Press "Enter" to skip to content

Dedim: Ana, mən geyəm, oğlanlardan xoşum gəlir – Azərbaycanda gey və lezbilər necə yaşayır

Uşaqlıqdan eşitmişəm belələri haqqında. Hətta qonşuluğumuzda biri var idi, qız idi, amma özünü kişi kimi aparırdı.

Mən bunu Facebook-da necə qura bilərəm ki, məni dost kimi qeyd etməsinlər?

“Müsavatı 3 adam böyütdü: İsa Qəmbər, Rauf Arifoğlu və Heydər Əliyev”

Vaxtilə müxalifət cəbhəsinin aktiv simalarından olmuş “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu keçmiş mübarizə yoldaşlarına qarşı sərt ittihamlar səsləndirib.

Modern.az xəbər verir ki, Rauf Arifoğlu Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əliyevə geniş müsahibəsində Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları haqqında xeyli mübahisə doğuracaq məqamlara toxunub.


Modern.az saytı müsahibənin aktuallığını nəzərə alaraq, onu oxucularına təqdim edir:


– Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd edəcəksiniz.
Nəinki ölkə, region mediası üçün ciddi rəqəmdir. Çətin ki, bu yola başlayanda 30 il sonrası haqda düşünmüşdünüz, amma yenə də soruşmaq istəyirəm – gözlədiyiniz, arzuladığınız yerdəsiniz bu gün?

– Bu işə başlayanda – 1989-cu ildə jurnalistikanı özüm üçün gələcək kimi görmürdüm. Ona görə də xüsusi bir iddia və düşüncədən danışmaq mümkünsüzdür. O zaman Milli Azadlıq mübarizəsində idik, iki cəbhədə – SSRİ-yə və Ermənistana qarşı vuruşurduq, düşüncəmizin əsas amili fərqli idi. Amma bütün bunlarla yanaşı bir yaradıcılıq xətti də vardı. Yazılarımı, məqalələrimi broşur şəklində çap etdirib, Şenol imzası ilə yayırdım. Belə bir periodda Azərbaycan Milli Demokrat Yeni Müsavat partiyası təsis etməyə qərar verdik. Beş nəfər rəhbər heyəti ilə start verdik. Prosesdə məlum oldu ki, bizə bir qəzet, yayım orqanı lazımdır. Qərar verəndən sonra da məlum oldu ki, komandada bu işi məndən başqa görəcək kimsə yoxdur. Mən də bu missiyanı öz üzərimə götürdüm və uğurlu alındı. Çünki ondan əvvəl mən “Birlik” adlı qeyri-formal bir dərgini redaktə edirdim. Beləliklə, bu günə uzanan bir yol başladım qəzetçilikdə…

– Deyəsən sizin “Dünya” adlı qəzetiniz də olmuşdu…

– Doğrudur, Elçibəy iqtidarı dövründə dostum Novruz Həsənovla birlikdə “Dünya” jurnalı nəşr edirdim, amma ondan başqa da nəşrlər vardı – “Yeni Turan” qəzeti, “Cümhuriyyət” qəzeti kimi. Və, əlbəttə “Yeni Müsavat” qəzeti. “Dünya” jurnalı və “Yeni Müsavat”ın hətta rusca versiyaları da var idi. 1992-93-cü illər də bu minvalla davam etdi, jurnalistika fəaliyyətindən heç aralanmadım; baxmayaraq ki, paralel olaraq Müsavatın və AXC-nin rəhbərliyində də təmsil olunurdum. Zamanla bu peşəyə isindim… Sonra çevriliş oldu, iqtidar dəyişdi, senzura sərtləşdi, qəzetlər bir-bir əlimdən çıxdı, bircə “Yeni Müsavat”ı qoruya bildim və yola onunla davam etdim. Mətbuatla bağlı konseptual fikirlərim və iddialarım Elçibəy iqtidarı dönəmində formalaşdı. Ard-arda media quruluşlarını yaratmamda da səbəb vardı. Elə bir zaman idi ki, Elçibəyin tapşırığı ilə Güney Azərbaycan üçün də əski əlifba ilə vərəqələr buraxırdıq. Bütün bunlara görə, mən media-qəzet bazarına çox geniş baxırdım o zamanlar. Bütün türk dünyasını əhatə edəcək bir media holdinq qurmaq istiqamətində düşünürdüm. Amma olmadı…

-Bir gerçək var ki, siz bütün jurnalistika fəaliyyətiniz boyunca həm də siyasi kimliyinizlə tanınmısınız. O kimlik heç vaxt sizdən ayrı olmayıb… Hər zaman gedib-qayıtmısınız.

– Mediaya siyasətdən gəlmişəm. Daha doğrusu, hərəkatdan. Mən gizli qəzet çıxaranda, bunu başlayanda, Azərbaycanda müstəqil mətbuat yox idi, hər yerdə kommunist qəzetləri idi. Bayaq da dediyim kimi, mətbuat orqanı yaratmağım siyasi bir prosesin gedişində ehtiyac kimi ortaya çıxdı. Siyasi proseslər, ictimai fəallıq azalanda, qəzetçilik kimliyim önə çıxırdı, çünki yaradıcılıq və ayaqda qalmaq üçün çalışmaq imkanları açılırdı. Belə mərhələlərdə qurucularından olduğum siyasi təşkilatı – partiyanı da qəzet və təbliğat vasitəsi ilə gündəmdə saxlamağı bacarırdım. Ölkədə siyasi fəallıq yüksələndə, ictimai həyat aktivləşəndə isə siyasətçi kimi ön cərgələrdə olurdum. Amma bəzən o qədər önə çıxırdım ki, tutub basırdılar türməyə… Mən hər zaman iddialarımın arxasınca sonuna qədər gedirəm: istər siyasi iddialar olsun, istərsə, mətbu iddialar.

2003-cü ildə, ölkədə prezident seçkiləri keçiriləndə qəzetçi-siyasətçi olaraq əsas və aparıcı sima mən idim. Prezident seçdirəcəyimiz liderdən belə önə çıxmışdım. Böyük risk idi, hər kəs özü üçün ehtiyat variant, sığınma zonası hazırlamışdı, məndə isə bu variant yox idi. Uduzacağımız təqdirdə iki seçimim vardı – ya ölmək, ya həbsxana…Həbsxana qismət oldu, onu da getdik yatdıq. Lakin içəridə də boş dayanmadım. Məqalələr, reportajlar yazdım, yazılarımla çöldə məyus və başsız qalmış tərəfdarlara ruh verdim, özünü bazara çıxardan siyasi xadimlərə basqı yapdım… Bir sözlə, qəzet yenə əsas rupor idi… O zaman gördüm, media gücünə sahib olmaq ikinci can kimi bir şeymiş. Səni “öldürürlər”, amma sən sağ qalırsan… Elə o zaman, türmələrdə keçirtdiyim 17 ay ərzində qərar verdim: yavaş – yavaş siyasətdən çəkilmək və qəzetlə, media ilə qalmaq, onunla davam etmək…


-Həbsxanadan çıxdınız və bunu etdinizmi?

– Dərhal deyil. Həbsdən 17 ay sonra çıxdım və bir başa siyasi burulğanların içinə düşdüm. 20 mart 2005-ci ildi, Elmar Hüseynovu yenicə öldürmüşdülər. Bu, cəmiyyətdə böyük dalğalanmaya səbəb olmuşdu. Əfv çıxmış, siyasi açılım başlamışdı. Parlament seçkilərinə aylar qalırdı, bütün ölkə təkrar qaynayırdı, bizim çıxmağımız isə müxalifəti yenidən coşdurmuşdu, hər kəsdə ruh yüksəkliyi vardı. Seçkiyə girdik. Mən də girdim və nümunəvi bir kampaniya apardım. Seçkini uddum, amma mandatı Eldar Quliyev adlı bir mafioza verdilər. Hələ də parlamentdədi və MM-in ən susqun deputatlarındandır…

Elə həmin zamanlardan bir şeyi müşahidə etdim. Müxalifətin başını çəkən təkələr- liderlər bütün prosesi, sadəcə olaraq batırırlar. Hətta mənə elə gəldi ki, bunu qəsdən edirlər. 2005-in 26 noyabrındakı o meydan təlxəkliyini yada salın. O zaman Əli Kərimliyə şahidlərin yanında şəxsən dedim ki, bu avantüraya getmə. Dedi ki, xarici jurnalistlər 27 noyabrdan sonra gedirlər, o zamana kimi kadrlara düşəcək nələrsə etməliyik… Etdilər. Meydana toplaşan müxalif güclərə bəyan olundu ki, fasiləsiz mitinqlərə başlayırıq, gecələrə də qalacağıq, çadırlar quracağıq. Güclü olduğumuz cizgidən kənara çıxdıq, xarici ölkə jurnalistlərinin kameralarına düşəcək görüntülər oldu, müxalifəti 5-6 dəqiqəyə döyüb, sürüyüb, meydandan atdı hökumət. Güc formatında bizim iqtidara heç zaman zorumuz yetməzdi. Bununla da “sürünən etirazlar” dayandı, proses tormozlandı…


-Siz nə etdiniz?

– Məyus oldum. Qəzetə daha çox bağlandım. Azərbaycandakı siyasi liderlərlə çox çətindi, bərabər iş görmək. Etibarsızdırlar, çoxlu siqaret çəkir və boş-boş, saatlarla danışırlar. Hamısı, az istisnalarla, erroziyaya uğrayıb, üstəlik, “paslanıb”. Onlara söykənmək də olmaz…Onları əvəzləyəcək güc də yoxdur; ictimai proseslərin sanki partiya seqmentinə dəxli yoxdur, yenilənmə getmir, nədənsə. Sadəcə, müxalifət funksionerlərinin, sadiq fəalların özlərinin və qohumlarının uşaqları böyüdülər, bu periodda. Ölkədə də iş güc olmadığından, o gənclər də müxalif düşərgəyə yönlənməyə məcbur oldular. Buradan heç olmasa, Avropaya, mühacirətə gedib, ölkəni və həyatı dəyişmək olur…

-Bəs, siz niyə çıxıb getmədiniz o düşərgədən. Bunu etməyə nə mane olurdu?

– Əslində heç nə. Burada çox ləngidim, gərək həbsdən çıxandan sonra, ən geci, 2006-cı ildə ayrılardım. Lakin, bayaq da dedim, iddialarımın arxasınca sonuna qədər, bütün şanslar bitənəcən gedirəm. Yanlış, ya doğru, belə də etdim. 2013-ə qədər müxalifətin bütün layihələrinə dəstək verdim. Fəallıq və peşəkarlıq nümunələri göstərdim. Ancaq onu da görürdüm ki, bunlarla heç nə etmək mümkün olmayacaq… Bu, qəzetçiliyə tam dönüş üçün qəti qərarımın verildiyi anlar idi…


-Hökumətlə keçmiş və bugünkü münasibətlərinizi müqayisə edən zaman ön planda xiffət durur, peşmanlıq, ya başqa bir şey?
Özünüzlə harmoniya içindəsiniz?

– Yekunlar üçün hələ tezdir. Proses davam edir və mən hələ də ölkənin ictimai rəy institutlarının ən mühümünə sahib olan, üstəlik, 30 il media və siyasətçi təcrübəsi daşıyan birisiyəm. Lakin keçmişə nəzər salanda, görürəm ki, mərhum prezident Heydər Əliyevlə münasibətlərdə səhvlərə yol vermişəm. Sonrakı illər və indiki zaman da göstərir ki, mahiyyətcə Heydər Əliyev mənim iqtidara gətirmək istədiklərimdən daha ciddi demokrat imiş. “Çörəyi” demokratiya və söz azadlığından çıxan birisi kimi, belə bir siyasi lideri gücləndirmək əvəzinə, onun rəqiblərinin gücünü artırmışıq. Amma etiraf edim ki, onunla qarşı tərəfdə olmaq, mübarizə aparmaq, ona qarşı fəaliyyət göstərməyin özü də çox maraqlı idi. Onun miqyası eləydi ki, çərçivələri geniş tuta bilirdi və bizdən, öz ölkəsinin müxalifətçi vətəndaşlarından çəkinmirdi. Bizə bütün imkanlar, şərait yaradılmışdı, yəni indiki ilə müqayisədə Heydər Əliyev dövrü ifrat demokratik dövr sayıla bilər. Efir canlı yayım konsepti ilə işləyirdi, xəbərlərdə senzlər az idi, ən əsası, efirdə tənqid vardı. Bu şəraitin, bu modelin müəllifi Heydər Əliyev idi…


-İndi bu model yoxmu? Azərbaycan Heydər Əliyev yolu ilə getmirmi?

– Mənə görə, ən azı, mediada bu model işləmir. Yoxsa mən belə nostaljik ifadələr işlətməzdim. Bugünkü Azərbaycanda qəzet idarə etmək, media rəhbəri olmaq çox çətindir. Heydər Əliyev dövrü ilə müqayisədə bu gün medianın sadəcə, imkanları genişlənib. İnternet sayəsində çox böyümüşük, multi-media seqmentinə aid layihələrimiz uğur qazanır. Arzularımızı, təxəyyüllərimizi ötüb keçən imkanlar açılıb – facebook, youtube platformalarında canlı yayınlar, verilişlər edirik, yüksək standartlarda saytlarımız var, xəbərlərimiz bütün dünyaya anındaca yayılır. Azərbaycanda internet azaddır, kim nə istəyir, yazır, çəkir, yayır…


-Yaxşı, o zaman problem nədir?

– Tənqid imkanları məhduddur. Ciddi çatışmazlıqdı. Rəsmi efirdə, ümumiyyətlə tənqid yoxdu. Bir az yazılı mətbuat və onun üzərində qurulmuş yayın orqanlarında, konkretləşdirsək, “Yeni Müsavat” media qrupunda qalıb. Lakin mən də çox ehtiyatlı davranıram. “Özünüsenzura” əhdimizi və yaradıcılığımızı kəsib, biçir. Mən özüm, köşə yazılarını minimuma endirmişəm. Doğrudur, məni heç kim sıxmır və hakimiyyət orqanları ilə çox mədəni münasibətlərim var. Lakin mən mövcud çərçivələri və sərhədləri görürəm – əhatə çox məhduddur. Belə bir durumda tiraj – IP saxlamaq çox çətindir. Hazırda tənqid “xarici mala” çevrilib. Ölkədə qadağandı, buna görə də xaricdən gəlir – bizim yerimizi və efirdəki tənqidin yerini bir baxın, görün, kimlər nələrlə doldurub? Ölkənin siyasətdəki və ictimaiyyətdəki dələduzlarının hamısı “yutub”dadı; kanal açıb, söyürlər. Narazı elektorata çox səviyyəsiz məhsul təklif olunur. Lakin alternativi yoxdur və buna görə də hətta açıq söyüşlər söyən “yutuberlər” belə özünə auditoriya toplaya bilir.


-Müqayisə çox yerində, hətta maraqlı oldu, amma mən daha çox İlham Əliyevə münasibətinizin dəyişməsinin arxa planını nəzərdə tutmuşdum.

– Arxa plan-filan yoxdu. Hər şey çox şəffafdı və proses də şəffaf gedib. Bayaq sizə anlatdım – 2013-dən sonra çox şeyləri ölçdüm-biçdim. Bu düşərgə ilə davam edə bilməyəcəyim yəqin idi: gözümün qabağında, mənim birbaşa informasiya almaq imkanlarımın məsafəsindəcə onların bir qismi vətəni satmağa bərabər hərəkət etmişdi. Söhbət Milli Şura layihəsindən gedir. Azərbaycan tarixində ilk dəfə idi ki, siyasi müxalifətə xarici ölkə paytaxtında – konkret olaraq, Moskvada hazırlanan bir model təklif olunurdu. Mən bütün prosesin içində olmuşam – məsələni dəqiqliyi ilə bilirəm.

Təklif olunan modelin başındakı yeni sima da Rusiya vətəndaşı idi. Və bunu müxalifətin o zamankı liderləri də bilirdilər. “Milyarderlər İttifaqı” şərti adı ilə adlanan bir oluşum qurulmuşdu, bu oluşum Azərbaycan kökənli zənginlərdən ibarət idi; lakin təşkilat Moskvada yerləşirdi, məqsədi də Qarabağı qurtarmaq deyildi…


– Nə idi, bəs onların məqsədləri?

– Azərbaycan siyasətinə, o platforma vasitəsi ilə, Azərbaycana müdaxilə etmək. Moskvada yaradılan “Milyarderlər İttifaqı” Bakıda Milli Şura qurdu və onun da başına dünya şöhrətli yerlimiz – kinodramaturq Rüstəm İbrahimbəyovu təklif etdi. Lakin, Rüstəm bəy Bakıya kino çəkməyə gəlmirdi – dərhal da elan etdi: onun məqsədi prezident İlham Əliyevi devirmək imiş. Bakıdakı müxalif avtoritetlər həyəcanlandılar, tez, İbrahimbəyovun ətrafında sıx birləşdilər, onu tənqid edən hər kəsi, eləcə də məni, hədəfə aldılar, lənətlədilər və vətən xaini, iqtidar adamı və s. elan etdilər… Sonra ictimaiyyətə də məlum oldu ki, İbrahimbəyov Rusiya vətəndaşıdı, prezidentliyə namizəd ola bilməz; sonra ağsaqqal heç Bakıya da gəlmədi. Dedi, məni tuta bilərlər, gəlmirəm… Cəmi bir dəfə “ac hərifləri” Tiflisə yığdı, danışdılar, ayrıldılar…


-Bəs, sizdən başqa bu prosesə etiraz edən yox idi?

– Hamı atmosferə düşmüşdü. Durmadan belə bir propoqanda yayılırdı ki, Putin İlham Əliyevi devirir, hakimiyyət dəyişir, burada da əsas alət Milli Şuradır və s. Bunun təsirləri böyük idi. Çoxları olası hakimiyyət dəyişikliyindən kənarda qalmaq istəmirdi. Bilə-bilə, düzünə qəsdlə Rusiya xüsusi xidmət orqanlarının avantürasına gedirdilər: bəlkə də oldu, ümidi ilə… Bəzi dostlarımız isə, “Milli Şuraya gedək, orada çoxluğu və nəzarəti ələ götürək, Rusiya layihəsinə imkan verməyək”, devizi ilə oraya doğru yön almışdı. Milli Şuraya qədər biz İctimai Palata modeli ilə birləşmişdik və bu model Azərbaycanın demək olar ki, bütün müxalifət düşərgəsini əhatə edirdi. Son iclaslarda Əli Kərimli təklif etdi ki, İP-i buraxaq, Milli Şuraya gedək. İP-in Milli Şuraya çevrilməsi ilə bağlı müzakirələri kiminsə bağ evində, telefonlar söndürülərək, müzakirə etdik. Qızğın müzakirələr gedirdi, hətta söz davaları düşürdü…

-Kimin bağ evində toplaşmışdınız?

– Bu, o qədər də önəmli deyil.


-Milli Şura Azərbaycan üçün konkret hansı təhlükə yaradırdı?

– Bir qismini bayaq dedim. Bu, xarici ölkə paytaxtında qurulub, Azərbaycana ixrac olunan bir layihə idi. Prezident seçkisi vəsiləsi ilə çevriliş edib, hakimiyyəti ələ alıb, iki illik keçici və koalisyon bir hökumət qurulacaqdı. Daha sonra isə plana görə, Azərbaycanın keçmiş 1-ci vitse-premyeri Abbas Abbasov prezident seçdiriləcəkdi. Bununla da Azərbaycanda tam Rusiya yönümlü oyuncaq bir hakimiyyət qurulacaqdı. Onun vasitəsi ilə də Dağlıq Qarabağda ikinci erməni dövlətinin reallaşması nəzərdə tutulurdu. Əlbəttə, Milli Şura layihəsinin mahiyyətindəki bu planı hamımız kimi, Əli Kərimli və başqa liderlər də bilir və etiraf edirdilər. Elə mübahisələrimiz də bu məqamlarda doğurdu. Biz deyirdik, axı, bu açıq-aşkar vətənə xəyanət layihəsidir. Buna imkan vermək olmaz. Layihəyə “ok” deyənlərinsə arqumenti bu idi ki, biz Rusiya vasitəsi ilə İlham Əliyevi devirək, iki illik koalision hökuməti quraq, məhz bu zaman xalqla birlikdə İbrahimbəyovu və digər Rusiya adamlarını uzaqlaşdırıb, bütün təşəbbüsü özümüz ələ alarıq… O zamanlar sonradan “Ərəb baharı” adlanan proses də Azərbaycana çox təsir edirdi, müəyyən ictimai fəallaşmalar var idi; liderlər düşünürdülər ki, 1988-92-ci illərdə Azərbaycanda və 2010-cu illərdə Ərəbistan yarımadasında olduğu kimi, məhz xalq hərəkatları vasitəsi ilə, küçə rıçaqlarını işə salaraq, hər şeyi tənzimləyə biləcəklər. “Rusiyanı Azərbaycandan biz qovmadıqmı, indi də onun adamlarını, Abbas Abbasovu qovarıq. Hələ bir İlham Əliyevi devirək…” Düşüncə, arqument və həm də təhlükə… bunlar idi.


-Və nəyə qərar verdiniz?

– Gördüm və əmin oldum ki, İlham Əliyev Əli Kərimlidən, hətta müxalifətin bir çoxundan daha vətənpərvər liderdir. Bunu öncə, Wikileaks təlatümü zamanı da- məxfi sənədlər açılarkən, faktoloji olaraq görmüşdüm… Əli Kərimli və tərəfdarları isə hakimiyyət naminə hər şeyi – ölkəmizi belə, qurban etməyə hazır, qorxulu və güvənilməz bir dəstədir. Milli Şura layihəsi Azərbaycana çox baha başa gəldi. Mən prosesin görünməyən tərəflərindən də xəbərdaram, lakin çox şeyləri də deyə bilmirəm, az qala dövlət sirridir. Onu deyə bilərəm ki, İlham Əliyev hakimiyyətini və ölkədəki sabitliyi, hətta böyütmədən deyirəm, Azərbaycanı qorumaq üçün 2013-cü ildə bəzi qurbanlar verdi. O zaman yazırdıq ha, Rusiya Bakıya Xəzərdən gəmilərlə gəldi (girdi)… Bax, ondan danışıram… İlham Əliyev bacardı, Rusiya Milli Şuranı istifadə edib, bir küncə atdı, bəlkə bir daha da lazım oldu, deyə…


-Ümumiyyətlə, sanki müxalifəti iqtidardan daha həvəslə qınayırsınız. Yoxsa səhv təəssüratdır?

– Elə deyil. Ya da hamısını deyil. Baş verənlərin sadəcə, bir qismini anlatdım. Bu gün məni hər hansı xəyanətdə suçlayanların başında gələnlərin özlərinin kim olduqlarını göstərməyə çalışdım. Amma müxalifət düşərgəsində mənim keçmiş və indiki dostlarım, çox hörmət etdiyim layiqli, fədakar insanlar var. Normal siyasi partiyalar, perspektivli gənclər də çoxdur. Əksinə, mən iqtidara deyirəm ki, müxalifətin nəfəsini kəsmək olmaz, onu sıradan çıxartmaq təhlükəlidir, müxalifət dövlətin strateji nöqtəsidir. Müxalifətə büdcədən maliyyə ayırmaq, qərargahla təmin etmək, qayğılarına qalmaq, müxalif liderləri protokola salmaq lazımdır. Ölkədə sekulyar, sivil müxalifətin güclənməsini təmin etmək şərtdir. Hakimiyyətin efir və media siyasəti qədər də, daxili siyasətdə səhvləri var. YAP-çılar qürurla öyünür ki, ölkədə müxalifət yoxdur. Belədirsə, çox pis. Belə deyilsə, bunu belə görməyi arzulayırlarsa, daha da pis. Buyur, ölkədəki müxalifəti, medianı sıxışdır, sənə Avropada müxalifət cəbhəsi açıb, üstünə təhdid və söyüşlər yağdıracaqlar. Avropada mövcud Azərbaycan iqtidarına qarşı qurulan aqressiv virtual müxalifətdən başqa, hər mənada xarici paytaxtlardan qidalanan başqa güclər də var. Və onlar ən müxtəlif dini-ideoloji cərəyanlar adı altında, icmalar şəklində Azərbaycanda təşkilatlanırlar.

İqtidar ölkənin daxilində ictimai-siyasi həyatın aktivləşməsində, narazı elektoratın baxış bucağının ölkə daxilinə yönlənməsində özü maraqlı olmalıdır. Düşünürəm ki, müxalifətin tanınmış simaları televiziyalara çıxmalı, fikirlərini çəkinmədən söyləməli və Azərbaycan insanı, alternativ xəbər, fikir arayan hər kəs onları dinləməlidir. Nəinki Orduxanı, Vidadini və başqa söyüşlə, jarqonla xitab edən yeni “Avropa müxalifəti”ni. Parlament seçkiləri 6 ay qabağa çəkilməli, seçkilərin azad və ədalətli keçirilməsinə imkan yaradılmalı, bunu da əsasında, Milli Məclis yenidən təşkil olunmalıdır. Növbəti parlament seçkisi ilə Ana müxalifətin lideri bəlirlənməlidir. Prezident qədər, ana müxalifət liderinin də kim olmasının, nə vəziyyətdə olmasının böyük əhəmiyyəti var dövlətimiz, müstəqilliyimizin təminatı baxımından.


-Müxalifətdən də, hökumətdən də müəyyən narazılığınız var. Hökuməti bildik, bəs müxalifəti niyə dəyişməyə çalışmadınız? Bəlkə özünüz lider olmalıydınız? Hətta belə xəbərlər dolaşır ki, Müsavat partiyasının deqradasiyası davam edərsə, onu ələ keçirmək üçün sizdə hüquqi zəminin olduğunu demisiniz. Müsavatı ələ keçirmək kimi planınız varmı?

– Bunu Facebookda bir dostumuzla yazışanda, qısa replika kimi yazıdım. Elə bir xüsusi bəyanım olmayıb. Amma Azərbaycanda Müsavat adına ilk təşkilat quranlardan və bugünkü Müsavat Partiyasının da qurucularından biri olaraq, hər zaman özümü bu partiya ilə bağlı məsuliyyət altında hiss edirəm.


-“Müsavat adına ilk təşkilat” deyəndə ki, bəyəm onu tək qurmuşdunuz?

– O mərhələdə, indiki Müsavat rəhbərlərindən heç kim yox idi. Bunu demək istəyirəm. Müsavat 1989-cu ilin oktyabr ayında yaradıldı. İlk rəhbər heyətdə bunlar var idi: Mənsur Əlisoy (vəfat edib), Əhməd Rza, mən, Bəxtiyar Tuncay və Niyazi İbrahimov. Sonradan mənim təşəbbüsümlə Nəsib Nəsibzadə (indi Nəsibli) partiyaya gətirildi. İsa Qəmbər başda olmaqla, indi rəhbərlikdə olanlardan bəzilərini biz Müsavat təşkilatına dəvət etdik. Konkret olaraq, mən və Nəsib Nəsibli.


-Yəni, İsa Qəmbəri siz dəvət etmisiniz Müsavata?

– 1990-cı ilin iyun ayındakı konfransda Nəsib bəyi təşkilata rəhbər gətirdik. Bu, mənim və Niyazi İbrahimovun (hazırda Almaniyada mühacirətdədi) təşəbbüsü idi. Düşündük ki, partiya daxilində konfliktlərə və parçalanmalara son qoymaq üçün araşdırmaçı alim, yaxın dostumuz Nəsib Nəsibzadə (Nəsibli) AMDP Yeni Müsavatın rəhbərliyinə gətirilsin. Üstəlik, bilirdik ki, Nəsib bəy Ankaradakı Milli Mərkəzlə – Müsavatın hüquqi varisləri ilə yaxındır. Bu əlaqə vasitəsi ilə Ankaradakı Rəsulzadə silahdaşlarının da dəstəyini almaq, daha da böyümək və Azərbaycanda Müsavatı həm də hüquqən bərpa etmək istədik. İndidən deyim ki, bu plan çox parlaq şəkildə baş tutdu. AXC sədri, milli hərəkatın lideri Elçibəylə görüşdüm, onun dəstəyini aldım, daha sonra Nəsib bəylə bərabər Elçibəylə görüşüb, ondan Müsavat Partiyasına rəhbərlik etməsi xahişində bulunduq…


-Görünən budur ki, Elçibəy bu təklifinizi qəbul etməyib.

– Etməyib. Əbülfəz bəy dedi ki, mən indiki halda AXC hərəkatını buraxa bilmərəm. Müsavata rəhbərliyi İsa Qəmbərə təklif edin, mən də öz razılığımı ona söyləyəcəm. Burada mütləq onu da deməliyəm ki, mənim Elçibəylə təmasım və onun məsləhətləri ilə partiyaya yön verməyim 1990-cı ilin ortalarından başlayır. 1991-ci ilin sonlarında isə, ona Müsavatın başına gəl, təklifini etdik…


-İsa Qəmbərin reaksiyası necə olmuşdu? Nə iş görürdü o vaxt İsa bəy?

– İsa Qəmbərlə üçümüz görüşdük – Nəsib bəy, mən və Niyazi İbrahimov. O zaman AXC içərisində elan olunmuş, amma fəaliyyətsiz bir partiya vardı- ŞADP. Ona da rəhbərliyi İsa Qəmbər edirdi. Bizim dəvətimizlə İsa bəy ŞADP-ni buraxıb, Müsavata gəldi və indiki Müsavat partiyası qurulmağa başlandı.


-Kimlər vardı prosesdə?

– Aradan 27 il keçib, hazırda əlimin altında sənədlər yoxdur. Amma bütün onların hamısı arxivimdə var. Yadıma düşənləri deyə bilərəm. Belə qərara gəldik ki, 5 nəfər “Yeni Müsavat”dan, 5 nəfər də ŞADP-dən olmaqla, bir ilkin heyət yaradılsın, bu heyət danışıqları və Müsavatın Azərbaycanda rəsmi bərpa prosesini hazırlasın. “Yeni Müsavat” tərəfdən heyəti dəqiq xatırlayıram: Nəsib Nəsibli, Rauf Arifoğlu, Niyazi İbrahimov, Sədrəddin Soltan (o zaman İsmayılov idi) və Rizvan Hüseynov. İsa Qəmbərin rəhbərlik etdiyi ŞADP-dən isə İsa bəy özü, Sabit Bağırov, Mirbaba Babayev və Vurğun Əyyub yadımdadır. Hikmət Hacızadə ilkin heyətə təklif olundu, lakin mənim etirazımla onun adı başqasına dəyişdirildi. Kimə, onu dəqiq xatırlaya bilmirəm. Tofiq Qasımov da, bir başqası da ola bilərdi.

-Hüquqi zəmin buna deyirsiniz? Bunlar kifayətdir ki, Müsavat Partiyasına əl qoyasınız?

– Heç bir zəminə iddia etmirəm. Müsavat Partiyasına da iddiam yoxdur. Mən siyasətə, yenidən partiyalaşmağa qərar versəm, bunu Müsavatı geri almaq davasına çevirməyəcəm.

“Yeni Müsavat” adı məndə qalır, müsavatçılıq missiyası da. Elan etsəm və bütün müsavatçıları, hərəkatçıları “Yeni Müsavat” çatısı altına dəvət etsəm, əminəm ki, bu dəfə də böyük uğur qazanacam və parlaq nəticələr olacaq. Mənim əl qoyduğum layihələr birmənalı olaraq uğur qazanır və uzun ömürlü olur. Məsələn, elə “Yeni Müsavat” qəzeti…


-Bəs, nəyi gözləyirsiz, niyə etmirsiz?

– Kim dedi ki, etməyəcəm…


-Deməli, yaxın zamanlarda yeni partiya, yenidən Müsavat prosesi gözlənilir?

– Elə də demədim. Bu barədə hər zaman düşünmüşəm və hazır mexanizmlərim, çoxsaylı tərəfdarlarım, böyük təcrübəm var. Partiyaların dövlət həyatında və siyasətdə əhəmiyyəti indiki halda qalsa, buna ehtiyac yoxdur. Lakin ölkədə böyük dəyişikliklər gözlənilir. O cümlədən də, seçki haqqında qanunun dəyişməsi, proporsional seçki sisteminin bərpası, parlamentdə yerlərin saylarının artırılması və s. Belə bir vəziyyətdə duruma və harada daha çox fayda verə bilərəm sualının cavabına yenidən baxacam.

– Hazırda indiki Müsavatda Yeni Müsavatdan kimlərsə qalıb?

– Məncə, yox. Məndən sonra qalanları da Qubad İbadoğlu ilə bərabər “təmizlədilər”. İndi Müsavat “gəlmələrdədi”.


– İsa Qəmbər başqan olmasaydı, Müsavat bu boyda olacaqdı? Siz ondan niyə narazısınız?

– Müsavatı 3 adam böyütdü, gücləndirdi. İsa Qəmbər, Rauf Arifoğlu və Heydər Əliyev. Sonuncu ismin burada rolu ondan ibarət idi ki, prezident Heydər Əliyev AXC-ni mümkün qədər sıxdı, Elçibəyi illərlə Kələkidən Bakıya qaytarmadı, siyasət meydanını tam və birmənalı olaraq, AMİP-ə və bizə – Müsavata verdi. Daha sonra AMİP-i də küncə qoydu və bir yerlərə qədər Müsavat siyasət Meydanında və şəhərin düz mərkəzindəki qərargahında çox əzəmətli görünürdü…Mənim rolum bundan ibarət idi ki, oartiya üçün effektli media quruluşu yarada bilmişdim, informasiya siyasətini və təbliğat işini düz qurmuşdum, ən yaxşı qələmlər qəzetin ətrafında idi və onlar Müsavat Partiyası üçün yazırdılar. Lakin prosesdə əsas sima İsa Qəmbər idi. O, Elçibəy iqtidarının çöküşü günlərində böyük cəsarət nümunəsi göstərdi və yüksək reytinq yığdı… Bütün ölkə və AXC elektoratı da bunu fərq etdi, İsa Qəmbərə yüksək etibar yarandı. Bunun və İsa Qəmbərin siyasi qabiliyyətinin sayəsində yeni yaranan Müsavat Partiyası ətrafında bir təmərküzləşmə başladı.

İsa Qəmbər çox böyük siyasətçidir. AXC liderləri içərisində tolerantlığı və intellekti ilə fərqlənən liderlərdən idi. Ətrafına özünəvurğun siyasi ulduzları topladı, daha sonra intellektual elitanın görkəmli nümayəndələri partiyaya gəldi, onları rəhbərlikdə yerləşdirdi, radikallarla intellektualların, millətçilərlə liberalların, ateistlərlə dindarların bir arada və bir partiyada uğurlu fəaliyyət modelini qurdu. Bunu İsa Qəmbərdən başqa hələ heç kim edə biləməyib və nə zamansa yenidən belə bir modelin ola biləcəyinə də az ehtimal verirəm. İçindəki o zamankı dürüstlüyü siyasətə gətirdi, dostlarına yalan danışmadı, mübahisələrdə, davalarda tərəf tutmadı…Ümumiyyətlə, biz İsa bəyi Müsavata dəvət edəndə və ondan da sonra (2003-cü ilə qədər) o, siyasi performansının ən pik həddində idi. Genəlləmə etsək, 2014-cü ilə qədər mən, İsa Qəmbərin başqanlığından razı olmuşam. Ancaq o, 2014-cü ildə öz gedişi ilə partiyanın darmadağın olmasına səbəb oldu. Öz yerinə də elə yanlış seçim etdi ki, nəticədə neçə illər ərzində yığdığı komandası darmadağın edildi, milli azadlıq hərəkatının əfsanə isimləri partiyadan qovuldu, onlara “satqın” damğası vuruldu, vitrin sıfırlandı… 2014-cü ildən sonra Müsavatın başına gələnləri ancaq 1920-ci ildəki məlum işğal olayı ilə müqayisə etmək olar. Özü də mən və digər dostlar bunları proqnozlaşdırmış, yazmış və demişdik… Biz İsa Qəmbərə getmə deyə yalvarırdıq. Partiya dağılacaq, ona illərimizi vermişik, deyirdik. Xüsusilə, indi başqan olan adama partiyanı vermə…


-Niyə? Arif Hacılı yaxşı başqan ola bilməzdi ki?

– Onun potensialına və qabiliyyətinə yaxşı bələdəm. Onunla ən yaxın adamları belə uzun yol gedə bilməzlər. Arif lider deyil, funksionerdi, güclü adamları sevmir, mübahisə və müzakirələri xoşlamır, tabeçiliyi sevir, monoloqu xoşlayır… Onunla 6 ay 17 gün bir kamerada qalmışıq. Çətində, rahatda hansı reaksiyalar verdiyini, kapasitesini, qəlbinin tutumunu hər gün müşahidə etmək imkanım olub. Tualeti də içində olan, yeddi kvadrat metrlik bir kamera təsəvvür edin, 6 ay 17 gün 24 saat bərabər olan insanlar orada – Pənah Hüseyn, Arif Hacılı və mən… Yeddi kvadratlıq kamerada maskalanmaq olmur, artistlik mümkün deyil, olsa da bir yerə qədər; hər kəsin mahiyyəti çıxır içindən. Hər kəsin dəyanəti, gücü, imkanları… Yəni adama ən doğmalarından da çox bələd idim, belə birisini Müsavata gətirmək onu batırmaq demək idi. Təəssüf ki, belə də oldu…


-Hiss olunur ki, İsa Qəmbəri hələ də sevirsiniz…

– İsa Qəmbər mənim yeganə siyasi liderim olub. 16 il qəzetimizin təsisçisi kimi, 23 il də başqanımız olaraq, bərabərliyimiz var. Mən bu illəri və ona verdiyimiz zəhməti sevirəm.


-Narazılıqlarınız nədir? Partiya başqanlığından getməsindən başqa da iradlarınız varmı?

– Ondan ayrıldığım gündən bəri, bir dəfə olmayıb ki, İsa bəyin adını mənfi hallandırım, onu incidəcək bir söz deyim. Obyektivlik naminə, danışığımdakı axın naminə bəzən məcbur olub adını çəkirəm. Ortaq çox sirlərimiz var. Bilirsiniz, bəzi sirlər var ki, müəyyən dəyərlərə görə aça bilmirəm. Elçibəy demişkən, bunlar zamana bağlı sirlərdir, amma zaman imkan verəcəkmi bizə, onu da bilmirəm. Sizə bir söz deyim və bunu ilk dəfə sizə açıqlayıram – Müsavat Partiyasında olduğum müddətdə hansı prosesdə olmuşamsa, heç zaman separat, gizli, öz maraqlarım üçün heç bir addım atmamışam. Buraya iqtidarla təmaslar da aiddir! Sanksiya almışam, ondan sonra hərəkət etmişəm. Hər hansı bir təmasım, dialoq və təkliflərim partiyanın və müxalifətin ən yüksək instansiyası tərəfindən sanksiyalaşdırılıb. Bunu çox kiçik dairədə etmişik və iştirakçılar da sağdı. Lakin təəssüf edirəm ki, bunu etiraf etmədilər, arxamda dayanmadılar. Məni xərcləməyə qalxdılar. İnanın ki, bu prosesdə bir başqası olsaydı, yəqin ki, xərclənərdi. Mən dözdüm, dayandım, bir dəfə də demədim ki, əziz “Ağsaçlılar”, axı məni siz görəvləndirmişdiniz?


-“Görəv” dediyiniz nə idi?

– Azərbaycandakı siyasi mühiti sağlamlaşdırmaq, Müsavatın strateji maraqlarını təmin etmək üçün bir layihəni mənə tapşırdılar, alınmadı, ya da onlar istəyən kimi olmadı. Sonunda da məni tək buraxdılar. Həm iqtidarın, həm də məsələlərin mahiyyətini bilməyən elektoratın qarşısında.


-Hiss olunur ki, bu barədə axıra kimi danışmaq istəmirsiz. Ona görə də hökumətə qayıdaq. Müxalifət hər nədir, nə deyildir, etiraf edirəm ki, doğrudan da pis gündədir, hətta yoxdur. Bəs necə olur ki, bu səviyyədə bacarıqsız, səriştəsiz hökumət hələ də iş başındadır? Tənqidi sıxışdırır, ölkə xaricinə çıxarır dediniz. Bunlar artıq diaqnoz deyilmi? Özləri nə gündə olduqlarını başa düşürmü heç olmasa?

– Məncə başa düşürlər. Hakimiyyət mənsubları, tərəfdarları, düşərgəyə yaxın olan media rəhbərləri ilə söhbətlərimiz əsnasında görürəm ki, onların da əksəriyyəti fikirlərimi bölüşür. Tərəfimdən dəfələrlə təklif eləmişəm ki, Heydər Əliyev modelinə geri qayıdaq. Görürəm ki, onlarda da o zamankı media modelinə yüksək nostalji var və bunu istəyirlər. Bilirsiz, efir və xəbər məkanı da Vətən kimidir. Sərhədləri, ərazisi var və onları qorumaq lazımdır. Bu gün isə, efirimiz tam işğal altındadır. Xaricdə oturmuş youtuber-lərin, türk tv-lərindəki dizilərin, Rusiya telekanallarının işğalı altındadır.

Yəni Azərbaycan vətəndaşları axşamı gözləyir ki, küçə söyüşləri ilə çıxış edən xaricdəki blogerlərə qulaq assın. Xanımlarımız türk seriallarına, rusdillilərimiz rus seriallarına və proqramlarına baxırlar. Bütün fəal kəsim bunu edir, gizlətməyə ehtiyac yoxdur. Hətta hökumət mənsubları də bir-birlərinə whatsapp-la linklər yollayırlar ki, «bunu görmüsən?»

Maraqlı bir dövrə şahidlik edirik. Televizorları əvəzləyən paralel ekran – mobil telefonlar artıq həyatımızın əsas amilidir. Hər şeyi oradan alır, oradan ötürürük. Azərbaycan iqtidarı bu dəyişimi yaxalaya, ona uyğunlaşa bilmədi. Milyonlarla xərc çəkdikləri televiziyalar, layihələr boşuna gedir. Yerli seyriçini Bakı televiziyalarına bağlamaq üçün şou proqramlardan o tərəfə gedə bilmirlər. Bizim Azərbaycana da, iqtidara da ürəyimiz yanır və şəxsən mən istəyirəm ki, bu mərhələdə İlham Əliyev güclü olsun, Azərbaycanda kataklizm yaratmaq istəyənlər buna nail olmasınlar. Çünki bu bir faktdır ki, hazırda ölkədə stabilliyin təminatı və bölgənin əsas siyasi aktyoru İlham Əliyev və onun iqtidarıdır. Lakin mövcud informasiya siyasəti ilə Prezidenti və Azərbaycanı qoruya bilmirlər. Çoxlu açıq nöqtələr buraxılıb. Və oradan da ancaq Prezidenti, onun ailəsini vururlar. Bizə də imkan verilmir ki, güclənək, reytinq yığaq, daxili auditoriyanın diqqətini bundan əvvəlki illərdə olduğu kimi, özümüzə yönləndirək, tənqidi azərbaycanlılaşdıraq və konstruktivləşdirək…


-Hökumət bu söyüşlərə bu qədər baş qoşmasaydı, onlar yenə də təsirli olardımı? Biz burda əlli dənə ağıllı məqalə yazsaq, video çəksək hökumətdən bir nəfər də reaksiya verməz. Ana-bacı söyüşlərinə isə tez cavab verirlər. Söyüşlər başlayınca sanki çaşıb qaldılar, vahid strategiya müəyyən edə bilmədilər. Hazır deyildilər elə bil…

– Bu, çox təhlükəli prosesdir, ona görə də müəyyən qədər baş qoşmağa dəyər. Söyüş söyənlər gəlib burda nəsə eləyəcəklər deyə təhlükəli deyil. Lakin, onlar söydükcə, bu hakimiyyəti qanı və canı ilə müdafiə edən elektorat görür ki, büt kimi baxdığı, sevdiyi, qorxduğu adamları, hökuməti təhqir edirlər və bunun heç bir cəzası yoxdur. O cümlədən də opponentlər, iqtidarı sevməyənlər bunu görür… Bəsit bir söyüş məsələsi deyil, Azərbaycanın zirehlərinin dəlinməsi, oradan gələcəyimizi partladacaq bombaların yerləşdirilməsi kimi bir şeydir… Hər yerə və hər kəsə sirayət edir.

Halbuki, bu prosesin qarşısını qısa zamanda almaq çox asandır. Ölkədə ictimai-siyasi məhdudlaşdırmalar, mətbuatdakı görünməz yasaqlar aradan qaldırılmalıdır. Tənqid, özünü senzurasız ifadə efirə qayıtmalıdır. Parlament seçkiləri keçirilib, bayaq da dediyim kimi, küçə rıçaqlarını özündə daşıyan liderlər Milli Məclisin binasına toplanmalıdır. İqtidarın özündə çox güclü polemistlər var.

İlham Əliyevin tərəfindən çıxış etmək, onun mövqelərini və siyasətini arqumentləşdirmək heç də çətin deyil. Bunu efirdə də, parlamentdə də edə biləcək çoxlu ziyalılar var və iqtidarın kadr potensialı ölkədə ən güclü potensialdır.

Yetər ki, o potensial hərəkətə gətirilsin. Bu gün sosial şəbəkələr dünyadakı bütün iqtidarların ən ciddi müxalifətidir. Bu gücün qarşısını almaq, kontrol etmək mümkün deyil. Axı sosial şəbəkə potensialı niyə ölkədən kənara çıxmalıdır? Olmazmı bizim bacarıqsız, aşağı göstəricilərə malik, lakin müəyyən oyun qaydalarına riayət edən müxalifəti gücləndirəsən? Sosial şəbəkələr, tənqid kimi strateji məsələlər ölkə içində qalsın.


-Sizinlə ünsiyyətimiz olmayıb, yaxşı tanış deyilik, amma bayaqdan qulaq asıram, çox
açıqsözlü insan təsiri bağışlayırsınız. Amma sizi yenə də sevmirlər ki, sevmirlər. Mən də zamanında sevməmişəm, belə deyək, kütləvi psixoza qapıldığım illərdə. Sırf öz dediyiniz kimi, malik olduğunuz güclü obrazdır buna səbəb?

– Əsas sevmək deyil, haqqımda çoxlu danışmaqdır. Onu da edirlər və edirsiz… Hazırkı missiyam üçün bu mənə yetərlidir. Mənə qarşı ölkənin əsas müxalif liderləri əllərindəki bütün gücləri ilə qaralama kampaniyası apardı, həm də illərlə. Onlar məni özlərinə rəqib görürdülər, gələcək kateqoriyasındakı bir rəqibi bitirmək üçün gizli koalisiya da yaratmışdılar. Mən bu faktı bilirəm. Arif Hacılı və Əli Kərimli Landmark-ın barında belə bir ortaqlıq qurmuşdular və həm AXC-nin, həm də Müsavatın internet resurslarındakı gücünü mənə qarşı birləşdirməyə anlaşmışdılar. Həm də bu, o zamanlar idi ki, Arif Hacılı ilə insani münasibətlərim, dialoqum qalırdı. Bunu onun özünə də dedim. Dedi, nə danışırsan, Əli səni pislədi, belə bir təklif etdi, ağzından vurdum, dedim, mən belə bir şeyə getmərəm. Amma getdi. Arif Hacılı bilməli idi ki, mən Müsavata rəhbərlik edənlərdən biri olmuşam, orada hələ də məni qəbul edənlər, dostlarım var. Günü bu gün də Müsavatın ən qapalı qruplarından “skrin”lər ala bilirəm. Nəysə, bu, müxalifətin maraqları…

Daha bir cinah da var – sistematik olaraq Xədicə İsmayıl və onun ətrafındakı fəallar da mənə hücum edirdilər. Xədicə İsmayıl 90-cı illərdə Prezident Aparatından tapşırıq alıb, mənim əleyhimə yazı yazan dəstənin ən fəal üzvlərindən idi. O zamandan başlanan proses davam edir. Mənim harada olmağım ona fərq etmir. İmkan düşən kimi, vurur… Əli Kərimlinin düşərgəsindən danışmağa isə ehtiyac yoxdur. Trol ordusu yaratmaq və saxlamağı hökumət Əli Kərimlidən öyrənib. Bu işin atası Azərbaycanda Kərimlidir.


-Bu qədər trollu hardan, necə tapır?

– Hər bir cəbhəçinin 20-30 saxta profili var. Onun özünün mənə məlum olan, 11 saxta profili vardır. Onlardan da 5-i qadın adı ilə aparılır. Yəni, bəzən Əli Kərimli qadın niki ilə fb-ə girir və oradan rəqiblərinə qarğış, nifrin və s. yağdırır. Bugünlərdə də Gültəkin Hacıbəyli “kişi” çıxdı. Onun da saxta Türkel Oğuz profili tam təsadüfən, Şahin Cəfərli ilə polemikada ifşa olunmuşdu. Bax, məni sevməyən, belələridir…

Əli Kərimli ilə yaxın olduğumuz zamandan bilirəm ki, bu işdə çox peşəkarlaşıb. 2010-13-cü illərdə, facebook-da hər kəsdən tez təşkilatlanmışdı. İsrarla deyirdi ki, orda təşkilatlanmaq lazımdır. Tunisdən, Misirdən, ərəb baharından yaman ilhamlanmışdı.

Bu üzdən sosial şəbəkələrdə yeni imkanlar görürdü. Hazırda da ən güclü troll ordusu Azərbaycanda onundur. Yəni hökumət qüsura baxmasın, Kərimliyə çata bilməz.


-Yəni sizi sevməyənlər sırf keçmiş partiyadaşlardır? Qalan hər kəs sevir və təqdir edir?

– Yox, əlbəttə ki, başqa motivlərlə də nifrət edənlər var. Məsələn, millətçi xəttimə görə, məni etnik ayrımçı hesab edirlər…


-Axı bu, yalan deyil. Siz doğrudan da ifrat mühafizəkar, türkçü-turançı görünürsünüz…

– Bəli, elədir, mən türk milliyyətçisiyəm. Bunun kimə nə ziyanı var? Amma bu gün bizim bir çox keçmiş və indiki soydaşlarımız Rusiyada, Avropada məskən salmaqlarına baxmayraq, bütün vasitələrlə Azərbaycanda etnik separatizmi qızışdırırlar. Qəribədir ki, onların Avropada Əli Kərimli tərəfdarları ilə açıq əməkdaşlığı da var. Məni heyrətləndirən də budur. Bir adam hər kəsləmi təmasa girə bilər? Göründüyü kimi, bəli. Talış separatizmi xəttində olub Ermənistan və Rusiya xüsusi xidmətlərilə açıq əməkdaşlıq edən şəxslər, Əli Kərimlinin media resurslarında daimi və əziz qonaqlardır. Ordan məni və başqalarını təhqir edirlər. Bunlara siyasi pasportu da Kərimli verir. Buna çox təəssüf edirəm.

-Sizcə, Əli Kərimli nə istəyir? Sadəcə hakimiyyətə gəlmək uğrunamı edilir bunlar?

– İnad mərhələsindədir Kərimli. Həm geriyə yolu yoxdur, həm də oturmağa təzə qucaq. Siyasi mənada əlbəttə ki, kimsə ona qucağını açmır artıq. Biz onunla 90-lardan bu yana dəfələrlə dalaşıb-barışmışıq. Əvvəl mən onu ittiham edirdim ki, satılmısan, hökumətə işləyirsən. Sonra doğrudan da, getdi deputat oldu. Fərhad Əliyevin ofisindən ona maliyyə axırdı, hökumətin də nəzərində islahatçı xəttin vacib bir elementi kimi qiymətləndirilirdi. Maraqlı hadisələrlə zəngin dövr idi. Məsələn, Kərimli deputat olduğu illərdə, biz onun haqqında nəsə yazan kimi, bizi prokurorluğa verirdi. Bir gün hətta məni və Azər Ayxanı küçədə tutub gətirdilər prokurorluğa. Deputat şikayəti əsasında.

Tahir Kazımov vardı o zamanlar, Bakının prokuroru. Deyirdi «əlimdən bir şey gəlmir, adam deputatdır, şikayət eləyib, sizi tutmalıyam. Eldar Həsənov da tapşırıb ki, sizi dindirim». O vaxt türməyə düşməməyimiz möcüzə olmuşdu.

Dediyim kimi, dəfələrlə dalaşıb-barışmışıq. Sonuncu dəfə bizi Qənimət Zahid, öz evində barışdırmışdı. Orda uzun söhbətimiz oldu və mən Azər Ayxanın bir cümləsini orda onun üzünə təkrarladım ki, «Allah üzümüzə baxıb, Heydər Əliyevin oğlu İlham Əliyevdir, sən Əli Kərimli yox…»


-Ağır sözdür. Əlbəyaxa oldunuz?

– Yox, əlbəttə. Amma çox pis oldu. Dedim, əgər sən prezident olsaydın, nəslimizi kəsərdin. Çox incidi, sarsıntı keçirdi. O da bilir, başa düşür ki, belədir, inkar etmək mənasızdır.

Xarakteri, quruluşu belədir, adam despotdur və fəqrli fikir qəbul etmir, fərqli düşünəni, ona biət etməyəni səmimi bir şəkildə boğub, öldürmək istəyir. Bunu edəmmir, əvəzində tollarını işə salıb, mənəvi terrora məruz qoyur. Özünü tez müdafiəyə keçdi ki, «mən elə deyiləm, əslində demokratam, insansevərəm» filan.

Yenə də barışdıq və bunun nəticəsində, 2011-ci ildə İctimai Palatanın rəhbərliyinə seçilməyimə dəstək verdi.


-Doğrudanmı bu qədər pis adamdır? Çevrəmdə mənim kimi snob olan və olmayan hər kəsin ondan zəhləsinin getməsi normal haldırmı? Belə bir şey necə ola bilər? Onu sevənlərə baxanda isə, görürsən ki, müəyyən antropoloji quruluşa malik, əyri-üyrü, intellektdən yoxsun, eybəcər adamlardır. Bir nəfər simpatik sima, vücud, beyin yoxdur ətrafında. Hərdən düşünürəm ki, adam xarabalıqlar padşahıdır…

– Amma özü gerizəkalı filan deyil, xəbəriniz olsun. Güclü adamdır, güclü liderdir, böyük təşkilatçıdır, dəhşətli intuisiyaya malikdir, yəni bir növ siyasi “heyvan”dır. Öz tərəfdarları üçün can yandıran adamdır, onları ölümünə qorumağa, müdafiə etməyə hazırdır. Siyasətçidə bunlar üstün keyfiyyətlərdir. Məsələn Müsavatda belə bir ənənə heç vaxt olmayıb. Bircə dəfə olub ki, üstümə gəliblər, başqan da məni qoruyub. Qərəz, bu göstəricilərinə görə, həmçinin İsa Qəmbərin kənarlaşması səbəbilə, bu gün hakimiyyətə əsas alternativ Əli Kərimlidir.

Sizə bir əhvalat da danışım. Barışandan sonra ikinci görüşümüz restoranda baş tutdu. Mənə orda pıçıltı ilə dedi ki, «məni filankəslərlə görüşdür». Dedim «deyəsən qəzetlərdə yazılanlara inanırsan. Mənim onlarla heç bir əlaqəm yoxdur». Necə heyrətləndiyimi, bozardığımı gördü. Onda mənə çatdı ki, mənimlə barışmaqda məqsədi həmin adamlara çıxış əldə etmək imiş. Yenidən sistemdaxili müxalifətə çevrilmək, hökumətlə anlaşmaq istəyir.


-Kimdir o adamlar?

– Ramil Usubov və Ramiz Mehdiyevi deyirdi. O zaman bəzi qəzetlər iddia edirdilər ki, mənim onlarla sıx əlaqəm var. Mən də dedim ki, qəzetlərdə yazılanlar yalandır. Özü də gördü ki, çox pis oldum. Tez söhbəti fırlatdı və dedi ki, sən məni düz başa düşmədin. Məni onlarla görüşdür, onları öz tərəfimizə çəkim. Məndə bir sıra arqumentlər var, onları sadalasam, razılaşacaqlar…


-Nə absurd söhbətdir. O hansı arqumentlərdir ki, Ramil Usubov və Ramiz Mehdiyevi hökumətdən, İlham Əliyevdən ayırıb onları Əli Kərimlinin yanına çəkə bilər?

– Bilmirəm, o zaman nələrsə dedi, indi dəqiq ifadə edə bilmərəm. Amma söylədikləri gerçək düşüncəsi deyildi… Bu günə qayıtsaq, bu gün Əli Kərimlinin hakimiyyət orqanları ilə heç bir əməkdaşlığı yoxdur. Belə görünür. Bəlkə hansısa bir cinahın var, ya da keçmişdən kimlərsə var ki, onlardan dəstək alır. Amma onlar da hakimiyyətin qorunması adına yox, başqa niyyətlərlə onunla yaxınlıq edirlər.

-Belə çıxır ki, əvvəl Əli Kərimlini tənqid etdiyiniz şeylərə görə, bu gün özünüz tənqid olunursunuz. İlham Əliyevdən medal almaq məsələsini deyirəm…

– Medal yox, əməkdar jurnalist adını almışam. Buna obyektiv baxsaq, o ad əlbəttə ki, mənim haqqım idi. Subyektiv baxanda isə, bu İlham Əliyevin jesti və fədakarlığı idi. O düşərgədə Rauf Arifoğluna, hakimiyyəti amansız, bəzən haqsız tənqid etmiş; hakimiyyətin yıxılması, getməsi, əvəzlənməsi üçün əlindən gələni etmiş bir adama qarşı belə bir jest, birmənalı qarşılanmadı əlbəttə. Ona görə böyük fədakarlıqdır deyirəm. İçəridəki prosesi sıravi müxalifətçilərin bilməsi mümkün deyil axı, ona görə ağızlarına gələni danışa bilirlər. Siz, ordakı prosesləri təsəvvür edə bilməzsiniz. Mən isə bilirəm. Onun alt qatında hansı fədakarlıq yatır, bilirəm. Ona görə də, təklif gələndə imtina etmədim çünki bu, onun jesti, addımı idi. İsa Qəmbər bu prosesi düzgün ifadə eləmişdi – “şəffaf proses gedir, Rauf Arifoğlu İlham Əliyevlə barışdı”, yaxud tərsinə, İlham Əliyev Rauf Arifoğlu ilə barışdı.


-İlham Əliyevlə dostlaşdınız? Whatsapp-dan ona səs atmaq olur?

– Yox, elə yaxınlığımız yoxdur, olsa, sevinərəm. Amma onun köməkçiləri, bəzi nazirlərlə əməkdaşlıq atmosferində çalışırıq. Sağ olsunlar, bəziləri bir zəng qədər yaxın olduğum adamlardır. Dərhal, bir neçə saniyəyə rabitə qurmaq imkanlarım var. Həm də ki, mən tək deyiləm, açılım prosesində xeyli media nümayəndəsinə doğru addımlar atıldı.


İslahatlar, açılım kadr islahatlarına bağlıdır. Tək bir şəxs nə qədər islahat istəsə də, kadrlar olmadan arzusunu reallaşdıra bilməyəcək.


– Bəs bu qədər yeni kadrı hardan tapsınlar?

– Elə YAP-ın ikinci eşalonunda nə qədər adam var, xaricdə oxuyanlar yüzlərlədir. Baxın, deyirsiniz ki, AzLogos-un Bakıdakı əməkdaşlarını iqnor edirlər, cavab vermirlər, mən isə deyirəm ki, nəinki AzLogos-un Azərbaycan nümayəndələrini, xaricdəki soydaşlarımızın hamısını qucaqlamaq lazımdır. İqtidar dövlət adından özünün mühacir övladlarını Azərbaycana qazandırmalı, tarixi nümunə göstərməlidir.

Ölkənin ən cəsarətli, təcrübəli, qabiliyyətli, ağıllı adamlarının bir çoxu bu gün mühacirətdədir. Onları niyə itirməliyik? Onlar üçün ölkəni açmaq, toplaşmaq, görüşmək lazımdır. Kim haçansa nədənsə küsüb, bəzən çox xırda güzəştlərlə onlarla barışmaq mümkündür. Bu gün, bu gündür. Gəlin birlikdə ölkə yararına çalışaq. Hətta ən radikal olanların belə bir yolu var ki, ölkəyə düşmən kəsilməsinlər.

Hər zaman bunu təbliğ etmişəm. Mühacirət cəsarətdir, çox böyük cəsarətdir, hər adamın işi deyil, ömrünün, yaşının həlledici bir mərhələsində ölkəsini və həyatını dəyişmək üçün addım atsın. Artıq orda ikinci, hətta üçüncü nəsil də başlayıb yetişməyə. Hər zaman deyirəm ki, Avropa vətəndaşı olacaq insanları daimi düşmənə çevirmək olmaz. O ailələrin uşaqları, sabah o ölkələrdə vəzifəyə gələcək. Millət vəkili olacaq, bələdiyyə sədri ya üzvü olacaq. Artıq başlayıb bu karyera yüksəlişləri Avropa və başqa dövlətlərdə. İkinci nəsil azərbaycanlılar beş-on il sonra çox böyük qüvvəyə çevriləcəklər. Bir də Avropada öz təşkilatlarını qursalar tamamdır. Orda söz sahibi olacaqlar. Güney Azərbaycanlı, Türkiyəli qardaşlarımız artıq görün haralardadır. Sabah bizimkilər üçün də bu günlərdən var. Amma bir sıra Güney Azərbaycanlı və Türkiyəli müxalif mühacirlərdən fərqli olaraq, yaxşı olardı ki, bizimkilər ölkələrinə bağlı olsunlar, iqtidar-müxalifət zəminli ixtilaflar vətəndaşları vətəndən soyutmasın.

Bütün vektorlar üzrə siyasət yenilənməlidir. Başqa yolu yoxdur.


-Avropa demişkən. Xaricdən maliyyələşən adamlar maliyyə kanalları bağlanınca pis vəziyyətə düşdülər, maskaları yırtıldı. Qurunun oduna yaş da yansa da, hesab edirəm ki, İlham Əliyevin bu addımı təqdirəlayiqdir. Bəs necə oldu ki, siz heç vaxt xaricdən maliyyələşmədiniz? Özünüzü necə qorudunuz? Yoxsa fondlar, səfirliklər sizi sevmirdi, sizdən çəkinirdilər?

– Bu qədər də kəskin, dramatik deyil vəziyyət. Soros fondundan maliyyə də almışam, gözəl işlər də görmüşəm. Ancaq bir mərhələyə, bir yerə qədər. Bizim çox gözəl layihələrimiz olub və biz bundan heç zaman biznes niyyətinə istifadə etməmişik. Vaxtı vaxtında hesabat vermişik, şəffaf işləmişik, hər şey çox açıqda, çox üzdə olub. Bəlkə ona görə elə bir obraz yaranıb ki, xaricilərlə heç işləməmişik. Mən özümü dünyadan təcrid etməmişəm axı. Sadəcə əməkdaşlığın da, işin də bir həddi olmalıdır.


-Sirr deyilsə nə layihələri idi bunlar? Mənə maraqlıdır sadəcə, Rauf Arifoğlu Soros-dan nə üçün pul ala bilər.

– Səhv etmirəmsə, 2000-ci ildə Konsorsium yaratdıq. Qəzet kağızı qıtlığı yaranmışdı, hökumət də qəsdən əngəl olurdu, kağız gətirmirdi ki, qəzetlərin belini qırsın. O zaman biz Macarıstana, Soros-un ofisinə yazdıq və «1000 ton qəzet kağızı» adlı cəsur bir layihə həyata keçirdik, qəzet bazarında vəziyyəti düzəltdik.

-Konsorsiumda kimlər vardı?

– Rəhmətlik Rauf Talışinski vardı Ayna-Zerkalo qəzetindən, Azadlıq qəzeti, Yeni Müsavat, Hürriyyət qəzeti kimi media quruluşları. Yəni hamımız Soros fondu ilə bu kağız məsələsini həll etmişik. Sonra bölgələrdə oxu evləri də açmışıq. Ondan sonra isə müraciət etmək ehtiyacı hiss etməmişəm. Ən sərt müxalifətçilik dövründə belə, yaxşı yaşamaq imkanımız olub, qəzet satışından çox yaxşı pul qazanmışıq. Ehtiyac olmayıb fondlara getməyə.

ABŞ səfirliyi ilə də yaxşı münasibətlərimiz vardı. Məsələn bir səfir vardı, Ross Vilson (Ross Wilson) adında, sonra Türkiyəyə səfir getdi. Əli Kərimli və İsa Qəmbərə sözü olanda, məndən çatdırmağı xahiş edirdi. Nəyə görəsə bu yolu seçmişdi. Sonra, ABŞ səfirliyində Conatan Henik vardı, mətbuat katibi. Türkcə bilən yəhudi idi. Onunla da dost idik. Almaniyanın, Fransanın, İtaliyanın səfirləri ilə xoş münasibətlərimiz olub. Hətta NATO kurslarından da dinləyici kimi iştirak etmişəm, 1999-cu ildə. Düzdür, orda iştirak edənlər və mövzular haqda danışmaq ixtiyarım yoxdur, qadağa davam edir, amma sözüm odur ki, Qərbdən gizlənmirik, onlara arxa çevirmirik. Lazım olanda danışırıq da, əməkdaşlıq da edirik.

Amma hər şey qədərində gözəldir. Prioritet Azərbaycan və onun maraqları olduqdan sonra, sənin heç bir işin, heç bir addımın ümumi prosesin, amalın ziyanına olmayacaq.

“Dedim: “Ana, mən geyəm, oğlanlardan xoşum gəlir” – Azərbaycanda gey və lezbilər necə yaşayır?

VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən
“Təxminən on il bundan əvvəlki müddət ilə müqayisədə LGBT icması özünü daha rahat ifadə edə bilir. Bu, həm geyim, həm həyat tərzi, həm də peşə seçimində görünür”, LGBT fəalı Gülnarə Mehdiyeva deyir.

Amma əlavə edir ki, bu dəyişiklər hələ ki, ancaq Bakıda müşahidə olunur.

İLGA-Europe-nın (müstəqil beynəlxalq qeyri-hökümət təşkilatı) bu ilin mayında açıqladığı hesabatında Azərbaycan, ötən illər olduğu kimi LGBT icması üçün şəraitlərə görə Avropada yenə də sonuncu yerə çıxıb.

Yaşlı nəsil həm ənənələrə uyğun, həm də sovet vaxtından formalaşmış homoseksuallığı cinayət kimi qəbul edən mövqelərini dəyişmirlər. Ailədə homoseksual uşaq varsa, imkan daxilində bu, digər qohumlardan gizlənilir, imkan olmasa isə uşaq və valideynlər qınağa məruz qalırlar, LGBT fəalları öz müşahidələrini bölüşürlər. Bəzi cinsi azlıqlar deyirlər ki, öz seksual oriyentasiyaları ilə bağlı etiraflardan sonra valideynlərin, əsasən də anaların münasibəti dəyişir. Onlar uşağını anlamağa çalışırlar. Amma gey uşağının maraqlarını digərləri qarşısında müdafiə etmək valideyndən hələ ki həddindən artıq cəsarət tələb edir. Amma ümumilikdə cəmiyyətin mühafizəkarlığı valideynlərə uşağını qəbul etdikdə belə, onun maraqlarını qorumağa və ya uşağına yiyə çıxmaqlarına imkan vermir, LGBT fəalları vurğulayırlar.

Fəridənin hekayəsi: “Atam anamı səbəbsiz yerə döyürdü, buna görə də kişiləri sevmirdim”

21 yaşlı Fəridənin bioqrafiyasında “uğursuz nikah” da qeyd olunub. Deyir ki, bu, onun öz həyatını yaşamaq üçün ödədiyi “vergisi idi”. “Məktəbdə ikən yetkinlik dövründə qızlar oğlanlarla danışardı, bir-birilərindən xoşu gələrdi. Mən isə yalnız müəllimələrimə baxırdım – məktəbimiz təzə tikilmiş idi, müəllimələr də hamısı gənc idi. O vaxtı heç bir məlumatım yox idi, heç nəyi qanmırdım. Məktəbi bitirəndə evə kompüter alındı. Elə o vaxtı ilk dəfə Youtube-də Rusiyanın vaxtilə məşhur qrupu olan “Tatu” qrupunun mahnısını eşitdim. Mahnının klipində iki qız öpüşürdü. Bunu görəndə təəccübləndim: deməli, mən tək deyiləm, belə insanlar da var! Axı içimdəkiləri heç yaxın dostlarıma belə deməmişdim, düşünürdüm ki, mənə xəstə kimi baxarlar. Klipin altında şərhləri oxuyarkən “lesbiyan” sözü ilə qarşılaşdım. Google-də axtarış verdım, xeyli oxudum, icma da tapdım”.

“Deyərdilər ki, qız nədir, küçə nədir?”

Fəridə ailədaxili münasibətləri xatırlayır: “Atamla elə də aram yoxdur, oturub onunla bir kəlmə kəsim – yox, bizim ailədə beləsi yoxdur. Məktəb illərində heç vaxt küçəyə belə çıxmamışam, deyərdilər ki, qız nədir, küçə nədir? Məktəbimiz evimizin yanında idi, amma anam məni maşınla məktəbə aparıb gətirirdi. “Kişi, məncə, çox ədalətsiz məxluqdur. Ancaq özünü fikirləşir. Çevrəmdə bütün ailələrdə qadınlar döyülür, hörmət görmürlər. Bu, ədalətsizlikdir, axı qadınla kişinin gücü eyni deyil. Atam anamı heç nədən döyürdü, biz, uşaqlar araya girəndə beş – on şapalaq da bizim payımıza düşürdü.” “18 olanda artıq bir az internetdə araşdırmalara başladım, hüquqlarım barədə oxudum. Hər-halda dövr dəyişir, insan inkişaf edir.”

“Zənnimcə, anam lezbiyan olduğumdan şübhələnirdi. Yavaş-yavaş anamın reaksiyasını öyrənməyə çalışırdım. Əvvəllər homoseksuallıq haqqında eşidəndə təhqiredici sözlərdən istifadə edirdi. Amma bir dəfə “uşaqlarımın biri homoseksual olsaydı, onu öldürərdim” dedi.

“Təxminən bir il bundan qabaq LGBT icmasının sosial şəbəkədəki bir qrupunda video müsahibə vermişdim. Anam onu izləyəndən sonra otağıma gəlib telefonumu əlimdən aldı, divara çırpdı. Məni döydü, qollarım gömgöy idi. Amma ona “sənin övladınam və heç nə dəyişmir, mən, sadəcə öz şəxsi həyatımı yaşamaq istəyirəm, sənin mənimlə belə davranmaq haqqın yoxdur”, dedim. Səhəri gün anamın hirsi bir qədər soyudu, ikimiz də ağladıq.”

“Evdə qadın hüquqları haqqında danışırdım, anama hətta bir az olsa da feminizmi aşılamışam.”

“Düzdür, mən lezbiyanlıq və feminizm anlayışları arasında bərabərlik işarəsi heç qoymuram, amma hesab edirəm ki, hər bir qadın özünə hörmət etməlidir. Bizim cəmiyyətdə isə qadınların hüquqları daimi tapdalanır, qadın özü heç bir qərar qəbul edə bilməz.”

“Evlənmək üçün uyğun bir adam tapdım”

“Evdə məni çox sıxışdırırdılar, “Hara getdin?”, “Nə vaxt qayıdacaqsan?” “Kiminlə söhbət edirsən?” sualları məni bezdirmişdi. Evdən çıxmaq istədim və evlənmək üçün uyğun bir adam tapdım, oğlan da homoseksual idi”.
“Bu, Azərbaycanda homoseksuallar arasında yayılmış bir təcrübədir. Valideynlərin evində qalıb öz həyatını yaşaya, özünü ifadə edə bilməyən şəxs əks cinsdən homoseksual bir fərdlə nikaha daxil olmaq qərarı verir. Adətən, valideynlər bu barədə məlumatsız olurlar, xəbərləri olsa belə üstünü vurmurlar.

“Oğlanın ailəsi bundan xəbərsiz idi”, – Fəridə hekayəsinə davam edir, – “Elə mənimkilər də. Təkcə anam bilirdi ki, evdən uzaqlaşmaq üçün nikaha girirəm. Atam heç bir kəlmə də demədi mənə, anam aramızda vasitəçimiz idi.” “Nə isə, anama dedim: “Hazırlaş, elçi gəlir”. İnanmadı: “Sən hara, evlənmək hara!” “Çünki uşaqlıqdan evdə qırğın-dava ab-havasını görərkən, “heç vaxt evlənməyəcəyimi” deyirdim. Atam anamı biz, uşaqların gözü qabağında döyüb, qabırğasını sındırıb. Nə isə, toy günü, “Vağzalı”dan keçmək, toyda yanbayan oturmaq əlavə bir gərginlik idi. Bunlara necə dözdüm, bilmirəm. 20 gün evli kimi yaşadıq. Amma yoldaşımın problemləri var idi, məni evdə qapalı saxlayırdı və ailəmə “ayrılmaq istəyirəm” dedim. Oriyentasiyam mövzusuna yenidən, “uğursuz evliliyimdən” sonra qayıtdım. Sevdiyim qızdan ayrılandan sonra evə gəlib ağlayırdım, anam isə mənə dəstək verirdi. Özü internetdə LGBT mövzusunu araşdırıb, məlumat alıb və mövqeyini dəyişdi.

Həyatımda tək anam var, o, mənim idealımdır. Demək olar ki, müasirdi. Bacımı mənim qədər sıxışdırmırlar. Elə bil məndən sonra valideynlərimin gözü qorxub”, – gülümsəyir.

Xaricə getmək istəyirsən? Onda oxu, dil öyrən!”
Kamili ailəsində qəbul ediblər, amma bu barədə özgələrlə danışmağı sevmirlər.

20 yaşlı gənc məktəbli olarkən gey olduğunu anlayıb: “Düşünürdüm, axı niyə öz cinsimdən olanlar xoşuma gəlir? Davranışımdan orientasiyam bilinirdi. Bir dəfə məktəbdə ayaq yolunda döyülmüşəm. Məktəbin sonuna kimi məni ələ salırdılar, söz atırdılar”.

Onuncu sinifdə olanda Kamil anasına etiraf etmək qərarını verib. “Yadımdadır, anamla həkimdən qayıdırdıq. Ona dedim: “Ana, sənə deyəcək vacib sözüm var”. Uzaqdan başladım, təbiətdə canlılardan, heteroseksual, homoseksuallardan danışdım.”

“Anam mənə “indi nə demək istəyirsən, sən də eləsən?” dedi.

“Dedim: “Ana, mən geyəm, oğlanlardan xoşum gəlir”.

Heç nə demədi, susdu. Gözləri dolmuşdu. Bunu biruzə verməmək üçün üzünü kənara çevirdi – bu, mənə çox təsir etdi.”

“Evdə bacıma dedi. O isə “Öz həyatındır, özün bilərsən” cavabını verdi.”

“Üstündən bir həftə keçdi. Anam “eybi yox, evlənərsən, keçib gedər” dedi. Anamın hər axşam otaqda ağladığını eşidirdim. Atam soruşdu: “Nə baş verir?”

“Anama “sən atama demə, özüm deyəcəm” xəbərdarlığını eləsəm də, anam ona hər şeyi danışdı.

Bir müddət ailədə gərginlik yarandı.

Bir gün atam mətbəxdə olarkən mənə yaxınlaşdı və dedi: “Sən, deyəsən xaricə getmək istəyirdin?” “Bəli, istəyirəm!” – dedim.

“Onda xaricə gedib istədiyin həyatı yaşamaq üçün dil öyrən, peşə sahibi ol və rahat get”, – cavab verdi. O, mənə həqiqətən də dəstək oldu.

Amma hiss edirdim ki, o da üzülür. Düzdür, xətrimə dəyən olmadı, hisslərini biruzə verməyib dərdini içində çəkirdi.

Homoseksual olduğumu bilən ilk adamlardan biri də nənəm oldu.

Mətbəxdə oturmuşdu, məni görəndə nəsə demək istədiyimi anladı: “Nədir, bala, pul istəyirsən?” – soruşdu.

Dözmədim, hamısını danışdım, dedim ki, mənim qadınlardan yox, kişilərdən xoşum gəlir.

Donub qaldı nənəm. Sonra söhbəti zarafata çevirmək istədi: “Nə olar, dost dostu sevər də!”. Amma sonradan ciddi olduğumu anladı.

Bir gün əmimgildə ürək və LGBT-nin göyqurşağı rənglərindəki bayrağının şəklini çəkdim. “Bəs bunun mənasını bilirsən?” əmim deyə yanıma yaxınlaşdı. Ağladığımı gördü. Amma məni qəbul etdi.

Hətta psixiatra da müraciət etmişdik. Nənəmlə həkimin yanına getdik. Səhhətimlə bağlı psixiatr mənə məsləhət verdi, sonra isə nənəmə də homoseksuallıq haqqında məlumat verdi: “Heç kəs beyninə salıb homoseksual olmur”, – dedi”.

“Yeganə balamdır, onu itirmək istəmirəm. “
Gülnarənin (ad şərtidir) anası Gülşən xanım ilə evlərində görüşdük. Bu, yeganə qadındır ki, öz qızının seksual orientasiyası haqqında BBC News Azərbaycancaya danışmağa razılaşdı.

“Sizə bir söz deyim. Bu, mənim yeganə qızımdır. Üç-dörd uşağım olsaydı, bəlkə də mən onunla dalaşıb-küsüb, evdən qovardım. Baxma, yenə də övladdır, keçə bilmirəm qızımdan.”

Əlbəttə ki, belə olmağını istəməzdim. Mən də istəyərdim ki, qızım ərə getsin, uşaqları olsun. Mən bunun belə olmasını tələbəçiliyinin son illərində bilmişəm. 21 yaşı var idi. Düzdür, aramızda narazılıqlar, davalar oldu, arada küsüb evdən də getdi. Amma gördüm ki, bu, vəziyyəti dəyişmir. Mən uşağımı itirə bilərəm.

Amma mənə elə gəlir ki, bu, ötəridir və bir zaman hər şey dəyişəcək. Ona görə də zamana buraxmışam. Bilirsiniz, qızımı güclə istəmədiyi birinə ərə verib bədbəxt etməkdənsə. “

“Məncə. “
“Məncə, qızımı çevrəsi belə etdi. Hərçənd özü uşaqlıqdan “belə” olduğunu deyir. Düzdür, uşaqlıqda idmançı üslubunda geyindirirdim onu. Nə bilərdim ki, belə olacaq?”

Mən özüm də oğlan kimi geyinməyi sevmişəm. Sovet vaxtında şalvar geyinən qıza bir az pis baxırdılar, mən isə cins şalvar geyinirdim. O vaxtı bütün bu “qeyri-adiliklər” gizli idi, bilmirdik ki, oğlan qadın kimi olar, qız oğlan kimi. Çox nadir bir hal idi.

Uşaqlıqdan eşitmişəm belələri haqqında. Hətta qonşuluğumuzda biri var idi, qız idi, amma özünü kişi kimi aparırdı.

İnstituta daxil olanda ona elə gözəl geyimlər almışdım. Makiyajı, bər-bəzəyi.

Yanına gələn o qızlara da deyirəm, ay qızım, ərə get, bu nə həyatdır? Heç olmasa, bir uşağın olsun, sonra get, nə həyat yaşayırsan, yaşa. Biz dünyada nəyə görə yaşayırıq – övlad üçün, düzdür?

Heç bir ana bunu istəməz, ancaq nə edim? Məcburam, qəbul edim.”

“İstədiyi oğlan vardı”
Gülşən xanım ümumiyyətlə cinsi azlıqlar haqqına məlumatlı olmadığını və maraqlanmadığını etiraf edir: “Hə, bilirəm, xaricdə evlənirlər, uşaq da götürürlər, amma bu, xaricilərdə olar. “

“Haradan bilim? Bir qız gəlirdi yanına, elə bilirdim, rəfiqəsidir. Sonra gördüm ki, münasibətlərində qısqanclıq var.

Qohum-əqrabamız çoxdur, amma heç kəs bilmir. İstəməzdim bilsinlər, baxma, özümüz kənddənik. Özü də çox aşkarlamır. Heç görünüşü də şübhələndirmir.

Bir dəfə istədiyi oğlan da olub. Amma onunla ünsiyyətdə yanılıb. Məncə, bundan sonra oldu bunlar. İstəsə, öz istədiyi adam çıxsa, ərə də gedər, uşağı da olar. Yanına gələn qızlara da baxıram. Bax, bayaqları o oğlana oxşayanı gördün? Onun köhnə şəkillərini görmüşəm, uzun saçlı, gözəl geyimli qızdır.

Deyir, keçmişdə sevgilisi də olub, hətta hamilə də qalmışdı. Amma alınmadı. Deyir, kişilərə ümid yoxdur. İndi düşünürəm ki, bu cür hallar kişilərdə özündəki qüvvəni tapmadıqda yaranır. Kişi alçaqlıq edir, xəyanət edir, qız da dönür. Bunlar hamısı kişilərin günahıdır.

Mən elə anayam ki, heç bir saatlıq da qızımı qoyub getməzdim. Amma indi elə zəmanədir ki, uşağını tuta bilmirsən. Qabaqlar heç uşaqlar bilməzdi lesbiyan kimdir. İndi soruşsan, hamı bilir. Bu qədər məlumatın olması da pisdir. İnsan hər şeyi biləndə, həyatdan da bezir, deyir, maraqlı deyil.

Uşaqlar da özündən razı olur, deyir: “Özüm bilirəm”. Bizləri, axı belə böyütməyiblər. Biz düşünürdük: 25 yaşım olacaq, ərə gedəcəm, uşağım olacaq. Nə bilim indikiləri. “

“Heç olmasa, bir uşağı olsun”

“Gülnarəyə demişəm, nə edirsən et, amma heç olmasa, bir uşağın olsun, davamçın olsun. Sabah mən öləndə, qocalarsan, qapını döyüb dərmanını verən olsun. Deyirəm, mən nə qədər sağam, uşağı ver mənə, baxaram. Bəlkə gələcəkdə uşağından utanar. Uşağı olsa, normal qəbul edərəm.

Qızımın atası ilə münasibətləri yaxşı olmasa da, var.

Hə, dostlarım da var, dostsuz adam olmaz ki. Amma onlarla da ürək ağrımı bölüşə bilmərəm. Sabah mən onlarla sözləşsəm, sirrimi başıma vurarlar. Ona görə söz-söhbət və ya bir şübhə yaranan kimi, dərhal qızımı müdafiə etmişəm. Adam öz sirrini qırağa çıxarmaz. Mənə “dəli” deyərlər. Kaş ki, qızım məndən bunları gizlədərdi, heç mən bilməzdim”.

“Valideynlər etiraf etməkdən çəkinirlər”
Azərbaycanda LGBT icmasının daxilində də intihar hadisələri olur və ən çox bu, valideynlərin, yaxınların onları qəbul etməməsi səbəbindən olur, LGBT üzrə hüquq müdafiəçisi Cavid Nəbiyev deyir.

Onun sözlərinə görə, mediada intihar hadisələri haqqında məlumatda çox vaxt nə intiharın səbəbi, nə də ki, şəxsin seksual oriyentasiyası açıqlanır: “LGBT təmsilçisi olduğunu biz öz şəbəkəmizdən bilirik”, – o, deyir.

“Hətta uşağı vəfat etdikdən sonra valideynlər onun homoseksual olduğunu etiraf etməkdən çəkinir və bunu gizlətməyə çalışırlar”, Cavid Nəbiyev əlavə edir.

O deyir ki, bəzi cinsi azlıq nümayəndələri ailələrinin onlara təzyiqlərinə tab gətirmədiyi üçün intihara əl atıblar.

“Onlar təzyiqlərə dözməyib intihar edən homeseksuallardırlar”
“Onlar təzyiqlərə dözməyib intihar edən homeseksuallardırlar”, Cavid Nəbiyev iddia edir və BBC News Azərbaycancaya bir siyahı verir. Deyir ki, bu siyahını LGBT fəallarının məlumatlarına əsasən tərtib ediblər.

BBC News Azərbaycanca siyahıdakı bəzi adları şərti verib.

İsa (1994-2014) – LGBT fəalı, azad LGBT cəmiyyətinin sədri. Cinsi mənsubiyyətinə görə ailəsi onu qəbul etmədi, atası onunla danışmırdı, anası isə “ailənin rüsvayı” adlandırırdı. İsanı öncə homoseksuallıqdan “müalicə” etmək istəyirdilər, sonra isə evdən qovdular. Sosial şəbəkədə son ismarıcını yayaraq, LGBT göy qurşaqlı bayraqdan özünü asaraq intihar etmişdi.

Rəvan – ad şərtidir (1995-2018) – Dizaynla məşğul olan Rəvan Bakıda kollecdə oxuyurdu. Tələbə yoldaşları onu çox şən, pozitiv biri kimi tanıyırdılar. İctimai fəaliyyətdə aktiv iştirak edirdi. 2018-c ildə intihar edib.

Həbib – ad şərtidir (2000-2017) – uşaq incəsənət mərkəzlərinin birində çalışıb. İddia olunur ki, ögey atası ona “pullarını geylərə xərclədiyinə görə” təzyiqlər göstərib, ailəsini rüsvay etməkdə ittaham edib. Dostları Həbibin bu təzyiqlərə tab gətirmədiyini və intihar etdiyini deyir.

Cəlil – ad şərtidir (2000-2017) – psixologiya fakultəsinin ilk kursunda oxuyan Cəlil saçlarını boyadıqdan və qulağına sırğa taxdıqdan sonra ətrafdakıların homofob əhval-ruhiyyənin hədəfinə çevrilir. Dostları iddia edir ki, o məhz bu təzyiqlərin öhdəsindən gələ bilmədiyi üçün intihara əl atıb.

Həlimə – ad şərtidir. (1997-2015) – özünü lezbiyan kimi göstərən qız regionların birindən Bakıya gəlibmiş, onu tanıyanlar iddia edir ki, ailəsinin gözləntilərinə cavab verə və özü ilə mübarizə apara bilmədiyi üçün intihar yolunu seçib.

Taleh – ad şərtidir (1991-2015) – regionların birindən gəlmiş şəxs transgender idi və seks-işçisi kimi fəaliyyət göstərib. Qazandığı pulları evinə, valideynlərinə göndərib. Bir gün ailəsi onun kim olduğunu bilib və təzyiq göstərib. Taleh təzyiqlərə dözməyib intihar edib.

Mənbə: BBC AZƏRBAYCANCA

12. Həyatınızı kökündən dəyişə biləcək doqquz söz

Bir neçə il bundan qabaq radioda çıxış etdiyim zaman aşağıdakı suallara cavab verməyimi xahiş etdilər: «Siz həyatınızda özünüzə hansı ən mühüm ibrət dərsi almısınız?» — sualına cavab vermək mənim üçün çox asan oldu: «Həyatım boyu mənimsədiyim ən qiymətli dərs düşündüklərimizin əhəmiyyətini dərk etməyim olmuşdur. „Nə düşündüyünü mənə söylə, kim olduğunu deyim.“
Bizim fikirlərimiz şəxsiyyətimizin xüsusiyyətlərini təyin edir. Bizim həyata münasibətimiz taleyimizi təyin edən əsas amildir. Emerson demişdir: „İnsan dediyin onun gün ərzində düşündüklərinin elə özüdür… Məgər o, daha nə isə ola bilərmi?“ İndi mən tam əminliklə başa düşürəm ki, bizim sizinlə həyatda rastlaşdığımız ən böyük problem, həqiqətdə bizimlə sizə aid az qala, yeganə olan problem kimi düzgün əhvali-ruhiyyə seçə bilməyimizdən ibarətdir. Əgər biz bu seçimi həyata keçirməyə qadiriksə, onda bütün problemlərimizin həlli yollarına düşmüş olarıq. Roma imperiyasına başçılıq edən böyük filosof Mark Avreliy bu fikri sizin taleyinizi müəyyən edə biləcək doqquz sözlə ifadə etmişdir: „Həyatımız haqqında nə düşünürüksə, məhz həmin düşüncələrimizdir bizim həyatımız.“
Həqiqətən də, biz xoşbəxtlik haqqında düşünürüksə, onda özümüzü xoşbəxt sanırıq. Əgər bizi qüssə çulğalayırsa, onda qəmgin oluruq. Əgər düşüncələrimizdə qorxu hissi iştirak edirsə, biz vahimələnirik. Əgər xəstəlik haqda düşünsək, tamamilə mümkündür ki, biz xəstələnək. Əgər uğursuzluq haqqında düşünsək, çox güman ki, biz iflasa uğrayacağıq. Əgər biz kədərimizə qapılıb qalsaq, onda hamı bizdən qaçacaqdır. Norman Vinsent Pil demişdir ki, „Siz özünüz haqda düşündüyünüz kimi deyilsiniz; siz məhz düşündüyünüzün özüsünüz.“

Sizə elə gəlirmi ki, mən sizin bütün problemlərinizə primitiv nikbin münasibətdə olmağı təbliğ edirəm? Yox, təəssüf ki, həyat o qədər də sadə deyildir. Amma mən isə özümüzdə bizi əhatə edən dünyaya qarşı mənfi deyil, müsbət münasibət aşılamağımızın tərəfdarıyam. Başqa sözlə, biz problemlərimizin baş vermə səbəbləri barədə narahatçılıq keçirməyib, onların həlli qayğısına qalmalıyıq. Burada fərq nədən ibarətdir?
Gəlin bu fikri misallarla aydınlaşdıraq. Mən hər dəfə Nyu-Yorkun bu və ya digər sıx hərəkətli küçə kəsişmələrini keçərkən maşının altına düşməmək üçün qayğı göstərirəm, amma bu hal məndə narahatçılıq hissi doğurmur. Hər şeyi ölçüb-biçmək o deməkdir ki, problemlərin nədən ibarət olduğunu dərk edib, onun həlli üçün sakitcə qərar qəbul edəsən. Daim narahat olmaq isə çevrə boyunca haldan düşənə qədər mütəmadi bihudə yerə dövr etmək deməkdir.

Ola bilər ki, siz ciddi problemlərin həllinə qapılmış halda küçə də gedəsiniz, belə halda yaxanızın ilməyində qərənfil gülü olmaqla başınızı vüqarla dik tutmalısınız. Lauell Tomasın məhz bu tərzdə davrandığının şahidi olmuşam. Bir dəfə Lauell Tomas ilə birgə işləmək şərəfinə nail oldum. Biz birlikdə onun I Dünya müharibəsi zamanı Allenbi-Layrens kompaniyaları haqda çəkdiyi məşhur filmlərini nümayiş etdirirdik. O və onun köməkçisi təxminən altı cəbhədə keçirilən hərbi əməliyyatları lentə çəkmişdilər. Ən əsası isə ondan ibarət idi ki, onlar T.E.Lourens və onun qeyri-adi ərəb ordusu haqqında çəkdiyi xronikal kinomaterial və həmçinin Allenbinin Müqəddəs torpağı necə istila etməsi barədə sənədli film gətirmişdilər. Onun „Allenbi ilə Fələstində“ və „Lourenslə Ərəbistanda“ filmlərinin nümayişi isə müşayiət olunan çıxışları Londonda, həm də bütün dünyada çox böyük təsir oyatdı. Tomasın Kovent — Qardendəki Krallığın opera teatrındakı çıxışlarında ağlasığmaz macəralardan ibarət filmlər nümayiş etdirməklə davam edilməsi məqsədilə Londonda opera mövsümü altı həftə təxirə salındı. Londonda qazandığı gurultulu uğurdan sonra onun bir çox ölkələrə təntənəli səfəri başlandı. Daha sonra o, iki il Hindistan və Əfqanıstan həyatından bəhs edən filmlər üzərində işlədi. Sonradan o, bir sıra silsilə olmazın müvəffəqiyyətsizliklər nəticəsində dözülməz dərəcədə imkansız vəziyyətə düşdü və Londonda tamamilə iflasa uğradı. O vaxtlar mən onunla birgə idim. Yadımdadır biz Ceyms Makbi adlı məşhur bir şotlandiyalı aktyordan borc pul almasaydıq, həmin o ucuz yeməkxanalarda da yeməkdən məhrum olacağıq. Həmin əhvalatın məğzi belədir: Louell Tomas hətta böyük borclar etdiyi vaxtlarda və ağır məyusluq halları keçirdikdə belə, narahatçılığa qapılmır və öz problemlərilə ciddi məşğul olurdu. O, bilirdi ki, məyusluğa və ruh düşkünlüyünə yol vermək olmaz, yoxsa hamı hətta kredit verənlər də ondan üz döndərər. Ona görə də hər səhər işə yollanmamışdan qabaq o, çiçək alar, onu yaxasına sancar və şəhərin Oksford-strit küçəsilə başını dik tutaraq təkəbbürlə yeriyərdi. Onun fikirləri müsbət və mərdanə idi, o, məyusluğa qapılmağa, məğlubiyyət barədə düşüncələrə yol verməzdi. O, məğlubiyyətə oyunun bir elementi, həyatda uğur qazanmaq meylində olanlar üçün faydalı bir məşq kimi baxırdı.
Bizim xoş əhvali-ruhiyyəmiz fiziki qüvvələrimizdə inanılmaz dərəcədə müsbət təsir göstərir. Məşhur ingilis psixoloqu C.A.Xedfild özünün „Gücün psixologiyası“ adlı olduqca qiymətli əsərində bu faktı heyrətləndirici lövhələrlə nümayiş etdirir. C.A. Xedfild yazır: „Mən üç kişi üzərində təcrübə aparmışam. Dinamometrin köməkliyi ilə təlqin etmənin onların fiziki qüvvələrinə təsirini ölçmüşəm.“ Yoxlamada onların hər birinə tapşırılmışdı ki, dinamometri var qüvvələrilə sıxsınlar. Təcrübə üç müxtəlif şəraitdə keçirilmişdi.
Onların normal iş şəraitləri zamanında üzərlərində təcrübə aparılarkən dinamometrdə orta sıxma qüvvəsi 101 girvənkə həddində olmuşdur.
Sonra isə yoxlanılanlar əvvəlcə hipnoza məruz qalmış, sonradan təcrübədən keçirilmişlər. Öncə onlara təlqin edilmişdi ki, onlar çox gücsüzdürlər. Nəticədə normal güclərinin üçdə biri qədər, yəni 29 girvənkə sıxa bildilər (onların içərisində biri boksçu idi, onun sözünə görə hipnoz vəziyyətində ona gücsüzlüyü təlqin edildikdə birdən ona elə gəlmişdi ki, onun əli, gücsüz balaca uşaq əli tək kiçikdir bapbalacadır).
Üçüncü təcrübə zamanı Xedfild sınaqdan keçirilən şəxslərə təlqin etmişdi ki, onlar olduqca güclüdürlər. Bundan sonra onların hər birinin sıxma qüvvəsi 142 girvənkəyə çatdı. Öz qüvvələri barədə müsbət fikirlərlə „silahlandıqdan“ sonra onların həqiqi fiziki qüvvəsi, demək olar ki, əlli faiz artmışdı.
Bəli, bizim əhvali-ruhiyyəmiz belə ağlagəlməz dərəcədə gücə malikdir.
Yaşlılarla otuz beş illik tədrisin nəticəsi olaraq mən bilirəm ki, kişilər və qadınlar öz düşüncə tərzlərini dəyişdirməklə narahatçılıqdan, qorxudan və digər xəstəliklərdən yaxa qurtarar və həyatlarını yeni şəklə sala bilərlər. Mən bilirəm! Mən bilirəm! Mən bilirəm. Mən yüz dəfələrlə insanların bütün həyatlarının inanılmaz dərəcədə şəkildən-şəklə düşməsinin müşahidəçisi olmuşam. Mən belə halları o qədər tez-tez görmüşəm ki, onlar artıq məni təəccübləndirmir.
Mən tam əminəm ki, bizim ruhi dincliyimiz və həyati sevincimiz, biz haradayıqsa, nəyə biz sahibiksə, cəmiyyətdə hansı mövqedə bərqərarıqsa, ondan asılı deyildir, yalnız və yalnız bizim əhvali-ruhiyyəmizdən asılıdır. Xarici mühitin buna heç bir təsiri yoxdur. Məsələn, qoca Con Braunun tarixçəsinə bir baxın; onu asdılar ona görə ki, Xarpers-Ferri şəhərində o, dövlət arsenalını ələ keçirmiş və qulları qiyama çağırmışdı. O, dar ağacına, arabada öz tabutu üzərində, oturmuş vəziyyətdə gedirdi. Onun yanında gedən həbsxana gözətçisi çox həyəcanlı və qəmgin idi. Qoca Con Braun isə, olduqca sakit idi və qətiyyən halını pozmurdu. O, Virqinidə, Blu-Ric dağının yanından ötərkən səsləndi: „Nə gözəl mənzərəli yerlərdir! Buraları əvvəllər görmək mənə nəsib olmamışdı.“
Cənub qütbünü fəth edən ilk ingilislərə — Robert Falkon Skott və onun yoldaşlarına aid daha bir misal. Yəqin ki, onların geri dönmə yolları bəşər övladının bəxtinə düşən ən məşəqqətli sınaqlardan biri olmuşdur. Onların ərzaq və yanacaqları tamamilə tükənmişdi. Onların Yer kürəsinin ən ucqarında düz on bir gün tüğyan edən tufanda bir addım da belə irəliləməyə taqətləri yox idi. Külək elə qəddarcasına və o qədər sərt əsirdi ki, hətta polyar buzları üzərində şırımlar açmışdı. Skott və onun yoldaşları dərk etdilər ki, onlar artıq ölümə məhkumdurlar. Onlar yola düşərkən özlərilə hər ehtimala qarşı tiryək maddəsi götürmüşdülər ki, ölümləri əzablı olmasın. Kifayət idi ki, tiryəkdən yüksək dozada qəbul edib sakitcə yuxuya gedəsən və bir daha heç vaxt ayılmayasan. Lakin onlar bu tiryək maddəsindən istifadə etmədilər və ölərkən „şən, ilhamverici“ mahnılar oxudular. Biz bu haqda onların „vida“ məktublarından oxuduq, bu məktub səkkiz aydan sonra onların donmuş cəsədləri ilə birlikdə axtarış qrupu tərəfindən tapılmışdı.
Bəli, əgər edama aparıldıqda biz, icranı yüksək ehtirasla, mərdanə və təmkinlə qarşılaya biliriksə və bu vaxt biz özümüzə mənsub tabutun üstündə oturub gözəl təbiətdən zövq almağı bacarırıqsa, xalis buzdan olan palatamızda mahnılar da oxumağa qadir ola bilərik.
Milton bu həqiqəti yüz il qabaq kor olarkən dərk etmişdi; „İnsan ağlı — öz-özü üçün cəhənnəmi cənnətə, cənnəti də cəhənnəmə çevirmək iqtidarındadır.“
Napoleon və Elən Kellerin həyata bəslədikləri münasibət Miltonun bu fikirlərini tamamilə təsdiq edir. Napoleon, adətən insanların can atdığı hər şeyə: şöhrətə, hakimiyyətə və var-dövlətə artıq nail olmuşdu. Lakin o, müqəddəs Yelena adasında olarkən demişdi: „Mənim həyatım boyu heç olmazsa altı xoşbəxt günüm olmamışdır.“ Halbuki kar, kor və lal Elen Keller iddia edir ki, „mənim həyatım necə də gözəldir!“
Əgər yarım əsrlik həyatımda nə öyrənmişəmsə, o da ancaq „özünüzdən başqa heç kəs sizə ruhi sakitlik gətirə bilməz.“ kəlamından ibarətdir.
Mən, sadəcə olaraq Emersonun „özünə inam“ essesinin sonundakı ibrətamiz sözləri təkrar etməyə çalışacağam. O, yazmışdır:
»Nə vaxt ki, siyasi meydanda qələbəyə nail olmuşsan, nə vaxt ki, öz gəlirinin artırılmasına nail olursan, nə vaxt ki, evinizdəkilərdən xəstələnmiş kimsə sağalır, nə vaxt ki, uzun müddət səndən ayrı düşmüş dostun qayıdır və yaxud həyatınızda hər hansı başqa bir xoş hadisə baş verir, onda səni şən əhvali-ruhiyyə bürümüş olur. Onda belə güman edirsən ki, səni qabaqda da gözəl çağlar gözləyir. Buna sən inanma. Dünyada özündən başqa heç kəs sənə ruhi dinclik, qəlbinə sakitlik gətirə bilməz.”
Böyük filosof-stoik Epiktet xəbərdarlıq etmişdi ki, «bədənimizdə əmələ gəlmiş şişlərin, çibanların kənar edilməsindən daha çox fərz, başımızdakı yaramaz fikirlərin aradan qaldırılmasına diqqət yetirməliyimiz daha faydalı olardı.»
Epiktet bu haqda 19 əsr bundan qabaq söyləmişdi. Kaş ki, müasir təbabət elmi onun mövqeyini dəstəkləmiş olaydı. Doktor C.Kenbi Robinson bildirmişdi ki, Cons Hopkinsin xəstəxanasında hər beş xəstədən dördü emosional gərginlikdən və əsəb sarsıntısından yaranmış xəstəlikdən əzab çəkir. İnsanlarda bu hallar orqanizmin nasazlığı səbəbindən də törənmiş olur və nəhayət bu xəstəliklər insanın həyata və onun problemlərinə alışa bilməməsi səbəbindən yaranmış olur.
Böyük fransız filosofu Monten aşağıdakı on doqquz sözü öz həyatının devizi kimi qəbul etmişdir: “İnsan vaqe olmuşlara görə bir o qədər də iztirab çəkmir, nə qədər ki, o, artıq vaqe olmuşlara verdiyi qiymətə müqabil narahatlıq keçirir.”
Mən bununla nəyi nəzərdə tuturam? Siz soruşa bilərsiniz ki, necə olur ki, mən narahatlıqdan cana doyduğunuz, əsəbləriniz qırılmaq həddində olan sim kimi gərildiyi bir vaxtda sizdən iradənizə zor gələrək düşüncə tərzinizi dəyişdirməyi təkidlə tələb etməyə cəsarət edirəm. Bəli, mən məhz bunu tələb edirəm! Hələ bu, hamısı deyildir. Mən hətta bunu necə etmək lazımdırsa, onu da sizə göstərmək istəyirəm. Bunun üçün ola bilər ki, tərəfinizdən kiçik bir səy və qüvvə tətbiqi tələb olunacaqdır, lakin bunun sirri çox sadədir.
Praktik psixologiyanın korifeyi Uilyam Ceyms aşağıdakı müşahidəni etmişdir: «Belə sanılır ki, hərəkət əhvali-ruhiyyənin nəticəsidir.» Əslində isə bunlar biri-birindən ayrılmazdırlar. Biz bilavasitə əhvali-ruhiyyəmizin nəzarətində olan öz hərəkətlərimizi idarə etməklə, nəzarətə tabe olmayan əhvali-ruhiyyəmizin dolayı yol ilə idarə etməyi bacarırıq.
Başqa sözlə, Uilyam Ceyms belə hesab edir ki, biz emosiyalarımızı «təkcə iradəmizin gücü ilə birbaşa dəyişə bilmirik.» Ancaq biz öz hərəkətlərimizi bilavasitə dəyişməyə qadirik.” Nə vaxt ki, biz öz hərəkətlərimizi dəyişdirməyi bacarırıq, onda avtomatik olaraq öz hisslərimizi də dəyişmiş oluruq.
«Beləliklə, o, belə nəticəyə gəlir ki, əgər siz pərişansınızsa, dərhal sevinc hissinə qovuşa bilməzsiniz. Amma əgər siz şən əhvali-ruhiyyə ilə əyləşsiniz, hərəkət etsəniz və danışsanız, onda istər-istəməz ruhlanacaqsınız.»
Görəsən, belə bir sadə «oyun» doğrudanmı kömək edə bilir? O, necə bir plastik cərrahiyyə əməliyyatı kimi təsir göstərir.
Çalışın bunu öz üzərinizdə sınayın. Hər şeydən əvvəl geniş, şən bir halda, ürəkdən gülümsəyin, çiyinlərinizi və qamətinizi düzəldin, dərindən nəfəs alın, hər hansı xoşunuza gələn mahnıdan bir bənd oxumağa çalışın. Oxumağı bacarmırsınızsa dodaqaltı zümzümə edin. Siz dərhal dərk edəcəksiniz ki, Uilyam Ceyms nəyi nəzərdə tuturdu. Axı əgər siz özünüzü xoşbəxt insan qiyafəsinə sala bilmişsinizsə, belə halda fiziki cəhətdən qəmgin və ya əzgin görünə bilməzsiniz.
Bu təbiətin çox da böyük olmayan əsas həqiqətlərindən biridir və bu sizin həyatınızda möcüzələr yarada bilər. Mən Kaliforniyada adını sizə deməyəcəyim bir qadın tanıyıram ki, o, bu sirri bilmiş olsaydı, 24 saat ərzində özünün bütün bədbəxtliklərindən qurtula bilərdi. O, indi artıq yaşlı qadındır. Mən etiraf edirəm ki, bu, onun üçün çox bədbin bir hal idi. Amma, görəsən, o çalışırdımı ki, özünü heç olmazsa bir anda olsa, bəxtiyar kimi aparsın? — Xeyr! Əgər ondan soruşsanız ki, özünü necə hiss edir o, cavabında deyəcəkdir: «Hə, mənim hər işim öz qaydasındadır». Ancaq onun üzünün ifadəsi və səsinin qəmgin ahəngi sizə deyəcəkdir: «Eh, aman Allah, əgər siz bilsəydiniz ki, mənim üçün nə qədər çətindir!» Elə təəssürat yaranır ki, guya onun yanında özünüzü xoşbəxt kimi göstərməyə cəsarət etdiyiniz üçün o, sizi məzəmmət edir. Yüzlərlə qadın ondan daha pis vəziyyətdədir. Onun üçün əri sığorta polisi xətti ilə kifayət qədər pul qoymuşdur ki, ömrünün axırına qədər ehtiyac hiss etməsin, ərdə olan qızları onu istədiyi vaxt himayə edə bilərdilər. Lakin mən onu təsadüfi hallarda gülən görmüşəm. O, isə hər üç kürəkənindən daim şikayətlənib deyirdi ki, onlar olduqca xəsis və xudbin insanlardır. Buna baxmayaraq, o, aylarla onların evində qonaq qalırdı. Bundan əlavə, şikayətlənirdi ki, qızları ona heç vaxt hədiyyə almırlar, amma onlardan gizli özünə pul yığırdı. O, deyirmiş ki, pul insanın qocalıq «dövrü üçün» saxlanılmalıdır. Bu qarı özünün və bədbəxt övladlarının həyatlarını zəhərləyirdi. Lakin məgər bu, beləmi olmalıdır? Bütün bunlar çox kədərli bir haldır. Əgər o, qarı istəsəydi, dəyişilə də bilərdi; bədbəxt kinli bir qarıdan ailənin sevimli, hörmətli, hamı tərəfindən sevilən üzvünə çevrilərdi. Belə bir dəyişikliyin baş verməsi üçün özünün uğursuz həyatına görə gecə-gündüz göz yaşı axıtmaqdansa, lazım idi ki, özünü bir balaca şən göstərsin, elə etsin ki, guya yaxınlarını az da olsa sevir.
Mən İndianadan X.C.Enqlerta adlı bir adam tanıyıram o, bu sirri özü üçün kəşf edə bildiyinə görə indi də sağdır. On il bundan qabaq X.C.Enqlerta skarlatin xəstəliyi keçirmişdi, sonra xəstəlik mürəkkəbləşərək nefritə çevrilmişdi. O, bir çox həkimlərə hətta ara həkiminə də müraciət etmişdi, heç kəs ona kömək edə bilməmişdi. Tezliklə onda digər mürəkkəbləşmələr də baş vermişdi. Qan təzyiqi kəskin artmışdı. O, həkimin yanına gedəndən sonra məlum oldu ki, onun qan təzyiqi 214 dərəcə həddinə yüksəlmişdir. Ona dedilər ki, vəziyyəti olduqca gərgindir, xəstəliyi daha da şiddətlənəcəkdir və məsləhətdir ki, öz işlərini qaydaya salsın.
O, belə deyir: «Mən evə getdim və yoxladım ki, görəsən sığorta vəsiqələrini ödəmişəmmi. Sonra isə öz Yaradanım qarşısında bütün günahlarımı boynuma aldım və qəmli düşüncələrə daldım.
Mən hamını bədbəxt etmişdim. Mənim arvadım və ailə üzvlərim hamısı əzab çəkirdi və mən də dərin ruh düşkünlüyünə qapılmışdım. Tam bir həftə həyatımdan şikayətlənir və özümə yazığım gəlirdi. Amma tezliklə öz-özümə dedim: „Sən özünü axmaqcasına aparırsan. Ola bilər ki, bundan sonra da bir il yaşayacaqsan. Elədirsə, bəs niyə görə onu xoşbəxtcəsinə yaşamağa çalışmayasan?“
Mən çiyinlərimi düzəltdim, ürəkdən gülümsədim və özümü elə aparmağa çalışdım ki, guya hər işim öz qaydasındadır. Etiraf edirəm ki, özümü şən və həyatımdan razı kimi göstərmək əvvəlcə mənə böyük zəhmət hesabına başa gəldi, lakin mənim bu səyim nəinki təkcə ailəmə, həm də mənə kömək etmiş oldu.
Tezliklə mən özümü doğrudan da, arzuma uyğun necə görmək istəyirdimsə, demək olar ki, o cür də yaxşı hiss etməyə başladım. Mənim səhhətim nəzərə çarpacaq dərəcədə yaxşılaşmışdı. İndi isə güman etdiyim dəfn mərasimindən bir çox aylar keçdikdən sonra mən nəinki təkcə sağam, sağlamam və xoşbəxtəm, həm də mənim qan təzyiqim aşağı düşmüşdür! Mən bir şeyi qəti bilirəm ki, əgər məğlubiyyət və ölüm haqqında düşünməkdə davam etsəydim, həkimin söylədiyi sözsüz ki, özünü doğruldacaqdı. Mən düşüncə tərzimi tamam dəyişdiyim üçün xəstəlikdən yaxa qurtara bildim.»
İcazə verin, sizə bir sual verim. Əgər şən və razılıq bildirən görkəm, sağlamlaşdırıcı müsbət düşüncə tərzi bu insanın həyatını xilas edə bilibsə, bəs nə üçün siz və mən özümüzə bir dəqiqəliyə də olsa, məyus və qəmgin olmağa imkan veririk? Nəyə görə belə bir imkanımız olduğu halda, özümüzü və yaxınlarımızı bədbəxt və qəmgin edirik. Başqa sözlə bunun üçün həyatından razı olan şən insan roluna girməyimiz yetməzdimi?” Bundan çox illər qabaq mən balaca bir kitab oxudum; bu kitab həyatımda silinməz bir iz buraxmışdı. Kitabın adı belədir: “İnsan necə düşünür”. Müəllifi isə Ceyms Leyn Allendir. Orada belə yazılmışdır:
“İnsana məlum oldu ki, o, şeylərə və digər insanlara münasibətini dəyişərsə, onlar da ona qarşı öz münasibətini dəyişəcəklər.” Kifayətdir ki, insan öz fikirlərini qəti şəkildə dəyişsin, onda təəccüblü də olsa, görəcəkdir ki, necə də tezliklə onun maddi həyat şəraiti dəyişəcəkdir. İnsanları özünə cəlb edən onların istəklərinə görə deyil, bu varlığımızda təcəssüm edən və taleyimizi müəyyənləşdirən ilahi qüvvədir. O, bizim əsl mahiyyətimizdir. İnsan həyatda nəyə nail olursa, bunların hamısı yalnız onun şəxsi düşüncələrinin birbaşa nəticəsidir. İnsan ancaq öz düşünmə qabiliyyətini artırmaqla yüksələ bilər, qələbə qazanar, qalib gələr. Əksinə öz düşüncələrin və təfəkkürünü yüksəltməkdən imtina edərsə, o, həqiqətən gücsüz, zavallı və bədbəxt vəziyyətdə qalacaqdır.”
«Məişət» kitabında deyilir ki, Yaradan insana bütün Yer üzündə hakimliyi vermişdir. Sözsüz ki, bu böyük bəxşişdir. Ancaq mənim üçün belə, müstəsna ixtiyar yüksək hakimiyyət heç nədir. Hamıdan çox mən öz üzərimdə hakimliyimi arzu edirəm: öz təfəkkürüm və keçirdiyim qorxular üzərində, öz ağlım, öz qəlbim və öz nəfsim üzərində hakimiyyəti ələ almaq istəyirəm. Mənim bildiyimə görə, ən əsas cəhət belə hakimiyyətə istənilən vaxt, son dərəcə asan şəkildə necə yiyələnə bilməyimizdən ibarətdir. Bunun üçün sadəcə olaraq yalnız və yalnız öz hərəkətlərimi idarə etməyi nizamlamağı bacarmalıyam və onlar da öz növbəsində mənim reaksiyalarıma (münasibətimə) təsir edəcəkdir.
Beləliklə, gəlin Uilyam Ceymsin aşağıdakı sözlərini yada salaq: “Çox vaxt müsibət və bədbəxtlik hesab etdiyimizi sadəcə olaraq öz əhvali-ruhiyyəmizi dəyişməklə ilhamverici və sağlamlaşdırıcı hala gətirə bilərik, bunun üçün bədbəxtkəranəlikdən və qorxu halımızdan mübarizəyə keçmək lazımdır.”
Demək, xoşbəxtliyimiz naminə mübarizə etməliyik!
Gəlin, nikbin və konstruktiv əməli düşüncəmizə söykənərək səadətimiz uğrunda mübarizəyə başlayaq. Bunun üçün hər gün əməl edəcəyimiz bir proqram təklif edirəm. O, belə adlanır: «Məhz bu gün.» Mən bunu o qədər həvəsləndirici proqram sandım ki, onu yüzlərlə nüsxədə dərc edərək payladım. Onu mərhum Sibilla F.Partric otuz altı il öncə yazmışdı. Əgər siz və mən bu proqrama əməl etsək, keçirdiyimiz həyəcan hissinin əksər hissəsini aradan qaldırar və fransızların təbirincə desək, «həyat sevincini» son dərəcə artırarıq — La joie de vivre.

MƏHZ BU GÜN

1. Mən məhz bu gün xoşbəxt olacağam.
Bu o deməkdir ki, mən Avraam Linkolnun: “İnsanların əksəriyyəti xoşbəxt olmaq əzmində olduqları həddə qədər xoşbəxtdirlər.” mülahizəsini əldə rəhbər tutacağam. Xoşbəxtlik bizim öz daxilimizdədir. O, xarici şəraitin nəticəsi deyildir.
2. Məhz bu gün məni əhatə edən həyata uyğunlaşmağa çalışacağam, lakin cəhd göstərməyəcəyəm ki, hər şeyi arzularıma uyğunlaşdırım. Öz ailəmi, öz işimi və öz həyat şəraitimi necə varsa, olduğu kimi qəbul edəcəyəm və onlara uyğunlaşmağa çalışacağam.
3. Məhz bu gün orqanizmimə qayğı göstərəcəyəm. Mən gimnastika ilə məşğul olacaq, öz bədənimin təmizliyi qayğısına qalacaq, düzgün qidalanacaq və çalışacağam ki, öz sağlamlığıma zərər yetirməyim və ona laqeyd qalmayım. Elə olsun ki, mənim bədənim tələblərimi yerinə yetirə biləcək ideal maşın vəziyyətinə düşsün.
4. Məhz bu gün əqlimin inkişafına fikir verəcəyəm. Mən nə isə bir faydalı iş öyrənəcəyəm. Əqli cəhətdən tənbəl olmayacağam. Güc, təfəkkür və diqqətin mərkəzləşməsini tələb edən yazılar oxuyacağam.
5. Məhz bu gün əxlaqi cəhətdən təkmilləşməyimlə məşğul olacağam. Bunun üçün üç işi yerinə yetirməliyəm. O adam özü bilmədən kiməsə, və nədəsə yaxşılıq etməliyəm. Uilyam Cemsin məsləhətinə istinadən sadəcə olaraq mən özüm istəmədiyim heç olmazsa iki önəmli iş icra etməliyəm.
6. Məhz bu gün mən hər kəsə qarşı xeyirxah əhvali-ruhiyyədə olacağam. Çalışacağam ki, mümkün qədər yaxşı görkəmdə olum: mümkün olduqca mənə daha çox yaraşan paltarlarımı geyinəcəyəm, sakit səslə danışacağam, özümü səmimi aparacağam, tərifləməkdə “əliaçıq” olacağam, çalışacağam ki, heç kəsi tənqid etməyim, heç kəsə irad tutmayam və kiməsə münasibətdə özümü rəhbər kimi aparmayım və ya kiminsə səhvlərini tutmağa çalışmayım.
7. Məhz bu gün çalışacağam ki, yalnız bu gün üçün yaşayam, bütün həyati problemlərimin hamısını birdən həllinə çalışmayım. Mən 20 saat ərzində elə naqis işlər törədə bilərəm ki, əgər belə işlərlə bütün ömrüm boyu məşğul olsam belə, onlar məni yenə də dəhşətə gətirmiş olar. Amma mən naqis işləri çalışacağam ki, etməyim.
8. Məhz bu gün görüləsi işlərimin proqramını qeyd edəcəyəm. Hər saat ərzində nə iş görməyə hazırlaşıramsa; onları yazacağam. Ola bilər ki, bunların hamısını proqram üzrə yerinə yetirə bilməyəcəyəm. Bu məni tələskənlikdən və qətiyyətsizlikdən qurtarmış olacaqdır.
9. Məhz bu gün mən yarım saat vaxtımı tənhalıqda sakit keçirəcəyəm və əsəb gərginliklərindən tam azad olmağa çalışacağam.
10. Məhz bu gün mən heç nədən qorxmayacağam, ələlxüsus xoşbəxt olmaq ümidini itirməyəcəyəm, gözəlliklərdən zövq almaqdan və sevməkdən usanmayacağam, kimləri sevirəmsə, onların da məni sevdiklərinə inam bəsləyəcəyəm. Əgər siz istəyirsinizsə ki, özünüzdə sizə sakitlik və nikbinlik bəxş edən xoş əhvali-ruhiyyə yaradasınız, I qaydanı yerinə yetirin: «Düşünün və özünüzü gülərüzlü aparın və nəticədə siz özünüzü bəxtiyar hiss edəcəksiniz.»

  • Teqlər:
  • motivasiya
  • , xoşbəxtlik üçün məsləhətlər
  • , uğur psixologiyası

Comments are closed, but trackbacks and pingbacks are open.