiş ki, heç ölmək istəmir. Bir yeri ağrıyan kimi təlaş keçirirmiş. Əslində, sağalmaz xəstəliyə tutulubmuş, amma həkimlər bunu ondan gizlədiblər. Ölənə qədər də bilməyib.

Səyavuş Aslanla ayrılsalar da, Ofeliya xanım çox vaxt keçmiş həyat yoldaşının qayğısına qalıb, yeməyini bişirib, paltarlarını yuyub-ütüləyib.

Səyavuş Aslan da onun haqqında heç vaxt xoşagəlməz sözlər danışmayıb. Bəzən peşman olduğunu da dilə gətirib: “Yaxşı ailə idik, özü də bir-birimizi istəyirdik. Əfsuslar olsun ki, nəyəsə uyduq, bir-birimizdən ayrı düşdük, mən istəmişəm ki, həmişə bir yerdə olaq, amma ola bilmədik. Onu da deyim, Ofeliya elə olmayıb, məni elə vəziyyətə salsın ki, onu qısqanım, biz həmişə bir-birimizi çox istəmişik. Nə isə teatr aləminə girişəndən, oynayandan sonra bizim öz oynadığımız materiallar bizə düşmən oldu. İstər-istəməz bizdə belə fikir formalaşdırdı ki, biz qısqancıq, nə bilim nəyik. Axı, biz elə deyildik. Ofeliyanın yoxluğu onun nə qədər dəyərli olduğunu, nə qədər sevimli olduğunu düşünmək üçün mənə imkan verdi. Bu, çox qəribə bir hissdir, insan bunu zamanında dərk edə bilsə, bəlkə də heç səhv etməzdi”.

Sonralar Səyavuşa başqası ilə evlənmək təklif olunsa da razı olmayıb. Deyib mən başqası ilə evlənsəm qeyrətsiz olaram. Axı mən Ofeliyanı sevmişəm.

Ofeliya xanım 2010-cu ilin 18 mayında səssizcə vəfat edir. Onunla vidalaşarkən göz yaşları axıdan Səyavuş Aslan uzun müddət xəstə yatandan sonra 27 iyun 2013-cü ildə 77 yaşında Ofeliya xanımın ölümündən üç il sonra dünyasını dəyişir.

Milli.Az

Mir Mövsüm ağanın həyatı haqqında BİLMƏDİKLƏRİMİZ – VİDEO

5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT
Sizə elə bir insandan danışacağam ki, o, fenomen idi. Təkcə adi vətəndaşlar deyil, tədqiqatçılar, elm adamları belə artıq bu faktı təsdiqləyiblər. Bu insanlar dindən, mövhumatdan uzaq olsalar da, Mir Mövsüm ağa adı çəkilən kimi “o fərqlidir, o digərlərinə bənzəməz” deyirlər.

Bəs nə idi Mir Mövsüm ağanın fərqi? Niyə onun ölümü 1950-ci ildə ümumxalq kədərinə, yüz minlərin iştirak etdiyi izdihama səbəb olmuşdu? Axı, bu fiziki qüsuru olan, özü də sağlam olmayan bir insan başqalarına necə yardım edə bilirdi? Nə idi bu nəhayətsiz sevginin səbəbi? Bunu bilmək istəyirsizsə, diqqətinizi bir yerə cəm edin, başlayaq.

Mir Mövsüm ağa İçərişəhərdə, Firdovsi 3 ünvanında, yaşıl qapılı, kiçik həyətli evdə yaşayıb. İnanmıram, elə bir azərbaycanlı olsun ki, bu evi tanımasın, bura ayaq basmasın. Baxmayaraq ki, ağa artıq 60 ildir ki, həyatda yoxdur. Bir gün, bir saat, bir dəqiqə belə onun bu evi, eyni zamanda, Şüvəlandakı ziyarətgahı boş qalmır. İndi artıq o özü gələnləri qarşılamır, heç kimin başına əlini çəkə bilmir, amma insanlar bu gün də dəstə-dəstə bura axışaraq, yenə də nicat tapacaqlarına, şəfa tapacaqlarına çox ümid bəsləyirlər.

Mövsümovlar ailəsini çoxları əsl içərişəhərli bilsələr də, əslində onlar İçərişəhərə XIX əsrin sonlarında köçüblər. Məlum ev də sonradan tikilib. Bu ərazidə torpaq alması ilə bağlı Ağanın atası Seyid Hüseynağa Bakının general–qubernatoruna məktub yazır və burada ev tikməyə rəsmi icazə istəyir.
Kişik qardaşı Mir Kazım ağanın qızı və bu gün İçərişəhərdəki bu ocağın sahibi Qönçə xanım isə Ağanın anasının Xurşudbanu Natəvanla məktublaşdığını, onların bir-birilərinə şeir yazdığını bildirir. Böyük və dünyasını orta yaşlarında dəyişən qardaşı Seyid Hüseyn ağa isə dinşünas alim, filosof olub.

Mir Mövsüm ağa 1883-cü ildə Seyid Mir Talib Ağanın evində dünyaya gəlib. Bəzən çoxları onu daha da müqəddəsləşdirmək üçün sümüksüz doğulduğunu iddia etsə də, ailəsi bu haqda tamamilə başqa gerçəkləri söyləyir. Qönçə xanım deyir ki, “o, normal uşaq kimi dünyaya gəlib. Anası Xədicə xanım bir həftədən sonra bələyi açır ki, uşağı çimizdirsin, görür ki, bələk qan içindədir, o vaxt həkim olmadığı üçün axund çağırırlar. O baxır deyir ki, “Allaha pənah, bu uşaq qalar, ya qalmaz”.

Çoxlu qan itirdiyinə görə uşağın bir tərəfi iflic olur. Danışığı da qüsurlu olur. O, sümüksüz deyildi, uşaq iflici olduğundan sümüyündə kalsium azlığı olub, qamətini şax saxlaya bilmirdi, arıq bədənli idi, çox da siqaret çəkərdi, onun çəkmələrini qonşuları yəhudi Maryaş tikirdi. Bunlar olduqca yumşaq qara, uzunboğaz çəkmələr idi və par-parıldayan bu çəkmələr həmişə ayağında olardı. O, bu yəhudini çox istəyirdi. Düzdür, onlar bir-birinin dilini bilmirdi, amma bir-birilərinə böyük hörmətləri vardı.

Ağanın özü də Ətağa sözünü sevməzdi, biz də həmişə deyirik ki, ona belə müraciət etməyin. 40 yaşına qədər az da olsa gəzə bilib, otura bilib, sonra heç kalsium azlığından onu da edə bilməyib. O, məşhur şəklinin rəssam tərəfindən çəkildiyini güman edirlər, amma yalandır, bunlar fotoşəkildir. Bu yalan bizə lazım deyil. Mən 1954-cü ildə doğulmuşam, Ağa 1950-ci ildə rəhmətə gedib. O şəklin ayaqüstə olan variantı da bizdə var. Bu şəkillər bizim evdən çıxıb. O tam şikəst deyildi, ağlı özündə idi. Danışanda başa düşmək olurdu nə deyir. Hətta xoşu gəlməyən adam olanda hirslənərdi ki, mənə yaxın qoymayın. Qardaşları, bacıları xəbər verirdi ki, bu adam səndən pənah istəməyə gəlib, bir günah işlədib, ona kömək ol, onda sakitləşib, o adamı qəbul edər, əlini başına çəkərdi”.

Bəlkə çoxları bilmir. Amma Mirmövsüm Ağanın əslində 3 adı olub. Bunlar Seyidəli, Böyükağa və Mirmöhsüm Ağadır. Qönçə xanımın dediyinə görə, Mirmövsüm Ağa babasının adıdır ki, ocaq onun adına bağlı olduğundan çox vaxt Ağanı da bu cür adlandırardılar. Seyidəli öz adıdır, evdə böyük olduğu üçün adı çəkilməyib, ona Böyükağa deyiblər.

Məsələn, mənim atam kiçik olduğu üçün Balacağa deyiblər. Amma and içəndə Ətağa Cəddi deyirlər. Bu andın bir vaxt çox böyük qüdrəti olub. Onlar ailədə 3 bacı, 3 qardaş olublar. Zeynəb xanım (ata-ana, böyük qardaşı kimi o da Kərbalada dəfn olunub, digər adı Böyükxanımdır), Fatmanisə xanım (Buzovnada dəfn olunub), Səkinə Qönçə xanım (Ağanın ömürboyu qulluğunda duran bu kiçik bacısı Balacaxanım onun yanında dəfn olunub). Böyük qardaşı Seyidhüseyn Ağa Kərbalada dəfn olunub, özü Seyidəli, ondan sonra kiçik qardaşı Balacaağa adlandırılan, Qönçə xanımın atası Mirkazım ağadır ki, o da Ağanın yanında dəfn olunub.

Ağanın çox sevimli qardaşı nəvəsi Rüfət müəllim deyir ki, 1918-ci ilin erməni-müsəlman davası zamanı Hacı Zeynalabdin Tağıyev, Ağamusa Nağıyev, Murtuza Muxtarov “mənim babamın evində yığışıblar ki, vəziyyət pisdir, sən bizim şəhərin ən ağır seyidisən, səni qorumalıyıq”. Və bu ailəyə paraxod verilir, onlar Ənzəliyə yola salınır. Amma 1 il güclə qalırlar, sonra birdəfəlik vətənə dönürlər.

Bu nəslin ağsaqqalı Ağanın kiçik bacısı Zeynəbxanımın həyat yoldaşı olmuş o vaxtın Şeyxül İslamı olan Molla Ağa Əlizadə idi. Elmlər Akademiyasının vitse-prezidenti Akif Əlizadə onun oğludur. Daha doğrusu, Mir Mövsüm Ağanın bacısı oğludur.

Mirmövsüm ağaya inam daha çox müharibə vaxtı artdı. İnsanların inamının qırıldığı, gedənlərin bir daha geriyə dönmədiyi, aclıqdan xəstəliklərin artdığı bir vaxtda hamı ona ilahi varlıq kimi baxırdı.

Ağanın nəfəsinin əsl nəticəsini görənlər bu gün də yaşayır ki, mən onlarla da görüşdüm. Vaxtilə onların qonşusu olmuş İzzət xanım Məmmədovanı tapdım. O dedi ki, “1947-ci il dekabrın 15-də anam xəstələndi, qulağı arxasında xərçəng tapdılar. Ağanın Çimnaz xanım adlı aşbazı vardı. Kiçik olduğumdan mənə ürəyi ağrıdı. Biz İçərişəhərdə Ağa ilə qonşu idik. Çimnaz xala mənə dedi ki, gəl səni bir gün içəri salım, Ağanın əlini yu, apar ver suyunu ana içsin, bəlkə köməyi oldu, elə də elədim. Anam buna görə düz bir il yaşaya bildi”.

Ağanın möcüzələrinin şahidlərindən biri olan Bəhram müəllimin də yaşı 80-i ötüb. O günləri o, belə xatırlayır.

“Bir tələbə yoldaşımla ağanın ziyarətinə gəldik. Ağa yaman xəstə idi və yaşlanmışdı, oğlan Ağanın ziyarətinə gələndə ondan qorxdu, cəld otaqdan çıxdı, onun bu hərəkəti Ağanın xoşuna gəlmədi. Mən isə gedib ətəyindən öpdüm, bir neçə gün keçəndən sonra o oğlanın avtoqəzada həlak olduğunu eşitdim”.

Qardaşı nəvəsi Rüfət Mahmudov isə bildirir ki, “maliyyə naziri ona vergi kəsmişdi. Hətta müharibə vaxtı Ağa əsgərlərə çox kömək edirdi. Onun adından bir tank da bağışlamışdılar ki, bu tank müharibədə Ağanın adından vuruşsun. Vergi əməkdaşları da evin əşyalarını da yazmağa gəldilər, əşyaları qeydə alıb maşına doldurdular, sürücülər dedi ki, biz bu maşını sürə bilmərik. Biz gecə-gündüz övladımızı ona əmanət edirik, indi onun əşyalarını daşımarıq. Bakıda heç bir sürücü bu maşını sürməyə razı olmadı.

Axırda məcbur olub əşyaları geri boşaltdılar.Ağanın əvvəl ateist olan, daha sonra Ağa sayəsində dinə-imana gələn tədqiqatçısı Georgiy Zapletin deyir ki, Azərbaycanın MK-nın keçmiş baş katibi Qasım İsmayılov iclasda Ağadan danışır ki, “biz cəhalətə qanad vermişik filan”. Qasım İsmayılovun səsi iclasda qəfildən tutulur. Anlayır ki, iş nə yerdədir, birtəhər başa salır ki, məni Ağanın yanına aparın. Bu vaxt bacısı Səkinə xanım Ağaya bozbaş yedirirmiş. Hadisəni Ağaya danışanda o gülümsünür, bacısına nəsə deyir. Xanım deyir ki “Ağa istəyir ki, siz bu bozbaşdan bir-iki qaşıq yeyəsiniz. O da yeyir və yarım saatdan sonra səsi açılır”. Bunu mənə SSRİ-nin Xalq artisti Mikayıl Abdullayev öz şərəfi üzərinə and içib danışıb ki, danışdığı bu hekayəni gözləri ilə görüb, yalan deyil.

Jurnalist Bəhram İbrahimov isə deyir ki, “Yaşım 80-i ötüb. Ağa cavanlığımda mənim başımı çox sığallayıb, hələ indiyə qədər bir dəfə də olsun başım ağrımayıb, jurnalist olmuşam, başımın məhsulu, yazdığım kitablar, məqalələrlə çörəyimi qazanmışam və bu günə qədər başımdan gələn məhsuldan cəza filan almamışam. İndiyədək o müqəddəs əli öz başımda hiss eləmişəm. Hər çətin işimdə də Ağanın cəddini çağırıram”.

Müharibə vaxtı ölkədə heç kim qara çörək tapmayanda Ağanın həyətində ağ təndir çörəyi yapılardı. Bütün İçərişəhər o zamanlar bu çörəklə dolanıb.

Rejissor və Ağanın yaxın qohumu olan Oqtay Mirqasımov deyir ki, “bu insanı hətta dünyada tanıyırdılar. Mənim Rüfət qardaşım Rusiyada Nüvə Fizikası İnstitutunda çalışırdı. Oraya bir şərqşünas gəlib, qapalı mühazirə oxuyurdu. O öz çıxışı zamanı seyidlər nəslinin kim olduğundan danışıb, heç bilmirdi ki, auditoriyada oturan mənim qardaşım da o nəsildəndir. Qardaşım tənəffüsdə yaxınlaşıb o nəslin nümayəndəsi olduğunu deyir. Alim təsdiq edir ki, Mir Mövsümzadə Böyükağanı tanıyır, o, çox görkəmli insandır, bir alim kimi o, bizə çox maraqlıdır”. Oqtay müəllim bildirir ki, mənə bu elmi baxış xoşdur. Amma buna xürafat, ovsunçuluq kimi yanaşma düz deyil, bu məsələni ucuzlaşdırır.

Qönçə xanım deyir ki, Amerikanın eks-səfiri Enn Dersi bizim ailəni həmişə tədbirlərinə çağırırdı, qonaq edirdi. “O, dindar ailədən olduğunu demişdi. Bakıya gələndə biz onun ilk ziyarət etdiyi ailələrdənik. Ona Ağanın şəklini verdik, öpüb bağrına basdı və gedənə qədər bu şəkil onun otağında qaldı. Bütün Amerika səfirləri bizdə olub. Corc Buşun ikinci müavini də bizdə olub, zənci idi. Dedi Ağa haqda eşitmişəm.

Amerikada da Ağanı yaxşı tanıyırlar. Yoldaşım ona dedi ki, sən Ağadan mətləb istə, görərsən olacaq, onda bir daha əmin olacaqsan ki, bu necə möcüzəli Ağadır. Biz bu sözü dedik və yadımızdan çıxdı. O getdi, bir həftədən sonra bizə səfirlikdən zəng vurdular. Heç demə, bura gələndə onun vacib sənədlərlə dolu olan çantası itib. Biz “mətləb istə” deyəndə o ürəyində tutub ki, “Amerikaya gedənə qədər çamadanları tapılsın”. Vaşinqtona çatanda ona zəng vurublar ki, çamadan tapılıb. O da zəng vurdu ki, ocağa təşəkkürümü bildirin. Mən bir daha inandım o ocağa”.

Mirmövsüm ağaya daha çox bacısı Səkinə, Qönçə xanım qulluq edib. Bu xanım heç vaxt ailə qurmamışdı, ömrünün sonuna kimi də bakirə qalıb, qardaşına qulluq edib. O, körpə ikən evlərinə bir axund gəlib deyib ki, “bu nə gözəl qızdır, elə bil gül qönçəsidir. Adı Səkinə xanımdır sənəddə, amma el arasında ona bu sözdən sonra Qönçə xanım deyiblər. Ağanın bütün yemək-içmək məsələlərinə o baxıb, gigiyenasına isə 2 kişi baxıb. Qönçə xanım öləndə çox əzab çəkib. Ağanı evdən aparıblar ki, bilməsin bunu. Yay idi deyə ailə Şüvəlanda bağda olub. Rüfət müəllim deyir ki, “onunla məni həyətdə otuzdurmuşdular ki, biz eşitməyək. Arvadlar ah-vayla ağlayanda bildik ki, Qönçəxanım rəhmətə gedib. Ağa da ağlayıb başını qoydu çiynimə ki, qədeş, bacımız rəhmətə getdi. Səkinə xanım rəhmətə gedəndən sonra Səlməxanım adlı bir yad qadın gətirdilər, o baxdı”.

2 ildən sonra isə Ağa özü dünyadan köçdü. Bu ölüm 1950-ci ildə Bakıda görünməmiş yas mərasiminə, izdihama səbəb olmuşdu.

Ağa çox sakit şəkildə rəhmətə gedib. 20 gün yorğan-döşəkdə olub. Səhər tezdən ölüb, axşam şay içib, səhər oyanmayıb, görüblər ki, buz kimidir, rəhmətə gedib. Ölüm kağızında da yazıblar ki, ürək xəstəliyindən dünyasını dəyişib. Yaşlaşandan sonra xəstəliyi ürəyini tamam zəiflətmişdi. 67 yaşında dünyasını dəyişdi.

Çox şiddətli soyuq olub həmin gün. Amma heç bir nəqliyyatsız filansız, buz kimi havada, bəlkə 100 mindən çox adam o vaxtkı Pavilla zavodunun yanından İçərişəhərə qədər Ağa ilə görüşmək üçün növbəyə düzülüb. Qonşuları olmuş İzzət xanım deyir ki, “uşaq da olsaq, bilirdik ki, o tabutdakı ölüdür, amma qorxmurduq, tabutun başına fırlanıb, öpüb bayıra çıxırdıq.

Bütün rayonlardan gələnlər ehsan kimi düyüsünü, qoyununu kəsib gətirirdi. 40 pilləkəndən evlərinə qədər camaat növbəyə dayanmışdı. Düyünün həliminin suyu üçün küçədə arx düzəltmişdilər. 40 gün camaat bütün rayonlardan o evə ziyarətə gəldilər. Bütün Bakının kişilərinin çiyni növbə ilə bu tabuta dəyib. 2 dəqiqədən bir adamlar dəyişirdi. İçərişəhərdən Şüvəlana qədər insanlar tabutu piyada, çiyinlərində apardılar”.

Mirmövsüm Ağa fikir versəniz sərdabədə dəfn olunub. O kəslər sərdabədə dəfn olunur ki, onlar torpağa əmanət olaraq veriliblər. Seyid olduğu üçün o, Kərbalada dəfn olunmalıdır əslində. Buna görə də əmanət qəbirdədir. Amma ailəsinin bu məzarı dəyişdirmək düşüncəsi hələ ki, yoxdur.

Şüvəlanda dəfn olunmağının səbəbi isə ailə bağlarının burada yerləşməsi olub. Camaat Sovet vaxtı o məzarı ziyarət edə bilmirdi. Hətta məktəb işçilərini növbə ilə qəbrin üstə gözətçi qoyurdular ki, bir ziyalı, müəllim gəlməsi ilə bağlı yazıb bu barədə yuxarılara məlumat versinlər. Bu gözətçilərdən biri də o vaxt Mərdəkanda məktəb direktoru olan Fərhad Zeynalov olmuşdu. Xüsusən məhərrəmlikdə adamlar qəbiristanlığa axışırdı. “İnanın ki, camaatın qabağını almaq olmurdu. Mən üzümü o yana çevirirdim ki, görməyim. Onlara gəlməyin deyə bilmirdik”.

1950-92-ci illərdə bu məzar baxımsız qalıb. 1992-ci ildə isə 3 şüvəlanlı Nizam Əliyev, Hacı Tahir və Hacı Şəmsi bir yerə yığışaraq köhnə yaşıl qəbri belə gözəl qəbir halına gətirmək üçün birləşirlər. Ailə də onlara rəsmi icazə verib. Ziyarətgahın bugünkü rəhbəri Hacı Nizamdır və o, çox insanlara kömək edir. İçərişəhərdəki evlərdə də insanlara yardım olunur.

Bu möhtəşəm qəbri hətta Pyer Rişar və Jan Klod Van Dam kimi dünya ulduzları da ziyarət edib.

Heydər Əliyevin də bu məzara xüsusi diqqəti olub. O. sağlığında burada 4 dəfə olub. Son ziyarətində isə o, hələ 1944-cü ildə sağ ikən problemi olduğu üçün Ağanı ziyarət etdiyini bildirib. Və qeyd edib ki, “O sistem qalsaydı inanmazdı ki, bu insanın məzarı dinin məbədi olacaq”.

Elə prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da bu ziyarətgahda dəfələrlə olublar.

Tədqiqatçı Georgiy Zapletin bu gün ziyarətgahda saxlanan Mir Mövsüm Ağa xalçası ilə bağlı maraqlı bir əhvalat danışır. Xalçaçı Kamil Əliyev yaşlanarkən son xalçasını anasına həsr edir. Bildirir ki, bu onun son xalçası olacaq və o, daha heç nə hörməyəcək. Və bir gün yatıb yuxusunda qeybdən bir səs eşidir ki, “yadındadır, sən müharibəyə gedəndə, Mir Mövsüm Ağa sənin başına əl çəkdi, o qan-qada yuvasında sənə heç nə olmadı, amma sən onu unutdun, bu illər ərzində bir dəfə də onun üçün xalça hörmədin”.

Kamil müəllim yuxudan titrəyərək oyanır. 1 milyon 200 min düyünlük, 20 rəngin qarışdırıldığı möhtəşəm bir xalça hörür. Və bu həqiqətən onun öz əli ilə hazırladığı son işi olur. Barmaqlarına çatanda Lətif müəllim vəfat edir, işi onun böyük oğlu Cavanşir və digər tələbələri bitirir. Həmin bu xalça indi ziyarətgahdadır. Xalçanı 2005-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Ziyarətgaha təhvil verib.

Qeyd edim ki, yığılan ianələrin hesabına bu ziyarətgah ən müasir standartlar əsasında inşa olunub. Ziyarətgahda bütün gün fasiləsiz olaraq Quran oxunur. Burada yasin oxutdurma və digər dini xidmətlər pulsuzdur. Mir Möhsün ağanın məzarı yaşıl mərmərlə götürülüb. Üzərindəki məhəccər təmiz gümüşdəndir, bura 75 kilo gümüş sərf olunub, qızılı hissələr isə qızıl suyuna çəkilib, buna da 4 kilo qızıl sərf olunub. Müxtəlif əllərin təmasına gigiyenik tədbir üçün bu qədər bahalı metal sərf olunub. Divarlardakı bütün şüşələr xrustaldır. Döşəmə qızdırıcılar vaitəsilə isidilir. Ziyarətgahın sədri Hacı Nizam zəvvarların rahatlığını təmin etmək üçün hər bir şərait yaradıb.

Qadın və kişilərin məzarı ayrı ziyarət etməsi üçün ziyarətgah 2 mərtəbəyə ayrılıb. Aşağı qadınlar, yuxarı kişilər üçün nəzərdə tutulub. Məzarın ətrafındakı güllər tamamilə təbiidir. Sutka ərzində qəbrin yanına qoyulan buxur ətir saçaraq gün ərzində ziyarətgahı xoş qoxuya bürüyür. İkinci mərtəbədə isə müasir standartlara cavab verən, gözəl ornamentlərlə işlənmiş məscid inşa edilib. Burada istifadə olunan divar bəzəkləri, çilçıraqlar Misirdən gətirilib.

Mir Mövsüm Ağa Ziyarətgahının ən məşhur hissələrindən biri də qurbangahdır. Burada insanlar nəinki öz qurbanlarını, təmiz, halal şəkildə kəsdirir, eyni zamanda, paylayırlar. Uzaqdan gələn zəvvarlar üçün isə pulsuz yemək və yataq yerləri verilir. Ziyarətgah polis işçiləri tərəfindən qorunur.

Qeyd edim ki, bura gələn nəzirlər təkcə təmir və işçilərin əməkhaqqına sərf olunmur. Hacı Nizam Əliyev xüsusi olaraq, ziyarətgaha müraciət edən əlsiz-ayaqsızlara, imkansız şəxslərə yardım olunduğunu, əlillərə, korlar cəmiyyətinə, mədəniyyət işçilərinə, sağlamlığını itirmiş şəxslərin xaricdə müalicə olunmasına, ümumiyyətlə, hər kəsə maddi yardımlar edildiyini və hər bir müraciətin sənədləşdiyini bildirir. Burada müxtəlif ünvanlı, müxtəlif problemli insanların öz xətləri ilə yazılmış müraciətlərini görmək olar. Ziyarətgah ildə 12 min manat dövlət vergisi də ödəyir. Eyni zamanda, bütün dini bayramlarda, mövlud günlərində ziyarətgahda böyük ehsan süfrələri verilir.

Bu yaxınlarda isə Hacı Nizam pulsuz qan bankı kimi möhtəşəm bir layihənin üzərində işləyir ki, bu da olduqca savab əməldir.

Qeyd edim ki, bu araşdırma 17 noyabr – Mir Mövsüm Ağanın ölümünün 64-cü ildönümü münasibətilə yazılıb.

Hərə bir ümid, bir istəklə bu ocağa üz tutur. Biz yazımızla cəhalətə qanad vermək fikrində deyilik. Məqsədimiz onu sevən milyonları Ağa ilə daha yaxından tanış etmək idi. Hər şeyin doğrusunu və kamilini isə yalnız Allah bilir.

Femida.az

Xankəndi

Bu gün xalq artisti Siyavuş Aslan 77 yaşında onu sevənləri tərk etdi . O hamımızın yaddaşında xoş xatirələrlə qaldı. AzVision.az daima aktyorun səhhəti ilə maraqlanıb, onu gündəmdə saxlayan qələm əhlinin fikirlərini öyrənib.

“Gündəlik Teleqraf” qəzetinin müxbiri Hacı Zeynalov :

-Siyavuş Aslanın bütün obrazlarını bəyənirəm. Boş vaxtımda internetdə çəkdiyi film və tamaşaları tapıb tez -tez baxıram. “Hicran” tamaşası isə daha çox yadımda qalıb.

“Gün.az” saytının və “525-ci qəzet”-in parlament müxbiri Kamil Həmidov:

-Siyavuş Aslan Azərbaycan sənət dünyasının dahilərindən, korifeylərindəndir. Onun haqqında heç cür keçmiş zamanda danışmaq olmur. O, haqq dünyasına qovuşsa da, hər zaman ruhən bizimlədir.. Onun bütün rolları əsrarəngizdir. Hansınısa tərifləyib, digərlərini qeyd etməmək insafsızlıq olar. Onun istər Dadaşbala rolu, istər bazarkom Nadir, istər saqqal Ramiz, istər Qurban dayı kimi rolları əvəzedilməzdir, yüksək sənətkarlıq nümunəsidir. Ən çox istifadə etdiyim ifadələri isə bunlardır: “məni görən kimi vaz atıb qaçdı”, “elə bunun dərdindən subay qalmışam”, “mən yaşikimdə balıq saxlayıram” və sair.

“Yeni Musavat” qəzetinin əməkdaşı Aygün Muradxanlı:

-Allah rəhmət eləsin! Onun gedişi ilə Azərbaycan səhnəsi sonuncu mogikanlarından birini də itirdi. Onun yerini heç kim doldura bilməyəcək. Siyavuş Aslan hər rolunda obrazının daxilini çox böyük ustalıqla aça bilib. “Əhməd haradadır”, “Ölülər”, “Bəyin oğurlanması” filmləri, çoxsaylı teatr tamaşaları onun istedadı ilə tamaşaçı üçün daha baxımlı olub. Ancaq ən çox “Yol əhvalatı” filmindəki, bir də “Hicran” tamaşasındakı rollarını xatırlayıram.. “Kişi ölməyib, böyük oğlunun kiçik toyudu”, “Hicran xanımın bir dənə qaşları var zaqafqazski jeleznı daroqadı”, “Onu dimisən” kimi deyimlərini tez-tez işlədirəm. Allahdan bir daha ona rəhmət diləyirəm.

“Yeni Musavat” qəzetinin redaktoru Azər Ayxan:

-Siyavuş Aslan Azərbaycan kino və teatr sənətinin ən dəyərli və qüdrətli nümayəndələrindən idi. Siyavuş müəllim Azərbaycanın köhnə nəsİl sənətkarlarından ən sona qalan idi. Onun istər teatrda, istər televiziya tamaşalarında, istərsə də kinoda yaratdığı bütün obrazlar qiymətlidir və böyük tamaşaçı rəğbəti qazanıb.
Hətta gənc yaşlarında “Ulduz” filmində yaratdığı Şubay obrazı da üstündən az qala 60 il keçməsinə baxmayaraq hələ də sevilərək baxılır. Siyavuş Aslan o aktyorlardandır ki, onu hansısa roluna görə yox, yaratdığı bütün rollara görə sevirik.
“Yol əhvalatı”nda, “Evləri köndələn yar”da, “Hicran”da, “Bəyin oğurlanması”nda və s. yaratdığı obrazların dilindən səslənmiş deyimlər, sözlər üstündən 10 illər keçməsinə baxmayaraq hələ də dillər əzbəridir.
Azərbaycan böyük bir sənətkarını itirdi. 20-ci əsrdə Azərbaycanın teatr və kino sənətinə çox böyük töhfələr vermiş bir aktyorun yerini doldurmaq hələ uzun illər mümkün olmayacaq.

“APA” nın baş direktor müavini Cavid İsmayıl :

-Ən çox “Yol əhvalatı” filmini, “Evləri köndələn yar” və “Hicran” tamaşalarını xatırlayıram. Çox çay içən olduğum üçün “Hicran”da dediyi “Bö-bö-böyük stəkanınız yoxdur?” frazasını sevirəm. Onun ölümü ilə əfsanəvi üçlük (Nəsibə Zeynalova-Hacıbaba Bağırov-Səyavuş Aslan) qapandı. Bir ulduz da axdı. Allah rəhmət eləsin!

“Modern.az” saytının müxbiri Gültəkin Ələsgər:

-Belə dahi sənətkarların dünyadan köçməsinə inanmaq bir az çətin olur. Onların yoxluğunu vaxtilə çəkildikləri hamının yaddaşında silinməz iz buraxan filimləri unutdurur. Onun “Bəyin oğurlanması”, “Hicran tamaşası”, “Yol əhvalatı” filimlərində oynadığı rollar hamının yadındadır. Bu günün özündə də Siyavuş Aslanın həmin filimlərdə işlətdiyi ifadələr gənclərin dilinin əzbəridir. Məsələn, “ay yalansa fransuziski ilan vursun gözündən”, “sizi bura yığmaqda məqsədim odur ki, sizdən adam olmayıb olmayacaq da”, ”uşaqlar da deyir atamız işə gedib” kimi ifadələr onu daha ölməz edib.
Mənə elə gəlir ki, bəyi oğurlayaraq film çəkməyə razılıq alan, fransuziski qalstukuna yarlığı əllə tikilən, yolda başına min cür əhvalat gələn, müdirini hələ də evləndirə bilmədiyinin hicranını çəkən Siyavuş Aslan hamının yaddaşında əbədi olaraq teatr əsrinin Səyavuşu kimi qalacaq.

“3 nöqtə qəzeti”nin redaktoru Elməddin Muradlı:

O elə bir sənətkar idi ki, hələ illər keçsə də çox sözləri, çox filmləri xatırlanacaq. Mənim üçün ən çox yadda qalan film “Yol əhvalatı” filmindəki epizoddur. Orada Yaşar Nuriyə irad tutur ki, “ay oğul, əl çək bu cır cındırdan, naski, naskiderjatel, qalstuk,qalstukderjatel” və ya “bizim bu Makentoj mənə fransuzki qalstuk satıb, amma ne zibilskidi bilmirəm. Sonra “Yuxu” filmindəki polis rəisi rolu da cox ləzzət edib. Filmdəki obrazlardan biri olan “Məsmə” xalayla dialoqu yaxud həmin filmdə qızının nişanlısı ilə telefonla danışıb təəcublənməsi ki, “qızın yoxa çıxması Səddam Huseynin qulağına çatsa biabır olacağıq” və s.

Azadlıq radiosunun əməkdaşı Maarif Çingizoğlu:

-“Yol Əhvalatı”nda “Yoldaş Zeynalov” rolu çox xoşuma gəlir. Ona dönə -dönə baxıram. Onun orada dedikləri az qala el məsəlinə çevrilib: “K stati qalstuk demişkən yadıma qalstuk düşdü. Bu hərif mənə Fransızskiy qalstuk yerinə Ərəb qalstuku itələyib”, “ay oğul evlənmək istəyirsən mən burda priçom, get ZAQS-a da” vəs . Allah Rəhmət eləsin. Onun yeri həmişə görünəcək

Jurnalist Lalə Yusifqizi:

-Azərbaycanın iri gövdəli incəsənət ağacından tökülən növbəti yarpaq tökümünə üzüldüm. Siyavuş Aslanın dünyasını dəyişməyinə insan ölümü kimi deyil, DƏYƏR İTKİSİ kimi yanaşıram. Onlar azaldıqca, mədəniyyət hər gün bir az daha tənəzzülə uğrayır. Yoxsa ki, ölüm haqdır. Və bunu yaşamaq hamının alın yazısıdır. Allah rəhmət eləsin və ölkəmizə layiqli əvəzini bağışlasın.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal :

-Səyavuş Aslan XX əsr Azərbaycan kinosuna və teatrına öz möhürünü vurmuş, şərəfli adını yazmış sənətkarlarımızdandır. Uşaqlığımızdan televiziyadan izlədiyimiz, adları gələndə gözlərimiz gülən qızıl dördlük vardı: Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Yaşar Nuriyev, Səyavuş Aslan. Bu gün həmin “dördlüyün” sağ qalan sonuncusunu da itirdik. Mən Səyavuş Aslanı daha çox “Hicran”, “Evləri köndələn yar” tamaşalarından, “Ulduz”, “Əhməd haradadır” filimlərindən xatırlayıram. Və bu film və tamaşalarda oynadığı rollar, işlətdiyi cümlələr tamaşaçıların dilində əzbərdir. Ən çox xatırladığım isə “Uçaskovının payından. ” sözüdür. Allah rəhmət eləsin.

Şahanə RƏHİMLİ

Comments are closed, but trackbacks and pingbacks are open.