Press "Enter" to skip to content

Həzrət Əlinin (ə. s) şəhadəti günüdür

İbn Mülcəm Kufəyə gələrək öz məzhəbdaşları ilə görüşdü. Lakin görəcəyi iş barədə kimsəyə bir söz demədi.

Xasiyyət dəyişər?

Sual: Özümüzdə olan pis xasiyyətləri təsbit etmək üçün nə etməliyik?

CAVAB

Hədisi-şərifdə buyuruldu ki:

“Mömin möminin güzgüsüdür.” (Taberani)

İnsan öz qüsurlarını çətin anlayar. Etibar etdiyi yoldaşına soruşaraq da qüsurunu öyrənə bilər. Sadiq olan dost onu təhlükələrdən, qorxulardan mühafizə edən şəxsdir. Belə bir yoldaş tapmaq çox çətindir. Bunun üçündür ki, İmam Şafii həzrətləri buyurdu ki:

Sadiq dost və xalis kimya

Az tapılar, heç axtarma!

Həzrəti Ömər də buyurdu ki:

Yoldaşım ayıbım üçün xəbərdar etdi məni,

Qardaşlıq sünnətinin budur təməli!

Düşmənlərinin ona qarşı istifadə etdikləri sözlər də insanın ayıblarından xəbərdar olması üçün faydalı olar. Çünki düşmən insanın ayıblarını axtarıb üzünə vurar. Yaxşı yoldaşlar isə insanın ayıblarını çox görməzlər. Bir nəfər İbrahim Əthəm həzrətlərinə ayıbını, qüsurunu bildirməsi üçün xahiş edəndə, “Səni özümə dost etdim. Hər halın, hərəkətin mənə gözəl görünür. Ayıbını başqalarına soruş” dedi.

Başqasında bir ayıb görəndə bunu özündə axtarmaq, özündə taparsa, bundan xilas olmağa çalışmaq da pis xasiyyətlərin dərmanlarındandır. “Mömin möminin güzgüsüdür” hədisi-şərifinin mənası budur. Yəni, başqasının ayıblarında öz ayıblarını görər. Həzrəti İsadan, gözəl əxlaqını kimdən öyrəndin, soruşanda, Heç kimdən öyrənmədim. İnsanlara baxdım. Xoşuma gəlməyən xasiyyətlərindən çəkinib, bəyəndiklərimi mən də etdim” buyurdu.

Həzrəti Loğmana da “Ədəbi kimdən öyrəndin” dedikləri zaman, “Ədəbsizlərdən” dedi.

Əshabı-kiramın, övliyaların həyat hekayələrini oxumaq da yaxşı xasiyyətli olmaya səbəb olur.

Sual: Özümüzdə olan pis bir xasiyyətdən xilas olmaq üçün nə etmək lazımdır?

CAVAB

Özündə pis xasiyyət olan kimsə buna tutulmağın səbəbini araşdırması lazımdır, bu səbəbi yox etməyə, bunun ziddini etmək üçün çalışması lazımdır. Pis xasiyyətdən xilas olmaq, bunun ziddini etmək üçün çox çalışmaq lazımdır. Çünki insanın vərdiş etdiyi şeydən xilas olması çətindir. Pis şeylər nəfsə şirin gəlir. İnsan pis şey edəndə, arxasından riyazət çəkməsi, nəfsə çətin gələn şey etməyi adət etməsi də faydalı əlacdır. Məsələn, bir pislik etsəm bu qədər sədəqə verəcəyəm və ya oruc tutacağam, gecə namazları qılacağam, deyə and içməsi lazımdır. Nəfs, bu çətin şeyləri etməmək üçün onlara səbəb olan pis adətini etməz. Pis əxlaqın zərərlərini oxumaq, dinləmək də faydalı dərmandır. Bu zərərləri bildirən hədisi-şəriflər çoxdur. İslam Əxlaqı kitabındakı hədisi-şəriflərdən bir neçəsi belədir:

“Allah qatında pis xasiyyətdən böyük günah yoxdur.” Çünki, bunun günah olduğunu bilməz. Tövbə etməz. İşlədikcə günahı qat-qat artar.

“İnsanların heç çəkinmədən, sıxılmadan etdikləri günah pis xasiyyətli olmaqdır.”

“Hər günahın tövbəsi vardır. Pis əxlaqın tövbəsi olmaz. İnsan, pis xasiyyətinin tövbəsini etməyib, daha pisini edər. “

“İsti su buzu əritdiyi kimi, yaxşı əxlaq da səhvləri əridər. Sirkə balı xarab etdiyi kimi pis əxlaq da xeyrat, yaxşılığı məhv edər.”

Sual: Xasiyyət dəyişər? Pis vərdişlərdə ətrafın rolu nədir?

CAVAB

Vərdiş, bir şeyi təkrarlayaraq asanlıqla edə bilmə mələkəsidir. Xasiyyət, qəlb ilə ruhun mələkəsi, vərdişidir. Yerləşmiş olan xasiyyətə mələkə deyilir. Keçici olan xasiyyətə hal deyilir. Məsələn gülmək, utanmaq, bir haldır. Comərdlik, cəsarət, bir mələkədir. Xasiyyət, mələkə deməkdir. Ara-sıra xeyr işləmək xasiyyət deyildir. Hər zaman xeyr işləyərsə, comərd xasiyyətli olar. Fəqət, özünü məcbur edərək edərsə, yenə comərd xasiyyətli olmaz. Asanlıqla, sevə-sevə edərsə xasiyyət deyilir. Xasiyyət, yaxşı və ya pis iş etməyə və ya yaxşı və pis olmayan şeyə səbəb olar. Bunlar üçə ayrılar. Birincisinə, fəzilət və ya gözəl xasiyyət deyilir. Comərdlik, igidlik belədir. İkincisinə rəzalət və ya pis xasiyyət deyilir. Xəsislik belədir. Üçüncüsünə sənət deyilir. Dərzilik, əkinçilik kimi.

Alimlər xasiyyətin dəyişib-dəyişməməsi haqqında deyirlər ki:

1- Xasiyyət dəyişməz. Çünki bir hədisi-şərifdə, “Bir dağın yerindən ayrıldığını eşitsəniz təsdiq edin. Amma bir adam xasiyyətini dəyişdirmiş desələr təsdiq etməyin. Çünki insanın fitrətindəki xasiyyət davam edər.” buyurulur. Bu baxımdan portağal çəyirdəyindən qoz olmaz. Hirs, şəhvət kimi insanın fitrətində olan şeylər yox edilə bilməz. Onun üçün can çıxar xasiyyət çıxmaz, deyilmişdir.

2- Xasiyyətin, insanla birlikdə yaradılmış olanı dəyişdirilə bilməz, sonradan hasil olanı dəyişə bilər. Bəli, qəzəb və şəhvət tərbiyə ilə yox edilə bilməz. Fəqət, dinimiz də bunların yox edilməsini deyil, tərbiyə edilməsini əmr edir. Tərbiyə ediləndə zərərlərinə mane olunur. Tərbiyə etmək başqa, yox etmək başqadır. Nəsihət ilə insan tərbiyə edilə bilər. Onun üçün Qurani-kərimdə məalən, “Nəsihət et, nəsihət möminlərə əlbəttə fayda verər” buyurulur. (Zariyat 55)

“İnsan xasiyyətini dəyişdirə bilməz. Çünki yaradılışdakı xasiyyət davam edər.” hədisi-şərifi, yaradılışda olan xasiyyətlərin dəyişməyəcəyini göstərər. Fəqət, “Xasiyyətinizi gözəlləşdirin”, “Hər kəs Müsəlmanlığa əlverişli olaraq dünyaya gələr. Bunları sonra ana-ataları, qeyrimüsəlman və imansız edər” hədisi-şərifləri də xasiyyətin dəyişə biləcəyini göstərir. Bəli, portağal çəyirdəyindən qoz olmaz. Fəqət, baxıb peyvənd edilərsə, çəyirdəksiz dadlı, iri portağal olar. Ağılsız heyvanı belə əhliləşdirmək, ona bəzi vərdişlər öyrətmək mümkündür. Məsələn, ov heyvanına, ovunu yeməməsi, tutduğu ovu gətirməsi öyrədilə bilir. Ağıllı insanın tərbiyəsi, xasiyyətinin dəyişdirilməsi isə daha asandır.

3- Xasiyyət sonradan əldə edilər və dəyişdirilə bilər. Alimlərin çoxu bu üçüncü görüşü mənimsəmişdirlər. Onlara görə,

“Övladınıza ikram edin, onları ədəbli, tərbiyəli yetişdirin!”

“Hamınız bir sürünün çobanı kimisiniz. Çoban sürüsünü qoruduğu kimi, siz də evinizdə və əmrləriniz altında olanları Cəhənnəmdən qorumağınız lazımdır! Onlara Müsəlmanlığı öyrətməsəniz məsul olarsınız” hədisi-şərifləri göstərir ki, insanlar yaxşılığa əlverişli olaraq doğular. Sonra nəfsin pis arzuları və gözəl əxlaqı öyrənməmək və pis yoldaşlarla ooturub-durmaq, ətrafın təsiri ilə pis xasiyyətləri meydana gətirər.

Pis vərdiş haram işləməyə alışmaq deməkdir. Haram olmayan şeydən istifadə etməyə, məsələn, çay içməyə pis vərdiş deyilməz. Spirtli içki, qumar, uyuşdurucu, zina vərdişi (asılılığı) bir pis vərdişlərdir. Pis vərdişlərə əlini verən qolunu ala bilməz. Onun üçün öyrəşmiş qudurmuşdan pisdir, deyilir.

Pis vərdişlərə ətrafın təsiri böyükdür. Ətrafı dəyişdirməli, yaxşı insanlarla birlikdə olmalı, hər haramdan çəkinməli və xüsusilə namazı əsla tərk etməmək lazımdır. Çünki Cənabı Haqq “Namaz insanı əxlaqsızlıqdan və münkərdən (yəni hər cür pislikdən) qoruyar” buyurur. Saleh insanların nəzarəti altında namaza davam edən pis vərdişdən xilas olar, tərtəmiz insan olar.

Oruc ilə, insan güclü bir iradə qüvvəti qazanar. Spirt, narkotik kimi pis vərdişlərindən oruc vəsiləsi ilə xilas olanlar çox görülür. Allahın əmri olduğu üçün, ramazanda bir ay oruc tutan bir Müsəlman, Allahu təalanın əmrlərini etmək vərdişini də qazanar. Beləliklə, Onun başqa əmrlərini etməyə də səy göstərər və qabiliyyət əldə edər.

Tənbəllikdən xilas olmaq üçün əvvəl bunun pis olduğunu bilmək, ondan sonra müalicəsinə baxmaq lazımdır. “İnsan, ancaq çalışdığının faydasını görər” məalindəki ayəti-kəriməni düşünmək lazımdır. Rəsulullah əfəndimiz tənbəllikdən Allahu təalaya sığınmış, “Ya Rəbbi, məni tənbəllikdən qoru!” deyə dua etmişdir. Tənbəlliyin dərmanı çalışqanlarla söhbət etmək, tənbəl, key insanlardan uzaq durmaq, Allahu təaladan həya etmək lazım gəldiyini və əzabının şiddətli olduğunu düşünməkdir. Dinini yaxşı bilən saleh kəslərlə görüşmək lazımdır. Sübh namazına oyanmaq üçün zəngli saat kimi bir tədbir almaq lazımdır. Bir neçə gecə qalxanda, artıq adət olar, oyanmaq asanlaşar. Bir insan bir işin özü üçün faydalı olacağına inanmadıqca, yeni bir şeyi qəbul etməz, köhnə vərdişindən də imtina edə bilməz.

Yaxşı işləri etməyə özünü məcbur edən gözəl xasiyyətləri əldə edə bilər. Məsələn, xəttatlıq qabiliyyəti olan, heç xəttatlıqla məşğul olmazsa, gizli qabiliyyəti meydana çıxmaz. Fəqət, bu sənətlə məşğul olmağa çalışarsa, gözəl yazı yaza bilər. Gözəl xasiyyətləri vərdiş halına gətirmək, gözəl xasiyyətli olmağı asanlaşdırar. Xəsis bir kimsə xeyir iş görməyi, tanışlarına ziyafət verməyi adət halına gətirərsə, xəsislikdən xilas olması mümkündür. Vərdişlik halına gələn kiçik günah da böyük günah ola bilər. Böyük günaha alışan da küfrə düşə bilər.

Sual: Əxlaq dəyişməzmi?

CAVAB

Hər kəsin əxlaqı dəyişə bilər. Heç bir kimsənin xasiyyəti yaradılışdakı kimi qalmaz, sonradan dəyişə bilər. Əxlaq dəyişməsəydi, Peyğəmbərlərin göndərilməsi, haşa faydasız, lüzumsuz olardı. Tərbiyə və cəza üsulları əbəs olardı. Elmin və tərbiyənin fayda təmin edəcəyi hər zaman görülmüşdür. O halda, əxlaqın dəyişdiyi günəş kimi meydandadır. Ancaq, bəzi xasiyyətlər çox yerləşmiş, ruhun xüsusiyyəti kimi olmuşdur. Belə xasiyyətləri dəyişdirmək, yox etmək çox çətin olar. Belə əxlaq ən çox cahil, pis kəslərdə olar. Bunu dəyişdirmək üçün ağır riyazət və çox mücahidə lazımdır. Nəfsin istəklərini etməmək üçün çalışmağa Riyazət, nəfsin istəmədiyi şeyləri etməyə Mücahidə deyilir.

İnsanlar yaxşılığa, yüksəlməyə əlverişli olaraq doğulur. Sonra, nəfsin pis arzuları və gözəl əxlaqı öyrənməmək və pis yoldaşlarla oturub-durmaq pis xasiyyətləri meydana gətirər. Hədisi-şərifdə buyuruldu ki:

“Hər uşaq Müsəlmanlığa əlverişli olaraq doğular. Bunları sonra ana-ataları, yəhudi, xristian və ya dinsiz edər.” (Tabərani)

Sual: Yaxşı xasiyyətli olmaq və yaxşı əxlaqı mühafizə edə bilməyin çarəsi nədir?

CAVAB

Pis niyyət ilə olmayan hikmət, ədalət, iffət və şücaət, yaxşı əxlaqın qaynağıdır. Yaxşı xasiyyətli olmaq üçün və yaxşı əxlaqı mühafizə edə bilmək üçün, saleh kəslərlə, yaxşı xasiyyətlilərlə yoldaşlıq etmək lazımdır. İmam Rəbbani həzrətləri buyurur ki:

“Xilas olmağın tək çarəsi vardır, o da xilas olanlarla birlikdə olmaqdır.”

İnsanın əxlaqı yoldaşının xasiyyəti kimi olar. Əxlaq, xəstəlik kimi yoluxucudur. Pis xasiyyətli ilə yoldaşlıq etməmək lazımdır. Hədisi-şərifdə, “İnsanın dini yoldaşının dini kimi olar” buyuruldu. Faydasız şeylərdən, oyunlardan, zərərli zarafatlaşmalardan və münaqişə etməkdən çəkinmək lazımdır. Elm öyrənmək və faydalı işlər etmək lazımdır.

Əxlaqı pozan, şəhvəti hərəkətə gətirən seks, əxlaqsız kitabları oxumamaq, belə radio və televiziyadan çəkinmək lazımdır. Yaxşı xasiyyətlərin faydalarını və haramların zərərlərini və Cəhənnəmdəki əzablarını həmişə xatırlamaq lazımdır.

Mal, vəzifə arxasından gedənlərin heç biri muradına qovuşa bilməmişdir. Malı, vəzifəni xeyir üçün axtaran və xeyir işlərdə istifadə edən rahata, hüzura qovuşmuşdur.

Mal, vəzifə məqsəd olmamalı, xeyrə vasitə olması lazımdır. Mal, vəzifə bir dəryaya bənzəyər. Çok kimsə bu dənizdə boğulmuşdur. Allahu təaladan qorxmaq, bu dəryanın gəmisidir. Hədisi-şərifdə, “Dünyada qalıcı deyil, yolçu kimi yaşamaq lazımdır! Öləcəyini heç unutmamaq lazımdır!” buyuruldu. İnsan dünyada baqi deyildir. Dünya zövqlərinə daldıqca dərdlər, kədərlər, çətinliklər artar.

Aşağıdakı hədisi-şərifləri heç unutmamaq lazımdır:

İnsan az ibadət etsə də, gözəl əxlaqı ilə ən yüksək dərəcəyə çatar.” (Tabərani)

“İnsan gözəl xasiyyəti ilə Cənnətin ən üstün dərəcələrinə qovuşar. (Nafilə) ibadətlərlə bu dərəcələrə qovuşa bilməz. Pis xasiyyət insanı Cəhənnəmin ən aşağısına sürükləyər.” (Tabərani)

“İbadətlərin ən asanı az danışmaq və yaxşı xasiyyətli olmaqdır.” (İbni Əbid-dünya)

Birinin gündüzləri oruc tutduğunu, gecələri namaz qıldığını, fəqət, pis xasiyyətli olduğu, dili ilə qonşularına, yoldaşlarına əziyyət etdiyi deyildikdə, Peyğəmbər əfəndimiz cavabında, “Belə olmaq yaxşı deyildir. Gedəcəyi yer Cəhənnəm alovudur.” buyurdu.

İnsan günahını nə qədər çox böyük görərsə o qədər yaxşıdır. Fəqət, günahı üzündən Allahu təalanın sonsuz rəhmətindən ümid kəsmək caiz deyildir. Hədisi-şərifdə buyurulur ki:

“Allahu təala buyurdu ki: İşlədiyi günahı əfvimdən böyük görənlərə qəzəblənərəm. Əgər tələsk şanımdan olsaydı, tələsik cəza versəydim, rəhmətimdən ümid kəsənlərə tələsik cəza verərdim.” (Deyləmi)

Allahu təala tövbə edilən günahları əfv edər.

Sual: Can çıxar, xasiyyət çıxmaz, deyilir, pis xasiyyət dəyişməzmi?

CAVAB

Can çıxar, xasiyyət çıxmaz sözü hirs, şəhvət kimi insanın fitrətində olan şeylərin tamamilə yox edilə bilməyəcəyini bildirmək üçün deyilmişdir. Tərbiyə etmək başqa, yox etmək başqadır. Nəsihət ilə insan tərbiyə edilə bilər. Onun üçün Qurani-kərimdə məalən buyurulur ki:

“Nəsihət et, nəsihət möminlərə əlbəttə fayda verər.” (Zariyat 55)

Xasiyyəti dəyişdirmək mümkün olduğu üçün uşaq tərbiyəsi haqqındakı hədisi-şəriflərdə buyuruldu ki:

“Uşağı gözəl tərbiyə övladın atasındakı haqlarındandır.” (Beyhəqı)

“Uşaqı tərbiyə etmək tonlarla sədəqədən daha savabdır.” (Tirmizi)

Peyğəmbər əfəndimiz, “Əxlaqınızı gözəlləşdirin” buyurdu. “Din nədir?” deyə sual ediləndə də, “Din, gözəl əxlaqdır” buyurdu.

Bu halda dinin əmrlərinə itaət edib qadağan etdiklərindən şəkinən, xasiyyətini dəyişdirib gözəl əxlaqa sahib olar. Gözəl əxlaqın nə olduğu soruşulduğu vaxt da buyurdu ki:

“Gözəl əxlaq, gəlməyənə getmək, verməyənə vermək və zülm edəni əfv etməkdir.” (Hakim)

Ağılsız heyvanı belə əhliləşdirmək, bəzi vərdişlər öyrətmək mümkündür. Məsələn, ov heyvanına, ovunu yeməməsi, tutduğu ovu gətirməsi öyrədilə bilər. Ağıllı insanın tərbiyəsi isə daha asandır. Dinimiz də nəfsimizi tərbiyə etməyimizi, nəfsini tərbiyə edənlərin iki dünya səadətinə qovuşacağını bildirir. Nəfsimizlə cihadın əhəmiyyəti böyükdür. Hədisi-şərifdə buyuruldu ki:

“Əsl mücahid, Allahu təalaya itaət uğrunda nəfsi ilə cihad edəndir.”(Tirmizi)

Bir ərik çəyirdəyi nə almadır, nə də ərikdir. Bu çəyirdək torpağa qoyulur, sulanıb gübrələnərsə ərik ağacı ola bilər. Bu ağacdan da ərik alına bilər. Bu ağaca nə qədər baxılarsa baxılsın, ərik çəyirdəyindən alma olmaz.

Elə bunun kimi, qəzəb və şəhvət tərbiyə ilə yox edilə bilməz. Onsuzda dinimiz də bunların yox edilməsini deyil, tərbiyə edilməsini əmr edir. Tərbiyə ediləndə də zərərlərinin önünə keçilir. Məsələn, qəzəbin vurub-dağıtmaq dərəcəsində olması pis olduğu kimi, qəzəbin tamamilə yox olması da zərərlidir. Təhlükələrə qarşı çıxa bilməz. Tərbiyə ilə doğru insan oluna bilər. İsraf da, xəsislik də pisdir. İkisinin ortası comərdlikdir. Tərbiyə ilə dinə tabe olmaqla insan comərd ola bilər. Dinimiz həddi aşmaqdan uzaq olmağı, orta yolda olmağı əmr edir. Qurani-kərimdə məalən buyurulur ki:

“Sizi vasat bir ümmət qıldıq (Bəqərə 143)

Hədisi-şərifdə də buyuruldu ki:

“İşlərin xeyirlisi vasat olanıdır.” (Beyhəqı)

[Vasat, ifratdan və həddi aşmaqdan uza olan deməkdir.]

Qüsurları bilmək üçün

Sual: Qüsurlarımı öyrənib düzəltmək istəyirəm. Fəqət, qüsurlarımı necə öyrənə bilərəm?

CAVAB

İmam Qəzali həzrələri buyurur ki:

İnsanların bəziləri, hətta çoxu, öz qüsurunu görə bilməz. Elin gözündəki çöpü görər, öz gözündəki tiri görə bilməz. Vərdiş halına gətirdiyimiz qüsurlarımızın səhv olduğunu belə düşünmərik. Qüsuru öyrənməyin bir neçə yolu var:

1- Bir şey öyrənmək istəyən, o barədə özünü tələbə qəbul etməsi lazımdır. Yaşı özündən kiçik də olsa, bilmədiyi xüsuslarda bilənlərə soruşması lazımdır. Qəlbin qüsurlarını bilən, elmi ilə amil saleh birindən qüsurlarını və müalicə çarələrini öyrənməsi lazımdır.

2- Özünə qüsurlarını göstərəcək saleh və bəsirət sahibi bir yoldaş tapması lazımdır, qüsurlarını söyləməsi üçün ona xahiş etməsi lazımdır. Həzrəti Ömər Əshabi-kiramdan bəzilərinə qüsurlarını soruşardı.

Ağıllı kimsə, daim özünü qüsurlu görməsi lazımdır. Həqiqi dostlarımızdan başqasına qüsurumuzun nə olduğunu soruşmaq faydasızdır. Kimi yaltaqlıq edər, qüsurlarımızı gizləyib söyləməz. Kimisi də həsəd edər, qüsur olmayan şeyi qüsur kimi göstərər.

Qüsurumuzu səmimi olaraq söyləyən çıxarsa, asan qəbul edə bilmərik. Halbuki başqalarının xəbərdarlığı ilə qüsurlarımızı düzəltməyimiz böyük fəzilətdir.

Pis xasiyyətlərimiz zəhərli ilan və əqrəb kimidir. Biri, pencəyimizdə bir əqrəb olduğunu söyləsə, doğru söyləyib söyləmədiyinə baxmadan dərhal pencəyi çıxardarıq. Pis xasiyyətlər isə əqrəbdən daha təhlükəlidir. Əqrəb ən çox bizi zəhərləyib öldürə bilər. Fəqət, pis xasiyyətlər sonsuz fəlakətimizə səbəb ola bilər. Pis xasiyyətlərimizi xəbər verənə təşəkkür etmiriksə, bizi xəbərdar etdiyi üçün sevinmiriksə, həqiqətən qüsurlu olduğumuz aydın olar.

Hələ bir də, “Sənin də bu qüsurların var. Bir də mənə nəsihət edirsən?” deyərək nəsihəti qəbul etmədiyimizi göstərərsək, pis olduğumuz daha çox meydana çıxar.

Bu hal günahlarımızın çoxluğu səbəbiylə qəlbimizin qaraldığını göstərir. Daha açığı iman zəifliyindən meydana gəlir. Qüsurlarımızı söyləyənə təşəkkür və dua etməyimiz lazımdır!

3- Düşmənlərimiz də qüsurlarımızı söyləyə bilər. Çünki kin və nifrət gözü ilə baxan, qüsurları daha asan görər. Belə bir düşmən qüsurlarımızı gizləyən yaltaqdan daha yaxşıdır. İnsan təbiəti düşmənin tənbehini xoş görməz. Fəqət, ağıllı kimsənin düşmənin sözlərindən istifadə etməsi, söylədiyi qüsurları düzəltməyə çalışması lazımdır.

4- Qüsurlarımızı öyrənməyin bir başqa yolu da başqa müsəlmanlara baxmaqdır. Hədisi-şərifdə buyuruldu ki:

“Mömin möminin güzgüsüdür.” (Tabərani)

Başqasının qüsurlarında öz qüsurlarını görər. Başqasında görüb xoşlanmadığı şeylərdən özünü təmizləyər. Bir çox saleh kimsə pis insanın pisliyini görüb özlərini islah etmişdirlər. Bir əyyaş düşünün, çox içdiyi üçün yol kənarında yatıb, qusduğunu itlər yalayırlar. Bu halı görən kimsə əyyaşlığa qibtə etməz. Bunun kimi qumarbazın oğrunun halına qibtə etməz. Yaxşıların yaxşılıqlarına qibtə edər. Bildirilən bu yollarla qüsurlarımızı düzəltməyimiz mümkündür.

5- İnsan öz qüsurlarını çətin anlayar. Etibar etdiyi yoldaşına soruşaraq da, qüsurunu öyrənər. Sadiq dost yoldaşını, təhlükələrdən, qorxulardan qoruyan kimsədir. Belə bir yoldaş olarsa, bunu böyük nemət bilmək lazımdır. Onun tövsiyəsinə və nəsihətlərinə hirslənməmək lazımdır, əksinə çox sevinmək lazımdır. Məsələn, qeybətin zinadan pis olduğu, savabları atəşin quru odunu yandırdığı kimi yox etdiyi hədisi-şəriflərlə bildirilmişdir. Biz qeybət etməyə başlayanda bir yoldaşımız, “Sus savabların yanacaq, Cəhənnəmə gedəcəksən” desə, bizə yaxşılıqmı, pislikmi etmiş olar? Yaxşılıq etdiyinə görə belə yoldaşa hirslənməkmi, yoxsa minnətdar olmaqmı lazımdır? Yanımızda bir yoldaşın qeybəti ediləndə, dərhal müdaxilə etməyimiz lazımdır. Çünki hədisi-şərifdə buyuruldu ki:

“Qeybət edilən yoldaşını gücü çatdığı halda himayə etməyəni Haqq təala dünya və axirətdə zəlil edər.” (İ.Əbiddünya)

Pis xasiyyətlər qəlbi, ruhu xəstə edər. Xəstəliyin artması, qəlbin, ruhun ölməsinə səbəb olar. Müsəlmanın əvvəl qəlbini təmizləməsi lazımdır. Çünki hədisi-şərifdə buyuruldu ki:

“İnsanın bədənində bir ət parçası vardır. Bu yaxşı olarsa, bütün üzvləri yaxşı olar. Bu pis olarsa bütün orqanları pozuq olar. Bu qəlbdir.” (Beyhəqı)

Qəlb, ürək deyilən ət parçasındakı könüldür. Pis xasiyyətlər çoxdur. Hamısı üçün müştərək dərman xəstəliyi, zərərini, səbəbini, ziddini və dərmanın faydasını bilməkdir. Bu xəstəliyi özündə diaqnoz etmək, axtarmaq, tapmaq lazımdır. Bu diaqnozu hər kəs özü etməsi lazımdır. Özü etməzsə, yaxşıların, saleh kəslərin bildirməsi ilə anlaması lazımdır.

Bizə qarşı pislik edən zalımları əfv etmək, onlara yaxşılıq etmək bir fəzilətdir. Fəqət, başqalarına zülm edən, Allahu təalaya üsyan edənlərə ehsan edilməz. Çünki zalıma ehsan edincə məzluma haqsızlıq edilmiş olar. Zalımlara, bidət sahiblərinə və başqalarına zərəri toxunan kəslərin günahlarını aşkar etməkdə zərər yoxdur. Bəzən lazımdır.

Uşaq ateist doğular?

Sual: Bir ateist professor deyir ki: “Mən doğulduqdan sonra anam ölmüş, atamı heç tanımıram. Kimsəsiz böyüdüm. Ətrafımın heç bir təsiri altında qalmadım. Öz ağılıma görə yetişdim və ateist oldum. Bu da mənə göstərir ki, hər uşaq ateist olaraq doğulur. Sonra ətrafı onu dindar edir.”

Bunun elmi bir tərəfi vardır?

CAVAB

Bu elmi deyil, subyektiv bir şərhdir. Xristianlar da, “Uşaqlar günahkar doğular” deyə, şərabla vəftiz edirlər. Halbuki hər uşaq, günahsız və yaxşılığa, gözəlliyə əlverişli olaraq doğular. Sonra ətrafı onu pozar. Uşağın yetişmə şəkli çox əhəmiyyətlidir. Necə yetişərsə elə böyüyər, elə yaşayar. Kimi doğuluşdakı gözəl fitrətini tamamilə itirər, Əbu Cəhil kimi kafirliyinə davam edər. Kiminin də fitrəti yox olmaz, üzəri örtülər, İslamiyyəti görəndə Həzrəti Ömər kimi sevər və beləcə fitrəti meydana çıxar. Kafirlər içində olduğu halda İslamiyyəti qəbul edərlər.

Peyğəmbər əfəndimiz buyurur ki:

“Hər uşaq, İslam fitrəti üzərinə doğular, yəni Müsəlmanlığa əlverişli olaraq dünyaya gələr. Sonra bunları anaları, ataları (və ətrafı), Yəhudi, Xristian və ya dinsiz edər.” (Tabərani)

Demək ki, anası ölən və atası bilinməyən professor, ətrafındakı pis insanların təsirində qalaraq doğuşdakı gözəl fitrətini itirmiş və ateist olmuşdur.

Həzrət Əlinin (ə.s) şəhadəti günüdür

Nəsai öz mötəbər sənədi ilə Əmmar ibn Yasirdən bu hədisi nəql etmişdir. Əmmar demişdir ki, mən Əli (ə) ilə bərabər bir döyüşdə idim. Allah Rəsulu «insanların ən pisi olan iki nəfər haqqında sizə məlumat verimmi?» dedi. Biz bəli ey Allah Rəsulu dedik. Həzrət Peyğəmbər, «Birincisi, Səmud qövmündən olub Saleh peyğəmbərin dəvəsini öldürən Uhaymir, o biri də sənin burandan vurub qanını buraya qədər axıdan kəsdir» buyurdu və əli ilə Həzrət Əli (ə)-ın başı ilə saqqalını göstərdi.

Təbəri və ibni Əsir öz tarixlərində Həzrət Əli (ə) –ın şəhadətinin səbəblərini belə izah edirlər. Əbdürrəhman ibn Mülcəm Muradi, Həccac ibn Abdullahi Teymumiyyi Sarimi, Əmr ibn Əbu Bəkr Teymumiyyi Sədi bir yerdə toplaşdılar. Onlar üçü də xarici idilər. Onlar xalqın arasına düşən ixtilafdan danışdılar. Bu ixtilafın törədicilərinin hakimlər olduğunu deyib, onları aradan aparmaq niyyətinə gəldilər. İbn Mülcəm, Əli (ə)-ın öldürülməsini öz üzərinə götürdü. Bərkə adı ilə tanınmış Həccac ibn Əbdullah, Müaviyəni, Əmr ibn Əbu Bəkrə isə Əmr Ası qətlə yetirəcəyini bildirdi.

Onlar üçü də öldürməyi əhd etdikləri adamları öldürmədikcə, yaxud bunun uğrunda ölmədikcə öz qərarlarından dönməyəcəklərinə söz verdilər. Onlar Ramazan ayının on doqquzuncu günü sabah vaxtı bu işi görməyi qərarlaşdırdılar.

İbn Mülcəm Kufəyə gələrək öz məzhəbdaşları ilə görüşdü. Lakin görəcəyi iş barədə kimsəyə bir söz demədi.

Bir gün ibn Mülcəm öz məzhəbdaşlarının birinin evində Qutam adlı gözəl bir qadın gördü. İbn Mülcəm onunla evlənmək istədiyini söylədi. Qadın öz mehriyyəsinin çox ağır; üç min dirhəm, bir qul və bir də Həzrət Əli (ə)-ın öldürülməsi olduğunu dedi.

İbn Mülcəm fəqət Əli (ə)-ın öldürülməsi şərtini yerinə yetirə biləcəyini söylədi. Qutamın atası və qardaşı Nəhrəvanda Əli (ə) tərəfindən döyüşdə öldürülənlərdən idi. İbn Mülcəmin onu öldürməsini öz üzərinə götürməsi onu çox sevindirdi və öz qövmündən Vərdan adlı birisini də ona köməkçi təyin etdi.

Bu zaman Əşca qəbiləsindən olan Şəbib adlı birisi ibn Mülcəmin yanına gəlmişdi. ibn Mülcəm ona «Dünyada və axirətdə ucalmağını istəyirsənmi?» dedi. Şəbib onun nə demək istədiyini soruşduqda, o Həzrət Əli (ə)-ı öldürəcəyini söylədi. Şəbib: «Anan vayına otursun. Əlini necə öldürəcəksən? Sən onun keçmişini, necə müsəlman olmasını, şərəfini, digərlərindən üstünlüyünü, ilk müsəlman olduğunu bildiyin halda onu necə öldürə bilərsən?»

İbn Mülcəm ona Nəhrəvanda öldürülənləri xatırlatdı. Orada ölənlərin qisasının alınmasının vacib olduğunu bildirdi. Şəbib onun sözlərinə aldanaraq ona qoşuldu. Onlar Çərşənbə gecəsi Kufə məscidinə gedərək, Həzrət Əli (ə)-ın gələcəyi yerdə gizləndilər.

Bütün qaynaqlara əsasən hicrətin 40-cı ili Ramazan ayında Həzrət Əmirulmuminin bir gecə Həzrət Həsənin, bir gecə Həzrət Hüseynin, bir gecə də Həzrət Zeynəbin evində iftar edərdi. Lakin hər yerdə üç tikədən artıq bir şey yeməzdi. O, «Mənim üçün mədənin dolu olmadığı və ac olduğum bir halda Allah hüzuruna getmək sevimlidir» deyərdi.

Həzrət Əli (ə) bu ilin Ramazan ayında tez-tez yaxınlarına onlardan ayrılıb Allahın görüşünə gedəcəyindən danışar və ilahi rəhmətə qovuşacağına görə sevinərdi.

O gecə Əli(ə) səhərə qədər Allaha ibadət edir və dua edirdi.

O Həzrətin qızı Ümmü Gülsüm deyir: Həmin gecə atam iftara bizə gəlmişdi. Mən onun üçün duz, çörək və süddən ibarət olan bir iftar süfrəsi düzəltdim. Atam süfrəyə baxıb gözləri yaşardı və mənə buyurdu: Qızım, sən heç indiyə qədər görmüsənmi atan çörəklə iki cür yemək yesin? Bunlardan birini süfrədən götür. Mən südü götürdüm. Atam bir neçə tikə düz çörəklə iftar etdi. Lakin həmin gecə atamın halı çox fərqli idi. O gecə atam səhərə qədər Allaha ibadət edir və belə dua edirdi: “Ilahi, ölümü mənə mübarək et!” Imam o gecə tez-tez həyətə düşüb göyə baxır və bu sözləri təkrar edirdi. “And olsun Allaha ki, nə mən yalan deyirəm, nə də mənə deyilən sözlər yalandır. Bu gecə həmin və’də verilmiş gecədir.”

Nəhayət sübh namazının vaxtı yetişdi. Həzrət namaz qılmaq üçün evdən çıxdı. Həyətdə olan ördəklər Imamın ətəyindən tutub, o həzrətin məscidə getməsinə mane olurdular. Sanki ördəklər də Imamın ölməyini istəmirdilər. Imam qapıdan çölə çıxarkən əbası qapının cəftəsinə ilişdi. O gecə sanki, qapı da Imamın məscidə getməsini istəmirdi. Nəhayət, Imam Kufə məscidinə daxil oldu. Ibn Mülcəm məsciddə üzü üstə yatmışdı. Həzrət Əli(ə) onu yuxudan oyadıb buyurdu: “Ibn Mülcəm, üzü üstə yatma. Çünki, bədbəxt adamlar həmişə üzü üstə yatar.”

Hətta Ramazan ayının birinci günü bir xütbəsində belə buyurmuşdur: «Ramazan ayı daxil oldu. O, ayların ən üstünü, ilin əvvəlidir. Bilin ki, gələcək Ramazanda artıq mən sizin aranızda olmayacağam».

Həzrət Həsən (ə) buyurmuşdur: «Atamın yaralandığı sabah, Sübh açılmağa başlamışdı. Atam namaz qılırdı. Mənə dönərək: Ey oğul! Bu gecə yuxuda Həzrət Rəsuli-Əkrəmi gördüm. Ey Allahın Rəsulu! Sənin ümmətindən pislikdən və düşmənçilikdən başqa bir şey görmədim dedim. Həzrət Rəsuli-Əkrəm, onlara bəd dua et buyurdu. Mən də, Ey Allahım! Məni onlardan daha xeyirli olanlara qovuşdur, onlara isə çox pis birini hakim et deyərək dua etdim».

Həqiqətən də Həzrət Əli (ə)-dan sonra Bəni Üməyyə sülaləsi hakimiyyət başına gəldi. Onlar istədikləri kimi bu ümmətlə davranmağa başladılar. Həzrət Əli kimi ədalətli hakimə qarşı çıxanlar sonunda bu xanədanın kölələrinə çevrildi. Onlar da istədikləri kimi bu ümməti idarə etməyə başladılar.

Təbəri və ibn Əsirin rəvayətlərinə görə Həzrət Əli (ə) həmin sabah məscidə getmiş və xalqı “Namaz, namaz” deyərək Sübh namazına dəvət etmişdi.

Bu arada Şəbib, Həzrət Əli (ə)-a bir qılınc zərbəsi yönəltdi, lakin qılınc məscidin qapısına dəydi. Bundan sonra ibn Mülcəm, «Ey Əli! Hökm Allahındır. Sənin və sənin adamlarının deyil» deyə bir qılınc zərbəsi vurdu. Qılınc Həzrət Əlinin düz başının ortasına dəydi. Bu zərbədən sonra Həzrət, «And olsun Kəbənin Rəbbinə ki, qurtuldum və muradıma çatdım» buyurdu.

Həzrət Əlinin namaz qılarkən və ya namazdan əvvəl vurulduğu haqqında ixtilaf vardır. Məşhur rəvayət, Sübh namazının birinci səcdəsinə gedərkən vurulduğunu bildirir.

Həzrət Əli vurulduğu zaman bütün məscid əhli bir-birinə dəydi. «Möminlərin əmirini vurdular, hidayət çırağı söndü» deyə qışqırıb haray-həşir salmağa başladılar.

Həzrəti məsciddən öz evinə gətirdilər.

Bu zaman Həzrəti yaralayan ibn Mülcəmi onun hüzuruna gətirdilər. Həzrət Əli üzünü ona tutaraq dedi: «Ey Allahın düşməni, mən sənə yaxşılıq etmədimmi? Mən sənin üçün yaxşı bir əmir deyildimmi?»

Sonra oğlu İmam Həsənə dönərək, «Ey oğlum, o mənə bir qılınc zərbəsi vurdu. Əgər ölərəmsə, sən də onu bir qılınc zərbəsi ilə öldür. Çünki mən Allah Rəsulundan eşitdim ki, deyirdi: İşgəncə ilə öldürməkdən çəkinin, qudurmuş köpək olsa belə, əziyyətlə öldürməyin,ama bağışlasanız daha yaxşıdır».

Həzrətə içməyi üçün süd gətirdilər ,Həzrət buyurdu məni yaralayana (ibn Mülcəmə) süd vermisinizmi? əvvəl ona verin sonra mənə .

Nubatə ibn Əsbəğ deyir ki, biz hamımız Həzrətin evini dövrələyib oturmuşduq. Həzrət Həsən (ə) evdən çıxıb dağılışmağımızı tələb etdi. Camaat getdi. Fəqət mən qaldım. Evdə ağlaşma səsləri ucalırdı. Həzrət Həsən yenə çıxıb «Sizə evlərinizə gedin demədimmi?» dedi. «And olsun Allaha möminlərin əmirini görməsəm getməyəcəyəm» dedim.

Sonra o Həzrətin hüzuruna girdim. Möminlərin əmiri bir yastığa söykənmişdi. Çoxlu qan itirdiyindən üzü saralmışdı. Əyilib üzündən öpdüm və ağladım. İmam buyurdu: «Ey Əsbəğ, ağlama. Mən həqiqətən Cənnətə doğru gedirəm.»

«Ey möminlərin əmiri! Sənin Cənnətə gedəcəyini yəqin bilirəm. Lakin səni itirdiyim və səndən ayrıldığım üçün ağlayıram» dedim.

Həzrət Ramazan ayının 21-ci gecəsi şəhadətə yetişdi. Qurtuluş və nicat gəmisi batdı, elm və hidayət çırağı söndü.

Allah əhli beyt düşmənlərinə və düşmənlərinin dostlarına min ləhnət eləsin.

paylaşaq dostlarımızda oxusun və məlumatlansın

Comments are closed, but trackbacks and pingbacks are open.