Press "Enter" to skip to content

Gürcüstanda “Molla Pənah Vaqifin şeirləri” adlı kitab gürcü və Azərbaycan dillərində çap olunub

Haçandır düşmüşəm tari-zülmətə,

Molla Pənah Vaqif – 300

O, bu gün əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələrinin müəllifi kimi tanınmaqla yanaşı, həm də milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan verən söz xiridarı kimi xatırlanır. Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyat tarixində silinməz iz qoyan qüdrətli söz ustası Molla Pənah Vaqif, eyni zamanda, özünəməxsus ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkar kimi xarakterizə edilir. Azərbaycan şeiri Vaqifin bənzərsiz fitri istedadı və böyük zəhməti sayəsində yeni mərhələyə adlaya bilib. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi bu gün də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Görkəmli Azərbaycan şairi və ictimai-siyasi xadim Molla Pənah Vaqifin yaradıcılığı və işıqlı xatirəsinin könüllərdə yaşamasına sahib çıxan doğma Vətəni onun adını məhz mənsub olduğu xalqının yaddaşında mənən yaşadır.

Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamına əsasən ölkəmizdə şairin xatirəsi həsr edilmiş elmi-praktik konfranslar, rəsm sərgiləri və digər bu qəbildən olan silsilə tədbirlər gerçəkləşib.

Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə növbəti tədbir dekabrın 7-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında reallaşıb.

Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, habelə dövlət rəsmiləri iştirakı ediblər.

Əvvəlcə qonaqlar M.P.Vaqifin əsərlərindən, habelə şairin həyat və yaradıcılığına həsr olunmuş kitablardan ibarət sərgisi ilə tanış olublar.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yubiley mərasimində çıxış edərək Molla Pənah Vaqifin ədəbiyyatımıza verdiyi töhfələrdən söz açıb: “Dövlətimiz tərəfindən tanınmış şəxsiyyətlərin yubileylərinin yüksək səviyyədə qeyd edilməsi, əsərlərinin nəşri və təbliği uzun illərdir ki, ənənə halını alıb. Molla Pənah Vaqifin də yubileyinin qeyd edilməsi təkcə ölkəmizlə məhdudlaşmır, demək olar ki, bütün türk dünyasında bununla bağlı silsilə tədbirlər keçirilib. Akademik Nizami Cəfərovun şairin həyat və yaradıcılığından bəhs edən “Molla Pənah Vaqif”, Milli Kitabxananın hazırladığı “Molla Pənah Vaqif” biblioqrafiyası nazirliyin, “Molla Pənah Vaqif dünya dillərində” kitabı isə TÜRKSOY-un dəstəyi ilə nəşr edilib”.

Nazir bildirib ki, mürəkkəb və ziddiyyətli dövrdə yaşamasına baxmayaraq Vaqif xalqın şairi olmaq şərəfini ömrünün sonunadək ləyaqətlə qoruyub saxlayıb. Vaqifin ədəbiyyatımızın inkişafında, ana dilimizin zənginləşməsində böyük xidmətlərinin olduğunu söyləyən Ə.Qarayev deyib ki, hər bir azərbaycanlı Vaqifin yaradıcılığını oxuyur və asanlıqla başa düşür. Doğrudan da M.P.Vaqifə qədər Azərbaycan dilində sadə, aydın və anlaşıqlı üslubda yazan şairimiz az olub. Vaqifin yaradıcılığı insanların hafizələrində, yaddaşlarında yaşayaraq dövrümüzə qədər gəlib çatıb. Vaqifin əsərləri vaxtında itib-batmış, əlyazmaları talan olmuşdur. Ancaq onun yaradıcılığını sevən insanlar, bütövlükdə xalq M.P.Vaqifin əsərlərini yaddaşlarında yaşatmış, xanəndələr sözlərini məclislərdə ifa etmiş, yazmaq bacarığı olanlar şairin qəzəllərini, qoşmalarını, müxəmməslərini qələmə almışlar.

Molla Pənah Vaqif öz dövrünün böyük şairi, mütəfəkkiri və dövlət xadimi olub. Onun yaradıcılığı özünəməxsus realist ədəbi-estetik mövqeyi ilə seçilir. Bundan başqa, onun yaradıcılığı təsdiq edir ki, milli özünüdərk M.P.Vaqif yaradıcılığında daha güclüdür. Molla Pənah Vaqif saray adamı olmaq, vəzir kimi çalışmaqla yanaşı, həm də el-obaya, xalqa yaxın insan olub. Xalqın içərisindən çıxıb dövlət səviyyəsinə yüksəlmək və yaradıcılığında xalqın ruhunu, dövlətdə siyasi fəaliyyət qabiliyyətini, bacarığını qoruyub saxlamaq yenə də M.P.Vaqifə məxsus keyfiyyətdir.

Qeyd olunub ki, M.P.Vaqifin adının UNESCO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür. 2017-ci il, həmçinin Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən “Molla Pənah Vaqif İli” elan edilərək, bu çərçivədə tədbirlər keçirilib.

1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açıldığını xatırladan nazir bildirib ki, erməni silahlıları tərəfindən işğal olunmuş Şuşa şəhərində vəhşicəsinə yerlə-yeksan edilən, talana məruz qalan bütün tarixi memarlıq və mədəniyyət abidələrimiz kimi Vaqifin də məqbərəsi dağıdılıb.

“Ulu Öndərimizin zəngin Azərbaycan ədəbiyyatının inkişafına və onun görkəmli nümayəndələrinin dünyada tanınmasına göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Molla Pənah Vaqifin 300 illik yubileyinin qeyd olunması da bu siyasətin bariz nümunəsidir”, – deyə Ə.Qarayev vurğulayıb.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov rəhbəri olduğu qurumun təşkil etdiyi görkəmli şairə həsr edilmiş tədbirlərdən söz açıb. “Bu gün mənim üçün çox sevindiricidir ki, türk dünyasının böyük şairi Molla Pənah Vaqifin 300 illik yubileyində iştirak edirəm. Türkdilli xalqlar arasında qardaşlıq əlaqələrini gücləndirmək, türk dünyasının mədəniyyətini tanıtmaq məqsədilə yaradılan TÜRKSOY hər il tanınmış şəxsiyyətlərin yubileylərini qeyd edir. TÜRKSOY “Molla Pənah Vaqif İli” çərçivəsində çoxsaylı tədbirlər keçirib, elmi-konfranslar təşkil edib. Dekabrın 22-də isə Şimali Kiprdə Vaqifə həsr edilmiş tədbirin təşkili nəzərdə tutulur”, – deyə D.Kaseinov söyləyib.

Görkəmli şairin yaradıcılıq məziyyətlərindən söz açan Kabardin Balkar Respublikasının Yazıçılar İttifaqının sədri Mütəllib Behbayev Vaqif şeirlərinin fəlsəfi quruluşu, yazı dilindəki rəvanlıq, onun siyasi və dövlət işlərindəki tarixi fəaliyyətini yüksək qiymətləndirib.

Tədbir tanınmış ifaçılar tərəfindən təqdim olunan konsert proqramı ilə davam edib.

Gürcüstanda “Molla Pənah Vaqifin şeirləri” adlı kitab gürcü və Azərbaycan dillərində çap olunub

Tbilisi. 25 oktyabr. REPORT.AZ/ Gürcüstanda XVIII əsr Azərbaycan şairi, dövrünün tanınmış ictimai –siyasi xadimi Molla Pənah Vaqifin şeirlər kitabı gürcü və Azərbaycan dillərində çapdan çıxıb. “Report”un Gürcüstan bürosu xəbər verir ki, kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliye­vin “Molla Pənah Vaqifin anadan olmasının 300 ilik yubileyinin keçi­rilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli sərəncamına əsasən çap olunub. Kitabda Vaqifin gürcü dilində nəşr olunan kitablarındakı şeirləri, eləcə də jurnal və qəzetlərdə dərc olunan orijinal şeirləri yer alıb. Kitabın nəşrinin ideya və layihə rəhbəri, kitabın tərcüməcisi və tərtibçisi, Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri Mirzə Məmmədoğlu deyib ki, kitabda M.P.Vaqifin gürcü dilində nəşr olunan kitablarında, eləcə də jurnal və qəzetlərdə dərc olunan şeirlərinə paralel olaraq onların orijinalı da yer alıb: “Bundan başqa, kitabda gürcü dilində bu böyük şair barədə çap olunmuş məqalələr gürcü və Azərbaycan dillərində oxuculara təqdim olunub. Hesab edirəm ki, bu kitab M.P.Vaqifin 300 illik yubileyinə qiymətli töhfə olacaq”. M.Məmmədoğlu bildirib ki, kitab gürcü və azərbaycanlı oxucuları bir-birilərinə daha da yaxınlaşdıracaq, dostluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayacaq: “Bu kitab Azərbaycan dilini öyrənmək istəyən gürcülər, gürcü dilini öyrənmək istəyən azərbaycanlılar üçün, ümumiyyətlə, poeziyasevərlər üçün bir ərməğan olacaq, gürcü-Azərbaycan ədəbi əlaqələrinə də öz yeni xidmətini əlavə edəcək”. Kitabın tezliklə, Tbilisidə, eləcə də Bakıda təqdimatlarının keçirilməsi planlaşdırılır.

Molla pənah vaqifin şeirləri

Molla Pənah Vaqif
(1717-1797)

XVIII əsrdə yaşayıb-yaratmış Azərbaycan şairi, siyasi-ictimai xadim. Şərq poeziyasının zəngin klassik formalarından istifadə etməklə qəzəl, təcnis, müxəmməs, müstəzad, məsnəvi və mərsiyə janrında yazsa da, yaradıcılığının bö­yük hissəsini aşıq poeziyasının əsas qolu olan qoşmalar təşkil edir. Azərbaycan dilinin və klas­sik poeziyasının inciləri sırasına daxil edilən “Görmədim”, “Durnalar”, “Yoxdur”, “Pəri”, “Bəri bax”, “Sevdiyim, ləblərin yaquta bənzər” və sair bu kimi əsərləri ilə təkcə Azərbaycanda deyil, Gürcüstan, İran, Türkiyə kimi ölkələrdə də məşhurlaşıb.

Mən cahan mülkündə, mütləq, doğru halət görmədim,

Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim.

Aşinalar ixtilatında sədaqət görmədim,

Biətü iqrarü imanü dəyanət görmədim,

Bivəfadan lacərəm, təhsili-hacət görmədim.

Xah sultan, xah dərvişü gəda bilittifaq,

Özlərin qılmış giriftari-qəmü dərdü fəraq,

Cifeyi-dünyayədir hər ehtiyacü iştiyaq,

Munca kim, etdim tamaşa, sözlərə asdım qulaq,

Kizbü böhtandan səvayı bir hekayət görmədim.

Hər sədavü səs ki, dünyaya dolub əksər əqəl,

Cümlə məkrü alü fənnü fitnədir, cəngü cədəl,

Dirhəmü dinar üçündür hər şeyə yapışsa əl,

Müqtədilərdə itaət, müqtədalərdə əməl,

Bəndələrdə simü bəylərdə ədalət görmədim.

Xəlqi-aləm bir əcəb düstur tutmuş hər zaman,

Hansı qəmli könlü kim, sən edər olsan şadiman,

O sənə, əlbəttə ki, bədguluq eylər, bigüman,

Hər kəsə hər kəs ki, etsə yaxşılıq, olur yaman,

Bulmadım bir dost ki, ondan bir ədavət görmədim.

Alimü cahil, müridü mürşidü şagirdü pir,

Nəfsi-əmmarə əlində sərbəsər olmuş əsir,

Həqqi batil eyləmişlər, işlənir cürmi-kəbir,

Şeyxlər şəyyad, abidlər abusən qəmtərir,

Hiç kəsdə həqqə layiq bir ibadət görmədim.

Hər kişi hər şey ki, sevdi, onu behtər istədi,

Kimi təxti, kimi taci, kimi əfsər istədi.

Padşahlar dəmbədəm təsxiri-kişvər istədi,

Eşqə həm çox kimsə düşdü vəsli-dilbər istədi,

Heç birində aqibət, bir zövqü rahət görmədim.

O şux qəmzələrin, xəncər kirpiyin

Gündə olur yüz min qan qabağında,

Xumar-xumar baxan ala gözlərin

Gərəkdir verəsən can qabağında.

Qaşın qabağında sığallı birçək,

Sayə salmış üzə şölə mübarək,

Amma iki dəstə tər bənövşə tək

Qoymuş al yanağın yan qabağında.

Zülfündən qoxuşar gülü reyhanlar,

Qurban hər muyinə yüz min cavanlar,

Pişvazına gəlir huri-qılmanlar,

Məlayik durmuşlar san qabağında.

Vaqif qurban zənəxdanın çahinə,

Şirin gülüşünə, xoş nigahinə,

Qul olasan belə xublar şahinə,

Durasan hər axşam, dan qabağında.

Sevdiyim, ləblərin yaquta bənzər,

Sərasər dişlərin dürdanədəndir.

Sədəf dəhanından çıxan sözlərin

Hər biri bir qeyri xəzanədəndir.

Nədəndir sözümə cavab verməmək?

Həm camal gizləyib, üz göstərməmək?

Gecələr gözlərim xabı görməmək

Ol siyah nərgisi-məstanədəndir.

Mən ha səni nuri-ilahi sannam,

Camalının şöləsinə dolannam.

Atəşinə mərdü-mərdanə yannam,

Bu xasiyyət mənə pərvanədəndir.

Bir namə yazmışam can üzə-üzə,

Badi-səba, apar sən o gül üzə,

Soruşsa yar ki, bu kimdəndir bizə?

Söyləgilən: – Sizin divanədəndir.

Xumar-xumar baxmaq göz qaydasıdır,

Lalə tək qızarmaq üz qaydasıdır,

Pərişanlıq zülfün öz qaydasıdır,

Nə badi-səbadan, nə şanədəndir.

Müştaqdır üzünə gözü Vaqifin,

Yolunda payəndaz üzü Vaqifin,

Sənsən fikri-zikri, sözü Vaqifin,

Qeyri söz yanında əfsanədəndir.

Ala gözlü, sərvboylu dilbərim,

Həsrətin çəkdiyim canan, bəri bax!

Gecə-gündüz fikrim-zikrim, əzbərim,

Üzüldü taqətim, aman, bəri bax!

Kim dözər mənim tək belə firqətə,

Rəncü məşəqqətə, bari-möhnətə,

Haçandır düşmüşəm tari-zülmətə,

Çəkilsin üstümdən duman, bəri bax!

Payibəndəm, qəmi-eşqə giriftar,

Hicran atəşindən can oldu bimar,

Razi-dilim edə bilməm aşikar,

Çəkərəm dərdini pünhan, bəri bax!

Comments are closed, but trackbacks and pingbacks are open.