Press "Enter" to skip to content

Mövzu 7. Hüquqi şəxslərin mənfəət vergisi

4. Vergi tutulan mənfəətin uçotu. (gəlir və xərclərin uçotu)
Vergi ödəyicisi vergi tutulan mənfəətinin məbləğini dəqiq müəyyənləşdirmək üçün gəlir və xərclərinin uçotunu aparmalıdır. O, vergi ili ərzində eyni metodu tətbiq etmək şərtilə vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər.

VERGİLƏR

Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. İqtisadçı Elməddin Məmmədov mənfəət vergisinin hesablanması və ödənilməsi qaydalarını izah edir.

Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

Qanunvericiliyin tələbinə görə, müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Məcəllənin 106.1.20-ci maddəsində isə göstərilir ki, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi mənfəət vergisindən azaddır.

Misal 1: Mənfəət vergisinin ödəyicisi olan müəssisə 2020-ci il üzrə 170.000 manat gəlir əldə edib. Gəlirin əldə edilməsi üzrə təsdiqedici sənədlər əsasında çəkilən xərcləri isə 100.000 manat təşkil edib. Müəssisənin cari ildəki mənfəəti 70.000 manat (170.000-100.000) olub.

Vergi Məcəlləsinin 106.1.20-ci maddəsini tətbiq etməklə mənfəət vergisini hesablayaq:

70.000*75% = 52.500
70.000 – 52.500 = 17.500 manat
17.500 x 20% = 3500 manat.

Beləliklə, müəssisənin cari il üzrə mənfəət vergisi 3500 manat olacaq.

Misal 2: Mənfəət vergisinin ödəyicisi olan şirkət 2020-ci il üzrə 260.000 manat gəlir əldə edib. Gəlirin əldə edilməsi üzrə çəkilən xərcləri isə 140.000 manat təşkil edib. Müəssisənin cari ildəki mənfəəti 120 000 manat (260.000 – 140.000) olub.

Qeyd edək ki, müəsisənin orta illik işçi sayı 15 nəfərdir.

120.000 x 20% = 24.000 manat.

Dövriyyənin 200.000 manatdan yüksək və orta illik işçi sayının 10 nəfərdən çox olması səbəbindən şirkət kiçik sahibkarlıq subyektinə aid edilir. Vergi Məcəlləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan güzəştlər bu şirkətə tətbiq edilmir. Ona görə də şirkət cari il üçün 24.000 manat mənfəət vergisi ödəməlidir.

Mənfəət (gəlir) vergisi ödəyiciləri rüb bitdikdən sonra növbəti ayın 15 -dən gec olmayaraq cari vergi ödəmələri haqda arayış formasını təqdim etməlidirlər. Mənfəət ( gəlir) vergisi bəyannaməsi və yekun ödəmələr isə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına təqdim edilməlidir.

Vergi Məcəlləsinin 74.1-ci maddəsinə əsasən, hesabatın verilmə müddəti başa çatanadək vergi ödəyicisi gəlir vergisinin və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə müraciət edirsə və bu zaman ödənilməli olan verginin məbləğini tamamilə ödəyirsə, hesabatın verilməsi müddəti üç ayadək uzadılmış hesab olunur. Əgər vergi ödəyicisi il ərzində hər hansı bir səbəbdən fəaliyyətini dayandırsa, fəaliyyətini dayandırdığı tarixdən 30 gün müddətinə mənfəət (gəlir) vergisi bəyannaməsini təqdim etməlidir.

Mənfəət (gəlir) vergisi bəyannaməsi vaxtında təqdim edilməzsə 40 manat məbləğində maliyyə sanksiyası nəzərdə tutulub.

Fərqanə ALLAHVERDİQIZI

Mövzu 7. Hüquqi şəxslərin mənfəət vergisi

1. Mənfəət vergisinin mahiyyəti və vergi ödəyiciləri
Mənfəət vergisi birbaşa vergi hesab olunur, yəni onun məbləği müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin son nəticələrindən asılıdır.

Müəssisələrin mənfəətinin vergiyə cəlb edilməsinə ilk dəfə Almaniya və ABŞ-da keçirilmişdir. XX əsrin əvvəllərində dünyanın demək olar ki, bütün aparıcı dövlətləri korporativ vergitutma erasına qədəm qoydular.

Müasir şəraitdə mənfəətin vergiyə cəlb edilməsi müxtəlif səviyyəli büdcələrin gəlirlərinin formalaşmasının və vergi tənzimlənməsinin əsas alətidir. Müəssisə və təşkilatların mənfəət vergisinin köməyi ilə dövlət iqtisadiyyatın inkişafına daha fəal təsir göstərə bilir. Bu verginin məbləğinin vergi ödəyicisinin əldə etdiyi xalis gəlirin həcmindən bilavasitə asılılığı, vergi dərəcəsinin tənzimlənməsi, müəyyən güzəştlərin verilməsi və ya ləğvi mexanizmi vasitəsi ilə dövlətə iqtisadiyyatın müxtəlif sahələrində investisiya fəallığını stimullaşdırmaq və ya məhdudlaşdırmaq imkanı verir. Müəssisə və təşkilatların mənfəətinin vergiyə cəlb olunması ilə birbaşa bağlı olan dövlətin amortizasiya siyasəti iqtisadiyyatın tənzimlənməsində əhəmiyyətli rol oynayır.

Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsində və ölkəyə xarici kapitalın cəlb edilməsində bu vergi növünün rolu olduqca böyükdür. Bir sıra ölkələrin qanunvericiliyində fəaliyyətlərinin ilk illərində orta və kiçik sahibkarlıq subyektlərinin mənfəət vergisini ödəməkdən tam və ya qismən azad edilməsini nəzərdə tutulması onların inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir.

Azərbaycan Respublikasının dövlət büdcəsinin gəlir hissəsinin formalaşmasında hüquqi şəxslərin tutulan mənfəət vergisi əhəmiyyətli rol oynayır. Bu vergi növü dövlət büdcəsinin vergi daxilolmaları arasında əlavə dəyər vergisindən sonra ikinci yer tutur.

Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr mənfəət vergisinin ödəyiciləridir.

2. Mənfəət vergisinin vergitutma obyekti və dərəcəsi
Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisə bu fəaliyyətindən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirin, həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir.

Qeyri-rezidentin daimi nümayəndəliyi ilə bağlı olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur:

  • dividendlərdən – 10 faiz;
  • faizlərdən – 10 faiz;
  • rezident müəssisənin riskin sığortasına və ya təkrar sığortasına dair müqaviləyə uyğun olaraq sığorta ödəmələri – 4 faiz;
  • Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin ödəmələri – 6 faiz;
  • rezident müəssisəsinin aşağıdakı ödəmələrindən;
  • muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin köçürülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər – 10 faiz;
  • rezident müəssisəsinin muzdlu işlə əlaqədar ödədiyi gəlir – aylıq gəlirlər üçün nəzərdə tutulmuş dərəcələrlə;
  • icarə haqları və royalti – 14 faiz.

Azərbaycan Respublikasında hüquqi şəxslərin mənfəət vergisinin dərəcəsi 22 faizdir.

3. Vergitutulan mənfəətin hesablanması
Mənfəət vergidən azad edilən gəlirlər istisna olmaqla, vergi ödəyicisinin gəliri ilə onun gəlirdən çıxılan xərcləri arasındakı fərqdir. Hüquqi şəxs gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı bütün xərclərini gəlirdən çıxmaq hüququna malikdir.

Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin, kapital xarakterli digər xərclərin, qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin, əyləncə və yemək xərclərinin, işçilərin mənzil və digər sosial xarakterli xərclərinin, faktiki ezamiyyə xərclərinin Nazirlər Kabinetinin müəyyənləşdirliyi normadan artıq olan hissəsinin gəlirdən çıxılmasına yol verilmir.

Əgər hüquqi şəxs malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı əldə etdiyi gəliri ümumi gəlirinə daxil etmişdirsə, onda həmin hüquqi şəxs onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir.

Banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları qanunvericiliyə müvafiq qaydada aktivlərin təsnifatından asılı olaraq xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğləri müəyyən edilmiş qaydada gəlirdən çıxmaq hüququna malikdirlər.

Sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun olaraq ehtiyat sığorta fondlarına ayırma məbləğlərini gəlirdən çıxmaq hüququna malikdir.

Əsas vəsaitlər üzrə amortizasiya ayırmalarının və təmirlə bağlı xərclərin gəlirdən çıxması fiziki şəxslərdə olduğu qaydada həyata keçirilir.

Öz işçilərinin xeyrinə əmlakına zərərdən sığortalanması, habelə xarici sığorta təşkilatları ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla sığortalının ödədiyi sığorta haqları gəlirdən çıxılır.

Geoloji – kəşfiyyat işlərinə və təbii ehtiyaların hasilatına hazırlıq işlərinə çəkilən xərclər amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmaları şəklində ümumi gəlirdən çıxılır.

Hüquqi şəxsin bir ildən artıq müddətə təsərrüfat fəaliyyətində istifadə etdiyi qeyri-maddi aktivlərə çəkdiyi xərclər qeyri-maddi aktivlərə aid edilir və bu xərclər müəyyən edilmiş amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır.

Qeyri-maddi aktivlərin alınmasına və ya istehsalına çəkilən xərclər vergi ödəyicisinin vergiyə cəlb olunan gəlirin hesablanması zamanı gəlirdən çıxılmışdırsa, həmin xərclər amortizasiya olunmalı qeyri-maddi aktivlərin dəyərinə aid edilmir.

Azərbaycan Respublikasının və ya digər dövlətlərin ərazilərində ödənilmiş mənfəət vergisinin və ödənilmiş maliyyə sanksiyalarının gəlirdən çıxılmasına yol verilmir.

Müəssisənin gəlirlərdən çıxılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi üç ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir.

Rezident müəssisə ödədiyi dividenddən ödəmə mənbəyində 10 faiz vergi tutur və onun faktiki sahibi olan hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur. Həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur.

Rezidend banklarına və ya qeyri-rezidend bankların Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər, depozitlər üzrə ödənilən faizlər istisna olmaqla rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından fiziki şəxslərə ödənilən faizlərdən, gəlir əgər Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəniş mənbəyində 10 faiz dərəcəsi ilə vergi tutulur.

Faizlərin faktiki sahibi mənfəəti vergiyə cəlb olunan müəssisədirsə və ya qeyri-rezidentin daimi nümayəndəliyidirsə, ödəmə mənbəyində vergi tutulmuş faizləri alan həmin müəssisə və ya qeyri-rezidentin daimi nümayəndəliyi hesabladığı verginin məbləğini, ödəmə mənbəyində verginin tutulduğunu təsdiq edən sənədləri vermək şərti ilə bu mənbədə ödənilmiş verginin məbləği qədər azaldır.

Rezident hüquqi şəxs və qeyri-rezidentin daimi nümayəndəliyi fiziki şəxslərə ödədikləri icarə haqlarından və royaltidən ödəmə mənbəyində 14 faiz dərəcəsi ilə vergi tuturlar. Əgər bu məbləğ rezident hüquqi şəxslərə və qeyri-rezidentin daimi nümayəndəliyinə ödənilirsə, ondan ödəmə mənbəyində vergi tutulmur. İcarə haqqı və royalti alan rezident hüquqi şəxslər və qeyri-rezidentin daimi nümayəndəliyi həmin məbləği gəlirinin tərkibinə daxil edir və ümumi qaydada mənfəət vergisi ödəyir.

Qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq bu daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü hər hansı məbləğdən 10 faiz dərəcəsi ilə vergi tutulur.

Rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş mənfəət vergisinin məbləği Azərbaycanda vergi ödənərkən nəzərə alınır. Bu halda həmin məbləğ mənfəətdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır.

4. Vergi tutulan mənfəətin uçotu. (gəlir və xərclərin uçotu)
Vergi ödəyicisi vergi tutulan mənfəətinin məbləğini dəqiq müəyyənləşdirmək üçün gəlir və xərclərinin uçotunu aparmalıdır. O, vergi ili ərzində eyni metodu tətbiq etmək şərtilə vergilərin uçotunu kassa metodu və ya hesablamalar metodu ilə apara bilər.

Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır.

Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabında və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır.

Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır.

Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır.

Vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərclərin çəkilməsi vaxtı aşağıdakı şərtlərin hamısına əməl edildiyi vaxt sayılır:

– vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir;

– maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir;

– əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyri-şərtsiz ödənilməlidir.

Rezident müəssisələr, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan qeyri-rezidentlər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər.

Vergi ödəyicisi olan hüquqi şəxs Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini dayandırdıqda, 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu zaman mənfəət vergisi üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.

Hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə, digər təşkilatlar isə dövlət büdcəsinə ödəyirlər.

Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1⁄4 hissəsini təşkil edir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini bu rübdəki gəlirinin həcmini onun keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirə bilər.

Bu zaman vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin yuxarıdakı iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda vergi orqanı birinci metodu tətbiq edir.

Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün 2-ci metodu seçdiyi halda, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir, əks halda vergi orqanı 1-ci metodu tətbiq edir.

Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.

Əvvəllər fəaliyyəti olmayan vergi ödəyicilərinin mənfəət vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla hesablanır. Cari vergi ödəmələrinin məbləği mənfəətdən verginin məbləğinin 75 faizindən az olmamalıdır.

Əvvəllər fəaliyyəti olmayan vergi ödəyiciləri rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələrini aparmalı və rüb ərzində mənfəətdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidirlər.
5. A. R.-də mənfəət vergisindən azadolmalar və güzəştlər
Azərbaycan Respublikasının vergi qanunvericiliyində mənfəət vergisindən bir sıra azadolmalar və güzəştlər nəzərdə tutulmuşdur. Aşağıdakılar vergidən azaddır:

– xeyriyyə təşkilatlarının gəlirləri – sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa;

– qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr;

– beynəlxalq, dövlətlərarası və hökumətlərarası təşkilatların gəlirləri – sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa;

– dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının gəlirləri – sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa;

– Azərbaycan Respublikasının Mərkəzi Bankının, onun qurumlarının və Azərbaycan Respublikası Dövlət Neft Fondunun (Fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlir istisna olmaqla) gəlirləri;

– alınmış sığorta ödənişləri (həmin sığorta hadisəsi ilə əlaqədar zərərə aid edilən məbləğlərdən başqa);

– sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin gəliri – sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa;

– Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir.

Əlillərin ictimai təşkilatlarına məxsus olan işçilərinin ümumi sayının azı 50 faizi əlillərdən ibarət olan istehsal müəssisələrinin mənfəət vergisinin dərəcəsi 50 faiz azaldılır. Bu güzəştin alınması hüququ müəyyən edilərkən işçilərin orta siyahı sayına əvəzçilik, podrat müqavilələri və mülki-hüquqi xarakterli digər müqavilələr üzrə işləyən əlillər daxil edilmir.

Mövzu 8. Əlavə dəyər vergisi
P L A N
1. ƏDV – nin mahiyyəti

2. ƏDV – nin ödəyicisi

3. ƏDV – nin məqsədləri üçün qeydiyyat və ƏDV – nin dərəcəsi

4. ƏDV – nin məqsədləri üçün vergitutma obyekti

6. ƏDV – yə tutulan əməliyyatın vaxtı

7. ƏDV üzrə hesabat dövrü

1. ƏDV – nin mahiyyəti
Maliyyə siyasəti və praktikasında son qırx ilin ən səmərəli yeniliyi əlavə dəyər vergisinin (ƏDV) geniş yayılmasıdır. ƏDV – nin tutulması sxemi 1954-cü ildə fransız iqtisadçısı M.Lore tərəfindən təklif edilmişdir. O, ƏDV-nin fəaliyyət sxemini təsvir etmiş və onun dövriyyədən vergidən üstünlüyünü əsaslandırmışdır. On ildən artıq müddətdə ƏDV Fransadan asılı olan Kot-d-İvuar (1986-cı ilə qədər Fil dişi sahili) dövlətində təcrübədən keçirilmişdir.

1967-ci ildə AİB Şurası ƏDV-ni birliyin üzvü olan dövlətlərin əsas dolayı vergisi elan etdi. 1977-ci ilin may ayının 17-də Avropa İttifaqı üzv ölkələrdə ƏDV-nin tutulmasının hüquqi normalarını vahid şəklə salmaq və tənzimləmək barədə xüsusi direktiv qəbul etdi. 1982-ci ildən Avropa İttifaqına daxil olmaq istəyən ölkələr üçün vergi sistemlərinə ƏDV-nin daxil edilməsi zəruri şərt kimi müəyyənləşdirildi. Buna görə də hal-hazırda ƏDV Avropa İttifaqının üzvü olan hər bir dövlət ƏDV daxilolmalarının müəyyən faizini ittifaqın büdcəsinə köçürür.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 1992-ci ilin iyun ayına olan məlumatına əsasən ƏDV dünyanın 82 ölkəsində tətbiq olunur. ƏDV-nin belə geniş yayılması onun digər vergi növlərinə nəzərən bir sıra üstünlüklərə malik olması ilə izah olunur.

Dolayı vergi olmaqla ƏDV məhsulun qiymətinə əlavə formasında çıxış edir. Əgər mənfəət vergisi müəssisənin sərəncamında qalaq mənfəətin, gəlir vergisi işçilərə ödənilən əmək haqqının həcminin azalmasına səbəb olursa, ƏDV müəssisənin vəsaitlərinin həcmini azaltmır, çünki o, məhsulun istehlakçısı tərəfindən əmtəənin qiymətində ödənilir.

Məhsul xaricə satıldıqda o, ƏDV-yə sıfır dərəcə ilə cəlb olunduğundan, bu vergi növü həm də ixrac olunan məhsul istehsalının həcminin artırılmasını stimullaşdırır.

ƏDV-ni digər vergilərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri də vergi əvəzləşdirilməsi mexanizminin mövcud olmasıdır.

Hər bir satıcı satış anında alıcıdan bu vergini alır. Əldə edilmiş məbləğdən özünün ödədiyi ƏDV-ni çıxır və qalan məbləği büdcəyə ödəyir. Son nəticədə ƏDV məhsulun son istehlakçısının üzərinə keçirilir.

Azərbaycan Respublikasında ƏDV 1 yanvar 1992-ci il tarixdən tətbiq olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən ƏDV vergi tutulan dövriyyədən hesablanan vergi məbləği ilə verilən hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

2. ƏDV – nin ödəyicisi
ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən ƏDV ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən ƏDV ödəyicisi sayılır.

Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar.

ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən və daimi nümayəndəlik yaratmadan iş görən və ya xidmət göstərən qeyri-rezident şəxs həmin işlər və ya xidmətlərə görə onların həcmindən asılı olmayaraq vergi ödəyicisi sayılır. Bu zaman qeyri-rezidentin təqdim etdiyi işləri, xidmətləri alan şəxs vergi agenti sayılır. Həmin vergi agenti ƏDV məqsədləri üçün qeydiyyatda olub-olmamasından asılı olmayaraq ƏDV-ni qeyri-rezidentdən tutmağa və təyinatı üzrə ödəməyə borcludur.

Hüquqi şəxs yaratmadan göstərilən birgə sahibkarlıq fəaliyyəti ƏDV-nin məqsədləri üçün ayrıca şəxs sayılır.

Aksizli malların istehsalçıları ƏDV-nin ödəyiciləri sayılırlar.

3. ƏDV – nin məqsədləri üçün qeydiyyat və ƏDV – nin dərəcəsi
Sahibkarlıq fəaliyyəti göstərən və əvvəlki üç aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi 22500 manatdan artıq olan şəxs həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər.

Ərizədə digər məlumatlarla yanaşı aşağıdakı məlumatlar da əks etdirilməlidir:

– nəzərdə tutulan sahibkarlıq fəaliyyətinin növü;

– təqdim edilən mal, görülən iş və göstərilən xidmətin növü;

– fəaliyyəti həyata keçirmək üçün maliyyə vəsaitlərinin miqdarı;

– alınacaq malların, işlərin və xidmətlərin mənbələri;

– fəaliyyət zamanı cəlb ediləcək işçilərin miqdarı;

– fəaliyyət zamanı cəlb ediləcək istehsal avadanlıqları və sair aktivlərin dəyəri.

Şəxsin ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəsində göstərilən məlumatlar vergi orqanı tərəfindən 30 gün müddətində qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılır. Ərizədəki məlumatlar düzgün olduqda, araşdırmanın nəticələri üzrə müəyyən edilmiş formada akt tərtib olunur və ərizədə göstərilən məlumatlar ƏDV qeydiyyatı üçün əsas verdikdə vergi orqanı şəxsi ƏDV ödəyicilərinin reyestrində qeydə almağa və ona 5 iş günündən gec olmayaraq qeydiyyat bildirişi verməyə borcludur. Akt iki nüsxədə tərtib olunur və bir nüsxəsi şəxsə təqdim edilir.

Şəxsin ərizəsindəki məlumatların düzgün olmadığı müəyyən edildikdə, araşdırmanın nəticələri üzrə müəyyən edilmiş formada əsaslandırılmış akt tərtib olunur. Akt iki nüsxədə tərtib olunur və bir nüsxəsi şəxsə təqdim edilir. Şəxs aktı aldığı gündən 5 gün müddətində dəqiqsizlikləri aradan qaldırıb vergi orqanına təqdim etməlidir. Təqdim edilmiş ərizədə dəqiqsizliklər olmadıqda şəxs qeydiyyata alınır və bu barədə şəxsə vergi orqanı tərəfindən bildiriş göndərilir.

Şəxs yuxarıda göstərilən qaydada dəqiqsizlikləri aradan qaldırmadıqda və qeydiyyata alınmadıqda qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

ƏDV ödəyicisinin qeydiyyat bildirişi ƏDV ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. ƏDV ödəyicisinin qeydiyyat bildirişi itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında ona bildirişin surəti verilir.

Qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir:

– məcburi qeydiyyat zamanı – qeydiyyat haqqında ərizə verməyə dair öhdəliyin yarandığı aydan sonrakı hesabat dövrünün birinci günündə;

– könüllü qeydiyyat zamanı – qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə;

– vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə.

ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona qeydiyyat bildirişi göndərir.

Vergi orqanlarında ƏDV ödəyicilərinin reyestri aparılır və ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçirilmiş bütün vergi ödəyiciləri bu reyestrə daxil edilirlər.

ƏDV ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyatı ləğv edildikdə onun barəsində məlumatlar ƏDV ödəyicilərinin dövlət reyestrindən silinir və verilmiş qeydiyyat bildirişi geri alınır.

Vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 45000 manatdan çox deyilsə, o ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir.

Vergi ödəyicisi ƏDV üzrə hesablanmış vergiləri üç ay ərzində tam ödəmədikdə və vergi orqanının yaranmış borcun ödənilməsi barədə yazılı xəbərdarlığını aldığı gündən 30 gün müddətində borc üzrə ödəməni həyat keçirmədikdə, şəxsin (iri vergi ödəyiciləri istisna olmaqla) ƏDV qeydiyyatı ləğv edilə bilər. Bu zaman 3 gün müddətində həmin şəxsə müvafiq bildiriş təqdim edilir.

ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir.

ƏDV nəzərə alınmaqla formalaşmış qiymətin tərkibində ƏDV-nin məbləğini təyin etmək üçün verginin hesabat dərəcəsi nəzərdə tutulur. Hesabat dərəcəsi malın (işin, xidmətin) ƏDV də nəzərə alınmaqla formalaşmış qiymətinin tərkibində ƏDV-nin payını müəyyən edir. O, aşağıdakı kimi təyin olunur:

100% – ƏDV nəzərə alınmadan əmtəənin qiyməti;

18% – ƏDV-nin məbləği;

118% – ƏDV nəzərə alınmaqla son qiymət.

Son qiymətin tərkibində ƏDV-nin payını müəyyən etmək üçün aşağıdakı tənasübü quraq:

Azərbaycan Respublikası Vergi Məcəlləsində ƏDV-nin iki dərəcəsi nəzərdə tutulmuşdur: 18% və 0% dərəcələri. Aşağıdakı işlərin görülməsinə, xidmətlərin göstərilməsinə və əməliyyatların aparılmasına görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur:

  • xarici ölkələrin diplomatik və analoji nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik, inzibati və texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlər; (bu hal o ölkələrlə münasibətdə tətbiq edilir ki, həmin ölkələ tərəfindən göstərilən iş, xidmət və əməliyyatlara görə ƏDV sıfır dərəcəsi ilə tətbiq edilsin).

– malların və aşağıda göstərilən xidmətlərin ixracı:

a) patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi;

b) məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi;

c) işçi qüvvəsinin verilməsi üzrə xidmətlərin göstərilməsi;

ç) daşınan əmlakın icarəyə verilməsi (nəqliyyat müəssisələrinin nəqliyyat vasitələri istisna olmaqla);

d) müqavilənin əsas iştirakçısı adından yuxarıda göstərilən xidmətlərin yerinə yetirilməsi üçün hüquqi və ya fiziki şəxsi cəlb edən agentin xidmət göstərməsi.

– Azərbaycan Respublikasının Milli Bankına qızıl və digər qiymətlilərin göndərilməsi;

– beynəlxalq təşkilatların, xarici dövlətlərin hökumətlərinin, habelə dövlətlərarası və hökumətlərarası sazişlərə əsasən xarici hüquqi və fiziki şəxslərin ayırdıqları kreditlər və borclar hesabına, həmçinin bu kreditlər və borclar hesabına həyata keçirilən layihələrdə Azərbaycan tərəfinin payı 49 faizdən çox olmadıqda, həmin vəsaitlər hesabına kreditləri və borcları alan şəxs tərəfindən malların (işlərin, xidmətlərin) alınması və bunların idxalı.

Qeyd etmək lazımdır ki, ƏDV-yə sıfır dərəcə ilə cəlb edilmə ilə ƏDV-dən azadolma arasında prinsipial fərq mövcuddur. Belə ki, ƏDV-dən azad olunan əməliyyatlar aparan şəxs mal, iş və xidmət alarkən satıcıya ödədiyi ƏDV məbləğini sonradan büdcədən əvəzləşdirə bilməz. Çünki həmin şəxs özünün istehsalı olan mal, iş və ya xidmətləri satarkən ƏDV-ni hesablamır. Bu halda o, alış prosesində ödədiyi ƏDV-ni əvəzləşdirmək hüququnu itirir. Ona görə də həmin şəxs mal, iş və xidmətləri aldığı zaman ödədiyi ƏDV-ni bu mal, iş və xidmətlərin maya dəyərinə daxil edir.

Sıfır dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyatlar aparan şəxslər isə müvafiq əvəzləşdirmə hüququna malik olurlar. Yəni satış prosesində ƏDV-ni sıfır dərəcəsi ilə hesablamalarına baxmayaraq, həmin şəxslər alış prosesində ödədikləri ƏDV-ni büdcədən geri almaq hüququ əldə edirlər.

Mənfəət Vergisi və Gəlirdən Çıxılan Xərclər

Bu məqalədə Azərbaycanda mənfəət vergisi ilə bağlı əsas müddəaları xülasə şəklində diqqətinizə çatdırırıq.

Vergi ödəyicisinin gəliri ilə gəlirdən çıxılan xərc arasındakı fərq onun mənfəətidir. Mənfəət vergisi dedikdə, məhz qazanılmış mənfəətin Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş müəyyən faizlərlə hesablanmış vəsaitdir.

Mənfəət vergisi ödəyiciləri

Azərbaycan Respublikasında rezidentqeyri-rezident müəssisələr mənfəət vergisi ödəyicisidir.

  1. Rezident müəssisənin bütün gəlirləri, həmçinin onun Azərbaycan Respublikası hüdudlarından kənarda fəaliyyət göstərən daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikası hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti ilə Azərbaycan Respublikası Vergilər Məcəlləsində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. Rezident müəssisənin göstərilənlərə uyğun olaraq hesablanmış mənfəəti vergitutma obyektidir.
  2. Qeyri-rezident müəssisənin Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyətdən əldə etdiyi mənfəətindən vergi ödəyir. Yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi bütün gəlirinin Vergi Məcəlləsinə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan mənfəəti vergiyə cəlb olunur.
  3. Qeyri-rezident hüquqi şəxslərin daimi nümayəndəliyi ilə bağlı olmayan, lakin Azərbaycan mənbəyindən əldə edilən ümumi gəlirindən Vergilər Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutulduğu hallarda xərclər çıxılmadan ödəmə mənbəyindən vergiyə cəlb olunur. Ödəmə mənbəyində tutulan vergilərlə ətraflı buradantanış ola bilərsiniz.
  4. Azərbaycan Respublikasında daimi nümayəndəliklə bağlı olmayan əmlak təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident müəssisənin təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi mənfəətindən vergi tutulur.

Mənfəət vergisi dərəcəsi

Azərbaycan Respublikasında Vergi məcəlləsinə uyğun olaraq, müəssisələrin fəaliyyəti nəticəsində əldə etdiyi xalis mənfəətdən ümumi qaydada 20% dərəcəsi ilə vergi tutulur. Mikro bizneslərin təşviqi səbəbi ilə edilmiş güzəştlərə əsasən mikro bizneslərdə mənfəətin 5% dərəcəsi ilə vergi tutulur. Qeyri-rezident hüquqi şəxsin daimi nümayəndəliyi ilə bağlı olmayan, lakin Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirindən ödəmə mənbəyindən tutulan vergi dərəcəsi ilə vergiyə cəlb olunur.

Mənfəət Vergisindən Azadolmalar

Aşağıdakı hallarda qazanılmış gəlirlər sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər mənfəət vergisindən azaddır.

  • Xeyriyyə təşkilatlarının gəliri;
  • Qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr;
  • Beynəlxalq, dövlətlərarası və hökumətlərarası təşkilatların gəlirləri;
  • Alınmış sığorta ödənişləri (həmin sığorta hadisəsi ilə əlaqədar zərərə aid edilən məbləğlərdən başqa);
  • Təhsil müəssisələrinin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti (mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissə istisna olmaqla;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir.
  • Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq əsas fondların, daşınar əmlakın və digər aktivlərin hər hansı şəkildə həmin sazişlərdə Azərbaycan Respublikasını təmsil edən tərəfə təqdim edilməsi üzrə əməliyyatlar;
  • Sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatının və ya operatorunun mənfəətinin sənaye, yaxud texnologiyalar parklarının infrastrukturunun tikintisinə və saxlanılmasına yönəldilmiş hissəsi;
  • Ssənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir – qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq – 10 il müddətinə;
  • Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri – 2014-cü il yanvarın 1-dən 10 il müddətinə;
  • Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin bu fəaliyyətdən əldə etdikləri gəlirləri 2014-cü il yanvarın 1-dən 10 il müddətinə;
  • “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi şəxslərə ödənilən kompensasiya;
  • İnvestisiya təşviqi sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50 faizi – 7 il müddətinə;
  • Vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi;
  • Mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi;
  • KOB klaster şirkətinin mənfəəti – KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə;
  • KOB klasterin iştirakçısı olan hüquqi şəxsin KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi mənfəətin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi – 7 il müddətinə;
  • Mikro və ya kiçik sahibkarlıq subyekti olan və hüquqi şəxs kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri mənfəəti – 3 il müddətinə;

Mənfəət vergisində güzəşt tətbiq olunan müəssilər isə aşağıdakılardır:

  • Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarına məxsus olan işçilərinin ümumi sayının azı 50 faizi əlillərdən və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərdən ibarət olan istehsal müəssisələrinin mənfəət vergisinin dərəcəsi 50 faiz azaldılır .
  • 1 yanvar 2019-cu ildən başlayaraq POS terminal vasitəsilə nağdsız pərakəndə satış və ictimai iaşə üzrə nağdsız gəlir nisbətini nəzərə alaraq, 3 il müddətinə 25% azaldılır.
  • Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.

Gəlirdən çıxılan xərclər:

Aşağıdakı xərclərin gəlirdən çıxılmasına icazə verilir.

  • Gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla qanunla nəzərdə tutulmuş icbari ödənişlər;
  • Ümidsiz borclar;
  • Ehtiyat sığorta fondlarına ayırmalar;
  • Elmi tədqiqat, layihə-axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər;
  • Amortizasiya ayırmaları və gəlirdən amortizasiya olunan aktivlər üzrə çıxılan məbləğlər;
  • Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər;
  • Qeyri-maddi aktivlərə çəkilən xərclər;
  • Sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya hesablamaları;
  • Öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığortalının və təkrarsığortalının ödədiyi sığorta haqları gəlirdən çıxılır;
  • Əməkhaqqı kartlarının alınmasına çəkilən xərclər;
  • Hüquqi və fiziki şəxslərin bir ildən artıq müddətə təsərrüfat fəaliyyətində istifadə etdikləri qeyri-maddi obyektlərə çəkilən xərclər amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır;
  • Təmirlə bağlı xərclər Vergi Məcəlləsinin 115-ci maddəsində qeyd olunan faiz dərəcələri üzrə gəlirdən çıxılır.

Borc faizlərinin gəlirdən çıxılması (Thin Capitalisation)

  • Xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablama metodundan istifadə edildikdə ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.
  • Bu maddənin digər müddəalarından asılı olmayaraq, xaricdən alınan borclar (xarici banklar və kredit təşkilatları tərəfindən verilmiş, habelə xarici birjalarda ticarət olunan istiqrazlar üzrə borclar istisna olmaqla) vergi ödəyicisinin xalis aktivlərindən (kapitalından) iki dəfədən çox olduğu halda, borcun xalis aktivdən (kapitaldan) iki dəfədən çox olan hissəsinə görə hesablanmış faizlərin gəlirdən çıxılmasına yol verilmir. Bu maddənin müddəaları rezident banklara və kredit təşkilatlarına aid edilmir.

Zərərlərin keçirilməsi (Loss Carry-Forward)

  • Müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir.
  • Fiziki şəxsin – sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirindən çıxılmasına yol verilən xərclərinin belə ümumi gəlirdən artıq olan hissəsi digər gəlirlərdən çıxıla bilməz, lakin gələcək dövrlərdə sahibkarlıq fəaliyyətindən ümumi gəlir hesabına kompensasiya edilməsi üçün üç ilədək davam edən sonrakı dövrə keçirilə bilər.

Mənfəət Vergisi Bəyannaməsinin təqdim edilməsi

Mənfəət vergisi üçün təqvim ili hesabat dövrü sayılır. Vergi ödəyiciləri hesabat ilindən sonrakı ilin Mart ayının 31-dən gec olmayaraq tabe olduğu müvafiq vergi orqanına Mənfəət Vergisi Bəyannaməsi təqdim etməlidir. Vergi ili üçün 31 Mart tarixinədək son hesablamalar aparılmalı və hesablanmış mənfəət vergisi ödənilməlidir. Hüquqi şəxslər rüb başa çatdıqdan sonar 15 gün müddətində cari ödəmələri müvafiq vergi orqanına ödəməli və cari mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etməlidir. Mənfəət vergisi bəyannaməsini və ya vergi öhdəliyinin yaranmaması barədə müvafiq arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

Sadələşdirilmiş Vergi

Aşağıdakı hallarda vergi ödəyiciləri ümumi dövriyyədən, yəni gəlirlərindən xərclər çıxılmadan 2% dərəcə ilə sadələşdirilmiş qaydada vergi ödəyə bilərlər:

  • ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər;
  • Pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının həcminin 30 faizindən çox olmadıqda.

Aşağıdakı hallarda vergi ödəyiciləri ümumi dövriyyədən, yəni gəlirlərindən xərclər çıxılmadan 8% dərəcə ilə sadələşdirilmiş qaydada vergi ödəyə bilərlər:

  • Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər;

Sadələşdirilmiş vergi ödəyiciləri satışlarına ƏDV tətbiq etməkdən azaddırlar.

Azərbaycanda mənfəət vergisi, habelə vergitutma və mühasibatlıqla bağlı sual və xidmət istəklərinizi bizə göndərə bilərsiniz us ( [email protected] və ya 00994502898973). Beynəlxalq reytinqli vergi və mühasibatlıq bölməmiz məmnuniyyətlə sizə dəstək verməyə hazırdır.

Comments are closed, but trackbacks and pingbacks are open.